İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
AXVERDİYEV AZƏRBAYCANA QARŞI
(76254/11 nömrəli ərizə)
QƏRAR
(Mahiyyəti üzrə)
STRASBURQ
29 yanvar 2015-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Axverdiyev Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə):
Sədr – İzabel Berro-Lefevr,
Hakimlər –
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Paulo Pinto de Albukerke,
Linos-Aleksandr Sisilianos,
Erik Mose,
və Bölmə katibi – Soren Nilsendən ibarət tərkibdə,
6 yanvar 2015-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Ədalət Əli oğlu Axverdiyevin (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 1 dekabr 2011-ci ildə təqdim etdiyi ərizə (76254/11 nömrəli) ilə başlanmışdır.
2. Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab F.Ağayev tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökumətini (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.
3. Ərizəçi xüsusilə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin və Konvensiyanın 8-ci maddəsinin tələblərinə zidd olaraq evindən məhrum edildiyini və bununla bağlı ölkədaxili mülki proseslərin Konvensiyanın 6-cı və 13-cü maddəsinin tələblərinə zidd olaraq həyata keçirildiyini iddia etmişdir.
4. 2013-cü il 14 yanvarda ərizə barədə Hökumətə məlumat verilmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
2. Ərizəçi 1972-ci ildə anadan olmuşdur və Bakı şəhərində yaşayır.
6. Ərizəçi anadan olandan Bakının Xutor qəsəbəsində əvvəllər valideynlərinə məxsus evdə yaşamışdır. Evin ümumi sahəsi 84,6 kv.m. olmuşdur ki, bunun da 58,8 kv.m.-ni yaşayış sahəsi təşkil etmişdir. 2004-cü il 26 may tarixində Bakı Şəhər İcra Hakimiyyətinin (“BŞİH”) Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş evin “texniki pasportu”na görə ev ümumi sahəsi 257 kv.m. olan torpaq sahəsində yerləşirdi. Bu sahənin 93,4 kv.m.-də ev, 163,6 kv.m.-də həyətyanı sahə yerləşirdi. Ərizəçi evdə arvadı, iki azyaşlı uşağı və anası ilə yaşayırdı.
7. Evin ilkin sahibi məlum deyil. 2005-ci il 8 oktyabrda ərizəçi evi özəlləşdirmiş və BŞİH-nin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Şöbəsi ona evin mülkiyyətçisi olduğunu təsdiq edən mülkiyyət şəhadətnaməsi vermişdir. Evin altındakı torpaq sahəsi ərizəçinin formal mülkiyyəti kimi qeydiyyatdan keçməmişdir.
A. Şəhər icra hakimiyyəti orqanlarının ərizəçinin evinin yerləşdiyi sahə ilə bağlı qəbul etdikləri aktlar
3. 2004-cü il 14 mayda BŞİH-nin başçısı Bakı şəhərində yerləşən müxtəlif sahələrin bir sıra özəl şirkətlər tərəfindən inkişaf etdirilməsi məqsədilə ayrılması barədə sərəncam imzalamışdır. Sərəncamın müvafiq hissələrində aşağıdakılar qeyd edilmişdir:
“Özəlləşdirilmiş sahələrdə idman-sağlamlıq kompleksi, kinoteatr-ofis, yaşayış binaları, ticarət mərkəzi, yeraltı avtomobil dayanacağı, kotec tipli evlər, delfinariya və planetariya mərkəzinin layihələşdirilməsinə icazə verilməsi haqqında Sərəncam”
Paytaxtımızda tikintisi uzun müddət yarımçıq qalaraq bərbad vəziyyətə düşmüş və şəhərin gözəlliyinə və abadlaşdırılmasına xələl gətirən obyektlərin Baş Plana uyğunlaşdırılaraq tamamlanması məqsədi ilə aşağıda göstərilən sahələr bu sərəncamda adı çəkilən şirkət və firmalara ayrılsın:
...
6. “Kaspi Nur” MMC-nin 13 may 2004-cü il tarixli müraciəti nəzərə alınaraq Nərimanov rayonu, X.Şuşinski küçəsi, 1070-1072-1073-1076 saylı məhəllələrdə kotec tipli evlərin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi icarə əsasında həmin MMC-nin istifadəsinə verilsin.
...
9. Sifarişçiyə aşağıdakıları etmək tapşırılsın:
9.1. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin.
9.2. Layihələşdirmənin vaxtı və qaydası üzrə Memarlıq və şəhərsalma baş idarəsinin (“MŞBİ”) tapşırığını və inşaat pasportunda nəzərdə tutulan digər şərtləri yerinə yetirsin.
9.3. Ərazinin və obyektin memarlıq-planlaşdırmasının eskiz həllini layihələşdirmə ərəfəsində MŞBİ ilə razılaşdırsın. Layihələşdirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin.
9.4. Layihə təşkilatı mühəndis kommunikasiyaları aşkar etdikdə, onların köçürülməsini MŞBİ və əlaqədar təşkilatlarla razılaşdırsın.
9.5. Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələşdirmə üçün əsasdır.
10. Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq sifarişçi Bakı Şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədləri, dövlət aktını almalıdır.
11. Layihələşdirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş sənədlər qeydiyyatdan keçirilməsi və tikintiyə icazə verilməsi üçün Bakı Dövlət Memarlıq və Tikinti Nəzarəti Müfəttişliyinə təqdim edilsin.
...
14. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməzsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır”.
4. Ərizəçinin evi sərəncamın 6-cı bəndində göstərilmiş yerlərdən birində yerləşirdi. Ərizəçinin sözlərinə görə icra hakimiyyəti orqanları bu sərəncam barəsində ona heç zaman məlumat verməmişdir və ilk dəfə məhkəmə prosesləri zamanı bu sənəddən xəbər tutmuşdur (aşağıda C bölməsinə bax).
10. BŞİH-yə tabe olan Nərimanov Rayon İcra Hakimiyyətinin (“NRİH”) 2008-ci il 17 dekabr tarixli məktubunda BŞİH-yə məlumat verilmişdir ki, “köhnə, yataqxana tipli və özütikili evlərdə” yaşayan əhalinin köçürülməsi məsələsi problem olaraq qalmaqdadır. NRİH daha sonra aşağıdakıları təklif etmişdir:
“Həmin ərazidə yaşayan ailələrin köçürülməsi üçün ...A.M.Cümə küçəsi, 1969-cu məhəllədə boş sahədə...2 və 3 mərtəbəli yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını məqsədə müvafiq hesab edirik və sifarişçi qismində iştirak edən “Azyevro LAU” MMC tərəfindən təqdim olunmuş layihəyə uyğun yaşayış massivinin tikintisinə münasibət bildirməyinizi sizdən xahiş edirik”.
5. BŞİH-nin NRİH-nin 2008-ci il 17 dekabr tarixli məktubuna formal olaraq cavab verib-vermədiyi barədə hər hansı məlumat yoxdur.
6. 2009-cu il 24 apreldə NRİH-nin başçısı Azyevro LAU MMC tərəfindən köçürülmüş sakinlər üçün yeni evlərin inşasına icazə verilməsi barədə sərəncam imzalamışdır. Sərəncamda qeyd edilirdi:
“Xan Şuşinski küçəsi, 1070-1072-1073-1076 saylı məhəllələrdə mühüm dövlət obyektinin tikintisi ilə bağlı həmin ərazilərdəki evlərdə yaşayan sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə yaşayış evlərinin tikintisinə dair “Azyevro LAU” MMC tərəfindən təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz layihəsi...MŞBİ-nin 23 aprel 2009-cu il tarixli, 18/03-8/1042 nömrəli məktubu ilə razılaşdırılmışdır.
Göstərilənləri nəzərə alaraq və yuxarıda qeyd olunan məsələ ilə bağlı müvafiq sənədləşdirmənin başa çatdırılması məqsədilə qərara alıram: Xan Şuşinski küçəsi, 1070-1072-1073-1076 saylı məhəllələrdə yaşayan sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə Bakı şəhəri MŞBİ tərəfindən razılaşdırılmış layihəyə uyğun, “Azyevro LAU” MMC tərəfindən A.M.Cümə küçəsi 1969-cu məhəllədə şəhərciyin salınmasına (yaşayış evlərinin tikintisinə) icazə verilsin.“Azyevro LAU” MMC-nin rəhbərliyinə tapşırılsın ki, sahənin ayrılması və tikintinin aparılması ilə əlaqədar sənədləşdirmə mövcud qanunvericiliyə uyğun müvafiq qaydada aparılmalıdır.Tikinti işlərinin razılaşdırılmış layihəyə uyğun aparılmasına nəzarət və sakinlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq köçürülməsinin təmin edilməsi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə tapşırılsın.Köçürülmə prosesinin həyata keçirilməsi zamanı ictimai asayişin qorunmasının təmin edilməsi Rayon Polis İdarəsinə tapşırılsın.Sakinlərin yeni mənzillərinə dair orderlər ilə təmin olunması Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinə tapşırılsın.Sakinlərin...Dövlət reyestrindən çıxarışla birlikdə texniki pasportla təmin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinin rəhbərliyindən xahiş olunsun.
B. Ərizəçinin evinin sökülməsi
7. Ərizəçinin sözlərinə görə 2009-cu ilin ikinci yarısında NRİH-nin işçiləri şifahi şəkildə ondan evini tərk etməsini və kompensasiya kimi A.M.Cümə küçəsində, yerində əvvəllər qəbiristanlığın yerləşdiyi ərazidə inşa edilməkdə olan yeni beş otaqlı mənzilə yaşayış orderini qəbul etməyi tələb etmişlər. Ərizəçi bu tələbin hüquqi əsasını onlardan soruşduqda, ona bunun “Hökumətin tapşırığı” olduğu bildirilmişdir.
14. Ərizəçi bundan imtina edərək evindən çıxmaq niyyətinin olmadığını bildirmişdir. O qeyd etmişdir ki, hər bir halda bunun baş tutması üçün o, evinin və onun altındakı torpaq sahəsinin bazar dəyərində kompensasiyanın pul şəklində əvvəlcədən ödənilməsini tələb edəcəkdir.
15. Ərizəçinin sözlərinə görə onun qonşuları da eyni vəziyyətlə üzləşmiş və bir çoxu NRİH-nin təzyiqi altında onların dediyinə razılaşmışlar. Onlar evlərini tərk edərək, təklif olunan yaşayış orderlərini qəbul etmişlər. Tezliklə hakimiyyət orqanları onların evlərini sökməyə başlayıb. Qonşuluqda geniş miqyaslı söküntü işlərinin həyata keçirilməsi (o cümlədən ərizəçinin evi ilə qonşuluqda olan və ya ona birbaşa bitişik bəzi divarların və hasarların dağıdılması), bununla birlikdə elektrik enerjisinin kəsilməsi və onun evinin ətrafında dağıntı qalıqlarının toplanması nəticəsində ərizəçi və onun ailəsi artıq burada qalmağın mümkün olmadığı fikrinə gəlmiş və 2009-cu ilin oktyabrında evi tərk etməli olmuşlar. Lakin ərizəçinin anası evdə qalmışdır.
16. Ərizəçinin sözlərinə görə 2009-cu il 8 dekabrda NRİH onun anasını evdən çıxararaq evi sökməyə başlamışdır. Ev sayı məlum olmayan gün keçdikdən sonra sökülmüş və ərizəçinin əşyaları içəridə qalmışdır.
C. Mülki iş
1. Ərizəçinin mülki iddiası
8. 2009-cu il 8 dekabrda ərizəçi NRİH-nin hərəkətlərindən Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Ərizəçi məhkəmədən cavabdehin onun xüsusi mülkiyyətindən istifadə hüququnun pozmasının qarşısının alınmasını, mülkiyyətinin əvvəlki vəziyyətinin bərpa etmək göstərişinin verilməsini və ya bu, artıq mümkün olmadıqda vurulmuş maddi ziyana görə 500 000 Azərbaycan manatı (AZN), mənəvi ziyana görə 200 000 AZN və 2009-cu ilin dekabrından məhkəmə qərarının icrasına qədər olan müddət üçün vurulan ziyana görə gündəlik 500 AZN verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan BŞİH, Maliyyə Nazirliyi və Azyevro LAU MMC NRİH ilə birgə iş üzrə cavabdeh qismində cəlb edilmişlər.
18. NRİH ərizəçinin məhkəmə işə ilə bağlı bildirmişdir ki, ərizəçinin yaşadığı məhəllədən sakinlərin köçürülməsi BŞİH tərəfindən 2004-cü il 14 mayda qəbul edilmiş sərəncamla təsdiq edilmiş “mühüm dövlət layihəsi” ilə bağlı həyata keçirilmişdir. NRİH bu sərəncamın hüquqi əsası kimi 2009-cu ilin 1 oktyabr tarixinə qədər qüvvədə olmuş 1982-ci il tarixli Mənzil Məcəlləsini göstərmişdir (həmin tarixdə onun yerinə yeni Mənzil Məcəlləsi qüvvəyə minmişdir).
19. 2010-cu il 2 martda NRİH məhkəmədən ərizəçinin (artıq sökülmüş) evinin və ona kompensasiya kimi təklif edilmiş beş otaqlı mənzilin bazar dəyərinin qiymətləndirilməsi üçün ekspertizanın təyin edilməsini xahiş etmişdir. Ərizəçi bu xahişə etiraz edərək, inter alia, onun yeni mənzili qanuni kompensasiya kimi qəbul etməkdən imtina etdiyi və tələbinin predmetinin onun xüsusi mülkiyyətinə müdaxilənin qanunsuzluğu təşkil etdiyi üçün yeni mənzilin bazar dəyərinin müəyyən edilməsinin yersiz olduğunu qeyd etmişdir.
20. 2010-cu il 2 martda Nərimanov Rayon Məhkəməsi ekspert qiymətləndirməsinin aparılması barədə qərar qəbul etmişdir. Ərizəçi müxtəlif dəlillər gətirərək bu qərara etiraz etmişdir. Bir neçə apellyasiya şikayətindən sonra qərar Ali Məhkəmənin 2010-cu il 22 iyun tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 28 iyul tarixli qərarları ilə ləğv olunmuşdur. Qərarın ləğv edilməsinin əsası kimi birinci instansiya məhkəməsinin xahiş olunan qiymətləndirmənin aparılması üçün təyin edilmiş ekspertin düzgün kateqoriyadan olmadığı müəyyən edilmişdir. Bundan sonra ekspert qiymətləndirməsinin aparılması üçün hər hansı ekspertiza təyin olunmamışdır.
2. Birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə qəbul etdiyi qərar
9. Nərimanov Rayon Məhkəməsi 2010-cu il 4 noyabrda qəbul etdiyi qətnamə ilə ərizəçinin tələbini rədd etmişdir.
22. Qətnamənin təsviri hissəsində məhkəmə ilk növbədə evin ərizəçinin xüsusi mülkiyyətində olduğunu təsdiq etmişdir. Bununla belə o qeyd etmişdir ki, ərizəçi torpaq sahəsi üzərindəki mülkiyyət hüququnu rəsmiləşdirməmişdir və buna görə də torpaqla bağlı hər hansı tələb irəli sürə bilməz.
23. Məhkəmə, həmçinin BŞİH-nin 2004-cü il 14 may tarixli sərəncamını nəzərə almışdır. O daha sonra qeyd etmişdir ki, 2007-ci və 2009-cu illər ərzində BŞİH və NRİH ərizəçinin yaşadığı məhəllədəki “köhnə, yataqxana tipli və özütikili evlərin” sakinlərinin köçürülməsi “problemləri” ilə bağlı bir-birləri ilə təmasda olmuş və 2009-cu il 24 apreldə NRİH əvvəllər qəbiristanlığın yerləşdiyi ərazidəki boş sahədə yeni yaşayış evlərinin inşası üçün özəl şirkətlə (Azyevro LAU) müqavilə bağlamaq barədə qərar qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, ərizəçiyə bu binalardan birində NRİH-nin 2009-cu il 24 aprel tarixli sərəncamı ilə onun adına rəsmiləşdirilmiş 2009-cu il 29 sentyabr tarixli yaşayış orderi əsasında beş otaqlı mənzil “verilmiş”dir.
24. Məhkəmə xüsusi mülkiyyətin dövlət ehtiyacları üçün alınması ilə bağlı Mülki Məcəllənin 157.9-cu maddəsinə istinad etmiş, lakin nə həmin normanın ərizəçinin işinə tətbiq edilməsinin mümkün olub-olmadığını müəyyən etməyə, nə də ərizəçinin həmin normanın tələblərinə uyğun olaraq evindən məhrum edilib-edilmədiyini aydınlaşdırmağa səy göstərmişdir.
25. Məhkəmə daha sonra 2009-cu il 1 oktyabra qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müxtəlif normalarına istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, 1982-ci il Mənzil Məcəlləsi 2009-cu il 29 sentyabrda ərizəçiyə yaşayış orderi verilən zaman hələ də qüvvədə idi. Məhkəmə xüsusilə 1982-ci il tarixli Mənzil Məcəlləsinin vətəndaşlara “dövlət mənzil fondu” və ya “ictimai mənzil fondu”na məxsus yaşayış binalarından yaşayış sahələrinin ayrılması qaydasını təsbit edən 10 § 4, 40 § 1, 41, 89, 90 § 1, 91, 94 § 1, 96 § 1 və 135-ci maddələrinə istinad etmişdir.
26. Məhkəmə qət etmişdir ki, BŞİH-nin 2004-cü il 14 may tarixli sərəncamı “qüvvədə” idi və yeni inşa edilmiş binada beş otaqlı mənzilə ərizəçinin adına yaşayış orderinin verilməsi 1982-ci il tarixli Mənzil Məcəlləsinin 41-ci və 135-ci maddələrinin mənasında onun evinin əvəzinə “kompensasiya” olmuşdur. Bu səbəblərə görə məhkəmə ərizəçinin cavabdehin hərəkətlərinin qanunsuz olması barədə iddiasının əsassız olduğunu qət etmişdir.
27. Bundan əlavə, qiymətləndirmə üçün ekspertizanın aparılması barədə 2010-cu il 2 mart tarixli qərar ləğv olunsa da, NRİH bununla belə ərizəçiyə təklif edilmiş yeni mənzilin bazar dəyərini qiymətləndirən “ekspert rəyi” əldə edərək məhkəməyə təqdim etmişdir. Bu rəyə görə yeni mənzilin qiyməti köhnə evin qiymətindən yüksək olmuşdur. Məhkəmə hesab etmişdir ki, ərizəçiyə verilmiş kompensasiya ədalətli olmuşdur. Belə ki, ümumi sahəsi 123 kv.m. olan yeni mənzil ərizəçinin evindən daha geniş, dəyəri ərizəçinin evindən daha yuxarı olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, ərizəçinin maddi ziyanla bağlı tələbi (o, evin bazar dəyərinin nağd şəkildə ödənilməsini tələb edirdi) əsassız olmuşdur.
28. Bundan sonra məhkəmə ərizəçinin mənəvi ziyanla bağlı tələbini rədd edərək onun hər hansı mənəvi ziyana məruz qaldığını sübut edə bilmədiyini qət etmişdir.
3. Apellyasiya şikayətləri
10. Ərizəçi 2010-cu il 4 noyabr tarixli qətnamədən apellyasiya şikayəti verərək, inter alia, aşağıdakı dəlilləri irəli sürmüşdür:
a) Birinci instansiya məhkəməsi ərizəçinin evinin ictimai maraqlar naminə özgəninkiləşdirildiyini bildirsə də, “özgəninkiləşdirmənin” Konstitusiyanın müvafiq tələblərinə və Mülki Məcəllənin müvafiq normalarına (xüsusilə Mülki Məcəllənin 157.9-cu və 207-ci maddələri) uyğun şəkildə həyata keçirilmədiyinə münasibət bildirməmişdir;
b) Mülkiyyətindən de facto məhrumetmə qanunsuz olmuşdur. Belə ki, qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq özgəninkiləşdirmə barədə hər hansı qərar qəbul edilməmişdir. Xüsusilə, cavabdehin məhkəmə prosesində göstərdiyi özgəninkiləşdirmənin əsasları qanunda nəzərdə tutulmuş özgəninkiləşdirmə üçün hüquqi əsaslardan hər hansı birinə uyğun deyildir və qanunun tələb etdiyi kimi özgəninkiləşdirmə ilə bağlı Nazirlər Kabineti tərəfindən hər hansı qərar qəbul edilməmişdir;
c) Birinci instansiya məhkəməsi qərarını səhvən 1982-ci il tarixli Mənzil Məcəlləsinin müdaxilənin baş verdiyi zaman (ərizəçinin mövqeyinə görə bu, 2009-cu ilin dekabrında, evinin söküldüyü vaxt baş vermişdir) artıq qüvvədə olmamış müxtəlif müddəaları ilə əsaslandırmışdır;
d) Qətnamənin onun torpaq sahəsinə olan tələbini rədd edən hissəsi qanunsuz olmuşdur. Belə ki, Prezident tərəfindən 1997-ci il 10 yanvarda imzalanmış Fərmanla təsdiq edilmiş Qaydalara görə (aşağıda 58-ci bəndə bax) xüsusi mülkiyyətdə olan evlərin altındakı torpaq sahələri həmin evlərin sahiblərinə verilir. Buna görə də o, torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmi qeydiyyatdan keçirməsə də, evin mülkiyyətçisi olduğu üçün, həmin torpaq sahəsinin də qanuni mülkiyyətçisi idi.
11. NRİH Bakı Apellyasiya Məhkəməsinə verdiyi izahatda digər məsələlərlə yanaşı qeyd etmişdir ki, ərizəçi ona kompensasiya kimi verilmiş beş otaqlı mənzildən imtina etdiyi üçün NRİH ona eyni yeni tikilmiş binada iki mənzilin (biri 1 otaqlı, digəri 4 otaqlı) yaşayış orderini vermişdir. Lakin izahı verilməyən səbəblərdən bu iki orderin tarixi kimi ilk dəfə təklif olunmuş beş otaqlı mənzilin orderi kimi 2009-cu il 29 sentyabr göstərilmişdir (yuxarıda 13-cü və 23-cü bəndlərə bax).
31. Bakı Apellyasiya Məhkəməsi 2011-ci il 18 mart tarixli qətnaməsində əsas etibarı ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin dəlillərini təkrarlamış və həmin məhkəmənin 2010-cu il 4 noyabr tarixli qətnaməsini, ərizəçinin maddi ziyanla bağlı tələbinin rədd edilməsi hissəsi istisna olmaqla, qüvvədə saxlamışdır. Bakı Apellyasiya Məhkəməsi həmin hissədə qətnaməni ləğv etmiş və “maddi ziyana görə kompensasiya kimi” ərizəçiyə A.M.Cümə küçəsində yerləşən iki yeni mənzil (əvvəllər təklif edilmiş 5 otaqlı mənzil əvəzinə biri 1 otaqlı və digəri 4 otaqlı iki mənzil) verilməsini qət etmiş və mənzillərin ərizəçiyə verilməsi ilə bağlı formallıqları həyata keçirməyi NRİH-yə tapşırmışdır.
32. Ərizəçi hüquqi məsələlərlə bağlı kassasiya şikayəti verərək əvvəlki şikayətinin dəlillərini təkrarlamış və onları daha da dəqiqləşdirmişdir. O, xüsusilə aşağıdakıları qeyd etmişdir:
a) Onun tələbi mövcud qanunvericiliyin mənasında evinin sökülməsinin qanunsuz olduğunu müəyyən etməklə, həmçinin həmin qanunsuz əmələ görə pul şəklində kompensasiyanın ödənilməsinin təmin edilməsi ilə bağlı olsa da, məhkəmələr onun tələbinə məhəl qoymamış və mülkiyyət hüquqlarına müdaxilənin qanunsuzluğuna qiymət verməmişlər. Bunun əvəzinə, onlar cavabdehlər tərəfindən ona verilən mənzilləri (birinci 5 otaqlı mənzil, sonra 1 və 4 otaqlı mənzillər) “kompensasiya” kimi qəbul etməyə məcbur etmişlər. O, isə dəfələrlə və qanuni olaraq bu mənzilləri kompensasiya kimi qəbul etməkdən imtina etmişdir.
b) Onun mülkiyyətinə müdaxilə 2009-cu ilin dekabrında baş vermişdir və buna görə də 1982-ci il Mənzil Məcəlləsi bu vəziyyətə tətbiq oluna bilməzdi. Hər bir halda hətta Məcəllənin məhkəmələr tərəfindən istinad edilmiş normaları belə düzgün tətbiq olunmamışdır. Belə ki, bu normalar xüsusi mülkiyyətdə olan evlərə və mənzillərə deyil, “dövlət və ya ictimai mənzil fonduna” aid olan mənzillərə tətbiq olunurdu.
c) Məhkəmələr, həmçinin Ali Məhkəmə Plenumunun 2003-cü il 14 fevral tarixli qərarını da düzgün tətbiq etməmişlər. Belə ki, həmin qərar icazəsiz olaraq zəbt edilmiş torpaq sahələrində inşa edilmiş binalarla bağlı yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin səlahiyyəti ilə əlaqədar idi. Lakin ərizəçinin işində evə bitişik həyətdən ibarət torpaq sahəsi evin mülkiyyətçisi olduğu üçün onun qanuni istifadəsində idi. Bundan əlavə, mövcud qanunvericiliyə görə o, torpaq sahəsi üzərində mülkiyyət hüququnu pulsuz əldə edə bilərdi.
d) Məhkəmələrin qərarlarını əsaslandırmaq üçün NRİH tərəfindən təqdim edilmiş “ekspert rəyi”nə istinad etməsi qəbuledilməzdir. Belə ki, həmin sənəd ixtisaslı ekspert tərəfindən deyil, heç bir lazımı səlahiyyətə və müvafiq ixtisasa malik olmayan şəxs tərəfindən verilmiş, mülkiyyətin qiymətləndirilməsi üçün müvafiq standartlara əsaslanmamış, özbaşına götürülmüş rəqəmlər üzərində qurulmuş və burada bir sıra səhvlərə yol verilmişdir.
e) müvafiq qanunvericiliyə görə xüsusi mülkiyyətdə olan əmlak aşağıdakı hallarda qanuni şəkildə dövlət maraqları üçün özgəninkiləşdirilə bilər: (i) Konstitusiyanın 29-cu maddəsinin 4-cü bəndi (aşağıda 36-cı bəndə bax) və Mülki Məcəllənin 157.9-cu maddəsinin (aşağıda 52-ci bəndə bax) tələblərinə uyğun olaraq əvəzini əvvəlcədən ödəməklə dövlət ehtiyacları üçün özgəninkiləşdirmə; (ii) Mülki Məcəllənin 203.3.3-cü və 207-ci maddələrinə (aşağıda 54-55-ci bəndlərə bax) və 2009-cu il tarixli Mənzil Məcəlləsinin 31-ci maddəsinə (aşağıda 49-50-ci bəndlərə bax) uyğun olaraq mülkiyyətçinin razılığı ilə dövlət tərəfindən əmlakın satın alınması; və ya, (iii) Mülki Məcəllənin 203.3-cü maddəsində müəyyən edilmiş digər xüsusi hallar (aşağıda 54-cü bəndə bax).
Lakin yuxarıda göstərilmiş bu qaydalardan hər hansı birinə əməl olunmamış və məhkəmələr bununla bağlı hər hansı hüquqi və ya faktiki qiymətləndirmə verməmişlər.
(f) Mülkiyyət hüquqlarına müdaxilə zamanı, inter alia, Konvensiyanın 8-ci maddəsi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi də pozulmuşdur.
33. Ərizəçi evindən qanunsuz olaraq məhrum edildiyini təkidlə bildirmiş və istəmədiyi yeni mənzilləri kompensasiya kimi qəbul etməkdən davamlı və qanuni olaraq imtina etsə də, aşağı instansiya məhkəmələri onu bu qanunsuz kompensasiyanı qəbul etməyə məcbur etmişlər.
34. 2011-ci il 8 iyulda Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 2011-ci il 18 mart tarixli qərarını qüvvədə saxlayaraq həmin qərarın dəlillərini təkrar etmişdir. Ali Məhkəmənin qərarında ərizəçi tərəfindən irəli sürülmüş dəlillərdən heç birinə münasibət bildirilməmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. 1995-ci il Konstitusiyası
12. Konstitusiyanın 13-cü maddəsinin 1-ci hissəsində qeyd edilir:
“Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”.
13. Konstitusiyanın 29-cu maddəsinin 4-cü hissəsində qeyd edilir:
“Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.
B. 2009-cu il 1 oktyabra qədər qüvvədə olmuş Mənzil Məcəlləsi
14. 4-cü maddəyə görə “mənzil fondu”nu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. “Dövlət mənzil fondu” dövlətə məxsus olan yaşayış sahələrindən ibarət idi. “İctimai mənzil fondu”nu kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri təşkil edirdi. Mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri mənzil-tikinti kooperativləri fondunu təşkil edirdi. 1994-cü il 1 noyabr dəyişiklikləri nəticəsində “fərdi mənzil fondu” anlayışı yaranmışdır ki, bura da vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri daxil idi.
38. Məcəllənin 10-cu maddəsinin 4-cü hissəsində qeyd edilirdi ki, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz.
39. Məcəllənin 28-50-ci maddələri Məcəllənin “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi” adlanan III Bölməsinin 1-ci fəslinə daxil idi. Bu maddələrdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan Azərbaycan SSR vətəndaşlarının dövlət və ya ictimai mənzil fonduna daxil olan yaşayış sahələrində yeni mənzil almaq hüququnu nəzərdə tutur və müvafiq qayda və prosedurları təsbit edirdi.
40. Xüsusilə, 40-cı maddənin 1-ci hissəsində Azərbaycan SSR-də “mənzil sahəsi norması” adambaşına on iki kvadratmetr müəyyən edilirdi.
41. 41-ci maddədə qeyd edilirdi ki, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Vətəndaşlara yaşayış sahəsi mənzil sahəsi norması həddində (40-cı maddənin birinci hissəsi), lakin Azərbaycan SSR Nazirlər Sovetinin təyin etdiyi qaydada müəyyən olunan ölçüdən az olmayaraq verilirdi.
42. Məcəllənin 51-99-cu maddələri Məcəllənin “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə” adlanan III Bölməsinin 2-ci fəslinə daxil idi. Bu maddələr, inter alia, icarədarların yaşayış sahələrindən istifadə zamanı hüquq və öhdəlikləri, həmçinin icarədarların mənzillərindən çıxarılmalarının və çıxarılma zamanı yeni mənzil ilə təmin edilmələrinin qaydalarını təsbit edirdi.
43. Xüsusilə, 89-cu maddəyə görə dövlət və ya ictimai mənzil fonduna daxil olan yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə və məhkəmə qaydasında yol verilirdi. Ancaq yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq qorxusu olan evlərdə yaşayan şəxslərin prokurorun sanksiyası ilə inzibati qaydada çıxarılmasına yol verilirdi. Vətəndaşlar yaşayış sahəsindən çıxarılarkən, onlar eyni zamanda başqa yaşayış sahəsi ilə təmin olunurdu.
44. 90-cı maddənin 1-ci bəndinə görə vətəndaşlar, inter alia, yaşayış sahəsinin yerləşdiyi ev sökülməli olduqda, başqa abad yaşayış sahəsi verilməklə dövlət və ictimai mənzil fondunun yaşayış evlərindən çıxarıla bilərlər.
45. 91-ci maddəyə görə yaşayış sahəsinin yerləşdiyi ev dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün torpaq sahəsinin alınması ilə əlaqədar sökülməli, habelə ev (yaşayış sahəsi) yenidən qurulub qeyri-yaşayış evinə çevrilməli olduqda, həmin evdən (yaşayış sahəsindən) çıxarılan vətəndaşlara başqa abad yaşayış sahəsi torpaq sahəsinin ayrıldığı və ya yenidən qurulmalı olan evin (yaşayış sahəsinin) verildiyi dövlət, kooperativ təşkilatı və ya digər ictimai təşkilat tərəfindən verilirdi. Evin sökülməsinin başqa hallarında həmin evdən çıxarılan vətəndaşlara digər abad yaşayış sahəsi yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilirdi.
46. 94-cü maddənin 1-ci hissəsinə görə vətəndaşlara çıxarma ilə əlaqədar verilən digər abad yaşayış sahəsi Mənzil Məcəlləsinin 41-ci və 42-ci maddələrinin tələblərinə cavab verməli və əvvəlki mənzildən kiçik olmamalı idi.
47. 96-cı maddənin 1-ci bəndinə görə vətəndaşlara yaşayış sahəsindən çıxarma ilə əlaqədar verilən digər yaşayış sahəsi sanitariya tələblərinə, texniki tələblərə cavab verməli və həmin yaşayış məntəqəsində olmalı idi.
48. 135-ci maddəyə görə torpaq sahələrinin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün alınması ilə əlaqədar vətəndaşların şəxsi mülkiyyətindəki yaşayış evləri söküldükdə, həmin vətəndaşlara, onların ailə üzvlərinə, habelə bu evlərdə daimi yaşayan başqa vətəndaşlara dövlət və ya ictimai mənzil fondu evlərində müəyyən edilmiş normalar üzrə mənzil verilir və ya yaşayış evlərinin mülkiyyətçilərinə onların arzusuna görə ya sökülən evlərin, tikililərin və qurğuların dəyəri ödənilir, ya da bu evlərin, tikililərin və qurğuların materiallarından öz istədikləri kimi istifadə etmək hüququ verilirdi.
C. 2009-cu il 1 oktyabrdan qüvvədə olan Mənzil Məcəlləsi və onun tətbiqi ilə bağlı Prezidentin müvafiq fərmanı
15. 2009-cu il Mənzil Məcəlləsinin 31-ci maddəsinə görə torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda onun üzərində yerləşən özəlləşdirilmiş yaşayış sahəsi dövlət satınalması yolu ilə mülkiyyətçidən alına bilər. Satınalma qaydası müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir və inter alia, Nazirlər Kabinetinin satınalma barədə qərar qəbul etməsini (torpaq sahəsinin özgəninkiləşdirilməsi qərarı ilə birlikdə), bu qərarın dövlət əmlak reyestrində qeydiyyatdan keçirilməsini, qərar barədə qeydiyyatdan sonra və planlaşdırılan satınalmadan ən azı bir il əvvəl mülkiyyətçiyə xəbər verilməsini və satınalma qiyməti, köçmə ilə bağlı müxtəlif ödənişlər, ödəmənin qrafiki və digər şərtlər barədə mülkiyyətçi ilə qarşılıqlı razılığa gəlinməsini tələb edirdi. Qərar barədə mülkiyyətçiyə xəbər verildikdən sonrakı bir il müddətində mülkiyyətçinin razılığı olmadan əmlak satın alına bilməz. Həmin müddət keçdikdən sonra mülkiyyətçi razılığını verməzsə və ya satınalmanın qiyməti və ya digər şərtləri ilə razılaşmazsa, Nazirlər Kabineti satınalma qərarı barədə mülkiyyətçiyə xəbər verildiyi tarixdən iki ildən artıq müddət keçmədən mübahisənin həll edilməsi və ya məcburi satınalma barədə göstəriş verilməsi üçün məhkəməyə müraciət edə bilər.
50. 2009-cu il tarixli Mənzil Məcəlləsinin tətbiqinin müxtəlif aspektləri ilə bağlı Prezident tərəfindən 2009-cu il 27 avqustda imzalanmış və hazırda qüvvədə olan 153 nömrəli Fərmanda Nazirlər Kabineti 2009-cu il tarixli Mənzil Məcəlləsinin 31-ci maddəsində istinad edilmiş “müvafiq icra hakimiyyəti orqanı” kimi müəyyən edilmişdir.
51. Hazırkı işdəki hadisələr baş verdikdən sonra 2010-cu il 20 aprel tarixində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun qəbul edilməsi ilə əlaqədar olaraq 31-ci maddənin mətninə dəyişiklik edilmiş, ilkin redaksiya tamamilə ləğv edilmiş və ümumi şəkildə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna istinad edilmişdir. Qanun xüsusi mülkiyyətdə olan əmlakın dövlət tərəfindən satın alınması qaydasını daha geniş şəkildə tənzim edir.
D. 2000-ci il tarixli Mülki Məcəllə və onun tətbiqi ilə bağlı Prezidentin müvafiq Fərmanı
16. Mülki Məcəllənin 157.9-cu maddəsinin 2004-cü il 30 iyuna qədərki redaksiyasında qeyd edilirdi:
“Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız qanunda nəzərdə tutulmuş hallarda və bazar dəyərinə uyğun kompensasiya əvvəlcədən ödənilməklə alına bilər”.
157.9-cu maddənin mətni sonrada 2004-cü il 1 iyunda qəbul edilmiş və 2004-cü il 30 iyunda qüvvəyə minmiş 677-IIQD nömrəli Qanunla dəyişiklik edilmişdir. Burada qeyd edilir:
“Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız qanunla nəzərdə tutulmuş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhədboyu zolaqda dövlət sərhədinin mühafizəsinin təmin edilməsi, müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafiq dövlət hakimiyyət orqanının (Nazirlər Kabineti) qərarı ilə və bazar dəyərinə uyğun kompensasiya əvvəlcədən ödənilməklə alına bilər”.
2007-ci il 31 avqustda qüvvəyə minmiş 2007-ci il 17 aprel tarixli, 315-IIIQD nömrəli Qanunun 8-ci maddəsinə uyğun olaraq Mülki Məcəllənin 157.9-cu maddəsinin mətnindən “ictimai ehtiyaclar” sözləri çıxarılmışdır.
Hazırkı işdəki hadisələr baş verdikdən sonra 2012-ci il 20 apreldə qəbul edilmiş və 2012-ci il 6 iyunda qüvvəyə minmiş 332-IVQD nömrəli Qanunla mətndə yeni dəyişiklik edilmiş və o, aşağıdakı redaksiyada verilmişdir:
“Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır”.
17. 2000-ci il tarixli Mülki Məcəllənin tətbiqinin müxtəlif aspektləri ilə bağlı Prezidentin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında Prezidentin 2004-cü il 17 iyun tarixli 78 nömrəli Fərmanı ilə dəyişiklik edilmişdir. Mübahisənin meydana gəldiyi zaman qüvvədə olan həmin redaksiyada Nazirlər Kabineti Mülki Məcəllənin 157.9-cu maddəsində istinad edilmiş “müvafiq dövlət orqanı” kimi müəyyən edilmişdir.
54. Mülki Məcəllənin 203.3-cü maddəsinə qeyd edilmişdir:
“203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir:
203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;
203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi;
203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;
203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;
203.3.5. rekvizisiya;
203.3.6. müsadirə.
...
203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən həyata keçirilir”.
18. Mülki Məcəllənin 207-ci maddəsində aşağıdakıları qeyd edilmişdir:
“Torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər”.
19. Mülki Məcəllənin 243.1-ci maddəsinə görə başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
E. Torpaqla bağlı müvafiq daxili qanunvericilik
20. Torpaq islahatı haqqında 1996-cı il tarixli Qanunun 9-cu maddəsinə görə xüsusi mülkiyyətdə olan yaşayış evlərinin altında yerləşən torpaq sahəsi, həmçinin vətəndaşların qanuni istifadəsində olan həyətyanı sahələr və müxtəlif növ bağçalar (bununla bağlı həmçinin yuxarıda 56-cı bəndə bax) qanunda nəzərdə tutulmuş qaydada əvəzi ödənilmədən dövlətin mülkiyyətindən istifadəçinin xüsusi mülkiyyətinə verilir.
58. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 2-6-cı bəndlər belə torpaq sahələrinin özəlləşdirilməsi və maraqlı şəxslərin təşəbbüsü ilə mülkiyyət hüquqlarının qeydiyyatı qaydasını təsbit edir. 7-ci bəndə görə torpaq sahəsi üzərində mülkiyyət hüququ onun qanunda nəzərdə tutulmuş qaydada dövlət mülkiyyət reyestrində qeydiyyata keçdiyi tarixdən yaranır.
F. Ali Məhkəmə Plenumunun torpaqla bağlı qanunvericiliyin tətbiqi barədə 2003-cü il 14 fevral tarixli qərarı
21. Ali Məhkəmə Plenumunun qərarının 6-cı bəndində qeyd edilir ki, Torpaq Məcəlləsi və Mülki Məcəlləyə görə torpaq sahələri üzərində hüquqların dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi mülkiyyət hüququnu təsdiq edən müvafiq sənəd olmadan tutulduqda belə tutma qanunsuz zəbt etmə hesab edilir.
60. Qərarın 15-ci bəndində Plenum məhkəmələrə xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərindəki icazəsiz tikililərə mülkiyyət hüququ ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik olduqları barədə təlimat vermişdir. Digər tərəfdən, qanunsuz zəbt edilmiş torpaq sahələrindəki icazəsiz tikililərin “taleyi” mübahisəli torpaq sahəsinin məxsus olduğu müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən müəyyən edilir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
22. Ərizəçi mülkiyyətinə müdaxilənin qanunsuz və əsassız olmasından şikayət etmişdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində qeyd edilmişdir:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”.
A. Ərizənin mümkünlüyü
23. Məhkəmə qeyd edir ki, bu ərizə Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinin mənasında açıq-aşkar əsassız deyil. O daha sonra qeyd edir ki, o, hər hansı digər əsasa görə də mümkünsüz hesab edilə bilməz. Buna görə də ərizə mümkün elan olunmalıdır.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin izahatları
(a) Hökumət
24. Hökumət ərizəçinin evinin “BŞİH-nin 2004-cü il 14 may tarixli sərəncamına uyğun olaraq dövlət orqanları tərəfindən ictimai ehtiyaclar üçün alındığını” bildirmişdir. Bu sərəncam Bakı şəhərinin Baş İnkişaf Planına əsaslanırdı. Ərizəçinin evi və sözü gedən ərazidəki digər binalar “gecəqondu”ya oxşayırdı və şəhərin görünüşünə xələl gətirirdi (Hökumət ərizəçinin yarı dağılmış vəziyyətdə olan evinin bəzi şəkillərini göndərmişdir). Ərizəçinin evi 2009-cu ilin sentyabrında sökülmüşdür.
64. Hökumət bildirmişdir ki, müdaxilə onun baş verdiyi 2004-cü il 15 may tarixində (BŞİH-nin sərəncamı bu tarixdə qəbul edilmişdi) qüvvədə olmuş maddi hüquq normalarına uyğun idi. Həmin vaxt ərizəçi evinin altında yerləşən torpaq sahəsinə hər hansı hüquqa malik deyildi. Eyni zamanda, bu vaxt evin özü də ərizəçinin xüsusi mülkiyyətində deyildi. Buna görə də həmin zaman qüvvədə olmuş 1982-ci il tarixli Mənzil Məcəlləsinin dövlət və ictimai mənzil fonduna daxil olan yaşayış sahələrinə dair normaları hazırkı işə tətbiq edilmişdir. Hökumət bildirmişdir ki, digər tərəfdən “ərizəçinin istinad etdiyi bütün hüquq normaları həmin tarixdən (2004-cü il 15 may) sonra qüvvəyə minmişdir və buna görə də hazırkı işdə tətbiq oluna bilməz”.
65. Hökumət bildirmişdir ki, ərizəçinin evi “özgəninkiləşdirilən” zaman yerli hakimiyyət orqanları 1982-ci il Mənzil Məcəlləsinin 40-cı, 41-ci, 90-cı, 91-ci, 94-cü və 96-cı maddəsinə uyğun hərəkət etmişlər və həmin müddəaların bütün tələblərinə əməl olunmuşdur. Hökumət daha sonra ölkə məhkəmələrinin qərarlarındakı əsaslandırmanı ümumiləşdirmiş və ərizəçiyə 1982-ci il Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq evinə görə ədalətli kompensasiya ödənildiyini qeyd etmişdir. Torpaq sahəsinə gəlincə, Hökumət bildirmişdir ki, ərizəçi istər ölkə məhkəmələri, istərsə də Avropa Məhkəməsində işə baxılan zaman verdiyi izahatlarında həmin sahəyə hər hansı hüququnun olduğunu sübut edə bilməmişdir.
66. Nəhayət, Hökumət bildirmişdir ki, müdaxilə ərizəçinin üzərinə həddən artıq fərdi yük qoymamış və istifadə edilmiş vasitələrlə nail olunmasına çalışılan məqsəd arasında ağlabatan tarazlıq təmin edilmişdir. Evin sökülməsi şəhər planlaşdırılması ilə bağlı işlərlə əlaqəli olmuşdur və onun məqsədi bir vaxtlar sakinlərin özləri tərəfindən tikilmiş “gecəqonduları sökməklə” şəhərin görünüşünü abadlaşdırmaq idi.
(b) Ərizəçi
25. Ərizəçi evinin 2009-cu ilin dekabrında söküldüyünü və bu tarixin müvafiq vaxtda tətbiq edilməli olan özgəninkiləşdirmə qanunvericiliyinin müəyyən edilməsi məqsədləri üçün onun mülkiyyət hüquqlarına müdaxilə vaxtı hesab edilməli olduğunu bildirmişdir. BŞİH-nin 2004-cü il 14 may tarixli sərəncamı Hökumətin də iddia etdiyi kimi əsl müdaxilə deyildi, belə ki, BŞİH-nin xüsusi mülkiyyəti özgəninkiləşdirmək səlahiyyəti yoxdur və 2009-cu ilin dekabrında ölkə məhkəmələrində iddia qaldırana qədər ona bu sərəncam barədə məlumat belə verilməmişdi.
68. Ərizəçi qeyd etmişdir ki, Bakı şəhərinin Baş İnkişaf Planı Azərbaycan SSR Nazirlər Şurasının 1987-ci il 18 may tarixli, 182 nömrəli qərarı ilə təsdiq edilmişdir və 2005-ci ilə qədər olan dövrü əhatə etməsi nəzərdə tutulurdu. Lakin bu hadisəyə qədər həmin plana bir neçə il idi ki, əməl olunmurdu. Belə ki, dövlət orqanları şəhərin inkişafı ilə bağlı həmin planda nəzərdə tutulmuş bir sıra layihələri həyata keçirmişdi. Hər bir halda Baş İnkişaf Planının mövcudluğu dövlət orqanlarının Konstitusiyaya və mülkiyyətlə bağlı digər qanunvericilik aktlarına zidd hərəkətə yol verməsinə bəraət qazandıra bilməzdi.
69. Ərizəçi evinin “gecəqonduya” bənzəməsinə dair Hökumətin səsləndirdiyi iddia ilə razılaşmamışdır. O, Hökumət tərəfindən təqdim edilmiş şəkillərin evinin sökülməsinə başlandıqdan sonra çəkildiyini qeyd etmişdir. Bundan əlavə, NRİH evinin pis vəziyyətdə olduğu qənaətində idisə, məhkəməyə müraciət edərək, mülkiyyətçinin ağlabatan müddətdə evini təmir etməsini tələb edə bilərdi.
70. Ərizəçi bildirmişdir ki, evdən əlavə onun altında olan torpaq sahəsi də 1 saylı Protokolun 1-ci maddəsinin mənasında onun “əmlakı” idi. O, bununla bağlı Mülki Məcəllənin 243.1-ci maddəsinə, Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsinə və Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnaməyə (yuxarıda 56-58-ci bəndlərə bax) istinad etmişdir. Bu sənədlər ona torpaqdan istifadə etmək və əvəzi ödənilmədən onun üzərində mülkiyyət hüququ əldə etmək hüquqlarını verirdi.
71. Şikayətin mahiyyətinə gəlincə, ərizəçi ölkə məhkəmələrində irəli sürdüyü dəlillərini təkrar etmişdir (yuxarıda 29-cu və 32-ci bəndlərə bax). O xüsusilə qeyd etmişdir ki, ölkə məhkəmələrinin və Hökumətin istinad etdiyi 1982-ci il tarixli Mənzil Məcəlləsinin müddəaları bu işə tətbiq oluna bilməzdi. O təkrar etmişdir ki, dəfələrlə şikayət etməsinə baxmayaraq, ölkə məhkəmələri və Hökumət tətbiq edilməli olan qanunvericilik, o cümlədən Konstitusiyanın, Mülki Məcəllənin, yeni Mənzil Məcəlləsinin, prezidentin müvafiq fərmanlarının və digər normativ-hüquqi aktların müddəaları ilə bağlı mövqeyini bildirməmişdir.
72. Bundan əlavə, ərizəçi bildirmişdir ki, ona heç zaman daşınmaz əmlak və torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq əvvəlcədən pul şəklində kompensasiya təklif edilməmişdir. Bunun əvəzinə, ona köçürülmüş qəbiristanlığın yerində inşa edilmiş “barak tipli” binalardakı mənzillərə köçmək təklif olunmuşdur. Bu isə bütün həyatı boyu yaşadığı həyətyanı sahəsi olan özəl evi üçün nə qanuni, nə də ekvivalent kompensasiya hesab oluna bilməzdi. Bununla əlaqədar olaraq o, həmçinin evinin və NRİH tərəfindən verilmiş yeni mənzillərin bazar dəyərləri ilə bağlı verilmiş “ekspert rəyi” ilə də razılaşmamışdır. Onun sözlərinə görə bu sənəd müvafiq ixtisasa malik olmayan şəxs tərəfindən tərtib edilmiş və hər hansı şəkildə əhəmiyyətli dərəcədə yoxlanmamışdır.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Mübahisə predmeti olan evin və torpaq sahəsinin ərizəçinin “əmlakı” olub-olmaması məsələsi
26. Məhkəmə təkrar edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “əmlak” konsepsiyası müstəqil mənaya malikdir və maddi nemətlər üzərində mülkiyyət hüququ ilə məhdudlaşmır. O, ölkə qanunvericiliyində müəyyən edilən formal təsnifata münasibətdə də müstəqildir. Maddi nemətlər kimi əmlak qismində çıxış edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” və beləliklə də, bu müddəanın məqsədləri üçün “əmlak” hesab oluna bilər (bax: “İatridis Yunanıstana qarşı” (Iatridis v. Greece [GC], no. 31107/96, § 54, ECHR 1999‑II)). “Əmlak” konsepsiyası yalnız “mövcud əmlak” ilə məhdudlaşmır və həmçinin ərizəçinin azından mülkiyyət hüququndan səmərəli istifadənin əldə edilməsi ilə bağlı ağlabatan və qanuni gözləntisinin olduğunu iddia edə biləcəyi əmlakı, o cümlədən tələbi əhatə edə bilər. “Gözlənti” sözü gedən mülkiyyət marağını nəzərdə tutan qanunvericilik normasına və ya hüquqi akta əsaslandıqda “qanuni” hesab edilir. Hər bir işdə bütünlükdə işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan həqiqi marağa malik olma hüququnu verib-vermədiyi araşdırılmalıdır (bax: “Saqinadze və Digərləri Gürcüstana qarşı” (Saghinadze and Others v. Georgia, no. 18768/05, § 103, 27 May 2010, with further references)).
74. Ərizəçinin evinin 2005-ci ilin 8 oktyabrdan onun xüsusi mülkiyyətində olması və həmin tarixdən qabaq da mübahisəsiz istifadəsində olması faktı mübahisə doğurmur. Bu fakt ölkə məhkəmələri tərəfindən təsdiq edilmiş və ölkə səviyyəsində heç zaman mübahisələndirilməmişdir.
75. Evin altında olan və ümumi sahəsi 257 kv.m. torpaq sahəsinə gəlincə, Hökumət ərizəçinin torpağa hər hansı hüquqa malik olduğunu sübut edə bilmədiyini, ərizəçi isə torpağın evi ilə birlikdə onun “əmlakının” bir hissəsini təşkil etdiyini iddia etmişdir.
76. Məhkəmə qeyd edir ki, Azərbaycan hüquq sisteminə görə evin altında olan torpaq sahəsinə hüquq evin özünə olan hüquqa avtomatik olaraq daxil edilmir. Başqa sözlə, daşınmaz əmlakın mülkiyyətçisi əmlakın üzərində yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olmaya bilər. Belə ki, şəxs ev üzərində mülkiyyət hüququna malik ola, bununla yanaşı torpaq sahəsi isə dövlətin və ya bələdiyyənin mülkiyyətində qala bilər. Lakin Mülki Məcəllənin 243.1-ci maddəsinə görə başqa bir şəxsin istifadəsində olan torpaq sahəsi üzərində istifadə hüququ avtomatik olaraq torpaq üzərində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinə verilir (yuxarıda 56-cı bəndə bax). Bundan əlavə, xüsusi mülkiyyətdə olan evlərin altında yerləşən və dövlətin mülkiyyətində olan torpağın, evə bitişik həyətyanı sahələrinin “qanuni istifadəçiləri” olan şəxslər əvəzi ödənilmədən həmin torpaq üzərində xüsusi mülkiyyət hüququ əldə etmək hüququna malikdirlər. Onlar bu hüquqdan istifadə etsələr, dövlət qeydiyyatına alındığı andan torpaq üzərində mülkiyyət hüququ yaranır (Torpaq islahatı haqqına 1996-cı il tarixli qanunun və 1997-ci il tarixli Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin müvafiq müddəaları üçün yuxarıda 57-58-ci bəndlərə bax).
77. Ərizəçinin evinin altında yerləşən torpaq sahəsi və ona bitişik həyətyanı sahə üzərində mülkiyyət hüquqlarının qeydiyyatdan keçirilməsi üçün heç zaman müraciət etmədiyi doğrudur. Buna görə də, formal olaraq o, evinin sökülməsi zamanı torpaq üzərində mülkiyyət hüququna malik deyildi. Lakin mövcud qanunvericiliyə görə ərizəçi evin mülkiyyətçisi olduğu üçün mübahisə predmeti olan torpaq sahəsinin “qanuni istifadəçisi” idi. Bundan əlavə, milli qanunvericiliyə əsasən onun torpaq üzərində mülkiyyət hüququnu əvəzi ödənilmədən əldə edə bilmək kimi qanuni gözləntisi də var idi. Beləliklə də, ən gec 2005-ci il 8 oktyabrdan ərizəçi torpaq üzərində, onun “əmlak” hesab oluna bilməsi üçün kifayət edici dərəcədə mülkiyyət marağına malik idi.
78. Məhkəmə yuxarıdakıları nəzərə alaraq hesab edir ki, həm mübahisə predmeti olan ev, həm də torpaq sahəsi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasında ərizəçinin “əmlakı”nı təşkil edirdi.
(b) 1 saylı Protokolun 1-ci maddəsinə əməl olunması məsələsi
27. 1 saylı Protokolun 1-ci maddəsində 3 fərqli qayda müəyyən edilmişdir: birinci bəndin birinci cümləsində təsbit edilmiş birinci qayda ümumi təbiətlidir və mülkiyyətdən dinc istifadə prinsipini bəyan edir; birinci bəndin ikinci cümləsində təsbit olunmuş ikinci qayda əmlakdan məhrumetməni əhatə edir və bunun bəzi şərtlərini müəyyənləşdirir; ikinci bənddə əks olunmuş üçüncü qaydada təsbit edilmişdir ki, dövlətlər digər hüquqlarla yanaşı ümumi maraqlar naminə mülkiyyətdən istifadəyə nəzarət edə bilər. Lakin bu qaydalar əlaqəsiz deyil: ikinci və üçüncü qaydalar mülkiyyətdən dinc istifadə hüququna konkret müdaxilə halları ilə bağlıdır və buna görə də birinci qaydada təsbit edilmiş prinsip prizmasından təfsir olunmalıdır (misal üçün bax: “Kozacıoğlu Türkiyəyə qarşı” (Kozacıoğlu v. Turkey [GC], no. 2334/03, § 48, 19 February 2009) və “Vistinş və Perepjolkins Latviyaya qarşı” (Vistiņš and Perepjolkins v. Latvia [GC], no. 71243/01, § 93, 25 October 2012)).
80. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin əmlakına müdaxilə baş vermişdir. Belə ki, əmlak dövlət tərəfindən götürülmüş və ev sökülmüşdür. Bu müdaxilə 1 saylı Protokolun 1-ci maddəsinin ikinci cümləsinin mənasında “əmlakdan məhrumetmə” hesab olunur.
81. Özgəninkiləşdirmə tədbiri 1 saylı Protokolun 1-ci maddəsinə uyğun olması üçün 3 şərtə cavab verməlidir: o, “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməlidir (bu, dövlət orqanları tərəfindən hər hansı özbaşına hərəkətə yol verilməsini istisna edir), “ictimai maraqlara” cavab verməlidir və mülkiyyətçinin hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlıq təmin olunmalıdır.
81. Məhkəmə birinci şərtlə bağlı təkrar edir ki, 1 saylı Protokolun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə istənilən müdaxiləsinin qanuni olmasını tələb edir: həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir. Bundan əlavə, demokratik cəmiyyətin əsas prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrində ehtiva olunan bir məfhumdur (bax: yuxarıda qeyd edilmiş “İatridis” işi, 58-ci bənd; “Yunanıstanın keçmiş kralı və Digərləri Yunanıstana qarşı” (Former King of Greece and Others v. Greece [GC], no. 25701/94, § 79, ECHR 2000‑XII) və “Broniovski Polşaya qarşı” (Broniowski v. Poland [GC], no. 31443/96, § 147, ECHR 2004‑V)).
83. Hazırkı iş üzrə tərəflər müdaxilənin baş verdiyi tarix barədə fərqli mövqeyə malikdirlər. Onların fikrincə, bu amil müvafiq vaxtda tətbiq edilməli olan ölkə qanunvericiliyini müəyyən etmək baxımından əhəmiyyətli idi. Xüsusilə, Hökumət iddia etmişdir ki, müdaxilə BŞİH-nin 2014-cü il 14 may tarixli sərəncamının qəbul edildiyi vaxt baş vermişdir. Ərizəçi isə müdaxilənin 2009-cu ilin dekabrında, evinin söküldüyü vaxt baş verdiyini iddia etmişdir. Məhkəmə aşağıdakı təhlilinin bir hissəsində bu məsələyə münasibətini bildirəcəkdir.
84. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin evin sökülməsi vaxtı ilə bağlı mövqeləri də fərqlidir. Hökumət bunun 2009-cu ilin sentyabrında baş verməsini bildirmişdir. Lakin Hökumət bu mövqeyini təsdiq etmək üçün hər hansı sübut təqdim edə bilmədiyinə görə Məhkəmə ərizəçinin evinin tam şəkildə 2009-cu ilin dekabrında sökülməsi ilə bağlı dəfələrlə ölkə məhkəmələri və Avropa Məhkəməsinə etdiyi izahatları qəbul edir.
85. Hökumətin dövlət orqanları tərəfindən görülmüş tədbirlərin qanuniliyi məsələsinə gəlincə, Məhkəmə ərizəçinin evinin qanuni şəkildə “BŞİH-nin 2004-cü il 14 may tarixli sərəncamına əsasən ictimai ehtiyaclar üçün alındığına” dair Hökumət tərəfindən səsləndirilən mövqeni aşağıdakı səbəblərə görə qəbul etməyin çətin olduğunu bildirir.
86. İlk öncədən Məhkəmə bəyanatın özünü çaşdırıcı hesab edir. O qeyd edir ki, BŞİH-nin 2004-cü il 14 may tarixli sərəncamı ərizəçinin evi üzərində mülkiyyət hüququnu əldə etməsindən bir ildən artıq müddət əvvəl qəbul edilmişdir. 2005-ci il 8 oktyabrda BŞİH-nin özü mülkiyyət şəhadətnaməsini ərizəçiyə vermişdir (daha dəqiq BŞİH-nin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Şöbəsi; yuxarıda 7-ci bəndə bax). Belə olan halda, BŞİH-nin 2004-cü il 14 may tarixli sərəncamına necə imzalandığı vaxtda ərizəçinin hələ də mülkiyyətində olmayan əmlakı “özgəninkiləşdirən” akt kimi baxılması aydın deyil.
87. Hər bir halda sonradan bu sərəncamdan evin sökülməsinə haqq qazandırmaq üçün istifadə edildiyindən, ərizəçinin 2005-ci il 8 oktyabrda evin üzərində mübahisəsiz mülkiyyət hüququ əldə etdikdən sonra bu sərəncama ərizəçinin xüsusi mülkiyyətinə müdaxilənin qanuni əsası kimi çıxış etməsinin mümkünlüyünü müəyyənləşdirmək zəruridir.
88. Məhkəmə 2004-cü il 14 may tarixli sərəncamın mətninə nəzər salaraq qeyd edir ki, bu sənədin hüquqi qüvvəsi icarə müqaviləsi əsasında özəl podratçıya torpaq sahəsi ayırmaq və podratçıya inkişaf layihəsinin dizaynını hazırlamağa icazə verməklə məhdudlaşırdı. Yuxarıda qeyd edildiyi kimi bu sərəncam barədə həmin ərazinin sakini kimi ərizəçiyə evinin faktiki sökülməsindən qabaq formal məlumat verilməmişdir. Sərəncamda xüsusi mülkiyyətin özgəninkiləşdirilməsini nəzərdə tutan və ya həmin ərazidə özəl və ya dövlət fondu mənzillərində yaşayan sakinlərin başqa yerə köçürülməsi ilə bağlı qərara istinad edən hər hansı müddəa olmamışdır. Əslində, sərəncamda açıq şəkildə qeyd edilirdi ki, “o, yalnız layihə dizaynının hazırlanması” və layihənin podratçısı tərəfindən müvafiq sənədlərin əldə edilməsi üçün əsas kimi çıxış edirdi. Belə olan halda və müvafiq özəlləşdirilmiş evlərin özgəninkiləşdirilməsi ilə bağlı sonradan BŞİH və ya hər hansı digər dövlət orqanı tərəfindən formal qərarlar qəbul edilmədiyindən, Məhkəmə hesab edir ki, BŞİH-nin 2004-cü il 14 may tarixli sərəncamı öz-özlüyündə sözü gedən ərazidə yerləşmiş xüsusi mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsinə açıq şəkildə icazə verən hüquqi sənədə bərabər tutula bilməz.
89. Bundan əlavə, Məhkəmə özgəninkiləşdirmə prosesinin qanuni şəkildə 1982-ci il tarixli Mənzil Məcəlləsinin bir sıra normalarına uyğun qaydada aparıldığı ilə bağlı Hökumətin mövqeyini qəbul etmir. Məhkəmə bununla əlaqədar həmin normaların işə aidiyyəti olmadığı və ya tətbiq edilməsinin mümkün olmadığı ilə bağlı ərizəçinin mövqeyi ilə razılaşır. Xüsusilə, 1982-ci il tarixli Mənzil Məcəlləsinin 10-cu maddəsinin 4-cü bəndi ümumi xarakterli norma idi və mülkiyyət və ya mənzil hüquqlarına mümkün müdaxilənin konkret hallarını təsvir etmirdi. Həmin Məcəllənin 40-cı maddəsinin 1-ci bəndi dövlət və ya ictimai mənzil fonduna daxil evlərdə “yaşayış norması” məsələsini tənzim edirdi və özəl mülkiyyətdə olan evlərə tətbiq oluna bilməzdi. 41-ci, 89-cu maddələr, 90-cı maddənin 1-ci bəndi, 91-ci maddə, 94-cü maddənin 1-ci və 96-cı maddənin 1-ci bəndləri “dövlət və ya ictimai mənzil fonduna” daxil olan evlərin sakinlərinin evlərindən çıxarılması və köçürülməsi məsələlərini tənzim edirdi və buna görə də xüsusi mülkiyyətdə olan evlərə tətbiq oluna bilməzdi. Ölkə məhkəmələri tərəfindən 1982-ci il tarixli Mənzil Məcəlləsində istinad edilən müddəalardan yalnız 135-ci maddə özəl mülkiyyətdə olan evlərə tətbiq olunurdu. Bununla belə, o, sadəcə olaraq özgəninkiləşdirmə halında mülkiyyətçilərə kompensasiya ödənilməsi tələbini ümumi şəkildə təsbit edirdi (eyni zamanda belə görünür ki, sonradan özgəninkiləşdirməyə görə kompensasiya ilə bağlı qəbul edilmiş lex specialis xarakterli qanun bu müddəanı ləğv etmişdir). Nə 135-ci maddə, nə də yuxarıda qeyd edilmiş müddəalardan hər hansı biri özəl mülkiyyətin özgəninkiləşdirilməsi qaydasını müəyyən etməmiş və ya hər hansı dövlət orqanının bu qaydanı həyata keçirəcək səlahiyyətli qurum kimi müəyyən etməmişdir. Yuxarıdakı normalardan heç biri BŞİH və ya NRİH kimi yerli icra hakimiyyəti orqanlarına xüsusi mülkiyyətdə olan əmlakı özgəninkiləşdirmək və ya məhkəmə qərarı olmadan özəlləşdirilmiş evlərin mülkiyyətçilərini evlərindən çıxarmaq səlahiyyətini vermirdi.
90. Bu o deməkdir ki, hətta istinad edilmiş 1982-ci il tarixli Mənzil Məcəlləsinin müddəalarının ərizəçinin əmlakın mülkiyyətçisi olmadığı vaxtı BŞİH və NRİH-nin hərəkətlərinin müəyyən dərəcədə əsası kimi çıxış edə biləcəyi mübahisələndirilə bilsə də, 2005-ci il 8 oktyabr tarixində onun əmlak üzərində mübahisə doğurmayan mülkiyyət hüquqlarını əldə etməsindən sonra bu, artıq mümkün deyildi.
91. Ölkə məhkəmələri tərəfindən istinad edilən Ali Məhkəmənin Plenumu tərəfindən 2003-cü il 14 fevralda qəbul edilmiş qərarın 6-cı və 15-ci bəndlərinə gəlincə (yuxarıda 59-60-cı bəndlərə bax), onların da ərizəçinin vəziyyətində tətbiq edilməsinin mümkünsüz olduğu görünür. Belə ki, bu müddəalar mülkiyyət şəhadətnaməsi ilə təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, bununla da xüsusi mülkiyyətdə olan evlərlə deyil, xüsusi mülkiyyətdə olan və ya zəbt edilmiş torpaqlardakı icazəsiz tikililərlə bağlı idi.
92. Bundan əlavə, Məhkəmənin bununla bağlı konkret xahişinə baxmayaraq, nə Hökumət, nə də ölkə məhkəmələri BŞİH-ni xüsusi mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malik orqan və ya orqanlardan biri kimi açıq şəkildə təsbit edən hər hansı milli hüquq normasını göstərə bilməmişdir. Məhkəmə özü də belə bir milli qanunvericilik aktının olduğunu müəyyənləşdirə bilməmişdir. Buradan belə çıxır ki, BŞİH-nin xüsusi mülkiyyətdə olan əmlakı özgəninkiləşdirmək səlahiyyəti yoxdur.
93. Beləliklə də, BŞİH-nin 2004-cü il 14 may tarixli sərəncamı ərizəçinin mülkiyyətinin özgəninkiləşdirilməsi üçün hüquqi əsas hesab oluna bilməzdi.
94. Məhkəmə yuxarıdakıları nəzərə alaraq qət edir ki, 2009-cu ilin dekabrında ərizəçinin evinin sökülməsindən əvvəl səlahiyyətli dövlət orqanının özgəninkiləşdirmə ilə bağlı hər hansı qanuni sərəncamının mövcud olması sübut edilməmişdir. Belə olan halda 2009-cu ilin dekabrında ərizəçinin əmlakına müdaxilə əmlakdan de facto məhrumetmə formasında həyata keçirilmişdir.
95. Məhkəmə müdaxilənin baş verdiyi zaman xüsusi mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi prosesinin Konstitusiya, Mülki Məcəllə və 2009-cu il tarixli Mənzil Məcəlləsinin müvafiq normaları, həmçinin bu hüquqi aktların tətbiqi ilə bağlı qəbul edilmiş Prezidentin müvafiq fərmanları ilə tənzim edilməsinə dair (yuxarıda 49-56-cı bəndlərə bax) ərizəçi tərəfindən verilmiş izahatı qəbul edir. 2009-cu il 1 oktyabrda qüvvəyə minmiş Mənzil Məcəlləsi istisna olmaqla yuxarıda qeyd edilmiş hüquqi aktlar müdaxilənin baş verməsindən əvvəl illərlə qüvvədə olmuşdur. Məhkəmə ərizəçi ilə razılaşır ki, ərizəçinin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi həmin normativ-hüquqi aktlar əsasında həyata keçirilməli idi.
96. Məhkəmə xüsusilə qeyd edir ki, həmin hüquqi aktlarda, inter alia, Nazirlər Kabineti xüsusi mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi və dövlət tərəfindən satınalınması üzrə qərar qəbul etmək səlahiyyəti olan orqan kimi müəyyən edilmiş, özgəninkiləşdirmənin əsasları və şərtləri konkretləşdirilmiş, özgəninkiləşdirmə və dövlət satınalması prosesinin başlanması qaydası qeyd edilmiş, özgəninkiləşdirilən və ya satın alınan əmlakın bazar dəyərində pul şəklində kompensasiyanın və müvafiq köçürülmə prosesi ilə bağlı xərclərin əvvəlcədən ödənilməsi tələb olunmuş, mülkiyyətçinin məlumatlandırılması və mülkiyyət hüquqlarının qeydiyyatı və keçməsi qaydası və s. təsbit olunmuşdur.
97. Lakin hazırkı işdə ərizəçinin əmlakın məhrum edilməsi zamanı qanunda nəzərdə tutulmuş yuxarıdakı şərtlərdən heç birinə əməl edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin dəfələrlə xahiş etməsinə baxmayaraq ölkə məhkəmələri həmin hüquqi aktların tətbiqinin mümkünlüyü məsələsini araşdırmamışdır. Ölkə məhkəmələrinin qərarlarında diqqət demək olar ki, müstəsna dərəcədə 1982-ci il tarixli köhnə Mənzil Məcəlləsinin dövlət mənzil fonduna daxil olan mənzillərdə yaşayan şəxslərin köçürülməsi ilə bağlı tətbiq edilməsi mümkün olmayan hüquq normalarına verilsə də, burada hazırkı işdə BŞİH və NRİH tərəfindən həyata keçirilmiş mülkiyyətdən məhrumetmənin qanuniliyinə hər hansı hüquqi qiymət verilməmişdir. Bununla belə, məhz bu məsələ ərizəçi tərəfindən qaldırılmış mülki iddianın əsas məğzini təşkil edirdi.
98. Nəhayət, Məhkəmə qeyd edir ki, özgəninkiləşdirmə barədə mövcud ölkə daxili qanunvericiliklə təsbit edilmiş şərtlərə əməl edilməklə qəbul edilmiş formal qərar olmadan ərizəçiyə sökülmüş evinə görə kompensasiya kimi yenicə inşa edilmiş binada iki mənzilin yaşayış orderi təklif olunmuşdur. Bu kompensasiya ilkin olaraq NRİH tərəfindən özgəninkiləşdirmə barədə qanuni qərar olmadan qeyri-rəsmi şəkildə təklif edilmiş və sonradan ölkə məhkəmələri 1982-ci il tarixli Mənzil Məcəlləsinin yuxarıda qeyd edilmiş normalarına istinad etməklə bu təklifə rəsmi şəkil vermişlər. Məhkəmə qət edir ki, dövlət mənzil fonduna daxil olan mənzilə yaşayış orderinin verilməsinin xüsusi mülkiyyətdə olan evə və ona bitişik torpaq sahəsinin itirilməsinə görə adekvat və ya ekvivalent kompensasiya olub-olmadığı müzakirə üçün açıq məsələ ola bilsə də, 1982-ci il tarixli Mənzil Məcəlləsinin yuxarıda araşdırılmış müddəaları hazırkı işdə tətbiq edilə bilmədiyindən həmin hüquq normalarının əsasında təklif edilən istənilən kompensasiya da qanuni hesab oluna bilməz.
99. Yuxarıdakı səbəblərə görə Məhkəmə belə nəticəyə gəlir ki, hazırkı işdə müdaxilə “qanunda nəzərdə tutulmuş şərtlərə” əməl edilməklə həyata keçirilməmişdir. Ərizəçi əmlakından qanunsuz olaraq məhrum edilmiş və özbaşına şəkildə müəyyən edilmiş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu nəticə cəmiyyətin ümumi marağı tələbi ilə şəxsin fərdi hüquqlarının qorunması tələbi arasında ədalətli tarazlığın təmin olunub-olnmadığını müəyyənləşdirməyi qeyri-zəruri edir (misal üçün bax: yuxarıda qeyd edilmiş “İatridis” işi, 62-ci bənd).
100. Beləliklə, hazırkı işdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmuşdur.
II. KONVENSİYANIN 6-CI, 8-Cİ VƏ 13-CÜ MADDƏLƏRİNİN İDDİA OLUNAN POZUNTULARI
28. Ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət edərək bildirmişdir ki, ölkə məhkəmələri müdaxilənin mövcud ölkə qanunvericiliyinə uyğunluğunu yoxlamamaqla və bunun əvəzinə tətbiq edilməsi mümkün olmayan və işə aidiyyəti olmayan hüquqi aktları tətbiq etməklə, o cümlədən əsas etibarı ilə icra orqanlarının qanunsuz hərəkətlərini qanuniləşdirməyə cəhd etməklə əsassız qərarlar qəbul etmişlər. 6-cı maddənin 1-ci bəndində qeyd edilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən...məhkəmə vasitəsi ilə...işinin ədalətli...araşdırılması hüququna malikdir. ”
Ərizəçi daha sonra şikayət etmişdir ki, evinin qanunsuz olaraq sökülməsi Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş mənzil hüququnun pozulması ilə nəticələnmişdir. Konvensiyanın 8-ci maddəsində qeyd edilir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir”.
Nəhayət, ərizəçi yuxarıdakı şikayətləri və 1 saylı Protokolun 1-ci maddəsi əsasındakı şikayətləri ilə birlikdə Konvensiyanın 13-cü maddəsinə istinad edərək hüquqlarının pozulmasına qarşı səmərəli hüquq müdafiə vasitəsi ilə təmin olunmadığını bildirmişdir. 13-cü maddədə qeyd edilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”.
29. Hökumət əsasən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi əsasında verilmiş şikayətlə bağlı qeydlərindəki dəlillərə istinad edərək ərizəçinin arqumentlərinə etiraz etmiş və ərizəçinin mənzil hüququna müdaxilənin qanuni, demokratik cəmiyyətdə zəruri olduğunu və Hökumətin fikrincə ölkənin iqtisadi rifahı üçün əhəmiyyətli olan “şəhərin görünüşünün abadlaşdırılması” məqsədinə xidmət etdiyini bildirmişdir. Hökumət qeyd etmişdir ki, ölkə məhkəmələri tərəfindən mülki işlərə ədalətli baxılmışdır və bu baxış səmərəli hüquq müdafiə vasitəsi idi.
103. Ərizəçi şikayətlərini təkrar edərək, əsas etibarı ilə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi əsasında verdiyi şikayətlərlə bağlı izahatlarında irəli sürdüyü dəlillərə istinad etmişdir.
104. Məhkəmə qeyd edir ki, bu şikayətlər yuxarıda araşdırılmış şikayətlə bağlıdır və buna görə də onun kimi mümkün elan edilməlidir.
105. Bununla belə, Məhkəmə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə bağlı gəldiyi nəticəni (yuxarıda 99-100-cü bəndlərə bax) nəzərə alaraq hesab edir ki, hazırkı işdə Konvensiyanın 6-cı, 8-ci və 13-cü maddələrinin pozulması məsələsinin araşdırılmasına zərurət yoxdur (bax: mutatis mutandis, yuxarıda qeyd edilmiş “İatridis” işi, 69-cu bənd və “Minasyan və Semerjyan Ermənistana qarşı” (Minasyan and Semerjyan v. Armenia, no. 27651/05, § 82, 23 June 2009)).
III. KONVENSİYANIN DİGƏR İDDİA OLUNAN POZUNTULARI
30. Ərizəçi şikayətində evinin qanunsuz olaraq sökülməsinin və bunun hökumət rəsmilərinin təzyiqləri və hədələri ilə müşayiət olunmasının Konvensiyanın 3-cü maddəsinə əsasən pis rəftara bərabər olduğunu bildirmişdir. O, daha sonra evindən çıxarılması və iradəsinə zidd olaraq ona verilmiş yeni mənzilə köçməyə məcbur edilməsi nəticəsində 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuş hərəkət azadlığının və Konvensiyanın 18-ci maddəsinin pozulduğunu qeyd etmişdir.
107. Məhkəmə işdə olan bütün materialları nəzərə alaraq və barəsində şikayət verilmiş məsələlərin səlahiyyətinə aid olan hissəsində qət edir ki, bu şikayətlər Konvensiyanın və onun Protokollarının hər hansı pozuntusunu ortaya çıxarmır. Buna görə də ərizə bu hissədə açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndi və 4-cü bəndi əsasında rədd edilməlidir.
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
31. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır”.
32. Ərizəçi vurulmuş maddi ziyana görə bütünlükdə 550 000 AZN məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir. Bu məbləğə aşağıdakılar daxil edilmişdir:
(a) ev və torpaq sahəsinə görə ümumilikdə 541 500 AZN – bunun: i) evə görə 170 000 AZN; ii) torpaq sahəsinə görə 230 000 AZN-dən 255 000 AZN-ə qədər və iii) yuxarıda qeyd edilmiş məbləğlərə 2010-cu ildən 2013-cü ilə qədər baş vermiş inflyasiyaya görə əlavə (məbləğ göstərilməmişdir); və
(b) bir neçə il ərzində həyətyanı sahəsi olan evdə deyil bina evində yaşadığına görə ağırlaşdığını iddia etdiyi ürək xəstəliyinin müalicəsi ilə bağlı çəkdiyi tibbi xərclərə görə 8 500 AZN.
33. O, həmçinin mənəvi ziyana görə 20 000 AZN və məhkəmə xərclərinə görə 7 150 AZN ödənilməsini tələb etmişdir.
111. Hökumət evin və torpaq sahəsinin dəyəri ilə bağlı iddialara etiraz edərək onun şişirdildiyini və etibarsız ekspert rəyinə əsaslandığını bildirmişdir. Hökumət evin və torpaq sahəsinin dəyərinin daha aşağı, konkret olaraq evin 43 146 AZN və torpaq sahəsinin, xüsusi mülkiyyətdə və ya qanuni istifadədə olmasından asılı olaraq, 55 000 AZN və ya 41 500 AZN olduğunu bildirmişdir. Hökumət qeyd etmişdir ki, hər bir halda ərizəçi torpaq sahəsinə görə hər hansı ziyanın ödənilməsini tələb edə bilməz. Belə ki, torpaq sahəsi dövlətin mülkiyyətində idi və ərizəçinin onunla bağlı hər hansı hüququ yox idi. Hökumət daha sonra bildirmişdir ki, tibbi müalicə ilə bağlı dəymiş ziyanın iddia edilən pozuntularla hər hansı səbəbiyyət əlaqəsi yoxdur. Nəhayət, Hökumət mənəvi ziyan və məhkəmə xərcləri ilə bağlı tələblərə də etiraz edərək onların həddindən artıq və əsassız olduğunu bildirmişdir.
112. Məhkəmə hesab edir ki, 41-ci maddənin tətbiqi məsələsi hələ də qərar qəbul edilməsi üçün hazır deyil. Buna görə də cavabdeh dövlətlə ərizəçi arasında razılıq əldə olunması imkanı nəzərə alınaraq, məsələnin həlli təxirə salınmalıdır (Məhkəmənin Prosedur Qaydalarının 75-ci maddəsinin 1-ci və 4-cü bəndləri).
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Konvensiyanın 6-cı, 8-ci, 13-cü maddələri və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi əsasında verilmiş şikayətləri mümkün, ərizəni digər hissədə mümkünsüz elan edir;
2. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulduğunu qət edir;
3. Konvensiyanın 6-cı, 8-ci və 13-cü maddələri əsasında verilmiş şikayətlərinin araşdırılmasına ehtiyacın olmadığını qət edir;
4. 41-ci maddənin tətbiqi məsələsinin hələ də qərar qəbul edilməsi üçün hazır olmadığını qərara alır və buna görə də,
(a) bütünlükdə qeyd olunan məsələni təxirə salır;
(b) Hökuməti və ərizəçini qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qəti qüvvəyə minməsi tarixindən sonra üç ay ərzində məsələ ilə bağlı yazılı qeydlərini təqdim etməyə və xüsusilə, gələ biləcəkləri istənilən razılaşma barədə Məhkəməyə məlumat verməyə dəvət edir;
(c) sonrakı proseduru təxirə salır və zəruri olduğu təqdirdə eyni addımı atmaq səlahiyyətini Palatanın sədrinə verir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 29 yanvar 2015-ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen İzabel Berro-Lefevr
Bölmə katibi Sədr
Full & Egal Universal Law Academy