İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Əbdül Əbdülovun Azərbaycana qarşı
40668/05 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi 07 iyul 2009-cu il tarixdə aşağıdakı tərkibdə,
Nina Vaciç, Sədr,
Anatoli Kovler,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Din Spilman,
Sverr Erik Cebens,
Ciorcio Malinverni, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 20 oktyabr 2005-ci il tarixdə verilmiş şikayəti nəzərə alaraq,
Hökumətin təqdim etdiyi qeydləri nəzərə alaraq,
Müzakirə apararaq, qərara alır:
FAKTLAR
Azərbaycan vətəndaşı olan ərizəçi cənab Abdülov 1940-cı ildə anadan olub və Bakıda yaşayır. Azərbaycan Hökumətini («Hökumət») onun Məhkəmədəki Səlahiyyətli Nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
Tərəflərin təqdim etdiklərinə görə, işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi Liberal Sosialist Partiyasının Sədri və 1990-1995-ci illərdə Milli Məclisin (Parlament) üzvü olmuşdur.
Ərizəçi, həmçinin, 20 sentyabr 1990-cı ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış Tövbə Birliyin direktoru olmuşdur. Birliyin təsis sənədlərinə görə, onun məqsədləri islahatların və demokratiyanın, eləcə də gənclər, kimsəsizlər və məhbuslar kimi xüsusi qruplar daxil olmaqla ümumi cəmiyyətdə sağlam və «halal» həyat tərzini təbliğini nəzərdə tutmuşdur.
2005-ci ilin iyulunda ərizəçi Milli Məclisə növbəti 06 noyabr 2005-ci il tarixli seçkilər üçün namizədliyinin qeydə alınması barədə müraciət etmişdir. 10 avqust 2005-ci ildə, Dairə Seçki Komissiyası («DSK») birmandatlı 15 saylı Yasamal Birinci Seçki Dairəsi üçün onun namizədliyini qeydə almışdır.
09 sentyabr 2005-ci ildə, DSK-nın sədri Mərkəzi Seçki Komissiyasına («MSK») məktub göndərmişdir. Məktubda aşağıdakılar göstərilmişdir:
«»Tövbə» Birliyin sədri Abül Almas oğlu Abdülov 10 avqust 2005-ci ildə (parlament seçkilərinə namizəd kimi) qeydə alınmışdır.
DSK tərəfindən alınmış şikayətlərə görə, Tövbə Birliyi İmam Hüseyn Məscidində yerləşir və onun sədri dini işlərlə məşğuldur.»
Bu məktuba əsasən 10 sentyabr 2005-ci ildə MSK, Konstitusiyanın din xadimlərinin Milli Məclisin üzvü olmasını qadağan edən 85-ci maddəsinə istinadən ərizəçinin namizəd kimi qeydiyyatını ləğv etmişdir. Ertəsi gün, 11 sentyabr 2005-ci ildə ərizəçi bu qərar barədə onun kütləvi informasiya vasitələrində dərc edilməsindən sonra xəbərdar olmuşdur.
Ərizəçinin müraciətinə əsasən 15 sentyabr 2005-ci ildə Azərbaycanda müsülman dini təşkilatları idarə edən rəsmi təşkilat Qafqaz Müsülmanlarının Ruhani İdarəsinin sədr müavini ərizəçinin dini xadim olmadığını və Qafqaz Musulmanların İdarəsi ilə əlaqəli olmadığını bildirən məktubla onu təmin etmişdir.
Eyni zamanda, 12 sentyabr 2005-ci ildə, ərizəçi MSK-nın qərarından Apellyasiya Məhkəməsinə müraciət edərək, şikayət etmişdir ki, onun namizədliyi qanunsuz ləğv olunub, ona görə ki, o, dini xadimi deyil və hər hansı dini təşkilatı yoxdur. 15 sentyabr 2005-ci ildə, Apellyasiya Məhkəməsi onun şikayətini rədd edərək MSK-nın qərarını qanuni hesab etmişdir. Xüsusilə, Apellyasiya Məhkəməsi öz qətnaməsində aşağıdakıları göstərmişdir:
«Tərəflərin dəlillərini dinləyərək və işin materiallarını araşdıraraq, məhkəmə hesab edir ki, tələb rədd olunmalıdır.
Xüsusən, işin materiallarına müvafiq olaraq, Abdül Almas oğlu Abdülov parlament seçkiləri üçün öz namizədliyini irəli sürmüş və 10 avqust 2005-ci ildə onun namizədliyi 15 saylı Yasamal Birinci Seçki Dairəsi üçün Seçki Komissiyası tərəfindən qeydə alınmışdır.
DSK-nın sədri S.Suleymanovun MSK-nın sədri M.Pənahova ünvanlanmış 15/1-104 saylı 09 sentyabr 2005-ci il tarixli məktubuna əsasən A.A.Abdülovun qeydiyyata alınmasından sonra, daxil olmuş şikayətlərdən müəyyən olunmuşdur ki, A.A.Abdülov Tövbə Birliyinin rəhbəri kimi İmam Hüseyn Məscidində dini fəaliyyətlə məşğul olur.
Belə nəticəyə gəlinir ki, Milli Məclisə seçkilər üçün namizədliyini irəli sürmüş Abdül Almas oğlu Abdülov bu məsciddə dini fəaliyyətlə məşğuldur və cəmiyyətdə dini xadim kimi tanınır; şübhəsizdir ki, o, dini xadimdir və bu bir fakt kimi cəmiyyətdə qəbul olunur. ...
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinə əsasən, şəxslərin başqa kateqoriyaları arasında dini xadimlər də seçkilərdə iştirak etmək hüquqlarında məhdudiyyətə məruz qala bilər. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinə görə, dini xadim ... Milli Məclisin üzvü seçilə bilməz. Buna görə, şikayət rədd edilməlidir.»
Ərizəçi bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. O, iddia edib ki, dini xadim kimi qiymətləndirilə bilməz, ona görə ki, onun hər hansı dini təşkilatı və dini təhsili yoxdur. 23 sentyabr 2005-ci ildə, Ali Məhkəmə ərizəçinin şikayətini rədd etmişdir.
Ərizəçinin Ali Məhkəmənin Plenumuna və Konstitusiya Məhkəməsinə sonrakı şikayətləri mahiyyəti üzrə baxılmaq üçün məqbul hesab olunmamışlar.
ŞİKAYƏTLƏR
Konvensiyanın 1 saylı Protokolun 3-cü maddəsinə istinadən, ərizəçi şikayət edib ki, hər hansı dini fəaliyyətlə məşğul olmamasına baxmayaraq, 06 noyabr 2005-ci il tarixli parlament seçkiləri üçün onun namizədliyi qanunsuz olaraq ləğv olunmuşdur. O, həmçinin, şikayət etmişdir ki, MSK-da ləğv etmə prosesi barədə əvvəldən məlumatlandırılmamışdır. Nəhayət, o, şikayət edib ki, daxili məhkəmələr onun təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş və işin lazımi məhkəmə araşdırılmasını aparmadan MSK-nın qərarını qüvvədə saxlamışlar.
HÜQUQİ MƏSƏLƏLƏR
19 fevral 2008-ci il tarixli məktubu ilə Hökumətin qeydləri ərizəçiyə göndərilmiş və öz qeydlərini, eləcə də ədalətli kompensasiya tələblərini 01 aprel 2008-ci ilədək təqdim etmək cavab olaraq ərizəçidən xahiş olunmuşdur.
Poçtla göndərilmiş 06 may 2008-ci il tarixli məktubu ilə ərizəçi məlumatlandırılıb ki, ərizəçinin qeydlərinin təqdim olunması üçün ayrılmış müddət 01 aprel 2008-ci ildə bitmiş və müddətin uzadılması xahiş olunmamışdır. Ərizəçinin diqqəti Konvensiyanın 37-ci maddəsinin 1 (a) bəndinə yönəlmişdir. Belə ki, həmin müddəaya görə, ərizəçinin öz şikayətini müdafiə etməyə dair niyyətinin olmadığı haqqında qənaətə gəlməyə əsaslar olduqda, Məhkəmə şikayəti işlərin siyahısından çıxara bilər. Ərizəçi bu məktubu 13 may 2008-ci ildə almışdır. Lakin, hər hansı cavab verilməmişdir.
Məhkəmə hesab edir ki, belə olan halda, Konvensiyanın 37-ci maddəsinin 1 (a) bəndinin mənasında ərizəçi öz şikayətini müdafiə etmək niyyətində olmayan kimi qiymətləndirilə bilər. Bundan başqa, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq, Konvensiyanın və onun Protokollarının müəyyən etdiyi kimi insan hüquqlarına riayət edilməsinə aid hər hansı xüsusi hallar işin araşdırılmasının davam etdirilməsini tələb etmir. Yuxarıdakılara əsasən, şikayətin işlərin siyahısından çıxarılması məqsədəmüvafiqdir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayəti işlərin siyahısından çıxarmağı qərara alır.
Soren NilsenNina Vaciç
Katib Sədr
Full & Egal Universal Law Academy