İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
ABDULQƏDİROV AZƏRBAYCANA QARŞI
(24510/06 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
20 iyun 2013-cü il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Abdulqədirov Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədr – İzabel Berro-Lefevr,
Hakimlər –
Elizabet Şteyner,
Xanlar Hacıyev,
Linos-Alexandre Sisilianos,
Erik Mose,
Kseniya Turkoviç,
Dmitri Dedov,
və Bölmə katibi – Soren Nilsen,
2013-cü il 28 may tarixdə şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Rizvan Məmməd oğlu Abdulqədirovun (ərizəçi) “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (Konvensiya) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 2006-cı il 29 may tarixində təqdim etdiyi şikayət (24510/06 nömrəli) ilə başlanmışdır.
2. Ərizəçi Bakıda fəaliyyət göstərən hüquqşünas cənab E.Osmanov tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökumətini (Hökumət) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.
3. Ərizəçi xüsusilə iddia etmişdir ki, işinə Apellyasiya Məhkəməsi və Ali Məhkəmədə baxılan zaman iclaslarda iştirakının təmin olunmaması nəticəsində ədalətli mühakimə hüququ pozulmuşdur.
4. 2009-cu il 8 iyun tarixdə ərizə Hökumətə göndərilmişdir. Eyni zamanda, ərizənin mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmaq qət olunmuşdur (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1958-ci ildə anadan olmuşdur və Bakı şəhərində yaşayır.
6. Ərizəçi mömin müsəlmandır. O, məsciddə olan zaman A. ilə tanış olmuşdur. Sonradan A. keçmişdə Əl-Qəidə ilə əlaqələrə malik olmaqda və Azərbaycanda terrorçu əməllər törətməyi planlaşdıran qrupun rəhbəri olmaqda şübhəli bilindiyi üçün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs olunmuşdur. Hakimiyyət orqanları qrupun dini fundamentalist qrup olduğunu hesab etmişdir (onları “Vəhhabizmin davamçıları adlandırırdılar”).
7. 2004-cü il 7 sentyabr tarixdə ərizəçi də həmin qrup ilə əlaqədə şübhəli bilindiyi üçün MTN-nin əməkdaşları tərəfindən həbs olunmuşdur.
8. Həmin gün onun evində aparılan axtarış zamanı hər hansı ittihamedici sübut əldə olunmamışdır. Lakin MTN əməkdaşları ərizəçinin mənzilində də axtarış aparmış və burada əl qumbarası tapılmışdır.
9. Ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 228.1-ci maddəsi əsasında qanunsuz silah saxlamağa görə ittiham irəli sürülmüşdür. Ərizəçi ilə yanaşı digər beş şəxsə (o cümlədən A.) qarşı da cinayət işi qaldırılmış və onlar ərizəçi ilə müqayisədə daha ağır cinayətlər törətməkdə ittiham olunmuşlar. Bu şəxslərdən dördü terror aktlarına hazırlıqda iştirakçılığa görə ittiham olunmuşlar.
10. 2004-cü il 10 sentyabr tarixdə məhkəmənin qərarı ilə ərizəçi barədə həbs qətimkan tədbiri seçilmişdir.
11. Ərizəçi ilə birgə digər beş təqsirləndirilən şəxsin işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə tərəfindən baxılmışdır. Məhkəmə baxışı qapalı keçirilirdi. Ərizəçinin sözlərinə görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə işə baxılan zaman o, əl qumbarasının ona məxsus olmadığını və MTN əməkdaşları tərəfindən həyat yoldaşını aldadaraq sonuncudan, ərizəçidən və hal şahidi olmaqları xahiş edilmiş iki şəxsdən 30 dəqiqə əvvəl həyat yoldaşının mənzilinə qoyulduğunu bildirmişdir.
12. 2005-ci il 7 fevral tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə ərizəçini qanunsuz silah saxlamaqda təqsirli bilərək üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Digər təqsirləndirilən şəxslər daha ağır cinayət (terrorçuluq) törətməkdə təqsirli bilinərək beş ildən on dörd ilə qədər uzun müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişlər.
13. 2005-ci il 18 fevral tarixdə ərizəçi hökmdən apellyasiya şikayəti verərək Apellyasiya Məhkəməsindən hökmü ona aid olan hissədə ləğv etməyi və onun barəsindəki cinayət işinə xitam verilməsini xahiş etmişdir. O, bir daha təkrar etmişdir ki, əl qumbarası ona məxsus deyil, iş materiallarında onun əleyhinə hər hansı sübut yoxdur və o, təqsirləndirildiyi cinayət əməlini törətməmişdir. O bildirmişdir ki, həyat yoldaşının evində əl qumbarasının tapılmasının əsasən ona qarşı yeganə sübut olduğu bir vəziyyətdə məhkəmə axtarışın qanunsuz şəkildə aparıldığını nəzərə almamış və axtarış nəticəsində əldə olunmuş sübutun mümkünlüyü və mötəbərliyini lazımı qaydada qiymətləndirməmişdir. O, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş ən ciddi cəzanı tətbiq etmiş və cəza təyin edən zaman şəxsiyyətini xarakterizə edən halları, xüsusilə yaşlı və xəstə anasının qayğısına qalmasını nəzərə almamışdır.
14. Digər təqsirləndirilən şəxslərdən də bəziləri apellyasiya şikayəti vermişdir.
15. 2005-ci il 22 mart tarixdə dövlət ittihamçısının iştirakı ilə, lakin təqsirləndirilən şəxslərin və onların vəkillərinin iştirakı olmadan keçirilmiş ilkin baxış zamanı Apellyasiya Məhkəməsi işin mahiyyətinə 2005-ci il 29 mart tarixdə baxılacağı və həmin iclasa yalnız dövlət ittihamçısı və təqsirləndirilən şəxslərin vəkillərinin dəvət ediləcəyi barədə qərar qəbul etmişdir. Apellyasiya Məhkəməsinin qərarında ilkin baxışın tarixi və yeri barədə təqsirləndirilən şəxslərə və onların vəkillərinə məlumat verilməsi barədə heç nə qeyd olunmamışdır (aşağıda 23-cü bəndə bax). Burada eyni zamanda, işə mahiyyəti üzrə baxılmasının “məhkəmə istintaqı” keçirilməklə və ya onsuz olacağı da qeyd edilməmişdir (aşağıda 24-cü bəndə bax).
16. 2005-ci il 29 mart tarixdə Apellyasiya Məhkəməsi bütün altı təqsirləndirilən şəxs, o cümlədən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxmışdır. Məhkəmə işə “məhkəmə istintaqı” keçirmədən, yəni işi yenidən tam şəkildə araşdırmadan baxmışdır (apellyasiya prosesinin “məhkəmə istintaqı” keçirilməklə və “məhkəmə istintaqı” keçirilmədən həyata keçirilməsi arasındakı fərqlərin izahı üçün aşağıda 25-ci bəndə bax). Ərizəçinin sözlərinə görə, Apellyasiya Məhkəməsində işə baxılması 10-12 dəqiqə çəkmişdir. İclas protokoluna görə ərizəçi iclasda iştirak etməmiş, lakin onun vəkili və dövlət ittihamçısı iştirak etmişdir. Həmin günü də Apellyasiya Məhkəməsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2005-ci il 7 fevral tarixli hökmünü dəyişdirmədən saxlamışdır. Apellyasiya Məhkəməsinin qərarı demək olar ki, 2005-ci il 7 fevral tarixli hökmü sözbəsöz təkrarlayırdı.
17. 2005-ci il 5 avqust tarixdə ərizəçi Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. O, xüsusilə bildirmişdir ki, onun Apellyasiya Məhkəməsində işə baxılan zaman iştirakının təmin olunmaması nəticəsində ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Ali Məhkəmə ərizəçinin kassasiya şikayətinə ayrıca baxmış və 2005-ci il 29 noyabr tarixdə aşağı məhkəmələrin qərarlarını dəyişdirmədən saxlamışdır. Ali Məhkəmənin qərarında ərizəçinin Apellyasiya Məhkəməsində işə baxılan zaman iştirak etməməsi ilə bağlı məsələyə toxunulmur. Ali Məhkəmədə işə baxılan zaman ərizəçini vəkili təmsil etmiş və o, şəxsən iştirak etməmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Apellyasiya Məhkəməsinin səlahiyyətləri
18. Cinayət Prosessual Məcəlləsinin (CPM) 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
19. CPM-nin 398-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması, birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarılması, birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək cinayət işi üzrə icraata xitam verilməsi və ya birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər.
B. Təqsirləndirilən şəxsin apellyasiya baxışında iştirakı
20. CPM-nin 91.5.25-ci maddəsinə görə təqsirləndirilən şəxsin birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək hüququ var.
21. CPM-nin 392.2-ci maddəsinə görə apellyasiya şikayətində və ya apellyasiya protestində məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsi barədə məsələ qoyulduqda, yaxud məhkəmə istintaqının aparılması apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri hesab edildikdə, məhkum edilmiş və ya bəraət almış şəxs, onların qanuni nümayəndələri apellyasiya instansiyası məhkəməsinin iclasına mütləq çağırılmalıdırlar. Belə hallarda dövlət ittihamçısı və cinayət prosesində iştirakı məcburi olan müdafiəçilər də çağırılırlar. Həmin maddəyə görə apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxsin məhkəmə baxışında iştirakı və onların gəlməməsinin nəticələri CPM-nin 311-ci maddəsinin tələblərinə müvafiq olaraq müəyyən olunur
22. CPM-nin 311-ci maddəsinə görə təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı məhkəmənin bütün iclaslarında iştirak edir və CPM-də müdafiə tərəfi üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir. 311.2-ci maddədə məhkəmənin təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxmasının iki müstəsna halı göstərilmişdir: (a) ölkə hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda və ya (b) böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda.
CPM-nin 311.4-cü maddəsinə görə Məcəllənin 311.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədikdə, məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir.
C. Apellyasiya şikayətinə apellyasiya məhkəməsi tərəfindən baxılması qaydası
23. CPM-nin 391.1-ci maddəsinə görə apellyasiya şikayətləri apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra apellyasiya instansiyası məhkəməsi 15 (bəzi hallarda 30) gün müddətində apellyasiya şikayətinin ilkin baxışını aparır. Apellyasiya şikayəti vermək hüququ olan şəxslər və dövlət ittihamçısı məhkəmənin iclasında iştirak etmək hüququna malikdirlər. Həmin şəxslər müəyyən edilmiş qaydada məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə əvvəlcədən xəbərdar edilirlər, lakin onların gəlməməsi apellyasiya şikayətinə ilkin baxılmasına mane olmur. Apellyasiya şikayətinə ilkin baxılması üzrə məhkəmə iclasında iştirak etmək barədə müraciət olduqda, apellyasiya instansiyası məhkəməsi həbsdə saxlanılan məhkumun gətirilməsi barədə qərar çıxarır.
24. İlkin baxış zamanı apellyasiya məhkəməsi mümkünlüklə bağlı müxtəlif məsələləri araşdırır və bir sıra prosessual məsələlər barədə qərar qəbul edir. Bundan sonra, CPM-nin 391.3.4-cü maddəsinə görə o, apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul edə bilər. CPM-nin 392.1-ci maddəsinə görə apellyasiya şikayətinin baxışını təyin edərkən apellyasiya instansiyası məhkəməsi, inter alia, aşağıdakı məsələləri həll edir: məhkəmə istintaqının aparılması zərurəti və onun həcmi haqqında; əlavə sübutların tələb edilməsinin zəruriliyi haqqında və məhkəmə iclasına çağırılmalı olan şəxslər haqqında;
25. CPM-nin 394.3-cü maddəsinə görə (burada CPM-nin 339-341-ci maddələrinə də istinadlar edilir) apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin baxışını məhkəmə istintaqını aparmadan keçirdikdə aşağıdakı hərəkətləri yerinə yetirir: a) inter alia, birinci instansiya məhkəməsinin hökmünün mahiyyətini izah etmək, apellyasiyanın səbəblərini ümumiləşdirmək və tərəflərin etirazlarının olub-olmadığını soruşmaqla iclası açıq elan edir; b) tərəflərə apellyasiya baxışı zamanı verilmiş əlavə vəsatətlər barədə məlumat verir; c) tərəflərin işin halları ilə bağlı dəlillərini dinləyir; d) tərəfləri yekun sözlə çıxış etməyə və digər tərəflərin yekun sözünə replika ilə cavab vermək hüququndan istifadə etməyə dəvət edir (CPM-nin 339-341-ci madələrində nəzərdə tutulmuş qaydada) və e) dinləmələri bağlı elan edir və müşavirə otağına keçir.
CPM-nin 394.4 və 394.6-cı maddələrinə görə (burada CPM-nin 324-341-ci maddələrinə istinadlar edilir) apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin baxışını məhkəmə istintaqını aparmaqla keçirdikdə, apellyasiya baxışı əsas etibarı ilə işə birinci instansiya məhkəməsində olduğu kimi tam şəkildə baxılması formasında olur (sadəcə olaraq baxış apellyasiya şikayətində qaldırılmış məsələlərlə məhdudlaşır). Xüsusilə, apellyasiya baxışı təxminən aşağıdakı kimi həyata keçirilir: məhkəmə a) inter alia, birinci instansiya məhkəməsinin hökmünün mahiyyətini izah etmək, apellyasiyanın səbəblərini ümumiləşdirmək və tərəflərin etirazlarının olub-olmadığını soruşmaqla iclası açıq elan edir; b) dövlət ittihamçısının ittiham aktının nəticəvi hissəsini elan etmək, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini və təqsirləndirilən şəxs kimi onun hüquqlarını izah etməklə və təqsirləndirilən şəxsdən özünü təqsirli bilib-bilməməsini soruşmaqla “məhkəmə istintaqına” başlayır; c) təqsirləndirilən şəxsi işin bütün halları ilə bağlı dindirir və digər tərəfə onu dindirmək imkanı verir və zəruri olduğu halda məhkəmə baxışı mərhələsinə qədər təqsirləndirilən şəxs tərəfindən verilmiş digər ifadələri araşdırır; d) sübutların təqdim edilmə ardıcıllığını müəyyən edir, tərəfləri sübutlar təqdim etməyə dəvət edir və açıq iclasda sübutları araşdıraraq tərəflərə şahidləri çarpaz dindirmək imkanı verir: bura şahidlərin dindirilməsi, onların ifadələrinin oxunması, zərərçəkmişlərin dindirilməsi, ekspert rəylərinin araşdırılması, ekspertlərin dindirilməsi, maddi və sənəd xarakterli sübutların araşdırılması və sairə daxildir; e) məhkəmənin çıxışları yekunlaşdırmağa hazır olduğu barədə tərəflərə məlumat verməklə və onların əlavə vəsatətlərinin olub-olmadığını soruşmaqla “məhkəmə istintaqını” bağlı elan edir; f) tərəfləri yekun sözlə çıxış etməyə və digər tərəflərin yekun sözünə replika ilə cavab vermək hüququndan istifadə etməyə dəvət edir; g) təqsirləndirilən şəxsə son söz demək üçün imkan yaradır və h) dinləmələri bağlı elan etməklə müşavirə otağına keçir.
D. Kassasiya məhkəməsinin səlahiyyətləri və təqsirləndirilən şəxsin kassasiya icraatında iştirakı
26. CPM-nin 419-cu maddəsinə görə Ali Məhkəmə kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və CPM-nin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayəti vermək hüququ olan şəxslər və kassasiya instansiyasında ittiham tərəfi təmsil edən dövlət ittihamçısı məhkəmənin iclasında iştirak etmək hüququna malikdirlər (CPM-nin 419.2-ci maddəsi). Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması Ali Məhkəmə iclasının davam etdirilməsini istisna etmir (CPM-nin 419.4-cü maddəsi).
E. Cinayət Məcəlləsi
27. Cinayət Məcəlləsinin 228.1-ci maddəsi (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maksimum üç il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİ VƏ 3-CÜ BƏNDİNİN C) YARIMBƏNDİNİN POZULMASI İDDİASI
28. Ərizəçi şikayət edərək bildirmişdir ki, işinə Apellyasiya Məhkəməsi və Ali Məhkəmədə baxılan zaman iclaslarda iştirakının təmin edilməməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 3-cü bəndinin c) yarımbəndi ilə nəzərdə tutulmuş ədalətli mühakimə hüququ pozulmuşdur. Burada qeyd olunur:
“1. “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən...məhkəmə vasitəsi ilə...işinin ədalətli...araşdırılması hüququna malikdir. ”
3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:
...
(c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək ...”
A. Ərizənin mümkünlüyü
29. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinin mənasında əsassız deyil. Bundan əlavə, o qeyd edir ki, şikayət istənilən digər əsaslara görə də mümkünsüz hesab edilə bilməz. Buna görə də o, mümkün elan olunmalıdır.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin izahatları
30. Hökumət bildirmişdir ki, ərizəçinin işinə birinci instansiya məhkəməsi tərəfindən ədalətli şəkildə baxılmışdır. Ərizəçi və onun vəkili işə birinci instansiya məhkəməsində baxılan zaman bütün iclaslarda iştirak etmişlər. İşə Apellyasiya Məhkəməsində baxılmasına gəlincə, Hökumət bildirmişdir ki, hazırkı işdə Apellyasiya Məhkəməsi işin mahiyyətinə “məhkəmə istintaqı” keçirmədən baxmaq qərarına gəlmişdir və apellyasiya şikayətinə baxılması nəticəsində ərizəçinin vəziyyətinin pisləşməsi imkanı yox idi. Belə vəziyyətdə CPM-nin 392.2-ci maddəsinə görə Apellyasiya Məhkəməsi ərizəçinin iştirakı olmadan “işə baxmaq hüququna malik idi”. Bundan əlavə, ərizəçinin vəkili işə mahiyyəti üzrə baxılan zaman iştirak edirdi və ona ərizəçinin xeyrinə dəlillər irəli sürmək imkanı verilmişdi. Xüsusilə, CPM-nin 394.3-cü maddəsinə görə müdafiə tərəfi apellyasiya şikayətini müdafiə etmək üçün ifadələr vermişdir. Yekunda Hökumət bildirmişdir ki, Apellyasiya Məhkəməsində işə baxılması zamanı tərəflərin hüquq bərabərliyi tam şəkildə təmin olunmuşdur.
31. Hökumət ərizəçinin işə Ali Məhkəmədə baxılması zamanı iclasda iştirak etməməsi məsələsi ilə bağlı bildirmişdir ki, ölkədaxili qanunvericiliyə əsasən Ali Məhkəmə yalnız hüquqi məsələlərlə bağlı işlərə baxır. Hökumət belə bir qənaətə gəlmişdir ki, ərizəçi Ali Məhkəmədə vəkil tərəfindən təmsil olunduğundan, onun iclasda iştirak etməməsi nəticəsində müdafiə hüquqları pozulmamışdır.
32. Ərizəçi öz şikayətlərini təkrar etmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
33. Məhkəmə təkrar edir ki, bütövlükdə götürüldükdə 6-cı maddənin obyekti və məqsədi cinayət törətməkdə ittiham edilən şəxsin məhkəmə baxışında iştirak etməsini nəzərdə tutur. Bundan əlavə, 3-cü bəndin c), d) və e) yarımbəndləri cinayət törətməkdə ittiham olunan hər kəsin özünü şəxsən müdafiə etmək, şahidləri dindirmək, məhkəmə baxışının aparıldığı dili bilmədikdə tərcüməçinin yardımından istifadə etmək hüquqlarını təmin edir və bir kəsin məhkəmə baxışında iştirak etmədən bu hüquqlardan necə istifadə edəcəyini anlamaq çətindir (bax: “Kolozza İtaliyaya qarşı” (Colozza v. Italy, 12 February 1985, § 27, Series A no. 89)). Cinayət işində təqsirləndirilən şəxsin məhkəmə iclasında iştirakını təmin etmək hüququ (istər ilkin məhkəmə baxışı, istərsə də işə yenidən baxılması zamanı) 6-cı maddənin əsas tələblərindən biri kimi çıxış edir (bax: “Stoiçkov Bolqarıstana qarşı” (Stoichkov v. Bulgaria, no. 9808/02, § 56, 24 March 2005)).
34. Apellyasiya məhkəməsi instansiyasında təqsirləndirilən şəxsin məhkəmə baxışında şəxsən iştirakı birinci instansiya məhkəməsində olduğu qədər əhəmiyyətə malik deyildir (bax: “Kamasinski Avstriyaya qarşı” (Kamasinski v. Austria, 19 December 1989, § 106, Series A no. 168)). 6-cı maddənin apellyasiya məhkəmə instansiyasında işə baxılmasına tətbiqi qaydası müvafiq prosesin xüsusiyyətlərindən asılıdır. Burada ölkədaxili hüquq qaydasında bütövlükdə məhkəmə prosesi özü və burada apellyasiya məhkəməsinin rolu nəzərə alınmalıdır (bax: “Ekbatani İsveçə qarşı” (Ekbatani v. Sweden, 26 May 1988, § 27, Series A no. 134)).
35. Faktların müəyyən edildiyi proseslərdən fərqli olaraq, apellyasiyaya icazə verilməsi və yalnız hüquqi məsələlərlə bağlı proseslərdə hətta apellyasiya və ya kassasiya məhkəməsi tərəfindən ərizəçiyə prosesdə şəxsən iştirak etmək imkanı verilmədikdə belə, 6-cı maddənin tələbləri pozulmuş olmur, bir şərtlə ki, o, birinci instansiya məhkəməsində işə baxılması zamanı iştirak etsin (digər qərarlarla yanaşı bax: apellyasiyaya icazə məsələsi ilə bağlı, “Monnel və Morris Birləşmiş Krallığa qarşı” (Monnell and Morris v. the United Kingdom, 2 March 1987, § 58, Series A no. 115) və kassasiya mərhələsi ilə bağlı, “Sutter İsveçrəyə qarşı” (Sutter v. Switzerland, 22 February 1984, § 30, Series A no. 74)).
36. İstər faktiki, istərsə də hüquqi məsələlərin yoxlandığı apellyasiya prosesində 6-cı maddə heç də həmişə iclasın açıq keçirilməsi hüququ, prosesdə şəxsən iştirak etmək hüququnun təmin olunmasını tələb etmir (bax: “Fejde İsveçə qarşı” (Fejde v. Sweden, 29 October 1991, § 33, Series A no. 212-C)). Bu məsələni həll etmək üçün digər mülahizələrlə yanaşı, sözügedən prosesin xüsusiyyətləri və xüsusilə apellyasiya məhkəməsi tərəfindən barəsində qərar qəbul ediləcək məsələlərin xarakteri və onların ərizəçi üçün əhəmiyyəti nəzərə alınaraq, bu instansiyada ərizəçinin maraqlarının təmsil olunması və müdafiə edilməsi qaydası diqqətə alınmalıdır (digər qərarlarla yanaşı bax: “Kremzov Avstriyaya qarşı” (Kremzow v. Austria, 21 September 1993, § 59, Series A no. 268-B)” “Beljuk Polşaya qarşı” (Belziuk v. Poland, 25 March 1998, § 37, Reports of Judgments and Decisions 1998-II) və “Hermi İtaliyaya qarşı” (Hermi v. Italy [GC], no. 18114/02, § 62, ECHR 2006‑XII)). Misal üçün, apellyasiya məhkəməsi təqsirlilik və ya təqsirsizliklə bağlı məsələni tam qiymətləndirməli olan zaman təqsirləndirilən şəxsin cinayət əməli olması iddia edilən hərəkəti etmədiyini sübut etmək məqsədilə şəxsən verdiyi ifadəni qiymətləndirmədən bu barədə qərar qəbul edə bilməz (bax: “Dondarini San Marinoya qarşı” (Dondarini v. San Marino, no. 50545/99, § 27, 6 July 2004)).
37. Məhkəmə daha sonra təkrar edir ki, tərəflərin bərabərliyi prinsipi ədalətli mühakimə kimi geniş konsepsiyasının elementlərindən biridir. Bu konsepsiya, həmçinin cinayət prosesinin çəkişmə prinsipi əsasında həyata keçirilməsi kimi fundamental hüququ da ehtiva edir. Tərəflərin bərabərliyi prinsipi hər bir tərəfə öz işini opponenti ilə müqayisədə əhəmiyyətli dərəcədə əlverişsiz şərtlərə məruz qalmadan təqdim edə bilməsi üçün ağlabatan imkan verilməsini tələb edir (bax: “Nideröst-Huber İsveçrəyə qarşı” (Nideröst‑Huber v. Switzerland, 18 February 1997, § 23, Reports 1997-I)). Çəkişmə əsasında məhkəmə baxışı hüququ o deməkdir ki, həm ittiham, həm də müdafiə tərəfinə digər tərəfin etdiyi qeydlər və verdiyi sübutlardan xəbərdar olmaq və onlarla bağlı mövqelərini bildirməyə imkan yaradılmalıdır (bax: “Brandstetter Avstriyaya qarşı” (Brandstetter v. Austria, 28 August 1991, §§ 66-67, Series A no. 211)).
(b) Yuxarıdakı prinsiplərin hazırkı işə tətbiqi
38. Məhkəmə ilk əvvəldən qeyd edir ki, o, CPM-nin 392.2-ci maddəsinin Apellyasiya Məhkəməsinə apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxıldığı və apellyasiya şikayətinin araşdırılmasının təqsirləndirilən şəxsin vəziyyətinin pisləşməsinə gətirib çıxarmayacağı zaman məhkəmə baxışını təqsirləndirilən şəxsin iştirakı olmadan keçirməyə açıq şəkildə hüquq verən müddəa olması barədə Hökumətin dəlili onun üçün inandırıcı görünmür. Məhkəmə qeyd edir ki, ümumiyyətlə, CPM açıq şəkildə təqsirləndirilən şəxsin ikinci instansiyada həyata keçirilən apellyasiya baxışında iştirak etmək hüququnu təmin edir və bununla bağlı Məhkəmə, xüsusilə CPM-nin 91.5.25-ci maddəsinə istinad edir (yuxarıda 20-ci bəndə bax). İlk baxışdan belə görünür ki, CPM-nin 392.2-ci maddəsi təqsirləndirilən şəxsin iştirakının məcburi olduğu halları sadalamaqla bu hüququn əhəmiyyətini bir qədər də gücləndirir (yuxarıda 21-ci bəndə bax). Bundan əlavə, Hökumət 392.2-ci maddədə təsbit edilmiş şərtlər olmadan ərizəçinin CPM-nin 91.5.25-ci maddəsi ilə birmənalı şəkildə bəyan edilmiş prosesdə iştirak etmək hüququna hansı səbəbdən məhəl qoyulmadığını göstərməmişdir. Eyni zamanda, Hökumət dəlillərini təsdiq etmək üçün bu hüquq normalarının təfsirini əks etdirən hər hansı daxili məhkəmə təcrübəsinə də istinad etməmişdir. Bundan əlavə, CPM açıq şəkildə təqsirləndirilən şəxsin ikinci instansiya məhkəməsində iştirakı hüququndan iki istisna hal müəyyən etmiş (yuxarıda 22-ci bəndə bax), lakin hazırkı işdə bu hallardan heç biri olmamışdır.
39. Hər bir halda, hazırkı şikayətin araşdırılması üçün təqsirləndirilən şəxsin şəxsən iştirakına dair ölkədaxili qanunvericilik normaları o qədər də mühüm rol oynamır. Belə ki, bu işdə Məhkəmənin vəzifəsi ərizəçinin Apellyasiya Məhkəməsində işə baxılması zamanı iştirakının təmin olunmamasının milli qanunvericiliyə münasibətdə müstəqil xarakter daşıyan Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olub-olmadığını müəyyən etməkdir.
40. Məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin Apellyasiya Məhkəməsində işə mahiyyəti üzrə baxılan zaman iştirakının təmin olunmaması məsələsinə onun və vəkilinin apellyasiya şikayətinə ilkin baxış zamanı iştirak etməməsi məsələsi ilə birgə baxılmalıdır.
41. Məhkəmə qeyd edir ki, Azərbaycanın hüquq sisteminə görə Apellyasiya Məhkəməsi işin həm faktiki, həm də hüquqi məsələlərinə baxmaq və təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olması ilə bağlı qəbul edilmiş qərarı tam şəkildə yenidən araşdırmaq hüququna malikdir. Zəruri olduğu hallarda, Apellyasiya Məhkəməsi işə yenidən baxmaq və sübutları birbaşa araşdırmaq, şahidləri dindirmək və s. səlahiyyətlərə malikdir.
42. Apellyasiya şikayətini əsaslandıran zaman ərizəçi barəsində çıxarılmış ittiham hökmünü və çıxarılmış cəzanı istər faktiki, istərsə də hüquqi əsaslara görə mübahisələndirmişdir. O, xüsusilə bildirmişdir ki, onun təqsiri qanuni yolla əldə olunmuş dəlillərlə sübuta yetirilməmiş və birinci instansiya məhkəməsi onun əleyhinə olan yeganə sübut, axtarış zamanı prosessual normaların iddia edilən pozulması ilə əl qumbarasının tapılması faktının mümkünlüyü və mötəbərliyini lazımı qaydada qiymətləndirə bilməmişdir. Məhkəmənin mövqeyinə görə bu arqumentlər onu göstərir ki, ərizəçi axtarışın həyata keçirilmə şəraitinin Apellyasiya Məhkəməsi tərəfindən yenidən araşdırılmasını və əldə olunmuş sübutun mümkünlüyü və mötəbərliyinə dair yeni qərar qəbul edilməsini arzu etmişdir. Bundan əlavə, ərizəçi, həmçinin şikayət edərək bildirmişdir ki, məhkəmə onun şəxsiyyətini xarakterizə edən halları lazımı qaydada nəzərə almadan Cinayət Məcəlləsinin müvafiq maddəsində təsbit edilmiş ən ağır cəzanı tətbiq etmişdir. Buna görə də buradan belə görünür ki, ərizəçi apellyasiya şikayətində Apellyasiya Məhkəməsindən barəsində çıxarılmış ittiham hökmü və cəzanın bütün faktiki və hüquqi əsaslarına yenidən baxılmasını xahiş etmişdir.
43. Hökumətin mövqeyinə görə Apellyasiya Məhkəməsi 2005-ci il 22 mart tarixdə keçirilmiş ilkin baxış zamanı işə tam şəkildə yenidən baxmamaq (başqa sözlə məhkəmə istintaqı keçirmədən işə baxmaq) qərarına gəlmişdir. Lakin Məhkəmə qeyd edir ki, Hökumətin arqumentinə və CPM-nin 392.1-ci maddəsinin tələblərinə (yuxarıda 24-cü bəndə bax) baxmayaraq, Apellyasiya Məhkəməsinin 2005-ci il 22 mart tarixli qərarında məhkəmə istintaqı ilə bağlı heç nə qeyd olunmamış və ümumiyyətlə, bu məsələyə toxunulmamışdır (yuxarıda 15-ci bəndə bax). Faktiki olaraq Apellyasiya Məhkəməsi prosesi məhkəmə istintaqı olmadan keçirsə də, Məhkəmə qeyd edir ki, nə ilkin baxış, nə də ki, işə mahiyyəti üzrə baxılması zamanı qəbul edilmiş qərarlarında Apellyasiya Məhkəməsi prosesi bu qaydada həyata keçirməklə bağlı qeyri-rəsmi qərarının hər hansı səbəbini göstərmiş və ya ərizəçinin şikayətinə hansı səbəbdən məhkəmə istintaqı keçirilmədən baxıldığını izah etmişdir.
44. Bundan əlavə, Məhkəmə ilk növbədə qeyd edir ki, Apellyasiya Məhkəməsi 2005-ci il 22 mart tarixində keçirilmiş ilkin baxış zamanı dövlət ittihamçısının ifadəsini dinləmiş və nə ərizəçi, nə də onun vəkili burada iştirak etmişlər. Beləliklə də, müdafiə tərəfi ittiham tərəfi ilə müqayisədə əlverişsiz vəziyyətə qoyulmuşdur. Belə ki, o, apellyasiya şikayətində qaldırılmış məsələlərə tam şəkildə baxılmasının təmin edilməsi məqsədilə məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsinin xeyrinə dəlillərini irəli sürmək imkanına malik olmamış və bundan əlavə, ona dövlət ittihamçısının şifahi ifadələrindən xəbərdar olmaq və ya bunlar barədə fikrini bildirmək imkanı da yaradılmamışdır.
45. İkincisi, Apellyasiya Məhkəməsi işə mahiyyəti üzrə baxmaq üçün bir iclas keçirmiş, burada ərizəçinin vəkili iştirak etmiş və iclas 10-12 dəqiqə arasında davam etmişdir. Apellyasiya Məhkəməsi iş materialları əsasında birinci instansiya məhkəməsinin gəldiyi nəticələri araşdırmış və ərizəçinin vəkilini apellyasiya şikayətinin dəlilləri ilə bağlı ifadəsini, həmçinin dövlət ittihamçısının əks arqumentlərini dinləmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda bildirildiyi kimi müdafiə tərəfinin Apellyasiya Məhkəməsi qarşısında qaldırdığı məsələlər digər məsələlərlə yanaşı, ərizəçinin şəxsiyyətini xarakterizə edən hallarla bağlı idi və buna görə də onun birbaşa dindirilməsi zəruri idi.
46. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, müdafiə tərəfinin iştirakı olmadan ilkin baxışı keçirməklə, heç bir rəsmi qərar qəbul etmədən işə tam şəkildə yenidən baxılması imkanını aradan qaldırmaqla və müdafiə tərəfinə buna qarşı dəlillərini irəli sürmək üçün şərait yaratmamaqla, həmçinin sonradan ərizəçinin iştirakı olmadan apellyasiya şikayətinə mahiyyəti üzrə baxmaqla Apellyasiya Məhkəməsi ərizəçini tərəflərin bərabərliyi və prosesin çəkişmə əsasında həyata keçirilməsi prinsiplərinə uyğun şəkildə apellyasiya şikayətinin dəlilləri barədə öz mövqeyini səmərəli şəkildə bildirmək imkanından məhrum etmiş və apellyasiya şikayətinin dəlillərinin ən azından prima facie ərizəçinin birbaşa dindirilməsini tələb etməsinə baxmayaraq, onu prosesdə bilavasitə iştirak etmək hüququndan məhrum etmişdir. Ərizəçinin vəkilinin işə mahiyyəti üzrə baxılması zamanı iştirak etməsi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qısa ifadə verməsinə icazə verilməsi vəziyyəti yaxşılığa doğru dəyişməmişdir.
47. Bundan əlavə, Məhkəmə iş materialını nəzərə alaraq qeyd edir ki, ərizəçinin hər hansı bir şəkildə apellyasiya prosesində iştirak etmək hüququndan imtina etdiyini demək olmaz (misal üçün bax: “Samoxvalov Rusiyaya qarşı” (Samokhvalov v. Russia, no. 3891/03, §§ 55 et seq., 12 February 2009)).
48. Beləliklə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 3-cü bəndinin c) yarımbəndi pozulmuşdur.
49. Məhkəmə yuxarıdakı nəticələri nəzərə alaraq ərizəçinin Ali Məhkəmənin iclasında iştirakının təmin olunmaması ilə bağlı şikayətini ayrıca araşdırmağı zəruri hesab etmir.
II. KONVENSİYANIN DİGƏR İDDİA OLUNAN POZUNTULARI
50. Ərizəçi həmçinin 3, 5, 6, 7, 13 və 14-cü maddələr əsasında cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin pis olmasından, həbsi və ibtidai həbsinin Konvensiyanın bir sıra tələblərinə uyğun həyata keçirilməməsindən, Ali Məhkəmənin sədri (o, ərizəçinin işinə baxılmasında şəxsən iştirak etməmişdir) və ərizəçinin ittiham aktını imzalayan prokurorun eyni şəxs olması ilə əlaqədar Ali Məhkəmənin qərəzsiz olmamasından, xüsusilə ağır cinayətlər üzrə işlərə baxmaq üçün yaradılmış Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin onun işinə baxmasının düzgün olmamasından, işində dövlətdaxili səmərəli hüquq müdafiə vasitələrinin olmamasından və vəhabiçiliklə əlaqədə şübhələndiyi üçün ona qarşı ayrı-seçkilik edilməsindən şikayət etmişdir.
51. Məhkəmə işdə olan bütün materialları nəzərə alaraq barəsində şikayət verilmiş məsələlərin onun səlahiyyətinə aid olan hissədə hesab edir ki, ərizənin bu hissəsində ərizəçi tərəfindən iddia edilmiş pozuntu faktları müəyyən edilməmişdir. Buradan belə çıxır ki, bu hissədə ərizə 35-ci maddənin 3-cü bəndinin a) yarımbəndinə görə açıq-aşkar mümkünsüzdür və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq rədd olunmalıdır.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
52. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır”.
A. Ziyan
1. Maddi ziyan
53. Ərizəçi həbsi və azadlıqdan məhrum edildiyi dövrdə əmək haqqını itirməsi ilə ona dəymiş maddi ziyana görə 13 200 avro məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir.
54. Hökumət tələbin əsassız olduğunu və ərizəçinin dəlillərini təsdiq etmək üçün hər hansı sübut təqdim etmədiyini bildirmişdir.
55. Məhkəmə hesab edir ki, iddia edilən maddi ziyanla müəyyən edilmiş pozuntu arasında səbəbiyyət əlaqəsi yoxdur. Buna görə də o, ərizəçinin bu hissədə tələbini rədd edir.
2. Mənəvi ziyan
56. Ərizəçi mənəvi ziyana görə 150 000 avro məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir.
57. Hökumət məbləğin şişirdilmiş olduğunu bildirmişdir. Hökumət əlavə etmişdir ki, Məhkəmə bu işdə Konvensiya normalarının pozuntusu faktını müəyyən edərsə, ərizəçi işinə ölkə məhkəmələri tərəfindən yenidən baxılması hüququna malik olacaq. Buna görə də pozuntu faktının təsbit edilməsi ərizəçinin məruz qaldığı mənəvi ziyana görə qənaətbəxş təzminat kimi çıxış edəcəkdir.
58. Məhkəmə hesab edir ki, ərizəçi mənəvi sarsıntılara məruz qalmışdır və yalnız pozuntu faktının müəyyən edilməsi ilə onu kompensasiya etmək mümkün deyildir. Bununla belə, tələb olunmuş konkret məbləğ həddindən artıqdır. Məhkəmə Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi ədalətli əsasda qiymətləndirmə apararaq ərizəçiyə dəymiş mənəvi ziyana görə, ondan tutulacaq vergilər də daxil olmaqla 2400 avro məbləğində kompensasiyanın ödənilməsini qət edir.
59. Məhkəmə təkrar edir ki, ərizəçi Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına baxmayaraq, məhkum edilmişdirsə, o, mümkün olduğu qədər bu müddəaların tələblərinin pozulmayacağı təqdirdə olacağı vəziyyətə qaytarılmalıdır (bax: “Piersak Belçikaya qarşı” (Piersack v. Belgium (Article 50), 26 October 1984, § 12, Series A no. 85)). Yuxarıda təsbit olunduğu kimi hazırkı işdə apellyasiya prosesi ədalətlilik tələblərinə uyğun gəlməmişdir. Belə vəziyyətdə hüquqların bərpasının ən münasib forması ərizəçi ilə bağlı prosesin Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə apellyasiya şikayətinə yenidən baxılması ola bilərdi (bax: mutatis mutandis, “Somoqyi İtaliyaya qarşı” (Somogyi v. Italy, no.67972/01, § 86, ECHR 2004‑IV); “Maksimov Azərbaycana qarşı” (Maksimov v. Azerbaijan, no. 38228/05, § 46, 8 October 2009) və “Abbasov Azərbaycana qarşı” (Abbasov v. Azerbaijan, no. 24271/05, §§ 41-42, 17 January 2008)). Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi Avropa Məhkəməsinin Konvensiyanın pozulması faktını təsbit etdiyi hallarda cinayət işinə Ali Məhkəmənin Plenumu tərəfindən yeni hallar üzrə yenidən baxılmasını və işin yenidən araşdırılması üçün göndərilməsini təmin edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 455, 456 və 459-cu maddələrinin müvafiq mətnləri ilə tanış olmaq üçün bax: “İnsanov Azərbaycana qarşı” (Insanov v. Azerbaijan, no. 16133/0, § 102, 14 March 2013)).
B. Məhkəmə xərcləri
60. Ərizəçi həmçinin Məhkəmədə işə baxılması ilə əlaqədar çəkilmiş xərclərə görə 4 000 avro məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir.
61. Hökumət bildirmişdir ki, ərizəçi bu hissədə tələbini sübuta yetirmək üçün hər hansı sənəd təqdim etməmişdir.
62. Məhkəmənin presedent hüququna görə ərizəçiyə çəkdiyi xərc və məsrəflərə görə o zaman kompensasiya ödənilir ki, o, bu xərclərin həqiqətən də və zəruri olaraq çəkildiyini və məbləğinin ağlabatan olduğunu sübut edə bilsin. Hazırkı işdə Məhkəmə mövcud sənədlər əsasında ərizəçiyə məhkəmə xərclərinə görə, ondan tutulacaq vergilər də daxil olmaqla 1000 avro məbləğində kompensasiyanın ödənilməsini qət edir.
C. Faizlərin ödənilməsi
63. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Apellyasiya prosesinin ədalətliliyi ilə bağlı şikayəti mümkün və ərizəni digər hissələrdə mümkünsüz elan edir;
2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 3-cü bəndinin c) yarımbəndinin pozulduğunu qət edir;
3. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində, tutulacaq vergilər də daxil olmaqla, ərizəçiyə vurulmuş mənəvi ziyana görə 2 400 avro (iki min dörd yüz avro) və məhkəmə xərclərinə görə 1 000 avro (min avro) məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
4. Ərizəçinin ədalətli kompensasiya tələbini digər hissələrdə rədd edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 2013-cü il 20 iyun tarixdə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen İzabel Berro-Lefevr
Bölmə katibi Sədr
Full & Egal Universal Law Academy