© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012 .
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Əl-Skeini və başqaları Birləşmiş Krallığa qarşı [Böyük Palata] (Al-Skeini and Others v. the United Kingdom [GC]), ərizə № 55721/07
07.07.2011-ci il tarixli qərar [Böyük Palata]
Maddə 1
Dövlətlərin yurisdiksiyası
İraqdakı Britaniya silahlı qüvvələrinin üzvləri tərəfindən İraq vətəndaşlarının iddia edilən qətli ilə bağlı ərazi yurisdiksiyası
Maddə 2
2-ci maddənin 1-ci bəndi
Səmərəli araşdırma
İraqın cənubunun Britaniya silahlı qüvvələri tərəfindən işğalı zamanı İraq vətəndaşlarının ölümü ilə bağlı tam müstəqil və səmərəli araşdırma aparılmaması: pozuntu baş verib
Faktlar – 20 mart 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının, Birləşmiş Krallığın və onların koalisiya ortaqlarının silahlı qüvvələri İraqda hakimiyyətdə olan BƏƏS rejimini devirmək üçün İraqa daxil oldular. 1 may 2003-cü ildə əsas döyüş əməliyyatları yekunlaşmış elan olundu və Birləşmiş Ştatlarla Birləşmiş Krallıq işğalçı dövlətə çevrildilər. Onlar "hökumətin səlahiyyətlərinin müvəqqəti icrası üçün" Müvəqqəti Koalisiya Şurası yaratdılar. Bu səlahiyyətlərə İraqda təhlükəsizliyin təmin edilməsi daxil idi. İşğalçı dövlətlər tərəfindən təhlükəsizliyin təmini rolu 22 may 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 1483 saylı qətnamə ilə tanındı. 28 iyun 2004-cü ildə İraqın idarəçiliyi bütünlüklə Müvəqqəti İraq Hökumətinə təhvil verildikdən sonra işğal başa çatdı və Müvəqqəti Koalisiya Şurasının mövcudluğuna son qoyuldu. İşğal dövründə Birləşmiş Krallıq çoxmillətli qüvvələrdən ibarət hərbi diviziyaya (Cənub-Şərq diviziyasına) komandanlıq edirdi, onun nəzarət etdiyi əraziyə Əl-Bəsrə əyaləti daxil idi. 1 may 2003-cü dilən başlayaraq Əl-Bəsrə əyalətindəki Britaniya qüvvələri təhlükəsizliyin mühafizəsinə və mülki hakimiyyətin dəstəklənməsinə görə cavabdeh idilər. Ərizəçilər 2003-cü ildə bu işğal dövründə Bəsrədə qətlə yetirilmiş altı İraq vətəndaşının yaxın qohumları idilər.
Britaniya hərbçilərinin hücuma və ya birbaşa təhlükəyə məruz qaldıqlarını güman edərək atəş açdıqları zaman birinci, ikinci və dördüncü ərizəçinin qohumları ölümcül güllə yaraları almışdılar. Üçüncü ərizəçinin həyat yoldaşı, iddia edildiyinə görə, Britaniya patrulu ilə naməlum silahlı şəxslər arasında atışma zamanı çarpaz atəş yağışı altına düşərək qətlə yetirilmişdi. Bu dörd ərizəçinin hər birinin işində səlahiyyətli şəxslər (birinci üç halda hərbçilərin komandirləri, dördüncü ərizəçinin işində isə Krallığın Hərbi Polisinin Xüsusi İstintaq Şöbəsi – SIB) tərəfindən qərara alındı ki, insident Britaniya qüvvələrinin öhdəlikləri haqqında qaydaların[1] tətbiq dairəsinə düşür və əlavə araşdırma aparmağa ehtiyac yoxdur.
Beşinci ərizəçinin oğlu onun soyğunçuluq etməsindən şübhələnən Britaniya hərbçiləri tərəfindən döyülmüş və çaya girməyə məcbur edilmiş, orada boğulmuşdu. Baxmayaraq ki, SIB istintaqa başlamış və dörd hərbçi ehtiyatsızlıqdan adamöldürməyə görə hərbi məhkəməyə verilmişdi, tanınma zamanı ittiham tərəfinin əsas şahidi onları tanıya bilmədiyinə görə onlara bəraət verilmişdi.
Altıncı ərizəçinin oğlu Baha Musa Britaniya hərbi bazasında boğulmadan ölmüşdü və bədənində çoxlu xəsarətlər vardı. SIB dərhal araşdırma aparmağa çağırılmışdı. Altıncı ərizəçi Müdafiə Nazirliyinə qarşı mülki işə başladı, həmin iş 2008-ci ilin iyulunda hərbçilərin məsuliyyət daşımasının rəsmən və açıq şəkildə etiraf edilməsi ilə və kompensasiya qismində 575.000 funt sterlinq ödənilməsi ilə nəticələndi. Nazir Baha Musanın ölümü ilə bağlı açıq araşdırma aparılacağını elan etmişdi.
2004-cü ildə müdafiə naziri altı ölüm hadisəsi ilə bağlı müstəqil araşdırmaların aparılmamasını qərara aldı və məsuliyyət məsələsini və ya kompensasiyanın ödənilməli olmasını qəbul etmədi. Ərizəçilər bu qərara məhkəmə tərəfindən yenidən baxılması üçün müraciət etdilər. Sonda iş Lordlar Palatasına gedib çıxdı və o, qərara aldı ki, Baha Musanın işi Britaniyanın yurisdiksiyasına aiddir, çünki ona qarşı qəddar rəftar Britaniya hərbi bazasında baş verib. Buna görə də həmin iş birinci instansiya məhkəməsinə göndərildi ki, onun ölümü ilə bağlı adekvat araşdırma aparılıb-aparılmaması məsələsinə yenidən baxılsın. Digər ölüm hadisələrinə gəlincə, Lordlar Palatası hesab etdi ki, Avropa Məhkəməsinin Bankoviç və başqaları Belçikaya və digər dövlətlərə qarşı (Banković and Others v. Belgium and Others (dec.) [GC], no. 52207/99, 12 December 2001) iş üzrə qərardadı onun üçün məcburi qüvvəyə malikdir və buna görə də qərara aldı ki, bu ölümlər Birləşmiş Krallığın yurisdiksiyasına aid deyil.
Hüquqi məsələlər – Maddə 1 (ərazi yurisdiksiyası): İştirakçı dövlətlərin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək öhdəliyi onların "yurisdiksiyasında" olan şəxslərlə məhdudlaşır və "yurisdiksiya" anlayışı ilk növbədə əraziyə aid anlayışdır. Dövlətin ərazisi xaricində törədilən və ya orada nəticələr doğuran hərəkətlər yalnız müstəsna hallarda dövlətin yurisdiksiyasına aid olan hərəkətlər sayıla bilər. Məhkəmənin presedent hüququ göstərir ki, belə hallar o zaman mövcud olur ki, dövlət nümayəndələri dövlətin ərazisi xaricində olan şəxs üzərində hakimiyyət səlahiyyətini və ya nəzarəti həyata keçirmiş olsunlar. Diplomatik korpusların və ya konsulluqların nümayəndələrinin hərəkətləri; müvafiq xarici hökumətin razılığı, dəvəti və ya qəbul etməsi vasitəsi ilə dövlətin eksterritorial (öz ərazisindən kənar) səlahiyyətlərinin həyata keçirilməsi; və nəhayət, dövlətin ərazisi xaricində dövlət nümayəndələri tərəfindən şəxsin nəzarət altına alınması üçün güc tətbiqi bu kateqoriyaya aiddir. İştirakçı dövlət qanunsuz və ya qanuni hərbi əməliyyat nəticəsində öz milli ərazisi xaricində olan ərazi üzərində bilavasitə və ya öz silahlı qüvvələri vasitəsilə, yaxud da tabeliyində olan yerli administrasiya faktiki nəzarəti həyata keçirirsə, belə müstəsna hallar da bu kateqoriyaya aid edilə bilər.
Ərizəçilərin işində hakimiyyət BƏƏS rejimindən alındıqdan sonra və Müvəqqəti İraq Hökumətinə təhvil verilənə qədər Birləşmiş Krallıq (Birləşmiş Ştatlarla birlikdə) İraqda adətən suveren hökumətin həyata keçirdiyi müəyyən hakimiyyət səlahiyyətlərini həyata keçirən dövlət sayılırdı. Bu müstəsna vəziyyətdə Birləşmiş Krallıq, sözügedən dövrdə Bəsrədə təhlükəsizlik əməliyyatlarını həyata keçirən hərbçiləri vasitəsilə, bu cür təhlükəsizlik əməliyyatlarını gedişində qətlə yetirilmiş şəxslər üzərində hakimiyyəti və nəzarəti həyata keçirirdi. Bütün ərizəçilərin qohumları müvafiq dövrdə ölmüşdülər. Üçüncü ərizəçinin həyat yoldaşının ölümü istisna olmaqla, şübhə yox idi ki, onların ölümünə səbəb Bəsrə şəhərində təhlükəsizlik əməliyyatlarının və ya buna bənzər əməliyyatların gedişində Britaniya hərbçilərinin törətdiyi hərəkətlərdir. Buna görə də onların ölüm hallarının Britaniyanın yurisdiksiyası ilə əlaqəsi vardı. Üçüncü ərizəçinin həyat yoldaşının ölümünə səbəb olmuş güllənin hansı tərəfdən atıldığı məlum olmasa da, o, Birləşmiş Krallığın təhlükəsizlik əməliyyatı zamanı ölmüşdü və bu, Britaniya hərbçiləri üçüncü ərizəçinin evinin yaxınlığında patrul xidmətində olduqları və bu ölüm ilə nəticələnmiş atışmada iştirak etdikləri zaman baş vermişdi, beləliklə, bu halın da Britaniyanın yurisdiksiyası ilə əlaqəsi vardı.
Nəticə: qurbanlar Britaniyanın yurisdiksiyasında idilər (yekdilliklə).
Maddə 2 (prosessual aspekt): 2-ci maddənin prosessual aspektinin tətbiqinə müdaxilədən və müharibədən dərhal sonra düşmənçilik münasibətinin olduğu xarici bölgədə müstəntiqlərin qarşılaşdıqları praktiki problemlər nəzərə alınmaqla real yanaşmaq lazımdır. Bununla belə, Birləşmiş Krallığın işğalçı olması faktı həm də onu şərtləndirmişdi ki, Britaniya hərbçiləri tərəfindən törədildiyi iddia edilən hərəkətlərlə bağlı hər hansı araşdırmanın səmərəli olması üçün istintaq orqanının öz hərəkətlərində müstəqil olması və ya müstəqil hesab edilə bilməsi xüsusilə önəmli idi.
Aydın məsələ idi ki, birinci, ikinci və üçüncü ərizəçinin qohumlarının güllə ilə qətlə yetirilməsi ilə bağlı araşdırmalar 2-ci maddənin tələblərinə cavab verməyib, çünki istintaq prosesi bütünlüklə hərbi komandanlığın nəzarəti altında idi və müvafiq hərbçilərdən ifadələrin alınması ilə məhdudlaşmışdı. Eynilə, dördüncü ərizəçinin qardaşının və beşinci ərizəçinin oğlunun ölümü ilə bağlı SIB tərəfindən araşdırma aparılsa da, bu, araşdırmanın 2-ci maddənin tələblərinə cavab verməsi üçün yetərli deyildi, çünki SIB müvafiq dövrdə öz fəaliyyətində müstəqil deyildi.[2]
Bundan əlavə, dördüncü ərizəçinin işində tam müstəqil müstəntiq tərəfindən əsas şahidlərin dindirilməsində uzunmüddətli yubanmalar ucbatından ifadələrin dəqiqliyinə və etibarlılığına xələl gəlməsi təhlükəsi yüksək idi. Əslində hadisəni gördüklərini iddia edən müəyyən şahidlər tam müstəqil müstəntiq tərəfindən aparılan dindirməyə ümumiyyətlə gəlməmişdilər. Hadisədə iştirak etməkdə təqsirləndirilən hərbçilərin bəzilərini tapmağın mümkün olmaması ilə nəticələnmiş uzunmüddətli yubanmalar ucbatından beşinci ərizəçinin oğlunun ölümü ilə bağlı araşdırmanın səmərəliliyinə də ciddi xələl gəlmişdi. Üstəlik, cinayət prosesində araşdırılan məsələlərin əhatə dairəsi məhdud olduğuna görə cinayət işi qeyri-adekvat idi: işin konkret hallarını, yəni ən azından ilkin ehtimala görə ərizəçinin azyaşlı oğlunun soyğunçuluğa qarşı mübarizədə İraq polisinə yardım edən britaniyalı hərbçilərin ixtiyarında olarkən qəddar rəftar nəticəsində suda batdığını nəzərə alsaq, 2-ci maddəyə əsasən ölüm halına görə dövlətin məsuliyyəti daha geniş məsələlər dairəsinin, o cümlədən müdaxilədən sonra bu cür vəzifələri yerinə yetirən hərbçilərə verilən təlimatların, onların hazırlıq səviyyəsinin və onlar üzərində nəzarət məsələsinin araşdırılması məqsədi ilə qurbanın ailəsi və ictimaiyyət üçün açıq olan müstəqil araşdırma aparılması tələb olunurdu. Bundan fərqli olaraq, Baha Musanın ölümünün halları ilə bağlı hərtərəfli və açıq araşdırma yekunlaşmaq üzrə idi. Həmin araşdırmanın aparıldığını nəzərə alsaq, altıncı ərizəçi daha 2-ci maddədə nəzərdə tutulan prosessual öhdəliyin pozuntusunun qurbanı sayıla bilməzdi. Müvafiq olaraq, cavabdeh dövlət birinci beş ərizəçinin qohumlarının ölümü ilə bağlı səmərəli araşdırma aparmaq vəzifəsini yerinə yetirməmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə birinci beş ərizəçinin hər birinə 17.000 avro təyin edildi.
(Həmçinin bax: Əl-Cedda Birləşmiş Krallığa qarşı, 5-ci maddənin 1-ci bəndi, səh. 5).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Öhdəliklər haqqında qaydalarda digər məsələlərlə yanaşı nəzərdə tutulmuşdu ki, odlu silahlardan yalnız ən son vasitə kimi, insan həyatının qorunması məqsədi ilə istifadə edilə bilər və atəş açmazdan əvvəl xəbərdarlıq edilməlidir (əgər bu xəbərdarlıq təhlükə altında olanların həyatının təhlükə altına düşməsinə və ya xəsarət almasına səbəb olmayacaqsa).
[2] SIB-in öz təşəbbüsü ilə başladığı hər hansı araşdırmaya hərbi komandanlığın vəsatəti əsasında xitam verilə bilərdi. Araşdırma yekunlaşdıqdan sonra SIB-in rəyi komandirə göndərilir, o isə işi istintaq orqanına göndərib-göndərməmək barədə qərar çıxarırdı.
Full & Egal Universal Law Academy