İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
ABİL AZƏRBAYCANA QARŞI
(16511/06 nömrəli şikayət)
QƏRAR
STRASBURQ
21 fevral 2012-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər
Abil Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədrlik edən - Nina Vajiç,
Hakimlər -
Peer Lorenzen,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Linos-Aleksandr Sisilianos,
Erik Mose,
və Bölmə katibi – Soren Nilsen,
31 yanvar 2012-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Bəybala Əlibala oğlu Abilin (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 15 aprel 2006-cı ildə təqdim etdiyi şikayət (16511/06 nömrəli) ilə başlanmışdır.
2. Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab İ.Əliyev, Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.
3. Ərizəçi əsasən Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsində təsbit edilmiş seçilmək hüququnun pozulduğunu iddia etmişdir.
4. 27 iyun 2008-ci ildə şikayət barədə Hökumətə məlumat verilmişdir. Həmçinin, şikayətin mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmaq qət edilmişdir (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1952-ci ildə anadan olmuşdur və Bakıda yaşayır.
6. Ərizəçi Milli Məclisə 6 noyabr 2005-ci il seçkilərində bitərəf namizəd kimi iştirak etmişdir. Onun namizədliyi birmandatlı 11 saylı Qaradağ Seçki Dairəsi üzrə Dairə Seçki Komissiyası (“DSK”) tərəfindən qeydə alınmışdır.
7. 28 oktyabr 2005-ci ildə Dairə Seçki Komissiyası ərizəçinin iştirakı olmadan iclas keçirərək Seçki Məcəlləsinin tələbləri ilə bir araya sığmayan fəaliyyətlə məşğul olması iddiaları barədə daxil olan məlumat əsasında ərizəçinin namizədliyinin qeydiyyatının ləğv edilməsi üçün Apellyasiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. DSK xüsusilə bildirmişdir ki, quruma seçicilər tərəfindən ünvanlanmış bir sıra yazılı izahatlarda ərizəçinin lehinə səs veriləcəyinin vəd edilməsi əvəzində onlara pul vəsaiti vəd etdiyi iddia olunmuşdur. DSK ərizəçinin qeydiyyatının ləğv edilməsinə dair vəsatətinə on yeddi belə izahat əlavə edərək Apellyasiya Məhkəməsinə göndərmişdir.
8. 29 oktyabr 2005-ci ildə ərizəçi və onun vəkili Apellyasiya Məhkəməsindən işin surətini əldə etmək istəmiş, lakin onlara rədd cavabı verilmişdir.
9. 31 oktyabr 2005-ci ildə Apellyasiya Məhkəməsi işə baxaraq Seçki Məcəlləsinin 88.4 və 113.2.3-cü maddələrinə əsasən ərizəçinin namizəd kimi qeydiyyatını ləğv etmişdir. İşə baxılması zamanı ərizəçi DSK-nın 28 oktyabr 2005-ci il tarixli iclası barədə ona əvvəlcədən məlumat verilmədiyindən bu iclasda iştirak edə bilmədiyini bildirmişdir. O, əleyhinə olan bütün ittihamları inkar edərək onların saxta olduğunu qeyd etmişdir.
10. Məhkəmə DSK-ya yazılı izahatlarını təqdim edərək ərizəçini rüşvət verməyə cəhd göstərməkdə ittiham edən on yeddi şəxsdən səkkizinin şifahi ifadəsini almışdır. Onlardan biri, H. ifadəsində ərizəçinin ona şəxsən pul təklif etdiyini təsdiq etmişdir. Digər yeddi nəfər onlara tanımadıqları insanların yaxınlaşdığını və ərizəçiyə səs verəcəklərini vəd etmələri əvəzində pul təklif etdiklərini bildirmişlər. Məhkəmədə tanımadıqları insanların pul təklif edən zaman onların adlarının ərizəçinin dairəsi üzrə seçici siyahısında olub-olmadığını soruşub-soruşmadıqları sualına bu şahidlər mənfi cavab vermişlər.
11. Apellyasiya Məhkəməsi yuxarıda qeyd olunan sübutları ərizəçinin lehinə səs verilməsi müqabilində seçicilərə pul təklif etməsi və bununla da Seçki Məcəlləsinin 88.4-cü maddəsinin tələblərini pozmasının müəyyən edilməsi üçün kifayətedici hesab etmişdir.
12. Apellyasiya Məhkəməsi qərarını qəbul etdikdən sonra ərizəçi əleyhinə ifadə vermiş şahidlərin kimliyi ilə bağlı araşdırma aparmışdır. O müəyyənləşdirmişdir ki, məhkəmədə əleyhinə ifadə vermiş səkkiz şəxsdən dördünün adı əslində onun dairəsi üzrə seçici siyahısında yoxdur. Bundan əlavə, şahid H. məhkəməyə verdiyi izahatlarında ərizəçinin dairəsində yerləşən ünvanın əsas yaşayış yeri olduğunu bildirsə də, onun əslində bu ünvanda qeydiyyatda olmadığı və orada yaşamadığı müəyyənləşdirilmişdir. Ərizəçinin fikrincə bu məlumat şahidlərin şəxsiyyətini və verdikləri izahatların mötəbərliyini ciddi şübhə altına alır, belə ki, bu göstərir ki, onlar şəxsiyyətləri barədə yalan informasiya vermiş və ona qarşı saxta ittihamlar irəli sürmüşlər. Belə ki, qeyd olunan dairədə qeydiyyatdan keçmiş namizədin adları başqa seçki dairələri üzrə seçici siyahılarında olan və hər hansı bir formada onun lehinə səs verə bilməyəcək şəxslərin səslərini qazanmaq üçün qanuni təşviqat aparmaqla və ya qeyri-qanuni yollarla cəhd göstərməsinə hər hansı səbəb və ya stimul olmamışdır.
13. Ərizəçi Ali Məhkəməyə şikayət edərək Apellyasiya Məhkəməsinin qərarının əsassız olduğunu, ona qarşı istifadə edilmiş sübutların saxtalaşdırıldığını, əleyhinə ifadə vermiş şəxslərin saxta şahidlər olduğunu və bu şəxslərdən bəzilərinin əslində yerli icra hakimiyyəti orqanlarının müxtəlif vəzifəli şəxslərinin qohumları olduqlarını bildirmişdir. Dəlilərini təsdiq etmək üçün o, yuxarıdakı bənddə qeyd olunmuş məlumatı təqdim etmişdir.
14. 3 noyabr 2005-ci ildə Ali Məhkəmə ərizəçinin şikayətini rədd etmiş və Apellyasiya Məhkəməsinin 31 oktyabr 2005-ci il tarixli qərarını qüvvədə saxlamışdır. O, işin faktiki hallarının Apellyasiya Məhkəməsi tərəfindən düzgün müəyyən edildiyini qət etmişdir.
15. Bununla yanaşı, ərizəçi dairəsində keçirilmiş seçki prosesində baş vermiş müxtəlif qanun pozuntuları ilə bağlı 2005-ci ilin sentyabr-oktyabr aylarında DSK və Mərkəzi Seçki Komissiyasına (“MSK”) bir neçə ərizə təqdim etmişdir. Lakin ərizəçi bu ərizələrinə heç bir cavab verilmədiyini bildirmişdir.
16. Ərizəçi yuxarıda qeyd olunan qanun pozuntuları barədə Apellyasiya Məhkəməsinə şikayət edərək ərizələrinə cavab verilməməsi ilə bağlı məsuliyyətin MSK-nın sədrinin üzərinə qoyulmasını xahiş etmişdir. 2 noyabr 2005-ci ildə Apellyasiya Məhkəməsi ərizəçinin iddialarını əsassız hesab etmişdir. 7 noyabr 2005-ci ildə Ali Məhkəmə bu qərarı qüvvədə saxlamışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Seçki Məcəlləsi
17. 2003-cü ildə qəbul edilmiş Seçki Məcəlləsinin 88.4-cü maddəsində qeyd edilir:
“88.4. .......namizədlərin..... seçiciləri aşağıdakı üsullarla ələ alması qadağandır:
88.4.1. təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və digər qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və nominal dəyərə malik olan digər təşviqat materialları istisna edilməklə);
88.4.2. göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;
88.4.3. malların güzəştli satışını keçirmək, hər hansı malı (çap materialları istisna olmaqla) pulsuz vermək;
88.4.4. əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək;
88.4.5 seçkiqabağı təşviqat zamanı seçicilərə qiymətli kağızlar, habelə maddi sərvətlər, pul vəsaiti veriləcəyini vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər göstərilməsi ilə təsir etmək.”
18. Seçki Məcəlləsinin 113.1-ci və 113.2.3-cü maddələrinə görə müvafiq seçki komissiyası Məcəllənin 88.4-cü maddəsi ilə qadağan edilən fəaliyyətlə məşğul olan namizədin qeydiyyatının ləğv edilməsi üçün məhkəmə qarşısında vəsatət qaldıra bilər.
19. Seçki komissiyalarının qərarları ilə bağlı şikayətlərə məhkəmələr tərəfindən üç gün müddətində baxılır (Seçki Məcəlləsi daha qısa müddət müəyyən etmirsə). Məhkəmənin qərarından da üç gün müddətində şikayət vermək olar (112.11-ci maddə).
B. Mülki Prosessual Məcəllə
20. Mülki Prosessual Məcəllənin 25-ci fəslində seçki (və ya referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı ərizələrə baxılması qaydası təsbit edilmişdir. 290-cı maddəyə əsasən belə ərizələr Seçki Məcəlləsi ilə müəyyən edilmiş prosedura uyğun olaraq birbaşa apellyasiya məhkəmələrinə təqdim edilməlidir.
21. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş ərizələrə məhkəmə tərəfindən 3 gün müddətində (seçkilər günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dәrhal) baxılır (291.1-ci maddə). Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur (291.2-ci maddə).
22. Apellyasiya Məhkəməsinin qərarından yuxarı instansiya məhkəməsinə (kassasiya məhkəməsinə) 3 gün müddətində şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində (seçki günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dərhal) baxılır və məhkəmənin qəbul etdiyi qərar qətidir (292-ci maddə).
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN
3-cü MADDƏSİNİN POZULMASI İDDİASI
23. Ərizəçi Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin və Konvensiyanın 13-cü maddəsinin pozulmasından şikayət edərək bildirmişdir ki, onun parlament seçkilərində namizədliyinin qeydiyyatı əsassız olaraq ləğv edilmişdir. Məhkəmə hesab edir ki, bu şikayət yalnız Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə bağlı hissədə araşdırılmalıdır. Burada qeyd edilir:
“Yüksək Razılığa Gələn Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcək şəkildə, gizli səsvermə yolu ilə, ağlabatan dövriliklə azad seçkilər keçirməyi öhdəsinə götürürlər.”
A. Mümkünlük
24. Məhkəmə şikayətin Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinə əsasən açıq-aşkar əsassız olmadığını və ona baxılmasının digər əsaslara görə də qeyri-mümkün olmadığını qeyd edir. Buna görə də şikayət baxılması üçün mümkün hesab edilir.
B. Mahiyyət
1. Tərəflərin izahatları
25. Hökumət bildirmişdir ki, Seçki Məcəlləsinin 88.4-cü maddəsinin məqsədi bütün namizədlərin bərabər və ədalətli təşviqat aparmaları üçün şərait yaratmaqdır. Seçicilərin müxtəlif formalarda qanunsuz yollarla ələ alınması ilə məşğul olan namizədlərin qeydiyyatının ləğv edilməsi insanların seçkilərdə iradələrini azad surətdə ifadə etmələrini qorumaq kimi qanuni məqsədə xidmət edir.
26. Hökumət bildirmişdir ki, ərizəçinin qeydiyyatı seçiciləri pulla ələ almağa çalışdığı üçün ləğv edilmişdir. Hökumətin mövqeyinə görə bu fakt bir neçə seçici tərəfindən təqdim edilmiş yazılı izahatlarla kifayət qədər sübut edilmişdir. O qeyd etmişdir ki, ərizəçiyə müvafiq məhkəmə proseslərində öz mövqeyini tam və səmərəli şəkildə müdafiə etməsi üçün imkan yaradılmışdır.
27. Son olaraq Hökumət qeyd etmişdir ki, seçki qanunvericiliyi adının hansı seçki dairəsi üzrə seçicilər siyahısına daxil edilməsindən asılı olmayaraq istənilən seçiciyə münasibətdə “sui-istifadə” hallarına yol verilməsini qadağan edir. Bu səbəbdən, Hökumət ərizəçinin onu rüşvət verməkdə ittiham edən şəxslərdən bəzilərinin adlarının namizədliyini irəli sürdüyü seçki dairəsi üzrə seçicilər siyahısında olmadığına dair dəlilini əsassız sayır.
28. Ərizəçi bildirmişdir ki, qeydiyyatının ləğv olunması barədə qərar əsassız olmuş və iş üçün əhəmiyyəti olmayan, kifayət etməyən, əsassız və saxtalaşdırılmış sübutlarla əsaslandırılmışdır. Sonradan qeydiyyatının ləğv edilməsi üçün əsas kimi çıxış etmiş rüşvət verməkdə ittiham olunması ilə bağlı seçicilərin yazılı izahatlarının məzmunu və forması son dərəcə şübhə doğurur. Bu izahatların qəbul edilməsi faktı DSK-nın daxil olan ərizə və şikayətlərin qeydiyyatının aparıldığı rəsmi jurnala salınmamışdır. Bundan əlavə, izahatların əksəriyyətində müvafiq ərizəçini asan yolla müəyyənləşdirməyə imkan verəcək ünvanı, telefon nömrəsi və ya digər şəxsi məlumat əks olunmamışdır. İzahatların bəziləri adlarını, soyadlarını və atalarının adlarını belə xatırlaya bilməyən şəxslər tərəfindən imzalanmışdır. On yeddi izahatdan onunda tarix göstərilməmişdir. Bundan əlavə, ərizəçi iddia etmişdir ki, on yeddi şikayətçidən səkkizinin yerli icra hakimiyyəti orqanlarında çalışan vəzifəli şəxslərin qohumları və ya onlardan başqa şəkildə asılı olan şəxslər olduqlarını aşkar etmişdir.
29. Ərizəçi daha sonra iddia etmişdir ki, Hökumətin Məhkəməyə təqdim etdiyi qeydlərə əlavə etdiyi yazılı izahatların bəzilərində tarix dəyişdirilərək daha gec tarix göstərilmişdir. Xüsusilə, bu izahatlara əlavə olaraq sonradan tarix qoyulmuş və DSK tərəfindən möhür vurulmuşdur. Ərizəçinin fikrincə, Hökumət tərəfindən təqdim edilmiş izahatların nüsxələri ilə ərizəçinin Apellyasiya Məhkəməsinin 31 oktyabr 2005-ci il tarixli iclasından dərhal sonra əldə etdiyi və üzərlərində tarixin və möhürün olmadığı eyni izahatların nüsxələri müqayisə olunarsa, sənədlərdə saxtakarlıq edilməsi faktı asanlıqla aşkar edilə bilər.
30. Ərizəçi daha sonra bildirmişdir ki, DSK-nın 28 oktyabr 2005-ci il tarixli iclasının keçirilməsi zamanı Seçki Məcəlləsinin bir sıra formal tələbləri pozulmuş və iclasda hansı DSK üzvlərinin iştirak etməsi və onların necə səs verməsi ilə bağlı DSK protokollarında uyğunsuzluqlar olmuşdur. O, bundan başqa iddia etmişdir ki, ölkə məhkəmələri şübhə doğuran və ziddiyyətli dəlillərə əsaslanmış və ərizəçilərin həqiqi kimliklərini, eləcə də səmimiliklərini ciddi surətdə şübhə altına alan məlumatlara məhəl qoymamışlar. Xüsusilə, məhkəmələr digər pozuntulara yol verməklə yanaşı, şikayətçilərin bir qisminin adlarının hətta ərizəçinin dairəsi üzrə seçicilər siyahısında olmaması və onlardan bəzilərinin qeyd olunan dairədə yaşamaları ilə bağlı yalan məlumat vermələri faktına lazımı diqqət yetirməmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
29. Məhkəmə qeyd edir ki, seçkilərdə namizədliyini səmərəli şəkildə irəli sürmək hüququna dair presedent hüququnun icmalına digər qərarlarla yanaşı Orucov Azərbaycana qarşı işində (4508/06 nömrəli şikayət, 40-42-ci bəndlər, 26 iyul 2011-ci il) də rast gəlmək mümkündür. Məhkəmə, həmçinin xüsusi olaraq təkrar edir ki, Razılığa gələn Dövlət seçmək və seçilmək hüququnun həyata keçirilməsi ilə bağlı müəyyən şərtlərin irəli sürülməsində geniş səlahiyyətə malik olsa da, məhz Məhkəmə 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə əməl olunub-olunmadığını müəyyənləşdirir; Məhkəmə əmin olmalıdır ki, irəli sürülən şərtlər qeyd olunan hüquqları onların mahiyyətinə zərər gətirəcək dərəcədə pozmur və bu hüquqların səmərəli surətdə həyata keçirilməsinə mane olmur; Məhkəmə eyni zamanda əmin olmalıdır ki, bu şərtlər qanuni məqsədlərə çatmaq üçün tətbiq edilir və məhdudiyyətlərin tətbiqi üçün istifadə olunan vasitələr qeyri-proporsional deyil (bax: Mathieu-Mohin və Clerfayt Belçikaya qarşı, 2 mart 1987-ci il, 52-ci bənd, A Cildi, 113-cü nömrə; Gitonas və digərləri Yunanıstana qarşı, 1 iyul 1997-ci il, 39-cu bənd, Qərar və Qərardadlara dair Hesabatlar, 1997-IV; və Yumak və Sadak Türkiyəyə qarşı [GC], 10226/03 nömrəli şikayət, 109-cu bəndin iii) yarımbəndi, 8 iyul 2008-ci il).
32. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin qeydiyyatı seçiciləri ədalətsiz və qanunsuz vasitələrlə ələ almağa çalışan namizədlərin qeydiyyatının ləğv edilməsi imkanını nəzərdə tutan Seçki Məcəlləsinin 88.4 və 113-cü maddələrinə uyğun olaraq ləğv edilmişdir. 1 saylı Protokolun 3-cü maddəsi burada nəzərdə tutulmuş hüquqların həyata keçirilməsinə tətbiq edilə biləcək məhdudiyyətlərə haqq qazandırmaq üçün mövcud olan “qanuni məqsədlər”in siyahısını əks etdirmədiyindən və Konvensiyanın 8-ci və 11-ci maddələrində əks olunmuş belə məqsədlərə istinad etmədiyindən, Razılığa gələn Dövlətlər bu maddələrdə təsbit olunmamış məqsədlərə əsaslanmaqda azaddırlar, bir şərtlə ki, bu, qanunun aliliyi prinsipi və Konvensiyanın ümumi məqsədlərinə ziddiyyət təşkil etməsin (misal üçün bax: Ždanoka Latviyaya qarşı [GC], 58278/00 nömrəli şikayət, 115-ci bənd, İHAM 2006-IV). Məhkəmə Hökumətin belə bir arqumenti ilə razılaşır ki, Seçki Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarında təsbit olunmuş şərtlər seçki təşviqatında bütün namizədlərə bərabər və ədalətli şəraitin yaradılmasının təmin edilməsi və vətəndaşların seçkilərdə iradələrini azad şəkildə ifadə etmələrinin müdafiə edilməsi kimi qanuni məqsədə xidmət edir.
33. Hazırda dövlət orqanlarının qərarlarının əsaslı və proporsional olub-olmaması müəyyən edilməlidir.
34. Məhkəmə təkrar edir ki, onun ölkənin daxili qanunvericiliyinə uyğunluq məsələsini yoxlamaq səlahiyyəti məhduddur və sübutların qiymətləndirilməsi, həmçinin daxili qanunvericiliyin təfsiri kimi məsələlərdə ölkə məhkəmələrini əvəz etmək onun vəzifəsi deyil. Bununla belə, müdaxilənin 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə uyğunluğuna nəzarət edilməsi məqsədləri üçün Məhkəmə müvafiq ölkədaxili prosedurları və qərarları təfsilatı ilə araşdırmalı, ərizəçiyə əsassız qərar qəbul edilməsinə qarşı kifayət qədər təminatın verilib-verilmədiyini və müvafiq qərarların kifayət qədər əsaslandırılıb-əsaslandırılmadığını müəyyənləşdirməlidir (mutatis mutandis bax: Melnychenko Ukraynaya qarşı, 17707/02 nömrəli şikayət, 60-cı bənd, İHAM 2004-X).
35. Bundan əlavə, Məhkəmə qeyd edir ki, namizədin ədalətsiz və ya qeyri-qanuni təşviqat metodlarından istifadə etməsinin müəyyən olunması onun üçün ciddi nəticələrə, həmçinin qeydiyyatının ləğv olunmasına səbəb ola bilər. Konvensiya fərdi seçki hüquqlarının səmərəli şəkildə həyata keçirilməsini təmin etdiyi üçün Məhkəmə hesab edir ki, namizədin qeydiyyatının əsassız olaraq ləğv edilməsinin qarşısını almaq məqsədilə müvafiq ölkədaxili qaydalar namizədlərin seçki prosesində hüquq pozuntusu törətməsi barədə sui-istifadə xarakteri daşıyan və əsassız iddialardan qorunması üçün kifayət qədər təminatları ehtiva etməli və qeydiyyatın ləğv edilməsinə dair qərarlar mötəbər, işə aidiyyəti olan və kifayətedici sübutlarla əsaslandırılmalıdır (bax: yuxarıda qeyd edilən Orucov işi, 46-cı bənd).
36. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçini rüşvət verməkdə ittiham etmiş on yeddi şəxsdən yalnız səkkizi Apellyasiya Məhkəməsi tərəfindən dindirilmişdir. Bu səkkiz şəxsdən yeddisi ifadə verərək onlara tanımadıqları şəxslər tərəfindən ərizəçinin lehinə səs verəcəklərini vəd etmələri əvəzində pul təklif edildiyini bildirmişlər. Məhkəmə hesab edir ki, bu məlumat özü-özlüyündə iddia olunan rüşvət təklifinin təşəbbüsünün məhz ərizəçidən gəlməsini və ya bu “naməlum şəxslərin” ərizəçinin təlimatlarına uyğun hərəkət etdiklərini, yaxud başqa şəkildə onun adından hərəkət etməyə səlahiyyətli olduqlarını sübut etmir. Ərizəçini seçicilərə rüşvət vermələri iddia olunan bu “naməlum şəxslər”in hərəkətləri ilə bağlayan hər hansı başqa bir sübut mövcud olmamışdır. Sadəcə olaraq bu şəxslərin guya ki ərizəçinin adını çəkmələri özü-özlüyündə onların ərizəçinin təlimatları ilə hərəkət etdikləri anlamına gəlmir; eyni zamanda, bu, ərizəçinin seçiciləri pulla ələ almaq niyyətinin olmasını və ya bu istiqamətdə hər hansı əməli addım atmasını da sübut etmir.
37. Həqiqətən də bir şəxs, H. məhkəmədə ifadə verərək ərizəçinin ona şəxsən pul təklif etdiyini bildirmişdir. Lakin Məhkəmə qeyd edir ki, ərizəçi H.-nin adının onun dairəsi üzrə seçicilər siyahısında olmadığını və əsas yaşayış yeri ilə bağlı məhkəməyə yalan məlumat verdiyini müəyyənləşdirə bilmişdir. Bu məlumatın prima facie düzgün olması görünür. Bu məlumata əsaslanaraq ərizəçi ölkə məhkəmələri qarşısında H.-nin şahid kimi səmimiliyini şübhə altına alan ciddi dəlil irəli sürmüşdür. Məhkəmə hesab edir ki, bu dəlilin adekvat surətdə araşdırılması H.-nin ifadələrinin mötəbərliyinin qiymətləndirilməsinə təsir göstərə bilərdi. Lakin ölkə məhkəmələri bu dəlilə məhəl qoymamışlar. Belə olan halda Məhkəmə hesab edir ki, şahid H. və onun ifadələri mötəbər olmaları ilə bağlı ciddi şübhələri aradan qaldıra biləcək tərzdə qiymətləndirilməmişdir.
38. Yuxarıda qeyd olunan səbəblərə görə Məhkəmə hesab edir ki, ərizəçinin qeydiyyatının ləğv edilməsi haqqında qərar işə aidiyyəti olmayan, kifayət etməyən və adekvat surətdə araşdırılmamış dəlillərə əsaslanmışdır.
39. Bundan əlavə, Məhkəmə qeyd edir ki, ərizəçiyə onun barəsində əsassız qərar qəbul edilməsinə qarşı kifayət qədər prosessual təminatlar verilməmişdir. Xüsusilə, DSK 28 oktyabr 2005-ci il tarixli iclası barədə ərizəçiyə məlumat verməmiş, bununla da onu DSK-da mövqeyini müdafiə etmək imkanından məhrum etmiş və şikayətçiləri dindirmədən və ya vəziyyətin hərtərəfli qiymətləndirilməsinə hər hansı başqa şəkildə səy göstərmədən qeydiyyatın ləğv edilməsi ilə bağlı vəsatət qaldırılmasına dair qərar qəbul etmişdir. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi ölkə məhkəmələri ərizəçinin dəlilləri və izahatlarını nəzərə almamış və onlara əsaslandırılmış cavablar verməmişlər.
40. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə qərara gəlir ki, ərizəçinin seçki hüquqlarına müdaxilə 1 saylı Protokolun 3-cü maddəsi ilə nəzərdə tutulan tələblərə cavab vermir. Ərizəçinin qeydiyyatının ləğv edilməsi barədə qərar kifayətedici və işə aidiyyəti olan sübutlara əsaslanmamış, seçki komissiyasında və ölkə məhkəmələrində işə baxılması zamanı ərizəçiyə barəsində əsassız qərar çıxarılmasına qarşı kifayət qədər təminat verilməmiş və onların qərarları kifayət qədər əsaslandırılmamışdır.
41. Beləliklə, Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi pozulmuşdur.
II. KONVENSİYANIN DİGƏR MADDƏLƏRİNİN POZULMASI İDDİALARI
30. Ərizəçi 1 saylı Protokolun 3-cü maddəsi əsasında şikayət edərək bildirmişdir ki, seçki prosesində onun dairəsində bir sıra qanun pozuntuları baş vermiş və dövlət orqanları onun bu pozuntularla bağlı şikayətlərini lazımı qaydada araşdırmamışlar. Bu şikayətlə birgə o, Konvensiyanın 14-cü maddəsi əsasında şikayət edərək bildirmişdir ki, bitərəf namizədlər əsas siyasi partiyaları təmsil edən namizədlərlə müqayisədə imtiyazsız vəziyyətdə olmuşlar, belə ki, qanuna görə axırıncılar təşviqatı daha imtiyazlı şərtlərlə, misal üçün, dövlət televiziyasında pulsuz efir vaxtı almaqla və pulsuz təşviqatın digər formalarından istifadə etməklə həyata keçirə bilərdilər.
43. Məhkəmə işdə olan bütün materialları nəzərə alaraq qərara gəlir ki, bu materiallardakı məlumatlar Konvensiyada və ya onun Protokollarında təsbit olunmuş hüquq və azadlıqların pozulması faktını müəyyən etməyə əsas vermir. Beləliklə, şikayət bu hissədə açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndi və 4-cü bəndi əsasında rədd edilməlidir.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
31. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
32. Ərizəçi seçkiqabağı təşviqata sərf etdiyi 13600 Azərbaycan manatı məbləğində vəsaitin ona dəymiş maddi ziyan kimi ödənilməsini tələb etmişdir.
46. Hökumət ərizəçinin tələbinə etiraz etmiş və bu tələbin heç bir sənədlə əsaslandırılmadığını bildirmişdir.
47. Məhkəmə müəyyən edilmiş pozuntu ilə iddia olunan məbləğ arasında hər hansı səbəbiyyət əlaqəsinin olmadığı qənaətindədir və buna görə də tələbi rədd edir.
2. Mənəvi ziyan
33. Ərizəçi dəymiş mənəvi ziyana görə 20000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
49. Hökumət tələb olunan məbləğin həddindən çox olduğunu bildirmişdir.
50. Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyana məruz qalmışdır və bu ziyanı yalnız 1 saylı Protokolun 3-cü maddəsinin pozulması faktının müəyyən edilməsi ilə kompensasiya etmək mümkün deyil. Məhkəmə ədalətli qiymətləndirmə apararaq ərizəçiyə dəymiş mənəvi ziyana görə tutulacaq vergi də daxil olmaqla 7500 avro ödənilməsini qət edir.
B. Xərclər və məsrəflər
34. Ərizəçi hüquqi xidmətlər, tərcümə xidmətlərinə çəkilən xərclər və poçt məsrəfləri də daxil olmaqla ölkə məhkəmələrinə və Avropa Məhkəməsinə müraciət ilə bağlı çəkilmiş xərc və məsrəflərə görə 5735 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
52. Hökumət tələb olunan məbləğin həddindən çox, həmçinin əsassız olduğunu və həqiqətdə sərf edilmədiyini bildirmişdir.
53. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. Hazırkı işdə olan sənədləri və yuxarıda qeyd olunmuş meyarları nəzərə alaraq Məhkəmə çəkilmiş bütün xərc və məsrəflərə görə ərizəçiyə tutulacaq vergi də daxil olmaqla 1600 avro məbləğinin ödənilməsini qət edir.
C. Faizlərin ödənilməsi
35. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ,
MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Ərizəçinin qeydiyyatının ləğv edilməsi ilə bağlı Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi əsasında edilmiş şikayətə baxılmasını mümkün və digər şikayətlərə baxılmasını mümkünsüz hesab edir;
2. Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulduğunu qət edir;
3. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində tutulacaq faiz də daxil olmaqla aşağıdakı məbləğlərdə vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ərizəçiyə ödəməlidir:
(i) tutulacaq vergi də nəzərə alınmaqla mənəvi ziyana görə 7500 (yeddi min beş yüz) avro;
(ii) ərizəçidən tutulacaq vergi də daxil olmaqla xərc və məsrəflərə görə 1600 (min altı yüz) avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
4. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 21 fevral 2012-ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen Nina Vajiç
Katib Sədr
Full & Egal Universal Law Academy