Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 36
Noyabr 2001-ci il
***
Əl-Afsani (Al-Adsani) Birləşmiş Krallığa qarşı [BP] – ərizə № 35763/97
21.11.2001 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət etmək hüququ
Dövlət immuniteti ilə əlaqədar olaraq iddia ərizəsinin baxılmalı işlərin siyahısından çıxarılması: pozuntu baş verməyib
Maddə 3
Pozitiv öhdəliklər
İşgəncə barədə iddia ilə əlaqədar xarici hökumətə qarşı qaldırılmış işdə cavabdehə dövlət immunitetinin verilməsi: pozuntu baş verməyib
Faktlar: İkili vətəndaşlığa – Britaniya və Küveyt vətəndaşlığına malik olan ərizəçi Körfəz müharibəsi zamanı Küveyt hərbi hava qüvvələrində pilot kimi qulluq edirdi və İraqın müdaxiləsindən sonra Küveytdə qalmışdı. O, Küveyt əmiri ilə qohumluq əlaqəsi olan şeyxin sekslə məşğul olduğu videoyazını əldə etmişdi. Ərizəçinin sözlərinə görə, videoyazının ümumi dövriyyəyə buraxılmasında onu təqsirləndirən şeyx digər iki şəxslə onun evinə daxil ola bilmiş, onu döymüş və silah təhdidi atlında dövlət təhlükəsizliyi xidmətinin həbsxanasına aparmış, orada ərizəçi bir neçə gün həbsdə saxlanılmış və mühafizəçilər tərəfindən dəfələrlə döyülmüşdü. Daha sonra o, saraya aparılaraq dəfələrlə üzgüçülük hovuzunda suyun altında saxlanılmış və sonra kiçik otağa gətirilmiş, orada şeyx benzinlə isladılmış döşəklərə od vurmuş, nəticədə ərizəçi ciddi yanıq xəsarətləri almışdı. Birləşmiş Krallığa qayıtdıqdan sonra ərizəçi şeyxə və Küveyt hökumətinə qarşı mülki iddia qaldırdı. O, şeyxə qarşı qiyabi qərar çıxarılmasına nail oldu və sonradan adı çəkilən iki nəfərə qarşı da iddia qaldırmasına icazə verildi. Amma Küveyt hökumətinə qarşı iddia qaldırmasına icazə verilmədi. Apellyasiya şikayəti verildikdən sonra Apellyasiya Məhkəməsi belə qənaətə gəldi ki, həmin icazə verilməlidir və bunun ardınca iddia ərizəsi təqdim edildi, lakin Küveyt hökumətinin müraciətindən sonra Yüksək Məhkəmə qərara aldı ki, iddia ərizəsi baxılmalı işlərin siyahısından çıxarılmalıdır, çünki Küveyt hökuməti dövlət immuniteti hüququna malikdir. Ərizəçinin bu qərardan şikayəti Apellyasiya Məhkəməsi tərəfindən rədd edildi və həmçinin Lordlar Palatasına apellyasiya şikayəti təqdim etməsinə icazə verilməsi üçün müraciəti də rədd edildi.
Hüquqi məsələlər: Maddə 3 – Birlikdə götürülmüş halda 1-ci və 3-cü maddələr dövlətlərin üzərinə işgəncələrin və digər qəddar rəftar növlərinin qarşısının alınması və belə hallara görə kompensasiya ödənilməsi məqsədini daşıyan bir sıra pozitiv öhdəliklər qoysa da, bu öhdəlik yalnız iddia edilən hərəkətlərin dövlətin yurisdiksiyası daxilində törədildiyi hallara şamil olunur. Şəxsin işgəncəyə və ya digər qəddar rəftar növünə məruz qalacağı ilə bağlı real təhlükə olduğunu düşünmək üçün əsaslı səbəblər olduqda onun ölkə ərazisindən kənara çıxarılmasına görə dövlət məsuliyyət daşıyırsa, bu cür məhdud çərçivəli hallarda 3-cü maddə ölkə ərazisindən kənarda baş verən hərəkətlərə də şamil olunur. Lakin hər hansı məsuliyyət o zaman yaranır ki, şəxsin bu cür rəftara məruz qalması onu ölkə ərazisindən çıxarmış dövlətin hərəkətinin bilavasitə nəticəsi olaraq baş versin. Hazırkı işdə ərizəçi iddia etdiyi işgəncənin Birləşmiş Krallığın yurisdiksiyası daxilində baş verdiyini və ya Birləşmiş Krallığın hakimiyyət orqanlarının onun baş verməsi ilə hər hansı səbəb-nəticə əlaqəsinin olduğunu iddia etmədiyinə görə, cavabdeh dövlətin Küveytin hakimiyyət orqanları tərəfindən törədildiyi iddia edilən işgəncə ilə bağlı mülki hüquqi müdafiə vasitəsini təmin etmək öhdəliyi daşıdığını söyləmək olmaz.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
6-cı maddənin 1-ci bəndi – Şəxsin ölkədaxili iddia tələbinin təmin edilməsinin mümkünlüyü məsələsi təkcə daxili qanunvericilikdə müəyyən edilmiş hüququn substantiv məzmunundan deyil, həm də prosessual maneələrin mövcudluğundan asılıdır. Konvensiya orqanlarının nəzarəti olmadan dövlətin bir sıra mülki iddiaları məhkəmələrin yurisdiksiyasından xaric etməsi, yaxud geniş qruplara və ya kateqoriyalara immunitet verməsi mümkün olsaydı, bu, qanunun aliliyinə və ya 6-cı maddənin 1-ci bəndinin kökündə duran təməl prinsipə zidd olardı. Hazırkı işdə ərizəçinin qaldırmaq istədiyi məhkəmə işi iddia tələbi üçün əsas təşkil edən hərəkət ilə, yəni şəxsə yetirilmiş ziyanla əlaqədar idi, cavabdehə immunitetin verilməsi isə substantiv hüquqla əlaqədar deyildi, məhkəmələrin bu hüquqla bağlı qərar vermək səlahiyyətinin qarşısını alan prosessual maneə ilə əlaqədar idi. Beləliklə, mülki hüquqlarla bağlı ciddi və həqiqi mübahisə mövcud idi və 6-cı maddə bu işə tətbiq edilə bilərdi.
Məhkəməyə müraciət etmək hüququna məhdudiyyətlər tətbiq edilə bilər, bu şərtlə ki, onlar bu hüququn mahiyyətinə xələl gətirməsin. Belə məhdudiyyətlər qanuni məqsəd daşımalı və həmin məqsədə mütənasib olmalıdır. Mülki işlərdə dövlətə suveren immunitetin verilməsi dövlətlər arasında ehtirama və xoş münasibətlərə şərait yaratmaq kimi beynəlxalq hüquq konsepsiyasına əməl etməkdən ibarət qanuni məqsəd daşıyır. Mütənasibliyə gəlincə, Konvensiya mümkün qədər beynəlxalq hüququn digər normalarına, o cümlədən dövlət immunitetinə aid normalara uyğun şəkildə şərh edilməlidir. Beləliklə, dövlət tərəfindən görülən və beynəlxalq ümumi hüququn hamılıqla tanınan normalarını əks etdirən tədbirlər prinsipcə məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib məhdudiyyətin tətbiqi hesab edilə bilməz. Bu baxımdan Birləşmiş Krallığın müvafiq qanunvericiliyi 1972-ci il tarixli Bazel Konvensiyasına uyğundur. Lakin ərizəçi iddia edirdi ki, işgəncələrin qadağan olunması jus cogens (beynəlxalq ümumi hüquq norması) statusunu alıb və beynəlxalq müqavilə hüququndan və beynəlxalq hüququnun digər normalarından üstün tutulur. İddia edilən bu fikir heç vaxt sübuta yetirilməsə də, törədildiyi iddia edilən qəddar rəftar Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş işgəncə kimi təsnifləşdirilə bilər. Həmin maddədə təsbit olunmuş hüquq mütləq (məhdudiyyətsiz) hüquqdur və işgəncə bir sıra digər beynəlxalq müqavilələrdə də qadağan olunur; bundan əlavə, işgəncələrə qoyulmuş qadağanın qeyd-şərtsiz norma və ya jus cogens (beynəlxalq ümumi hüquq norması) statusuna malik olması Məhkəmə tərəfindən qəbul edilmiş bir sıra qərarlarda da bəyan edilib. Lakin bu iş fərdin cinayət məsuliyyətinə deyil, mülki prosesdə dövlətin immunitetinə aiddir və beynəlxalq sənədlərdə, məhkəmə qərarlarında və ya digər materiallarda belə qənaətə gəlməyə qəti şəkildə əsas verən heç nə yoxdur ki, beynəlxalq hüquqa əsasən dövlət iddia edilə işgəncə ilə əlaqədar digər dövlətin məhkəmələrində qaldırılan mülki işlərdə daha immunitetə malik deyil. Müvafiq olaraq, Birləşmiş Krallığın qanunvericiliyi millətlər birliyi tərəfindən dövlət immuniteti doktrinasının tərkib hissəsi qismində hamılıqla qəbul edilmiş olan məhdudiyyətlərə zidd deyildi və həmin qanunvericiliyin müddəalarının ərizəçinin məhkəməyə müraciət hüququna əsassız məhdudiyyət təşkil etdiyini söyləmək olmazdı.
Nəticə: pozuntu baş verməyib (səkkiz səsə qarşı doqquz səslə).
Full & Egal Universal Law Academy