İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
CAHANGİR ƏMİROV AZƏRBAYCANA QARŞI
(Şikayət № 25512/06)
MƏQBULİYYƏTƏ DAİR QƏRARDAD
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (I Bölmə) Palata qismində 18 yanvar 2011-ci il tarixdə işə aşağıdakı tərkibdə baxaraq:
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Xanlar Hacıyev,
Din Şpilman,
Sver Erik Yebens,
Corcio Malinverni,
Corc Nikolau, hakimlər,
Soren Nilsen, Bölmə katibi,
6 yanvar 2006-cı il tarixdə verilmiş yuxarıdakı şikayəti,
Cavabdeh Hökumətin, habelə ərizəçinin cavab olaraq təqdim etdiyi mülahizələrini nəzərə alaraq, aşağıdakıları qərara alır:
FAKTLAR
Ərizəçi cənab Cahangir Əmirov Azərbaycan vətəndaşıdır, 1942-ci ildə doğulmuşdur və Gəncədə yaşayır. O, Məhkəmə qarşısında Bakıda vəkil işləyən cənab İ.Əliyev tərəfindən təmsil edilir. Azərbaycan Hökumətini (“Hökumət”) onun səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil edir.
İşin halları
Tərəflərin təqdim etdiyi faktlar aşağıdakı kimi ümumiləşdirilə bilər.
Gəncə Dövlət Universitetində professor kimi çalışan ərizəçi müxalifətdə olan Müsavat partiyasının Gəncə filialının rəhbəridir.
2003-cü il aprelin 28-də ərizəçi polisə maneçilik göstərdiyi üçün saxlanmışdır. Həmin gün Gəncə şəhəri Nizami rayon məhkəməsi ərizəçini sərxoş halda polisi təhqir etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinə əsasən (polisə tabe olmama) on üç günlük “inzibati” həbs cəzasına məhkum etmişdir.
Ərizəçi inzibati həbsi ilə bağlı Nizami rayon məhkəməsinin qərarından şikayət verməmişdir.
Tutulmasından sonra ərizəçi Gəncə Dövlət Universtitetinin 2003-cü il 30 aprel tarixli əmri ilə Əmək Məcəlləsinin 74-cü maddəsinin I hissəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Həmin maddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş işçinin əmək müqaviləsinə xitam verilməsinə əsas verirdi. Universitet rektoru tərəfindən imzalanmış əmrin müvafiq hissəsində qeyd edilirdi:
“2003-cü il aprelin 28-də universitetdə aparılan araşdırma zamanı fizika bölməsinin professoru olan cənab Cahangir Hüseyn oğlu Əmirovun iş yerində olmadığı müəyyən edilmişdir. Fakultə dekanı və kafedra müdiri tərəfindən verilən məlumata görə, 2003-cü il aprelin 28-də saat 8.30-da C.Əmirov iş yerində olmuş və mühazirə oxumuşdur. Ertəsi gün, 2003-cü il aprelin 29-da o, işə gəlməmişdir. Kafedra müdiri A.Rəsulov məsələ ilə bağlı universitet rektorluğuna məlumat vermişdir. Məsələ universitet rəhbərliyinin müraciəti ilə araşdırılmış və müəyyən edilmişdir ki, 2003-cü il aprelin 28-də polislə baş verən münaqişə səbəbindən professor C.Əmirov İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinə əsasən on üç günlük inzibati həbs cəzasına məhkum edilmişdir. (Mən) fizika bölməsinin professoru Cahangir Hüseyn oğlu Əmirovun 2003-cü il aprelin 30-dan etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin I hissəsinin “ç” bəndi əsasən əmək müqaviləsinə xitam verilməklə işdən azad olunmasını əmr edirəm.”
Ərizəçi əsassız işdən azad edilmə ilə bağlı şikayət ərizəsi vermişdir. İşin hallarından tərəflərin təqdim etdiyi müxtəlif ərizələr və ərizəçinin 2003-cü ilin oktyabrında müvəqqəti olaraq Azərbaycanı tərk etməsi səbəbindən, icraatın dəfələrlə təxirə salınması və nəhayət, işin hallarının araşdırılmadığı məlum olur.
2005-ci ilin əvvəlində icraat yenidən açılmış və Daşkəsən rayon məhkəməsi 2005-ci il aprelin 5-də ərizəçinin iddiasını əsassız hesab edərək təmin etməmişdir. Məhkəmə ərizəçinin inzibati əməli ilə bağlı cəzasının qüvvədə olması səbəbindən, işdən azad edilməsinin Əmək Məcəlləsinin 74-cü maddəsinin I hissəsinin “ç” bəndinə müvafiq olduğunu bildirmişdir.
2005-ci il aprelin 30-da ərizəçi birinci instansiya məhkəməsinin qərarından qanunu düzgün tətbiq etməməsi səbəbindən şikayət etmişdir. O, xüsusilə də işdən azad edilməsinin qanunsuz olduğunu iddia etmişdir, çünki Əmək Məcəlləsinin 74-cü maddəsinin I hissəsinin “ç” bəndi işçinin cinayət mühakiməsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı işdən azad olunmasınıi ifadə edirdi, o isə İnzibati Xətalar Məcəlləsi üzrə “inzibati” həbsə məhkum edilmişdir.
Apellyasiya Məhkəməsi qarşısında icraatın qeydlərindən birinci iclasın 2005-ci il iyulun 25-də baş tutduğu və tərəflərin şifahi bəyanatlar təqdim etdiyi məlum olur. Həmin iclasda ərizəçi işdən azad edilməsinin qanunsuz olduğunu bildirmiş, cavabdeh tərəfin nümayəndəsi isə “işdən azad edilmə ilə bağlı əmrin” tam qanuni əsaslara malik olmasını iddia edərək, məhkəmədən birinci instansiya məhkəməsinin qərarını təsdiqləməsini istəmişdir. İclasın sonunda məhkəmə sədri tərəflərə növbəti iclasın 2005-ci il iyulun 29-da olacağını və əlavə bəyanatlar verə biləcəklərini bildirmişdir.
2005-ci il iyulun 29-da Apellyasiya Məhkəməsi işlə bağlı ikinci iclasını keçirmişdir. Tərəflər əlavə bəyanatlar verməmişlər. Eyni gündə Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini rədd edən qətnamə çıxarmış, lakin onun işdən azad edilməsinə əsas verən halı dəyişmişdir. Apellyasiya Məhkəməsi Əmək Məcəlləsinin 74-cü maddəsinin I hissəsinin “ç” bəndinin ərizəçinin işinə tətbiq edilə bilməyəcəyini bildirmişdir. Bununla belə, Apellyasiya Məhkəməsi ərizəçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilə biləcəyini bildirmişdir. Belə ki o, əsaslı bir səbəb gətirmədən on üç gün ərzində işə gəlməmişdir. Məhkəmə işin halları işəgötürənə işçinin əmək müqaviləsinə xitam vermək üçün yetərli səbəblər versə də, işəgötürənin işdən azad etmə əmrində yanlış olaraq Əmək Məcəlləsinin qeyri-müvafiq müddəasına əsaslandığını aşkarlamışdır. Bu səbəbdən, Apellyasiya Məhkəməsi ərizəçinin Əmək Məcəlləsinin 74-cü maddəsinin I hissəsinin “ç” bəndi deyil, 70-ci maddəsinin “ç” bəndi üzrə işdən azad edilmiş olduğunu hesab etmişdir.
2005-ci il oktyabrın 3-də ərizəçi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində o, işdən azad edilməsi ilə bağlı Gəncə Dövlət Universitetinin 2003-cü il 30 aprel tarixli əmrinin qanunsuz olduğunu və həmin qərarı müdafiə edən birinci instansiya məhkəməsinin yanlışlığını irəli sürmüşdür. Ərizəçinin kassasiya şikayətinin Apellyasiya Məhkəməsi qarşısında icraatlarla bağlı hissəsinə gəldikdə, həmin hissə qısa idi və orada aşağıdakılar qeyd edilmişdi:
“Apellyasiya Məhkəməsi qanunsuz olaraq işin dairəsindən kənara çıxmış və mənim işdən azad edilməyim üçün Əmək Məcəlləsinin 74-cü maddəsinin I hissəsinin “ç” bəndini həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əvəz etmişdir. Halbuki, cavabdeh tərəfin bununla bağlı müraciəti yox idi.”
2005-ci il 14 dekabr tarixli iclasın protokolundan Ali Məhkəmə qarşısında icraatda ərizəçinin iştirak etdiyi, lakin qarşı tərəfin olmadığı aydın olur. Protokolun ərizəçinin Ali Məhkəmə qarşısındakı bəyanatları ilə bağlı hissəsində deyilir:
“Sədrlik edən hakim cənab C.Əmirova söz vermişdir. O, onun kassasiya şikayətinin dəlillərinin hərtərəfli şəkildə izahını vermiş və məhkəmədən Apellyasiya Məhkəməsinin 2005-ci il 29 iyul tarixli qətnaməsini qüvvədən düşmüş elan etməsini və işin yenidən araşdırılmasını xahiş etmişdir.”
Həmin gün Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini təsdiqləyən qərar çıxarmışdır. Ali Məhkəmənin qərarına əsasən, ərizəçi Əmək Məcəlləsinin 74-cü maddəsinin I hissəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq işdən azad edilməsi faktına baxmayaraq, birinci instansiya məhkəməsinin həmin faktı qiymətləndirmədiyini və Apellyasiya Məhkəməsinin onun işdən azad edilməsi ilə bağlı zəminləri dəyişdirməsi ilə əlaqədar səlahiyyətlərini aşdığını bildirmişdir. Qərarın ərizəçinin işdən azad edilməsi səbəbləri ilə bağlı şikayəti olan hissəsinə gəldikdə, orada aşağıdakılar qeyd edilirdi:
“İşin hallarından 2003-cü il aprelin 28-də universitetdə təhsil və iş intizamının araşdırması aparılan zaman fizika bölməsinin professoru cənab C.Əmirovun iş yerində olmadığı müəyyən edilmişdir. İşə gəlməməsi səbəblərinə aydınlıq gətirilməsi zamanı onun 2003-cü il aprelin 27-də Gəncədə Xasməmmədov küçəsində sərxoş vəziyyətdə polisin qanuni müraciətinə tabe olmadığı və polisi təhqir etməklə ictimai qaydanı pozduğu və bu səbəbdən, İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinə əsasən on üç günlük inzibati həbs cəzasına məhkum edildiyi müəyyən edilmişdir. Həbs edilməsi səbəbindən C.Əmirov aprelin 28-dən mayın 11-ə qədər işdə olmamışdır.
Bu səbəbdən, Məhkəmə tərkibi işdən azad edilmənin faktiki hallarını nəzərə alaraq, apellyasiya məhkəməsinin işdən azad edilmə ilə bağlı gətirdiyi səbəblərin qüvvədə olan əmək qanunvericiliyinə uyğun olduğunu hesab etmişdir.”
Ərizəçinin dediklərinə görə, qanunsuz işdən azad edilmə və daxili icraatın ədalətsizliyi ilə bağlı ATƏT-in Azərbaycan ofisi də daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatlara şikayətini bildirmişdir.
Müvafiq milli qanunvericilik və təcrübə
Əmək Məcəlləsi
70-ci maddə əmək müqaviləsinin aşağıdakı hallarda işəgötürən tərəfindən ləğv edilə biləcəyini nəzərdə tutur: (a) müəssisə ləğv edildikdə; (b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; (c) peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; (ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; və ya (d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda.
Əmək müqaviləsi 70-ci maddənin “ç” bəndində nəzərdə tutulan əsasla o halda ləğv edilə bilər ki, işçi qəsdən və ya etinasızlıqla əmək funksiyasını yerinə yetirmədiyinə görə iş yerində intizam qaydalarını pozmuş və ya mülkiyyətçinin, işəgötürənin və ya digər işçilərin hüquqlarına və ya qanunla qorunan mənafelərinə ziyan vurmuş olsun (71-ci maddənin II hissəsi). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (71-ci maddənin III hissəsi).
72-ci maddənin “a” bəndi işçinin heç bir üzrlü səbəb olmadan, yalnız özünün xəstəliyi və ya yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, bütöv iş günü işə gəlməməsinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hal olduğunu qeyd edir.
74-cü maddə tərəflərin iradəsindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilməsini tənzimləyir. Xüsusilə, 74-cü maddənin I hissəsinin “ç” bəndi əmək müqaviləsinə işçini azadlıqdan məhrum etmə cəzasına məhkum edən məhkəmə hökmünün qüvvəyə minməsi ilə tərəflərin iradəsindən asılı olmayaraq xitam verilə biləcəyini təsbit edir.
Mülki Prosessual Məcəllə (“MPM”)
Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir (9-cu maddə).
Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.4-cü maddə). Hakim işə əhəmiyyəti olan yeni halları aydınlaşdırmağı və ya əlavə sübutları tədqiq etməyi zəruri hesab edərsə, məhkəmə iclasının təzələnməsi haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir (218.2-ci maddə).
Hadisələrin baş verdiyi zaman qüvvədə olan 358-ci və 404-cü maddələr Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri olduğunu bildirir.
Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə qismində iş materiallarında qeyd edilən sübutlar və ya əlavə olaraq təqdim edilən sübutlar əsasında işə mahiyyəti üzrə baxmalıdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi hakiminin qərarının birbaşa və ya dolayı şəkildə apellyasiyada mübahisələndirilən hissəsinin qanuniliyinə baxır. Lakin əgər apellyasiya şikayəti qərarın qüvvədən düşmüş hesab edilməsini tələb edirsə və ya mübahisənin mövzusu onun ayrılmaz tərkib hissəsi olarsa, apellyasiya məhkəməsi qərarı bütünlüklə nəzərdən keçirməlidir. Bundan əlavə, ərizədə qaldırılan şikayətlərdən asılı olmayaraq, apellyasiya məhkəməsi aşağı məhkəmə tərəfindən maddi və prosessual qanuna əməl edilməsinə baxır (372-ci maddə).
415-ci maddə işdə iştirak edən tərəflərin və onların nümayəndələrinin kassasiya instansiyası məhkəməsi qarşısında baş tutacaq iclasın yeri və saatı barədə məlumatlandırılmalarının zəruriliyini tələb edir.
Kassasiya məhkəməsi işə faktlar deyil, qanun baxımından baxmağa səlahiyyətlidir. Bu, məhkəmənin hər hansı bir faktiki sübutu yenidən qiymətləndirməsi və ya aşağı instansiya məhkəmələrinin aşkarladıqlarına düzəliş etməsi imkanını istisna edir, lakin maddi hüququn düzgün tətbiqi, eləcə də aşağı məhkəmələr qarşısındakı işlərdə prosessual pozuntulara baxmaq səlahiyyətinə malikdir. Xüsusilə də, kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etmədiyinə baxır (416-cı maddə). Maddi və prosessual hüququn pozulması və ya yanlış tətbiqi apellyasiya məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları MPM-in 386-cı maddəsində qeyd edilmiş hallarda pozulmuş və ya düzgün tətbiq edilməmiş hesab olunur. Həmin maddəyə müvafiq olaraq, maddi hüquq birinci instansiya məhkəməsinin qanunun tətbiqi ilə bağlı səhvə yol verdiyi, müvafiq qanunu və ya digər normativ aktı tətbiq etmədiyi və ya qanunu düzgün şərh etmədiyi hallarda pozulmuş və ya düzgün tətbiq edilməmiş hesab edilir. Prosessual hüququn pozulması və ya düzgün tətbiq edilməməsi yalnız bunun yanlış qərar qəbul edilməsi ilə nəticələndiyi hallarda qətnamə və ya qərardadın ləğv edilməsi üçün əsas ola bilər. Kassasiya məhkəməsi mübahisəli qətnamə və ya qərardadı ləğv etmək və ya özü qərar qəbul etmək, yaxud da onu apellyasiya məhkəməsinə həvalə etmək səlahiyyətinə malikdir (417-ci maddə).
Ali Məhkəmə Plenumunun əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam edilməsi ilə bağlı əmək qanunvericiliyinin tətbiqi üzrə hüquqi təcrübə haqqında 23 dekabr 1993-cü il tarixli qərarı
Qərarın müvafiq hissəsində deyilir:
“31. Əgər işə bərpa edilmə ilə bağlı mübahisənin həlli zamanı rəhbərliyin əmək müqaviləsinə xitam verilməsinə səbəblərin olub-olmamasından asılı olmayaraq, o, işdən azad etmə ilə bağlı səbəbləri düzgün göstərməmiş və ya müvafiq qanuna istinad etməmişdirsə, məhkəmə işdən azad edilməyə əsas verən faktiki halları nəzərə alaraq, işdən azad etmə səbəblərini onları qüvvədə olan qanunvericiliyə uyğunlaşdırmaq məqsədilə dəyişə bilər.”
Ali Məhkəmənin kassasiya şikayəti ilə bağlı səlahiyyətlərinin həcmi ilə əlaqədar Konstitusiya Məhkəməsinin müvafiq hüquqi mövqeyi
Konstitusiya Məhkəməsi müxtəlif işlərdə Ali Məhkəmənin kassasiya şikayəti ilə bağlı icraatlarda səlahiyyətlərinin həcmini aydınlaşdırmaq imkanına malik olmuşdur (baxın, inter alia, Konstitusiya Məhkəməsinin A.İbrahimovun işi ilə bağlı 2004-cü il 12 aprel tarixli qərarı; A.Zalovun işi ilə bağlı 2004-cü il 21 may tarixli qərarı; M.Vəzirovanın işi ilə bağlı 2010-cu il 21 iyun tarixli qərarı). Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, işin faktiki hallarını araşdırmadan aparılan kassasiya icraatları yalnız hüquqi məqamlarla məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsi tərəfindən müəyyənləşdirilən faktlar və sübutlar əsasında maddi hüququn düzgün tətbiq edilib-edilmədiyini araşdırır. O, həmçinin prosessual hüququn aşağı məhkəmələr tərəfindən pozulub-pozulmadığını yoxlayır.
ŞİKAYƏTLƏR
1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsasən ədalətli məhkəmə araşdırılması hüququnun pozulduğunu bildirir. Belə ki, onun işdən azad edilmə əsasının Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilməsi özlüyündə qanunsuz idi. Bu baxımdan, ərizəçi, həmçinin Ali Məhkəmədə iclasın tarixi və yeri barədə məlumatlandırılmadığını və iclasın onun iştirakı olmadan keçirildiyini iddia edir.
2. Konvensiyanın 6-cı maddəsinə əsaslanaraq, ərizəçi, həmçinin siyasi fəallığı səbəbindən daxili məhkəmələr tərəfindən qərəzsizliyə riayət edilməməsindən və işinə lazımınca və ağlabatan müddət çərçivəsində baxılmadığından şikayət edir.
HÜQUQİ MƏSƏLƏLƏR
1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsasən Apellyasiya Məhkəməsi tərəfindən işdən azad edilmə əsaslarının dəyişdirilməsindən şikayət edir. 6-cı maddədə deyilir:
“Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə işinin ədalətli... araşdırılması ... hüququna malikdir.”
Tərəflərin dəlilləri
Hökumət
Hökumət ərizəçinin altı ay qaydasına əməl etmədiyini bildirmişdir. Bu baxımdan, Hökumət şikayətin Məhkəməyə 2006-cı il avqustun 29-da verildiyini qeyd etmişdir, halbuki Ali Məhkəmənin qəti qərarı 2005-ci il dekabrın 14-də qəbul edilmişdir.
Hökumət, həmçinin ərizəçinin öz etiraflarına görə onun eyni məsələ ilə bağlı digər beynəlxalq təşkilatlara şikayət etdiyini bildirmişdir. Bu səbəbdən, Konvensiyanın 35-ci maddəsinin 2 “b” yarımbəndinə müvafiq olaraq Məhkəmə eyni məsələyə baxa bilməzdi.
Bundan başqa, Hökumət ərizəçinin daxili vasitələri tükətmədiyini bildirmişdir. Xüsusilə də, Hökumətin mövqeyinə görə ərizəçinin kassasiya şikayəti həddindən artıq qeyri-müəyyən dildə ifadə edilməklə, Konvensiya müddəalarının pozuntusunun hərtərəfli şikayəti hesab oluna bilməzdi. Şikayətin mahiyyətinə gəldikdə, Hökumət Apellyasiya Məhkəməsi tərəfindən ərizəçinin işdən azad edilmə səbəblərinin dəyişdirilməsinin milli qanun və təcrübəyə uyğun olduğunu bildirmişdir. Bu məqsədlə Hökumət Ali Məhkəmə Plenumunun 1993-cü il 23 dekabr tarixli qərarına istinad etmişdir.
Hökumət işdən azad edilmə səbəblərinin dəyişdirilməsi ilə ərizəçinin müdafiə hüquqlarına xələl gətirilmədiyini iddia etmişdir. Onlar Apellyasiya Məhkəməsinin işin hallarına istinad etdiyini bildirmiş və ərizəçinin işə gəlməməsinin faktiki səbəblərini MPM-in 218-ci maddəsinə uyğun olaraq yeni hal hesab etmişlər. Hökumət həmin faktiki səbəblərin yeni sübut olduğunu qəbul etdikdən sonra Apellyasiya Məhkəməsinin tərəflərə bu sübutlara müvafiq yeni bəyanatlar etmək imkanı verdiyini qeyd etmişdir; lakin onlar bunu etməmişlər.
Hökumət ərizəçinin Ali Məhkəmə iclasının tarixi və yeri barədə məlumatlandırıldığını və həmin iclasda iştirak etdiyini bildirmişdir. Bunun sübutu olaraq Hökumət Ali Məhkəmə iclasının protokolunu təqdim etmişdir ki, buradan ərizəçinin iclasda iştirak və məhkəmə qarşısında çıxış etdiyi məlum olurdu. Hökumət, həmçinin ərizəçiyə iclasın tarixi və yerini bildirən 2005-ci il 20 oktyabr tarixli məhkəmə çağırışının nüsxəsini təqdim etmişdir.
Ərizəçi
Ərizəçi şikayətinin təqdim edilməsi tarixi ilə əlaqədar Hökumətlə razılaşmamış və onun göndərilməsi tarixinə dair sənədləri təqdim etmişdir.
Ərizəçi Hökumətin digər etirazlarını da mübahisələndirmiş və öz şikayətlərini təkrar etmişdir.
Şikayətin mahiyyəti ilə bağlı ərizəçi Hökumətin mövqeyini mübahisələndirmiş və öz şikayətlərini bir daha bildirmişdir. O, işdən azad edilməsi əsaslarının Konvensiyanın 6-cı maddəsinin tələblərinə zidd olduğunu hesab edir.
Ərizəçi Ali Məhkəmə qarşısında iclasda iştirak etmədiyi ilə bağlı heç bir iddia irəli sürməmişdir.
Məhkəmənin qiymətləndirməsi
İlkin mərhələdə Məhkəmə hazırkı şikayətin ərizəçi tərəfindən imzalanmış və tarixi qoyulmuş şəkildə Məhkəməyə 2006-cı il iyunun 6-da poçt vasitəsilə göndərildiyini bildirir. İngiliscə tərtib edilmiş şikayət Məhkəmə tərəfindən 2006-cı il iyunun 15-də alınmışdır. 2006-cı il avqustun 29-da ərizəçi 2006-cı il iyunun 6-da göndərilmiş eyni şikayətin azərbaycanca olan nüsxəsini göndərmişdir. Müvafiq olaraq, şikayət 2006-cı il iyunun 6-da və Ali Məhkəmənin qəti qərarını qəbul etdiyi 2005-ci il 14 dekabr tarixindən etibarən altı aylıq müddət daxilində təqdim edilmişdir. Bu səbəbdən, Hökumətin altı aylıq qaydaya riayət edilməməsi ilə bağlı etirazı təmin oluna bilməz.
Hökumətin ərizəçinin eyni məsələ ilə bağlı şikayətini digər beynəlxalq təşkilatlara bildirmiş olması ilə bağlı etirazına gəldikdə, iş materiallarına nəzər salan Məhkəmə ərizəçinin müraciət etdiyi beynəlxalq təşkilatlardan hər hansı birinin, məsələn, ATƏT-in Azərbaycandakı qərargahının Konvensiyanın 35-ci maddəsinin 2 “b” yarımbəndinə müvafiq olaraq beynəlxalq istintaq və ya mübahisənin həlli ilə bağlı icraat apardığını müəyyənləşdirə bilməmişdir. Bu səbəbdən, Hökumətin bununla bağlı etirazı təmin edilə bilməz.
Hökumətin daxili vasitələrin tükənməsi qaydası ilə bağlı etirazına gəldikdə, Məhkəmə hazırkı şikayətin iki fərqli məsələ qaldırdığını qeyd etmişdir: birincisi, Apellyasiya Məhkəməsinin özlüyündə ərizəçinin işdən azad edilmə səbəblərini dəyişmək səlahiyyətinə malik olub-olmaması və ikincisi, ərizəçinin işdən azad edilmə səbəbinin Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilməsinin onun çəkişməli icraat hüququna xələl gətirməsi.
Apellyasiya Məhkəməsinin səlahiyyəti ilə bağlı
Məhkəmə hesab edir ki, Hökumətin ərizəçinin daxili vasitələri tükəndirməməsi ilə bağlı etirazını araşdırmaq zəruri deyildir. Belə ki, o, hətta bu cür etmiş olsa belə, hər bir halda şikayətin bu hissəsi aşağıdakı səbəblərdən qeyri-məqbul idi.
Məhkəmə qeyd edir ki, ərizəçinin şikayəti onun ədalətli məhkəmə araşdırılması hüququnun Apellyasiya Məhkəməsi tərəfindən əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi ilə pozulmasından irəli gəlir. Bununla bağlı, Məhkəmə təkrar edir ki, Konvensiyanın 19-cu maddəsinə əsasən onun vəzifəsi bir qayda olaraq Konvensiyaya üzv Dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə nəzarət etməkdir. Xüsusilə də, milli məhkəmələr tərəfindən Konvensiya ilə müdafiə edilən hüquq və azadlıqlara xələl gətirilmədikcə, iddia edilən fakt və hüquq pozuntularına baxmaq onun funksiyalarına daxil deyildir (baxın, Qarsia Ruiz İspaniyaya qarşı (BP), no. 30544/96, § 28, İHAK 1999‑I). Məhkəmə qeyd edir ki, daxili hüququn şərh edilməsi ilk növbədə milli orqanlar, xüsusilə də milli məhkəmələrin üzərinə düşür və o, qanunsuzluğa yer vermədikcə, Məhkəmə onların yurisdiksiyasını öz yurisdiksiyası ilə əvəz etməyəcəkdir (baxın, Tejedor Qarsia İspaniyaya qarşı, 16 dekabr 1997-ci il, § 31, Qərar və Qərardadların Hesabatı, 1997‑VIII və Bulut Avstriyaya qarşı, 22 fevral 1996-cı il, § 29, Qərar və Qərardadların Hesabatı, 1996‑II).
Məhkəmə qeyd edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işdən azad edilmə əsasının dəyişdirilməsi Ali Məhkəmə Plenumunun 1993-cü il 23 dekabr tarixli qərarına müvafiq idi. Bundan əlavə, ərizəçinin işdən azad edilməsi əsasının dəyişdirilməsinin müvafiq qanun və təcrübəyə uyğunluğu Ali Məhkəmənin 2005-ci il 14 dekabr tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən, milli hüququn şərhi və tətbiqinin milli məhkəmələrin üzərinə düşdüyü nəzərə alınarsa, Məhkəmə Ali Məhkəmənin işçinin azad edilməsi əsasının Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilməsi ilə bağlı səlahiyyətini təsdiq etməsi qanunsuz və ya açıq-aşkar əsassız hesab edə bilməz.
Bu səbəbdən, şikayətin həmin hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə müvafiq olaraq rədd edilməlidir.
Ərizəçinin çəkişməli icraat hüququnun pozulması iddiası ilə bağlı
Məhkəmə təkrar edir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər bir tərəfə onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir (baxın, Nideröst-Huber İsveçrəyə qarşı, 18 fevral 1997-ci il, § 24, Qərar və Qərardadların Hesabatı, 1997‑I, və Krčmář Çexiya Respublikasına qarşı, no. 35376/97, § 40, 03 mart 2000-ci il). Məhkəmə qeyd edir ki, hakim özü, xüsusilə də şikayəti rədd edərkən və ya mübahisəni öz qərarı ilə həll etdiyi hallarda, çəkişməli icraat prinsipinə riayət etməlidir (baxın, Skondrianos Yunanıstana qarşı, no. 63000/00, 74291/01 və 74292/01, § 30, 18 dekabr 2003-cü il və Prikyan və Angelova, no. 44624/98, § 42, 16 fevral 2006-cı il).
Məhkəmə qeyd etmişdir ki, hazırkı şikayət Apellyasiya Məhkəməsi tərəfindən işdən çıxarılmanın hüquqi əsaslarının dəyişdirilməsinə dair qərarla əlaqədar yeni faktlar irəli sürməsi yolu ilə ərizəçinin Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan çəkişməli icraat hüququna xələl gətirib-gətirmədiyi məsələsini qaldırır (müqayisə üçün, mutatis mutandis, Clinique des Acacias və digərləri Fransaya qarşı, nos. 65399/01, 65406/01, 65405/01 və 65407/0, §§ 39‑40, 13 oktyabr 2005-ci il və Prikyan və Angelova Bolqarıstana qarşı, §§ 43-47). Belə olan halda, Məhkəmə daha sonra Ali Məhkəmənin apellyasiya instansiyasında ortaya çıxan istənilən ədalətsizliyi aradan qaldırmaq imkanına malik olub-olmadığına qərar verəcəkdir (baxın, mutatis mutandis, Ranson Birləşmiş Krallığa qarşı, (qərardad), no. 14180/03, 02 sentyabr 2003-cü il).
Hazırkı işdə Apellyasiya Məhkəməsi iclasının protokoluna görə cavabdeh tərəf məhkəməyə işdən azad edilmənin qanuni əsasını dəyişməklə bağlı müraciət etməmiş və həmin məsələ icraat zamanı tərəflər arasında müzakirə edilməmişdir. Məhkəmə hesab edir ki, ərizəçi Apellyasiya Məhkəməsinin qərar çıxarmasına qədər işdən azad edilməsi əsasının dəyişikliyə uğramasından xəbərsiz idi. Bununla bağlı, Məhkəmə Hökumətin işdən azad edilmə ilə bağlı ərizəçinin Apellyasiya Məhkəməsi qarşısında dəlillərini irəli sürməsi imkanına malik olması ilə əlaqədar arqumentini qəbul etmir.
Bununla belə, Məhkəmə Konvensiyanın 6-cı maddəsinə uyğunluğun apellyasiya icraatı da daxil olmaqla, bütöv icraat baxımından müəyyənləşdirilməsinin zəruriliyini qeyd edir. Sonrakı baxış mühakimə zamanı ortaya çıxan istənilən çatışmazlığı aradan qaldıra bilərdi (baxın, mutatis mutandis, Dallos Macarıstana qarşı, no. 29082/95, §§ 47-53, ECHR 2001‑II, və Sipavičiu Litvaya qarşı, no. 49093/99, §§ 30-33, 21 fevral 2002-ci il). Bu baxımdan, Məhkəmə qeyd edir ki, ilk növbədə Ali Məhkəmənin Apellyasiya Məhkəməsi qarşısında icraatda ortaya çıxdığı iddia edilən çatışmazlıqları aradan qaldırmaq səlahiyyətinə malik olub-olmadığı müəyyənləşdirilməlidir. Həmin sualın cavabı müsbət olarsa, daha sonra ərizəçinin Ali Məhkəmə qarşısında işdən azad edilmə əsasının Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilməsinin onun çəkişməli icraat hüququnu pozması ilə bağlı şikayət verib-vermədiyi müəyyənləşdirilməlidir.
Məhkəmə qeyd edir ki, Ali Məhkəmə kassasiya məhkəməsi qismində işin fakt və sübutları ilə maraqlanmır və birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallar əsasında qərar verir. Lakin Ali Məhkəmə maddi və prosessual hüququn birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən düzgün tətbiq edildiyini yoxlayır. Yanlış qərarın verilməsi ilə nəticələnən prosessual pozuntu apellyasiya məhkəməsi qərarının Ali Məhkəmə tərəfindən ləğv edilməsi üçün yetərli əsasdır. Hazırkı işdə olduğu kimi əsas məsələ Ali Məhkəmənin prosessual pozuntularla bağlı səlahiyyəti məsələsidir. Məhkəmə Ali Məhkəmənin daxili hüquqla müəyyənləşdirilən səlahiyyətlərinin həcminin ona Apellyasiya Məhkəməsi qarşısında icraatda ortaya çıxan prosessual pozuntuları aradan qaldırmaq hüququnu verməsi ilə razılaşır (baxın, müvafiq daxili hüquq, xüsusilə də MPM-in 417-ci maddəsi).
Qalan məsələ ərizəçinin işdən azad edilməsi üçün əsasların Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilməsinin onun çəkişməli icraat hüququna xələl gətirməsini Ali Məhkəmə qarşısında irəli sürüb-sürmədiyinin müəyyənləşdirilməsidir. Bu baxımdan, Məhkəmə qeyd edir ki, daxili vasitələrin tükənməsi qaydasını tələb edən 35-ci maddənin 1-ci bəndinin məqsədi üzv Dövlətlərə onlara qarşı irəli sürülən pozuntuların onların Məhkəməyə təqdim edilməsindən daha öncə bərpa edilməsi və ya önlənməsi imkanı verməkdir (baxın, müxtəlif mənbələr arasında, Kudła Polşaya qarşı (BP), no. 30210/96, § 152, İHAK 2000‑XI). Məhkəmə qeyd edir ki, daxili hüquqi müdafiə vasitələrinin tükənməsinin zəruriliyi qaydası yalnız şikayətlərin müvafiq daxili məhkəmələrə təqdim edilməsi və artıq çıxarılmış qərarları mübahisələndirmək üçün nəzərdə tutulmuş hüquqi vasitələrdən istifadə edilməsini tələb etmir. O, ümumilikdə Strasburqa göndəriləcək şikayətlərin ən azı milli hüquqla müəyyənləşdirilən formal tələblər və zaman məhdudiyyətləri çərçivəsində həmin məhkəmələr qarşısında irəli sürülməsini tələb edir (baxın, inter alia, Kardo Fransaya qarşı, 19 mart 1991-ci il, § 34, Seriya A, no. 200).
Bununla bağlı, ərizəçinin Ali Məhkəməyə kassasiya şikayətinin mətnini araşdırarkən, Məhkəmə onun yalnız Apellyasiya Məhkəməsinin işdən azad etmə əsaslarını dəyişməklə səlahiyyətlərinin həcmini aşdığından şikayət etdiyini müşahidə etmişdir. Kassasiya şikayətində ərizəçinin Apellyasiya Məhkəməsi tərəfindən işdən azad edilməsi əsasının dəyişdirilməsini həmin məhkəmə qarşısında mübahisələndirə bilməməsindən şikayət etmək niyyətində olduğu barədə heç bir əlamət yox idi. Müvafiq olaraq, o, mahiyyətcə çəkişməli icraat prosessual hüququnun pozulmasından şikayət etməmişdir. Bu baxımdan, Məhkəmə qeyd edir ki, Ali Məhkəmə iclasının protokoluna müvafiq olaraq ərizəçi iclasda iştirak etmişdir və Ali Məhkəmə qarşısında cavabdeh tərəfin iştirakı olmadan işdən azad edilməsinin qanuni əsaslarının dəyişdirilməsi ilə bağlı dəlillərini təqdim və ifadə etmək imkanına malik idi.
Bununla əlaqədar Məhkəmə qeyd edir ki, ərizəçilərin daxili məhkəmələrin çıxardıqları qərarları mübahisələndirmək imkanına malik olmadıqları Prikyan və Angelova və Clinique des Acacias və digərləri işindən fərqli olaraq, hazırkı işdə ərizəçi Ali Məhkəmə qarşısında işdən azad edilmə əsaslarının Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilməsi səbəbindən çəkişməli icraat hüququnun pozulması ilə bağlı dəlil irəli sürmək imkanına malik idi. Lakin o bu imkandan faydalanmamışdır.
Yuxarıda qeyd olunanlardan bəlli olur ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə müvafiq olaraq rədd edilməlidir.
2. Konvensiyanın 6-cı maddəsinə müvafiq olaraq ərizəçi siyasi fəallığı səbəbindən daxili məhkəmələrin onun işində qərəzsizliyi qorumaması və işinə müvafiq qaydada və ağlabatan zaman müddətində baxmamasından şikayət etmişdir.
Malik olduğu materialları və mübahisə edilən məsələnin səlahiyyəti çərçivəsində olduğunu nəzərə alaraq, Məhkəmə şikayətin bu hissəsinin Konvensiyanın pozuntusunu açıqlamadığını hesab edir. Buradan belə məlum olur ki, şikayət açıq-aşkar əsassız olduğundan Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə görə qeyri-məqbul elan edilməli və 4-cü bəndinə əsasən rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə əksəriyyətlə,
Şikayəti qeyri-məqbul elan edir.
Soren Nilsen Xristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy