İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
ƏLİYEVA VƏ ƏLİYEV AZƏRBAYCANA QARŞI
(35587/08 nömrəli ərizə)
Q Ə R A R
STRASBURQ
31 iyul 2014-cü il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Əliyeva və Əliyev Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə):
Sədr – İzabel Berro-Lefevr,
Hakimlər –
Elizabet Ştayner,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Paulo Pinto de Albukerke,
Linos-Aleksandr Sisilianos,
və Bölmə katibi – Soren Nilsendən ibarət tərkibdə,
8 iyul 2014-cü ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş iki Azərbaycan vətəndaşı, xanım Səmayə Şükür qızı Əliyeva (“birinci ərizəçi”) və cənab Fəday Dəmirxan oğlu Əliyevin (“ikinci ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 16 iyul 2008-ci ildə təqdim etdikləri şikayətlə (35587/08 nömrəli) başlanmışdır.
2. Ərizəçilər Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab E.Quliyev tərəfindən təmsil olunmuşlar. Azərbaycan Hökumətini (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.
3. Ərizəçilər ölkənin dövlət orqanlarının oğullarının ölüm faktı ilə bağlı səmərəli istintaq aparmadıqlarından şikayət etmişlər.
4. 2012-ci ilin 9 martında ərizə mövqeyini bildirməsi üçün Hökumətə göndərilmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçilər müvafiq olaraq 1947-ci və 1942-ci illərdə anadan olmuşlar və Bakı şəhərində yaşayırlar.
6. Ərizəçilərin oğlu E.Ə. 1971-ci ildən anadan olmuşdu və Azərbaycan vətəndaşı idi. Onun Ukraynada öz biznesi var idi və hadisələr baş verən zaman Kiyevdə yaşayırdı.
A. Ərizəçinin oğlunun qətlə yetirilməsi və Ukraynada cinayət işinin başlanması
7. 2001-ci il 1 iyunda E.Ə. Ukraynanın Kiyev şəhərində yerləşən kafenin çölündə bıçaq zərbələri almışdır. Bu zərbələr nəticəsində o ölmüşdür.
8. Həmin günü Şevçenko Rayonu Polisi E.Ə.-nin ölümü ilə bağlı cinayət işi başlamışdır.
9. 2001-ci il 9 iyunda Şevçenko Rayonu Polisi hadisələr baş verən zaman Azərbaycanın Ukraynadakı səfirliyində çalışmış Azərbaycan vətəndaşı Q.Ə.-yə qarşı E.Ə.-nin öldürülməsində şübhəli şəxs kimi ittiham irəli sürmüşdür.
10. Belə görünür ki, həmin gün Q.Ə. Ukraynanın hüquq mühafizə orqanları tərəfindən saxlanmış və 2001-ci il 12 iyunda həbsə alınmışdır. İstintaq zamanı Q.Ə. E.Ə.-ni öldürdüyünü inkar etmiş, lakin bıçaqlanma ilə bağlı ifadə verməkdən imtina etmişdir.
11. 2001-ci il 11 iyulda məhkəmə-tibb eksperti E.Ə.-nin bədənindəki bıçaq yarasının 22 santimetrlik uzunluğu və 2 santimetrlik eni olan tiyəli bıçaqla yetirildiyini müəyyən etmişdir.
12. 2001-ci il 17 iyulda Şevçenko Rayon Məhkəməsi Q.Ə.-nin ciddi xəstəliyi ilə bağlı həbsdən azad olunması barədə qərar qəbul etmişdir. Vaxtı məlum olmayan tarixdə o, Ukraynanı tərk edərək Azərbaycana getmişdir.
13. Belə görünür ki, istintaq zamanı Ukraynanın dövlət orqanları E.Ə.-nin ölümündə başqa bir şəxsin əlinin olması mümkünlüyünü də nəzərdən keçirmişdir. Bununla bağlı onlar Azərbaycanın dövlət orqanlarından hadisələrin baş verdiyi zaman Ukraynada təhsil kursları keçən Azərbaycan ordusunun general-mayoru R.Ə.-ni dindirməyi xahiş etmişlər.
14. 2002-ci il 5 yanvarda Azərbaycanın prokurorluq orqanları R.Ə.-ni E.Ə.-nin bıçaqlanması ilə bağlı şahid qismində dindirmişlər. Həmin tarixdə tərtib edilmiş dindirmə protokoluna görə R.Ə. hadisədə əli olmadığını bildirmişdir. O, Azərbaycanın Ukraynadakı səfirliyində çalışmış Q.Ə.-ni tanıdığını və E.Ə.-ni gördüyünü, lakin onunla yaxşı tanış olmadığını bildirmişdir. 2001-ci il 1 iyunda harada olması barədə suala cavabında isə R.Ə. həmin günü harada olduğunu dəqiq bilmədiyini demişdir. O, daha sonra E.Ə.-nin ölümü barədə Azərbaycan səfirliyinin əməkdaşlarından eşitdiyini bildirmişdir.
B. Cinayət işinin ilk dəfə Azərbaycanın dövlət orqanlarına göndərilməsi
15. 2002-ci il 30 yanvarda Şevçenko Rayonu Prokurorluğunun müstəntiqi MDB-nin Mülki, Ali və Cinayət İşləri üzrə Hüquq Münasibətləri və Hüquqi Yardım haqqında Konvensiyası (“1993-cü il Minsk Konvensiyası”) əsasında istintaqın davam etdirilməsi üçün işin Azərbaycan Respublikasının Baş Prokurorluğuna verilməsi barədə qərar qəbul etmişdir. Müstəntiq verməni şahidlər tərəfindən E.Ə.-nin 2001-ci il 1 iyunda qətlə yetirilməsində əli olduqları müəyyən edilmiş iki nəfərin (Q.Ə. və R.Ə.) Azərbaycan ərazisində olmaları ilə əsaslandırmışdır.
16. Həmin qərarın müvafiq hissələrində aşağıdakılar qeyd edilmişdir:
“İstintaq çərçivəsində dindirilmiş M.S. 2001-ci il 1 iyunda E.Ə. ilə Cafe Sikora-da olduğunu bildirmişdir. O, kafeni tərk edəndə E.Ə.-nin tanımağı iki azərbaycanlı ilə mübahisə etdiyini görmüşdür. Bu insanlardan biri sonradan E.Ə.-nin döş qəfəsi nahiyəsinə bıçaqla zərbə endirmişdir.
Sonradan M.S. tanımaq üçün ona təqdim edilmiş şəkillərin içərisində R.Ə.-nin şəklini tanımış və E.Ə.-ni bıçaqla vuran şəxsin onun olduğunu bildirmişdir.
Müəyyən edilmişdir ki, 1965-ci ilin 4 iyununda anadan olmuş, evli, Azərbaycan vətəndaşı, əvvəllər məhkum edilməmiş, general-mayor xüsusi rütbəli korpus komandiri, Bakıda yaşayan R.Ə. 2001-ci ilin 28 mart-4 iyul tarixlərində Kiyevdə Ukraynanın Milli Müdafiə Akademiyasında təhsil kurslarında olmuşdur.
M.S. tanımaq üçün ona təqdim edilmiş digər şəkillər arasında Q.Ə.-ni də tanımış, onun E.Ə.-nin qətlə yetirilməsi zamanı R.Ə.-nin yanında olan şəxsə çox oxşadığını bildirmişdir.
Hadisəni uzaqdan görmüş digər şahid S.N. tanıma zamanı Q.Ə.-ni açıq şəkildə tanımış və onun azərbaycanlılar arasında Sikora Cafe-də və E.Ə.-nin qətlə yetirilməsi zamanı kafenin bayırında küçədə gedən mübahisədə iştirak etdiyini bildirmişdir...”.
17. 2002-ci il 27 fevralda Azərbaycan Respublikasının Baş Prokurorunun müavini cinayət işinin Ukraynanın dövlət orqanlarına qaytarılması barədə qərar qəbul etmişdir. O, qərarını Ukraynanın dövlət orqanlarının müvafiq istintaq hərəkətlərini aparmadıqları ilə izah etmişdir. O xüsusilə qeyd etmişdir ki, Ukraynanın dövlət orqanları cinayətin bütün şahidlərini, əsasən 2001-ci il 1 iyunda kafedə olmuş müştəriləri və kafenin işçilərini müəyyənləşdirərək dindirməmiş, Q.Ə. ilə R.Ə.-nin həmin günü harada olduqlarını müəyyənləşdirməyə səy göstərməmişlər. O, daha sonra M.S. ilə S.N.-nin istintaqa verdikləri ifadələrdə ziddiyyətin olduğunu və Q.Ə. ilə R.Ə.-nin 2001-ci il 1 iyunda geydikləri paltarların məhkəmə-tibb eksperti tərəfindən müayinə edilmədiyini qeyd etmişdir.
C. Cinayət işinin ikinci dəfə Azərbaycanın dövlət orqanlarına göndərilməsi və Azərbaycanda cinayət işinin başlanması
18. 2003-cü il 26 fevralda Şevçenko Rayonunun Prokurorluğu Q.Ə.-yə qarşı cinayət işinə xitam vermiş və həmin günü xüsusilə 2001-ci il 1 iyunda E.Ə.-nin R.Ə. tərəfindən bıçaqlanmasını təkidlə bildirən M.S.-nin ifadəsi əsasında R.Ə.-yə qarşı cinayət işi başlamışdır.
19. 2003-cü il 27 fevralda Şevçenko Rayon Prokurorluğu 1993-cü il tarixli Minsk Konvensiyasının 72-ci və 73-cü maddələrinə əsasən istintaqın Azərbaycan qanunvericiliyinə əsasən davam etdirilməsi üçün cinayət işinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna verilməsi barədə qərar qəbul etmişdir. O, E.Ə.-nin 2001-ci il 1 iyunda məhz R.Ə. tərəfindən qətlə yetirilməsi qənaətinə gəlmişdir. Qərarın müvafiq hissələrində aşağıdakılar qeyd edilmişdir:
“M.S. tanıma üçün təqdim edilmiş şəkillər içərisində R.Ə.-nin şəklini tərəddüd etmədən tanımış və E.Ə.-nin onun tərəfindən bıçaqlandığını bildirmişdir. Bundan əlavə, M.S. bildirmişdir ki, Q.Ə. cinayətin törədildiyi vaxt R.Ə.-nin yanında olmuş şəxsə oxşayır; lakin o, onun həmin vaxt dəqiq orada olduğunu təsdiq edə bilməmişdir.
Müəyyən edilmişdir ki, 1965-ci ilin 4 iyununda anadan olmuş, evli, Azərbaycan vətəndaşı, əvvəllər məhkum edilməmiş, general-mayor xüsusi rütbəli korpus komandiri, Bakıda yaşayan R.Ə. 2001-ci ilin 28 mart-4 iyul tarixlərində Kiyevdə Ukraynanın Milli Müdafiə Akademiyasında təhsil kurslarında olmuşdur.
Beləliklə də, istintaq zamanı müəyyən edilmişdir ki, Azərbaycan vətəndaşı olan E.Ə. Q.Ə. tərəfindən deyil, Azərbaycan vətəndaşı R.Ə. tərəfindən qətlə yetirilmişdir”.
20. 2003-cü il 8 apreldə cinayət işi Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilmiş və Azərbaycanda cinayət işi başlanmışdır.
21. 2003-cü il 8 apreldə Azərbaycanda cinayət işinin başlanmasından sonra ərizəçilər xüsusilə 2003-cü ilin 12, 29 iyul, 2, 28 avqust tarixlərində və 10 sentyabrında Baş Prokurorluğa müraciət edərək oğullarının ölüm işi üzrə səmərəli istintaqın aparılmasını xahiş etmişlər. Xüsusilə onlar iddia etmişlər ki, R.Ə. oğullarını öldürsə də, istintaqa cəlb olunmamış və de facto müdafiədən istifadə etmişdir.
22. 2003-cü il 18 sentyabrda Hərbi Prokurorluğun müstəntiqi R.Ə.-nin E.Ə.-nin qətlində əli olmasını sübut edən kifayət qədər dəlilin olmadığı qənaətinə gəlmiş və ona qarşı cinayət işinə xitam vermişdir. O, həmçinin qətllə bağlı istintaqın davam etdirilməsi barədə qərar qəbul etmişdir. Bu qərarın müvafiq hissələrində aşağıdakılar qeyd olunmuşdur:
“Müstəntiq iş materiallarında olan ifadələrdəki ziddiyyətləri aydınlaşdırmadan və onlardan hansının həqiqətə uyğun olduğunu müəyyənləşdirmək üçün zəruri istintaq hərəkətləri aparmadan, həmçinin Cafe Sikora-da E.Ə. və M.S.-dən başqa olmuş digər iki şəxsin şəxsiyyətini müəyyən etmədən və işin digər faktiki hallarını araşdırmadan, E.Ə.-nin kim tərəfindən qətlə yetirildiyini qəti şəkildə müəyyən etmədən və onun R.Ə. tərəfindən öldürülməsini sübut edən hər hansı mötəbər sübutun olmadığına baxmayaraq R.Ə.-yə qarşı əsassız və qanunsuz cinayət işi başlamış, onun E.Ə.-ni qətlə yetirdiyi qənaətinə gəlmişdir.
Hərbi Prokurorluqda aparılmış cinayət işinin istintaqı zamanı R.Ə.-nin E.Ə.-ni qətlə yetirdiyini təsdiq edən hər hansı mötəbər sübut əldə edilməmişdir.
Bu səbəbdən Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci bəndinə əsasən R.Ə.-yə qarşı başlanmış cinayət işinə xitam verilməlidir. Belə ki, onun cinayətin törədilməsində əli olmamışdır və E.Ə.-nin qətli ilə bağlı cinayət işinin istintaqı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinə əsasən tam, müfəssəl və obyektiv şəkildə aparılmalı və cinayəti törədənlər müəyyən edilərək məsuliyyətə cəlb edilməlidirlər”.
23. Ərizəçilərə bu qərar barədə məlumat verilməmişdir.
24. Ərizəçilərə müstəntiqin 2003-cü il 18 sentyabr tarixli qərarı barədə məlumat verilmədiyindən onlar Baş Prokurorluğa yazmaqda davam edərək oğullarının ölümü ilə bağlı səmərəli istintaqın aparılmasını xahiş etmişlər. Məktublara cavab olaraq ərizəçilər prokurorluq orqanlarından eyni tərzdə yazılmış cavablar almışlar. Xüsusilə 2003-cü il 17 oktyabr, 3, 11 noyabr, 5 dekabr tarixli və 2004-cü il 7 yanvar tarixli məktublarda prokurorluq orqanları ərizəçilərə istintaqın səmərəli şəkildə aparılacağı və nəticələri barədə onlara məlumat veriləcəyi bildirilmişdir. Lakin prokurorluq orqanları məktublarında müstəntiqin 2003-cü il 18 sentyabr tarixli qərarının mövcudluğuna toxunmayıblar.
25. 2004-cü il 24 fevralda cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İdarəsinə tapşırılmışdır.
26. 2004-cü il 28 iyunda Azərbaycanda işin istintaqını aparan müstəntiq şahidlərin dindirilməsi və digər sübutların əldə edilməsinə hüquqi yardım göstərilməsi üçün Kiyev Şəhəri Prokurorluğuna müraciət etmişdir. Bu xahişdən sonra azərbaycanlı müstəntiq 2004-cü il 2-23 sentyabr və 2004-cü il 14-21 oktyabr tarixlərində Ukraynaya ezamiyyətə göndərilmişdir.
27. Baş Prokurorluq 2005-ci il 19 may tarixli məktubu ilə ərizəçilərə Azərbaycandan olan müstəntiqin 2004-cü ilin sentyabr və oktyabr aylarında Ukraynaya ezamiyyətə göndərildiyi, lakin müvafiq şahidlərin yerlərini müəyyənləşdirməyin və ya onları dindirməyin mümkün olmadığı barədə məlumat vermişdir. Məktubun müvafiq hissələrində aşağıdakılar qeyd olunmuşdur:
“2004-cü il 28 iyunda müstəntiq (R.H.) E.Ə.-nin qətli ilə bağlı 803636/0363 saylı cinayət işi çərçivəsində hüquqi yardımın göstərilməsi üçün Kiyev Şəhər Prokurorluğuna müraciət göndərmiş, 2004-cü ilin sentyabr-oktyabr aylarında Kiyevdə ezamiyyətdə olmuş və Şevçenko Rayon Prokurorluğu tərəfindən həyata keçirilmiş bir sıra istintaq hərəkətlərində iştirak etmişdir.
Lakin Kiyev Şəhəri Şevçenko Rayonu Polis Şöbəsi ifadələri istintaq üçün xüsusi önəm daşıyan bir neçə şahidi istintaq orqanına gətirmədiyindən onları dindirmək və digər istintaq hərəkətlərini həyata keçirmək mümkün olmamışdır.
Müvafiq şahidlərin olduqları yeri müəyyən etməklə onları istintaq orqanına gətirmək məqsədilə zəruri addımların atılması üçün Ukraynanın müvafiq dövlət orqanlarına əməliyyat qaydasında müraciət edilmişdir.
İstintaq hərəkətləri başqa dövlətin ərazisində həyata keçirildiyindən və bəzi şahidlər vaxtında müəyyən edilmədiyindən istintaqı başa çatdırmaq mümkün olmamışdır və bu səbəbdən istintaq müddəti Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 218-ci maddəsinə uyğun olaraq uzadılmışdır ...”.
28. Ərizəçilərin istintaqın gedişi ilə bağlı prokurorluq orqanlarına göndərdikləri məktublara cavab olaraq Baş Prokurorluq 2005-ci il 7 sentyabr və 2006-cı il 6 aprel tarixlərində onlara iki məktub göndərmişdir. Bu məktubların məzmunu demək olar ki, 2005-ci il 19 may tarixli məktubla eyni olmuşdur.
29. Baş prokuror və onun müavini 2005-ci il 11 iyul və 2006-cı il 21 noyabrda göndərdikləri məktublarla Ukraynalı həmkarlarından bəzi şahidlərin yerlərini müəyyən etməyi və E.Ə.-nin bıçaqlanması faktı üzrə onların dindirilməsini xahiş etmişlər.
30. 2006-cı ilin dəqiq məlum olmayan tarixində ərizəçilər cinayət işinin bitməsinə qədər R.Ə.-nin vəzifəsindən kənarlaşdırılmasını müstəntiqdən xahiş etmişlər.
31. 2006-cı il 11 sentyabrda müstəntiq ərizəçilərin xahişini rədd etmiş və qərara almışdır ki, belə qətimkan tədbiri yalnız şübhəli və ya təqsirləndirilən şəxs barəsində tətbiq edilə bilər. Lakin R.Ə. iş üzrə nə şübhəli, nə də təqsirləndirilən şəxs kimi cəlb edilməmişdir. Qərarın müvafiq hissələrində aşağıdakılar qeyd edilmişdir:
“Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 154-cü və 155-ci maddələrinə görə istintaq dövründə vəzifədən kənarlaşdırma növündə qətimkan tədbiri yalnız şübhəli və ya təqsirləndirilən şəxs barəsində tətbiq oluna bilər.
Lakin iş materiallarından aydın olduğu kimi R.Ə. nə şübhəli şəxs qismində həbs edilmiş, nə də onun təqsirləndirilən şəxs qismində tanınması barədə qərar qəbul edilmişdir.
Belə olan halda onun barəsində vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas yoxdur ...”.
32. 2007-ci il 3 iyulda ərizəçilər yenidən Baş prokurora məktubla müraciət edərək istintaqın səmərəsiz olmasından və istintaq orqanlarının hadisə ilə bağlı sübut əldə edə bilməməsindən şikayət etmişlər. Bununla bağlı onlar cinayətdə iştirak etmiş Q.Ə.-nin qeyri-müəyyən şəraitdə öldüyünü bildirmişlər.
33. Baş Prokurorluq 2007-ci il 6 iyul tarixli məktubunda Q.Ə.-nin ölüm hallarının qeyri-müəyyən olmadığını, onun ürək xəstəliyi ilə bağlı vəfat etdiyini bildirmişdir.
D. İstintaqın iddia olunan səmərəsizliyi ilə bağlı ölkə daxilində həyata keçirilmiş məhkəmə prosesləri
34. 2007-ci il 28 dekabrda ərizəçilər Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək istintaq orqanlarının hərəkətsizliyindən və istintaqın səmərəsizliyindən şikayət etmişlər. Onlar xüsusilə oğullarının qətli ilə bağlı istintaqın illərlə qanunsuz olaraq uzadıldığını və R.Ə.-nin cinayətin icraçısı kimi tanınmasına baxmayaraq istintaqa cəlb edilmədiyini iddia etmişlər. Onlar həmçinin istintaqın gedişi barədə onlara məlumatın verilmədiyini bildirmişlər.
35. Ərizəçilər və onların nümayəndəsi Nəsimi Rayon Məhkəməsindəki proses zamanı şikayətlərini təkrar etmiş və onlara istintaqın gedişində qəbul edilmiş prosessual qərarlar barədə məlumat verilmədiyini və cinayəti törədən şəxsin müəyyən edilməsinə baxmayaraq istintaqın müddətinin uzadıldığını bildirmişlər.
36. 2008-ci il 1 fevralda məhkəmə ərizəni təmin etməyək istintaq orqanlarının qanunu pozmadığını və prokurorluq orqanları tərəfindən müvafiq istintaq hərəkətlərinin aparıldığını qət etmişdir. Məhkəmə qət etmişdir ki, prokuror istintaq müddətini uzatmaq hüququna malikdir və belə qərardan məhkəməyə etiraz etmək mümkün deyil. Qərarın müvafiq hissələrində aşağıdakılar qeyd olunmuşdur:
“Həmin Məcəllənin (Cinayət Prosessual Məcəlləsi) 218.11-ci maddəsinə görə açılmamış cinayət işi ilə bağlı istintaqın aparılması müddəti iş Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 218.8-ci və 218.9-cu maddələrinə uyğun olaraq açılanadək Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bir neçə dəfə uzadıla bilər...
Qanunvericilikdə nəzərdə tutulduğu kimi ibtidai istintaqın aparılması üçün müddətin uzadılması istintaqa nəzarəti həyata keçirən prokurorun hüququdur...
Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-cu maddəsi prokurorluq orqanlarının hərəkət və ya qərarlarından məhkəməyə şikayət vermə qaydasını müəyyən edir. Bu maddədə barəsində şikayət verilməsi mümkün olan qərar və şikayətlər açıq şəkildə göstərilmişdir. Bu maddə istintaq orqanlarının istintaqın aparılması müddətinin uzadılması barədə qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilməsi imkanını nəzərdə tutmamışdır...”.
Məhkəmə daha sonra qət etmişdir ki, həmin vaxt E.Ə.-nin qətlində kiməsə qarşı ittihamın irəli sürülməsi üçün kifayət qədər sübut olmamışdır. Bununla yanaşı o, həmçinin prokurorluq orqanlarının ərizəçilərə lazımı qaydada məlumat vermədiyini, müvafiq qərarları onlara göndərmədiyini qət etmişdir. Qərarın müvafiq hissəsində aşağıdakılar qeyd olunmuşdur:
“Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə zərərçəkmiş şəxsin bir sıra hüquqları istintaq orqanı tərəfindən tam şəkildə təmin edilməmiş, ona istintaqın gedişi barədə ətraflı şəkildə məlumat verilməmiş və qərarın bir qismi ona təqdim edilməmişdir...
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 87.6.13-cü maddəsinə görə Cinayət Prosessual Məcəlləsinin müəyyən etdiyi hallarda və normalara uyğun olaraq zərərçəkmiş istintaq orqanlarının onun hüquqlarına və qanuni maraqlarına təsir edən qərarları barədə məlumat almaq və xahişinə əsasən bu qərarların surətini əldə etmək hüququna malikdir.
Məhkəmə müstəntiq R.M.-nin məhkəmə istintaqı zamanı bu pozuntuları etiraf etdiyini və bu şikayətə baxılması zamanı cinayət işi üzrə bəzi mühüm qərarların surətinin zərərçəkmişə verilməsini nəzərə alır”.
37. 2008-ci il 23 fevralda ərizəçilər bu qərardan şikayət edərək əvvəlki şikayətlərini təkrar etmişlər.
38. 2008-ci il 13 martda Bakı Apellyasiya Məhkəməsi onların şikayətlərini rədd etmiş və Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvəsində saxlamışdır.
39. 2008-ci il 3 iyunda Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarının qəti olduğunu və ondan şikayət verilməsinin mümkün olmadığını qət edərək ərizəçilərin kassasiya şikayətini qəbul etməkdən imtina etmişdir.
40. 2010-cu il 14 dekabrda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İdarəsinin müstəntiqi E.Ə.-nin öldürülməsi ilə bağlı cinayət işinin dayandırılması barədə qərar qəbul edilmişdir. Müstəntiq qərarının əsaslandırılması hissəsində qeyd etmişdir ki, bütün istintaq hərəkətlərinin aparılmasına baxmayaraq E.Ə.-nin kim tərəfindən qətlə yetirildiyini müəyyən etmək mümkün olmamışdır. Qərarın müvafiq hissələrində aşağıdakılar qeyd olunmuşdur:
“İndiyə kimi bütün əməliyyat xarakterli mümkün istintaq hərəkətlərinin aparılmasına baxmayaraq cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından cinayət işinin dayandırılması məqsədəuyğundur”.
E. Ərizənin mövqeyini bildirməsi üçün Hökumətə göndərilməsindən sonra baş vermiş hadisələr
41. 2013-cü ilin tarixi dəqiq olmayan vaxtda ərizəçilər Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək müstəntiqin 2003-cü il 18 sentyabr və 2010-cu il 14 dekabr tarixli qərarlarını ləğv etməsini xahiş etmişdir. Ərizəçilər qeyd etmişlər ki, onlara oğullarının ölümü ilə bağlı cinayət işinin dayandırılmasına dair müstəntiqin 2010-cu il 14 dekabr tarixli qərarı barədə məlumat verilməmişdir və onlar bu qərar barədə yalnız işin Avropa Məhkəməsində araşdırılması çərçivəsində Hökumət tərəfindən Məhkəməyə təqdim edilən qeydlərə əlavə edilmiş qərarın surətini gördükdən sonra xəbərdar olublar. Ərizəçilər həmçinin müstəntiqin 2003-cü il 18 sentyabr tarixli qərarının surətinin onlara verilmədiyini qeyd etmişlər.
42. 2013-cü il 31 mayda Nəsimi Rayon Məhkəməsi ərizəçilərin tələbini qismən təmin edərək müstəntiqin ərizəçilərin ölümü ilə bağlı cinayət işinin dayandırılmasına dair 2010-cu il 14 dekabr tarixli qərarını ləğv etmişdir. Məhkəmə bununla bağlı qət etmişdir ki, istintaq orqanları 2010-cu il 14 dekabr tarixli qərar barədə ərizəçilərə məlumat verdiklərini sübut edə bilməmişlər. Məhkəmə daha sonra qət etmişdir ki, prokurorluq orqanlarının 2010-cu il 14 dekabr tarixli qərar barədə ərizəçilərə məlumat verməməsi qanunsuz olmuş və ərizəçiləri sözügedən qərardan şikayət vermək hüququndan məhrum etmişdir. Beləliklə, buradan görünür ki, cinayət işi hələ də davam etməkdədir. Proses barədə Məhkəməyə əlavə məlumatlar verilməmişdir.
43. Ərizəçilərin tələbinin müstəntiqin 2003-cü il 18 sentyabr tarixli qərarı ilə bağlı hissəsinə gəlincə, Nəsimi Rayon Məhkəməsi bu tələbə baxılmasının onun yurisdiksiyasına aid olmadığını qət etmiş və şikayəti baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərmişdir. Məhkəmə 2003-cü il 18 sentyabr qərarının Hərbi Prokurorluğun müstəntiqi tərəfindən qəbul edildiyini və buna görə də sözü gedən qərardan hərbi məhkəməyə şikayət edilməsinin mümkün olduğunu qət etmişdir.
44. 2013-cü il 23 oktyabrda Bakı Hərbi Məhkəməsi ərizəçinin tələbini əsassız olduğu üçün rədd etmiş, gəldiyi nəticəyə əlavə şərh verməmişdir.
45. 2013-cü il 5 noyabrda Bakı Apellyasiya Məhkəməsi Bakı Hərbi Məhkəməsinin 2013-cü il 23 oktyabr tarixli qərarını qüvvədə saxlamışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
46. Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci bəndinə görə adam öldürmə yeddi ildən on dörd ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılan cinayətdir. Azərbaycanın Cinayət Məcəlləsinin 120-ci maddəsinin 1-ci bəndinə görə adam öldürmə yeddi ildən on iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətdir.
47. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (“CPM”) 87-ci maddəsinin 6-cı bəndinə görə zərər çəkmiş şəxs kimi tanınmış şəxs müxtəlif prosessual hüquqlara malikdir və onun cinayət işinə əlavə olunması üçün materiallar təqdim etmək, cinayət işinin istintaqını aparan orqanın hərəkətlərinə etiraz etmək, vəsatətlər vermək, iş materiallarında olan protokollar və digər sənədlərlə tanış olmaq, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və onun xahişi ilə bu qərarların (həmçinin cinayət işinin dayandırılmasına dair qərarların) surətini əldə etmək və prosessual hərəkət və ya qərarlardan şikayət vermək hüququ vardır.
48. CPM-nin 502-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət təqibi orqanı xarici dövlətin səlahiyyətli hakimiyyət orqanının rəsmi müraciəti əsasında sorğu edən dövlətin ərazisində cinayətin törədilməsində şübhəli olan Azərbaycan Respublikasının vətəndaşları barəsində Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq cinayət təqibini həyata keçirməlidir.
49. CPM-nin 503-cü maddəsinin 3-cü bəndinə görə xarici dövlətin sorğu edən səlahiyyətli orqanı tərəfindən başlanmış cinayət işi göndərildikdə həmin iş üzrə araşdırma Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq davam etdirilir.
III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR
50. MDB-nin Mülki, Ailə və Cinayət İşləri üzrə Hüquq Münasibətləri və Hüquqi Yardım haqqında 1993-cü il tarixli Konvensiyası (“1993-cü il Minsk Konvensiyası”) 1993-cü il 22 yanvarda Minskdə imzalanmışdır. Həm Azərbaycan, həm də Ukrayna bu konvensiyanın iştirakçılarıdır.
51. Konvensiyanın 72-ci maddəsinə görə Razılığa Gələn Tərəf digər Razılığa Gələn Tərəfin xahişinə əsasən sorğu göndərən Razılığa Gələn Tərəfin ərazisində cinayət əməli törətməkdə şübhəli bilinən vətəndaşları barədə cinayət işi başlamalıdır. Razılığa Gələn Tərəf artıq barəsində cinayət işi başlanmış cinayət işini sorğu göndərilən Razılığa Gələn Tərəfə göndərirsə, sonuncu öz qanunvericiliyinə əsasən istintaqı davam etdirməlidir (Maddə 73).
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 2-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
52. Ərizəçilər Konvensiyanın 2-ci, 6-cı və 13-cü maddələrinə əsasən oğullarının öldürülməsi ilə bağlı Azərbaycanın prokurorluq orqanları tərəfindən aparılmış cinayət işi üzrə istintaqın səmərəsizliyindən və Azərbaycan məhkəmələri, o cümlədən prokurorluq orqanlarının müstəqil və qərəzsiz olmamasından şikayət etmişlər. Məhkəmə hesab edir ki, bu şikayət yalnız Konvensiyanın 2-ci maddəsi əsasında araşdırılmalıdır. Bu maddənin müvafiq hissələrində aşağıdakılar qeyd edilir:
“1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs həyatından məhrum edilə bilməz...”
A. Ərizənin mümkünlüyü
1. Tərəflərin izahatları
53. Hökumət bildirmişdir ki, ərizəçilərin cinayət işi üzrə istintaqın səmərəsizliyi ilə bağlı şikayəti mümkünsüz elan edilməlidir, belə ki, Məhkəmənin ratione temporis yurisdiksiyasının hüdudlarından kənara çıxır. Hökumət bildirmişdir ki, ərizəçilərin oğulları 2001-ci il 1 iyunda öldürülmüş, Konvensiya isə Azərbaycana münasibətdə 2002-ci il 15 apreldə qüvvəyə minmişdir. Bu dəlili müdafiə etmək üçün Hökumət Məhkəmənin “Moldovan və Digərləri Rumıniyaya qarşı” (Moldovan and others v. Romania (no. 41138/98, 13 March 2001)) və “Xolodovı Rusiyaya qarşı” (Kholodovy v. Russia (no. 30651/05, 14 September 2006)) işi üzrə qərarlarına istinad etmişdir.
54. Hökumət daha sonra bildirmişdir ki, Məhkəmənin “Şilih Sloveniyaya qarşı” işi üzrə qəbul etdiyi qərar (Šilih v. Slovenia ([GC], no. 71463/01, 9 April 2009)) hazırkı işdə tətbiq oluna bilməz, belə ki, həmin işdən fərqli olaraq bu işdə əsas istintaq hərəkətləri Konvensiyanın qüvvəyə minməsindən öncə (“kritik tarix”) həyata keçirilmişdir. Hökumət xüsusilə bildirmişdir ki, ərizəçilərin oğullarının öldürülməsi ilə bağlı cinayət işi 2001-ci il 1 iyunda başlanmış, şahidlər 2002-ci il 15 apreldən qabaq dindirilmişlər və iş 2002-ci il 30 yanvarda Azərbaycana göndərilmişdir.
55. Ərizəçilər Məhkəmənin ratione temporis səlahiyyəti ilə bağlı Hökumətin etirazı ilə razılaşmamışlar. Xüsusilə onlar qətlin 2001-ci ilin iyununda baş verməsinə baxmayaraq cinayət işi üzrə istintaqın Azərbaycanda 2003-cü ilin fevral ayında, Konvensiyanın qüvvəyə minməsindən sonra başlandığını bildirmişlər.
2. Məhkəmənin qiymətləndirməsi
56. Məhkəmə ilk öncədən bildirir ki, hazırkı işdə ratione loci səlahiyyətlə bağlı hər hansı etiraz qaldırılmamışdır. Ərizəçilərin oğlunun 2001-ci il 1 iyunda Ukraynada öldürülməsinə və cinayət işinin həmin günü Ukraynanın dövlət orqanları tərəfindən başlanmasına baxmayaraq, cinayət işi 1993-cü il tarixli Minsk Konvensiyasına uyğun olaraq Azərbaycana ikinci dəfə veriləndən sonra 2003-cü il 8 apreldə Azərbaycanın dövlət orqanları sözü gedən qətllə bağlı özləri cinayət işi başlamışlar.
57. Buna görə də Məhkəmə hesab edir ki, ölüm faktının harada baş verməsindən asılı olmayaraq Azərbaycan 1993-cü il Minsk Konvensiyasına görə istintaqın aparılması vəzifəsini öz üzərinə götürdüyündən və Ukraynanın dövlət orqanları tərəfindən başlanmış cinayət işi üzrə istintaqı davam etdirməyə razılıq verdiyindən, bu istintaqı 2-ci maddədə müəyyən edilmiş prosessual öhdəliyinə uyğun şəkildə aparmalı idi.
58. Məhkəmə ratione temporis səlahiyyətə etirazla bağlı bildirmişdir ki, 2-ci maddədə nəzərdə tutulmuş səmərəli və dərhal istintaqın aparılması prosessual öhdəliyi ayrıca və müstəqil vəzifə kimi inkişaf etmişdir. Onun 2-ci maddənin maddi-hüquqi aspektləri ilə bağlı hərəkətlər nəticəsində meydana çıxmasına baxmayaraq, o, ayrıca və müstəqil “müdaxilə”nin olması faktının müəyyən edilməsinə səbəb ola bilər. Bu mənada o, 2-ci maddədən irəli gələn və maddi-hüquqi xarakterli hərəkət kritik tarixdən qabaq baş verdiyi vaxtda belə dövlət üçün məcburi ola bilən ayrıca öhdəlik hesab oluna bilər (bax: yuxarıda qeyd edilmiş “Şilih” işi, 159-cu bənd və “Varnava və Digərləri Türkiyəyə qarşı” (Šilih, cited above, § 159, Varnava and Others v. Turkey [GC], nos. 16064/90, 16065/90, 16066/90, 16068/90, 16069/90, 16070/90, 16071/90, 16072/90 and 16073/90, § 138, 18 September 2009)).
59. Lakin hüquqi müəyyənlik prinsipi nəzərə alınaraq demək olar ki, Məhkəmənin kritik tarixdən əvvəl baş vermiş ölüm faktları ilə bağlı 2-ci maddədə nəzərdə tutulmuş prosessual öhdəliyə əməl olunmasına münasibətdə zaman görə yurisdiksiyası sonsuz deyildir. İlk növbədə aydındır ki, ölümün kritik tarixdən qabaq baş verdiyi hallarda yalnız həmin tarixdən sonra baş vermiş prosessual hərəkətlər və/və ya hərəkətsizliklər Məhkəmənin zamana görə yurisdiksiyanın əhatə dairəsinə düşə bilər. İkincisi, 2-ci maddə ilə müəyyən edilmiş prosessual öhdəliklərin yaranması üçün ölüm faktı ilə Konvensiyanın cavabdeh dövlətə münasibətdə qüvvəyə minməsi arasında həqiqi əlaqə olmalıdır. Belə ki, bu müddəa ilə tələb olunan prosessual addımların böyük bir qismi (bura yalnız müvafiq şəxsin ölümü ilə bağlı səmərəli istintaqın aparılması deyil, həmçinin ölümün səbəbinin müəyyən edilməsi və bu əməli törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq proseslərin başladılması da daxildir) kritik tarixdən sonra atılmalıdır. Lakin Məhkəmə istisna etmir ki, bəzi hallarda əlaqə Konvensiyanın təminatları və əsas dəyərlərinin real və səmərəli şəkildə qorunmasının təmin edilməsi zərurətinə də əsaslana bilər (yuxarıda qeyd edilmiş “Şilih” işi, 161-163-cü bəndlər).
60. Məhkəmə daha sonra qeyd edir ki, o, bu yaxınlarda yuxarıda qeyd edilmiş meyarı aydınlaşdırmaq imkanına malik olmuş və qət etmişdir ki, “həqiqi əlaqənin” təsbit edilməsi üçün hər iki meyar mövcud olmalıdır: başlanğıc hadisə kimi ölümlə Konvensiyanın qüvvəyə minməsi arasında vaxt kəsiyi ağlabatan dərəcədə qısa olmalı və istintaq hərəkətlərinin əksəriyyəti Konvensiyanın qüvvəyə minməsindən sonra həyata keçirilmiş və ya həyata keçirilməli olmalıdır (bax: “Yanouek və Digərləri Rusiyaya qarşı” (Janowiec and Others v. Russia [GC], nos. 55508/07 and 29520/09, § 148, ECHR 2013)).
61. Hazırkı işin hallarına gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçilərin oğulları 2001-ci il 1 iyunda, Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi 2002-ci il 15 aprel tarixindən on ay yarım öncə Ukraynada öldürülmüşdür. Lakin bu ölüm faktı ilə bağlı cinayət işi Azərbaycanda 2003-cü il 8 apreldə başlanmışdır və belə görünür ki, bu iş hələ də davam etməkdədir (yuxarıda 20-42-ci bəndlərə bax). Buna görə də belə çıxır ki, Azərbaycanda cinayət işinin istintaqı tam şəkildə 2002-ci il 15 apreldən sonra aparılmışdır.
62. Məhkəmə hesab edir ki, 2-ci maddədə nəzərdə tutulmuş prosessual öhdəliklərin tətbiqi üçün ölüm faktı ilə Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsi arasında həqiqi əlaqə mövcuddur. Başlanğıc hadisə kimi ölümlə Konvensiyanın qüvvəyə minməsi arasındakı zaman kəsiyi – on ay yarım müddəti – ağlabatan dərəcədə qısa olmuşdur (müqayisə üçün bax: “Lyubov Efimenko Ukraynaya qarşı” (Lyubov Efimenko v. Ukraine, no. 75726/01, § 65, 25 November 2010); “İqor Şevçenko Ukraynaya qarşı” (Igor Shevchenko v. Ukraine, no. 22737/04, §§ 45‑48, 12 January 2012); “Dimovi Bolqarıstana qarşı” (Dimovi v. Bulgaria, no. 52744/07, §§ 36-45, 6 November 2012) və “Bajiç Xorvatiyaya qarşı” (Bajić v. Croatia, no. 41108/10, § 62, 13 November 2012)) və Azərbaycanda həyata keçirilmiş və on bir ildən artıq uzanmış istintaq tamamilə kritik tarixdən sonra baş vermişdir.
63. Hökumət əsas istintaq hərəkətlərinin kritik tarixdən öncə həyata aparıldığını bildirmiş və Ukrayna dövlət orqanlarının cinayət işinin Azərbaycana verilməsindən qabaq apardığı istintaq hərəkətlərinə, o cümlədən Azərbaycanın dövlət orqanlarının Azərbaycanda cinayət işinin başlanmasından öncə ukraynalı həmkarlarının xahişi ilə apardıqları istintaq hərəkətləri, misal üçün 2002-ci il 5 yanvarda R.Ə.-nin şahid qismində dindirilməsinə istinad etmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi Azərbaycanda cinayət işi 2003-cü il 8 apreldə başlanmışdır və bu da açıq-aşkar Konvensiyanın bu dövlətə münasibətdə qüvvəyə minməsindən sonrakı dövrə təsadüf edir. Buna görə də Hökumətin dəlilləri əsassızdır.
64. Məhkəmə yuxarıdakıları nəzərə alaraq qət edir ki, 2-ci maddənin prosessual aspektlərinin iddia edilən pozuntusu onun zamana görə yurisdiksiyasının əhatə dairəsinə düşür. O daha sonra qeyd edir ki, bu şikayət digər əsaslara görə mümkünsüz deyildir. Ona görə də o, mümkün elan edilməlidir.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin izahatları
65. Hökumət bildirmişdir ki, Ukraynanın dövlət orqanlarının bütün zəruri istintaq hərəkətlərini həyata keçirməməsi və Azərbaycana səmərəli hüquqi yardım göstərməməsi səbəbindən Azərbaycan səmərəli istintaq apara bilməmişdir. O göstərmişdir ki, Ukraynanın dövlət orqanları müvafiq şahidləri müəyyənləşdirib dindirməmiş və heç bir mötəbər sübut olmadan ərizəçilərin oğullarının öldürülməsində tələsik və səhvən Q.Ə. və R.Ə.-ni təqsirləndirmişlər.
66. Hökumət daha sonra bildirmişdir ki, Baş Prokurorluq hüquqi yardım göstərilməsi üçün 2005-ci və 2006-cı illərdə Ukraynalı həmkarlarına məktublar göndərsə də, Ukraynanın dövlət orqanları tərəfindən hər hansı tədbir görülməmişdir. O, həmçinin azərbaycanlı müstəntiqin 2004-cü ildə Ukraynaya ezamiyyətə göndərildiyini təsdiq etmiş, lakin müvafiq şahidlərin yerlərini müəyyənləşdirməyin və ya onları dindirməyin mümkün olmadığını bildirmişdir.
67. Ərizəçilər Azərbaycanda həyata keçirilmiş istintaqın səmərəsiz olduğunu bildirmişlər. Onlar bildirmişlər ki, Hökumətin Ukraynanın dövlət orqanları tərəfindən müvafiq hüquqi yardımın göstərilmədiyinə istinad etməsi yalnız bəhanədir və Azərbaycanda aparılmış istintaqın əsassız uzadılmasına və səmərəsizliyinə haqq qazandıra bilməz. Onlar xüsusilə bildirmişlər ki, Ukraynanın dövlət orqanları R.Ə.-nin onların oğullarının qatili olduğunu müəyyən etsələr də, o, orduda məsul vəzifə sahibi olduğundan Azərbaycanın dövlət orqanları onu müdafiə etmiş və o, hətta cinayət prosesi zamanı prokurorluq orqanları tərəfindən dindirilməmişdir.
68. Ərizəçilər daha sonra bildirmişlər ki, istintaq orqanları illərlə hərəkətsizlik göstərmiş və istintaqın gedişi barədə onlara lazımı qaydada məlumat verilməmişdir. Onlar bildirmişlər ki, bir neçə dəfə xahiş etmələrinə baxmayaraq müstəntiqin R.Ə. barədə cinayət işinə xitam verilməsinə dair 2003-cü il 18 sentyabr tarixli qərarı barədə onlara məlumat verilməmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
69. Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş yaşamaq hüququnun müdafiəsi öhdəliyi 1-ci maddə ilə müəyyən edilmiş dövlətin “öz yurisdiksiyası altında olan hər kəsin Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqlardan istifadəsinin təmin etmək” kimi ümumi öhdəliyi ilə birgə dolayı yolla insanların dövlət və ya fərdlər tərəfindən zor tətbiqi nəticəsində öldürüldüyü zaman müəyyən formada səmərəli rəsmi istintaqın aparılmalı olduğunu da tələb edir (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, § 103, ECHR 1999‑IV); “Menson Birləşmiş Krallığa qarşı” (Menson v. the United Kingdom (dec.), no. 47916/99, ECHR 2003‑V) və “Branko Tomaşiç və Digərləri Xorvatiyaya qarşı” (Branko Tomašić and Others v. Croatia, no. 46598/06, § 62, 15 January 2009)). Bu cür istintaqın başlıca məqsədi yaşamaq hüququnu qoruyan ölkə daxili qanunların səmərəli şəkildə yerinə yetirilməsini təmin etməkdir (bax: mutatis mutandis, “Pol və Odri Edvards Birləşmiş Krallığa qarşı” (Paul and Audrey Edwards v. the United Kingdom, no. 46477/99, § 69, ECHR 2002‑II)).
70. İstintaqın səmərəli olması o deməkdir ki, onun nəticəsində cinayəti törətməkdə şübhəli şəxslərin müəyyən edilməsi və cəzalandırılması mümkün olmalıdır (bax: “Oğur Türkiyəyə qarşı” (Oğur v. Turkey [GC], no. 21594/93, § 88, ECHR 1999‑III)). Burada nəticə deyil, vasitələr öhdəlik xarakteri daşıyır. Dövlət orqanları hadisə ilə bağlı sübutları toplamaq üçün mümkün addımları atmalıdırlar. İstintaq zamanı ölümün səbəblərini və ya məsuliyyət daşıyacaq şəxsi və ya şəxsləri müəyyən etmək imkanını sarsıdan istənilən çatışmazlıq onun standartlara cavab verməməsi riskini yaradır. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər (bax: misal üçün, mutatis mutandis, “İlhan Türkiyəyə qarşı” (Ilhan v. Turkey [GC], no. 22277/93, ECHR 2000-VII, § 63)). Bundan əlavə, praktikada cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticələri üzərində kifayət qədər ictimai nəzarət elementi olmalıdır. Bütün işlərdə zərər çəkmişin qaxın qohumları onun qanuni maraqlarının müdafiəsi üçün zəruri olan həddə prosesə cəlb olunmalıdırlar (bax: “Tsintsabadze Gürcüstana qarşı” (Tsintsabadze v. Georgia, no. 35403/06, § 76, 15 February 2011 )).
71. Bu kontekstdə tezlik və ağlabatan çalışqanlıq tələbi də nəzərdə tutulur (bax: “Yaşa Türkiyəyə qarşı” (Yaşa v. Turkey, 2 September 1998, §§ 102-104, Reports of Judgments and Decisions 1998‑VI) və “Adalı Türkiyəyə qarşı” (Adalı v. Turkey, no. 38187/97, § 224, 31 March 2005)). Konkret vəziyyətdə istintaqda irəliləyişlərə nail olunması qarşısında maneə və ya çətinliklərin ola bilməsi qəbul edilməlidir. Lakin ölümə səbəb olmuş vasitələrin dövlət orqanları tərəfindən tez araşdırılmasına ümumi şəkildə onların qanunun aliliyinə hörmət etmələrinə ictimai etimadın saxlanması və qanunsuz əməllərə yol vermələri və ya onlara dözümlülüklə yanaşmaları barədə fikirlərin qarşısının alınması üçün mühüm amil kimi baxıla bilər.
(b) Hazırkı işə tətbiq
72. Hazırkı işin hallarına gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçilər dövlət orqanları tərəfindən həyata keçirilmiş istintaqın adekvat olmaması ilə bağlı bir neçə iddia irəli sürmüş, Hökumət isə sözü gedən istintaqın Konvensiyanın 2-ci maddəsinin tələblərinə cavab verdiyini iddia etmişdir.
73. Məhkəmə qeyd edir ki, Hökumət ərizəçilərin oğullarının öldürülməsi ilə bağlı səmərəli istintaqın həyata keçirilməsi üçün müvafiq və zəruri sübutların toplanmasını təmin edə bilmədiyinə istinad edərək Ukraynanın dövlət orqanlarının cinayət işi üzrə istintaqı səmərəsiz aparmasının və Azərbaycanın dövlət orqanları ilə əməkdaşlıq etməməsinin sonuncunu cinayəti törətmiş şəxsi müəyyən etmək imkanından məhrum etdiyini bildirmişdir.
74. Hökumətin Ukraynanın dövlət orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlıq etməyə meylli olmamalarını iddia etməsinə gəlincə, Məhkəmə təkrar edir ki, onun səlahiyyətinə digər beynəlxalq sazişlərə deyil, İnsan Hüquqları üzrə Avropa Konvensiyasına əməl olunmasını təmin etmək daxildir. Hazırkı işdə Ukraynanın dövlət orqanlarının 1993-cü il Minsk Konvensiyasının hüquqi yardıma dair müddəalarına və ya dövlətlər arasında mövcud olan istənilən digər ikitərəfli müqaviləyə əməl etməməsi Məhkəmə baxışının predmetini təşkil edə bilməz (bax: “Kalabro İtaliya və Almaniyaya qarşı” (Calabro v. Italy and Germany, (dec.) no. 59895/00, 21 March 2002) və “Karalyos və Huber Macarıstan və Yunanıstana qarşı” (Karalyos and Huber v. Hungary and Greece, no. 75116/01, § 40, 6 April 2004)).
75. Məhkəmə qəbul edir ki, hazırkı işdə olduğu kimi cinayət əməlinin başqa bir dövlətin ərazisində törədildiyi bəzi hallarda cinayət işinin istintaqının gedişinə konkret maneələr ola bilər.
76. Buna baxmayaraq Məhkəmə qeyd edir ki, Azərbaycanın dövlət orqanları tərəfindən həyata keçirilmiş istintaq zamanı bir sıra çatışmazlıqlar olmuşdur. İlk növbədə, təqdim edilmiş sənədlərdən göründüyü kimi 2003-cü il 8 apreldə Azərbaycanda cinayət işinin başlanmasından sonra istintaq orqanları adam öldürülməsi ilə bağlı xüsusilə iki şəxsdən, Ukraynanın dövlət orqanları tərəfindən qətldə şübhəli şəxs və ya şahid kimi müəyyən edilmiş R.Ə. və Q.Ə.-dən ifadə alınmasını təmin etməmişlər. Onlar heç vaxt Azərbaycanın dövlət orqanları tərəfindən istintaq çərçivəsində dindirilməmişlər. Q.Ə. 2007-ci ilin yayında vəfat etsə də, bu ölüm Azərbaycanda cinayət işinin başlanmasından dörd ildən artıq vaxt keçdikdən sonra baş vermişdir.
77. R.Ə.-yə gəlincə, o, 2002-ci il 5 yanvarda Ukrayna dövlət orqanlarının xahişi ilə cinayət işinin onlar tərəfindən aparılan istintaqı zamanı şahid qismində dindirilsə də, yuxarıda qeyd edildiyi kimi o, Azərbaycanda həyata keçirilmiş istintaq dövründə bir dəfə də olsun dindirilməmişdir. Bununla belə 2003-cü il 18 sentyabrda Azərbaycanın prokurorluq orqanları R.Ə.-yə qarşı cinayət işinə xitam vermişlər (yuxarıda 22-ci bəndə bax).
78. Məhkəmə daha sonra hesab edir ki, istintaq tez bir zamanda həyata keçirilməmişdir. Belə ki, dövlət orqanları vaxtın çox hissəsini hərəkətsiz qalmışlar. Xüsusilə, cinayət işinə Azərbaycanda 2003-cü il 8 apreldə başlansa da, işin istintaqını aparan müstəntiq 2004-cü il 28 iyuna qədər, yəni həmin tarixdən bir il iki ay keçənə qədər hüquqi yardım üçün ukraynalı həmkarlarına müraciət etməmişdir (yuxarıda 26-cı bəndə bax). Bundan əlavə, cinayət işi üzrə istintaqın ümumi müddəti o qədər uzundur ki, artıq hər hansı ciddi istintaq hərəkətlərinin aparılması mümkün deyil.
79. Son olaraq Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən də qəbul edildiyi kimi (yuxarıda 36-cı bəndə bax) prokurorluq orqanları istintaqın gedişi və cinayət işi çərçivəsində qəbul edilmiş müvafiq qərarlar barədə ərizəçilərə məlumat verməmişlər. Xüsusilə müstəntiq R.Ə.-yə qarşı cinayət işinə xitam verilməsinə dair 2003-cü il 18 sentyabr tarixli qərarı barədə ərizəçilərə məlumat verməmiş və bu da onları həmin qərara etiraz etmək üçün mümkün bütün praktiki vasitələrdən məhrum etmişdir. Bundan əlavə, ərizəçilərin prokurorluq orqanlarına istintaqın gedişində irəliləyişin olmaması ilə bağlı çoxsaylı məktublar göndərməsinə baxmayaraq, onlar ərizəçilərə oğullarının ölümü ilə bağlı cinayəti işinin davam etdiyi və onların xahişlərinin cinayət işinin materiallarına əlavə edildiyi barədə standart cümlələr yazaraq cavab vermişlər.
80. Yuxarıdakılar Məhkəmənin belə bir nəticəyə gəlməsinə əsas verir ki, milli dövlət orqanları ərizəçinin oğlunun öldürülməsi ilə bağlı adekvat və səmərəli istintaq aparmamışlar. Buna görə də Məhkəmə 2-ci maddənin prosessual aspektlərinin pozulduğunu qət edir.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
81. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır”.
82. Ərizəçilər ədalətli kompensasiya ilə bağlı tələb irəli sürməmişlər. Buna görə də Məhkəmə hesab edir ki, bununla bağlı hər hansı vəsait ödənilməməlidir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
Ərizəni mümkün elan edir;
2. Konvensiyanın 2-ci maddəsinin prosessual aspektinin pozulduğunu qət edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 31 iyul 2014-cü ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsend İzabel Berro-Lefevr
Bölmə katibi Sədr
Full & Egal Universal Law Academy