İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Səyyad Bayramovun Azərbaycana qarşı
23055/03 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi 14 fevral 2006-cı il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab L.Lukaides,
xanım F.Tulkens,
xanım E.Steyner,
cənab X.Hacıyev,
cənab D.Spilman,
cənab S.E.Cebens; hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 05 iyul 2003-cü il tarixdə verilmiş şikayətlə bağlı,
cavabdeh Dövlət tərəfindən irəli sürülən rəyləri və ərizəçi tərəfindən verilən cavabları nəzərə alaraq, müzakirələr aparmaqla, qərara alır:
FAKTLAR
Ərizəçi qismində 1956-cı ildə anadan olan və Bakıda yaşayan Azərbaycan Respublikasının vətəndaşı cənab Səyyad Bayramov çıxış edir. Məhkəmə qarşısında onu Bakıda işləyən vəkil cənab N.Abdullayev təmsil edib. Cavabdeh Dövləti Azərbaycan Respublikasının nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
A.İşin halları
Tərəflərin təqdim etdiyinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi Bakıda yerləşən kommersiya hüquqi şəxs olan Qayğı Kiçik Müəssisəsinin (bundan sonra – «Şirkət») icraçı müdiri olub. Şirkətin nizamnaməsinə görə, onun yeganə təsisçisi və sahibi Nizami Qayğı Birliyi olub. Sonuncu əhaliyə sosial və digər ictimai faydalı təminatı göstərməyə yönələn qeyri-kommersiya birliyidir. Ərizəçi Şirkətin yeganə pay sahibi olan Nizami Qayğı Birliyinin əmrinə əsasən Şirkətin müdiri təyin olunmuşdur.
Bakı şəhər İcra Hakimiyyətinin (bundan sonra – «BŞİH») 07 dekabr 1994-cü il tarixli sərəncamına əsasən, təşkilat üçün binanın inşa edilməsi məqsədilə torpaq sahəsi verilib. 1997-ci ilədək Şirkət həmin sahədə tikinti işlərinə başlamışdır. Lakin 1997-ci ildə qeyri-müəyyən tarixdə BŞİH 07 dekabr 1994-cü il tarixli sərəncamını ləğv edib və Şirkətin binasının sökülməsini əmr edib.
Şirkət BŞİH-yə qarşı zərərin ödənilməsinə dair iddia qaldırıb. Şirkət, onun müdiri qismində ərizəçi və Şirkət müdirinin müavini N.İ. tərəfindən təmsil olunub. İqtisad Məhkəməsi 11 noyabr 1997-ci il tarixli qətnaməsi ilə belə qənaətə gəldi ki, BŞİH tərəfindən binanın sökülməsi nəticəsində Şirkət 70.061.250 manat (AZM) məbləğində maliyyə zərərinə məruz qalıb. Məhkəmə bu zərərin Şirkətə ödənilməsini BŞİH-yə tapşırıb.
Qətnamədən şikayət verilməyib və o, qanuni qüvvəyə minib. 02 dekabr 1997-ci ildə İqtisad Məhkəməsi qətnamə üzrə icra vərəqəsini verdi. BŞİH kompensasiyanı ödəmədiyinə görə 18 dekabr 1998-ci il tarixdə başqa icra vərəqəsi verildi.
Lakin görünür ki, qətnaməyə müvafiq olaraq Şirkətə kompensasiyanın ödənilməsi əvəzinə BŞİH yeni binanın inşa edilməsi üçün onu başqa torpaq sahəsi ilə təmin edib. Buna görə, BŞİH «yeni açılmış faktlara» əsaslanaraq işin yenidən açılması və 11 noyabr 1997-ci il tarixli qətnaməyə yenidən baxılması xahişi ilə Ali Məhkəmənin sədrinə müraciət edib.
Ali Məhkəmənin sədri 31 may 2001-ci il tarixli məktubu ilə BŞİH-nin müraciətini rədd etdi. Sədr izah etdi ki, iş yeni açılmış hallar üzrə yalnız o halda yenidən açıla bilər ki, bu yeni hallar işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mövcud olsun, lakin məhkəmə üçün həmin vaxtda məlum olmasın. Ancaq yeni torpaq sahəsinin Şirkətə 1999-ci ildə, yəni 11 noyabr 1997-ci il tarixli qətnamənin qüvvəyə minməsindən sonra verilməsini nəzərə alaraq, bu, işin yenidən açılması üçün əsas ola bilməz. Bundan başqa, Ali Məhkəmənin sədri qeyd etdi ki, Şirkətə yeni torpaq sahəsinin verilməsi onun birinci binasının 1997-ci ildə sökülməsi nəticəsində vurulmuş zərərin ödənilməsinin əvəzi kimi qiymətləndirilə bilməz.
BŞİH-nin davamlı olaraq qətnaməni icra etmədiyinə görə, 1 saylı Yerli İqtisad Məhkəməsi 28 avqust 2001-ci il tarixdə qanuni qüvvədə olan məhkəmə qətnaməsini icra etmədiyi üçün BŞİH-nin məsul əmədaşlarının cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi qərardad qəbul etdi. Səbail rayon prokurorluğu 24 noyabr 2001-ci il tarixdə icra vərəqəsinin nə vaxtsa birbaşa BŞİH-yə təqdim olunmasına dair sənədli sübutların olmamasına əsaslanaraq, BŞİH-yə qarşı cinayət təqibinin başlanmasını rədd etdi.
23 iyul 2002-ci ildə 1 saylı Yerli İqtisad Məhkəməsi Səbail rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin (bundan sonra – «Məhkəmə İcraçıları Şöbəsi») vasitəsilə BŞİH-yə göndərilmiş yeni icra vərəqəsini verdi.
02 may 2003-cü ildə BŞİH Məhkəmə İcraçıları Şöbəsini məlumatlandırdı ki, BŞİH Şirkətə dəymiş zərərin ödənilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitə malik olmadığından, 11 noyabr 1997-ci il tarixli qətnamənin icrası mümkün deyildir.
09 fevral 2004-cü ildə Məhkəmə İcraçıları Şöbəsi BŞİH və Şirkətin müdiri kimi ərizəçini məlumatlandırdı ki, icra icraatı hələ davam edir və tələb etdi ki, BŞİH qətnaməni icra etsin. 03 aprel 2004-cü ildə BŞİH ərizəçiyə məlumat verdi ki, kompensasiya məsələsinə baxılması Maliyyə Nazirliyinin Bakı üzrə Baş Maliyyə İdarəsinə keçirildi. 15 aprel 2004-cü ildə Maliyyə Nazirliyi ərizəçini məlumatlandırdı ki, sonradan məsələnin baxılması Maliyyə Nazirliyinin Hüquq İdarəsinə verildi.
Məhkəmə İcraçıları Şöbəsinin təqdimatına əsasən, 21 aprel 2001-ci il tarixdə Səbail rayon məhkəməsi 11 noyabr 1997-ci il tarixli qətnaməni icra etmədiyi üçün BŞİH-i 825.000 AZM məbləğində inzibati məsuliyyətə cəlb etdi.
Eyni vaxtda, ərizəçi məhkəmə qətnaməsinin davam edən icra olunmamasından şikayətlənərək, Prezidentə, Konstitusiya Məhkəməsinə və BŞİH-yə məktublar yazdı. Cavab olaraq, ona yenidən bildirilmişdir ki, məsələ Maliyyə Nazirliyində baxılmaqdadır.
16 iyul 2004-cü il tarixdə Məhkəmə İcraçıları Şöbəsi ərizəçini məlumatlandırdı ki, qanuna müvafiq olaraq məhkəmə qətnaməsinin icra edilməsi üçün bütün səylərə baxmayaraq, BŞİH ardıcıl olaraq qətnaməni icra etmir.
Nəhayət, 12 yanvar 2005-ci ildə qətnamə icra olundu və BŞİH 70.061.250 AZM məbləğini Şirkətin bank hesabına köçürdü.
B. Müvafiq daxili qanunvericilik
Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsi nəzərdə tutur ki, hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar.
ŞİKAYƏTLƏR
Ərizəçi şikayət etdi ki, hakimiyyət orqanları tərəfindən 11 noyabr 1997-ci il tarixli qətnamənin vaxtında icra edilməməsi onun Konvensiyanın 6-cı maddəsi ilə təmin olunmuş ədalətli araşdırma hüququnu pozmuş və 1 saylı Protokolun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüquqlarına müdaxiləni ifadə etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
Ərizəçi Konvensiyanın 6-cı maddəsinə və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, 11 noyabr 1997-ci il tarixli qətnamənin vaxtında icra edilməməsindən şikayət etdi. Konvensiyanın 6-cı maddəsi aşağıdakıları nəzərdə tutur:
«Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən... məhkəmə vasitəsi ilə, ... işinin ədalətli araşdırılması hüququna malikdir.»
Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»
Hökumət bildirdi ki, ərizəçi Şirkətin müdiri kimi iddia edilən pozuntuların qurbanı olmayıb. Ərizəçi Şirkətin işçisi olub və onun sahibi olmayıb. Bu səbəbdən, ərizəçi iddia olunan pozuntuların «qurbanı» olmayıb, ona görə ki, Şirkətin xeyrinə olan məhkəmə qətnaməsinin icra edilməməsi ərizəçinin hüquqlarına birbaşa toxunmurdu. Bundan başqa, Hökumət bildirdi ki, hər bir halda iddia olunan pozuntular daxili səviyyədə aradan qaldırılmışdır, ona görə ki, məhkəmə qətnaməsi 12 yanvar 2005-ci il tarixdə icra olunmuşdur.
Ərizəçi Nizami Qayğı Birliyinin Şirkətin yeganə təsisçisi olduğunu, onun ayrıca hüquq qabiliyyətinə malik olan müstəqil hüquqi şəxs olduğunu və onun məhkəmələrdə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olduğunu təsdiq etdi. Lakin ərizəçi iddia etdi ki, Şirkətin hüquqlarının pozulması onun hüquqlarına birbaşa toxunurdu, ona görə ki, o, Şirkətin müdiri və onun təsisçisi olan Nizami Qayğı Birliyinin üzvü olub. Daha sonra, ərizəçi iddia etdi ki, 11 noyabr 1997-ci il tarixli qətnamənin yeddi ildən artıq gecikdirmə ilə icra olunması səbəbindən Şirkətə ödənilən kompensasiyanın dəyəri inflasiyaya görə əhəmiyyətli dərəcədə azalmışdır.
Məhkəmə xatırladır ki, Konvensiyanın 34-cü maddəsində «qurban» termini mübahisə olunan hərəkətlə və ya xəta ilə birbaşa toxunulan şəxsi nəzərdə tutur (bax: Eke Almaniyaya qarşı, 15 iyul 1982-ci il tarixli Qərar, A Seriyaları, № 51, § 66). Məhkəmə daha sonra xatırladır ki, «qurban» olmaq məsələsinə aid Şirkətin hüquq qabiliyyətinə malik olmasının inkar edilməsi müstəsna hallarda, xüsusilə o halda ki, Şirkət üçün onun nizamnaməsində göstərilmiş orqanlar vasitəsilə Məhkəməyə müraciət etməyin qeyri-mümkün olduğu açıq-aydın müəyyən edildiyi təqdirdə əsaslı ola bilər (bax: Aqroteksim və digərləri Yunanıstana qarşı, 25 oktyabr 1995-ci il tarixli Qərar, A Seriyaları, № 330-A, § 66; Kamberou MM5 AD Bolqarıstana qarşı (qərardad) № 50357/99, 01 aprel 2004-cü il; Kapital Bank AD Bolqarıstana qarşı (qərardad), № 49429/99, 09 sentyabr 2004-cü il).
Məhkəmə qeyd edir ki, hazırkı şikayəti verdiyi vaxtda ərizəçi Şirkətin adından məhkəmələrdə iştirak etmək səlahiyyətinə malik olan icraçı müdir olub. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçinin daxili məhkəmə araşdırmalarında Şirkət adından onun nümayəndəsi kimi iştirak etməsinə baxmayaraq, məhkəmə araşdırmalarında tərəf ərizəçi deyil, məhz Şirkətin özü olub. 11 noyabr 1997-ci il tarixli məhkəmə qətnaməsi Şirkətin xeyrinə olub və bu qətnamənin icra olunmaması yalnız Şirkətin hüquqlarına birbaşa toxunurdu (müqayisə et, Amat-G Ltd və Mebaqeşvili Gürcüstana qarşı, № 2507/03, § 33, İHAM 2005-...). Lakin ərizəçinin dəlillərini tam araşdıraraq, Məhkəmə hesab edir ki, hazırkı şikayətin Şirkətin adından verilməsinə dair ərizəçinin niyyəti bu dəlillərdən irəli gəlmir. Əksinə, ərizəçi şikayəti yalnız öz adından verib, Şirkətin müdiri kimi yalnız öz hüquqlarının pozulmasından şikayət edib və Hökumətin etirazına cavab olaraq təkid edib ki, məhz şəxsən özü iddia olunan pozuntuların qurbanı olub (müqayisə et, Nosov Rusiyaya qarşı (qərardad), № 30877/02, 20 oktyabr 2005-ci il; C.W. Polşaya qarşı, № 27917/95, Komissiyanın 11 senyabr 1997-ci il tarixli qərardadı, Qərardad və Hesabatlar 90, s. 69).
Buna görə, şikayətin ərizəçi tərəfindən öz adından verilməsini nəzərə alaraq, ərizəçinin özünün iddia olunan pozuntuların «qurbanı» olub-olmamasının müəyyənləşdirilməsi məsələsini həll etmək qalır. Bununla bağlı, Məhkəmə təkrar edir ki, onun şirkəti barəsində görülmüş mübahisəli tədbirləri nəzərə alaraq, Konvensiyanın 34-cü maddəsinin mənasına görə, şirkətin yeganə sahibi «qurban» olduğunu iddia edə bilər (bax: yuxarıda qeyd olunan Nosov; Ankarkrona İsveçə qarşı (qərardad), № 35178/97, İHAM 2000-VI). Digər tərəfdən, icraçı müdir və ya şirkətin ən böyük payçısı müzakirə olunan iş üzrə daxili məhkəmə araşdırmalarında özünün deyil, məhz şirkətin tərəf olduğu halda, şirkətin adından əvəzinə öz adından şikayət verməklə Konvensiyanın pozulmasının «qurbanı» olduğunu iddia edə bilməz (bax: yuxarıda qeyd olunan C.W.).
Şirkətin nizamnaməsinə istinadən, Məhkəmə qeyd edir ki, Şirkət Nizami Qayğı Birliyinin 100% təsisçiliyi ilə yaradılıb və görünür ki, sonuncu müzakirə olunan hadisələr zamanı Şirkətin bütün paylarına sahib olub. Ərizəçi heç zaman Şirkətin heç bir payına sahib olmayıb və bu faktı tərəflər mübahisələndirməyiblər. Şirkətin təsisçisi və yeganə payçısı olan Nizami Qayğı Birliyinin üzvü olmasına dair ərizəçinin dəlillərinə gəldikdə isə, Məhkəmə qeyd edir ki, onun təsis etdiyi Şirkətin əksinə olaraq, Nizami Qayğı Birliyi özlüyündə qeyri-kommersiya təşkilatı olub və buna görə, onun üzvlərindən heç biri hər hansı maliyyə marağı olan «payçı» kimi qiymətləndirilə bilməz. Müvafiq olaraq, ərizəçi nə birbaşa, nə də dolayı yolla təsisçi vasitəsilə Şirkətin hər hansı payının sahibi kimi qiymətləndirilə bilməz.
şəxsə görə
Müvafiq olaraq, ərizəçi Konvensiyanın 34-cü maddəsinin mənası baxımından iddia olunan pozuntuların «qurbanı» olduğunu mübahisələndirə bilməz. Buna görə, bu şikayət ratione personae Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə Konvensiyanın müddəalarına uyğun deyildir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
Bu əsaslarla Məhkəmə yekdilliklə,
şikayəti qeyri-məqbul elan edir.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy