Abufadda (Aboufadda) Fransaya qarşı – ərizə № 28457/10
4.11.2014 tarixli qərar [V Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin ikinci hissəsi
Mülkiyyətdən istifadəyə nəzarət
Narkotik ticarəti yolu ilə əldə edilmiş evin müsadirə olunması: şikayət qəbul olunmayan elan edildi
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət hüququ
Mənzil toxunulmazlığına hörmət hüququ
Şəxsi həyata hörmət hüququ
Narkotik ticarəti yolu ilə əldə edilmiş evin müsadirə olunması: şikayət qəbul olunmayan elan edildi
Faktlar – 2005-ci ildə ərizəçilər qismən öz vəsaitləri hesabına və qismən bankdan kredit götürmək hesabına ev aldılar. Bir neçə ay sonra aparılmış məhkəmə istintaqı nəticəsində aşkar edildi ki, ərizəçilərin oğlu narkotiklərin kifayət qədər iri həcmli qanunsuz ticarəti ilə məşğul olub. Vəsaitlərin qanunsuz yolla əldə edilib-edilmədiyini və ya qanunsuz yolla leqallaşdırılıb-leqallaşdırılmadığını müəyyənləşdirmək üçün onun və yaxınlarının əmlakının maliyyə təftişi aparıldı. 2008-ci ildə ərizəçilərin oğlu məhkum edildi və digər cəza tədbirləri ilə yanaşı, yeddi il azadlıqdan məhrumetmə cəzası aldı, ərizəçilər isə iki ili şərti olmaqla üç il azadlıqdan məhrumetmə cəzası aldılar. Ərizəçilərin işində məhkəmə həmçinin 2005-ci ildə alınmış evin müsadirə olunması barədə qərar çıxardı. Məhkəmə konkret olaraq qeyd etdi ki, ərizəçilərin oğlu evdə aparılan işlərin idarə olunmasına görə cavabdeh idi və həmin işlərin xərclərinin ödənilməsində iştirak edirdi, ipoteka kreditinin ödənişlərini o ödəyirdi və ərizəçilərin telefonunun dinlənilməsi nəticəsində aşkar edilmişdi ki, onlar oğullarının qanunsuz fəaliyyətlərindən xəbərdardırlar. Ərizəçilərin alternativ yaşayış yeri tapana qədər 2011-ci ilin mayınadək ayda 900 avro ödəməklə evdə qalmalarına icazə verildi. 2011-ci il iyunun 1-də ev dövlətin mülkiyyətinə keçdi.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Sözügedən müsadirə qanunla nəzərdə tutulmuşdu və ictimai maraqlara cavab verən məqsəd daşıyırdı, yəni qanunsuz yolla əldə edilmiş əmlakın gizlədilməsinin və çirkli pulların yuyulmasının qarşısını almaq yolu ilə narkotik ticarəti ilə mübarizə aparmaq məqsədini güdürdü. Beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətlərin və ya hüquq pozuntularının törədilməsində əli olan şəxslə mütəmadi təmasda olan və yaşadığı həyat şəraitinə uyğun vəsaitləri qanuni yolla qazandığını və ya malik olduğu əmlakın qanuni mənbəyini sübut edə bilməyən şəxslərə gəlincə, qanunvericilik sistemində belə bir prezumpsiya nəzərdə tutulmuşdu: hesab edilirdi ki, belə şəxslər, pozuntu faktı barədə tam məlumatlı olaraq, əyri yolla əldə edilmiş vəsaitlərdən və ya əmlakdan yararlanırlar. Onlar əmlakın qanuni mənbələr hesabına əldə edildiyini sübut edə bilmədikdə əlavə cəza qismində həmin əmlakın hamısı və ya bir hissəsi müsadirə olunurdu. Bu prezumpsiya təkzib edilə bilərdi və ərizəçilər vəsaitlərinin və əmlaklarının qanuni yolla əldə edildiyini sübut etsəydilər müsadirədən yaxa qurtara bilərdilər. Ərizəçilərin həyat tərzinin onların gəlirlərinə qeyri-mütənasib olduğunu qeyd etdikdən sonra daxili məhkəmələr ərizəçilərin iddialarını təsdiqləmək üçün təqdim etdikləri sübutları lazımi qaydada qiymətləndirmişdilər. Bundan başqa, onlar ərizəçilərin davranışını nəzərə alaraq xüsusən qeyd etmişdilər ki, onlar oğullarının verdiyi vəsaitlərin mənşəyi barədə məlumatsız ola bilməzdilər. Ümumiyyətlə, işlərinə iki instansiyada baxılmış ərizəçilərin sərəncamında dövlət orqanları qarşısında öz mövqelərini müdafiə etmək üçün yetərincə imkan olmadığını düşünməyə əsas yox idi, onlar həmçinin kassasiya şikayəti vermişdilər və ədalətli məhkəmə araşdırması hüququnun pozulmasının qurbanı olduqlarını iddia etməmişdilər.
Məhkəmə razılaşdı ki, ərizəçilərin aldıqları evə sərf olunmuş vəsaitin bir hissəsi, belə görünür ki, oğullarının məşğul olduğu narkotik ticarətindən gələn gəlir hesabına deyil, başqa mənbə hesabına əldə edilmişdi. Həqiqətən, 2006-cı ildən sonra sərf edilmiş vəsaitlərin mənşəyi mübahisə mövzusu deyildi. Beləliklə, evin alınması üçün ərizəçilərin götürdüyü ipoteka kreditinin 2006-cı ildən sonra ödənilməli olan hissəsi onların məhkum edilməsinə səbəb olmuş narkotik ticarətindən əldə edilməmişdi. Bununla belə, mübaliğəsiz söyləmək olardı ki, əmlakın "çox" hissəsi onların oğlunun məşğul olduğu narkotik ticarətindən qazanılmış gəlirlər hesabına əldə edilmişdi. Bundan başqa, evin bütünlüklə müsadirə olunması barədə daxili məhkəmələrin qərarı ərizəçilər tərəfindən törədilən və bundan əlavə, yerli səviyyədə iri miqyaslı narkotik ticarəti kontekstində baş verən qanunsuz yolla əldə edilmiş əmlakın gizlədilməsi kimi ağır cinayətləri cəzalandırmaqdan ibarət qanuni istəyi nümayiş etdirirdi. Narkotik vasitələrin dağıdıcı nəticələrini nəzərə alsaq, iştirakçı dövlətlərin bu bəlanın yayılmasına şərait yaradanlara qarşı olduqca sərt münasibətini başa düşmək olar.
Buradan belə nəticə çıxır ki, ərizəçilərin öz mülkiyyətlərindən maneəsiz istifadə hüququna müdaxilə qarşıya qoyulmuş ictimai maraqların müdafiəsi məqsədinə qeyri-mütənasib deyildi.
Nəticə: şikayət qəbul olunmayan elan edildi (açıq-aydın əsassız olduğuna görə).
Maddə 8: Müsadirə olunmuş ev ərizəçilərin ailəsinin yaşadığı ev idi. Müvafiq olaraq, bu müdaxilə onların şəxsi və ailə həyatının və mənzilinin toxunulmazlığı hüququna müdaxilə təşkil edirdi. Müdaxilə qanunla nəzərdə tutulmuşdu, narkotik ticarətinə qarşı mübarizə aparmaq və çəkindirici tədbirlər vasitəsilə qanunsuz yolla əldə edilmiş əmlakın gizlədilməsinin və çirkli pulların yuyulmasının qarşısını almaq məqsədi daşıyırdı və beləliklə "iğtişaşın və ya cinayətin qarşısını almağa" yönəlmişdi. 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqinə nisbətən Konvensiyanın 8-ci maddəsinin tətbiqi zamanı dövlətlərin qiymətləndirmə sərbəstliyinin hüdudları daha dar olur. Bununla belə, dövlət orqanları ərizəçilərin vəziyyətini yetərincə nəzərə almış və onların başqa yerə köçə biləcəkləri vaxtadək evdə qalmalarına icazə vermişdilər.
Nəticə: şikayət qəbul olunmayan elan edildi (açıq-aydın əsassız olduğuna görə).
Full & Egal Universal Law Academy