© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012 .
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Əl-Saadun və Müfzi Birləşmiş Krallığa qarşı (Al-Saadoon and Mufdhi v. the United Kingdom), ərizə № 61498/08
02.03.2010-cu il tarixli qərar [IV Bölmə]
Maddə 3
Qeyri-insani rəftar
Pozitiv öhdəliklər
Ölüm cəzası təhlükəsinin olduğuna baxmayaraq məhbusların İraqın hakimiyyət orqanlarına təhvil verilməsi: pozuntu baş verib
Maddə 13
Səmərəli hüquqi müdafiə vasitələri
Lordlar Palatasına verilmiş şikayətə baxılana qədər məhbusların İraqın hakimiyyət orqanlarına təhvil verilməsi səbəbindən həmin şikayətin səmərəsiz olması: pozuntu baş verib
Maddə 34
Şikayət hüququnun həyata keçirilməsinə mane olma
Təyin edilmiş ilkin (müvəqqəti) tədbirə zidd olaraq məhbusların İraqın hakimiyyət orqanlarına təhvil verilməsi və ilkin tədbirə əməl olunmamasının "obyektiv maneə" ilə izah edilməsi: pozuntu baş verib
Maddə 46
46-cı maddənin 2-ci bəndi
Avropa Məhkəməsinin qərarının icrası
Fərdi tədbirlər
Cavabdeh Hökumətdən tələb olunurdu ki, ərizəçilərin ölüm cəzasına məruz qalmayacaqlarına dair İraqın hakimiyyət orqanlarından zəmanətlər almaq üçün mümkün olan bütün tədbirləri görsün
Faktlar – İş iki İraq vətəndaşının şikayəti əsasında qaldırılıb, şikayət İngiltərənin İraqdakı orqanları Avropa Məhkəməsi tərəfindən Məhkəmə Reqlamentinin 39-cu qaydasına uyğun olaraq təyin edilmiş ilkin (müvəqqəti) tədbiri pozaraq onları İraq həbsxanasına təhvil veriblər və beləliklə, onlar ədalətsiz məhkəmə araşdırması təhlükəsi ilə və onun ardınca asılma yolu ölüm cəzası təhlükəsi ilə üzləşiblər.
Çoxmillətli qüvvələr İraqa hücum etdikdən sonra 2003-cü ildə ərizəçilər Britaniya silahlı qüvvələri tərəfindən tutuldular. İlk dövrlərdə onlar əvvəlki rejimdə BƏƏS partiyasında yüksək vəzifə tutmaqda və koalisiya qüvvələrinə qarşı zorakılıqların təşkilində şübhəli bilinərək İngiltərə tərəfindən idarə olunan təcridxanalarda "məxfi məhbus" qismində saxlanıldılar. Cənubi İraqda pusquya salınaraq öldürülmüş iki ingilis əsgərinin qətlini araşdıran Britaniya hərbi polisi 2004-cü ilin oktyabrında bu qənaətə gəldi ki, ərizəçilərin qətldə iştirakını göstərən sübut var. 2005-ci ilin dekabrında Britaniyanın hakimiyyət orqanları qətllə bağlı ərizəçilərə qarşı qaldırılmış işi rəsmən İraqın cinayət işləri üzrə məhkəmələrinə verdilər. 2006-cı ilin mayında İraq Cinayət Məcəlləsinə uyğun olaraq onların həbsi barədə qərar çıxarıldı və göstəriş verildi ki, onlar Bəsrədə Britaniya ordusunun nəzarəti altında həbsdə saxlanılsınlar. Britaniyanın hakimiyyət orqanları ərizəçilərin "məxfi məhbus" statusunu dəyişərək onlara "cinayətlə əlaqədar tutulmuş məhbus" statusunu verdilər. 2006-cı ildə onların işləri Bəsrədəki cinayət işləri üzrə məhkəməyə verildi, həmin məhkəmə qərara aldı ki, ərizəçilərin ittiham olunduğu əməllər İraq Ali Tribunalının məhkəmə aidiyyətinə daxil olan hərbi cinayətlərdir və həmin tribunal ölüm cəzası təyin etmək səlahiyyətinə malikdir. İraq Ali Tribunalı dəfələrlə vəsatət qaldırdı ki, ərizəçilər bu tribunalın təcridxanasına köçürülsünlər. Ərizəçilər bu köçürmənin qanuniliyi məsələsinin İngiltərə məhkəmələrində yoxlanılmasını tələb etdilər. 19 dekabr 2008-ci ildə İngiltərənin müvafiq məhkəməsi köçürməni qanuni elan etdi və 30 dekabr 2008-ci ildə Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxladı. Apellyasiya Məhkəməsi ərizəçilərin edam olunması təhlükəsinin real olduğunu etiraf etsə də, bu qənaətə gəldi ki, hətta 31 dekabr 2008-ci ildə BMT-nin mandatının müddəti başa çatana qədər Birləşmiş Krallıq suveren dövlət qismində ərizəçilər barəsində hakimiyyət səlahiyyətlərini tətbiq etməyib və İraq məhkəməsinin qərarlarının icrası üçün vasitəçi rolunu yerinə yetirib. O, ərizəçilərin tutulması, azad edilməsi və ya qaytarılması üzrə heç bir diskresion səlahiyyətə malik olmayıb. Birləşmiş Krallıq mahiyyət etibarı ilə onları yalnız İraq Ali Tribunalının xahişi və sərəncamı ilə həbsdə saxlayırdı və Birləşmiş Krallıqla İraq arasındakı razılaşmalara uyğun olaraq onları İraq Ali Tribunalının təcridxanasına qaytarmağa borclu idi. Bu, BMT mandatının müddətinin başa çatmasından sonrakı dövrə aid idi, çünki həmin tarixdən sonra ingilis qoşunları hər hansı iraqlını həbsdə saxlamaq üçün hüquqi səlahiyyətlərini itirmişdilər. İstənilən halda, hətta Birləşmiş Krallıq ərizəçiləri həbsdə saxlamaq üçün yurisdiksiyaya malik olsaydı belə, onları İraq Ali Tribunalının təcridxanasına təhvil verməkdən ibarət beynəlxalq hüquqi öhdəlik daşıyırdı və təhvil vermə nəticəsində ərizəçilər bəşəriyyət əleyhinə cinayətə və ya işgəncəyə məruz qalmayacaqları təqdirdə bu öhdəliyinə əməl etməyə borclu idi. Asılma yolu ilə ölüm cəzası bu iki kateqoriyanın heç birinə aid deyildi. Buna görə də Apellyasiya Məhkəməsi şikayəti rədd etdi. O, ərizəçilərin təhvil verilməsini müvəqqəti dayandıran tədbirin qəbulu üçün ərizəçilərin Lordlar Palatasına müraciət etmələrinə icazə verməkdən də imtina etdi.
Apellyasiya Məhkəməsinin qərarı barədə məlumatlandırıldıqdan az sonra Avropa Məhkəməsi 39-cu qayda əsasında ərizəçilərin işi ilə əlaqədar ilkin tədbir təyin edərək Birləşmiş Krallıq Hökumətinə göstəriş verdi ki, növbəti göstərişə qədər ərizəçiləri saxlanıldıqları yerdən çıxarmasın və ya başqa yerə köçürməsin. Lakin Hökumət 31 dekabr 2008-ci ildə cavab verdi ki, BMT-nin mandatı həmin gün gecə yarısı başa çatdığına görə o, bu müstəsna halda ilkin tədbirə riayət edə bilməyəcək və həmin gün bir qədər öncə ərizəçiləri artıq İraq təcridxanasına köçürüb. İraq Ali Tribunalında ərizəçilərin məhkəməsi 2009-cu ilin mayında başladı və həmin ilin sentyabrında onların üzərindən ittihamların götürülməsi və dərhal azad edilməsi barədə qərarla başa çatdı. Prokurorun şikayəti əsasında İraq Kassasiya Məhkəməsi əlavə araşdırma və yeni məhkəmə baxışının keçirilməsi üçün işi İraqın müvafiq orqanlarına verdi. Ərizəçilər həbsdə qaldılar.
Şikayətin qəbuledilənliyi məsələsinə dair 30 iyun 2009-cu il tarixli qərarında (120 saylı Məlumat bülleteninə bax) Avropa Məhkəməsi Bəsrədəki həbsdə saxlanma yerləri üzərində tam və müstəsna faktiki nəzarətin və daha sonra hüquqi nəzarətin Birləşmiş Krallıq tərəfindən həyata keçirildiyini nəzərə alaraq bu qənaətə gəldi ki, ərizəçilər Birləşmiş Krallığın yurisdiksiyasında idilər və 31 dekabr 2008-ci ildə İraqın müvafiq orqanlarının təcridxanasına faktiki köçürülənə qədər Birləşmiş Krallığın yurisdiksiyasında qalmaqda davam edirdilər.
Hüquqi məsələlər – Maddə 3: Konvensiya qəbul edilən zaman ölüm cəzası beynəlxalq normaların pozuntusu sayılmasa da, Avropa Şurasının üzvü olan bütün dövlətlər sonradan onu faktiki və hüquqi cəhətdən tam ləğv etməyə meyl göstərdilər. Konvensiyanın iki Protokolu qüvvəyə mindi ki, onlardan biri müharibə dövrü istisna olmaqla bütün hallarda (6 saylı Protokol), digəri isə istisnasız olaraq bütün hallarda (13 saylı Protokol) ölüm cəzasını ləğv etdi və Birləşmiş Krallıq onların hər ikisini ratifikasiya etdi. İki dövlət istisna olmaqla bütün üzv dövlətlər 13 saylı Protokolu imzaladılar və üç dövlətdən savayı üzv dövlətlərin hamısı onu ratifikasiya etdilər. Bu rəqəmlər və ölüm cəzasına qoyulan moratoriuma dövlətlərin ardıcıl riayət etməsi praktikası Konvensiyanın 2-ci maddəsinin məzmununun bütün hallarda ölüm cəzasının ləğvi istiqamətində dəyişdiyinə qəti şəkildə dəlalət edir. Beləliklə, şəxsə təkcə fiziki ağrı deyil, həm də tezliklə öləcəyini dərk etməsi səbəbindən intensiv psixoloji iztirablar gətirən ölüm cəzasının icrası Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza hesab edilməsinin yolunda daha heç bir maneə qalmadı.
İraqda ölüm cəzası bərpa edildiyi 2004-cü ilin avqustundan başlayaraq ərizəçilərə qarşı irəli sürülən dəlillərin və ittihamların xarakterini nəzərə alsaq, belə güman etmək üçün əsaslı səbəblər vardı ki, İraq məhkəməsinə veriləcəkləri təqdirdə ərizəçilərin məhkum olunması və onlara ölüm cəzasının təyin edilməsi təhlükəsi realdır. Ərizəçilərin özləri, yəqin ki, bu təhlükəni dərk edirdilər. Avropa Məhkəməsinin fikrincə, ən azından cinayət işləri üzrə İraq məhkəmələrinin ərizəçilərin işinə baxmaq səlahiyyəti əldə etdikləri 2006-cı ilin mayından başlayaraq ərizəçilər edam ediləcəkləri ilə əlaqədar əsaslı və uzunmüddətli qorxu hissi keçiriblər və tam əsasla belə güman etmək olar ki, bu qorxu onlara intensiv psixoloji iztirablar gətirib və 31 dekabr 2008-ci ildə onlar İraq həbsxanasına köçürüldükdən bu iztirablar, şübhəsiz ki, güclənib.
Hamılıqla tanınan beynəlxalq hüquq prinsiplərinə əsasən İraqın suverenliyinə hörmət etməyə və ərizəçiləri İraq məhkəmələrinin nəzarətinə verməyə borclu olduğu barədə Hökumətin iddiasına gəlincə, Avropa Məhkəməsi xatırlatdı ki, iştirakçı dövlət digər dövlətlə Konvensiyadan irəli gələn öhdəliklərinə zidd olan sazişlər, xüsusən də ölüm cəzasına, yaxud ağır və ya sonradan düzəldilməsi mümkün olmayan ziyana səbəb ola bilən sazişlər bağlamaq hüququna malik deyil. Bundan başqa, baxmayaraq ki, Britaniya məhkəmələri "diplomatik sığınacaq" vermək vəzifəsini şəxsin bəşəriyyət əleyhinə cinayət təşkil edən qəddar rəftara məruz qalması təhlükəsinin mövcud olduğu hallarla məhdudlaşdıran beynəlxalq hüququn prinsiplərini özləri üçün məcburi sayırdılar, Avropa Məhkəməsi hesab etdi ki, ərizəçilərin vəziyyəti açıq-aşkar fərqli idi. Ərizəçilər Birləşmiş Krallığın hakimiyyət orqanlarından sığınacaq istəməmişdilər, lakin Britaniyanın silahlı qüvvələri tərəfindən tutularaq həbsdə saxlanılmaları səbəbindən faktiki olaraq Birləşmiş Krallığın yurisdiksiyasında idilər. Belə olan halda cavabdeh dövlətin birinci dərəcəli vəzifəsi ondan ibarət idi ki, ərizəçilərin tutulmasının və həbsdə saxlanılmasının sonradan onların hüquqlarının pozulması ilə nəticələnməməsini təmin etsin.
İstənilən halda, Məhkəmə hesab etmir ki, ərizəçilərin Konvensiyada nəzərdə tutulmuş hüquqlarının təmin olunması zəruriliyi hökmən İraqın suverenliyinin pozulmasını tələb edirdi. Ölüm cəzasının qarşısının alınması üçün İraqın hakimiyyət orqanları ilə hər hansı danışıqlar aparıldığına real cəhd göstərildiyi barədə heç bir məlumat yox idi. Məsələn, mövcud məlumatlar İraq prokurorluğunun "bu cür yüksək dərəcədə məsuliyyətli" işi qəbul etməkdən əvvəlcə "çəkindiyini" göstərsə də, görünür, alternativ variant kimi ərizəçilərin işinə İraqda və ya Birləşmiş Krallıqda Britaniya məhkəməsi tərəfindən baxılmasına İraq hökumətinin razılığını almaq imkanı nəzərdən keçirilməyib. Eləcə də İraqın hakimiyyət orqanlarına təklif edilməyib ki, ərizəçilərin işləri İraq məhkəmələrinə verilməzdən əvvəl onların ölüm cəzasına məruz qalmayacaqlarına zəmanət versinlər. Belə zəmanət həqiqətən verilməyib.
Belə zəmanətin olmadığı bir vəziyyətdə Birləşmiş Krallıq ərizəçilərin işlərini İraq məhkəmələrinə verərkən və sonradan onları İraqın hakimiyyət orqanlarının nəzarətinə verərkən Konvensiyanın 2-ci və 3-cü maddələrindən və 13 saylı Protokolun 1-ci maddəsindən irəli gələn öhdəliklərini yetərincə nəzərə almamışdı. Beləliklə, İraq Hərbi Tribunalı tərəfindən onların işlərinə baxılmasının nəticəsi qeyri-müəyyən qalsa da, ərizəçilər ən azından 2006-cı ilin mayından bəri İraqın hakimiyyət orqanları tərəfindən edam edilmə qorxusu altında olduqlarına görə qeyri-insani rəftara məruz qalmışdılar.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 6: Avropa Məhkəməsi milli məhkəmələrin bu rəyini qəbul etdi ki, İraqın hakimiyyət orqanlarına təhvil verilənə qədər ərizəçilərin İraq Hərbi Tribunalı tərəfindən açıq-aşkar ədalətsiz məhkəmə araşdırmasına məruz qalacaqları sübuta yetirilməmişdi. Həmin məhkəmə araşdırması keçirildikdən sonra da Avropa Məhkəməsinin milli məhkəmələrin bu rəyini şübhə altına almasına imkan verən hər hansı sübut yoxdur.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
13-cü və 34-cü maddələr: Hökumət iddia etdi ki, Məhkəmə Reqlamentinin 39-cu qaydasına uyğun olaraq Məhkəmə tərəfindən təyin edilmiş tədbirin yerinə yetirilməsinin qarşısında "obyektiv maneələr" vardı, belə ki, ərizəçilərin İraqın hakimiyyət orqanlarına təhvil verilməsi İraqın suverenliyinə hörmət edilməsinə uyğun olan yeganə addım idi. Lakin Məhkəmə hesab etdi ki, cavabdeh dövlət düşdüyü vəziyyətə görə özü məsuliyyət daşıyırdı, birincisi, ona görə ki, ərizəçilərin işlərini İraq məhkəmələrinə verməzdən və onları İraq həbsxanasına köçürməzdən əvvəl onların ölüm cəzasına məruz qalmayacaqlarına dair zəmanət almamışdı və ikincisi, digər dövlətlə elə bir saziş bağlamışdı ki, həmin saziş ərizəçilərin Konvensiyada nəzərdə tutulmuş əsas insan hüquqlarının müdafiəsini təmin etmək öhdəliyinə zidd idi. Eləcə də bu hüquqların təmin edilməsinə imkan yaradan real və ya praktiki vasitələrin mövcudluğu sübuta yetirilmədi.
Bundan başqa, Hökumət 39-cu qaydaya uyğun olaraq təyin olunmuş tədbiri yerinə yetirmək üçün bütün ağlabatan addımlar və ya ümumiyyətlə hər hansı tədbir gördüyünə dair Məhkəməni inandıra bilmədi. Məsələn, o, məsələnin müvəqqəti həllinə nail olmaq üçün İraqın hakimiyyət orqanlarına vəziyyəti izah etməyə cəhd etdiyi barədə Məhkəməyə hər hansı məlumat vermədi. Ərizəçilər 31 dekabr 2008-ci ildə İraq həbsxanasına köçürülənə qədər cavabdeh dövlətin İraqın hakimiyyət orqanlarına müraciətləri ölüm cəzasının tətbiq edilməyəcəyinə zəmanət almaq üçün yetərli deyildi, bu istiqamətdə bütün sonrakı cəhdlər isə artıq ərizəçilər cavabdeh dövlətin yurisdiksiyasından çıxdıqdan sonra, yəni Britaniyanın hakimiyyət orqanları onların təhlükəsizliyini təmin etmək üçün hər hansı real və konkret səlahiyyətlərini itirdikdən sonra edilmişdi. Nəticədə cavabdeh dövlət ilkin tədbirə riayət etmək üçün bütün ağlabatan addımları atmayıb və beləliklə ərizəçiləri ağır və sonradan düzəldilməsi mümkün olmayan ziyana səbəb ola biləcək ciddi təhlükəyə məruz qoyub. Bu, həm də ərizəçilərin Lordlar Palatasına şikayətinin öz səmərəsini itirməsi ilə nəticələnib.
Nəticə: hər iki ərizəçi barəsində pozuntu baş verib (bir səsə qarşı altı səslə).
Maddə 46: Cavabdeh dövlət ərizəçilərin edam qorxusu altında olduqları vəziyyətə mümkün qədər tezliklə son qoymağa çalışmalı, bunun üçün İraqın hakimiyyət orqanlarından ölüm cəzasının tətbiq edilməyəcəyinə dair zəmanət almaq məqsədi ilə mümkün olan bütün addımları atmalıdır.
Maddə 41: Qərara alındı ki, 3, 13 və 34-cü maddələrin pozulmasının, habelə 46-cı maddəyə əməl olunmamasının müəyyən edilməsi faktı hər hansı mənəvi ziyana görə yetərincə ədalətli kompensasiya təşkil edir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy