© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BÖYÜK PALATA
ALLEN BİRLƏŞMİŞ KRALLIĞA QARŞI məhkəmə işi
(Ərizə № 25424/09)
QƏRAR
Strasburq
12 iyul 2013-cü il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Allen Birləşmiş Krallığa qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi,
hakimlər:
Din Şpilmann (Dean Spielmann), sədr,
Jozep Kasadeval (Josep Casadevall),
Qvido Raymondi (Guido Raimondi),
İneta Ziemele (Ineta Ziemele),
Mark Villiger (Mark Villiger),
İzabella Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
David Tor Byörqvinsson (David Thór Björgvinsson),
Yan Şikuta (Ján Šikuta),
George Nikolau (George Nicolaou),
Andraş Şayo (András Sajó),
Ledi Bianku (Ledi Bianku),
Zdravka Kalayciyeva (Zdravka Kalaydjieva),
Vinsent Entoni De Qaetano (Vincent A. De Gaetano),
Pol Lemmens (Paul Lemmens),
Pol Mahoni (Paul Mahoney),
Kşiştof Woytsiçek (Krzysztof Wojtyczek),
habelə Katib müavini Maykl O’Boyldan (Michael O’Boyle) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
14 noyabr 2012-ci ildə və 22 may 2013-cü ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Britaniya vətəndaşı xanım Loren Allen (Lorraine Allen) (“ərizəçi”) tərəfindən 29 aprel 2009-cu ildə Məhkəməyə təqdim edilmiş Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına qarşı ərizə (№25424/09) əsasında başlanıb.
2. Hüquqi yardımla təmin edilmiş ərizəçini Uiqanda yerləşən "Stephensons" vəkillər firması təmsil edib. Birləşmiş Krallıq Hökumətini (“Hökumət”) onun nümayəndəsi, Xarici İşlər və Birlik Ölkələri üzrə Nazirlikdən olan xanım Y. Əhməd (Y. Ahmed) təmsil edib.
3. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən iddia etdi ki, ona bəraət verildikdən sonra məhkəmə səhvinə görə ona kompensasiya verilməsindən imtina edilməsi barədə qərar onun təqsirsizlik prezumpsiyası hüququnu pozub.
4. 14 dekabr 2010-cu ildə ərizə barədə Hökumətə məlumat verildi. Həmçinin qərara alındı ki, ərizəyə mahiyyəti üzrə baxılması onun qəbulunun mümkünlüyü məsələsinə baxılması ilə eyni vaxtda həyata keçirilsin (29-cu maddənin 1-ci bəndi).
5. 26 iyun 2012-ci ildə hakimlər L. Qarlitski (L. Garlicki), D. Byörqvinsson, N. Bratsa (N. Bratza), G. Nikolau, L. Bianku, Z. Kalayciyeva, De Qaetano və T.L. Erlidən (T.L. Early) ibarət Dördüncü Bölmənin Palatası Böyük Palatanın xeyrinə öz yurisdiksiyasından imtina etdi və tərəflərin heç biri bu imtinaya etiraz etmədi (Konvensiyanın 30-cu maddəsi və Məhkəmə Reqlamentinin 72-ci Qaydası).
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyən edildi.
7. Ərizəçi və Hökumət hər biri ərizənin qəbuledilnəliyi məsələsinə və mahiyyətinə dair qeydlərini təqdim etdilər.
8. 14 noyabr 2012-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında dinləmə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
a) Hökumətin adından:
xanım Y. Əhməd (Y. Ahmed), nümayəndə,
cənab C. Streçen (J. Strachan),
cənab Q. Berd (G. Baird), məsləhətçilər;
b) ərizəçinin adından:
cənab H. Sauti (H. Southey QC), vəkil.
Məhkəmə cənab Streçenin və cənab Sautinin çıxışlarını və Məhkəmənin verdiyi suallara onların cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
9. Ərizəçi 1969-cu ildə anadan olub və Skarboroda (Scarborough) yaşayır.
A. Cinayət işi üzrə məhkum edilmə
10. 7 sentyabr 2000-ci ildə ərizəçi Krallığın Nottingem Məhkəməsində andlılar tərəfindən dörd aylıq oğlu Patriki ehtiyatsızlıqdan öldürməkdə təqsirli bilindi. O, üç il müddətinə azadlıqdan məhrum edildi.
11. Onun məhkəməsində tibb ekspertləri tərəfindən verilmiş ifadədə göstərildi ki, oğlunun aldığı xəsarətlər silkələmə və ya zərbə endirmə əlamətlərinə uyğundur. İttiham hökmü "uşağın silkələnməsi sindromuna" dair fərziyyənin qəbul edilməsinə əsaslandı, bu sindrom həm də "başın təsadüfi olmayan xəsarəti" ("NAHI") adlandırılır, belə ki, bu zaman ensefalopatiya, bərk beyin qabığının alt hissəsində qansızmalar və gözün tor qişasında qansızmalar kimi üç elementdən ibarət olan kəllədaxili xəsarətlər ya qanunsuz güc tətbiqinin simptomlarıdır, ya da ən azı həmin gücün tətbiq edildiyini ehtimal etməyə əsas verir. Ərizəçinin oğlunun ölüm işində bu elementlərin hər üçü mövcud idi.
12. Ərizəçi məhkəmə iclasından dərhal sonra ittiham hökmünə qarşı apellyasiya şikayəti vermədi.
B. İttiham hökmünün ləğv edilməsi
13. Tibbi ekspertizanın dəlillərinə əsaslanmış qərarların çıxarıldığı işlərə dövlət orqanları tərəfindən yenidən baxıldıqdan sonra ərizəçi, vaxtı keçsə də, apellyasiya şikayətinə icazə verilməsi üçün müraciət etdi və onun apellyasiya şikayəti təqdim etməsinə icazə verildi. Apellyasiya şikayəti "NAHI" fərziyyəsinin qəbul edilməsinə etiraza əsaslanmışdı, etiraz isə yeni tibbi dəlillərə əsaslanırdı, həmin dəlillər belə düşünməyə əsas verirdi ki, üç elementdən ibarət xəsarətlər "NAHI"dən savayı digər səbəblərdən də baş verə bilərdi.
14. Ərizəçi cəzasının on altı ayını çəkdikdən sonra naməlum tarixdə həbsxanadan azad edildi.
15. Apellyasiya icraatı kontekstində Apellaysiya Məhkəməsi (Cinayət işləri üzrə bölmə) ("AMCB") bir neçə tibb ekspertinin ifadəsini dinlədi. 21 iyul 2005-ci ildə bu məhkəmə ərizəçinin ittiham hökmünü etibarlı sübutlara əsaslanmadığına görə ləğv etdi.
16. Apellyasiya icraatı çərçivəsində sübutları yenidən nəzərdən keçirmək funksiyası ilə əlaqədar olaraq məhkəmə qeyd etdi ki:
"70. ... İki mötəbər tibbi rəy arasında həqiqi fərqin olduğu bu tip ümumi məsələlərə gəlincə, bizim rəyimizə görə, Cinayət işləri üzrə apellyasiya məhkəməsi bir qayda olaraq bu məsələlərin həlli üçün münasib məkan deyil. Bu məhkəmənin əsas diqqəti ittiham hökmünün etibarlı sübutlara əsaslanmasını təmin etməyə yönəlməli və bu zaman apellyasiya şikayətlərindəki yeni dəlillərin yoxlanılması üçün aşağıda göstərilən test nəzərə alınmalıdır (biz də məhz belə etmişik). Yəni bu fərqlər məhkəmə araşdırmasında həll oluna bilməz. Məhkəmə araşdırmasında belə məsələlər yarandıqda (cinayət işində) andlılar və (mülki işdə) hakim onları iş üzrə mövcud olan bütün sübutların əsaslandığı faktoloji məsələlər kimi həll etməlidirlər..."
17. Ərizəçinin işinin faktlarının nəzərdən keçirilməsinə qayıdaraq, məhkəmə yenidən vurğuladı ki, onun vəzifəsi ittiham hökmünün etibarlı sübutlara əsaslanıb-əsaslanmadığı barədə qərar verməkdir. O, həmçinin işin bir qədər mürəkkəb olduğunu bildirərək qeyd etdi ki, Pendltonun (Pendleton) işində Kornhilldən olan lord Binqemin (Bingham) qeyd etdiyi testin nəzərə alınması vacibdir (aşağıda 47-ci bəndə bax), yəni sual verilməlidir ki, dəlil məhkəmə iclasında təqdim edildiyi təqdirdə andlı iclasçıların ittiham hökmü çıxarmasına əsaslı olaraq təsir edə bilərdimi? Məhkəmə fikrini davam etdirərək bildirdi ki:
"143. ... Məhkəmə araşdırmasında təqdim edilmiş dəlil və bu apellyasiya icraatında dövlət ittihamçısının təqdim etdiyi dəlil [ərizəçiyə] qarşı ciddi sübut təşkil edir. Hər üç elementin müəyyənləşdirildiyi barədə [dövlət ittihamçısının] arqumenti və bu arqumentə xələl gətirən hər hansı cəhdin fərziyyəyə əsaslanması barədə onun rəyi ciddi əsasa malikdir. [Ərizəçiyə] qarşı işdə dəlillər nə qədər ciddi olsa da, biz ittiham hökmünün etibarlı sübutlara əsaslanması ilə əlaqədar problemlərlə üzləşmişik".
18. Məhkəmə ərizəçinin və dövlət ittihamçısının adından dəvət edilmiş ekspertlərin tibbi rəyini nəzərdən keçirərək onların rəyləri arasında fərqlər olduğunu qeyd etdi və bu qənaətə gəldi ki:
"144. Birincisi, apellyasiya şikayətini rədd etmək üçün biz [dövlət ittihamçısının] bu arqumentinə şərik çıxmalı idik ki, [ərizəçinin eksperti] doktor Skuayrın (Squier) ifadəsini bütünlüklə rədd etməliyik...
145. ... Biz doktor Skuayrın ifadəsini [dövlət ittihamçısının eksperti] doktor Rork-Adamsın (Rorke-Adams) ifadəsindən üstün tutduğumuzu söyləmək fikrindən çox uzağıq. Həqiqətən, doktor Skuayrın rəyini şübhə altına alan dəlillərin sanballılığını nəzərə alaraq, onun haqlı ola biləcəyinə dair müəyyən tərəddüdlərimiz var. Lakin eyni zamanda, dəlillərin arasındakı fərqlər elə fərqlərdir ki, bu işin bütün hallarını nəzərə almaqla andlılar onları işdəki bütün dəlillərin işığında qiymətləndirməli idilər.
146. İkincisi, baxmayaraq ki, gözün tor qişasında qansızmaların olduğu qənaətinə gəlməyə imkan verən dəlillər silkələnməni təsdiq edən güclü sübutlar idi, bu amil özlüyündə silkələnmə əlamətlərini təsdiq etmirdi. Bərk beyin qabığının alt hissəsindəki qansızmalar nəzərə alınmasa, gözün tor qişasında qansızmaların olduğu barədə qənaətlər mövcud boşluğu doldura bilməz, hərçənd ki, biz onların hər ikisinin birlikdə nəzərə alınmalı olduğunu qəbul edirik. Həmçinin bu da problemli məsələdir ki, təcili tibbi yardım qrupunun gördüyü donub qalmış və genişlənmiş göz bəbəyinin həmin anda beynin şişməsinin əlaməti olduğu barədə [ərizəçinin eksperti] doktor Adamsın rəyi nə dərəcədə doğru idi?
147. Üçüncüsü, baxmayaraq ki, biz artıq bildirmişik ki, üç elementdən ibarət xəsarətlərin yetirilməsi üçün tələb olunan gücün miqdarı bir çox hallarda sadəcə kobud rəftar zamanı işlədilən gücdən artıq olmalıdır, sübutlar belə düşünməyə əsas verir ki, müəyyən nadir hallarda xəsarətlər tətbiq edilən gücün miqdarına uyğun olmur. Ən azı belə nadir hallarda (bəlkə də son dərəcədə nadir hallarda) az miqdarda güc tətbiqinin faciəli xəsarətlər yetirməsi mümkündür".
19. İşdə tibbi sübutların mühümlüyünü vurğulayaraq, məhkəmə fikrini davam etdirdi:
"150. ... Qısaca desək, [ərizəçi] diqqətli və qayğıkeş ana kimi səciyyələndirilirdi. O, Patriklə bağlı narahatlıqları səbəbindən gecə həkim Barberi çağırmışdı. Həkim Barber bildirdi ki, o, həmin vaxt sakit idi və özünə nəzarət edirdi. Məhkəmə araşdırmasında ittiham tərəfinin arqumenti ondan ibarət idi ki, həkim Barberin gecə saat 2.30-da evi tərk etdiyi vaxtdan [ərizəçinin] təcili tibbi yardım xidmətlərinə zəng vurduğu vaxta qədər o, Patriki şiddətlə və ehtiyatsızcasına silkələmişdi. Bizim rəyimizə görə, bu əhvalat, o cümlədən başın, üzün və ya bədənin hər hansı hissəsində zədələrin aşkar edilməməsi, hər hansı sınıqların və ya üç elementdən ibarət xəsarətlərdən savayı digər əlamətlərin olmaması dövlət ittihamçısının üç elementdən ibarət xəsarətlər əsasında qanunsuz fiziki zor tətbiqi barədə irəli sürdüyü fərziyyəyə o qədər də uyğun gəlmir".
20. Məhkəmə bu nəticəyə gəldi:
"152. Artıq dediyimiz kimi, dövlət ittihamçısının dəlilləri və arqumentləri ciddidir. Biz dərk edirik ki, [ərizəçi] Patrikin xəsarətlərinin bizi qane edən konkret alternativ səbəblərini göstərməyib. Lakin bu apellyasiya icraatında ortalıqda yalnız üç elementdən ibarət xəsarətlər var və bizim rəyimizə görə tibbi dəlillər "NAHI" fərziyyəsindən kənara çıxır. Özlüyündə bu üç element artıq ifadə edilmiş əsaslar üçün yetərli olmaya bilər. İstənilən halda, bu apellyasiya şikayəti üzrə dəlillərlə bağlı rəyimiz ondan ibarətdir ki, sadəcə bu üç elementin mövcudluğu özlüyündə avtomatik surətdə və ya hökmən "NAHI" simptomlarının olduğu qənaətinə gəlməyə səbəb ola bilməz.
153. Birinci instansiya məhkəməsində araşdırılmış əsas məsələ ondan ibarət idi ki, [ərizəçi] qanunsuz güc tətbiq etməklə oğlu Patrikin ölümünə səbəb olubmu? Biz özümüzə sual veririk ki, ölümün səbəbi ilə və üç elementdən ibarət xəsarətlərin yetirilməsi üçün zəruri olan gücün miqdarı ilə əlaqədar dinlədiyimiz yeni dəlillər andlıların ittiham hökmü çıxarmasına əsaslı olaraq təsir göstərə bilərdimi? Qeyd edilən bütün səbəblərə görə biz bu nəticəyə gəldik ki, təsir göstərə bilərdi. Müvafiq olaraq, ittiham hökmü etibarlı dəlillərə əsaslanmayıb və bu apellyasiya şikayət təmin edilməlidir. İttiham hökmü ləğv olunur".
21. İşə yenidən baxılması barədə heç bir qərar qəbul edilmədi.
C. Kompensasiya tələbi
1. Nazirin qərarı
22. İttiham hökmü ləğv edildikdən sonra Cinayət işləri üzrə ədalət mühakiməsi haqqında 1988-ci il tarixli Qanunun ("1988-ci il tarixli Qanun" – aşağıda 49-53-cü bəndlərə bax) 133-cü maddəsinə uyğun olaraq ərizəçi məhkəmə səhvinə görə kompensasiya üçün nazirə müraciət etdi.
23. 31 may 2006-cı il tarixli məktubla ərizəçinin vəkillərinə məlumat verildi ki, nazir bu işdə kompensasiya hüququnun yarandığını hesab etmir. Məktubda qeyd edilirdi ki:
"Nazir bu fikirdədir ki, müştərinizin işi qanunvericiliyin, yəni Qanunun 133-cü maddəsinin 1-ci bəndinin tələblərinə uyğun gəlmir, belə ki, Apellyasiya Məhkəməsi tərəfindən nəzərdən keçirilmiş tibbi rəy hər hansı yeni fakt aşkara çıxarmayıb... Nazirin rəyi bundan ibarətdir ki, üç elementdən ibarət xəsarətlərə səbəb olmaq üçün tələb olunan gücün dərəcəsi barədə bu yeni tibbi rəydə hər hansı yeni fakt və yeni aşkarlanmış hallar yer almayıb, orada sadəcə üç elementdən ibarət xəsarətlərə səbəb olmaq üçün tələb olunan gücün dərəcəsinə dair tibbi baxışlarda baş verən dəyişiklik göstərilir və bu rəyi yeni faktlar kateqoriyasına deyil, öncədən bəlli olan faktlara dair yeni dəlillər kateqoriyasına aid etmək daha düzgün olar".
2. Yüksək Məhkəmənin qərarı
24. Ərizəçi daha sonra 1988-ci il tarixli Qanunun 133-cü maddəsinə uyğun olaraq işə məhkəmə nəzarəti qaydasında yenidən baxılması üçün müraciət edərək kompensasiya ödənişindən imtina barədə qərardan şikayət etdi. O, iddia etdi ki, onun işi həmin maddədə göstərilən kompensasiya meyarlarına cavab verir.
25. 10 dekabr 2007-ci ildə onun tələbi Yüksək Məhkəmə tərəfindən rədd edildi. Hakim araşdırmaya AMCB-nin ərizəçi barəsindəki ittiham hökmünü ləğv edərkən qəbul etdiyi yanaşmanı nəzərdən keçirməklə başlayaraq aşağıdakı nəticələrə gəldi:
"21. ... 1) məhkəmə Pendlton testini tətbiq edib və dinlədiyi dəlillərdə qaldırılmış mürəkkəb tibbi məsələlərə dair qərar çıxarmayıb; 2) onun çıxardığı yeganə qərar ondan ibarət olub ki, dinlədiyi dəlillər andlılar tərəfindən qəbul edilsəydi, bu, andlıların müttəhimə bəraət verməsi ilə nəticələnərdi; 3) bu qənaətə baxmayaraq, məhkəmənin rəyi bundan ibarət olub ki, dövlət ittihamçısının arqumentləri güclüdür. Mən anlaya bilmirəm ki, bu nəticə işə baxan hakimin yeni məhkəmə araşdırmasının yekununda həmin dəlillərin əsasında andlıları müttəhimə bəraət vermələri barədə təlimatlandıracağı təqdirdə onların müttəhimə bəraət verəcəyinə dair mülahizə ilə necə uyğun ola bilər; 4) Apellyasiya Məhkəməsi tərəfindən baxılmış və onun qərarının əsasını təşkil etmiş materiallar faktlarla rəylərin mürəkkəb qatışığından ibarət idi".
26. O, qeyd etdi ki, AMCB işə yenidən baxılması barədə qərar çıxarmayıb və hesab edib ki, bu, əhəmiyyət kəsb etmir, çünki həmin vaxt ərizəçi cəzasını çəkmişdi və hər hansı yeni məhkəmə araşdırması mənasız olardı və ictimai maraqlara uyğun olmazdı.
27. Ərizəçinin kompensasiya tələbinə qayıdaraq hakim qeyd etdi ki, hər iki tərəf ərizəçinin sonradan ləğv edilmiş ittiham hökmü nəticəsində cəzaya məruz qaldığını qəbul etsə də, onun 133-cü maddə əsasında irəli sürdüyü iddia tələbinin qalan elementləri mübahisəli idi. Hakim fikrini davam etdirərək bildirdi ki:
"29. Daxili İşlər Nazirinə qarşı (Mullenin ərizəsi əsasında) R tərəfindən qaldırılmış işdə Lordlar Palatası tərəfindən 133-cü maddənin şərhi nəzərdən keçirildi [aşağıda 54-62-ci bəndlərə bax]. Lord Binqem ilə Lord Steynin baxışları arasında yaxşı məlum olan fərq vardı. Həmin işin faktları bu işdən xeyli fərqlənir və həmin iş üzrə qərarın motivləri bu iddia tələbinin həllinə kömək edə bilməz. Bu, sadəcə ona görə belədir ki, Mullen barəsindəki ittiham hökmünün ləğv edilməsinin səbəbi istintaqla və ya məhkəmə araşdırmasının keçirilməsi ilə əlaqədar deyildi, yaxud da dəlillər bu nəticəyə səbəb olmamışdı, buna görə də o, 133-cü maddə əsasında kompensasiya almaq hüququna malik deyildi. Həmin işin təəccüblü cəhəti onda idi ki, ərizəçi təqsirli bilindiyi cinayətdə faktiki olaraq təqsirsiz olduğunu heç bir mərhələdə iddia etməmişdi".
28. Hakim razılaşdı ki, nazirin kompensasiya təyin etməkdən imtinası üçün gətirilən səbəb yeni fakt və yeni aşkarlanmış hallar anlayışının həddən artıq dar çərçivədə başa düşüldüyünü aşkara çıxarıb. O, hesab etdi ki, tibbi rəylə fakt arasında fərq qoymaq olduqca çətindir və iddiaçının iddia tələbinin sadəcə tibbi rəydəki, habelə klinik nəticələrdəki dəyişikliyə əsaslanması səbəbindən rədd edilməsi ciddi ədalətsizlik olardı. Bununla belə, bu qənaət ərizəçinin iddia tələbinin həll edilməsi üçün həlledici xarakter daşımır, belə ki, nazir kompensasiyaya dair ərizə barəsində fərqli səbəbdən eyni nəticəyə gələcəkdisə, iddia tələbini yenidən baxılmaq üçün nazirə göndərmək mənasız idi.
29. Ərizəçinin vəkilinin bu arqumenti hakim tərəfindən iclasın protokoluna daxil edildi ki, ərizəçinin təqsirli bilindiyi cinayətdə təqsirsiz olduğunu sübut etməsinə ehtiyac yoxdur; həmçinin vəkilin Yüksək Məhkəmədə mübahisələndirmədiyi belə bir mövqeyindən geri çəkilməsi də protokola daxil edildi ki, əgər ərizəçi sadəcə andlıların ona bəraət verməsinə səbəb ola biləcək və ya bəraət verməsinə gətirib çıxarmalı olan şübhənin mövcudluğunu sübut etmiş olsa, onun kompensasiya tələbi təmin edilməlidir. Hakim bu geri çəkilməni Daxili İşlər Nazirinə qarşı (Kliberinin ərizəsi əsasında) R tərəfindən qaldırılmış işdə ([2007] EWHC 1855 Admin) baş hakimin bildirdiyi qeydlərin işığında prinsipcə qaçılmaz və düzgün hesab etdi və həmin qeydlərdən aşağıdakı sitatı gətirdi:
"41. Lord Binqem [R-in (Mullenin) işində] ... iki fərqli situasiyanı nəzərdən keçirdi və hesab etdi ki, onların hər birinə 1988-ci il tarixli Qanunun 133-cü maddəsində yer alan "məhkəmə səhvi" anlayışı şamil olunur. Birinci situasiyada yeni faktlar göstərir ki, iddiaçı məhkum olunduğu cinayətdə təqsirkar olmayıb. Belə olan halda belə demək mümkündür ki, sözügedən faktlar andlıların baxışına təqdim edilsəydi, o, məhkum olunmayacaqdı. İkinci situasiyada məhkəmə araşdırmasının gedişində elə hərəkətlər və ya hərəkətsizliklər baş verir ki, onlar baş verməməli idi və beləliklə iddiaçının ədalətli məhkəmə araşdırması hüququ o dərəcədə pozulmuş olur ki, onun "səhvən məhkum edildiyini" söyləmək olar. Belə olan halda belə demək düzgün olar ki, iddiaçı məhkum edilməməli idi".
30. Hakim fikrini davam etdirərək bildirdi ki:
"42. [Ərizəçinin vəkili] cənab Sauti təqsirsizlik prezumpsiyası barədə Strasburq Məhkəməsinin konsepsiyası ilə əlaqədar mənə müraciət etməyib. Mən bu məsələyə istinadən hər hansı qərar qəbul etmirəm. O, bu məsələyə dair mövqeyini başqa vaxt bildirmək hüququnu özündə saxlayır. Bununla bağlı mənə belə gəlir ki, andlıların fərqli nəticəyə gələ biləcəyini "məhkəmənin səhvə yol verdiyini əsaslı şübhə yeri qalmadan" sübuta yetirən hal kimi qəbul etmək 133-cü maddənin mətnində nəzərdə tutulmayıb. Mənə elə gəlir ki, məhkəmə prosesindəki səhvlər barədə lord Binqemin qeydlərinin aşkar hakim səhvlərinə aid hallarla əlaqəsi yoxdur. Aşkar hakim səhvlərinin baş verdiyi hallarda yeni faktların və ya yeni aşkarlanmış halların hakim tərəfindən səhvə yol verildiyini əsaslı şübhə yeri qalmadan sübut etməsi tələb olunur. Əgər yeganə dəlil düzgün təlimatlandırılan andlıların onlara yeni sübut təqdim edilmiş olduğu təqdirdə fərqli nəticəyə gələ biləcəkləri barədə rəydən ibarətdirsə, o halda hakimin səhv etməsi sübuta yetirilmir".
31. Hakim daha sonra qeyd etdi ki:
"44. Elə bir halı götürək ki, bu zaman müttəhim dindirmədə və ya məhkəmə araşdırmasında heç bir ifadə vermir və ona qarşı yeganə sübut bir şahidin ifadəsidir və o, həmin ifadə əsasında və bundan əlavə həm də susması əsasında məhkum olunur. Sonradan yeganə şahidin ifadəsinin istər həmin şahidin hüquqa zidd motivlərinin olması, istərsə də sadəcə səhv etməsi ucbatından yanlış olduğu müəyyən edilərsə, hətta əslində müttəhim ittihamlar üzrə təqsirkar olmadığı barədə heç kəs qərar çıxarmasa belə və onun təqsirsizliyi heç vaxt aşkara çıxmasa belə, ən azı iddia etmək olar ki, iddiaçı qismində çıxış edən bu müttəhimin işində məhkəmə səhvi baş verib. Amma bu mülahizə bu iddiaçının işinə yaraya bilməz. Ona görə ki, Apellyasiya Məhkəməsi tərəfindən dinlənilmiş tibbi rəydən və işə baxmış andlıların qərarından göründüyü kimi, bu işdə iddiaçıya qarşı ciddi dəlillər olub. Apellyasiya Məhkəməsinin açıq-aydın ifadə edilmiş rəyinə görə, ittiham tərəfinin öz mövqeyini bildirməsindən və ya bütün sübutların dinlənilməsindən sonra yekunda məsələni həll etmək andlıların öhdəsinə düşür..."
32. O, bu nəticəyə gəldi ki:
"45. [Kliberinin işi] üzrə Apellyasiya Məhkəməsinin qərarından sitat gətirdiyim parçalardan göründüyü kimi, onun qərarında bildirdiyi yeganə rəy ondan ibarətdir ki, yeni dəlil nəticəsində belə bir imkan yaranıb ki, həmin dəlili məhkəmə araşdırmasında verilmiş ifadə ilə birgə götürməklə andlılar əslində iddiaçıya bəraət verə bilərdilər. Bu isə bu işdə məhkəmə səhvinin baş verdiyinin əsaslı şübhə yeri qalmadan sübuta yetirilməsi demək deyil. Müvafiq olaraq, sadəcə bu səbəbə görə mən iddia tələbini rədd edirəm".
3. Apellyasiya Məhkəməsinin qərarı
33. Ərizəçi bu qərardan apellyasiya şikayəti verdi. 15 iyul 2008-ci ildə Apellaysiya Məhkəməsi (Mülki işlər üzrə bölmə) şikayəti rədd etdi. Məhkəmənin adından qərarı elan edərkən hakim Hyuz (Hughes) AMCB-nin ərizəçi barəsindəki ittiham hökmünü ləğv edərkən qəbul etdiyi yanaşmanı qısaca ifadə etdi. O, AMCB-nin qərarında ifadə edilmiş bu qənaətləri qeyd etdi ki, ərizəçiyə qarşı ciddi dəlillər qalsa da, ittiham hökmünün etibarlı dəlillərə əsaslanması məsələsi ilə əlaqədar məhkəmədə şübhələr var. O, davam edərək bildirdi ki:
"17. ... Yeni dəlil ortaya çıxdığı halda ittiham hökmünün etibarlı dəlillərə əsaslanıb-əsaslanmadığını müəyyən etmək məhkəmənin öz işdir və yeni dəlilin andlıların rəyinə necə təsir göstərə biləcəyi əhəmiyyət kəsb etmir, amma mürəkkəb işdə məhkəmə hazırda əldə edilmiş dəlilin andlıların ittiham hökmünə əsaslı olaraq təsir göstərə biləcəyi barədə onlara sual verməklə bu məsələnin müəyyənləşdirilməsini özünün ilkin rəyi üçün faydalı hesab edə bilər. Hazırkı işdə aydın görünür ki, AMCB bu sonuncu yanaşmanı qəbul edib və onun qərarı sözügedən tibbi dəlil andlıların diqqətinə təqdim edilmiş olacağı təqdirdə həmin dəlilin andlıların qərarına göstərə biləcəyi təsirə xeyli dərəcədə əsaslanıb... Şübhə ola bilməz ki, məhkəmə bu işdə klinik rəylərin dəqiq şərhinə diqqət yetirib, amma bu məsələyə dair qərar məhkəmənin özü tərəfindən deyil, bir-birinə zidd olan ekspert rəylərini dinləməklə andlılar tərəfindən qəbul edilə bilər və edilməlidir. Bu yanaşmanı qəbul etməklə AMCB qərara alıb ki, hazırda mövcud olan dəlil andlılar tərəfindən dinlənilmiş olsaydı, fərqli nəticəyə gətirib çıxara bilərdi".
34. Yeni məhkəmə araşdırması təyin etməmək barədə AMCB-nin qərarına gəlincə, hakim bu qərarı belə şərh etdi:
"18. ... Apellyasiya icraatı aparılarkən şikayətçi artıq cəzasını çəkmiş və artıq xeyli vaxt keçmişdi. Belə olan halda dövlət ittihamçısının işə yenidən baxılması üçün müraciət etməməsi başa düşüləndir, belə ki, məhkəmə araşdırmasından az sonra yuxarıdakı səbəblərə görə ittiham hökmünün ləğv ediləcəyinə dair heç bir şübhə yox idi".
35. Hakim "məhkəmə səhvi" anlayışının mənasını nəzərə aldı və R-in (Mullenin) işində lord Binqemin yanaşması ilə lord Steynin yanaşması arasındakı fərqi qısaca aşağıdakı kimi ifadə etdi:
"21. ... Lord Steyn bildirdi ki, ... bu kontekstdə "məhkəmə səhvi" o deməkdir ki, müttəhimin təqsirsizliyi etiraf edilir. Lord Binqem ... bu məsələyə dair heç bir qəti rəy ifadə etmədi, amma aydınlıq gətirdi ki, o, bu şərhi "qəbul etməyə tərəddüd edir". Öz növbəsində o, təqsirsizliyin sübuta yetirilib-yetirilməməsindən asılı olmayaraq bu kontekstdə "məhkəmə səhvi" anlayışının məhkəmə prosesindəki ciddi qüsurlara şamil edilməli olduğunu qəbul etdi".
36. Bununla belə, hakim izah etdi ki, cənab Mullenin iddiasını təmin etməmək barədə Lordlar Palatasının yekdil rəyini nəzərə alsaq, bu qərar üçün lord Steynlə lord Binqemin fərqli şərhlərinə ciddi ehtiyac yox idi.
37. Hakim qeyd etdi ki, ərizəçinin vəkili qəbul edib ki, ittiham hökmünün ləğvi barədə AMCB-nin qərarı ərizəçinin təqsirsizliyini əsaslı şübhə yeri qalmadan və ya qəti şəkildə sübuta yetirməyib. Buna görə də o, qeyd etdi ki, 1988-ci il tarixli Qanunun 133-cü maddəsinə lord Steynin verdiyi şərh düzgün idisə ərizəçinin iddia tələbi təmin edilməməli idi. Lakin ərizəçinin arqumenti bundan ibarət idi ki, lord Binqemin yanaşması qəbul edilməlidir və bu şərhin əsasında onun iddia tələbi təmin ediləcəkdi, çünki onun işi üzrə məhkəmə prosesində nəsə ciddi bir nöqsan vardı. R-in (Mullenin) işində lord Binqemin verdiyi şərhi nəzərdən keçirərək hakim qeyd etdi ki:
"26. ... Aydın məsələdir ki, lord Binqemin nəzərə almağa hazır olduğu "məhkəmə səhvi" anlayışının genişləndirilmiş şərhinin mühüm cəhəti ondan ibarətdir ki, “məhkəmə araşdırmasının aparılmasında nəsə ciddi bir səhvə yol verilib”...".
38. Hakim fikrini davam etdirərək bildirdi ki:
"27. Hazırkı işdə məhkəmə araşdırmasının aparılmasında ciddi səhv və ya digər hər hansı yanlışlıq yox idi. "Düzgün olmayan ekspert ifadəsindən" daşınarkən, aydın məsələdir ki, lord Binqem vicdanlı surətdə verilən və məhkəmə araşdırması zamanı ciddi ekspert təcrübəsinə əsaslanan ifadəni nəzərdə tuta bilməzdi. Məhkəmə araşdırması zamanı verilmiş ekspert ifadəsinə qarşı ən çoxu onu demək olardı ki, yeni tibbi tədqiqatların və (və ya) mülahizələrin işığında onun düzəlişə ehtiyacı ola bilər. İstənilən halda, məhkəmə araşdırması zamanı təqdim edilmiş tibbi rəyin, hətta bu dar mənada belə, yanlış olduğu sübuta yetirilməmişdi. AMCB-nin qərarından sitat gətirdiyim parçalardan göründüyü kimi, bu məhkəmənin qərarında qeyd edilənlər tibbi rəylərdəki fərqlərin andlılar tərəfindən həll edilməli olması fikrindən daha da uzağa gedir. Həmçinin bu işdə üç elementdən ibarət xəsarətlərin qanunsuz adamöldürmə simptomlarına uyğun olduğu barədə tibbi rəylə əlaqədar andlılar arasında yekdil fikir olmayıb. Şikayətçinin dəvət etdiyi tibbi ekspertin rəyinə əsasən bu hal qanunsuz adamöldürmə simptomlarına uyğun gəlirdi, amma rəydə qəti olaraq bu nəticəyə gəlməyin mümkünlüyü şübhə altına alınırdı. Apellyasiya şikayəti verilməsinə ona görə icazə verildi ki, ərizəçinin lehinə səsləndirilən rəyə olan inam ötən illər ərzində daha da artmışdı və indi bu rəyi öz ifadəsində doktor Skuayr da dəstəkləyirdi, həmin ifadə andlılar tərəfindən dinlənilməmişdi, ABCM isə, həmin ifadəyə qarşı açıq-aşkar şübhələri olduğuna baxmayaraq, onu tam rədd etmək imkanına malik deyildi.
28. Eyni səbəblərə görə şübhə etmirəm ki, ABCM-in qərarı heç də o demək deyil ki, yeni dəlil ortaya çıxan kimi daha şikayətçinin cavab verməli olduğu heç bir sual qalmayıb..."
39. Daha sonra hakim müəyyən situasiyaları müzakirə etdi ki, bu zaman tanınmış ekspertlər arasındakı fikir ayrılığı elə nəticələrə gətirib çıxara bilərdi ki, məhkəmə araşdırmasının davam etdirilməsi mənasız və ya riskli olardı. O, qeyd etdi ki, xəsarətlərdən çıxarıla bilən nəticələrlə bağlı ekspertlər arasında fikir ayrılığı olduqda işin andlıların icraatından çıxarılmalı olduğunu düşünməyə əsas verən heç bir mötəbər mənbə yoxdur. Əksinə, o, cinayət işlərində sübutetmə standartını nəzərə alaraq hesab etdi ki, belə fikir ayrılıqlarının həlli andlıların fəaliyyətinin mühüm tərkib hissəsidir. Buna görə də o, bu nəticəyə gəldi ki:
"29. Hazırkı işdə belə deməyə heç bir əsas yoxdur ki, yeni dəlillə əlaqədar olaraq andlılar tərəfindən baxılmalı heç bir məsələ yox idi. Bundan başqa, məhkəmə (hazırda) cavablandırılmalı olan heç bir sualın olmadığını nəzərdə tutsaydı, bunu aydın ifadələrlə söyləyərdi. Əksinə, bir-birinə zidd tibbi rəylərin qiymətləndirilməsinin andlıların işi olduğu barədə onun tez-tez təkrarladığı fikirlər tibbi dəlillərlə bağlı yaranmış yeni durumda cavablandırılmalı olan heç bir sualın olmadığı qənaətinə tamamilə zidd idi. Eynilə, müqayisə üçün Pendlton məsələsinə müraciət edilməsi yeni dəlil ortaya çıxdığı təqdirdə işin heç bir halda andlıların icraatına verilməməli olduğu barədə rəyə uyğun deyil.
30. Belə olan halda mən açıq-aydın bu nəticəyə gəlirəm ki, hətta 133-cü maddənin lord Binqem tərəfindən bəyənilmiş olan şərhi əsas götürülsə belə, bu işdə iddia təmin edilə bilməzdi..."
40. 133-cü maddənin lord Binqem və lord Steyn tərəfindən verilmiş şərhlərindəki fərqlə bağlı qərar çıxarılmasına bu işin halları baxımından ehtiyac olmasa da, hakim lord Steynin yanaşmasına üstünlük verdiyini bildirərək digər məsələlərlə yanaşı qeyd etdi ki:
"40. iii) Əlbəttə, mən razılaşıram ki, adətən AMCB təqsirlilik və ya təqsirsizlik məsələsini deyil, yalnız ittiham hökmünün etibarlı sübutlara əsaslanıb-əsaslanmadığını həll etməlidir, amma bununla belə, məhkum edilmiş müttəhimin təqsirsizliyini məhkəmədə yeni fakt və ya yeni aşkarlanmış hallar əsasında həqiqətən əsaslı şübhə yeri qalmadan sübuta yetirmək mümkün olarsa, bu, faktiki olaraq hər bir halda məhkəmə qərarında aydın şəkildə bildirilir... Mənə elə gəlir ki, məhkəmə səhvinin genişləndirilmiş anlayışı qəbul edilərsə, sözügedən maddənin tətbiqində həqiqi çətinliklər yaranar, o halda yeni dəlil əsasında ittiham hökmünün ləğv edildiyi hər bir işdə belə bir sual vermək zərurəti yaranar ki, bu qərar 133-cü maddədə nəzərdə tutulmuş məhkəmə səhvi meyarına, yəni əsaslı şübhə yeri qalmadan sübutetmə meyarına cavab verən qərardır, yoxsa sadəcə ittiham hökmünün etibarlı sübutlara əsaslanmadığına dair şübhədən irəli gələn qərardır? Lakin məhkəmə səhvi təqsirsizlik məsələsinin əsaslı şübhə yeri qalmadan sübut edilməsi ilə əlaqədardırsa, adətən belə halların AMCB-nin qərarlarında açıq-aydın ifadə edilməsində heç bir çətinlik olmur".
41. Təqsirsizlik prezumpsiyası əsasında ərizəçinin irəli sürdüyü arqumentlərə gəlincə, hakim Sekanina Avstriyaya qarşı (25 avqust 1993-cü il, A seriyaları, № 266‑A); Ruşiti Avstriyaya qarşı (ərizə № 28389/95, 21 mart 2000-ci il); Vaykselbraun Avstriyaya qarşı (ərizə № 33730/96, 20 dekabr 2001-ci il); O. Norveçə qarşı (ərizə № 29327/95, ECHR 2003‑II); və Hammern Norveçə qarşı (ərizə № 30287/96, 11 fevral 2003-cü il) işlərdə Avropa Məhkəməsinin çıxardığı qərarlara istinad etdi. O, hesab etdi ki, aşağıdakı səbəblərə görə bu qərarlar ərizəçinin 133-cü maddə əsasında kompensasiya almaq hüququna malik olduğu qənaətinə gəlməyə əsas vermir:
"35. Bu işlərin heç birində qəti şəkildə sübuta yetirilmiş məhkəmə səhvinə görə MSHBP-də [Mülki və siyasi hüquqlar haqqında 1966-cı il tarixli Beynəlxalq Pakt – aşağıda 65-ci bəndə bax] nəzərdə tutulmuş kompensasiya ödənişi sistemi nəzərdən keçirilməyib, hazırkı iş də məhz bu cür kompensasiya ilə əlaqədardır.
ii) MSHBP-nin 14-cü maddəsi kompensasiyaya əsas verən hər iki müddəanı, yəni hazırda nəzərdən keçirilən 14-cü maddənin 6-cı bəndini və mətni İHAK-ın 6-cı maddəsinin 2-ci bəndinin mətni ilə eyni olan 14-cü maddənin 2-ci bəndini özündə birləşdirir. 14-cü maddənin 6-cı bəndi kompensasiya hüququnun yaranması üçün ittiham hökmünün ləğv edilməsindən əlavə daha bir şeyi, yəni yeni faktlar və ya yeni aşkarlanmış hallar əsasında məhkəmə səhvinin baş verdiyinin qəti şəkildə sübuta yetirilməsini açıq-aydın tələb edir. Mənə elə gəlir ki, 14-cü maddənin 2-ci bəndinin müddəalarına əsasən kompensasiya üçün yeni fakt əsasında ittiham hökmünün ləğv edilməsindən savayı başqa heç nə tələb olunmasaydı, bu bəndlər birgə mövcud ola bilməzdilər...
iii) Baxmayaraq ki, MSHBP Avropa Konvensiyasından asılı olmayan müstəqil müqavilədir, 14-cü maddənin 6-cı bəndinin müddəaları ilə eyni olan müddəalara İHAK-ın 7 saylı Protokolunun 3-cü maddəsində rast gəlmək olar. Əgər əsas Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi kompensasiyanın hökmən yeni sübut əsasında ittiham hökmünün ləğv edilməsindən sonra ödənilməsi anlamına gəlsəydi, eyni səbəblərə görə 7 saylı Protokolun 3-cü maddəsinin mənası anlaşılmaz olardı.
iv) Lord Steyn Mullenin işində qeyd etdi ki..., Avstriyanın nəzərdən keçirilən dövrdə qüvvədə olan ölkədaxili kompensasiya sistemi ilə 7 saylı Protokolunun 3-cü maddəsində nəzərdə tutulmuş beynəlxalq sistem arasındakı fərqə Strasburq Məhkəməsi Sekaninaın işi üzrə qərarının ... 25-ci bəndində ... lazımi diqqət yetirdi...
v) Avstriya və Norveçə qarşı işlərdən aydın görünür ki, 6-cı maddənin 2-ci bəndinin tətbiq edilməsi və edilməməsi arasında sərhəd çox zaman kövrəkdir. Sekaninanın işində Komissiya ... aydın şəkildə bildirdi ki, 6-cı maddənin 2-ci bəndi, "təbii ki", işə mahiyyəti üzrə baxıldıqdan və bəraət hökmü çıxarıldıqdan sonra cavabdehə qarşı mülki iddia irəli sürülərkən eyni faktlara əsaslanmanın qarşısını alır və bu, uşaq üzərində qəyyumluğa aid işlərdə olduğu kimi belə işlərdə də adi hal kimi qəbul edilməlidir. Bununla belə, Orr Norveçə qarşı işdə Məhkəmə qərara aldı ki, mülki iddiaya fərqli sübutetmə standartının tətbiq edilməsinə baxmayaraq, 6-cı maddənin 2-ci bəndi zorlama işində bəraət hökmü çıxarıldıqdan sonra şikayətçinin kompensasiya almasına maneə yaradıb; bu işdə qərar daxili məhkəmənin bu məsələni araşdırarkən ifadə etdiyi rəyinə əsaslanmışdı.
vi) Avstriya və Norveçə qarşı işlərdə çıxarılmış qərarların əsasını işin mahiyyəti üzrə çıxarılmış bəraət qərarı ilə kompensasiya qərarı arasında sıx əlaqə təşkil etmişdi. Avstriyaya qarşı işlərdə kompensasiya qərarı cinayət işləri üzrə məhkəmənin səlahiyyəti daxilində idi, hərçənd ki, bu qərar bəraət qərarından müəyyən müddət sonra tərkibi başqa hakimlərdən ibarət olan cinayət işləri üzrə məhkəmə tərəfindən çıxarılırdı (məsələn, İngiltərədə müsadirə barədə qərarlarda olduğu kimi). Bundan başqa, məhkəmə məsələni araşdırarkən qismən andlıların qərarını təhlil edirdi. Norveçə qarşı işlərdə bəraət hökmü hakimlərdən və andlılardan ibarət məhkəmə tərəfindən çıxarılmışdı və bu qərardan dərhal sonra və ya müəyyən vaxt keçdikdən sonra eyni hakimlər kompensasiya məsələsinə baxırdılar...
vii) Bundan fərqli olaraq, 14-cü maddənin 6-cı bəndində və 133-cü maddədə nəzərdə tutulmuş yeni dəlilin ortaya çıxdığı işdə kompensasiya işin mahiyyəti üzrə çıxarılmış hər hansı bəraət hökmü ilə əlaqəli deyil. Əksinə, kompensasiya nəinki ittiham hökmü ləğv edilərkən ödənilməli idi, həm də məhkəmə səhvinin baş verdiyini əsaslı şübhə yeri qalmadan və ya qəti şəkildə sübuta yetirən əlavə amil mövcud olduqda ödənilməli idi.
viii) Heç şübhəsiz demək olar ki, ... Norveç sisteminə əsasən bəraət hökmünə görə kompensasiya təyin olunmasını Avropa Məhkəməsi "dövlətin ... şəxsə qarşı məhkəmə işi qaldırmaqla ona yaratdığı problemi kompensasiya etmək üçün maliyyə öhdəliyi daşıyıb-daşımadığını müəyyən etmək" məqsədi daşıyan prosedur kimi təsvir edib (O. Norveçə qarşı işə bax) və bu sözlər 14-cü maddənin 6-cı bəndində nəzərdə tutulmuş kompensasiya sisteminə də aiddir. Lakin bu halda sual yaranır ki, sözügedən sistem hansı hallarda həmin öhdəliyi doğurur? 6-cı maddənin 2-ci bəndi burada nəzərdən keçirilən sistem çərçivəsində qaldırılan iddialara tətbiq edilməli olsaydı, o halda yeni dəlilin əsasında ləğv edilmiş ittiham hökmləri ilə digər əsaslara görə ləğv edilmiş ittiham hökmləri arasında fərq qoyulması nə məntiqli, nə də ədalətli olardı; iddiaçı hər iki halda təqsirsizlik prezumpsiyasına istinad edə bilərdi. Həqiqətən də, məhkum edilmiş, lakin barələrindəki ittiham hökmü sonradan ləğv olunmuş şəxslərlə birini instansiya məhkəməsindəki araşdırmada bəraət almış şəxslər arasında fərq qoymaq üçün aydın səbəb yoxdur. Lakin aydındır ki, 14-cü maddənin 6-cı bəndi həmin bənddə qeyd edilən məhdud hallardan savayı qalan hallarda kompensasiya ödənişini nəzərdə tutmur.
ix) Mullenin işində lord Steyn bildirdi ki, ... İHAK-ın 6-cı maddəsinin 2-ci bəndi MSHBP-nin 14-cü maddəsinin 6-cı bəndində nəzərdə tutulmuş xüsusi normalara şamil olunmur. Lord Binqemin qərarı isə belə oldu ki, ... Avstriya və Norveçə qarşı işlər Mullenin işinin həllinə kömək edə bilməz, çünki onun barəsindəki "bəraət hökmünün" ona qarşı ittihamların mahiyyəti ilə əlaqəsi yox idi".
42. Ərizəçi Lordlar Palatasına apellyasiya şikayəti verməsi üçün icazə istədi. 11 dekabr 2008-ci ildə bu icazənin verilməsindən imtina edildi.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. İttiham hökmünün ləğv olunması
1. Cinayət işləri üzrə apellyasiya şikayəti haqqında 1968-ci il tarixli Qanun
43. Cinayət işləri üzrə apellyasiya şikayəti haqqında 1968-ci il tarixli Qanunun (dəyişikliklər edilmiş redaksiyada) 2-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulur ki, Apellyasiya Məhkəməsi:
"a) ittiham hökmünün etibarlı dəlillərə əsaslanmadığını hesab etdikdə ittiham hökmünə qarşı apellyasiya şikayəti verilməsinə icazə verir;
b) hər hansı digər hallarda apellyasiya şikayəti barədə müraciəti rədd edir".
44. 2-ci maddənin 2-ci bəndində tələb olunur ki, məhkəmə apellyasiya şikayəti verilməsinə icazə verdiyi təqdirdə ittiham hökmünü ləğv etməlidir.
45. 2-ci maddənin 3-cü bəndində nəzərdə tutulur ki:
"Aşağıdakı 7-ci maddəyə əsasən Apellyasiya Məhkəməsinin şikayətçinin işinə yenidən baxılması barədə qərar çıxardığı hallar istisna olmaqla, ittiham hökmünün ləğv edilməsi barədə bu məhkəmənin qərarı iş üzrə ittiham hökmünün əvəzinə yeni qərarın və andlıların bəraət qərarının birinci instansiya məhkəməsi tərəfindən iclasın protokoluna daxil edilməsi üçün göstəriş rolunu oynayır".
46. 1968-ci il tarixli Qanunun 7-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulur ki, Apellyasiya Məhkəməsi ittiham hökmünə qarşı apellyasiya şikayəti verilməsinə icazə verdiyi və ədalət mühakiməsinin maraqlarının bunu tələb etdiyini hesab etdiyi təqdirdə şikayətçinin işinə yenidən baxılması barədə qərar çıxara bilər. Müəyyən hallarda, məsələn, müttəhimin artıq cəzasını çəkdiyi və işə yenidən baxılmasının ona heç nə verməyəcəyi hallarda işə yenidən baxılması məqsədəuyğun sayılmaya bilər.
2. Yeni dəlillər ortaya çıxdığı hallarda ittiham hökmlərinin ləğv edilməsinə məhkəmələrin yanaşması
47. R tərəfindən Pendltona qarşı qaldırılmış işdə ([2001] UKHL 66) Lordlar Palatası yeni dəlillərin ortaya çıxdığı işlərdə apellyasiya məhkəmələrinin məsələyə necə yanaşmalı olduqlarını nəzərdən keçirdi. Kornhilldən olan lord Binqem izah etdi ki:
"19. ... Staffordun işində Palata haqlı olaraq vəkilin bu arqumentini rədd etdi ki, Apellyasiya Məhkəməsi sual qoyarkən yeni dəlilin bu məhkəmənin düşüncəsinə göstərdiyi təsiri deyil, andlıların düşüncəsinə göstərdiyi təsiri meyar kimi götürməklə yanlışlığa yol vermiş olub... Mən əmin deyiləm ki, Palata Staffordun işində hər hansı yanlış prinsip bərqərar edib, belə ki, Apellyasiya Məhkəməsi yaddaşına çox yaxşı həkk edib ki, onun araşdırmalı olduğu məsələ təqsirləndirilən şəxsin təqsirkar olub-olmaması deyil, ittiham hökmünün etibarlı sübutlara əsaslanıb-əsaslanmamasıdır. Lakin Staffordun işində vəkilin müdafiə etdiyi meyar ... ikili təbiətə malikdir... Birincisi, o, Apellyasiya Məhkəməsinə xatırladır ki, o, əsas qərarverici orqan deyil və heç vaxt belə orqana çevrilməməlidir. İkincisi, o, Apellyasiya Məhkəməsinə xatırladır ki, o, andlıların ittiham hökmü çıxarmasına səbəb olan bütün proseslər barədə dolğun və tam anlayışa malik deyil. Apellyasiya Məhkəməsi dinlədiyi yeni dəlili qiymətləndirə bilər, amma müəyyən aşkar hallar istisna olmaqla, o, həmin dəlillə qalan dəlillər arasında əlaqəni araşdırmaq baxımından andlılara nisbətən əlverişsiz vəziyyətdədir. Bu səbəblərə görə adətən hər hansı çətinlik yarandıqda Apellyasiya Məhkəməsinin öz ilkin rəyini yoxlamaq üçün belə bir sual verməsi daha məqsədəuyğun olar ki, müvafiq dəlil birinci instansiya məhkəməsində təqdim edilmiş olduğu təqdirdə andlıların ittiham hökmünə əsaslı olaraq təsir göstərə bilərdimi? Əgər göstərə bilərdisə, o halda hesab edilməlidir ki, ittiham hökmü etibarlı dəlillərə əsaslanmayıb".
48. İton-ander-Heyvuddan olan lord Braun sonradan Məxfi Şura tərəfindən baxılmış Dial və digər şikayətçi Trinidad və Tobaqo dövlətinə qarşı işdə ([2005] UKPC 4) aşağıdakı şərhini bildirdi:
"31. ... İndi qanunvericilik normaları aydın şəkildə müəyyən edilib və onların əsasında sadəcə aşağıdakıları demək olar. Cinayət işi üzrə apellyasiya icraatında yeni dəlil təqdim edilibsə (və bütün hallarda fərz etsək ki, o, həmin dəlili qəbul edib), işdəki qalan sübutların kontekstində onun mühümlüyünü qiymətləndirmək Apellaysiya Məhkəməsinin üzərinə düşür. Əgər bu məhkəmə yeni dəlil əsasında təqsirləndirilən şəxsin təqsirinə dair əsaslı şübhə yaranmadığı qənaətinə gələrsə, apellyasiya şikayətini rədd edir. Məhkəmə üçün başlıca məsələ yeni dəlilin andlıların düşüncəsinə necə təsir göstərə biləcəyi məsələsi deyil, məhz bu məsələdir. Onu da deyək ki, əgər məhkəmə işi mürəkkəb hesab edərsə, "dəlil məhkəmə iclasında təqdim edildiyi təqdirdə andlı iclasçıların ittiham qərarı çıxarmasına əsaslı olaraq təsir edə bilərdimi?" sualını verməklə öz rəyini yoxlamağı faydalı hesab edə bilər (R Pendltona qarşı)... Bununla belə, Staffordun işində bəyan edilmiş və Pendltonun işində Palata tərəfindən təsdiq olunmuş aşağıdakı rəhbər prinsip qüvvəsində qalır:
“Apellyasiya Məhkəməsi və bu Palata andlıların yeni dəlili dinləmiş olduqları təqdirdə hansı qərarı qəbul edəcəklərini nəzərə almağı münasib yanaşma hesab etsələr də, [andlıların qərarının etibarlı dəlillərə əsaslanıb-əsaslanmadığı] barədə qərar vermək məsuliyyəti son nəticədə yalnız onların üzərinə düşür”".
B. Məhkəmə səhvinə görə kompensasiya
1. Cinayət işləri üzrə ədalət mühakiməsi haqqında 1988-ci il tarixli Qanun
49. Cinayət işləri üzrə ədalət mühakiməsi haqqında 1988-ci il tarixli Qanunun 133-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulur ki:
"1) Aşağıdakı 2-ci bəndin müddəaları nəzərə alınmaq şərti ilə, şəxs cinayət əməlinə görə məhkum edildikdə və yeni faktın və ya yeni aşkarlanmış halın əsaslı şübhə yeri qalmadan məhkəmə səhvi baş verdiyini göstərməsi əsasında sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə və ya o, əfv edildikdə, əgər əvvəllər məlum olmayan faktın vaxtında aşkarlanmaması məhkum olunmuş şəxsin tam və ya qismən günahı üzündən baş verməyibsə, nazir belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxsə məhkəmə səhvinə görə kompensasiya ödəyir".
50. 133-cü maddə əsasında kompensasiya hüququnun mövcud olub-olmaması məsələsi müvafiq şəxsin müraciətindən sonra nazir tərəfindən həll olunur.
51. 133-cü maddənin 5-ci bəndinə əsasən, "ləğv edilmə" ifadəsi, digər hallarla yanaşı, vaxtı ötdükdən sonra verilmiş apellyasiya şikayətindən sonra, yaxud Cinayət işlərinə yenidən baxılması üzrə komissiya tərəfindən Apellyasiya Məhkəməsinə müraciət edildikdən sonra ittiham hökmünün ləğvini bildirən ifadə kimi şərh olunmalıdır.
52. 133-cü maddənin 6-cı bəndində nəzərdə tutulur ki, şəxs o halda məhkum etmə nəticəsində cəzalandırılmış sayılır ki, təqsirli bilindiyi cinayətə görə onun barəsində ittiham hökmü çıxarılmış olsun.
53. Kompensasiya müraciətləri üçün iki illik müddət nəzərdə tutan və ittiham hökmünün "ləğv edilməsi" ilə işə yenidən baxılmasının mümkünlüyü arasındakı əlaqəyə aydınlıq gətirən Cinayət işləri üzrə ədalət mühakiməsi və immiqrasiya haqqında 2008-ci il tarixli Qanun qəbul edildikdən sonra 133-cü maddəyə əlavə müddəalar daxili edildi. Bu müddəalar 1 dekabr 2008-ci ildə, yəni bu iş üzrə kompensasiya tələbi ilə bağlı Apellyasiya Məhkəməsinin qərarı qəbul edildikdən sonra qüvvəyə mindi (yuxarıda 33-cü bəndə bax).
2. "Məhkəmə səhvi" anlayışının məhkəmələr tərəfindən şərhi
a) Ərizəçinin kompensasiya işinin icraatına qədər
54. R (Mullen) Daxili İşlər Nazirinə qarşı məhkəmə işində ([2004] UKHL 18) Lordlar Palatası 1988-ci il tarixli Qanunun 133-cü maddəsinin tətbiqi məsələsini nəzərdən keçirdi. İngiltərədə cənab Mullenin məhkəmə araşdırması yalnız ona görə mümkün olmuşdu ki, Britaniyanın dövlət orqanları onun Zimbabvedən deportasiya olunmasını yerli və beynəlxalq hüququ kobudcasına pozmaqla təşkil etmişdilər. Bu, yalnız onun məhkum olunmasından və təxminən yeddi il sonra Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verməsindən sonra üzə çıxmışdı, nəticədə onun barəsindəki ittiham hökmü bu əsasa görə ləğv olunmuşdu ki, onun deportasiyası prosessual qaydaların pozuntuları ilə baş verib, yəni icra hakimiyyəti səlahiyyətindən sui-istifadə edib. Onun kompensasiya üçün 133-cü maddə əsasında, yaxud həmin vaxt mövcud olan könüllü ödəniş (ex gratia) sistemi əsasında qaldırdığı iddia nazir tərəfindən rədd edildi. Sonradan məhkəmə nəzarəti qaydasında işə yenidən baxılarkən Lordlar Palatası yekdilliklə bu qənaətə gəldi ki, onun işində 133-cü maddə məhkəmə səhvinə görə kompensasiya ödənilməsini tələb etmir. Lakin 133-cü maddənin düzgün şərhi məsələsində lord Binqemlə lord Steynin rəyləri fərqlənirdi.
55. "Səhvən məhkum edilmə" terminini ilə əlaqədar olaraq lord Binqem bildirdi ki:
"4. ... "Səhvən məhkum edilmə" ifadəsi texniki-hüquqi termin deyil və dəqiq müəyyən edilmiş məna daşımır. Aydın məsələdir ki, bu ifadə cinayət əməlində təqsirsiz olan şəxslərin həmin cinayətə görə məhkum olunmasını özündə ehtiva edir. Lakin adi danışıqdakı anlamda bu ifadə, məncə, təqsirkar olub-olmamalarından asılı olmayaraq o şəxslərə də şamil oluna bilər ki, onlar açıq-aydın məhkəmə araşdırmasında məhkum olunmalı deyildilər. Müttəhimin məhkum edilməli olmadığı halda nəyə görə məhkum edildiyinin səbəblərini müəyyənləşdirmək mümkün deyil və buna ehtiyac da yoxdur. Bunun səbəbi ondan ibarət ola bilər ki, ona qarşı dəlillər saxtalaşdırılıb və ya yalan ifadələr verilib. Ola bilər ki, ittiham hökmü yanlış ekspert rəyinə əsaslanıb. Həmçinin ola bilər ki, müdafiə tərəfinə kömək edə biləcək dəlillər gizlədilib və ya qəbul edilməyib. Ya da ola bilər ki, andlılara qərəzli təlimat verilib. Yaxud ola bilər ki, məhkəmə ədalətsizlik edib və ya yanlış istiqamətə yönəldilib. Bu tip işlərdə müttəhimin təqsirsiz olduğunu söyləmək mümkün ola bilər, yaxud bir çox hallarda bunu demək mümkün olmaya bilər, amma belə hallarda onu demək mümkündür ki, o, səhvən məhkum edilib. Belə işlərdə ümumi amil ondan ibarətdir ki, cinayətin istintaqında və ya məhkəmə araşdırmasında nəsə ciddi bir səhvə yol verilir və nəticədə məhkum edilməli olmayan şəxs məhkum edilir".
56. Ərizəçinin işində həm Yüksək Məhkəmə, həm də Apellyasiya Məhkəməsi, belə görünür ki, bu fikirlərin lord Binqemin 133-cü maddədəki "məhkəmə səhvi" ifadəsinə verdiyi şərhə aid olduğunu hesab ediblər, bununla belə, qeyd etmək lazımdır ki, sonradan Adamsın işi üzrə (aşağıda 63-cü bəndə bax) Ali Məhkəmənin çıxardığı qərarda lord Houpun (Hope) izah etdiyi kimi, lord Binqemin verdiyi şərhlər həmin ifadəyə aid deyildi, həmin vaxt tətbiq edilən könüllü ödəniş (ex gratia) sistemi kontekstində "səhvən məhkum edilmə" ifadəsinə aid idi.
57. Lord Binqem qeyd etdi ki, 133-cü maddə MSHBP-nin 14-cü maddəsinin 6-cı bəndindən irəli gələn öhdəliyin icrası üçün qəbul edilib və bildirdi ki, bu sonuncu maddə müttəhimlərin məhkəmə araşdırmasının ədalətli keçirilməsinə yönəlib; həmin maddə məhkəmə araşdırmasının ədalətsiz keçirilməsi ilə nəticələnməyən icra hakimiyyətindən sui-istifadə edilməsi halları ilə əlaqəli deyil. O, fikrini davam etdirərək bildirdi ki:
"8. ... Cənab Mullenin barəsindəki ittiham hökmünü ləğv edərkən Apellyasiya Məhkəməsi (Cinayət işləri üzrə bölmə) onun yaxalanmasına və oğurlanmasına səbəb olmuş icra hakimiyyətindən sui-istifadə edilməsi halını pislədi, bu, faktiki olaraq onun ələ keçirilməsinin yeganə yolu idi. Amma məhkəmə araşdırmasında bu məhkəmə bununla bağlı pozuntu müəyyən etmədi. Nazir məhkəmə prosesinin aparılmasındakı nöqsanlara görə 133-cü maddə və 14-cü maddənin 6-cı bəndi əsasında kompensasiya ödənilməsini təmin etməyə borcludur. Bu məhdud çərçivəli əsasları nəzərə alaraq mən hesab edirəm ki, bu işdə o, 133-cü maddə əsasında kompensasiya ödənilməsini təmin etməyə borclu deyil".
58. O, nazirin bu arqumentini qəbul etməyə tərəddüdlə yanaşdı ki, MSHBP-nin 14-cü maddənin 6-cı bəndinin müddəalarını əks etdirən 133-cü maddə nazirin üzərinə yalnız o halda kompensasiya ödənişini təmin etmək vəzifəsi qoyur ki, qanunvericilikdə nəzərdə tutulmuş şərtlərlə yekun qərar əsasında bəraət almış müttəhimin məhkum edildiyi cinayət əməlində təqsirsizliyi əsaslı şübhə yeri qalmadan sübuta yetirilmiş olsun. Lakin heç bir kompensasiyanın ödənilməli olmadığı barədə onun gəldiyi nəticə nəzərə alınarsa, bu məsələ barəsində qərar verməyə ehtiyac yoxdur.
59. Lord Steyn qeyd etdi ki, Konvensiyanın 7 saylı Protokolunun 3-cü maddəsinin mətni kimi 133-cü maddənin mətni üçün də nümunə qismində 14-cü maddənin 6-cı bəndi götürülüb. O, ərizəçilərin birinci instansiya məhkəməsində bəraət aldıqları işlərlə bağlı kompensasiya icraatı ilə əlaqədar olaraq 6-cı maddənin 2-ci bəndinin pozuntusunu müəyyən etmiş Avropa Məhkəməsinin bir neçə qərarını nəzərdən keçirərək bu nəticəyə gəldi ki:
"41. ... Bu qərarların hazırda araşdırılan məsələyə aidiyyəti yoxdur. Bu işlərdə 6-cı maddənin 2-ci bəndi ilə 7 saylı Protokolun 3-cü maddəsi arasındakı qarşılıqlı əlaqə araşdırılmayıb. Səbəb ondan ibarətdir ki, Avstriya qanunvericiliyində 7 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulandan daha geniş kompensasiya hüququ nəzərdə tutulub".
60. Avropa Məhkəməsinin hüquq praktikasının 133-cü maddənin şərhinə yardımçı olmayacağı qənaətinə gələrək, lord Steyn bilavasitə 14-cü maddənin 6-cı bəndinin müddəalarının şərhinə keçdi. O, qeyd etdi ki, müttəhimin səhvən məhkum edildiyi və apellyasiya şikayətindən sonra barəsindəki ittiham hökmünün ümumi müddət çərçivəsində ləğv olunduğu halda onun kompensasiya hüququ yaranmır. O, daha sonra qeyd etdi ki, yeni fakt və ya yeni aşkarlanmış hal yoxdursa və sadəcə olaraq apellyasiya şikayətinin öncə rədd edilməsinin yanlış olduğu etiraf edilibsə, o halda iş 14-cü maddənin 6-cı bəndinin tətbiq dairəsindən kənardır. Buna görə də o, bu nəticəyə gəldi ki, səhvən məhkum edilmiş bütün şəxslərə kompensasiya ödənilməsindən ibarət ümumi məqsəd mövcud deyil və 14-cü maddənin 6-cı bəndində nəzərdə tutulmuş təməl hüquq, şübhəsiz ki, məhdud halları əhatə edir. O, fikrini davam etdirərək bildirdi ki:
"46. Yeni faktın və ya yeni aşkarlanmış halın "məhkəmə səhvinin baş verdiyini" qəti şəkildə (və ya 133-cü maddənin ifadəsi ilə desək, əsaslı şübhə yeri qalmadan) sübuta yetirməsi tələbi önəmlidir. Bu tələb yalnız səhvən məhkum edilmənin baş verdiyi işləri ayıraraq kənarlaşdırır. Eynilə, o, səhvən məhkum edilmənin baş verdiyinə dair yalnız ehtimalını olduğu işləri də kənarlaşdırır. Müddət ötürüldükdən sonra apellyasiya şikayəti verilməsinə icazə verildiyi işlərin böyük əksəriyyəti bu iki kateqoriyaya daxildir... Mən bu mülahizələri "məhkəmə səhvi" anlayışının cənab Mullenin maraqları naminə irəli sürülmüş genişləndirilmiş şərhinin əleyhinə dəlalət edən mülahizələr hesab edirəm. Onlar həmçinin genişləndirilmiş şərhin inandırıcı olmadığını göstərir: bu şərh "məhkəmə səhvinin baş verdiyini qəti şəkildə" göstərən sübutların qüvvəsinə xələl gətirir. Digər kontekstlərdə "məhkəmə səhvi" anlayışının dar və ya geniş məna daşıya biləcəyini qəbul etsək də, təqsirsizliyin sübuta yetirildiyi işdən fərqli olaraq bu işə aidiyyəti olan kontekstdə yalnız dar çərçivəli şərh mümkündür".
61. Beləliklə, o, bu qənaətə gəldi ki:
"56. ... "məhkəmə səhvi" anlayışının müstəqil mənası, [7 saylı Protokola] əlavə olunmuş izahedici qeydlərdə göstərildiyi kimi, yalnız "məhkəmə səhvinin açıq-aydın müəyyən edildiyi hallara, yəni müvafiq şəxsin açıq-aydın təqsirsiz olduğunun qəbul edildiyi" hallara şamil olunur. Bu, 1988-ci il tarixli Qanunun 133-cü maddəsini qəbul edərkən parlamentin qəbul etmiş olduğu beynəlxalq anlayışdır".
62. Cənab Mullen ittiham edildiyi əməldə təqsirsiz olmadığına görə 133-cü maddə əsasında kompensasiya almaq hüququna malik deyildi.
b) Ərizəçinin kompensasiya işinin icraatından sonra
63. R (Adams) Ədliyyə Nazirinə qarşı işdə ([2011] UKSC 18) doqquz hakimdən ibarət tərkibdə işə baxan Ali Məhkəmədən xahiş edilmişdi ki, 1988-ci il tarixli Qanunun 133-cü maddəsindəki "məhkəmə səhvi" anlayışının mənasını yenidən nəzərdən keçirsin. Hakimlər bu terminin düzgün şərhinə dair fərqli rəylər ifadə etdilər.
III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ MATERİALLARI VƏ PRAKTİKASI
A. Mülki və siyasi hüquqlar haqqında 1966-cı il tarixli Beynəlxalq Pakt
64. MSHBP-nin 14-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki:
"Cinayət törətməkdə ittiham olunan hər kəs təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilmək hüququna malikdir".
65. 14-cü maddənin 6-cı bəndində nəzərdə tutulur ki:
"Şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və yeni faktın və ya yeni aşkarlanmış halın qəti olaraq məhkəmə səhvi baş verdiyini göstərməsi əsasında sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, əfv edildikdə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əgər əvvəllər məlum olmayan faktın vaxtında aşkarlanmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna uyğun olaraq kompensasiya alır".
66. BMT-nin İnsan Hüquqları Komitəsi MSHBP-nin müvafiq maddələrinin tətbiqi məsələsini nəzərən keçirib. Bəraət hökmündən sonra kompensasiya verilməsindən imtina edilməsi nəticəsində 14-cü maddənin 2-ci və 6-cı bəndlərinin pozulduğunu iddia edildiyi W.J.H. Niderlanda qarşı işdə (Məlumat № 408/1990, [1992] UNHRC 25) Komitə qeyd etdi ki, 14-cü maddənin 2-ci bəndi yalnız cinayət işləri üzrə icraatlara tətbiq edilir, kompensasiya icraatlarına isə tətbiq edilmir. O, həmçinin bu qənaətə gəldi ki, həmin iş 14-cü maddənin 6-cı bəndinin şərtlərinə cavab vermir.
67. 23 avqust 2007-ci ildə dərc olunmuş 14-cü maddəyə dair 32 saylı ümumi şərhində BMT-nin İnsan Hüquqları Komitəsi təqsirsizlik prezumpsiyası ilə əlaqədar bildirdi ki:
"30. 14-cü maddənin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilmək hüququna malikdir. İnsan hüquqlarının müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edən təqsirsizlik prezumpsiyası ittiham tərəfinin üzərinə ittihamı sübut etmək vəzifəsini qoyur, ittiham əsaslı şübhə yeri qalmadan sübuta yetirilməyənə qədər şəxsin təqsirkar sayılmamasını təmin edir, təqsirliliklə əlaqədar şübhənin təqsirləndirilən şəxsin xeyrinə həll olunmasını təmin edir və cinayət əməlində təqsirləndirilən şəxs ilə təqsirsizlik prezumpsiyasına uyğun surətdə davranılmasını tələb edir. Məhkəmə araşdırmasının nəticəsini qabaqlayan fikir yürütməkdən, məsələn, təqsirləndirilən şəxsin təqsirkar olduğunu təsdiq edən açıqlamalar verməkdən çəkinmək bütün dövlət orqanlarının vəzifəsidir. Adətən məhkəmə iclaslarında müttəhimlər qandallı halda və ya dəmir barmaqlıqlar arxasında saxlanılmamalı, yaxud onların təhlükəli cinayətkar olduğunu göstərən hər hansı digər tərzdə məhkəmə qarşısına çıxarılmamalıdırlar. Kütləvi informasiya vasitələri xəbərləri təqsirsizlik prezumpsiyasına xələl gətirən tərzdə işıqlandırmaqdan çəkinməlidirlər. Bundan başqa, məhkəməyəqədər həbsin müddəti heç bir halda təqsiri və onun dərəcəsini göstərən əlamət sayılmamalıdır. Təminat müqabilində şəxsi azadlığa buraxmaqdan imtina etmə və ya mülki proseslərdə məsuliyyətin müəyyən edilməsi təqsirsizlik prezumpsiyasına təsir göstərmir" (mətnaltı qeydlər buraxılıb).
68. Məhkəmə səhvinə görə kompensasiya hüququ ilə əlaqədar olaraq Komitə bu iş üçün əhəmiyyətli olan aşağıdakı fikirləri bildirdi:
"53. Mühüm faktın vaxtında açıqlanmamasının bütünlüklə və ya qismən təqsirləndirilən şəxsin günahı ucbatından baş verdiyi sübut edilibsə, o halda təqsirsizlik prezumpsiyası tətbiq edilmir; belə halları sübut etmək vəzifəsi dövlətin üzərinə düşür. Bundan başqa, ittiham hökmü apellyasiya şikayətindən sonra, yəni həmin hökmün qüvvəyə minməsindən əvvəl ləğv olunubsa, yaxud şəxs məhkəmə səhvinin baş vermədiyini nəzərdə tutan, humanist və ya diskresion xarakter daşıyan və ya ədalət prinsipi mülahizələrindən irəli gələn əfv aktı ilə bağışlanıbsa, heç bir kompensasiya təyin edilmir".
B. Konvensiyanın 7 saylı Protokolunun 3-cü maddəsi
69. 7 saylı Protokolun 3-cü maddəsində deyilir:
"Şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və yeni faktın və ya yeni aşkarlanmış halın qəti olaraq məhkəmə səhvi baş verdiyini göstərməsi əsasında sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, əfv edildikdə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əgər əvvəllər məlum olmayan faktın vaxtında aşkarlanmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafiq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır".
70. Birləşmiş Krallıq 7 saylı Protokolu nə imzalayıb, nə də ona qoşulub.
71. İnsan hüquqları üzrə rəhbər komitə 7 saylı Protokola dair izahedici qeydlər hazırladı və Avropa Şurasının Nazirlər Komitəsinə təqdim etdi. Qeydlərin mətninin başlanğıcında izah edilir ki, onlar:
"... Protokolun mətninin mötəbər şərhini verən sənəd təşkil etmir, amma öz xarakterinə görə orada yer alan müddəaların başa düşülməsini asanlaşdıra bilər".
72. 7 saylı Protokolun 3-cü maddəsi ilə əlaqədar olaraq qeydlərdə digər məsələlərlə yanaşı bildirilir ki:
"23. İkincisi, bu maddə yalnız şəxsin hökmünün ləğv olunduğu və ya onun əfv edildiyi hallarda tətbiq edilir və hər iki halda onun tətbiqi yeni faktın və ya yeni aşkarlanmış halın məhkəmə səhvinin baş verdiyini qəti şəkildə göstərməsinə, yəni məhkəmə prosesində məhkum olunmuş şəxsin ciddi zərər çəkməsini özündə ehtiva edən hansısa ciddi bir nöqsanın baş verməsinə əsaslanır. Buna görə də, hər hansı digər səbəbdən ittiham hökmü ləğv edildikdə və ya şəxsə əfv aktı tətbiq edildikdə bu maddəyə əsasən kompensasiya ödənişi tələb olunmur...
...
25. Bu ilkin şərtlərə uyğun gələn bütün hallarda "qanuna və ya müvafiq dövlətin mövcud təcrübəsinə uyğun olaraq" kompensasiya ödənilir. Bu o demək deyil ki, qanunda və ya mövcud təcrübədə kompensasiyaya dair norma yoxdursa, kompensasiya ödənilməməlidir. Bu o deməkdir ki, bu maddənin tətbiq edildiyi bütün hallar üçün qanunda və ya dövlətin mövcud təcrübəsində kompensasiya ödənişi nəzərdə tutulmalıdır. Burada məqsəd ondan ibarətdir ki, açıq-aydın məhkəmə səhvinin baş verdiyi, yəni müvafiq şəxsin açıq-aydın təqsirsiz olduğu hallarda dövlətlərin üzərinə kompensasiya ödəmək öhdəliyi qoyulsun. Bu maddə işin bütün şərtlərə uyğun gəlmədiyi hallarda, məsələn, apellyasiya məhkəməsi təqsirləndirilən şəxsin təqsirliliyi məsələsi ilə bağlı əsaslı şübhə yaradan, birinci instansiya hakiminin diqqətindən yayınmış olan müəyyən faktı aşkar etdiyinə görə ittiham hökmünü ləğv etdiyi halda kompensasiya hüququnu nəzərdə tutmaq məqsədini daşımır".
C. Üzv dövlətlərdə işə xitam verildikdən və ya bəraət hökmü çıxarıldıqdan sonra kompensasiya icraatlarına dair qanunvericilik və praktika
73. Məhkəmənin sərəncamında olan məlumatlara əsasən, tədqiq edilmiş otuz altı üzv dövlətdə işə xitam verildikdən və ya bəraət hökmü çıxarıldıqdan sonra kompensasiya icraatlarına dair qanunvericilik və praktika sahəsində vahid yanaşma yoxdur. Bəzi dövlətlərdə müxtəlif növ kompensasiyaları əhatə edən birdən artıq sistem tətbiq edilir.
74. Kompensasiya tələbi üçün prosedurlar tədqiq edilmiş dövlətlərdə əhəmiyyətli dərəcədə fərqlənir. On dövlətdə kompensasiya icraatları, belə görünür ki, birbaşa cinayət prosesləri ilə əlaqədardır və bu zaman cinayət işi üzrə şikayətə baxan məhkəmə ilkin məhkəmə icraatında bəraət hökmü çıxarıldığı təqdirdə kompensasiya tələbini qiymətləndirmək səlahiyyətinə (Almaniya, Rusiya və Ukrayna), yaxud da işin icraatı təzələndikdən sonra ittiham hökmünü ləğv etmək səlahiyyətinə (Belçika, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Lüksemburq, Monako və İsveçrə) malikdir.
75. Otuz dövlətdə tətbiq edilən kompensasiya icraatları cinayət proseslərindən asılı olmayaraq müstəqildir (Albaniya, Avstriya, Bosniya and Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Macarıstan, İrlandiya, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Norveç, Polşa, Rumıniya, Rusiya, Serbiya, İspaniya, Slovakiya, Sloveniya, İsveç, keçmiş Yuqoslaviya respublikası Makedoniya, Türkiyə və Ukrayna). Bu dövlətlərdə kompensasiya tələbi inzibati qaydada nazirlərə və ya vəzifəli şəxslərə (Avstriya, Bosniya and Herseqovina, Xorvatiya, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, İrlandiya, Lüksemburq, Monako, Monteneqro, Serbiya, Slovakiya, Sloveniya, İspaniya və keçmiş Yuqoslaviya respublikası Makedoniyada); mülki və ya inzibati məhkəmələrə (Albaniya, Bolqarıstan, Fransa, Macarıstan, Litva, Moldova, Norveç, Rumıniya, Rusiya, İsveç və Ukraynada); yaxud cinayət işləri üzrə məhkəmələrə təqdim edilə bilər (Polşa və Türkiyədə) və sonuncu halda kompensasiya işinə baxan hakimlər ilkin cinayət işinə baxmış hakimlər deyil, başqa hakimlər olmalıdır. Tədqiq edilmiş üzv dövlətlərin demək olar hamısında kompensasiya tələbinin irəli sürülməsini cinayət prosesinin yekunlaşdığı vaxtla əlaqələndirən müddətlər nəzərdə tutulub. İrlandiya və Malta istisna təşkil edir.
76. Tədqiq edilmiş üzv dövlətlərin böyük əksəriyyətində Birləşmiş Krallıqdakından daha çox məbləğlər nəzərdə tutan kompensasiya sistemləri qüvvədədir. Tədqiq edilmiş üzv dövlətlərin çoxunda mahiyyət etibarı ilə kompensasiya şəxsin təqsirsiz olduğunun müəyyən edilməsindən, ittiham hökmünün ləğv olunmasından və ya işə xitam verilməsindən sonra avtomatik olaraq təyin olunur (məsələn, Bolqarıstan, Xorvatiya, Çexiya Respublikası, Danimarka, Finlandiya, Almaniya, Monteneqro, keçmiş Yuqoslaviya respublikası Makedoniya, Rumıniya, Türkiyə və Ukraynada).
77. İştirakçı dövlətlərin praktikasında kompensasiyaya aid işlərdə "məhkəmə səhvi" anlayışının şərhi ilə əlaqədar nümunələr çox azdır.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 2-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
78. Ərizəçi şikayət etdi ki, bəraət aldıqdan sonra ona kompensasiya təyin olunmasından imtina edilməsi üçün gətirilən əsaslar təqsirsizlik prezumpsiyasını pozub. O, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə istinad etdi, həmin bənddə deyilir:
"Cinayət törətməkdə ittiham olunan hər kəs təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir".
79. Hökumət bu arqumentə etiraz etdi.
A. Şikayətin əhatə dairəsi
80. Ərizəçi razılaşdı ki, kompensasiya ödəməkdən imtina edilməsi özlüyündə 6-cı maddənin 2-ci bəndi üzrə hər hansı məsələ ortaya çıxarmır, belə ki, imtina qərarında onun təqsirliliyi və ya təqsirsizliyi ilə bağlı dövlətin rəyi ilə əlaqədar heç nə nəzərdə tutulmayıb. Onun şikayəti onunla bağlı idi ki, onun işində Yüksək Məhkəmənin və Apellyasiya Məhkəməsinin imtina qərarı onun təqsirsizliyinə şübhə yaradan səbəblərə əsaslanmışdı.
81. Hökumət vurğuladı ki, 6-cı maddənin 2-ci bəndində belə bir müddəa yoxdur ki, sadəcə olaraq şəxs bəraət alması nəticəsində öncə ona qarşı irəli sürülmüş ittihamlarla əlaqədar təqsirsiz hesab edildiyinə görə ümumi kompensasiya hüququna malik olur. 1988-i il tarixli Qanunun 133-cü maddəsindəki sözlərə verilən şərhin çərçivəsi bəraət almış şəxslərin mümkün qədər geniş qrupuna kompensasiya ödənilməsinin faydalı olacağına dair ehtimal əsasında genişləndirilməməlidir.
82. Məhkəmə xatırladır ki, 6-cı maddənin 2-ci bəndi cinayət əməlində ittiham olunan şəxsin məhkəməyəqədər qanuni həbsə alınmasına görə, yaxud sonradan işə xitam verildikdə və ya iş bəraət hökmü ilə başa çatdıqda icraata çəkilmiş xərclərə görə kompensasiya almaq hüququna təminat vermir (bir çox digər qərarlar arasında bax: Enqlert Almaniyaya qarşı, 25 avqust 1987-ci il, 36-cı bənd, A seriyaları, № 123; Sekaninanın işi üzrə yuxarıda qeyd edilən qərar, 25-ci bənd; Kapo Belçikaya qarşı, ərizə № 42914/98, 23-cü bənd, ECHR 2005‑I; Yassar Hüseyn Birləşmiş Krallığa qarşı, ərizə № 8866/04, 20-ci bənd, ECHR 2006‑III; və Tendam İspaniyaya qarşı, 36-cı bənd, 13 iyul 2010-cu il). Eynilə, bu maddə cinayət işi üzrə bəraət almış şəxsin hər hansı növ məhkəmə səhvinə görə kompensasiya almaq hüququna da təminat vermir.
83. Məhkəmənin qarşısında duran sual ondan ibarət deyil ki, kompensasiya təyin olunmasından imtina edilməsi özlüyündə ərizəçinin təqsirsizlik prezumpsiyası hüququnu pozubmu? Bu şikayətə baxarkən Məhkəmənin araşdırması bu sualın cavablandırılmasına yönələcək ki, ərizəçinin işində kompensasiya təyin olunmasından imtina barədə fərdi qərar, o cümlədən həmin qərarı əsaslandırmaq üçün gətirilən səbəblər və işlədilən ifadələr 6-cı maddənin 2-ci bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyasına uyğun idimi?
B. Şikayətin qəbulunun mümkünlüyü məsələsi
1. Tərəflərin arqumentləri
a) Hökumət
84. Hökumətin bildirdiyinə görə, 6-cı maddənin 2-ci bəndi yalnız cinayət əməlində ittiham olunan şəxslərə tətbiq edilir. O, iddia etdi ki, hətta "cinayət prosesi" anlayışının Məhkəmə tərəfindən qəbul edilmiş geniş çərçivəli şərhini nəzərə alsaq belə, hazırkı işdə nəzərdən keçirilən kompensasiya icraatı bu şərhin hüdudlarından kənara çıxır.
85. Birincisi, Hökumət iddia etdi ki, Məhkəmənin presedent hüququnda heç bir yerdə deyilmir ki, 6-cı maddənin 2-ci bəndi 7 saylı Protokolun 3-cü maddəsində yer alan meyarlar əsasında kompensasiya hüququnun qiymətləndirilməsi hallarına tətbiq edilir. O, bildirdi ki, yuxarıda qeyd edilən Sekaninanın işi üzrə qərarın 25-ci bəndində Məhkəmə müəyyən edib ki, 6-cı maddənin 2-ci bəndi bu cür məhkəmə icraatlarına tətbiq edilmir. O, iddia etdi ki, belə yanaşma W.J.H. Niderlanda qarşı işdə BMT-nin İnsan Hüquqları Komitəsinin qəbul etdiyi yanaşmaya uyğundur (yuxarıda 66-cı bəndə bax). Şəxsin kompensasiya hüququ olmadığına görə ona kompensasiya təyin etməkdən imtina qərarı 6-cı maddənin 2-ci bəndinə zidd ola bilməzdi; başqa cür qərar qəbul etmək MSHBP-nin 14-cü maddəsinin 6-cı bəndində və 7 saylı Protokolun 3-cü maddəsində yer alan meyarları və məhdudiyyətləri mənasız edərdi.
86. İkincisi, Hökumət 6-cı maddənin 2-ci bəndinin müəyyən növ kompensasiya icraatlarına tətbiq edildiyi barədə gəlinən nəticəni qəbul etsə də, qeyd etdi ki, bu, yalnız öncə keçirilmiş və kompensasiya tələbinə səbəb olmuş cinayət prosesi ilə əlaqədar olan işlərə aiddir. Bu işdə isə, əksinə, kompensasiya məsələsinə dair qərar cinayət işi üzrə ittiham hökmünün ləğv edilməsi barədə qərarla əlaqəli deyildi və ayrıca qərar idi, çünki həmin qərar adətən məhkəmə hakimiyyəti tərəfindən deyil, icra hakimiyyəti tərəfindən qəbul edilirdi; o, məhkəmə prosesinin nəticəsində deyil, inzibati prosesin nəticəsində qəbul edilirdi; həmin qərar məhkəmə araşdırmasında nəzərdən keçirilməyən fərqli sübutlara əsaslana bilərdi; o, zaman aspekti baxımından işin mahiyyəti üzrə qərardan fərqlənirdi, belə ki, belə ki, kompensasiya üçün ərizə ittiham hökmünün ləğvindən sonra iki il ərzində verilə bilərdi; və həmin qərar konfidensial qaydada qəbul olunur və ərizəçiyə konfidensial qaydada təqdim edilirdi. 1988-ci il tarixli Qanunun 133-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə səhvinin qəti şəkildə sübuta yetirilib-yetirilmədiyinin qiymətləndirilməsinə birinci növbədə ittiham hökmünün çıxarılmasına səbəb olmuş dəlillərin müəyyən dərəcədə qiymətləndirilməsi daxil idi, bu proses isə təqsirsizlik prezumpsiyasının hər hansı pozuntusunu özündə ehtiva etmirdi və bəraət hökmünə xələl gətirmirdi.
87. Buna görə də Hökumət Məhkəməni 1988-ci il tarixli Qanunun 133-cü maddəsi əsasında qəbul edilən qərarlarda təqsirsizlik prezumpsiyası məsələsinə ümumiyyətlə toxunulmadığı qənaətinə gəlməyə və bunun nəticəsində ərizəni qəbul olunmayan elan etməyə dəvət etdi.
b) Ərizəçi
88. Ərizəçi vurğuladı ki, bu Məhkəmə tərəfindən çıxarılmış çoxsaylı qərarlarda bu nəticəyə gəlinib ki, 6-cı maddənin 2-ci bəndi şəxsin bəraət almasından sonra onun kompensasiya hüququ məsələsinin qiymətləndirilməsinə tətbiq edilir (o, digər qərarlarla yanaşı aşağıdakılara istinad etdi: Ruşiti və Hammernin işləri üzrə yuxarıda istinad edilən qərarlar; Puiq Panelya İspaniyaya qarşı, ərizə № 1483/02, 25 aprel 2006-cı il). Məhkəmə mülki kompensasiya işləri üzrə bəzi icraatlara 6-cı maddənin 2-ci bəndinin tətbiq edilmədiyi qənaətinə gəlsə də, ərizəçi vurğuladı ki, həmin işlərdə məhkəmələrin mülki məsuliyyət məsələsini qiymətləndirmələri tələb olunurdu; halbuki 133-cü maddə şəxsin bəraət hökmünün əsasını təşkil edən səbəbin və həmin bəraət hökmündə cinayət məsuliyyəti barədə deyilənlərin qiymətləndirilməsini tələb edir. Bundan başqa, mülki prosesdə üçüncü şəxslərin hüquqları ilə əlaqədar balanslaşdırma tələb olunduğu halda, bu işdə bu cür balanslaşdırma tələb olunmur, çünki kompensasiya ödənişinə görə məsuliyyət daşıyan dövlətdir. İstənilən halda, Məhkəmə hətta şəxsin təqsirsizliyi məsələsinin sual altına alınması ilə nəticələnmiş məhkəmə işlərində də 6-cı maddənin 2-ci bəndinin mülki kompensasiya işləri üzrə icraatlara tətbiq edildiyi qənaətinə gəlib (ərizəçi bu işə istinad etdi: Orr Norveçə qarşı, ərizə № 31283/04, 15 may 2008-ci il).
89. Ərizəçi bu arqumenti sual altına aldı ki, 6-cı maddənin 2-ci bəndi kompensasiya tələbinin cinayət prosesi ilə sıx əlaqəli olduğu hallara tətbiq edilir. O, Şikiç Xorvatiyaya qarşı (ərizə № 9143/08, 47-ci bənd, 15 iyul 2000-ci il) və Vanyak Xorvatiyaya qarşı (ərizə № 29889/04, 41-ci bənd, 14 yanvar 2010-cu il) işlərə istinad edərək bildirdi ki, cinayət prosesinə xitam verildikdə onunla əlaqədar olan "istənilən xarakterli hər hansı digər proseslərdə" təqsirsizlik prezumpsiyası qüvvəsini saxlayır. O, bildirdi ki, bu sözlər xüsusən bəraət hökmünün çıxarıldığı işlərə aiddir, həmin işlərdə 6-cı maddənin 2-ci bəndinin təmin etdiyi müdafiə daha güclü xarakter daşıyır.
90. İstənilən halda, ərizəçi iddia etdi ki, 133-cü maddə əsasında kompensasiya təyin edilməsi ittiham hökmünün ləğvi ilə nəticələnmiş cinayət prosesi ilə açıq-aydın sıx surətdə əlaqəli idi. 133-cü maddənin mətnindən və Ali Məhkəmənin R-in (Adamsın) işi üzrə qərarından (yuxarıda 63-cü bəndə bax) aydın görünürdü ki, kompensasiya icraatlarında əsas məsələni ittiham hökmünün ləğv edilməsinin konkret səbəbi təşkil edirdi və kompensasiya məsələsinə dair qərarın qəbulu qərarverici orqandan tələb edirdi ki, ittiham hökmünü ləğv etmiş Apellyasiya Məhkəməsinin qərarını araşdırsın. R-in (Adamsın) işində göstərilən əsaslara görə kompensasiya təyin etməkdən imtina edilməsi belə bir sual doğurdu ki, dövlət kompensasiya tələb edən şəxsin həqiqətən təqsirsiz olduğunu qəbul edibmi? Təkcə elə bu fakt 6-cı maddənin 2-ci bəndinin bu işə tətbiq edilməli olduğu qənaətinə gəlmək üçün özlüyündə kifayət idi.
91. Nəhayət, ərizəçi iddia etdi ki, 6-cı maddənin 2-ci bəndinin MSHBP-nin 14-cü maddəsinin 6-cı bəndi və 7 saylı Protokolun 3-cü maddəsi əsasında bərqərar edilmiş kompensasiya sistemlərinə tətbiq edilməməsi, amma bəraət hökmündən sonrakı bütün digər kompensasiya sistemlərinə tətbiq edilməsi düzgün olmazdı. Bu cür fərqin qoyulması üçün heç bir məntiqi əsas yox idi.
2. Məhkəmənin qiymətləndirməsi
a) Ümumi prinsiplər
i) Giriş
92. İnsan hüquqlarının müdafiəsi üçün sənəd olan Konvensiyanın predmeti və məqsədi onun müddəalarının elə şərh və tətbiq edilməsini tələb edir ki, orada yer alan təminatlar praktiki və səmərəli olsun (digər qərarlarla yanaşı bax: Sörinq Birləşmiş Krallığa qarşı, 7 iyul 1989-cu il, 87-ci bənd, A seriyaları, № 161; Əl-Skeini və başqaları Birləşmiş Krallığa qarşı [BP], ərizə № 55721/07, 162-ci bənd, ECHR 2011). Məhkəmə aydın şəkildə bildirib ki, bu mülahizə 6-cı maddənin 2-ci bəndində təsbit olunmuş hüquqa da aiddir (misal üçün bax: Allene de Ribemon Fransaya qarşı, 10 fevral 1995-ci il, 35-ci bənd, A seriyaları, № 308; və Kaponun işi üzrə yuxarıda qeyd edilən qərar, 21-ci bənd).
93. 6-cı maddənin 2-ci bəndi şəxsin "təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilmək" hüququnu təmin edir. Cinayət işi üzrə məhkəmə araşdırması kontekstində prosessual təminat sayılan təqsirsizlik prezumpsiyası digər məsələlərlə yanaşı sübutetmə yükü ilə (bax: Barbera, Messege və Xabardo İspaniyaya qarşı, 6 dekabr 1988-ci il, 77-ci bənd, A seriyaları, № 146; və Telfner Avstriyaya qarşı, ərizə № 33501/96, 15-ci bənd, 20 mart 2001-ci il); faktlara və hüquqi məsələlərə dair ehtimallarla (bax: Salabiaku Fransaya qarşı, 7 oktyabr 1988-ci il, 28-ci bənd, A seriyaları, № 141-A; və "Radio France" və başqaları Fransaya qarşı, ərizə № 53984/00, 24-cü bənd, ECHR 2004‑II); öz əleyhinə ifadə verməmək hüququ ilə (bax: Saunders Birləşmiş Krallığa qarşı, 17 dekabr 1996-cı il, 68-ci bənd, Reports of Judgments and Decisions 1996‑VI; və Heyni və Makginnes İrlandiyaya qarşı, ərizə № 34720/97, 40-cı bənd, ECHR 2000‑XII); məhkəməyəqədər istintaq məlumatlarının açıqlanması məsələsi ilə (bax: Akay Türkiyəyə qarşı (qərardad), ərizə № 34501/97, 19 fevral 2002-ci il; və G.C.P. Rumıniyaya qarşı, ərizə № 20899/03, 46-cı bənd, 20 dekabr 2011-ci il); və işə baxan məhkəmə və ya digər vəzifəli şəxslər tərəfindən müttəhimin təqsirliliyi ilə bağlı vaxtından əvvəl açıqlamalar verilməsi ilə (bax: Allene de Ribemonun işi üzrə yuxarıda qeyd edilən qərar, 35-36-cı bəndlər; və Neştyak Slovakiyaya qarşı, ərizə № 65559/01, 88-ci bənd, 27 fevral 2007-ci il) əlaqədar tələblər irəli sürür.
94. Lakin 6-cı maddənin 2-ci bəndi ilə təmin edilən hüququn praktiki və səmərəli olmasını təmin etmək zərurətinə uyğun olaraq təqsirsizlik prezumpsiyasının digər bir aspekti də var. Bu ikinci aspektin ümumi məqsədi cinayət ittihamı üzrə bəraət almış və ya barələrindəki cinayət işinə xitam verilmiş şəxsləri vəzifəli şəxslərin və dövlət orqanlarının onlarla sanki ittiham edildikləri cinayətlərdə faktiki təqsirkar olan şəxslər kimi davranmalarından müdafiə etməkdir. Belə hallarda cinayət işində ədalətsiz məhkum edilmənin qarşısını almaq üçün məhkəmə araşdırmasında nəzərdə tutulan prosessual təminatlardan doğan müxtəlif tələblər vasitəsilə təqsirsizlik prezumpsiyası prinsipi tətbiq edilir. 6-cı maddənin 2-ci bəndi bəraət hökmünə və ya işə xitam verilməsi barədə qərara hər hansı digər icraatlarda hörmətlə yanaşılmasını təmin etməklə təqsirsizlik prezumpsiyasını qorumasaydı, onun müddəaları nəzəri və xəyali olaraq qalardı. Cinayət prosesi başa çatdıqdan sonra önəmli olan məsələ şəxsin nüfuzu və ictimaiyyətin ona qarşı münasibətidir. Bu baxımdan 6-cı maddənin 2-ci bəndinin təmin etdiyi müdafiə 8-ci maddənin təmin etdiyi müdafiə ilə müəyyən dərəcədə üst-üstə düşə bilər (misal üçün bax: Zollman Birləşmiş Krallığa qarşı (qərardad), ərizə № 62902/00, ECHR 2003-XII; və Taliadoru və Stilyanu Kiprə qarşı, , ərizələr № 39627/05 və 39631/05, 27 və 56-59-cu bəndlər, 16 oktyabr 2008-ci il).
ii) 6-cı maddənin 2-ci bəndinin bu işə tətbiqinin mümkünlüyü məsələsi
95. Bu maddənin mətnində aydın şəkildə ifadə edildiyi kimi, 6-cı maddənin 2-ci bəndi şəxs "cinayət törətməkdə ittiham olunduğu" hallarda tətbiq edilir. Məhkəmə dəfələrlə vurğulayıb ki, bu, müstəqil anlayışdır və presedent hüququnda bərqərar olmuş üç meyara, yəni icraatların daxili qanunvericilikdəki təsnifatına, onların həqiqi mahiyyətinə və potensial cəzanın ağırlıq dərəcəsinə uyğun olaraq şərh edilməlidir ("cinayət ittihamı" anlayışı ilə əlaqədar olaraq bir çox digər qərarlar arasında bax: Engel və başqaları Niderlanda qarşı, 8 iyun 1976-cı il, 82-ci bənd, A seriyaları, № 22; və Fillips Birləşmiş Krallığa qarşı, ərizə № 41087/98, 31-ci bənd, ECHR 2001‑VII). Məhkəmə icraatı kontekstində meydana çıxan hər hansı şikayəti 6-cı maddənin 2-ci bəndi əsasında qiymətləndirmək üçün hər şeydən əvvəl bunu aydınlaşdırmaq lazımdır ki, etiraz edilən icraat Məhkəmənin presedent hüququnda nəzərdə tutulan mənada cinayət ittihamının müəyyən edilməsini özündə ehtiva edibmi?
96. Lakin aydın məsələdir ki, 6-cı maddənin 2-ci bəndinin təmin etdiyi müdafiənin ikinci aspektindən söhbət getdiyi hallarda (bu aspekt cinayət prosesinə xitam verildikdən sonra meydana çıxır) yuxarıdakı meyarların tətbiqi məqsədəuyğun olmur. Belə hallarda cinayət prosesi zərurət yarandıqda yekunlaşmış olur və sonrakı məhkəmə icraatı Konvensiyada nəzərdə tutulan müstəqil anlamda yeni cinayət ittihamının irəli sürülməsinə səbəb olmursa, o zaman 6-cı maddənin 2-ci bəndi tətbiq edildiyi təqdirdə fərqli əsaslara görə tətbiq edilməlidir.
97. Tərəflər hesab etmədilər ki, ərizəçinin başladığı kompensasiya icraatı Konvensiyada nəzərdə tutulan müstəqil anlamda "cinayət ittihamı" məsələsini doğurub. Buna görə də hazırkı işdə söhbət 6-cı maddənin 2-ci bəndinin təmin etdiyi müdafiənin ikinci aspektinin tətbiqindən gedir və müvafiq olaraq, Məhkəmə bu cür işlərdə 6-cı maddənin 2-ci bəndinin sonrakı məhkəmə icraatlarına tətbiqinin mümkünlüyü məsələsinə öz yanaşmasının nədən ibarət olduğunu araşdıracaq.
98. İş üzrə məhkəmə icraatı ya işə xitam verilməsi ilə, ya da bəraət hökmünün çıxarılması ilə başa çatdıqdan sonra qəbul edilmiş məhkəmə qərarlarına 6-cı maddənin 2-ci bəndinin tətbiqi məsələsini Məhkəmə əvvəllər də araşdırmalı olub və həmin icraatlar digər məsələlərlə yanaşı aşağıdakılarla əlaqədar olub:
a) keçmiş təqsirləndirilən şəxs tərəfindən məhkəmə xərclərinin və cinayət təqibinin məsrəflərinin ödənilməsi öhdəliyi (bax: Minelli İsveçrəyə qarşı, 25 mart 1983-cü il, 30-32-ci bəndlər, A seriyaları, № 62; və Makhuqo İsveçrəyə qarşı (qərardad), ərizə № 55705/00, 12 may 2005-ci il);
b) keçmiş təqsirləndirilən şəxsin məhkəməyəqədər həbsə və ya cinayət prosesinin ona yaratdığı digər narahatlıqlara görə kompensasiya tələbi (bax: Enqlertin işi üzrə yuxarıda qeyd edilən qərar, 35-ci bənd; Nölkenbokhoff Almaniyaya qarşı, 25 avqust 1987-ci il, 35-ci bənd, A seriyaları, № 123; Sekaninanın işi üzrə yuxarıda qeyd edilən qərar, 22-ci bənd; Ruşitinin işi üzrə yuxarıda qeyd edilən qərar, 27-ci bənd; Mulaj və Sallahi Avstriyaya qarşı (qərardad), ərizə № 48886/99, 27 iyun 2002-ci il; O.-nun işi üzrə yuxarıda qeyd edilən qərar, 33-38-ci bəndlər; Hammernin işi üzrə yuxarıda qeyd edilən qərar, 41-46-cı bəndlər; Baars Niderlanda qarşı, ərizə № 44320/98, 21-ci bənd, 28 oktyabr 2003-cü il; Kapo Belçikaya qarşı (qərardad), ərizə № 42914/98, 6 aprel 2004-cü il; Del Latte Niderlanda qarşı, ərizə № 44760/98, 30-cu bənd, 9 noyabr 2004-cü il; A.L. Almaniyaya qarşı, ərizə № 72758/01, 31-33-cü bəndlər, 28 aprel 2005-ci il; Puiq Panelyanın işi üzrə yuxarıda qeyd edilən qərar, 50-ci bənd; Tendamın işi üzrə yuxarıda qeyd edilən qərar, 31-ci və 36-cı bəndlər; Bok Niderlanda qarşı, ərizə № 45482/06, 37-48-ci bəndlər, 18 yanvar 2011-ci il; və Lorensetti İtaliyaya qarşı, ərizə № 32075/09, 43-cü bənd, 10 aprel 2012-ci il);
c) keçmiş təqsirləndirilən şəxsin müdafiə ilə bağlı xərclərinin ona geri ödənilməsi tələbi (bax: Luts Almaniyaya qarşı, 25 avqust 1987-ci il, 56-57-ci bəndlər; A seriyaları, № 123; Loytşer Niderlanda qarşı, 26 mart 1996-cı il, 29-cu bənd, Reports 1996‑II; Yassar Hüseynin işi üzrə yuxarıda qeyd edilən qərar, 19-cu bənd; və Eşendon və Cons Birləşmiş Krallığa qarşı, ərizələr № 35730/07 və 4285/08, 42-ci və 49-cu bəndlər, 15 dekabr 2011-ci il);
d) keçmiş təqsirləndirilən şəxsin qanunsuz və ya səhv istintaqın və ya məhkəmə təqibinin vurduğu ziyana görə kompensasiya tələbi (bax: Panteleyenko Ukraynaya qarşı, ərizə № 11901/02, 67-ci bənd, 29 iyun 2006-cı il; və Qrabçuk Ukraynaya qarşı, ərizə № 8599/02, 42-ci bənd, 21 sentyabr 2006-cı il);
e) zərərçəkənə kompensasiya ödəməkdən ibarət mülki hüquqi məsuliyyət tədbirinin müəyyən edilməsi (bax: Rinqvold Norveçə qarşı, ərizə № 34964/97, 36-cı bənd, ECHR 2003‑II; Y. Norveçə qarşı, ərizə № 56568/00, 39-cu bənd, ECHR 2003‑II; Orrun işi üzrə yuxarıda qeyd edilən qərar, 47-49-cu bəndlər; Erkol Türkiyəyə qarşı, ərizə № 50172/06, 33-cü və 37-ci bəndlər, 19 aprel 2011-ci il; Vulax və başqaları Rusiyaya qarşı, ərizə № 33468/03, 32-ci bənd, 10 yanvar 2012-ci il; Dyaçenko Rumıniyaya qarşı, ərizə № 124/04, 55-ci bənd, 7 fevral 2012-ci il; Laqarder Fransaya qarşı, ərizə № 18851/07, 73-cü və 76-cı bəndlər, 12 aprel 2012-ci il; və Konstantin Florea Rumıniyaya qarşı, ərizə № 21534/05, 50-ci və 52-ci bəndlər, 19 iyun 2012-ci il);
f) ərizəçinin sığorta edənlərə qarşı mülki iddia tələblərinin rədd edilməsi (bax: Lundkvist İsveçə qarşı (qərardad), ərizə № 48518/99, ECHR 2003-XI; və Rivz Norveçə qarşı (qərardad), ərizə № 4248/02, 8 iyul 2004-cü il);
g) uşaqla pis rəftar edilməsi ilə bağlı valideynə qarşı cinayət ittihamları üzrə cinayət işi başlmamaq qərara alındıqdan sonra uşaq üzərində qəyyumluq barədə qərarın qüvvədə saxlanılması (bax: O.L. Finlandiyaya qarşı (qərardad), ərizə № 61110/00, 5 iyul 2005-ci il);
h) intizam cəzası və ya işdən azad edilmə məsələləri (bax: Mule Fransaya qarşı (qərardad), ərizə № 27521/04, 13 sentyabr 2007-ci il; Taliadoru və Stilyanunun işi üzrə yuxarıda qeyd edilən qərar, 25-ci bənd; Şikiçin işi üzrə yuxarıda qeyd edilən qərar, 42-47-ci bəndlər; və Çelik (Bozkurt) Türkiyəyə qarşı, ərizə № 34388/05, 34-cü bənd, 12 aprel 2011-ci il); və
i) ərizəçinin sosial mənzil təminatı hüququnun ləğv edilməsi (bax: Vassilios Stavropulos Yunanıstana qarşı, ərizə № 35522/04, 28-32-ci bəndlər, 27 sentyabr 2007-ci il).
99. Bu işlərin çoxunda Məhkəmə 6-cı maddənin 2-ci bəndinin tətbiqinin lehinə qərar çıxarıb. İlkin dövrlərə aid üç işdə cinayət ittihamının müəyyən edilməsi məsələsi araşdırılmadığı halda 6-cı maddənin 2-ci bəndinin nəyə görə bu işlərə tətbiq edildiyini izah edərkən Məhkəmə bildirdi ki, ərizəçilərin məhkəmə xərclərinin əvəzini və ziyanın kompensasiyasını almaq hüququna malik olduğu barədə qərarların çıxarılması cinayət prosesinin yekunlaşmasının "nəticəsi idi və ya zəruri olaraq ondan irəli gəlirdi", yaxud da onun "birbaşa davamı" idi (bax: Enqlertin işi üzrə yuxarıda istinad edilən qərar, 35-ci bənd; Nölkenbokhoffun işi üzrə yuxarıda istinad edilən qərar, 35-ci bənd; və Lutsun işi üzrə yuxarıda istinad edilən qərar, 56-cı bənd). Eynilə, sonrakı dövrlərə aid işlərdə Məhkəmə bu nəticəyə gəldi ki, Avstriyanın qanunvericiliyi və praktikası "iki məsələni (təqsirləndirilən şəxsin cinayət işi üzrə məsuliyyətini və kompensasiya hüququnu) bir-biri ilə o dərəcədə əlaqələndirir ki, ikinci məsələyə dair qərara birinci məsələnin həllinin nəticəsi və ya müəyyən dərəcədə ondan doğan qərar kimi baxmaq olar", bu isə nəticə etibarı ilə 6-cı maddənin 2-ci bəndinin belə hallara tətbiqini mümkün edir (bax: Sekaninanın işi üzrə yuxarıda istinad edilən qərar, 22-ci bənd; Ruşitinin işi üzrə yuxarıda istinad edilən qərar, 27-ci bənd; və Vaykselbraunun işi üzrə yuxarıda istinad edilən qərar, 24-cü bənd).
100. Məhkəmə sonrakı işlərdə bu ideyanı inkişaf etdirərək hesab etdi ki, ərizəçilərin kompensasiya tələbi "nəinki zaman baxımından cinayət prosesindən sonra gəlir, həm də qanunvericilik və praktika baxımından istər yurisdiksiya, istərsə də işin predmeti məsələsində həmin proseslə əlaqədardır" və bununla da Məhkəmə iki növ icraatlar arasında əlaqə müəyyən edərək 6-cı maddənin 2-ci bəndinin onlara tətbiqinin mümkünlüyü qənaətinə gəldi (bax: O.-nun işi üzrə yuxarıda istinad edilən qərar, 38-ci bənd; və Hammernin işi üzrə yuxarıda istinad edilən qərar, 46-cı bənd).
101. Öncə cinayət ittihamında təqsirli bilinmiş ərizəçidən zərərçəkənin kompensasiya tələb etmək hüququna aid işlərdə Məhkəmə bu qənaətə gəlib ki, mülki iddia üzrə kompensasiya ödənişi barədə qərarda cinayət işi üzrə məsuliyyət məsələsi göstərilibsə, bu, iki icraat arasında əlaqə yaradan amildir və beləliklə 6-cı maddənin 2-ci bəndi kompensasiya tələbinə dair məhkəmə qərarının çıxarıldığı icraata tətbiq edilir (bax: Rinqvoldun işi üzrə yuxarıda istinad edilən qərar, 38-ci bənd; və Y.-nin işi üzrə yuxarıda istinad edilən qərar, 42-ci bənd; və Orrun işi üzrə yuxarıda istinad edilən qərar, 49-cu bənd).
102. Son dövrlərdə Məhkəmə belə bir fikir ifadə edib ki, cinayət prosesinə xitam verildikdən sonra təqsirsizlik prezumpsiyası tələb edir ki, istənilən xarakterli hər hansı digər icraatlarda şəxsin məhkumluğunun olmaması qüvvədə qalmalıdır (bax: Vanyakın işi üzrə yuxarıda istinad edilən qərar, 41-ci bənd; və Şikiçin işi üzrə yuxarıda istinad edilən qərar, 47-ci bənd). O, həmçinin qeyd edib ki, istənilən dövlət orqanı birbaşa və ya dolayısı ilə maraqlı tərəfin cinayət məsuliyyəti məsələsinə toxunarkən bəraət hökmünün qərar hissəsinə hörmətlə yanaşmalıdır (bax: Vassilios Stavropulosun işi üzrə yuxarıda istinad edilən qərar, 39-cu bənd; və Tendamın işi üzrə yuxarıda istinad edilən qərar, 37-ci bənd; və Lorensettinin işi üzrə yuxarıda istinad edilən qərar, 46-cı bənd).
iii) Nəticə
103. Hazırkı iş AMCB tərəfindən ərizəçi barəsindəki ittiham hökmünün ləğv edilməsindən və nəticədə onun bəraət almasından sonra aparılmış məhkəmə icraatına təqsirsizlik prezumpsiyasının tətbiqi məsələsi ilə əlaqədardır. Məhkəmə 6-cı maddənin 2-ci bəndinin yuxarıda qeyd edilən məqsədlərini (92-94-cü bəndlərə bax) və öz presedent hüququna yenidən baxılmasından irəli gələn yanaşmanı nəzərə alaraq, bu kontekstdə təqsirsizlik prezumpsiyası prinsipini aşağıdakı kimi ifadə edir: təqsirsizlik prezumpsiyası o deməkdir ki, cinayət ittihamı irəli sürülübsə və cinayət prosesi bəraət hökmü ilə başa çatıbsa, barəsində cinayət prosesi aparılmış şəxs qanunun qarşısında təqsirsiz sayılır və ona qarşı rəftar onun təqsirsizliyinə uyğun olmalıdır. Buna görə də, sözügedən şəxsin sübuta yetirilməmiş hər hansı ittihamla əlaqədar təqsirsizliyinə hörmət edilməsini təmin etmək üçün təqsirsizlik prezumpsiyası cinayət prosesi baş çatdıqdan sonra da qüvvədə qalır. Bu mühüm məsələ belə işlərə 6-cı maddənin 2-ci bəndinin tətbiqi məsələsinə Məhkəmənin yanaşmasının əsasını təşkil edir.
104. Sonrakı icraatın kontekstində 6-cı maddənin 2-ci bəndinin tətbiqi məsələsi meydana çıxdıqda ərizəçi, yuxarıda qeyd edildiyi kimi, yekunlaşmış cinayət prosesi ilə sonrakı icraat arasında əlaqənin mövcudluğunu sübut etməlidir. Belə əlaqə, məsələn, o halda mövcud ola bilər ki, sonrakı icraat çərçivəsində aşağıdakılar tələb olunsun: əvvəlki cinayət prosesinin nəticəsinin araşdırılması; cinayət işinin materiallarındakı sübutların yenidən nəzərdən keçirilməsi və ya qiymətləndirilməsi; cinayət ittihamına səbəb olmuş hadisələrin bəzilərində və ya hamısında ərizəçinin iştirakının qiymətləndirilməsi; yaxud ərizəçinin mümkün təqsirinin mövcud əlamətlərinin şərh edilməsi.
105. 6-cı maddənin 2-ci bəndinin təmin etdiyi hüququn yuxarıda qeyd edilən xarakterini nəzərə alsaq, 1988-ci il tarixli Qanunun 133-cü maddəsinin dövlətin MSHBP-nin 14-cü maddəsinin 6-cı bəndi üzrə öhdəliklərini yerinə yetirməsi üçün qəbul edilməsi faktı və həmin maddənin mətnindəki ifadələrin bu bəndin və 7 saylı Protokolun 3-cü maddəsinin mətnindəkilərlə təxminən eyni olması, Hökumətin iddia etdiyi kimi, barəsində şikayət edilən kompensasiya icraatının 6-cı maddənin 2-ci bəndinin tətbiq dairəsindən kənarda qalması demək deyil. Bu iki maddə cinayət prosesinin tamamilə fərqli aspektlərinə aiddir və belə düşünməyə əsas yoxdur ki, 7 saylı Protokolun 3-cü maddəsi 6-cı maddənin 2-ci bəndində nəzərdə tutulan ümumi təminatların xüsusi situasiyaya şamil edilməsi məqsədini daşıyır (müqayisə üçün əks situasiyaya aid bu qərara bax: Maauia Fransaya qarşı [BP], ərizə № 39652/98, 36-37-ci bəndlər, ECHR 2000‑X). Həqiqətən, 7 saylı Protokolun 7-ci maddəsində aydınlıq gətirilir ki, Protokolun substantiv (maddi-hüquqi) müddəaları Konvensiyanın əlavə maddələri hesab edilir və "Konvensiyanın bütün müddəaları müvafiq olaraq tətbiq olunur". Buna görə də demək olmaz ki, 7 saylı Protokolun 3-cü maddəsinin müddəaları 6-cı maddənin 2-ci bəndinin tətbiqini istisna edən xüsusi norma təşkil edir.
b) Ümumi prinsiplərin bu işin faktlarına tətbiqi
106. Ərizəçi öncə ehtiyatsızlıqdan adamöldürmə cinayətində ittiham olunduğuna görə təqsirsizlik prezumpsiyası ittiham irəli sürüldüyü andan həmin cinayət əməlinə şamil olunurdu. İttiham hökmünün çıxarılması ilə bu prezumpsiyanın qüvvəsinə son qoyulsa da (sonradan ərizəçi həmin hökmə qarşı apellyasiya şikayəti verməmişdi), AMCB-nin qərarı əsasında ərizəçinin bəraət almasından sonra həmin prezumpsiyanın qüvvəsi bərpa olunmuşdu (yuxarıda 45-ci bəndə bax).
107. Buna görə də, apardığı təhlilin bu mərhələsində Məhkəmənin vəzifəsi, yuxarıda qeyd edilən mülahizələri nəzərə almaqla, yekunlaşmış cinayət prosesi ilə kompensasiya icraatı arasında əlaqənin olub-olmadığını araşdırmaqdır (yuxarıda 104-cü bəndə bax). Bununla bağlı Məhkəmə qeyd edir ki, 1988-ci il tarixli Qanunun 133-cü maddəsində nəzərdə tutulan icraatın aparılması üçün əvvəlki ittiham hökmünün ləğv edilməsi tələb olunur. Məhz ittiham hökmünün sonradan ləğv olunması məhkəmə səhvinə görə kompensasiya üçün müraciət etmək hüququnu doğurur. Bundan başqa, iş 133-cü maddədə nəzərdə tutulmuş məcmu meyarlara cavab verirsə, nazirdən və işə məhkəmə nəzarəti qaydasında yenidən baxan məhkəmələrdən tələb olunur ki, AMCB-nin çıxardığı qərarı nəzərdən keçirsinlər. Yalnız həmin qərarı nəzərdən keçirməklə onlar müəyyənləşdirə bilərlər ki, ittiham hökmünün ləğvi (hazırkı işdə onun ləğvi ərizəçinin bəraət alması ilə nəticələnib) yeni dəlilə əsaslanıbmı və həmin hökm məhkəmə səhvinin nəticəsi idimi?
108. Buna görə də Məhkəmə qəbul edir ki, ərizəçi cinayət prosesi ilə sonrakı kompensasiya icraatı arasında zəruri əlaqənin olduğunu sübuta yetirib. Nəticədə ikinci icraatda ərizəçiyə qarşı onun təqsirsizliyinə uyğun tərzdə davranılmasını təmin etmək üçün 6-cı maddənin 2-ci bəndi 1988-ci il tarixli Qanunun 133-cü maddəsində nəzərdə tutulan icraat kontekstində tətbiq edilir. Buna görə də şikayət ərizəsi mahiyyətinə görə (ratione materiae) Konvensiya müddəalarına uyğun olmayan ərizə kimi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndi əsasında rədd edilə bilməz.
109. Həmçinin Məhkəmə hesab etmir ki, şikayət 35-ci maddənin 3-cü bəndinin "a" yarımbəndində nəzərdə tutulan mənada açıq-aydın əsassızdır və ya hər hansı digər əsaslara görə qəbul olunan deyil. Müvafiq olaraq, Məhkəmə şikayətin qəbuledilən olmadığı barədə Hökumətin etirazını rədd edir və şikayəti qəbul olunan elan edir.
C. Şikayətin mahiyyəti
1. Tərəflərin arqumentləri
a) Ərizəçi
110. Ərizəçi iddia etdi ki, onun işində Yüksək Məhkəmə və Apellyasiya Məhkəməsi tərəfindən onun iddia tələbinin rədd edilməsi onun təqsirsizliyinə şübhə yaradan səbəblərə əsaslanıb. O, konkret olaraq, ona "qarşı ciddi dəlillərin" olduğu barədə Yüksək Məhkəmənin rəyini (yuxarıda 31-ci bəndə bax); yeni dəlil "andlılar tərəfindən dinlənilmiş olsaydı", bunun "fərqli nəticəyə gətirib çıxara biləcəyi" barədə Apellyasiya Məhkəməsinin qeydini (yuxarıda 33-cü bəndə bax); yeni dəlil ortaya çıxan kimi daha şikayətçinin "cavab verməli olduğu heç bir sualın qalmadığına" ABCM-də şübhənin olmadığı barədə Apellyasiya Məhkəməsinin qeydini (yuxarıda 38-ci bəndə bax); və "yeni dəlillə əlaqədar olaraq andlılar tərəfindən baxılmalı heç bir məsələnin olmadığını söyləməyə əsas olmadığı" barədə Apellyasiya Məhkəməsinin rəyini (yuxarıda 39-cu bəndə bax) vurğuladı. Bu qeydlər onun kompensasiya hüququna malik olub-olmaması ilə əlaqədar ümumi mövqeyin işığında nəzərdən keçirilməlidir. Apellyasiya Məhkəməsinin qərarı açıq-aydın o demək idi ki, ərizəçinin işinə yenidən baxılacağı təqdirdə o, məhkum edilə bilərdi.
111. Ərizəçi qeyd etdi ki, şəxsin təqsirsizliyini sübut etməsinin tələb olunması bir sıra işlərdə 6-cı maddənin 2-ci bəndinin pozuntusu hesab edilib (o, yuxarıda qeyd edilmiş işlərə – Kapo, Puiq, Panelya və Tendamın işlərinə istinad etdi). O, iddia etdi ki, dövlət kompensasiya ödənilməzdən əvvəl təqsirsizliyi sübut etmək tələbini irəli sürürsə, kompensasiyanın ödənilməməsi barədə qərar labüd olaraq o deməkdir ki, dövlət şəxsin təqsirsizliyini sual altına alır.
112. Nəhayət, o, Məhkəmənin presedent hüququna istinadən qeyd etdi ki, bəraət hökmü çıxarıldıqda hətta sadəcə təqsirsizliklə bağlı şübhələrin səsləndirilməsi 6-cı maddənin 2-ci bəndinə ziddir (o, yuxarıda qeyd edilmiş işlərə – Sekanina, Ruşiti və Dyaçenkonun işlərinə istinad etdi). Ərizəçi israr etdi ki, işin mahiyyəti üzrə birbaşa bəraət alıb, çünki onun barəsindəki ittiham hökmünü ləğv edərkən AMCB ittiham hökmünün əsasını təşkil etmiş faktların və sübutların etibarlılığına xələl gətirildiyi qənaətinə gəlib.
113. Ərizəçi yekun olaraq bildirdi ki, barəsindəki kompensasiya icraatında məhkəmələr onun təqsirsizliyini sual altına alıblar və Məhkəməni 6-cı maddənin 2-ci bəndinin pozulduğu barədə qərar çıxarmağa dəvət etdi.
b) Hökumət
114. Hökumət hazırkı işdə 6-cı maddənin 2-ci bəndinin pozulduğunu şübhə altına aldı. 1988-ci il tarixli Qanunun 133-cü maddəsinin müddəaları təqsirsizlik prezumpsiyasını pozmur, belə ki, onlar bəraət qərarının düzgünlüyünü və ya ərizəçinin təqsirsizlik prezumpsiyası hüququnu sual altına almır. Ərizəçinin istinad etdiyi işlər, məsələn, yuxarıda qeyd edilmiş Ruşitinin işi 6-cı maddənin 2-ci bəndinin ifrat şərhinə haqq qazandıran işlər kimi şərh oluna bilməz, yəni həmin işlər o demək deyil ki, şəxs bəraət alan kimi onunla bütün məqsədlər üçün həmişə təqsirsiz şəxs kimi rəftar edilməlidir. Bu, Hökumətin bildirdiyinə görə, 7 saylı Protokolun 3-cü maddəsinə, yaxud eyni faktlardan irəli gələn mülki icraatların 6-cı maddənin 2-ci bəndinə uyğunluğu məsələsi ilə bağlı Məhkəmənin presedent hüququna zidd olardı (o, yuxarıda qeyd edilmiş Y.-nin işinə istinad etdi).
115. Hökumət iddia etdi ki, kompensasiya icraatını özündə ehtiva edən əvvəlki işlərdə, o cümlədən ərizəçinin istinad etdiyi işlərdə Məhkəmədə maraq doğuran məsələ bu idi ki, kompensasiya təyin etməkdən imtina qərarı təqsirlilik ehtimalına əsaslanmışdı və bu, şübhə doğurmurdu; qərarlarda işlənmiş sözlər adicə şübhələri və ya ehtimalları istisna edirdi. Bunun əksinə olaraq 1988-ci il tarixli Qanunun 133-cü maddəsinə əsasən ümumiyyətlə və ya konkret olaraq ərizəçinin işində kompensasiya təyin etməkdən imtina edildikdə analoji problem yaranmırdı. Kompensasiya təyin etməkdən imtina edilməsi 6-cı maddənin 2-ci bəndinə o halda zidd olardı ki, qərarda işlənmiş ifadələrdən ərizəçinin təqsirkar olmadığı aydınlaşmış olardı (Hökumət yuxarıda qeyd edilən A.L.-in işinə istinad etdi).
116. Nəhayət, Hökumət mülki və intizam icraatları kontekstində təqsirsizlik prezumpsiyasının tətbiqinə dair Məhkəmənin presedent hüququna istinad etdi (o, yuxarıda qeyd edilən Şikiç, Vanyak və Bokun işlərinə istinad etdi). Bu presedent hüququ təsdiq edir ki, Məhkəmə cinayət icraatından savayı qalan icraatlarda təqsirsizlik prezumpsiyasının tətbiq dairəsi məsələsinə çevik yanaşmanı qəbul edib və mülki və intizam icraatlarının səmərəli şəkildə aparılmasını təmin etmək zərurətini dərk edib.
117. Hökumət yekun olaraq bildirdi ki, daxili məhkəmələrin qərarlarında ərizəçinin bəraət almasına xələl gətirən və ya bunu şübhə altına alan heç nə yox idi. Buna görə də hazırkı işdə 6-cı maddənin 2-ci bəndinin pozuntusu baş verməyib.
2. Məhkəmənin qiymətləndirməsi
118. Məhkəmə qeyd edir ki, hazırkı iş 1988-ci il tarixli Qanunun 133-cü maddəsi əsasında bərqərar edilmiş kompensasiya sisteminin 7 saylı Protokolun 3-cü maddəsinə uyğunluğu məsələsinə aid deyil, həmin Protokol cavabdeh dövlət tərəfindən ratifikasiya olunmayıb (yuxarıda 70-ci bəndə bax). Buna görə də həmin maddəyə riayət edilib-edilmədiyini qiymətləndirmək Məhkəmənin işi deyil, həmçinin həmin maddədə yer alan "məhkəmə səhvi" anlayışına cavabdeh dövlətin verdiyi şərhi qiymətləndirmək də onun vəzifəsi deyil, yalnız həmin şərhin 6-cı maddənin 2-ci bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyasına zidd olduğunu söyləməyə əsas verən hallar istisna təşkil edir.
119. Yuxarıda izah edildiyi kimi, iki icraat arasında əlaqə olduğu müəyyənləşdirilən kimi Məhkəmə işin bütün hallarını nəzərə almaqla təqsirsizlik prezumpsiyasına riayət edilib-edilmədiyini qiymətləndirməlidir. Buna görə də əvvəlcə bu işlə müqayisə oluna bilən əvvəlki işlərdə şikayətin mahiyyətinə Məhkəmənin yanaşmasını nəzərdən keçirmək daha rahat olar.
a) Bu işlə müqayisə oluna bilən əvvəlki işlərdə Məhkəmənin yanaşması
120. İlkin dövrlərdə baxılmış olan və cinayət işinə xitam verildikdən sonra cinayət təqibinin xərclərinin ödənilməsini ərizəçidən tələb edən qərara aid olan Minellinin işində (bu işə yuxarıda istinad edilib) Məhkəmə belə hallara tətbiq edilə bilən aşağıdakı prinsipi müəyyən etdi:
"37. Məhkəmənin rəyinə görə, öncə ərizəçinin təqsirliliyi qanun əsasında sübuta yetirilmədiyi halda, yəni ona öz müdafiə hüququnu həyata keçirmək imkanı yaradılmadığı halda onun barəsindəki məhkəmə qərarında onun təsirkar olduğu barədə rəy öz əksini taparsa, təqsirsizlik prezumpsiyası pozulmuş olacaq. Bu sözlər hətta hər hansı formal qərarın olmadığı hallara da aiddir; bu zaman məhkəmənin təqsirləndirilən şəxsə təqsirkar kimi yanaşdığını güman etməyə müəyyən əsasın olması yetərlidir".
121. Keçmiş təsirləndirilən şəxslərin kompensasiya və ya müdafiə xərclərinin əvəzinin ödənilməsi barədə ərizələri ilə əlaqədar olan, Məhkəmə tərəfindən araşdırılan ilk işlərdə Məhkəmə Minellinin işində müəyyən etdiyi prinsipi tətbiq edərək izah edib ki, icraata xitam verildikdən sonra məhkəməyəqədər həbsə görə kompensasiya təyin olunmasından və təsirləndirilən şəxsin çəkdiyi zəruri məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsindən imtina barədə qərarı əsaslandırmaq üçün gətirilən və qərarın nəticə hissəsindən ayrılıqda götürülə bilməyən əsas öncə qanun əsasında təqsiri sübuta yetirilməyən və konkret olaraq öz müdafiə hüquqlarını həyata keçirməsinə imkan yaradılmayan şəxsin təqsirinin mahiyyət etibarı ilə müəyyənləşdirilməsinə bərabərdirsə, həmin qərar 6-cı maddənin 2-ci bəndi üzrə məsələni meydana çıxara bilər (bax: Enqlertin işi üzrə yuxarıda qeyd edilən qərar, 37-ci bənd; Nölkenbokhoffun işi üzrə yuxarıda qeyd edilən qərar, 37-ci bənd; və Lutsun işi üzrə yuxarıda qeyd edilən qərar, 60-cı bənd). Bu işlərin hər üçü bəraət hökmü ilə deyil, cinayət işinə xitam verilməsi ilə nəticələnmiş icraatla əlaqədar idi. Məhkəmə 6-cı maddənin 2-ci bəndinin pozulmadığını müəyyən edərək izah etdi ki, daxili məhkəmələr qərarlarında müəyyən dərəcədə "şübhənin" qaldığını göstəriblər və onların qərarlarında şəxsin təqsirkar olduğu bildirilməyib.
122. Daha sonra baxılmış Sekaninanın işində Məhkəmə cinayət işinə xitam verilən hallarla yekunda bəraət hökmünün çıxarıldığı hallar arasında fərq qoyaraq izah etdi ki, icraat təqsirlilik məsələsi barədə qərar çıxarılması ilə nəticələnməyibsə, təqsirləndirilən şəxsin təqsirsizliyi ilə bağlı şübhələrin səsləndirilməsi başa düşüləndir, amma bəraət hökmü qüvvəyə minən kimi artıq bu cür şübhələrə istinad edilməsi yolverilməzdir (yuxarıda qeyd edilən Sekaninanın işi, 30-cu bənd). Beləliklə, Sekaninanın işində müəyyən edilmiş prinsip, belə görünür ki, Minellinin işində müəyyən edilmiş prinsipin tətbiqini cinayət işinə xitam verilən hallarla məhdudlaşdırmaq məqsədi daşıyır. Presedent hüququndan görünür ki, Minellinin işində müəyyən edilmiş prinsipə ardıcıl olaraq tətbiq edilən ümumi prinsip kimi istinad edilib (bax: Loytşerin işi üzrə yuxarıda qeyd edilən qərar, 29-cu bənd; Mulaj və Sallahinin işi üzrə yuxarıda qeyd edilən qərar; Baarsın işi üzrə yuxarıda qeyd edilən qərar, 26-27-ci bəndlər; Kaponun işi üzrə yuxarıda qeyd edilən qərar, 22-ci bənd; A.L.-in işi üzrə yuxarıda qeyd edilən qərar, 31-ci bənd; Panteleyenkonun işi üzrə yuxarıda qeyd edilən qərar, 67-ci bənd; və Qrabçukun işi üzrə yuxarıda qeyd edilən qərar, 42-ci bənd). İşə xitam verilən və bəraət hökmü ilə nəticələnən icraatlar arasında Sekaninanın işində qoyulmuş fərq Sekaninanın işindən sonra baxılan və bəraət hökmlərinə aid olan bir çox işlərdə tətbiq edilib (misal üçün bax: Ruşitinin işi üzrə yuxarıda qeyd edilən qərar, 31-ci bənd; Lamanna Avstriyaya qarşı, ərizə № 28923/95, 38-ci bənd, 10 iyul 2001-ci il; Vaykselbraunun işi üzrə yuxarıda qeyd edilən qərar, 25-ci bənd; O.-nun işi üzrə yuxarıda qeyd edilən qərar, 39-cu bənd; Hammernin işi üzrə yuxarıda qeyd edilən qərar, 47-ci bənd; Yassar Hüseynin işi üzrə yuxarıda qeyd edilən qərar, 19-cu və 23-cü bəndlər; Tendamın işi üzrə yuxarıda qeyd edilən qərar, 36-41-ci bəndlər; Eşendon və Consun işi üzrə yuxarıda qeyd edilən qərar, 42-ci və 49-cu bəndlər; və Lorensettinin işi üzrə yuxarıda qeyd edilən qərar, 44-47-ci bəndlər; həmçinin müqayisə üçün əks situasiyaya aid olan bu qərarlara bax: Del Lattenin və Bokun işləri üzrə yuxarıda qeyd edilən qərarlar).
123. Zərərçəkənlər tərəfindən irəli sürülmüş mülki kompensasiya tələblərini özündə ehtiva edən işlərdə, cinayət prosesinin işə xitam verilməsi ilə və ya bəraət hökmü ilə nəticələnməsindən asılı olmayaraq, Məhkəmə vurğulayıb ki, kompensasiyaya dair mülki icraatda cinayət ittihamı ilə bağlı bəraət qərarına hörmət edilməli olsa da, bu, ciddilik dərəcəsi daha aşağı olan sübutetmə vəzifəsi əsasında eyni faktlara istinadən kompensasiya ödənişini nəzərdə tutan mülki məsuliyyətin müəyyən edilməsinə mane olmur. Lakin kompensasiya barədə milli orqanların qərarında cavabdeh tərəfin cinayət məsuliyyətinə dair ifadələr yer almış olarsa, bu, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi üzrə məsələni meydana çıxara bilər (bax: Rinqvoldun işi üzrə yuxarıda qeyd edilən qərar, 38-ci bənd; Y.-nin işi üzrə yuxarıda qeyd edilən qərar, 41-42-ci bəndlər; Orrun işi üzrə yuxarıda qeyd edilən qərar, 49-cu və 51-ci bəndlər; və Dyaçenkonun işi üzrə yuxarıda qeyd edilən qərar, 59-60-cı bəndlər). Bu yanaşmaya həmçinin bəraət almış ərizəçilərin sığorta edənlərə qarşı qaldırdıqları mülki iddialara aid işlərdə də riayət edilib (Lundkvistin və Rivzin işləri üzrə yuxarıda qeyd edilən qərarlara bax).
124. İntizam icraatına aid olan işlərdə Məhkəmə qəbul edib ki, ərizəçi ittiham hökmü ilə nəticələnməyən öncəki işdə irəli sürülmüş cinayət ittihamlarında yer alan eyni faktlar əsasında intizam xətasına görə təqsirkar sayıldıqda 6-cı maddənin 2-ci bəndinin avtomatik pozuntusu baş vermir. O, vurğulayıb ki, intizam icraatını aparan orqanlar icraatlarındakı işlərin faktlarını müstəqil surətdə müəyyənləşdirmək səlahiyyətinə və imkanına malik olmalıdırlar və cinayət əməlləri ilə intizam xətalarının tərkib elementləri eyni deyil (bax: Vanyakın işi üzrə yuxarıda qeyd edilən qərar, 69-72-ci bəndlər; və Şikiçin işi üzrə yuxarıda qeyd edilən qərar, 54-56-cı bəndlər).
125. Məhkəmənin 6-cı maddənin 2-ci bəndi üzrə presedent hüququnun yuxarıdakı tədqiqindən belə məlum olur ki, cinayət işinin icraatı başa çatdıqdan sonra aparılan icraatlar kontekstində 6-cı maddənin 2-ci bəndinin hansı hallarda pozulduğunun müəyyənləşdirilməsinə vahid yanaşma mövcud deyil. Məhkəmənin mövcud presedent hüququndan göründüyü kimi, etiraz edilən qərarın qəbul edildiyi icraatın xarakterindən və kontekstindən çox şey asılıdır.
126. Bütün hallarda və hansı yanaşmanın tətbiq edilməsindən asılı olmayaraq qərarverici orqanın qərarda işlətdiyi ifadələr qərarın və onun əsaslandırmasının 6-cı maddənin 2-ci bəndinə uyğunluğunun qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır (misal üçün bax: Y.-nin işi üzrə yuxarıda qeyd edilən qərar, 43-46-cı bəndlər; O.-nun işi üzrə yuxarıda qeyd edilən qərar, 39-40-cı bəndlər; və Hammernin işi üzrə yuxarıda qeyd edilən qərar, 47-48-ci bəndlər; Baarsın işi üzrə yuxarıda qeyd edilən qərar, 29-31-ci bəndlər; Rivzin işi üzrə yuxarıda qeyd edilən qərar; Panteleyenkonun işi üzrə yuxarıda qeyd edilən qərar, 70-ci bənd; Qrabçukun işi üzrə yuxarıda qeyd edilən qərar, 45-ci bənd; və Konstas Yunanıstana qarşı, ərizə № 53466/07, 34-cü bənd, 24 may 2011-ci il). Beləliklə, daxili məhkəmə ərizəçinin "ittiham olunduğu cinayəti törətməsinin" "açıq-aydın mümkün" olduğunu qərara aldığı hallarda Məhkəmə hesab edib ki, həmin məhkəmə mülki icraatın predmetinin hüdudlarını aşıb və bununla da bəraət hökmünün düzgünlüyünü şübhə altına alıb (bax: Y.-nin işi üzrə yuxarıda qeyd edilən qərar, 46-cı bənd; Orrun işi üzrə yuxarıda qeyd edilən qərar, 51-ci bənd; və Dyaçenkonun işi üzrə yuxarıda qeyd edilən qərar, 64-cü bənd). Eynilə, daxili məhkəmə cinayət əməli törədildiyini sübut etmək üçün cinayət işinin materiallarında kifayət qədər dəlillərin olduğunu bildiribsə, işlədilən bu cür ifadələr təqsirsizlik prezumpsiyasının pozuntusu sayılır (bax: Panteleyenkonun işi üzrə yuxarıda qeyd edilən qərar, 70-ci bənd). Məhkəmə cinayət işi üzrə təqsirliliklə əlaqədar şübhənin aradan qaldırılmadığını açıq-aydın qeyd edibsə, belə hallarda 6-cı maddənin 2-ci bəndinin pozulduğu qərara alınır (misal üçün bax: Sekaninanın işi üzrə yuxarıda qeyd edilən qərar, 29-30-cu bəndlər; və Ruşitinin işi üzrə yuxarıda qeyd edilən qərar, 30-31-ci bəndlər). Bununla belə, konkret icraatın xarakterinə və kontekstinə diqqət yetirmək lazımdır, belə ki, işlədilmiş uğursuz ifadələr həlledici əhəmiyyət daşımaya bilər (yuxarıda 125-ci bəndə bax). Məhkəmənin presedent hüququnda müəyyən işlər yer alıb ki, həmin işlərdə dövlət orqanlarının və məhkəmələrin işlətdiyi ifadələr tənqid edilsə də 6-cı maddənin 2-ci bəndinin pozulmadığı qərara alınıb (bax: Rivzin işi üzrə yuxarıda qeyd edilən qərar; və A.L.-in işi üzrə yuxarıda qeyd edilən qərar, 38-39-cu bəndlər).
b) Bu işdə ərizəçinin təqsirsizlik prezumpsiyası hüququna hörmət edilibmi?
127. Yeni dəlil məhkəmə iclasında təqdim edilmiş olduğu təqdirdə andlıların qərarına təsir göstərə biləcəyinə görə ərizəçi barəsindəki ittiham hökmünün "etibarlı dəlillərə əsaslanmadığı" əsas gətirilərək həmin hökmün AMCB tərəfindən ləğv olunması hazırkı işin ümumi kontekstində əhəmiyyət kəsb edir (yuxarıda 20-ci bəndə bax). AMCB-nin özü təqsirlilik məsələsinin əsaslı şübhə yeri qalmadan müəyyən edilib-edilmədiyi barədə qərar vermək üçün bütün dəlilləri yeni dəlilin işığında qiymətləndirməyib. Barəsindəki ittiham hökmü ləğv edildiyi tarixdə ərizəçi artıq cəzasını çəkmiş olduğuna görə işə yenidən baxılması barədə qərar qəbul edilməyib (yuxarıda 21, 26 və 34-cü bəndlərə bax). Cinayət işləri üzrə apellyasiya şikayəti haqqında 1968-ci il tarixli Qanunun 2-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq ərizəçinin ittiham hökmünün ləğv edilməsi yeni qərarın və andlıların bəraət qərarının məhkəmə iclasının protokoluna daxil edilməsi ilə nəticələnib (yuxarıda 45-ci bəndə bax). Lakin Məhkəmənin rəyinə görə, ərizəçinin barəsindəki bəraət qərarı sözün əsil mənasında işin "mahiyyəti" üzrə bəraət qərarı deyildi (müqayisə üçün əks situasiyaya aid bu qərarlara bax: Sekaninanın işi üzrə qərar və Ruşitinin işi üzrə qərar; bu işlərdə bəraət qərarı belə bir prinsipə əsaslanmışdı ki, təqsirliliklə bağlı hər əsaslı şübhə ərizəçinin xeyrinə həll olunmalıdır). Bu mənada belə hesab etmək olardı ki, ərizəçinin işində cinayət prosesinə xitam verilməsi formal olaraq bəraət qərarı sayılsa da, xitam verilmiş işdə həm də digər əsaslara görə işə xitam verilməsinin bir çox xüsusiyyətləri vardı (misal üçün bax: Enqlertin, Nölkenbokhoffun, Lutsun, Mulaj və Sallahinin işləri üzrə yuxarıda qeyd edilən qərarlar; və Roatis Avstriyaya qarşı (qərardad), ərizə № 61903/00, 27 iyun 2002-ci il; və Fellner Avstriyaya qarşı (qərardad), ərizə № 64077/00, 10 oktyabr 2002-ci il).
128. Həmçinin bu fakta da diqqət yetirmək önəmlidir ki, 1988-ci il tarixli Qanunun 133-cü maddəsi kompensasiya hüququnun yaranmasından əvvəl müəyyən meyarların nəzərə alınmasını tələb edirdi. Qısaca ifadə etsək, bu meyarlara əsasən iddiaçı öncəki icraatda məhkum edilməli; və nəticədə cəzalandırılmalı; müddət ötürüldükdən sonra apellyasiya şikayətinin verilməsinə icazə verilməli; apellyasiya şikayətinin təqdim edilməsinə icazə verilməsi üçün əsas təşkil edən yeni fakt məhkəmə səhvinin baş verdiyini əsaslı şübhə yeri qalmadan göstərməli idi. Bu meyarlar kiçik linqvistik dəyişikliklərlə 7 saylı Protokolun 3-cü maddəsinin müddəalarını əks etdirirdi və sonuncular 6-cı maddənin 2-ci bəndinə zidd olmayan tərzdə şərh edilməli idi. Müvafiq olaraq, Məhkəmə razılaşır ki, bu meyarlarda bəraət almış şəxsin təqsirsizliyini sual altına alan heç nə yox idi, qanunun özü isə cinayət işində təqsirlilik məsələsinin qiymətləndirilməsini tələb etmirdi.
129. Məhkəmə daha sonra qeyd edir ki, 133-cü maddədə əks olunmuş meyarlar cavabdeh dövlətdə bəraət hökmündən sonra kompensasiya almaq imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Aydın məsələdir ki, müəyyən edilmiş müddət çərçivəsində verilən apellyasiya şikayəti üzrə araşdırmada bəraət qərarının çıxarılması 133-cü maddədə nəzərdə tutulmuş kompensasiya hüququnu yaratmırdı. Eynilə, apellyasiya icraatında andlılara adekvat təlimatlar verilməməsi və ya etibarlılığı müəyyən edilməyən dəlilin sübut kimi qəbul olunması əsasında çıxarılmış bəraət qərarı 1988-ci il tarixli Qanunun 133-cü maddəsində əks olunmuş meyarlara cavab verə bilməzdi. Qanunvericili orqanın iradəsini həyata keçirmək üçün qanunvericilik aktlarını şərh etmək daxili məhkəmələrin işidir və bunu edərkən onlar bu nəticəyə gəlmək hüququna malikdirlər ki, "məhkəmə səhvi" müəyyən edildiyi təqdirdə bəraət qərarından əlavə kompensasiya qərarı da qəbul edilməlidir, bu şərtlə ki, onlar heç bir halda ərizəçinin təqsirsizliyini şübhə altına almamalıdırlar. Buna görə də hazırkı iş üzrə Apellyasiya Məhkəməsi qərar çıxardıqdan sonra bu terminə Mullenin işində Lordlar Palatasının verdiyi şərhlə Adamsın işində Ali Məhkəmənin verdiyi şərh arasındakı fərq Məhkəmə üçün maraq kəsb etmir. Məhkəmənin qiymətləndirməli olduğu məsələ ondan ibarətdir ki, işlədilmiş ifadələr daxili məhkəmələrin yerinə yetirməli olduqları vəzifənin xarakteri nəzərə alınmaqla və ərizəçi barəsindəki ittiham hökmünü ləğv etmiş məhkəmə qərarı kontekstində (yuxarıda 127-ci bəndə bax) 6-cı maddənin 2-ci bəndi ilə təmin edilən təqsirsizlik prezumpsiyasına uyğun idimi?
130. Məhkəmələrin vəzifəsinin xarakterinə gəlincə, aydın məsələdir ki, işin 133-cü maddədə yer alan meyarlara uyğun olub-olmadığının araşdırılması məhkəmələrdən tələb edirdi ki, bəraət qərarının səbəblərini müəyyənləşdirmək və yeni faktın məhkəmə səhvinin baş verdiyini əsaslı şübhə yeri qalmadan sübuta yetirdiyini söyləməyin nə dərəcədə mümkün olduğunu aydınlaşdırmaq üçün ittiham hökmünü ləğv etmiş AMCB-nin qərarını nəzərdən keçirsinlər. Bu baxımdan icraatın konteksti Yüksək Məhkəmədən və daha sonra Apellyasiya Məhkəməsindən tələb edirdi ki, AMCB-nin qərarını 133-cü maddədə yer alan meyarların işığında qiymətləndirsinlər.
131. Yüksək Məhkəmənin qərarına qayıdaraq Məhkəmə qeyd edir ki, hakim AMCB-nin gəldiyi nəticələri təhlil edib və rəyi belə olub ki, həmin nəticələr "işə baxan hakimin yeni məhkəmə araşdırmasının yekununda" yeni "dəlillərin əsasında andlıları müttəhimə bəraət vermələri barədə təlimatlandırmağa" borclu olduğu barədə "mülahizəyə ... uyğun deyil" (yuxarıda 25-ci bəndə bax). 133-cü maddə əsasında kompensasiya məsələsi ilə əlaqədar məhkəmələrin icraatına verilən əvvəlki işləri araşdırdıqdan sonra hakim hesab edib ki, andlıların fərqli nəticəyə gələ biləcəyini məhkəmənin səhvə yol verdiyini əsaslı şübhə yeri qalmadan sübuta yetirən hal kimi qəbul etmək 133-cü maddənin mətnində nəzərdə tutulmayıb (yuxarıda 30-cu bəndə bax). Ərizəçinin işində AMCB və işə baxmış andlılar tərəfindən dinlənilmiş tibbi rəydən göründüyü kimi, bu işdə iddiaçıya qarşı "ciddi dəlillər" olub (yuxarıda 31-ci bəndə bax). O, bu nəticəyə gəlib ki, AMCB-nin qərarında bildirdiyi yeganə rəy ondan ibarətdir ki, yeni dəlil nəticəsində belə bir "imkan yaranıb" ki, andlılar "iddiaçıya bəraət verə bilərdilər". Bu isə bu işdə məhkəmə səhvinin baş verdiyinin əsaslı şübhə yeri qalmadan sübuta yetirilməsi demək deyil (yuxarıda 32-ci bəndə bax).
132. Öz növbəsində Apellyasiya Məhkəməsi də işin araşdırılmasına ittiham hökmünü ləğv etmiş qərardakı ifadələrə istinad etməklə başlayıb. Onun izahına əsasən, AMCB qərara alıb ki, hazırda mövcud olan dəlil "andlılar tərəfindən dinlənilmiş olsaydı, fərqli nəticəyə gətirib çıxara bilərdi" (yuxarıda 33-cü bəndə bax). O, daha sonra bildirib ki, AMCB-nin qərarı "heç də o demək deyil" ki, daha ərizəçinin cavab verməli olduğu heç bir sual qalmayıb və "belə deməyə heç bir əsas yoxdur" ki, yeni dəlillə əlaqədar olaraq andlılar tərəfindən baxılmalı heç bir məsələ olmayıb (yuxarıda 38-39-cu bəndlərə bax).
133. Həqiqətən ərizəçinin işinin faktlarının "məhkəmə səhvi" ifadəsinin tətbiq dairəsinə düşüb-düşmədiyini müzakirə edərkən Yüksək Məhkəmə və Apellyasiya Məhkəməsi Lordlar Palatasında baxılmış R-in (Mullenin) işində həmin ifadəyə lord Binqemin və lord Steynin verdiyi fərqli şərhlərə istinad ediblər. Lord Steyn bu rəyini ifadə etdi ki, məhkəmə səhvi yalnız o halda əsaslı şübhə yeri qalmadan müəyyən edilə bilər ki, təqsirsizlik məsələsinə dair hökmən müzakirə aparılmış olsun və ittiham hökmünü ləğv etmiş AMCB-nin qərarında ümumiyyətlə təqsirsizlik məsələsi müəyyən dərəcədə öz əksini tapsın. Bu məsələ ilə əlaqədar olaraq 7 saylı Protokola dair izahedici qeydlərə istinad edildi, həmin qeydlərdə izah edilir ki, bu Protokolun 3-cü maddəsinin məqsədi yalnız müvafiq şəxsin "açıq-aydın" təqsirsiz olduğu etiraf edildiyi hallarda dövlətlərin üzərinə kompensasiya ödəmək öhdəliyi qoymaqdan ibarətdir (yuxarıda 72-ci bəndə bax). Bu, tamamilə başa düşüləndir ki, qanunvericilikdə yer alan, beynəlxalq sənədlərin müddəalarından (indiki halda MSHBP-nin 14-cü maddəsinin 6-cı bəndinin və 7 saylı Protokolun 3-cü maddəsinin müddəalarından) götürülmüş "məhkəmə səhvi" kimi qeyri-müəyyən anlayışların mənasını aydınlaşdırmağa cəhd edərkən milli hakimlər həmin müddəalara aid beynəlxalq presedent hüququna və həmin müddəaların tərtib edilmə tarixçəsinə (həmin tarixçədə onları tərtib edənlərin baxışları öz əksini tapır) istinad etməlidirlər. Lakin izahedici qeydlərin özündə nəzərdə tutulur ki, onlar Protokolun mətninin mötəbər şərhini verən sənəd təşkil etmir, amma öz xarakterinə görə orada yer alan müddəaların başa düşülməsini asanlaşdıra bilər (yuxarıda 71-ci bəndə bax). Hazırda belə hesab edilməlidir ki, Məhkəmənin 6-cı maddənin 2-ci bəndi ilə bağlı bərqərar olmuş presedent hüququ izahedici qeydlərdə yer alan təqsirsizlik məsələsini sübuta yetirməyin zəruriliyi məsələsini də əhatə edir. Amma hər şeydən önəmlisi budur ki, Yüksək Məhkəmənin və Apellyasiya Məhkəməsinin qərarlarında təqsirsizliyin sübuta yetirilməsinə dair lord Steynin qeyd etdiyi testin şərtlərinə ərizəçinin cavab verməsi tələb olunmurdu. Konkret olaraq Yüksək Məhkəmə vurğuladı ki, R-in (Mullenin) işinin faktları ərizəçinin işinin faktlarından xeyli fərqlənir və R-in (Mullenin) işi üzrə qərarın motivləri ərizəçinin işinin həllinə kömək edə bilməz (yuxarıda 27-ci bəndə bax).
134. Məhkəmə hesab etmir ki, daxili məhkəmələrin işlətdiyi ifadələr həmin məhkəmələrdən tələb olunan vəzifələrin yerinə yetirilməsi kontekstində götürüldükdə ərizəçinin bəraət hökmünə xələl gətirib və ya onun təqsirsizlik prezumpsiyası hüququna zidd olub. Məhkəmələr öz araşdırmalarında, 133-cü maddənin tələb etdiyi kimi, "məhkəmə səhvinin" baş verib-vermədiyini müəyyənləşdirməyin zəruriliyini rəhbər tutublar. "Məhkəmə səhvinin" baş verib-vermədiyini qiymətləndirərkən məhkəmələr heç də bu məsələyə dair şərh verməyiblər ki, apellyasiya icraatında ortada olan sübutların əsasında ərizəçiyə bəraət verilməli idi, yoxsa o, məhkum edilməli idi. Eynilə, onlar dəlillərin ərizəçinin təqsirkar və ya təqsirsiz olduğunu göstərib-göstərmədiyinə dair şərh verməyiblər. Onlar sadəcə AMCB-nin gəldiyi nəticələri təsdiq ediblər, sonuncu isə belə bir xronoloji suala toxunub ki, məhkəmə araşdırmasına qədər və ya məhkəmə araşdırması zamanı yeni dəlil ortalıqda olsaydı, ərizəçinin cavab verməli olduğu hər hansı sual meydana çıxardımı? Onlar dönə-dönə təkrar ediblər ki, işə yenidən baxılması barədə qərar qəbul edilsəydi, yeni dəlilin qiymətləndirilməsi andlıların üzərinə düşəcəkdi (yuxarıda 31, 33 və 38-39-cu bəndlərə bax).
135. Bununla əlaqədar olaraq Məhkəmə vurğulayır ki, İngiltərənin cinayət prosessual qanunvericiliyinə uyğun olaraq, ittiham aktı təqdim edildikdən sonra keçirilən cinayət işi üzrə məhkəmə araşdırmasında ittiham tərəfinin dəlillərinin qiymətləndirilməsi və təqsirləndirilən şəxsin təqsirinin müəyyənləşdirilməsi andlıların üzərinə düşür. Ərizəçinin işində AMCB-nin rolu 1968-ci il tarixli Qanunun 2-ci maddəsinin 1(a) bəndində nəzərdə tutulan mənada ittiham hökmünün "etibarlı sübutlara" əsaslanıb-əsaslanmadığına dair qərar verməkdən ibarət idi və hazırda mövcud olan dəlillərin əsasında ərizəçinin təqsirinin əsaslı şübhə yeri qalmadan sübuta yetirilib-yetirilmədiyi barədə andlıların qərarını öz qərarı ilə əvəz etməkdən ibarət deyildi. Ərizəçinin işi üzrə yeni məhkəmə araşdırması keçirməmək barədə qərar onu başqa bir cinayət prosesində iştirak etməyin stressindən və həyəcanından qurtarmış oldu. O, işə yenidən baxılmalı olduğunu iddia etməmişdi. İstər Yüksək Məhkəmə, istərsə də Apellyasiya Məhkəməsi məhkəmə səhvinin baş verib-vermədiyini müəyyənləşdirmək üçün AMCB-nin qərarına xeyli dərəcədə istinad etmişdilər və baxılmış olan işin nəticəsi ilə əlaqədar hər hansı müstəqil nəticələrə gəlməyə çalışmamışdılar. Onlar ittiham hökmünün etibarlı dəlillərə əsaslanmadığı barədə AMCB-nin gəldiyi nəticəni sual altına almamışdılar; eləcə də onlar dəlillərin qiymətləndirilməsində AMCB-nin səhvə yol verdiyini zənn etməmişdilər. Onlar 133-cü maddədə nəzərdə tutulmuş meyarlara riayət edilib-edilmədiyinə dair qərar vermək üçün AMCB-nin gəldiyi nəticələri olduğu kimi qəbul etmiş və onlarda hər hansı dəyişiklik etmədən və ya onları yenidən qiymətləndirmədən həmin nəticələrə istinad etmişdilər.
136. Buna görə də Məhkəmə razılaşır ki, ərizəçinin işi üzrə Yüksək Məhkəmənin və Apellyasiya Məhkəməsinin qərarlarında ərizəçinin sonradan bəraət almış olduğu ehtiyatsızlıqdan adamöldürmə ittihamı ilə əlaqədar malik olduğu təqsirsizlik prezumpsiyası hüququna hörmət edilmədiyi aşkarlanmadı. Müvafiq olaraq, 6-cı maddənin 2-ci bəndinin pozuntusu baş verməyib.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Ərizəni qəbul olunan elan edir;
2. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi pozulmayıb.
Qərar ingilis və fransız dillərində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 12 iyul 2013-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunub.
Din Şpilmann (Dean Spielmann)
Sədr
Maykl O’Boyl (Michael O’Boyle)
Katib müavini
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə uyğun olaraq bu qərara hakim De Qaetanonun aşağıdakı xüsusi rəyi əlavə olunur.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy