© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
A.B. və C. İrlandiyaya qarşı [Böyük Palata] (A. B. and C. v. Ireland [GC]), ərizə № 25579/05
16.12.2010-cu il tarixli qərar [Böyük Palata]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət
İrlandiyada aborta qarşıqoyulan məhdudiyyətlər: birinci və ikinci ərizəçi barəsində pozuntu baş verməyib, üçüncü ərizəçi barəsində isə pozuntu baş verib
Faktlar – İrlandiyanın cinayət qanunvericiliyinə əsasən abort Şəxsiyyətə qarşı cinayətlər haqqında 1861-ci il tarixli Qanunun 58 və 59-cu maddələri ilə qadağan olunub. 1983-cü ildə keçirilmiş referendum İrlandiya Konstitusiyasının (Səkkizinci düzəliş) 40.3.3-cü maddəsinin qəbulu ilə nəticələndi, milli qanunvericilikdə ana hüquqlarına riayət edilməsini təmin edən həmin maddəyə əsasən dövlət, ananın yaşamaq hüququ da eyni dərəcədə nəzərə alınmaq şərti ilə, hələ dünyaya gəlməyən körpənin (dölün) yaşamaq hüququnu tanıdı. Həmin maddə 1992-ci ildə X-ın işində Ali Məhkəmə tərəfindən şərh olundu, həmin şərhə görə, ananın həyatına qarşı real və əhəmiyyətli təhlükə olduqda və həmin təhlükədən yalnız hamiləliyin dayandırılması yolu ilə yaxa qurtarmaq mümkün olduqda abort İrlandiyada qanuni sayılırdı. Ali Məhkəmə qeyd etdi ki, Konstitusiya ilə təmin olunan bu hüququ tənzimləyən qanunvericiliyin qəbul edilməməsindən təəssüflənir. 1992-ci ildə keçirilmiş daha bir referendum Konstitusiyaya On üçüncü və On dördüncü düzəlişlərin qəbulu ilə nəticələndi, həmin düzəlişlər abort üçün xaricə getməyə qoyulmuş qadağanı ləğv etdi və xaricdə qanuni abort etdirmə imkanı barədə informasiyaların İrlandiyada yayılmasına icazə verdi.
Hər üç ərizəçi bu işin hallarına aid olan dövrdə İrlandiyada yaşayırdılar, həmin vaxt onlar bilməyərəkdən hamilə olaraq abort etdirməyi qərara aldılar, çünki hesab edirdilər ki, şəxsi situasiyaları hamiləliyi sonadək davam etdirməyə imkan vermir. Birinci ərizəçi işsiz tənha qadın idi. Onun dörd azyaşlı uşağı qəyyumluğa verilmişdi, daha bir uşağın olması isə onun alkoqolla bağlı problemlərini aradan qaldırılmağa yönələn səyləri sayəsində uşaqlarını geri qaytarmaq şansını azalda bilərdi. İkinci ərizəçi tənha ana olmaq istəmirdi. O, ektopik (uşaqlıq yolu xaricində olan) hamiləlik təhlükəsi barədə tibbi məsləhət alsa da, abort etdirməyənə qədər bu təhlükə mövcud deyildi. Xərçəng xəstəsi olan üçüncü ərizəçi hamiləliyi davam etdirəcəyi təqdirdə həyatının təhlükəyə məruz qalıb-qalmayacağı, yaxud hamiləliyindən xəbər tutana qədər keçdiyi tibbi müayinələrin dölə nə dərəcədə mənfi təsir göstərəcəyi barədə məsləhət almaq üçün həkim tapa bilmirdi. İrlandiyada qüvvədə olan məhdudiyyətlər nəticəsində hər üç ərizəçi abort etdirmək üçün İngiltərədəki özəl klinikaya müraciət etməyə məcbur oldular və bunu bahalı, mürəkkəb və travmatik prosedur kimi xarakterizə etdilər. Birinci ərizəçi faizlə borca pul götürməyə məcbur oldu, hamiləliyin erkən mərhələsində olan üçüncü ərizəçi isə doqquz həftə ərzində cərrahi abort aparılmasını gözləməli oldu, çünki ölkə ərazisində yaşayış yeri olmayan şəxsi dərmanlardan istifadə etməklə abort etdirməyə hazır olan klinika tapa bilmirdi, belə ki, onun növbəti tibbi müayinələrdən keçməsi tələb olunurdu. Hər üç ərizəçi İrlandiyaya qayıtdıqdan sonra səhhətlərində ağırlaşma ilə üzləşdilər, amma aborta məhdudiyyətlər qoyulduğuna görə tibbi yardım üçün müraciət edə bilmədilər.
Avropa Məhkəməsinə şikayət ərizələrində birinci və ikinci ərizəçi şikayət etdilər ki, İrlandiyada abort etdirmək hüququna malik deyildilər, çünki İrlandiya qanunvericiliyinə əsasən aborta orqanizmin sağlamlığı və ya yararlılığı əsasında deyil, yalnız ananın həyatına qarşı təhlükənin mövcudluğu müəyyən edildiyi təqdirdə icazə verirdi. Üçüncü ərizəçi şikayət etdi ki, hamiləliyin həyatına təhlükə yaratdığını hesab etsə də, bunu sübuta yetirmək və bu yolla İrlandiyada abort etdirərkən məsuliyyətdən yaxa qurtarmaq üçün qanun və ya prosedur yox idi.
Hüquqi məsələlər – Maddə 8: Baxmayaraq ki, 8-ci maddə abort hüququ yaradan maddə kimi şərh oluna bilməz, birinci və ikinci ərizəçinin sağlamlıq və ya yararlılıq səbəblərinə görə İrlandiyada abort etdirə bilməməsi və üçüncü ərizəçinin İrlandiyada qanuni abort etdirmək üçün qoyulan şərtlərə cavab verib-vermədiyini müəyyənləşdirməsinin mümkün olmaması onların şəxsi həyatına hörmət hüququna aid məsələlərdir.
a) Birinci və ikinci ərizəçi – 8-ci maddədə nəzərdə tutulmuş şəxsi həyat termininin geniş anlayış olduğunu, o cümlədən şəxsi sərbəstliyi və fiziki və psixi toxunulmazlığı özündə ehtiva etdiyini nəzərə alsaq, sağlamlıq və ya yararlılıq səbəblərinə görə birinci və ikinci ərizəçinin hamiləliyinin dayandırılmasına qoyulan qadağa onların şəxsi həyatına hörmət hüququna müdaxilə təşkil edirdi. Bu müdaxilə qanuna uyğun idi və 1983-cü il referendumunun göstərdiyi kimi, İrlandiya xalqının əksər hissəsinin dərin mənəvi dəyərlərinin müdafiəsindən ibarət qanuni məqsəd daşıyırdı.
Bu cür halların son dərəcə həssas mənəvi və etik məsələlərə aid olduğunu nəzərə alsaq, hələ doğulmayan körpənin (dölün) İrlandiya qanunvericiliyində nəzərdə tutulmuş yaşamaq hüququ ilə birinci və ikinci ərizəçinin şəxsi həyatına hörmət hüququ arasında ədalətli balansı müəyyənləşdirərkən İrlandiya dövləti prinsipcə geniş qiymətləndirmə sərbəstliyinə malik idi. Baxmayaraq ki, İrlandiya qanunvericiliyində nəzərdə tutulan əsaslarla müqayisədə aborta daha geniş əsaslara görə icazə verən iştirakçı dövlətlərin böyük əksəriyyəti arasında bu məsələdə yekdil konsensus var, bu konsensus dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudlarını daraltmaq üçün həlledici əhəmiyyət daşımır. Həyatın hansı andan başladığını elmi və hüquqi cəhətdən müəyyənləşdirən anlayış məsələsində Avropada konsensus olmadığına görə və dölün hüquqları ilə ananın hüquqları qırılmaz surətdə əlaqəli olduğuna görə hələ doğulmayan körpənin (dölün) həyatının müdafiəsi məsələsində dövlətə verilən qiymətləndirmə sərbəstliyinin hüdudları labüd olaraq ananın müvafiq hüquqlarının müdafiəsi məsələsində dövlətə verilən qiymətləndirmə sərbəstliyinin hüdudları ilə əlaqəli şəkildə nəzərdən keçirilməlidir.
İrlandiyada uzunmüddətli, mürəkkəb və həssas müzakirələr zamanı abort haqqında qanunvericiliyin məzmunu məsələsində seçim etmək problemi ortaya çıxdı. İrlandiya qanunvericiliyi sağlamlıq və yaralılıq səbəblərinə görə İrlandiyada abortu qadağan etsə də, qadınlara abort etdirmək məqsədi ilə xaricdəki tibb ocaqlarına müraciət etmək imkanı verirdi. Mümkün seçim variantları barədə, o cümlədən xaricdə abortu həyata keçirən və abortdan əvvəl və sonra tibbi yardımı təmin edən tibb ocaqları barədə məlumat və məsləhət almanı təmin edən qanunvericilik aktları qəbul edildi. Həkimlərin məlumatlandırma funksiyası və müvafiq tibbi yardımı təmin etmək (xüsusən abortdan sonra) vəzifəsi Böhran hallarının qarşısının alınması üzrə agentliyin nəşrlərində və sənədlərində, habelə tibb peşəsinin rəhbər prinsiplərində qeyd edilmişdi. Birinci iki ərizəçi abortlar barəsində müvafiq informasiyalara və zəruri tibbi yardım almaq imkanına malik olmadıqlarını sübut edə bilmədilər.
Müvafiq olaraq, abort etdirmək üçün qanuni şəkildə xaricə getmək hüququnun mövcud olduğunu və İrlandiyada abortlar barəsində informasiyaların və zəruri tibbi yardımın əlçatan olduğunu nəzərə alsaq, İrlandiya xalqının dərin mənəvi dəyərləri əsasında İrlandiyada sağlamlıq və yaralılıq səbəblərinə görə abortun qadağan edilməsi məsələsində dövlət öz qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmayıb. Beləliklə, etiraz edilən qadağa birinci və ikinci ərizəçinin şəxsi həyatına hörmət hüququ ilə hələ doğulmayan körpənin (dölün) qorunmalı olan hüquqları arasında balansı pozmayıb.
Nəticə: birinci və ikinci ərizəçi barəsində pozuntu baş verməyib (altı səsə qarşı on bir səslə).
b) Üçüncü ərizəçi – Üçüncü ərizəçinin şikayəti həyatına qarşı təhlükə yaranması səbəbindən İrlandiyada qanuni abort etdirmək hüququna malik olub-olmadığını müəyyənləşdirə bilməsi üçün cavabdeh dövlətin müvafiq proseduru tətbiq etməkdən yayınması barəsində idi. O, xərçəng xəstəliyinin nadir növündən əziyyət çəkirdi və hamiləliyindən xəbər tutan kimi onda həyatına görə qorxu yaranmışdı, çünki hesab edirdi ki, hamiləlik onda xərçəng xəstəliyinin residivinə səbəb ola bilər və hamilə olduğu dövrdə İrlandiyada müalicə ala bilməz. Avropa Məhkəməsi hesab etdi ki, hamiləliyi ilə bağlı onun həyatına qarşı təhlükənin mövcudluğunun müəyyən edilməsi, şübhəsiz ki, onun şəxsi həyatına hörmət hüququnun fundamental dəyərlərinə və mühüm aspektlərinə aid məsələ idi.
Bu cür təhlükənin mövcudluğunun müəyyənləşdirilməsi üçün yeganə qeyri-məhkəmə vasitəsi olan, Hökumət tərəfindən istinad edilən adi tibbi məsləhət prosesinin səmərəliliyi ilə bağlı müəyyən problemlər vardı. Onlardan biri ondan ibarət idi ki, qadının İrlandiyada qanuni abort tələb etməsinə imkan verən əsas (yalnız hamiləliyin dayandırılması yolu ilə aradan qaldırılması mümkün olan həyata qarşı real və əhəmiyyətli təhlükə) ümumi sözlərlə ifadə edilmişdi. İrlandiya qanunvericiliyində bu təhlükənin qiymətləndirilməsi və ya müəyyənləşdirilməsi üçün meyarlar və ya prosedurlar göstərilməyib. Həmçinin qadınla həkim arasında və ya müxtəlif həkimlər arasında fikir ayrılığını həll etməyə imkan verən məcburi qüvvəyə malik hüquqi əsas da qanunvericilikdə yox idi. Aydın məsələdir ki, bu cür qeyri-müəyyən bir vəziyyətdə 1861-ci il tarixli Qanunun müddəaları tibbi məsləhət prosesində qadınlar və həkimlər üçün əhəmiyyətli dərəcədə çəkindirici amil idi, belə ki, bu cür hallarda qadınları məhkum olunma, həkimləri isə məhkum olunma və intizam tədbiri gözləyirdi.
Hökumətin qeyd etdiyi məhkəmə prosedurlarına gəlincə, üçüncü ərizəçinin İrlandiyada qanuni abort etdirmək üçün şərtlərə cavab verib-vermədiyini müəyyənləşdirmək üçün konstitusiya məhkəməsində icraat onun şəxsi həyatına hörmət hüququnun müdafiəsi üçün səmərəli hüquqi müdafiə vasitəsi deyildi. Konstitusiya məhkəmələri qadının abort etmək üçün şərtlərə cavab verib-vermədiyini müəyyənləşdirmək üçün münasib məkan deyil, bu məsələ xeyli dərəcədə tibbi sübutlardan asılıdır və həyat üçün təhlükə olduğu təqdirdə abort etdirmək hüququ şübhə altına alınmırsa, qadından mürəkkəb konstitusiya prosesinə başlamasını tələb etmək doğru deyil. O da aydın deyildi ki, həkimlərin abortu həyata keçirməsini tələb edən məhkəmə qərarı məcburi qaydada necə icra ediləcəkdi. Üçüncü ərizəçinin İnsan hüquqları haqqında Avropa Konvensiyasına dair 2003-cü il tarixli Qanuna istinad edərək 1861-ci il tarixli Qanunun müddəalarının həmin Qanuna zidd elan edilməsi və ziyanın kompensasiya olunması üçün ərizə ilə müraciət etmək imkanına malik olduğu barədə Hökumətin arqumentinə gəlincə, həmin müddəaların qanuna zidd elan edilməsi dövlətin üzərinə qanunvericiliyi dəyişməkdən ibarət məcburi öhdəlik qoymurdu və məcburi qaydada kompensasiya təyin edilməsi üçün əsas təşkil edə bilməzdi.
Müvafiq olaraq, nə tibbi məsləhət, nə də məhkəmə variantı üçüncü ərizəçinin İrlandiyada qanuni abort hüququnun təmin edilməsinə imkan yaradan səmərəli və əlçatan prosedur deyildi. Qanunvericilikdə Konstitusiyanın 40.3.3-cü maddəsinin icra mexanizminin olmamasından və abort hüququnun mövcudluğunun müəyyənləşdirilməsi üçün səmərəli və əlçatan prosedurların mövcud olmamasından irəli gələn qeyri-müəyyənlik İrlandiyada nəzəri cəhətdən mümkün olan qanuni abort hüququ ilə onun praktikada real şəkildə həyata keçirilməsi arasında heyrətamiz uyğunsuzluğa gətirib çıxarmışdı. Hökumət Konstitusiyanın 40.3.3-cü maddəsinin müddəalarının yerinə yetirilməsindən yayınması ilə bağlı inandırıcı izahat vermədi və yalnız onu etiraf etdi ki, hüquqi müəyyənliyin artırılması tələb olunur. Xülasə, dövlət orqanları üçüncü ərizəçinin şəxsi həyatına hörmət hüququnu real surətdə təmin etməkdən ibarət pozitiv öhdəliklərini yerinə yetirməyiblər, yəni üçüncü ərizəçinin İrlandiyada qanuni abort etdirmək üçün şərtlərə cavab verib-vermədiyini müəyyənləşdirə bilməsi üçün qanunların və ya normativ aktların icrasına imkan yaradan səmərəli və əlçatan prosedurun olmasını təmin etməyiblər.
Nəticə: üçüncü ərizəçi barəsində pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə üçüncü ərizəçiyə 15.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy