İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Etimad Əsədov və digərlərinin Azərbaycana qarşı
138/03 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi 12 yanvar 2006-cı il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab L.Lukaides,
xanım F.Tulkens,
xanım E.Steyner,
cənab X.Hacıyev,
cənab D.Spilman,
cənab S.E.Cebens, hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 19 noyabr 2002-ci il tarixdə verilmiş şikayəti, cavabdeh Hökumət tərəfindən təqdim olunmuş izahatları və cavab olaraq ərizəçilərin təqdim etdiyi izahatları nəzərə alıb, müzakirə apararaq qərara alır:
FAKTLAR
Azərbaycan vətəndaşları olan ərizəçilər cənab Etimad Əsədov, Firudin Məmmədov, Asəf Əliyev, Bəhruz Camalov və Oqtay Mehdiyev müvafiq olaraq 1963, 1970, 1965, 1962 və 1968-ci illərdə anadan olmuş və Bakıda yaşayırlar. Onları Məhkəmə qarşısında Bakıda vəkil işləyən cənab İ.Əliyev və A.Quliyev təmsil edib. Cavabdeh Hökuməti Azərbaycan Respublikasının Məhkəmədəki nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
A. İşin halları
Tərəflərin təqdim etdiklərinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
20 dekabr 2001-ci ildə ərizəçilər «Qarabağ Qaziləri» adlanan ictimai birlik təsis etmişlər. Bu, Qarabağ müharibəsi əlillərinə yardım göstərilməsinə və onların maraqlarının müdafiəsinə yönələn qeyri-kommersiya təşkilatı olub.
Təsisçilərin yığıncağından sonra ərizəçilər birliyin dövlət qeydiyyatı üçün hüquqi şəxslərin dövlət qeydiyyatını aparan Ədliyyə Nazirliyinə müraciət etmişlər. Daxili qanunvericiliyə müvafiq olaraq, qeyri-hökumət təşkilatı hüquqi şəxs statusunu yalnız Ədliyyə Nazirliyində qeydə alındıqdan sonra əldə edir. Ərizəçilər müraciəti 2001-ci ilin dekabrında etdiklərini iddia edərkən, Hökumət bildirdi ki, bu müraciət Nazirliyə rəsmi olaraq 08 fevral 2002-ci ildə daxil olub.
15 fevral 2002-ci ildə Ədliyyə Nazirliyi hər hansı hərəkət etmədən, yəni dövlət qeydiyyatı şəhadətnaməsini və ya birliyi qeydə almaqdan rəsmi imtinanı vermədən qeydiyyat sənədlərini ərizəçilərə qaytarmışdır. Müşayiətedici məktubda Nazirlik ümumi şəkildə qeyd etdi ki, birliyin nizamnaməsi «Qeyri-hökumət təşkilatları haqqında» Qanunun nizamnamənin məzmununa aid ümumi tələbləri nəzərdə tutan 13.1-ci maddəsinə cavab verməyib.
Ərizəçilər Nazirliyin izahlarına uyğun olaraq nizamnaməni yenidən tərtib edərək, 12 aprel 2002-ci ildə onun yeni versiyasını dövlət qeydiyyatı üçün yenidən təqdim etmişlər. Qeydiyyat sənədlərinin yenidən təqdim olunmasından sonra ərizəçilər Nazirlikdən cavabı qanunla müəyyən olunmuş beş günlük müddətdə almağı gözləmələrinə baxmayaraq, onlar sonrakı üç ay ərzində Nazirlikdən heç bir cavab almayıblar.
2002-ci ilin iyulunda ərizəçilər Yasamal rayon məhkəməsinə müraciət edərək, Nazirliyin onların təşkilatını qeydə almaqdan «yayınmağından» şikayətlənməklə, məhkəmədən Nazirliyə onu qeydə almağı tapşırmağı xahiş etmişlər. Həmin vaxtda, 19 iyul 2002-ci ildə Nazirlik ərizəçilərə sənədlərin yenə də Nazirlik tərəfindən hər hansı hərəkət edilmədən qaytarılmasını məlumatlandıran məktub göndərdi. Bu dəfə qeydiyyatın aparılmamasının səbəbini «Qeyri-hökumət təşkilatları haqqında» Qanunun 25.1-ci maddəsinin tələb etdiyi kimi birliyin idarə orqanlarının fəaliyyət müddətinin nizamnamədə göstərilməməsi təşkil edib. Daha dəqiq, Nazirlik qeyd etdi ki, nizamnamə birliyin sədr müavininin səlahiyyət müddətini əks etdirməyib. Ərizəçilər iddia etdilər ki, bu məktub məhkəmə araşdırmalarında təqdim edilməmişdən əvvəl onlar həmin məktubu heç zaman görməyiblər.
07 avqust 2002-ci ildə Yasamal rayon məhkəməsi Nazirliyin hərəkətlərində qanunsuzluq müəyyən etməyərək, ərizəçilərin tələbini rədd etdi. Məhkəmə müəyyən edib ki, birliyin nizamnaməsi daxili qanunvericiliyin tələblərinə müvafiq olaraq tərtib edilməyib. Ərizəçilər nizamnamədə sədr müavininin səlahiyyət müddətinin göstərilməməsinə dair tələbin «absurd» olmasını və təşkilatın qeydə alınmasından yayınmaq üçün əsas ola bilməməsini iddia edərək şikayət etdilər. 11 oktyabr 2002-ci ildə Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qətnaməsini qüvvədə saxladı. 12 fevral 2003-cü ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxladı.
Həmin vaxtda, məhkəmə araşdırılmaları davam edən zaman ərizəçilər 19 iyul 2002-ci il tarixli məktubla Nazirliyin etdiyi qeydləri nəzərə almaqla, birliyin nizamnaməsini yenidən tərtib edərək, 16 sentyabr 2002-ci ildə qeydiyyat sənədlərini bir daha təqdim etmişlər. Ərizəçilərə görə, 14 fevral 2004-cü ildə qeydiyyat sənədləri yenidən hər hansı izah olunmadan onlara qaytarılanadək, onlar Nazirlikdən heç bir cavab almamışlar.
B. Müvafiq daxili qanunvericilik
1. Azərbaycan Respublikasının 2000-ci il tarixli Mülki Məcəlləsi
Maddə 47. Hüquqi şəxsin nizamnaməsi
«47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. ...
47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. ...»
Maddə 48. Hüquqi şəxslərin dövlət qeydiyyatı
«48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. ...
48.2. Hüquqi şəxsin yaradılması qaydasının pozulması və ya onun nizamnaməsinin bu Məcəllənin 47-ci maddəsinə uyğun gəlməməsi hüquqi şəxsi dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur. ...»
2. «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» 06 fevral 1996-cı il
tarixli Qanun
Maddə 9. Ərizəyə baxılması
«Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı üçün müraciət edildikdə, dövlət qeydiyyatı orqanı:
- sənədləri baxılmaq üçün qəbul edir;
- dövlət qeydiyyatı üçün müraciət edənə 10 gün müddətində dövlət qeydiyyatı haqqında şəhadətnamə, yaxud dövlət qeydiyyatına almaqdan imtina barədə yazılı məlumat verir;
- dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərdə yol verilmiş çatışmazlıqlar aradan qaldırıldıqda həmin sənədləri baxılmaq üçün qəbul edir və dövlət qeydiyyatına almaq barədə 5 gün müddətində qərar qəbul edir. »
3. «Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında»
13 iyun 2000-ci il tarixli Qanun
Maddə 16. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı
«16.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
16.2. Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.»
Maddə 17. Dövlət qeydiyyatına alınmasından imtina
«17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər.
17.2. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtinanın əsasları və təsis sənədlərinin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələri göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur.
17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz.
17.4. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtinadan məhkəmə qaydasında şikayət verilə bilər.»
Maddə 25. İctimai birliyin idarə olunmasının əsasları
«25.1. İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbuletmə və ictimai birliyin adından çıxışetmə qaydaları bu qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. ...»
4. Azərbaycan Respublikasının 1995-ci il tarixli Konstitusiyası
Maddə 8. Azərbaycan dövlətinin başçısı
«IV.Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.»
Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri
«Azərbaycan Respublikasının Prezidenti: ...
(9) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir; ... »
Maddə 127. Hakimlərin müstəqilliyi
“I. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. ...
III. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. ...”
Maddə 128. Hakimlərin toxunulmazlığı
“I. Hakimlər toxunulmazdırlar.
II. Hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər.
III. Hakimlərin səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər.
IV. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir.”
5. «Məhkəmələr və hakimlər haqqında» 10 iyun 1997-ci il tarixli Qanun
(həmin vaxtda tətbiq edildiyi kimi)
Bu Qanunun 94-cü maddəsinə və Konstitusiyanın 109-cu maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin və apellyasiya məhkəmələrinin hakimləri Azərbayan Respublikası Prezidentinin təqdimatı üzrə Milli Məclis tərəfindən təyin olunur. Bütün başqa hakimlər Prezident tərəfindən təyin olunur. Prezident, həmçinin, məhkəmələrin və məhkəmə kollegiyalarının sədrlərini təyin edir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının məhkəmələrinin hakim vəzifələrinə namizədlərin seçilməsində iştirak edir.
96-cı maddəyə əsasən Ali Məhkəmənin, İqtisad Məhkəməsinin, Apellyasiya Məhkəməsinin və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimlərinin səlahiyyət müddəti 10, bütün başqa hakimlərin səlahiyyət müddəti isə 5 ildir.
97-ci maddəyə müvafiq olaraq, hakim onun səlahiyyəti müddəti bitənədək vəzifədən kənarlaşdırıla bilməz, istisnanı 113-cü maddədə göstərilən xüsusi hallar təşkil edir (öz arzusu ilə, ölüm, fiziki və ya mənəvi qabiliyyətsizlik, hakim vəzifəsinə uyğun olmayan fəaliyyətlə məşğul olma, Azərbaycan vətəndaşlığından çıxma və s.)
Qanun, həmçinin, müstəqillik, dəyişilməzlik, məhkəmə toxunulmazlığı, şəxsi təhlükəsizlik, eləcə də hakimlərin maddi və sosial müdafiəsinə dair təminatları təsbit edir.
6. Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 1998-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurası haqqında Əsasnamə («Məhkəmə-Hüquq Şurası haqqında» 28 dekabr 2004-cü il tarixli Qanunla əvəzlənib)
Əsasnamənin 1.2-ci maddəsinə əsasən, Məhkəmə-Hüquq Şurası yalnız Azərbaycan Respublikasının Prezidentinə tabe olan və öz səlahiyyətləri çərçivəsində məhkəmələrin təşkilində, hakim vəzifələrinə namizədlərin seçilməsində, eləcə də məhkəmə və hakimlərə aid olan başqa məsələlərdə Prezidentə kömək edən kollegial orqandır.
3-cü maddəyə əsasən, Məhkəmə-Hüquq Şurası aşağıdakı məsələlərə baxır və Prezidentə təkliflər verir: (1) məhkəmələrin təşkili (yerləşməsi, ərazi yurisdiksiyası və hakimlərin sayı); (2) hakim vəzifələrinə namizədlərdən müraciətlər və onların peşə keyfiyyətlərinin müəyyən edilməsi üçün imtahanların keçirilməsi; (3) hakimlərin təltifi; (4) məhkəmə fəaliyyətinin hüquqi və informasiya təminatı və məhkəmələrin maliyyələşdirilməsi; (5) «Məhkəmələr və hakimlər haqqında» Qanunda nəzərdə tutulan hallarda hakimlərin səlahiyyətinin vaxtından əvvəl xitamı.
2-ci maddəyə müvafiq olaraq, Məhkəmə-Hüquq Şurası Prezident tərəfindən təyin edilən 7 şəxsdən ibarətdir.
4-cü maddəyə əsasən Məhkəmə-Hüquq Şurasının qərarları səslərin çoxluğu ilə qəbul olunur. İclasın sədri yalnız başqaları öz səslərini verdikdən sonra səs verir. Şuranın bütün üzvləri qəbul olunmuş qərarları imzalayır və onlardan hər biri xüsusi rəydə qalmaq hüququna malikdir.
7. «Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının tərkibi haqqında» 24 dekabr 1998-ci il tarixli Prezident sərəncamı («Məhkəmə-Hüquq Şurası haqqında» 28 dekabr 2004-cü il tarixli Qanunla əvəzlənib)
Sərəncama görə, Məhkəmə-Hüquq Şurasının tərkibi aşağıdakı kimi olub: (1) Ədliyyə Naziri (Şuranın Sədri); (2) Konstitusiya Məhkəməsinin Sədri; (3) Ali Məhkəmənin Sədri; (4) İqtisad Məhkəməsinin Sədri; (5) Apellyasiya Məhkəməsinin Sədri; (6) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Sədri; və (7) Ağır cinayətlərə dair işlər üzrə Məhkəmənin sədri.
8. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2000-ci il tarixli qərarı ilə qəbul olunmuş «Azərbaycan Respublikasında hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları» (Məhkəmə-Hüquq Şurasının 11 mart 2005-ci il tarixli qərarı ilə qəbul olunmuş «Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları» ilə əvəzlənib)
Qaydalar təyin olunması və ya hakim kimi Prezident tərəfindən təqdim edilməsi üçün namizədlərin seçilməsi prosedurunu müəyyən edir. Qaydalara görə, Məhkəmə-Hüquq Şurası namizədləri iki mərhələdə seçir. Seçkinin əvvəlində Şura müsahibənin şərt və prosedurunu, eləcə də zəruri olan bütün başqa məlumatları kütləvi informasiya vasitələrində dərc edir. Seçki prosesinin birinci mərhələsi namizədin hüquqi dərəcəsinin müəyyən edilməsinə yönələn fərqli hüquqi məsələlər üzrə müxtəlif seçimli 140 sualı və namizədin ümumi biliyinin və məntiqi düşüncə qabiliyyətinin müəyyən edilməsinə yönələn müasir milli və beynəlxalq məsələlər üzrə əlavə 60 sualı əks etdirən yazılı imtahandan ibarətdir. İştirakçılar suallara cavabları öz adlarını qeyd etmədən yalnız şəxsi imtahan kodlarını yazdıqları xüsusi imtahan kartında qeyd edirlər. İmtahan kartlarının qiymətləndirilməsi prosesi və iştirakçıların ballarının müəyyən edilməsi kompyuterləşdirilib. Bu prosesə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (tələbələrin ali tədris müəssisələrinə qəbul olunması üçün testi həyata keçirən orqan) ilə birgə Məhkəmə-Hüquq Şurası nəzarət edir.
İkinci mərhələ yazılı imtahanda ən yuxarı bal əldə edən bütün 600 ərizəçinin buraxıldığı şifahi müsahibədən ibarətdir. Müsahibə, bir neçə müsahibə kollegiyasını formalaşdıran Məhkəmə-Hüquq Şurasının üzvləri tərəfindən aparılır. Əlavə olaraq, məşhur hüquq alimləri və hüquqşunaslar hər bir kollegiyada müsahibə aparanlar qismində iştirak etmək üçün dəvət edilə bilər. Müsahibədən sonra müsahibəni aparanlar namizəd barəsində öz fikirlərini bölüşdürür və müvafiq normalara əsasən onun müsahibə balını müəyyən edirlər. Bundan sonra nəticələr Məhkəmə-Hüquq Şurasının Sədrinə təqdim edilir.
Ali Məhkəmənin, İqtisad Məhkəməsinin, Apellyasiya Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məkəməsinin, Ağır cinayətlərə dair işlər üzrə Məhkəmənin və Ağır cinayətlərə dair işlər üzrə hərbi Məhkəmənin sədrləri yazılı imtahandan və müsahibədən azaddırlar.
Hüquq elmləri doktoru dərəcəsinə malik olan ərizəçilər yazılı imtahandan azaddırlar.
Müsahibə mərhələsi başa çatdıqdan sonra Məhkəmə-Hüquq Şurası uğurlu namizədlərin yekun siyahısını hazırlayır və onu mətbuatda dərc edir. Namizədlərin siyahısı müvafiq təkliflərlə birgə sonra hakimlərin təyini üçün Prezidentə təqdim olunur.
ŞİKAYƏTLƏR
1. Ərizəçilər Konvensiyanın 11-ci maddəsinə əsasən şikayət etdilər ki, Ədliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş vaxtda birliyin qeydə alınmaması onların birləşmək azadlığına müdaxiləni təşkil edib. Qeydiyyat müraciətlərinin baxılmasında əhəmiyyətli gecikmələr etməklə, Nazirlik təşkilatın qeydə alınmasından yayındığına və rəsmi cavab üçün qanunla müəyyən olunmuş müddəti pozduğuna görə, onların təşkilatı hüquqi şəxs statusunu əldə edə bilməyib. Bu, iddia edilənə görə onların birlik təsis etmək hüquqlarına müdaxiləni təşkil edib.
2. Ərizəçilər daha sonra şikayət etdilər ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə zidd olaraq, daxili bütün instansiya məhkəmələri müstəqil və qərəzsiz olmayıb. Onlar qeyd etdilər ki, Azərbaycanda hakim vəzifələrinə namizədlərin seçilməsi Ədliyyə Nazirinin sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilir. Ərizəçilər iddia etdilər ki, belə olan halda daxili məhkəmələrin hakimləri Ədliyyə Nazirliyinə qarşı işlər üzrə müstəqil və qərəzsiz ola bilməzlər, ona görə ki, onların sonrakı yenidən təyini Məhkəmə-Hüquq Şurasının Sədri kimi Ədliyyə Nazirinin mülahizəsindən asılıdır.
3. Nəhayət, ərizəçilər şikayət etdilər ki, Konvensiyanın 13-cü maddəsi pozularaq, onların işi üzrə daxili vasitələr səmərəsiz olub, ona görə ki, məhkəmələrdə həmişə Nazirliyin xeyrinə qərar çıxarmaqla bağlı müəyyən olunmuş təcrübə vardır. Onlar bildirdilər ki, ümumi təcrübəyə görə Azərbaycan məhkəmələri həmişə hökumət orqanlarının xeyrinə qərar çıxarıblar. Xüsusən, ərizəçilər iddia etdilər ki, məhkəmələr Ədliyyə Nazirliyinə qarşı işlər üzrə qeyri-hökumət təşkilatlarının xeyrinə heç zaman bir qərar belə çıxarmayıblar.
HÜQUQİ MƏSƏLƏLƏR
1. Ərizəçilər şikayət etdilər ki, Ədliyyə Nazirliyi tərəfindən birliyin qeydə alınmasında qanunla müəyyən olunmuş müddətlərə riayət edilməməsi onların Konvensiyanın 11-ci maddəsi ilə təmin olunmuş birləşmək azadlıqlarına müdaxiləni təşkil edib. Bu maddə aşağıdakıları nəzərdə tutur:
«1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ var.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq, sağlamlığın və mənəviyyatın mühafizəsi və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.»
Hökumət qeyd etdi ki, ərizəçilərin birinci qeydiyyat müraciətlərinə cavab verməklə, Nazirlik qanunla müəyyən olunmuş müddətlərə riayət edib, ona görə ki, qeydiyyat müraciəti 08 fevral 2002-ci ildə təqdim edilib və Nazirlik öz cavabını 15 fevral 2002-ci ildə, yəni qanunla müəyyən olunmuş 10 günlük müddət ərzində verib. Ərizəçilər tərəfindən 12 aprel 2002-ci il tarixli ikinci qeydiyyat müraciətinə gəldikdə isə, Hökumət hər hansı sübut gətirmədən iddia etdi ki, Nazirlik bu müraciətə ərizəçilərin bildirdiyi kimi 19 iyul 2002-ci ildə deyil, 10 may 2002-ci ildə cavab verdi.
Buna baxmayaraq, Hökumət təsdiq etdi ki, birinci qeydiyyat müraciətinə cavab istisna olmaqla, Nazirlik ərizəçilərin sonrakı qeydiyyat müraciətlərinə cavab verməkdə qanunla müəyyən olunmuş müddəti pozub. Lakin Hökumət vurğuladı ki, bu gecikmələr texniki səbəblər üzündən baş verib. Dövlət qeydiyyatı üçün müraciət edən yeni təsis olunmuş ictimai birliklərin çoxalan sayına görə müəyyən vaxtlarda Nazirlik üçün bu müraciətlərə qanunla müəyyən olunmuş qısa müddətlərdə baxmaqda çətinlik yaranıb. Lakin Hökumət belə fikirdə olub ki, gecikmiş prosesə baxmayaraq, ərizəçilərin qeydiyyat müraciətləri ağlabatan müddətdə həll olunub.
Hökumət daha sonra təsdiq etdi ki, Ədliyyə Nazirliyi birliyi qeydə almaqdan rəsmi imtina eməyib, lakin «birliyin nizamnaməsinin qanunvericiliyə uyğunlaşdırılması üçün» qeydiyyat sənədlərini sadəcə olaraq ərizəçilərə qaytarıb. Buna görə, Hökumət belə nəticəyə gəlib ki, birliyin nizamnaməsində çatışmazlıqları aradan qaldırmaq müraciəti, təşkilatın qeydə alınmasından rəsmi imtinanı və onun fəaliyyətinə maneəni təşkil etmədiyi üçün ərizəçilərin birləşmək azadlıqlarına müdaxilə olmayıb.
Ərizəçilər təsdiq etdilər ki, birinci qeydiyyat müraciəti Hökumətin iddia etdiyi kimi 08 fevral 2002-ci ildə deyil, 2001-ci ilin dekabrında təqdim olunub və Nazirlik iki aydan artıq müddətdən sonra cavab verib.
İkinci qeydiyyat müraciətinə gəldikdə isə, ərizəçilər qeyd etdilər ki, onlar, Hökumətin iddia etdiyi kimi, 10 may 2002-ci il tarixdə Nazirlikdən hər hansı cavab almamışlar. Onlar yalnız daxili məhkəmələrdə araşdırmalar zamanı onların ikinci qeydiyyat müraciətlərinə Nazirliyin cavab verməsinin sübutu kimi surəti təqdim olunmuş 19 iyul 2002-ci il tarixli məktubu alıblar. Müvafiq olaraq, ərizəçilər iddia etdilər ki, Nazirlik yenidən təqdim olunmuş qeydiyyat müraciətinin daxil olmasından beş gün müddətində birliyi qeydə almalı və ya rəsmi olaraq imtina etməli olduğu halda, öz rəsmi cavabını üç ay gecikdirdi.
Ərizəçilər daha sonra qeyd etdilər ki, onlar tərəfindən üçüncü qeydiyyat müraciəti təqdim olunandan sonra, Nazirlik cavabı təxminən bir il yarım ərzində gecikdirib və qeydiyyat üzrə hər hansı rəsmi qərar qəbul etmədən və buna hər hansı səbəb göstərmədən sadəcə olaraq qeydiyyat sənədlərini onlara geri göndərdi.
Qanunla müəyyən olunmuş müddətlərin pozulmasından başqa, ərizəçilər, həmçinin iddia etdilər ki, daxili qanunvericiliyə görə, Ədliyyə Nazirliyi onların sonrakı düzəldilməsinə və qeydiyyat sənədlərinin düz versiyasını yenidən təqdim etməyə imkan vermək üçün bütün çatışmazlıqları qeydiyyat sənədlərinin ilkin yoxlanılmasında müəyyən etməli və təsisçilərə bütün çatışmazlıqlar barədə məlumat verməlidir. Əgər ikinci qeydiyyat müraciətində (yenidən təqdim olunmuş) qeydiyyat sənədləri düzgün düzəldilibsə, Nazirlik sənədlərin yenidən təqdim olunmasından sonra beş gün müddətində birliyi qeydə almalıdır. Lakin, əgər çatışmazlıqlar lazımi qaydada düzəldilməyibsə, onda Nazirlik qeydiyyat sənədlərinin yenidən təqdim olunmasından sonra beş gün ərzində birliyi qeydə almaqdan rəsmi imtina etməlidir. Ancaq hazırkı işdə Nazirlik hər bir qeydiyyat müraciətində çatışmazlığın yeni növünü aşkar edib. Hər dəfə Nazirlik hər hansı hərəkət etmədən sənədləri ərizəçilərə qaytarıb və nəticədə birliyi qeydə almaq və ya bundan imtina etməklə bağlı rəsmi qərar çıxarmaqdan yayınıb. Ərizəçilərin fikrinə görə, bu onu göstərib ki, Nazirlik qəsdən qeydiyyat prosesini uzadıb və onların birliyini qeydə almaq istəməyib.
Məhkəmə qeyd edir ki, ərizəçilərin şikayəti qismən 15 aprel 2002-ci ilədək, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixədək olan dövrə təsadüf edir. Məhkəmə qeyd edir ki, o yalnız Razılığa gələn müvafiq Yüksək Tərəfə münasibətdə Konvensiyanın qüvvəyə minməsindən sonra baş vermiş hadisələrdən irəli gələn Konvensiyanın pozulmasına dair şikayətlərə baxmaq səlahiyyətindədir (bax, Kazımova Azərbaycana qarşı (qərardad), № 40368/02, 06 mart 2003-cü il). Müvafiq olaraq, Məhkəmə şikayətin 15 aprel 2002-ci ildən sonra baş verən hadisələrə aid olan hissəsini araşdıracaq. Buna baxmayaraq, zərurət olduqda, Məhkəmə Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi vaxtda mövcud olan vəziyyəti nəzərə alacaq.
Şikayətin 15 aprel 2002-ci ildən sonra baş verən hadisələrə aid hissəsinə gəldikdə isə, Məhkəmə tərəflərin təqdim etdikləri baxımından hesab edir ki, bu məsələ, həll edilməsi mahiyyəti üzrə baxılmanı tələb edən Konvensiyaya əsasən fakt və hüquq məqamlarına aiddir. Buna görə, Məhkəmə belə nəticəyə gəlir ki, bu şikayət Konvensiyanın 35-ci madəsinin 3-cü bəndinin mənasına görə açıq-aşkar əsassız deyildir. Onun qeyri-məqbul elan edilməsi üçün hər hansı başqa əsas müəyyən olunmayıb.
2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ərizəçilər şikayət etdilər ki, Ədliyyə Nazirinin hakimliyə namizədlərin seçilməsi prosesinə cəlb olunması Ədliyyə Nazirliyinə qarşı işlər üzrə daxili məhkəmələrin müstəqilliyinə və qərəzsizliyinə şübhə yaradıb. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müvafiq hissədə aşağıdakıları nəzərdə tutur:
«Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir. »
Hökumət bildirdi ki, Azərbaycanda hakimlərin təyin edilməsində hazırkı prosedur özlüyündə məhkəmələrin müstəqilliyini şübhə altına qoymur. Hakimlər öz fəaliyyətlərində Ədliyyə Naziri daxil olmaqla icra hakimiyyətinin hər hansı nümayəndəsi tərəfindən göstəriş ala bilməzlər. Ədliyyə Nazirinin Məhkəmə-Hüquq Şurasının üzvü olmasına baxmayaraq, Şura özlüyündə yeddi nəfərdən ibarət kollegial orqan olub. Buna görə, təkbaşına Ədliyyə Nazirinin hakimliyə namizədlərin seçilməsinə məsuliyyətli olmasına dair nəticə çıxarıla bilməz. Bundan başqa, Nazir öz iardəsini başqa üzvlərə yeridə və ya başqa yolla seçki prosesinə təsir edə bilməz, ona görə ki, Şuranın qərarı bütün üzvləri səs verəndən sonra Nazir səs verməklə səs çoxluğu ilə qəbul olunur. Hökumət belə nəticəyə gəldi ki, belə olan halda Ədliyyə Nazirliyi tərəf kimi cəlb olunan işlər üzrə daxili məhkəmələrin müstəqilliyi və ya qərəzsizliyi ilə bağlı hər hansı qanuni şübhələr ola bilməz.
Ərizəçilər Ədliyyə Nazirinin seçki prosesinə müsahibə zamanı təsir edə bilməsini qeyd edərək razılaşmadılar. Müsahibə şifahi olub və Məhkəmə-Hüquq Şurasının üzvləri tərəfindən şəxsən aparılıb. Müsahibəni aparanlar namizədlərə verilən sualların sayı və növü ilə məhdud olmamışlar. Şuranın üzvü kimi Nazir müxtəlif namizədlərin müsahibəsində müxtəlif yanaşmalar edə və bununla da, müsahibənin nəticəsinə təsir göstərə bilər. Ərizəçilər iddia etdilər ki, Azərbaycanda hakimlərin öz vəzifələrinə müəyyən müddətə (beş və ya on il) təyin olunmasını nəzərə alaraq, yeni müddətə təyin olunmaq niyyətində olan hakimlər Ədliyyə Nazirliyinə qarşı hər hansı qərar çıxarmağa meylli olmayıblar, ona görə ki, Ədliyyə Naziri gələcəkdə onların yenidən təyin olunması məsələsinə baxacaq.
Məhkəməyə məlumdur ki, bu şikayətin verilməsindən sonra məhkəmələr və hakimlər haqqında və hakim vəzifələrinə namizədlərin seçilməsi və təyin olunması barədə Azərbaycan qanunvericiliyində əhəmiyyətli dəyişikliklər olub. Lakin bu şikayətin məqsədləri üçün Məhkəmə müvafiq daxili qanunvericiliyə hazırkı şikayətə səbəb olmuş hadisələr zamanı tətbiq olunan kimi baxacaq.
Məhkəmə xatırladır ki, məhkəmənin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə «müstəqil» kimi qiymətləndirilməsinin müəyyən edilməsi, inter alia, onun üzvlərinin təyin olunması tərzi və səlahiyyət müddəti, kənardan təsirlərə qarşı təminatların mövcudluğu və bunun müstəqilliyin görüntüsünü ifadə edib-etməməsi nəzərə alınmalıdır (bax, Findley Birləşmiş Krallığa qarşı, 25 fevral 1997-ci il tarixli qərar, Qərar və Qərardadların Hesabatı, 1997-I, § 3).
Bu müddəanın mənasına görə, «qərəzsizlik» şərtinə gəldikdə isə, iki test tətbiq edilməlidir: müvafiq işdə konkret hakimin şəxsi düşüncəsini müəyyən etməyə çalışmaqdan ibarət olan subyektiv test və həçminin, ona aid hər hansı qanuni şübhənin aradan qaldırılması üçün hakimin kifayət qədər təminatları təqdim edib-etməməsinin əminliyindən ibarət olan obyektiv test (bax, Hoşildt Danimarkaya qarşı, 24 may 1989-cu il tarixli qərar, A Seriyaları, № 154, § 46). Subyektiv testə gəldikdə, ərizəçilər sözügedən hakimlərin şəxsi qərəzliklə hərəkət etməsini iddia etməyiblər. Hər bir halda, hakimin şəxsi qərəzsizliyi əksinə olan sübut çıxana kimi nəzərdə tutulmalıdır və hazrkı işdə belə sübut yoxdur. Buna görə, yalnız obyektiv test bu işə aiddir.
Məhkəmə daxili məhkəmələrin müstəqillik məsələsinə qərəzsizlik məsələsi ilə birgə obyektiv test üzrə baxacaq.
İlk əvvəl, məhkəmə hesab edir ki, yalnız icra hakimiyyəti nümayəndəsinin məhkəmələrin formalaşdırılmasına müəyyən dərəcədə cəlb olunması faktı özlüyündə ümumilikdə məhkəmələrin müstəqilliyinə və qərəzsizliyinə təhlükəni əsaslandıra bilməz (bax, mutatis mutandis, Qasper İsveçə qarşı, № 18781/91, 06 iyul 1998-ci il tarixli Komissiya qərarı). Bundan başqa, ərizəçilər mübahisələndirmir və Məhkəmə yoxlamasını zəruri hesab etmir ki, daxili hakimlərin təyin edilməsi tərzi və onların səlahiyyət müddəti hazırkı işdə məhkəmələrin müstəqilliyi ilə bağlı hər hansı xüsusi narahatlıq doğurur. Həmçinin, görünür ki, ümumilikdə daxili qanunvericilik hakimlərə kənar təsirlərə qarşı kifayət qədər təminatlar nəzərdə tutur. Konstitusiya və «Məhkəmələr və hakimlər haqqında» Qanun, inter alia, hakimlərin öz vəzifələrində dəyişilməz olması, məhkəmə fəaliyyətinə görə təqibdən toxunulmaz olması və məhkəmə fəaliyyəti ilə bağlı hər hansı ictimai orqanın onlara göstəriş verməsinin və ya öz vəzifələrinin həyata keçirilməsində onlara təsir etməsinin yolverilməzliyinin təmin edilməsi ilə məhkəmə hakimiyyətinin müstəqilliyini təmin edir (bax, mutatis mutandis, Etl və digərləri Avstriyaya qarşı, 23 aprel 1987-ci il tarixli qərar, A Seriyaları, № 117, § 38; İnkal Türkiyəyə qarşı, 09 iyun 1998-ci il tarixli qərar, Hesabatlar, 1998-IV, § 67).
Belə olan halda, Məhkəmə hesab edir ki, həll edilməli olan yeganə məsələ, tərəflərin təqdim etdikləri kimi, hakimliyə namizədlərin seçilməsi prosesinə Ədliyyə Nazirinin cəlb olunmasını nəzərə alaraq, Ədliyyə Nazirliyinə qarşı işlərə baxarkən daxili məhkəmələrin müstəqil və qərəzsiz olmasının əsaslı olub-olmamasından ibarətdir.
Obyektiv test üzrə hakimlərin müstəqilliyinə şübhələnməyə səbəb ola bilən inandırıcı faktların olub-olmaması müəyyən edilməlidir. Bu mənada, hətta görüntülər müəyyən əhəmiyyətə malikdir. Məsələ demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə malik olduqları etibara aiddir. Konkret məhkəmənin müstəqil və ya qərəzsiz olmamasına qorxu ilə bağlı qanuni səbəbin olub-olmamasının həllində məhkəmə mübahisəsi üzrə tərəfin mövqeyi həlledici olmamaqla əhəmiyyət kəsb edir. Həlledici olan isə onun şübhələrinin obyektiv olaraq əsaslı olub-olmamasıdır (bax, yuxarıda qeyd olunan Hoşildt, § 48; yuxarıda qeyd olunan İnkal, § 71; və Torqeyr Torqeyrson İslandiyaya qarşı, 25 iyun 1992-ci il tarixli qərar, A Seriyaları, № 239, § 51).
Məhkəmə qeyd edir ki, Məhkəmə-Hüquq Şurası deyil, məhz Respublika Prezidenti aşağı instansiya məhkəmələrinin hakimlərinin təyin olunmasına və yuxarı instansiya məhkəmələrinin hakimlərinin parlamentə təqdim olunmasına məsuliyyətlidir. Məhkəmə-Hüquq Şurasının funksiyası isə hakimlərin birbaşa təyin olunmasından deyil, hakim vəzifələrinə təyin və ya təqdim olunmaq keyfiyyətli namizədlərin seçilməsindən ibarətdir.
Belə seçki bütün yararlı ərizəçilərə bərabər imkanların verilməsi üçün rəqabətli imtahan və müsahibənin keçirilməsi ilə aparılıb. Yazılı imtahanın nəticələri anonim kompyuterləşdirilmiş hesab sistemindən istifadə etməklə müəyyən olunub, nəzərə alaraq ki, imtahan iştirakçılarının cavab kartları onların adını əks etdirməyib və yalnız şəxsi imtahan kodunu göstərib. Şifahi müsahibə Məhkəmə-Hüquq Şurasının bir üzvü tərəfindən deyil, Şuranın üzvləri ilə yanaşı kənar ekspertlərin daxil olduğu müsahibə kollegiyası tərəfindən aparılıb. Görünür ki, bütün müsahibə mərhələsi üçün bir neçə belə kollegiya adətən yaradılıb. Həmçinin, görünür ki, Ədliyyə Naziri Şuranın üzvü kimi yalnız bir belə kollegiyada müsahibəçi ola və bununla da, namizədlərin yalnız müəyyən hissəsinin müsahibəsində iştirak edə bilərdi. Digər tərəfdən, Şuranın Sədri kimi o, bütün müsahibə nəticələrini toplayırdı, lakin müvafiq müsahibəçilər tərəfindən yalnız yekun nəticələr müəyyən edildikdən sonra bunu edirdi.
Məhkəmə-Hüquq Şurasının tərkibinə gəldikdə isə, Məhkəmə qeyd edir ki, Ədliyyə Naziri icra hakimiyyətinin yeganə nümayəndəsi olub, halbuki, Şuranın qalan altı üzvü ölkənin yuxarı instansiya və xüsusi yurisdiksiya məhkəmələrinin sədri idi. Qərarın qəbul olunması prosesinə gəldikdə, Məhkəmə qeyd edir ki, Şura kollegial orqan olub və qərarlar səs çoxluğu ilə qəbul olunub. Səsvermə zamanı Ədliyyə Naziri iclasın sədri kimi yalnız bütün iştirakçılar səs verdikdən sonra səs verirdi. Səslər bölündükdə bu səsvermə həlledici səsi Sədrin ixtiyarına verməklə yanaşı, həmin ardıcıllıq iclasın başqa iştirakçılarını Sədrin səsinin təsiri altına düşməsindən qoruyur. Daxili qanunvericilik Ədliyyə Nazirinə bu səsvermə prosedurundan kənara çıxmasına və Şuranın kollegial qərarının öz qərarı ilə əvəzlənməsinə icazə verən hər hansı mexanizm nəzərdə tutmur.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, Ədliyyə Nazirinin qanuni əsas olmadan seçki prosesinə müdaxiləsi və hər hansı yolla ona şəxsən arzuolunmaz olan namizədin kənarlaşdırılması ehtimalı həddən artıq zəif olub. Müvafiq olaraq, Məhkəmə daxili məhkəmələrin qanuni əsas olmadan işin mahiyyəti ilə bağlı olmayan düşüncələrin, o cümlədən gələcəkdə yeni müddətə işləməsi üçün yenidən təyin olunma ehtimalının təsiri altına özlərini salmasına dair qorxuya hər hansı əsaslı səbəblərin olması barədə nəticəyə gələ bilməz. Buna görə, Məhkəmə hesab edir ki, ərizəçilər onların işinə baxan daxili məhkəmələrin müstəqilliyində və qərəzsizliyində şübhələnməyə qanuni əsasa malik olmayıblar.
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə açıq-aşkar əsassızdır və Konvensiyanın 34-cü maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
3. Konvensiyanın 13-cü maddəsinə əsasən ərizəçilər şikayət etdilər ki, onlarn işində daxili məhkəmələr səmərəsiz olub. Konvensiyanın 13-cü maddəsi aşağıdkıları nəzərdə tutur:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələri hüququna malikdir.»
Hökumət bildirdi ki, bu şikayət əsassızdır. Əriəzçilər öz şikayətlərinə baxılması və haqlı olan halda təmin olunmasına nail olmaq üçün kifayət qədər vasitələrə malik olmuşlar.
Ərizəçilər iddia etdilər ki, daxili məhkəmələr qeyri-hökumət təşkilatlarının qeydə alınmasında gecikmələrə aid işlər üzrə heç zaman Ədliyyə Nazirliyinə qarşı qərar çıxarmayıblar. Bununla bağlı ərizəçilər hər hansı xüsusi statistik məlumatlar təqdim edə bilmədikləri halda, onlar daxili məhkəmələrdə Ədliyyə Nazirliyinə qarşı işləri uduzan bir neçə qeyri-hökumət təşkilatlarını qeyd etmişlər. Ərizəçilərin fikrinə görə, bu, Ədliyyə Nazirliyinə qarşı işlər üzrə bərpa olunmanı mümkünsüz edən bərqərar olunmuş məhkəmə təcrübəsini ifadə edirdi.
Məhkəmə hesab edir ki, bu şikayət əsassızdır. Ərizəçilər daxili məhkəmələrə müraciət etmək imkanına malik olub və faktiki olaraq belə də ediblər. Yalnız araşdırmaların nəticəsinin onların xeyrinə olmaması faktı vasitənin səmərəsiz olmasına dair qənaətə gətirə bilməz. Məhkəmə, həmçinin hesab edir ki, daxili məhkəmələrin həmişə Ədliyyə Nazirliyinin xeyrinə qərar çıxarmasına dair ərizəçilərin iddiaları kifayətedici sübutlarla irəli sürülməyib.
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə açıq-aşkar əsassızdır və Konvensiyanın 34-cü maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Ərizəçilərin birləşmək azadlığına aid şikayətini mahiyyətə toxunmadan məqbul elan edir;
Şikayətin qalan hissəsini qeyri-məqbul elan edir.
Soren NilsenXristos Rozakis
KatibSədr
Full & Egal Universal Law Academy