Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 201
Noyabr 2016-cı il
***
A və B Norveçə qarşı [BP] – ərizələr № 24130/11 və 29758/11
15.11.2016 tarixli qərar [Böyük Palata]
7 saylı Protokolun 4-cü maddəsi
Məlumat almaq azadlığı
Eyni əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ
Eyni əmələ görə paralel olaraq inzibati və cinayət prosesinin aparılması: pozuntu baş verməyib
Faktlar – Vergi bəyannamələrində müəyyən gəlirləri göstərmədiklərinə görə barələrində aparılmış inzibati icraat çərçivəsində ərizəçilərin üzərinə əlavə vergi ödəmək öhdəliyi qoyulmuşdu. Paralel olaraq aparılan cinayət prosesində isə onlar eyni əməllərə görə vergi saxtakarlığında təqsirli bilinmiş və məhkum edilmişdilər. Ərizəçilər 7 saylı Protokolun 4-cü maddəsi əsasında şikayət etdilər ki, eyni hüquq pozuntusuna görə iki dəfə məhkəmə təqibinə məruz qalıblar və cəzalandırılıblar.
7 iyul 2015-ci ildə Məhkəmənin Palatası bu iş üzrə yurisdiksiyasından Böyük Palatanın xeyrinə imtina etməyi qərara aldı.
Hüquqi məsələlər – 7 saylı Protokolun 4-cü maddəsi: Bu maddədə üç fərqli təminat yer alır və nəzərdə tutulur ki, şəxs eyni hüquq pozuntusuna görə yenidən: i) məhkəməyə verilə, ii) məhkum edilə və ya iii) cəzalandırıla bilməz. 7 saylı Protokolun 4-cü maddəsinin məqsədləri üçün inzibati icraatın cinayət prosesi hesab edilib-edilməməsi Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün Engelin işində müəyyən edilmiş üç meyar əsasında qiymətləndirilməlidir. Ayrı-ayrı icraatlarda araşdırılan hüquq pozuntularının eyni əməllər olub-olmadığının qiymətləndirilməsi hüquq pozuntularının əsas elementlərinin müqayisəsindən ibarət olan formal qiymətləndirmədən daha çox, faktlara əsaslanan qiymətləndirmə aparılmasını tələb edir.
7 saylı Protokolun 4-cü maddəsinin məqsədi şəxsin eyni cinayət əməlinə görə iki dəfə məhkəmə təqibinə məruz qalması və ya cəzalandırılması kimi ədalətsiz halın qarşısını almaq məqsədini daşıyır. Bu maddə sözügedən sosial bəlaya münasibətdə inteqrasiyalı yanaşmanı qəbul edən və konkret olaraq müxtəlif orqanlar tərəfindən və müxtəlif məqsədlər üçün tətbiq edilən, paralel mərhələləri özündə ehtiva edən hüquqi tədbirləri nəzərdə tutan hüquq sistemlərini inkar etmir. Bir tərəfdən eyni əmələ görə iki dəfə cəzalandırılmamaq (ne bis in idem) prinsipi vasitəsilə müdafiə edilən şəxsin maraqlarının lazımi qaydada qorunması tələbatı, digər tərəfdən isə müvafiq sahədə dəqiq tənzimləyici yanaşmanın müəyyən edilməsində cəmiyyətin maraqlarının qorunması tələbatı arasında ədalətli balansa riayət edilməlidir.
7 saylı Protokolun 4-cü maddəsi müəyyən şərtlərə əməl etməklə iki paralel araşdırma aparılmasını istisna etmir. Konkret olaraq cavabdeh dövlət inandırıcı şəkildə sübut etməlidir ki, iki paralel araşdırma arasında mahiyyət və zaman baxımından kifayət qədər sıx əlaqə olub. Bu təkcə o demək deyil ki, qarşıya qoyulan məqsədlər və onlara çatmaq üçün istifadə edilən vasitələr mahiyyət baxımından bir-birini tamamlamalı və zaman baxımından əlaqəli olmalıdır, həm də o deməkdir ki, müvafiq davranışa hüquqi reaksiyaların təşkilinin mümkün nəticələri maraqlı şəxslər üçün mütənasib və öncədən görülə bilən nəticələr olmalıdır. Paralel araşdırmalar arasında mahiyyət baxımından kifayət qədər sıx əlaqə olub-olmadığının müəyyənləşdirilməsi üçün mühüm amillər sırasına bunlar daxildir: i) iki müxtəlif icraat qarşılıqlı tamamlayıcı məqsədlərlə aparılırdımı və beləliklə pozuntu təşkil edən müvafiq davranışın müxtəlif aspektlərinə yönəlmişdimi; ii) iki paralel icraatın aparılacağını həm hüquqi, həm də praktiki nöqteyi-nəzərdən öncədən görmək mümkün idimi; iii) icraatlar sübutların toplanması və qiymətləndirilməsi işinin təkrarlanmasından mümkün qədər qaçmağa imkan verən tərzdə aparılmışdımı və bu məqsədlə xüsusən bir icraatda müəyyən edilmiş faktların digər icraatda istifadə edilməsi üçün müxtəlif səlahiyyətli orqanlar arasında adekvat qarşılıqlı əlaqəyə nail olunmuşdumu; və iv) maraqlı şəxsin üzərinə həddən arıq ağır yük qoyulmasına yol verməmək üçün birinci olaraq başa çatmış icraatda tətbiq edilmiş sanksiya sonradan başa çatmış icraatda nəzərə alınmışdımı? Şəxsin qeyri-müəyyənlikdən, yubanmalardan və prosesin həddən artıq uzanmasından müdafiə edilməsi üçün icraatlar arasında zaman baxımından əlaqə kifayət qədər sıx olmalıdır. Zaman əlaqəsi nə qədər zəif olarsa, dövlətin üzərinə düşən sübutetmə yükü, yəni icraatın aparılmasında baş vermiş hər hansı yubanmaları izah etmək və əsaslandırmaq vəzifəsi də bir o qədər ağır olur.
Milli hakimiyyət orqanları qərara almışdılar ki, ərizəçilərin davranışı inzibati sanksiyanın və cinayət sanksiyasının tətbiqindən ibarət iki reaksiya tələb edir. Əlavə verginin tətbiqindən ibarət olan inzibati sanksiya ümumi çəkindirici amil rolunu oynayır və bu cür nöqsanlı bəyannamələrin aşkar edilməsi üçün yoxlama və auditlər aparılarkən vergi orqanları tərəfindən cəmiyyətin maraqları naminə yerinə yetirilən iri həcmli işin və çəkilən xərclərin kompensasiya olunmasına xidmət edirdi. Cinayət sanksiyası təkcə çəkindirici amil rolunu oynamırdı, həm də cəmiyyətə zidd olan və qınanmalı əlavə saxtakarlıq elementini özündə ehtiva edən bu cür pozuntulara münasibətdə cəza məqsədi daşıyırdı. Xüsusilə önəmli olan bu idi ki, ərizəçiləri məhkum edərkən daxili məhkəmə artıq onlara vergi sanksiyasının tətbiq edildiyini nəzərə almışdı. Məcmu halında müxtəlif sanksiyaların tətbiqinə imkan verən iki icraatın aparıla biləcəyini mövcud vəziyyətdə öncədən görmək olardı və bir icraatda müəyyən edilmiş faktlar digər icraatda istifadə edilmişdi.
Ərizəçilərin hər hansı qeyri-mütənasib ziyana və ya ədalətsizliyə məruz qaldıqlarını göstərən heç bir əlamət yox idi və iki icraat arasında mahiyyət və zaman baxımından kifayət qədər sıx əlaqə vardı.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı on altı səslə).
(Həmçinin bax: Sergey Zolotuxin Rusiyaya qarşı [BP], ərizə № 14939/03, 10 fevral 2009-cu il, 116 saylı Məlumat bülleteni; Engel və başqaları Niderlanda qarşı, ərizələr № 5100/71 və s., 8 iyun 1976-cı il; R.T. İsveçrəyə qarşı (qərardad), ərizə № 31982/96, 30 may 2000-ci il, 18 saylı Məlumat bülleteni; Nilsson İsveçə qarşı, ərizə № 73661/01, 13 dekabr 2005-ci il, 81 saylı Məlumat bülleteni; və Nyukyanen Finlandiyaya qarşı, ərizə № 11828/11, 20 may 2014-cü il)
Full & Egal Universal Law Academy