Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 198
İyul 2016-cı il
***
A.B. və başqaları Fransaya qarşı – ərizə № 11593/12]
12.7.2016 tarixli qərar [V Bölmə]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Qeyri-insani rəftar
Ölkədən çıxarılma proseduru çərçivəsində yetkinlik yaşına çatmayanların inzibati həbsi: pozuntular baş verib
Maddə 5
5-ci maddənin 1(f) bəndi
Ölkədən çıxarılma
Ölkədən çıxarılma proseduru çərçivəsində ailələr barəsində inzibati həbs tədbirinə alternativ olan tədbirlərin dövlət orqanları tərəfindən nəzərdən keçirilməsinin tələb olunması: ərizəçilərin bəzilərinə münasibətdə pozuntular baş verib, bəzilərinə münasibətdə isə pozuntu baş verməyib
[Bu icmal həmçinin aşağıdakı işlər üzrə 12 iyul 2016-cı il tarixli qərarları əhatə edir: R.K. və başqaları Fransaya qarşı (ərizə № 68264/14); R.C. və V.C. Fransaya qarşı (ərizə № 76491/14); R.M. və başqaları Fransaya qarşı (ərizə № 33201/11); A.M. və başqaları Fransaya qarşı (ərizə № 24587/12)]
Faktlar – Yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Rusiya, Ermənistan və Rumıniyadan gəlmiş ailələr olan ərizəçilər deportasiya prosedurları kontekstində Tuluza-Kornbarrye və Mets-Kale inzibati saxlama mərkəzlərinə yerləşdirildilər.
Hüquqi məsələlər
Maddə 3: Böyüklər tərəfindən müşayiət olunan yetkinlik yaşına çatmayanların inzibati həbs yerinə yerləşdirilməsinə aid işlərdə Məhkəmə o cümlədən bu qənaətə gəlib ki, üç amilin eyni vaxtda mövcudluğu ilə əlaqədar olaraq 3-cü maddənin pozuntusu baş verib: uşaqların azyaşlı olması, inzibati həbsin müddəti və müvafiq saxlanma yerlərinin uşaqlar üçün uyğunlaşdırılmaması (bax: Musxaciyeva və başqaları Belçikaya qarşı, ərizə № 41442/07, 19 yanvar 2010-cu il, 126 saylı Məlumat bülleteni; və Popov Fransaya qarşı, ərizə № 39472/07, 19 yanvar 2012-ci il, 148 saylı Məlumat bülleteni).
İnzibati həbs yerində saxlanmanın maddi şəraitinə gəlincə, Tuluza-Kornbarrye və Mets-Kale mərkəzləri ailələri qəbul etmələrinə "icazə verilən" mərkəzlər idi. Dövlət orqanları ailələrin digər saxlanılanlardan ayrı saxlanmasına və xüsusi olaraq onların ehtiyaclarına uyğunlaşdırılmış yataq otağı ilə və uşaqlara qulluq üçün müvafiq avadanlıqlarla təmin edilməsinə ciddi yanaşırdılar.
Lakin Tuluza-Kornbarrye mərkəzi aeroportun uçuş zolağının bilavasitə yaxınlığında tikilmişdi; buna görə də olduqca güclü səs-küyə məruz qalırdı. Beləliklə, müəyyən müddət bayırda oynamağa ehtiyacı olan uşaqlar həddən artıq səs-küyün təsirinə məruz qalırdılar.
Ümumiyyətlə, həbsdə saxlanma üçün səciyyəvi olan və xüsusən azyaşlı uşaqlar üçün çətinliklər yaradan məhdudiyyətlər, eləcə də mərkəzdə təşkil olunmuş yaşayış şəraiti qaçılmaz olaraq ərizəçilərin uşaqlarına narahatlıq yaradırdı. Konkret olaraq, onlar daim mərkəzdəki səsgücləndiricilər vasitəsilə səsləndirilən elanları dinləməli olurdular. Bundan başqa, Mets-Kele mərkəzində ailə zonasının daxili həyəti "kişi" zonasından yalnız metal məftillərlə ayrılmışdı ki, bu da həyətin daxilində baş verənlərin hamısını oradan müşahidə etməyə imkan verirdi.
Qısa müddət ərzində bu psixi və emosional problemlərin təkrarlanması və üst-üstə yığılması azyaşlı uşaqlara qaçılmaz olaraq mənfi təsir göstərirdi ki, bu da 3-cü maddənin tətbiq dairəsinə düşən müvafiq sərtlik dərəcəsini aşan təsir idi. Buradan belə nəticə çıxır ki, həbsdə saxlanmanın müddəti mühüm əhəmiyyət daşıyırdı.
Saxlanma müddəti qısa olsa da, dörd yaşlı uşağın yuxarıda qeyd edilən şəraitdə on səkkiz gün saxlanması normal müddət həddini aşmışdı (A.B. və başqalarının işi). Bundan əlavə, onu tək qoymaq yolverilməz olduğuna görə, valideynləri situasiyanın tələb etdiyi bütün toplantılara, məhkəmə iclaslarına və inzibati dinləmələrə gedərkən onu özləri ilə birlikdə aparmalı idilər. Belə yerlərə aparılarkən onun silahlı və uniformalı polis əməkdaşlarının yaxınlığında olması tələb olunurdu. Nəhayət, saxlanma yerində valideynlərinin emosional və psixi iztirabları ona təsir göstərirdi, belə ki, valideynləri uşağı qorumaq üçün onu baş verənlərdən kənarda saxlaya bilmirdilər.
Yuxarıda qeyd edilən inzibati həbs müddəti qısa olsa da, aşağıdakı hallarda normal müddət həddini aşmışdı:
i) iki yaş yarımlıq uşağın və dörd aylıq digər bir uşağın mərkəzdə azı yeddi gün saxlanması (A.B. və başqalarının işi);
ii) yeddi aylıq uşağın mərkəzdə azı yeddi gün saxlanması (R.M. və başqalarının işi);
iii) iki yaşlı uşağın mərkəzdə on gün saxlanması (R.C. və V.C.-nin işi);
iv) on beş aylıq uşağın mərkəzdə azı doqquz gün saxlanması (R.K. və başqalarının işi).
Nəticə: ərizəçilərin uşaqlarına münasibətdə pozuntu baş verib (yekdilliklə).
5-ci maddənin 1(f) bəndi: Valideynləri tərəfindən müşayiət olunan uşağın inzibati həbs mərkəzində saxlanması 5-ci maddənin 1(f) bəndinə yalnız o halda uyğun sayıla bilərdi ki, dövlət hakimiyyəti orqanları real olaraq hər hansı digər məcburiyyət tədbirinin tətbiqinin mümkün olmadığına əmin olduqdan sonra son vasitə kimi bu tədbirə əl atdıqlarını sübut etmiş olsunlar.
a) A.B. və başqalarının işi, R.M. və başqalarının işi və R.K. və başqalarının işi: Ailələrə münasibətdə inzibati həbs tədbirinə alternativ olan tədbirlərin tətbiqi nəzərdən keçirilməmişdi.
Nəticə: ərizəçilərin uşaqlarına münasibətdə pozuntu baş verib (yekdilliklə).
b) A.B. və başqalarının işi: Daha yüngül məcburiyyət tədbirinin tətbiqi prefekt tərəfindən rədd edilmiş və belə əsas gətirilmişdi ki, ərizəçi ölkəni tərk etməsinin təşkili məsələsində sərhəd polisi ilə əməkdaşlıqdan imtina edib, şəxsiyyət sənədləri olmayıb və yaşadığı yer də məlum olmayıb.
c) R.C. və V.C.-nin işi: Daha yüngül məcburiyyət tədbirinin tətbiqi prefekt tərəfindən rədd edilmiş və belə əsas gətirilmişdi ki, ərizəçi əvvəllər ağır cinayətlərə görə məhkum edilib, mənşə ölkəsinə qayıtmaq istəmədiyini bildirib və müəyyən yaşayış yeri olmayıb.
Beləliklə, dövlət hakimiyyəti orqanları faktiki olaraq bu ailələrin inzibati həbs yerinə yerləşdirilməsinin alternativinin olmadığını və bunun son vasitə olduğunu müəyyənləşdirməyə cəhd etmişdilər.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Məhkəmə həmçinin bu nəticəyə gəldi ki, ərizəçilər Rusiyaya geri göndəriləcəyi təqdirdə Konvensiyanın 3-cü maddəsi pozulmayacaq (R.M. və başqalarının işi və R.K. və başqalarının işi).
O həmçinin müəyyən işlərdə ərizəçilərin uşaqlarına münasibətdə 5-ci maddənin 4-cü bəndinin pozulduğunu (A.B. və başqalarının işi, R.M. və başqalarının işi və R.K. və başqalarının işi) və bütün ərizəçilərə münasibətdə 8-ci maddənin pozulduğunu müəyyən etdi (A.B. və başqalarının işi və R.K. və başqalarının işi).
Qalan işlərdə isə Məhkəmə ərizəçilərin uşaqlarına münasibətdə 5-ci maddənin 4-cü bəndinin və 8-ci maddənin pozulmadığını müəyyən etdi (A.M. və başqalarının işi və R.C. və V.C.-nin işi).
Maddə 41: mənəvi ziyana görə 1.500 avrodan 9.000 avroyadək məbləğlər təyin edildi.
Full & Egal Universal Law Academy