© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
A. və başqaları Birləşmiş Krallığa qarşı [Böyük Palata] (A. and Others v. the United Kingdom [GC]), ərizə № 3455/05
19.02.2009-cu il tarixli qərar [Böyük Palata]
Maddə 5
5-ci maddənin 1-ci bəndinin "f" yarımbəndi
Ölkədən çıxarılma
Ekstradisiya
Terrorizmdə iştirak etməkdə şübhəli bilinən əcnəbi vətəndaşların qeyri-müəyyən müddətə həbsdə saxlanılması: pozuntu baş verib
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Qeyri-insani rəftar
Terrorizmdə iştirak etməkdə şübhəli bilinən əcnəbi vətəndaşların qeyri-müəyyən müddətə həbsdə saxlanılması: pozuntu baş verməyib
Maddə 5
5-ci maddənin 4-cü bəndi
Həbsin qanuniliyinə məhkəmə tərəfindən baxılması
Həbsin qanuniliyinə aid materialların milli təhlükəsizlik səbəblərinə görə məxfi saxlanılması: bəzi ərizəçilər barəsində pozuntu baş verib, bəziləri barəsində isə pozuntu baş verməyib
Maddə 15
Qəddar rəftara məruz qalma təhlükəsi mövcud olduğuna görə deportasiya oluna bilməyən, eyni zamanda terrorizmdə iştirak etməkdə şübhəli bilinən əcnəbi vətəndaşların həbsdə saxlanılması ilə bağlı səlahiyyətlərin tətbiqi ilə əlaqədar olaraq 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərdən geri çəkilmənin hüquqa uyğunluğu məsələsi: öhdəliklərdən geri çəkilmə hüquqa uyğun deyil
Maddə 41
Ədalətli kompensasiya
Fövqəladə vəziyyət nəticəsində, habelə qəddar rəftara məruz qalma təhlükəsi mövcud olduğuna görə dövlətin ərizəçiləri öz ölkələrinə göndərə bilməməsi nəticəsində həbsdə saxlanılma ilə əlaqədar kompensasiya hüququ: əvvəlki işlərə nisbətən aşağı kompensasiya məbləğləri təyin olundu
Faktlar – 11 sentyabr 2001-ci ildə ABŞ-da baş vermiş terror aktlarından sonra Britaniya hökuməti qərara aldı ki, ölkədə yaşayan və "Əl-Qaidə" ilə əlaqəsi olan ekstremist islamçı qüvvələrin terror əməliyyatlarına dəstəyi təmin edən çoxsaylı əcnəbi vətəndaşlar Birləşmiş Krallığın təhlükəsizliyini təhdid edir. Onların bəzilərini öz ölkələrində qəddar rəftar təhlükəsi ilə üzləşəcəklərinə görə ölkədən çıxarmaq mümkün olmadığı üçün Hökumət qərara aldı ki, daxili işlər naziri onların Birləşmiş Krallıqda qalmalarının milli təhlükəsizlik üçün təhlükə yaratdığını və onların beynəlxalq terrorçu olduqlarını əsaslı olaraq hesab edərsə, onların həbsə alınmasına dairgeniş səlahiyyətlər nəzərdə tutulsun. Hökumət bu cür həbsdə saxlanılmanın Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə zidd olacağını düşündüyünə görə Konvensiyanın 15-ci maddəsi əsasında öhdəliklərindən geri çəkildiyi barədə bildiriş verdi. Bildirişdə Terrorizm və cinayətkarlıqla mübarizə və təhlükəsizlik haqqında 2001-ci il tarixli Qanunun ("2001-ci il tarixli Qanun") 4-cü hissəsinin müddəalarına istinad edilmişdi, həmin müddəalarda "beynəlxalq terrorizmdə şübhəli bilinən" şəxslər kimi tanınan, amma "hazırkı dövrdə" Birləşmiş Krallıqdan xaric edilməsi mümkün olmayan əcnəbi vətəndaşları həbsə almaq səlahiyyəti nəzərdə tutulurdu.
2001-ci il tarixli Qanunun 4-cü hissəsi 2001-ci ilin dekabrında qüvvəyə mindi və 2005-ci ilin martında ləğv olundu. Bu Qanun qüvvədə olduğu dövrdə 11 ərizəçi də daxil olmaqla 16 nəfər əcnəbi terrorizmdə şübhəli bilinən şəxs kimi tanındı və həbsə alındı. Ərizəçilərdən altısı 2001-ci ilin dekabrında həbsə alınmışdı, qalanları isə 2003-cü ilin oktyabrınadək müxtəlif tarixlərdə həbsə alındılar. İkinci və dördüncü ərizəçi Birləşmiş Krallığı tərk etməyə razılıq verdikdən sonra azad edildilər: ikinci ərizəçi həbsindən üç gün sonra Mərakeşə, dördüncü isə üç ay sonra Fransaya göndərildi. Qalan ərizəçilər Belmarş həbsxanasında qaldılar, onlardan üçünün psixi vəziyyəti pisləşdiyinə görə psixiatriya xəstəxanasına köçürüldülər (onlardan biri intihara cəhd etmişdi), biri isə psixiki vəziyyətində problemlərlə əlaqədar olaraq 2004-cü ildə ev dustaqlığına bərabər olan şərtlərlə azad edildi.
2001-ci il tarixli Qanuna əsasən ərizəçilərin terrorizmdə şübhəli bilinən şəxslər kimi tanınması barədə qərara altı ayda bir dəfə İmmiqrasiya məsələləri üzrə xüsusi apellyasiya komissiyası ("SIAC") tərəfindən yenidən baxılırdı. Ərizəçilərin hər biri terrorizmdə şübhəli bilinən şəxs kimi tanınması barədə daxili işlər nazirinin qərarından şikayət verdi. Şikayətə baxarkən SIAC-ın tətbiq etdiyi prosedur həm açıqlanmasına yol verilən sübutları ("açıq materialları"), həm də milli təhlükəsizlik səbəblərinə görə açıqlanmasına yol verilməyən konfidensial sübutları ("qapalı materialları") əhatə edirdi. Həbsə alınmış şəxs və onun hüquqi nümayəndələri açıq materiallarla tanış ola, onlara yazılı şəkildə və dinləmə zamanı şifahi formada etiraz edə bilərdilər. Qapalı materiallar həbsə alınmış şəxsə və ya onun vəkillərinə açıqlanmırdı, onlar yalnız baş prokurorun müavini tərəfindən məhbusların hər birinə təyin olunan "xüsusi vəkilə" açıqlanırdı. Açıq dinləmələrdən əlavə SIAC həm də məxfi sübutların araşdırılması üçün qapalı dinləmələr keçirirdi, bu dinləmələrdə xüsusi vəkil məhbusun adından prosessual məsələlərə, habelə qapalı materialların məzmununa və həqiqətə uyğunluğuna dair qeydlərini bildirə bilərdi. Lakin xüsusi vəkil bu materiallarla tanışlığa buraxıldıqdan sonra məhkəmənin razılığı olmadan məhbusla və ya onun vəkilləri ilə təmasa girə bilməzdi. SIAC terrorizmdə şübhəli bilinən şəxs kimi tanınmaları barədə qərardan ərizəçilərin verdikləri şikayətlərin hamısını rədd etdi.
Ərizəçilər həmçinin Konvensiyanın 15-ci maddəsi əsasında öhdəliklərdən geri çəkilmə barədə Hökumətin qərarının qanuniliyinə etiraz edərək məhkəməyə şikayət verdilər. 16 dekabr 2004-cü ildə Lordlar Palatası bu iş üzrə qərar çıxardı. O, qeyd etdi ki, millətin həyatını təhdid edən fövqəladə vəziyyətin mövcudluğuna baxmayaraq, həbsdə saxlanılmanın bu qaydası təhlükəsizliyə qarşı təhdidlə əlaqədar deyil və buna görə də bu halda həbs qeyri-mütənasib tədbirdir. Konkret olaraq, məlumatlar var ki, Birləşmiş Krallığın vətəndaşları da "Əl-Qaidə" ilə əlaqəsi olan terror təşkilatlarının fəaliyyətində iştirak edirlər və həbsdə saxlanılmanın bu qaydası əcnəbi vətəndaşların əsassız olaraq ayrı-seçkiliyə məruz qalmasına səbəb olur. Bu səbəbdən Lordlar Palatası öhdəliklərdən geri çəkilmə barədə qərarın İnsan hüquqları haqqında Qanuna uyğun olmadığı barədə çıxardı və onu ləğv etdi. 2005-ci ilin martında parlament 2001-ci il tarixli Qanunun 4-cü hissəsini ləğv etdi və həmin vaxt hələ də həbsdə saxlanılan ərizəçilər Terrorizmin qarşısının alınması haqqında 2005-ci il tarixli Qanuna uyğun olaraq nəzarət altında olmaq şərti ilə azad edildilər.
Hüquqi məsələlər – 5-ci maddənin 1-ci bəndinin "f" yarımbəndinə və 15-ci maddəyə riayət edilib-edilməməsi məsələsi: a) Bu işin əhatə dairəsi: Hökumət ölkədaxili məhkəmələrdəki icraatda öhdəliklərdən geri çəkilmə barədə qərarını "f" yarımbəndi ilə əsaslandırmasa belə, Avropa Məhkəmədəki icraatda "f" yarımbəndinə istinad etmək hüququnu itirməyib, çünki o, öhdəliklərdən geri çəkilmə barədə sənədin mətnində və ölkədaxili icraatda Konvensiyanın 5-ci maddəsinin tətbiqi məsələsini açıq saxlayıb, Lordlar Palatası isə ərizəçilərin həbsdə saxlanılmasının Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə uyğunluğu məsələsinə öhdəliklərdən geri çəkilmə barədə qərarın etibarlılığını qiymətləndirməzdən əvvəl baxıb. Bundan başqa, Hökumətin Avropa Məhkəməsi qarşısında öz mövqeyinin müdafiəsi üçün bütün arqumentləri irəli sürməsinə mane olan hər hansı mühüm səbəb yoxdur (hətta həmin arqumentlər onun ölkəsinin ali məhkəmə orqanının (Lordlar Palatasının) gəldiyi nəticələri şübhə altına alsa belə). Müvafiq olaraq, bu iki məsələ üzrə ərizəçilərin ilkin etirazları rədd edildi.
b) Şikayətlərin mahiyyəti: Məhkəmə ilk növbədə müəyyənləşdirməlidir ki, ərizəçilərin həbsdə saxlanılması 5-ci maddənin 1-ci bəndinin "f" yarımbəndinə uyğun idimi? Yalnız bu sualın cavabı mənfi olacağı təqdirdə öhdəliklərdən geri çəkilmə barədə qərarın etibarlılığını müəyyənləşdirmək zəruri olacaq.
1) Ərizəçilərin həbsdə saxlanılması hüquqa uyğun idimi? – Barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxslərin tutulmasına və ya həbsdə saxlanılmasına yalnız deportasiya və ya ekstradisiya işi üzrə icraat davam etdiyi müddətdə yol verilə bilər və bu icraatın kifayət qədər sürətlə aparılması zəruri şərtdir. Məhkəmə bu qənaətə gəldi ki, bu işdə Birləşmiş Krallığı tərk etməyə razılıq verənə qədər qısa müddətə həbsə alınmış ikinci və dördüncü ərizəçi barəsində Konvensiyanın 5-ci maddəsi pozulmayıb. Lakin aydın məsələdir ki, qalan doqquz ərizəçi Birləşmiş Krallıq ərazisində olmaları milli təhlükəsizliyi təhdid edən, beynəlxalq terrorizmdə şübhəli bilinən şəxslər kimi tanındıqlarına görə barələrində həbs qərarı çıxarılmışdı və onlar həbsə alınmışdılar. Öhdəliklərdən geri çəkilmə barədə bildirişin, 2001-ci il tarixli Qanunun və ərizəçilərin həbsi barədə qərarın əsasını təşkil edən əsas ehtimallardan biri ondan ibarət idi ki, bu şəxslər "hazırkı dövrdə" ölkədən çıxarıla və ya deportasiya oluna bilməzdilər. Onların öz ölkələrinə göndəriləcəkləri təqdirdə real qəddar rəftar təhlükəsinə məruz qalmayacaqlarına dair sübut yox idi. Belə olan halda Hökumətin ərizəçilərin deportasiyasının mümkünlüyü məsələsini "aktiv nəzarətdə" saxlamaq siyasəti kifayət qədər aydın və ya qəti deyildi, belə ki, həbsə alınmalarının sonradan "onların deportasiya olunması məqsədi ilə görülmüş tədbir" olub-olmadığı bilinmirdi. Müvafiq olaraq, 5-ci maddənin 1-ci bəndinin "f" yarımbəndində nəzərdə tutulan istisna hal ərizəçilərin həbsinə şamil olunmurdu.
2) Öhdəliklərdən geri çəkilmə barədə qərar hüquqa uyğun idimi? – Ölkənin ali məhkəmə orqanı bu məsələyə baxaraqqərara almışdı ki, millətin həyatını təhdid edən fövqəladə vəziyyət mövcud olsa da, həmin vəziyyətə cavab olaraq ərizəçilər barəsində görülmüş tədbirlərə indiki halda ehtiyac yox idi. Buna görə də Avropa Məhkəməsi hesab etdi ki, əks qərara yalnız o halda haqq qazandırmaq olardı ki, milli məhkəmə 15-ci maddəni və ya onunla əlaqədar olan presedent hüququnu düzgün şərh və ya tətbiq etməmiş olsun, yaxud onun gəldiyi nəticə açıq-aydın əsassız olsun.
i) "Millətin həyatını təhdid edən fövqəladə vəziyyət": Milli məhkəmələrdəki icraatda daxili işlər naziri Birləşmiş Krallığa qarşı planlaşdırılan ciddi terror aktlarının həyata keçirilməsi təhlükəsinin mövcudluğuna dair sübutlar təqdim etdi. SIAC-dakı icraatda əlavə məxfi sübutlar təqdim edildi. Bir məhkəmədən başqa bütün milli məhkəmələr real təhlükənin mövcud olduğu ilə razılaşdılar. Öhdəliklərdən geri çəkilmə barədə qərar qəbul edilən anda ölkə ərazisində "Əl-Qaidə"nin hücumları baş verməsə də, belə bir ehtimalın mümkünlüyündən ehtiyat etdiklərinə görə milli hakimiyyət orqanlarını tənqid etmək olmaz. Dövlətdən tələb etmək olmazdı ki, öncədən tədbir görmək əvəzinə fəlakət baş verdikdən sonra tədbirlər görsün. Milli hakimiyyət orqanları onlara məlum olan faktlar əsasında mövcud olan təhlükəni qiymətləndirməkdə sərbəstdirlər. İş üçün əhəmiyyətli olan sübutları qiymətləndirməkdə Avropa Məhkəməsinə nisbətən daha əlverişli vəziyyətdə olan icra və qanunvericilik orqanlarının qərarlarını, xüsusən də milli məhkəmələrin rəylərini nəzərə almaq lazımdır. Buna görə də Avropa Məhkəməsi qəbul etdi ki, millətin həyatını təhdid edən fövqəladə vəziyyət mövcud idi.
ii) Öhdəliklərdən geri çəkilməyə yönələn tədbirlərə ciddi zərurət var idimi? – Hökumət ərizəçilərin həbsinin qeyri-mütənasib tədbir olduğu barədə Lordlar Palatasının gəldiyi nəticəyə beş səbəbə görə etiraz etdi. Hökumətin birinci arqumentinə, yəni hansı tədbirlərin zəruri olduğunu qiymətləndirməkdə dövlətin malik olduğu sərbəstliyin daxili məhkəmələr tərəfindən həddən artıq məhdudlaşdırıldığı barədə arqumentə cavab olaraq Avropa Məhkəməsi izah etdi ki, qiymətləndirmə sərbəstliyi doktrinası həmişə milli hakimiyyət orqanları ilə Avropa Məhkəməsi arasındakı münasibətləri müəyyənləşdirmək üçün alət sayılıb və bu alət ölkədaxili səviyyədə müxtəlif dövlət orqanları arasındakı münasibətlərə analoji qaydada tətbiq edilə bilməz.
Tədbirlərin zəruri olub-olmaması məsələsi yekunda məhkəmə tərəfindən həll olunur, xüsusən indiki halda olduğu kimi ərizəçilər əsas hüquqları olan azadlıq hüququndan uzun müddət ərzində məhrum edildikləri təqdirdə bu məsələyə dair qərarı məhkəmələr verməlidirlər. İstənilən halda, Lordlar Palatası bu məsələyə diqqətlə yanaşıb və demək olmaz ki, o, icra hakimiyyətinin, yaxud parlamentin mövqeyini kifayət qədər diqqətlə nəzərdən keçirməyib. Hökumətin ikinci arqumentinə, yəni Lordlar Palatasının qanunvericiliyi konkret olaraq ərizəçilərin işi ilə əlaqəli şəkildə deyil, mücərrəd şəkildə araşdırdığı barədə arqumentlə əlaqədar olaraq Avropa Məhkəməsi qeyd etdi ki, 15-ci maddənin müddəaları qəti şəkildə ümumi vəziyyətə aiddir və bu işdə olduğu kimi tədbirlər bütövlükdə qeyri-mütənasib və ayrı-seçkilik xarakterli hesab edilibsə, həmin tədbirlərin hər bir konkret halda tətbiqini ayrıca araşdırmağa ehtiyac yoxdur. Hökumətin üçüncü arqumentinə, yəni Lordlar Palatasının qərarının ərizəçilərin həbsdə saxlanılma zəruriyətini inkar edən qərar olmadığı, sadəcə olaraq qanunvericilikdə milli təhlükəsizliyə qarşı təhlükə yaradan əcnəbilərin həbsdə saxlanılması üçün səlahiyyətlərin nəzərdə tutulmamasına aid qərar olduğu barədə arqumentə gəlincə, Avropa Məhkəməsi hesab etdi ki, Lordlar Palatası düzgün olaraq qeyd etdi ki, ərizəçilərin həbsdə saxlanılması ilə bağlı geniş səlahiyyətlərin tətbiqinə milli təhlükəsizlik tədbirləri kimi baxmaq lazımdır, onlara immiqrasiya tədbirləri kimi baxmaq olmaz, belə ki, sonuncu halda vətəndaşlarla qeyri-vətəndaşlar arasında fərq qoyulması qanuni sayılır. Xeyli dərəcədə milli təhlükəsizliyə aid olan məsələni immiqrasiya tədbiri kimi təqdim etmək cəhdi Hökumətin problemə adekvat reaksiya verə bilməməsi ilə nəticələnib və terrorizmdə şübhəli bilinən şəxslərin bir qrupunun üzərinə qeyri-mütənasib və ayrı-seçkilik xarakterli yük qoyulmasına yəni onların qeyri-müəyyən müddətə həbsdə saxlanılmasına gətirib çıxarıb. İttiham irəli sürülmədən həbsdə saxlanılma istər vətəndaşa, istərsə də ölkə xaricində işgəncəyə məruz qalacağından ehtiyat etməsi səbəbindən praktiki cəhətdən ölkəni tərk edə bilməyən qeyri-vətəndaşa mənfi təsir göstərir.
Hökumətin sonuncu iki arqumentinə, yəni qeyri-vətəndaşların həbsdə saxlanılmasını nəzərdə tutan qaydanın Britaniyanın müsəlman əhalisinin cəmiyyətdən təcrid olunmasının qarşısını almağa imkan yaradan tədbir kimi qanuni olduğuna, habelə terrorun ən ciddi mənbəyi olan qeyri-vətəndaşları təcrid etməklə dövlətin terror təhlükəsinə daha yaxşı reaksiya verə biləcəyinə dair arqumentlərə gəlincə, yetərincə sübutlar olmadığına görə bu arqumentləri qəbul etmək olmaz. Beləliklə, öhdəliklərdən geri çəkilməyə yönələn tədbirlər qeyri-mütənasib idi, çünki vətəndaşlarla qeyri-vətəndaşlar arasında əsassız ayrı-seçkilik yaradırdı.
Nəticə: ikinci və dördüncü ərizəçi istisna olmaqla qalan ərizəçilər barəsində pozuntu baş verib (yekdilliklə).
5-ci maddənin 4-cü bəndi – Ərizəçilər şikayət etdilər ki, SIAC-dakı icraat ədalətsiz idi, çünki onlara qarşı toplanmış sübutlar onlara bütünlüklə açıqlanmamışdı. Məhkəmə ikinci və dördüncü ərizəçinin şikayətlərini qəbul olunmayan elan etdi, çünki 2001-ci il tarixli Qanun əsasında həbsə alınmalarının qanuniliyi ilə bağlı SIAC-da icraat başlanarkən onlar artıq azadlıqda idilər. Qalan ərizəçilərə gəlincə, "Əl-Qaidə" və onunla əlbir olanlar barəsində məlumatlar almağa və informasiya mənbələrinin məxfi saxlanılmasına olan mühüm ictimai maraq ilə ərizəçilərin şikayətlərinə ədalətli şəkildə baxılması hüququ arasında balansa riayət edilməli idi. Buna görə də milli təhlükəsizliyə və digər şəxslərin təhlükəsizliyinə xələl gətirməmək şərti ilə ərizəçilərə qarşı ifadələr və sübutlar barəsində mümkün qədər çoxlu məlumatların onlara açıqlanması, habelə ərizəçilərin onlara qarşı toplanmış məlumatlara real surətdə etiraz etmək imkanına malik olmaları mühüm əhəmiyyət daşıyırdı. Məhkəmə razılaşdı ki, SIAC tam müstəqil məhkəmə orqanı idi və işə aid bütün sübutları nəzərdən keçirə, zərurət olmadığı təqdirdə heç bir materialın məxfi saxlanılmamasını təmin edə, habelə işə ədalətlə baxılmasının mühüm əlavə təminatı olan xüsusi vəkilin iştirakını təmin edə bilərdi; həddən artıq və ya lüzumsuz məxfiliyə yol verildiyinə dəlalət edən heç bir sübut yox idi, yaxud hər bir konkret halda məlumatların açıqlanmamasının mübahisəli səbəbləri mövcud deyildi. Lakin nəticə etibarı ilə sual ondan ibarətdir ki, açıqlanmayan sübutların olduğu işlərdə açıq materiallarda yer alan məlumatlar ərizəçinin öz nümayəndələrinə və xüsusi vəkilinə onları təkzib edən məlumatlar verə bilməsi üçün kifayət qədər konkret idimi?
Bu meyarı tətbiq edərək Məhkəmə qeyd etdi ki, beş ərizəçiyə qarşı açıq materiallarda səmərəli müdafiənin təmin olunması üçün yetərli məlumatlar (məsələn, müəyyən telekommunikasiya avadanlıqlarının alınması, terrorizmdə şübhəli bilinən məlum şəxslərlə əlaqədar olan sənədlərin saxlanılması və konkret tarixlərdə və yerlərdə həmin şəxslərlə görüşlər barədə məlumatlar) vardı. Beləliklə, onların işində prosessual tələblərə riayət edilmişdi. Lakin qalan dörd ərizəçinin işində açıq sübutlar ya mühüm elementlərin (ərizəçilərin guya yığmış olduqları pullarla terrorizm arasında əlaqəyə dair sübutların) olmaması səbəbindən, ya da ümumi və ya qeyri-konkret xarakter daşımaları səbəbindən səmərəli müdafiənin təmin olunması üçün yetərli hesab edilmədi, buna görə də SIAC əsasən qapalı materiallara istinad etməli oldu.
Nəticə: dörd ərizəçi barəsində pozuntu baş verib, beş ərizəçi barəsində pozuntu baş verməyib, qalan iki ərizəçinin şikayəti isə qəbul edilən deyil (yekdilliklə).
5-ci maddənin 5-ci bəndi – 5-ci maddənin 1-ci və 4-cü bəndlərinin pozuntuları ilə bağlı kompensasiya tələbinin milli məhkəmələr tərəfindən təmin edilməsi mümkün olmadığına görə (onların səlahiyyətləri öhdəliklərdən geri çəkilmə barədə bəyanatın Konvensiyaya zidd olduğunu elan etməklə məhdudlaşırdı) 5-ci maddənin 5-ci bəndi də pozulub.
Nəticə: ikinci və dördüncü ərizəçi istisna olmaqla qalan bütün ərizəçilər barəsində pozuntu baş verib (yekdilliklə).
Maddə 3 – Avropa Konvensiyası hətta terrorizmə qarşı mübarizə kimi çətin şəraitdə belə, işgəncələri və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanı qəti şəkildə qadağan edir və şəxs necə davranmasından asılı olmayaraq bu cür rəftar və ya cəzaya məruz qalmamalıdır.
İkinci ərizəçinin şikayəti qəbul olunmayan elan edildi, çünki o, lüzumsuz məhrumiyyətlərə məruz qalmayaraq cəmi bir neçə gün həbsdə saxlanılmışdı. Qalan on ərizəçinin həbsdə saxlanma şəraiti 3-cü maddənin pozulduğu barədə qərar çıxarılmasına imkan verən qeyri-insani və ləyaqəti alçaldan rəftar həddinə çatmamışdı. Baxmayaraq ki, vəziyyətlərinin qeyri-müəyyənliyi və qeyri-müəyyən müddətə azadlıqdan məhrum edilmələri onlarda təşviş və iztirab hissləri doğurmuş və bəzilərinin psixi vəziyyətinə təsir göstərmişdi, ərizəçilər azad edilmə perspektivlərini və ya ümidlərini itirməmişdilər. Onlar 2001-ci il tarixli Qanun əsasında həbsdə saxlanılmalarının qanuniliyi məsələsindən SIAC-a və Lordlar Palatasına şikayət etmişdilər və şikayətləri təmin olunmuşdu. Bundan başqa, onlar beynəlxalq terrorizmdə şübhəli bilinən şəxslər kimi tanınmaları barədə qərardan fərdi şikayətlər verə bilərdilər və qanuna əsasən SIAC onların həbsdə saxlanılmalarının qanuniliyi məsələsinə hər altı aydan bir yenidən baxmağa borclu idi. Müvafiq olaraq, ərizəçilərin vəziyyəti ömürlük həbs cəzası almış və cəzalarının müddətinin azaldılmasına icazə verilməyən şəxslərin vəziyyəti ilə müqayisə oluna bilməzdi. Onların həbsdə saxlanma şəraiti nəzərə alına bilməzdi, çünki onlar inzibati və mülki qanunvericiliyə uyğun olaraq bütün məhbuslar üçün əlçatan olan daxili hüquqi müdafiə vasitələrini tükəndirməyə cəhd etməmişdilər.
Nəticə: on ərizəçi barəsində pozuntu baş verməyib, qalan bir ərizəçinin şikayəti isə qəbul edilən deyil (yekdilliklə).
Maddə 41 – Məhkəmə maddi və mənəvi ziyana görə ərizəçilərə 1.700 avrodan 3.900 avroyadək kompensasiya təyin etdi. Bu məbləğlər qanunsuz həbsdə saxlanılma ilə əlaqədar olan əvvəlki işlərlə müqayisədə xeyli aşağı idi, çünki onların həbsdə saxlanılmasını tənzimləyən qaydalar fövqəladə vəziyyət şəraitində hazırlanmış və bu zaman Hökumət cəmiyyətin terrorizmdən müdafiə edilməsi tələbatını ərizəçiləri real olaraq qəddar rəftara məruz qala biləcəkləri ölkələrə qaytarmamaq vəzifəsi ilə uzlaşdırmaq üçün vicdanlı səylər göstərmişdi. Bundan başqa, barələrində 5-ci maddənin 1-ci bəndinin pozulduğu haqqında Məhkəmə tərəfindən qərar çıxarılmış ərizəçilərin hamısı 2005-ci ilin martında azad edildikdən sonra onların nəzarətdə olmaları barədə qərarlar qəbul edildiyinə görə, iddia etmək olmaz ki, hətta pozuntular baş verməsəydi belə, onlar müəyyən məhdudiyyətlərə məruz qalmayacaqdılar.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy