İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Lətifə Əliyevanın Azərbaycana qarşı
272/03 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
23 may 2006-cı il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab L.Lukaides,
xanım F.Tulkens,
xanım E.Steyner,
cənab X.Hacıyev,
cənab D.Spilman,
cənab S.E.Cebens, hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd olunan 27 noyabr 2002-ci il tarixdə verilmiş şikayəti nəzərə alaraq,
cavabdeh Dövlətin təqdim etdiyi qeydləri və cavab olaraq ərizəçinin təqdim etdiyi izahları nəzərə alaraq,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçi xanım Lətifə Əliyeva 1960-cı ildə anadan olan və Bakıda yaşayan Azərbaycan vətəndaşıdır. Palatanın Sədri Məhkəmə Reqlamentinin 36-cı qaydasının 2-ci bəndinə əsasən ərizəçiyə öz işini təqdim etmək icazəsini verib. Cavabdeh Hökuməti Azərbaycan Respublikasının Məhkəmədəki nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
A. İşin halları
Tərəflərin təqdim etdiklərinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
1. Ərizəçinin işdən çıxarılması
Ərizəçi mühəndis kimi Azərbaycan Respublikasının «Azərbaycan Hava Yolları» Dövlət Konsernində (bundan sonra – «AZAL») işləyib. 23 avqust 2001-ci ildə ərizəçi Prezidentə və başqa yüksək dövlət rəsmilərinə xidmət edən hava gəmisinin texniki vəziyyətində və texniki sənədlərində müəyyən çatışmazlıqların olduğunu iddia edərək, Azərbaycan Respublikasının Prezidentinə məktub yazdı. Ərizəçi, həmçinin AZAL-ın idarə olunması barədə tənqidi fikirləri ifadə edib. O, hava gəmisinin texniki sənədlərinin surətlərini, eləcə də AZAL-ın müvafiq yazışmalarını məktubuna əlavə edib.
Cavab məktubunda 2001-ci ilin sentyabrında AZAL-ın Baş Direktoru ərizəçinin məktubunda əksini tapmış iddiaların yoxlanılması vəzifəsi ilə ekspert komissiyasını yaratdı. Komissiya məsələni araşdıraraq, 08 oktyabr 2001-ci ildə belə nəticəyə gəldi ki, ərizəçinin iddiaları saxta olub.
11 oktyabr 2001-ci ildə ərizəçi hava gəmisi barədə məxfi məlumatı yaydığı üçün işdən azad edilib.
2. İşə bərpa tələbinə aid ilkin araşdırma
Ərizəçi işdən düzgün çıxarılmamasını əsas gətirərək, işə bərpa olunma tələbinə dair iddia qaldırdı. O iddia edib ki, hava gəmisinə aid Prezidentə müraciət etmək hüququ Konstitusiya ilə təmin edilib. 23 aprel 2002-ci ildə Əzizbəyov rayon məhkəməsi ərizəçinin tələbini rədd etdi. Bu məhkəmə müəyyən edib ki, ərizəçi əmək müqaviləsi üzrə AZAL-ın sənaye və kommersiya sirlərini yaymamaq öhdəliyinə malik olub. Lakin məxfi sənədlərə buraxılışı əldə etməklə və Prezidentə ünvanladığı məktuba onların surətlərini qoşmaqla, o, qəsdən bu öhdəliyi pozub. Buna görə, məhkəmə hesab edib ki, ərizəçi əmək vəzifələrini pozub və onun işdən çıxarılması üçün əsaslar qanuni olub.
Ərizəçiyə görə Əzizbəyov rayon məhkəməsində araşdırmalar zamanı o, işin materialları və cavabdehin məhkəməyə təqdim etdiyi çəkişmə sənədlərinin surətləri ilə tanış olmaq üçün tam imkana malik olmayıb.
Ərizəçinin şikayəti üzrə 05 iyun 2002-ci ildə Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Ərizəçiyə görə məhkəmə iclasları açıq keçirilsə belə, Apellyasiya Məhkəməsinin qətnaməsi bağlı şəkildə elan olunub.
Ərizəçi aşağı instansiya məhkəmələri tərəfindən maddi və prossesual hüquq pozuntularına yol verildiyini iddia və onların qətnamələrinin ləğv edilməsini xahiş edərək, kassasiya şikayəti verib. O, həmçinin məhkəmədən pulsuz hüquqi yardımla təmin olunmasını xahiş edib. 21 avqust 2002-ci il tarixli yekun qərarla Ali Məhkəmə ərizəçinin tələbini rədd etdi və aşağı məhkəmələrin qərarlarını qüvvədə saxladı. Ərizəçiyə görə Ali Məhkəmə tərəflərin iclas zalına buraxılmasını və onların şifahi çəkişmələrinin dinlənilməsini lüzumsuz hesab edərək işi in absentia həll edib.
3. Məhkəmə araşdırmalarının yenidən açılması
Ərizəçi daxili araşdırmaların yekun nəticəsi ilə razılaşmayaraq, Ali Məhkəmənin Sədrindən araşdırmaların yenidən açılmasını və işin Ali Məhkəmənin Plenumuna göndərilməsini xahiş edərək, «əlavə kassasiya» şikayəti verdi. Bu şikayətdə o, inter alia, iddia edib ki, daxili məhkəmələr onun prosessual hüquqlarını və prosesin çəkişmə prinsiplərini pozub.
Ərizəçinin müraciəti təmin olunub və araşdırmalar yenidən açılaraq, iş Plenuma göndərilib. 13 fevral 2004-cü ildə Plenum müəyyən edib ki, ərizəçinin prosessual pozuntular barədə şikayətlərinə yuxarı məhkəmələr tərəfindən düzgün qiymət verilməyib. Buna görə, Plenum Apellyasiya Məhkəməsinin 05 iyun 2002-ci il tarixli və Ali Məhkəmənin sonrakı 21 avqust 2002-ci il tarixli yekun qərarlarını ləğv etdi və işi Apellyasiya Məhkəməsinə qaytardı.
08 iyul 2004-cü ildə ərizəçinin işinə baxan apellyasiya instansiyasının hakimi 13 iyul 2004-cü il tarixdə keçiriləcək iclasda iştirak etmək üçün ərizəçiyə çağırış vərəqəsini göndərdi. Bundan sonra, ərizəçi Plenumun işin yenidən baxılması barəsində 13 fevral 2004-cü il tarixli qərarının qanuniliyindən şübhələndiyini ifadə edən və «olmaması» iddia olunan bəzi materialların ona əlçatan edilməyənədək iclaslara qatılmayacağını bildirən məktubu Apellyasiya Məhkəməsinin sədrinə yazdı. Lakin o, işlə əlavə olaraq tanış olmağı xahiş edərək, rəsmi vəsatət vermək üçün hakimin qarşısına gəlmədi.
13 iyul 2004-cü ildə ərizəçi iclasa gəlmədi. Həmin gün hakim iclası 27 iyul 2004-cü ilədək təxirə saldı və ərizəçiyə başqa çağırış vərəqələri göndərdi. 27 iyul 2004-cü ildə nə ərizəçi, nə də cavabdeh Məhkəməyə gəlmədilər. Belə olan halda, Apellyasiya Məhkəməsi Mülki Prosessual Məcəllənin (bundan sonra – «MPM») 259.0.6 və 259.0.7-ci maddələrinə istinadən «iddianın baxılmadan saxlanılması barədə» prosessual qərardad çıxartdı, ona görə ki, ərizəçi üzrlü səbəb olmadan iclasa gəlmədi və bundan başqa məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etmədi. Eyni ilə cavabdeh də işə mahiyyəti üzrə ərizəçinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədi.
30 dekabr 2004-cü ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərardadını qüvvədə saxladı.
Görünür ki, 2005-ci ilin əvvəlində araşdırmalar ərizəçinin vəsatəti üzrə yenidən açılıb. Apellyasiya Məhkəməsi 12 aprel 2005-ci ildə işə mahiyyəti üzrə baxıb. Cavabdeh AZAL-ın nümayəndələri iclasda iştirak ediblər. Lakin ərizəçi yenidən iclasa gəlməyib, baxmayaraq ki, o, 25 mart və 08 aprel 2005-ci ildə ona göndərilmiş iki çağırış vərəqələrini alıb. MPM-in 376-cı maddəsinə əsasən, ərizəçinin iclasa gəlməməsinə aid üzrlü səbəbləri müəyyən etməyərək, Apellyasiya Məhkəməsi qərara gəldi ki, işin mahiyyətinin araşdırılması cavbadehin iştirakı olmadan davam etdirilsin.
12 aprel 2005-ci ildə Apellyasiya Məhkəməsi müəyyən edib ki, ərizəçi işəgötürən qarşısında məxfilik vəzifəsini pozub və buna görə qanuni şəkildə işdən azad olunub. Ərizəçinin pulsuz hüquqi yardım barədə pozuntuya aid iddialarına gəldikdə, daxili qanunvericilik mülki icraatda haqqı dövlət tərəfindən ödənilən vəkillə təmsil olunmağı nəzərdə tutmayıb. Məhkəmə daha sonra qeyd edib ki, hər bir halda ərizəçinin məhkəmədə təmsil olunması məsələsinin yoxlanılması məhkəmədən bir çox çağırış vərəqələrinin göndərilməsinə baxmayaraq, ərizəçinin yeni apellyasiya araşdırmalarında iştirak etməklə bağlı marağının olmaması baxımından zəruri deyildir. Ərizəçinin başqa prosessual pozuntulara aid iddialarına gəldikdə isə, məhkəmə onları əsassız kimi rədd edib.
Ərizəçi kassasiya şikayəti verdi. Lakin o, çağırış vərəqəsini almasına baxmayaraq, yenə də Ali Məhkəmədə keçirilən iclasa gəlməyib. 02 noyabr 2005-ci ildə Ali Məhkəmə ərizəçinin iştirakı olmadan işə baxılmasının davam etdirilməsini qərara alıb və Apellyasiya Məhkəməsinin 12 aprel 2005-ci il tarixli qərarını qüvvədə saxlayıb.
ŞİKAYƏTLƏR
1. Konvensiyanın 10-cu maddəsinə əsasən ərizəçi şikayət edib ki, o, işdən yalnız Prezidentə məktubunda AZAL-ın idarə olunmasını tənqid etdiyinə görə çıxarılıb.
2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ərizəçi şikayət edib ki, daxili məhkəmələrdə ədalətli məhkəmə araşdırılması aparılmayıb. Xüsusən, o bildirib ki, cavabdehin məhkəməyə təqdim etdiyi sənədlər daxil olmaqla, birinci və apellyasiya instansiyaları məhkəmələrində işin materialları ilə tanış ola bilməyib. Bundan başqa, ərizəçi iddia edib ki, məhkəmələr onun pulsuz hüquqi yardım hüququnu pozmuşlar.
HÜQUQİ MƏSƏLƏLƏR
1. Konvensiyanın 10-cu maddəsinə istinadən ərizəçi şikayət edib ki, dövlət şirkətində işindən yalnız yüksək səviyyəli dövlət rəsmilərinə xidmət edən hava gəmisinin texniki vəziyyətindən iddia olunan çatışmazlıqlara aid öz fikrini ifadə etdiyinə görə çıxarılıb. Konvensiyanın 10-cu maddəsi aşağıdakıları nəzərdə tutur:
«1. Hər kəs (öz fikrini - tərc.) ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.»
Hökumət bildirib ki, ərizəçinin şikayəti Konvensiyanın 10-cu maddəsinin əhatəsindən kənara çıxır. Əmək müqaviləsinə əsasən, ərizəçi işə aid informasiyanı məxfi saxlamağa borclu olub. Bundan başqa, Hökumətə görə ərizəçinin iş funksiyaları hava gəmisinin saxlanılmasını ehtiva etməyib və Prezidentə məktubuna qoşduğu məxfi sənədlərə buraxılış əldə etməyə icazə almayıb. Müvafiq olaraq, o, bu sənədlərin surətlərini qanunsuz, yəni iş vəzifələrinin ziddinə olaraq əldə etməyib. Buna görə, Hökumət bildirib ki, qanunsuz əldə olunmuş məxfi sənədləşmənin yayılması ərizəçinin informasiya ötürmək azadlığının dairəsindən kənarda olub.
Ərizəçi razılaşmayıb və öz şikayətini təkrarlayıb.
Məhkəmə hesab edir ki, şikayətin Konvensiyanın 10-cu maddəsinin dairəsinə düşüb-düşməməsinin müəyyən edilməsi zəruri deyildir, ona görə ki, düşdüyü güman olunsa belə, şikayət aşağıdakılara görə qeyri-məqbuldur.
Məhkəmə xatırladır ki, beynəlxalq hüququn hamılıqla tanınmış qaydalarına əsasən, hər bir Razılığa gələn Yüksək Tərəfə aid Konvensiya yalnız bu Tərəfə münasibətdə qüvvəyə minməsindən sonra baş verən faktları tənzimləyir (bax, Kazımova Azərbaycana qarşı iş üzrə 06 mart 2003-cü il tarixli qərardad, № 40368/02; və Kadikis Latviyaya qarşı iş üzrə 29 iyun 2000-ci il tarixli qərardad, № 47634/99). Konvensiya Azərbaycana münasibətdə 15 aprel 2002-ci ildə qüvvəyə minib.
Lakin Məhkəmə qeyd edir ki, ərizəçi 11 oktyabr 2001-ci ildə, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsindən əvvəl işdən çıxarılıb. Digər tərəfdən, onun işdən çıxarılmasına aid olan və iddiasının rədd olunması ilə nəticələnən araşdırmaların qanuniliyi bu tarixdən sonra olub.
Bununla bağlı, Məhkəmə belə qənaətə gəlib ki, onun ratione temporis səlahiyyəti iddia olunan müdaxilənin həlledici faktlarına aid müəyyən edilməlidir. İddia olunan pozuntunun ratifikasiyadan əvvəl, onu düzəltməkdən imtina isə ratifikasiyadan sonrakı dövrə təsadüf edən işlərdə Məhkəmənin zaman səlahiyyətinin müəyyən edilməsində sonuncu məqamdən çıxış etmə Konvensiyanın Dövlətə aid qüvvəyə minməsindən əvvəl baş vermiş faktlarla bağlı Dövlət üçün məcburi olması ilə nəticələnər. Lakin bu, beynəlxalq hüququn ümumi prinsiplərinə zidd olaraq Konvensiyanın geriyə şamil olunmasına gətirib çıxarar. Eyni zamanda, bu, fərdi şikayətləri qəbul etməyə dair Məhkəmənin səlahiyyətinin tanınması barədə Azərbaycanın bəyanatını əhəmiyyətsiz edəcəkdir (bax, Bleçiç Xorvatiyaya qarşı (BP), № 59532/00, § 77-79, İHAM 2006-...; yuxarıda qeyd olunan Kadikis Latviyaya qarşı; və Stamulakatos Yunanıstana qarşı (№ 1) iş üzrə 26 oktyabr 1993-cü il tarixli qərar, A Seriyaları, № 271, § 33).
Məhkəmə hesab edir ki, ərizəçinin işdən çıxarılması Konvensiyanın pozulmasının hər hansı davamlı vəziyyəti təşkil etməyən bir anlıq hərəkət olub (müqayisə et, Covanoviç Xorvatiyaya qarşı (qərardad), № 59109/00, İHAM 2002-III). Belə nəticəyə gəlinir ki, Konvensiyanın 10-cu maddəsinə iddia olunan müdaxilə Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsindən əvvəl baş verib və buna görə, Məhkəmənin zaman səlahiyyətindən kənardadır. Bu müdaxiləni bərpa etməyə yönələn sonrakı vasitələrin uğursuz olması şikayəti Məhkəmənin zaman səlahiyyəti daxilinə gətirə bilməz.
Bundan başqa, işdən çıxarılmanın qanuniliyinə aid daxili araşdırmaların qanuni olub-olmamasına gəldikdə, onların ratifikasiya tarixindən sonra aparıldığı qədər ərizəçi bu araşdırmaların Konvensiyanın 10-cu maddəsi ilə uyğunluğu barədə hər hansı ayrıca şikayət verməyib. Hər bir halda, Məhkəmə hesab edib ki, ratifikasiya tarixindən sonra Dövlətlərin bütün hərəkət və qərarlarının Konvensiyaya uyğun olmalı olduğunun doğru olması ilə yanaşı, Konvensiya bu tarixdən əvvəl baş vermiş səhv və ya zərərə görə bərpa etməni təmin etmək üzrə hər hansı xüsusi öhdəliyi Razılığa gələn Yüksək Tərəflərin üzərinə qoymur (bax, Bleçiç, yuxarıdakı, § 81; və Kopeçki Slovakiyaya qarşı (BP), № 44912/98, § 38, İHAM 2004-...). Sözsüz ki, belə bərpa etməni təqdim etməkdən daxili məhkəmələrin imtinası yeni və ya müstəqil müdaxiləni təşkil edir, ona görə ki, bu öhdəlik Konvensiyadan çıxarıla bilməz. Ərizəçinin işdən çıxarıldığı vaxt qüvvədə olan daxili qanunvericilik Konvensiyanı daxil etmirdi və buna görə, daxili məhkəmələr onu geriyə tətbiq edə bilməzdi (bax, Bleçiç, yuxarıdakı, § 88-91).
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə Konvensiyanın müddəaları ilə ratione temporis uyğun deyidir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ərizəçi daxili məhkəmələrin yol verdikləri bəzi prosessual pozuntulardan şikayət edib. Bu müddəa aşağıdakıları nəzərdə tutur:
«Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir.»
Hökumət bu şikayətin mahiyyəti ilə bağlı hər hansı xüsusi izahlar təqdim etməyib və qeyd edib ki, şikayətin Hökumətə göndərildiyi vaxtda onun işinə daxili məhkəmələrdə baxıldığı üçün ərizəçi daxili vasitələri tükəndirməyib.
Ərizəçi pulsuz hüquqi yardım almadığını və ilkin araşdırma dövründə işin materiallarına tam buraxılış əldə etmədiyini bildirərək, öz şikayətini təkrarladı.
Məhkəmə daxili vasitələrin tükənməsinə dair Hökumətin etirazını müzakirə etməyi zəruri hesab etmir, ona görə ki, şikayətin bu hissəsi hər bir halda aşağıdakılara görə qeyri-məqbuldur.
Pulsuz hüquqi yardım təqdim etməkdən imtinaya aid ərizəçinin dəlilinə gəldikdə, Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə pulsuz hüquqi yardım almaq hüququnun təmin olunmamasına baxmayaraq, hüquqi yardım əlçatmaz olması müəyyən hallarda məhkəməyə müraciət hüququnun və ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına əsas ola bilər, ona görə ki, ya hüquqi təmsilçilik məcburidir, ya da işin prosesi mürəkkəbdir (bax, Erey İrlandiyaya qarşı iş üzrə 09 oktyabr 1979-cu il tarixli qərar, A Seriyaları, № 32, §§ 22-26). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mübahisə üzrə fərdi tərəfin hüquqi təmsilçiliklə təmin edilməli olduğunu tələb edib-etməməsi məsələsi işin xüsusi hallarından və xüsusilə, vəkilin köməyi olmadan şəxsin öz işini düzgün və kifayətedici tərzdə təqdim etmək imkanında olub-olmamasından asılıdır (bax, Mak Vikar Birləşmiş Krallığa qarşı, № 46311/99, § 48, İHAM 2002-III).
Məhkəmə hesab edir ki, ərizəçi pulsuz hüquqi yardımın təqdim olunmasından imtinanın onun məhkəməyə müraciət hüququna iddia olunan nəticələri üzrə inandırıcı hazırlıq görməyib. Kifayətedici əminliklə müəyyən olunmayıb ki, pulsuz hüquqi yardım olmadan ərizəçi əhəmiyyətli şəkildə pis vəziyyətə düşmüşdür.
Xüsusən, işin materiallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, mahiyyət etibarilə daxili məhkəmələrin sadəcə olaraq ərizəçi tərəfindən əmək müqaviləsi üzrə məxfilik vəzifəsinin pozulub-pozulmamasını müəyyən etməli olmalarını nəzərə alaraq iş mürəkkəb olmayıb. Bir çox şahidləri dinləmək, ekspert rəyləri əldə etmək və ya başqa mürəkkəb prosessual hərəkətləri görmək tələb olunmayıb. Məhkəmə daha sonra qeyd edir ki, Ali Məhkəmənin 21 avqust 2003-cü il tarixli qərarı ilə nəticələnən ilkin mülki araşdırmalarda ərizəçi məhkəmələr qarşısında vəkilin köməyi olmadan iştirak edib. Görünür ki, o, ilkin daxili araşdırmalarda mahiyyəti üzrə öz dəlillərini düzgün təqdim etmək imkanında olub. Ali Məhkəmənin 02 noyabr 2005-ci il tarixli qərarı ilə yenidən açılmış araşdırmalarda ərizəçi üzrlü səbəb olmadan iclaslarda iştirak etməyib, baxmayaraq ki, məhkəmələrdən bir çox çağırış vərəqələrini alıb. Ərizəçi tərəfindən ilkin araşdırmalarda öz iddialarını təqdim etmək imkanında olmasını və bunu yenidən açılmış araşdırmalarda etmək imkanında olmasını nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçi Konvensiyanın 6-cı maddəsinə zidd olaraq, pulsuz hüquqi yardımın təqdim edilməməsi ilə məhkəməyə səmərəli buraxılışın və ya ədalətli məhkəmə araşdırılmasının təmin edilmədiyini müəyyən edə bilməyib.
İlkin araşdırmalar zamanı işin materiallarına tam buraxılışın ona təqdim edilmədiyi barədə ərizəçinin dəlillərinə gəldikdə, Məhkəmə qeyd edir ki, bu araşdırmalara aid məhkəmə qərarları ləğv olunub və ərizəçinin iddiaları yenidən açılmış araşdırmalar zamanı yoxlanılıb. Müəyyən edilib ki, ərizəçi bütövlükdə daxili araşdırmalar ərzində işin materiallarına buraxılışının hər hansı yolla məhdudlaşdırıldığını göstərən hər hansı inandırıcı sübutla məhkəməni təmin etməyib.
Belə nəticəyə gəlinir ki, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə müvafiq olaraq rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,
Şikayəti qeyri-məqbul elan edir.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy