İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
ANDREYEVA AZƏRBAYCANA QARŞI
(19276/08 nömrəli şikayət)
Q Ə R A R
STRASBURQ
18 dekabr 2012-ci il
Andreyeva Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədrlik edən – Nina Vayiç,
Hakimlər -
Xanlar Hacıyev,
Julia Laffranq,
və Bölmə katibi – Andre Vampak
27 noyabr 2012-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq, həmin tarixdə qərar qəbul etmişdir:
PROSEDUR MƏSƏLƏLƏRİ
Bu iş Azərbaycan Respublikasının vətəndaşı xanım Vera Yakovlevna Andreyevanın (“ərizəçi”) İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 3 mart 2008-ci ildə təqdim etdiyi şikayət (19276/08 nömrəli) ilə başlanmışdır.Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab O.Muradov, Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.4 yanvar 2011-ci ildə şikayət barədə Hökumətə məlumat verilmişdir.
FAKTLAR
İŞİN HALLARI
Ərizəçi 1940-cı ildə anadan olmuşdur və Bakıda yaşayır.1994-cü ildə ərizəçinin qardaşı öz mənzilini S.-ə satmışdır və 1995-ci ildə S.-in həmin mənzilə mülkiyyət hüququ rəsmi qaydada dövlət qeydiyyatına alınmışdır.1996-cı ildə ərizəçinin qardaşı məhkəmə qarşısında iddia qaldıraraq 1994-cü il tarixli müqavilənin və mübahisəli mənzillə əlaqədar bağlanılmış sonrakı əqdlərin etibarsız hesab edilməsini xahiş etmişdir. 1997-ci ildə Nizami rayon məhkəməsi ərizəçinin qardaşının öz iddiasını geri götürməsini nəzərə alaraq icraata xitam vermişdir. Ərizəçinin vəsatəti əsasında Bakı şəhər Məhkəməsi 24 iyun 1997-ci ildə 22 may 1997-ci il tarixli qətnaməni ləğv edərək işə yenidən baxılması üçün aidiyyəti üzrə göndərmişdir.14 aprel 1998-ci ildə ərizəçinin qardaşı vəfat etmişdir və ərizəçi məhkəmə tərəfindən onun varisi qismində tanınmışdır. Ərizəçi icraatın təzələnməsini xahiş etmişdir.1999-cu ildə S. həmin mənzili O.-yə satmışdır və sonuncu mənzilə olan mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirmişdir.16 avqust 2001-ci ildə Nizami rayon məhkəməsi ərizəçinin iddiasını təmin edərək 1994-cü il tarixli müqavilənin (ərizəçinin qardaşı ilə S. arasında bağlanılmış müqavilə) və 1999-cu il tarixli müqavilənin (S. və O. arasında bağlanılmış müqavilə), habelə O.-nun adına verilmiş mənzilin dövlət qeydiyyatına alınması barədə çıxarışın etibarsız hesab edilməsi və O.-nun və ailə üzvlərinin mənzildən çıxarılması haqqında qətnamə qəbul etmişdir.14 noyabr 2001-ci ildə Apellyasiya Məhkəməsi 16 avqust 2001-ci il tarixli qətnaməni O.-nun və ailəsinin mənzildən çıxarılması hissəsində dəyişmişdir. Məhkəmə qeyd etmişdir ki, O. və onun ailəsi işğal olunmuş Füzuli rayonundan məcburi köçkündürlər. Bunu əsas gətirən məhkəmə onların yaşamaq üçün başqa yerlərinin olmaması səbəbindən Füzuli rayonu işğaldan azad olunanadək O. və onun ailəsinin mənzildən çıxarılması hissəsində qətnamənin icrasına möhlət verilməsini qərara almışdır.29 mart 2002-ci ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirərək icraya möhlət verilməsi hissəsini ləğv etmişdir.13 iyun 2002-ci ildə ərizəçinin adına mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir.Ərizə barədə Hökumətə məlumat verildikdən sonra 17 dekabr 2009-cu ildə ərizəçinin xeyrinə qəbul edilmiş qətnamə icra edilmişdir və 18 dekabr 2009-cu ildə icra işinə xitam verilmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
Daxili qanunvericilikdən müvafiq çıxarışlar Məhkəmənin “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi qərarda (38798/07 nömrəli şikayət, 18-24-cü bəndlər, 22 aprel 2010-cu il) verilmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİ VƏ KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-ci MADDƏSİNİN POZULMASI İDDİALARI
Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsaslanaraq xeyrinə çıxarılmış qətnamənin icra olunmamasından şikayət etmişdir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müvafiq hissəsində qeyd edilir:
“Hər bir kəsin...mülki hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı işə...məhkəmə tərəfindən...ədalətlə baxılması hüququ vardır...”
1 saylı Protokolun 1-ci maddəsində qeyd edilir:
“Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Şəxs yalnız cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş qaydada mülkiyyətindən məhrum edilə bilər.
Lakin yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək məqsədilə zəruri olan qanunları həyata keçirmək hüququnu məhdudlaşdırmır.”
A. İşə baxılmasının mümkünlüyü
1. Məhkəmənin rationae temporis yurisdiksiyası
Məhkəmə qeyd edir ki, ərizəçinin xeyirinə olan məhkəmə qətnaməsi Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi 15 aprel 2002-ci ildən əvvəl qəbul edilmişdir.Məhkəmə bildirir ki, dövlət orqanlarının qeyd olunan qətnaməni icra etməmələri səbəbindən məhkəmə qətnaməsi uzun müddət icra edilməmiş vəziyyətdə qalmışdır. Ona görə də, burada davam edən pozuntu mövcuddur və bu baxımdan Məhkəmə şikayətin 15 aprel 2002-ci ildən sonrakı dövrlə bağlı hissəsinə baxmaq səlahiyyətinə malikdir (baxın, yuxarıda qeyd edilmiş “Gülməmmədova” işi, 26-cı bənd).
2. Ərizəçinin zərərçəkmiş şəxs statusu
Məhkəmə qeyd edir ki, ərizəçinin xeyrinə qəbul edilmiş qətnamə 17 dekabr 2009-cu ildə icra edilmişdir. Lakin Məhkəmə təkrar edir ki, ərizəçinin xeyrinə qəbul edilmiş qərar və ya həyata keçirilmiş tədbir onun “zərərçəkmiş şəxs” statusundan azad edilməsi üçün kifayətedici hesab olunmur. Bu məqsədlə milli qurumlar açıq-aydın və ya mahiyyət üzrə Konvensiyanın pozulmasını etiraf etməli və bundan sonra pozulmuş hüquqları bərpa etməlidirlər (baxın, Amuur Fransaya qarşı, Qərar və Qərardadlar barədə Hesabatlar, 1996-III, s. 846, 36-cı bənd və Dalban Rumıniyaya qarşı, Böyük Palata, 28114/95 nömrəli şikayət, 44-cü bənd İHAM 1999-VI). Yalnız göstərilən şərtlər yerinə yetirildikdə Konvensiyanın qabaqlayıcı mexanizminin xüsusiyyəti ərizənin araşdırılmasının qarşısını alır.Hazırkı iş üzrə qətnamənin on iki ildən artıq müddət ərzində icra olunmadığını və bu müddətin səkkiz ildən artıq hissəsinin Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi dövrə aid olduğunu nəzərə alaraq Məhkəmə müəyyən edib ki, həmin dövr ərzində ərizəçinin hüquqları bərpa edilməmiş, həmçinin ərizəçiyə məhkəmə qətnaməsinin davamlı olaraq icra edilməməsi və Konvensiyanın müddəalarının iddia olunan pozuntusu ilə əlaqədar heç bir təzminat təklif edilməmişdir.Belə olan halda, ərizəçinin xeyrinə qəbul edilmiş qətnamənin icra olunmasına baxmayaraq, Məhkəmə müəyyən edib ki, ərizəçinin xeyrinə həyata keçirilmiş tədbirlər onun hazırkı iş üzrə “zərərçəkmiş şəxs” statusundan azad olunması üçün kifayətedici deyil (müqayisə et, Ramazanova və digərləri, 44363/02 nömrəli şikayət, 1 fevral 2007-ci il tarixli qərar, 38-ci bənd).
3. Digər mümkünlük meyarları
Məhkəmə hesab edir ki, şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş mənada açıq-aşkar əsassız deyil və hər hansı digər əsasa görə də onlara baxılması mümkünsüz hesab edilə bilməz. Ona görə də, bu şikayətlərə baxılması mümkün hesab edilir.
B. İşin mahiyyəti
Məhkəmə qeyd edir ki, bu işin faktiki dəlilləri, şikayətlər və qaldırılmış hüquqi məsələlər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunun müəyyən edildiyi yuxarıda qeyd edilmiş “Gülməmmədova” işi ilə eynidir.Məhkəmə işdə olan bütün materialları araşdıraraq müəyyən edir ki, Hökumət hazırkı şikayətlə bağlı onu fərqli nəticəyə gəlməyə inandırmaq üçün hər hansı fakt və ya dəlil irəli sürməmişdir.Xüsusilə, Məhkəmə Azərbaycanda çoxlu sayda məcburi köçkünün olmasının ərizəçinin xeyrinə olan qətnamənin icrası ilə bağlı müəyyən çətinliklər yaratdığını qəbul etməyə hazırdır. Bununla belə, bu qətnamə qəti və qanuni qüvvəyə malik olmuşdur. Lakin dövlət orqanları ümumilikdə təxminən on üç ildən artıq bir müddət ərzində (bunun təxminən on ili Konvensiyanın qüvvəyə minməsindən sonrakı dövrə təsadüf edir) onun icra edilməsi üçün heç bir adekvat tədbir görməmişlər. Qeyd olunan qətnamənin icra olunması üçün zəruri olan tədbirlərin görülməsində dövlət orqanlarının lazımı tələskənlik və səy göstərməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, Hökumət qətnamənin uzun müddət icra edilməməsinə haqq qazandıran hər hansı dəlil irəli sürməmişdir.Ərizəçinin mülkiyyət hüququnun pozulması iddiası ilə bağlı təqdim etdiyi izahatlara gəlincə, onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə müdafiə olunan əmlakından maneəsiz istifadə hüququ ilə məcburi köçkünlərin yaşayış sahələri ilə təchiz olunmaq hüquqları arasında tarazlığın təmin edilməsi vəzifəsinə əməl olunması üçün dövlət orqanları tərəfindən hər hansı xüsusi tədbirlərin görülməsi nə ölkə məhkəmələri, nə də Avropa Məhkəməsi tərəfindən təsbit edilmişdir. Belə olan halda, qətnamənin icrasının kifayət qədər uzun müddət ərzində təmin olunmaması ərizəçinin son dərəcə ağır duruma düşməsi ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, bu ağır duruma görə hər hansı kompensasiya verməməklə dövlət orqanları məcburi köçkünlərin müvəqqəti olaraq yaşayış yerləri ilə təchiz edilmələrində təcəssüm olunan cəmiyyətin ümumi marağı ilə ərizəçinin əmlakından maneəsiz istifadə hüququnun müdafiə edilməsi arasında ədalətli tarazlılığı təmin edə bilməmişlər (baxın, yuxarıda qeyd edilmiş “Gülməmmədova” işi, 43-50-ci bəndlər).Beləliklə də, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmuşdur.
II. KONVENSİYANIN DİGƏR MÜDDƏALARININ POZULMASI İDDİASI
Ərizəçi Konvensiyanın 8-ci maddəsi əsasında şikayət edərək onun mənzil hüququnun pozulduğunu iddia etmişdir. Məhkəmə işdə olan bütün materialları araşdıraraq və bu şikayətlərin onun səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq ərizəçinin Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının pozulmadığını müəyyən etmişdir. Bununla ərizənin həmin hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndində və 4-cü bəndində nəzərdə tutulmuş mənada açıq-aşkar əsassız olduğuna görə rədd edilməlidir.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
Ərizəçi vurulmuş mənəvi ziyana görə 10 000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.Hökumət tələb edilən məbləğin həddindən artıq böyük olduğunu qeyd etmiş və mənəvi ziyana görə ərizəçiyə maksimum 2 400 avro məbləğində vəsaitin ödənilməsinə hazır olduğunu bildirmişdir.Məhkəmə hesab edir ki, ərizəçi xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət ərzində icra olunmaması nəticəsində müəyyən mənəvi ziyana məruz qalmışdır. Lakin tələb olunan məbləğ həddindən artıq çoxdur. Məhkəmə Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi ədalətli qiymətləndirmə apararaq ərizəçiyə vurulmuş mənəvi ziyana görə 3 600 avro məbləğində vəsaitin ödənilməsini və bura bu məbləğdən tutulacaq vergilərin əlavə olunmasını qət edir.
B. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı hissədə şikayətə baxılmasını mümkün, digər hissələrdə mümkünsüz hesab edir;
2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qət edir;
3. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulduğunu qət edir;
4. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət üç ay ərzində ərizəçiyə tutulacaq vergi də daxil olmaqla vurulmuş mənəvi ziyana görə 3 600 (üç min altı yüz) avro məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir:
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 18 dekabr 2012-ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Andre Vampak Nina Vayiç
Katibin müavini Sədr
Full & Egal Universal Law Academy