© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012 .
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Əl-Cedda Birləşmiş Krallığa qarşı [Böyük Palata] (Al-Jedda v. the United Kingdom [GC]), ərizə № 27021/08
07.07.2011-ci il tarixli qərar [Böyük Palata]
Maddə 5
5-ci maddənin 1-ci bəndi
Qanuni tutulma və ya həbsə alınma
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsi əsasında İraqdakı Britaniya silahlı qüvvələri tərəfindən İraq vətəndaşının davamlı olaraq ibtidai həbsdə saxlanılması: pozuntu baş verib
Maddə 5
Dövlətlərin yurisdiksiyası
İraqdakı Britaniya silahlı qüvvələri tərəfindən İraq vətəndaşının həbsdə saxlanılması məsələsi ilə bağlı ərazi yurisdiksiyası
Faktlar – 2003-cü ilin mart ayında Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi və tərkibində Britaniya silahlı qüvvələrinin də olduğu koalisiya qüvvələri İraqa daxil oldu. İraqdakı əsas döyüş əməliyyatları 2003-cü ilin may ayında yekunlaşmış elan olundu. Həmin tarixdən başlayaraq 1907-ci il tarixli Haaqa Konvensiyasının və 1949-cu il tarixli dörd Cenevrə Konvensiyasının müddəalarına əsasən Birləşmiş Krallıq işğalçı ölkəyə çevrildi. Birləşmiş Millətlər Təşkilatının İraqa Yardım Missiyası (UNAMI) yaradıldı. 1511 (2003) və 1546 (2004) saylı qətnamələrində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası UNAMI-nin rolunu izah etdi, onun vahid komandanlıq altında çoxmillətli qüvvələrin fəaliyyəti ilə bağlı səlahiyyətlərini təsdiq etdi və qərara aldı ki, "çoxmillətli qüvvələr İraqda sülhün və sabitliyin yaranmasına yardım etmək üçün bütün zəruri tədbirləri görmək səlahiyyətinə malikdirlər".
Ərizəçi İraq vətəndaşıdır. 2004-cü ilin oktyabrında o, terrorizm fəaliyyətlərində iştirakda şübhəli bilindiyinə görə tutuldu və daha sonra Britaniya qoşunlarının idarəçiliyi altında olan Bəsrədəki (İraq) saxlanma müəssisəsində üç ildən artıq müddətə həbsdə saxlanıldı. Onun həbsdə saxlanılması İraqın təhlükəsizliyi üçün qəti surətdə zəruri hesab edildi. Ona qarşı ittihamları təsdiq edən məlumatlar ona açıqlanmadı və ona qarşı heç bir cinayət ittihamı irəli sürülmədi. Onun həbsdə saxlanılması barədə qərara çoxmillətli diviziyanın komandiri tərəfindən mütəmadi olaraq yenidən baxılırdı. 2005-ci ilin iyununda o, uzun müddət həbsdə saxlanılmasının qanuniliyi məsələsindən və Hökumətin onu Birləşmiş Krallığa qaytarmaqdan imtina etməsindən şikayət edərək Birləşmiş Krallıqda işinə məhkəmə tərəfindən baxılması üçün müraciət etdi. Son nəticədə 17 dekabr 2007-ci ildə Lordlar Palatası onun işi üzrə qərar çıxardı. Lordlar Palatası İraqdakı Britaniya qoşunlarının fəaliyyətlərinin Birləşmiş Millətlər Təşkilatı adından deyil, Birləşmiş Krallıq adından həyata keçirildiyini və bu səbəbdən beynəlxalq hüquqa əsasən ərizəçinin həbsdə saxlanılmasına görə Birləşmiş Krallığın məsuliyyət daşıdığını etiraf etsə də, qərara aldı ki, 1546 saylı qətnamə faktiki olaraq çoxmillətli qüvvələrin tərkibindəki Britaniya qüvvələrinin üzərinə belə bir vəzifə (və ya səlahiyyət) qoymuşdu ki, həbsə alma "İraqın təhlükəsizliyi üçün qəti surətdə zəruri hesab edildiyi təqdirdə" bu tədbirdən istifadə etsin və Təhlükəsizlik Şurasının qətnaməsində nəzərdə tutulmuş öhdəliklər bütün digər beynəlxalq öhdəliklərə, hətta Avropa Konvensiyasından irəli gələn öhdəliklərə münasibətdə üstün hesab edilsin.
Hüquqi məsələlər – 5-ci maddənin 1-ci bəndi: Hökumət iddia etdi ki, həbsdə saxlanılma Birləşmiş Krallığın deyil, Birləşmiş Millətlər Təşkilatının adından həyata keçirilmişdi və buna görə də ərizəçi Konvensiyanın 1-ci maddəsinə görə Birləşmiş Krallığın yurisdiksiyasında deyildi. Yaxud alternativ olaraq, həbsdə saxlanılma 1546 saylı qətnaməyə uyğun olaraq həyata keçirilmişdi, həmin qətnamə Birləşmiş Krallığın üzərinə belə bir vəzifə qoymuşdu ki, Konvensiya üzrə öhdəliklərini nəzərə almadan Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 103-cü maddəsinə uyğun olaraq ərizəçini həbs etsin.
a) Yurisdiksiya – Təhlükəsizlik Şurasının qətnamələri şərh edilərkən təkcə onların mətni deyil, həm də qəbul edildikləri şərait nəzərə alınmalıdır.[1] 2003-cü ili martında ölkəyə müdaxilə zamanı İraqa mövcud rejim əvəzlənəcəyi təqdirdə səlahiyyətlər bölgüsünü nəzərdə tutan heç bir qətnamə yox idi. Təhlükəsizlik Şurasının sədrinə 8 may 2003-cü il tarixli məktubda Birləşmiş Ştatların və Birləşmiş Krallığın bu orqandakı daimi nümayəndələri izah etmişdilər ki, əvvəlki rejim əvəzləndikdən sonra onlar müvəqqəti olaraq hökumətin səlahiyyətlərinin həyata keçirilməsi, o cümlədən İraqda təhlükəsizliyin təmin edilməsi üçün Müvəqqəti Koalisiya Şurası yaradacaqlar. Onlar etiraf etmişdilər ki, Birləşmiş Millətlər Təşkilatı İraqda humanitar yardımın təmin edilməsində, yenidənqurma işlərinə dəstək verilməsində və müvəqqəti hökumətin təşkilinə yardım göstərilməsində mühüm rola malikdir.
Müdaxilədən sonra BMT Təhlükəsizlik Şurasının birinci qətnaməsi olan, 22 may 2003-cü ildə qəbul edilmiş 1483 saylı qətnamədə Birləşmiş Millətlər Təşkilatına təhlükəsizlik sahəsində hər hansı rol ayrılmamışdı. 16 oktyabr 2003-cü ildə qəbul edilmiş 1511 saylı qətnamə "vahid komandanlıq altında çoxmillətli qüvvələrə İraqda sülhün və sabitliyin yaranmasına yardım etmək üçün bütün zəruri tədbirləri görmək səlahiyyəti" versə də, Məhkəmə hesab etmədi ki, bu, çoxmillətli qüvvələrin tərkibindəki hərbçilərin Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altına keçməsi və ya sülhə yardım göstərən ölkələrin qoşunlarının həmin ölkələrin adından hərəkət etməsinə xitam verilməsi demək idi. Konkret olaraq, Birləşmiş Millətlər Təşkilatı istər çoxmillətli qüvvələr üzərində hər hansı dərəcədə nəzarəti, istərsə də Müvəqqəti Koalisiya Şurasının hər hansı icra funksiyalarını öz üzərinə götürməmişdi. Ərizəçinin həbsə alınmasından təxminən dörd ay əvvəl 8 iyun 2004-cü ildə qəbul edilmiş 1546 saylı qətnamədə Təhlükəsizlik Şurası çoxmillətli qüvvələrin səlahiyyətini bir daha təsdiq etdi, amma qətnamədə Təhlükəsizlik Şurasının həmin qüvvələr üzərində əvvəlkindən daha artıq dərəcədə nəzarəti və ya rəhbərliyi öz üzərinə götürmək niyyəti barədə heç bir qeyd yox idi. Üstəlik, BMT Baş katibinin və UNAMI-nin çoxmillətli qüvvələr tərəfindən müdaxilənin daha geniş məqsədlər üçün istifadə edilməsinə etiraz etməsi faktını nəzərə alsaq, ərizəçinin həbsdə saxlanılmasını Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü hesab etmək çətindir. Xülasə, Təhlükəsizlik Şurası çoxmillətli qüvvələrin tərkibindəki qoşunların hərəkətləri və ya hərəkətsizliyi üzərində faktiki nəzarəti və ya tam hakimiyyəti heç vaxt həyata keçirməmişdi. Buna görə də ərizəçinin həbsdə saxlanılmasını Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü hesab etmək olmazdı. Həbsdə saxlanılma yalnız Britaniya qüvvələrinin nəzarəti altında olan saxlanma müəssisində həyata keçirilmişdi və buna görə də ərizəçi bütünlüklə Birləşmiş Krallığın hakimiyyəti və nəzarəti altında idi. Onun həbsdə saxlanılması barədə qərar saxlanma müəssisinə rəhbərlik edən britaniyalı zabit tərəfindən qəbul edilmişdi. Onun həbsdə saxlanması barədə qərara İraqın səlahiyyətli şəxslərindən və çoxmillətli qüvvələrin qeyri-britaniyalı nümayəndələrindən ibarət komitələr tərəfindən bir neçə dəfə yenidən baxılması həbsdə saxlanılmanın Birləşmiş Krallığın adından həyata keçirilməsi faktını dəyişmirdi. Beləliklə, ərizəçi Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Birləşmiş Krallığın yurisdiksiyasında idi.
Nəticə: ərizəçi cavabdeh dövlətin yurisdiksiyasında idi (yekdilliklə).
b) Şikayətin substantiv (maddi-hüquqi) aspekti – Hökumət iddia etmədi ki, ərizəçinin həbsdə saxlanılmasına 5-ci maddənin 1-ci bəndinin "a"-"f" yarımbəndlərində nəzərdə tutulmuş hər hansı istisna hallarla və ya 15-ci maddədə nəzərdə tutulan, öhdəliklərdən geri çəkilməyə yol verən hallarla haqq qazandırmaq olardı. Əvəzində o, iddia etdi ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 103-cü maddəsinə[2] uyğun olaraq Təhlükəsizlik Şurasının 1546 saylı qətnaməsindən irəli gələn öhdəliklər Birləşmiş Krallığın Konvensiya üzrə öhdəliklərinə nisbətən üstünlük təşkil edirdi.
Lakin Məhkəmə qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatı təkcə beynəlxalq sülh və təhlükəsizliyin mühafizəsi üçün deyil, həm də "insan hüquq və əsas azadlıqlarına hörmətin ... təşviqi və həvəsləndirilməsində beynəlxalq əməkdaşlığa nail olmaq" üçün yaradılıb. Nizamnamənin 24-cü maddəsinin 2-ci bəndi Təhlükəsizlik Şurasından tələb edirdi ki, beynəlxalq sülh və təhlükəsizliyin mühafizəsindən ibarət birinci dərəcəli vəzifələrini yerinə yetirərkən "Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə uyğun hərəkət etsin". Bütün bunları nəzərə alaraq, Təhlükəsizlik Şurasının qətnamələrini şərh edərkən Təhlükəsizlik Şurasının üzv dövlətlərin üzərinə insan hüquqlarının təməl prinsiplərini pozan hər hansı öhdəlik qoyduğunu güman etmək doğru olmaz. Buna görə də, qətnamənin müddəalarında hər hansı qeyri-müəyyənlik olduqda Məhkəmə Konvensiyanın tələblərinə daha çox uyğun gələn və öhdəliklər arasındakı hər hansı ziddiyyətlərdən qaçmağa imkan verən şərhə üstünlük verməlidir. İnsan hüquqlarına hörmətin təşviq və həvəsləndirilməsində Birləşmiş Millətlər Təşkilatının mühüm rolunu nəzərə alaraq, belə güman etmək doğru olar ki, Təhlükəsizlik Şurası dövlətlərin insan hüquqlarına dair beynəlxalq hüquq sahəsindəki öhdəlikləri ilə ziddiyyətə girən konkret tədbirlər görməsini istəsəydi, bunu aydın və birmənalı şəkildə ifadə edərdi.
Çoxmillətli qüvvələrə "İraqda sülhün və sabitliyin yaranmasına yardım etmək üçün bütün zəruri tədbirləri görmək" səlahiyyəti verən 1546 saylı qətnamədə həbsə alma tədbiri birmənalı şəkildə göstərilməmişdi. Lakin qətnaməyə əlavə olunmuş ABŞ dövlət katibinin məktubunda çoxmillətli qüvvələrin həyata keçirməyə hazır olduqları "geniş çeşidli vəzifələr" sırasında həbsə alma da sadalanmışdı. Məhkəmənin rəyinə görə, qətnamədəki terminologiya İraqda sülhün və sabitliyin mühafizəsinə yardım üçün istifadə edilə biləcək tədbirləri seçməkdə çoxmillətli qüvvələrin tərkibindəki üzv dövlətlərə sərbəstlik verirdi. Bundan başqa, qətnamənin preambulasında bütün qüvvələrin beynəlxalq hüquqa uyğun olaraq hərəkət etmək öhdəliyi qeyd edilmişdi və Konvensiya beynəlxalq hüququn bir hissəsi idi. Bunun əksinə dəlalət edən heç bir müddəa olmadığına görə, belə güman edilməli idi ki, Təhlükəsizlik Şurası qətnamədə çoxmillətli qüvvələrin tərkibindəki üzv dövlətlərin İraqda təhlükəsizliyin mühafizəsinə yardım etməklə yanaşı, insan hüquqlarına dair beynəlxalq hüquqi öhdəliklərinə riayət etmələrini də nəzərdə tutub.
Bundan başqa, BMT-nin Baş katibi və UNAMI çoxmillətli qüvvələr tərəfindən həbs tədbirindən istifadə edilməsinə dəfələrlə etiraz etdikləri halda belə bir arqumentlə razılaşmaq çətindir ki, 1546 saylı qətnamə üzv dövlətlərin üzərinə həbs tədbirindən istifadə etmək öhdəliyi qoyurdu. 1546 saylı qətnaməyə əsasən, Təhlükəsizlik Şurası Baş katibin xüsusi nümayəndəsi vasitəsilə Baş katibin, eləcə də UNAMI-nin üzərinə "İraqda insan hüquqlarının müdafiəsinə yardım etmək" vəzifəsi qoymuşdu. Müvafiq dövrü əhatə edən rüblük hesabatlarında BMT-nin Baş katibi çoxmillətli qüvvələr tərəfindən təhlükəsizlik məqsədləri üçün həbsə alma tədbirinin geniş şəkildə istifadə edilməsini dəfələrlə "insan hüquqları ilə bağlı ciddi narahatlıq" doğuran hal kimi göstərmişdi. UNAMI həmin dövrdə bir neçə aydan bir insan hüquqlarının vəziyyəti barədə məlumat verirdi və məhkəmə nəzarəti olmadan çox sayda insanların qeyri-müəyyən müddətə həbsdə saxlanılmasından narahatlığını dəfələrlə ifadə etmişdi.
Yekun olaraq, Məhkəmə hesab etdi ki, 1546 saylı qətnamə Birləşmiş Krallığa İraqda təhlükəsizliyin və sabitliyin mühafizəsinə yardım göstərmək üçün tədbirlər görmək səlahiyyəti verirdi. Lakin nə bu, nə də digər qətnamədə açıq və ya dolayı şəkildə Birləşmiş Krallıqdan tələb olunmurdu ki, təhlükəsizliyə qarşı təhlükə yaradan şəxs hesab etdiyi insanları ittiham irəli sürmədən qeyri-müəyyən müddətə həbsə alsın. Bu halları, eləcə də həbs tədbirindən istifadəyə dair məcburi öhdəliyin olmadığını nəzərə alsaq, Birləşmiş Krallığın BMT Nizamnaməsində nəzərdə tutulmuş öhdəlikləri ilə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş öhdəlikləri arasında heç bir ziddiyyət yox idi. Müvafiq olaraq, cavabdeh dövlət üçün 5-ci maddənin 1-ci bəndinin müddəaları qüvvəsini itirməmişdi.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 41: Mənəvi ziyana görə 25.000 avro təyin edildi.
(Həmçinin bax: Əl-Skeini və başqaları Birləşmiş Krallığa qarşı, maddə 1, səh. 1)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Beynəlxalq Məhkəmənin məsləhət rəyi: "Təhlükəsizlik Şurasının 276 (1970) saylı qətnaməsinə baxmayaraq Cənubi Afrika qüvvələrinin Namibiyada qalmaqda davam etməsinin dövlətlər üçün hüquqi nəticələri".
[2] 103-cü maddədə nəzərdə tutulur ki, BMT-yə üzv olan dövlətlərin Nizamnamədə nəzərdə tutulmuş öhdəlikləri həmin dövlətlərin hər hansı digər beynəlxalq müqavilədə nəzərdə tutulmuş öhdəlikləri ilə ziddiyyətə girdikdə üstünlük birincilərə verilir.
Full & Egal Universal Law Academy