İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Həsən Babayevin Azərbaycana qarşı
36454/03 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab P. Lorenzen,
cənab Q.Bonllo,
xanım F. Tulkens,
xanım N. Vaciç,
cənab E. Steyner,
cənab X.Hacıyev; hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 17 oktyabr 2003-cü il tarixdə verilmiş şikayətlə bağlı müzakirə apararaq, aşağıdakı qərara gəlir:
FAKTLAR
Ərizəçi Həsən Babayev 1944-cü ildə anadan olan və Bakıda yaşayan Azərbaycan vətəndaşıdır. Onu Məhkəmədə Bakıda işləyən vəkil xanım L.Mədətova təmsil edirdi.
A. İşin halları
Ərizəçi tərəfindən təqdim olunmuş işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçinin atası ölümündən əvvəl qarac kimi istifadə etdiyi qeyri-yaşayış sahəsinə malik olub. Ərizəçiyə görə, həmin vaxtda qarac icarə müqaviləsinə əsasən T.B. tərəfindən istifadə edilib.
1995-ci ildə ərizəçinin atası vəfat edib və ərizəçi atasından miras aldığı qarac hissəsinə mülkiyyət hüququnu rəsmi olaraq qeydiyyata almışdır. Ərizəçiyə görə, mülkiyyətin qalan hissələri onun qohumlarının vərəsəliyi üçün açıq qalmışdır, lakin onlardan heç biri öz hüquqlarını rəsmiləşdirməyib.
faktiki olaraq
2002-ci ildə T.B. qaracın sahibi olan ərizəçinin qohumlarından biri ilə 1969-cu ildə de fakto bağlanılmış alqı-satqı əsasında qaraca mülkiyyət hüququnu tələb edərək, Nəsimi rayon məhkəməsində iddia qaldırıb.
Ərizəçi T.B.-nin qaracdan çıxarılmasını tələb edərək qarşılıqlı iddia vermişdir. O, bu alqı-satqını təsdiq edən etibarlı sənədlərin olmamasını bildirərək qaracın 1969-cu ildə de fakto satılması barədə T.B.-nin iddialarını rədd etdi. O iddia etdi ki, atasının ölümünədək qarac onun ailəsinin mülkiyyətində olub və bundan sonra o, mülkiyyətdən atasının payını qanuna müvafiq miras kimi qəbul edib və öz mülkiyyət hüquqlarını rəsmiləşdirib.
04 iyun 2002-ci ildə Nəsimi rayon məhkəməsi T.B.-nin tələblərini tamamilə təmin, qarşılıqlı iddianı isə rədd edib.
Ərizəçi rayon məhkəməsi tərəfindən faktiki halların düzgün qiymətləndirilməməsini iddia edərək şikayət verdi. 13 avqust 2002-ci il tarixdə Apellyasiya Məhkəməsi rayon məhkəməsini qətnaməsini ləğv etdi və ərizəçinin xeyrinə qərar çıxardı.
T.B.-nin kassasiya şikayətindən sonra 04 dekabr 2002-ci ildə Ali Məhkəmə qərara gəldi ki, Apellyasiya Məhkəməsi işin hallarına dair daxili qanunvericiliyin müvafiq müddəalarını səhv tətbiq edib. Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirib və elan edib ki, mübahisəli əmlak T.B.-nin mülkiyyətidir. Ali Məhkəmənin qərarı yekun olub və qəbul edilən kimi qüvvəyə minib.
27 yanvar 2003-cü ildə ərizəçi məhkəmə araşdırmalarının yenidən açılmasını və Ali Məhkəmənin 04 dekabr 2002-ci il tarixli qərarının Ali Məhkəmənin Plenumu tərəfindən ləğv olunmasını xahiş edərək, Ali Məhkəmənin sədrinə «əlavə kassasiya» şikayəti verib.
Ali Məhkəmənin sədri məhkəmə araşdırmalarının yenidən açılması üçün əsaslar tapmadığına görə, 23 aprel 2003-cü il tarixli məktubu ilə ərizəçinin xahişini rədd etdi.
B. Müvafiq daxili qanunvericilik və təcrübə
«Məhkəmələr və hakimlər haqqında» 1997-ci il tarixli Qanun
77-ci maddə müvafiq hissədə aşağıdakıları nəzərdə tutur:
«... Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən iqtisadi mübahisələrə dair), cinayət işləri, inzibati ... və digər işlər üzrə ali məhkəmə orqanıdır.
Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi(dir)».
79-cu maddə müvafiq hissədə aşağıdakıları nəzərdə tutur:
«Ali Məhkəmənin Plenumu... Ali Məhkəmənin sədrindən, onun müavinlərindən, hakimlərindən, İqtisad Məhkəməsinin sədrindən, Apellyasiya Məhkəməsinin sədrindən və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrindən ibarət tərkibdə fəaliyyət göstərir...
Ali Məhkəmənin Plenumu qanunla müəyyən edilmiş hallarda və qaydada Ali Məhkəmə sədrinin təqdimatı, Azərbaycan Respublikası Baş prokurorunun protesti və ya müdafiə tərəfinin şikayəti əsasında əlavə kassasiya işlərinə baxır...».
83-cü maddə müvafiq hissədə aşağıdakıları nəzərdə tutur:
«Ali Məhkəmənin sədri... qanunla müəyyən edilmiş hallarda və qaydada kassasiya instansiyası məhkəməsinin qərarlarını yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna təqdim edir...».
2. Azərbaycan Respublikasının 2000-ci il tarixli Mülki Prosessual Məcəlləsi
419.4-cü maddə aşağıdakıları nəzərdə tutur:
«(Kassasiya instansiyası məhkəməsinin) qərarı qəbul edildiyi andan qüvvəyə minir.»
422-ci maddə aşağıdakıları nəzərdə tutur:
«Azərbaycan Respublikası Ali Məhkəməsinin ... qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər.»
423-cü maddə aşağıdakıları nəzərdə tutur:
«Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının və iqtisadi mübahisələr üzrə məhkəmə kollegiyasının qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. (Nəzərdə tutulmuş müəyyən hallarda Baş prokuror tərəfindən protest verilə bilər.)»
424.1-ci maddə aşağıdakıları nəzərdə tutur:
«Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır.»
digərləri arasında
424.2 -ci maddə Ali Məhkəmənin Plenumu tərəfindən Ali Məhkəmənin kassasiya instansiyasının qərarına yenidən baxılmasının əsaslarını müəyyən edir. Bu əsaslar mövcuddur, əgər, inter alia, Ali Məhkəmənin qərarı məhkəmə qərarına aid formal tələbləri pozmaqla çıxarılıb və ya Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun olmayan hesab edilmiş hüquq normasına əsaslanıb və yaxud Ali Məhkəmənin qərarı işdə tərəf olmayan şəxslərin hüquq və azadlıqlarını pozubsa.
426.1-ci maddə müvafiq hissədə şağıdakıları nəzərdə tutur:
«Əsaslar olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimatı, protesti və ya şikayəti işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərir.»
3. Müvafiq daxili təcrübə
Ali Məhkəmənin Plenumunda hər hansı əlavə kassasiya araşdırmaları, müvafiq tərəfin müraciətindən sonra (əlavə kassasiya şikayəti və ya Baş Prokurorun protesti), yalnız Ali Məhkəmə sədrinin mülahizəsi ilə yenidən açıla bilər. Plenum özü araşdırmaların yenidən açılmasına və ya əlavə kassasiya şikayətinin məqbuliyyətinə dair qərar qəbul etmir.
Əlavə kassasiya şikayəti əvvəl Ali Məhkəmə sədrinə verilir. Sədr yalnız öz mülahizəsi ilə və hər hansı formal məhkəmə araşdırmaları aparmadan işin yenidən araşdırılması və şikayətin Plenuma göndərilməsi üçün əsasların olub-olmamasını həll edir. Əgər sədr hesab edirsə ki, araşdırmalar yenidən aparılmalıdır, o, əlavə kassasiya şikayətini işlə birgə baxılması üçün Plenumun növbəti iclasına çıxarır. Eyni zamanda, zərurət olduqda, iş Plenumda baxılanadək Ali Məhkəmə sədri yekun qərarın icrasını dayandıran qərar qəbul edə bilər.
Lakin əgər sədr hesab edirsə ki, əlavə kassasiya baxılmasına əsaslar mövcud deyildir, o, məhkəmə araşdırmalarının yenidən açılmasından və şikayətin Plenuma göndərilməsindən imtinanı qısaca izah etməklə, sadəcə olaraq imtina məktubunu ərizəçiyə göndərir. Son dövrün təcrübəsi göstərir ki, Ali Məhkəmə sədri müvafiq əsasların olmamasına istinadən daxili işlərin əksər hissəsində əlavə kassasiya baxılmasından mütəmadi olaraq imtina edir.
ŞİKAYƏTLƏR
Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən şikayət edib ki, daxili məhkəmə araşdırmaları ədalətli olmayıb. O iddia etdi ki, müvafiq sübutların qiymətləndirilməsində səhvə yol vermiş və daxili qanunvericiliyi düzgün tətbiq etməmişlər. Ərizəçi, həmçinin şikayət etdi ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə zidd olaraq, mübahisələndirilən ədalətsiz məhkəmə araşdırmaları onun mülkiyyətdən qanunsuz məhrum edilməsi ilə nəticələnib.
HÜQUQİ MƏSƏLƏLƏR
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 saylı Protokolun 1-ci maddəsinə istinad edərək, ərizəçi daxili məhkəmə araşdırılmasının ədalətsiz keçirilməsindən və bunun nəticəsində qanunsuz olaraq mülkiyyətindən məhrum olunmasından şikayət vermişdir. 6-cı maddənin 1-ci bəndinin müvafiq hissəsi aşağdakıları nəzərdə tutur:
«Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir.»
Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin müvafiq hissəsi aşağdakıları nəzərdə tutur:
«Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.»
Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə görə ərizəçi tərəfindən fərz edilən faktlarla Konvensiyanın müddəalarının pozulmasının aşkarlanmasına ehtiyac duyulmur. Xüsusilə, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq, Məhkəmə yalnız bütün daxili vasitələrin tükənməsindən sonra, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş qaydalarına uyğun olaraq və ərizənin yekun daxili qərardan sonra 6 ay müddətində təqdim edilməsi halında şikayətlərə baxmaq səlahiyyətindədir.
Bu baxımdan Məhkəmə qeyd edir ki, ərizəçinin bildirməsinə görə, Ali Məhkəmənin Plenumu Azərbaycanda ən yuxarı daxili məhkəmə instansiyasıdır və məhkəmə araşdırılmasının təzələnməsi barədə ərizəçinin müraciətindən imtina edilməsinə dair Ali Məhkəmə sədrinin 23 aprel 2003-cü il tarixli məktubu iş üzrə yekun daxili qərarı təşkil edir. Göründüyü kimi, ərizəçi bildirir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi ilə müəyyən olunan 6 aylıq müddətin axımı 2003-cü il 23 aprel tarixdən başlanıb.
Məhkəmə təkrar edir ki, 6 aylıq müddətin axımı səmərəli və kifayətedici daxili vasitələrdən istifadə edildikdən sonra yekun daxili qərarın qəbul edilməsi tarixindən başlanır (bax: Bezlen Macarıstana qarşı, № 26692/95, Komissiyanın hesabatında əksini tapmayıb, 10 aprel 1997-ci il tarixli qərardadı). Lakin dövlət hakimiyyəti orqanının öz mülahizəsinə əsaslanan səlahiyyətindən asılı olan qeyri-adi vasitə 35-ci maddənin 1-ci bəndinin mənasına görə tükənmək üçün səmərəli vasitə hesab edilə bilməz və bu vasitəni tükətmək üçün hər hansı uğursuz cəhd 6 aylıq müddətin axımını təzələyə bilməz (bax: Ostin Birləşmiş Krallığa qarşı, № 41616/98, 20 mart 2001-ci il; Dyurant İtaliyaya qarşı, № 39693/98, 02 iyul 1998-ci il tarixli).
Hazırkı işə dair Məhkəmə qeyd edir ki, daxili qanunvericiliyə əsasən həmin vaxt Ali Məhkəmə kassasiya instansiyası kimi Azərbaycanda ən yuxarı məhkəmə orqanı olmuşdur. Ərizəçinin işinə dair məhkəmə araşdırılmasının yekun və məcburi olması, işə dair mülki icraatın başa çatması Ali Məhkəmənin 04 dekabr 2002-ci il tarixli qərarının çatdırılması ilə olmuşdur.
Həqiqətən, daxili qanunvericiliyə müvafiq olaraq Ali Məhkəmənin yekun qərarı müəyyən məhdud şərtlərlə «əlavə kassasiya» adlanan qaydaya uyğun olaraq Ali Məhkəmənin Plenumu tərəfindən yenidən baxıla bilər. Lakin «Məhkəmələr və hakimlər haqqında» Qanunun 83 və Mülki Prosessual Məcəllənin 426-cı maddələrinə, həmçinin ümumi daxili təcrübəyə müvafiq olaraq, Plenuma birbaşa şikayət vermək imkanına ərizəçi malik deyil və məhkəmə araşdırılmasını təzələmək qərarı tam Ali Məhkəmə sədrinin öz mülahizəli səlahiyyətinin daxilindədir. Bu səbəbdən, ərizəçinin işinin Plenum tərəfindən təzələnmək və yenidən baxılmaq müraciəti mahiyyətinə görə dolayı və qeyri-adi şikayətdir (bax: mutatis mutandis, Ciraklar Türkiyəyə qarşı, 28 oktyabr 1998-ci il tarixli qərar, Qərar və Qərardalar Hesabatı, 1998-VII, s. 3070-71, § § 29-32; Kuçerenko Ukraynaya qarşı (qərardad), № 41974/98, 04 may 1999-cu il tarixli; yuxarıda qeyd olunan Bezlen Macarıstana qarşı).
Qeyd edilən presedent hüququna və daxili qanunvericiliyin işə aid müddəalarına toxunaraq Məhkəmə hesab edir ki, Ali Məhkəmə 04 dekabr 2002-ci il tarixli qərarını çatdıran vaxt ərizəçi malik olduğu bütün səmərəli və kifayətedici daxili vasitələri tükətmişdir.
Ərizəçi tərəfdən verilən Ali Məhkəmənin sədrinə aid əlavə kassasiya şikayəti qeyri-adi vasitəni təşkil edir və Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənası baxımından ondan bu vasitəni tükətmək tələb edilməmişdir. Nə qədər ki, ərizəçinin bu qeyri-adi vasitədən bəhrələnmək cəhdi uğursuz oldu, Ali Məhkəmə sədrinin 23 aprel 2003-cü il tarixli imtina məktubu 6 aylıq müddətin axımını təzələməyib və Ali Məhkəmənin 04 dekabr 2002-ci il tarixli qərarı ərizəçinin işinə dair məhkəmə araşdırılması üzrə yekun qərar olaraq qalmışdır.
Beləliklə, Məhkəmə hesab edir ki, iş üzrə yekun daxili qərar Ali Məhkəmənin 04 dekabr 2002-ci il tarixli qərarıdır və bu qərar ərizənin təqdim edilməsindən 6 ay əvvəl müddətə təsadüf edir. Göründüyü kimi, ərizə müddəti ötürməklə verilmiş və Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
Bu səbəblərə görə Məhkəmə yekdilliklə,
şikayəti qeyri-məqbul elan edir.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy