İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
AXUNDOV AZƏRBAYCANA QARŞI
(Şikayət № 39941/07)
Q Ə R A R
STRASBURQ
03 fevral 2011-ci il
Bu qərar qətidir, lakin redaktə edilməsi üçün yenidən baxıla bilər. Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, yenidən redaktə edilə bilər.
Axundov Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Xanlar Hacıyev,
Din Spilman,
Sver Erik Jebens,
Qeorqe Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
13 yanvar 2011-ci ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSES
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Marif Xəlil oğlu Axundovun («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 39941/07) iş 12 sentyabr 2007-ci ildə başlanılmışdır.
2. Ərizəçini Azərbaycanda vəkil işləyən cənab F.Ağayev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi Ç.Əsgərov təmsil edib.
3. Ərizəçi, xüsusən iddia etdi ki, 23 fevral 1998-ci il tarixli qətnamənin icra olunmaması onun Konvensiyanın 6, 13 və 1 saylı Protokolun 1-ci maddələri ilə təmin olunmuş ədalətli məhkəmə araşdırılması, səmərəli hüquqi müdafiə vasitəsi və mülkiyyət hüquqlarını pozmuşdur.
4. Bölmənin Sədri 26 noyabr 2008-ci ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara alınmışdır ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).
FAKTLAR
5. Ərizəçi 1951-ci ildə anadan olmuşdur və Bakıda yaşayır.
6. Ərizəçi Maliyyə Nazirliyinin (“Nazirlik”) Bakı şəhəri üzrə Nəzarət-Təftiş İdarəsinin (“İdarə”) müfəttişi işləmişdir. 01 may 1997-ci ildə işi qənaətbəxş qiymətləndirilmədiyi üçün Nazirlik tərəfindən vəzifəsindən azad olunmuşdur.
7. Ərizəçi Nazirliyə qarşı iddia qaldıraraq əmrin qanunsuz hesab olunmasını tələb etmişdir. 23 fevral 1998-ci il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsi iddianı təmin edərək, onun işinə bərpa olunmasını qət etmişdir. Bundan başqa, məhkəmə 01 may 1997-ci ildən (işdən çıxarılma tarixi) 23 fevral 1998-ci ilədək (qətnamənin çıxarılma tarixi) ödənilməmiş əmək haqqının ödənilməsini Nazirliyə tapşırmışdır. Qanunla müəyyən olunmuş müddətdə 23 fevral 1998-ci il tarixli qətnamədən şikayət verilməmiş və həmin vaxtda qüvvədə olan qanunvericiliyə uyğun olaraq, o, çıxarılmasından 10 gün sonra qüvvəyə minmişdir.
8. Ərizəçinin bir çox tələblərinə və icra vərəqəsinin bir neçə dəfə Nazirliyə göndərilməsinə baxmayaraq, səlahiyyətli dövlət orqanları qətnaməni icra etmək üçün zəruri addımlar atmamışlar.
9. 18 yanvar 2000-ci il tarixli məktubla Nazirlik ərizəçini məlumatlandırıb ki, Nazirliyin restrukturizasiyası ilə bağlı İdarə Nazirliyin 28 yanvar 1999-cu il tarixli daxili əmri ilə ləğv olunmuş və buna görə onu əvvəlki vəzifəsinə bərpa etmək mümkün olmamışdır.
10. 14 noyabr 2002-ci ildə ərizəçi Nazirliyə qarşı iddia qaldıraraq, 23 fevral 1998-ci il tarixli qətnamənin icra olunmaması üçün kompensasiya tələb etmişdir. 17 yanvar 2003-cü ildə Nəsimi rayon məhkəməsi ərizəçinin xeyrinə qətnamə çıxarmışdır. Məhkəmə qeyd edib ki, 23 fevral 1998-ci il tarixli qətnamə hələ qüvvədədir və 23 fevral 1998-ci ildən 17 yanvar 2003-cü ilədək (qətnamənin çıxarıldığı tarix) ödənilməmiş əmək haqqı kimi 4.704.000 köhnə azərbaycan manatı (AZM, təxminən 920 avro (EUR)) kompensasiya təyin etmişdir. Bu məbləğ ərizəçinin əvvəlki orta əmək haqqı əsasında hesablanmışdır.
11. 17 fevral 2003-cü ildə ərizəçi 17 yanvar 2003-cü il tarixli qətnamədən apellyasiya şikayəti verərək, daha yüksək kompensasiya məbləği tələb etmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, Nazirlik 23 fevral 1998-ci il tarixli qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti verdiyi üçün Apellyasiya Məhkəməsindən icraatın dayandırılmasını xahiş etmişdir. Nazirliyin bu tələbindən sonra Apellyasiya Məhkəməsi qarşısında icraat dayandırılmışdır.
12. 10 may 2006-cı il tarixli qətnaməsi ilə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayaraq kompensasiya məbləğinin düzgün hesablandığını göstərmişdir. 15 mart 2007-ci ildə Ali Məhkəmə apellyasiya instansiyasının qətnaməsini qüvvədə saxlamışdır.
13. 28 yanvar 2009-cu ildə 17 yanvar 2003-cü il tarixli qətnamə icra olunmuş və ərizəçi qətnamədə göstərilən məbləği almışdır (təxminən 920 EUR).
14. 08 aprel 2009-cu ildə Nazirlik 23 fevral 1998-ci il tarixli qətnaməni icra etmişdir: ərizəçi əvvəlki vəzifəsinə bərpa olunmuş və 9.155,12 AZN (təxminən 9.063 EUR) məbləği ona itirilmiş gəlir kimi 17 yanvar 2003-cü il tarixli qətnamə ilə təyin olunmuş məbləğə əlavə olaraq ödənilmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. İCRA İCRAATININ DAVAMİYYƏTİ ÜZRƏ KONVENSİYANIN 6-cı
MADDƏSİNİN 1-ci BƏNDİNİN, 13-cü MADDƏSİNİN VƏ 1 SAYLI
PROTOKOLUN 1-ci MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
15. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, 13-cü maddəsinə və 1 saylı Protokolun 1-ci maddəsinə istinadən, ərizəçi 23 fevral 1998-ci il tarixli qətnamənin icra olunmamasından şikayət etmişdir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakıları nəzərdə tutur:
«Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, ... məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir».
Konvensiyanın 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.»
1 saylı Protokolun 1-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»
A. Şikayətin məqbuliyyəti
Şikayət vermək hüququndan sui-istifadə
16. 08 aprel 2009-cu ildə ərizəçi Məhkəməni məlumatlandırıb ki, onun xeyrinə olan qətnamə müvafiq orqanlar tərəfindən icra olunmuş və o, şikayətini geri götürməyi xahiş edir. Lakin 15 aprel 2009-cu il tarixli məktubla ərizəçi bildirib ki, o, işinə Məhkəmə tərəfindən baxılmasının davam olunmasını xahiş edir və 08 aprel 2009-cu il tarixli məktubu Nazirlik işçilərinin təzyiqi altında və vəkilinin iştirakı olmadan yazmışdır.
17. Hökumət bildirib ki, ərizəçi şikayət vermək hüququndan sui-istifadə etmişdir. Onlar qeyd ediblər ki, 08 aprel 2009-cu il tarixli məktubla şikayətini geri götürməsinə baxmayaraq, o, sonradan şikayətə baxılmasının davam olunmasını xahiş etmişdir. Hökumətə görə, belə münasibət Konvensiyanın aşağıdakıları nəzərdə tutan 35-ci maddəsinin 3-cü bəndinin mənasında şikayət vermək hüququndan sui-istifadədir:
“Məhkəmə 34-cü maddənin müddəalarına müvafiq olaraq verilmiş istənilən fərdi şikayəti bu Konvensiya və ya ona dair Protokolların müddəaları ilə bir araya sığmayan, açıq-aydın əsassız və ya şikayət vermə hüququndan sui-istifadə hesab edərsə, qəbul olunmayan elan edə bilər.”
18. Məhkəmə xatırladır ki, qeyri-adi işlər istisna olmaqla, şikayət sui-istifadə kimi yalnız o halda rədd oluna bilər ki, bilə-bilə yanlış faktlara əsaslansın (baxın, Akdivar və digərləri Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il, Qərar və Qərardadların Hesabatı, 1996-IV, §§ 53-54; İ.S. Bolqarıstana qarşı (qərardad), № 32438/96, 06 aprel 2000-ci il; və Varbanov Bolqarıstana qarşı, № 31365/96, § 36, İHAM 2000-X).
19. Məhkəmə hesab edir ki, ərizəçinin münasibəti şikayət vermək hüququndan sui-istifadə kimi qiymətləndirilə bilməz və buna görə, Hökumətin etirazını rədd edir.
20. Ərizəçinin 15 aprel 2009-cu il tarixli məktubunu nəzərə alaraq, Məhkəmə qeyd edir ki, onun həqiqətən öz şikayətini geri götürmək niyyəti müəyyən olunmamışdır.
Məhkəmənin ratione temporis səlahiyyəti
21. Məhkəmə xatırladır ki, o, yalnız Razılığa gələn Yüksək Tərəfə münasibətdə Konvensiyanın qüvvəyə minməsindən sonra baş vermiş hərəkətlər, faktlar və ya qərarlarla Konvensiyanın pozulmasına dair şikayətləri araşdırmaq səlahiyyətinə malikdir (baxın, Kazımova Azərbaycana qarşı iş üzrə 06 mart 2003-cü il tarixli qərardad, № 40368/02). Məhkəmə qeyd edir ki, Konvensiya Azərbaycana münasibətdə 15 aprel 2002-ci ildə qüvvəyə minmişdir.
22. Müvafiq olaraq, Məhkəmənin səlahiyyəti şikayətin yalnız 15 aprel 2002-ci ildən sonrakı müddətə təsadüf edən hissəsi ilə məhdudlaşır. Şikayətin qalan hissəsi isə Məhkəmənin ratione temporis səlahiyyətindən kənarda qalır. Buna baxmayaraq, zəruri olduqda, Məhkəmə sözügedən müddətin əvvəlində mövcud olan vəziyyəti nəzərə alacaq.
Ərizəçinin qurban statusu
23. 08 aprel 2009-cu il tarixdə ərizəçinin əvvəlki vəzifəsinə bərpa olunmasından və itirilmiş gəlir üçün kompensasiyanın ödənilməsindən sonra Hökumət iddia edib ki, ərizəçi artıq “qurban” hesab oluna bilməz, ona görə ki, Konvensiya hüquqlarının pozulması daxili müstəvidə bərpa olunmuşdur.
24. Ərizəçi bu məsələni şərh etməmişdir. Lakin o, şikayət edib ki, onun itirilmiş gəliri düzgün hesablanmamışdır.
25. Məhkəmə xatırladır ki, əgər milli hakimiyyət orqanları açıq-aşkar və ya mahiyyət etibarilə Konvensiyanın pozuntusunu təsdiq edib kompensasiyanı təqdim etməzlərsə, ərizəçinin xeyrinə olan qərar və ya tədbirlər onu «qurban» statusundan məhrum etmək üçün kifayət etmir (baxın, Amur Fransaya qarşı, 25 iyun 1996-cı il tarixli Qərar, Hesabatlar, 1996-III, s. 846, § 36; və Dalban Rumıniyaya qarşı (Böyük Palata), № 28114/95, § 44, İHAM 1999-VI). Yalnız bu şərtlər təmin edildikdə, Konvensiyanın subsudiar xarakterli müdafiə mexanizmləri şikayətin araşdırılmasının qarşısını alır.
26. Məhkəmə qeyd edir ki, ərizəçinin xeyrinə olan qətnamənin icrası və qətnamə ilə təyin olunmuş məbləğin, eləcə də itirilmiş gəlirə görə kompensasiyanın ödənilməsi dövlət orqanları tərəfindən Konvensiya hüquqlarının pozulmasının etirafı kimi mübahisəli şəkildə qəbul oluna bilər. Bununla bağlı, Məhkəmə ərizəçinin daxili məhkəmələr tərəfindən maddi kompensasiyanın hesablanmasının iddia olunan qeyri-düzgünlüyünə aid dəlilini qeyd edir. Bu, ərizəçinin xeyrinə olan qətnamənin tam icra olunmaması səbəbindən Konvensiya hüquqlarının pozulmasının etiraf edilməməsini iddia edən dəlil kimi qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, 08 aprel 2009-cu ildə ərizəçi Maliyyə Nazirliyindəki əvvəlki işinə bərpa olunmuş və itirilmiş gəlirə görə kompensasiya kimi müəyyən məbləğ ona ödənilmişdir. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçinin kompensasiya məbləğinin hesablanmasında iddia olunan səhvlər barədə şikayəti yeni şikayətlər olmaqla, onun xeyrinə olan yekun qətnamənin icrasina aid hazırkı işin dairəsinə düşmür. Daha sonra Məhkəmə qeyd edir ki, ərizəçi ona ödənilmiş məbləğlərin hesablanma əsasını daxili məhkəmələrdə mübahisələndirməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, daxili qətnamə tamamilə icra olunmuşdur.
27. Bununla belə, qətnamənin yeddi ildən artıq müddəti Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən sonrakı vaxta təsadüf etdiyi on bir ildən artıq müddətdə icra olunmamış qalmasını nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçiyə təyin olunmuş kompensasiya yalnız itirilmiş gəlirə görə daxili maddi kompensasiyanı əhatə edir və 23 fevral 1998-ci il tarixli qətnamənin davamlı icra olunmamasında ifadə olunduğu iddia olunan Konvensiya pozuntusu üçün hər hansı kompensasiya təklif edilməmişdir.
28. Belə olan halda, 23 fevral 1998-ci il tarixli qətnaməyə müvafiq olaraq ərizəçinin əvvəlki işinə bərpa olunduğu, maddi zərərə görə kompensasiya aldığı həqiqət olsa belə, Məhkəmə hesab edir ki, onun xeyrinə görülmüş tədbirlər yenə də onu hazırkı işdə “qurban” statusundan məhrum etmək üçün kifayət etmir (müqayisə edin, Ramazanova və digərləri Azərbaycana qarşı, № 44363/02, § 38, 01 fevral 2007-ci il).
29. Müvafiq olaraq, Məhkəmə ərizəçinin qurban statusunu itirməsinə dair Hökumətin etirazını rədd edir.
Nəticə
30. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə qeyd edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız və ya hər hansı başqa əsasla qeyri-məqbul deyildir. Buna görə, o, 15 aprel 2002-ci ildən sonrakı müddətə aid məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi
və 13-cü maddəsi
31. Hökumət bildirib ki, müvafiq dövlət orqanları tərəfindən bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq, 23 fevral 1998-ci il tarixli qətnamənin icrası mümkünsüz idi, ona görə ki, işdən azad olunmasından əvvəl ərizəçinin çalışdığı İdarə ləğv olunmuşdur. Hökumət iddia edib ki, Nazrlik mütəmadi olaraq ərizəçiyə müxtəlif vəzifələr təklif etmiş, lakin ərizəçi onları rədd edərək daha yuxarı vəzifələr istəmişdir. Bundan başqa, Hökumət bildirib ki, 23 fevral 1998-cu il tarixli qətnamənin icra olunmamasına görə ərizəçinin kompensasiya tələbi ilə bağlı 17 yanvar 2003-cü il tarixli qətnamə 28 yanvar 2009-cu ildə icra olunmuşdur.
32. Ərizəçi tələblərini təkrar etmişdir.
33. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Təbii ki, 6-cı maddənin 1-ci bəndinin məhkəmə qərarlarının icrasını təmin etmədən tərəflərə hər hansı prosessual təminatlar (ədalətli, açıq və sürətli məhkəmə baxışı) verməsini təsəvvür etmək mümkün deyil. 6-cı maddənin yalnız “məhkəməyə çıxış” və “məhkəmə prosesinin aparılması” prinsipləri ilə əlaqələndirilərək şərh olunması Razılığa Gələn Yüksək Tərəflərin Konvensiyanı ratifikasiya edərkən öz öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinin düzgün tətbiq olunmaması ilə nəticələnə bilər. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (baxın, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il, § 40, Qərar və Qərardadların Hesabatı, 1997-II).
34. Məhkəmə daha sonra qeyd edir ki, məhkəmə qərarının icrasının təxirə salınması konkret hallarda əsaslandırılmalıdır. Lakin təxirə salınma elə tərzdə olmamalıdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə müdafiə olunan hüququn mahiyyətinə zərər vursun (baxın, Burdov Rusiyaya qarşı, № 59498/00, § 35, İHAM 2002-III). Hazırkı işdə qanunsuz işdən çıxarılmadan sonra öz vəzifəsinə bərpa olunmasına, eləcə də maddi zərər üçün kompensasiyanın ödənilməsinə aid mübahisədə ərizəçinin qələbəsindən faydalanmasının qarşısı alınmamalıdır.
35. Məhkəmə qeyd edir ki, Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi 15 aprel 2002-ci ildən qətnamənin 08 aprel 2009-cu ildə icra olunmasınadək Səbail rayon məhkəməsinin 23 fevral 1998-ci il tarixli qətnaməsi təxminən yeddi il ərzində icrasız qalmışdır. 15 aprel 2002-ci ilədək qətnamə təxminən dörd il ərzində icra olunmamışdır. Bu müddət üçün Hökumət tərəfindən hər hansı ağlabatan izah təqdim olunmamışdır.
36. Hazırkı iş üzrə qəti məhkəmə qətnaməsini icra etmək üçün bütün zəruri tədbirləri görməməklə, dövlət orqanları Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müddəalarını bütün səmərəli təsirindən məhrum etmişlər (baxın, yuxarıda qeyd olunmuş Burdov, § 37). Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
37. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə Konvensiyanın 13-cü maddəsi əsasında şikayət üzrə qərarın çıxarılmasını zəruri hesab etmir, ona görə ki, Konvensiyanın 6-cı maddəsi şikayətin bu hissəsi üçün lex specialis-dir (baxın, məsələn, Əfəndiyeva Azərbaycana qarşı, № 31556/03, § 59, 25 oktyabr 2007-ci il və Casiunien Litvaya qarşı, № 41510/986, 06 mart 2003-cü il, § 32).
Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi
38. Səbail rayon məhkəməsinin 23 fevral 1998-ci il tarixli qətnaməsi işdən çıxarıldığı gündən qətnamənin qəbul edildiyi tarixədək (23 fevral 1998-ci il) ödənilməmiş əmək haqqının ərizəçiyə ödənilməsini qət etmişdir. Qətnamənin qüvvəyə minməsinə və icra icraatının başlanılmasına baxmayaraq, qətnamə Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsindən sonra demək olar ki yeddi il ərzində icra olunmamışdır. Qətnamənin icrasına nail olmaq üzrə ərizəçinin çarəsizliyi onun 1 saylı Protokolun 1-ci maddəsinin birinci paraqrafının birinci cümləsində göstərildiyi kimi mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxiləni təşkil edir.
39. 23 fevral 1998-ci il tarixli qətnaməni vaxtında icra etməməklə, milli orqanlar ərizəçini əsaslı gözlədiyi pulu almaqdan məhrum etmişdir. Hökumət bu müdaxilə üçün hər hansı əsaslandırma təqdim etməmişdir (baxın, yuxarıda qeyd olunmuş Burdov, § 41).
40. Müvafiq olaraq, iş üzrə 1 saylı Protokolun 1-ci maddəsi pozulmuşdur.
II. KOMPENSASİYA İCRAATI ÜZRƏ KONVENSİYANIN 6-cı
MADDƏSİNİN 1-ci BƏNDİNİN VƏ 1 SAYLI PROTOKOLUN
1-ci MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
41. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 saylı Protokolun 1-ci maddəsinə istinadən, ərizəçi şikayət edib ki, kompensasiya icraatı “ağlabatan” müddəti keçmiş və 17 yanvar 2003-cü il tarixli qətnamə ilə təyin olunmuş məbləğ kifayət olmamışdır.
42. Kompensasiya icraatının iddia olunan həddən artıq davamiyyətinə gəldikdə, ərizəçinin xeyrinə yekun qətnamənin davamlı icra olunmamasına aid Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə dair qənaətini nəzərə alaraq, Məhkəmə bu şikayəti araşdırmağı zəruri hesab etmir.
43. Daxili məhkəmələrin təyin etdikləri kompensasiya məbləğinin kifayətsizliyinə aid ərizəçinin şikayəti ilə bağlı, bütün malik olduğu materiallar baxımından məsələlərin səlahiyyəti daxilində olduğu qədər ərizəçinin dəlillərini hərtərəfli araşdıraraq, Məhkəmə hesab edir ki, bu şikayət Konvensiyada göstərilmiş hüquq və azadlıqların pozuntusunun hər hansı görüntüsünü aşkar etmir.
44. Bundan irəli gəlir ki, o, Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassızdır və həmin maddənin 4-cü bəndinə əsasən rədd edilməlidir.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
51. Konvensiyanın 41-ci maddəsi nəzərdə tutur ki:
«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»
A. Zərər
Maddi zərər
46. Ərizəçi maddi zərərə görə 35.409 EUR tələb etmişdir. Bu məbləğ özünə qətnamənin icra olunmaması səbəbindən işsiz qaldığı üçün ərizəçinin ailəsi və dostlarından götürməsi iddia olunan məbləği daxil etdirir.
47. Hökumət bildirib ki, ərizəçinin tələbləri əsassızdır və o öz dəlillərini təsdiq etmək üçün hər hansı sübut təqdim etməmişdir.
48. Məhkəmə hesab edir ki, ərizəçi maddi zərərə aid tələblərini təsdiq edən sübutları təqdim etməmişdir. Buna görə o, həmin tələbi rədd edir.
2. Mənəvi zərər
49. Ərizəçi mənəvi zərərə görə 15.000 avro kompensasiya tələb etmişdir.
50. Hökumət bu məbləği əsassız və həddən artıq hesab edib və bildirib ki, Konvensiya pozuntusunun müəyyən olunması özlüyündə kifayətedici kompensasiyanı təşkil edir.
51. Məhkəmə hesab edir ki, xeyrinə olan yekun qətnamənin davamlı icra olunmaması nəticəsində ərizəçiyə mənəvi zərərin vurulması mümkündür. Lakin tələb olunmuş məbləğ həddən artıqdır. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirməni edərək, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, mənəvi zərərə görə 4.800 EUR kompensasiya məbləği təyin edir.
B. Xərc və məsrəflər
52. Ərizəçi, həmçinin daxili proseslərdə və Məhkəmə qarşısında çəkilmiş xərc və məsrəflərə görə 1.600 EUR tələb etmişdir.
53. Hökumət bu tələbi həddən artıq və məbləğlərin əslində xərclənmədiyini hesab etmişdir.
54. Məhkəmənin presedent-hüququna müvafiq olaraq, xərc və məsrəflərin yalnız həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, ərizəçi onların əvəzinin ödənilməsi hüququna malikdir. Hazırkı işdə ərizəçi tərəfindən hər hansı təsdiqləyici sənədlərin təqdim olunmadığını nəzərə alaraq, Məhkəmə xərc və məsrəflərlə bağlı tələbi rədd edir.
C. Faiz dərəcəsi
63. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
Ərizəçinin xeyrinə olan qətnamənin icra olunmamasına dair şikayəti məqbul və şikayətin qalan hissəsini qeyri-məqbul elan edir;
İş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qərara alır;
İş üzrə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu qərara alır;
Şikayətin Konvensiyanın 13-cü maddəsi baxımından araşdırılmasının tələb olunmadığını qərara alır;
5. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində mənəvi zərərə görə 4.800 EUR (dörd min səkkiz yüz avro) Hökumət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla ödənilməlidir;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
7. Ədalətli kompensasiya üçün ərizəçinin tələbinin qalan hissəsini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 03 fevral 2011-ci ildə göndərilib.
Soren NilsenXristos Rozakis
Bölmə Katibi Sədr
Full & Egal Universal Law Academy