Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 197
İyun 2016-cı il
***
Aldeger Tomas (Aldeguer Tomás) İspaniyaya qarşı – ərizə № 35214/09
14.6.2016 tarixli qərar [III Bölmə]
Maddə 14
Ayrı-seçkilik
Ailə başçısını itirməyə görə retroaktiv qaydada pensiya təyinatı məsələsində eyni cinsli cütlüklərlə müxtəlif cinsli nikahsız cütlüklər arasında fərq qoyulması: pozuntu baş verməyib
Faktlar – Konvensiya üzrə icraatda ərizəçi şikayət etdi ki, seksual oriyentasiyası səbəbindən ayrı-seçkiliyə məruz qalıb, belə ki, onunla eyni cinsdən olan və faktiki cütlük kimi yaşayan tərəf-müqabilinin 2002-ci ildə vəfat etməsindən sonra ona ailə başçısını itirməyə görə pensiya verilməsindən imtina edilib. O, konkret olaraq, eyni cinsdən olan şəxslərin nikahı 2005-ci ildə qanuniləşdirilənə qədər nikahlarının hüquqi baxımdan tanınmasına nail ola bilməyən eyni cinsli faktiki cütlüklərə qarşı rəftarla 1981-ci ildə İspaniyada boşanmalar qanuniləşdirilənə qədər nikaha girə bilməyən heteroseksual cütlüklərə qarşı rəftar arasındakı fərqdən şikayət etdi. Eyni cinsdən olan şəxslərin nikahını qanuniləşdirən qanunvericilikdə sağ qalmış tərəf-müqabilin ailə başçısını itirməyə görə retroaktiv qaydada pensiya təyin edilməsi hüququ tanınmadığı halda, müxtəlif cinslərdən olan, birgə yaşayan, amma nikaha girə bilməyən cütlüklərin münasibətlərini əhatə edən 30/1981 saylı qanunda bu qanunun retroaktiv (geriyə) tətbiqinə imkan verən müddəa vardı ki, bu da bu cütlükdəki tərəf-müqabilə onunla cütlük halında yaşamış şəxs bu qanun qüvvəyə minməzdən əvvəl vəfat etdiyi hallarda pensiya tələb etmək imkanı verirdi.
Hüquqi məsələlər – Konvensiyanın 8-ci maddəsi ilə və 1 saylı Protokolun 1-ci maddəsi ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddə – Ərizəçinin mərhum tərəf-müqabili ilə münasibətləri eyni cinsli şəxslərin 11 ildən artıq davam etmiş faktiki ittifaqı idi və Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş "şəxsi həyat" və "ailə həyatı" anlayışları bu münasibətlərə şamil olunurdu. Bundan başqa, 8-ci maddə ailə başçısını itirməyə görə pensiya məsələsini tənzimləməsə də, dövlət nikahda olan heteroseksual cütlüklərdə sağ qalan ərin (arvadın), 30/1981 saylı qanun qüvvəyə minənə qədər qanunla nikaha girə bilməyən heteroseksual cütlüklərdə isə sağ qalan tərəf-müqabilin bu cür hüququnu qanunvericilikdə birbaşa nəzərdə tutmaqla özünün 8-ci maddədə müəyyən edilmiş öhdəliklərinin dairəsini genişləndirmişdi. Müvafiq olaraq, bu iş 8-ci maddənin tətbiq dairəsinə düşür.
Ərizəçinin ailə başçısını itirməyə görə dövlətdən pensiya almaq marağı həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. Beləliklə, həmin maddələrlə əlaqəli şəkildə götürülmüş 14-cü maddə bu işə tətbiq edilə bilər.
Bununla belə, Məhkəmə müəyyən etdi ki, müxtəlif cinslərdən olan cütlüyün bir və ya hər iki üzvünün yenidən nikaha girməsi qarşısında 1981-ci ilədək mövcud olmuş maneələr səbəbindən nikaha girə bilməyən bu cür cütlüyün sağ qalmış üzvünün situasiyası ilə ərizəçinin situasiyasının nisbi oxşarlığı yoxdur.
Birincisi, 30/1981 saylı qanunun retrospektiv müddəaları əmək fəaliyyəti sahəsində qadınların təmsilçiliyinin az olması səbəbindən ödənişli işdə çalışmaqla pensiya hüquqlarının yaranmasında cinslərin bərabər qaydada iştirakının olmadığı bir şəraitdə sağ qalmış tərəf-müqabilə müəyyən şərtlər altında ailə başçısını itirməyə görə pensiya almaq imkanı yaratmaqla mövcud problemin müvəqqəti və fövqəladə həllini təmin etməyə yönələn yetərincə konkret məqsəd daşıyırdı.
İkincisi, istər eyni, istərsə də müxtəlif cinsli cütlüklərin nikahı qarşısında hüquqi maneə mövcud olsa da, bu maneə fərqli xarakter daşıyırdı. Ərizəçi ona görə nikaha girə bilməmişdi ki, onun tərəf-müqabili yaşadığı dövrdə qüvvədə olmuş qanunvericilik eyni cinsdən olan cütlüklərin nikah bağlamasını məhdudlaşdırmışdı. Müxtəlif cinsdən olan cütlüklərin nikahı qarşısındakı maneə cütlüyün üzvlərinin cinsi mənsubiyyətinin və ya seksual oriyentasiyasının nəticəsi deyildi və belə bir faktdan irəli gəlirdi ki, tərəf-müqabillərdən biri və ya hər ikisi üçüncü şəxslə qanuni nikahda idilər və həmin dövrdə onların boşanmasına icazə verilmirdi. Problem nikaha girmək qarşısındakı maneədə deyil, yenidən nikaha girmək qarşısındakı maneədə idi: 30/1981 saylı qanun vasitəsilə tənzimlənən xüsusi faktiki və hüquqi situasiya eyni cinsdən olan cütlüyün situasiyası ilə müqayisə oluna bilməzdi, belə ki, sonuncular cütlüyün bir və ya hər iki üzvünün ailə vəziyyətindən (nikah statusundan) asılı olmayaraq ümumiyyətlə nikaha girmək hüququna malik deyildilər.
Beləliklə, nikaha girmə qarşısındakı hüquqi maneənin kontekstindəki və xarakterindəki bu fərq səbəbindən ərizəçinin 2005-ci ildəki durumu 30/1981 saylı qanunun şamil olunduğu müxtəlif cinsli cütlüklərin durumundan tamamilə fərqlənirdi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Full & Egal Universal Law Academy