© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012 .
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia [GC]), ərizə № 55707/00
18.02.2009-cu il tarixli qərar [Böyük Palata]
Maddə 14
Ayrı-seçkilik
Ərizəçinin yaşa görə pensiyası hesablanarkən keçmiş Sovet İttifaqında uzun illər ərzində işləməsinin Latviya vətəndaşı olmaması səbəbindən nəzərə alınmaması: pozuntu baş verib
Faktlar – Ərizəçi ilk dəfə Latviya ərazisinə 1954-cü ildə 12 yaşında ikən gəlmişdi, həmin vaxt Latviya Sovet İttifaqının tərkibində idi. Həmin vaxtdan bəri o, bu ərazidə daimi yaşayırdı. Əvvəllər keçmiş SSRi vətəndaşı olmuş ərizəçi hazırda Latviyada daimi yaşayan qeyri-vətəndaş statusuna malikdir. 1966-cı ildə o, Olayne kimya kompleksinin emal zavodunda işləməyə başladı, bu müəssisə vaxtı ilə SSRi Kimya Sənayesi Nazirliyinin tabeliyində olmuş dövlət müəssisəsi idi. Kompleksi SSRİ ərazisində yerləşirdi və sonradan həmin ərazi Latviya ərazisi oldu. 1981-ci ilədək ərizəçi həmin dövlət müəssisəsi ilə əmək münasibətlərində idi və müəssisənin baş idarəsi Kiyevdə yerləşirdi. Sonralar onu müəssisənin başqa bölməsinə keçirdilər, bu bölmənin baş idarəsi isə Moskvada yerləşirdi. Ərizəçinin əmək haqqı əvvəlcə Kiyevdən, sonra isə Moskvadan poçt köçürmələri vasitəsilə ödənilsə də, bu hal onun əmək şərtlərinə təsir göstərmədi, çünki o, eyni emal zavodunda işləməkdə davam edirdi. 1990-cı ilin noyabrında Latviyanın müstəqilliyi elan edildikdən sonra ərizəçi birbaşa zavodun müdiriyyətinin tabeliyinə keçdi. 1997-ci ildə pensiyaya çıxarkən ərizəçi yerli sosial sığorta orqanından onun pensiya məbləğinin müəyyənləşdirilməsini xahiş etdi. Ona məlumat verdilər ki, "Dövlət pensiyaları haqqında" Qanunun keçid müddəalarının 1-ci bəndinə uyğun olaraq, əcnəbi vətəndaşlara və ya vətəndaşlığı olmayan şəxslərə pensiyalar təyin edilərkən yalnız 1 yanvar 1991-ci ilədək Latviya ərazisində yaşamış və işləmiş şəxslərin əmək stajı nəzərə alınır. Ərizəçi 1 yanvar 1973-cü ildən 21 noyabr 1990-cı ilədək Kiyev və Moskvada yerləşən təşkilatlarda işlədiyinə görə sosial sığorta orqanı onun pensiya məbləğini yalnız bu təşkilatlarda işlədiyi dövrdən əvvəlki və sonrakı dövrlər üçün müəyyənləşdirdi. Nəticədə on 20 lat məbləğində aylıq pensiya təyin edildi (təxminən 35 avro). Ərizəçi bu qərardan şikayət edərək inzibati və məhkəmə icraatına başladı. Yekunda prokuror tərəfindən Ali Məhkəmənin Senatına hüquqi məsələlərlə bağlı təqdim edilmiş kassasiya protesti 6 oktyabr 1999-cu ildə açıq məhkəmə iclasında rəd edildi. Senat rayon məhkəməsinin və regional məhkəmənin gəldiyi bu nəticəni təsdiq etdi ki, ərizəçinin Ukrayna və Rusiya təşkilatları ilə əmək münasibətlərində olduğu dövr pensiyanın hesablanmasında nəzərə alına bilməz. Bundan başqa, o, qeyd etdi ki, həmin işəgötürənlər Latviyada vergi ödəyicisi olmadıqlarına görə onları Latviyanın məcburi sosial sığorta sisteminə aid etmək üçün əsas yoxdur. Ərizəçi işinə yenidən baxılması üçün vəsatət verdi, çünki 6 oktyabr 1999-cu il tarixli məhkəmə iclası planlaşdırılan vaxtdan tez başladığına görə o, həmin iclasda iştirak edə bilməmişdi. Bu vəsatət də rədd edildi. 2000-ci ilin fevralında ərizəçiyə məlumat verdilər ki, Latviya ilə Ukrayna arasında bağlanmış sazişə əsasən 1 noyabr 1999-cu ildən onun pensiyasının yenidən hesablanması həyata keçiriləcək və onun Ukraynada yerləşən işəgötürənlə əmək münasibətləri onun əmək stajına hesablanacaq.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülməklə 14-cü maddəyə riayət edilib-edilməməsi məsələsi: 1 saylı Protokolun 1-ci maddəsinin bu işə tətbiqinin mümkünlüyü məsələsinə gəlincə, hökumət həmrəylik prinsipi əsasında ümumi büdcə vəsaitləri hesabına dövlət tərəfindən ödənilən sovet pensiyaları sistemi ilə 1991-ci ildən tədricən tətbiq edilməyə başlamış sistem arasındakı fərqə xüsusi əhəmiyyət verdi, sonuncu sistem hər bir sığorta olunan şəxsin sığorta ödəmələri hesabına formalaşır. Lakin Məhkəmə qeyd etdi ki, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. Bundan başqa, dövlət öz ərazisi xaricindəki əmək fəaliyyəti dövrünə görə fərdlərə pensiya ödəmək barədə öz mülahizəsi əsasında qərar çıxarırsa və bununla da öz milli qanunvericiliyində kifayət qədər aydın hüquqi baza yaradırsa, belə ödəmələri almaq hüququ da 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. Ərizəçinin işində "Dövlət pensiyaları haqqında" Latviya Qanununun keçid müddəalarında 1991-ci ilədək keçmiş SSRi ərazisindəki əmək fəaliyyətinin ümumi müddəti ərzində hər hansı sığorta haqqının ödənilməsindən asılı olmayaraq yaşa görə pensiya hüququ nəzərdə tutulmuşdu, amma bu hüquq yalnız Latviya vətəndaşları üçün idi. Buna görə də ərizəçinin bu dövrdəki əmək fəaliyyətinin nəzərə alınmamasının yeganə səbəbi bu idi ki, o, Latviya vətəndaşı deyildi. Təkcə bu fakt Məhkəmənin belə nəticəyə gəlməsi üçün kifayətdir ki, ərizəçinin maddi kompensasiya tələbi də 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür.
İşin mahiyyətinə gəlincə, Məhkəmə xatırlatdı ki, ərizəçi onunla fərqli rəftar edildiyini sübuta yetirdiyinə görə Hökumət bu fərqin əsaslı olduğunu sübut etməlidir. Ərizəçinin işində fərqli rəftar ən azı Konvensiyanın ümumi məqsədlərinə uyğun olan bir qanuni məqsəd daşıyırdı, yəni ölkənin iqtisadi sisteminin müdafiəsinə yönəlmişdi. Məhkəmə həmçinin bu məqsədin və ona nail olmaq üçün istifadə edilmiş vasitələrin mütənasibliyi məsələsini araşdırmalıdır. Milli hakimiyyət orqanlarının ərizəçinin "Latviya ərazisi xaricindəki" əmək fəaliyyətini əmək stajına daxil etməkdən imtina etmələri yalnız ərizəçinin vətəndaşlığının olmamasına əsaslanırdı, belə ki, heç bir şübhə yox idi ki, ərizəçi ilə eyni vəziyyətdə olan, eyni dövrdə eyni müəssisədə işləmiş Latviya vətəndaşı yaşa görə pensiyanın mübahisəli hissəsini almaq hüququna malik idi.
Bundan başqa, tərəflər razılaşdılar ki, ərizəçi naturalizasiya yolu ilə Latviya vətəndaşlığı almış şəxs olsaydı, əmək fəaliyyətinin bütün dövrlərinə görə pensiya məbləğlərini avtomatik olaraq alacaqdı. Məhkəmə qeyd etdi ki, yalnız vətəndaşlıq əlamətinə əsaslanan fərqli rəftarın Konvensiyaya uyğun hesab edilməsi üçün olduqca əsaslı səbəblər göstərilməlidir, amma o, ərizəçinin işində bu səbəbləri görmür. Birincisi, ərizəçinin statusunun qanunvericilikdə nəzərdə tutulan, əmək fəaliyyətinin bütün dövrlərinə görə pensiya almaq hüququ verən digər şərtlərə cavab vermədiyi sübut olunmayıb və ya iddia edilməyib. Buna görə də onun situasiyası eyni və ya analoji əmək bioqrafiyasına malik olan, lakin 1991-ci ildən sonra Latviya vətəndaşı kimi tanınan şəxslərin situasiyası ilə obyektiv olaraq eyni idi. İkincisi, sovet dövründə keçmiş SSRi vətəndaşları ilə pensiya hüquqları baxımından fərqli rəftar edildiyinə dair hər hansı sübut yoxdur. Üçüncüsü, ərizəçi başqa dövlətin vətəndaşı deyildi və Latviyada "daimi yaşayan qeyri-vətəndaş" statusuna malik idi, bu ölkə ilə onun stabil hüquqi əlaqələri vardı və bu ölkə onun sosial təminatına görə məsuliyyəti obyektiv olaraq öz üzərinə götürə bilərdi. Belə olan halda hökumətin irəli sürdüyü arqumentlər Məhkəməni buna inandırmaq üçün yetərli deyil ki, ərizəçinin işində barəsində etiraz edilən fərqli rəftarın 14-cü maddənin tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün "ağlabatan mütənasiblik əlaqəsi" mövcud idi. Əmək fəaliyyətinin müəyyən dövrünün ümumi staja daxil edilməsi məsələsinin ilk növbədə dövlətlər arasında sosial təminat haqqında ikitərəfli sazişlərlə tənzimlənməli olduğu barədə hökumətin rəyinə baxmayaraq, Məhkəmə xatırlatdı ki, Konvensiyanı ratifikasiya etməklə Latviya "yurisdiksiyasında olan hər kəsin" Konvensiya ilə təmin edilən hüquq və azadlıqlarını təmin etməyi öhdəsinə götürüb. Müvafiq olaraq, Latviya ilə Ukrayna və Latviya ilə Rusiya arasında dövlətlərarası sazişin olmaması Latviya dövlətini Konvensiyanın 14-cü maddəsi üzrə daşıdığı məsuliyyətdən azad edə bilməz. Məhkəmə həmçinin hökumətin bu arqumentini qəbul edə bilməz ki, pensiyasını tam məbləğdə alması üçün ərizəçinin naturalizasiya yolu ilə Latviya vətəndaşlığı alması kifayət idi. 14-cü maddə ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 6 – Məhkəmə həmçinin qeyd etdi ki, bu işdə hüquqi məsələlərlə əlaqədar kassasiya protesti ərizəçi və ya onun vəkili tərəfindən deyil, Riqa regional məhkəməsi yanında fəaliyyət göstərən prokuror tərəfindən verilmişdi. Hökumət iddia etdi ki, prokurorun ərizəçinin lehinə çıxış etməsi Senatı ərizəçinin iclasda şəxsən iştirak etməsini təmin etmək vəzifəsindən azad etmişdi. Bu arqument Məhkəməni inandırmadı, xüsusən ona görə ki, Latviya qanunvericiliyi prokurorun tərəflərdən birini təmsil etməsinin və ya məhkəmə iclasında onu əvəz etməsinin mümkünlüyü barədə nəticə çıxarmağa imkan vermir. Ərizəçi öz tələbi əsasında başlanmış inzibati prosesdə tərəf idi. Müvafiq olaraq, işin əsas iştirakçısı kimi o, çəkişmə prinsipindən irəli gələn bütün hüquqlara malik olmalı idi. Kassasiya protestinin prokurorluq tərəfindən verilməsi faktı ərizəçinin öz işinə baxılmasında iştirak etmək hüququnu heç bir halda məhdudlaşdırmır, lakin o, bu hüququnu həyata keçirmək istəsə də buna imkan yaradılmadı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41 – Ərizəçiyə dəymiş bütün ziyana görə 5.000 avro kompensasiya təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy