İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
ƏL-SKEYNİ VƏ DİGƏRLƏRİ BİRLƏŞMİŞ KRALLIĞA QARŞI
(CASE OF AL-SKEINI AND OTHERS v. THE UNITED KINGDOM)
(55721/07 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
7 iyul 2011-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur a la fin du present document.MÜNDƏRİCAT
Səhifə
MÜNDƏRİCAT 2
PROSEDUR MƏSƏLƏLƏRİ 4
FAKTLAR 6
I. İŞİN HALLARI _____ 6
A. İraqın 2003-cü il 1 maydan 2004-cü il 28 iyuna qədər işğalı 6
1. Məsələ ilə bağlı tarixi məlumatlar: Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1441 nömrəli qətnaməsi 6
2. Əsas döyüş əməliyyatları: 20 mart-1 may 2003-cü il 7
3. 2003-cü ilin may ayında məsələ ətrafında hüquqi və siyasi proseslər 7
5. 2003-cü ilin iyulundan 2004-cü ilin iyununa qədər baş vermiş hadisələr 14
6. Hakimiyyətin Müvəqqəti Hökumətə təhvil verilməsi 18
B. 2003-cü ilin mayından 2004-cü ilin iyununa qədər İraqda xidmət göstərmiş Birləşmiş Krallığın silahlı qüvvələri 18
C. Silah Tətbiq Etmə Qaydaları 22
D. Britaniya əsgərləri tərəfindən İraqda mülki əhalinin öldürülməsi faktları üzrə həyata keçirilmiş istintaq işləri 23
1. İş üzrə istintaqın başlanmasına dair Kral Hərbi Polisinin qərarı 23
2. Kral Hərbi Polisi (Xüsusi İstintaq Şöbəsi) tərəfindən istintaqın həyata keçirilməsi 24
E. Ərizəçilərin qohumlarının ölüm faktları 28
1. Birinci ərizəçi 28
2. İkinci ərizəçi 29
3. Üçüncü ərizəçi 30
4. Dördüncü ərizəçi 31
5. Beşinci ərizəçi 34
6. Altıncı ərizəçi 36
F. İnsan Hüquqları Aktı əsasında ölkə daxilində həyata keçirilmiş proseslər 38
1. Bölmə Məhkəməsi 38
2. Apellyasiya Məhkəməsi 42
3. Lordlar Palatası 47
II. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQİ SƏNƏDLƏR 52
A. Hərbi işğala dair Beynəlxalq humanitar hüquq normaları 52
B. BMT Beynəlxalq Məhkəməsinin beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququ arasındakı qarşılıqlı əlaqə və beynəlxalq insan hüquqları hüququna əsasən dövlətlərin ekstraterritorial öhdəlikləri ilə bağlı məhkəmə təcrübəsi 53
C. Beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququna əsasən silahlı münaqişə və işğal vəziyyətində yaşamaq hüququnun iddia edilən pozuntusu hallarının araşdırılması vəzifəsi 57
HÜQUQİ MƏSƏLƏLƏR 59
I. KONVENSİYANIN 2-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU 59
A. Ərizənin qəbuledilənliyi 60
1. Hərəkətlərin dövlətə aid edilməsi məsələsi 60
2. Yurisdiksiya ilə bağlı məsələlər 61
3. Dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi 61
4. Zərərçəkmiş şəxs statusu 62
5. Qəbuledilənlik məsələsi ilə bağlı nəticələr 62
B. Ərizənin mahiyyəti 63
1. Yurisdiksiya ilə bağlı məsələlər 63
2. Konvensiyanın 2-ci maddəsi ilə nəzərdə tutulmuş ölüm faktlarının araşdırılması vəzifəsinin iddia edilən pozuntusu 81
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ 92
A. Ziyan 92
B. Məhkəmə xərcləri 94
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi 94
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ YEKDİLLİKLƏ 95
Əl-Skeyni və Digərləri Birləşmiş Krallığa qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
sədr Jan-Pol Kosta (Jean-Paul Costa),
hakimlər:
Xristos Rozakis (Christos Rozakis),
Nikolas Bratsa (Nicolas Bratza),
Fransuaz Tulkens (Francoise Tulkens),
Jozep Kasadeval (Josep Casadevall),
Din Şpilman (Dean Spielmann),
Covanni Bonello (Giovanni Bonello),
Elizabet Şteyner (Elisabeth Steiner),
Lex Qarlitski (Lech Garlicki),
Lilyana Miyoviç (Ljiljana Mijović),
David Tor Byörqvinson (David Thór Björgvinsson),
İzabel Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Jorj Nikolau (George Nicolaou),
Luis Lopez Qerra (Luis López Guerra),
Ledi Byanku (Ledi Bianku),
Ən Pauer (Ann Power),
Mihai Poalelunci (Mihai Poalelungi),
və məhkəmə katibinin müavini Maykl O’Boyldan (Michael O’Boyle) ibarət tərkibdə
2010-cu il 9 və 16 iyun və 2011-ci il 15 iyun tarixlərində qapalı müşavirə keçirərək
Yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş 2007-ci il 11 dekabr tarixində altı İraq vətəndaşı - cənab Məzin Cumaa Qatteh Əl-Skeyni (Mr Mazin Jum’Aa Gatteh Al-Skeini), xanım Fatimə Zabun Daheş (Ms Fattema Zabun Dahesh), cənab Həmid Əbdül Rida Auaid Kərim (Mr Hameed Abdul Rida Awaid Kareem), cənab Fədil Fəyay Muzban (Mr Fadil Fayay Muzban), cənab Cabbar Kərim Əli (Mr Jabbar Kareem Ali ) və polkovnik Daud Musa (Colonel Daoud Mousa) (“ərizəçilər”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına qarşı ərizənin (55721/07 nömrəli) təqdim edilməsi ilə başlanmışdır.
2. Ərizəçilərə hüquqi yardım göstərilmiş və onları Məhkəmədə Birminqem şəhərində fəaliyyət göstərən İctimai Maraqlar naminə Hüquqşünaslar assosiasiyasının vəkilləri təmsil etmişlər. Birləşmiş Krallıq (“Hökumət”) səlahiyyətli nümayəndəsi, Xarici işlər və Birlik məsələləri üzrə nazirliyin əməkdaşı cənab D.Uolton tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçilər qohumlarının qətlə yetirilən zaman Birləşmiş Krallığın yurisdiksiyası altında olduqlarını və bu qətl hadisələri ilə bağlı səmərəli istintaqın həyata keçirilmədiyini, bununla da Konvensiyanın 2-ci maddəsinin tələblərinin pozulduğunu iddia etmişlər.
4. Ərizə baxılması üçün Məhkəmənin Dördüncü Bölməsinə verilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci qaydasının 1-ci bəndi). 2008-ci il 16 dekabr tarixində Məhkəmə ərizə barədə Hökumətə məlumat vermək qərarına gəlmişdir. O, həmçinin ərizənin qəbuledilənliyi və mahiyyəti ilə bağlı məsələlərin eyni vaxtda araşdırılması barədə qərar qəbul etmişdir (29-cu maddənin 1-ci bəndi). Tərəflər ərizənin qəbuledilənliyi və mahiyyəti ilə bağlı yazılı qeydlərini təqdim etmişlər. 2010-cu il 19 yanvar tarixində Palata işə baxmaq səlahiyyətinin Böyük Palataya verilməsi barədə qərar qəbul etmişdir.
5. Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü bəndləri və Məhkəmənin Prosedur Qaydalarının 24-cü qaydasına uyğun olaraq müəyyən edilmişdir. Beşinci Bölmənin sədri Per Lorensen bu iş üzrə hakimlik etməkdən imtina etdiyi üçün hakim Luis Lopez Qerra onu əvəz etmişdir.
6. Sonra ərizəçi və Hökumət ərizənin qəbuledilənliyi və mahiyyəti ilə bağlı əlavə qeydlərini təqdim etmişlər. Eyni zamanda İnsan Hüquqları üzrə Vəkillər Komitəsi, İnsan Hüquqları üzrə Avropa Vəkillik Mərkəzi, “Human Rights Watch”, “Interights”, Beynəlxalq İnsan Hüquqları Federasiyası, “Hüquqi Cəmiyyət” və “Azadlıq” təşkilatları (“üçüncü tərəf kimi çıxış edənlər”) Məhkəməyə üçüncü tərəf kimi birgə qeydlərini təqdim etmişlər.
7. Məhkəmə iclası 2010-cu il 9 iyun tarixində Strasburqda İnsan Hüquqları Sarayında açıq şəkildə keçirilmişdir (59-cu qaydanın 3-cü bəndi).
Məhkəmədə aşağıdakı şəxslər iştirak etmişlər:
(a) Hökumət tərəfindən
cənab D. Uolton, Səlahiyyətli nümayəndə,
cənab C. İidi, Kral vəkili,
xanım S. İvimi,
cənab S. Uordsuors, Vəkil,
xanım L. Dann,
xanım H. Akivumi, Məsləhətçilər;
(b) ərizəçilər tərəfindən
cənab Rabinder Sinqh, Kral Vəkili,
cənab R. Hüseyn,Kral Vəkili,
xanım S. Fatimə,
xanım N. Patel,
cənab T. Tridimas,
xanım H. Loo, Vəkil,
cənab P. Şayner,
cənab D. Kəri,
xanım T. Qreqori,
cənab C. Daffi, Məsləhətçilər.
Məhkəmə iclasında cənab İidi və cənab Sinqh çıxış etmişlər.
FAKTLAR
I. İŞİN HALLARI
8. İş ilə bağlı faktlar aşağıdakı kimi ümumiləşdirilə bilər.
A. İraqın 2003-cü il 1 maydan 2004-cü il 28 iyuna qədər işğalı
1. Məsələ ilə bağlı tarixi məlumatlar: Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1441 nömrəli qətnaməsi
9. 2002-ci ilin 8 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası BMT Nizamnaməsinin VII Fəslini əsas tutaraq 1441 nömrəli qətnamə qəbul etmişdir. Qətnamədə qərara alınmışdır ki, İraq tərksilah və BMT, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin silahlara nəzarət üzrə müfəttişləri ilə əməkdaşlığa dair BMT Təhlükəsizlik Şurasının əvvəlki qətnamələrindən irəli gələn öhdəliklərini pozmuşdur və bu öhdəlikləri hazırda da pozmaqda davam edir. 1441 nömrəli qətnamə tərksilah olunmaq və genişləndirilmiş təftiş rejimi yaratmaq ilə bağlı öhdəliklərinə əməl etmək üçün İraqa son imkan vermişdir. Sənəddə Baş Katibdən qətnamə ilə bağlı İraqa dərhal məlumat vermək xahiş edilmiş və İraqdan müfəttişlər ilə dərhal, qeyd-şərtsiz və fəal şəkildə əməkdaşlıq etmək tələb olunmuşdur. 1441 nömrəli qətnamənin sonunda Təhlükəsizlik Şurasının “öhdəliklərini pozmaqda davam etməsi ilə bağlı ciddi nəticələr ilə üzləşəcəyi barədə İraqa dəfələrlə xəbərdarlıq etdiyi” xatırladılmışdır. Təhlükəsizlik Şurası məsələni diqqətdə saxlayacağını qət etmişdir.
2. Əsas döyüş əməliyyatları: 20 mart – 1 may 2003-cü il
10. 2003-cü ilin 20 mart tarixində vahid komandanlıq altında olan silahlı qüvvələr koalisiyası İraqa qoşun yeritməyə başladı. Bu koalisiyaya ABŞ rəhbərlik edirdi və bura Birləşmiş Krallıqdan çox saylı qüvvə və Avstraliya, Danimarka və Polşadan az sayda kontingent daxil idi. 2003-cü ilin 5 aprel tarixinə kimi Britaniya ordusu Bəsrə şəhərini ələ keçirmiş, 2003-cü ilin 9 aprel tarixinə kimi isə ABŞ silahlı qüvvələri Bağdad üzərində nəzarəti ələ keçirmişlər. Bundan sonra digər dövlətlər İraqda yenidənqurma işlərinə kömək etmək üçün bura öz heyətlərini göndərmişlər.
3. 2003-cü ilin may ayında məsələ ətrafında hüquqi və siyasi proseslər
11. 2003-cü ilin 8 may tarixində Birləşmiş Krallıq və ABŞ-ın BMT yanında daimi nümayəndələri BMT Təhlükəsizlik Şurasının sədrinə aşağıdakı məzmunda birgə məktub göndərmişlər:
“Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Koalisiya üzrə tərəfdaş ölkələr BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq İraqın kütləvi qırğın silahlarından və onların hədəfə çatdırılması vasitələrindən tərksilah edilməsi işinin başa çatdırılmasının təmin edilməsi üçün birlikdə fəaliyyət göstərməkdə davam edirlər. Koalisiyada iştirak edən dövlətlər beynəlxalq hüquq normaları ilə müəyyən edilmiş öhdəliklərinə, o cümlədən İraq xalqının əsas humanitar tələbatları ilə bağlı olan öhdəliklərinə ciddi şəkildə əməl edəcəklər. Biz İraq neftinin mühafizə edilməsi və ondan İraq xalqının faydalanması naminə istifadə edilməsinin təmin olunması üçün fəaliyyət göstərəcəyik.
Münaqişədən sonrakı dövrdə İraqda bu məqsəd və öhdəliklərin həyata keçirilməsi üçün Koalisiya Qüvvələrinin Komandanlığı vasitəsilə mövcud komandanlıq və nəzarət mexanizmləri altında fəaliyyət göstərən ABŞ, Birləşmiş Krallıq və Koalisiya üzrə tərəfdaş ölkələr Müvəqqəti Koalisiya Administrasiyasını yaratmışlar. Yenidənqurma və Humanitar Yardım Ofisinin də daxil olduğu bu Administrasiya müvəqqəti hökumətin səlahiyyətlərini həyata keçirəcək və zəruri olduğu üçün xüsusilə təhlükəsizliyin təmin edilməsi, humanitar yardımın çatdırılmasına imkan yaradılması və kütləvi qırğın silahlarının məhv edilməsini təmin edəcək.
ABŞ, Birləşmiş Krallıq və Koalisiya üzrə tərəfdaş ölkələr Müvəqqəti Koalisiya Administrasiyası vasitəsilə fəaliyyət göstərərək digər məsələlər ilə yanaşı İraqın və onun müvəqqəti administrasiyasının təhlükəsizliyini aşağıdakı vasitələrlə təmin edəcək: düşmənçilik fəaliyyətinin qarşısı almaq; İraqın ərazi bütövlüyünü qorumaq və onun sərhədlərinin toxunulmazlığını təmin etmək; aşağıdakıları təmin etmək və aradan qaldırmaq, fəaliyyətsiz vəziyyətə gətirmək, zərərsizləşdirmək, ləğv və ya məhv etmək: a) İraqın malik olduğu bütün kütləvi qırğın silahlarını, ballistik raketləri, pilotsuz təyyarələri və kimyəvi, bioloji və nüvə silahlarını hədəfə çatdırmaq üçün istifadə edilən bütün digər sistemləri; b) İraqın belə silahların və hədəfə çatdırma sistemlərinin və onların yardımçı sistemləri və komponentlərinin tədqiq edilməsi, inkişaf etdirilməsi, layihələndirilməsi, emalı, istehsalı, onlara dəstək verilməsi, yığılması və istifadə edilməsinə yönələn proqramının bütün elementləri (bu elementlərə kimyəvi və bioloji vasitələrin hazırlanması üçün xammal, nüvə silahının hazırlanması üçün material və bunlarla bağlı istifadə edilmiş və ya bu proqramların həyata keçirilməsinə maddi cəhətdən töhfə verə biləcək bütün digər materiallar, texnologiya, avadanlıq, ləvazimatlar və əqli mülkiyyət obyektləri daxildir, lakin elementlər yalnız yuxarıda qeyd edilənlər ilə məhdudlaşmır); müvafiq beynəlxalq təşkilatlar ilə məsləhətləşmələr aparmaqla qaçqın və məcburi köçkünlərin mütəşəkkil və könüllü şəkildə geri qayıtmalarına kömək etmək; İraqın mülki polis qüvvələrinin yenidən qurulması istiqamətində beynəlxalq səylərin təşviq edilməsi də daxil olmaqla cəmiyyətdə qayda-qanunu qorumaq; İraqda bütün terrorçu infrastrukturu və mənbələri ləğv etmək və terrorçulara və terrorçu qruplara təhlükəsiz yerlərdə sığınacaq verilməməsini təmin etmək üçün çalışmaq; minalardan təmizləmə və bununla bağlı digər işlərə dəstək vermək və onları əlaqələndirmək; İraqın əvvəlki rejiminin təmsilçilərinin törətdikləri cinayətlərə və zorakılıqlara görə məsuliyyətə cəlb olunmasını təmin etmək; İraqın hərbi və təhlükəsizlik işlərinə görə məsul olan qurumlarının üzərində dərhal nəzarəti həyata keçirmək və müvafiq qaydada bu qurumların gələcəkdə də İraq xalqı və ya beynəlxalq sülh və təhlükəsizliyə qarşı hədə törətməməsi, lakin İraqın suverenliyi və ərazi bütövlüyünün qorunmasına qadir olması üçün onları hərbsizləşdirilmək, tərxis etmək, nəzarət və komandanlıq altına almaq, reformasiya etmək, ləğv etmək və ya yenidən təşkil etmək.
ABŞ, Birləşmiş Krallıq və Koalisiya üzrə tərəfdaş ölkələr İraq xalqının öz siyasi gələcəyini azad şəkildə müəyyən edə biləcəkləri şəraitin yaradılmasına böyük ehtiyacın olduğunu bildirirlər. Bu məqsədlə ABŞ, Birləşmiş Krallıq və Koalisiya üzrə tərəfdaş ölkələr İraq xalqının təmsilçi hökumətin formalaşdırılması məqsədilə ilk addımların atılması istiqamətindəki səylərinə yardım edirlər. Bu hökumət qanunun aliliyi prinsipi əsasında fəaliyyət göstərəcək və İraq xalqının etnik mənşəyindən, dinindən və ya cinsindən asılı olmayaraq qanun ilə əsas azadlıqlarını, bərabər şəkildə müdafiəsini və ədaləti təmin edəcəkdir. ABŞ, Birləşmiş Krallıq və Koalisiya üzrə tərəfdaş ölkələr hökumətin təmsilçi təsisatlarının yaradılmasına kömək edir və İraqın maliyyə sektorunun məsuliyyətlə idarə edilməsi, humanitar yardımın göstərilməsi, iqtisadi sahədə yenidənqurma işlərinin aparılması, İraqın infrastrukturunun və təbii ehtiyatlarının şəffaf fəaliyyət göstərməsi və bərpası və inzibati sahədə cavabdehliyin müvafiq qaydada belə təmsilçi təsisatların üzərinə qoyulmasını təmin edirlər. Bizim məqsədimiz ölkənin idarə edilməsinə görə cavabdehliyin mümkün qədər tez bir zamanda İraq hakimiyyətinin təmsilçilərinə keçməsini təmin etməkdir.
Humanitar yardımın göstərilməsi, İraqın yenidən qurulmasına dəstək verilməsi və İraqın müvəqqəti administrasiyasının formalaşdırılmasında BMT çox mühüm rol oynayır. ABŞ, Birləşmiş Krallıq və Koalisiya üzrə tərəfdaş ölkələr BMT-nin nümayəndələri və ixtisaslaşdırılmış qurumları ilə yaxından əməkdaşlıq etməyə hazırdırlar və Baş katib tərəfindən xüsusi əlaqələndiricinin təyin edilməsini səbirsizliklə gözləyirlər. Biz həmçinin üzv dövlətlərin, beynəlxalq və regional təşkilatların Müvəqqəti Koalisiya Administrasiyasının müvafiq əlaqələndirmə mexanizmləri çərçivəsində göstərdikləri dəstəyi və verdikləri töhfəni alqışlayırıq.
Bu məktubun Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını təmin edə biləcəyiniz təqdirdə, sizə minnətdar olardıq.
(İmzaladı) Ceremi Qrinstok (Jeremy Greenstock) Birləşmiş Krallığın daimi nümayəndəsi
(İmzaladı) Con D. Neqroponte (John D. Negroponte) ABŞ-ın daimi nümayəndəsi”
12. Yuxarıdakı məktubda da qeyd edildiyi kimi işğalçı dövlətlər Koalisiya Qüvvələri Komandanlığı vasitəsilə Müvəqqəti Koalisiya Administrasiyasını yaratmışlar və bu Administrasiya İraq hökuməti formalaşdırılana qədər “müvəqqəti administrasiya” funksiyasını yerinə yetirməli idi. Onun digər məsələlər ilə yanaşı qanunvericilik aktları qəbul etmək səlahiyyəti var idi. 2003-cü il 13 may tarixində ABŞ-ın müdafiə naziri Donald Ramsfeld tərəfindən imzalanmış memorandumla səfir Pol Bremer rəsmi olaraq İraqın müvəqqəti hökuməti funksiyasını həyata keçirən Müvəqqəti Koalisiya Administrasiyasının (MKA) rəhbəri vəzifəsinə təyin olunmuşdur. 2003-cü il 16 may tarixində imzalanmış MKA-nın 1 nömrəli Reqlamentində səfir Bremer qeyd etmişdir:
“Müvəqqəti Koalisiya Administrasiyasının (MKA) rəhbəri kimi səlahiyyətimə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, o cümlədən 1483 (2003) nömrəli qətnaməyə, həmçinin müharibənin aparılmasının qanun və adətlərinə uyğun olaraq aşağıdakıları elan edirəm:
1-ci Bölmə
Müvəqqəti Koalisiya Administrasiyası
1) MKA keçid administrasiyası dövründə İraqın səmərəli şəkildə idarə olunmasının təmin edilməsi, təhlükəsizlik və sabitliyin bərpa edilməsi, İraq xalqının öz siyasi gələcəyini azad şəkildə müəyyən edə biləcəyi şəraitin yaradılması məqsədilə müvəqqəti olaraq hökumətin səlahiyyətlərini həyata keçirir. Bu səlahiyyətlər digər üsullar ilə yanaşı təmsilçi hökumət üçün yeni milli və yerli təsisatların yaradılması və əvvəlkilərinin fəaliyyətinin bərpa edilməsi istiqamətində səylərin artırılması və iqtisadiyyatın çiçəklənməsinə və davamlı yenidənqurma və inkişafa kömək edilməsi yolu ilə icra edilir.
2) MKA öz məqsədlərinə nail olmaq üçün zəruri icra, qanunvericilik və məhkəmə hakimiyyəti funksiyalarına malikdir və o, bu hakimiyyəti BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, o cümlədən 1483 (2003) nömrəli qətnamə və müharibənin qanun və adətləri əsasında həyata keçirir. Bu hakimiyyət MKA-nın rəhbəri tərəfindən həyata keçirilir.
3) ABŞ-ın Mərkəzi Komandanlığının Komandiri Koalisiya Qüvvələrinin Komandiri kimi hərbi əməliyyatların qarşısını almaqla, İraqın ərazi bütövlüyü və təhlükəsizliyini təmin etməklə, kütləvi qırğın silahlarını axtarmaq, yerini müəyyənləşdirmək və məhv etməklə və ümumiyyətlə Koalisiyanın siyasətinin həyata keçirilməsinə yardım göstərməklə MKA-ya birbaşa dəstək verir.
2-ci Bölmə
Tətbiq edilən hüquq
2003-cü il 16 aprel tarixindən İraqda qüvvədə olan qanunlar, MKA tərəfindən qüvvədən salınmadığı və ya dəyişdirilmədiyi, yaxud İraqın demokratik təsisatları tərəfindən qəbul edilmiş qanunvericilik aktları ilə ləğv edilmədiyi təqdirdə, İraq ərazisində tətbiq olunacaq, bir şərtlə ki, bu qanunlar MKA-nın hüquq və vəzifələrinin icrasına mane olmasın və ya MKA tərəfindən qəbul edilən hazırkı, yaxud hər hansı digər Reqlament və ya Əmrə ziddiyyət təşkil etməsin. ...”
13. Müvəqqəti Koalisiya Administrasiyası regional sahələr üzrə bölünmüşdür. Cənub MKA Birləşmiş Krallığın cavabdehliyi və nəzarəti altına verilmişdir və ona Birləşmiş Krallığın Regional Əlaqələndiricisi rəhbərlik edirdi. O, İraqın on səkkiz əyalətindən ən cənubda yerləşən dördünü əhatə edirdi və bu əyalətlərin hər birinin öz əlaqələndiricisi var idi. Birləşmiş Krallığın silahlı qüvvələri də məhz bu ərazidə yerləşdirilmişdi. Birləşmiş Krallıq Müvəqqəti Koalisiya Administrasiyasının qərargahında Birləşmiş Krallığın Xüsusi Nümayəndəliyi vasitəsilə təmsil olunurdu. Hökumətin bildirdiyinə görə Birləşmiş Krallığın Xüsusi Nümayəndəsi və onun xidməti Müvəqqəti Koalisiya Administrasiyasının siyasəti və qərarlarına təsir göstərə bilsə də, Birləşmiş Krallığın şəxsi heyəti Administrasiya daxilində heç bir formal qərar qəbul etmək səlahiyyətinə malik deyildi. Müvəqqəti Koalisiya Administrasiyasının bütün inzibati qərarları və qanunları səfir Bremer tərəfindən qəbul edilirdi.
14. Müvəqqəti Koalisiya Administrasiyasının 1 nömrəli Reqlamentində səfir Bremerin istinad etdiyi BMT Təhlükəsizlik Şurasının 1483 nömrəli qətnaməsi əslində altı gün sonra, 2003-cü ilin 22 may tarixində qəbul edilmişdir. Burada qeyd edilirdi:
“Təhlükəsizlik Şurası,
Əvvəl qəbul etdiyi bütün müvafiq qətnamələrini xatırladaraq,
İraqın suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək,
Həmçinin İraqın kütləvi qırğın silahlarından tərksilah edilməsinin və İraqın tərksilah edilməsinin təsdiqinin əhəmiyyətini bir daha qeyd edərək,
İraq xalqının öz siyasi gələcəyini azad surətdə müəyyənləşdirməsi və öz təbii ehtiyatlarına nəzarət etməsi hüququnu vurğulayaraq, bütün maraqlı tərəflərin İraq xalqının bunu mümkün qədər tez bir müddətdə edə bilməsi üçün zəruri şəraitin yaradılmasına dəstək vermək öhdəliyini üzərilərinə götürmələrini alqışlayaraq və iraqlıların özlərini idarə edə bilmə vaxtının tez bir zamanda yetişməsinə olan qətiyyəti ifadə edərək,
İraq xalqının qanunun aliliyinə əsaslanan və etnik mənşəyi, dini və ya cinsindən asılı olmayaraq bütün İraq vətəndaşları üçün bərabər hüquqlar və ədaləti bərqərar edən təmsilçi hökumətin formalaşdırılması istiqamətindəki səylərini təşviq edərək və bununla bağlı 2000-ci il 31 oktyabr tarixində qəbul edilmiş 1325 (2000) nömrəli qətnaməni xatırladaraq,
...
İraq xalqının bu istiqamətdə ilk addımlarını alqışlayaraq və bununla bağlı 2003-cü il 15 aprel tarixli Nasiriyah bəyanatını və 2003-cü il 28 aprel tarixli Bağdad bəyanatını alqışlayaraq,
BMT-nin humanitar yardımın göstərilməsində, İraqın yenidən qurulmasında və təmsilçi hökumət üçün milli və yerli təsisatların yaradılması və bərpasında mühüm rol oynamalı olduğunu qətiyyətlə bildirərək,
...
Amerika Birləşmiş Ştatları və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının daimi nümayəndələrinin Təhlükəsizlik Şurasının sədrinə 2003-cü il 8 may tarixində ünvanlanmış məktubunu (S/2003/538) qeyd edərək və mövcud beynəlxalq hüquqa görə birləşmiş komandanlıq (“Administrasiya”) altında olan işğalçı dövlətlər kimi onların xüsusi səlahiyyət, məsuliyyət və vəzifə daşıdıqlarını qəbul edərək,
Bundan əlavə, işğalçı dövlətlər sırasına daxil olmayan digər dövlətlərin hazırda Administrasiyanın nəzarəti altında fəaliyyət göstərdiklərini və ya gələcəkdə belə fəaliyyət göstərə biləcəklərini qeyd edərək,
Bundan başqa, üzv dövlətlərin Administrasiyanın nəzarəti altında şəxsi heyət, avadanlıq və digər vasitələr təqdim etməklə İraqın sabitliyi və təhlükəsizliyi işinə töhfə verməyə hazır olmalarını alqışlayaraq,
Bir çox Küveyt vətəndaşları və üçüncü dövlətlərin vətəndaşlarının 1990-cı il 2 avqust tarixindən itkin düşməsindən narahatlıq keçirərək,
İraqdakı vəziyyətin yaxşılaşdığına baxmayaraq hələ də beynəlxalq sülh və təhlükəsizlik üçün hədə yaratdığını müəyyən edərək,
BMT Nizamnaməsinin VII fəslinə uyğun şəkildə hərəkət edərək,
1. Üzv dövlətlərə və aidiyyəti təşkilatlara müraciət edərək onları İraqda fəaliyyət göstərən təsisatlarda islahatların aparılması və ölkənin yenidən qurulması işində İraq xalqına kömək göstərməyə və bu qətnaməyə uyğun olaraq İraqın sabitliyi və təhlükəsizliyinə töhfə verməyə çağırır;
2. İmkanı olan üzv dövlətləri BMT və digər beynəlxalq təşkilatların İraqa humanitar yardım göstərilməsi ilə bağlı çağırışlarına dərhal cavab verməyə və ərzaq, tibbi vasitələr və İraqın iqtisadi infrastrukturunun yenidən qurulması və reabilitasiyası üçün zəruri olan vasitələri təchiz etməklə İraq xalqının humanitar və digər tələbatlarının qarşılanmasına kömək etməyə çağırır;
3. Üzv dövlətləri cinayət və zorakılıqlar törətmələri iddia edilən keçmiş İraq rejiminin üzvlərinə sığınacaq verməməyə və onların ədalət mühakiməsinə verilməsi istiqamətində atılan addımlara dəstək verməyə çağırır;
4. Administrasiyanı BMT Nizamnaməsinə və beynəlxalq hüququn digər müvafiq normalarına uyğun olaraq ölkənin səmərəli surətdə idarə edilməsinin həyata keçirilməsi, o cümlədən xüsusilə təhlükəsizlik və sabitliyin bərpa edilməsi istiqamətində fəaliyyət göstərilməsi və İraq xalqının öz siyasi gələcəyini azad şəkildə müəyyən edə biləcəyi şəraitin yaradılması ilə İraq xalqının rifahının yaxşılaşdırılmasına çağırır;
5. Bütün maraqlı tərəfləri beynəlxalq hüquq, xüsusilə 1949-cu il tarixli Cenevrə Konvensiyaları və 1907-ci il tarixli Haaqa Qaydaları ilə müəyyən edilmiş öhdəliklərinə əməl etməyə çağırır;
...
8. Baş katibdən bu qətnamə əsasında fəaliyyəti barədə Təhlükəsizlik Şurasına müntəzəm qaydada məlumat vermək, BMT-nin İraqda post-münaqişə prosesləri ilə bağlı fəaliyyətini əlaqələndirmək, İraqda humanitar yardım və yenidənqurma işlərinə cəlb olunmuş BMT ilə beynəlxalq qurumlar arasında əlaqələndirməni həyata keçirmək kimi müstəqil vəzifələr daşıyacaq və Administrasiya ilə əməkdaşlıq şəraitində aşağıdakılar vasitəsilə İraq xalqına kömək göstərəcək xüsusi nümayəndə təyin etməyi xahiş edir:
a) BMT-nin qurumları və BMT qurumları ilə qeyri-hökumət təşkilatları arasında humanitar və yenidənqurma işləri ilə bağlı yardımı əlaqələndirmək;
b) qaçqın və məcburi köçkünlərin təhlükəsiz, mütəşəkkil və könüllü qaydada geri qayıtmalarına kömək etmək;
c) təmsilçi idarəçilik üçün zəruri olan milli və yerli təsisatları yaratmaq və bərpa etmək məqsədilə səylərin artırılması istiqamətində Administrasiya, İraq xalqı və digər maraqlı tərəflər ilə gərgin iş aparmaq, o cümlədən İraqda beynəlxalq aləm tərəfindən tanınan təmsilçi hökumətin yaradılmasına yönələn prosesə kömək etmək məqsədilə yuxarıda qeyd edilənlər ilə birlikdə çalışmaq;
d) digər beynəlxalq təşkilatlar ilə birlikdə əsas infrastruktur obyektlərinin yenidən qurulmasına kömək etmək;
e) fəaliyyətini milli və regional təşkilatlar, müvafiq hallarda vətəndaş cəmiyyəti, donorlar və beynəlxalq maliyyə institutları ilə əlaqələndirmə yolu ilə iqtisadi sahədə yenidənqurma işlərinə və davamlı inkişaf üçün şəraitin yaradılmasına təkan vermək;
f) mülki administrasiyanın əsas funksiyalarının yaradılmasına töhfə vermək üçün beynəlxalq səyləri təşviq etmək;
g) insan hüquqlarının müdafiəsini yaxşılaşdırmaq;
h) İraqın mülki polis qüvvələrinin yenidən qurulmasına yönələn beynəlxalq səyləri təşviq etmək;
i) məhkəmə-hüquq islahatlarına təkan verilməsi üçün beynəlxalq səyləri təşviq etmək;
9. İraq xalqı tərəfindən beynəlxalq aləmdə qəbul edilən təmsilçi hökumətin yaradılmasına və onun Administrasiyanın məsuliyyətini üzərinə götürməsinə qədər bu Administrasiyanın köməyi ilə və xüsusi nümayəndə ilə birgə fəaliyyət göstərməklə İraq xalqının iraqlıların rəhbərlik edəcəyi və keçid administrasiyası kimi fəaliyyət göstərəcək İraqın müvəqqəti administrasiyasını formalaşdırmasını dəstəkləyir;
...
24. Baş katibdən bu qətnamənin icrası ilə bağlı xüsusi nümayəndənin fəaliyyəti və Beynəlxalq Məşvərət və Monitorinq Şurasının işi barədə müntəzəm olaraq Təhlükəsizlik Şurasına hesabat verməyi xahiş edir və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Amerika Birləşmiş Ştatlarını bu qətnaməyə uyğun olaraq həyata keçirdikləri səylər barədə müntəzəm qaydada Təhlükəsizlik Şurasına məlumat verməyə təşviq edir;
25. Bu qətnamənin qəbul edilməsindən sonra iyirmi ay ərzində onun həyata keçirilməsi vəziyyətini araşdırmaq və gələcək zəruri tədbirləri nəzərdən keçirmək barədə qərara gəlir;
26. Üzv dövlətləri, beynəlxalq və regional təşkilatları bu qətnamənin icrasına kömək etməyə çağırır;
27. Məsələni nəzarətdə saxlamağı qərara alır.”
5. 2003-cü ilin iyulundan 2004-cü ilin iyununa qədər baş vermiş hadisələr
15. 2003-cü ilin iyulunda İraqın İdarə Şurası yaradılmışdır. Müvəqqəti Koalisiya Administrasiyasından İraqın müvəqqəti idarə olunmasına dair bütün məsələlər ilə bağlı bu qurum ilə məsləhətləşmə aparması tələb olunmuşdu.
16. 2003-cü ilin 16 oktyabrında BMT Təhlükəsizlik Şurası 1511 nömrəli başqa bir qətnamə qəbul etmişdir. Burada inter alia qeyd edilmişdir.
“Təhlükəsizlik Şurası
...
İraqın suverenliyinin İraq dövlətinə aid olduğunu qeyd edərək, İraq xalqının gələcək siyasətini azad surətdə müəyyən etmək və təbii ehtiyatları üzərində nəzarəti həyata keçirmək hüququna malik olduğunu bir daha təsdiq edərək, iraqlıların özlərini idarə edəcəkləri günün tez bir zamanda yetişməsi fikirlərində qətiyyətli olduqlarını təkrar edərək və bu prosesin surətlə irəli aparılmasında beynəlxalq dəstəyin, xüsusilə region dövlətlərinin, İraqın qonşularının və regional təşkilatların dəstəyinin əhəmiyyətini qəbul edərək,
Sabitlik və təhlükəsizliyin bərpasına yönələn beynəlxalq dəstəyin İraq xalqının rifahı, həmçinin bütün maraqlı tərəflərin İraq xalqı adına fəaliyyət göstərə bilməsi üçün əhəmiyyətini qəbul edərək və bununla bağlı üzv dövlətlərin 1483 (2003) nömrəli qətnaməyə uyğun olaraq töhfə vermələrini alqışlayaraq,
İraqın İdarə Şurasının İraq xalqının səylərini təcəssüm etdirəcək konstitusiya layihəsini hazırlayacaq konfransın keçirilməsi üçün hazırlıq işlərinin görülməsi məqsədilə konstitusiya komitəsinin formalaşdırılmasına dair qərarını alqışlayaraq və bu prosesi tez bir zamanda başa vurmağı ona təkidlə tövsiyə edərək,
...
İraqdakı vəziyyətin yaxşılaşmasına baxmayaraq hələ də beynəlxalq sülh və təhlükəsizlik üçün hədə yaratdığını müəyyən edərək,
BMT Nizamnaməsinin VII fəsli əsasında hərəkət edərək,
1. İraqın suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir və bu kontekstdə 1483 (2003) nömrəli qətnamə ilə tanınmış və təsbit edilmiş müvafiq beynəlxalq hüquq normalarına uyğun olaraq xüsusi cavabdehliyin, səlahiyyətlərin və öhdəliklərin Müvəqqəti Koalisiya Administrasiyası (Administrasiya) tərəfindən icra edilməsinin müvəqqəti xarakter daşıdığını qeyd edir. Administrasiya beynəlxalq aləm tərəfindən qəbul ediləcək və İraq xalqı tərəfindən seçiləcək təmsilçi hökumətin and içməsindən və inter alia aşağıda 4-7-ci bəndlər və 10-cu bənd ilə nəzərdə tutulmuş addımları atmaqla Administrasiyanın səlahiyyətlərini üzərinə götürməsindən sonra fəaliyyətini dayandıracaq;
...
4. Müəyyən edir ki, İdarə Şurası və onun üzvləri İraqın müvəqqəti administrasiyasının əsas orqanlarıdır və bu orqanlar onun sonrakı inkişafına xələl gətirmədən beynəlxalq aləm tərəfindən tanınan təmsilçi hökumətin formalaşdırılmasına və onun Administrasiyanın səlahiyyətlərini üzərinə götürməsinə qədərki keçid dövrü ərzində İraq dövlətinin suverenliyini təcəssüm etdirəcək;
5. İraqın idarə olunmasının tədricən İraqın müvəqqəti administrasiyasının yaranmaqda olan strukturlarının üzərinə keçəcəyini təqdir edir;
6. Bu kontekstdə Administrasiyanı İraqın idarə edilməsi üzrə cavabdehliyi və səlahiyyətləri mümkün dərəcədə tez bir vaxtda və İdarə Şurası və Baş katib ilə müvafiq qaydada əməkdaşlıq şəraitində İraq xalqına ötürməyə və bu istiqamətdə əldə edilmiş irəliləyiş barədə Təhlükəsizlik Şurasına məlumat verməyə çağırır;
7. İdarə Şurasını İraqın yeni konstitusiya layihəsinin hazırlanması və bu konstitusiya əsasında demokratik seçkilərin keçirilməsinə dair vaxt qrafikini və proqramı Administrasiya və şərait imkan verdiyi təqdirdə Baş katibin xüsusi nümayəndəsi ilə əməkdaşlıq şəraitində tərtib edərək 2003-cü il 15 dekabr tarixindən gec olmamaqla baxılması üçün Təhlükəsizlik Şurasına təqdim etməyə dəvət edir;
8. Qərara alır ki, Baş katibi, xüsusi nümayəndəsi və BMT-nin İraqdakı Yardım Missiyası vasitəsilə fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatı İraqda həyata keçirdiyi mühüm rolunu humanitar yardım göstərilməsi, İraqda iqtisadi sahədə yenidənqurma işlərinə və davamlı inkişafa təkan verilməsi və təmsilçi hökumət üçün milli və yerli təsisatların bərpası və yaradılmasına istiqamətlənən səylərin artırılması vasitəsilə gücləndirilməlidir;
...
13. Təhlükəsizliyin və sabitliyin təmin edilməsinin yuxarıda 7-ci bənddə göstərilmiş siyasi prosesin uğurla başa çatdırılması və BMT-nin bu prosesə səmərəli şəkildə töhfə verməsi, eləcə də 1483 (2003) nömrəli qətnaməni yerinə yetirməsi üçün əhəmiyyətli olduğunu müəyyən edir və vahid komandanlıq altında olan çoxmillətli qüvvələrə İraqda təhlükəsizlik və sabitliyin qorunması işinə töhfə verilməsi istiqamətində bütün zəruri tədbirlərin görülməsi, o cümlədən vaxt qrafiki və proqramın yerinə yetirilməsi üçün zəruri olan şəraitin təmin edilməsi məqsədilə BMT-nin İraqdakı Yardım Missiyasının, İraqın İdarə Şurasının, İraqın müvəqqəti administrasiyasının digər təsisatlarının və əsas humanitar və iqtisadi infrastrukturun təhlükəsizliyi işinə töhfə verilməsi üçün icazə verir;
14. BMT-nin bu mandatı çərçivəsində yardım göstərilməsi işinə, o cümlədən yuxarıda 13-cü bənddə göstərilmiş çoxmillətli qüvvələrin tərkibinə silahlı qüvvələr ayırmaqla töhfə verməyi üzv dövlətlərə təkidlə tövsiyə edir;
15. Qərara alır ki, Təhlükəsizlik Şurası bu qətnamənin qəbul edilməsindən sonra ən gec bir il müddətində yuxarıda 13-cü bənddə qeyd edilmiş çoxmillətli qüvvələr üçün müəyyən edilmiş tələbləri və onun missiyasını yoxlayacaq və hər bir halda bu qüvvələrin mandatının müddəti yuxarıda 4-cü bənddə göstərilmiş siyasi proseslərin 7-ci və 10-cu bənddə göstərilmiş üsullarla başa çatdırılması ilə bitəcək. Eyni zamanda Təhlükəsizlik Şurası bununla bağlı olaraq İraqın beynəlxalq aləmdə tanınmış təmsilçi hökumətinin fikirlərini nəzərə alaraq çoxmillətli qüvvələrin missiyasının gələcəkdə də davam etdirilməsinə ehtiyacın olub-olmadığını nəzərdən keçirməyə hazırlığını ifadə edir;
...
25. BMT-dən xahiş edir ki, o, yuxarıda 13-cü bənddə qeyd edilmiş çoxmillətli qüvvələrin adından bu qüvvələrin səyləri və əldə etdiyi uğurlar barədə müvafiq qaydada və altı ayda bir dəfədən az olmamaqla Təhlükəsizlik Şurasına hesabat təqdim etsin;
26. Məsələni nəzarətdə saxlamağı qərara alır.”
17. 2004-cü ilin 8 mart tarixində İraqın İdarə Şurası Keçid Dövrü üçün İraq Dövlətinin Administrasiyası haqqında qanun qəbul etmişdir (qanun “Keçid İnzibati Qanunu” adlı ilə tanınır). Bu qanun 2004-cü il 30 iyun tarixində İraqın müvəqqəti hökumətinin (“Müvəqqəti Hökumət”) yaradılması və Müvəqqəti Koalisiya Administrasiyasının buraxılmasından sonra keçid dövrü ərzində İraqın idarə edilməsi üçün müvəqqəti hüquqi bazanı təmin edirdi.
18. Yeni rejim ilə bağlı qaydalar BMT Təhlükəsizlik Şurasının 2004-cü il 8 iyun tarixində qəbul edilmiş 1546 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. Qətnamədə inter alia qeyd edilir ki, Təhlükəsizlik Şurası BMT Nizamnaməsinin VII fəslinə əsasən hərəkət edərək:
“1. 2004-cü ilin 1 iyun tarixindən etibarən suveren İraqın Müvəqqəti Hökumətinin formalaşdırılmasını dəstəkləyir. Bu Hökumət 2004-cü il 30 iyun tarixindən başlayaraq İraqın idarə edilməsi üzrə məsuliyyəti və səlahiyyəti tam olaraq öz üzərinə götürəcək və keçid müddətinin bitməsi və İraqın seçkili Keçid Hökumətinin aşağıda 4-cü bənddə göstərildiyi kimi idarəçiliyi həyata keçirməyə başlaması ilə İraqın taleyinə təsir göstərə biləcək hər hansı hərəkət etməyəcəkdir;
2. Həmçinin 2004-cü ilin 30 iyun tarixində işğalın sona çatacağını və müvəqqəti Koalisiya Administrasiyasının fəaliyyətini dayandıracağı və bununla da İraqın yenidən öz suverenliyini bərpa edəcəyini alqışlayır;
...
8. Fəaliyyətə başlayan İraqın Müvəqqəti Hökumətinin onun hakimiyyəti altında fəaliyyət göstərən İraqın təhlükəsizlik qüvvələrinin, o cümlədən İraqın silahlı qüvvələrinin (bundan sonra “İraqın təhlükəsizlik qüvvələri” kimi qeyd ediləcək) və onların varislərinin inkişafı istiqamətində davam edən səylərini alqışlayır. Bu qüvvələr İraqın təhlükəsizliyi və sabitliyinin qorunmasında daha da böyük rol oynayacaq və sonda bu sahədə bütün məsuliyyəti üzərinə götürəcək;
9. İraqdakı çoxmillətli qüvvələrin fəaliyyətə başlayan İraqın Müvəqqəti Hökumətinin xahişi ilə ölkədə yerləşdirildiyini qeyd edir və buna görə də vahid komandanlıq altında çoxmillətli qüvvələrin yerləşdirilməsinə icazənin bu qətnaməyə əlavə edilmiş məktublar əsasında qəbul edilmiş 1511 (2003) nömrəli qətnaməyə uyğun olaraq verildiyini bir daha təsdiq edir;
10. Qərara alır ki, çoxmillətli qüvvələr bu qətnaməyə əlavə edilmiş məktublara uyğun olaraq İraqın təhlükəsizliyi və sabitliyinin qorunmasına töhfə verilməsi üçün bütün zəruri tədbirləri görmək səlahiyyətinə malikdir. Bu məktublarda inter alia, çoxmillətli qüvvələrin ölkədə qalmasının davam etdirilməsi ilə bağlı İraq tərəfinin xahişi ifadə olunmuş və onun vəzifələri, o cümlədən terrorçuluğun qarşısının alınması və aradan qaldırılması sahəsində vəzifələri təsbit olunmuşdur. Bu vəzifələrin icra edilməsi ilə inter alia, BMT yuxarıda 7-ci bənddə göstərildiyi kimi İraq xalqına yardım etmək rolunu yerinə yetirə biləcək və İraq xalqı heç bir təhlükə olmadan siyasi proseslərin həyata keçirilməsi üçün müəyyən edilmiş vaxt qrafiki və proqramı azad surətdə yerinə yetirə və yenidənqurma və reabilitasiya işlərindən faydalana biləcək; ...”
6. Hakimiyyətin Müvəqqəti Hökumətə təhvil verilməsi
19. 2004-cü il 28 iyun tarixində bütün hakimiyyət Müvəqqəti Koalisiya Administrasiyasından Müvəqqəti Hökumətə keçmiş və Müvəqqəti Koalisiya Administrasiyası öz fəaliyyətini dayandırmışdır. Britaniya qüvvələrinin də daxil olduğu Çoxmillətli Qüvvələr İraq hökumətinin xahişi və BMT Təhlükəsizlik Şurasının icazəsi ilə ölkədə qalmışlar.
B. 2003-cü ilin mayından 2004-cü ilin iyununa qədər İraqda xidmət göstərmiş Birləşmiş Krallığın silahlı qüvvələri
20. Bu dövr ərzində Koalisiya Qüvvələri Amerika Birləşmiş Ştatları generallarının ümumi komandanlığı altında olan altı bölmədən ibarət idi. Bunlardan dördü ABŞ bölmələri, ikisi isə çoxmillətli bölmələr idi. Hər bir bölmə İraqda konkret coğrafi əraziyə görə məsuliyyət daşıyırdı. Birləşmiş Krallıq ölkənin cənub-şərqində yerləşən Çoxmillətli Bölmənin komandanlığını həyata keçirirdi və bura ümumi sahəsi 96000 ., əhalisi isə 4,6 milyon olan Əl-Bəsrə, Meysan, Ziqar və Əl-Müsənnə əyalətləri daxil idi. Ölkənin cənub-şərqində yerləşmiş Çoxmillətli Bölmənin koalisiya qüvvələrinin ümumi sayı 14500 nəfər idi. Bunlardan 8150-si Birləşmiş Krallığın silahlı qüvvələri idi. Çoxmillətli Bölmənin (cənub-şərq) tərkibinə daxil olan Birləşmiş Krallığın qüvvələrinin hərbi əməliyyatlarının əsas teatrı əhalisinin ümumi sayı 2,75 milyon olan Əl-Bəsrə və Meysan əyalətləri idi. Burada sayı 8000 mindən bir qədər artıq olan Britaniya qoşunu yerləşdirilmişdi və bunlardan yalnız 5000-dən artığı hərbi əməliyyat aparmaq üçün nəzərdə tutulmuşdu.
21. 2003-cü il 1 may tarixindən başlayaraq İraqdakı Britaniya qüvvələri iki əsas funksiyanı həyata keçirirdi. Bunlardan birincisi Çoxmillətli Bölmənin (cənub-şərq) fəaliyyət ərazisində, xüsusilə Əl-Bəsrə və Meysan əyalətlərində təhlükəsizliyin qorunması idi. Təhlükəsizlik sahəsində qarşıda duran vəzifə İraqın təhlükəsizlik qüvvələrinin, o cümlədən İraq polisinin yenidən təşkili ilə bağlı idi. Digər vəzifə patrul xidməti, həbslər, anti-terror əməliyyatları, dinc nümayişlərə polis nəzarəti, əsas obyektlərin və infrastrukturun, o cümlədən polis məntəqələrinin mühafizəsi idi. Britaniya qoşunlarının ikinci əsas funksiyası müxtəlif yollarla İraqın mülki administrasiyasına dəstək olmaq idi. Bu dəstəyə Müvəqqəti Koalisiya Administrasiyası, İraqın İdarə Şurası və yerli hökumət ilə əlaqə qurmaqdan infrastrukturun yenidən qurulmasına kömək göstərilməsi işinə qədər daxil idi.
22. Baş qərargahın ordu komandanı adından hazırlanmış Aytken Hesabatında (aşağıda 69-cu bəndə bax) İraqda münaqişədən sonrakı vəziyyət aşağıdakı kimi təsvir edilmişdi:
“İraqdakı əməliyyatlar müstəsna dərəcədə mürəkkəb şəraitdə həyata keçirilmişdir. Bu hesabatın vəzifəsi əməliyyatların jus ad bellum aspektlərini və ya müdaxilə ilə bağlı ictimai rəyləri şərh etmək deyil. Lakin qeyd etmək vacibdir ki, Alyansın müdaxilədən sonrakı planları baş verən cinayətkar fəaliyyət və qiyam ilə mübarizədən çox humanitar fəlakətin nəticələrinin (bu nəticələrin belə geniş miqyasda olacağı əvvəlcədən gözlənilmirdi) aradan qaldırılmasına yardım göstərilməsinə yönəldilmişdi. Bunun nəticələrindən biri o idi ki, düşdüyümüz vəziyyətdə səmərəli fəaliyyət göstərmək üçün kifayət qədər qoşuna malik deyildik. Sülhə dəstək əməliyyatlarında qanun-qaydanın yaradılması üçün müharibənin aparılmasından kifayət qədər çox sayda qoşun tələb olunur: bizim isə burada qoşunumuz səpələnmiş halda idi. “Breadbasket” hadisəsinin (humanitar yardım ehtiyatlarının oğurlanmasında şübhəli bilindiyi üçün tutulmuş iraqlılar ilə kobud rəftar ilə bağlı) araşdırılması ilə əlaqədar briqada generalı Karter İraqdakı vəziyyəti belə təsvir etmişdi:
“...2003-cü ilin mayında Britaniya Qüvvələrinin hücum əməliyyatlarından sabitliyə keçməsindən təxminən 4 həftə ötmüşdü. Vəziyyət qeyri-sabit idi. Qoşunlar əsasən ilkin taktiki vəzifələrini həyata keçirdikləri coğrafi ərazilərə görə məsuliyyət daşıyırdılar. Döyüş əməliyyatları rəsmi olaraq sona çatmışdı və bunu əks etdirmək üçün silah tətbiqi qaydalarında dəyişiklik baş vermişdi. Lakin silahlı insidentlərin sayı çoxalmaqda idi. Bu insidentlər əsas etibarı ilə köhnə ixtilaflarını həll etməyə çalışan və ya cinayətkar fəaliyyət ilə məşğul olan iraqlılar arasında baş versə də, Britaniya əsgərlərinə qarşı təhlükənin artdığının nişanələri artıq görülməkdə idi...Britaniya qüvvələrinin strukturu dəyişirdi. Ölkəyə daxil olmaq üçün tələb olunan ağır qüvvələrin çoxu artıq geri qaytarılmışdı. Başqa yerlərdə əməliyyatların aparılması üçün bəzi qüvvələrə ehtiyac var idi və Böyük Britaniya qoşun sayının tez bir zamanda daha davamlı rəqəmlərə qədər azaldılması üçün təzyiqlər edirdi...Yerlərdə münasibət də dəyişirdi. Bəsrədə və onun ətrafında yaşayan və əvvəllər məzlum vəziyyətində olmuş şiə əhalisi ilk öncə baş verənləri coşqu ilə qarşılasa da, sonradan hər şeyə şübhə ilə yanaşmağa başladı və may ayının ortalarına yaxın bu hisslər məyusluq ilə əvəz oldu. İstəklər və gözləntilər həyata keçməmişdi. Heç bir İraq administrasiyası və ya hökuməti mövcud deyildi. Yanacaq və içməli su çatışmırdı, elektrik enerjisi fasilələr ilə verilirdi və xəstəxanalar döyüş əməliyyatlarında yaralanmış insanlar ilə dolu idi. Körpülər və əsas yollar Koalisiya qüvvələrinin bombalaması nəticəsində dağıdılmışdı. Qayda-qanun tamamilə alt-üst olmuşdu. İraqın Polis Xidməti yox idi. Az sayda təhlükəsizlik əməkdaşı xidmət göstərirdi ki, bunlar da yaşlı və bacarıqsız idilər. İraqın silahlı qüvvələrinin bir qismi əsir götürülmüş, buraxılmış, digər qismi isə qaçmışdı. Həbsxanalar dağıdılmış, cinayətkarlar küçələrə axışmışdılar. Məhkəmə sistemi mövcud deyildi. Hökumət binalarının aparılması mümkün olan bütün avadanlığı oğurlanmışdı. Təhlükəsizliyi təmin olunmayan binalar qanunsuz olaraq ələ keçirilmişdi. Burada cinayətkarlıq xarakterik hal almışdı və Bəsrənin bəzi yerlərində faktiki anarxiya hökm sürürdü. Soyğunçuluq, uşaq oğurluğu, qisas məqsədilə qətllər, nəqliyyat vasitələrinin oğurlanması və qanunsuz olaraq binalara daxil olmaqla cinayət törətmək adi hal almışdı. Çox qısa bir müddət ərzində ölkənin sərvəti geniş şəkildə yenidən bölünmüşdü.”
Belə bir şəraitdə Britaniya ordusu əməliyyatlarını həyata keçirdiyi ərazidə qayda-qanun yaradacaq yeganə qurum idi. Polis İdarə Rəisləri Assosiasiyasının rəhbəri cənab Pol Kernahan 2003-cü ilin mayında İraqa səfər edən zaman demişdir ki, əməliyyatların həyata keçirildiyi ərazidə təhlükəsizlik aşağı səviyyədə olduğundan burada mülki polis əməkdaşlarının yerləşdirilməsini tövsiyə etməzdi. Son dəfə Ordu İşğal Ordusu səlahiyyətlərini 1945-ci ildə həyata keçirmişdi və o, bu rolu yerinə yetirməyə hazırlıq işlərinə bir neçə ay sərf etmişdi. 2003-cü ilin mayında isə bir az öncə yüksək gərginlikli, adi silahların tətbiq edilməsi ilə aparılmış müharibədə iştirak etmiş əsgərlər demək olar ki, bir gecədə adi insanlara çevrilərək hökumətin işini təşkil etməli və İraqın cənubundakı əhaliyə humanitar yardım göstərməli idilər. Polkovnik-leytenant və 500 əsgərdən ibarət hərbi bölümlər hər biri yüzlərlə kvadrat mil əraziyə görə məsuliyyət daşıyırdı. Mayor və təxminən 100 əsgərdən ibarət olan qruplar bütün şəhəri idarə edirdi. Britaniyanın müdaxilə planlarında infrastrukturun fiziki cəhətdən dağıdılmasına mümkün qədər az yol verilməsi nəzərdə tutulmuşdu. Lakin bu infrastrukturun idarə edilməsinin yalnız hərbi heyət tərəfindən həyata keçirildiyi və bu işə dəstək verən yerli kadrların çox az olduğu nəzərə alınarsa, demək olar ki, bu vəzifələrin yerinə yetirilməsində ordunun üzərinə ağır yük düşürdü.
Mülki infrastrukturun çatışmamasının nəticələrindən biri Britaniya əsgərlərinin cinayətkarlıq ilə mübarizədə qarşılaşdığı böyük problemlər ilə bağlı idi. Şimali İrlandiyada və dünyanın müxtəlif yerlərində sülhə dəstək əməliyyatlarında əldə etdiyimiz təcrübə onu göstərir ki, əməliyyat mühitində cinayətkarlıq ilə mübarizədə polis başlıca rol oynamalıdır. Əsgərlər anlayırlar ki, onlar cinayət hadisələri ilə üzləşə bilərlər və onlardan bəzən bu cinayətləri törədən şəxsləri həbs etmək tələb oluna bilər. Lakin (1999-cu ildə Kosovoda bu sindrom ilə üzləşildiyinə baxmayaraq) doktrina və təcrübəmiz bizi heç bir mülki polis qüvvəsi, məhkəmə sisteminin və cinayətkarların saxlanılması üçün hər hansı həbsxananın olmadığı şəraitdə cinayətkarlar ilə mübarizə aparılmasına hazırlamamışdı. Hətta formalaşmaq mərhələsində olan İraq polisi 2003-cü ildə yenidən təşkil edilən zaman ərazidə olan qoşunlar polisə təhvil verilmiş cinayətkarlar ilə ədalətli və ağlabatan şəkildə rəftar ediləcəyinə az inanırdılar. Keçmiş təcrübə göstərir ki, bəzi əsgərlər yerli cinayətkarlar ilə rəftarda qanunu pozmuşdular. Komandirlər nə qədər sayıq olsalar da, onların fiziki cəhətdən hər yerdə olmaları və beləliklə də, qoşunlarına tələb olunan səviyyədə nəzarət etmələri mümkün deyildi. Nəticədə belə hadisələr baş verən zaman onların müəyyən edilməsi və qarşısının alınması çətin idi.”
23. Birləşmiş Krallığın qoşunları tərəfindən aparılmış qeydlərə görə 2003-cü ilin 1 may tarixindən 2004-cü ilin 30 iyun tarixinə qədər Çoxmillətli Bölmənin (cənub-şərq) Koalisiya qüvvələrinə qarşı təxminən 178 nümayiş keçirilmiş və 1050 zorakılıqla müşayiət olunan hücum edilmişdir. Bu hücumlardan 5-i hava gəmiləri əleyhinə, 12-si qumbaradan, 101-i kustar üsulla düzəldilmiş partlayıcı vasitələrdən, 145-i minaatandan, 147-si raket mühərrikli qumbaradan istifadə etməklə həyata keçirilmişdir. 52 halda kustar üsulla düzəldilmiş partlayıcı vasitələrdən istifadə etməklə hücuma cəhd göstərilmiş, 535 halda atışma baş vermiş və 53 halda başqa formada hücum həyata keçirilmişdir. Bu qeydlərə görə 2003-cü ilin mayından 2004-cü ilin martına qədər Britaniya qüvvələrinin silah tətbiq etdiyi insidentlərdə 49 iraqlının qətlə yetirildiyi bildirilir.
C. Silah Tətbiq Etmə Qaydaları
24. Əməliyyatlarda Britaniya qoşunları tərəfindən silah tətbiq edilməsi müvafiq Silah Tətbiq Etmə Qaydaları ilə tənzim edilirdi. Müvafiq dövr ərzində Britaniya qoşunları tərəfindən ölüm ilə nəticələnən silah tətbiqinə dair qaydalar hər bir əsgərə verilən və Alfa Formulyarı adlanan sənəddə təsbit edilirdi.
Alfa Formulyarı Silah Tətbiq Etmə Qaydalarını aşağıdakı şəkildə təsbit edir:
“A FORMULYARI – XİDMƏTİ HEYƏT ÜÇÜN ATƏŞ AÇMA QAYDALARI
XİDMƏT ZAMANI SİLAH VƏ SURSAT DAŞIMASINA İCAZƏ VERİLİR
ÜMUMİ QAYDALAR
1. Bu qaydalar sizin özünümüdafiə hüququnu həyata keçirməyinizə təsir etmir. Lakin bütün hallarda siz mütləq zəruri olduğundan artıq güc tətbiq etməməlisiniz.
SİLAHDAN YALNIZ SON ZƏRURƏT HALINDA İSTİFADƏ EDİLMƏLİDİR
2. Əmlakın mühafizəsini həyata keçirən zaman yalnız insan həyatının müdafiə edilməsi məqsədilə ölüm ilə nəticələnən güc tətbiq edilməsi mümkündür.
İNSAN HƏYATININ QORUNMASI
3. İnsana yalnız o halda atəş açmağa icazə verilir ki, o, başqasının həyatına təhlükə yarada biləcək əməl etsin və ya bu əməli etməyə cəhd göstərsin və bu təhlükənin aradan qaldırılması üçün başqa vasitə mövcud olmasın.
XƏBƏRDARLIQ
4. Xəbərdarlıq atəş açılmazdan qabaq EDİLMƏLİDİR. Aşağıdakı hallarda xəbərdarlığın edilməsi məcburi deyil:
a. Xəbərdarlığın edilməsi sənin üçün və ya hücum edəndən savayı digər şəxslər üçün ölüm və ya ağır xəsarət alma riskini artırarsa,
VƏ YA
b. Əgər siz və ya birbaşa yaxınlığınızda olan digər şəxslər silahlı hücuma məruz qalırsınızsa.
5. Xəbərdarlıq aşağıdakı sözləri qışqırmaqla edilir:
“HƏRBİ DƏNİZ DONANMASI, ORDU, HAVA QÜVVƏLƏRİ, DAYAN YOXSA ATƏŞ AÇIRAM.”
Və ya bu tipli başqa sözlərdən istifadə oluna bilər.
ATƏŞ AÇILMASI
6. Əgər atəş açmaq məcburiyyəti qarşısında qalırsınızsa:
a. Yalnız hədəflərə məqsədli şəkildə atəş açın,
VƏ
b. Zəruri olduğundan artıq sayda atəş açmayın,
VƏ
c. Hədəfinizdən başqa hər hansı şəxsi yaralamamaq üçün bütün ağlabatan ehtiyat tədbirlərini görün.”
D. Britaniya əsgərləri tərəfindən İraqda mülki əhalinin öldürülməsi faktları üzrə həyata keçirilmiş istintaq işləri
1. İş üzrə istintaqın başlanmasına dair Kral Hərbi Polisinin qərarı
25. 2003-cü il 21 iyun tarixində briqada generalı Muur (2003-cü ilin iyunundan noyabrına qədər İraqdakı Mexaniki Briqadanın komandiri) atışma insidentləri ilə bağlı araşdırmanın aparılmasına dair rəsmi qaydalar qəbul etmişdir. Qaydalara görə bütün atışma insidentləri qeyd olunmalı və bu barədə Bölmənin Hərbi polis rəisinə məlumat verilməli idi. Sonradan Kral Hərbi Polisinin ehtiyatda olan zabitləri insidentə qiymət verməli və atəşin Silah Tətbiq Etmə Qaydalarına uyğun açılıb-açılmadığı barədə qərar qəbul etməli idilər. Əgər insidentin Silah Tətbiq Etmə Qaydalarına uyğun olması müəyyən edilərdisə, ifadələr qeydə alınır və doldurulmuş bülleten tabeçilik üzrə yuxarı orqana təqdim edilirdi. Əgər insidentin Silah Tətbiq Etmə Qaydalarına uyğun olmadığı müəyyən edilirdisə və bu insident ölüm və ya ağır xəsarətin yetirilməsi ilə nəticələnirdisə, iş mümkün qədər tez bir vaxtda Bölmənin Hərbi polis rəisi tərəfindən istintaqın aparılması üçün Kral Hərbi Polisinin Xüsusi İstintaq Şöbəsinə (aşağıda 28-ci bəndə bax) göndərilirdi.
26. Lakin briqada generalı Muur 2003-cü il 28 iyul tarixindən etibarən bu qaydaların dəyişdirilməsi qərarına gəlmişdir. Yeni qaydalara görə bütün bu insidentlər barədə insidentdə iştirak etmiş əsgər tərəfindən dərhal Çoxmillətli Bölməyə (cənub-şərq) Ciddi İnsident barədə Hesabat yazılmaqla məlumat verilməli idi. Bundan sonra insident bölük komandiri və ya əsgərin tabe olduğu zabit tərəfindən araşdırılmalı idi. Yerli məhkəmələr qarşısında ifadə verən zaman briqada generalı Muur bunu belə izah etmişdir:
“İnsident ilə bağlı həyata keçirilməli olan araşdırmanın forması ərazidəki təhlükəsizlik şəraitindən və hər bir konkret işin hallarından asılı olaraq dəyişirdi. Ümumiyyətlə, ərazidə xidmət göstərən patrul əməkdaşlarından ifadələrin alınması və radio əlaqə jurnalının yoxlanılması bölük komandiri və ya hərbi hissənin komandiri tərəfindən həyata keçirilirdi. Bu zaman hadisə yerinin şəkilləri də çəkilməli idi. Bəzən qətlə yetirilmiş şəxsin ailə və ya tayfa üzvləri ilə görüş keçirməklə araşdırma davam etdirilirdi. Lakin tağım səviyyəsində aparılan araşdırma zamanı tam məhkəmə-tibb ekspertizası həyata keçirilmirdi. Briqada daxilində belə ekspertizanın keçirilməsi üçün imkan yox idi.”
Hərbi hissənin komandiri sərəncamında olan informasiya əsasında əsgərin qanuna uyğun şəkildə və Silah Tətbiq Etmə Qaydaları çərçivəsində hərəkət etdiyi qənaətinə gəlirdisə, Xüsusi İstintaq Şöbəsi tərəfindən istintaqın başlanması tələb olunmurdu. Hərbi hissənin komandiri qərarı barədə yazılı şəkildə briqada generalı Muura hesabat verirdi. Əgər hərbi hissənin komandiri yuxarıdakı qənaətə gəlmirdisə və ya qərar qəbul etmək üçün o, kifayət qədər məlumata malik olmurdusa, ondan iş üzrə istintaqa başlanması üçün Xüsusi İstintaq Şöbəsinə müraciət etməsi tələb olunurdu.
27. Düşmənçilik hərəkətlərinin azalması və Birləşmiş Krallığın silahlı qüvvələrinin iştirak etdiyi və iraqlıların ölməsi ilə nəticələnən insidentlərə mətbuatın və parlamentin kifayət qədər maraq göstərməsi ilə bağlı olaraq bu qaydalara 2004-cü ilin yanvar ayından aprel ayına qədər yenidən baxılmışdır. 2004-cü il 24 aprel tarixində Çoxmillətli Bölmənin (cənub-şərq) komandiri tərəfindən qəbul edilmiş yeni qaydalara görə Birləşmiş Krallığın qoşunlarının iştirak etdiyi və mülki şəxslərin ölümü və ya xəsarət alması ilə nəticələnən bütün atışma insidentlərinin Xüsusi İstintaq Şöbəsi tərəfindən araşdırılması tələb olunurdu. Müstəsna hallarda briqada komandiri araşdırmanın zəruri olmadığına dair qərar qəbul edə bilərdi. İstənilən belə qərar barədə Çoxmillətli Bölmənin (cənub-şərq) komandirinə yazılı məlumat verilməli idi.
2. Kral Hərbi Polisi (Xüsusi İstintaq Şöbəsi) tərəfindən istintaqın həyata keçirilməsi
28. Kral Hərbi Polisi ordunun tərkibinə daxildir və ordu xaricdə əməliyyatlar həyata keçirən zaman onu müşayiət edir, lakin ona tabe olmur. Hərbi polisin əməkdaşları Hərbi polis rəisinə hesabat verirlər. O, isə öz növbəsində generalın adyutantına hesabat verir. Kral Hərbi Polisi daxilində fəaliyyət göstərən Xüsusi İstintaq Şöbəsi Britaniya silahlı qüvvələri tərəfindən xidmət zamanı törədilmiş ağır cinayət işləri, hərbçilər ilə mülki şəxslər arasında baş verən insidentlər üzrə, həmçinin ona həvalə edilmiş xüsusi işlər, o cümlədən Britaniya əsgərləri tərəfindən mülki şəxslərin öldürülməsi ilə nəticələnən insidentlər ilə bağlı istintaqı həyata keçirir. Həyata keçirilən əməliyyatlardan praktiki müstəqilliyinin təmin edilməsi məqsədilə Xüsusi İstintaq Şöbəsi əraziyə tamamilə ayrıca fəaliyyət göstərən bölmələrini təhkim edir və bu bölmələr öz komandirinə malik olurlar. Komandirlərə bu məqsədlə əməliyyat zonalarına göndərilən hərbi polis zabitləri rəhbərlik edirlər.
29. İraqlı mülki şəxslərin Britaniya əsgərləri tərəfindən öldürülməsi ilə bağlı istintaqın aparılması barədə qərarı Xüsusi İstintaq Şöbəsi ya müvafiq hərbi hissə komandirinin xahişi, yaxud da Xüsusi İstintaq Şöbəsinin öz təşəbbüsü ilə (əgər o, insident barədə başqa mənbələrdən məlumat əldə edirsə) qəbul edir. Lakin sonuncu halda Hərbi polisin rəisi və ya insidentdə iştirak etmiş hərbi hissənin komandirinin təlimatına əsasən istintaqa Xüsusi İstintaq Şöbəsi tərəfindən xitam verilə bilər.
30. Xüsusi İstintaq Şöbəsinin İraqda istintaq hərəkətlərini həyata keçirməsinə təhlükəsizlik ilə bağlı problemlər, tərcüməçilərin olmaması, mədəniyyətlə bağlı mülahizələr (misal üçün, İslam dinində meyitin 24 saat ərzində basdırılması və 40 gün ərzində ona toxunulmaması tələb olunur), məhkəmə-tibb ekspertlərinin və meyitin yarılması üçün vasitələrin olmaması, qeydiyyatın aparılmaması, maddi-texniki təchizat ilə bağlı problemlər, iqlim və ümumi iş şəraiti kimi bir sıra çətinliklər mane olurdu. Aytken Hesabatında (aşağıda 69-cu bəndə bax) vəziyyət aşağıdakı kimi ümumiləşdirilirdi:
“Belə şəraitdə yalnız döyüş qoşunları səpələnmiş vəziyyətdə deyildilər. Hazırkı hərbi cinayət ədalət mühakiməsi sistemi mövcud vəziyyətdə münasib və müstəqildir, həmçinin məqsədlərə uyğundur. Lakin səmərəli mülki infrastrukturun mövcud olmadığı şəraitdə hətta ən səmərəli cinayət mühakimə sistemi cinayət işlərinin istintaqı, təqibi və bu sahədə məsləhətlər verilməsi üçün çətinlik çəkəcək. Və beləliklə, ərazidə həyata keçirilmiş hərbi əməliyyatlardan birbaşa sonra Xidməti Polis İngiltərə qanunvericiliyi ilə tələb olunan ən yüksək standartlara cavab verən keyfiyyətə malik sübutların əldə edilməsində xüsusi çətinliklər ilə üzləşmişdir. Cinayət işləri üzrə istintaqa başlanması üçün adətən mühüm əsas kimi çıxış edən yerli səviyyədə qeydiyyatın aparılması təcrübəsi demək olar ki, mövcud deyildi. Qanunların İraq xalqı və Britaniya polisi tərəfindən fərqli qavranılması düşmənçilik və şübhə mühitini daha da gərginləşdirir və ordu daha təhlükəli əməliyyat mühiti ilə üzləşirdi. 2003-cü ilin 24 iyun tarixindən bəri Əl Amara şəhərində Kral Hərbi Polisinin altı üzvü qətlə yetirilmişdir. Yerli adətlər də ədalət mühakiməsi sferasında Britaniya standartlarının həyata keçirilməsinə maneçilik törədirdi. Misal üçün, Nadhem Abdullanın işində mərhumun ailəsi onun cəsədini məhkəmə-tibb ekspertizasına verməkdən imtina etmiş və beləliklə də, onun ölümü ilə bağlı sübutların əldə edilməsi işinin keyfiyyətini kifayət qədər aşağı salmışlar.”
Aytkenin Hesabatında pis rəftar ilə bağlı ciddi xarakterli iddiaların araşdırılmasına səy göstərilən zaman Xüsusi İstintaq Şöbəsinin üzləşdiyi problemlər barədə də qeyd edilmişdir. Bu zaman əsgərlər öz əsgər yoldaşlarına həmrəylik göstərməyə çalışırdılar ki, bunun da nəticəsində ordunun heyəti ilə əməkdaşlıq etmək mümkün olmurdu. Hərbi məhkəmənin hakimi altıncı ərizəçinin oğlunun ölümü ilə bağlı işdə rast gəlinən bu vəziyyəti ifadə verməyə dəvət edilmiş hərbçi şahidlərin bəzilərinin nümayiş etdirdikləri “sükut divarı” adlandırmışdır.
31. İstintaqın sonunda Xüsusi İstintaq Şöbəsinin zabiti prosesdə maraqlı hərbi hissənin komandirinə yazılı şəkildə hesabat təqdim edirdi. Bu hesabat müşayiət məktubundan və sübutların xülasəsindən ibarət idi. Hesabata eyni zamanda istintaqa aid sənədli sübutlar, yəni şahid ifadələri və müstəntiqlərin izahatları əlavə edilirdi. Hesabatda baş vermiş hadisə ilə bağlı faktlara və ya əldə edilmiş nəticələrə dair hər hansı qərar əks olunmurdu. Bundan sonra işin hərbi məhkəmə tərəfindən baxılması üçün prokurorluq orqanına təqdim edilib-edilməməsi barədə qərarı hərbi hissənin komandiri qəbul edirdi.
32. Aytkenin Hesabatında (2008-ci il 25 yanvar tarixli: aşağıda 69-cu bəndə bax) İraqlı mülki şəxslərin ölümü ilə bağlı silahlı qüvvələrin heyətinin təqibinə dair aşağıdakıları qeyd edirdi:
“Qəsdən kobud rəftar nəticəsində iraqlıların ölümü ilə bağlı dörd işin istintaqı həyata keçirilmiş və bütün bu işlər sonradan Ordu Prokurorluğuna göndərilmişdir. Bu işlərin əsasında zərərçəkmiş şəxslərin Britaniya qoşunları tərəfindən qanunsuz olaraq qətlə yetirilməsinə dair prima facie sübutlar dururdu. Ordu Prokurorluğu bu işlərdən üçü üzrə ittihamları əsas götürmüşdür. Belə ki, onun qənaətinə görə bu işlər üzrə ittiham hökmünün çıxarılması üçün real perspektiv və məhkəmə baxışının keçirilməsi üçün ictimai və xidməti maraq mövcud idi. Lakin bununla belə, hər hansı şəxs barədə adam öldürmə cinayətinə görə ittiham hökmünün çıxarılmasına dair məlumat yoxdur.
İttiham məsələsi ilə bağlı ordunun mövqeyi açıqdır. Müvafiq işlərin Ordu Prokurorluğuna göndərilməsi barədə qərarın qəbul edilməsinə kömək edilməsi üçün hərbi hissənin komandiri və yuxarı orqanlar hüquqi məsləhət ala bilərlər. Orduya hüquqi xidmət göstərilməsi sahəsində generalın adyutantı qarşısında məsuliyyət daşıyan Orduya Hüquqi Xidmətin Direktoru (OHXD) Ordunun Prokurorluq Orqanı kimi əlavə olaraq kraliça tərəfindən vəzifəyə təyin edilir. Bu vəzifədə o, hərbi hissə komandirləri tərəfindən təqdim edilmiş bütün işlərin məhkəməyə verilib-verilməməsinə dair qərarlar qəbul edir və bütün işlər üzrə hərbi məhkəmə, Mülki Şəxslərin İşləri üzrə Daimi Məhkəmə, İntizam İşləri üzrə Apellyasiya Məhkəməsi, Hərbi Apellyasiya Məhkəməsi və Lordlar Palatasında ittiham funksiyasının həyata keçirir. OHXD bu funksiyaların yerinə yetirilməsini Ordu Prokurorluğunda prokuror vəzifəsinə təyin edilmiş Orduya Hüquqi Xidmətin (OHX) əməkdaşlarına həvalə edir. Briqada prokurorları gündəlik fəaliyyətləri ilə bağlı Ordu Prokurorluğu qarşısında cavabdehlik daşıyırlar. Ordu prokuroru Baş prokurora tabedir və Ordu komandanlığına münasibətdə isə müstəqilliyə malikdir. İşin hərbi məhkəməyə göndərilməsi barədə qərarı Ordu Prokurorluğu təkbaşına qəbul edir. Nə Ordu komandanlığı, nə nazirlər, nə rəsmilər, nə də ki, hər hansı başqa bir şəxs bu qərarın qəbul edilməsində iştirak etmirlər. Ordunun düşdüyü vəziyyətin nə qədər mürəkkəb olmasından asılı olmayaraq, o, hər zaman qanun çərçivəsində hərəkət etməlidir. Ordu Prokurorluğu mövcud sübutlar və qanun əsasında qərarını qəbul etdikdən sonra Ordu qəbul etməlidir ki, konkret şəxslərin təqib edilməsi və ya konkret ittihamlar onun nüfuzuna mənfi təsir göstərə bilər.
İraqda ölüm ilə nəticələnmiş qəsdən kobud rəftar etməyə görə heç kimin məhkum edilməməsi narahatlıq yaradan fakt olsa da, izah ediləndir. Sübutlar toplanmalı (və artıq qeyd edildiyi kimi bu asan proses deyildi), bu sübutlar məhkəməyə təqdim edilməli idi. Eyni zamanda təqsirləndirilən şəxslər, prokurorluq onların təqsirini əsaslı şübhələr doğurmayan dəlillər ilə sübut edənə qədər təqsirsiz hesab olunurlar. Bu mülki şəxslərin işləri üzrə məhkəməyə müraciət edən şəxsin kimliyindən asılı olmayaraq çox mürəkkəb bir sınaqdır. Geniş kontekstdə Ordu Prokurorluğu tərəfindən hərbi məhkəmələrə təqdim edilmiş işlər demək olar ki, ekvivalent mülki şəxslərin işləri üzrə məhkəmələrə təqdim edilən işlər ilə müqayisə oluna biləcək saydadır. Misal üçün, 2006-cı ilin sonu üçün hərbi məhkəmələrə təqdim edilmiş işlərin 12 faizi üzrə, Cinayət işləri üzrə andlılar məhkəməsinə təqdim edilmiş işlərin 13 faizi üzrə ittiham hökmü çıxarılmışdır. Müəyyən cinayət işlərinin ittiham hökmünün çıxarılması ilə nəticələnməyəcəyi qaçılmaz idi. Lakin bu heç də o demək deyil ki, bu işlər məhkəməyə təqdim edilməməlidir. Hər bir halda şəxsin təqsirli olub-olmadığını prokurorluq orqanları deyil, məhkəmələr müəyyən edirlər. Əlbəttə, İraqda Xidməti Polis tərəfindən istintaqı aparılmış 200-dən bir qədər çox işin yalnız az bir hissəsinin məhkəməyə təqdim edilməsi həm mənfi, həm də müsbət göstərici hesab oluna bilər. İşin müsbət tərəfi odur ki, mövcud sübutlar və şərait cinayət işlərinin çoxaldığı faktını təsdiq etmir. Lakin işin mənfi tərəfi ondadır ki, bildiyimiz kimi Xidməti Polis bəzi işlər üzrə ittihamın irəli sürülməsi və ya iş üzrə ittiham mövqeyinin məhkəmədə uğurla müdafiə edilməsi üçün zəruri olan kifayət qədər yüksək standartlara cavab verən sübutların əldə edilməsində böyük çətinliklər ilə üzləşmişdir.
Qeyd etmək vacibdir ki, bunlardan heç biri Hərbi Cinayət Ədalət Mühakiməsi Sisteminin əsas elementlərinin səmərəli fəaliyyətində hər hansı böyük qüsur olması anlamına gəlmir. Həm Kral Hərbi Polisinin Xüsusi İstintaq Şöbəsi (KHP(XİŞ)), həm də Ordu Prokurorluğunun fəaliyyəti 2007-ci ildə ayrı-ayrılıqda təftiş edilmişdir. Polisin təftişinə dair hesabatda qeyd edilirdi ki, “Kral Polis Müfəttişliyi hesab edir ki, KHP(XİŞ) 36-cı səviyyəli (ağır cinayətlər) işlər üzrə istintaqın aparılması üçün imkana və gücə malikdir”. 2007-ci ilin fevral və mart aylarında Ordu Prokurorluğunun təftişini həyata keçirmiş Prokurorluq Xidməti üzrə Kral Müfəttişliyinin hesabatında bildirilmişdir ki, “...Ordu Prokurorluğu öz vəzifələrini tam və peşəkar tərzdə, çox zaman çətin şəraitdə həyata keçirir. Cinayət işlərinin məhkəməyə verilməsinə dair qərarların 95,7 faizi əsaslı olmuşdur. Eyni zamanda bu işlərin hamısının məhkəməyə verilməsi ictimai və ya xidməti maraqlara uyğun olmuşdur.”
E. Ərizəçilərin qohumlarının ölüm faktları
33. Aşağıda qeyd olunanlar ərizəçilərin və hər bir insidentdə iştirak etmiş Britaniya əsgərlərinin şahid ifadələrinə əsaslanır. Bu ifadələr yerli məhkəmələrə də təqdim edilmiş və beşinci ərizəçidən başqa digərlərinin ifadələri xülasəsi məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda (xüsusilə Bölmə Məhkəməsinin qərarında) əks olunmuşdur.
1. Birinci ərizəçi
34. Birinci ərizəçi qətlə yetirilən zaman 23 yaşı olmuş Hazim Cumaa Qatteh Əl-Skeyninin (“Hazim Əl-Skeyni”) qardaşıdır. Hazim Əl-Skeyni 2003-cü ilin 4 avqust tarixində gecə yarı Britaniya patrul xidmətinin komandiri serjant A. tərəfindən Bəsrənin Əl-Məcidiyə adlanan ərazisində qətlə yetirilmiş Beyni Skeyn tayfasına mənsub olan iki iraqlıdan biri idi.
35. Şahid qismində verdiyi ifadədə birinci ərizəçi bildirmişdir ki, sözü gedən günün axşamı onun ailəsinin bir sıra üzvləri dəfn mərasimi ilə bağlı Əl-Məcidiyədə bir yerə yığışmışdır. İraqda dəfn mərasimində havaya atəş açılması adət halı almışdır. Birinci ərizəçi bildirmişdir ki, o, evdə dəfn mərasiminə gələn qonaqları qəbul etməklə məşğul idi və bu zaman küçədən evə tərəf gələn qardaşına Britaniya əsgərləri tərəfindən atəş açıldığını görmüşdür. Birinci ərizəçinin verdiyi ifadəyə görə onun qardaşında silah yox idi və ona atəş açılaraq öldürüldüyü zaman əsgərlər ilə arasında sadəcə on metr məsafə var idi. Onunla birgə olan digər şəxs də öldürülmüşdü. Ərizəçi əsgərlərin nə üçün atəş açdıqlarını bilmədiyini qeyd etmişdir.
36. İnsident barədə Britaniya tərəfinin verdiyi məlumata görə patrul gecə vaxtı, havanın çox qaranlıq olduğu zaman piyada əraziyə yaxınlaşarkən Əl-Məcidiyənin bir sıra müxtəlif istiqamətlərindən ardıcıl atəş açıldığını eşitmişdir. Patrul kəndin içinə tərəf hərəkət edən zaman küçədə iki iraqlı onların qarşısına çıxmışdır. Onlardan biri patrulun önündə gedən serjant A.-dan təxminən beş metr aralıda idi. Serjant A. onun silahlı olduğunu görüb silahını ona tərəf tuşlamışdı. Qaranlıq olduğu üçün ikinci şəxsin harada durduğunu müəyyən etmək qeyri-mümkün idi. Özünün və patrula daxil olan digər əsgərlərin həyatının ani təhlükə ilə üzləşdiyinə inandığı üçün serjant A. heç bir şifahi xəbərdarlıq etmədən hər iki şəxsə atəş açmışdır.
37. Hadisənin səhəri günü serjant A. insidenti təsvir edən yazılı hesabat hazırlamışdı. Bu hesabat onun taborunun komandiri polkovnik Q.-yə təqdim edilmiş, o isə öz növbəsində baş vermiş insidentin Silah Tətbiq Etmə Qaydaları ilə bağlı olduğunu nəzərə alaraq bununla bağlı öz hesabatını hazırlamışdır. Polkovnik Q. hesabatı briqadaya göndərmiş və ona briqada generalı Muur baxmışdır. Briqada generalı Muur öldürülən şəxsin patrula tərəf silah tuşlayıb-tuşlamadığının araşdırılması üçün sorğu göndərmişdir. Polkovnik Q. briqada generalı Muurun sorğusu ilə bağlı əlavə hesabat hazırlamışdır. Birinci hesabat briqadanın sənədləri içərisində saxlanılmamışdır. General Q.-nin ikinci hesabatını qərargahın rəis müavini və hüquqi məsələlər üzrə məsləhətçisi ilə birgə araşdıran briqada generalı Muur serjant A.-nın hərəkətlərinin Silah Tətbiq Etmə Qaydalarına uyğun olduğu qənaətinə gəlmiş və buna görə də iş üzrə hər hansı əlavə araşdırmanın aparılması barədə göstəriş verməmişdir.
38. 2003-cü ilin 11, 13 və 16 avqust tarixlərində polkovnik Q. qətlə yetirilmiş şəxsin mənsub olduğu tayfanın üzvləri ilə görüşmüşdür. O, serjant A.-nın atəş açmasının səbəblərini izah etmiş və Britaniya Ordusunun Könüllü Kompensasiya Komitəsinin hesabından 2500 ABŞ dolları məbləğində vəsaiti xeyriyyə məqsədilə tayfaya vermişdir. Pul ilə yanaşı qətlin baş verdiyi şəraiti izah edən və mərhumun heç kimə hücum etmək niyyətində olmadığının etiraf olunduğu məktub da təqdim edilmişdir.
2. İkinci ərizəçi
39. İkinci ərizəçi 2003-cü ilin 6 noyabr tarixində gecə yarısı serjant S.-nin açdığı atəş nəticəsində ölümcül yaralanmış Məhəmməd Səlimin arvadıdır.
40. İkinci ərizəçi ərinin öldürülməsi zamanı hadisə yerində deyildi və onun ifadələri hadisə yerində olanların dediklərinə əsaslanırdı. O bildirmişdir ki, 2003-cü ilin 5 noyabrında Ramazan ayında Məhəmməd Səlim qaynını görmək üçün Bəsrəyə getmişdi. Təxminən saat 23.30 radələrində Britaniya əsgərləri evə basqın etmişlər. Onlar ön qapını sındırmışlar. Britaniya əsgərlərindən biri evin qonaq otağında ikinci ərizəçinin əri ilə üzbəüz qarşılaşmış və ona atəş açaraq qarın nahiyəsindən yaralamışdır. Britaniyalı əsgərlər onu Çex hərbi hospitalına aparmış və o, 2003-cü ilin 7 noyabr tarixində burada vəfat etmişdir.
41. Britaniya tərəfinin hadisə ilə bağlı verdiyi məlumata görə patrul tərcüməçilərindən birinin qohumu uzun lüləli silahlar, qumbaralar və raket mühərrikli qumbaralar ilə silahlanmış bir qrup şəxsin evə daxil olduqlarını görməsi barədə patrula xəbər vermişdir. Dərhal axtarış və həbs əməliyyatının həyata keçirilməsi barədə əmr verilmişdir. Patrul qapını döysə də, heç kəs qapını açmamış və buna görə də qapı sındırılmışdır. Serjant S. iki əsgər ilə birlikdə ön qapıdan evə daxil olmuş və birinci otaqda heç kəsin olmadığını müəyyən etmişdir. İkinci otağa girən zaman o, evin içərisində avtomat silahdan atəş açıldığını eşitmişdir. Serjant S. pilləkənlərlə növbəti otağa keçən zaman uzun lüləli silahlarla silahlanmış iki şəxs pilləkənlərdən aşağı onun tərəfə qaçmağa başlayıblar. Şifahi xəbərdarlığın verilməsi üçün vaxt yox idi. Serjant S. inanırdı ki, onun həyatı ani təhlükə altındadır. O, qarşıda gələn şəxsə, ərizəçinin ərinə bir atəş açmış və onu qarnından yaralamışdır. Sonra o, silahı ikinci şəxsə tərəf tuşlamış və həmin şəxs silahını yerə atmışdır. Ərizəçinin ailəsi sonradan patrula xəbər vermişdir ki, onlar hüquqşünaslar idilər və digər hüquqşünas ailə ilə onların arasında ofis binaları üzərində mülkiyyət hüququ ilə bağlı mübahisə var idi. Bu mübahisə zəminində onlar iki dəfə silahlı hücuma məruz qalmış və bu barədə ilk dəfə üç gün öncə, ikinci dəfə isə patrulun evə zorla daxil olmasından sadəcə otuz dəqiqə əvvəl polisə xəbər vermişdilər.
42. 2003-cü ilin 6 noyabr tarixində bölük komandiri insident barəsində hesabat hazırlamışdır. Hesabatda belə bir nəticəyə gəlinmişdir ki, düşmənçilik vəziyyətində olan digər tərəf patrula qəsdən yanlış kəşfiyyat məlumatı vermişdir. Polkovnik Q. hesabatı oxuduqdan və bölük komandiri ilə danışdıqdan sonra insident nəticəsində Silah Tətbiq Etmə Qaydalarının pozulmadığı və Xüsusi İstintaq Şöbəsi tərəfindən hər hansı istintaq hərəkətinin aparılmasına ehtiyac olmadığı qənaətinə gəlmişdir. Buna görə də o, həmin günü də hadisə barədə hesabat tərtib edərək briqadaya göndərmiş və burada hesabata briqada generalı Cons baxmışdır. Briqada generalı Cons hadisəni qərargahın rəis müavini və hüquqi məsələlər üzrə məsləhətçisi ilə müzakirə etmişdir. O, hadisə ilə bağlı siyasi məsələlər üzrə məsləhətçisi ilə də məsləhətləşmələr aparmışdır. Nəticədə briqada generalı Cons həmçinin bu hadisənin açıq-aşkar Silah Tətbiq Etmə Qaydaları çərçivəsində baş verdiyi qənaətinə gəlmiş və bununla bağlı zəruri hesabat hazırlamışdır. Üç gənc övladı və yaşlı qaynanası ilə birgə yaşayan ərizəçiyə yardım kimi Britaniya Ordusunun Könüllü Kompensasiya Komitəsinin hesabından 2000 ABŞ dolları, həmçinin ölüm hadisəsinin baş verdiyi şərait barədə məlumatın əks olunduğu məktub verilmişdir.
3. Üçüncü ərizəçi
43. Üçüncü ərizəçi 2003-cü ilin 10 noyabr tarixində Bəsrənin Əl-Maaqal ərazisində yerləşən Təhsil İnstitutunda açılmış atəş nəticəsində ölümcül yaralanmış Hənnan Məhaibas Sadde Şmailauinin əridir. Üçüncü ərizəçi bu institutda gecə gözətçisi kimi çalışır və arvadı və övladları ilə yaşayırdı.
44. Üçüncü ərizəçinin şahid kimi verdiyi ifadəyə əsasən qeyd olunan gün axşam saat 8 radələrində o, ailəsi ilə birlikdə şam yeməyi yeyirdi. Bu zaman binanın çöl hissəsində qəfil avtomat atəşi səsləri gəlməyə başladı. Güllə onun arvadının baş və topuq nahiyələrinə, uşaqlarından birinin isə əlinə dəymişdir. Ərizəçinin arvadı və uşağı xəstəxanaya aparılmış, uşaq sağalsa da, arvadının həyatını xilas etmək mümkün olmamışdır.
45. İnsident barədə Britaniya tərəfinin verdiyi məluma görə üçüncü ərizəçinin arvadı Britaniya patrulu ilə bir neçə naməlum silahlı şəxs arasında baş vermiş atışma nəticəsində ölmüşdür. Ərazi paraşüt raketi vasitəsilə işıqlandırılan zaman açıq sahədə ən azı üç uzun lüləli silahı olan şəxs görünüb. Bunlardan ikisi silahlarını birbaşa Britaniya əsgərlərinə tərəf tuşlamışdı. Patrul ilə atışmada silahlı şəxslərdən biri qətlə yetirilmişdi. 7-10 dəqiqədən sonra atışma dayanıb və silahlı şəxslər ərazidən uzaqlaşıblar. Binada axtarış keçirilən zaman başında güllə yarası olan qadın (üçüncü ərizəçinin arvadı) və əlində güllə yarası olan uşaq aşkar edilib. Hər ikisi xəstəxanaya aparılıb.
46. Hadisənin səhəri günü bölük komandiri hadisə yerində olan əsgərlərin ifadələrini alaraq insident barədə hesabat hazırlamışdır. Hesabat və ifadələri nəzərdən keçirdikdən sonra polkovnik Q. insidentin Silah Tətbiq Etmə Qaydaları çərçivəsində baş verdiyi qənaətinə gəlmiş və buna görə də Xüsusi İstintaq Şöbəsindən əlavə araşdırmanın həyata keçirilməsini xahiş etməmişdir. O, məsələ ilə bağlı lazımi hesabatı hazırlamış və briqadaya göndərmişdir. Hesabat briqada generalı Cons tərəfindən nəzərdən keçirilmişdir. Cons insident ilə bağlı qərargahın rəis müavini, hüquqi məsələlər üzrə məsləhətçisi və polkovnik Q. ilə məsləhətləşmələr aparmışdır. Nəticədə briqada generalı Cons insidentin Silah Tətbiq Etmə Qaydaları çərçivəsində baş verdiyi və əlavə araşdırmaya ehtiyac olmadığı qənaətinə gəlmişdir.
4. Dördüncü ərizəçi
47. Dördüncü ərizəçi 2003-cü ilin 24 avqust tarixində kiçik kapral S. tərəfindən Bəsrənin Əl-Maqaal ərazisində açılmış atəş nəticəsində ölümcül yaralanmış 43 yaşlı Valid Səyay Muzbanın qardaşıdır.
48. Dördüncü ərizəçi qardaşının öldürüldüyü vaxt hadisə yerində olmamışdır. Lakin o iddia edir ki, hadisəni qonşuları görüblər. Şahid kimi verdiyi ifadəsində o bildirmişdir ki, onda olan məlumata görə qardaşı sözü gedən gün axşam saat 8.30 radələrində işdən evə qayıdırdı. O, Suq Hittiin adlanan küçədə mikroavtobus sürürdü. O və dördüncü ərizəçi bu küçənin yaxınlığında yaşayırdı. Ərizəçinin ifadələrinə əsasən naməlum səbəblərə görə mikroavtobus “güllə-boran” edilmiş və nəticədə Valid döş qəfəsi və qarın nahiyələrindən ölümcül yara almışdı.
49. Kiçik kapral S. hadisədən öncəki gün Kral Hərbi Polisinin üç əməkdaşının avtomobildən açılmış atəş nəticəsində qətlə yetirildiyi Koalisiya hərbi bazasının (Fort Apache) yerləşdiyi ərazinin perimetri üzrə nəzarəti həyata keçirən patrulun əməkdaşı idi. İnsident barədə Britaniya əsgərlərinin verdiyi məlumata əsasən kiçik kapral S. şüşələri üzərində pərdələr asılmış mikroavtobusdan şübhələnmişdir. Mikroavtobus aşağı surətlə, ön fənərlərinin işıqlandırılmasını uzaq məsafədən yaxın məsafəyə keçirərək patrula tərəf hərəkət edirdi. Mikroavtobusa dayanmaq xəbərdarlığı edildikdə, elə göründü ki, o, əsgərlərdən uzaqlaşmağa çalışır. Beləcə kiçik kapral S. silahını sürücüyə tərəf tuşlamış ona dayanmağı əmr etmişdi. Sonra avtobus dayanmış və kiçik kapral S. sürücünün qapısına yaxınlaşmış və sürücü (dördüncü ərizəçinin qardaşı) ilə salamlaşmışdır. Sürücü buna aqressiv şəkildə reaksiya vermiş və maşının arxasında pərdəsiz yerdə oturmuş şəxslərə tərəf çığıraraq nə isə deməyə başlamışdı. Kiçik kapral S. mikroavtobusun arxa oturacaqları tərəfə baxmaq istəyəndə, sürücü yumruqla onun döş qəfəsi nahiyəsinə zərbə vurmaqla onu itələmişdi. Sonra sürücü maşının arxasında oturanlar tərəfə çığırmış və kiçik kapral S.-in silahını ələ keçirməyə cəhd etmişdi. Kiçik kapral S. onun əlindən qurtara bilmək üçün zor işlətməyə məcbur olmuşdu. Sonra sürücü sürətlə uzaqlaşaraq maşını patrulun digər əməkdaşları istiqamətinə döndərmişdi. Kiçik kapral S. mikroavtobusun təkərlərinə atəş açmış və mikroavtobus patrula 100 metr qalmış dayanmışdı. Sürücü yenidən çevrilərək mikroavtobusun arxası tərəfə çığırmışdı. Belə görünürdü ki, o, silah götürmək istəyir. Kiçik kapral S. əmin olmuşdur ki, sürücü və mikroavtobusda olan digər şəxslər onun yoldaşlarına atəş açacaqlar. Buna görə də o, hədəfə beş atəş açmışdır. Maşın tələsik yerindən tərpədildiyi üçün kiçik kapral S. digər iki gülləni mikroavtobusun arxa tərəfinə açmışdı. Qısa aradan sonra maşın cırıltı səsi verərək dayanmışdı. Sürücü maşından düşərək Britaniya əsgərlərinin üstünə qışqırmağa başlayıb. Ona yerə uzanmaq əmri verilib. Sonra patrul mikroavtobusa yaxınlaşaraq digər silahlı adamları axtarmağa başlasa da, mikroavtobusda heç kəsin olmadığı müəyyən edilib. Sürücü arxa və bud nahiyələrdən üç güllə yarası almışdı. Ona ilkin tibbi yardım göstərilmiş və o, Çex hərbi hospitalına aparılmışdır. Həmin günü və ya hadisənin səhəri gün o, vəfat etmişdir.
50. Xüsusi İstintaq Şöbəsi 2003-cü ilin 29 avqust tarixində istintaqa başlamışdır. Müstəntiqlər güllələrin fraqmentlərini, boş güllə sandıqçalarını əldə etmiş və hadisə yerinin fotoşəkillərini çəkmişlər. Mikroavtobus Böyük Britaniyaya göndərilmişdir. Mərhumun cəsədi dəfn olunmaq üçün ailəsinə qaytarılmış və meyit yarılmamışdır. Xüsusi İstintaq Şöbəsi mərhumun üzərində cərrahiyyə əməliyyatı aparmış iki iraqlı cərrahın ifadələrini almışdır. Meyitin ekshumasiyası və yarılması üçün ailəsi ilə görüş təyin olunmuş, lakin bu görüş sonradan təxirə salınmışdır. İnsidentdə iştirak etmiş doqquz hərbçi şahid qismində dindirilmiş və onların ifadələri alınmışdır. Digər dörd şəxs də dindirilsə də, onların ifadələrində sübut kimi istifadə oluna biləcək faktlar müəyyən edilməmişdir. Lakin kiçik kapral S. dindirilməmişdir. Xüsusi İstintaq Şöbəsi kiçik kapralın hərəkətlərinin Silah Tətbiq Etmə Qaydalarına zidd olmasından şübhələndiyindən, təcrübəsinə uyğun olaraq ona qarşı ittiham irəli sürmək üçün kifayət qədər sübut toplayana qədər kapralı dindirməmişdir. 2003-cü ilin 6 sentyabr tarixində hadisə yerində məhkəmə-tibb ekspertizası keçirilmişdir.
51. 2003-cü ilin 29 avqust tarixində polkovnik Q. insident ilə bağlı briqada generalı Muura ilkin hesabatını göndərmişdir. Bu hesabatında o, kiçik kapral S.-in Silah Tətbiq Etmə Qaydaları çərçivəsində qanunauyğun şəkildə hərəkət etdiyinə əmin olmasına inandığını ifadə etmişdir. Lakin general Q. fikirlərinə davam edərək bildirmişdir ki, iş mürəkkəb olduğundan Xüsusi İstintaq Şöbəsinin istintaq aparması faydalı olardı. Briqada generalı Muur polkovnik Q.-nin hesabatını nəzərdən keçirdikdən, onu qərargahın rəis müavini ilə müzakirə etdikdən və məsələ ilə bağlı hüquqşünasın məsləhətini aldıqdan sonra qərara gəlmişdir ki, bir sıra sorğulara lazımi qaydada cavab verilməklə məsələ hərbi hissə səviyyəsində həyata keçirilən araşdırma ilə həll oluna bilər. Nəticədə polkovnik Q. 2003-cü il 12 sentyabr tarixində əlavə hesabat hazırlamışdır. Bu hesabatda o, müxtəlif sorğulara cavab vermiş və belə bir nəticəyə gəlmişdir ki, Xüsusi İstintaq Şöbəsi tərəfindən istintaqın aparılmasına artıq ehtiyac yoxdur. Məsələ ilə bağlı yenidən qərargah rəisinin müavini ilə məsləhətləşmə apardıqdan və hüquqi sahədə məsləhət aldıqdan sonra briqada generalı Muur belə qənaətə gəlmişdir ki, insident zamanı Silah Tətbiq Etmə Qaydaları pozulmamışdır.
52. Buna qədər briqada generalı Muura məlumat verilmişdir ki, Xüsusi İstintaq Şöbəsi insident ilə bağlı istintaqa başlamışdır. 2003-cü il 17 sentyabrda polkovnik Q. Xüsusi İstintaq Şöbəsinə yazılı şəkildə müraciət edərək istintaqa xitam verməyi xahiş etmişdir. Briqada generalı Muur qərargah rəisinin vasitəsilə eyni xahişi Xüsusi İstintaq Şöbəsinin böyük müstəntiqi ilə görüşdə də etmişdir. Xüsusi İstintaq Şöbəsi 2003-cü il 23 sentyabr tarixində istintaqa xitam vermişdir. Mərhumun ailəsinə Britaniya Ordusunun Könüllü Kompensasiya Komitəsinin hesabından əvvəlcə 1400 ABŞ dolları, sonra isə mikroavtobusa görə əlavə 3000 ABŞ dolları verilmişdir.
53. Dördüncü ərizəçinin işə yenidən baxılması barədə müraciətindən sonra (aşağıda 73-cü bəndə bax) işə Xüsusi İstintaq Şöbəsinin böyük müstəntiqləri tərəfindən yenidən baxılmış və istintaqın təzələnməsi barədə qərar qəbul edilmişdir. İstintaq 2004-cü il 7 iyunda yenidən başlanmış və həmin vaxt İraqda vəziyyətin çox təhlükəli olmasına baxmayaraq 2004-cü ilin 3 dekabrında sona çatmışdır.
54. İstintaq başa çatdıqdan sonra Xüsusi İstintaq Şöbəsi əsgərin komandirinə bu barədə məlumat vermiş və o, öz növbəsində işi 2005-ci ilin fevralında Ordu Prokurorluğuna göndərmişdir. Ordu Prokurorluğu mövcud sübutlardakı qeyri-müəyyənliyin və ikimənalılığın aradan qaldırılması üçün şahidin ilkin formal dindirilməsinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Ordu Prokurorluğu atışmanı görmüş və şəxsiyyəti müəyyən edilmiş əsgərlərdən şahid ifadəsi almışdır. Müstəqil vəkil məsələ ilə bağlı məsləhət verərək bildirmişdir ki, iş üzrə məhkəmə tərəfindən ittiham hökmünün çıxarılması üçün real perspektiv mövcud deyil, belə ki, kiçik kapral S.-in atəş açmasının özünü müdafiə məqsədilə edilmədiyini sübut etmək üçün heç bir real imkan yoxdur. Material Baş prokurora göndərilmiş, o da, işin cinayət işləri üzrə məhkəməyə verilməsi səlahiyyətindən istifadə etməmək barədə qərar qəbul etmişdir.
5. Beşinci ərizəçi
55. Beşinci ərizəçi 2003-cü ilin 8 may tarixində 15 yaşında vəfat etmiş Əhməd Cabbar Kərim Əlinin atasıdır.
56. Beşinci ərizəçinin Birləşmiş Krallıqda keçirilmiş məhkəmə proseslərində verdiyi ifadələrə görə 2003-cü il 8 mayda onun oğlu evə gözlənildiyi kimi günorta saat 1.30 radələrində qayıtmamışdır. Beşinci ərizəçi oğlunu axtarmaq üçün Əl-Səad meydanına gəlmiş, burada isə ona demişlər ki, həmin gün səhər Britaniya əsgərləri bir neçə gənc iraqlını həbs etmişlər. Ərizəçi oğlunun axtarışını davam etdirmişdir və növbəti gün səhər başqa bir gənc iraqlı A. onunla əlaqə saxlayaraq bildirmişdir ki, o, ərizəçinin oğlu və başqa iki şəxs öncəki gün Britaniya əsgərləri tərəfindən həbs olunmuş, döyülmüş və zorla Şat Əl-Ərəb sularına salınmışlar. Sonra 2003-cü ilin 9 may tarixində ərizəçini qardaşı insident barədə “Britaniya polisinə” məlumat vermişdir. Ondan Əhmədin şəxsiyyət vəsiqəsinin təqdim edilməsi xahiş olunmuşdur. Bir neçə gün ərzində davam edən yazışmalardan və axtarışdan sonra ərizəçi 2003-cü il 10 may tarixində oğlunun cəsədini suda tapmışdır.
57. Ərizəçi dərhal oğlunun cəsədini “Britaniya polis məntəqəsinə” aparmış, burada isə ona cəsədi yerli xəstəxanaya aparmağı demişlər. Ərizəçi oğlunu dəfn etmək qərarına gəlmişdir, belə ki, İslam dininin adət-ənənələrinə görə mərhum vəfat etdikdən sonra 24 saat ərzində dəfn olunmalıdır.
58. Oğlunun dəfnindən 10-15 gün keçdikdən sonra ərizəçi yenidən “Britaniya polis məntəqəsinə” gələrək məsələ ilə bağlı araşdırma aparılmasını xahiş etmiş, lakin ona bildirilmişdir ki, “Britaniya polisi” belə məsələlər ilə məşğul olmur. Bir neçə gün sonra o, yenidən “polis məntəqəsinə” dönmüş və ona bildirilmişdir ki, Kral Hərbi Polisi onunla əlaqə saxlamaq istəyir, buna görə də o, Prezident Sarayına getməlidir. Səhəri gün Prezident Sarayında Xüsusi İstintaq Şöbəsinin əməkdaşları ilə görüşmüş və iş ilə bağlı ona istintaqın başlanacağı barədə məlumat verilmişdir.
59. Xüsusi İstintaq Şöbəsi A.-nı dindirərək ondan ifadə almışdır. Onlar ərizəçidən və onun ailə üzvlərindən də ifadələr almışlar. İnsidentdən ən az bir ay keçdikdən sonra müstəntiqlər Əl-Səad meydanına getmiş və burada ərizəçinin oğluna və onunla eyni vaxtda həbs edilmiş digər gənc oğlanlara məxsus paltarlar tapmışlar. 40 günlük yas mərasimi bitdikdən sonra ərizəçi oğlunun cəsədinin ekshumasiya olunmasına və yarılmasına razılıq vermişdir, Lakin o zaman Əhmədin ölümündən əvvəl döyülüb-döyülmədiyini və ya hansı səbəbdən öldüyünü müəyyənləşdirmək mümkün olmamışdır. Ərizəçi bildirmişdir ki, meyitin yarılmasının nəticələri barədə ona heç zaman izahat verilməmiş və ümumiyyətlə, istintaqın gedişinə dair heç vaxt tam məlumat ala bilməmişdir, belə ki, ona təqdim edilmiş sənədlərin çoxu ingilis dilində olmuş, ya da ərəb dilinə çox pis şəkildə tərcümə olunmuşdu.
60. Ərizəçi iddia edir ki, oğlunun meyiti ekshumasiya edildikdən 18 ay keçməsinə baxmayaraq bu dövr ərzində onun müstəntiqlər ilə heç bir kontaktı olmamışdır. 2005-ci ilin avqustunda ona məlumat verilmişdir ki, dörd əsgər qəsdən adam öldürmə cinayəti törətməkdə ittiham olunmuşdur və məhkəmə işi İngiltərədə keçiriləcəkdir. Hərbi məhkəmə icraatı 2005-ci ilin sentyabrından 2006-cı ilin mayına qədər keçirilmişdir. Həmin dövrə qədər qəsdən adam öldürməkdə təqsirləndirilən şəxslərin yeddisindən üçü ordunu tərk etmiş, digər ikisi isə üzürlü səbəblər olmadan məhkəmə iclaslarında iştirak etməmişlər. İttihama görə əsgərlər soyğunçuluq etməkdə şübhəli bilinən dörd gənc oğlanın həbsində iraq polisinə yardım etmiş, həmin şəxsləri çaya apararaq silahla hədələməklə çaya girməyə məcbur etmiş və bu yolla onlara “dərs vermişlər”. Ərizəçi və A. 2006-cı ilin aprelində hərbi məhkəməyə ifadə vermişlər. Ərizəçi məhkəmə prosesinin çaşdırıcı və hədələyici olduğunu hesab etmiş və onda belə bir təəssürat yaranmışdır ki, məhkəmə təqsirləndirilən şəxslərin xeyrinə qərəzli mövqedə durur. A.-nın ifadəsinə görə ərizəçinin oğlu tam taqətsiz vəziyyətdə olsa da, əsgərlər ona heç bir köməklik göstərməyərək çıxıb getmişlər. Lakin o, təqsirləndirilən şəxslərin hadisədə iştirak etmiş əsgərlər olduğunu təsdiq edə bilməmişdir. Təqsirləndirilən şəxslər ölüm faktına görə məsuliyyət daşıdıqlarını inkar etmişlər. A.-nın verdiyi ifadələr ziddiyyətli və qeyri-mötəbər hesab olunduğu üçün təqsirləndirilən şəxslər bəraət almışlar.
61. Ərizəçinin oğlunun işi Aytkenin Hesabatında araşdırılmış altı işdən biri olmuşdur (aşağıda 69-cu bəndə bax). Hesabatın “İntizam işlərindən öyrənilən dərslər” başlıqlı hissəsində qeyd edilir:
“....bilirik ki, 2003-cü ilin mayında iki həftə ərzində Britaniya əsgərləri tərəfindən Şat’əl-Ərəbdə iraqlıların boğulması iddiaları ilə bağlı iki İlkin Polis Hesabatı hazırlanmışdır. Bu işlərdən birinin sonradan məhkəməyə verilmədiyi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Ehtimal edilir ki, o zaman qısa bir müddət ərzində iki dəfə qeyri-adi hadisə baş vermişdir. Bir çox vəzifələr daşıyan komandirlər nəyin adi hal alıb-almadığını müəyyən edə bilmədikləri üçün əsaslı şəkildə ittiham edilə bilməzdilər. Lakin bu informasiyanı təhlil etmək qabiliyyətinə malik olan insanlara daha erkən, səmərəli göndərilməsi sisteminin mövcudluğu belə bir halın olub-olmadığını müəyyənləşdirməyə imkan verə bilərdi. Faktiki olaraq əldə edilmiş sübutlara görə bu iki hadisə ayrı-ayrılıqda baş vermişdir. Lakin bu, daha böyük uğursuzluğun simptomu olsaydı, ola bilsin ki, onlara məhəl qoyulmamışdı. Müqayisə üçün deyə bilərik ki, əgər iki həftə ərzində qiyamçıların Britaniyanın zirehli maşınlarına hücum etmək üçün iki halda yeni silahlardan istifadə etmələri barədə məlumat verilsəydi, dəqiq qeyd edilə bilər ki, Öyrənilmiş Dərslər prosesi bu hadisənin əhəmiyyətini müəyyən edər, onunla mübarizə aparmaq üçün zəruri olan əks tədbirləri müəyyənləşdirər və təhlükəni azaltmaq üçün yeni proseduralar barədə məlumatı yayardı. Bu faktın intizam işlərinə tətbiq olunmaması faktı yalnız qismən sübutların məxfiliyinin saxlanılması və mühafizəsi zərurəti ilə izah edilir. Lakin bu, təqsirsizlik prezumpsiyası kimi əsas prinsipə xələl gətirmədən asan və ədalətli şəkildə düzəldilə biləcək prosesin uğursuzluğudur.”
Hesabatın “Təxirə salınma” başlığı altında olan hissəsində qeyd edilir:
“Bu hesabatda əksini tapmış bəzi işlərin həll edilməsi üçün sərf edilən vaxt qəbuledilməzdir...Əhməd Cabbar Kərimin ölüm faktı ilə bağlı hərbi məhkəmədə icraat yalnız bu faktın baş verməsindən 28 ay sonra, 2005-ci ilin sentyabrında başlanmışdır. Bu vaxta qədər isə ölüm hadisəsinə görə təqsirləndirilən yeddi əsgərdən üçü ordunu tərk etmiş, digər ikisi isə üzürlü səbəblər olmadan məhkəmə iclaslarında iştirak etməmişdir.
İşlərin əksəriyyəti üzrə məhkəmə icraatına xələl gətirəcəyi təhlükəsi ilə bağlı olaraq intizam prosesi başa çatdırılmadan zabit və ya əsgər barəsində inzibati tədbir görülməsi münasib olmamışdır. İnzibati proses bu işlərin əksəriyyətində olduğu kimi uzun müddət çəkdikdə, sonrakı inzibati sanksiyaların təsiri kifayət qədər azaldılmış olur və beləliklə də, bu sanksiyalar əks nəticələrə səbəb olur. Bundan əlavə, intizam prosesi nə qədər uzun müddət çəkirsə, komandanlığın cinayətin törədilməsinə gətirib çıxarmış məsələləri düzəltmək üçün ilk sırada fəal tədbirlər görəcəyi daha az inandırıcı görünür.”
62. Beşinci ərizəçi oğlunun ölümü ilə bağlı ona vurulmuş ziyanın ödənilməsi üçün Müdafiə Nazirliyinə qarşı mülki iddia qaldırmışdır. Məsələ 2008-ci ilin 15 dekabr tarixində 115000 Britaniya funt sterlinqi ödənilməklə məhkəmədən kənar həllini tapmışdır. Buna əlavə olaraq, 2009-cu ilin 20 fevral tarixində general-mayor Kubbit beşinci ərizəçiyə məktub yazaraq oğlunun ölümündə iştirak etdiyinə görə Britaniya ordusu adından üzr istəmişdir.
6. Altıncı ərizəçi
63. Altıncı ərizəçi Bəsrənin polis qüvvələrinin polkovnikidir. Onun 26 yaşlı oğlu Baha Musa 2003-cü il 14 sentyabr tarixində Britaniya əsgərləri tərəfindən həbs edildikdən üç gün sonra Britaniya ordusuna məxsus azadlıqdan məhrumetmə yerində vəfat etmişdir.
64. Altıncı ərizəçinin sözlərinə görə 2003-cü ilin 13-14 sentyabr tarixlərində gecə oğlu Bəsrədəki İbn Əl-Haytam mehmanxanasında inzibatçı kimi işləyirdi. Sentyabrın 14-ü ərizəçi oğlunu işdən götürmək üçün mehmanxanaya getmişdir. Bura çatanda Britaniya hərbçilərinin mehmanxananı mühasirəyə aldıqlarını görmüşdür. Ərizəçinin oğlu və mehmanxananın digər altı işçisi əlləri başlarının arxasında mehmanxananın dəhlizində yerə uzanmışdılar. Ərizəçi əməliyyata rəhbərlik edən leytenanta öz narahatlığını bildirmiş, o isə əmin etmişdir ki, bu adi bir araşdırmadır və bir-iki saata başa çatacaq. Oğlu tutulduqdan üç gün sonra Kral Hərbi Polisinin əməkdaşları altıncı ərizəçiyə baş çəkmişlər. Ona bildirilmişdir ki, oğlu Bəsrədəki Britaniya hərbi bazasının azadlıqdan məhrumetmə yerində qətlə yetirilmişdir. Ərizəçidən oğlunun meyitini tanıması xahiş edilmişdir. Ərizəçinin oğlunun cəsədi qan içində idi və üzərində çoxlu qançır izləri var idi. Onun burnu sınmış və üz dərisinin bir hissəsi cırılmışdı.
65. Həmin günü həbs edilmiş digər mehmanxana işçisinin 2003-cü ilin 14 sentyabr tarixində Birləşmiş Krallığın məhkəmələrinə təqdim olunmaq üçün hazırlanmış şahid ifadəsində qeyd edilirdi ki, məhbuslar bazaya gətirilən kimi üzərilərinə başlıq keçirilmiş, gərgin vəziyyətdə qalmağa məcbur edilmiş, yumuruq və təpik zərbələri ilə döyülmüş, ərzaq və sudan məhrum edilmişlər. Tutulduqları dövrdə Baha Musa başqa bir otağa aparılmış və buradan onun çığırtı və inilti səsləri gəlmişdir.
66. Sonra 2003-cü ilin 15 sentyabr tarixində mehmanxana işçilərinin tutulduqları əməliyyatda iştirak etmiş briqada generalı Muura məlumat verilmişdir ki, Baha Musa ölmüş, digər tutulmuş şəxslər ilə isə kobud rəftar edilmişdir. Dərhal ölüm faktının araşdırılması üçün Xüsusi İstintaq Şöbəsinə müraciət olunmuşdur. Yerli xəstəxanalar tətil keçirdiklərindən Böyük Britaniyadan məhkəmə-tibb eksperti dəvət edilmişdir. Baha Musanın üzərində müəyyənləşdirilməsi mümkün olan 93 xəsarət izinin olduğu və boğulma nəticəsində öldüyü müəyyən edilmişdir. Digər səkkiz iraqlı ilə də qeyri-insani şəkildə rəftar edildiyi müəyyən edilmiş və bunlardan ikisinin xəstəxanada müalicəsinə ehtiyac duyulmuşdur. İstintaq 2004-cü ilin aprel ayının əvvəllərində başa çatdırılmış və hesabat hərbi hissənin komandanlığına təqdim olunmuşdur.
67. 2004-cü il 14 dekabr tarixində Bölmə Məhkəməsi müəyyən etmişdir ki, ərizəçinin oğlunun ölüm faktı ilə bağlı araşdırma səmərəli aparılmamışdır (aşağıda 77-ci bəndə bax). 2005-ci ilin 21 dekabr tarixində Apellyasiya Məhkəməsi yeni halların üzə çıxması ilə bağlı olaraq işin baxılması üçün yenidən Bölmə Məhkəməsinə qaytarılması barədə qərar qəbul etmişdir (aşağıda 81-ci bəndə bax).
68. 2005-ci ilin 19 iyul tarixində Baha Musanın ölümü ilə bağlı yeddi Britaniya əsgərinə qarşı ittiham irəli sürülmüşdür. 2006-cı ilin 19 sentyabrında hərbi məhkəmə icraatının başlanğıcında əsgərlərdən biri qeyri-insani rəftarda ifadə olunan müharibə cinayəti törətməkdə təqsirini etiraf etmiş, lakin qəsdən adam öldürmə cinayətində təqsirini etiraf etməmişdir. 2007-ci ilin 14 fevral tarixində yeddi əsgərdən dördü barədə ittihamlara xitam verilmiş, 2007-ci ili 13 mart tarixində isə digər iki əsgər də bəraət almışdır. 2007-ci ilin 30 aprel tarixində qeyri-insani rəftar etməkdə ittiham edilən əsgər iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ordudan tərxis olunmuşdur.
69. 2008-ci il 25 yanvar tarixində Müdafiə Nazirliyi iraqlı mülki şəxslər ilə kobud rəftar edilməsi və onların qətlə yetirilməsi, o cümlədən beşinci və altıncı ərizəçilərin oğullarının qətlə yetirilməsinin iddia olunduğu altı iş ilə bağlı briqada generalı Aytkenin Hesabatını (“Aytken Hesabatı”) dərc etmişdir.
70. Ərizəçi Müdafiə Nazirliyinə qarşı mülki iddia qaldırmışdır ki, bu da 2008-ci ilin iyulunda məsuliyyətin rəsmi və ictimai olaraq tanınması və 575000 Britaniya funt sterlinqi məbləğində kompensasiyanın ödənilməsi ilə nəticələnmişdir.
71. 2008-ci ilin 14 may tarixində parlamentə təqdim etdiyi yazılı bəyanatında Müdafiə naziri bildirmişdir ki, Baha Musanın ölümü ilə bağlı rəsmi araşdırma həyata keçiriləcəkdir. Araşdırmaya Apellyasiya Məhkəməsinin keçmiş hakimi sədrlik etmiş və onun qarşısına aşağıdakı vəzifə qoyulmuşdur:
“Baha Musanın ölümünə və onunla birlikdə tutulmuş şəxslərlə rəftara aid halları, hazırkı dövrə qədər həyata keçirilmiş istintaq işlərinin, xüsusilə saxlanma şəraitinə görə məsuliyyətin 1-ci batalyonun, Kral Lankaşir Alayının hər hansı üzvünün üzərinə qoyulduğu istintaq işlərinin nəticələrini nəzərə almaqla araşdırmaq, bu barədə hesabat hazırlamaq və tövsiyələr vermək.”
Bu qərar qəbul edildiyi tarixə kimi araşdırma qrupu şifahi dinləmələri başa çatdırmış, lakin hesabatını dərc etdirməmişdir.
F. İnsan Hüquqları Aktı əsasında ölkə daxilində həyata keçirilmiş proseslər
1. Bölmə Məhkəməsi
72. 2004-cü il 26 mart tarixində Müdafiə naziri 13 iraqlı mülki şəxsin, o cümlədən altı ərizəçinin qohumlarının ölüm faktları ilə bağlı müstəqil araşdırmanın aparılmaması, məsuliyyətin etiraf edilməməsi və təzminatın ödənilməməsinə dair qərar qəbul etmişdir.
73. 13 iddiaçı bu qərardan məhkəmə nəzarəti qaydasında şikayət edərək, ölüm faktları və bu faktlara dair hər hansı istintaqın həyata keçirilməsindən imtina edilməsinə dair Müdafiə nazirinin qərar qəbul etməsi nəticəsində Konvensiyanın 2-ci maddəsində (altıncı ərizəçi ilə bağlı eyni zamanda 3-cü maddədə) nəzərdə tutulmuş prosessual və maddi xarakterli öhdəliklərin pozulduğunun qət edilməsini xahiş etmişlər. 2004-cü ilin 11 may tarixində Bölmə Məhkəməsinin hakimi altı iş üzrə (o cümlədən birinci, ikinci, üçüncü, dördüncü və altıncı ərizəçilərin işləri) məhkəmə baxışının təyin edilməsi və digər yeddi iş üzrə (o cümlədən beşinci ərizəçinin işi) ilkin məsələlərin həll edilməsinə qədər işin baxılmamış saxlanılması barədə qərar qəbul etmişdir.
74. 2004-cü ilin 14 dekabr tarixində Bölmə Məhkəməsi ilk dörd ərizəçinin iddialarını rədd etmiş, lakin altıncı ərizəçinin iddiasını ([2004] EWHC 2911 (Admin)) qəbul etmişdir. Avropa Məhkəməsinin presedent hüququnu, xüsusilə “Bankoviç və Digərləri Belçika və Digərlərinə qarşı” işi üzrə Böyük Palatanın qərardadını (Banković and Others v. Belgium and Others [GC] (dec.), no. 52207/99, ECHR 2001-XII) nəzərdən keçirən məhkəmə belə qərara gəlmişdir ki, Konvensiyanın 1-ci maddəsi ilə nəzərdə tutulmuş yurisdiksiya müəyyən istisnaların olmasına baxmayaraq əsas etibarı ilə ərazi xarakteri daşıyır. Bu istisnalardan biri iştirakçı dövlətin öz ərazisindən kənarda yerləşən ərazi üzərində səmərəli nəzarətini həyata keçirməsi ilə bağlıdır. Yurisdiksiyanın bu əsası o zaman tətbiq olunur ki, Razılığa Gəlmiş Dövlətin ərazisi üzərində başqa Razılığa Gəlmiş Dövlət nəzarətini həyata keçirmiş olsun. Belə ki, Konvensiya əsas etibarı ilə yalnız özünün müəyyən regional sferasında qüvvədədir və bu sfera daxilində hər hansı vakuumun olmasına icazə vermir. Buna görə də yurisdiksiyanın bu əsası İraqa münasibətdə tətbiq oluna bilməz.
75. Razılığa Gələn Dövlətlərin nümayəndələrinin dünyanın istənilən yerində səlahiyyətlərini icra etmələri ilə bağlı əlavə bir istisna da mövcud idi. Lakin bu istisna beynəlxalq hüquq tərəfindən tanınmış xüsusi hallar ilə məhdudlaşmış və Məhkəmənin təcrübəsində belə hallara az rast gəlinmişdir. Məhkəmənin təcrübəsində bu qrup istisnalar ilə bağlı hər hansı ümumi əsaslandırmanı müəyyən etmək mümkün olmamışdır. Bununla belə, ayrıca kvazi-ərazi keyfiyyətinə malik məkanda və ya belə məkandan dövlət hakimiyyətinin həyata keçirildiyi, yaxud dövlətin xarici dövlətin ərazisində fəaliyyətinə həmin dövlət tərəfindən razılıq verildiyi və beynəlxalq hüquq ilə müdafiə olunduğu vəziyyətlərdə (səfirliklər, konsulluqlar, cavabdeh dövlətdə qeydiyyatdan keçmiş dəniz və hava gəmiləri) belə hallar ortaya çıxa bilər. İraqda bu dövlətin suveren hakimiyyət orqanlarının razılığı ilə fəaliyyət göstərən və içərisində həbs edilmiş şəxslərin olduğu Britaniya hərbi həbsxanası bu dar çərçivəli istisna ilə izah oluna bilər. “Öcalan Türkiyəyə qarşı” (Öcalan v. Turkey, no. 46221/99, 12 March 2003) işinin bu kateqoriyaya aid olub-olmadığı ilə bağlı mübahisələr mövcud idi, belə ki, ərizəçi Türkiyə hava gəmisində həbs edilmiş və dərhal Türkiyəyə aparılmışdır. Lakin Bölmə Məhkəməsi “Öcalan” işi üzrə Palata tərəfindən qəbul edilmiş qərarın “məsələyə aydınlıq gətirən” qərar olduğunu hesab etməmişdir. Belə ki, ərizənin qəbuledilənliyi məsələsinin müzakirə olunduğu mərhələdə Türkiyə yurisdiksiyanın olmaması ilə bağlı hər hansı etiraz qaldırmamışdır.
76. Buradan belə çıxırdı ki, ilk dörd ərizəçinin şikayət etdiyi işlərdə olduğu kimi ərazidə aparılan hərbi əməliyyatlar nəticəsində baş vermiş ölüm halları Konvensiyanın 1-ci maddəsi əsasında Birləşmiş Krallığın yurisdiksiyası altına düşmədiyi halda, altıncı ərizəçinin oğlunun Britaniyanın hərbi həbsxanasında ölümü faktına münasibətdə bu yurisdiksiya tətbiq olunur. Bölmə Məhkəməsi bundan başqa qərara gəlmişdir ki, bu məqsədlər üçün 1998-ci il tarixli İnsan Hüquqları Aktının tənzimləmə predmeti Konvensiyanın predmeti ilə eynidir.
77. Məhkəmə belə qərara gəlmişdir ki, altıncı ərizəçinin oğlu ilə bağlı Konvensiyanın 2-ci və 3-cü maddələrində nəzərdə tutulmuş istintaq aparılması vəzifəsi pozulmuşdur. Belə ki, 2004-cü ilin iyul ayına, yəni qətlin baş verməsindən on ay müddət keçməsinə qədər istintaq tam həyata keçirilməmişdi və həyata keçirilmiş istintaq hərəkətlərinin nəticələri belə hələ də məlum deyildi. Hakim qeyd etmişdir:
“329. ...Həmin zaman İraqda istintaqın həyata keçirilməsi qarşısında duran çətinliklər – iraqlıların dindirilməsi üçün evlərinə getmək ilə bağlı əsas təhlükəsizlik problemləri, tərcüməçilərin olmaması, mədəniyyətdəki fərqlər, maddi-texniki avadanlıq ilə bağlı problemlər, qeydiyyatın aparılmaması və digərləri – ilə əlaqədar kifayət qədər ümumi xarakterli sübutların mövcud olmasına baxmayaraq, Xüsusi İstintaq Şöbəsinin hesabatının nəticələrinə dair əlavə izah verilmədiyi təqdirdə, bu çətinliklərin İraqın magistral və ya kiçik yollarında deyil, Britaniya silahlı qüvvələrinin nəzarəti altında olan hərbi həbsxanada baş vermiş ölüm hadisəsinə nə qədər aidiyyəti olduğunu anlamaq mümkün deyil....
330. Kapitan Loqan tanıma prosesinin həyata keçirilməsinin maddi-texniki cəhətdən çətin olduğunu, tutulmuş şəxslərin başqa yerə aparıldıqlarını və bəzi hərbçi şahidlərin Birləşmiş Krallığa qayıtdıqlarını desə də, eyni zamanda bu problemlərin sadəcə prosesi təxirə saldığını, onun “qənaətbəxş” şəkildə həyata keçirilməsinə mane olmadığını bildirmişdir....İstintaq prosesinin belə gec aparıldığını izah etmək üçün qarşımızda başqa heç nə yoxdur. Bu vəziyyətin ABŞ silahlı qüvvələrinin nəzarətində olan həbsxanalarda törədilən hüquq pozuntularının istintaqı ilə bağlı əldə edilən tərəqqi və bu istintaq üzərində həyata keçirilən ictimai nəzarət ilə müqayisə edilməsi mümkün deyil. Xüsusi İstintaq Şöbəsinin hesabatına gəlincə, mövcud sübutlar göstərir ki, burada baş vermiş və ya gələcəkdə baş verə biləcək hadisələr ilə bağlı faktlara və ya əldə olunmuş nəticələrə dair qərarlar yoxdur.
331. Belə vəziyyətdə biz istintaqın Konvensiyanın 2-ci maddəsindən irəli gələn prosessual vəzifələr baxımından adekvat olmasına dair Hökumətin vəkilinin dəlillərini qəbul edə bilmərik. Xüsusi İstintaq Şöbəsinin iyerarxiya və təcrübə baxımından əsgərlərinin istintaq altında olduğu hərbi hissədən müstəqil olması ilə əlaqədar olaraq istintaq prosesinin heç bir qurumdan asılılığın olmadığı bir şəraitdə aparıldığını demək mümkün olsa da (bizim bununla bağlı müəyyən şübhələrimiz var, belə ki, Xüsusi İstintaq Şöbəsi istintaq ilə bağlı hərbi hissə komandanlığına hesabat verir), istintaqın gecikdirmə olmadan, açıq və ya səmərəli aparıldığını demək çətindir.”
Digər beş ölüm hadisəsi ilə bağlı hakim hesab etmişdir ki, əgər yurisdiksiya məsələsi ilə bağlı mülahizələri yanlış olarsa və iddialar Konvensiyanın tənzimləmə predmeti altına düşürsə, onda aşağıdakı səbəblərə görə 2-ci maddədə nəzərdə tutulmuş istintaq aparmaq vəzifəsi pozulmuşdur:
“337....cənab Musanın işində olduğu kimi bu işlərdə də Birləşmiş Krallığın hakimiyyət orqanları Konvensiya müddəalarının tətbiq edilmədiyi qənaətində olmuşlar. Belə ki, hər bir işdə ümumi təcrübə olduğu üçün istintaq hərəkətləri keçirilsə də, bu, işdə marağı olan hərbi hissə tərəfindən edilmişdir. Yalnız cənab Valid Muzban ilə bağlı dördüncü işdə Xüsusi İstintaq Şöbəsi araşdırmanın aparılmasına cəlb olunmuş, bu iş üzrə də materiallara Birləşmiş Krallıqda yenidən baxılmasından sonra o, təzələnməmişdən öncə (dəqiq tarixi məlum deyil) şöbə işə baxmaqdan imtina etmişdir. Buna görə də bu işlər üzrə aparılmış istintaqlar müstəqil olmamışdır. Onlar eyni zamanda səmərəli olmamışdır. Belə ki, bu işlər üzrə istintaq əsasən hadisədə iştirak etmiş əsgərlərin özlərinin ifadələri (hətta bəzən bu dindirmələr və ya şahid ifadələri qeyri-kafi olsa belə) üzərində qurulmuş nisbətən səthi, eyni zamanda birtərəfli hərəkətlərdən ibarət olmuş və iş üzrə ballistik və ya məhkəmə-tibb ekspertizaları keçirilməmişdir.
...
339. Bu işlərlə bağlı Hökumətin vəkilinin əsas dəlili ondan ibarət olmuşdur ki, ərazidəki əməliyyat şəraiti və istintaqdan sonrakı hadisələr ilə bağlı son dərəcə çətin vəziyyətdə ordu və hakimiyyət orqanları mümkün olan hər şeyi etmişdir. O, irəli sürdüyü dəlil ilə bağlı bir sıra aspektləri xüsusilə vurğulamışdır. Vəkil bildirmişdir ki, İraqda qanunun aliliyi mövcud olmamış, işğalın başlanğıcında ümumiyyətlə polis fəaliyyət göstərməmiş və ya bu fəaliyyət ən yaxşı halda tamamilə qeyri-adekvat olmuş, həmçinin ona qarşı daimi hücumlar edilmişdir. Eyni zamanda İraqda məhkəmələr fəaliyyət göstərsə də, daim hədələrə məruz qalmışlar, ölkədə mülki istintaq sistemi və ya belə istintaqın aparılması üçün imkan olmamışdır. Bununla yanaşı, yerli kommunikasiya sistemləri işləmirdi, meyitxana və ya meyitin yarılması üçün hər hansı sistem, etibarlı məhkəmə-tibb eksperti yox idi, təhlükəsizlik ilə bağlı vəziyyət mətanətli əsgərlərin üzləşdikləri ən pis vəziyyət idi, tayfalararası və cinayətkar qruplar arasında gündə toqquşmalar baş verirdi, qoşun sayı az idi. Mədəniyyətdəki fərqlər bütün bu çətinlikləri bir qədər ağırlaşdırırdı.
340. Biz bu çətinlikləri diqqətə alırıq, belə ki, birlikdə onlar istintaq hərəkətlərini aparmalı olan şəxslərin bu hərəkətləri istədiyi kimi yerinə yetirməsinə ciddi maneələr törədə bilər. Bununla belə, ərizəçinin vəkilinin Türkiyə işinə istinad edərək təhlükəsizlik ilə bağlı problemlərin 2-ci maddədə nəzərdə tutulmuş istintaq aparmaq vəzifəsinin icrasına haqq qazandırmadığına dair dəlilindən asılı olmayaraq belə bir nəticəyə gəlirik ki, həyata keçirilmiş bu istintaq işləri qəbuledilməzdir. Onlar müstəqil surətdə aparılmamış, birtərəfli olmuşdur. Müvafiq komandirlər 2-ci maddənin tələblərinə əməl olunması üçün əllərindən gələni etməmişlər.
341. Lakin bu o demək deyil ki, digər hallarda biz vəziyyətin strateji çətinliklərinə məhəl qoymayacağıq. Türkiyəyə aid işlərin hamısı dövlətin öz ərazisində baş vermiş ölüm halları ilə bağlıdır. Bu kontekstdə Avropa Məhkəməsi dövlətin istintaqın həyata keçirilməsi üçün seçdiyi yolda üzləşdiyi çətinliklər ilə bağlı kifayət qədər skeptik mövqe tuta bilər. Hesab edirik ki, belə skeptik yanaşma asan şəkildə ekstraterritorial ərazilərdə baş verən hadisələr üzərinə keçirilə bilməz....”
2. Apellyasiya Məhkəməsi
78. İlk dörd ərizəçi qohumlarının ölüm faktlarının Birləşmiş Krallığın yurisdiksiyası altına düşmədiyi ilə bağlı Bölmə Məhkəməsi tərəfindən qəbul edilmiş qərardan apellyasiya şikayəti vermişdir. Eyni zamanda dövlət katibi dördüncü ərizəçinin oğlu ilə bağlı qəbul edilmiş qərardan qarşılıqlı apellyasiya şikayəti vermişdir. O, Britaniya əsgərlərinin İraqdakı hərbi həbsxanada saxlanılmış iraqlının Konvensiyanın 1-ci maddəsinə əsasən Birləşmiş Krallığın yurisdiksiyası altına düşməsini Apellyasiya Məhkəməsində qəbul etsə də, bildirmişdir ki, İnsan Hüquqları Aktı ekstraterritorial qüvvəyə malik deyil və buna görə də altıncı ərizəçinin iddiasına milli məhkəmələr tərəfindən baxıla bilməzdi.
79. 2005-ci il 21 dekabr tarixində Apellyasiya Məhkəməsi apellyasiya şikayətlərini və qarşılıqlı apellyasiya şikayətini təmin etməmişdir ([2005] EWCA Civ 1609). Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş yurisdiksiya məsələsi ilə bağlı Məhkəmənin presedent hüququnu nəzərdən keçirən lord-hakim Bruk (o, əsas qərarı qəbul etmişdir) qərara gəlmişdir ki, dövlət iddiaçı üzərində nəzarətini və hakimiyyətini tətbiq edən zaman (o, bunu “dövlət nümayəndəsinin hakimiyyəti”, qısaca DNH adlandırırdı) və öz sərhədlərinin hüdudlarından kənarda yerləşən ərazi üzərində səmərəli nəzarətə malik olduğu təqdirdə (“ərazi üzərində səmərəli nəzarət” və ya “ƏSN”) ekstraterritorial yurisdiksiyanı həyata keçirə bilər. Qərarın 80-ci maddəsində qeyd edilirdi:
“80. Buna görə də “Bankoviç” işi üzrə qərardada yanaşmada mən Bölmə Məhkəməsi ilə müqayisədə daha ehtiyatlı olacağam. Mənə belə görünür ki, bu qərar ekstraterritorial yurisdiksiya məsələsinə yanaşmada DNH və ƏSN yanaşmalarının hər ikisini açıq saxlamaqla yanaşı, vurğulayır ki (60-cı bənd), DNH yanaşması başqa bir dövlətin suverenliyinin pozulması hesab oluna bilsə də (misal üçün, hər hansı bir şəxs dövlətin nümayəndələri tərəfindən başqa bir dövlətin ərazisində sonuncunun dəvəti və ya razılığı olmadan oğurlanırsa), ekstraterritorial yurisdiksiyanın beynəlxalq müqavilənin mənasında həyata keçirildiyinin hər hansı bir formada tanınması məsələsinə ehtiyatla yanaşılmalıdır.”
O, inter alia, “Öcalan Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın qərarını (Öcalan v. Turkey [GC], no. 46221/99, ECHR 2005-IV), “Freda İtaliyaya qaşı” işi üzrə qərardadı (Freda v. Italy, (dec.), no. 8916/80, Commission decision of 7 October 1980, Decisions and Reports (DR) 21, p. 250) və “Sançez Ramirez Fransaya qarşı” işi üzrə qərardadı (Sánchez Ramirez v. France, (dec.), no. 28780/95, Commission decision of 24 June 1996, DR 86-A, p. 155) nəzərdən keçirmiş və belə qərara gəlmişdir ki, bu işlərin bir dövlətdə qeydiyyatdan keçmiş hava gəmisinin başqa bir dövlətin ərazisi üzərindən uçan zaman içərisində baş verən hərəkətlərə dair ümumi beynəlxalq hüququn prinsipi ilə heç bir əlaqəsi yoxdur. Bunun əksinə, bu işlərdə yurisdiksiya ilə bağlı gəlinmiş nəticələr şəxsin hətta Avropa Şurasının hüquqi ərazisindən kənarda və qəbul edən dövlətin öz ərazisində nəzarət və hakimiyyətin həyata keçirilməsinə razı olub-olmamasından asılı olmayaraq Razılığa Gələn Dövlətin nümayəndələrinin nəzarəti və hakimiyyətinin altında olduğu hallarda “dövlət nümayəndəsinin hakimiyyəti” doktrinasının tətbiqinə dair nümunələri ehtiva etmişdir. Müvafiq prinsipləri işin faktlarına tətbiq edərək o belə bir nəticəyə gəlmişdir ki, altıncı ərizəçinin oğlu mehmanxanada tutulduğu andan Birləşmiş Krallığın nəzarəti və hakimiyyəti və beləliklə, yurisdiksiyası altında olmuşdur. Digər iddiaçıların qohumları qətlə yetirilən zaman Britaniya qoşunlarının nəzarəti və hakimiyyəti, beləliklə də, Birləşmiş Krallığın yurisdiksiyası altında olmamışlar. Bununla bağlı gəldiyi nəticəsində o bildirmişdir:
“110. ...Qərarımda asan başa düşülən qaydaların təsbit edilməsi vacibdir. Əgər qoşunlar həs hansı şəxsin azadlığını qəsdən və faktiki olaraq məhdudlaşdırırlarsa, həmin şəxs qoşunların nəzarəti altına düşür. Beş işdən heç birində belə vəziyyət mövcud olmamışdır.”
80. Sonra o, faktlar əsasında Britaniya qoşunlarının sözü gedən vaxtda Bəsrə üzərində səmərəli nəzarəti həyata keçirib-keçirmədiyi, beləliklə də “ərazi üzərində səmərəli nəzarət” yurisdiksiyasının Birləşmiş Krallığa aid edilə bilib-bilinməməsi məsələsini araşdırmışdır. Bu məsələ ilə bağlı lord-hakim Bruk aşağıdakı nəticəyə gəlmişdir:
“119. Bəsrə şəhəri Müvəqqəti Koalisiya Administrasiyasının nəzarəti altına olan regionda bir ərazi idi və “Cənub MKA” adlanırdı. Hərbi işğal vaxtı Birləşmiş Krallıq Cənub MKA üzərində kifayət qədər hakimiyyətə malik idi və bu əraziyə görə məsuliyyət daşıyırdı. Buna baxmayaraq onun heyəti beş müxtəlif ölkəni təmsil edirdi və 2003-cü ilin iyul ayına qədər regional əlaqələndirici funksiyasını Danimarka vətəndaşı həyata keçirirdi. Əlbəttə, Cənub MKA-da idarəçiliyi həyata keçirən heyətlərdən yalnız birinə Britaniyalı əlaqələndirici rəhbərlik edirdi. Bununla belə, İraqdakı Britaniya qoşunlarının tabe olduqları son instansiya ABŞ generalı olsa da, Əl Bəsrə və Meysan əyalətləri Britaniya hərbçilərinin birbaşa məsuliyyət daşıdıqları ərazilər idi. Artıq qeyd etdiyim kimi, dövlət katibi qəbul edir ki, Birləşmiş Krallıq ən azından Britaniya qoşunlarının bu məqsədlə hakimiyyətini kifayət qədər həyata keçirdiyi İraqın cənub ərazilərində, xüsusilə Bəsrə şəhərində Haaqa Qaydalarının 42-ci maddəsinə əsasən işğalçı dövlət idi.
120. Lakin Haaqa Qaydaları əsasında statusun necə olmasından asılı olmayaraq bu məhkəmə ƏSN məqsədləri üçün Britaniya qoşunlarının Bəsrə şəhəri üzərində səmərəli nəzarəti həyata keçirib-keçirilmədiyini müəyyən etməlidir. 2003-cü ilin avqust-noyabr aylarında mövcud olan vəziyyət Strasburq Məhkəməsinin presedent hüququnda rast gəlinən şimali Kipr və Moldovanın Rusiya tərəfindən işğal edilmiş hissəsi ilə bağlı vəziyyətlərdən əsaslı surətdə fərqlənir. Bu işlərdən hər birində razılığa gələn dövlətin ərazisi digər razılığa gələn dövlət tərəfindən uzun müddət nəzarəti həyata keçirmək məqsədilə işğal edilmişdir. Bu ərazilərin mülki administrasiyası işğalçı dövlətin nəzarəti altında idi və o, ərazidəki nəzarətinin səmərəliliyini təmin etmək üçün burada kifayət qədər qoşun yerləşdirmişdi.
121. 2003-cü ilin may-noyabr aylarında Bəsrə ərazisində Britaniya qüvvələrinə komandirlik etmiş briqada generalı Muurun bəyanatında isə tamamilə fərqli vəziyyət təsvir edilir. Briqadasının Bəsrə şəhəri üzərində səmərəli nəzarət həyata keçirməsi üçün o, demək olar ki, kifayət qədər qoşun və digər vasitələr ilə təchiz olunmamışdı....O, yerli polisin qanunun təmin edilməsində gücsüzlüyünü təsvir edirdi. Britaniya qoşunları kimisə həbs edib İraq polisinə təhvil verdikdə, polis onun işini məhkəməyə verirdi. Hakimlər isə yerli tayfaların hədə-qorxusu ilə üzləşdiklərindən cinayətkarlar bir-iki gündən sonra artıq yenidən azadlıqda olurdular. Bu vəziyyət britaniyalılarda yerli cinayət mühakimə sisteminə qarşı inamsızlıq yaradırdı. Bu, həmçinin yerli əhalinin onlara inamını zəiflədirdi. Britaniya qoşunları hakimlərin yerlərdə müdafiəsini təmin etsələr də, bu, vəziyyəti çox az dəyişirdi. Həbsxanalar öz növbəsində zəif fəaliyyət göstərirdi.
122. Yalnız nisbətən az sayda Britaniya hərbçilərinin böyük bir şəhərdə polis funksiyasını bacardıqları qədər yaxşı şəkildə yerinə yetirməyə çalışdığı kifayət qədər dəyişkən vəziyyətin digər aspektlərini təsvir etdikdən sonra briqada generalı Muur qeyd etmişdir:
“Terrorçu fəaliyyətin həyata keçirilməsi, vəziyyətin dəyişkən olması və İraqın təhlükəsizlik qüvvələrinin səmərəsiz fəaliyyəti birlikdə o demək idi ki, burada olduğumuz müddət ərzində təhlükəsizlik ilə bağlı vəziyyət əsas etibarı ilə uçurumun astanasında idi”. Kifayət qədər gərgin işləməyimizə və əlimizdən gələn səyi göstərdiyimizə baxmayaraq, 2003-cü ilin avqustun sonunda hiss edirdim ki, dərin uçurumun bir addımında dayanmışıq. Yalnız kömək üçün əlavə qüvvələr göndərildikdən və biz bəzi islam dövlətlərindən kəşfiyyat məlumatları əldə etməyə başladıqdan sonra yenidən təşəbbüsü öz əlimə aldım.”
123. Şimali Kiprdəki Türkiyə ordusundan fərqli olaraq Britaniya ordusu İraqın mülki administrasiyası üzərində heç bir nəzarət həyata keçirmirdi....
124. Birləşmiş Krallıq Haaqa Qaydalarının və IV Cenevrə Konvensiyasının məqsədlərinə görə işğalçı dövlət olsa da, onun mübahisə predmetinin meydana çıxdığı zaman İHAM-ın məqsədləri üçün Bəsrə şəhərində səmərəli nəzarəti həyata keçirdiyinin mənim qərarımda təsbit edilməsi tamamilə qeyri-mümkündür. Əgər o, belə bir nəzarəti həyata keçirsəydi, “Bankoviç” işi üzrə qərardada uyğun olaraq Bəsrə şəhərində hər bir şəxsin İHAK ilə təsbit edilmiş hüquq və azadlıqlardan istifadə etməsini təmin etməyə borclu idi. Bu mülahizənin nə qədər qeyri-real olduğunu görmək üçün onu yürütmək lazımdır. Birləşmiş Krallıq Bəsrə şəhərində silahlı qüvvələrinə verilmiş məhdud hakimiyyətdən savayı hər hansı icra, qanunvericilik və ya məhkəmə hakimiyyətinə malik deyildi və işğalçı dövlət kimi o, buna mütləq maneçilik olmayana qədər İraqda qüvvədə olan qanunlara əməl etməli idi (Haaqa Qaydalarının 43-cü maddəsinə bax). Bu, mülki sahədə səlahiyyətlərə bərabər tutula bilməzdi: o, burada sadəcə təhlükəsizliyi qorumaq və İraqın mülki administrasiyasına bir sıra müxtəlif vasitələrlə dəstək vermək üçün fəaliyyət göstərirdi...”
Bu məsələ ilə bağlı lord-hakim Sedli qeyd etmişdir:
“194. Bir tərəfdən, başqa bir dövlətin mülki hakimiyyət orqanlarını zorla didərgin etmiş və buraxmış dövlətin həddən az nəzarətə malik olduğu üçün işğalçı dövlət kimi əhalinin əsas hüquqlarının təmin edilməsinə görə məsuliyyət daşımağını deməsi düzgün deyil...Bununla belə, fakt da ondan ibarətdir ki, o, belə məsuliyyəti daşıya bilməz. Ölkə ərazisinə daxil olma özü ilə mülki hakimiyyət orqanlarının boşluğunu gətirmişdi və Britaniya qüvvələri bu boşluğu doldura bilməmişlər və hələ də doldura bilmirlər. Məhkəmənin malik olduğu sübutlar onu deməyə əsas verir ki, ən azından 2003-cü ilin ortalarından 2004-cü ilin ortalarına qədər onları anarxiyadan zəif bir tel ayırırdı.”
81. Apellyasiya Məhkəməsi yekdilliklə qərara gəlmişdir ki, “dövlət nümayəndəsinin hakimiyyəti” istisnasının təsiri dairəsinə düşən altıncı ərizəçinin oğlunun ölüm faktından savayı digər işlər ilə bağlı Birləşmiş Krallıq Konvensiyanın 1-ci maddəsinin mənasında yurisdiksiyaya malik olmamışdır. Məhkəmə qərara almışdır ki, altıncı ərizəçinin iddiası həmçinin 1998-ci il tarixli İnsan Hüquqları Aktının təsiri dairəsinə düşür. İşə Bölmə Məhkəməsi tərəfindən baxıldıqdan sonra altıncı ərizəçinin oğlunun ölüm faktının istintaqı ilə bağlı bir çox məlumatlar, o cümlədən bir sıra əsgərlər barəsində hərbi məhkəmə proseslərinin keçiriləcəyi barədə informasiya ortaya çıxmışdır. Buna görə də Apellyasiya Məhkəməsi hərbi məhkəmə proseslərinin başa çatmasından sonra adekvat istintaqın aparılıb-aparılmadığı məsələsinə yenidən baxılması üçün işi Bölmə Məhkəməsinə göndərmişdir.
82. Yurisdiksiya ilə bağlı gəldiyi nəticəyə baxmayaraq, lord-hakim Bruk Hökumətin açıq xahişi ilə ölüm faktları ilə bağlı aparılmış istintaq işlərinin adekvat olub-olmaması məsələsinə dair aşağıdakı qeydlərini etmişdir:
“139. Hər şeydən öncə, Konvensiyanın ilk iki maddəsi sadəcə olaraq bütün Avropa ölkələrinin hər bir insanın həyatına önəm verilməsi məsələsinə dair çağdaş narahatçılığını ifadə edir....Deməyə heç bir ehtiyac yoxdur ki, çoxdan bərqərar olmuş bu beynəlxalq insan hüquqları standartları digər məsələlər ilə yanaşı Kral Hərbi Polisinin İraqda mövcud olduğundan daha artıq vasitələrə malik olmasını və istintaq işinin hərbi komandanlıq sistemindən tam ayrı olmasını tələb edir.
140. Başqa sözlə, beynəlxalq standartlara əməl edilməsi üçün insanın həyatından Britaniya silahlı qüvvələri tərəfindən məhrum edildiyi insidentlərin istintaqının aparılması vəzifəsi tamamilə hərbi komandanlıq sistemindən alınmalı və Kral Hərbi Polisinə verilməli idi. Müstəqillik o zaman mövcud olmuş olardı ki, Kral Hərbi Polisi istintaqa başlanması və ona xitam verilməsi barədə özü sərbəst şəkildə qərar qəbul edər və ilk növbədə hərbi instansiyalara deyil, Ordu Prokurorluğuna hesabat verərdi. Yalnız bundan sonra o, səmərəli istintaq həyata keçirə bilərdi və bu istintaqın həyata keçirilməsinə mənim istinad etdiyim İHAM-ın məhkəmə təcrübəsi kömək etmiş olardı. Kral Hərbi Polisinin bu rolu yerinə yetirəcəyi və həmçinin istintaq işlərini tələb olunduğu kimi hərtərəfli şəkildə aparmaq üçün təlim görəcəyi təqdirdə, bu işdə olan sübutların ortaya çıxardığı bir çox çatışmazlıqlar aradan qaldırıla bilərdi.”
3. Lordlar Palatası
83. İlk dörd ərizəçi Apellyasiya Məhkəməsinin qərarından Lordlar Palatasına şikayət, dövlət katibi isə qarşılıqlı şikayət təqdim etmişdir. Lordlar Palatası iş üzrə qərarını 2007-ci il 13 iyun tarixində qəbul etmişdir ([2007] UKHL 26). Lordlar Palatası üzvlərinin əksəriyyəti (Örlsferridən Lord Rocer (Lord Rodger of Earlsferry), Riçmonddan Baronessa Heyl (Baroness Hale of Richmond), Lord Karsuel və İiton-andə-Heyvuddan Lord Braun (Lord Brown of Eaton-under-Heywood)) qərara gəlmişlər ki, 1998-i il tarixli İnsan Hüquqları Aktının ümumi məqsədi Konvensiyada nəzərdə tutulmuş hüquqların ölkə daxilində müdafiəsi üçün vasitələrin təsbit edilməsi idi və buna görə də 1998-ci il aktı elə təfsir edilməlidir ki, Konvensiyanın 1-ci maddəsi əsasında Birləşmiş Krallığın yurisdiksiyaya malik olduğu bütün ərazilərdə tətbiq olunsun. Kornhildən Lord Binqəm (Lord Bingham of Cornhill) xüsusi rəydə qalaraq İnsan Hüquqları Aktının ekstraterritorial qüvvəyə malik olmadığını bildirmişdir.
84. İlk dörd ərizəçinin şikayəti ilə bağlı Lordlar Palatasının üzvlərinin əksəriyyəti belə qərara gəlmişlər ki, Birləşmiş Krallıq ölüm faktları ilə bağlı yurisdiksiyaya malik deyildi. İnsan Hüquqları Aktının ekstraterritorial qüvvəyə malik olmadığı ilə bağlı rəyini bildirdiyinə görə Lord Binqəm Birləşmiş Krallığın yurisdiksiyasını Konvensiyanın 1-ci maddəsinin mənasında həyata keçirib-keçirmədiyi məsələsinə dair mövqeyini ifadə etməyi faydalı hesab etməmişdir.
85. Əksəriyyətin mövqeyi ilə razılaşdığı Lord Braun ilk növbədə qeyd etmişdir ki, Konvensiyanın 1-ci maddəsinin təfsiri və tətbiqi qaydası son olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Belə ki, milli məhkəmənin vəzifəsi yalnız Avropa Məhkəməsinin presedent hüququnu təqib etməkdir. Milli məhkəmənin Konvensiyanı geniş şəkildə ərizəçinin xeyrinə təfsir etməsi qorxusu var idi, belə ki, cavabdeh dövlətin bu iş ilə bağlı Avropa Məhkəməsinə müraciət etmək imkanı yox idi. Lord Braun istinad mənbəyi kimi Böyük Palatanın yuxarıda qeyd edilmiş “Bankoviç” işi üzrə qərardadını götürmüşdür. O, bu qərarı “Strasburqun məhkəmə təcrübəsinin yenidən qiymətləndirilməsi üçün dönüş nöqtəsi qismində çıxış edən qərar” kimi təsvir etmişdir. O hesab etmişdir ki, “Bankoviç” işi üzrə qərardaddan aşağıdakı mühakimələri yürütmək olar (Lordlar Palatasının qərarının 109-cu bəndi):
“(1) 1-ci maddə “əsasən ərazi yurisdiksiyası anlayışını” əks etdirir (bu ifadə Avropa Məhkəməsinin qərarında bir neçə dəfə təkrar edilmişdir), yurisdiksiyanın digər əsasları müstəsna xarakter daşıyır və hər bir işin konkret hallarında xüsusi əsaslandırmanı tələb edir (61-ci bənd). Konvensiya 56-cı maddənin tələbləri nəzərə alınmaqla “başlıca olaraq regional kontekstdə və xüsusilə, razılığa gələn dövlətin hüquqi sferasında (espace juridique), başqa sözlə Avropa Şurasının üzvü olan ölkələrin əraziləri hüdudunda tətbiq olunur (80-ci bənd).”
(2) Məhkəmə “normal olaraq ərazinin Konvensiyanın tətbiqi dairəsinə düşməli olduğu” (yəni, Avropa Şurasının üzvü olan dövlətin ərazisində) (80-ci bənd) və sakinlərin (Şimali Kiprdəki kimi) “Konvensiyada nəzərdə tutulmuş və əvvəllər istifadə etdikləri təminatların və sistemin verdiyi faydalardan yararlanmaq imkanından məhrum olunduqları” (80-ci bənd) hallarda “insan hüquqlarının müdafiəsi sistemində vakuumun yaranmasına imkan verməmək” üçün 1-ci maddədə təsbit edilmiş yurisdiksiyanı tanıyır.
(3) Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqlar “bölünə və ya vəziyyətə uyğunlaşdırıla” bilməz (75-ci bənd).
(4) Məhkəmə aşağıdakı hallarda dövlətin ekstraterritorial yurisdiksiyasını həyata keçirdiyini tanıyır:
(i) Dövlət “hərbi işğal nəticəsində və ya ərazinin mənsub olduğu hökumətin açıq və ya susmaqla ifadə olunan razılığı, yaxud dəvəti ilə müvafiq xarici dövlətin ərazisi və ya onun əhalisi üzərində səmərəli nəzarəti həyata keçirməklə burada normal şəraitdə həmin ərazinin mənsub olduğu hökumət tərəfindən yerinə yetirilən dövlət səlahiyyətlərinin hamısını və ya bir qismini həyata keçirirsə” (71-ci bənd) (əks halda, həmin ölkənin hökuməti “Konvensiya ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyindən” (80-ci bənd) (Şimali Kiprdə olduğu kimi) Avropa Şurasına daxil olan ölkə ərazisində hüquqi vakuum mövcud olacaq).
(ii) “Beynəlxalq adət və müqavilə hüququ normaları ekstraterritorial yurisdiksiyanın həyata keçirilməsini mümkün hesab edərsə, dövlətin diplomatik nümayəndəliyinin və konsulluğunun əməkdaşlarının fəaliyyəti və ya bu dövlətdə qeydiyyatdan keçmiş, yaxud onun bayrağı altında üzən hava və ya dəniz gəmilərində edilən hərəkətlər ilə bağlı hallar” (73-cü bənd).
(iii) “Dövlətin öz ərazisindən kənarda həyata keçirdiyi və ya burada nəticə doğurduğu hərəkətləri ilə bağlı prinrip etibarı yarana bilən” məsuliyyətinə dair bəzi digər işlər (69-cu bənd). “Bankoviç” işində ümumi qaydadan bu istisnaya dair misal kimi yalnız bir mənbəyə, “Drozd Fransaya qarşı” (Drozd v France (1992) 14 EHRR 745 (at para 91)) işi üzrə qəbul edilmiş qərara istinad edilmişdir. Lakin “Drozd” işində mühakimə yürüdülmüşdür ki, əgər Fransalı hakim bu qisimdə Andorra ərazisində ekstraterritorial yurisdiksiyanı həyata keçirirsə, həmin hakim tərəfindən Konvensiyada nəzərdə tutulmuş hüquqların pozulması ilə bağlı şikayət edən istənilən şəxsə Fransanın yurisdiksiyası altında olan şəxs kimi baxılacaq.
(iv) “Soerinq Birləşmiş Krallığa qarşı” (The Soering v United Kingdom (1989) 11 EHRR 439) işi üzrə qərarında Məhkəmə qeyd etmişdir ki, bu işdə maraqlı şəxs “dövlətin ərazisində olmuş, açıq şəkildə onun yurisdiksiyası altına düşmüş (68-ci bənd) və buna görə də burada dövlətin yurisdiksiyasını xaricdə icra etməsi ilə bağlı məsələ yaranmamışdır.”
Lord Braun tərəfindən istinad edilmiş Öcalan, Freda və Sançez Ramirez işlərində (yuxarıda qeyd edilmişdir) ərizəçilər cavabdeh dövlətin ərazisində məhkəməyə təqdim edilmək məqsədilə zorla, xarici hakimiyyət orqanları ilə əməkdaşlıq edilməklə ölkədən Avropa Şurasının hüdudları xaricinə çıxarılmışlar. O qeyd etmişdir ki, “qanunsuz ekstradisiya” ilə bağlı bu işlər “Bankoviç” işində açıq şəkildə 1-ci maddəyə uyğun olaraq ekstraterritorial yurisdiksiyanın həyata keçirilməsi üçün “xüsusi əsas” kimi göstərilən “müstəsna” işlər kateqoriyasına daxildir. O, ilk dörd ərizəçinin işinin Avropa Məhkəməsi tərəfindən tanınmış ərazi prinsipinə istisnalardan hər hansı birinə aid olması qənaətinə gəlməmişdir.
86. Lord Braun sonra ərizəçilərin istinad etdikləri “İssa və Digərləri Türkiyəyə qarşı” (Issa and Others v. Turkey, no. 31821/96, § 71, 16 November 2004) işini nəzərdən keçirərək qeyd etmişdir:
“127. Əgər “İssa” işində 1-ci maddədə nəzərdə tutulmuş yurisdiksiyanın ərizəçilər tərəfindən iddia olunan daha geniş anlayışına dəstək verilirsə, mən bunu qəbul edə bilmərəm. İlk növbədə əsas kimi götürülən ifadələr obiter dicta hesab edilməlidir. İkincisi, artıq izah edildiyi kimi yurisdiksiyanın belə geniş anlayışı yuxarıda istinad edilmiş qərarlarda dəstəklənmir (hər bir halda bu qərarlar Böyük Palata tərəfindən “Bankoviç” işində işə aidiyyəti olan qərarlar kimi qəbul edilmişdir). Üçüncüsü, yurisdiksiyanın belə geniş anlayışı istər “Bankoviç” işi üzrə qərardadın əsaslandırma hissəsi, istərsə də onun nəticələrinə ziddiyyət təşkil edəcəkdir. Ya da bu, səmərəli nəzarət prinsipini Avropa Şurasının ərazisindən kənarda yerləşən (artıq göründüyü kimi bu prinsip əvvəllər yalnız Şimali Kipr, Gürcüstanın Acariya Muxtar Respublikası və Dnestryanıya münasibətdə tətbiq olunmuşdur) İraqa (“Bankoviç” işində nəzərdən keçirilmiş Yuqoslaviya Federativ Respublikası kimi) aid edəcək və bununla da Məhkəmənin 56-cı maddə ilə bağlı presedent hüququnun qaçılmaz məntiqinə ziddiyyət təşkil edəcək. Eyni zamanda o, ekstraterritoriallığı dövlətin “hakimiyyəti və nəzarəti” altında olan ərazilərə qədər genişləndirməklə yurisdiksiya konsepsiyasının alt-üst edilməsinə gətirib çıxarar. Yuxarıda xülasəsini verdiyim dar kateqoriyalı müəyyən işlərin müstəsna xarakterə malik olduğunu qəbul etmək məsələnin bir tərəfidir. Lakin razılığa gələn dövlətin nümayəndələri vasitəsilə ölkə xaricində fəaliyyət (hərbi və ya digər) göstərdiyi zaman belə fəaliyyətin barələrində nəticələr doğurduğu şəxslərin 1-ci maddədə nəzərdə tutulmuş yurisdiksiyanın altına düşmələrini qəbul etmək tamamilə başqa bir məsələ olardı. Belə bir mülahizənin təsdiq edilməsi bütünlükdə böyük nəticələr doğura bilər. Bu, “Bankoviç” işində qeyd edilmiş bir sıra mülahizələri, ən azından Konvensiyanın “Avropa ictimai qaydanın qorunmasında konstitusional vasitə” olduğu, “əsas etibarı ilə regional kontekstdə” qüvvədə olduğu, “hətta razılığa gələn dövlətlərin hərəkətlərinə münasibətdə belə bütün dünya ərazisində tətbiq edilmək üçün nəzərdə tutulmadığı” (80-ci bənd) ilə bağlı mülahizələri heçə endirərdi. Bu, təbii olaraq ərazi üzərində səmərəli nəzarət prinsipinin çoxmənalı olmasına gətirib çıxarardı: əgər yurisdiksiya hər bir halda ərazi üzərində səmərəli nəzarətin həyata keçirilib-keçirilmədiyindən və ya ərazinin Avropa Şurasının hüdudları daxilində yerləşib-yerləşmədiyindən asılı olmayaraq “hakimiyyət və nəzarət” kimi ümumi prinsipdən irəli gəlirsə, bu halda ona nə ehtiyac var?
128. Şikayətçilərin “nəzarət və hakimiyyət” adı ilə iddia etdikləri geniş yurisdiksiya bazasının yaradılmasına başqa bir mühüm etiraz da mövcuddur. Bu etiraz artıq müzakirə edilmiş və dar mənada qəbul edilmiş kateqoriyalar ilə bağlı ortaya çıxan etirazlardan daha uzağa getsə də, Avropa Şurasına daxil olan ərazi üzərində səmərəli nəzarətə dair etirazlar həddində deyil. Artıq bildirildiyi kimi “Bankoviç” (sonra isə “Assanidze”) işində 1-ci maddədə nəzərdə tutulmuş yurisdiksiyanın bölünməz xarakterə malik olduğu fikri dəstəklənir: o, “bölünə və ya vəziyyətə uyğunlaşdırıla bilməz”. “Bankoviç” işində göstərildiyi kimi (40-cı bənd) “ərizəçilər tərəfindən yurisdiksiyaya verilən şərh maddi hüquqların təmini ilə bağlı razılığa gələn dövlətlərin üzərinə qoyulan pozitiv öhdəlikləri Konvensiyanın 1-ci maddəsində heç bir zaman nəzərdə tutulmamış tərzdə böləcək və tamamilə dəyişəcəkdir.” Bundan əlavə, Konvensiya tətbiq edilən zaman “canlı vasitə” kimi fəaliyyət göstərir. “Öcalan” işi buna misaldır. 2-ci maddənin təfsirinin dəyişdiyinin tanınması “Avropa Şurasının üzvü olan dövlətlərin ərazilərinin ölüm cəzasının tətbiq edilmədiyi zonaya çevrilməsinin” nəticəsidir (163-cü bənd) (qeyd edə bilərəm ki, “Bankoviç” işi üzrə qərardadın 64-cü və 65-ci bəndləri bir tərəfdən “canlı vasitə” yanaşmasının tətbiq edildiyi “Konvensiyanın maddi hüquqi müddəalarına” və “Konvensiyada nəzərdə tutulmuş orqanların səlahiyyətlərinə” zidd olsa da, digər tərəfdən isə 1-ci maddənin - “bütünlükdə Konvensiyanın tətbiqi dairəsinə” ziddiyyət təşkil etmir.). Bu zaman Avropa Məhkəməsinin Konvensiyanı hansı dəqiqliklə tətbiq etməsi də nəzərə alınmalıdır. Türkiyənin cənub-şərqindəki münaqişə ilə bağlı bir sıra işlərdə dövlətin üzləşdiyi çətinliklərə baxmayaraq 2-ci və 3-cü maddələrdən irəli gələn istintaq aparmaq vəzifəsinin zəiflədilməsinə icazə verilməmişdir.
129. Məsələnin məğzi bundadır: dövlət ərazi üzərində həqiqətən də səmərəli nəzarətə malik olduğu hallar istisna olmaqla, Konvensiyada nəzərdə tutulmuş hüquqların bu ərazidə həyata keçirilməsinin təmin edilməsinə ümid edə bilməz və ərazi Avropa Şurasının hüdudları daxilində deyilsə, onun Konvensiyada nəzərdə tutulmuş və həyata keçirilməsini təmin etməli olduğu müəyyən hüquqların yerli əhalinin adət-ənənələrinə uyğunlaşdıra bilməsi çətin görünür. Əlbəttə, məsələ bundan da uzağa gedir. Göstərilmiş vaxtda Birləşmiş Krallığın İraqın cənubunda işğalçı dövlət olması və bu qisimdə IV Cenevrə Konvensiyası və Haaqa Qaydalarına əməl etməli olması hamı tərəfindən qəbul edilir. Haaqa Qaydalarının 43-cü maddəsinə görə işğalçı “mümkün olduğu qədər ictimai qayda və təhlükəsizliyin bərpası və təmin olunması, bununla yanaşı tam şəkildə ona maneçilik olmadığı halda ölkədə qüvvədə olan qanunlara hörmət edilməsi üçün səlahiyyəti daxilində bütün tədbirləri görməlidir.” Şikayətçilər bildirilər ki, Haaqa Qaydalarının mənasında ərazinin işğalı zəruri olaraq işğalçının həmin ərazi üzərində səmərəli nəzarəti həyata keçirməsi və buna görə də Konvensiyada nəzərdə tutulmuş bütün hüquq və azadlıqların yerinə yetirilməsinin təmin olunmasına görə məsuliyyət daşıması anlamına gəlir. Bununla belə, əgər hətta belədirsə, işğalçı dövlətlər Konvensiyanın tələblərinə cavab verəcək qanunlar qəbul etmək və bu qanunların həyata keçirilməsini təmin etmək üçün vasitələr (misal üçün, məhkəmələr və ədalət mühakiməsi sistemi) yaratmaq deyil, “qüvvədə olan qanunlara” hörmət etmək öhdəliyi daşıyırlar. Çox zaman (misal üçün, Şəriət qanunları qüvvədə olan zaman) Konvensiyada nəzərdə tutulmuş hüquqlar açıq-aşkar işğal edilmiş ərazidə qüvvədə olan qanunlara ziddiyyət təşkil edəcəkdir.”
87. Lord Rocer (83-cü bənd), onunla razılaşmış Baronessa Heyl və Lors Karsuel (97-ci bənd) açıq şəkildə bildirmişlər ki, Birləşmiş Krallıq Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş yurisdiksiyanın məqsədləri üçün müvafiq vaxtda Bəsrə şəhərində və onun ətrafında olan ərazilərdə səmərəli nəzarəti həyata keçirmirdi.
88. Dövlət katibi qəbul etmişdir ki, altıncı ərizəçinin işi ilə bağlı faktlar Konvensiyanın 1-ci maddəsi əsasında Birləşmiş Krallığın yurisdiksiyasına aiddir. Buna görə də tərəflər razılaşmışdırlar ki, əgər (əksəriyyətin bildirdiyi kimi) İnsan Hüquqları Aktının yurisdiksiya ilə bağlı hüdudları Konvensiya ilə eynidirsə, altıncı ərizəçinin işi Apellyasiya Məhkəməsinin qərarına uyğun olaraq baxılması üçün yenidən Bölmə Məhkəməsinə göndərilməlidir. Buna görə də altıncı ərizəçinin oğlunun ölüm faktı ilə bağlı yurisdiksiyaya aid məsələlərin Lordlar Palatası tərəfindən araşdırılmasına zərurət yoxdur. Bununla belə, fikri ilə əksəriyyətin razı olduğu Lord Braun aşağıdakı nəticəyə gəlmişdir:
“132. ...Altıncı işə gəlincə öz tərəfimdən Birləşmiş Krallığın cənab Musanın işi ilə bağlı Bölmə Məhkəməsi tərəfindən müəyyən edilmiş dar əsasda, başlıca olaraq səfirliklər üçün ekstraterritoriallıq məsələsində edilən istisna ilə analogiya üzrə yurisdiksiyaya malik olmasını qəbul edirəm (bu analogiya xarici həbsxana ilə bağla “Hess Birləşmiş Krallığa qarşı” (Hess v United Kingdom (1975) 2 DR 72) işi üzrə Komissiya tərəfindən qəbul edilmiş qərarda tanınmışdır və qərarın özündə də səfirlik ilə bağlı “X. Almaniya Federativ Respublikasına qarşı” işinə istinad edilmişdir). ...”
II. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQİ SƏNƏDLƏR
A. Hərbi işğala dair Beynəlxalq humanitar hüquq normaları
89. İşğalçı Dövlətin vəzifələri ilk növbədə Quruda Müharibənin Qanun və Adətlərinə dair Qaydaların 42-56-cı maddələrində (Haaqa, 1907-ci il 18 oktyabr: bundan sonra “Haaqa Qaydaları”), Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında IV Cenevrə Konvensiyasının 27-34 və 47-78-ci maddələrində, həmçinin 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair 1977-ci il 8 iyun tarixli Əlavə Protokolun (bundan sonra “I Əlavə Protokol”) bəzi maddələrində əks olunmuşdur.
Haaqa Qaydalarının 42-ci və 43-cü maddələrində qeyd edilir:
“42. Ərazi faktiki olaraq düşmən ordunun hakimiyyəti altına keçdikdə işğal edilmiş hesab olunur. İşğal yalnız belə hakimiyyətin bərqərar edildiyi və həyata keçirilə bildiyi əraziyə aiddir.
43. Qanuni hakimiyyətin səlahiyyətləri faktiki olaraq işğalçıya keçir və sonuncu mümkün olduğu qədər ictimai qayda və təhlükəsizliyin bərpası və təmin edilməsi üçün səlahiyyətləri daxilində bütün tədbirləri görməli və eyni zamanda buna tam maneçilik olmazsa, ölkədə qüvvədə olan qanunlara hörmətlə yanaşmalıdır”.
Dördüncü Cenevrə Konvensiyasının 64-cü maddəsinə görə cinayət qanunvericiliyi yalnız o zaman İşğalçı Dövlət tərəfindən ləğv edilə və ya müvəqqəti olaraq qüvvəsi dayandırıla bilər ki, o, təhlükəsizlik üçün hədə yaratsın və ya Dördüncü Cenevrə Konvensiyasının tətbiqinə mane olsun. Burada eyni zamanda İşğalçı Dövlətin hansı hallarda qanunvericilik aktları qəbul etməyə səlahiyyəti olduğu göstərilmişdir. Bu hallar xüsusi ilə aşağıdakılardır:
“İşğalçı Dövlətin bu Konvensiyaya uyğun olaraq öhdəliklərini icra edə bilməsi, ərazinin lazımi qaydada idarə olunmasını həyata keçirməsi və özünün, üzvlərinin, işğalçı qüvvələrin və ya administrasiyasının əmlakının, həmçinin binaların və onların istifadə etdikləri kommunikasiya xətlərinin təhlükəsizliyini təmin etməsi üçün mühüm olan müddəalar.
İşğalçı Dövlət ilə yerli hakimiyyət orqanları arasında bağlanmış sazişlər işğalçı dövlətin əhalisini beynəlxalq humanitar hüquq normaları ilə müəyyən edilmiş müdafiədən məhrum edə bilməz və müdafiə altında olan şəxslər heç bir halda öz hüquqlarından imtina edə bilməzlər (Dördüncü Cenevrə Konvensiyası, 8-ci və 47-ci maddələr). İşğal ərazinin statusunda heç bir dəyişiklik yaratmır (I Əlavə Protokolun 4-cü maddəsinə bax). Statusda dəyişiklik yalnız sülh müqaviləsi və ya işğaldan sonra bu statusun tanınması ilə baş verə bilər. Əvvəlki suveren suveren olaraq qalır və sakinlərin vətəndaşlığında da hər hansı dəyişikliyə yol verilmir.”
B. BMT Beynəlxalq Məhkəməsinin beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququ arasındakı qarşılıqlı əlaqə və beynəlxalq insan hüquqları hüququna əsasən dövlətlərin ekstraterritorial öhdəlikləri ilə bağlı məhkəmə təcrübəsi
90. Beynəlxalq Məhkəmənin İşğal Edilmiş Fələstin Ərazisində Divarın İnşasının Hüquqi Nəticələrinə dair Məşvərətçi Rəyi ilə bağlı prosesdə (2004-cü il 9 iyul) İsrail iştirakçısı olduğu insan hüquqlarına dair müqavilələrin, o cümlədən Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın İşğal Edilmiş Fələstin Ərazisində tətbiq edilməli olmasını inkar etmiş və bildirmişdir (102-ci bənd):
“humanitar hüquq münaqişə zonalarında, misal üçün Qərb Sahilində və ya Qəzza Zolağında müdafiəni nəzərdə tutur, insan hüquqlarına dair müqavilələrin məqsədi isə sülh dövründə vətəndaşların öz hökumətlərinə münasibətdə müdafiəsini təmin etməkdir.”
Müqavilələrin İşğal Edilmiş Fələstin Ərazilərində tətbiq edilə bilib-bilmədiyini müəyyənləşdirmək üçün Beynəlxalq Məhkəmə beynəlxalq humanitar hüquq ilə beynəlxalq insan hüquqları hüququ arasında əlaqə məsələsinə toxunmuş və aşağıdakıları qeyd etmişdir:
“106. ...Məhkəmə hesab edir ki, insan hüquqlarına dair konvensiyalar ilə nəzərdə tutulmuş müdafiənin təminatı silahlı münaqişələr dövründə dayandırılmır. Burada yalnız Mülki və siyasi hüquqları haqqında beynəlxalq paktın 4-cü maddəsində nəzərdə tutulmuş qaydada öhdəliklərdən geri çəkilməyə dair müddəaların tətbiq edilməsi halı istisnalıq təşkil edir. Beynəlxalq humanitar hüquq ilə insan hüquqları hüququ arasındakı əlaqəyə gəlincə, üç vəziyyətin mövcud olması mümkündür: bəzi hüquqlar müstəsna olaraq beynəlxalq humanitar hüquq ilə nəzərdə tutula bilər; bəzi hüquqlar isə müstəsna dərəcədə insan hüquqları hüququ ilə nəzərdə tutula bilər; bununla yanaşı bəzi hüquqlar isə beynəlxalq hüququn bu iki sahəsinin hər birində nəzərdə tutula bilər. Qarşıya qoyulmuş suala cavab vermək üçün Məhkəmə beynəlxalq hüququn bu iki sahəsinin hər birini, xüsusilə beynəlxalq humanitar hüquqa münasibətdə lex specialis xarakterinə malik olan insan hüquqları hüququnu nəzərə almalıdır.”
Beynəlxalq Məhkəmə sonra Mülki və siyasi hüquqlar haqqında paktın dövlətin ərazisindən kənarda tətbiq edilməsinin mümkünlüyü və onun İşğal Edilmiş Fələstin Torpaqlarında tətbiq edilib-edilmədiyi məsələsinə baxmışdır. Məhkəmə aşağıdakıları qeyd etmişdir (istinadlar və sitatlar qeyd olunmayıb):
“108. Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın tətbiqi dairəsi 2-ci maddənin 1-ci bəndində aşağıdakı kimi müəyyən edilmişdir:
“Bu paktın iştirakçısı olan hər bir dövlət irqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi və ya digər baxışlarına, milli və ya sosial mənşəyinə, əmlakına, doğum və ya digər statusuna görə fərq qoymadan öz ərazisində və yurisdiksiyası altında olan hər bir şəxsin bu Pakt ilə nəzərdə tutulmuş hüquqlardan istifadəsinə hörmətlə yanaşmalı və bunu təmin etməlidir.”
Bu müddəa elə təfsir oluna bilər ki, yalnız dövlətin ərazisində və onun yurisdiksiyası altında olan şəxslərə aid olsun. Eyni zamanda elə təfsir aparıla bilər ki, o, istər dövlətin ərazisində olan, istərsə də onun ərazisində kənarda olub dövlətin yurisdiksiyasına altına düşən şəxsləri də əhatə etsin. Buna görə də Məhkəmə bu mətnin mənasını müəyyən etməyə çalışacaq.
109. Məhkəmə qeyd edir ki, dövlətlərin yurisdiksiyası ilk növbədə ərazi xarakterinə malik olsa da, bəzən o, ölkə ərazisindən kənarda həyata keçirilə bilər. Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın obyektini və məqsədini nəzərdən keçirərkən belə görünə bilər ki, hətta belə vəziyyətlərdə Paktın iştirakçısı olan dövlətlərin onun müddəalarına əməl etməsi təbii haldır.
İnsan Hüquqları Komitəsinin daimi təcrübəsi buna misaldır. Belə ki, Komitə müəyyən etmişdir ki, dövlət öz yurisdiksiyasını xarici ərazidə həyata keçirən zaman Konvensiyanın müddəaları tətbiq olunur. Uruqvayın dövlət nümayəndələri tərəfindən Braziliya və ya Argentinada həbslərin həyata keçirilməsi ilə bağlı hərəkətlərinin qanuniliyi məsələsinə dair Komitə qərar qəbul etmişdir...O, Uruqvay konsulluğu tərəfindən Almaniyada pasportun müsadirə edilməsi məsələsi ilə də əlaqədar oxşar qərar qəbul etmişdir....
...
110. Bununla əlaqədar olaraq Məhkəmə İsrailin İnsan Hüquqları Komitəsinə təqdim etdiyi komyunikelərdə və Komitəyə bildirdiyi rəydə Paktın tətbiqi ilə bağlı ifadə etdiyi mövqeni qeyd edir. 1998-ci ildə İsrail bildirmişdir ki, Komitəyə hesabatını hazırlayan zaman Paktın tətbiqi məqsədləri üçün “işğal edilmiş ərazinin sakinlərinin İsrailin yurisdiksiyası altında olub-olmadıqları” sualı ilə rastlaşmalı olmuşdur... İsrailin mövqeyinə görə “Pakt və digər oxşar müqavilələr işğal edilmiş ərazilərdəki hazırkı vəziyyətə birbaşa tətbiq olunmur”.... Komitə hesabatın araşdırılmasından sonra verdiyi son qeydlərdə İsrailin yanaşması ilə bağlı narahatlığını ifadə etmiş və “İsrailin bu əraziləri uzun müddətdən bəri işğal etdiyini, bu ərazilərin gələcək statusu ilə bağlı birmənalı mövqeyə malik olmadığını, həmçinin İsrailin təhlükəsizlik qüvvələri tərəfindən burada yurisdiksiyanın səmərəli şəkildə həyata keçirildiyini” bildirmişdir. 2003-cü ildə İsrailin “Paktın öz ərazisindən kənarda, xüsusilə Qərb Sahili və Qəzzada tətbiq edilmədiyi ilə bağlı” inadkar mövqeyinə dair Komitə aşağıdakı nəticəyə gəlmişdir:
“hazırkı şəraitdə işğal edilmiş ərazilərdə iştirakçı dövlətin hakimiyyət orqanlarının və ya nümayəndələrinin Paktda təsbit edilmiş hüquqlardan istifadəyə təsir göstərən və ümumi beynəlxalq hüququn prinsiplərinə görə İsrail dövlətinin məsuliyyətini yaradan bütün hərəkətlərinə münasibətdə Paktın müddəaları İşğal Edilmiş Ərazilərin əhalisinin xeyrinə tətbiq olunur”...
111. Sonda, Məhkəmə hesab edir ki, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt dövlətin öz ərazisindən kənarda yurisdiksiyasını həyata keçirən zaman etdiyi hərəkətlərə münasibətdə tətbiq olunur.”
Bundan əlavə, göründüyü kimi Beynəlxalq Məhkəmənin ehtimalına görə prinsip etibarı ilə hətta ekstraterritorial hərəkətlərə münasibətdə dövlətin Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt üzrə öhdəliklərindən geri çəkilməsi mümkündür. Paktın 4-cü maddəsinin 1-ci bəndində qeyd edilir:
“İnsanların həyatı üçün təhlükə yaradan fövqəladə vəziyyət zamanı və ya belə vəziyyət rəsmi şəkildə elan edildiyi təqdirdə bu Paktın iştirakçısı olan dövlətlər düşdükləri son dərəcə gərgin vəziyyətin tələb etdiyi müddətə dəqiq uyğun olaraq bu Paktdan irəli gələn öhdəliklərindən geri çəkilmək üçün tədbirlər görə bilərlər. Lakin bu tədbirlər beynəlxalq hüquq normaları ilə müəyyən edilmiş digər öhdəliklərə ziddiyyət təşkil etməməli və irqinə, dərisinin rənginə, cinsinə, dilinə, dini və ya sosial statusuna görə hər hansı ayrı-seçkilik olmadan tətbiq edilməlidir.”
Beləliklə, Beynəlxalq Məhkəmə mübahisə predmeti olan hərəkətlərin beynəlxalq humanitar hüquqa görə hərbi zərurət baxımından əsaslı hesab edilib-edilmədiyi ilə bağlı rəyin 136-cı bəndində bildirmişdir:
“136. Məhkəmə bundan əlavə qeyd edir ki, insan hüquqları ilə bağlı bəzi konvensiyalar, xüsusilə Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktda bəzi müddəalar mövcuddur ki, dövlətlər onlara istinad etməklə müxtəlif şərtlərlə konvensiya ilə müəyyən edilmiş öhdəliklərindən geri çəkilə bilərlər. Lakin bu baxımdan Məhkəmə xatırlayır ki, İsrailin Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın 4-cü maddəsinə uyğun olaraq BMT Baş katibinə ünvanladığı xəbərdarlıq yalnız Konvensiyanın şəxsin azadlığı və təhlükəsizliyi hüququnun nəzərdə tutulduğu 9-cu maddəsi ilə bağlı olmuşdur (yuxarıda 127-ci bəndə bax). Beləliklə də, İsrail həmin paktın bütün digər müddəalarına əməl etməyə borcludur.”
91. “Konqo ərazisində hərbi əməliyyatlar (Konqo Demokratik Respublikası (KDR) Uqandaya qarşı) (2005-ci il 19 dekabr)” ilə bağlı qərarında Beynəlxalq Məhkəmə beynəlxalq adət hüququnun Haaqa Qaydalarının 42-ci maddəsində əks olunmuş mənasında Uqandanın müvafiq dövr ərzində Konqo Demokratik Respublikasının ərazisinin hər hansı bir hissəsində “İşğalçı Dövlət” olub-olmadığı məsələsini araşdırmışdır (172-173-cü bəndlər). Beynəlxalq Məhkəmə müəyyən etmişdir ki, Uqanda silahlı qüvvələri İturi əyalətində yerləşmiş və burada hakimiyyət funksiyalarını həyata keçirmişlər, yəni Konqo hökumətinin hakimiyyətini öz hakimiyyəti ilə əvəz etmişlər (174-176-cı bəndlər). Beynəlxalq Məhkəmə daha sonra bildirmişdir:
“178. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, Uqanda müvafiq vaxtda İturidə işğalçı dövlət idi. Bu qisimdə o, 1907-ci il tarixli Haaqa Qaydalarının 43-cü maddəsinə uyğun olaraq mümkün olduğu qədər ictimai qayda və təhlükəsizliyin bərpası və təmin olunması, buna tam maneçilik olmadığı təqdirdə Konqo Demokratik Respublikasında qüvvədə olan qanunlara əməl edilməsi məqsədilə səlahiyyətləri daxilində bütün tədbirləri görmək öhdəliyini daşıyırdı. Bu öhdəlik beynəlxalq insan hüquqları hüququ və beynəlxalq humanitar hüququn tətbiq edilməli olan qaydalarına əməl olunmasının təmin edilməsi, işğal edilmiş ərazinin sakinlərinin zorakı əməllərdən müdafiə edilməsi və hər hansı üçüncü tərəfin belə zorakı əməllər etməsinə qarşı barışmazlıq nümayiş etdirilməsi kimi vəzifələri ehtiva edirdi.
179. Məhkəmə Uqandanın müvafiq vaxtda İturidə işğalçı dövlət olması nəticəsinə gəldikdən sonra müəyyən etmişdir ki, Uqanda həm hərbçilərinin beynəlxalq öhdəliklərə zidd gedən istənilən hərəkətinə, həm də işğal edilmiş ərazidə fəaliyyət göstərən digər subyektlər, o cümlədən istədikləri kimi hərəkət edən üsyançı qruplar tərəfindən insan hüquqları və beynəlxalq humanitar hüququn pozulması hallarının qarşısının alınmasında sayıqsızlıq göstərdiyinə görə məsuliyyət daşıyır.
180. Məhkəmə qeyd edir ki, Uqanda Konqo Demokratik Respublikasının ərazisində olan silahlı qüvvələrinin spesifik vəziyyətə aidiyyəti olan və burada tətbiq edilən beynəlxalq insan hüquqları hüququ və beynəlxalq humanitar hüququn pozulması ilə nəticələnən bütün hərəkətlərinə və hərəkətsizliyinə görə hər bir zaman məsuliyyət daşıyır.”
Beynəlxalq Məhkəmə işğal edilmiş İturi regionunda və digər ərazilərdə Uqandaya aid edilməsi mümkün olan insan hüquqlarının ciddi surətdə pozulması halları ilə bağlı faktların olduğunu müəyyən etmişdir (205-212-ci bəndlər). Mübahisə predmeti olan hərəkətlərin Uqanda tərəfindən beynəlxalq öhdəliklərinin pozulması kimi qiymətləndirilməsinin mümkün olub-olmadığının müəyyənləşdirilməsi məqsədilə Beynəlxalq Məhkəmə yuxarıda qeyd edilmiş “Divarın İnşası” işi üzrə Məşvərətçi Rəyini xatırlatmış və bildirmişdir ki, istər beynəlxalq humanitar hüquq, istərsə də beynəlxalq insan hüquqları hüququ nəzərə alınmalıdır və insan hüquqlarına dair beynəlxalq müqavilələr xüsusilə işğal edilmiş ərazilərə münasibətdə ekstraterritorial qüvvəyə malik ola bilər (216-cı bənd). Bundan sonra Beynəlxalq Məhkəmə beynəlxalq adət hüququnun müvafiq prinsipləri ilə birlikdə Uqandanın və Konqo Demokratik Respublikasının iştirakçısı olduqları humanitar hüquq və insan hüquqlarına dair beynəlxalq müqavilələri sadalamaqla mövcud vəziyyətə “tətbiq edilməli olan beynəlxalq insan hüquqları hüququ və beynəlxalq humanitar hüququn normalarını” müəyyən etmişdir (217-219-cu maddələr).
C. Beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququna əsasən silahlı münaqişə və işğal vəziyyətində yaşamaq hüququnun iddia edilən pozuntusu hallarının araşdırılması vəzifəsi
92. Üçüncü Cenevrə Konvensiyasının 121-ci maddəsinə görə hərbi əsirin qətlə yetirildiyi ilə bağlı şübhələr mövcuddursa, həmin əsiri saxlayan dövlət məsələ ilə bağlı rəsmi araşdırma aparmalıdır:
“Mühafizəçi, həbsdə olan başqa bir şəxs və ya istənilən digər şəxs tərəfindən həbsdə saxlanılan şəxsin öldürülməsi və ya ona ciddi xəsarət yetirilməsi faktı müəyyən edilərsə və ya bununla bağlı şübhələr olarsa, həmçinin əgər ölümün səbəbi naməlum qalarsa, həmin şəxsi saxlayan dövlət dərhal rəsmi araşdırma aparmalıdır. Məsələ ilə bağlı dərhal müdafiəni həyata keçirən dövlətə məlumat verilməlidir. Şahidlərdən ifadələr alınmalı və bu ifadələrin də əks olunduğu hesabat hazırlanaraq qeyd edilən müdafiəni həyata keçirən dövlətə göndərilməlidir. Əgər araşdırma nəticəsində bir və ya bir neçə şəxsin təqsirli olduğu müəyyən edilərsə, həbsdə saxlayan dövlət müvafiq şəxsin və ya şəxslərin cinayət təqibinin həyata keçirilməsi üçün bütün zəruri tədbirləri görməlidir.”
Cenevrə Konvensiyaları da həmçinin Yüksək Razılığa Gələn Tərəflərin üzərinə Konvensiyanın iddia edilən ciddi pozuntularının, o cümlədən müdafiə altında olan şəxslərin qəsdən öldürülməsi faktlarının istintaqı və təqibinin aparılması vəzifəsini qoyur (Birinci Cenevrə Konvensiyasının 49-cu və 50-ci maddələri; İkinci Cenevrə Konvensiyasının 50-51-ci maddələri; Üçüncü Cenevrə Konvensiyasının 129-cu və 130-cu maddələri; Dördüncü Cenevrə Konvensiyasının 146-cı və 147-ci maddələri).
93. BMT-nin xüsusi məruzəçisi Filip Alstonun Ölüm cəzalarının məhkəmədən kənar, kütləvi və ya özbaşına şəkildə həyata keçirilməsinə dair E/CN.4/2006/53 nömrəli hesabatında (2006-cı il 8 mart tarixli) silahlı münaqişələr və işğal zamanı Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın 6-cı maddəsi ilə nəzərdə tutulmuş yaşamaq hüququnun təmin edilməsi ilə bağlı aşağıdakılar qeyd edilmişdir (istinadlar verilməmişdir):
“Silahlı münaqişə və işğal dövləti insan hüquqlarının pozulması hallarının istintaqını və təqibini həyata keçirmək vəzifəsindən azad etmir. Şəraitdən asılı olmayaraq yaşamaq hüququ məcburi və xitam verilməsi mümkün olmayan hüquqdur. Bu, silahlı münaqişə və ya işğal zamanı iddia edilən pozuntuların araşdırılmaması təcrübəsini qadağan edir. İnsan Hüquqları Komitəsinin müəyyən etdiyi kimi “açıq aşkar məcburi və xitam verilməsi mümkün olmayan hüquq kimi tanınmış hüquqların müdafiəsi müvafiq prosessual təminatların nəzərdə tutulmasını tələb edir. Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın prosessual təminatlara dair müddəaları heç zaman məcburi və xitam verilməsi mümkün olmayan hüquqların müdafiəsindən yan keçməyə imkan verən tədbirlərə məruz qala bilməz.” Silahlı münaqişələr dövründə vəziyyətin bəzən istintaqın aparılmasına maneçilik törədə biləcəyi danılmazdır. Belə vəziyyətin mövcud olması istintaq aparmaq vəzifəsini heç zaman aradan qaldırmır - əks halda bu, yaşamaq hüququnun məcburi və xitam edilməsi mümkün olmayan xarakterini məzmunundan məhrum etmiş olardı – lakin o, istintaqın aparılması tərzi və qaydasına təsir göstərə bilər. Dövlətlər nümayəndələrinin hərəkətlərinə görə tam məsuliyyət daşımaqla yanaşı, istər silahlı münaqişə, istərsə də sülh dövründə xüsusi subyektlər tərəfindən edilən hərəkətlərlə bağlı lazımi sayıqlıq nümayiş etdirməlidirlər. Bəzi işlərdə dövlət konkret məhdudiyyətlər ilə bağlı olaraq istintaqın aparılması üçün daha az səmərəyə malik vasitələrdən istifadə edə bilər. Misal üçün, düşmən qüvvələr atışmanın baş verdiyi əraziyə nəzarət edən zaman meyitin yarılmasını həyata keçirmək qeyri-mümkün ola bilər. Lakin vəziyyətdən asılı olmayaraq istintaq hərəkətləri hər zaman mümkün olduğu qədər səmərəli həyata keçirilməli və heç vaxt adi formallığa çevrilməməlidir. ....”
94. “Kolumbiyada Mapiripán Qırğını” ilə bağlı iş üzrə 2005-ci il 15 sentyabr tarixində qəbul etdiyi qərarında İnsan Hüquqları üzrə Amerika Ölkələri Məhkəməsi dövlət orqanlarının iddia edilən köməyi ilə yarı hərbi qruplaşmanın mülki əhali arasında qırğın törətməsi faktının dövlət tərəfindən hərtərəfli araşdırılmaması ilə bağlı inter alia qeyd etmişdir:
“Bununla bağlı Məhkəmə əhalisinin və təsisatlarının sülhə nail olunmağa çalışdıqları Kolumbiyada vəziyyətin çətin olduğunu qəbul edir. Lakin ölkədəki vəziyyətin nə qədər çətin olması Amerika Konvensiyasının iştirakçısı olan dövləti bu konvensiyada nəzərdə tutulmuş və hazırkı vəziyyətdə belə tətbiq edilməkdə davam edən öhdəliyinə əməl etməkdən azad etmir. Məhkəmə qeyd edir ki, dövlət məhkəmədən kənar qətl hallarının adekvat istintaqını həyata keçirməməklə və bu hərəkətlərə görə təqsirli olan şəxsləri lazımı qaydada cəzalandırmamaqla bu hərəkətlərə münasibətdə etinasızlıq göstərirsə, o, Konvensiyada nəzərdə tutulmuş hüquqlara hörmət etmək və istər zərər çəkdiyi iddia olunan şəxs, istərsə də onun gələcək nəsli tərəfindən bu hüquqların həyata keçirilməsini təmin etmək vəzifəsini pozmuş olur. Dövlət cəmiyyətin baş verənlər barədə məlumat almasına imkan vermir və belə faktların yenidən təkrarlanmasına rəvac verən cəzasızlıq mühitinin bərqərar edilməsinə şərait yaradır.”
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 2-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
95. Ərizəçilər öz fikirlərini bir daha təsdiq edərək bildirmişlər ki, onların qohumları qətlə yetirilən zaman Konvensiyanın 1-ci maddəsinə əsasən Birləşmiş Krallığın yurisdiksiyası altında olmuşlar və altıncı ərizəçi ilə bağlı vəziyyət istisna olmaqla digər hallarda Birləşmiş Krallıq 2-ci maddə ilə nəzərdə tutulmuş istintaqın həyata keçirilməsi vəzifəsinə əməl etməmişdir.
96. Hökumət altıncı ərizəçinin oğlunun Birləşmiş Krallığın yurisdiksiyası altında olduğunu qəbul etsə də, lakin qətlə yetirilmiş digər şəxslərin hər hansı birinin ölkənin yurisdiksiyası altında olması fikrini inkar etmişdir. O bildirmişdir ki, ikinci və üçüncü ərizəçinin qohumları BMT-nin Təhlükəsizlik Şurasının 1511 nömrəli qətnaməsinin (yuxarıda 16-cı bəndə bax) qəbul edilməsindən sonra qətlə yetirildiklərindən, onların ölümünə səbəb olmuş hərəkətlər Birləşmiş Krallığa deyil, Birləşmiş Millətlər Təşkilatına aid edilməlidir. Bundan əlavə, Hökumət bildirmişdir ki, beşinci ərizəçinin işi dövlətdaxili hüquq müdafiə vasitələri tükəndirilmədiyindən qəbuledilməz elan edilməlidir və beşinci və altıncı ərizəçilər artıq zərərçəkmiş statusuna malik deyillər.
A. Ərizənin qəbuledilənliyi
1. Hərəkətlərin dövlətə aid edilməsi məsələsi
97. Hökumət qeyd etmişdir ki, ikinci və üçüncü ərizəçinin qohumlarının ölümü ilə nəticələnmiş əməliyyatlar 2003-cü ilin 16 oktyabr tarixindən, yəni BMT Təhlükəsizlik Şurasının 1511 nömrəli qətnaməsinin qəbul edilməsindən sonra həyata keçirilmişdir. Həmin qətnamənin 13-cü maddəsi Çoxmillətli Qüvvələrə “İraqda sülhün və sabitliyin qorunmasını təmin etmək üçün bütün zəruri tədbirləri görmək” səlahiyyəti verir (yuxarıda 16-cı bəndə bax). Buradan belə çıxır ki, ikinci və üçüncü ərizəçinin qohumlarının qətli ilə nəticələnmiş müvafiq əməliyyatları yerinə yetirən zaman Birləşmiş Krallığın qoşunları bu ölkənin suveren hakimiyyətini deyil, BMT Təhlükəsizlik Şurasının məcburi xarakterli qətnaməsinə uyğun olaraq fəaliyyət göstərən Çoxmillətli Qüvvələrin beynəlxalq hakimiyyətini həyata keçirirdi.
98. Ərizəçilər Hökumətin bu dəlili ölkə daxili proseslərin hər hansı mərhələsində qaldırmadığını vurğulamışlar. Bundan əlavə, Hökumət əvvəllər buna oxşar dəlili Lordlar Palatası tərəfindən baxılan “R. Müdafiə nazirinə qarşı” (R (on the application of Al-Jedda) (FC) (Appellant) v. Secretary of State for Defence (Respondent) [2007] UKHL 58) işində irəli sürmüş, lakin bu dəlil Palata tərəfindən rədd edilmişdir.
99. Məhkəmə xatırladır ki, o, insan hüquqlarının milli müdafiəsi sistemini tamamlamaq funksiyasını həyata keçirir. Buna görə də ölkə daxili qanunvericiliyin Konvensiyaya uyğunluğu ilə bağlı məsələlərə ilkin olaraq milli məhkəmələr tərəfindən baxılmalı və əgər buna baxmayaraq ərizə Avropa Məhkəməsinə təqdim edilərsə, o, ölkədəki qüvvələr ilə birbaşa və davamlı kontakta malik olan milli məhkəmələrin mövqeyindən yararlana bilməlidir. Buna görə də Hökumətin milli məhkəmələr qarısında irəli sürdüyü dəlillərin Avropa Məhkəməsi qarşısında irəli sürdüyü dəlillər ilə eyni xarakterə malik olması vacibdir. Xüsusilə, Hökumət milli məhkəmələr qarşısında tutduğu mövqeyə uyğun gəlməyən dəlilləri Avropa Məhkəməsində irəli sürə bilməz (“A. və Digərləri Birləşmiş Krallığa qarşı [Böyük Palata]” (A. and Others v. the United Kingdom [GC], no. 3455/05, § 154, ECHR 2009‑... )).
100. Hökumət ərizəçilərin qohumlarının qətlə yetirilməsi faktlarının hər hansı birinin Birləşmiş Krallığın silahlı qüvvələrinə aid edilməsinin mümkün olmadığını milli məhkəmələr tərəfindən işlərə baxılan zaman bildirməmişdir. Buna görə də Məhkəmə hesab edir ki, Hökumət hazırkı prosesdə bu etirazı qaldırmaq hüququnu itirmişdir.
2. Yurisdiksiya ilə bağlı məsələlər
101. Hökumət bundan başqa bildirmişdir ki, mübahisə predmeti olan hərəkətlər İraqın cənubunda və Birləşmiş Krallığın Konvensiyanın 1-ci maddəsi ilə müəyyən edilən yurisdiksiyasının hüdudlarından kənarda baş vermişdir. Burada yeganə istisna Birləşmiş Krallığın üzərində yurisdiksiyaya malik olduğu Britaniya hərbi həbsxanasında baş vermiş altıncı ərizəçinin oğlunun öldürülməsi faktıdır.
102. Məhkəmə hesab edir ki, ərizəçilərin işlərinin cavabdeh dövlətin yurisdiksiyasına aid edilə bilib-bilinməməsi məsələsi şikayətlərin mahiyyəti ilə sıx surətdə bağlıdır. Buna görə də o, bu məsələyə işin mahiyyəti birlikdə baxılmasını qərara alır.
3. Dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi
103. Hökumət bildirmişdir ki, beşinci ərizəçinin işi dövlətdaxili hüquq müdafiə vasitələri tükəndirilmədiyi üçün qəbuledilməz elan edilməlidir. O bildirmişdir ki, ərizəçi 2-ci və 3-cü maddələr ilə nəzərdə tutulmuş maddi və prosessual hüquqlarının pozulması ilə bağlı məhkəmə nəzarəti qaydasında icraata başlanması üçün müraciət etsə də, onun müraciəti altı sınaq işi barədə qətnamənin qəbul edilməsinə qədər (yuxarıda 73-cü bəndə bax) baxılmamış saxlanılmışdır. Bu işlər həll edildikdən sonra ərizəçi öz işi ilə bağlı Bölmə Məhkəməsinə müraciət edə bilərdi, lakin o bunu etmədi. Onun işi atışma insidenti ilə bağlı olmamışdır və ölkə məhkəmələri onun oğlunun Birləşmiş Krallığın yurisdiksiyası altında olmasına və bu işdə prosessual öhdəliklərin pozulmasına dair iddiaları ilə bağlı müvafiq faktları araşdırmaq imkanına malik olmamışdır.
104. Ərizəçi Məhkəmədən bu izahatları diqqətə almamağı xahiş etmişdir. Ərizəçi 2004-cü il 5 may tarixində işə məhkəmə nəzarəti qaydasında baxılması üçün müraciət etmişdir. Razılaşmaya uyğun olaraq iş altı sınaq işinə baxılana qədər baxılmamış saxlanılmışdır (yuxarıda 73-cü bəndə bax). Lordlar Palatası “Əl-Skeyni” işi üzrə qərarını qəbul etdikdən sonra beşinci ərizəçi işinə məhkəmə nəzarəti qaydasında baxılmasını davam etdirmək istəsəydi, uğur qazanmaq üçün hər hansı ağlabatan perspektivə malik olmayacaqdı. 1-ci maddənin təfsiri ilə bağlı Lordlar Palatası tərəfindən qəbul edilmiş qərar aşağı məhkəmələr üçün məcburi xarakter daşıyırdı və həmin məhkəmələr ərizəçinin qətlə yetirilmiş oğlunun Birləşmiş Krallığın yurisdiksiyası altında olmadığına dair qərar qəbul edəcəkdilər.
105. Məhkəmə qeyd edir ki, beşinci ərizəçinin sözlərinə görə onun oğlu soyğunçuluq etməkdə şübhələndiyinə görə Birləşmiş Krallığın əsgərləri tərəfindən tutulmuş, əsgərlərə məxsus maşınla çaya aparılmış, çaya girməyə məcbur edilmiş və elə buradaca da ölmüşdür. Buna görə də onun işi bu faktlar ilə bağlı qohumları Britaniya əsgərləri tərəfindən atəş açmaqla qətlə yetirilmiş birinci, ikinci və dördüncü ərizəçilərin işlərindən, arvadı Britaniya qoşunları ilə naməlum şəxslər arasında baş vermiş atışmada aldığı güllə yarasından vəfat etmiş üçün ərizəçinin işi və oğlu Britaniyaya məxsus hərbi həbsxanada saxlanarkən öldürülmüş altıncı ərizəçinin işlərindən fərqlidir. Doğrudur ki, “Əl-Skeyni” işində Lordlar Palatası beşinci ərizəçinin işi ilə oxşar işə baxmamışdır. Məlum olduğu kimi bu işdə İraqlı mülki şəxs Britaniya hərbçiləri tərəfindən həbs olunmuş, lakin hərbi həbsxanada yerləşdirilməmişdir. Buna baxmayaraq, Məhkəmə hesab edir ki, ərizəçilər düzgün olaraq fikirləşmişdilər ki, əgər beşinci ərizəçi işə məhkəmə nəzarəti qaydasında yerli məhkəmələr tərəfindən baxılmasına çalışsaydı, uğur qazanmaq üçün heç bir perspektivi olmayacaqdı. Lordlar Palatasının işə baxan üzvlərinin əksəriyyətinin fikri ilə razılaşdığı Lord Braun açıq şəkildə bildirmişdir ki, o, Bölmə Məhkəməsinin altıncı ərizəçinin işinə baxan zaman yurisdiksiya məsələsinə yanaşmasına üstünlük verir. Bu yanaşmaya görə Baha Musanın işində yurisdiksiya yalnız ona görə olmuşdur ki, o, Britaniya həbsxanasında saxlanılan zaman ölmüşdür (yuxarıda 88-ci bəndə bax). Belə olan halda Məhkəmə hesab edir ki, beşinci ərizəçi işinə Bölmə Məhkəməsi tərəfindən baxılmasına səy göstərməmək ilə bağlı tənqid edilməməlidir. Başqa sözlə Hökumətin dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilmədiyi ilə bağlı ilkin etirazı təmin olunmamalıdır.
4. Zərərçəkmiş şəxs statusu
106. Hökumət qeyd etmişdir ki, beşinci və altıncı ərizəçi 2-ci maddə ilə nəzərdə tutulmuş hüquqlarının hər hansı şəkildə pozulmasından zərərçəkmiş şəxs olduqlarını daha iddia edə bilməzlər. Belə ki, onların hər birinin oğlunun ölüm faktı milli hakimiyyət orqanları tərəfindən hərtərəfli şəkildə araşdırılmış və ərizəçilərə kompensasiya ödənilmişdir.
107. Məhkəmə hesab edir ki, bu məsələ 2-ci maddə əsasında irəli sürülmüş şikayətin mahiyyətinə dair məsələlərlə sıx surətdə bağlıdır, buna görə də ona həmin məsələlərlə birgə baxılmalıdır.
5. Qəbuledilənlik məsələsi ilə bağlı nəticələr
108. Məhkəmə hesab edir ki, ərizədə işin faktiki və hüquqi aspektləri ilə bağlı ciddi məsələlər qaldırılmışdır və bu məsələlər elə bir dərəcədə mürəkkəbdir ki, onlar barədə qərarın qəbul edilməsi işin mahiyyətinə dair məsələlərin araşdırılmasının nəticələrindən asılı olmalıdır. Buna görə də ərizə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız hesab edilə bilməz və onun qəbuledilməz elan edilməsi üçün hər hansı başqa əsas da müəyyən edilməmişdir.
B. Ərizənin mahiyyəti
1. Yurisdiksiya ilə bağlı məsələlər
(a) Tərəflərin dəlilləri
(i) Hökumət
109. Hökumət qeyd edir ki, Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş “yurisdiksiya” konsepsiyası ilə bağlı əsas qərar “Bankoviç və Digərləri Belçikaya və Digərlərinə qarşı” işi üzrə Böyük Palata tərəfindən qəbul edilmiş qərardaddır (Banković and Others v. Belgium and Others [GC] (dec.), no. 52207/99, ECHR 2001-XII). “Bankoviç” işi üzrə Məhkəmənin qərardadına əsasən Razılığa Gələn Dövlətin və ya onun nümayəndələrinin hərəkətinin fərd üçün nəticələr doğurması faktı həmin şəxsin dövlətin yurisdiksiyası altında olduğunu təsbit etmək üçün kifayət edici əsas deyil. 1-ci maddənin mənasında yurisdiksiya “ilk növbədə” və “başlıca olaraq” ərazi xüsusiyyətinə malikdir və yurisdiksiyanın Razılığa Gələn Dövlətin ərazisindən kənara aid edilməsi “müstəsna” xarakter daşıyır və “hər bir işin konkret halları nəzərə alınmaqla xüsusi şəkildə əsaslandırmanı” tələb edir. “Bankoviç” işində Məhkəmə qərara almışdır ki, Konvensiya ilə nəzərdə tutulmuş hüquqlar “bölünə” və “vəziyyətə uyğunlaşdırıla” bilməz. Razılığa Gələn Dövlət öz yurisdiksiyası daxilində Konvensiyada nəzərdə tutulmuş bütün hüquq və azadlıqların təmin edilməsi öhdəliyini daşıyır. “Bankoviç” işində Məhkəmə həmçinin bildirmişdir ki, Konvensiya “Avropada ictimai qaydanın təmin edilməsi vasitəsi” və “Konvensiyanın 56-cı maddəsinə əsasən başlıca olaraq regional kontekstdə və xüsusi olaraq Razılığa Gələn Dövlətlərin hüquqi məkanında (espace juridique) qüvvədə olan çoxtərəfli müqavilədir”. Yurisdiksiyanın başlıca olaraq ərazi ilə bağlı olması beynəlxalq hüququn prinsiplərini əks etdirmiş və başqa bir dövlətin ərazisində, xüsusilə Avropa Şurasının üzvü olan dövlətlərin dəyərlərini bölüşməyən regionlarda fəaliyyət göstərən dövlətin üzləşdiyi praktiki və hüquqi çətinlikləri nəzərə almışdır.
110. Hökumət öz izahatlarında bildirmişdir ki, “Bankoviç” işində Böyük Palata presedent hüququnun geniş icmalını apararaq ərazi prinsipinə məhdud sayda istisnanın olduğunu müəyyənləşdirmişdir. Əsas istisna şimali Kipr ilə bağlı presedent hüququndan irəli gəlmişdir və o, dövlətin hərbi əməliyyatlar nəticəsində öz milli ərazisindən kənarda yerləşən ərazi üzərində səmərəli nəzarəti həyata keçirdiyi hallarda tətbiq edilir. Məhkəmə yurisdiksiya ilə bağlı bu müstəsna əsasın olduğu qənaətinə gəldiyi hallarda vurğulamışdır ki, səmərəli nəzarəti həyata keçirən dövlət qeyd edilən ərazidə Konvensiya ilə nəzərdə tutulmuş bütün maddi hüquqların təmin edilməsinə görə məsuliyyət daşıyır (bax: “Loizidu Türkiyəyə qarşı (ilkin etirazlar)” (Loizidou v. Turkey (preliminary objections), 23 March 1995, § 62, Series A no. 310); “Kipr Türkiyəyə qarşı” [Böyük Palata] (Cyprus v. Turkey [GC], no. 25781/94, §§ 75-80, ECHR 2001‑IV); yuxarıda qeyd edilmiş “Bankoviç” işi, 70-71-ci bəndlər; “İlaşku və Digərləri Moldova və Rusiyaya qarşı” [Böyük Palata] (Ilaşcu and Others v. Moldova and Russia [GC], no. 48787/99, §§ 314-316, ECHR 2004‑VII)). Bundan əlavə, Palata tərəfindən sonradan “İssa və Digərləri Türkiyəyə qarşı” (Issa and Others v. Turkey, no. 31821/96, 16 November 2004) işi üzrə qəbul edilmiş qərarda fərqli mövqe ifadə edilsə də, “Bankoviç” işində Böyük Palata açıq şəkildə bildirmişdir ki, yurisdiksiyanın “ərazi üzərində səmərəli nəzarət” əsası yalnız Konvensiyanın qüvvədə olduğu hüquqi məkanda tətbiq oluna bilər. Türkiyə tərəfindən şimali Kipr üzərində nəzarətin həyata keçirilməsi halından başqa Məhkəmə bu istisnanı yalnız bir əraziyə, Dnestryanı bölgəyə münasibətdə tətbiq etmişdir, belə ki, bu bölgə də digər Razılığa Gələn Dövlətin yurisdiksiyası altına düşürdü. İstənilən digər yanaşma dövlətdən öz müqəddəratını suveren şəkildə təyin etmə prinsipini pozmaqla başqa bir dövlətə münasibətdə mədəni baxımdan fərqli standartların tətbiqini tələb etmək olardı.
111. Hökumətin mövqeyinə görə Konvensiyanın 56-cı maddəsi ilə bağlı Məhkəmənin presedent hüququnda bundan əlavə qeyd edilmişdir ki, yalnız xarici ərazi üzərində səmərəli nəzarətin həyata keçirilməsi faktı dövlətin 1-ci maddədə nəzərdə tutulmuş yurisdiksiyanı həyata keçirdiyi qənaətinə gəlinməsi üçün əsas deyil (bax: “Quark Fişinq Məhdud Məsuliyyətli Cəmiyyəti Birləşmiş Krallığa qarşı (qərardad)” (Quark Fishing Ltd v. the United Kingdom (dec.), no. 15305/06, ECHR 2006‑XIV)). Əgər “ərazi üzərində səmərəli nəzarət” istisna halı Razılığa Gələn Dövlətlərin ərazilərindən kənarda tətbiq edilməli olsaydı, bu, belə bir qənaətə gəlməyə əsas verərdi ki, dövlət faktiki olaraq Konvensiyanın hüquqi məkanından (“espace juridique”) kənarda yerləşən metropoliyaya aid olmayan ərazidə Konvensiyanın və onun Protokollarının tətbiq edilib-edilməməsini müəyyənləşdirməkdə sərbəstdir. Bu zaman mümkündür ki, bu ərazi on illiklər ərzində dövlətin nəzarəti altında olsun, lakin həmin dövlət bu məkandan kənarda yerləşən və hərbi əməliyyatlar nəticəsində müvəqqəti olaraq üzərində səmərəli nəzarəti həyata keçirdiyi ərazilərə münasibətdə Konvensiya müddəalarının tətbiq edilməsi məsələsini sərbəst şəkildə müəyyən edə bilməsin (misal üçün, əgər yalnız sülh və təhlükəsizlik bərpa edildikdən sonra bunu etmək mümkün idisə).
112. Hökumət bildirmişdir ki, İraq Konvensiyanın hüquqi məkanından kənarda yerləşdiyi üçün yurisdiksiya ilə bağlı müəyyən edilmiş “ərazi üzərində səmərəli nəzarət” istisna halı burada tətbiq oluna bilməz. Hər bir halda Birləşmiş Krallıq müvafiq vaxtda İraqın hər hansı hissəsi üzərində “səmərəli nəzarətə” malik olmamışdır. Bu, iş üzrə bütün sübutlara malik olan ölkə daxili məhkəmələrin gəldiyi nəticə idi. Birləşmiş Krallığın da daxil olduğu Koalisiya Qüvvələrinin sayı az idi: 96 min kvadrat kilometr ərazisi və 4,6 milyon əhalisi olan cənub-şərqi İraqda Koalisiya qoşunlarının 14500 nəfərdən ibarət qoşunu var idi və bunların 8150 nəfəri Birləşmiş Krallığın silahlı qüvvələrinə mənsub idi. Birləşmiş Krallığın 8119 nəfərdən ibarət qoşunu 2,76 milyon əhalisi olan Əl-Bəsrə və Meysan əyalətlərində xidmət göstərirdi. Birləşmiş Krallığın silahlı qüvvələri İraq xalqının siyasi gələcəyini sərbəst şəkildə müəyyən etməsinə şərait yaratmaq üçün zəruri olan təhlükəsizlik və sabitliyin bərpa edilməsi sahəsində real praktiki çətinliklər ilə üzləşmişdi. Bunun əsas səbəbi isə işğalın başlandığı zaman ərazidə zorakı cinayətlərin, terrorçuluğun, yüngül və ağır silahlardan istifadə olunmaqla tayfalar arasında çəkişmələrin baş verməsinə baxmayaraq səriştəli yerli hüquq-mühafizə sisteminin mövcud olmaması idi.
113. İşğal zamanı İraqda idarəçilik Müvəqqəti Koalisiya Administrasiyası tərəfindən həyata keçirilirdi. Administrasiya Birləşmiş Krallığa tabe deyildi və ona Amerika Birləşmiş Ştatlarının səfiri Pol Bremer rəhbərlik edirdi. Bundan əlavə, 2003-cü ilin iyulundan başlayaraq İraqın mərkəzi İdarə Şurası və bir sıra yerli şuralar fəaliyyət göstərirdi. Müvəqqəti Koalisiya Administrasiyası və İraq administrasiyasının statusu Avropa Məhkəməsi tərəfindən “beynəlxalq birlik tərəfindən tanınmamış qondarma hakimiyyət orqanları” kimi xarakterizə edilmiş Kiprdəki “ŞKTC” (Şimali Kipr Türk Cümhuriyyəti) və Dnestryanı bölgədəki “DMR”-in (Dnestryanı Moldova Respublikası) statusundan fərqli idi. Müvəqqəti Koalisiya Administrasiyası və İraq administrasiyasının səlahiyyətləri BMT Təhlükəsizlik Şurası vasitəsilə beynəlxalq birlik tərəfindən tanınmışdır. Bundan əlavə, Birləşmiş Krallığın da iştirak etdiyi İraqın birgə işğalının məqsədi hakimiyyət səlahiyyətlərini mümkün qədər tez bir zamanda İraq administrasiyasının nümayəndələrinə təhvil vermək idi. Bu məqsəd nəzərə alınaraq işğal bir ildən yalnız bir qədər artıq müddətdə davam etmişdir.
114. Hökumətin izahatlarına görə Birləşmiş Krallığın 2003-cü ilin mayından 2004-cü ilin iyununa qədər Haaqa Qaydalarının mənasında İşğalçı Dövlət olması (yuxarıda 89-cu bəndə bax) özü-özlüyündə onun üzərinə cənub-şərqi İraqın əhalisinin Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqlardan istifadəsini təmin etmək öhdəliyini qoymur. Birləşmiş Krallıq İşğalçı Dövlət kimi İraq üzərində suverenliyə malik deyildi və işğalı altında olan əraziyə öz ərazisi, yaxud tam hakimiyyətinə tabe olan koloniyası kimi münasibət göstərə bilməzdi. Haaqa Qaydaları Birləşmiş Krallığa İraqın qanunlarını və konstitusiyasını dəyişdirərək Krallığın daxili qanunvericiliyinə və ya Konvensiya kimi regional çoxtərəfli beynəlxalq öhdəliklərə uyğunlaşdırmaq səlahiyyətini vermir. Bunun əksinə olaraq Haaqa Qaydaları Birləşmiş Krallığın səlahiyyətlərini məhdudlaşdırır və xüsusilə onun üzərinə “buna tam maneçilik olmayana qədər” İraqda qüvvədə olan qanunlara hörmət etmək öhdəliyini qoyur. Bundan əlavə, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələr müəyyən etmişdir ki, işğal dövründə İraqda idarəçilik səlahiyyətini Müvəqqəti Koalisiya Administrasiyası həyata keçirməli idi və işğalın məqsədi hakimiyyət səlahiyyətlərini mümkün qədər tez bir müddətdə İraqın təmsilçi administrasiyasına təhvil vermək idi. Buradan belə çıxır ki, beynəlxalq hüquqi sənədlər Birləşmiş Krallığı Konvensiyada nəzərdə tutulmuş hüquqların İraqda həyata keçirilməsini təmin etməyə məcbur etmir, əksinə, bu sənədlərə görə Birləşmiş Krallıq Konvensiyaya uyğunluğunu təmin etmək üçün İraqın konstitusiyasına dəyişiklik etməyə cəhd göstərsəydi, beynəlxalq öhdəliklərini pozmuş olardı. Hər bir halda, Məhkəmənin presedent hüququ onu göstərir ki, Məhkəmənin dövlət tərəfindən ekstraterritorial yurisdiksiyanın həyata keçirilib-keçirilmədiyi məsələsinə yanaşması Konvensiyanın malik olduğu xüsusi təbiəti və tarixindən irəli gəlmişdir. Dördüncü Cenevrə Konvensiyası və Haaqa Qaydaları ilə müəyyən edilmiş öhdəliklər diqqətli şəkildə işğal şəraitinə uyğunlaşdırılmışdır və Konvensiya ilə təsbit edilmiş yurisdiksiya kimi tamamilə fərqli məsələ ilə bağlı nəticələr doğura bilməz.
115. Hökumət qəbul etmişdir ki, persedent hüququnda dövlətin öz ərazisindən və Konvensiyanın tətbiq edildiyi regiondan kənarda yurisdiksiyasını həyata keçirə bildiyi bir sıra digər istisna xarakterli kateqoriyaları da görmək mümkündür. Yuxarıda qeyd edilmiş “Bankoviç” işində Böyük Palata diplomatik və ya konsul nümayəndələrinin xaricdəki fəaliyyəti və dövlətdə qeydiyyatdan keçmiş və ya onun bayrağı altında üzən hava və dəniz gəmilərində edilən hərəkətlər ilə bağlı olan digər işlərə də istinad etmişdir. “Bankoviç” işimdə Məhkəmə nümunə kimi “Drozd və Yanusek Fransa və İspaniyaya qarşı” (Drozd and Janousek v. France and Spain, 26 June 1992, Series A no. 240) işinə də istinad etmişdir. Bu işdə qeyd edilmişdir ki, dövlət xaricdə olan fərdi öz məhkəməsi qarşısına gətirərək ona münasibətdə öz cinayət qanunvericiliyini tətbiq etdiyi halda yurisdiksiyasını həyata keçirmiş olur. “Öcalan Türkiyəyə qarşı” (Öcalan v. Turkey [GC], no. 46221/99, ECHR 2005‑IV) işində Böyük Palata qeyd etmişdir ki, ərizəçi “Türkiyə təhlükəsizlik qüvvələrinin nümayəndələri tərəfindən Türkiyədə qeydiyyatdan keçmiş hava gəmisinin xaricində, Nayrobi hava limanının beynəlxalq zonasında həbs edilərkən” və “Türkiyə rəsmiləri tərəfindən fiziki güc tətbiq edilərək Türkiyəyə qayıtmağa məcbur edilərkən və həbsindən sonra və Türkiyəyə qaytarılması zamanı həmin rəsmilərin hakimiyyəti və nəzarəti altında olarkən” Türkiyə onun üzərində öz yurisdiksiyasını həyata keçirmişdir.
116. Hökumət bildirmişdir ki, ərizəçilərin qohumlarını öldürməklə Birləşmiş Krallığın əsgərlərinin mərhumlar üzərində “hakimiyyəti və nəzarətini” həyata keçirdiyinə və buna görə də bu məsələlərin onun yurisdiksiyasına aid olduğuna dair izahatları “Bankoviç” işi üzrə (yuxarıda qeyd edilmişdir) qərara bilavasitə ziddir. “Bankoviç” işində Böyük Palata ümumiyyətlə Konvensiyanın ekstraterritorial hərbi əməliyyatlara tətbiqi məsələsinə baxmış və bununla yanaşı, inter alia, dövlət təcrübəsinə və Konvensiyanın 15-ci maddəsinə nəzər salmışdır. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, Konvensiya cavabdeh dövlət tərəfindən həyata keçirilmiş və həmin ərizəçilərin qohumlarının ölümü ilə nəticələnmiş hərbi əməliyyatlara münasibətdə tətbiq edilmir. Eynilə hazırkı işdə də Birləşmiş Krallığın əsgərlərinin təhlükəsizlik üzrə hərbi əməliyyatları həyata keçirən zaman ərizəçilərin qohumlarını atəş açmaqla qətlə yetirməkdə ifadə olunan hərbi hərəkətləri onlar üzərində yurisdiksiyanın yerinə yetirildiyi anlamına gəlmir. Bu baxımdan bombardman etmə nəticəsində ölmə ilə quruda əməliyyatların həyata keçirilməsi nəticəsində açılan atəşdən ölmə arasında hər hansı fərq qoyulması mümkün deyil.
117. Hökumət ərizəçilərin Birləşmiş Krallığın əsgərlərinin işğal edilmiş ərazilərdə “ictimai qayda və təhlükəsizliyin” təmin edilməsi ilə bağlı Haaqa Qaydalarında nəzərdə tutulmuş öhdəlikdən irəli gələrək mərhumlar üzərində “qanuni hakimiyyəti” həyata keçirdikləri üçün bu işdə yurisdiksional bağlılığın olması barədə dəlillərini qəbul etməmişdir. Konvensiyanın 1-ci maddəsi məna baxımından müstəqildir və o, beynəlxalq humanitar hüququn tamamilə fərqli müddəalarına istinad edilməklə müəyyən edilə bilməz. Bundan əlavə, qeyd edilən vəzifə işğal edilmiş ərazi daxilində olan hər bir İraq vətəndaşı ilə əlaqəli idi və əgər ərizəçilər haqlı sayılarlarsa, Birləşmiş Krallıqdan Konvensiyada nəzərdə tutulmuş hüquqların bütün bu şəxslər tərəfindən həyata keçirilməsini təmin etmək tələb oluna bilərdi. Eyni zamanda Birləşmiş Krallığın qoşunlarının müvafiq vaxtda müqavilə öhdəliklərinə uyğun olaraq “dövlət funksiyalarını” həyata keçirdiyini də demək mümkün deyil (yuxarıda qeyd edilmiş “Bankoviç” işi üzrə qərarın 73-cü bəndi). Faktiki olaraq Birləşmiş Krallığın qoşunları hökumət funksiyalarının həyata keçirilə bilməsi və qanunun aliliyinin lazımi qaydada təmin oluna bilməsi üçün zəruri olan vəziyyətin yaradılması istiqamətində səy göstərməklə hərbi hakimiyyəti yerinə yetirirdi. Onlar tərəfindən həyata keçirilmiş müxtəlif növ hərbi əməliyyatlar arasında hər hansı nəzərəçarpacaq fərqin qoyulması mümkün deyil. Konvensiyanın iddia edilən pozuntunun baş verməsi zamanı əsgərin həyata keçirdiyi konkret fəaliyyətə, misal üçün küçənin patrulu, quruda hücum və ya havadan bombardman etməyə tətbiq edildiyi nəticəsinə gəlmək üçün heç bir əsas yoxdur.
118. Sonda Hökumət bildirmişdir ki, ölkə daxili məhkəmələr birinci, ikinci, üçüncü və dördüncü ərizəçilərin qohumları vəfat edən zaman Birləşmiş Krallığın onlar üzərində Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş yurisdiksiyanı həyata keçirmədiyi ilə bağlı düzgün nəticəyə gəlmişlər. Bu işlər yuxarıda qeyd edilmiş “Bankoviç” işindən fərqli deyil. Eyni zamanda, beşinci ərizəçinin işinin faktları bu baxımdan onu birincidən dördüncüyə qədər olan ərizəçilərin işlərindən fərqləndirmək üçün kifayət edici deyil. Beşinci ərizəçinin oğlunun həbsi şəraiti yurisdiksiyanın olduğunun müəyyən edildiyi “Öcalan” işindəki (yuxarıda qeyd edilmişdir) şəraitə oxşar deyil. Əsas döyüş əməliyyatlarının dayandırılmasından dərhal sonra son dərəcə ağır iğtişaşların baş verdiyi bir şəraitdə soyğunçuluqda şübhə edilən şəxs kimi o, Birləşmiş Krallığın əsgərləri tərəfindən soyğunçuluğun baş verdiyi ərazidən başqa bir yerə aparılmışdır. Birləşmiş Krallığın əsgərləri bu hərəkəti etməklə beşinci ərizəçinin oğlu üzərində sadəcə olaraq hərbi hakimiyyəti həyata keçirmişlər. Hökumət qəbul edir ki, altıncı ərizəçinin oğlu vəfat edən zaman Birləşmiş Krallığın yurisdiksiyası altında olmuşdur. Lakin Hökumətin mövqeyinə görə bu yurisdiksiyanın əsası kimi yalnız Bölmə Məhkəməsi, sonradan isə Lord Braun, Lord Rocer, Lord Karsuel və Baronessa Heyl tərəfindən müəyyən edilmiş əsas çıxış edir. Yəni bu işdə yurisdiksiya, başlıca olaraq səfirliklər üçün edilən ekstraterritorial istisna halı ilə analogiya üzrə, mərhumun Birləşmiş Krallığın hərbi bazasında yerləşmiş və bu ölkə tərəfindən idarə edilmiş hərbi həbsxanada saxlanılan zaman yaranmışdır. Avropa Məhkəməsində işə baxılan zaman Hökumət tərəfindən işdə iştirak edən vəkil təsdiq etmişdir ki, Hökumətin mövqeyinə görə xarici ölkə ərazisində Britaniya hərbçilərinə məxsus avtomobildə Britaniya həbsxanasına aparılan şəxs bu avtomobil və şəxs həmin həbsxananın ərazisinə daxil olana qədər Birləşmiş Krallığın yurisdiksiyası altına düşmür.
119. Bu o demək deyil ki, Birləşmiş Krallıq İraqda cəzasızlıq şəraitində necə gəldi hərəkət etmək azadlığına malik idi. Lord Binqəm Lordlar Palatasında ifadə etdiyi rəyində bildirdiyi kimi Birləşmiş Krallığın silahlı qüvvələrinin hərəkətləri beynəlxalq humanitar hüquq normaları ilə tənzim olunurdu. Birləşmiş Krallığın İraqda xidmət göstərən əsgərləri həmçinin öz ölkəsinin cinayət qanunvericiliyinin normalarına tabe idilər və milli məhkəmələr tərəfindən məsuliyyətə cəlb oluna bilərdilər. Dövlət müharibə cinayətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etmək istəmədikdə və ya bunu edə bilmədikdə, Beynəlxalq Cinayət Məhkəməsi həmin şəxslər üzərində öz yurisdiksiyasını həyata keçirə bilər. İraqda şəxslərə ziyan vurulması iddiaları ilə bağlı Birləşmiş Krallığın nümayəndələrinə və hakimiyyət orqanlarına qarşı Krallığın məhkəmələrində mülki qaydada da iddia qaldırılması mümkündür.
(ii) Ərizəçilər
120. Ərizəçilər 1-ci maddədə nəzərdə tutulmuş yurisdiksiyanın başlıca olaraq ərazi xüsusiyyətinə malik olduğunu qəbul etmişlər. Bununla yanaşı onlar vurğulamışlar ki, bu, müstəsna xarakter daşımır və Razılığa Gələn Dövlətin ekstraterritorial yurisdiksiyanı həyata keçirməsi mümkündür. Konvensiyanın 56-cı maddəsində nəzərdə tutulmuş prosedur dövlətlərə yerli şəraiti lazımı qaydada nəzərə alaraq məlumat xarakterli bəyanat verməklə Konvensiyanın tətbiqi sferasını genişləndirərək başqa ərazilərə də aid etmək imkanı verir. Lakin presedent hüququndan açıq göründüyü kimi 56-cı maddə Konvensiyanın ekstraterritorial qaydada tətbiqi üçün müstəsna mexanizm deyil.
121. Ərizəçilər bildirmişlər ki, Avropa Məhkəməsinin və Komissiyanın presedent hüququ “dövlət nümayəndəsinin hakimiyyəti” və “ərazi üzərində səmərəli nəzarət” prinsipləri vasitəsilə dövlətin yurisdiksiyasını ekstraterritorial qaydada həyata keçirə bilməsini tanımışdır. “Dövlət nümayəndəsinin hakimiyyəti” yurisdiksiyasına ilk dəfə Komissiyanın “Kipr Türkiyəyə qarşı” (Cyprus v. Turkey, nos. 6780/74 and 6950/75, Commission decision on admissibility of 26 May 1975, vol. 2 Decisions and Reports (DR), p. 125, at p. 136) işinin qəbuledilənliyi ilə bağlı qərardadında istinad edilmişdir. Qərardadda Komissiya qeyd etmişdir : “...dövlətin səlahiyyətli nümayəndələri xaricdə olan zaman yalnız özləri həmin dövlətin yurisdiksiyası altında qalmaqda davam etmir, eyni zamanda üzərilərində hakimiyyət funksiyalarını həyata keçirdikləri şəxsləri və ya əmlakı da bu dövlətin “yurisdiksiyası altına” gətirirlər”. Sonralar bu prinsip “Kipr Türkiyəyə qarşı” işində (Cyprus v. Turkey, nos. 6780/74 and 6950/75, Commission Report of 10 July 1976) tətbiq edilmiş və Komissiya belə qərara gəlmişdir ki, Türkiyə əsgərlərinin Kiprdəki hərəkətləri Türkiyənin yurisdiksiyasını həyata keçirdiyi anlamına gəlmişdir. Bu hərəkətlərə mülki şəxslərin öldürülməsi (o cümlədən Türkiyə əsgərlərinin nəzarəti altında olan əmlakın geri qaytarılmasına səy göstərən zaman zabitlərin və ya digərlərinin əmri ilə öldürmə), qadınların boş evlərdə və ya küçələrdə zorlanması, mülki şəxslərin özbaşına şəkildə həbsi, həbsdə saxlanılanlar ilə qəddar davranma, mülki şəxslərin məcburi köçürülməsi və əmlakın hərbçilər tərəfindən müsadirə edilməsi kimi hərəkətlər aid idi. Türkiyə 1990-cı ilə qədər Məhkəmənin yurisdiksiyasını qəbul etmədiyindən bu iş Məhkəmə tərəfindən heç zaman araşdırılmamışdır. Bununla belə, Komissiyanın hesabatı sadəcə hərbi həbsxana administrasiyasına malik olmanın hakimiyyət və nəzarətin olmasının təsbit edilməsi üçün kifayət etdiyinə dair fikirləri dəstəkləməmişdir.
122. Ərizəçilər qeyd etmişlər ki, Komissiya və Məhkəmə tərəfindən 1990-cı illərdə baxılmış şimali Kipr ilə bağlı Türkiyə əleyhinə olan sonrakı işlərdə Türkiyə qəbul etmişdir ki, Türkiyənin hərbi heyəti tərəfindən birbaşa edilən əməllərə münasibətdə onun 1-ci maddəyə əsasən yurisdiksiyası yaranacaqdır. Lakin sonra Türkiyə Hökuməti mövqeyini dəyişərək bildirmişdir ki, mübahisə predmeti olan hərəkətlər Türkiyənin dövlət nümayəndələri tərəfindən törədilmədiyindən və 1983-cü ildə yaradılmış müstəqil yerli administrasiyaya, “Şimali Kipr Türk Cümhuriyyətinə” aid edildiyindən o, bu işlərdə yurisdiksiyaya malik deyil. Məhkəmə “Loizidu Türkiyəyə qarşı (ilkin etirazlar)” və “Kipr Türkiyəyə qarşı” işlərində (hər iki iş yuxarıda qeyd edilmişdir) bu dəlili qəbul etməmiş və onun əksinə olan “ərazi üzərində səmərəli nəzarət” prinsipini təsbit etmişdir. Bu prinsip aşağıdakı halda tətbiq olunur (bax: “Loizidu (ilkin etirazlar)”, 62-ci bənd):
“əgər Razılığa Gələn Dövlət, hüquqa uyğun və ya hüquqazidd olmasından asılı olmayaraq, həyata keçirilmiş hərbi əməliyyat nəticəsində öz milli ərazisində kənarda yerləşən ərazi üzərində səmərəli nəzarəti həyata keçirirsə. Bu ərazidə Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqların təmin edilməsi öhdəliyi birbaşa, silahlı qüvvələri vasitəsilə və ya tabeçiliyində olan yerli administrasiya vasitəsilə həyata keçirilməsindən asılı olmayaraq, belə nəzarətin mövcudluğu faktından irəli gəlir”.
Bu işlərdə Məhkəmə “dövlət nümayəndəsinin hakimiyyəti” prinsipinin əvəz olunduğu ilə bağlı hər hansı fikir söyləməmişdir. Əslində “Loizidu Türkiyəyə qarşı (ilkin etirazlar)” işində Məhkəmə “ərazi üzərində səmərəli nəzarət” prinsipini təsbit etdikdən sonra aşağıdakıları qeyd etmişdir (62-ci bənd):
“Bundan əlavə, Razılığa Gələn Dövlət hakimiyyət orqanlarının milli sərhədlər hüdudunda və ya onun xaricində etdikləri və dövlətin öz ərazisindən xaricdə nəticələr doğurduğu hərəkətlərinə görə də məsuliyyət daşıya bilər (bax: “Drozd və Yanusek Fransa və İspaniyaya qarşı” (Drozd and Janousek v. France and Spain judgment of 26 June 1992, Series A no. 240, p. 29, para. 91)).
Bundan əlavə, Məhkəmənin iddia edilən pozuntunun Türkiyənin yurisdiksiyası altına düşüb-düşmədiyi ilə bağlı gəldiyi nəticə də eyni şəkildə hər iki əsas üzərində qurulmuşdur (63-cü bənd).
“Bununla bağlı cavabdeh Hökumət qəbul etmişdir ki, ərizəçilərin mülkiyyətləri üzərində nəzarəti itirmələri Kiprin şimal hissəsinin Türkiyə tərəfindən işğal edilməsi və burada “Şimali Kipr Türk Cümhuriyyətini” yaratması nəticəsində baş vermişdir. Bundan əlavə, Türkiyə qoşunlarının ərizəçini əmlakından istifadə etməsinə maneçilik törətmələri də mübahisə doğurmur”.
Məhkəmə tərəfindən qəbul edilmiş sonrakı qərarlarda bu iki prinsip yanaşı qeyd edilmişdir (bax: “Bankoviç” işi, 69-73-cü bəndlər; “İssa” işi, 69-71-ci bəndlər (hər iki iş yuxarıda qeyd edilmişdir); “Andreu Türkiyəyə qarşı (qərardad)” (Andreou v. Turkey (dec.), no. 45653/99, 2 June 2008); “Solomu və Digərləri Türkiyəyə qarşı” (Solomou and Others v. Turkey, no. 36832/97, §§ 44-45, 24 June 2008)). Məhkəmənin heç bir işində qeyd edilməmişdir ki, “dövlət nümayəndəsinin hakimiyyəti”nə əsaslanan yurisdiksiya hakimiyyət funksiyalarını həyata keçirən hərbçi dövlət nümayəndələrinin birbaşa hərəkətlərinin təhlili üçün uyğun vasitə deyil.
123. Ərizəçilər bildirmişlər ki, onların vəfat etmiş ailə üzvləri “dövlət nümayəndəsinin hakimiyyəti” prinsipinə əsasən Birləşmiş Krallığın yurisdiksiyası altına düşürlər. Hökumət altıncı ərizəçinin oğlu ilə bağlı qəbul etmişdir ki, Britaniya hərbi heyəti tərəfindən İraqda hakimiyyətin və nəzarətin həyata keçirilməsi Birləşmiş Krallığın ekstraterritorial yurisdiksiyasını həyata keçirməsi anlamına gələ bilər. Lakin ekstraterritorial həbs hallarında yurisdiksiya ərazi anklavına bənzər hərbi həbsxana ideyası ilə bağlı deyil. Altıncı ərizəçinin oğlu ilə bağlı yurisdiksiya eyni şəkildə mehmanxanada həbs altında olduğu zaman, yaxud mehmanxanadan kənarda saxlanılmış avtomobilin içində işgəncə veriləcəyi və qətlə yetiriləcəyi halda da yaranacaqdı. Bundan əlavə, şəxslərin dövlətin ərazisindən kənarda həbsi və tutulması dövlət nümayəndəsinin hakimiyyətini həyata keçirildiyi klassik nümunə kimi görülsə də, hərbi heyət tərəfindən hakimiyyət və nəzarət funksiyalarının yerinə yetirilməsi prinsip etibarı ilə yalnız gözətçilərin hərəkətlərinə bənzər əməllər ilə məhdudlaşmır (cavabdeh Hökumətin yuxarıda qeyd edilmiş “Bankoviç” işində bildirdiyi kimi (37-ci bənd) ).
124. Ərizəçilər bildirmişlər ki, Birləşmiş Krallığın dövlət nümayəndələri altı ərizəçinin hamısının vəfat etmiş qohumları üzərində hakimiyyət və nəzarəti həyata keçirdiklərindən həmin şəxslər Krallığın yurisdiksiyası altında olmuşlar. Onlar vurğulamışlar ki, Britaniya silahlı qüvvələri İraqda ictimai qaydanın qorunması, yerli mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi və mülki administrasiyaya dəstək verilməsinə görə məsuliyyət daşıyırdılar. Bu funksiyaları həyata keçirməklə Britaniya silahlı qüvvələri Birləşmiş Krallıq tərəfindən cənub-şərqi İraqın işğal edilməsinin geniş kontekstində fəaliyyət göstərirdilər. Nəzarət və hakimiyyət Müvəqqəti Koalisiya Administrasiyasının Cənub Regional Ofisi vasitəsilə də həyata keçirilirdi və bu Ofisin əməkdaşları başlıca olaraq Britaniya heyətindən ibarət idi. Qətlə yetirilmiş mülki şəxslərin təhlükəsizliyi Britaniya silahlı qüvvələri tərəfindən təmin etməli idi. Beləliklə də, əsgərlər ilə qətlə yetirilmiş mülki şəxslər arasında xüsusi hakimiyyət və nəzarət münasibəti mövcud idi. Bu şəxslərin Birləşmiş Krallığın hakimiyyəti alında olub-olmamalarını müəyyən etmək üçüm yurisdiksiyaya yuxarıda qeyd edilmiş “Bankoviç” işində rədd edilmiş təsir əsaslı yanaşmanın qəbul edilməsi tələb olunmur. Burada yurisdiksiya xüsusi hakimiyyət və nəzarət münasibətinə əsaslanır. Alternativ olaraq ərizəçilər bildirmişlər ki, ən azından ikinci, dördüncü, beşinci və altıncı ərizəçilərin vəfat etmiş qohumları üzərində Britaniya əsgərləri kifayət edici səviyyədə hakimiyyət və nəzarəti həyata keçirmiş və bununla da zərərçəkmiş şəxslər Birləşmiş Krallığın yurisdiksiyası altına düşmüşlər.
125. Ərizəçilər bundan başqa bildirmişlər ki, müvafiq vaxtda Birləşmiş Krallıq cənub-şərqi İraq üzərində səmərəli nəzarəti həyata keçirdiyindən onların vəfat etmiş qohumları Birləşmiş Krallığın yurisdiksiyası altına düşürdülər. Onlar bildirmişlər ki, beynəlxalq hüquqa görə bu işdə ərazi dövlət tərəfindən İşğalçı Dövlət qismində işğal edilmişdir, belə ki, həmin ərazi faktiki olaraq bu dövlətin ordusunun hakimiyyəti altına keçmişdir (bax: Haaqa Qaydalarının 42-ci maddəsi: yuxarıda 89-cu bənd). Onların fikrincə bu fakt Konvensiyanın 1-ci maddəsinə əsasən ekstraterritorial yurisdiksiyanın mövcudluğunun təsbit edilməsi üçün kifayət edir. Hərbi işğalın bu nəticəsi beynəlxalq hüquqda istər ekstraterritorial yurisdiksiya, istərsə də insan hüquqlarının “yurisdiksiyaya” əsaslanaraq ekstraterritorial qaydada tətbiqi ilə bağlı yanaşmanı əks etdirir.
126. Ərizəçilər yurisdiksiyanın “ərazi üzərində səmərəli nəzarət” əsasının yalnız Konvensiyanın qüvvədə olduğu hüquqi məkan daxilində tətbiq edilə bilməsinə dair fikirlər ilə razılaşmamışlar. Bundan əlavə, onlar fikirlərini belə əsaslandırmışlar ki, dövlətdən öz ərazisində olduğu kimi tam nəzarəti həyata keçirməsinin tələb olunması yanlış mövqenin formalaşmasına səbəb olacaq və bu zaman Konvensiyanın pozulmasını ifşa edən faktlar zərərçəkmiş şəxsə pozulmuş hüquqlarının bərpası üçün vasitələrindən istifadə etmək hüququ verməyərək dövlətin öz yurisdiksiyasını həyata keçirmədiyinin müəyyənləşdirilməsi üçün sübut qismində çıxış edəcəkdir. Eyni şəkildə, ərazi üzərində nəzarətin mövcudluğunu təsbit etmək üçün yalnız buradakı qoşun sayına istinad edilməsi qeyri-müəyyənliyin yaranmasına səbəb olaraq məsuliyyətdən yayınmağa imkan yaradacaq və özbaşınalığa yol açacaqdır. Konvensiyanın tətbiqi Razılığa Gələn Dövlətin hərəkətlərinə təsir göstərərək hərbi müdaxilənin həyata keçirilməsi ilə bağlı məsələlərə diqqətlə yanaşmağa sövq etməli və kifayət qədər olan qoşun sayının dövlətin beynəlxalq öhdəliklərinə uyğun gəlməsini təmin etməlidir. Ərizəçilər lord-hakim Sedli tərəfindən Apellyasiya Məhkəməsində irəli sürülmüş hərbi işğalı həyata keçirmiş Razılığa Gələn Dövlətin qanun-qaydanın təmin edilməsi və əsas vətəndaş hüquqlarını qoruması məqsədilə mümkün olan hər bir şeyi etmək vəzifəsini daşıdığına dair yanaşmasını (yuxarıda 80-ci bəndə bax) dəstəkləmişlər. Məhkəmənin presedent hüququna ərazidə yerləşdirilmiş hərbi heyətin sayı ilə bağlı detallar daxil edilsə də (yuxarıda qeyd edilmiş şimalı Kipr ilə bağlı işlər və “İlaşku” işi), bundan cavabdeh dövlətin işğal faktını inkar etdiyi hallarda (Türkiyə və Rusiya) ərazinin həqiqətən də düşmən ordunun hakimiyyəti altına olub-olmadığını müəyyən etmək üçün istifadə edilməsi mümkündür. Hazırkı işdə olduğu kimi cavabdeh dövlətin işğal faktını qəbul etdiyi hallarda isə belə bir qiymətləndirilmənin aparılması zəruri deyil.
127. Ərizəçilər bildirmişlər ki, işğalçı dövlətin beynəlxalq humanitar hüquq ilə müəyyən edilmiş işğal etdiyi ərazidə öz qanunlarını deyil, ərazi dövlətinin daxili qanunvericiliyini tətbiq etmək vəzifəsi Konvensiyada təsbit edilmiş yurisdiksiyadan yayınmaq üçün istifadə edilə bilməz, belə ki, yurisdiksiyanın “ərazi üzərində səmərəli nəzarət” əsası qanunsuz işğal hallarına da tətbiq olunur. Onlar Beynəlxalq Məhkəmənin “Konqo ərazisində hərbi əməliyyatlar” işi üzrə qərarına və “İşğal Edilmiş Fələstin Ərazisində Divarın İnşasının Hüquqi Nəticələrinə dair” Məşvərətçi Rəyinə (yuxarıda 90-91-ci bəndlərə bax) istinad etmişlər. Bu sənədlərdə Beynəlxalq Məhkəmə müəyyən etmişdir ki, işğalçı dövlət beynəlxalq insan hüquqları hüququnu tətbiq etmək vəzifəsi daşıyırdı. Bu işlərdə açıq şəkildə təsbit edilmiş prinsipə görə beynəlxalq hüquqda hərbi işğal insan hüquqları sahəsində ekstraterritorial yurisdiksiyanın tanınması üçün əsasdır.
iii. Üçüncü tərəflər
128. Üçüncü tərəf kimi işə müdaxilə edənlər (yuxarıda 6-cı bəndə bax) vurğulamışlar ki, Konvensiya 1930-40-cı illərdə Avropada işğal edilmiş ərazilərdə insan hüquqlarının silahlı qüvvələr tərəfindən dəhşətli dərəcədə pozulması hallarının baş verməsindən sonra qəbul edilmişdir. Konvensiyanı hazırlayanların dövlətlərin gələcəkdə məsuliyyətinin yalnız öz ərazilərində törədilən pozuntular ilə məhdudlaşacağını nəzərdə tutmalarını zənn etmək mümkün deyil. Bundan əlavə, ümumi beynəlxalq hüquq “yurisdiksiya” konsepsiyasının konkret müqavilənin obyekti və məqsədi nəzərə alınmaqla təfsir edilməsini tələb edir. Məhkəmə dəfələrlə Konvensiyanın insan hüquqlarının müdafiəsi vasitəsi kimi xüsusi xarakterə malik olmasına diqqəti çəkmişdir. Dövlətlərin öz ərazilərindən kənardakı davranışlarını nəzərdən keçirən zaman BMT-nin İnsan hüquqları komitəsi və Beynəlxalq Məhkəmə tərəfindən təsbit edilmiş beynəlxalq insan hüquqları hüququnun əsas prinsiplərindən biri dövlətə öz ərazisində törədilməsi qadağan edilmiş pozuntuları xarici dövlətin ərazisində etməsinə imkan yaradan ədalətsiz ikili standartlara yol verməmək zərurətidir.
129. Üçüncü tərəf kimi işə müdaxilə edənlər daha sonra vurğulamışlar ki, beynəlxalq və regional məhkəmələr, həmçinin insan hüquqları sahəsində fəaliyyət göstərən qurumların ümumi məxrəci ondan ibarətdir ki, dövlət nümayəndələrinin xaricdəki hərəkətlərinin və ya hərəkətsizliyinin onun “yurisdiksiyası” altına düşüb-düşmədiyini müəyyənləşdirən zaman həmin dövlətin sözü gedən şəxs üzərində nəzarət və hakimiyyətinin mövcud olması faktına fikir verilməlidir. Dövlətin nümayəndələri ölkə ərazisindən kənarda belə bir nəzarəti və ya hakimiyyəti həyata keçirdikləri zaman dövlətin insan hüquqlarına hörmət etmək öhdəliyi davam edir. Bu, dövlət nümayəndələrinin konkret hərəkəti və ya hərəkətsizliyinin halları ilə bağlı müəyyən edilməli olan faktiki sınaq idi. Hərbi işğala bənzər bəzi vəziyyətlər şəxslərin işğalçı dövlətin nəzarəti və hakimiyyəti altında olduqlarını güman etmək üçün ciddi əsasdır. Əlbəttə, Beynəlxalq Məhkəmənin presedent hüququndan irəli gələn prinsiplərdən biri inter alia odur ki (yuxarıda 90-91-ci bəndlərə bax), vəziyyət beynəlxalq humanitar hüquqi mənada işğal kimi qiymətləndirilirsə, insan hüquqları hüququnun tətbiqi məqsədilə “yurisdiksiyanın” mövcud olmasını güman etmək üçün ciddi əsaslar mövcuddur.
(b) Məhkəmənin qiymətləndirməsi
(i) Konvensiyanın 1-ci maddəsi ilə müəyyən edilmiş yurisdiksiyaya aid ümumi prinsiplər
130. Konvensiyanın 1-ci maddəsində qeyd edilir:
“Yüksək Razılığa Gələn Dövlətlər yurisdiksiyası altında olan bütün şəxslərin Konvensiyanın 1-ci Bölməsində təsbit edilmiş hüquq və azadlıqlardan istifadə etmələrini təmin edir”.
Bu maddədə müəyyən edildiyi kimi Razılığa Gələn Dövlətin üzərinə götürdüyü öhdəlik “yurisdiksiyası” altında olan şəxslərin nəzərdə tutulmuş hüquq və azadlıqlardan istifadə etmələrini “təmin etməklə” ( fransız dili mətninə görə - “reconnaître”) məhdudlaşır (bax: “Soerinq Birləşmiş Krallığa qarşı” (Soering v. the United Kingdom, 7 July 1989, § 86, Series A no. 161); “Bankoviç və Digərləri Belçika və Digərlərinə qarşı” (Banković and Others v. Belgium and Others [GC] (dec.), no. 52207/99, § 66, ECHR 2001‑ XII)). 1-ci maddəyə görə “yurisdiksiya” başlanğıc meyardır. Yurisdiksiyanın həyata keçirilməsi Konvensiyada təsbit edilmiş hüquq və azadlıqların iddia edilən pozuntusuna səbəb olmuş hərəkət və hərəkətsizliyə görə Razılığa Gələn Dövlətin məsuliyyətə cəlb edilməsi üçün zəruri şərtdir (bax: “İlaşku və Digərləri Moldova və Rusiyaya qarşı” [Böyük Palata] (Ilaşcu and Others v. Moldova and Russia [GC], no. 48787/99, § 311, ECHR 2004‑VII)).
(α) Ərazi prinsipi
131. 1-ci maddəyə görə dövlətin yurisdiksional səlahiyyəti başlıca olaraq öz ərazisi ilə bağlıdır (bax: yuxarıda qeyd edilmiş “Soerinq” işi, 86-cı bənd; yuxarıda qeyd edilmiş “Bankoviç” işi, 61-ci və 67-ci bəndlər; yuxarıda qeyd edilmiş “İlaşku” işi, 312-ci bənd). Normal olaraq dövlətin yurisdiksiyasını öz ərazisində həyata keçirdiyi güman edilir (yuxarıda qeyd edilmiş “İlaşku” işi, 312-ci bənd; “Assanidze Gürcüstana qarşı” [Böyük Palata] (Ilaşcu, cited above, § 312; Assanidze v. Georgia [GC], no. 71503/01, § 139, ECHR 2004‑II)). Əksinə, Razılığa Gələn Dövlətin öz ərazisindən kənarda etdiyi və ya burada nəticələr doğurduğu hərəkətləri yalnız istisna hallarda 1-ci maddənin mənasında yurisdiksiyanın həyata keçirilməsi hesab oluna bilər (yuxarıda qeyd edilmiş “Bankoviç” işi, 67-ci bənd).
132. Bu günə qədər Məhkəmə presedent hüququnda Razılığa Gələn Dövlətin öz ərazisinin hüdudlarından kənarda yurisdiksiyasını həyata keçirdiyini təsbit etməyə əsas verən bir sıra istisna halları tanımışdır. Hər bir işdə dövlətin ekstraterritorial yurisdiksiyasını həyata keçirməsinin Məhkəmə tərəfindən müəyyən edilməsinə əsas verən və bunu tələb edən istisna halın mövcud olub-olmadığı məsələsi konkret faktlardan asılı olaraq həll edilməlidir.
(β) Dövlət nümayəndəsinin hakimiyyəti və nəzarəti
133. Məhkəmənin presedent hüququnda qəbul edilmişdir ki, ərazi prinsipinə istisna kimi Razılığa Gələn Dövlətin 1-ci maddəyə əsasən yurisdiksiyası onun dövlət orqanlarının ölkə ərazisindən kənarda nəticələr doğuran hərəkətlərinə də aid edilə bilər (bax: “Drozd və Yanusek Fransa və İspaniyaya qarşı” (Drozd and Janousek v. France and Spain, judgment of 26 June 1992, Series A no. 240, § 91); “Loizidu Türkiyəyə qarşı (ilkin etirazlar)” (Loizidou v. Turkey (preliminary objections), 23 March 1995, § 62, Series A no. 310); “Loizidu Türkiyəyə qarşı (işin mahiyyəti ilə bağlı məsələlər)” (Loizidou v. Turkey(merits), 18 December 1996, § 52, Reports of Judgments and Decisions 1996‑VI); yuxarıda qeyd edilmiş “Bankoviç” işi, 69-cu bənd). Bu prinsip “Drozd və Yanusek” işində və yuxarıda qeyd edilmiş digər işlərdə geniş mənada təsbit edilmişdir: Məhkəmə sadəcə olaraq qeyd edir ki, bu hallarda Razılığa Gələn Dövlətin məsuliyyəti “yarana bilər”. Burada əsas prinsiplərin müəyyənləşdirilməsi üçün Məhkəmənin presedent hüququnun araşdırılması zəruridir.
134. İlki növbədə aydındır ki, beynəlxalq hüquq normalarına uyğun olaraq xarici dövlətin ərazisində olan diplomatik və konsul nümayəndələrinin hərəkətləri o zaman yurisdiksiyanın həyata keçirilməsi hesab oluna bilər ki, onlar başqa şəxslər üzərində hakimiyyət və nəzarəti həyata keçirsinlər (yuxarıda qeyd edilmiş “Bankoviç” işi, 73-cü bənd; həmçinin bax: “X. Almaniya Federativ Respublikasına qarşı” (X v. Federal Republic of Germany, no. 1611/62, Commission decision of 25 September 1965, Yearbook of the European Convention on Human Rights, vol. 8, pp. 158 and 169); “X. Birləşmiş Krallığa qarşı” (X v. the United Kingdom, no. 7547/76, Commission decision of 15 December 1977); “WM Danimarkaya qarşı” (WM v. Denmark, no. 17392/90, Commission decision of 14 October 1993)).
135. İkincisi, Məhkəmə qəbul etmişdir ki, Razılığa Gələn Dövlət ərazinin mənsub olduğu Hökumətin birbaşa və ya susmaqla ifadə edilmiş razılığı, yaxud dəvəti ilə həmin dövlətin ərazisində normal şəraitdə həmin Hökumət tərəfindən icra edilən dövlət səlahiyyətlərinin hamısını və ya bir qismini həyata keçirirsə, ekstraterritorial yurisdiksiyanı yerinə yetirmiş sayılır (yuxarıda qeyd edilmiş “Bankoviç” işi, 71-ci bənd). Beləliklə, Razılığa Gələn Dövlətin hakimiyyət orqanlarının adət, müqavilə və ya digər sazişə uyğun olaraq başqa bir dövlətin ərazisində icra və ya məhkəmə funksiyalarını həyata keçirdikləri hallarda həmin Razılığa Gələn Dövlət ərazi dövlətinə deyil, ona aid edilən əməllərin edilməsi nəticəsində Konvensiyanın pozulmasına görə məsuliyyət daşıya bilər (bax: yuxarıda qeyd edilmiş “Drozd və Yanusek” işi; “Jantilom və Digərləri Fransaya qarşı” (Gentilhomme and Others v. France, nos. 48205/99, 48207/99 and 48209/99, judgment of 14 May 2002); həmçinin, “X və Y İsveçrəyə qarşı” (X and Y v. Switzerland, nos. 7289/75 and 7349/76, Commission’s admissibility decision of 14 July 1977, DR 9, p. 57)).
136. Bundan əlavə, Məhkəmənin presedent hüququ nümayiş etdirir ki, bəzi hallarda dövlətin ərazisindən kənarda fəaliyyət göstərən dövlət nümayəndələri tərəfindən fiziki güc tətbiq edilməsi burada dövlət hakimiyyət orqanlarının nəzarəti altında olan şəxsin 1-ci maddənin mənasında dövlətin yurisdiksiyası altına düşməsinə səbəb ola bilər. Şəxsin xaricdə dövlət nümayəndəsinin nəzarəti altına götürüldüyü hallarda bu prinsip tətbiq edilmişdir. Misal üçün, “Öcalan Türkiyəyə qarşı” [Böyük Palata] (Öcalan v. Turkey [GC], no. 46221/99, § 91, ECHR 2005‑IV) işində Məhkəmə qeyd etmişdir ki, “ərizəçi Keniya rəsmiləri tərəfindən Türkiyə rəsmilərinə birbaşa təhvil verildikdən sonra o, Türkiyə hakimiyyət orqanlarının səmərəli nəzarəti altına keçmiş və buna görə də hətta bu halda Türkiyənin öz hakimiyyətini ərazisindən kənarda həyata keçirməsinə baxmayaraq, Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün həmin dövlətin “yurisdiksiyası” altına düşmüşdür”. “İssa və Digərləri Türkiyəyə qarşı” işində (In Issa and Others v. Turkey, no. 31821/96, 16 November 2004) Məhkəmə bildirmişdir ki, müəyyən edildiyi kimi Türkiyə əsgərləri şimali İraqda ərizəçinin qohumlarını nəzarət alına almış, onları mağaraya aparmış və burada edam etmişlər. Beləliklə də, əsgərlər vəfat etmiş şəxslər üzərində hakimiyyəti və nəzarəti həyata keçirdiklərindən onlar Türkiyənin yurisdiksiyası altında olmuşlar. “Əl-Saadun və Mufdi Birləşmiş Krallığa qaşı (qərardad)” (In Al-Saadoon and Mufdhi v. the United Kingdom (dec.), no. 61498/08, §§ 86-89, 30 June 2009) işində Məhkəmə qeyd etmişdir ki, İraqda Britaniyanın nəzarəti altında olan hərbi həbsxanalarda saxlanılmış iki İraq vətəndaşı Birləşmiş Krallığın yurisdiksiyası altında olmuşdur, belə ki, Birləşmiş Krallıq həbsxanalar və burada saxlanılan şəxslər üzərində tam və müstəsna nəzarəti həyata keçirmişdir. Nəhayət, “Medvedyev və Digərləri Fransaya qarşı” [Böyük Palata] (Medvedyev and Othersv. France [GC], no. 3394/03, § 67, ECHR 2010-...) işində Məhkəmə qeyd etmişdir ki, gəmi beynəlxalq sularda olarkən saxlandığı andan etibarən Fransa dövlət nümayəndələri həmin gəmi və onun heyəti üzərində tam və müstəsna nəzarətə malik olduqlarından ərizəçilər Fransa yurisdiksiyasının altına düşmüşlər. Məhkəmə hesab etmir ki, yuxarıda qeyd edilmiş işlərdə yurisdiksiya yalnız Razılığa Gələn Dövlətin ərizəçilərin içərisində saxlandıqları binaların, hava və ya dəniz gəmilərinin üzərində nəzarəti həyata keçirməsindən irəli gəlir. Belə işlərdə qeyd edilən şəxslər üzərində fiziki hakimiyyətin və nəzarətin həyata keçirilməsi həlledici amil rolunu oynayır.
137. Aydındır ki, 1-ci maddəyə əsasən dövlət nümayəndələri vasitəsilə şəxs üzərində nəzarəti və hakimiyyəti, beləliklə də yurisdiksiyasını həyata keçirən zaman Konvensiyanın 1-ci Bölməsində nəzərdə tutulmuş və həmin şəxsin olduğu vəziyyətə müvafiq hüquq və azadlıqlardan istifadəsini təmin etmək öhdəliyi daşıyır. Buna görə də bu mənada Konvensiyada nəzərdə tutulmuş hüquqlar “bölunə və vəziyyətə uyğunlaşdırıla bilər” (yuxarıda qeyd edilmiş “Bankoviç” işi üzrə qərarın 75-ci bəndi ilə müqayisə et).
(γ) Ərazi üzərində səmərəli nəzarət
138. 1-ci maddəyə əsasən yurisdiksiyanın dövlətin öz ərazisi ilə məhdudlaşması prinsipindən digər bir istisna hal hüquqa uyğun və ya hüquqazidd hərbi əməliyyatın nəticəsində Razılığa Gələn Dövlətin milli ərazisindən kənarda yerləşən ərazi üzərində səmərəli nəzarəti həyata keçirməsi nəticəsində yaranır. Bu ərazidə Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlardan istifadənin təmin edilməsi öhdəliyi ərazi üzərində birbaşa, Razılığa Gələn Dövlətin silahlı qüvvələri vasitəsilə və ya tabelikdə olan yerli administrasiyanın vasitəsilə həyata keçirilən belə nəzarət faktından irəli gəlir (yuxarıda qeyd edilmiş “Loizidu (ilkin etirazlar)” işi, 62-ci bənd; “Kipr Türkiyəyə qarşı” [Böyük Palata] (Cyprus v. Turkey [GC], no. 25781/94, § 76, ECHR 2001‑IV); yuxarıda qeyd edilmiş “Bankoviç” işi, 70-ci bənd; yuxarıda qeyd edilmiş “İlaşku” işi, 314-316-cı bəndlər; yuxarıda qeyd edilmiş “Loizidu (işin mahiyyəti ilə bağlı məsələlər)” işi, 52-ci bənd). Ərazi üzərində belə bir hakimiyyətin həyata keçirilməsi faktı təsbit edildiyi halda Razılığa Gələn Dövlətin tabeliyində olan yerli administrasiyanın siyasəti və hərəkətləri üzərində hərtərəfli nəzarəti həyata keçirib-keçirmədiyini müəyyənləşdirmək zəruri deyil. Yerli administrasiyanın Razılığa Gələn Dövlətin hərbi və başqa dəstəyi sayəsində fəaliyyət göstərə bilməsi faktı dövlətin həmin administrasiyanın siyasəti və hərəkətlərinə görə məsuliyyətini yaradır. Nəzarətdə saxlayan dövlət 1-ci maddəyə əsasən nəzarəti altında olan ərazidə Konvensiya və onun tərəfindən ratifikasiya edilmiş Protokollar ilə təsbit edilmiş bütün maddi hüquqlardan istifadənin təmin edilməsinə görə məsuliyyət daşıyır. O, bu hüquqların hər hansı birinin pozulmasına görə cavabdehdir (yuxarıda qeyd edilmiş “Kipr Türkiyəyə qarşı” işi, 76-77-ci bəndlər).
139. Razılığa Gələn Dövlətin öz ərazisindən kənarda yerləşən ərazi üzərində səmərəli nəzarəti həyata keçirib-keçirməməsi fakt ilə bağlı məsələdir. Səmərəli nəzarətin mövcud olub-olmadığını araşdırmaq üçün Məhkəmə başlıca olaraq dövlətin ərazidəki silahlı qüvvələrinin gücünü əsas götürür (bax: yuxarıda qeyd edilmiş “Loizidu (işin mahiyyəti ilə bağlı məsələlər)” işi, 16-cı və 56-cı bəndlər; yuxarıda qeyd edilmiş “İlaşku” işi, 387-ci bənd). Bu zaman digər göstəricilərdən, misal üçün dövlətin tabeliyində olan yerli administrasiyaya hərbi, iqtisadi və siyasi sahələrdə göstərdiyi dəstəyin həmin dövlətin region üzərində hansı səviyyədə təsirə və nəzarətə imkan yaratması amilindən istifadə oluna bilər (yuxarıda qeyd edilmiş “İlaşku” işi, 388-394-cü bəndlər).
140. Yurisdiksiyanın yuxarıda təsbit edilmiş “səmərəli nəzarət” prinsipi dövlətlərin beynəlxalq münasibətlərinin həyata keçirilməsinə görə məsuliyyət daşıdıqları xarici ərazilərə münasibətdə tətbiq etmək məqsədilə Konvensiyanın mətninə daxil etdikləri 56-cı maddə (əvvəlki redaksiyada 63-cü maddə) ilə müəyyən edilmiş bəyanatlar sistemini əvəz etmir. 56-cı maddənin 1-ci bəndi ilə təsbit edilmiş mexanizmə görə istənilən dövlət “...yerli şəraiti lazımi qaydada nəzərə alaraq” beynəlxalq münasibətlərinin həyata keçirilməsinə görə məsuliyyət daşıdığı bütün və ya müəyyən ərazilərdə Konvensiyanın tətbiq edilməsi ilə bağlı qərar qəbul edə bilər. Tarixi səbəblərə görə Konvensiyaya daxil edilmiş bu mexanizmin mövcudluğu hazırkı şəraitdə 1-ci maddə ilə nəzərdə tutulmuş “yurisdiksiya” termininin tətbiqi dairəsini məhdudlaşdıram amil kimi təfsir edilə bilməz. “Səmərəli nəzarət” prinsipi ilə əhatə olunan vəziyyətlər Razılığa Gələn Dövlətin 56-cı maddəyə əsasən bəyanat verməklə Konvensiyanı və ya onun hər hansı Protokolunu beynəlxalq münasibətlərinin həyata keçirilməsinə görə məsuliyyət daşıdığı xarici ərazilərə tətbiq etmədiyi hallardan açıq şəkildə fərqlənir (bax: yuxarıda qeyd edilmiş “Loizidu (ilkin etirazlar)” işi, 86-89-cu bəndlər və “Quark Fişinq Məhdud Məsuliyyətli Cəmiyyəti Birləşmiş Krallığa qarşı (qərardad)” (Quark Fishing Ltd v. the United Kingdom (dec.), no. 15305/06, ECHR 2006-...)).
(δ) Konvensiyanın qüvvədə olduğu hüquqi məkan (“espace juridique”)
141. Konvensiya Avropada ictimai qaydanın qorunması üçün konstitusional vasitədir (bax: yuxarıda qeyd edilmiş “Loizidu Türkiyəyə qarşı (ilkin etirazlar)”, 75-ci bənd). Konvensiya onun iştirakçısı olmayan dövlətin hərəkətlərini tənzim etmir və eyni zamanda Razılığa Gələn Dövlətdən Konvensiya standartlarını başqa dövlətlərə tətbiq etməsini tələb edən vasitə kimi çıxış etməyi də qarşısına məqsəd kimi qoymur (yuxarıda qeyd edilmiş “Soerinq” işi, 86-cı bənd).
142. Məhkəmə vurğulamışdır ki, bir Razılığa Gələn Dövlətin ərazisi başqa bir Razılığa Gələn Dövlət tərəfindən işğal edilən zaman işğalçı dövlət prinsip etibarı ilə işğal edilmiş ərazidə insan hüquqlarının pozulmasına görə Konvensiya əsasında məsuliyyət daşımalıdır. Belə ki, əks halda həmin ərazinin əhalisi Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqlardan istifadə etməkdən məhrum olunacaq və bu da “Konvensiyanın qüvvədə olduğu hüquqi məkan”da müdafiə sahəsində “vakuumun” yaranması ilə nəticələnəcəkdir (bax: yuxarıda qeyd edilmiş “Loizidu (işin mahiyyəti ilə bağlı məsələlər)” işi, 78-ci bənd; yuxarıda qeyd edilmiş “Bankoviç” işi, 80-ci bənd). Lakin bu işlərdə işğalçı dövlətin yurisdiksiyasının təsbit edilməsinin mühümlüyü Konvensiyanın 1-ci maddəsinə əsasən yurisdiksiyanın Avropa Şurasının üzvü olan dövlətlərin ərazisindən kənarda yerləşən ərazidə heç zaman mövcud ola bilməməsini a contrario nəzərdə tutmur. Məhkəmə öz təcrübəsində belə bir məhdudiyyəti tətbiq etməmişdir (digər qərarlar ilə yanaşı bax: yuxarıda qeyd edilmiş “Öcalan”, “İssa”, “Əl-Saadun və Mufdi” və “Medvedyev” işləri).
(ii) Bu prinsiplərin işin faktlarına tətbiqi
143. Birləşmiş Krallığın ərizəçilərin qohumları vəfat edən zaman onlardan hər hansı biri üzərində yurisdiksiyaya malik olub-olmadığının müəyyən edilməsi zamanı Məhkəmə başlanğıc nöqtə kimi 2003-cü ilin 20 mart tarixində Birləşmiş Krallığın Amerika Birləşmiş Ştatları və koalisiya üzrə tərəfdaşları ilə birlikdə silahlı qüvvələri vasitəsilə o vaxt hakimiyyətdə olmuş Bəəs rejimini devirmək məqsədilə İraqa daxil olduğunu götürür. Bu məqsədə 2003-cü ilin 1 may tarixində nail olunmuşdur. Həmin tarixdə əsas döyüş əməliyyatlarının başa çatdığı elan edilmiş və Birləşmiş Ştatlar və Birləşmiş Krallıq Haaqa Qaydalarının 42-ci maddəsi mənasında İşğalçı Dövlətlərə çevrilmişlər (yuxarıda 89-cu bəndə bax).
144. Birləşmiş Krallıq və Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasının sədrinə 2003-cü ilin 8 may tarixində göndərdikləri birgə məktublarında (yuxarıda 11-ci bəndə bax) izah edildiyi kimi ABŞ və Birləşmiş Krallıq əvvəlki rejimi dəyişərək “müvəqqəti olaraq hökumətin səlahiyyətlərini həyata keçirmək üçün” Müvəqqəti Koalisiya Administrasiyasını yaratmışlar. 2003-cü il 8 may tarixli məktubda ABŞ və Birləşmiş Krallığın Müvəqqəti Koalisiya Administrasiyası vasitəsilə həyata keçirməli olduğu hökumət səlahiyyətlərindən bir kimi İraqda təhlükəsizliyin təmin olunması, o cümlədən cəmiyyətdə qanun və qaydanın qorunması göstərilmişdir. Məktubda daha sonra bildirilmişdir ki, “Birləşmiş Ştatlar, Birləşmiş Krallıq və Koalisiya üzrə tərəfdaşlar Müvəqqəti Koalisiya Administrasiyası vasitəsilə çalışaraq inter alia hərbi və təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşıyan İraq dövlət orqanları üzərində dərhal nəzarətin həyata keçirilməsi də daxil olmaqla İraqın və onun müvəqqəti administrasiyasının təhlükəsizliyini təmin edəcək”.
145. Müvəqqəti Koalisiya Administrasiyası 2003-cü ilin 16 may tarixində qəbul etdiyi ilk qanunvericilik aktı olan 1 nömrəli Qaydada bildirmişdir ki, o, “keçid dövründə İraqın idarəçiliyini səmərəli surətdə həyata keçirmək, təhlükəsizlik və sabitlik şəraitini bərpa etmək məqsədilə müvəqqəti olaraq hökumətin səlahiyyətlərini icra edəcəkdir” (yuxarıda 12-ci bəndə bax).
146. 2003-cü il 8 may tarixli məktubun məzmunu BMT Təhlükəsizlik Şurası tərəfindən 2003-cü ilin 22 mayında qəbul edilmiş 1483 nömrəli qətnamədə qeyd edilmişdir. Bu qətnamədə Birləşmiş Ştatlar və Birləşmiş Krallığın təhlükəsizlik sahəsində üzərilərinə götürdükləri rol bir daha tanınmışdır. Belə ki, qətnamənin 4-cü bəndində İşğalçı Dövlətlər “İraq ərazisinin səmərəli şəkildə idarə edilməsini həyata keçirməklə, o cümlədən xüsusilə təhlükəsizlik və sabitlik şəraitini bərpa etmək istiqamətində çalışmaqla İraq xalqının rifahına təkan verməyə” dəvət edilmişlər (yuxarıda 14-cü bəndə bax).
147. Bu dövr ərzində Birləşmiş Krallıq ölkənin cənub-şərqində Çoxmillətli Bölmənin hərbi hissəsinə komandanlıq edirdi. Bu əraziyə ərizəçilərin qohumlarının vəfat etdiyi Əl-Bəsrə əyaləti da daxil idi. 2003-cü ilin 1 mayından başlayaraq Əl-Bəsrədəki Britaniya silahlı qüvvələri təhlükəsizliyin təmin edilməsi və mülki administrasiyanın dəstəklənməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Birləşmiş Krallığın təhlükəsizliyin təmin edilməsi sahəsində vəzifələrinə patrulun, həbslərin, anti-terror əməliyyatlarının həyata keçirilməsi, nümayişlər zamanı polis funksiyalarının yerinə yetirilməsi, əsas obyektlərin və infrastrukturun mühafizəsi və polis məntəqələrinin müdafiəsi daxil idi (yuxarıda 21-ci bəndə bax).
148. 2003-cü ilin iyulunda İraqın İdarə Şurası yaradıldı. Müvəqqəti Koalisiya Administrasiyası hakimiyyətdə qalsa da, o, fəaliyyəti ilə bağlı İdarə Şurası ilə məsləhətləşmə aparmalı idi (yuxarıda 15-ci bəndə bax). 2003-cü ilin 16 oktyabrında qəbul edilmiş 1511 nömrəli qətnamədə BMT Təhlükəsizlik Şurası Müvəqqəti Koalisiya Administrasiyasının 1483 nömrəli qətnamədə təsbit edilmiş səlahiyyətləri həyata keçirməsinin və cavabdehlik daşımasının müvəqqəti xarakter daşıdığını bildirmişdir. Qətnamə ilə həmçinin “birləşmiş komandanlıq altında olan çoxmillətli qüvvələrə İraqda təhlükəsizliyin və sabitliyin təmin edilməsi işinə töhfə verəcək bütün zəruri tədbirləri görməyə” icazə verilmişdir (yuxarıda 16-cı bəndə bax). BMT Təhlükəsizlik Şurası tərəfindən 2004-cü ilin 8 iyun tarixində qəbul edilmiş 1546 nömrəli qətnamə “2004-cü il 30 iyuna qədər İraqın idarə edilməsi üzrə bütün məsuliyyəti və səlahiyyətləri üzərinə götürəcək İraqın suveren Müvəqqəti Hökumətinin formalaşdırılmasını” dəstəkləmişdir (yuxarıda 18-ci bəndə bax). Bu halda işğal 2004-cü ilin 28 iyununda, İraqın idarə edilməsi üzrə bütün səlahiyyətlər həmin tarixdə fəaliyyətini dayandırmış Müvəqqəti Koalisiya Administrasiyasından Müvəqqəti İraq Hökumətinə keçdiyi vaxt sona çatmışdır (yuxarıda 19-cu bəndə bax).
(iii) Yurisdiksiya məsələsi ilə bağlı məhkəmənin gəldiyi nəticə
149. Buna görə də buradan göründüyü kimi Bəəs rejiminin devrilməsindən Müvəqqəti Hökumətin fəaliyyətə başlamasına qədər Birləşmiş Krallıq (Birləşmiş Ştatlar ilə birlikdə) İraqda normal olaraq suveren hökumət tərəfindən həyata keçirilməli olan bəzi dövlət səlahiyyətlərini icra etmişdir. Xüsusilə, Birləşmiş Krallıq cənub-şərqi İraqda təhlükəsizliyin qorunması sahəsində səlahiyyətləri və məsuliyyəti üzərinə götürmüşdür. Məhkəmə hesab edir ki, bu müstəsna hallarda Birləşmiş Krallıq sözü gedən dövrdə Bəsrədə təhlükəsizlik üzrə əməliyyatların aparılmasında iştirak edən əsgərləri vasitəsilə bu əməliyyatların nəticəsində qətlə yetirilmiş şəxslər üzərində hakimiyyəti və nəzarəti həyata keçirirdi. Beləliklə də, Konvensiyanın 1-ci maddəsinin mənasında vəfat etmiş şəxslər ilə Birləşmiş Krallıq arasında yurisdiksional əlaqə mövcud idi.
150. Bununla bağlı Məhkəmə xatırladır ki, hazırkı iş üzrə qeyd edilən ölüm faktları müvafiq dövrdə baş vermişdir. Belə ki, beşinci ərizəçinin oğlu 2003-cü ilin 8 mayında, birinci və dördüncü ərizəçilərin qardaşları 2003-cü ilin avqustunda, altıncı ərizəçinin oğlu 2003-cü ilin sentyabrında, ikinci və üçüncü ərizəçilərin həyat yoldaşları 2003-cü ilin noyabrında vəfat etmişlər. Birinci, ikinci, dördüncü, beşinci və altıncı ərizəçilərin qohumlarının Bəsrə şəhərinin müxtəlif hissələrində Britaniya silahlı qüvvələri tərəfindən təhlükəsizliyin təmin edilməsi üzrə əməliyyatların həyata keçirilməsi zamanı və ya bu əməliyyatlar ilə bağlı məhz Britaniya əsgərlərinin hərəkəti nəticəsində vəfat etmələri mübahisə doğurmur. Buradan belə çıxır ki, bütün bu işlərdə Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Birləşmiş Krallıq ilə vəfat etmiş şəxslər arasında yurisdiksional əlaqə mövcud olmuşdur. Üçüncü ərizəçinin arvadı patrul funksiyasını həyata keçirən Britaniya əsgərləri ilə naməlum şəxslər arasında baş vermiş atışma nəticəsində qətlə yetirilmişdir və ölümcül atəşin məhz kim tərəfindən açılması bilinmir. Məhkəmə hesab edir ki, bu ölüm faktı Britaniya əsgərləri ərizəçinin evinin yaxınlığında patrul xidmətini yerinə yetirərkən Birləşmiş Krallıq tərəfindən təhlükəsizliyin təmin edilməsi üzrə əməliyyatın həyata keçirilməsi zamanı baş verdiyindən və Britaniya əsgərləri ölüm ilə nəticələnmiş atışmada iştirak etdiklərindən Birləşmiş Krallıq ilə vəfat etmiş bu şəxs arasında da yurisdiksional əlaqə mövcud olmuşdur.
2. Konvensiyanın 2-ci maddəsi ilə nəzərdə tutulmuş ölüm faktlarını araşdırmaq vəzifəsinin iddia edilən pozuntusu
151. Ərizəçilər Məhkəmədə 2-ci maddədə nəzərdə tutulmuş yaşamaq hüququnun maddi-hüquqi aspektinin pozulması ilə bağlı hər hansı şikayət təqdim etməmişlər. Bunun əvəzinə onlar Hökumətin ölüm faktları ilə bağlı səmərəli istintaq aparmaq prosessual vəzifəsini yerinə yetirməməsindən şikayət etmişlər.
Konvensiyanın 2-ci maddəsində qeyd edilir:
“1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa hallarda həyatından məhrum edilə bilməz.
2. Həyatdan məhrum etmə, aşağıda qeyd edilmiş hallarda mütləq zərurət vəziyyətində güc tətbiqi nəticəsində baş verirsə, bu maddənin pozulması kimi nəzərdən keçirilmir:
a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;
b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;
c) qanuna müvafiq olaraq çevriliş və ya qiyamın yatırılması üçün”.
(a) Tərəflərin dəlilləri
(i) Hökumət
152. Hökumət mövqeyini onunla əsaslandırmışdır ki, 2-ci maddədə nəzərdə tutulmuş prosessual vəzifə beynəlxalq hüququn müvafiq prinsipləri ilə harmoniya şəraitində şərh edilməlidir. Bundan əlavə, ehtimal edilən istənilən vəzifə Razılığa Gələn Dövlətin üzərinə mümkün olmayan və ya qeyri-mütənasib öhdəlik qoyulması kimi təfsir edilməməlidir. Birləşmiş Krallıq İraq ərazisi üzərində tam nəzarəti həyata keçirməmiş, xüsusilə qanunvericilik, inzibati və məhkəmə səlahiyyətlərini yerinə yetirməmişdir. Araşdırma aparmaq vəzifəsinin ekstraterritorial qaydada həyata keçirilməsinin mümkünlüyü qət edilərsə, bu hallar, həmçinin Britaniya heyətinin çox çətin təhlükəsizlik şəraitində fəaliyyət göstərməsi nəzərə alınmalıdır.
153. Hökumət birinci, ikinci və üçüncü ərizəçilərin qohumlarının ölümü ilə bağlı faktların araşdırılmasının 2-ci maddənin mənasında müstəqil aparılmadığını qəbul etmişdir. Belə ki, hər bir işdə araşdırma yalnız əsgərlər üzərində məsuliyyət daşıdığı iddia edilən komandirlər tərəfindən həyata keçirilmişdir. Lakin Hökumətin mövqeyinə görə dördüncü və beşinci ərizəçilərin qohumlarının ölüm faktı üzrə həyata keçirilmiş araşdırma 2-ci maddəyə uyğun olmuşdur. Altıncı ərizəçinin qohumunun ölüm faktı üzrə aparılmış araşdırma zamanı da pozuntu olmamışdır. Hətta o, bu iş üzrə həyata keçirilmiş araşdırmanın 2-ci maddənin tələblərinə zidd olması barədə şikayət də etməmişdir.
154. Hökumət ümumi şəkildə vurğulamışdır ki, Kral Hərbi Polisinin müstəntiqləri institusional baxımdan silahlı qüvvələrə münasibətdə müstəqilliyə malikdirlər. Hökumət bildirmişdir ki, Apellyasiya Məhkəməsi düzgün olaraq belə bir nəticəyə gəlmişdir ki, Kral Hərbi Polisinin Xüsusi İstintaq Şöbəsi müstəqil surətdə araşdırma aparmaq qabiliyyətinə malik olmuşlar (yuxarıda 82-ci bəndə bax). Buna baxmayaraq, lord-hakim Bruk həmçinin bildirmişdir ki, həyatın itirilməsi faktının araşdırılması vəzifəsi “tamamilə hərbi instansiyalardan alınmalı və Kral Hərbi Polisinə verilməlidir”. Lakin hərbi instansiyaların araşdırma tələb edən insidentlər barədə Xüsusi İstintaq Şöbəsinə məlumat verilməsində və Xüsusi İstintaq Şöbəsi tərəfindən araşdırılmış işin sonradan Ordu Prokurorluğuna göndərilməsindəki rolu bu araşdırmaların Konvensiyanın 2-ci və 3-cü maddələrində tələb olunduğu kimi müstəqil xarakter daşımadığı anlamına gəlmir (bax: “Kuper Birləşmiş Krallığa qarşı” [Böyük Palata] (Cooper v. the United Kingdom [GC], §§ 108-115, no. 48843/99, ECHR 2003‑XII); “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom, no. 28883/95, ECHR 2001‑III); “Pol və Odri Edvards Birləşmiş Krallığa qarşı” (Paul and Audrey Edwards v. the United Kingdom, no. 46477/99, ECHR 2002‑II)). Ordu Prokurorluğu hüquq sahəsində müvafiq ixtisasa malik olan zabitlərdən təşkil edilmişdir. O, ittiham funksiyalarının həyata keçirilməsi sahəsində hərbi instansiyalardan tam müstəqildir. Onun müstəqilliyi “Kuper” işində (yuxarıda qeyd edilmişdir) Məhkəmə tərəfindən tanınmışdır.
155. Hökumət qeyd etmişdir ki, dördüncü ərizəçinin qardaşının ölümü ilə bağlı araşdırma Xüsusi İstintaq Şöbəsi tərəfindən atışmanın baş verdiyi tarixdən (24 avqust) beş gün sonra, 2003-cü ilin 29 avqustunda başlanmışdır. Xüsusi İstintaq Şöbəsi güllələrin, boş güllə sandıqçalarının və avtomobilin fraqmentlərini və hadisə yerinin fotoşəkillərini əldə etmişdir. Onlar mərhumu müalicə etmiş həkimləri dindirmiş və onların ifadələrini almışlar. Hadisədə iştirak etmiş doqquz hərbçi şahid dindirilmiş, onların ifadələri götürülmüşdür. Digər dörd şahid dindirilsə də, onların ifadələri sübut əhəmiyyətli olmamışdır. Briqada generalının atışmanın Silah Tətbiq Etmə Qaydalarına uyğun gəldiyi və qanuni olduğu barədə rəyini ifadə etdikdən sonra 2003-cü ilin 17 sentyabrında istintaq dayandırılmışdır. Lakin istintaqın dayandırılması barədə qərar hərbi instansiyalara münasibətdə müstəqilliyə malik olan Xüsusi İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmişdir. İstintaq 2004-cü ilin 7 iyununda yenidən təzələnmiş və həmin zaman İraqda təhlükəsizlik ilə bağlı şəraitin çətin olmasına baxmayaraq 2004-cü ilin 3 dekabrında başa çatdırılmışdır. İş sonradan Ordu Prokurorluğuna verilmiş və o, dördüncü ərizəçinin qardaşını qətlə yetirmiş əsgərin özünü müdafiə vəziyyətində hərəkət etmədiyini sübut etmək üçün real perspektiv olmadığına görə cinayət işini məhkəməyə təqdim etməmək qərarına gəlmişdir. Baş prokurora bu barədə məlumat verilmiş və o, işin məhkəməyə verilməsinə göstəriş vermək səlahiyyətindən istifadə etməmək qərarına gəlmişdir. Hökumətin mövqeyinə görə istintaq səmərəli olmuşdur, belə ki, istintaq zamanı adam öldürmədə şübhəli bilinən şəxs müəyyən edilmiş və bu işdə fiziki güc tətbiq etməni tənzim edən qanunlara əməl olunduğu təsbit olunmuşdur. Xüsusilə ekstraterritorial kontekstdə istintaqın aparılmasının müstəsna dərəcədə çətin olması nəzərə alınarsa, istintaq ağlabatan tezlikdə aparılmışdır. İlkin istintaqın dayandırılması müstəqilliyin olmaması ilə bağlı fikirlərin yaranmasına əsas versə də, sonrakı istintaq hərəkətləri və Ordu Prokurorluğu ilə Baş prokurorun prosesə cəlb olunması problemi aradan qaldırmışdır (bax: “Gül Türkiyəyə qarşı”, 92-95-ci bəndlər (Gül v. Turkey, §§ 92-95, no. 22676/93, 14 December 2000); həmçinin, “MakKan və Digərləri Birləşmiş Krallığa qarşı” (McCann and Others v. the United Kingdom, 27 September 1995, §§ 157 and 162-164, Series A no. 324)).
156. Hökumətin mövqeyinə görə beşinci ərizəçinin işində hərbi qurumların Xüsusi İstintaq Şöbəsi tərəfindən istintaqın aparılmasına müdaxilə edərək onun müstəqilliyinə kölgə salmasını təsdiq edən heç bir sübut yoxdur. Əksinə, istintaqa dair hesabatı aldıqdan sonra həbi komandanlıq işi Ordu Prokurorluğuna göndərmiş və o da öz növbəsində işi müstəqil məhkəmə baxışına təqdim etmişdir. İnsidentin istintaqını aparan Birləşmiş Krallığın müstəntiqləri İraqda əsas döyüş əməliyyatlarının dayandırılmasından səkkiz gün sonra baş vermiş bu insidentin araşdırılması zamanı çətinliklər ilə üzləşsələr də, istintaq zamanı əsassız gecikdirmələrə yol verilməmişdir. Beşinci ərizəçi tam və hərtərəfli şəkildə istintaq prosesində iştirak etmişdir. Ən sonda Birləşmiş Krallığın hakimiyyət orqanları onun İngiltərəyə gələrək işin hərbi məhkəmə baxışında iştirak etməsinə və ifadə verməsinə şərait yaratmışlar. Xüsusi İstintaq Şöbəsi tərəfindən istintaqın aparılması və dörd əsgərə qarşı cinayət işinin başlanmasından əlavə, beşinci ərizəçi Birləşmiş Krallığın məhkəmələrində mülki iddia qaldırmış və zor tətbiq etməklə hücum etmə, dövlət orqanı tərəfindən səhlənkarlıq və vəzifədən sui-istifadə hallarına görə ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Bu proseslərdə o, oğlunun ölümünə və bununla bağlı həyata keçirilmiş istintaqa diqqəti cəlb etmişdir. Müdafiə Nazirliyi öz məsuliyyətini etiraf etdikdən və kompensasiya kimi ərizəçiyə 115000 Britaniya funt sterlinqi ödəməyə razılaşdıqdan sonra iş həllini tapmışdır. Bundan əlavə, 2009-cu ilin 20 fevral tarixində general mayor Kubit beşinci ərizəçiyə məktub yazaraq Britaniya Ordusu adından oğlunun ölümünə görə rəsmi üzr istəmişdir. Belə vəziyyətdə beşinci ərizəçi 34-cü maddənin mənasında Konvensiyanın pozulmasından zərər çəkdiyini daha iddia edə bilməz. Buna görə də ərizəyə baxılmasının bundan sonra da davam etdirilməsi əsassızdır (Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin c) yarımbəndi).
157. Hökumət bundan əlavə vurğulamışdır ki, altıncı ərizəçi Hökumətin Konvensiyada nəzərdə tutulmuş hüquqları pozduğunu Məhkəmədə iddia etmədiyini açıq şəkildə təsdiq etmişdir. Bu, onun oğlunun ölümü ilə bağlı aşağıdakı faktların mövcud olduğunu təsdiq edir: 1) Xüsusi İstintaq Şöbəsi tərəfindən hərtərəfli istintaqın aparıldığını və bunun da nəticəsində altı əsgərə qarşı rəsmi ittihamın irəli sürüldüyünü (onlardan biri məhkum edilmişdir); 2) ərizəçi tərəfindən mülki iddia qaldırıldığını və bu işin Hökumətin pis rəftara və oğlunun ölümünə görə məsuliyyətini etiraf etməsindən və 575000 Britaniya funt sterlinqi məbləğində kompensasiya ödəməsindən sonra həll olunduğunu; 3) Hökumətin ərizəçinin oğlunun 2-ci və 3-cü maddələrdə nəzərdə tutulmuş hüquqlarının pozulduğunu rəsmi şəkildə açıq etiraf etdiyini; 4) ərizəçinin 2-ci və 3-cü maddədə nəzərdə tutulmuş prosessual hüquqlarının pozulmasına dair şikayəti ilə bağlı nəzarət qaydasında məhkəmə prosesinin həyata keçirildiyini (bu işdə tərəflərin razılığına və Lordlar Palatasının göstərişinə əsasən prosessual öhdəliyin pozulub-pozulmadığı ilə bağlı məsələ baxılması üçün yenidən Bölmə Məhkəməsinə qaytarılmışdır); 5) məsələ ilə bağlı rəsmi araşdırmanın aparılmasının davam etdirildiyini. Belə vəziyyətdə ərizəçi Konvensiyanın 34-cü maddəsinin mənasında zərər çəkmiş şəxs olduğunu daha iddia edə bilməz.
(ii) Ərizəçilər
158. Ərizəçilər vurğulamışlar ki, Məhkəmənin Türkiyənin cənub-şərqi ilə bağlı qəbul etdiyi qərarlar nümayiş etdirmişdir ki, münaqişə zonasında mövcud olan təhlükəsizlik ilə bağlı problemlərə istinad edilməsi 2-ci maddə ilə nəzərdə tutulmuş prosessual vəzifələrə təsir göstərmir. Bu prinsip Hökumətin təhlükəsizlik ilə bağlı vəziyyətə və ya İraqda infrastruktur və zəruri obyektlərin olmamasını əsas gətirmək üçün etdiyi istənilən cəhdə münasibətdə də tətbiq olunmalıdır. Birləşmiş Krallıq ölkəyə daxil olanda və sonra onu işğal altında saxlayanda üzləşəcəyi çətinliklərdən xəbərdar idi və ya olmalı idi. Bu çətinliklər ilə bacara bilməməyi onu prosessual vəzifələrinə əməl etməkdən azad edə bilməz.
159. Ərizəçilər bildirmişlər ki, Birləşmiş Krallıq birinci, ikinci, üçüncü, dördüncü və beşinci ərizəçilər ilə bağlı prosessual vəzifələrinə əməl etməmişdir. Kral Hərbi Polisi Britaniya ordusunun bir elementi idi və istər institusional, istərsə də praktiki baxımdan hərbi komandanlıqdan müstəqilliyə malik deyildi. Ordu hissələri təhlükəsizlik və döyüş meydanında maddi-texniki təminat ilə bağlı məsələlərdə onun üzərində nəzarəti həyata keçirirdi. Kral Hərbi Polisinin insidentlər ilə məşğul olması tam şəkildə sözü gedən hərbi hissənin xahişindən asılı idi. Bu, özünü dördüncü ərizəçinin işinə biruzə vermişdir, belə ki, bu işdə komandirin göstərişi ilə Xüsusi istintaq Şöbəsi işə baxmaqdan kənarlaşmışdı. Belə görünür ki, Kral Hərbi Polisi insidentlər ilə bağlı informasiya almaq məsələsində tam şəkildə hərbi komandanlıqsan asılı vəziyyətdə idi. Onun tərəfindən hazırlanan hesabat hərbi komandanlığa verilir və o, hesabatın Ordu Prokurorluğuna göndərilib-göndərilməməsi barədə qərar qəbul edirdi. Kral Hərbi Polisinin fəaliyyətinin tələblərə cavab verməməsi istər Apellyasiya Məhkəməsi tərəfindən, istərsə də Aytkenin Hesabatında qeyd edilmişdir.
160. Ərizəçilər qeyd etmişlər ki, dördüncü ərizəçinin işi üzrə Xüsusi İstintaq Şöbəsi tərəfindən aparılmış istintaq hərbi komandanlığın xahişi ilə dayandırılmışdır. Ölkə məhkəmələrində gedən proses nəticəsində təzələnmiş istintaqın yeni fazası da Xüsusi İstintaq Şöbəsinin müstəqil olmaması, atəş açanın dindirilməsi və digər əsas sübutların təmin edilməsində kifayət qədər gecikdirməyə yol verilməsi səbəbindən eyni dərəcədə qüsurlu olmuşdur. Beşinci ərizəçinin işində istintaq hərəkətlərinə ailənin dəfələrlə təkid etməsindən, Britaniya hakimiyyət orqanları tərəfindən əhəmiyyətli dərəcədə işə maneçilik törədildikdən və gecikdirməyə yol verildikdən sonra başlanmışdır. Müstəntiqlər hərbi komandanlıqdan müstəqil olmamışlar və zərərçəkmişin ailəsinin prosesdə yaxından iştirakı təmin edilməmişdir. Ərizəçilər bildirmişlər ki, Hökumətin beşinci ərizəçinin zərərçəkmiş şəxs statusunu itirməsinə dair etirazı rədd edilməlidir. Hərbi məhkəmə baxışı və mülki işin həlli nəticəsində aldığı kompensasiya 2-ci maddə ilə nəzərdə tutulmuş prosessual tələblərin təmin edilməsi baxımından adekvat olmamışdır. Bunun əksinə, altıncı ərizəçi 2-ci və 3-cü maddələrdə nəzərdə tutulmuş prosessual hüquqların pozulmasından hələ də zərər çəkdiyini iddia etməmişdir.
(b) Məhkəmənin qiymətləndirməsi
(i) Ümumi prinsiplər
161. Məhkəmə anlayır ki, hazırkı işdə ölüm faktları İraqın cənub-şərqində yerləşən Bəsrə şəhərində bu ölkəyə xarici qoşunların girməsindən sonra cinayətkarlıq və zorakılığın adi hal aldığı bir dövrdə baş vermişdir. Əsas döyüş əməliyyatları 2003-cü ilin 1 mayında başa çatsa da, İraqın cənub-şərqində yerləşən Koalisiya qüvvələri, o cümlədən Britaniya əsgərləri və hərbi polis sonrakı 13 ay ərzində mindən çox silahlı hücumun hədəfi olmuşlar. Təhlükəsizlik ilə bağlı problemlərlə yanaşı mülki infrastruktura, o cümlədən hüquq-mühafizə və cinayət ədalət mühakiməsi sistemlərinin normal fəaliyyətinə ciddi xələl dəymişdi (yuxarıda 22-23-cü bəndlərə bax; həmçinin bax: yuxarıda 80-ci bənddə Apellyasiya Məhkəməsinin gəldiyi nəticələr).
162. Bu şəraitdən tam xəbərdar olsa da, Məhkəmənin yanaşmasında əsas kimi o götürülməlidir ki, insan hüquqlarının müdafiəsi vasitəsi olan Konvensiyanın obyekti və məqsədi onun müddəalarının elə təfsirini tələb edir ki, bu zaman Konvensiya ilə nəzərdə tutulmuş təminatların əməli və səmərəli olması təmin edilsin. Yaşamaq hüququnu müdafiə edən və bu hüquqdan məhrum edilməyə haqq qazandıra biləcək halları təsbit edən 2-ci maddə Konvensiyanın ən əsas müddəalarından biridir. “Müharibə vaxtı qanuni hərəkətlərin nəticəsində baş verən ölüm faktları istisna olmaqla” 15-ci maddəyə əsasən bu maddə ilə nəzərdə tutulmuş öhdəliyin icrasından yayınmaq mümkün deyil. 2-ci maddə həm qəsdən adəm öldürmə hallarını, həm də fiziki güc tətbiq etmənin icazə verildiyi və bunun ehtiyatsızlıqdan həyatdan məhrum etmə ilə nəticələndiyi halları əhatə edir. İstənilən fiziki güc tətbiqi a)-c) yarımbəndlərində təsbit edilmiş məqsədlərdən biri və ya bir-neçəsinə çatmaq üçün “mütləq zərurət” xarakteri daşımalıdır (bax: “MakKan və Digərləri Birləşmiş Krallığa qarşı” (McCann and Others v. the United Kingdom, 27 September 1995, §§ 146‑148, Series A no. 324)).
163. Dövlətin hakimiyyət orqanları tərəfindən ölüm ilə nəticələnən fiziki güc tətbiqinin qanunauyğun olub-olmadığını araşdırmaq üçün prosedur mövcud olmazsa, dövlət nümayəndələri tərəfindən qanunsuz olaraq adam öldürülməsinin hüquqi cəhətdən ümumi şəkildə qadağan edilməsi praktikada səmərəsiz olardı. Bu maddəyə əsasən yaşamaq hüququnun müdafiəsi öhdəliyi dövlətin Konvensiyanın 1-ci maddəsi ilə müəyyən edilmiş “yurisdiksiyası altında olan hər bir şəxsin Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqlardan istifadəsini təmin etmək” kimi ümumi vəzifə ilə birlikdə məna etibarı ilə şəxslərin inter alios dövlət nümayəndələri tərəfindən fiziki güc tətbiq edilməsi nəticəsində qətlə yetirildikləri hallarda müəyyən formada rəsmi və səmərəli istintaqın aparılmasını tələb edir (bax: yuxarıda qeyd edilmiş “MakKan” işi, 161-ci bənd). Bu istintaqın başlıca məqsədi yaşamaq hüququnu müdafiə edən daxili qanunvericilik normalarının səmərəli surətdə həyata keçirilməsinin, dövlət nümayəndələri və ya orqanlarının cəlb olunduqları işlərdə isə onların təqsirli olduqları ölüm hadisələrinə görə məsuliyyətə cəlb olunmalarının təmin edilməsidir (bax: “Naçova və Digərləri Bolqarıstana qarşı” [Böyük Palata] (Nachova and Others v. Bulgaria [GC], nos. 43577/98 and 43579/98, § 110, ECHR 2005-VII)). Bununla belə, istintaq eyni zamanda kifayət qədər hərtərəfli aparılmalı və istintaqı aparan orqanlara yalnız birbaşa fiziki güc tətbiq etmiş dövlət nümayəndələrinin hərəkətlərini deyil, həmçinin bununla bağlı digər halları, o cümlədən dövlətin 2-ci maddə ilə nəzərdə tutulmuş yaşamaq hüququnu müdafiə etmək öhdəliyinə əməl edib-etmədiyini müəyyənləşdirmək üçün zəruri olan sözü gedən əməliyyatların planlaşdırılması və onlara nəzarət kimi məsələləri də nəzərdən keçirməyə imkan verməlidir (bax: yuxarıda qeyd edilmiş “MakKan və Digərləri” işi, 150-ci və 162-ci bəndlər; “Haq Cordan Birləşmiş Krallığa qarşı” (Hugh Jordan v. the United Kingdom, no. 24746/94, § 128, ECHR2001‑III (extracts)); yuxarıda qeyd edilmiş “MakKer” işi, 143-cü və 151-ci bəndlər; “Şanaqan Birləşmiş Krallığa qarşı” (Shanaghan v. the United Kingdom, no. 37715/97, §§ 100-125, 4 May 2001); “Finukeyn Birləşmiş Krallığa qarşı” (Finucane v. the United Kingdom, no. 29178/95, §§ 77-78, ECHR 2003‑VIII); yuxarıda qeyd edilmiş “Naçova” işi, 114-115-ci bəndlər; həmçinin, mutatis mutandis, “Tzekov Bolqarıstana qarşı” (Tzekov v. Bulgaria, no. 45500/99, § 71, 23 February 2006)).
164. Məhkəmə qeyd etmişdir ki, 2-ci maddə ilə nəzərdə tutulmuş prosessual öhdəlik çətin təhlükəsizlik şəraitində, o cümlədən silahlı münaqişələr dövründə də tətbiq edilməkdə davam edir (digər qərarlar ilə yanaşı bax: “Güleç Türkiyəyə qarşı” (Güleç v. Turkey, 27 July 1998, § 81, Reports of Judgments and Decisions 1998‑IV); “Ergi Türkiyəyə qarşı” (Ergi v. Turkey, 28 July 1998, §§ 79 and 82,Reports 1998‑IV); “Ahmet Özkan və Digərləri Türkiyəyə qarşı” (Ahmet Özkan and Others v. Turkey, no. 21689/93, §§ 85-90 and 309-320 and 326-330, 6April 2004); “İsayeva Rusiyaya qarşı” (Isayeva v. Russia, no. 57950/00, §§ 180 and 210, 24 February 2005); “Kanlibaş Türkiyəyə qarşı” (Kanlibaş v. Turkey, no. 32444/96, §§ 39-51, 8 December 2005)). Aydındır ki, 2-ci maddəyə əsasən istintaqı aparılmalı olan ölüm faktı ümumi hal almış zorakılıq, silahlı münaqişə və ya qiyam şəraitində baş verirsə, müstəntiqlər istintaqın aparılması zamanı maneələr ilə üzləşə bilərlər və BMT-nin Xüsusi məruzəçisinin də qeyd etdiyi kimi (yuxarıda 93-cü bəndə bax) konkret maneələr istintaqın aparılması zamanı daha az səmərəli vasitələrdən istifadə etməyə vadar edə və ya istintaqın təxirə salınmasına səbəb ola bilər (misal üçün bax: “Bazorkina Rusiyaya qarşı” (Bazorkina v. Russia, no. 69481/01, § 121, 27 July 2006)). Buna baxmayaraq, 2-ci maddədə təsbit edilmiş yaşamaq hüququnu təmin etmək öhdəliyi nəzərdə tutur ki, hətta çətin təhlükəsizlik şəraitində belə bu hüququn iddia edilən pozuntusu hallarının səmərəli və müstəqil şəkildə araşdırılması üçün bütün ağlabatan addımlar atılmalıdır (digər qərarlar ilə yanaşı bax: “Kaya Türkiyəyə qarşı” (Kaya v. Turkey, 19 February 1998, §§ 86‑92,Reports of Judgments and Decisions 1998‑I); yuxarıda qeyd edilmiş “Ergi” işi, 82-85-ci bəndlər; “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, §§ 101-110, ECHR 1999‑IV); “Xaşıyev və Akayeva Rusiyaya qarşı” (Khashiyev and Akayeva v. Russia, nos. 57942/00 and 57945/00, §§ 156-166, 24 February 2005); yuxarıda qeyd edilmiş “İsayeva” işi, 215-224-cü bəndlər; “Musayeva və Digərləri Rusiyaya qarşı” (Musayev and Others v. Russia, nos. 57941/00, 58699/00 and 60403/00, §§ 158-165, 26 July 2007)).
165. İstintaqın hansı formada aparılması zamanı 2-ci maddənin məqsədlərinə nail olunacağı şəraitdən asılıdır. Lakin hansı vasitələrdən istifadə edilməsindən asılı olmayaraq, dövlət orqanları məsələ barədə məlumata malik olduqdan sonra öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Onlar vəfat edənin yaxın qohumunun formal şikayət ilə müraciət etməsini və ya hər hansı istintaq hərəkətinin aparılmasına görə məsuliyyəti öz üzərinə götürməsini gözləməməlidir (bax: yuxarıda qeyd edilmiş “Ahmet Özkan və Digərləri” işi, 310-cu bənd; yuxarıda qeyd edilmiş “İsayeva” işi, 210-cu bənd). Dövlət orqanlarının deyil, yaxın qohumların təşəbbüsünə əsasən başlanmış və cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilməsi və ya cəzalandırılması ilə nəticələnməmiş mülki işlər dövlətin Konvensiyanın 2-ci maddəsi ilə nəzərdə tutulmuş prosessual öhdəliyinə əməl edib-etmədiyinin qiymətləndirilməsi zamanı nəzərə alına bilməz (misal üçün bax: yuxarıda qeyd edilmiş “Haq Cordan” işi, 141-ci bənd). Bundan əlavə, dövlətin 2-ci maddədə nəzərdə tutulmuş prosessual öhdəliyi yalnız ziyana görə kompensasiyanın ödənilməsi ilə yerinə yetirilmiş hesab oluna bilməz (bax: yuxarıda qeyd edilmiş “MakKer” işi, 121-ci bənd; yuxarıda qeyd edilmiş “Bazorkina” işi, 11-ci bənd).
166. Yuxarıda qeyd edildiyi kimi istintaqın səmərəli olması o deməkdir ki, istintaqın gedişində mövcud şəraitdə fiziki güc tətbiqinin əsaslı olub-olmadığını müəyyənləşdirmək mümkün olmalı və belə güc tətbiqinə görə təqsirli olan şəxslər aşkar edilərək məsuliyyətə cəlb edilməlidirlər. Bu, öhdəliklər ilə deyil, vasitələr ilə bağlı olan öhdəlikdir. Dövlət orqanları insident ilə bağlı sübutların toplanması, o cümlədən inter alia hadisə şahidlərinin ifadələrini, məhkəmə-tibb ekspertizasının rəyini almaq və müvafiq hallarda yetirilmiş xəsarətin tam və dəqiq müəyyən edilməsini təmin etmək və kliniki nəticələri, o cümlədən ölüm ilə bağlı gəlinmiş nəticələri obyektiv şəkildə təhlil etməyə imkan verən meyitin yarılmasnı həyata keçirmək üçün mümkün olan bütün ağlabatan tədbirləri görməlidir. İstintaqın ölümün səbəblərini və buna görə təqsirli olan şəxsləri müəyyən etməyə imkan verməyən istənilən qüsura malik olması onun standartlara uyğun olmadığını təsbit etmək riski yaradır (bax: yuxarıda qeyd edilmiş “Ahmet Özkan və Digərləri” işi, 312-ci bənd; yuxarıda qeyd edilmiş “İsayeva” işi, 212-ci bənd və bu işlərdə istinad edilən digər işlər).
167. Dövlət nümayəndələrinin şəxsi qanunsuz olaraq həyatdan məhrum etməsi ilə bağlı istintaqın səmərəli hesab edilməsi üçün istintaqı aparan və istintaqın aparılmasına görə məsul olan şəxslərin baş vermiş cinayət hadisəsinə cəlb olunmuş şəxslərdən müstəqil olması zəruridir. Bu, yalnız iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi nəzərdə tutur (misal üçün bax: yuxarıda qeyd edilmiş “Şanaqan” işi, 104-cü bənd). Bu kontekstdə istintaqın tez bir zamanda və ağlabatan tələskənlik nümayiş etdirməklə aparılması tələb olunur. Konkret vəziyyətdə istintaqın gedişində müsbət nəticələr əldə olunmasının qarşısını ala bilən maneələrin və çətinliklərin mövcud olmasına baxmayaraq, dövlət orqanlarının ölüm ilə nəticələn fiziki güc tətbiq etmənin istintaqını dərhal başlamasına onların qanunun aliliyinə sadiq olduqlarına ictimaiyyətin inamının təmin edilməsi və qanunsuz əməlləri törətmiş şəxslər ilə gizli sövdələşmələrə getdikləri və ya belə əməllərin törədilməsinə göz yumduqları görüntülərinin yaranmasının qarşısının alınmasında başlıca amil kimi baxıla bilər. Eyni səbəblərə görə istər praktiki, istərsə də nəzəri baxımdan cavabdehliyin təmin edilməsi məqsədilə istintaq və onun nəticələri üzərində ictimai nəzarətin olması təmin edilməlidir. Tələb olunan ictimai nəzarətin səviyyəsi işdən asılı olaraq dəyişə bilər. Bununla belə, bütün işlərdə vəfat etmiş şəxsin yaxın qohumları qanuni maraqlarının qorunması üçün zəruri olan səviyyədə istintaq prosesinə cəlb olunmalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Ahmet Özkan və Digərləri” işi, 311-314-cü bəndlər; yuxarıda qeyd edilmiş “İsayeva” işi, 211-214-cü bəndlər və bu işlərdə istinad edilmiş digər işlər).
(ii) Bu prinsiplərin hazırkı işin faktlarına tətbiqi
168. Məhkəmə ilk növbədə Birləşmiş Krallığın İşğalçı Dövlət kimi xarici və ona düşmən olan regiona girdiyi və burada müharibə apardığı üçün bundan dərhal sonra istintaqı həyata keçirən orqanlara praktiki problemlərin yarandığını nəzərə alır. Bu praktiki problemlər içərisində mülki infrastrukturun fəaliyyətinin dayanması, bunun da nəticəsində inter alia yerli məhkəmə-tibb ekspertlərinin və meyitin yarılması üçün avadanlığın olmamasını, işğalçılar ilə yerli əhali arasında dil və mədəniyyət ilə bağlı anlaşılmazlıqların olmasını və həmin vaxtı İraqda həyata keçirilən istənilən fəaliyyətin üzləşdiyi təhlükələri göstərmək olar. Yuxarıda qeyd edildiyi kimi Məhkəmə hesab edir ki, belə şəraitdə 2-ci maddədə nəzərdə tutulmuş prosessual vəzifə reallıq nəzərə alınaraq tətbiq olunmalı, müstəntiqlərin üzləşdikləri spesifik problemlər nəzərə alınmalıdır.
169. Buna baxmayaraq, Birləşmiş Krallığın işğalçı olması faktı həm də onu nəzərdə tutur ki, Britaniya əsgərləri tərəfindən törədilməsi iddia edilən istənilən əməl ilə bağlı aparılmış istintaqın səmərəli hesab edilə bilməsi üçün istintaqı aparan orqanın hərbi komandanlıqdan müstəqil olaraq fəaliyyət göstərməsi və bunun digərləri tərəfindən də hiss edilməsi xüsusilə əhəmiyyətli idi.
170. Birinci, ikinci və dördüncü ərizəçilərin işlərində qohumlarını qətlə yetirmiş Britaniya əsgərlərinin kimliyi məlum idi. Burada istintaq qarşısında duran əsas məsələ hər bir işdə əsgərin Silah Tətbiq Etmə Qaydalarına uyğun şəkildə atəş açıb-aşmadığının müəyyən edilməsi idi. Üçüncü ərizəçinin işində 2-ci maddəyə əsasən istintaqdan atışmanın hallarının, o cümlədən yaxınlıqdakı mülki əhalinin müdafiəsi üçün müvafiq addımların atılıb-atılmadığının müəyyən edilməsi tələb olunurdu. Beşinci ərizəçinin oğlu ilə bağlı məsələyə gəlincə, hərbi məhkəmə baxışı barədə sənədlər Məhkəməyə təqdim olunmasa da, belə görünür ki, onun suda bataraq ölməsi faktı qəbul edilmişdir. Burada Britaniya əsgərlərinin iddia olunduğu kimi oğlanı döyərək suya girməyə məcbur edib-etmədikləri müəyyən olunmalı idi. Bu işlərin hər birində hadisəni görmüş şahidlərin ifadələri həlledici əhəmiyyətə malik idi. Buna görə də hadisədən sonra mümkün qədər tez vaxtda hərbçi şahidlərin və xüsusilə əməli törətmələri iddia edilən şəxslərin ekspert və tam müstəqil müstəntiq tərəfindən dindirilmələri böyük əhəmiyyət daşıyırdı. Eyni zamanda iraqlı hadisə şahidlərini müəyyənləşdirmək və onları üzə çıxaraq məlumat verəcəkləri təqdirdə özlərini təhlükə altına atmayacaqları və verəcəkləri ifadələrə ciddi yanaşılacağı və təxirə salınmadan tədbirlər görüləcəyinə inandırmaq üçün bütün səylər göstərilməli idi.
171. Aydındır ki, birinci, ikinci və üçüncü ərizəçilərin qohumlarının atəş açılması nəticəsində qətlə yetirilməsi ilə bağlı istintaq hərəkətləri 2-ci maddənin tələblərinə cavab verməmişdir. Belə ki, istintaq prosesi tamamilə hərbi komandanlıq tərəfindən aparılmış və hadisədə iştirak etmiş əsgərlərdən ifadələrin alınması ilə məhdudlaşmışdır. Bundan əlavə, Hökumət özü də bunu etiraf edir.
172. Digər ərizəçilərə gəlincə qeyd edilməlidir ki, Xüsusi İstintaq Şöbəsi tərəfindən dördüncü ərizəçinin qardaşının və beşinci ərizəçinin oğlunun ölüm faktları ilə bağlı istintaq aparılsa da, Məhkəmə bu işlərdə istintaq hərəkətlərinin 2-ci maddənin tələblərinə cavab vermək üçün kifayət etmədiyi qənaətindədir. Doğrudur ki, Kral Hərbi Polisi, o cümlədən Xüsusi İstintaq Şöbəsi barələrində araşdırma aparılması tələb olunan xidmət başında olan əsgərlərin tabe olduqları qurumdan fərqli quruma tabe idilər. Bununla belə, ölkə daxili məhkəmələrin də qeyd etdiyi kimi (yuxarıda 77-ci və 82-ci bəndlərə bax) Xüsusi İstintaq Şöbəsi müvafiq dövrdə fəaliyyəti ilə bağlı hərbi komandanlıqdan müstəqilliyə malik deyildi. Ümumi qaydaya əsasən Xüsusi İstintaq Şöbəsinin istintaq prosesinə cəlb olunub-olunmayacağı barədə qərarı əsgərləri insidentdə iştirak etmiş hərbi hissənin komandiri qəbul edirdi. Dördüncü ərizəçinin işində göstərildiyi kimi Xüsusi İstintaq Şöbəsi öz təşəbbüsü ilə istintaqa başlamaq barədə qərar qəbul etsəydi, hərbi komandanlığın xahişi ilə bu istintaqa xitam verilə bilərdi. Xüsusi İstintaq Şöbəsi istintaqı başa çatdırdıqdan sonra onun nəticələri ilə bağlı hesabatı komandirə göndərirdi və işin prokurorluq orqanına göndərilib-göndərilməməsi barədə qərarı da komandir qəbul edirdi. Məhkəmə lord-hakim Bruk ilə razılaşaraq (yuxarıda 82-ci bəndə bax) hesab edir ki, Xüsusi İstintaq Şöbəsinin “istintaqa başlanılması və xitam verilməsi barədə qərarı qəbul edərkən müstəqil olmaması” və “istintaq barədə ilk növbədə Ordu Prokurorluğuna deyil, hərbi komandanlığa hesabat verməsi” faktı o deməkdir ki, ona hadisələrdə iştirak etmiş əsgərlərə münasibətdə kifayət qədər müstəqilliyə malik olan qurum kimi baxılması və beləliklə də, onun fəaliyyətinin 2-ci maddənin tələblərinə uyğun gəldiyinin qeyd olunması mümkün deyil.
173. Buradan belə çıxır ki, dördüncü ərizəçinin qardaşının atəş açılması nəticəsində qətlə yetirilməsi ilə bağlı ilkin istintaq Xüsusi İstintaq Şöbəsinin əməkdaşlarının müstəqil olmaması səbəbindən düzgün aparılmamışdır. İstintaqın ilkin mərhələsində atışma yerindən material toplanmış və hadisə yerində olmuş əsgərlərdən ifadələr alınmışdır. Lakin ərizəçinin qardaşını qətlə yetirmiş kapral S. bu ilkin mərhələdə Xüsusi İstintaq Şöbəsinin müstəntiqləri tərəfindən dindirilməmişdir. Belə görünür ki, Xüsusi İstintaq Şöbəsi içərilərində ərizəçinin atışmanı gözləri ilə gördüklərinə inandığı qonşularının da olduğu dörd iraqlını dindirmiş, lakin onların ifadələrini sübut kimi rəsmiləşdirməmişdir. Hər bir halda istintaq orqanının müstəqil olmaması səbəbindən istintaqa natamam halda xitam verilmişdir. Təxminən doqquz aydan sonra istintaq yenidən təzələnmişdir və belə görünür ki, bu mərhələdə məhkəmə-tibb ekspertizası, o cümlədən güllə və maşının fraqmentlərinin ekspertizası keçirilmişdir. Xüsusi İstintaq Şöbəsinin istintaq ilə bağlı hesabatı komandirə göndərilmiş və o, işi Ordu Prokurorluğuna göndərmək barədə qərar qəbul etmişdir. Prokurorlar hadisənin şahidi olmuş əsgərlərdən ifadələr almış və müstəqil hüquqşünas-ekspertlərin rəyini aldıqdan sonra qərara gəlmişlər ki, kiçik kapral S.-in hərəkətinin qanuni özünümüdafiə hesab edilməməsi üçün hər hansı sübut yoxdur. Əvvəl də qeyd edildiyi kimi bu işdə hadisəni gözü ilə görmüş şəxslərin ifadələri başlıca əhəmiyyətə malik idi, belə ki, ölümün səbəbləri barədə mübahisə mövcud deyildi. Məhkəmə hesab edir ki, kiçik kapral S-dən ifadənin hadisənin baş verməsindən uzun bir müddət keçdikdən sonra alınması və tamamilə müstəqil müstəntiqin digər hərbçi şahidləri gecikmə ilə dindirməsi işə Ordu Prokurorluğu tərəfindən baxılan zaman artıq sübutların korlanması və mötəbərliyini itirməsi kimi yüksək riskin ortaya çıxmasına səbəb olmuşdu. Bundan əlavə, belə görünür ki, tamamilə müstəqil olan heç bir müstəntiq ərizəçinin atışmanın şahidi olduqlarını iddia etdiyi iraqlı qonşulardan ifadə almamışdır.
174. Hərbi komandanlığın beşinci ərizəçinin oğlunun ölümü ilə bağlı istintaqa müdaxilə etməyə səy göstərdiyini təsdiq edən sübutlar olmasa da, Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilmiş səbəblərə görə Xüsusi İstintaq Şöbəsinin müstəntiqləri müstəqilliyə malik olmamışlar. Bundan əlavə, Hökumət ölüm faktı ilə işə hərbi məhkəmədə baxılması arasında bu qədər uzun müddət kəsiyinin olmasının səbəblərini izah edə bilməmişdir. Belə görünür ki, bu uzun müddət kəsiyi istintaqın səmərəliliyinə ciddi zərbə vurmuşdur. İnsidentdə təqsirləndirilən əsgərlərin bəzilərinin yerinin sonradan müəyyənləşdirilməsinin mümkün olmaması bunun əsas səbəblərindən biri idi (bununla bağlı Aytken Hesabatının qeydlər hissəsinin 61-ci bəndinə bax). Bundan əlavə, Məhkəmə hesab edir ki, cinayət prosesinin dar şəkildə yalnız təqsirləndirilən əsgərlərə diqqəti cəlb etməsi bu işin xüsusi hallarında 2-ci maddənin tələbləri baxımdan qeyri-adekvat olmuşdur. Belə görünür ki, ən azından prima facie sübutlar mövcud idi ki, ərizəçinin yetkinlik yaşına çatmamış oğlu soyğunçuluq ilə mübarizə aparılması işində İraq polisinə yardım göstərən Britaniya əsgərləri tərəfindən saxlanılaraq aparılmış və əsgərlərin onunla kobud rəftar etməsi nəticəsində suda batırılmışdır. Belə bir vəziyyətdə Məhkəmə hesab edir ki, 2-ci maddə ölüm faktı ilə bağlı dövlətin məsuliyyətinə dair geniş spektrli məsələlərin, o cümlədən ölkəyə daxil olandan sonra bu cür tapşırıqları yerinə yetirən əsgərlərə verilən təlimatlar, onlara keçirilən təlimlər və onlar üzərində yerinə yetirilən nəzarətin müstəqil surətdə və zərərçəkmişin ailəsi, eləcə də ictimaiyyət üçün aşkar şəraitdə araşdırılmasını tələb edir.
175. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə beşinci ərizəçinin işində 2-ci maddədə nəzərdə tutulmuş prosessual vəzifəyə əməl olunduğunu hesab etmir. Mülki iddiasının təmini kimi böyük məbləğdə vəsait almasına və Ordunun adından cavabdehliyin etiraf edilməsinə baxmayaraq, onun oğlunun ölümü ilə bağlı faktlar heç vaxt tam və müstəqil surətdə araşdırılmamışdır (yuxarıda 165-ci bəndə bax). Buradan belə nəticəyə gəlmək olar ki, beşinci ərizəçi hələ də 34-cü maddənin mənasında zərərçəkmiş şəxs olduğunu iddia edə bilər və Hökumətin onun zərərçəkmiş şəxs statusuna malik olmadığına dair ilkin etirazı qəbul edilməməlidir.
176. Bunun əksinə olaraq, Məhkəmə qeyd edir ki, altıncı ərizəçinin oğlunun ölümü faktı ilə bağlı hərtərəfli rəsmi araşdırma bitmək üzrədir. Bu araşdırma fonunda Məhkəmə altıncı ərizəçinin artıq 2-ci maddədə nəzərdə tutulmuş prosessual öhdəliyin hər hansı formada pozulmasından zərər çəkmiş şəxs olmadığını qəbul etdiyini bildirir. Buna görə də Məhkəmə Hökumətin altıncı ərizəçi ilə bağlı etirazını qəbul edir.
177. Yekunda Məhkəmə birinci, ikinci, üçüncü, dördüncü və beşinci ərizəçilərin işlərində Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş prosessual öhdəliyin pozulduğunu müəyyən edir.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
178. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli kompensasiyanın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
179. Birinci, ikinci, üçüncü, dördüncü və beşinci ərizəçilər Məhkəmədən qohumlarının ölüm faktları ilə bağlı 2-ci maddənin tələblərinə uyğun şəkildə istintaq aparılmasını Hökumətdən tələb etməyi xahiş etmişlər. Onlar həmçinin Birləşmiş Krallığın ölüm faktları ilə bağlı Konvensiyanın tələblərinə uyğun şəkildə istintaq aparmaması nəticəsində keçirdikləri mənəvi sarsıntılara görə hər birinə 15000 Britaniya funt sterlinqi məbləğində kompensasiyanın verilməsini tələb etmişlər.
180. Hökumət qeyd etmişdir ki, Məhkəmə 2-ci maddədə nəzərdə tutulmuş prosessual vəzifənin pozulduğunu müəyyən etdiyi işlərdə yeni istintaqın aparılması ilə bağlı dövlətə göstəriş verməkdən dəfələrlə və açıq şəkildə imtina etmişdir (misal üçün bax: “Varnava və Digərləri Türkiyəyə qarşı” [Böyük Palata] (Varnava and Others v. Turkey [GC], nos. 16064/90, 16065/90, 16066/90, 16068/90, 16069/90, 16070/90, 16071/90, 16072/90 and 16073/90, § 222, ECHR 2009‑...); “Ülkü Ekinci Türkiyəyə qarşı” (Ülkü Ekinci v. Turkey, no. 27602/95, § 179, 16 July 2002); yuxarıda qeyd edilmiş “Finukeyn” işi, 89-cu bənd). Hökumət bundan əlavə qeyd etmişdir ki, bu vəziyyətdə pozuntunun olduğunun müəyyən edilməsi qənaətbəxş kompensasiya olacaqdır. Əgər Məhkəmə kompensasiya ödəmək barədə qərar qəbul edərsə, Hökumət hesab edir ki, ərizəçilərin tələb etdiyi məbləğ bu işlər üzrə əsasən verilən məbləğdən artıqdır. Bununla belə, Hökumət heç bir məbləğ təklif etməmiş və ədalətli əsasda kompensasiya barədə qərar qəbul edilməsini Məhkəmənin mülahizəsinə buraxmışdır.
181. Ərizəçilərin səmərəli istintaqın keçirilməsi ilə bağlı xahişinə gəlincə, Məhkəmə cavabdeh dövlətin Konvensiyanın 46-cı maddəsi ilə nəzərdə tutulmuş hüquqi öhdəliyini yerinə yetirməsi vasitələrinin seçilməsində sərbəst olmasına dair ümumi prinsipi təkrar edir və bildirir ki, bu vasitələr Məhkəmənin qərarında təsbit edilmiş nəticələrə uyğun olmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, belə olan halda Konvensiyanın 46-cı maddəsinə əsasən praktiki baxımdan uyğunluğun təmin olunması üçün hansı tədbirlərin tələb edildiyi ilə bağlı məsələlərin həlli Nazirlər Komitəsinin səlahiyyəti daxilindədir (bax: yuxarıda qeyd edilmiş “Varnava” işi, 222-ci bənd və burada istinad edilmiş digər işlər).
182. Pul kompensasiyası ilə bağlı tələblərə gəlincə, Məhkəmə xatırladır ki, 41-ci maddəyə əsasən mülki iş üzrə tərəflər arasında təqsirin və ödənilməli olan ziyanın məbləğinin proporsional şəkildə bölünməsi məsələsində mülki deliktlər ilə bağlı işlərə baxan ölkə daxili məhkəmə mexanizmləri kimi fəaliyyət göstərmək onun rolu deyildir. O, qərəzsizlik prinsipini əsas kimi götürür ki, bu prinsip də hər şeydən öncə çevikliyi və işin bütün hallarında nəyin ədalətli və ağlabatan hesab oluna biləcəyinə, o cümlədən yalnız ərizəçinin mövqeyi deyil, pozuntunun baş verdiyi bütün kontekstə dair obyektiv mülahizələri nəzərdə tutur. Məhkəmə tərəfindən mənəvi ziyana görə kompensasiyanın müəyyən edilməsi əsas insan hüququnun pozulması nəticəsində belə ziyanın baş verdiyinin qəbul edilməsinə xidmət edir və sözün geniş mənasında vurulmuş ziyanın ağırlığını əks etdirir (bax: yuxarıda qeyd edilmiş “Varnava” işi, 224-cü bənd və burada istinad edilmiş digər işlər). Məhkəmə hazırkı işin bütün hallarını nəzərə alaraq hesab edir ki, ilk beş ərizəçinin qohumlarının ölümü faktları ilə bağlı tamamilə müstəqil istintaqın aparılmaması səbəbindən çəkdikləri mənəvi iztirablara görə kompensasiya kimi tələb etdikləri bütün məbləğin (avroya çevrildikdə bu məbləğ təxminən 17000 avro təşkil edir) verilməsi ədalətli və obyektiv yanaşma olardı.
B. Məhkəmə xərcləri
183. Ərizəçilər işin mürəkkəb və vacib olduğunu vurğulayaraq onun Məhkəmədə müdafiəsi məqsədilə solisitor-vəkilləri və dörd barrister-vəkilləri tərəfindən 580 saat vaxt sərf edildiyini və bunun məbləğinin ümumilikdə 119928 Britaniya funt sterlinqi olduğunu bildirmişlər.
184. Hökumət qaldırılan məsələlərin mürəkkəb olduğunu qəbul etmiş, lakin bununla yanaşı ərizəçilərin hüquq məsləhətçilərinin ölkə daxili məhkəmə proseslərində də onları təmsil etdikləri üçün işin bütün aspektləri ilə yaxından tanış olduqlarını əsas gətirərək tələb olunan məbləğin həddindən çox olduğunu bildirmişdir. Bundan əlavə, ərizəçilərin barrister-vəkilləri və solisitor-vəkilləri tərəfindən saata görə ödənilməsini iddia etdikləri məbləğ (müvafiq olaraq 500-235 və 180-130 Britaniya funt sterlinqi arasında) əsassız dərəcədə yüksəkdir. Eyni zamanda bu işə barrister dərəcəli iki Kral Vəkili və barristerdən aşağı dərəcəli iki Kral Vəkilinin cəlb edilməsinə zərurət yox idi.
185. Məhkəmənin presedent hüququna görə məhkəmə xərcləri yalnız o halda ərizəçiyə ödənilir ki, həmin xərclərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və bu xərclərin məbləği ağlabatan olsun. Hazırkı işdə sərəncamında olan sənədləri və yuxarıda qeyd olunan meyarı nəzərə alaraq Məhkəmə işə baxılması ilə bağlı çəkilmiş xərclərə görə 50000 avro məbləğində vəsaitin ödənilməsini ağlabatan hesab edir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
186. Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Hökumətin hərəkətin ona aid edilməməsi və dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı ilkin etirazlarını rədd edir;
2. Ərizəçilərin cavabdeh dövlətin yurisdiksiyası altına düşüb-düşmədikləri və beşinci və altıncı ərizəçilərin zərərçəkmiş şəxs statusuna malik olub-olmadıqları məsələlərini işin mahiyyəti ilə bağlı məsələlərlə bir icraatda birləşdirir;
3. Ərizəni qəbuledilən elan edir;
4. Ərizəçilərin vəfat etmiş qohumlarının cavabdeh dövlətin yurisdiksiyası altına düşdüklərini qərara alır və yurisdiksiya məsələsi ilə bağlı Hökumətin ilkin etirazını rədd edir;
5. Altıncı ərizəçinin artıq Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş prosessual öhdəliyin pozulmasından zərərçəkmiş şəxs hesab edilməsinin mümkün olmadığını qərara alır;
6. Birinci, ikinci, üçüncü, dördüncü və beşinci ərizəçilərin qohumlarının ölümü faktları ilə bağlı adekvat və səmərəli istintaqın aparılmaması ilə Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş prosessual öhdəliyin pozulduğunu qərara alır və Hökumətin beşinci ərizəçinin zərərçəkmiş şəxs statusu ilə bağlı ilkin etirazını rədd edir;
7. Qərara alır ki,
(a) cavabdeh dövlət ilk beş ərizəçinin hər birinə vurulmuş mənəvi ziyana bu qərarın qəbul edilməsindən sonra üç ay ərzində, ödənilməli olan vergilər də daxil olmaqla, 17000 avro (on yeddi min avro) məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq funt sterlinqə çevirməklə ödəməlidir;
(b) cavabdeh dövlət ilk beş ərizəçiyə birlikdə məhkəmə xərclərinə görə bu qərarın qəbul edilməsindən sonra üç ay ərzində, ödənilməli olan vergilər də daxil olmaqla, 50000 avro (əllə min avro) məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq funt sterlinqə çevirməklə ödəməlidir;
(c) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir.
8. Ərizəçilərin ədalətli kompensasiya tələbini digər hissələrdə təmin etmir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və Məhkəmənin Prosedur Qaydalarının 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 2011-ci il 7 iyul tarixində açıq iclasda elan edilmişdir.
Maykl O’Boyl Jan-Pol Kosta
Katibin müavini Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmənin Prosedur Qaydalarının 74-cü qaydasının 2-ci bəndinə uyğun olaraq hakim Rozakis və hakim Bonellonun xüsusi rəyləri bu qərara əlavə edilir.
J.-P.K.
M.O.B.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour europeenne des droits de l’homme sont le francais et l’anglais. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci decline toute responsabilite quant a sa qualite. Elle peut etre telechargee a partir de HUDOC, la base de jurisprudence de la Cour europeenne des droits de l’homme (), ou de toute autre base de donnees a laquelle HUDOC l’a communiquee. Elle peut Itre reproduite a des fins non commerciales, sous reserve que le titre de l’affaire soit cite en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la reference au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la presente traduction a des fins commerciales est invitee a le signaler a l’adresse suivante: publishing@
Full & Egal Universal Law Academy