İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
QƏRARDAD
32066/07 nömrəli şikayət
Ruslan BƏŞİROV (Ruslan BASHİROV)
Azərbaycana qarşı
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Komitəsi (Birinci Bölmə)
Sədr Pir Lorenzen (Peer Lorenzen),
Hakimlər
Elizabet Steyner (Elisabeth Steiner)
Xanlar Hacıyev (Khanlar Hajiyev),
və katibin müavini Andre Vampaç (André Wampach) ibarət tərkibdə
2007-ci il iyulun 9-da təqdim edilmiş ərizə ilə əlaqədar 2012-ci il sentyabrın 18-də müşavirə keçirərək aşağıdakıları qərara almışdır:
FAKTLAR VƏ PROSEDUR MƏSƏLƏLƏRİ
Ərizəçi, Azərbaycan Respublikasının vətəndaşı cənab Ruslan Cəlil oğlu Bəşirov 1978-ci ildə anadan olmuş və Zərdab şəhərində yaşayır. Ərizəçi Bakıda fəaliyyət göstərən hüquqşünas cənab İ.Aşurov tərəfindən təmsil olunmuşdur.
Azərbaycan Hökumətini Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.
Ərizəçi, inter alia, Konvensiyanın 3-cü və 6-cı maddələri ilə saxlanma şəraitindən, ona qarşı aparılmış cinayət prosesinin ədalətsizliyindən və təqsirsizlik prezumpsiyasının pozulmasından şikayət etmişdir.
2011-ci il avqustun 31-də Məhkəmə yuxarıda qeyd olunan şikayətlə əlaqədar Hökumətə məlumatın göndərilməsini qərara almışdır.
2012-ci il yanvarın 16-da Hökumət Məhkəmənin Katibliyinə işin mümkünlüyü və mahiyyəti üzrə qeydləri təqdim etmişdir. Həmin qeydlər 2012-ci il yanvarın 19-da ərizəçiyə göndərilmiş və sonuncu 2012-ci il martın 1-dək buna dair öz qeydlərini təqdim etməyə dəvət edilmişdir.
2012-ci il 23 mart tarixli məktubu ilə ərizəçi şəxsən Məhkəməyə bildirmişdir ki, o, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 16 mart tarixli Fərmanı əsasında əfv edilmiş və azadlığa buraxılmışdır. Bununla ərizəçi öz şikayətinin geri götürülməsi barədə Məhkəməni məlumatlandırmışdır. Məhkəmə 2012-ci il 27 aprel tarixli məktubu ilə ərizəçinin nümayəndəsindən 2012-ci il mayın 25-dək ərizəçinin şikayətinin geri götürülməsi istəyini təsdiq etməyi xahiş etmişdir. Həmin məktub ərizəçinin nümayəndəsinə 2012-ci il mayın 10-da çatdırılmışdır. Lakin bununla əlaqədar heç bir cavab alınmamışdır.
HÜQUQİ MƏSƏLƏLƏR
Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin Konvensiya və onun Protokollarında təsbit edilmiş hüquqlara hörmət edilməsi baxımından hər hansı xüsusi halın mövcud olmaması ilə əlaqədar Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin (a) yarımbəndinə əsasən hesab edir ki, ərizənin araşdırılmasının davam etdirilməsinə heç bir əsas qalmır.
Bununla həmin iş baxılan işlərin siyahısından çıxarılmalıdır.
Həmin səbəblərə görə Məhkəmə yekdilliklə
Ərizənin baxılan işlərin siyahısından çıxarılmasını qət edir.
Andre VampaçPir Lorenzen
Katibin müaviniSədr
Full & Egal Universal Law Academy