Andonoski (Andonoski) keçmiş Yuqoslaviya respublikası Makedoniyaya qarşı – ərizə № 16225/08
17.9.2015 tarixli qərar [I Bölmə]
1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsi
Mülkiyyətdən məhrumetmə
Miqrantların qanunsuz daşınmasında istifadə edilmiş nəqliyyat vasitəsinin müsadirə olunması: pozuntu baş verib
Faktlar – Taksi sürücüsü olan ərizəçi 2007-ci ildə üç Albaniya vətəndaşını Makedoniya-Yunanıstan sərhədi yaxınlığında yerləşən kəndə apararkən polis tərəfindən dayandırıldı. Onun sərnişinlərinin yol sənədləri yox idi və buna görə də polis onları həbs etdi. Ərizəçi də həbs edildi və avtomobili müsadirə olundu. Miqrantların qanunsuz daşınması ilə əlaqədar olaraq sonradan ona qarşı araşdırma başlandı. Amma sərnişinlərinin qanunsuz miqrantlar olduğunu bildiyinə dair sübutlar olmadığına görə ittihamlar onun üzərindən götürüldü. Sonda sərnişinlərdən biri miqrantların qanunsuz daşınmasında təqsirli bilindi və bir il müddətinə azadlıqdan məhrum edildi. Birinci instansiya məhkəməsi ərizəçinin avtomobilinin müsadirə olunması haqqında qərar çıxararaq bunu cinayətin törədilməsində ondan istifadə edilməsi ilə əsaslandırdı. Ərizəçi müsadirə barədə qərardan şikayət versə də, cəhdi uğursuz oldu.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Ərizəçinin avtomobilinin müsadirə olunması mülkiyyət hüququnun qəti olaraq başqasına keçməsi ilə nəticələnən daimi tədbir idi. Beləliklə, bu tədbir mülkiyyətdən məhrumetməyə bərabər idi. Müsadirə qərarı qanunla nəzərdə tutulmuşdu və qanunsuz miqrasiyanın və insan alverinin qarşısını almağa yönələn qanuni məqsəd daşıyırdı. Bu məqsəd ilə ərizəçinin hüquqları arasında balans bir çox amillərdən, o cümlədən ərizəçinin davranışından asılı idi. Ərizəçinin avtomobili ona qarşı cinayət ittihamları irəli sürüldükdən sonra üçüncü tərəf barəsində aparılmış cinayət prosesi çərçivəsində müsadirə olunmuş, ərizəçi barəsində icraata isə xitam verilmişdi. Yaşayış xərclərini taksi sürücüsü kimi qazanan ərizəçinin məhkumluğu yox idi. Onun avtomobilinin əvvəllər cinayət törədilməsində istifadə edildiyini göstərən heç bir dəlil yox idi. Eləcə də onun digər cinayətlər törədilməsində istifadə ediləcəyini güman etmək üçün əsas yox idi. Lakin Cinayət Məcəlləsinin miqrantların qanunsuz daşınması üçün nəqliyyat vasitələrinin avtomatik müsadirəsini nəzərdə tutan müddəası heç bir istisna hala icazə vermirdi və nəqliyyat vasitəsinin hüquqpozana və ya üçüncü tərəfə məxsus olmasından asılı olmayaraq, habelə sonuncu halda üçüncü tərəfin davranışından və ya cinayətlə əlaqəsindən asılı olmayaraq tətbiq edilirdi. Bu cür avtomatik müsadirə ərizəçini iş üzrə mövqeyini müdafiə etmək imkanından və ya müsadirə ilə bağlı icraatda hər hansı uğur perspektivindən məhrum edirdi. Eynilə, daxili məhkəmələr bu cür vəziyyətdə diskresion səlahiyyətə malik deyildilər və işi yuxarıda qeyd edilən faktlardan hər hansı birinin əsasında araşdıra bilməzdilər. Nəhayət, sözügedən qanunvericilik müddəasında kompensasiya tələbi nəzərdə tutulmamışdı. Beləliklə, müsadirə qərarı qeyri-mütənasib idi, belə ki, həmin qərarla ərizəçinin üzərinə həddən artıq ağır yük qoyulmuşdu.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 3.000 avro təyin edildi; cavabdeh dövlətdən tələb edildi ki, müsadirə olunmuş avtomobili müsadirə edilərkən olduğu vəziyyətdə ərizəçiyə qaytarsın, yaxud bunu yerinə yetirməsə, maddi ziyana görə ərizəçiyə 10.000 avro ödəsin.
Full & Egal Universal Law Academy