Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
AKSU TÜRKİYƏYƏ qarşı İŞİ
(4149/04 və 41029/04 saylı ərizələr)
QƏRAR
STRASBURQ
15 mart 2012
Bu qərar yekundur, lakin redaktə məqsədilə təhlil edilə bilər.
Aksu Türkiyəyə qarşı işinə,
Aşağıdakı tərkibdən:
Nicolas Bratza, Sədr,
Jean-Paul Costa,
Josep Casadevall,
Nina Vajić,
Dean Spielmann,
Karel Jungwiert,
Anatoly Kovler,
Elisabet Fura,
Alvina Gyulumyan,
Mark Villiger,
Päivi Hirvelä,
Luis López Guerra,
Mirjana Lazarova Trajkovska,
Nebojša Vučinić,
Işıl Karakaş,
Vincent A. de Gaetano,
Angelika Nußberger, hakimlər,
və Michael O’Boyle, Katibin Müavini,
ibarət Böyük Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi,
13 aprel 2011-ci ildə və 1 fevral 2012-ci ildə qapalı müşavirə
keçirərək, 1 fevral 2012-ci ildə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışlar:
PROSES
1. İş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən Türkiyə vətəndaşı cənab Mustafa Aksu (“ərizəçi”) tərəfindən müvafiq olaraq 23 yanvar və 4 avqust 2004-cü il tarixlərində Məhkəməyə təqdim edilmiş Türkiyə Respublikasına qarşı iki şikayət (4149/04 və 41029/04 saylı ərizələr) əsasında açılıb.
2. Hüquqi yardım göstərilən ərizəçi Ankarada fəaliyyət göstərən hüquqşünas cənab S.Esmer tərəfindən təmsil olunub. Türkiyə Hökumətini (“Hökumət”) onun Nümayəndəsi təmsil edib.
3. Ərizəçi iddia etdi ki, Hökumətin maliyyələşdirdiyi üç nəşrə – bir kitab və iki lüğətə – romalar (qaraçılar) əleyhinə rəy əks etdirən mülahizə və ifadələr daxil edilib. O, Konvensiyanın 8-ci Maddəsi ilə birgə baxılmaqla 14-cü Maddəsinə istinad edib.
4. Şikayətlər Məhkəmənin İkinci Palatasının icraatına verilib (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 27 iyul 2010-cu ildə hakimlər Françoise Tulkens, Ireneu Cabral Barreto, Danutė Jočienė, Dragoljub Popović, Nona Tsotsoria, Işıl Karakaş və Kristina Pardalos və həmçinin Bölmə Katibinin Müavini Stanley Naismithdən ibarət tərkibdə həmin Bölmənin Palatası şikayətlərin birləşdirilməsi barədə qərar qəbul etdi (42-ci Qaydanın 1-ci bəndi) və üç səsə qarşı dörd səslə qərara aldı ki, Konvensiyanın 8-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddəsi pozulmayıb.
5. Ərizəçinin 25 oktyabr 2010-cu il tarixli müraciətindən sonra, 22 noyabr 2010-cu ildə Böyük Palatanın paneli Konvensiyanın 43-cü Maddəsinə əsasən işi Böyük Palataya göndərməyi qərara aldı.
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı Maddəsinin 4-cü və 5-ci bəndlərinə və Məhkəmə Reqlamentinin 24-cü Qaydasına uyğun olaraq müəyyən edildi.
6. Həm ərizəçi və həm də Hökumət işin mahiyyəti üzrə öz müşahidələrini təqdim etdilər (59-cu Qaydanın 1-ci bəndi). Əlavə olaraq, yazılı qaydada qeydlərin bildirilməsi üçün Sədrin dəvəti əsasında Yunan Helsinki Monitorun (Greek Helsinki Monitor) üçüncü tərəf kimi şərhləri qəbul edildi (Konvensiyanın 36-cı Maddəsinin 2-ci bəndi və 44-cü Qaydanın 2-ci bəndi).
7. Dinləmə 13 aprel 2011-ci ildə Strasburqda İnsan Hüquqları Binasında ictimaiyyətə açıq formada həyata keçirildi (54-cü Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
(a) Hökumət tərəfindən
Cənab M. Özmen,Həm-nümayəndə,
Xanım A. Emüler,
Cənab M.Z. Uzun,
Xanım N. Aksoy,
Cənab O. Saydam,
Cənab U. Aksungur, Vəkillər;
(b) Ərizəçi tərəfindən
Cənab S. Esmer,Vəkil.
Məhkəmə Cənab Esmerin və cənab Özmenin çıxışlarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
8. Qaraçı mənşəli olan ərizəçi 1931-ci ildə anadan olub və Ankarada yaşayır.
A. 4149/04 saylı ərizə
1. “Türkiyə qaraçıları” (Türkiye Çingeneleri) kitabı
9. 2000-ci ildə Mədəniyyət Nazirliyi Dosent Ali Rafet Özkan tərəfindən yazılmış “Türkiyə qaraçıları” kitabının 3000 nüsxəsini nəşr etmişdi. Nəşr olunmazdan əvvəl nəşrlər üzrə məşvərət şurası kitabın məzmununu təsdiq etmişdir. Kitabın ön sözündə aşağıdakılar deyilir:
“...
Tarix boyu olduğu kimi, qaraçılar bu gün Türkiyə ərazisində sülh içində yaşayırlar, lakin hazırda onlar hər hansı tənzimləmə, nəzarət və ya diqqət olmadan tamamilə özbaşına buraxılıblar. Tamamilə öz şəxsi talelərinə buraxılan, onların tənzimlənməyən həyat tərzi Türkiyənin uğursuzluğudur. Qaraçıların hazırkı intizamsız həyat tərzi və uzun müddətli birgə tariximiz olmasına baxmayaraq, hər hansı bir şəkildə onların qapalı dünyalarına müdaxilə olunmasının tamamilə lazımsız hesab olunması növbəti nöqsandır. Bu belə bir faktla bağlıdır ki, qaraçılar uzun illər ərzində bizim aramızda yaşasalar da, onlar həmişə yerli əhali tərəfindən qovulmuş və cahillik və mövhumatçılıq səbəbindən ləkələyici sözlərlə hədəfə alınmışdırlar. Bir yerə getdikləri zaman qarşılaşdıqları neqativ cavablar və üzücü ittihamlar, onsuz da ətraf dünyadan qapalı olan sosial struktura malik qaraçıların daha dar hədlərdə yaşamasına gətirib çıxarmışdı.
Biz hiss etdik ki, əsrlər boyu bizim aramızda yaşayan və hazırda müasir Türkiyə mədəniyyətinin bir hissəsinə çevrilən bu insanların naməlum dünyalarına addım atmağa ehtiyac var. Beləliklə, mənim məqsədim empirik yanaşma vasitəsilə onları yaxından tanımaq və Türkiyə qaraçılarını olduqları kimi, onların bütün aspektlərində, elmi obyektivlik prinsipi əsasında təqdim etməkdir.
Bu tədqiqat giriş və iki bölmədən ibarətdir.
Giriş qaraçı anlayışı və qaraçıların mənşəyi, habelə onların miqrasiyası haqqında ətraflı məlumat verir və müxtəlif arxiv sənədləri və elmi mənbələr əsasında onların Türkiyədə tarixini nəzərdən keçirir. Birinci bölmədə qaraçıların sosial-mədəni xüsusiyyətləri geniş mənada nəzərdən keçirilir. Bu hissə xüsusilə də qaraçıların ev həyatı və yerdəyişməsi, onların musiqisi, rəqsləri, dili, adət və ənənələrini araşdırır. İkinci bölmə qaraçıların inancları və adətlərindən bəhs edir.
Mənim heç bir iddia olmadan, lakin sadəcə əhəmiyyətli boşluğu doldurmaq üçün cəhd olaraq (bu səpgidə ilk tədqiqat olmaqla) və gələcəkdə qaraçılar barədə digər araşdırmalara bələdçiliyi təmin etmək üçün təqdim etdiyim bu tədqiqat – iştirakçı müşahidələrinə və müsahibə texnikasına əlavə olaraq, təsviri, müqayisəli və fenomenoloji metodlardan istifadə olunmaqla hazırlanmışdır.
...”
10. Girişdə müəllif davam edərək bildirib ki:
“...
Qaraçılar bütün dünyada yayılıb, lakin onlar hər yerdə xaric olunan və nifrət edilən marginal qrup statuslarından xilas oluna bilməmişlər. Həyat tərzlərindəki müxtəliflikdən əlavə, qaraçıları başqalarından ən çox açıq-aydın fərqləndirən xüsusiyyət onların daha tünd və qarabuğdayı olan dərilərinin rəngidir. Tipoloji baxımdan əksər qaraçılar orta hündürlükdə, çevik quruluşludurlar, böyük tünd qara (bəzən qonur və ya mavi) gözləri və uzun qalın kirpikləri var; kişilərin uzun bığları olur. Ağızları biçimli və zərif , dişləri ağ və hətta dəyirmi çənələri olur. Onların ensiz alnı və gicgahları və balaca kəllələri olur. Onların saçları qıvrım, qara, uzun və qalındır. Orta yaşdan sonra qadınlar enli və dolğun olurlar. Gənclər möhkəm və güclü əzələli, qamətli olurlar (bax Prosper Mérimée-dən Carmen, Tahir Alangudan Gypsy Stories of our own and from around the world və Esat Urasdan The sieve-making of the Gypsies of Posalar).
...
Bu tədqiqat qaraçıların kimliyinin təsvir olunmasını nəzərdə tutur; o insanlar ki, əsrlər boyu bizim aramızda yaşayıb və müasir Türkiyə mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib, lakin onların aşkar edilməsində və müəyyən edilməsində çətinliklər nəticəsində onların mədəni kimliyinə məhəl qoyulmadığına görə, onların barələrində hər hansı hərtərəfli elmi tədqiqat aparılmayıb. Bu tədqiqat onların sosial-mədəni xüsusiyyətlərini, inanclarını, mifologiyalarını, festival və bayram mərasimlərini bütün aspektlərində anladacaq.
Bu tədqiqatın məqsədləri baxımından, Türkiyədən və digər ölkələrdən qaraçılara aid məlumatların, sənədlərin və materialların ilkin sorğusu keçirilmişdir. Beləliklə müəyyən edilmiş məlumatlar və sənədlər əsaslılıq meyarından istifadə olunaraq, sonradan onların elmi etibarlılığı əsasında təsnifləşdirilmişdi. Sonra qaraçı əhalisinin arasına gedərək və onlarla yaşayaraq, iştirakçıların müşahidəsini daxil edən empirik tədqiqat aparılmışdı. Ziyarətlər Türkiyənin həm köçəri və həm də oturaq qaraçı əhalisi olan bütün ərazilərinə edilmişdi və bu yolla onların həyat tərzi, ənənələri, inancları, ibadət və adət formaları barədə faktları müəyyən etmək üçün nəinki yalnız məlumat və sənəd və digər materialların toplanması yolu ilə, lakin həmçinin onlar arasında yaşamaqla empirik metodla cəhd edilmişdi.”
11. Kitabda müəllif “Türkiyənin Bugünkü qaraçıları”na fəsil həsr edib. Bu fəsildə o, qeyd edib ki:
“Bugünkü qaraçılar Türkiyənin hər yerində dağınıq olaraq yaşayırlar. Onlar əsasən Mərmərə, Egey və Aralıq dənizi bölgələrində yerləşiblər, daha az Qara dəniz, Mərkəzi Anadolu və Cənub-şərqi Anadolu bölgələrində cəmləşiblər. Türkiyədə qaraçıların yayılması burada nəzərdən keçiriləcək.
...
Bu günə qədər əhalinin ümumi siyahıyaalınmasında qaraçılar üçün ayrıca qeydlər daxil edilməyib; beləliklə, Türkiyədə qaraçı əhalisinin sayı dəqiq məlum deyil. Təxmin edilən rəqəmlərdən istifadə etmək əvəzinə, biz məlumatları qaraçıların özlərindən, yaxınlıqda yaşayan yerli əhalidən və yerli idarəçilərdən əldə etdik. Biz məhəllə başçılarından (muxtar) aldığımız ümumi məhəllə əhalisinin rəqəmləri ilə müqayisə edərək bu məlumatları dəqiqləşdirməyə cəhd etdik.
...
İstanbul
...
İstanbulun əyalət sərhədlərində yaşayan qaraçılar adətən musiqiçilik, gülçülük, metal qırıntılarının alveri, zibil və kağız toplanması, dəmirçilik və dəmir işi, hamballıq, falçılıq, təmizçilik, at-arabaçılığı, mis dəmirçiliyi, ilbizlərin (molyuskların) toplanması və səyyar mal satışı ilə yaşayışlarını təmin edirlər. Həmçinin az sayda olsa da, cibgirlik, oğurluq və narkotik satışı ilə dolananlar var.
Təkirdağ
...
Təkirdağ qaraçıları yaşayışlarını musiqi çalğıçılığı, hamballıq və ayaqqabı boyaması ilə təmin edirlər. Qadınlar ev təmizliyi və kərpic fabrikində kərpic düzmə işləri ilə məşğul olurlar. Çorlu və Lüleburgazdakılar isə musiqiçilik, hamballıq, at alveri (heyvan ticarəti), inşaat işi və lotereya satışı və qadınlar təmizçiliklə yaşayışlarını təmin edirlər.
Kırklareli
...
Kırklareli qaraçıları adətən yaşayışlarını musiqiçilik, at-arabaçılığı, küçə ticarəti, hamballıq, təmizçilik və metal qırıntılarının alveri ilə dolandırırlar.
Edirnə
...
Edirnə şəhər mərkəzində yaşayanlar adətən yaşayışlarını at-arabaçılığı, metal qırıntılarının alveri və küçə ticarəti ilə dolandırdığı halda, qadınlar ailə iqtisadiyyatına təmizlik işi ilə kömək edir. Keşanın Yukarı Zaferiye Məhəlləsinin təxminən bütün sakinləri yaşayışlarını musiqiçiliklə təmin edirlər. Digərləri isə düyü tarlalarında işləməklə, tikintilərdə beton tökmə, hamballıq, at-arabaçılığı, qurbağa və ilbizlərin toplanması, metal qırıntılarının alveri, kağız toplanması, ev boyanması və simit (bulka növü) satışı kimi müxtəlif sahələrdə işləyirlər. Uzunköprüdəkilər metal qırıntılarının alveri, qalayçılıq və səbət düzəltməklə yaşayışlarını dolandırırlar.
...
Ankara
...
Ankaranın mərkəzindəki qaraçılar yaşayışlarını oğurluq, dilənçilik, səyyar mal satışı, falçılıq, zercilik (zərgərlik mağazalarını talama) və sehrbazlıqla dolandırırlar. Həmçinin az sayda qalayçılıq, dəri bağlarının hazırlanması və satışı, ələkçilik və səbət düzəltmə ilə məşğul olanlar var. Gecə klublarında musiqiçi kimi işləyənlər də çoxdur. Altındağ və Hamamönü ətrafında dəmir məmulatları ilə ticarət edənlərin əksəriyyətinin Çankırıdan gələn qaraçılar olduğu deyilir.
...
Biz qaraçıların yerləşdiyi hər əyaləti və məhəlləni ziyarət etməyə cəhd etdik. Hər əyalətə verdiyimiz rəqəmlər, qaraçıların verdiyi şişirdilmiş rəqəmləri qeyd edərək və sonradan məhəllə başçıları (muxtar) ilə və zərurət olduqda məhəllə polisi ilə söhbət edərək məlumatları müqayisə etməklə əldə edilib. ...”
Türkiyənin İzmir, Manisa, Konya, Adana və Antalya kimi digər hissələrində yaşayan qaraçı əhalisinə münasibətdə yuxarıda göstərilən oxşar qeydlər edilib.
12. “Türkiyə qaraçilari”nın nəticə hissəsinin yekun abzaslarında deyilir:
“Qaraçıları bir-birinə birləşdirən ən vacib bağlar onların ailəsi və sosial strukturları, eləcə də onların ənənələridir. Baxmayaraq ki, onlar min ildən artıq köçəri həyat sürüblər, onlar qrup daxilində nikah təcrübəsi sayəsində, öz ənənəvi həyat tərzlərini qoruya bilmişlər. Onların bu ənənələrə bağlılığı doğumdan başlayır və ölümə qədər davam edir. Şübhəsiz, ənənə qaraçı həyat tərzində ən əhəmiyyətli amildir. Qaraçı cəmiyyətinin yaşlı üzvləri ənənələrin qorunması və saxlanması üçün ən ağır məsuliyyəti daşıyırlar. Bununla belə, daim dəyişən şərtlərə və ehtiyaclara görə, qaraçıların sosial strukturunu qoruyub saxlamaq çətinləşib. Xüsusilə də, sosial strukturlardan biri “Natia” artıq bugünkü Türkiyədə davam gətirə bilmir.
Qaraçıların ən diqqətçəkici xüsusiyyəti onların həyat tərzləridir. Beləliklə, miqrasiya və məskunlaşma, rəqs, musiqi, dil, yemək və içmək, falçılıq, cadugərlik və sənətdən ibarət qaraçı həyatının əsl təbiətini təşkil edir. Yəni bu elementlər aysberqin görünən tərəfini təşkil edir. Digər şəxslər adətən qaraçıları bu hadisələr vasitəsilə tanıyırlar. Bununla belə, qaraçıları həqiqətən tanımağın yolu onların cəmiyyətinə qarışmaq və onların ənənələrini və inanclarını tam təhlil etməkdir. Qaraçıların gizli dünyaları onların inancları, xüsusilə də onların mövhumatları və tabuları vasitəsilə açılır.
Hamı kimi qaraçılar inanca malik olmağa və ibadətə ehtiyac hiss edirlər. Yaşadıqları ölkədə dini qəbul etməkdən əlavə, onlar həmçinin öz mədəniyyətlərinə xas olan ənənəvi inancları əbədiləşdirirlər. Nəticə etibarilə, qeyd etmək lazımdır ki, qaraçılar qismən İnduizmə aid edilə bilən, öz inanclarından irəli gələn həqiqi ziyafətlərə və bayramlara malikdirlər.
Bizim fikrimizcə, hər yerdə alçalmadan və rədd olunmadan əziyyət çəkən bu insanlar, onların təhsil, sosial, mədəni və tibbi problemləri həll olunan kimi, bizim Dövlətimizə və millətimizə dəyərli olan vətəndaşlara çevrilə bilərlər. Bu, sadəcə bu məsələyə səbr və qətiyyətli diqqət tələb edir.”
2. Ərizəçinin başlatdığı daxili icraat
13. 15 iyun 2001-ci ildə ərizəçi Türkiyə Qaraçıları assosiasiyaları adından Mədəniyyət Nazirliyinə ərizə verib. O, ərizəsində bildirib ki, kitabda müəllif qeyd edib ki, qaraçılar qanunsuz fəaliyyətə cəlb olunublar, “oğrular, cibgirlər, dələduzlar, soyğunçular, sələmçilər, dilənçilər, narkotik satıcıları, fahişələr və əxlaqsızlıq yuvalarını saxlayanlar” kimi yaşayırlar və poliqam və təcavüzkardırlar. Ərizəçi həmçinin bildirib ki, kitabda qaraçıları təhqir edən və alçaldan bir neçə fikir var. Bu fikirlərin cinayət əməli təşkil etdiyini iddia edərək, o, kitabın satışının dayandırılmasını və bütün nüsxələrin müsadirə edilməsini tələb edib.
14. Həmin gün Mədəniyyət Nazirliyinin nəşrlər şöbəsinin rəhbəri qalan 299 nüsxə kitabın nəşrlər şöbəsinə qaytarılması barədə qərar verdi.
15. 11 oktyabr 2001-ci ildə ərizəçi Mədəniyyət Nazirliyinə kitabın nüsxələrinin müsadirə edilib-edilməməsini sorğu edən məktub yazdı.
16. 17 oktyabr 2001-ci ildə Mədəniyyət Nazirliyində nəşrlər şöbəsinin rəhbəri ərizəçiyə məlumat verib ki, Nazirliyin yeddi professordan ibarət nəşrlər üzrə məşvərət şurası qərara alıb ki, kitab elmi tədqiqatın bir hissəsidir və hər hansı təhqir və ya buna oxşar fikirlər əks etdirmir. Ərizəçiyə həmçinin məlumat verilib ki, kitabın müəllifi mətnə hər hansı dəyişiklik edilməsinə icazə verməz və müəllifin müraciəti əsasında Nazirlik kitabın müəlliflik hüququnu ona keçirib.
17. 4 fevral 2002-ci ildə ərizəçi Mədəniyyət Nazirliyinə və Dosent Ali Rafet Özkana ilkin tələbini təkrar edərək məktublar göndərib.
18. Sonra 30 aprel 2002-ci ildə, ərizəçi kitabda əks olunan fikirlər səbəbindən məruz qaldığı mənəvi ziyana görə kompensasiya tələb edərək, öz adından Mədəniyyət Nazirliyinə və kitabın müəllifinə qarşı Ümumi Yurisdiksiyalı Ankara Mülki Məhkəməsi qarşısında iddia qaldırdı. O, iddia etdi ki, bu fikirlər onun qaraçı olaraq şəxsiyyətinə təhqir təşkil edir və təhqiramizdir. Ərizəçi həmçinin kitabın nüsxələrinin müsadirə olunmasını və nəşrinin və yayılmasının qadağan olunmasını tələb etdi.
19. Kitabın müəllifi cavabında bildirdi ki, onun istinad materialları Adana baş polis idarəsinin sənədləri və qaraçılarla bağlı digər müəlliflərin yazdığı kitablar olub və onun qaraçıları təhqir etmək və alçaltmaq kimi hər hansı niyyəti olmayıb. Müəllif daha sonra qeyd etdi ki, ərizəçinin istinad etdiyi kitabdan parçalar ayrılıqda deyil, kitabın bütün kontekstində nəzərdən keçirilməlidir.
20. 24 sentyabr 2002-ci ildə Ankara Mülki Məhkəməsi ərizəçinin tələblərini rədd etdi, belə ki, onlar kitabın müəllifinə aid idi. O hesab etdi ki, kitab elmi tədqiqatın bir hissəsidir, elmi məlumatlara əsaslanıb və Türkiyədə qaraçıların sosial strukturlarını araşdırıb. Buna görə də, birinci instansiya məhkəməsi qərara aldı ki, sözügedən fikirlər ərizəçini təhqir etməyib. Ərizəçinin Nazirliyə qarşı işinə gəldikdə, Mülki Məhkəmə qərara aldı ki, onun bu işə baxmaq yurisdiksiyası yoxdur və inzibati məhkəmələr ərizəçinin iddiası barədə qərar vermək səlahiyyətinə malikdirlər.
21. 25 oktyabr 2002-ci ildə ərizəçi apelyasiya şikayəti verdi. O, ərizəsində bildirdi ki, kitab elmi tədqiqat hesab oluna bilməz və buna görə də Mədəniyyət Nazirliyi onu nəşr etməməlidir.
22. 21 aprel 2003-cü ildə Kasasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. O qeyd etdi ki, ərizəçi tərəfindən etiraz edilən fikirlər ümumi xarakterlidir. Buna görə də, məhkəmə onların bütün qaraçılara aid olduğu və ərizəçinin şəxsiyyətinə təhqir təşkil etdiyi barədə nəticəyə gəlmək üçün hər hansı əsaslar müəyyən etmədi.
23. 8 dekabr 2003-cü ildə ərizəçinin qərarın düzəldilməsi ilə bağlı tələbi rədd edildi.
24. Bundan sonra qeyri-müəyyən tarixdə ərizəçi Mədəniyyət Nazirliyinə qarşı Ankara İnzibati Məhkəməsi qarşısında iddia qaldırdı. O, Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunan kitabın məzmununun qaraçılar icmasına münasibətdə təhqiredici olduğunu iddia edərək, mənəvi ziyana görə kompensasiya tələb etdi. 7 aprel 2004-cü ildə İnzibati Məhkəmə ərizəçinin işini rədd etdi. O qərara aldı ki, nəşr olunmazdan əvvəl sözügedən kitab nəşrlər üzrə məşvərət şurası tərəfindən təyin edilən məruzəçi tərəfindən araşdırılmışdı. Onun təsdiqindən sonra məşvərət şurası kitabın nəşr olunmasına razılıq verib. Ərizəçinin iddialarının ardından yeddi professordan ibarət məşvərət şurası kitabı yenidən 25 sentyabr 2001-ci ildə tədqiq etmiş və qərara almışdır ki, bu, elmi tədqiqata əsaslanan akademik araşdırmadır və onun yayılmasının və satışının davam etdirilməsi hər hansı narahatçılığa səbəb olmayacaq. Buna görə də, İnzibati Məhkəmə bu nəticəyə gəldi ki, ərizəçinin iddiaları əsassızdır. Ərizəçi bu qərardan şikayət vermədi.
B. 41029/04 saylı ərizə
25. 1991-ci və 1998-ci illərdə müvafiq olaraq qeyri-hökumət təşkilatı olan Dillər Assosiasiyası, “Şagirdlər üçün Türkcə Lüğət (Öğrenciler için Türkçe Sözlük)” və “Türkcə Lüğət (Türkçe Sözlük)” adlı iki lüğət nəşr etdirdi. Adlarından başqa, hər iki lüğət dəqiq eyni məzmuna malik idi. Bu lüğətlərin nəşri qismən Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirildi.
26. 30 aprel 2002-ci ildə ərizəçi Qaraçıların Mədəniyyət Assosiasiyaları Konfederasiyası adından Dillər Assosiasiyasının İdarə Heyətinə məktub göndərdi. Məktubunda ərizəçi bildirdi ki, lüğətlərdəki bəzi qeydlər qaraçılara qarşı təhqiramiz və ayrı-seçkilikdir.
27. Hər iki lüğətin 279-cu səhifəsində “Qaraçı” (çingene) sözü ilə bağlı aşağıdakı qeydlər edilib:
“Qaraçı” (çingene): 1. Hindistan mənşəli etnik qrup və ya etnik qrupa mənsub şəxs, üzvləri köçəri həyat tərzi sürürlər və dünyada geniş yayılıblar. 2. (metaforik) xəsis.
“Qaraçı borcu” (Çingene borcu): bir neçə kiçik borclardan ibarət əhəmiyyətsiz borc.
“Qaraçı çalar, Kürd oynayar” (Çingene çalar Kürt oynar): qarışıqlıq və səs-küyün çox olduğu bir yer.
“Qaraçı çadırı” (Çingene çergesi) (metaforik): çirkli və yoxsul yer.
“Qaraçı toyu” (Çingene düğünü): izdihamlı və səs-küylü yığıncaq.
“Qaraçı davası” (Çingene kavgası): bayağı ifadələrdən istifadə olunan söz savaşı.
“Qaraçı pulu” (Çingene parası): qəpiklər.
“Qaraçı çəhrayısı” (Çingene pembesi): çəhrayı.
“Qaraçı dili” (çingenece): Qaraçıların istifadə etdiyi dil.
“Qaraçılıq” (çingenelik): 1. Qaraçı olmaq 2. (metaforik) xəsis və ya acgöz olmaq.
“Qaraçı olmaq” (Çingeneleşmek): xəsis davranış nümayiş etdirmək.
28. Ərizəçinin fikrincə qaraçı icması ilə bağlı qeydlərin neqativ, ayrı-seçkilik və qərəzli mənaları vardı. Ərizəçi daha sonra bildirdi ki, Təhsil Nazirliyi və Türk Dili Cəmiyyəti onun tələbi ilə öz lüğətlərini dəyişdiriblər və həmçinin Dillər Assosiasiyasından yuxarıda qeyd olunan anlayışları dəyişdirməyi və lüğətlərdən istənilən ayrı-seçkilik xarakterli ifadələri çıxarmağı xahiş etdi. O, məktubuna hər hansı cavab almadı.
29. Sonra 15 iyul 2002-ci ildə ərizəçi Dillər Assosiasiyasına tələbini təkrar edən daha bir məktub göndərdi. O əlavə etdi ki, əgər onun tələbi 20 avqust 2002-ci tarixədək təmin edilməzsə, o, Assosiasiyaya qarşı iddia qaldıracaq.
30. 16 aprel 2003-cü ildə ərizəçi yuxarıda qeyd olunan anlayışların və ifadələrin lüğətlərdən çıxarılmasını tələb edərək, Dillər Assosiasiyasına qarşı Ümumi Yurisdiksiyalı Ankara Mülki Məhkəməsində iddia qaldırdı. Ərizəçi həmçinin lüğətlərdə ehtiva edilən ifadələr səbəbindən məruz qaldığı mənəvi ziyana görə kompensasiya tələb etdi. Bununla əlaqədar o iddia etdi ki, lüğətlərdəki anlayışlar onun qaraçı olaraq şəxsiyyətinə qarşı təhqir və şəxsən özünə təhqir təşkil edir.
31. Dillər Assosiasiyası cavabında xüsusilə bildirdi ki, lüğətlərdəki anlayışlar və ifadələr tarixi və sosioloji reallığa əsaslanırdı və orada etnik qrupu alçaltmaq və ya təhqir etmək niyyəti olmayıb. O, daha sonra qeyd etdi ki, lüğətlərə daxil edilən ifadələrdən və anlayışlardan cəmiyyətdə geniş istifadə olunur və türk dilində albanlara, yəhudilərə və türklərə aid digər oxşar ifadələr mövcuddur.
32. 16 iyul 2003-cü ildə Ankara Mülki Məhkəməsi ərizəçinin işini rədd etdi. O qərara aldı ki, lüğətlərdəki anlayışlar və ifadələr tarixi və sosioloji reallığa əsaslanırdı və orada etnik qrupu alçaltmaq və ya təhqir etmək niyyəti olmayıb. O, daha sonra qeyd etdi ki, türk dilində lüğətlərdə və ensiklopediyalarda çıxan, digər etnik qruplara aid oxşar ifadələr də var.
33. Ərizəçi qərardan şikayət verdi. 15 mart 2004-cü ildə Kasasiya Məhkəməsi 16 iyul 2003-cü il tarixli qərarı qüvvədə saxladı.
II. MÜVAFİQ DÖVLƏTDAXİLİ QANUNVERİCİLİK
A. Mülki Məcəllə
34. Mülki Məcəllənin 24-cü Maddəsində deyilir:
“Şəxsi hüquqları qanunsuz olaraq pozulan hər kəs hüquqlarını pozan şəxslərdən müdafiə olunmaq üçün hakimə müraciət edə bilər.
Şəxsin hüquqlarının pozulması, əgər buna hüquqları pozulan şəxsin razılığı ilə haqq qazandırılmırsa və ya xüsusi və ya ictimai maraqların üstünlüyü ilə və ya qanunla zəruri hesab edilmirsə, qanunsuzdur.”
Bundan əlavə, Mülki Məcəllənin 25-ci Maddəsinə əsasən:
“İddiaçı hakimdən pozuntu təhlükəsinin qarşısının alınmasını, davam edən pozuntuya son qoyulmasını və ya artıq sona çatsa da, belə pozuntunun qanunsuzluğunun təsbit olunmasını xahiş edə bilər.
İddiaçı bundan əlavə düzəlişin və ya qərarın üçüncü şəxslərə bildirilməsini və yayılmasını xahiş edə bilər.
...”
B. Cinayət Məcəlləsi
35. Keçmiş Cinayət Məcəlləsinin 312-ci Maddəsinin 2-ci bəndində aşağıdakılar nəzərdə tutulur:
“...
Başqalarını sosial sinif, irq, din, məzhəb və ya bölgə baxımından fərqlilik əsası ilə kin və ya düşmənçiliyə təhrik edən hər kəs bir ildən üç ilə qədər həbs və doqquz min lirədən otuz altı min lirəyədək cərimə cəzası ilə cəzalandırılır. Bu təhrik ictimai təhlükəsizlik üçün təhlükəli ola biləcək bir şəkildə edildiyi təqdirdə, veriləcək cəza üçdə birdən yarıya qədər artırılır.”
36. 1 iyun 2005-ci ildə yeni Cinayət Məcəlləsi (5237 saylı Qanun) qüvvəyə mindi. Yeni Məcəllənin 216-cı Maddəsində aşağıdakılar nəzərdə tutulur:
“1. Sosial sinif, irq, din, məzhəb və ya bölgə baxımından fərqli xüsusiyyətlərə malik xalqın bir hissəsini digər hissəsinə qarşı açıq şəkildə kin və düşmənçiliyə təhrik edən hər kəs, beləliklə ictimai təhlükəsizlik baxımından açıq və yaxın bir təhlükənin ortaya çıxması halında, bir ildən üç ilə qədər həbs cəzası ilə cəzalandırılır.
2. Xalqın bir hissəsini sosial sinif, irq, din, məzhəb, cins və ya bölgə fərqlərinə əsasən açıq şəkildə pisləyən hər kəs altı aydan bir ilə qədər həbs cəzası ilə cəzalandırılır.
...”
III. İRQÇİLİK VƏ DÖZÜMSÜZLÜK ƏLEYHİNƏ AVROPA KOMİSSİYASININ (RDAK) SƏNƏDLƏRİ
37. 8 fevral 2011-ci ildə nəşr olunmuş Türkiyə ilə bağlı dördüncü hesabatında (CRI(2011)5), RDAK o faktı müsbət qarşıladı ki, neqativ stereotiplərin qarşısını almaq üçün “Qaraçı” termininin lüğətdəki anlayışında ayrı-seçkilik kimi qəbul edilə bilən mənalar çıxarılmışdır. O, daha sonra Türkiyə hakimiyyət orqanlarını qaraçılar barədə neqativ stereotiplərə qarşı mübarizə aparmaq üçün səylərini davam etdirməyə və gücləndirməyə və qaraçı icması ilə konstruktiv dialoq qurmağa çağırdı.
38. Özünün 15 dekabr 2006-cı ildə qəbul edilmiş irqçilik və irqi ayrı-seçkiliyə qarşı məktəb təhsilində və onun vasitəsilə mübarizəsi haqqında 10 saylı Ümumi Siyasət Tövsiyəsində RDAK həmçinin tövsiyə etmişdir ki, üzv Dövlətlər şagirdlər arasında tənqidi düşüncəni təbliğ etməklə və onların istifadə etdikləri materiallarda əks olunan stereotiplərdən və ya dözümsüzlük elementlərindən xəbərdar olmaq və onlara reaksiya vermək üçün onları zəruri vərdişlərlə təmin etməklə, məktəb təhsilinin cəmiyyətdə irqçiliyə və irqi ayrı-seçkiliyə qarşı mübarizədə əsas rol oynamasını təmin etsinlər.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
39. Ərizəçi iddia edib ki, “Türkiyə qaraçilari” kitabına və yuxarıda 26-28-ci bəndlərdə istinad edilən lüğətlərə onun qaraçı şəxsiyyətini təhqir edən ifadələr və anlayışlar daxil edilib.
40. Hökumət bu iddianı mübahisələndirib.
A. Ərizələrin Konvensiyanın 8-ci Maddəsinə əsasən və ya 8-ci Maddə ilə birgə baxılmaqla 14-cü Maddəsinə əsasən araşdırılması ilə bağlı
41. Böyük Palata qeyd edir ki, Palata ərizəçinin şikayətlərini 8-ci Maddə ilə birgə baxılmaqla 14-cü Maddə əsasında araşdırdı. Bu müddəalarda deyilir:
Maddə 8
“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
Maddə 14
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə gorə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
42. Böyük Palata xatırladır ki, Məhkəmə işin faktlarına dövlətdaxili qanunvericilikdə verilməli olan xarakteristikanın aparıcısıdır və ərizəçinin və ya Hökumətin verdiyi xarakteristikaya görə məsuliyyət daşımır (bax Skopolla İtaliyaya qarşı iş (Scoppola v. Italy), (№ 2) [Böyük Palata], №10249/03, § 54, 17 sentyabr 2009-cu il). Konvensiyanın 14-cü Maddəsinin məqsədləri baxımından ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərə qarşı fərqli rəftar deməkdir. Əgər rəftarda fərqlilik “qanuni məqsəd” daşımırsa və ya əgər “istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdursa, obyektiv və ağlabatan əsaslandırma mövcud olmayacaq (bax digər qərarlarla yanaşı, D.H. və Başqaları Çexiya Respublikasına qarşı iş (D.H. and Others v. the Czech Republic) [Böyük Palata], № 57325/00, § 175, AİHM 2007‑IV, və Burden Birləşmiş Krallığa qarşı iş (Burden v. the United Kingdom) [Böyük Palata], № 13378/05, § 60, AİHM 2008‑...).
43. Məhkəmə qeyd edir ki, xüsusilə də şəxsin etnik mənsubiyyətinə görə ayrı-seçkilik irqi ayrı-seçkiliyin bir formasıdır. İrqi ayrı-seçkilik ayrı-seçkiliyin xüsusilə qatı növüdür və onun təhlükəli nəticələri baxımından o, hakimiyyət orqanlarından xüsusi sayıqlıq və qəti reaksiya tələb edir. Məhz bu səbəbdən müxtəlifliyi təhlükə kimi deyil, mənəvi zənginliyin mənbəyi kimi qəbul edən cəmiyyətin demokratik idealını möhkəmləndirməklə, hakimiyyət orqanları irqçiliyə qarşı mübarizə aparmaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidirlər (bax Naçova və başqaları Bolqarıstana qarşı iş (Nachova and Others v. Bulgaria) [Böyük Palata], № 43577/98 və № 43579/98, § 145, AİHM 2005‑VII, və Timişev Rusiyaya qarşı iş (Timishev v. Russia), № 55762/00 və 55974/00, § 56, AİHM 2005‑XII). Məhkəmə daha sonra qeyd edir ki, keşməkeşli tarixi və daimi köçlər nəticəsində qaraçılar əlverişsiz və həssas azlığın xüsusi növünə çevrilmişlər. Məhkəmə əvvəlki qərarlarında qeyd etdiyi kimi, buna görə də onların xüsusi müdafiəyə ehtiyacı var (bax yuxarıda istinad edilən D.H. və Başqalarının işi (D.H. and Others), § 182).
44. Məhkəmə qeyd edir ki, hazırkı işdə qaraçı mənşəli ərizəçi mübahisə edib ki, Hökumət tərəfindən maliyyələşdirilən kitab və iki lüğətə qaraçılar əleyhinə rəy əks etdirən mülahizə və ifadələr daxil edilib. O hesab edib ki, bu bəyanatlar onun qaraçı şəxsiyyətinə təcavüz təşkil edib. Lakin Məhkəmə qeyd edir ki, iş rəftarda fərqliliyə və xüsusilə də etnik ayrı-seçkiliyə aid deyil, belə ki, ərizəçi mübahisələndirilən nəşrlərin ayrı-seçkilik niyyətinə və ya təsirə malik olduğu barədə ilk baxışdan (prima facie) sübutlar təqdim etməyə müvəffəq olmayıb. Buna görə də, bu iş bundan əvvəl qaraçı icmasının üzvləri tərəfindən verilən digər şikayətlərlə müqayisə edilə bilən deyil (bax, təhsillə bağlı yuxarıda istinad edilən D.H. və Başqalarının işi (D.H. and Others), §§ 175-210; mənzillə bağlı, Çapman Birləşmiş Krallığa qarşı iş (Chapman v. the United Kingdom) [Böyük Palata], № 27238/95, § 73, AİHM 2001‑I; və seçkilərlə bağlı, Seydiç və Finsi Bosniya və Herseqovinaya qarşı iş (Sejdić and Finci v. Bosnia and Herzegovina) [Böyük Palata], № 27996/06 və 34836/06, § 45, 22 dekabr 2009-cu il). Müvafiq olaraq, hazırkı işdə əsas məsələ irqi təhqirləri ehtiva etdiyi iddia edilən bu mübahisələndirilən nəşrlərin ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə təşkil edib-etməməsi və əgər təşkil edirsə, bu müdaxilənin qeyd olunan hüquqa müvafiq olub-olmamasıdır. Buna görə də Məhkəmə hazırkı işi Konvensiyanın yalnız 8-ci Maddəsi altında araşdıracaq.
B. Hökumətin ilkin etirazı
1. Tərəflərin təqdimatları
(a) Hökumət
45. Hökumət hər iki ərizədə ərizəçinin qurban statusunu mübahisələndirərək, onların actio popularis (red. pozuntunun qurbanı olmayan fərdi şəxslər və ya təşkilatlar tərəfindən ictimai maraqların müdafiəsi üçün iddia) ərizələr olduğunu iddia etdi. Hökumətə əsasən ərizəçi mübahisələndirilən mülahizələrin və ifadələrin birbaşa təsirinə məruz qaldığını göstərə bilməyib.
(b) Ərizəçi
46. Ərizəçi iddia etdi ki, qaraçı mənşəli olduğundan kitab və lüğətlərə daxil edilən alçaldıcı mülahizə və ifadələr ona maddi və mənəvi ziyan vurub. Buna görə də o, Konvensiyanın 34-cü Maddəsinə əsasən qurban statusuna malik olduğunu hesab edir.
(c) Üçüncü tərəf
47. Yunan Helsinki Monitoru qeyd etdi ki, irqə əsaslanmış ümumi ayrı-seçkilik ifadələri ilə hədəfə alındığı iddia olunan etnik qrupun istənilən üzvü qurban statusuna malikdir, belə ki, bu ifadələr həmin qrupun hər bir üzvünə qarşı mövhumat yaradır. Daha sonra o bildirdi ki, Məhkəmənin müdafiəsi dövlətdaxili sistemə əsasən təmin olunduğundan az olmamalıdır: əgər şəxsin qurban status dövlətdaxili səviyyədə tanınıbsa, Məhkəmə bunu inkar etməməlidir.
2. Palatanın qərarı
48. Palata qeyd edir ki, baxmayaraq ki, ərizəçi sözügedən kitabda və ya lüğətlərdə bilavasitə şəxsən hədəf alınmayıb, o, dövlətdaxili qanunvericiliyə, yəni Mülki Məcəllənin 24 və 25-ci Maddələrinə əsasən daxili məhkəmələrdə kompensasiya barədə icraat qaldıra bilərdi və işin mahiyyətini mübahisələndirə bilərdi (bax yuxarıda 35-ci bənd). Nəticədə, Palata hesab etdi ki, ərizəçi Konvensiyanın 34-cü Maddəsinə əsasən qurban statusuna malikdir.
3. Məhkəmənin qiymətləndirməsi
49. Məhkəmə xatırladır ki, Konvensiyanın 34-cü Maddəsinə əsasən şikayət verə bilmək üçün, fiziki şəxs, qeyri-hökumət təşkilatı və ya ayrı-ayrı şəxslər qrupu Konvensiyada təsbit edilən hüquqların pozulmasının qurbanı olduğunu iddia edə bilməlidirlər. Belə pozuntunun qurbanı olduğunu iddia etmək üçün şəxs mübahisə edilən tədbirin birbaşa təsirinə məruz qalmalıdır: buna görə də, Konvensiya orada müəyyən edilən hüquqların şərhi üçün actio popularis-in irəli sürülməsini nəzərdə tutmur və fərdlərə milli qanunvericiliyin müddəasından, onun birbaşa təsirinə məruz qalmadan, sadəcə Konvensiyaya zidd olduğunu hesab etdiklərinə görə şikayət etməyə icazə vermir (bax yuxarıda istinad edilən Burden (Burden), § 33, və Tanase Moldovaya qarşı iş (Tănase v. Moldova) [Böyük Palata], № 7/08, § 104, AİHM 2010‑...).
50. Nəticə etibarilə, Konvensiyada nəzərdə tutulan hüququn iddia edilən pozuntusunun şəxsən təsirinə məruz qalmış qurbanın mövcudluğu Konvensiyanın müdafiə mexanizminin hərəkətə gətirilməsi üçün zəruridir, baxmayaraq ki, bu meyar sərt və qeyri-çevik üsulla tətbiq olunmamalıdır (bax Bitenc Sloveniyaya qarşı iş (Bitenc v. Slovenia (dec.)), № 32963/02, 18 Mart 2008-ci il). Ərizəçinin iddia edilən pozuntunun qurbanı olduğunu iddia edə bilib-bilməməsi məsələsi Konvensiyaya əsasən iş üzrə icraatın bütün mərhələlərində uyğundur (bax Burdov Rusiyaya qarşı iş (Burdov v. Russia), № 59498/00, § 30, AİHM 2002‑III).
51. Məhkəmə xatırladır ki, o, “qurban” anlayışını müstəqil olaraq və qanuni marağa və ya fəaliyyət qabiliyyətinə aid dövlətdaxili anlayışlardan asılı olmayaraq şərh edir (bax Sanles Sanles İspaniyaya qarşı iş (Sanles Sanles v. Spain (dec.)), № 48335/99, AİHM 2000‑XI), baxmayaraq ki, Məhkəmə o faktı nəzərə almalıdır ki, ərizəçi dövlətdaxili icraatlarda tərəf olub (bax Mikallef Maltaya qarşı iş (Micallef v. Malta) [Böyük Palata], № 17056/06, § 48, AİHM 2009‑...).
52. Məhkəmə qeyd edir ki, hazırkı işdə qaraçı mənşəli ərizəçi qaraçı icmasını alçaltdığı iddia edilən mülahizə və ifadələr barədə şikayət edib. Doğrudur ki, ərizəçi şəxsən hədəfə alınmayıb; lakin o, mənsub olduğu etnik qrupa aid mülahizələrdən özünü təhqir olunmuş hiss edə bilərdi. Bundan əlavə, ərizəçinin məhkəmə qarşısında durması ilə bağlı dövlətdaxili icraatlarda mübahisə olmayıb. Nəticə etibarilə işin mahiyyəti iki instansiyada araşdırılıb.
53. Yuxarıda göstərilənlərə əsasən və qurban statusunu tənzimləyən meyarları çevik şəkildə tətbiq etmək zərurətini nəzərə alaraq, Məhkəmə qəbul edir ki, ərizəçi mübahisələndirilən paraqraflarla birbaşa hədəfə alınmadığına baxmayaraq, Konvensiyanın 34-cü Maddəsinin mənası baxımından şikayət edilən faktların qurbanı hesab oluna bilər. Buna görə də, o, ərizəçinin qurban statusuna malik olmaması barədə Hökumətin ilkin etirazını rədd edir.
C. İşin mahiyyəti
1. 4149/04 saylı ərizə
(a) Tərəflərin təqdimatları
(i) Ərizəçi
54. Ərizəçi iddia etdi ki, “Türkiyə qaraçilari” kitabının müəyyən hissələrinə qaraçı icmasını alçaldan mülahizə və ifadələr daxil edilib. Xüsusilə o, Türkiyədə müəyyən şəhərlərdə yaşayan qaraçı xalqının həyat tərzi barədə və xüsusilə də onların qanunsuz fəaliyyətə cəlb olunması iddia edilən məlumatı nəzərdə tutan kitabın fəslinə istinad etdi (bax yuxarıda 12-ci bənd). Ərizəçiyə əsasən müəllifin ümumi niyyəti vacib deyil, belə ki, bu hissələr özlüyündə qaraçı cəmiyyətinə açıq təhqir təşkil edir. O, həmçinin onun kompensasiya tələbini rədd edən dövlətdaxili məhkəmələrin qərarlarından narazılığını bildirdi.
(ii) Hökumət
55. Hökumət bildirdi ki, kitab nəşrlər üzrə məşvərət şurasının tövsiyəsi ilə Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunub. Məşvərət şurasına müvafiq olaraq, sözügedən kitab Türkiyədə elmi araşdırmalara yardım olaraq hazırlanmış, müqayisəli akademik tədqiqatın bir hissəsidir. Orada qaraçılar icmasının mənşəyi, onların dili, ənənələri, inancları, bayramları, mətbəxi, geyimi, musiqisi və yaşayış şəraiti barədə məlumat verilib. Hökumət qeyd etdi ki, ərizəçinin etirazından sonra kitab bir sıra universitet professorları tərəfindən yenidən araşdırıldı və onlar bildirdilər ki, oraya hər hansı təhqiramiz bəyanatlar daxil edilməyib. Nəhayət, Hökumət bildirdi ki, Mədəniyyət Nazirliyi qaraçıların mədəniyyətini və ənənələrini inkişaf etdirmək üçün çox iş görür.
(b) Palatanın qərarı
56. Palata qərara aldı ki, baxmayaraq ki, ərizəçinin istinad etdiyi parçalar və mülahizələr ayrılıqda oxunduqda ayrı-seçkilik və təhqiredici görünür, kitab ümumilikdə araşdırıldıqda, müəllifin pis niyyətlə hərəkət etdiyi və ya qaraçılar icmasını təhqir etmək niyyətində olduğu barədə nəticəyə gəlmək mümkün deyil. Palata kitabın nəticə hissəsinə xüsusi diqqət yetirdi; orada müəllif açıqlamışdı ki, “Türkiyə qaraçilari” müqayisəli təhlil aparan və Türkiyədə yaşayan qaraçı xalqının tarixi və sosial-iqtisadi yaşayış şəraitinə diqqət yetirən akademik tədqiqatdır. Palata bu nəticəyə gəldi ki, müəllif qaraçılar icmasının ictimaiyyət tərəfindən hansı şəkildə qəbul olunmasını nümayiş etdirmək üçün qaraçıların qərəzli təsvirinə istinad edib. Nəticədə, Palata ərizəçinin Konvensiya ilə qorunan hüquqlarının pozuntusunu müəyyən etmədi.
(c) Məhkəmənin qiymətləndirməsi
(i) Konvensiyanın 8-ci Maddəsinin tətbiqi
57. Məhkəmə xatırladır ki, “şəxsi həyat” anlayışı Konvensiyanın 8-ci Maddəsinin mənası baxımından qəti anlayış verilə bilməyən geniş termindir. Şəxsi muxtariyyət anlayışı 8-ci Maddədə nəzərdə tutulan təminatların şərhinin əsasını təşkil edən mühüm prinsipdir. Buna görə də o, fiziki və sosial kimliyin çoxsaylı aspektlərini əhatə edə bilər. Məhkəmə daha sonra xatırladır ki, o, keçmişdə qəbul etmişdir ki, fərdin etnik mənsubiyyətini başqa belə bir element kimi nəzərdən keçirmək lazımdır (bax S. və Marper Birləşmiş Krallığa qarşı iş (S. and Marper v. the United Kingdom) [Böyük Palata], № 30562/04 və 30566/04, § 66, 4 dekabr 2008-ci il, və Ciubotaru Moldovaya qarşı iş (Ciubotaru v. Moldova), № 27138/04, § 49, 27 aprel 2010-cu il). Xüsusilə də, qrup barədə istənilən neqativ stereotip müəyyən səviyyəyə çatdıqda, qrupun kimlik hissinə və qrup üzvlərinin özünə dəyər və özünə inam hisslərinə təsir etməyə qadirdir. Məhz bu mənada bunu qrup üzvlərinin şəxsi həyatına təsir kimi görmək olar.
58. Bundan əlavə, 8-ci Maddənin əsas məqsədi fərdi dövlət hakimiyyəti orqanlarının əsassız müdaxiləsindən qorumaq olduğu halda, bu, Dövlətdən sadəcə belə müdaxilədən çəkinməyi tələb etmir: bu neqativ öhdəliyə əlavə olaraq şəxsi həyata effektiv hörmətə aid pozitiv öhdəliklər ola bilər. Bu öhdəliklərə hətta fərdlərin öz aralarındakı münasibətləri sahəsində şəxsi həyata hörmətin təmin olunmasına yönəlmiş tədbirlərin görülməsi daxil ola bilər (bax Tavlı Türkiyəyə qarşı iş (Tavlı v. Turkey), № 11449/02, § 28, 9 noyabr 2006-cı il, və yuxarıda istinad edilən Ciubotaru (Ciubotaru), § 50).
59. Hazırkı işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki, qaraçı mənşəli olan ərizəçi qaraçı icmasına həsr olunmuş “Türkiyə qaraçıları” kitabının müəyyən parçalarından özünü təhqir olunmuş hiss etdi. Buna görə də o, kitabın müəllifinə və Mədəniyyət Nazirliyinə qarşı mülki icraat başlatdı (bax yuxarıda 19-25-ci bəndlər). Nəticədə, hazırkı işdə əsas məsələ ərizəçinin mənsub olduğu qrupa və beləliklə onun şəxsi həyatına təsir etdiyi iddia edilən nəşrdir. Məhkəmə daha sonra qeyd edir ki, “Türkiyə qaraçilari” Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunmasına baxmayaraq (bax yuxarıda 10-cu bənd), sonuncu sonradan kitaba müəlliflik hüququnu müəllifə qaytarıb (bax yuxarıda 17-ci bənd). Bundan əlavə, ərizəçi onun Mədəniyyət Nazirliyinə qarşı inzibati şikayətini rədd edən Ankara İnzibati Məhkəməsinin qərarından apelyasiya şikayəti verməyib (bax yuxarıda 25-ci bənd). Bununla da o, sözügedən nəşrdə iştirakına görə Dövlət hakimiyyəti orqanlarına qarşı işini davam etdirməyib.
60. Belə olan halda, Məhkəmə hesab edir ki, hazırkı işdə qaldırılan əsas məsələ ərizəçinin şəxsi həyatına dövlətdaxili hakimiyyət orqanlarının birbaşa müdaxiləsinin olub-olmaması deyil, daha çox cavabdeh Hökumətin ərizəçinin şəxsi həyatına üçüncü tərəfin, yəni kitabın müəllifinin iddia edilən müdaxiləsindən qorumaqla bağlı 8-ci Maddə altında pozitiv öhdəliyini yerinə yetirib-yetirməməsidir. Başqa sözlə, Məhkəmə Konvensiyanın 8-ci Maddəsi baxımından, Türkiyə məhkəmələrinin mənəvi ziyana görə məbləğ təyin etməklə və kitabın yayılmasına qadağa qoymaqla ərizəçinin mülki iddiasını təmin etməli olub-olmadığını müəyyən etməyə çalışacaq.
(ii) Konvensiyanın 8-ci Maddəsinə uyğunluq
(α) Ümumi prinsiplər
61. 8-ci Maddəyə əsasən Dövlətin pozitiv və neqativ öhdəlikləri arasındakı sərhədi dəqiq müəyyən etmək çətindir. Bununla belə, tətbiq edilən prinsiplər oxşardır. Hər iki kontekstdə fərdin rəqabət aparan maraqları və bütünlükdə cəmiyyət arasında ədalətli balans olmalıdır; və hər iki kontekstdə Dövlət müəyyən mülahizə sərbəstliyindən istifadə edir (bax, digər qərarlarla yanaşı, Kiqan İrlandiyaya qarşı iş (Keegan v. Ireland), 26 may 1994-cü il, § 49, Seriya A № 290; Botta İtaliyaya qarşı iş (Botta v. Italy), 24 fevral 1998-ci il, § 33, Qərarlar və Qərardadlar Toplusu 1998‑I; və Gurgenidze Gürcüstana qarşı iş (Gurgenidze v. Georgia), № 71678/01, § 38, 17 oktyabr 2006-cı il).
62. Bu kimi işlərdə, yəni şikayət başqalarının öz ifadə azadlığı hüququnu həyata keçirməsi nəticəsində 8-ci Maddə ilə qorunan hüquqların pozulması ilə bağlı olduqda, 8-ci Maddə tətbiq edilərkən Konvensiyanın 10-cu Maddəsinin tələbləri nəzərə alınmalıdır (bax, məsələn və müvafiq dəyişikliklərlə (mutatis mutandis) Fon Hannover Almaniyaya qarşı iş (Von Hannover v. Germany), № 59320/00, § 58, AİHM 2004‑VI). Beləliklə, belə hallarda Məhkəmə bu iki Maddə arasında hər hansı iyerarxik əlaqənin mövcud olmadığını nəzərə alaraq, ərizəçinin “şəxsi həyatına hörmət” hüququ ilə ifadə azadlığının müdafiəsində ictimai maraq arasında tarazlıq aparmalı olacaq (bax Timciuc Ruminiyaya qarşı iş (Timciuc v. Romania (dec.)) № 28999/03, § 144, 12 oktyabr 2010-cu il).
63. Bu kontekstdə Məhkəmə xatırladır ki, ifadə azadlığı demokratik cəmiyyətin ən mühüm əsaslarından birini təşkil edir. Konvensiyanın 10-cu Maddəsinin 2-ci bəndinə əsasən bu, nəinki zərərsiz və ya laqeydlik məsələsi olaraq müsbət qəbul edilən və ya hesab edilən, lakin həmçinin təhqir edən, sarsıdan və ya narahat edən “məlumata” və ya “ideyalara” tətbiq olunur. Bunlar plüralizm, dözümlülük və geniş fikirliliyin tələbləridir ki, bunlarsız demokratik cəmiyyət mövcud deyil (bax, digərlərlər yanaşı, Həndisayd Birləşmiş Krallığa qarşı iş (Handyside v. the United Kingdom), 7 dekabr 1976-cı il, § 49, Seriya A № 24, və Reinboth və Başqaları Finlandiyaya qarşı iş (Reinboth and Others v. Finland), № 30865/08, § 74, 25 yanvar 2011-ci il). Bu azadlıq 10-cu Maddənin 2-ci bəndində təsbit edilən, lakin ciddi şəkildə şərh edilməli olan istisnalara məruz qalır. Buna görə də, istənilən məhdudiyyətlərə ehtiyac inandırıcı şəkildə müəyyən olunmalıdır (bax, məsələn, Lingens Avstriyaya qarşı iş (Lingens v. Austria), 8 iyul 1986-cı il, § 41, Seriya A № 103, və Nilsen və Cohnsen Norveçə qarşı iş (Nilsen and Johnsen v. Norway) [Böyük Palata], № 23118/93, § 43, AİHM 1999‑VIII).
64. Konvensiyanın 10-cu Maddəsinə əsasən, Razılığa gələn Dövlətlər ifadə azadlığı hüququna müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmamasının qiymətləndirilməsində müəyyən mülahizə sərbəstliyinə malikdirlər. Lakin bu sərbəstlik həm qanunvericiliyi və həm də onu tətbiq edən qərarları, o cümlədən hətta müstəqil məhkəmənin çıxardığı qərarları əhatə edən Avropa nəzarəti ilə müşayiət olunur (bax, Tammer Estoniyaya qarşı iş, (Tammer v. Estonia), № 41205/98, § 60, AİHM 2001‑I; Pek Birləşmiş Krallığa qarşı iş (Peck v. the United Kingdom), № 44647/98, § 77, AİHM 2003‑I; və Karhuvaara və İltalehti Finlandiyaya qarş iş (Karhuvaara and Iltalehti v. Finland), № 53678/00, § 38, AİHM 2004‑X). Məhkəmənin öz nəzarətini həyata keçirməkdə vəzifəsi milli hakimiyyət orqanlarının yerini tutmaq deyil, onların öz mülahizə sərbəstliyinə müvafiq olaraq qəbul etdikləri qərarları bütövlükdə işin işığında nəzərdən keçirməkdir (bax, Petrenko Moldovaya qarşı iş (Petrenco v. Moldova), № 20928/05, § 54, 30 mart 2010-cu il; Polanco Torres və Movilla Polanco İspaniyaya qarşı iş (Polanco Torres and Movilla Polanco v. Spain), № 34147/06, § 41, 21 sentyabr 2010-cu il; və Petrov Bolqarıstana qarşı iş (Petrov v. Bulgaria (dec.)), № 27103/04, 2 noyabr 2010-cu il).
65. Buna görə də, oxşar işlərdə Məhkəmə o fakta əhəmiyyət verib ki, yerli hakimiyyət orqanları ziddiyyətli hüquqların mövcudluğunu və onlar arasında ədalətli tarazlığın təmin olunması zəruriliyini müəyyən etmişlər (bax, məsələn və müvafiq dəyişikliklərlə (mutatis mutandis) yuxarıda istinad edilən Tammerin işi (Tammer), § 69; Uayt İsveçə qarşı iş (White v. Sweden), № 42435/02, § 27, 19 sentyabr 2006-cı il; Standard Verlags GmbH Avstriyaya qarşı iş (Standard Verlags GmbH v. Austria) (№ 2), № 21277/05 § 52, 4 iyun 2009-cu il; Lappalainen Finlandiyaya qarşı iş (Lappalainen v. Finland (dec.)), № 22175/06, 20 yanvar 2009-cu il; və Papaianopol Rumıniyaya qarşı iş (Papaianopol v. Romania), № 17590/02, § 30, 16 mart 2010-cu il).
66. Xüsusilə də əsas hüquqlardan birinin vacibliyi və ya dairəsi lazımi qaydada nəzərdən keçirilmədiyindən, milli məhkəmə hakimiyyəti orqanlarının təmin etdiyi tarazlıq qənaətbəxş olmadıqda, milli məhkəmələrin qərarlarına verilən mülahizə sərbəstliyi dar olacaq. Lakin, əgər qiymətləndirmə özünün təşəkkül tapmış presedent hüququndan irəli gələn prinsiplərin işığında aparılıbsa, Məhkəmə öz rəyini milli məhkəmələrin rəyi ilə əvəz etmək üçün tutarlı əsaslar tələb edəcək, nəticədə milli məhkəmələr geniş mülahizə sərbəstliyindən istifadə edəcəklər (bax MGN Limited Birləşmiş Krallığa qarşı iş (MGN Limited v. the United Kingdom), № 39401/04, § 150 və §155, 18 yanvar 2011-ci il, və Fon Hannover Almaniyaya qarşı iş (Von Hannover v. Germany) (№ 2) [Böyük Palata], № 40660/08 və 60641/08, § 107, 7 fevral 2012-ci il).
67. Bütün bunlar səmərəli hüquq sisteminin olduğunu və “şəxsi həyat” anlayışına daxil olan hüquqların müdafiəsi üçün işlədiyini və ərizəçiyə çatımlı olduğunu nəzərdə tutur (bax Karako Macarıstana qarşı iş (Karakó v. Hungary), № 39311/05, § 19, 28 aprel 2009-cu il). Bu, həmçinin Məhkəmə tərəfindən araşdırılmalıdır.
(β) Bu prinsiplərin hazırkı işə tətbiqi
68. Hazırkı işdə dövlətdaxili məhkəmələr ərizəçinin qaraçı icmasının üzvü kimi Konvensiyanın 8-ci Maddəsi altında hüquqları ilə sözügedən kitabın müəllifinin xüsusi etnik qrup barədə akademik/elmi tədqiqat aparmaq və onun nəticələrini dərc etmək azadlığı arasında ədalətli tarazlığı təmin etməyə çağırılırdı. Ərizəçi iddia edib ki, kitab və xüsusilə də Türkiyənin müxtəlif şəhərlərində qaraçıların yaşayış şəraiti barədə məlumat verən fəsil qaraçı icmasına qarşı təhqir təşkil edir. Bu iddianı iki instansiyada rədd edərkən Türkiyə məhkəmələri xüsusilə də, mübahisələndirilən kitabın elmi tədqiqata əsaslanan akademik araşdırma olduğunu müəyyən edən yeddi universitet professoru tərəfindən hazırlanmış hesabata istinad etdilər (bax yuxarıda 25-ci bənd). Onlar hesab etdilər ki, mülahizə və ifadələr təhqiramiz deyildi, ümumi təbiətli idi, bütün qaraçılara aid deyildi və ərizəçinin şəxsiyyətinə təcavüz təşkil etmirdi (bax yuxarıda 21 və 23-cü bəndlər). Bundan əlavə, Ümumi Yurisdiksiyalı Ankara Mülki Məhkəməsi müəyyən etdi ki, kitab Türkiyə qaraçılarının sosial strukturunu araşdırıb və elmi məlumatlara əsaslanıb (bax yuxarıda 21-ci bənd).
69. Məhkəmənin fikrincə bu nəticələr əsassız hesab oluna bilməz və ya müvafiq faktların təhrif olunmasına əsaslana bilməz. Bununla əlaqədar qeyd etmək vacibdir ki, müəllif xüsusi ərazilərdə yaşayan qaraçı icmasının bəzi üzvləri tərəfindən müəyyən qanunsuz fəaliyyətləri qeyd etsə də, kitabın heç bir yerində o, ümumilikdə qaraçı əhalisi barədə neqativ mülahizə verməyib və qaraçı cəmiyyətinin bütün üzvlərinin qanunsuz fəaliyyətə cəlb olunduğunu iddia etməyib. Bundan əlavə, kitabın müxtəlif hissələrində, xüsusilə də ön söz, giriş və nəticə hissəsində müəllif aydın şəkildə vurğulayıb ki, onun niyyəti qovulan və əsasən mövhumata əsaslanan ləkələyici sözlərlə hədəfə alınan Türkiyədə qaraçı icmasının naməlum dünyasına işıq salmaqdır (bax yuxarıda 10, 11 və 13-cü bəndlər). Yuxarıda qeyd olunanları nəzərə alaraq və müəllifin bəyanatlarının qeyri-səmimi olması barədə nəticəyə haqq qazandıran hər hansı sübutun olmadığı halda, onun işinə əmək qoyduğu və irqçi niyyətlərlə idarə olunmadığı barədə dövlətdaxili məhkəmələrin gəldiyi qərar əsassız deyildi (bax, müvafiq dəyişikliklərlə (mutatis mutandis), Yersild Danimarkaya qarşı iş (Jersild v. Denmark), 23 sentyabr 1994-cü il, § 36, Seriya A № 298).
70. Bundan əlavə, onlardan bəzilərinin bir qədər yığcam şəkildə ifadə olunmasına baxmayaraq, dövlətdaxili məhkəmələrin gəldiyi nəticəni müdafiə etmək üçün irəli sürdükləri səbəblər Məhkəmənin presedent hüququnda təsbit edilən prinsiplərə uyğun idi. Xüsusilə də, Türkiyə məhkəmələri o fakta əhəmiyyət vermişdir ki, kitab alim tərəfindən yazılıb və buna görə də akademik iş hesab olunmalıdır. Son qərarlarında Məhkəmə həmçinin belə işlərin əhəmiyyətini vurğulayıb (bax Sorguç Türkiyəyə qarşı iş (Sorguç v. Turkey), № 17089/03, §§ 21-35, AİHM 2009‑... (çıxarışlar), və Sapan Türkiyəyə qarşı iş (Sapan v. Turkey), № 44102/04, § 34, 8 iyun 2010-cu il). Buna görə də, alimlərin tədqiqat aparmaq və onların nəticələrini dərc etmək azadlığına istənilən məhdudiyyəti diqqətli yoxlamaya təqdim etmək Məhkəmənin presedent hüququna uyğundur.
71. Mübahisə edilən parçaları ayrılıqda deyil, bütünlükdə kitabın kontekstində nəzərdən keçirmək və nəşrin müəllifi tərəfindən istifadə olunan tədqiqat metodunu nəzərə almaq, həmçinin Məhkəmənin yanaşmasına uyğundur. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, müəllif izah etmişdir ki, o, məlumatı qaraçı icmasının üzvlərindən, yerli hakimiyyət orqanlarından və polisdən toplamışdır. O, həmçinin qeyd etdi ki, elmi müşahidə prinsiplərinə müvafiq olaraq, həyat tərzlərini müşahidə etmək üçün o, qaraçı icması ilə birlikdə yaşamışdır (bax yuxarıda 11-ci bənd).
72. Bundan əlavə, qeyd olunmalıdır ki, hazırkı işdə “şəxsi həyat” anlayışına daxil olan hüquqların müdafiəsi üçün səmərəli hüquq sistemi işləyirdi və ərizəçiyə çatımlı idi (bax yuxarıda 68-ci bənd). Ərizəçi öz işini iki instansiyada qaldırmaq imkanına malik olmuş və iddiası ilə bağlı əsaslandırılmış qərarlar əldə etmişdir. Bundan əlavə, o, Mədəniyyət Nazirliyinə şikayət verəndə, Nazirlik ehtiyat tədbiri olaraq, kitabın qalan 299 nüsxəsinin geri götürülməsi və müəllifin tələbi ilə müəlliflik hüququnun ona qaytarılması barədə əmr verdi (bax yuxarıda 15 və 17-ci bənd).
73. Yuxarıda qeyd olunanların işığında, Məhkəmə qane olur ki, Konvensiyanın 8-ci və 10-cu Maddələri altında toqquşan əsas hüquqların tarazlaşdırılmasında, Türkiyə məhkəmələri Məhkəmənin oturuşmuş presedent hüququndan irəli gələn prinsiplərə əsaslanan qiymətləndirmə aparmışlar.
74. Buna baxmayaraq Məhkəmə təkrar edir ki, qaraçıların həssas durumu o deməkdir ki, həm müvafiq tənzimləyici çərçivədə və həm də konkret işlər üzrə qərarların qəbul edilməsində, onların tələbatlarına və onların fərqli həyat tərzlərinə xüsusi diqqət yetirilməlidir (bax yuxarıda istinad edilən Çapmanın işi (Chapman), § 96, və yuxarıda istinad edilən D.H. və Başqalarının işi (D.H. and Others), § 181). Məhkəmə həmçinin qaraçıların neqativ stereotiplərinə qarşı mübarizə aparmaq üçün Hökumətin öz səylərini davam etdirməli olduğu barədə RDAK-ın nəticələri ilə (bax yuxarıda 38-ci bənd) razılaşır.
75. Yuxarıda qeyd olunan fikirlərdən belə çıxır ki, hazırkı işdə Türkiyə hakimiyyət orqanları öz mülahizə sərbəstliyinin həddini keçməyiblər və ərizəçinin şəxsi həyatına effektiv hörmət hüququnu təmin etmək üzrə pozitiv öhdəliklərinə diqqətsiz olmayıblar.
76. Nəticə etibarilə, 4149/04 saylı ərizəyə münasibətdə 8-ci Maddə pozulmayıb.
2. 41029/04 saylı ərizə
(a) Tərəflərin təqdimatları
(i) Ərizəçi
77. Ərizəçi iddia etdi ki, Türkiyə Dillər Assosiasiyası tərəfindən dərc edilən iki mübahisələndirlən lüğətlərdəki ifadələr qaraçı icmasına münasibətdə təhqiramiz olub. Xüsusilə də o, “xəsis davranış nümayiş etdirmək” kimi anlayış verilən “Qaraçı olmaq” termininə istinad etdi və qeyd etdi ki, belə təhqiredici anlayışlar lüğətdən çıxarılmalıdır.
(ii) Hökumət
78. Hökumət qeyd etdi ki, lüğətlərdəki sözlər və ifadələr tarixi və sosioloji faktlara əsaslanırdı və qaraçı icmasını alçaltmaq niyyəti daşımırdı. Onlar daha sonra Məhkəməyə məlumat verdi ki, Mədəniyyət Nazirliyi 1991-ci və 1998-ci illərdə lüğətlərin nəşrinə cəmi 2700 avro maliyyə ayırıb. Lakin Hökumət vurğuladı ki, şagirdlər üçün lüğətlər məktəb dərsliyi deyildi və məktəblərə paylanmamışdı və ya məktəb proqramının bir hissəsi kimi Təhsil Nazirliyi tərəfindən tövsiyə edilməmişdi. Nəhayət, onlar qeyd etdilər ki, bu lüğətlər təkrar nəşr olunmamışdır və həqiqətən satılıb qurtarmışdır.
(b) Palatanın qərarı
79. Palata xüsusilə o faktı nəzərə alır ki, lüğətlərdə verilən anlayışlarla bağlı ön sözdə qeyd edilmişdir ki, onlar “metaforik” mənada istifadə olunur. Buna görə də o, müəyyən etdi ki, bu ifadələr ərizəçinin etnik şəxsiyyətinə zərər yetirən hesab oluna bilməz. Nəticədə, Palata Konvensiyanın 8-ci Maddəsinin pozuntusunu müəyyən etmədi.
(c) Məhkəmənin qiymətləndirməsi
80. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçi mübahisələndirilən lüğətlərə daxil olan bəzi qeydlərə görə özünün neqativ stereotipin qurbanı olduğunu hesab edir. Buna görə də Konvensiyanın 8-ci Maddəsi yuxarıda 60-cı bənddə təsbit edilən səbəblərə görə tətbiq olunur. Məhkəmə daha sonra qeyd edir ki, sözügedən lüğətlərin nəşri qismən Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, ərizəçi qeyri-hökumət təşkilatı olan Dillər Assosiasiyasına qarşı yalnız mülki iddia qaldırıb və dövlətdaxili məhkəmələrdə Nazirliyə qarşı hər hansı inzibati icraat başlatmayıb (bax yuxarıda 31-34-cü bəndlər). Buna görə də, 4149/04 saylı ərizədə olduğu kimi (bax yuxarıda 60 və 61-ci bəndlər), Məhkəmə yuxarıda 62-68-ci bəndlərdə təsbit edilən ümumi prinsiplərin işığında, ərizəçinin şəxsi həyatını üçüncü tərəfin, yəni Dillər Assosiasiyasının iddia edilən müdaxiləsindən müdafiə etmək üçün, Hökumətin 8-ci Maddə altında pozitiv öhdəliyini yerinə yetirib-yetirməməsini araşdıracaq.
81. Ərizəçinin iddiasını rədd edərkən, Ankara Mülki Məhkəməsi müşahidə etdi ki, lüğətlərdəki anlayışlar və ifadələr tarixi və sosioloji reallığa əsaslanırdı və orada qaraçı icmasını alçaltmaq və ya təhqir etmək niyyəti olmayıb. O, daha sonra qeyd etdi ki, türk dilində lüğətlərdə və ensiklopediyalarda çıxan, digər etnik qruplara aid oxşar ifadələr var (bax yuxarıda 33-cü bənd).
82. Beləliklə, dövlətdaxili məhkəmə Konvensiyanın 8-ci Maddəsi altında ərizəçinin hüquqlarına qanunsuz müdaxilə edib-etmədiyini müəyyən etmək üçün mübahisələndirilən qeydləri araşdırdı. Bununla da o, Məhkəmənin presedent hüququnda təsbit olunmuş prinsipləri tətbiq edib (bax yuxarıda 66-cı bənd).
83. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, lüğət dilin sözlərini siyahıya alan və onların müxtəlif mənalarını verən, əsas olanları sadəcə təsviri və ya hərfi olan, digərləri isə bədii, alleqorik və ya metaforik olan məlumat mənbəyidir. O, cəmiyyət tərəfindən istifadə edilən dili əks etdirir. Hər iki lüğətdə “çingene” (“qaraçı”) sözünün hərfi anlayışı 279-cu səhifədə verilib. Buna görə də aydındır ki, bu lüğətlər həcminə görə böyük idi və bütün türk dilini əhatə etməsini nəzərdə tuturdu. Məhkəmə həmçinin göstərilən lüğətlərdə “qaraçı” sözünə verilən birinci anlayışı qeyd edir, orada deyilir: “Hindistan mənşəli etnik qrup və ya etnik qrupa mənsub şəxs, üzvləri köçəri həyat tərzi sürürlər və dünyada geniş yayılıblar.” İkinci məna olaraq qeyd edilib ki, metaforik mənada “qaraçı” sözü “xəsis” deməkdir (bax yuxarıda 28-ci bənd). Həmin səhifədə lüğətlərdə qaraçılara aid, məsələn “qaraçı pulu” və “qaraçı çəhrayısı” kimi müəyyən ifadələrin sonrakı anlayışları verilir. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, Ankara Mülki Məhkəməsinin izah etdiyi kimi, bu ifadələr türk dilinin bir hissəsidir.
84. Doğrudur ki, lüğətlər eyni məzmuna malik olmalarına baxmayaraq, onlar müxtəlif hədəf qruplarına aid idilər, belə ki, ikinci lüğətin adı “Şagirdlər üçün Türk Lüğəti” idi. Aydındır ki, şagirdlərə yönəlmiş lüğətdə gündəlik dilin hissəsi olan, lakin alçaldıcı və ya təhqiredici kimi təfsir oluna biləcək ifadələrə anlayış verərkən daha çox səy tələb olunur. Məhkəmənin fikrincə sadəcə onların metaforik olduğunu bildirməkdənsə, belə ifadələri “alçaldıcı” və ya “təhqiredici” kimi qeyd etmək daha üstün olardı. Belə ehtiyat tədbiri həmçinin RDAK-ın 10 saylı Ümumi Siyasət Tövsiyəsinə uyğun olardı; o təsbit edir ki, Dövlətlər şagirdlər arasında tənqidi düşüncəni təbliğ etməli və onların istifadə etdikləri materiallarda əks olunan stereotiplərdən və ya dözümsüzlük elementlərindən xəbərdar olmaq və onlara reaksiya vermək üçün onları zəruri vərdişlərlə təmin etməlidirlər (bax yuxarıda 39-cu bənd).
85. Bununla belə, o faktı da nəzərə alsaq ki, mübahisələndirilən lüğətlər məktəb dərsliyi deyildi və məktəblərə paylanmamışdı və ya məktəb proqramının bir hissəsi kimi Təhsil Nazirliyi tərəfindən tövsiyə edilməmişdi (bax yuxarıda 79-cu bənd), bu element ayrılıqda Məhkəmənin öz rəyini dövlətdaxili məhkəmələrin rəyi ilə əvəz etməsi üçün qənaətbəxş deyil.
86. Nəhayət, Məhkəmə qeyd edir ki, ərizəçinin Dillər Assosiasiyasına qarşı işi dövlətdaxili məhkəmələrdə iki instansiyada araşdırılmışdı (bax yuxarıda 31-34-cü bəndlər). Onun işi nəticədə rədd olunmasına baxmayaraq, Məhkəmə qane olur ki, ərizəçi Konvensiyanın 8-ci Maddəsinə əsasən tələb olunan səmərəli hüquq müdafiə vasitələri ilə təmin olunub.
87. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə hesab edir ki, dövlətdaxili hakimiyyət orqanları öz mülahizə sərbəstliyinin həddini keçməyiblər və ərizəçinin şəxsi həyatına effektiv hörmət hüququnu təmin etmək üzrə pozitiv öhdəliklərinə diqqətsiz olmayıblar.
88. Nəticədə, 41029/04 saylı ərizəyə münasibətdə Konvensiyanın 8-ci Maddəsi pozulmayıb.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ
1. Yekdilliklə Hökumətin ilkin etirazını rədd edir və qərara alır ki, ərizəçi Konvensiyanın 34-cü Maddəsinin məqsədləri baxımında “qurban” olduğunu iddia edə bilər;
2. Bir səsə qarşı on altı səslə qərara alır ki, 4149/04 saylı ərizəyə münasibətdə Konvensiyanın 8-ci Maddəsi pozulmayıb;
3. Bir səsə qarşı on altı səslə qərara alır ki, 41029/04 saylı ərizəyə münasibətdə Konvensiyanın 8-ci Maddəsi pozulmayıb.
Qərar ingilis və fransız dillərində tərtib edilib və 15 mart 2012-ci ildə Strasburqda İnsan Hüquqları Binasında açıq iclasda elan edilib.
Michael O’Boyle Nicolas Bratza
Katibin MüaviniSədr
Konvensiyanın 45-ci Maddəsinin 2-ci bəndinə və Məhkəmə Qaydalarının 74-cü Qaydasının 2-ci bəndinə əsasən Hakim Gyulumyanın xüsusi rəyi bu qərara əlavə olunur.
N.B.
M.O’B
“Ayrı rəylər tərcümə olunmayıb, lakin onları Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasında qərarın rəsmi ingilis və/və ya fransız dillərində olan versiyasında görə bilərsiniz.”
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy