© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012 .
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Əl-Xavaya və Taheri Birləşmiş Krallığa qarşı [Böyük Palata] (Al-Khawaja and Tahery v. the United Kingdom [GC]), ərizə № 26766/05 – 22228/06
15.12.2011-ci il tarixli qərar [Böyük Palata]
Maddə 6
Cinayət prosesi
6-cı maddənin 3"d" bəndi
Şahidlərin dindirilməsi
Məhkəmədə iştirak etməyən şahidin ifadələri əsasında məhkum edilmə: birinci ərizəçiyə münasibətdə pozuntu baş verib, ikinci ərizəçiyə münasibətdə pozuntu baş verməyib.
Faktlar – Birinci ərizəçi cənab Əl-Xavaya məsləhətçi həkim idi və iki qadın pasiyentinə qarşı nalayiq hərəkətlərə görə iki bənd üzrə ittiham olunurdu. Pasiyentlərdən biri olan ST məhkəmə araşdırmasından əvvəl ölmüş, amma ölümündən əvvəl polisə ifadə vermişdi, həmin ifadə andlı iclasçılar üçün oxunmuşdu. Hakim bildirdi ki, ifadənin məzmunu ittihamın bir bəndi üzrə cinayət təqibi üçün həlledici əhəmiyyət daşıyır, çünki nəyin baş verdiyinə dair hər hansı digər birbaşa sübut yoxdur. Müdafiə tərəfi razılaşdı ki, ifadə məhkəmə araşdırması zamanı andlı iclasçılara oxunarsa, onlar digər şahidləri çarpaz dindirmək yolu ilə onu təkzib edə bilərlər. Məhkəmə araşdırması zamanı andlılar bir neçə müxtəlif şahidin, o cümlədən digər şikayətçinin və ölmüş şahidin iki rəfiqəsinin ifadələrini dinlədir, mərhum insidentdən dərhal sonra onlara baş verənlər barədə məlumat vermişdi. Müdafiə tərəfinə imkan yaradıldı ki, şifahi ifadə vermiş bütün şahidləri çarpaz dindirsin. Yekun çıxışında işə baxan hakim andlılara xatırlatdı ki, onlar ST-nin ifadə verdiyini və ya çarpaz dindirildiyini görməyiblər və iddiaların təkzib edildiyinin şahidi olmayıblar. Birinci ərizəçi ittihamın hər iki bəndi üzrə məhkum olundu.
İkinci ərizəçi (cənab Taheri), digər ittihamlarla yanaşı, qrup halında hücum etməklə bilərəkdən xəsarət yetirmədə ittiham olunurdu. Hadisə yerində dindirilənlərin heç biri iddia etməmişdi ki, ərizəçinin zərərçəkənə hücum etdiyini görüblər, amma orada olanlardan biri (T) iki gün sonra polisə ifadəsində hücum edənin ikinci ərizəçi olduğunu bildirmişdi. Məhkəmə araşdırmasında ittiham tərəfi T-nin ifadəsinin oxunmasına icazə verilməsi üçün vəsatət qaldırdı və belə əsas gətirdi ki, o, məhkəməyə gəlməkdən bərk qorxub. İşə baxan hakim vəsatəti təmin etdi və bu qərarını belə əsaslandırdı ki, T-nin və bir polis əməkdaşının verdiyi ifadəyə əsasən, T-ni hədələyiblər (hərçənd ki, onu hədələyən ikinci ərizəçi olmayıb) və xüsusi tədbirlərin tətbiqi, məsələn, arakəsmə arxasından ifadə verməsi onun qorxularını azalda bilməyəcək. Beləliklə, T-nin şahid ifadəsi onun öz iştirakı olmadan andlılara oxundu. İkinci ərizəçi də ifadə verdi. Hakim yekun çıxışında andlılara xəbərdarlıq etdi ki, T-nin ifadəsinə istinad etmələri risklidir, çünki həmin ifadə çarpaz dindirmə zamanı yoxlanılmayıb. Ərizəçi məhkum edildi və apellyasiya məhkəməsi ittiham hökmünü qüvvədə saxladı.
Hər iki ərizəçi Avropa Məhkəməsinə ərizə verərək şikayət etdilər ki, barələrindəki ittiham hökmü məhkəmədə onların çarpaz dindirmək imkanına malik olmadıqları şahidlərin verdiyi ifadələrə həlledici dərəcədə əsaslanıb və buna görə də onlar ədalətli məhkəmə araşdırması hüququndan məhrum olublar. 20 yanvar 2009-cu il tarixli qərarında Məhkəmənin Palatası yekdilliklə qərara aldı ki, hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 6-cı maddəsinin 3"d" bəndi ilə birgə götürülməklə 6-cı maddənin 1-ci bəndi pozulub və belə əsas gətirdi ki, onların müvafiq şahidləri çarpaz dindirmək imkanına malik olmamaları məhkəmə prosesində səmərəli şəkildə balanslaşdırılmayıb.
Hüquqi məsələlər – 6-cı maddənin 3"d" bəndi ilə birgə götürülməklə 6-cı maddənin 1-ci bəndi: 6-cı maddənin 3"d" bəndində belə bir prinsip təsbit olunur ki, təqsirləndirilən şəxs məhkum edilməzdən əvvəl ona qarşı bütün sübutlar açıq məhkəmə iclasında onun iştirakı ilə irəli sürülməlidir ki, o, əks arqumentlərini irəli sürə bilsin. Bu prinsipdən istisnalara yol verilə bilər, amma həmin istisnalar müdafiə hüquqlarını pozmamalıdır. Bir qayda olaraq, bu hüquqlar tələb edir ki, istər şahid ifadə verdiyi anda, istərsə də prosesin sonrakı mərhələsində təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş həmin şahidə etiraz etməsi və suallar verməsi üçün lazımi və adekvat imkan yaradılmalıdır. Bu prinsipdən iki nəticə çıxır.
Birincisi, şahidin iştirakı olmadan oxunan ifadəni qəbul etmək üçün əsaslı səbəb olmalıdır.
Əsaslı səbəb, digər hallarla yanaşı, o halda mövcud olur ki, şahid ölmüş olur, yaxud müttəhimin və ya onun adından hərəkət edən şəxslərin təhdidlərindən qorxur; sonuncu halda müttəhim 6-cı maddənin 3"d" bəndində nəzərdə tutulmuş hüquqlarından imtina etmiş sayılır. Şahidin məhkəməyə gəlməməsinin səbəbi bilavasitə müttəhimin və ya onun nümayəndələrinin təhdidləri ilə əlaqədar deyilsə və şahidin ümumiyyətlə ifadə verməkdən qorxmasıdırsa, bu qorxunun əsaslı olduğunu təsdiqləyən obyektiv səbəblərin olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparmaq işə baxan məhkəmənin vəzifəsidir. Şahidin qorxduğuna görə məhkəməyə gəlməməsini üzrlü səbəb hesab etməzdən əvvəl, işə baxan məhkəmə əmin olmalıdır ki, bütün alternativ tədbirlər, məsələn, şahidin anonimliyinin qorunması və digər xüsusi tədbirlər məqsədəuyğun olmayacaq və ya praktiki cəhətdən mümkünsüz olacaq.
İkincisi, ittiham hökmü yalnız və ya həlledici dərəcədə məhkəmə iclasında iştirak etməyən şahidin ifadəsinə əsaslanıbsa və istər ibtidai istintaq, istərsə də məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin həmin şahidi şəxsən və ya vəkili vasitəsilə dindirməsinə imkan yaradılmayıbsa, adətən bu hal 6-cı maddədə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması tələblərinə zidd sayılır ("hökmün yalnız və ya həlledici dərəcədə məhkəmə iclasında iştirak etməyən şahidin ifadəsinə əsaslanmasının yolverilməzliyi haqqında qayda"). Lakin bu, mütləq qayda deyil və konkret hüquq sisteminin xüsusiyyətləri nəzərə alınmadan yeknəsəq şəkildə tətbiq edilə bilməz, çünki bele halda bu qayda işin hallarına fərq qoymadan tətbiq edilən kor-təbii alətə çevrilə bilər və bütövlükdə məhkəmə prosesinin ədalətliliyi məsələsini qiymətləndirərkən Məhkəmənin qəbul etdiyi ənənəvi yanaşmaya, yəni müdafiə tərəfinin, zərərçəkənin və şahidlərin maraqlarına və ədalət mühakiməsinin səmərəli şəkildə həyata keçirilməsini tələb edən ictimai maraqlar arasında balansı gözləmək tələbinə zidd olar. Müvafiq olaraq, hətta şayiəyə əsaslanan ifadə müttəhimə qarşı yeganə və ya həlledici dəlildirsə, onun sübut qismində qəbulu avtomatik olaraq 6-cı maddənin 1-ci bəndinin pozuntusuna gətirib çıxarmır. Eyni zamanda, ittiham hökmü yalnız və ya həlledici dərəcədə məhkəmə iclasında iştirak etməyən şahidin ifadəsinə əsaslanıbsa, Məhkəmə həmin məhkəmə iclasının ədalətliliyini ciddi şəkildə araşdırmalıdır. Belə ifadənin sübut qismində qəbulu riskli olduğuna görə, balanslaşdırma məqsədi üçün bu araşdırma çox mühüm amildir və balansın təmin edilməsi üçün kifayət qədər amillərin, o cümlədən ciddi prosessual təminatların olması tələb olunur. Hər bir işdə cavablandırılmalı olan sual bundan ibarətdir ki, kifayət qədər balanslaşdırıcı amillər var idimi, o cümlədən sübutun etibarlılığının ədalətli və düzgün qiymətləndirilməsinə imkan verən tədbirlər görülmüşdümü?
Bununla bağlı Məhkəmə hesab etdi ki, daxili qanunvericilikdə məhkəmə prosesinin ədalətliliyini təmin etmək məqsədi daşıyan ciddi təminatlar vardı.[1] Həmin təminatların praktikada necə tətbiq edildiyinə gəlincə, o, ərizəçilərin hər biri ilə bağlı üç məsələni nəzərdən keçirdi: məhkəmə iclasında iştirak etməyən şahidlərin ifadələrini qəbul etmək zəruri idimi; məhkəmə iclasında iştirak etməyən şahidlərin yoxlanılmayan ifadələri ərizəçilərin hər birinin məhkum edilməsi üçün yeganə və ya həlledici əsas oldumu; və hər iki məhkəmə araşdırmasının bütövlükdə ədalətli olmasını təmin etmək üçün kifayət qədər balanslaşdırıcı amillər, o cümlədən prosessual təminatlar var idimi?
a) Birinci ərizəçinin işi – Bu faktla bağlı fikir ayrılığı yoxdur ki, ST-nin ölümü onun ifadəsinin qəbul edilməsini və sonra araşdırılmasını zəruri etmişdi. Bu ifadənin mühümlüyü hakimə tamamilə aydın idi ("bu ifadə olmasaydı, ittihamın birinci bəndi də olmayacaqdı"), buna görə də o, həlledici hesab edilməlidir. Bu ifadənin etibarlılığı belə bir faktla təsdiqlənirdi ki, ST-nin polisə verdiyi ifadə ilə iddia edilən insidentdən dərhal sonra iki rəfiqəsinə danışdıqları arasında uyğunsuzluq çox cüzi idi və hər iki rəfiqəsi məhkəmədə ifadə vermişdi. Ən önəmlisi, iddia edilən nalayiq hərəkəti təsvir edərkən onun dedikləri ilə digər şikayətçinin dedikləri arasında ciddi oxşarlıqlar vardı və onların gizli razılığa gəldiyinə dair heç bir sübut yox idi. Həkimlə zərərçəkənin təklikdə olduğu özəl tibbi məsləhət seansı zamanı həkim pasiyentinə qarşı nalayiq hərəkət etdikdə bu faktın təsdiqi üçün bundan ciddi dəlil təsəvvür etmək çətindir, xüsusən də nəzərə alsaq ki, digər şahidlərin hər biri məhkəmədə ifadə verməyə çağırılmışdı və onların ifadələrinin etibarlılığı çarpaz dindirmə vasitəsilə yoxlanılmışdı. Hakimin andlılara verdiyi təlimat apellyasiya prosesində nöqsanlı sayılsa da, Apellyasiya Məhkəməsi qərara aldı ki, həmin təlimatdan sonra andlılara aydın idi ki, ST-nin ifadəsinin çəkisi az ola bilər, çünki onlar onu nə görüblər, nə də ifadəsini eşidiblər. Bu təlimatı, habelə ST-nin ifadəsinin təsdiqi üçün ittiham tərəfinin təqdim etdiyi dəlili nəzərə alaraq, Məhkəmə hesab etdi ki, andlılar ST-nin birinci ərizəçiyə qarşı iddialarının etibarlılığını ədalətli və düzgün şəkildə qiymətləndirmək imkanına malik idilər. Bunları nəzərə alaraq və məhkəmə prosesinin ədalətliliyini bütövlükdə nəzərdən keçirərək, Məhkəmə qərara aldı ki, ST-nin ifadəsini sübut qismində qəbul etmək üçün kifayət qədər balanslaşdırıcı amillər var idi.
Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı on beş səslə).
b) İkinci ərizəçinin işi – T-nin qorxusunun obyektiv əsaslarının olub-olmadığını müəyyənləşdirmək üçün müvafiq araşdırmalar aparılmış və işə baxan hakim xüsusi tədbirlərin tətbiqinin onun qorxusunu azalda bilməyəcəyinə əmin olmuşdu.
T yeganə şahid idi ki, hücum zamanı zərbə endirildiyini gördüyünü iddia edirdi və onun başqa ifadələrlə təsdiqlənməyən ifadəsi ərizəçiyə qarşı yeganə olmasa da hər halda həlledici əhəmiyyət daşıyan dəlil idi. Şübhəsiz ki, bu, ağır çəkiyə malik dəlil idi və onsuz ittiham hökmü əhəmiyyətini itirmiş olacaqdı. Nə T-nin ifadəsinin qəbulunun heç bir ədalətsizliyə səbəb olmadığı (çünki ərizəçi şəxsən və ya digər şahidləri çağırmaqla həmin ifadəyə etiraz etmək və ya onu təkzib etmək imkanına malik idi) barədə işə baxan məhkəmənin gəldiyi nəticə, nə də həmin hakimin T-nin ifadəsinə ehtiyatla yanaşmaları barədə andlılara xəbərdarlıq etməsi müdafiə tərəfinin düşdüyü əlverişsiz vəziyyəti balanslaşdırmaq üçün yetərli deyildi. İttihamı rədd edən ifadə verdiyinə baxmayaraq, ərizəçi T-nin ifadəsinin həqiqətə uyğunluğunu və etibarlılığını çarpaz dindirmə vasitəsilə yoxlamaq imkanına malik deyildi, çünki T gördüklərini demək istəyən və ya demək iqtidarında olan yeganə şahid idi və ərizəçi onun ifadəsi əleyhinə ifadə verə biləcək şahid çağırmaq imkanına malik deyildi. Bundan başqa, işə baxan hakim andlılara təlimatında yoxlanılmayan sübuta istinad etməyin təhlükəli olduğu barədə xəbərdarlığı nə dərəcədə aydın və ya inandırıcı şəkildə ifadə edirsə-etsin, yalnız ittiham tərəfinin şahidinin yoxlanılmayan ifadəsi ərizəçiyə qarşı yeganə birbaşa dəlil olduğu halda həmin xəbərdarlıq balansın təmin edilməsi üçün yetərli sayıla bilməzdi.
Bu işdə hər hansı təsdiqedici ciddi sübut olmadan T-nin ifadəsinin həlledici xarakter daşıması o demək idi, andlılar T-nin ifadəsinin ədalətliliyini və etibarlılığını ədalətli və düzgün şəkildə qiymətləndirmək iqtidarında deyildilər. Bütövlükdə prosesin ədalətliliyi məsələsini araşdırarkən Məhkəmə bu nəticəyə gəldi ki, T-nin ifadəsinin qəbulu nəticəsində müdafiə tərəfinin məruz qaldığı çətinliklərin kompensasiya edilməsi üçün kifayət qədər balanslaşdırıcı amillər yox idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə ikinci ərizəçiyə 6.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Bu təminatlara aşağıdakılar daxil idi: məhkəmə iclasında iştirak etməyən şahidin ifadəsinin sübut qismində qəbulunun mümkün olduğu halları müəyyən edən normalar; qorxduğuna görə məhkəmə iclasında iştirak etməyən şahidin şəxsən ifadə verməsinə imkan yaradan alternativ tədbirlərin görülməsi barədə tələb; məhkəmə iclasında iştirak etməyən şahidin ifadəsini sübutlar sırasından çıxarmaq üçün məhkəmənin diskresion səlahiyyətə malik olması; və təqsirləndirilən şəxsə qarşı ittiham "bütünlüklə və ya qismən" şayiələrə söykənən və ittiham hökmünü əminliklə çıxarmağa imkan verməyən dərəcədə şübhəli olan ifadəyə əsaslandıqda işin icraatını dayandırmaq vəzifəsi.
Full & Egal Universal Law Academy