İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Valentina Akimovanın Azərbaycana qarşı
19853/03 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi 12 yanvar 2006-cı il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab L.Lukaides,
xanım F.Tulkens,
xanım E.Steyner,
cənab X.Hacıyev,
cənab D.Spilman,
cənab S.E.Cebens; hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 25 aprel 2003-cü il tarixdə verilmiş şikayətlə bağlı müzakirə apararaq,
cavabdeh Dövlət tərəfindən irəli sürülən rəyləri və ərizəçi tərəfindən verilən cavabları nəzərə alaraq, müzakirələr aparmaqla, qərara alır:
FAKTLAR
Azərbaycan vətəndaşı olan ərizəçi xanım Valentina Borisovna Akimova 1950-ci ildə anadan olub və Bakıda yaşayır. Onu Məhkəmə qarşısında Bakıda fəaliyyət göstərən vəkil xanım Hüseynova təmsil edib. Cavabdeh Hökuməti Azərbaycan Respublikasının Məhkəmədəki nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
A. İşin halları
İşin halları tərəflərin təqdim etdiklərinə görə aşağıdakı kimi ümumiləşdirilə bilər.
Dövlətin mənzil siyasətinə əsasən, 02 iyun 1993-cü il tarixdə ərizəçiyə Bakı şəhərində yerləşən və dövlət mülkiyyətində olan 3 otaqlı mənzilə order verilmişdir. Həmin vaxt binanın tikintisi başa çatmadığından, kirayəçilər mənzillərində təmir işlərinin başa çatdırılmasının öz hesablarına aparılmasını üzərlərinə götürmüş və bu səbəbdən də ərizəçi yeni mənzilə köçməmişdir.
1997-ci ildə şifahi razılaşmaya əsasən, ərizəçi öz tanışı olan R.-nın həmin mənzildən müvəqqəti və pulsuz olaraq istifadə etməsinə icazə vermişdir. Tərəflərin razılaşmasına əsasən, R. mənzildən istifadə etməsi müqabilində və ərizəçinin təqdim edəcəyi tikinti materialları hesabına bu mənzildə təmir işlərinin aparılmasını üzərinə götürmüşdür. Həmçinin, R. ərizəçinin tələb edəcəyi anda mənzilin boşaldılmasını öhdəsinə götürmüşdür.
Lakin bir müddətdən sonra mövcud şifahi razılaşmaya zidd olaraq, R. qohumları olan H. və onun ailə üzvlərinin (bundan sonra - H.) həmin mənzilə köçmələrinə icazə vermişdir. H. Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi zamanı Ermənistanın hərbi qüvvələrinin nəzarəti altında qalan Ağdam rayonundan olan məcburi köçkündür (MK).
Ərizəçi mənzilinə tanımadığı adamların girdiyini gördükdə, onlardan mənzili tərk etməyi tələb etmişdir. Buna baxmayaraq, H. başqa yaşayış yerinin olmadığını bildirərək, mənzili tərk etməkdən imtina etmişdir. Ərizəçi H.-nın mənzili boşaltması tələbi ilə məhkəməyə müraciət etmişdir.
29 mart 2000-ci il tarixdə Nizami rayon Məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə müəyyən etmişdir ki, ərizəçi mübahisəli mənzilin qanuni kirayəçisidir və müvafiq olaraq H.-nın mənzildən çıxarılmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə H.-nın mənzildən çıxarılmasına dair qətnamə qəbul etmişdir. H. apellyasiya şikayəti vermişdir.
30 sentyabr 2002-ci il tarixdə Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qətnaməsini ləğv etmişdir. Məhkəmə ərizəçinin yaşayış sahəsinə dair icarə hüququnu təsdiq edən sənədlərin düzgün olmamasını və müvafiq olaraq mənzili tələb etmək hüququnun olmadığını müəyyən etmişdir. Beləliklə, məhkəmə birinci instansiya məhkəməsinin mənzildən çıxarılmaya dair qətnaməsini ləğv etmişdir.
Ərizəçi kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 13 dekabr 2002-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və şikayətçinin tələbi qismən təmin edilmişdir.
Ali Məhkəmə müəyyən etmişdir ki, işə baxan Apellyasiya Məhkəməsi mənzilə dair şikayətçinin orderinin qanuniliyinin qiymətləndirilməsində səhvə yol vermişdir. Məhkəmə göstərmişdir ki, ərizəçinin sahiblik hüququna malik olması mübahisəsizdir və məsələ yalnız H.-nın ərizəçinin mənzilində qalmaq hüququndan gedir. Ali Məhkəmə bu hissədə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib.
Daha sonra Ali Məhkəmə H.-nın mənzildən çıxarılmasını qərara almışdır. Lakin məhkəmə H.-nın Ağdam rayonunda yerləşən daimi yaşadığı mənzilə qayıtmasının mümkünsüzlüyünü və başqa yaşayış yerinin olmadığını nəzərə alaraq, qərarın icrasının Ağdama qayıtmaq mümkün olana qədər təxirə salınmasını qərara almışdır. Mahiyyət etibarilə məhkəmə Ağdam rayonuna qayıdanadək H.-yə ərizəçinin mənzilində yaşamağa icazə verdi.
Ərizəçinin «əlavə kassasiya» qaydasında verdiyi şikayətinə əsasən, Ali Məhkəmə Plenumunun 27 yanvar 2005-ci il tarixli qərarı ilə Ali Məhkəmənin 13 dekabr 2002-ci il tarixli qərarı ləğv edilmişdir. Plenum onu qeyd etmişdir ki, Apellyasiya Məhkəməsinin qərarında səhvlər müəyyən edərkən, Ali Məhkəmə mülki-prosessual qanunvericiliyə əsasən, işin mahiyyətinə dair yeni qərar çıxara bilməz və bunun əvəzinə Apellyasiya Məhkəməsinin qərarını ləğv etməli və işi yenidən baxılmaq üçün Apellyasiya Məhkəməsinə göndərməlidir. Beləliklə, Plenum müəyyən etmişdir ki, Ali Məhkəmənin gəldiyi nəticə əsasən düzgün olsa da, o, mahiyyəti üzrə işə baxmaqla prosessual qaydaları pozmuşdur. Plenum işi Apellyasiya Məhkəməsinə göndərmişdir.
07 aprel 2005-ci il tarixdə Apellyasiya Məhkəməsi Ali Məhkəmənin 13 dekabr 2002-ci il tarixli qərarı ilə identik olan qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən qət edilmişdir ki, H. zəbt etdiyi mənzili boşaltmalıdır. Lakin bu məhkəmə qərara aldı ki, qətnamənin icrası Ağdam rayonu işğaldan azad olunana qədər təxirə salınmalıdır.
Hazırda Ağdam işğal altındadır və H. hələ də ərizəçinin mənzilində yaşamaqda davam edir. Bütün bu müddət ərzində ərizəçi ailəsi ilə birlikdə qohumlarının evində yaşayır.
B. Müvafiq daxili qanunvericilik
1.Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında
21 may 1999-cu il tarixli Qanun
Maddə 2. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər
«Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar.»
Maddə 5. Məcburi köçkünlərin mənzillə təmin olunması
«Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətlri daxilində). Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə, onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. ...
Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər...»
2. Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş
«Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün
olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydaları»
«4. Məcburi köçkünlərin 1992-1994-cü illərdə məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır...»
3. Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş
«Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları»
«4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. ...»
4. 1 sentyabr 2000-ci il tarixli Mülki Prosessual Məcəllə
231-ci maddə nəzərdə tutur ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
ŞİKAYƏTLƏR
1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən iddia etdi ki, daxili məhkəmələrdən əsaslandırılmış qərar əldə etmədiyinə görə, onun ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. O iddia etdi ki, H.-nın mənzildə qalmaq hüququ ilə bağlı qərar əsaslandırılmamış və özbaşına olub. O bildirdi ki, Ağdamın azad olunmasınadək qərarın icrasının təxirə salınmasına dair əmrin əsaslana bildiyi hər hansı normaya daxili məhkəmələr istinad edə bilməmişlər. Bundan başqa, ərizəçi iddia etdi ki, məhkəmə qərarının icrasının qeyri-müəyyən müddətədək təxirə salınması Konvensiyaya ziddir, ona görə ki, ərizəçinin ziyanına olaraq məcburi qərarın icrasız qalmasına icazə verməklə, onun ədalətli məhkəmə araşdırılması hüququ xəyali hüquqa çevrilib.
2. Bundan başqa, ərizəçi iddia etdi ki, qaçqın və ya məcburi köçkünlərin xeyrinə, müvəqqəti olsa da, şəxsi onun əmlakından məhrum edilməsinə icazə verən hər hansı müddəa Azərbaycan qanunvericiliyində əksini tapmayıb. Mahiyyət etibarilə, bu şikayət Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin dairəsi altına düşən kimi görünür.
3. Ərizəçi daha sonra şikayət etdi ki, onun mənzilinin kənar şəxslər tərəfindən tutulması səbəbindən, o öz ailəsi ilə birgə evində yaşamaqdan məhrum edilib. Buna görə, o və onun ailə üzvləri öz qohumlarının evində yaşamağa məcbur olub. Nəticədə, onun mənzilə hörmət hüququ pozulub. Bu şikayəti etməklə ərizəçi Konvensiyanın 8-ci maddəsinə istinad edən kimi görünüb.
Hüquqi məsələlər
1.Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən şikayət etdi ki, daxili məhkəmələr onun barəsində olan qərarın icrasının təxirə salınmasında əsaslandırılmış qərar qəbul etməmişlər. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakıları nəzərdə tutur:
«Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ...məhkəmə vasitəsilə, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir.»
Hökumət bildirdi ki, qətnamənin icrasının təxirə salınmasına dair qərar lazımi əsaslandırılıb, ona görə ki, məhkəmə müvəqqəti yaşayış yerindən məcburi köçkünlərin çıxarılmasının təxirə salınmasına icazə verən Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydaları» (bundan sonra – MK-nın Məskunlaşdırılması Qaydaları) daxil olmaqla, müvafiq hüquq normalarına istinad edib.
Ərizəçi MK-nın Məskunlaşdırılması Qaydalarına yalnız Apellyasiya Məhkəməsinin ləğv olunmuş 30 sentyabr 2002-ci il tarixli qətnaməsində və hətta orada da başqa mənada istinad edildiyini qeyd edərək razılaşmadı. Lakin H.-nın mənzildən çıxarılmasına dair qərarı təxirə salan Apellyasiya Məhkəməsinin 07 aprel 2005-ci il tarixli müvafiq qətnaməsi belə bir istinadı nəzərdə tutmayıb. Bundan başqa, qətnamənin icrasının təxirə salınmasına dair qərara gəldikdə, məhkəmə daxili hüquq normasına istinad etməyib və ya ona əsaslanmayıb. Ərizəçi daha sonra bildirdi ki, hər bir halda MK-nın Məskunlaşdırılması Qaydaları onun işinə aid deyildir, ona görə ki, bu qaydalar öz qərarlarının təxirə salnmasına dair hüququ daxili məhkəmələrə verməyib.
Daha sonra ərizəçi iddia etdi ki, qeyri-müəyyən müddətə yekun qətnamənin icrasının təxirə salınması özlüyündə Konvensiyaya zidd olub, ona görə ki, bu, məcburi qüvvəyə malik olan qərarın onun zərərinə fəaliyyətsiz qalmasına icazə verməklə, ədalətli məhkəmə araşdırılması hüququnu xəyali edib.
Məhkəmə tərəflərin dəlilləri baxımından hesab edir ki, şikayət, müəyyənləşdirilməsi işin mahiyyətinin araşdırılmasını tələb edən Konvensiyaya əsasən fakt və hüquqla bağlı olan mühüm məsələləri qaldırır. Buna görə, Məhkəmə belə nəticəyə gəlir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aşkar əsassız deyildir. Onun qeyri-məqbul hesab edilməsi üçün hər hansı başqa əsas müəyyən olunmayıb.
2. Ərizəçi şikayət edir ki, o, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə zidd olaraq, öz mülkiyyət hüquqlarından məhrum edilmişdir; həmin maddədə göstərilir:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»
Hökumət şikayətçinin əmlak hüquqlarına müdaxilə olunma halını təsdiqlədi, lakin iddia etdi ki, bu müdaxilə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından haqlı olmuşdur. Hökumət, həmçinin, Azərbaycanda Ermənistanın işğalı altında olan ərazilərdən 700.000-dən çox məcburi köçkün olduğunu bildirmişdir. Məcburi köçkünlərin yaşayış yeri ilə təmin olunmasına ciddi ictimai ehtiyac vardır. Məcburi köçkünlərin əksəriyyəti keçmiş inzibati və ictimai binalarda (mehmanxana və xəstəxanalar kimi) və qaçqın düşərgələrində yerləşmişlər. Müəyyən sayda məcburi köçkünlər ayrı-ayrı şəxslərə məxsus olan mənzillərdə məskunlaşmışlar. Hökumətin bildirdiyinə görə, məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən çıxarılması nəticə etibarilə onları evsiz qoya, «sosial gərginliyə və partlayışa gətirib çıxara» və «ictimai asayişə təhlükə yarada» bilər. Buna görə də, ərizəçinin mülkiyyətdən istifadə hüququnun məhdudlaşdırılması ictimai maraqlar baxımından qanuni məqsəd daşıyıb və həmin məqsədə mütənasib olub.
Ərizəçi bildirdi ki, onun mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə dövlətdaxili qanunvericilikdə nəzərdə tutulmayıb. O iddia etdi ki, MK-nın Məskunlaşdırılması Qaydaları 1992-1994-cü illərdə müvəqqəti yaşayış yerlərində məskunlaşmış məcburi köçkünlərin çıxarılmasının qarşısının alınması ilə əlaqədardır. Halbuki, onun işində məcburi köçkünlər 1997-ci il tarixdə onun mənzilində məskunlaşdıqlarına görə MK-nın Məskunlaşdırılması Qaydalarında nəzərdə tutulmuş müdafiə hüququna malik deyillər. Bundan başqa, ərizəçi iddia etdi ki, istənilən halda MK-nın Məskunlaşdırılması Qaydaları bu işə ona görə aid deyil ki, o, məhkəmə qərarlarının təxirə salınması üçün hər hansı əsas nəzərdə tutmur, lakin yalnız 1992-1994-cü illərdə məcburi köçkünlər tərəfindən zəbt olunmuş yaşayış binalarının yaşayış orderlərinin hüquqi qüvvəsinin təxirə salınması prosedurunu nəzərdə tutur.
Ərizəçi, həmçinin iddia etdi ki, istənilən halda, hətta onun mülkiyyət hüququnun qanuna müvafiq olaraq məhdudlaşdırıldığını və bunun qanuni məqsəd daşıdığını fərz etsək, məhkəmələr ictimai maraqlarla fərdin əsas hüquqlarının qorunması tələbləri arasında ədalətli tarazlığa riayət etməyiblər. Ərizəçi iddia etdi ki, hər hansı kompensasiya ödənilmədən məcburi köçkünlərin maraqları naminə onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması ucbatından o, «həddən artıq ağır fərdi yükə» məruz qalıb. Müvafiq olaraq, məhkəmələrin tətbiq etdiyi vasitələr qarşıya qoyulmuş qanuni məqsədə mütənasib olmayıb.
Məhkəmə tərəflərin dəlilləri baxımından hesab edir ki, şikayət, müəyyənləşdirilməsi işin mahiyyətinin araşdırılmasını tələb edən Konvensiyaya əsasən fakt və hüquqla bağlı olan mühüm məsələləri qaldırır. Buna görə, Məhkəmə belə nəticəyə gəlir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aşkar əsassız deyildir. Onun qeyri-məqbul hesab edilməsi üçün hər hansı başqa əsas müəyyən olunmayıb.
3.Ərizəçi Konvensiyanın 8-ci maddəsinə əsasən şikayət etdi ki, daxili məhkəmələr MK-ya onun mənzilində qalmağa icazə verdiklərinə görə, onun mənzilə hörmət hüququ pozulub. Konvensiyanın 8-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq, sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.»
Hökümət bildirdi ki, mənzil Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin “evi” kimi qiymətləndirilə bilməz, ona görə ki, kirayəçi hüququnun əldə edilməsinə baxmayaraq, o, heç zaman bu mənzildə yaşamamışdır. Bundan başqa, o, MK-nın çıxarılmasına dair iddia qaldırana qədər 1999-cu ilin sentyabrınadək bu mənzilə köçmək niyyətində olmamışdır.
Ərizəçi razılaşmadı. Qillou Birləşmiş Krallığa qarşı (24 noyabr 1986-cı il tarixli Qərar, A Seriyaları, № 109, §§ 44, 46) işə əsaslanaraq, o iddia etdi ki, “ev” birinin həqiqi yaşadığı yer anlayışı ilə məhdudlaşmayaraq yaşamaq niyyətində olduğu yeri daxil edə bilər. Ərizəçi qeyd etdi ki, mübahisəli mənzil, öz “evini qura bildikləri daimi yaşayış yeri” olmayanlar üçün dövlət mülkiyyətində olan mənzillərlə təmin edilməsinə dair dövlət mənzil siyasətinə müvafiq olaraq ona verilib. Lakin ona kirayə hüququ verilərkən, mənzil yaşamaq üçün kifayət qədər yararlı deyildi və müəyyən təmir işləri tələb olunurdu. O, təmir işləri bitdikdən sonra mənzilə köçmək niyyətində olub.
Məhkəmə xatırladır ki, Konvensiyanın 8-ci maddəsi yalnız hazırkı evə hörmət hüququnu müdafiə edir (bax, Struncak və digərləri Xorvatiyaya qarşı (qərardad), № 46934Ё99, İHAM 2000-X). Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 8-ci maddəsinin mənasına görə, fərd onun “evi” kimi müəyyən edilməsi üçün həmin yerlə kifayətedici və davamlı əlaqəni göstərməlidir (bax, Orurk Birləşmiş Krallığa qarşı (qərardad), № 39022Ё97, 26 iyun 2001-ci il; yuxarıda Qillou, § 46).
Məhkəmə hesab edir ki, sözügedən mənzillə hər hansı əhəmiyyətli əlaqə olmadan ərizəçinin sadəcə olaraq gələcəkdə mənzilə köçmək niyyəti Konvensiyanın 8-ci maddəsinin mənasına görə mənzilin onun “evi” hesab edilməsi üçün kifayətedici deyildir. Xüsusən, Məhkəmə xatırladır ki, Qillou işində ərizəçilər öz evlərinə 1958-ci ildə köçmüş, kənarda işləmək üçün oradan iki il müddətinə çıxmış və olmadqları dövrdə öz mebellərini evdə saxlamışlar. Kənarda olduqları vaxtda, onlar Birləşmiş Krallığa qayıtdıqda evdə yaşamağı bərpa etmək barədə niyyətlərini ifadə etmişlər. Sonradan, 1979-cu ildə qayıtdıqları vaxtda onlar evdə yenidən yaşamış və Konvensiyanın 8-ci maddəsində təsbit olunmuş hüquqlarına müdaxilə baş verməzdən əvvəl bir neçə ay ərzində orada yaşamışlar (bax, yuxarıda Qillou, §§ 10, 11, 15, 46 və 47). Məhkəmə, həmin işdə hesab etdi ki, ərizəçilər sözügedən evdə öz “evlərini” qurmuş və sonradan onunla kifayətedici davamlı əlaqəni saxlamışlar (bax, yuxarıda Qillou, § 46).
Lakin Qillou işindəki faktlara zidd olaraq, hazırkı işdə ərizəçi mənzilə heç zaman köçməmiş, hər hansı dövr ərzində orada yaşamamış və öz şeylərini ora aparmamışdır. Əslində, iddia olunana görə belə hüquqa malik olmadan məhz H. ərizəçinin mənzilində evini qurmuşdur. Bundan başqa, görünür ki, ərizəçinin özü qohumları ilə yaşadığı yerdə “evini” artıq qurmuşdur. Buna görə, Məhkəmə hesab edir ki, sözügedən mənzil Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin “evi” kimi qiymələndirilə bilməz, ona görə ki, o, heç zaman orada yaşamayıb, bu yerlə kifayətedici əlaqəyə malik olmayıb və başqa yerdə ev quran kimi görünür.
Belə nəticə çıxır ki, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Mahiyyəti üzrə qərar çıxarmadan, ədalətli məhkəmə araşdırılması hüququna və mülkiyyətdən maneəsiz istifadə hüququna aid ərizəçinin şikayətlərini məqbul elan edir;
Şikayətin qalan hissəsini qeyri-məqbul elan edir.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy