© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
BEYNƏLXALQ HEYVAN MÜDAFİƏÇİLƏRİ BİRLƏŞMİŞ KRALLIĞA QARŞI İŞİ
(CASE OF ANIMAL DEFENDERS INTERNATIONAL v. THE UNITED KINGDOM)
( 48876/08 saylı ərizə )
QƏRAR
STRASBURQ
22 aprel 2013-cü il
Bu qərar qətidir, lakin redaktə məqsədi ilə təhlil edilə bilər
Beynəlxalq Heyvan Müdafiəçiləri Birləşmiş Krallığa qarşı işinə,
Aşağıdakı tərkibdən:
Dean Spielmann, Sədr,
Nicolas Bratza,
Françoise Tulkens,
Josep Casadevall,
Nina Vajić,
Ineta Ziemele,
Elisabeth Steiner,
Päivi Hirvelä,
George Nicolaou,
András Sajó,
Zdravka Kalaydjieva,
Mihai Poalelungi,
Nebojša Vučinić,
Kristina Pardalos,
Vincent A. De Gaetano,
Julia Laffranque,
Helen Keller, hakimlər,
və Michael O’Boyle, Katibin Müavini,
ibarət Böyük Palatada baxan Avropa İnsan hüquqları Məhkəməsi
7 mat 2012-ci il və 20 fevral 2013-cü il tarixlərində qapalı müşavirə keçirərək,
Sonuncu tarixdə qəbul edilən aşağıdakı qərarı çıxarmışdır:
PROSES
1. Bu iş Məhkəməyə Londonda yerləşən qeyri-hökumət təşkilatı (“QHT”) olan Beynəlxalq Heyvan Müdafiəçiləri (“ərizəçi”) tərəfindən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına qarşı İnsan Hüquqları və Fundamental Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (Konvensiya) 34-cü Maddəsinə əsasən 11 sentyabr 2008-ci il tarixində verilmiş ərizə əsasında açılmışdır.
2. Ərizəçi Məhkəmə qarşısında Londonda fəaliyyət göstərən vəkil cənab T.Allen tərəfindən təmsil olunmuşdur. Birləşmiş Krallığın Hökuməti (“Hökumət”) öz Nümayəndəsi, Xarici İşlər Nazirliyinin Əməkdaşı cənab A. Sornarajah tərəfindən təmsil edilmişdir.
3. Ərizəçi 2003-cü il tarixli Kommunikasiyalar haqqında Qanunun 321 (2) maddəsinə əsasən ödənişli siyasi reklamın (təşviqatın) qadağan edildiyindən şikayət edib.
4. Ərizənin baxılması Məhkəmənin Dördüncü Bölməsinə təyin edilib (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 21 yanvar 2011-ci il tarixində Məhkəmə işi Hökumətə kommunikasiya etmək barədə qərar qəbul edib. O, həmçinin işə qəbuedilənlik və mahiyyəti üzrə eyni vaxtda baxmağa dair qərara gəlib (29-cu Maddənin 1-ci bəndi). 29 noyabr 2011-ci il tarixində Palata öz yurisdiksiyasından Böyük Palatanın xeyrinə imtina etməyi qərara alıb.
5. Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci Maddəsinin 2 və 3-cü bəndlərinə və Məhkəmə reqlamentinin 24-cü Qaydasına əsasən müəyyən edilib.
6. Ərizəçi və Hökumət hər biri işin qəbuledilənliyi və mahiyyəti ilə bağlı məlumat təqdim ediblər.
7. Dinləmə 7 mart 2012-ci il tarixində Strasburqda İnsan Hüquqları Binasında ictimaiyyətə acıq şəkildə keçirilib (59-cu Qaydanın 3-cü bəndi). Məhkəmə prosesində aşağıdakılar iştirak ediblər:
– Hökumətin adından
C-bA. Sornarajah,Nümayəndə,
C-bM. Chamberlain,Vəkil,
X-mE. Van Heyningen,
X-mS. White, Məsləhətçilər;
– ərizəçinin adından
C-bH. Tomlinson QC,
C-bA. O’Neill QC,Vəkil,
X-mT. Allen,Məsləhətçi,
X-mJ. Creamer, Ərizəçi təşkilatın prezidenti.
Məhkəmə c-b Chamberlain və c-b Tomlinsonun çıxışlarını dinləyib.
FAKTLAR
I. İŞİN HALLARI
8. Ərizəçi QHT heyvanlardan ticarət, elm və əyləncə sahələrində istifadə edilməsinə qarşı kampaniya keçirir; kampaniyanın məqsədi qanunvericilik və dövlət siyasətində dəyişikliyə və bu məsələ ilə bağlı ictimaiyyətin və parlamentin rəyinə təsir etməyə nail olmaqdan ibarətdir.
1. Qadağan edilmiş televiziya reklamı
9. 2005-ci ildə ərizəçi ‘Mənim dostum primatdır’ (‘My Mate’s a Primate’) adlı kampaniya başladıb ki, həmin kampaniya da primatların saxlanması və nümayiş etdirilməsi, eləcə də televiziya reklamlarında istifadəsinə qarşı yönəldilmişdi. Bu kampaniyanın tərkib hissəsi olaraq ərizəçi 20 saniyəlik televiziya reklamını yayımlamaq niyyətində idi. Təklif olunan reklamın açılışında heyvan qəfəsində olan zəncirlənmiş qız yavaş-yavaş kölgələrin arasından çıxırdı. Daha sonra ekran boş görünür və bir-birinin ardınca üç mesaj çıxırdı: “Şimpanzenin ağlı dörd yaşında uşağın ağlına bərabərdir”; “Genetik bünövrəmizin 98% eyni olsa da, onlar hələ də qəfəsdə saxlanır və bizi əyləndirməyə məcbur edilirlər”; və “Daha çox məlumat əldə etmək və bunun qarşısını almaqda bizə kömək etmək üçün 10 funt sterlinq dəyərində maarifləndirmə paketinizi sifariş edin”. Son səhnədə şimpanze qızın olduğu vəziyyətdə göstərilirdi.
10. Təklif edilən reklam Yayım Reklam Nəzarət Mərkəzinə (The Broadcast Advertising Clearance Centre (“the BACC”)) onun müvafiq qanunlara və məcəllələrə uyğun olub-olmadığının yoxlanması məqsədilə təqdim edilib. 2005-ci il aprel ayının 5-də BACC reklamı təsdiq etməkdən imtina edib. Ərizəçinin məqsədləri “bütövlükdə və ya əsasən siyasi xarakter daşıyırdı” və buna görə də, 2003-cü il tarixli Kommunikasiyalar haqqında Qanuna əsasən (2003-cü il Qanunu”) həmin reklamın yayımlanması qadağan olunurdu. Həmin qərar 6 may 2005-ci il tarixində təsdiq olundu. Reklama internetdə baxmaq mümkün idi və indi də mümkündür.
2. Yüksək Məhkəmə ([2006] EWHC 3069)
11. 19 oktyabr 2005-ci il tarixində ərizəçi qəbul edilən qərarın 1998-ci il tarixli İnsan Hüquqlarına dair Qanunun (İHQ) 4-cü maddəsinə uyğunsuz elan edilməsinə nail olmaq üçün icraat başlatdı və 2003-cü il Qanununa əsasən televiziya və radioda siyasi reklamın qadağan edilməsinin Konvensiyanın 10-cu Maddəsinə zidd olduğunu mübahisələndirdi. Mübahisələndirilən yeganə məsələ bu qadağanın “demokratik cəmiyyətdə zəruri” hesab edilib-edilməməsi idi.
12. Dövlətin adından Mədəniyyət, Media və İdman (DCMS) İdarəsinin Baş Direktoru tərəfindən verilmiş 16 dekabr 2005-ci il tarixli yazılı izahat təqdim edildi. Həmin izahatda yayım sahəsinə tətbiq edilən tənzimləyici rejimin qərəzsiz olmasının nə dərəcədə əhəmiyyətli olduğu və siyasi reklamın qərəzsizliyə hansı səbəblərdən uyğun hesab edilmədiyi açıqlanırdı. Orada izah edilirdi ki, daha az məhdudlaşdırıcı qadağanı tətbiq etmək mümkün deyildi və 1999-cu ildə başlayan təhlil prosesinə (bax aşağıda 37 – 55-ci bəndlər) istinad edərək bildirilirdi ki, məsləhəti alınan qurumlar bu qadağanı dəstəkləyiblər və hesab edilirdi ki, bununla ərizəçinin arqumentləri cavablandırılıb. Yayım mediasının unikal xarakterini nəzərə aldıqda həmin media vasitəsi üzərində nəzarətin tətbiq edilməsi əsaslandırıla bilərdi, xüsusilə nəzərə almaq lazım idi ki, ərizəçi medianın digər növlərindən də istifadə etmək imkanına malik idi. İzahatda digər ölkələrin qanunvericiliklərinə də istinad etmiş (İrlandiya, Danimarka, İsveç və Norveç) və nəticə olaraq bildirilmişdi ki, ödənişli siyasi reklama icazə verən ölkələrdə belə sistemin idarə olunması ilə bağlı “təcrübədə mühüm problemlər” meydana çıxır: buna misal olaraq, xüsusilə, çoxpartiyalı sistemlərin mövcud olduğu şəraitdə bütün tərəflərə bərabər çıxışın təmin edilməsi problem yarada bilər, çünki bütün partiyaların ödənişli siyasi reklamdan istifadə etməsi üçün imkanları bərabər olmaya bilər və bundan əlavə “siyası” reklam anlayışının məhz nədən ibarət olduğunun müəyyən edilməsində çətinliklər yarana bilər.
13. 4 dekabr 2006-cı ildə Yüksək Məhkəmə (hakimlər Auld LJ və Ousley J) ərizəçinin ərizəsini rədd etdi. Hər iki hakim qadağanın anlayışının geniş şəkildə verildiyi qənaətinə gəldi. Ousley J müşahidə etdi ki, həmin anlayış “seçki zamanı siyasi partiyaların fəaliyyətin mühitini və intensivliyindən tutmuş qeyri-siyasi qurumların istənilən vaxt ictimaiyyəti narahat edən məsələləri müzakirə etməsinə qədər müxtəlif sahələri” əhatə edir. Siyasi ifadə ifadə formalarından ən qiymətlisi olsa da, hər iki hakim müdaxilənin əsaslı olduğu qənaətinə gəldi.
14. Hər iki hakim bu işin VgT Verein qeqen Tierfabriken İsveçrəyə qarşı (VgT Verein gegen Tierfabriken v. Switzerland (no. 24699/94, ECHR 2001‑VI)) işinin faktlarına uyğun olmadığını bildirdi. Auld LJ müəyyən etdi ki, 2003-cü il tarixli Qanunun bir sıra təkmilləşdirici xüsusiyyətləri var idi ki, həmin xüsusiyyətlər VgT işində mövcud deyildi; buraya, siyasi məsələlər və seçkilərlə bağlı yayımların vaxtına və məzmununa tətbiq edilən nəzarətin yumşaldılması da daxil idi. Onlar VgT işi ilə bağlı Qərarın R (Prolayf allayens) BBC-yə qarşı (R (ProLife Alliance) v BBC ([2003] UKHL 23)) işi ilə bağlı Qərarda tənqid olunduğuna istinad etdilər; Ousley J bildirdi ki, VgT qərarının əsaslarını burada görmək mümkün deyildi. Hər iki hakim bu işin Mörfi İrlandiyaya qarşı (Murphy v. Ireland (no. 44179/98, ECHR 2003‑IX (extracts)) işinə aidiyyatı olduğuna şübhə ilə yanaşdılar: həmin qərar siyasi reklamla əlaqədar deyildi və onları inandırmaq üçün belə bir arqument yetərli deyildi ki, siyasi reklamlar üçün verilən mülahizə sərbəstliyi dini reklamlarla bağlı verilən mülahizə sərbəstliyindən daha məhdud ola bilər.
15. Hər iki hakim Parlament tərəfindən edilən siyasət və qanunvericiliklə bağlı seçimlərə məhkəmələr tərəfindən ehtiyatla yanaşılmalı olduğunun vacibliyini qeyd etdilər:
“ ... siyasi və sosial cəhətdən mühakimə tələb edən belə məsələlərdə Müqavilə tərəfi olan Dövlətin icra və qanunverici hakimiyyət orqanları – xüsusilə sonuncular ölkənin demokratik ehtiyacları və bununla bağlı praktiki məsələləri Strasburq Məhkəməsindən və ya ölkənin öz məhkəmələrindən daha yaxşı başa düşə bilər. Burada söhbət bu və ya digər şəkildə məhkəmələrin Hökumətin siyasətinə və ya parlamentin qanunvericilik fəaliyyətinə müdaxilə etməkdən çəkinməsindən və onların fəaliyyətinə hörmətlə yanaşmasından gedir. Belə bir yanaşma Müqavilə tərəfi olan Dövlətin belə bir kontekstdə mülahizə sərbəstliyinin məhdudlaşdırılmasını deyil, genişləndirilməsini nəzərdə tutur; bu məsələ eyni ilə, Müqavilə tərəfi olan Dövlətin ənənələri ilə bağlı olan həssas və əhəmiyyətli məsələlərə dair mülahizə sərbəstliyinin mövcud olması ilə eynidir, belə ki, həmin kontekstlərdə dövlət qurumları – İrlandiyanın Mörfi işində olduğu kimi, belə məsələləri qiymətləndirmək üçün daha yaxşı mövqeyə malik olurlar.
Burada Birləşmiş Krallığın Parlamenti yalnız yayım media vasitələrində siyasi reklamın qadağan edilməsi ilə bağlı seçim edib və buna da səbəb ondan ibarətdir ki, həmin media vasitəsinin digər vasitələrlə müqayisədə daha çox təsiri olduğu hesab edildiyindən onun demokratik prosesi zənginlərin maraqları əsasında daha çox təhrif etmə potensialı vardır. Ola bilsin ki, o bunu fərqli bir üsulla etmişdir, lakin məhkəmə. parlamentin təklif etdiyi üsula verilən geniş və yüksək səlahiyyətli dəstəyi nəzərə alaraq bunu mühakimə edə bilərdimi?”
Auld LJ daha sonra belə nəticəyə gəlmişdir ki, Parlament ona verilən səlahiyyət çərçivəsində hərəkət etmişdir.
Ousley J qeyd etmişdir ki, Yüksək Məhkəmə sadəcə ona təqdim edilən sübutlara etibar etmir, belə ki, “parlamentin təcrübəsi, fəaliyyəti və mühakimə bacarığı zəruri əsaslandırmanı nümayiş etdirə bilər”. Qadağanın əsaslandırılmasına gəldikdə isə, o, bildirmişdir:
“Burada bir-birinə ziddiyyət təşkil edən maraqlar vardır və qanunverici orqanın onları tarazlaşdırmaq kimi bir öhdəliyi vardır və bu zaman Parlament ərizəçinin özü və başqaları üçün tələb etdiyi yayım mediasına geniş çıxış imkanlarından müxtəlif qrup və partiyaların necə istifadə edəcəyini nəzərə almalıdır. ...
Bununla bağlı, aydındır ki, Parlament s321-ci maddənin insan hüquqları ilə bağlı nəzərdə tutduqlarını diqqətə alaraq öz fikrini ifadə etmişdir. Mən qadağanı əsaslandırmaq üçün sübut rolunu oynayan bu rəyin böyük çəkiyə malik olduğu qənaətindəyəm. Bu icra aktı deyildir, ikinci dərəcəli əhəmiyyəti olan qanunvericilik aktı deyildir, bu Parlamentin üzvlərindən heç birinin əleyhinə çıxış etmədən qəbul etdiyi əsas qanunvericilik aktıdır. O, Professor Barendtin insan hüquqları ilə bağlı irəli sürdüyü müxalif əsaslara və VgT işinə istinadən irəli sürülən qeyd-şərtlərə bələd idi; həmin əsaslar İnsan Hüquqları üzrə Birgə Komitə və Seçki Komissiyası tərəfindən irəli sürülmüşdü.
Mən eyni zamanda Parlamentin işin mahiyyəti ilə bağlı rəyinə böyük çəki verirəm. Yayım mediasının siyasi debatların mövzularına, çərçivəsinə və intensivliyinə olan təsirini ən yaxşı qiymətləndirə biləcək qurum məhz gündəlik olaraq seçicilər və maraq qrupları ilə işləyən və bu maraqları qəbul edən, onlara müqavimət göstərən və ya onlara cavab verən qurum ola bilər. Onlara daha yaxşı məlumdur ki, bu qadağanın dəyişdirilməsi hansı qruplara fayda gətirə bilər. Əlbəttə mübahisə edilməz bir faktdır ki, Parlament öz üzvləri və siyasi cəhətdən fəal əməkdaşları vasitəsilə həmin məsələlərlə bağlı hakimlərdən daha yaxşı fikir yürüdə bilərlər. Bu elə bir sahə deyildir ki, orada hakimlər daha çox bilik və təcrübəyə malik olsunlar. Qeyri-milli hakimlərlə bağlı bu fakt xüsusilə təkzibedilməzdir.
Mən bu faktların demokratik şəkildə seçilmiş qurumun ictimai maraqlar naminə hansı qadağanın tətbiq edilməsi ilə bağlı qərarını yetərincə əsaslandırdığı qənaətindəyəm. Mahiyyət etibarı ilə bunu digər şəkildə belə ifadə etmək olar ki, məsələnin mahiyyəti Parlamentə əhəmiyyətli dərəcədə mülahizə sərbəstliyi və səlahiyyəti verilməsini tələb edir.
Heç bir şübhə yoxdur ki, Parlament reklam yerləşdirənlər və ya reklamın növləri arasında fərq qoymaq üçün daha münasib ifadə tərzindən istifadə edə bilərdi ki, məsələ öz həllini tapmış olsun. Lakin, istənilən həll yolunun mürəkkəbliyi və özbaşınalığa gətirib çıxara biləcəyi faktı Parlamentə tamamilə əsas verir ki, siyasi reklamların tamamilə qadağan edilməsinin ən düzgün və ədalətli qərar olduğundan əmin olsun.”
Parlamentin həmin qadağanın qüvvəyə minməsini təmin etməklə öz təcrübəsinə aid olan sahədə zəruri olan addımı atdığı və ya Parlamentin ona geniş səlahiyyət sərbəstliyi verilməli olan bir sahədə mühakimə yürütməsi ilə bağlı Ousley J hesab etmişdir ki, məhkəmələr Parlamentin qərarına hörmətlə yanaşmalıdırlar.
16. Bu məsələ ilə bağlı Avropada konsensusun yetərli olmadığını qeyd edən Auld LJ bildirmişdir ki, təqdim edilmiş ekspert rəylərinin çox az köməyi olmuşdur, Dövlət tərəfindən yalnız açıqlama məqsədi ilə hazırlanmışdır və Dövlət özü ona etibar etməmişdir. Ousley J qeyd etmişdir ki, Yüksək Məhkəməyə bu məsələnin Avropa Şurasına və Birliyə üzv olan digər ölkələrdə necə həll olunduğuna dair müəyyən, lakin heç də təfərrüatlı olmayan materiallar təqdim edilmişdir. Təqdim edilən həmin materialların yalnız bunu nümayiş etdirməkdə faydası olmuşdur ki, seçki müddətləri zamanı reklamların qadağan edilməsi ilə bağlı konsensus mövcuddur; ümumilikdə aydın deyildi ki, hazırda qadağanın seçki müddətindən kənarda tətbiq edilməsi ilə bağlı konsensus mövcuddur ya yox. Müxtəlif dövlətlər özlərinə xas olan həssas siyasi məsələləri və öz yayım sistemlərini nəzərə alaraq məhz hansı qadağanın zəruri olduğuna müxtəlif şəkildə qərar vermişdilər. Ümumi razılığın olmaması hər halda onunla bağlı idi ki, hər bir dövlətdə qanunverici orqanının həmin dövlətin demokratik cəmiyyətində nə dərəcədə qadağa tətbiq edilməsinin zəruri olduğunu müəyyən etməsi üçün müxtəlif şərtlər mövcud idi.
17. Həm Auld LJ, həm də Ousley J qadağanın əsasını təşkil edən səbəbi vurğulamışdılar: yayım mediasının zənginlərin maraqlarina xidmət edərək müəyyən siyasi gündəliyin xeyrinə təhrif edilməməsinin qarşısını almaqla demokratik prosesin tamlığını və dürüstlüyünü təmin etmək. Ousley J qadağanı spesifik kontentə qarşı çıxmaqla deyil, demokratik prosesi dəstəkləməklə səciyyələndirmişdir. Hər iki hakim hesab etmişdir ki, yayım mediasının məhz bu qadağanı tətbiq etmək üçün seçilməsi legitim olmuşdur, belə ki, məhz bu yayım növünün təsiri potensial olaraq daha güclü idi: Ousley J qeyd etmişdir ki, yayım mediasının digər kütləvi informasiya vasitələri ilə müqayisədə daha kütləvi xarakter daşıması və daha qüdrətli olması ilə bağlı müzakirələr ciddi xarakter daşımır. Televiziyanın digər media növləri ilə müqayisədə daha bahalı olması ilə bağlı debatlara gəldikdə, Ousley J hesab etmişdir ki, bunu qəbul etmək kifayətdir ki, yayım şirkətləri və reklam yerləşdirənlər TV-də yayımlanan reklamın daha üstün olduğundan xəbərdardırlar və həmin reklam üçün reklam yerləşdirənlər həmin ictimai debatlarda iştirak etmək arzusunda olan geniş əhali qruplarının ödəyə biləcəyindən qat-qat çox ödəniş etməli olurlar.
18. Nəhayət, hər iki hakim belə bir arqumenti rədd etmişdir ki, qadağa seçki proseslərindən kənarda və ərizəçi kimi siyasi partiya fəaliyyətindən və ya seçki kampaniyalarından kənarda olan qruplara tətbiq edildiyinə görə qeyri-mütənasib olmuşdur. Auld LJ vurğulamışdır ki, qadağanı yalnız seçki müddətlərinə tətbiq etmək “nə prinsip etibarı ilə, nə də məntiqi cəhətdən” düzgün olmaz. Hər iki hakim hesab etmişdir ki, belə müddətlərdən kənarda da yayım mediasında həyata keçirilən siyasi reklamın demokratik prosesə eyni dərəcədə təsiri etmək imkanı vardır. Bununla bağlı, Ousley J qeyd etmişdir ki, yayım mediası həmişə mövcud olduğundan həmin media vasitələrində müxtəlif siyasi məsələləri hər zaman qaldırmaq mümkün idi və satın alınmış təsirdən qanunvericiliyin təşviqinə, seçkilərin keçirilməsi haqqında qərara və ya onların nəticələrinə öz təsirini göstərə bilərdi. Hər iki hakim həmçinin hesab etmişdir ki, siyasi partiyaların fəaliyyəti ilə bağlı məsələlər və ictimai maraq kəsb edən digər məsələlər arasında fərq qoymaq cəhdi qeyri-mümkün, özbaşına və qeyri-ədalətli addım ola bilərdi: siyasi debatların təhrifi müxtəlif formalar ala və ictimai əhəmiyyət kəsb edən geniş çeşiddə məsələləri əhatə edə bilərdi və bununla da müəyyən məsələləri kateqoriyalara ayırmaq çətin ola bilərdi. Bundan əlavə belə bir risk də mövcud idi ki, belə bir fərqin qoyulması siyasi partiyalara siyasi reklamı yalnız qadağadan kənarda qalan “problemli və ya dəstək verən” qruplara tətbiq etmək imkanı versin.
19. Nəticədə, Yüksək Məhkəmə uyğunsuzluq haqqında bəyanat verməyi rədd etmişdir.
3. Lordlar Palatası ([2008] UKHL 15)
20. 12 mart 2008-ci ildə Lordlar Palatası (Lord Bingham, Lord Scott, Baroness Hale, Lord Carswell və Lord Neuberger) yekdilliklə ərizəçinin şikayətini rədd etdi.
21. Lord Bingham aparıcı qərarı qəbul etmişdir. O qəbul etmişdir ki, qadağa siyasi ifadəyə müdaxilə etdiyinə görə Dövlətin üzərinə qoyulmuş əsaslandırma standartı “yüksək” idi və mülahizə sərbəstliyi buna müvafiq olaraq az idi. Qadağanın məqsədi aşağıdakılardan ibarət idi:
“28. Demokratik prosesin fundamental məntiqi əsası ondan ibarətdir ki, bir-birinə ziddiyyət təşkil edən rəylər, nöqteyi-nəzərlər və siyasətlər ictimai müzakirəyə çıxarılsın və ictimai nəzarət altına salınsın ki, zaman keçdikcə yaxşı niyyət pisə və həqiqət yalana qalib gələ bilsin. Ehtimal edilməlidir ki, demokratik proses çərçivəsində ictimaiyyətə seçim etmək imkanı verildikdə vaxt keçdikdə o, düzgün seçimi edəcək. Lakin olduqca arzu edilən haldır ki, debatların aparılma sahəsi mümkün qədər praktiki olsun. Buna elə hallarda nail olmaq mümkündür ki, ictimai müzakirələrdə fərqli fikirlər səsləndirilsin, müzakirə edilsin və cavablandırılsın. Yayımçıların vəzifəsi ondan ibarətdir ki, bu məqsədə qərəzsiz şəkildə çatmaq üçün bütün tərəflərin fikrinin ifadə edildiyi tarazlı proqramlar hazırlayıb təqdim etsinlər.”
22. Aşağıdakı hallarda bu məqsədə çatmaq mümkün deyil:
“...siyasi partiyalar olmayan müxtəlif qüvvələr öz pul kisələrindən istifadə etməklə doğru və ya yanlış, cəzbedici və ya qabaqcıl fikirlərə və ya qeyri-cəlbedici, mənfəət gətirici və zərərli düşüncələrə üstünlük qazandıra bilsinlər. Risk ondan ibarətdir ki, ictimaiyyət üzvləri bu və ya digər siyasi məsələni həmin məsələnin doğru olduğu siyasi debatlarda sübuta yetirildiyinə görə deyil, həmin məsələnin yayım orqanları tərəfindən daim təkrarlandığına görə qəbul etmə məcburiyyətində qala bilərlər. Mənim fikrimcə ifadə azadlığı hüququ çərçivəsində qorunan başqalarının hüququ konseptinə eyni zamanda, qərəzli siyasi reklamların potensial mənfi təsirlərindən qorunmaq hüququ da daxildir.”
Lord Bingham düşünmürdü ki, yuxarıda sitat gətirilmiş VgT qərarında bu arqumentin tam gücü nümayiş etdirilib.
23. O hesab etmişdir ki, ümumi qadağa zəruri idi ki, xoşagəlməz məqsədlərə xidmət edilən təşkilatlar tərəfindən reklam həyata keçirilməsi riskinin qarşısı alınsın və o, müşahidə etmişdir ki, bu imkan VgT qərarında yetərincə diqqətə alınmamış, lakin yuxarıda sitat gətirilmiş Mörfi (Murphy) qərarında isə tanınmışdır. Qadağanın yalnız yayım mediasına tətbiq edilməsi Ousley J-in fikrincə televiziya və radionun xüsusi kütləvi xarakteri və əhatə etmə potensialı ilə izah edilmişdi və həmin meyar bu Məhkəmə tərəfindən Cersild Danimarkaya qarşı işində (Jersild v. Denmark (23 September 1994, § 31, Series A no. 298)) və Murphy işində tanınmışdı; lakin o, qeyd etmişdir ki, bütün bunlara baxmayaraq VgT qərarında bu məsələnin əhəmiyyəti azaldılmışdı.
24. Daha az məhdudlaşdırıcı qadağanın (reklamların vaxtı, tezliyi, xərcləri və ya təbiəti və keyfiyyəti baxımından tənzimlənən) tətbiq edilməsinin ehtimal edilən mənfi təsiri azalda biləcəyi məsələsinə gəldikdə, Lord Bingham hesab etmişdir ki, bu imkanı təfərrüatı ilə araşdırmağa ehtiyac yoxdur, belə ki, digər məsələlərlə yanaşı (inter alia) istənilən daha az məhdudlaşdırıcı qadağanın tətbiqi bir-birinə bənzər məqsədləri təşviq edən kiçik qrupların yaradılması hiyləsinə əl atılması ilə nəticələnə bilərdi; onu obyektiv və əlaqəli şəkildə tətbiq etmək mürəkkəb ola bilərdi; və bundan əlavə, yayımçılar üçün qərəzsizliklə bağlı öhdəliklərini yerinə yetirmək olduqca çətin ola bilərdi. JCHR güzəştli (kompromis) həll yolunun tapılmasını xahiş etsə də, Hökumət bildirmişdi ki, problemi həll etmək üçün heç bir ədalətli və işə yarayan güzəştli həll yolunu tapmaq mümkün deyildir və “yeganə həll yolu Parlamentin qəbul etdiyi qərardır. Mən həmin qərarı mübahisələndirmək üçün heç bir əsas görmürəm”. Parlament tərəfindən qəbul edilən qərara üç səbəbdən “böyük əhəmiyyət və ya çəki” verilməlidir. Birincisi, tamamilə ağlabatan bir hal idi ki, demokratik yolla seçilmiş siyasətçilərin demokratiyanın dürüstlüyünü qorumaq üçün tələb olunan tədbirlərə “xüsusi həssaslıqla” yanaşması gözlənilsin. İkincisi, Parlament həmin qadağanın az da olsa 10-cu Maddəni pozduğu ehtimalı olduğunu qəbul etsə də, yenə də həmin qadağanı tətbiq etmək qərarına gəlmişdi, çünki o, həmin qadağaya və öz qərarına olduqca böyük önəm verirdi və buna görə də həmin qərar “əhəmiyyətsiz” detal kimi nəzərdən qaçırılmamalıdır. Üçüncüsü, qanunvericilik ayrı-ayrı halları aradan qaldırmaq məqsədi ilə tərtib edilə bilməzdi, onun məqsədi ümumi qaydaları müəyyən etməkdən ibarət idi və Parlament bu iki məsələ arasındakı sərhədi müəyyən etməli idi. Əlbəttə ki, mürəkkəb işlərin həmin sərhədin yanlış hissəsinə düşmək ehtimalı olsa belə, “bu səbəbdən ümumilikdə faydalı olan qaydaları qüvvədən salmaq üçün istifadə edilə bilməzdi”.
25. Ərizəçinin digər kütləvi informasiya vasitələrindən istifadə edə bilməsi faktı “müəyyən çəkiyə malik olan meyar” idi və bu meyarı Bouman Birləşmiş Krallığa qarşı (Bowman v United Kingdom (19 February 1998, Reports 1998‑I) işi ilə müqayisə etmək tələb olunurdu; həmin işdə mübahisələndirilən qanunvericilik müddəası ərizəçinin öz fikirlərini ifadə etməsinə tamamilə maneə yaratmışdı.
26. Nəhayət, Lord Bingham müşahidə etmişdir ki, üzv Dövlətlər arasında siyasi reklamların yayımlanmasının tənzimlənməsinə dair qanunvericilik aktları ilə bağlı ümumi bir razılıq olmamışdır. Bu Məhkəmə belə bəzi hallarda Dövlətin mülahizə sərbəstliyini genişləndirərək təklif etmişdir ki, hər bir Dövlətin öz daxilində demokratiyanın tamlığını və 10-cu Maddəyə uyğunluğu təmin etmək üçün qarşılıqlı nəzarət sistemini yaratması daha məqsədəuyğundur. O şikayəti rədd etmiş və Ousley J və əsasən Auld LJ ilə razılaşmışdır. O, Lord Scott-un belə bir fikrini qəbul etməmişdir ki, ölkə daxili məhkəmələr Konvensiyanın müddəalarını bu Məhkəmədən fərqli şəkildə şərh edə bilər, belə ki, həmin məhkəmələr hansısa bir xüsusi hal olmadıqda, bu Məhkəmə tərəfindən müəyyən edilmiş aydın və davamlı presedent hüququnu tətbiq etməlidirlər.
27. Lord Scott Lord Bingham ilə razılaşmış və iki şərh əlavə etmişdir.
Birincisi, qadağa 10-cu Maddənin “əhəmiyyətli” dərəcədə geniş olduğu nəzərə alınmaqla, həmin Maddə əsasında verilən şikayətlərin sayının artmasına gətirib çıxara bilərdi: o, ərizəçinin heç bir siyasi məzmunu olmayan və ya tamamilə neytral məzmuna malik olan reklamları yerləşdirmək imkanını məhdudlaşdıra bilər və ərizəçinin onların prinsiplərini təhqir edən icazə verilmiş kommersiya reklamlarına ‘qarşı çıxmaq’ imkanından məhrum edə bilərdi. Nəticədə, bəzi hallarda 319 və 321-ci maddələrin 10-cu Maddənin müddəalarına uyğun olmaması mümkün ola bilərdi. Lakin, İnsan hüquqları haqqında Qanunun 4-cü maddəsinə əsasən uyğunsuzluq bəyanatı vermək diskresion hüquq idi. Ümumi qayda olaraq, bu yalnız elə hallarda tətbiq edilə bilərdi ki, işdə göstərilsin ki, sözügedən müddəa “ərizəçinin Konvensiya ilə təsbit olunmuş hüququna... həmin hüquqa uyğun olmayan şəkildə təsir edib”; burada qanunvericiliyin hər hansı müddəasının Konvensiyaya uyğun olmaması ilə bağlı irəli sürülən fərziyyəvi fikirlər yetərli deyildi. Nəticə ondan ibarət idi ki, qadağa ərizəçinin 10-cu Maddə ilə təmin edilən hüquqlarına zidd deyildi.
İkincisi, VgT qərarının əsasında ehtimal etmək mümkün deyildi ki, Məhkəmə bu işdə Lordlar Palatasının fikri ilə razılaşmayacaq. Murphy işində Məhkəmə VgT işi ilə bağlı verdiyi qərarın əsaslarını səciyyələndirməmiş və ya dəqiqləşdirməmişdi və bu Məhkəmənin qərarları hər bir işin öz faktları üzərində cəmləşərək qəbul edilirdi. Lordlar Palatası və bu Məhkəmənin gəldiyi nəticələr arasında fərq ola biləcəyini yalnız ehtimal etmək olardı.
28. Baronessa Hale öz mühakiməsinə başlayaraq bildirdi ki, bu işin dinləməsi həyata keçirilərkən problem hamıya çox yaxşı məlum idi və Amerika Birləşmiş Ştatlarında yalnız seçkilər zamanı deyil, siyasi fikrin formalaşmasında da reklam üstün rol oynayırdı. O, ABŞ-da seçkilərin keçirilməsi üçün xərclənən böyük maliyyə vəsaitlərini vurğulamışdır. ABŞ-da təsir qruplarının öz ismarışlarını ən güclü və təsirli media vasitələri ilə yaymaq üçün bütün imkanlardan istifadə etməsinə heç bir məhdudiyyət qoyulmurdu.
29. O, davam edərək qadağanın arxasında duran məntiqi izahı təsvir etmiş və bildirmişdir ki, Hökumət və onun formalaşdırdığı siyasət daha çox pul xərcləyənlər tərəfindən müəyyən edilmir:
“Bizim demokratiyamız bir şəxs bir səsdən daha çox məna ifadə edən məfhuma əsaslanır. O, belə bir fikrə əsaslanır ki, bütün şəxslərin dəyəri bərabərdir. ... Biz istəyirik ki, gündəliyimizdə duran məsələlərlə bağlı hər kəsin öz fikrini formalaşdırmaq və ifadə etmək imkanı olsun. Bunun üçün bizə sərbəst informasiya və fikir mübadiləsi lazımdır. Biz qəbul etməliyik ki, bəzi insanların digərləri ilə müqayisədə öz fikirlərini ifadə etmək üçün daha yaxşı imkanları vardır. Lakin biz qeyri-məhdud şəkildə media vasitələrindən istifadə edilməklə yol verilə biləcək təhriflərin qarşısını almaq istəyirik.
Buna görə də, bu iş sadəcə ifadə azadlığına qadağa qoyulmasına icazə verilməsi barəsində deyil. Bu iş, demokratiyanın iki vacib komponenti: ifadə azadlığı və seçici bərabərliyi arasında tarazlıq yaradılması ilə bağlıdır.”
30. Baronessa Hale Lord Bingham tərəfindən irəli sürülmüş arqumentlərlə tam şəkildə razılaşaraq qeyd etmişdir ki, bu işdə mübahisələndirilən qadağa ərizəçinin 10-cu Maddədə nəzərdə tutulmuş hüquqlarına ziddiyyət təşkil etməmişdir. Bunun əksinə olaraq həmin qadağa:
“51. ... problemin həllinə yönəldilmiş tarazlı və mütənasib cavab idi: onlar şikayətlərini istənilən digər formada formalaşdıra bilərlər, lakin heç bir şəkildə ictimai debatları zənginlərin xeyrinə təhrif edə biləcək bir formada irəli sürməklə müvəffəqiyyətə nail ola bilməzlər. Kampaniyanı keçirməyin arxasında duran səbəblərdən və kampaniyanı keçirənlərin ixtiyarında olan resurslardan asılı olmayaraq eyni növ reklamları tənzimləyən eyni qaydaların mövcud olması zəruridir. Biz təsdiq edib-etmədiyimiz səbəblər arasında fərq qoymamalıyıq. Eyni zamanda biz təcrübə səviyyəsində hər qəpik uğrunda mübarizə aparan kiçik təşkilatlar və böyük maliyyə vəsaitlərinə malik olan böyük təşkilatlar arasında fərq qoymamalıyıq. Kimisə dəstəkləmək və ya ayırmaq bizə fayda gətirməz...”
31. O, Məhkəmənin VgT işi ilə bağlı qərarının bu işə tətbiq edilməsinin doğru olduğunu şübhə altına almış və bildirmişdir ki, Məhkəmənin bütün qərarları kimi, həmin qərar da işin spesifik faktlarına əsaslanmışdır:
“52. ... Təşkilatların bənzər olmalarına baxmayaraq onların təşviq etdikləri reklamlar fərqli idi: “az ət yeyin” ismarışı “onların əziyyət çəkməsinə son qoymaqda bizə yardım edin” ismarışından fərqli idi. VgT işində daha az çəkiyə malik olan əhəmiyyətli arqumentlər Murphy işində qəbul edilmişdi. İstənilən halda, bir-birinə ziddiyyət təşkil edən maraqlar arasında ədalətli tarazlıq yaratmaq dini kontekstlə müqayisədə siyasi kontekstdə daha çox əhəmiyyət kəsb edirdi. Demokratiyada siyasi çıxışlar qədər, digərlərinin siyasi hüquqlarının qorunması da eyni dərəcədə əhəmiyyət kəsb edir. Məsələ burada ondan ibarətdir ki, tətbiq edilmiş qadağa digərlərinin demokratik hüquqlarının qorunmasına xidmət edirdi ya yox. Lord Bingham-in nümayiş etdirdiyi kimi, Hökumət və Parlament bir qədər əvvəl daha az məhdudlaşdırıcı qadağanın tətbiq edilməsinin uyğun olub-olmadığını təhlil etmiş və onun uyğun olmadığını müəyyən etmişdilər. Seçilmiş həll yolu bütün tərəflərin dəstəyini almışdı. Bütün siyasi mövqeləri təmsil edən parlament üzvləri belə fikirdə idilər ki, qadağa bu demokratik cəmiyyətdə zəruri idi. Belə bir məsələ ilə bağlı əlbəttə ki, istənilən məhkəmə fərqli qərar qəbul etməkdə çətinlik çəkərdi. Bu qaydanın sərhədləri ilə, məsələn, siyasi orqan tərəfindən istənilən növ reklamın qadağan edilməsi və ya ictimai təzadlara səbəb olan istənilən məsələ ilə bağlı hər kəsin reklam verməsinin qadağan edilməsi ilə bağlı mübahisə aparmaq mümkün ola bilərdi. Lakin bu işdə həmin hallar baş verməmişdi.”
32. Nəhayət, Baronessa Hale Lord Bingham-la razılaşmışdır ki (Lord Scott-la razılaşmayaraq) Konvensiya ilə nəzərdə tutulmuş və yerli qanunvericiliyə inkorporasiya edilmiş hüquqların yekun olaraq şərh edilməsi bu Məhkəmə tərəfindən həyata keçirilməlidir. Ölkə daxili məhkəmələr “ehtiyatlı yanaşma” nümayiş etdirərək Məhkəmənin interpretasiyalarından “irəli getməməli”, əvəzində “Strasburq Məhkəməsinin yurisprudensiyası inkişaf etdikcə onunla ayaqlaşmalı, bundan artıq və ya əskik hərəkət etməməlidirlər”.
33. Həm Lord Carswell, həm də Lord Neuberger Lord Bingham-in təqdim etdiyi əsaslarla şikayəti rədd ediblər.
II. MÜVAFİQ ÖLKƏ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. 1998-ci il tarixli İnsan Hüquqları haqqında Qanun (“İHQ”)
34. İHQ İngiltərə, Uels və Şimali İrlandiyada 2 oktyabr 2002-ci il tarixində qüvvəyə minib. Qanunun 4-cü maddəsi məhkəmələrə hər hansı əsas və ya ikinci dərəcəli qanunun müddəası Konvensiyaya uyğun gəlmədikdə həmin müddəanın Konvensiyaya uyğunsuzluğu barədə bəyanat qəbul etmək səlahiyyəti verir. İHQ-nun 19-cu maddəsi “Uyğunsuzluq bəyanatı” adlanır və aşağıdakıları nəzərdə tutur:
“(1) Bu Qanun üzrə məsul ...Nazir Parlamentin istənilən Palatasında Qanunun ikinci oxunuşu keçirilərkən:
(a) həmin Qanunun müddəalarının onun fikrincə Konvensiyada təsbit olunmuş hüquqlara uyğun olub-olmadığı barəsində çıxış etməli (“uyğunluq bəyanatı”); və ya
(b) çıxış edərək bildirməlidir ki, o, uyğunluq haqqında bəyanat verə bilməsə də, Hökumət Qanun üzrə dinləmələrin davam etdirilməsi arzusundadır.
(2) Bəyanat yazılı şəkildə olmalı və həmin bəyanatı verən nazirin uyğun gördüyü şəkildə dərc etdirilməlidir.”
B. Qadağanın meydana gəlməsi ilə bağlı ümumi məlumat
1. 2002-ci il tarixli Kommunikasiyalar haqqında Qanunla bağlı ümumi məlumat (“2002-ci il Qanunu”)
(a) 1954-cü il tarixli televiziya haqqında Qanun (“1954-cü il Qanunu”)
35. 1954-cü il tarixli qanundan əvvəl BBC Birləşmiş Krallıqda fəaliyyət göstərən yeganə yayım şirkəti idi və heç vaxt ödənişli reklamlara yer vermirdi. 1954-cü il tarixli Qanun reklam gəlirləri əsasında fəaliyyət göstərən kommersiya yayım şirkətləri üçün bazar yaratmış oldu və həmin qanuna əsasən tənzimləyici orqan (Müstəqil Televiziya Qurumu “MTQ” – “İTA”) yaradılmış oldu ki, digər məsələlərlə yanaşı (inter alia ) 1954-cü il Qanununda nəzərdə tutulmuş ödənişli siyasi reklamların qadağan edilməsini həyata keçirmiş olsun:
“Tamamilə və ya bütövlükdə dini və ya siyasi məqsədlərə xidmət edən istənilən qurum tərəfindən və ya həmin qurumun adından verilən hər hansı reklamın və hər hansı dini və ya siyasi məqsədə xidmət edən hər hansı reklamın və ya sənaye mübahisələri ilə bağlı olan hər hansı reklamın yayımlanmasına icazə verilməməlidir.”
36. Daha sonralar qəbul edilmiş qanunvericilik aktları bu qadağanın qüvvədə qalmasını təmin etmişdir.
(b) İctimai Həyat Standartları üzrə Komitə (“Neill Komitəsi”)
37. Neill Komitəsi Hökumət tərəfindən siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı məsələni geniş surətdə təhlil etmək məqsədi ilə yaradılmışdır. Kanada, Almaniya, İrlandiya, İsveç və Birləşmiş Ştatlara səfər etdikdən sonra 1998-ci ilin oktyabr ayında Komitə özünün beşinci hesabatını Hökumətə təqdim etdi. Hesabatın 13-cü Fəslində Neill Komitəsi televiziya və radioda siyasi reklamların yerləşdirilməsinin qadağan olunmasını tövsiyə edir və bu qadağanın müsbət cəhətlərini aşağıdakı kimi təsvir edirdi:
“13.7 Siyasi partiyaların və digər siyasi motivasiyalı təşkilatların televiziya və radioda efir vaxtını almasının qadağan edilməsi onların ümumilikdə nə qədər maddi vəsait xərcləməsinə və buna müvafiq olaraq, maliyyə məqsədilə nə qədər maddi vəsait əldə etməli olmalarına təsir göstərir. Bu təsirlərin faydalı olması ilə bağlı demək olar ki, bütün dünya miqyasında razılıq mövcuddur. Birləşmiş Krallıqda keçirilən seçki kampaniyaları istənilən digər ölkə ilə müqayisədə daha ucuz başa gəlir. Seçki kampaniyaları zamanı, televiziya tamaşaçıları və radio dinləyiciləri davamlı olaraq siyasi partiyaların təşviqatla bağlı məlumat hücumuna məruz qalmırlar (bu məlumatların da əksər hissəsi, icazə verildiyi təqdirdə, şübhəsiz ki, mənfi xarakterli olacaqdı). Partiyaların zəngin donorlardan asılılığı aşağı səviyyədədir. Siyasi liderlər televiziya və radioda aparılan reklam təşviqatının maliyyələşməsini təmin etmək üçün fundreyzinq tədbirlərinə həddindən artıq vaxt və enerji sərf etməli deyillər. Müsbət cəhətlərdən biri də ondan ibarətdir ki, yayım şirkətləri siyasi partiyalar üçün pulsuz efir vaxtı ayırırlar. Bu ö deməkdir ki, yalnız ən zəngin siyasi partiyalar deyil, bütün əsas siyasi partiyalara üz fikirlərini ifadə etmək üçün bərabər imkanlar yaradılır. ABŞ-da keçirilən seçkiləri müşahidə edənlərin demək olar ki, hamısı Birləşmiş Krallığın sistemindəki bu cəhətə müsbət amil kimi hörmət bəslədiklərini ifadə etmişlər. İnanırıq ki, hal-hazırda mövcud olan qaydalar bu ölkənin maraqlarına yaxşı xidmət etmişdir və qüvvədə qalmaqda davam etməlidir.”
38. Neill Komitəsi hesab etmişdir ki, qadağa nəticəsində ifadə azadlığına qoyulan məhdudiyyət potensial olaraq əsaslandırıla bilən idi. Komitə belə nəticəyə gəlmişdir:
“13.11 ... Hökumətin radio və televiziyada siyasi reklam yerləşdirilməsini qadağan etmənin hüquqi cəhətdən müdafiə edilə bilən olduğu ilə bağlı mövqeyində qalması tamamilə uyğundur. Biz xüsusilə Nazirliyin arqumentinə istinad edirik ki, [X və Z Assosiasiyası Birləşmiş Krallığa qarşı (X and the Association of Z v. the United Kingdom, no. 4515/70, Commission decision of 12 July 1971, Yearbook 14, p. 538] ...həmin arqument də Birləşmiş Krallıq vətəndaşlarının zəngin sponsorlara malik olan partiyanın reklam praym taymı zamanı həyata keçirdiyi məlumat hücumlarından müdafiə olunmasının əsaslı olduğunu nəzərdə tuturdu. Əgər məhkəmə gələcəkdə buna zidd olan qərar qəbul edərsə, həmin qərarın siyasi partiyaların maliyyələşdirilməsinə dramatik təsiri ola bilər. Belə bir sərbəstlik verildiyi təqdirdə partiyaların bu fürsətdən istifadə edərək televiziya və radioda özlərini reklam edəcəyini (və ya opponentlərinə hücum edəcəyini) demək olar ki, əminliklə söyləmək olar. Birləşmiş Ştatlarda siyasi partiyalar tərəfindən seçki zamanı həyata keçirilən xərcləmələrin əsas hissəsi radio və televiziyada yerləşdirilən reklamlara sərf olunur. İstənilən digər faktor kimi reklam yerləşdirmək təzyiqi də pul tələbatını artırır və bununla da Demokratlar və Respublikaçılar arasında silahların yarışı ilə nəticələnir...”
39. Neill Komitəsi davam edərək təklif etmişdir ki, nə isə baş verdiyi halda qanunvericilik bu məsələni kifayət qədər geniş əhatə etməsi məqsədilə yenidən təhlil edilməlidir:
“13.12 Dəlillərdən bəzilərində istinad edilən istənilən gələcək təhlükə baş verdikdə, məsələn, texnologiyaların inkişaf etməsi ilə informasiyaların yayılmasının yeni üsullarının meydana gəlməsi (kabel televiziyası, çox kanallı rəqəmsal televiziyalar, internet və s.) ilə siyasi reklamların qadağan edilməsi ilə bağlı hazırda tətbiq edilən hüquqi qadağaya məruz qalmamaq üçün yeni metodların yaranması ilə nəticələnə bilər. Bunun baş verməsinin qarşısını almaq üçün sayıqlıq tələb olunur. Cari qanunvericiliyin əhatə dairəsinin kifayət qədər geniş olmasından əmin olmaq üçün onu daim təhlil etmək lazımdır.”
40. 1999-cu ildə Hökumət yayım sahəsini tənzimləyən qanunvericiliyin hərtərəfli təhlilinə başladı və digər məsələlərlə yanaşı (inter alia) siyasi reklamla bağlı mövcud olan cari qadağa ilə müqayisədə daha az məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi də müzakirəyə çıxardı. 1999-cu ilin iyul ayında Hökumət Neill Komitəsinə cavab verərək siyasi reklamları qadağan edən qanunvericiliyin qüvvədə qalmasını nəzərdə tutan qanunvericiliyi təklif etdi:
“9.2 televiziya və radioda ödənişli siyasi reklamın qadağan edilməsi siyasi partiyaların seçki kampaniyalarına sərf etdikləri və buna görə də əldə etməli olduqları maliyyə vəsaitlərinin məhdudlaşdırılması üçün əsas amil olmuşdur. Nəticədə, bu qadağa müxtəlif mənsubiyyətə malik olan bütün siyasi partiyalar tərəfindən dəstəklənmişdir və Hökumət həmin qadağanın qüvvədə qalması ilə bağlı Neill Komitəsi tərəfindən verilmiş tövsiyəni güclü surətdə dəstəkləyir.”
2. 2002-ci il tarixli Qanunla bağlı məsləhətləşmələr
(a) Kommunikasiyalarla bağlı Ağ Sənəd
41. 2000-ci ilin dekabr ayında Hökumət Kommunikasiyalarla bağlı Ağ Sənəd dərc etdirmiş və həmin sənəddə Kommunikasiyalar haqqında Qanunun İngiltərə və Uelsdə yayım mediası üzərində, siyasi reklamların qadağan edilməsinin icrası da daxil olmaqla, yeni nəzarət həyata keçirməsini təklif etmişdir. Məsləhətləşmə müddəti ərzində Məhkəmə özünün Vgt Verein gegen Tierfabriken v. Switzerland (no. 24699/94, ECHR 2001‑VI) işi ilə bağlı qərarını çıxarmışdır.
(b) 2002-ci il tarixli qanunun dərc və təhlil etdirilməsi
42. Həmin məsləhətləşmə müddətinin ardından 2002-ci ilin may ayında Hökumət 2002-ci il tarixli qanunu dərc etdirir və bununla da üç aylıq məsləhətləşmə müddətini açıq elan edir. Proqram xidmətləri siyasi xarakterli fəaliyyətlə məşğul olan qurumlar tərəfindən və ya onların adından verilmiş və ya siyasi məqsədə xidmət edən reklamları daxil etməməli idilər. 2002-ci il Qanunu ilə birlikdə dərc etdirilən sənədlərin arasına İzahat Qeydləri (burada VgT qərarına istinad edilir və bildirilirdi ki, həmin Qərar qadağanın Konvensiyaya uyğun olub-olmadığı məsələsi ilə bağlı müəyyən şübhələr oyatmışdı) və Qanunda yer almış təklifləri əhatə edən Siyasət sənədi və müvafiq siyasət qərarları daxil edilmişdi; həmin qərarlarda digər məsələlərlə yanaşı (inter alia) bildirilirdi ki, Qanun ifadə azadlığı və yayımlanan müəyyən növ materiallardan müdafiə olunmaq zərurəti arasında müvafiq tarazlıq yaradır.
43. İnsan Hüquqları üzrə Birgə Komitə (“İHBK - JCHR”, parlamentin qanun layihələrinin insan hüquqları nöqteyi-nəzərindən ekspertizasını həyata keçirən daimi komitəsi) 2002-ci il tarixli Qanunu 2002-ci ilin iyun ayında təhlil edərkən Birləşmiş Krallığın media hüququ sahəsində birinci dərəcəli təhsil ocağı olan London Kollec Universitetində (University College London) (1990-2010) Media Hüququ üzrə Baş Professor olan Professor Barendt-in rəyini almışdır. Siyasi reklamlara qadağa qoyulmasının Konvensiyanın 10-cu Maddəsinə uyğun ola biləcəyinə dair suala cavab olaraq Professor Barendt bildirmişdir ki, o, VgT işinin nəticəsi ilə razılaşır. Onun fikrincə siyasi proqramda (məsələn Amnesty) ödəmə qabiliyyəti olan bir qurum tərəfindən xeyriyyə reklamı yerləşdirilməsinə qadağa qoyulması “ifadə azadlığının olduqca kobud və əsassız şəkildə pozulması” demək idi. O belə hesab edirdi ki, avtomobil və sükanı idarə etməklə bağlı məhsulların kommersiya reklamlarına icazə verilməsinin, lakin siyasi reklamların isə qadağan edilməsinin heç bir mənası yox idi. O, qeyri-məhdud çıxışın verilməsini təşviq etmirdi, əvəzində ödənişli reklam yerləşdirmə imkanlarının sayını məhdudlaşdırmaq üçün qaydalar qəbul edilməsini zəruri hesab edirdi. O, hesab edirdi ki, siyasi debatların təhrif edilməsinin “qarşısını almaq üçün hal-hazırda siyasi partiyaların maliyyələşdirilməsinə və xərcləmələrinə məhdudiyyətlər qoyulması kimi, maliyyə məhdudiyyətlərinin qoyulması” kifayət edə bilər.
44. 9 iyul 2002-ci il tarixində İHBK 2002-ci il qanunu ilə bağlı hesabat dərc etdirdi ki, həmin hesabat da siyasi reklamın qadağan edilməsini də əhatə edirdi. İHBK qəbul etdi ki, VgT qərarı nəzərə alındıqda qadağa Konvensiyanın 10-cu Maddəsinə uyğunsuz ola bilər. Lakin, o, qadağanın aradan qaldırılması ilə bağlı ehtiyatlı davranmağa çağırırdı, belə ki, qadağanın arxasında olduqca əhəmiyyətli məntiqi əsas dayanırdı və daha az məhdudlaşdırıcı digər bir tədbiri müəyyən etmək çox çətin idi. Kanada Ali Məhkəməsinin yanaşmasını qeyd edərək və ABŞ və Avstraliyada mövcud olan fərqli ifadə azadlığı ənənələrinə toxunaraq İHBK Avropa yanaşmasına üstünlük vermişdi, çünki həmin yanaşma “yayım mediasında siyasi ifadə üçün bərabər imkanlar yaratmaq kimi legitim məqsədə kifayət qədər çəki (əhəmiyyət)” verirdi və həmin ənənə də qadağanı əsaslandırırdı. İHBK davam edirdi:
“63. ... daha geniş mülahizələr mövcuddur ki, onlar fikrimizcə Birləşmiş Krallıqda hazırda mövcud olan qanunvericilik mövqeyinin dəyişdirilməsinə olduqca diqqətlə və ehtiyatla yanaşmağı tələb edir (ölkədə televiziya və radiodan istifadə edərək siyasi səbəbləri təşviq etmək imkanı siyasi partiyalar tərəfindən həyata keçirilən yayımların ən yüksək səviyyədə tənzimlənməsi ilə demək olar ki, tam şəkildə məhdudlaşdırılıb). Bu daha geniş mülahizələrə demokratik prosesin zəngin və güclü təbəqələrin əlində cəmlənməsi qorxusu da daxildir ki, Məhkəmə özünün VgT qərarında məhz bu məsələyə toxunub... Bir ölkədə media sahibliyinin müəyyən əllərdə cəmləşməsinin qarşısını almaq mümkün olmadıqda bu risk daha da artır. Bizə eyni zamanda yaxşı məlumdur ki, Məhkəmə tərəfindən xatırladılan güzəşt (kompromis) – daha az ayrı-seçkiliyə səbəb olan daha az məhdudlaşdırıcı qadağanın tətbiq edilməsi – qanunvericilik səviyyəsində həyata keçirilməsi olduqca mürəkkəb olan bir məsələdir. Xüsusilə, “siyasi nöqteyi-nəzər” (hər hansı siyasi partiyaya müxalif fikirlər ola bilər, lakin bunun qanunvericilikdə təsbit olunması tələb olunur)...”
45. İHBK yuxarıda sitat gətirilən VgT işi ilə bağlı qərarın ümumilikdə tətbiq edilməsinin mümkünlüyünə şübhə ilə yanaşsa və bu məsələyə qanunvericilik nöqteyi-nəzərindən lazımi cavabın verilməsindən əvvəl bu sahə ilə bağlı yurisprudensiyanın bir az da inkişaf etməsini gözləməyin vacib olduğunu düşünsə də, o, (Komitə) Hökumətin də 2002-ci il tarixli Qanuna əlavə etdiyi İzahat Qeydlərində qəbul etdiyi kimi, radio və televiziyada siyasi reklamın tamamilə qadağan edilməsinin böyük ehtimalla Konvensiyanın 10-cu Maddəsinə zidd olduğunun aşkar ediləcəyini hesab etdi. İHBK tövsiyə etdi ki, Hökumət “Qanuna tətbiq edilməsi mümkün olan və Konvensiyaya uyğun olan məhdudiyyətlərin daxil edilməsi üçün yollar axtarsın”.
46. Kommunikasiyalar haqqında Qanun Layihəsi üzrə Birgə Komitə (KQLBK) Qanunun təhlil edilməsi məqsədi ilə yaradılmış parlament komitəsi idi. Onun 25 iyul 2002-ci il tarixli hesabatında təklif edilən qadağanın əsasında duran prinsiplər dəstəklənirdi:
“301. ...Hökumətin fikri ondan ibarətdir ki, yayım mediasında uzun müddətdən bəri mövcud olan siyasi reklam qadağasını yenidən qüvvəyə mindirmək üçün kifayət qədər tutarlı səbəblər mövcuddur, lakin o, qəbul edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bu yaxınlarda qəbul edilmiş qərarı həmin qadağanın Konvensiyaya uyğunluğu ilə bağlı şübhələr yaradıb. Professor Erik Barendt mübahisə edib ki, siyasi reklamın ümumi şəkildə qadağan edilməsi insan hüquqlarına ziddir və təklif edib ki, həmin məqsədə çatmaq üçün ən yaxşı vasitə kimi siyasi reklamlara sərf edilən xərclərə məhdudiyyət qoyulsun. İnsan Hüquqları üzrə Birgə Komitə bildirmişdir ki, reklam vaxtının siyasi məqsədlərlə satın alınması üzərində qadağanın qoyulmasının Konvensiyada təsbit edilmiş hüquqlara uyğun olması ehtimal edilir. Biz siyasi reklamın qadağan edilməsinin əsasında duran prinsipləri dəstəkləyirik ... və Hökuməti təcili surətdə yollar tapmağa dəvət edirik ki, bu qadağanın tətbiq edilməsinin davamı Konvensiyada təsbit edilmiş hüquqlara ziddiyyət təşkil etməsin.”
47. Müstəqil Televiziya Komissiyası (MTK) həmin müddətdə kommersiya televiziyaları üzrə tam məsuliyyət daşıyan qurum idi. 10 oktyabr 2002-ci ildə MTK Hökuməti qadağanı davam etdirməyə çağırdı:
“MTK Hökumətin siyasi reklamlarla bağlı etirazlarının əsasında duran prinsiplərə şərik çıxır və ümid edir ki, qüvvədə olan qadağa qüvvədə qalmaqda davam edəcəkdir. Bizim öz qiymətləndirməmiz ondan ibarətdir ki, OFCOM/yayımçı qurum tərəfindən siyasi reklamların idarə edildiyi sistemin qərəzsizlik və lazımi əhəmiyyət kəsb etdiyi sınaqdan keçirilərkən, işlək olmadığına görə kifayət qədər tez bir surətdə sıradan çıxacaqdır ... Mütləq məhdudiyyət aradan qaldırıldığı halda, yayımçılar ...əgər siyasi reklam yerləşdirməkdən imtina etmişdilərsə, çağırışa böyük ehtimalla bir o qədər də açıq olmayacaqlar. Bu zaman biz olduqca təhlükəli bir vəziyyətə düşürük... öndə gedən təşkilatların yaradılmasının çətin olmadığı yerlərdə... siyasi partiyalarla bağlı qadağanın tətbiq edilməsi o qədər də effektiv deyil. Tam qadağa aradan qaldırıldığı halda yayımçılar... siyasi reklamları yayımlamaqdan imtina etdikləri təqdirdə hücumlara məruz qala bilərlər. Bu zaman təhlükəli vəziyyət yarana bilər... xüsusi təşkilatların yaradılmasının çətin olmadığı şəraitdə... adı çəkilən siyasi partiyalara qadağan tətbiq edilməsi kifayət qədər səmərəsiz ola bilər. Eyni yanaşmanı bir sıra fərdi emosional məsələlərə də, məsələn yaşamaq hüququna da tətbiq etmək mümkün olacaqdır. Strasburq Məhkəməsi tərəfindən İsveçrəyə qarşı iş ilə bağlı qəbul edilmiş qərar siyasi reklamın hansı hallarda qadağan edilə bilməsi ilə bağlı aydın izahat verməyib. Buna görə də, qəbul edilən istənilən kompromis tədbir qeyri-effektiv olmaqla bərabər Konvensiyaya zidd olmaq riski daşıyacaqdır”.
(c) 2002-ci il Qanununun Parlamentə təqdim edilməsi və müvafiq müzakirələr
48. 19 noyabr 2002-ci ildə Hökumət siyasi reklamın qadağan edilməsi də daxil olmaqla 2002-ci il Qanununu Parlamentə təqdim etdi. Qanunu təqdim edən Nazir 1998-ci il tarixli İnsan Hüquqları üzrə Qanunun 19(1)(b) bəndinə əsasən təqdimat həyata keçirdi:
“Mən buradan qeyd edə bilmərəm ki, (yalnız [siyasi reklamın qadağan edilməsi] səbəbi ilə) mənim fikrimcə, 2002-ci il Qanununun müddəaları Konvensiyada təsbit edilmiş hüquqlara uyğundur. Lakin, Hökumət yenə də Palatanın Qanunun qəbulunu həyata keçirməsini arzu edir”.
49. İHQ qəbul edilməsindən sonra bu ilk dəfə idi ki, Hökumət belə bir prosedur qəbul edirdi: bu o demək deyildi ki, hökumət 2002-ci il Qanununu Konvensiyaya zidd hesab edirdi, lakin o, VgT qərarı nəzərə alındıqda Qanunun Konvensiyaya uyğun olduğunu bəyan edə bilmirdi.
50. 22 noyabr 2002-ci il tarixində Mədəniyyət, Media və İdman Nazirliyi üzrə Dövlət Katibi (DCMS) İHBK-nin 2002-ci il iyul tarixli hesabatına cavab olaraq Nazirliyin Memorandumunu dərc etdirdi:
“... Hökumətə məlumdur ki, [Vgt] işi ilə bağlı qərar siyasi reklamlarla bağlı qadağanın (Qanunun qəbul edilməsi ilə yenidən qüvvəyə minəcək) AİHK-a uyğun olub-olmadığı ilə bağlı şübhələrin yaranmasına səbəb olacaq. Biz Komitənin rəyini ifadə edirik ki, yayım mediasında siyasi fikirlərin ifadə edilməsi üçün bərabər imkanların yaradılmasının təmin edilməsi kimi legitim bir məqsəd siyasi reklamlara qoyulan məhdudiyyətlərə bəraət qazandırır və cari qanunvericiliyin dəyişdirilməsi məsələsinə olduqca ehtiyatla yanaşmaq labüddür ....
Komitənin müşahidələrini nəzərdə tutaraq Hökumət Komitənin Qanuna daha işlək və Konvensiyaya daha uyğun məhdudiyyətlərin daxil edilməsi üçün yollar axtarılması ilə bağlı tövsiyəsinə əməl etdi. Biz xüsusi ilə spesifik qadağalara əsaslanan alternativ rejimin tətbiq edilməsi variantını nəzərdən keçirdik, məsələn siyasi partiyalar tərəfindən həyata keçirilən bütün siyasi reklamların qadağan edilməsi və seçki və referendum zamanı siyasi partiyalar tərəfindən istənilən növ siyasi reklamın yerləşdirilməsinin qadağan edilməsi, hər hansı bir xüsusi siyasi nöqteyi-nəzərin dominant rol oynamasının qarşısını almaq üçün nəzərdə tutulmuş qaydalar, siyasi reklamların vizual və ya audio identifikasiyasını (eyniləşdirilməsini) təmin etmək və həm siyasi reklamlara ayrılan efir vaxtı və yayım şirkətlərinə reklamdan əldə etdikləri ümumi gəlirin hansı hissəsinin məhz siyasi reklamlardan əldə edə biləcəyi üzərində nəzarətin aparılması və s. Biz belə nəticəyə gəldik ki, belə bir sistemi tətbiq etmək olduqca çətin ola bilər və istənilən halda hal-hazırda tətbiq edilən qadağa ilə müqayisədə daha az səmərəli olacaq və siyasi reklamların əhəmiyyətli dərəcədə yayımlanması üçün şərait yaradacaqdır.”
51. 3 dekabr 2002-ci il tarixində Mədəniyyət, Media və İdman Nazirliyi üzrə Dövlət Katibi uyğunluq haqqında bəyanat verməyin hansı səbəblərdən mümkün olmadığını parlamentə açıqladı:
“Bu məsələnin Komitədə müzakirə edilməsi üçün şərait yaradılacağına baxmayaraq mən vəziyyəti bütövlükdə Palata qarşısında açıqlamaq istəyirəm. Bu səpgidə bir müddəanın daxil edildiyi Qanunun qəbulunu həyata keçirmək haqqında qərar aydındır ki, istisna xarakteri daşımışdır və yalnız hüquqi arqumentlərin və siyasət nöqteyi-nəzərindən alternativlərin diqqətli şəkildə təhlil edilməsindən sonra qəbul edilmişdir.
Bir çox illər ərzində fəaliyyətdə olan Hökumətlər televiziya və radioda siyasi xarakterə malik olan istənilən reklama qadağanı tətbiq etmişdirlər. Bu halda Hökumətin niyyəti cari qadağanın - həmin qadağanın ki, o, Neill Komitəsinin siyasi partiyaların maliyyələşməsi ilə bağlı 1998-ci il tarixli hesabatında dəstəklənib - qüvvədə qalmasını təmin etməkdən və “siyasi” məhfumu altında məhz nəyin nəzərdə tutulduğunu müəyyən etməkdən ibarətdir ki, OFCOM cari tənzimləyicilər tərəfindən istifadə edilən anlayışı geniş mənada tətbiq etməyə davam etsin. ...
Lakin, bənzər qadağanın tətbiq edilməsi ilə müəyyən mürəkkəbliklər əlbəttə ki, mövcuddur [VgT qərarı]. Bu məsələyə İHBK də toxunmuşdu. AİHK-nin qərarına və [İHBK-ni] narahat edən məsələlərə cavab olaraq biz hazırkı qadağanın insan hüquqlarına daha uyğun olması üçün ona bəzi kiçik dəyişikliklər edilməsinin mümkünlüyünü təhlil etdik. Təəssüf ki, ediləcək istənilən dəyişiklik siyasi reklamların yayımlana bilməsi üçün şərait yaradacaq və mən ümid edirəm ki, bütün partiyalar arasında belə bir razılıq mövcuddur ki, bu arzu edilən bir nəticə olmayacaqdır. Maliyyə baxımından güclü olan tərəflərə siyasi debatları öz xeyirlərinə yönləndirmək fürsəti verməməklə cari qadağa ictimai və demokratik debatları təmin edir və yayımçıların qərəzsizliyini qoruyur.
Bütün faktları təhlil etdikdən və geniş hüquqi məsləhətləri nəzərə aldıqdan sonra mən belə nəticəyə gəlmişəm ki, bu qanuna daxil edilmiş qadağanın AİHK-na uyğunluğunu sübuta yetirmək üçün olduqca güclü arqumentlər irəli sürmək mümkündür. ...
Hökumət öz qanunvericiliyinin Konvensiyaya uyğun olub-olmadığını yoxlamaq üçün test standartları tətbiq edir və sözügedən [VgT] qərarını nəzərə almaqla mən Palatadan xahiş etməliyəm ki, bu Qanunu ona əlavə edilmiş 1998-ci il tarixli İnsan Hüquqları haqqında Qanunun 19(1)(b) maddəsi ilə birlikdə nəzərdən keçirsinlər. Bu o demək deyildir ki, biz Qanunun AİHK-na zidd olduğuna inanırıq və bu məsələ hüquqi cəhətdən mübahisələndirilsə, biz mövqeyimizi əsaslandırmaq üçün kifayət qədər güclü arqumentlər irəli sürə bilərik. Əlbəttə ki, əgər yerli məhkəmələr bizim mövqeyimizin əleyhinə qərar çıxarsaydılar, biz həmin mövqeyimizi yenidən nəzərdən keçirməli olardıq. Bundan əlavə, biz beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklərə olduqca ciddi yanaşırıq və Strasburq Məhkəməsində Birləşmiş Krallığın qanunvericiliyinin əleyhinə çıxarılmış istənilən qərara müvafiq olaraq həmin qadağaya düzəliş etməyə hazırıq. Bu mövqedən çıxış edərək Hökumət inanır ki, Palatadan qadağanı qüvvədə saxlamağı xahiş etmək düzgün seçimdir.”
52. 10 dekabr 2002-ci il tarixində Mədəniyyət, Media və İdman Nazirliyi üzrə Dövlət Katibi Parlament üzvünün sorğusuna cavab olaraq qadağanın Konvensiyaya uyğun olub-olmaması ilə bağlı MMİN-nin “İzahat qeydlərini” təqdim etdi ki, həmin qeydlərdə də Hökumətin qadağanın qüvvədə qalması ilə bağlı arqumentləri öz əksini tapmışdı. MMİN-nin İzahat qeydlərində bildirilirdi ki, VgT işi ilə bağlı qərar qadağanın Konvensiyaya uyğun olmasını mübahisələndirsə də, həmin qadağa bütün partiyalar tərəfindən geniş surətdə dəstəklənmiş və eyni zamanda, Neill Komitəsinin də dəstəyini almışdı. Qanunvericilik layihələrinin təhlilini həyata keçirən komitə və İHBK qadağanın əsasında duran prinsipləri dəstəkləmişdilər və Hökuməti qadağanın Konvensiyaya uyğunluğunu təmin etmək üçün yollar axtarmağa dəvət etmişdilər. Hökumət müvafiq məsləhətləri qəbul etmişdi. Konvensiyaya daha uyğun olan qadağaya nail olmaq qadağaya əhəmiyyətli dərəcədə dəyişiklik edilməsi yolu ilə mümkün idi ki, bu dəyişiklik də “ən azından lobbi qrupların və müxtəlif məsələlərlə bağlı kampaniya keçirənlərin” reklam yerləşdirə bilmələri üçün şərait yaradacaqdı. Bundan əlavə, qadağanın AİHK-na uyğun olduğunu müəyyən etmək üçün “çox güclü əsas” var idi və məhz buna görə Hökumət Parlamentə Qanunu ona daxil edilmiş qadağaya dair müddəa ilə birlikdə qəbul etməklə bağlı müraciət etmişdi.
Qadağanın Konvensiyaya uyğun bir şəkildə tətbiq edilməsi üçün həmin qadağaya alternativ olan variantlar nəzərdən keçirilmişdir:
“Xüsusilə, spesifik qadağalara əsaslanan alternativ rejimin tətbiq edilməsinə diqqət yetirilmişdir, məsələn, bütün partiyaların siyasi təşviqatını qadağan etmək və ya seçki və referendum vaxtları ərəfəsində bütün siyasi reklamların qadağan edilməsi; digər qaydalarla əlaqədar olaraq, hər hansı bir nöqteyi-nəzərin bir kanalda üstünlük təşkil etməsinin qarşısını almaq, siyasi reklamların vizual və ya audio identifikasiyasını (eyniləşdirməsini) təmin etmək və həm efir vaxtı, həm də yayımçıların siyasi reklamdan əldə etdikləri gəlirin ümumi reklam gəlirinin neçə faizini təşkil etdiyi baxımından siyasi reklamların miqyasına nəzarət etmək.
8. Hüquqi məsləhətlər nəzərə alındıqdan sonra belə bir nəticəyə gəlindi ki, belə bir sxemi işlək vəziyyətə gətirmək olduqca çətin olacaqdır və istənilən halda, tətbiq edilən tədbir hazırda tətbiq olunan birbaşa və tam ilə müqayisədə siyasi reklamın əhəmiyyətli bir hissəsinin bir sıra kanallarda yayımlanmasına gətirib çıxaracaqdır.”
MMİD tərəfindən verilmiş İzahat Qeydində daha sonra hüquqşünaslar tərəfindən MMİD-ə verilmiş məsləhətə əsasən VgT qərarına baxmayaraq qadağanın Konvensiyaya uyğun olduğunun əsasları açıqlanırdı:
“20. Hökumət Şuraya İsveçrəyə qarşı iş ilə bağlı qəbul edilmiş qərarın 1990-cı il tarixli Yayım haqqında Qanuna daxil edilmiş qadağanın siyasi reklamların Konvensiyaya uyğunluğuna necə təsir etdiyi ilə bağlı məsləhət verməsi üçün müraciət etmişdir. Şura məsləhət görmüşdür ki, yalnız İsveçrəyə qarşı işdə güclü bir əsas vardır ki, onun əsasında yerli qanunvericilik siyasi reklamları qadağan etdiyinə görə Konvensiyaya zidd hesab edilsin. O, həmçinin belə bir fikir ifadə etmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin İsveçrəyə qarşı qərarı əmin edici deyildi və yerli məhkəmənin qərarına bəraət qazandırmaq və Avropa Məhkəməsinin hazırkı işdə həmin qərara əməl etməməsini sübuta yetirmək üçün çox güclü arqumentlər mövcud idi.
21. Hüquqşünasın belə bir fikrə gəlməsi əsasən aşağıdakı səbəblərlə bağlı idi:
(a) yayım mediasının əhatə dairəsi və birbaşa təsir qüvvəsini nəzərə alaraq onun qərəzsizliyini qorumağın fundamental əhəmiyyəti;
(b) siyasi qurumların reklam yerləşdirməsi və ya siyasi xarakterli reklamların yerləşdirilməsinə icazə vermək qərəzsizlik prinsipinə ziddiyyət təşkil edə bilər, güclü qruplara efir vaxtını satın almaqla təsir gücünə malik olmağa imkan verə bilər və yayımçıları xidmətdə olan digər proqramlara təsir göstərmək niyyətində olan siyasi reklamçılara qarşı qorumadan məhrum edə bilər;
(c) bu mənada yayım mediasına xüsusi münasibət 10-cu Maddənin 1-ci bəndinin üçüncü cümləsində və Sərhədsiz Televiziya təşkilatının Direktivində nəzərdə tutulmuş qadağalarla dəstəklənir (yayım üçün lisenziyaların verilməsi);
(d) bu yaxınlarda verilmiş müstəqil rəy qadağanın qüvvədə qalmasına tərəf çıxmışdı: yəni, Neill Komitəsi və İnsan hüquqları üzrə Birgə Komitənin rəyləri nəzərdə tutulur;”
(e) qadağanın hər bir reklamın məzmununu araşdırmayaraq bütövlükdə siyasi qurumlara tətbiq edilməsi ilə bağlı tənqid əsaslı deyildir, çünki belə qurumlar tərəfindən yerləşdirilən istənilən təşviqat materialı onların maraqlarının dəstəklənməsinə xidmət edəcəkdir (əgər yalnız adın tanınmasını və ya fand-reyzinq vasitəsilə edilərsə), çünki bu və ya digər reklamın məzmununun “həddindən artıq” siyasi xarakterli olduğunu söyləmək çətin və qeyri-müəyyən olacaqdır və (təqdijm edilmiş faktorların əsasında) Parlament qərəzsizlik prinsipinə əməl edildiyinə nail olmaq üçün hər hansı bir reklamın deyil, qurumun mahiyyətinə baxmaqla öz səlahiyyət dairəsinə aid olan məsələ ilə bağlı olan bir qərar verir.
22. Hüquqşünas aşağıdakı səbəblər üzündən İsveçrəyə qarşı işdə istifadə olunan əsaslandırmanın inandırıcı olmadığı qənaətinə gəlmişdir:
(a) Strasburq Məhkəməsinin gəldiyi və qadağanın əmələ gətirdiyi narahatlıq doğuran məsələlərlə bağlı baş sındırmağa məcbur edən nəticə (güclü qrupların zəruri olmayan təsirə malik olmasının qarşısının alınması) belə bir fakta görə təcili məsələ kateqoriyasına daxil edilə bilməzdi: bu qadağa digər kütləvi-informasiya növlərinə şamil edilmirdi;
(b) Məhkəmə qəbul etmişdir ki, siyasi reklam yerləşdirilməsində müəyyən hallarda qadağa qoyula bilər, lakin Hüquqşünas qeyd etmişdir ki, ümumi qaydaları əsaslandırmaq səlahiyyəti mövcuddur, baxmayaraq ki, onlar olduqca mürəkkəb nəticələrin yaranmasına gətirib çıxara bilirlər;
(c) Məhkəmə KİV-lərin digər növlərinin (qəzet, vərəqələr və reklam lövhələri) ərizəçinin ixtiyarında qalması faktına yetərli çəki verməmişdir.”
53. 10 dekabr 2002-ci il tarixində İHBK Hökumətə müraciət edərək qadağanın qüvvədə qalmasının daha dolğun şəkildə izah etməsini xahiş etdi. 20 dekabr 2002-ci ildə İHBK hesabat dərc etdirərək Hökumətin Qanuna daha az sərt olan qadağa daxil etmədiyini izah edə bilmədiyinə görə təəssüf etdiyini bildirdi. 9 yanvar 2003-cü ildə MMİN üzrə Dövlət Katibi İHBK-yə 2002-ci ilin dekabrında millət vəkilinə göndərilmiş məktuba (yuxarıda 52-ci bənd) və onu müşayiət edən İzahat qeydlərinə istinad edərək cavab verdi. 10 fevral 2003-cü ildə İHBK cavab verdi ki, o, Hökumətin hərəkət kursunu legitim (qanuni) hesab edir. Orada xüsusilə deyilirdi (2002-2003-cü ilin Sessiyasının dördüncü hesabatı):
“40. Bizim birinci hesabatımızda, biz altı faktor müəyyən etmişdik ki, fikrimizcə, şərti olaraq, onların əsasında parlamentin Konvensiyada təsbit olunmuş hüquqa uyğunsuzluq yarada biləcək qanunvericilik aktı qəbul etməsini qiymətləndirmək mümkün ola bilərdi. Həmin məsələləri nəzərə alaraq və yuxarıda qeyd olunan məktublaşma diqqətə alınmaqla bizi qane edir ki—
- Qanunun 309-cu maddəsinə əsasən yayım mediasında siyasi reklam yerləşdirilməsi və sponsorluq haqqında məsələyə dair hər hansı məhkəmə işi açılarsa, Hökumət mübahisə edə bilər ki, VgT qərarı tətbiq edilməməlidir və ya alternativ olaraq həmin qərar heç də 309-cu maddənin AİHK-nın 10-cu Maddəsində nəzərdə tutulmuş ifadə azadlığı hüququnu pozmur və belə bir mübahisə arqumentinin müvəffəqiyyətli olması üçün ağlabatan əsaslar mövcuddur;
- Hökumət, əgər Məhkəmə həmin qanunvericilik aktının əleyhinə qərar çıxarsa idi və ya Birləşmiş Krallığın ölkə daxili məhkəməsi həmin qanunvericilik aktı ilə bağlı 1998-ci il tarixli İnsan hüquqları haqqında Qanunun 4-cü maddəsinə uyğunsuzluq bəyanatı versə idi, bu qanunvericilik aktına dəyişiklik etməyi öz öhdəsinə götürərdi; və
- bu müddətdə, qadağanın 10-cu Maddəyə uyğun olduğunu məhkəmələr qarşısında müdafiə etmək imkanını gözlədiyi zaman, Hökumətin kifayət qədər səbəbi vardır ki, qadağanın qüvvədə qalmasının əsaslarının onu məhdudlaşdırmanın əsaslarından daha güclü olduğunu düşünsün; burada xüsusilə nəzərə alınmalıdır ki, təcrübədə tətbiq edilə biləcək kompromis həll yolunu tapmaq olduqca çətin olacaqdır.”
54. 13 yanvar 2003-cü ildə Seçki Komissiyası (geniş sayda siyasi və seçki məsələlərini tənzimləmək məqsədi ilə Parlament tərəfindən yaradılmış qurum) “Partiyaların Siyasi yayımları: Hesabat və Tövsiyələr” başlığı altında hesabat dərc etdirdi. O qadağanın əsasını təşkil edən arqumenti inandırıcı hesab etdi. Əsas narahatlıq doğuran məsələ ondan ibarət idi ki, maliyyə imkanları güclü olan tərəflərin siyasi gündəliyi zəbt etməsinin və bununla da seçicilərin informasiyanı yalnız kiçik sayda olan zəngin siyasi partiyalardan almasının qarşısı alınsın. Bu halda yayımçılar üçün də tarazlıq və qərəzsizliyi qorumaq çətin ola bilərdi. Beynəlxalq səviyyədə müqayisələr ödənişli reklamın təsiri ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün o qədər də faydalı olmamışdı, belə ki, Komissiya Birləşmiş Ştatlar və Almaniyanın təcrübəsinə istinad etmişdi, harada ki, reklam üçün aşağı salınmış tariflərin tətbiq edilməsinə baxmayaraq yalnız böyük partiyaların belə reklamları yerləşdirmək üçün resursları var idi. VgT qərarına baxmayaraq, təklif edilən qadağa Konvensiyanın 10(2) Maddəsinə əsasən əsaslandırıla bilərdi (Hesabatın 16 və 17-ci səhifəsi):
“...qeyd olunmalıdır ki, VgT işi bütövlükdə ödənişli reklama aid idi və yayımçılar tərəfindən idarə olunan pulsuz yayım rejimi ilə yanaşı olaraq ödənişli reklama qadağa qoyulan kontekstdə siyasi partiyaların reklam yerləşdirilməsinə aid deyildi. Belə bir rejim ilə bağlı nə Strasburq Məhkəməsi, nə də bizim öz məhkəmələrimiz İnsan hüquqlarına dair Qanun əsasında heç bir qərar çıxarmayıblar. ... [bu] şübhəsiz ki ödənişli reklama qoyulan qadağaya qarşı yönəldilmiş tarazlama tədbiri idi. O, qadağanı tam şəkildə əvəz etməsə də ...biz yenə də onu əhəmiyyətli tarazlaşdırıcı tədbir hesab edirik, belə ki, o, əsasən seçkilər vaxtı tətbiq edilir.
Bizə belə gəlir ki, Birləşmiş Krallığın sistemi AİHK-na və İnsan Hüquqları Haqqında Qanuna uyğun olaraq, ən azından pulsuz və vasitəçisiz yayım rejiminin kifayət qədər güclü olub-olmaması ilə bağlı aparılan yoxlamadan uğurla keçə bilər.”
55. VgT qərarı Lordlar Palatası tərəfindən R (Prolayf Allayans) BBC-yə qarşı (R (ProLife Alliance) v BBC ([2003] UKHL 23) işində nəzərdən keçirilib. Lord Hoffmann VgT işini “olduqca ehtiyatlı şəkildə qəbul edilmiş və başa düşülməsi asan olmayan qərar” adlandırmışdı və qeyd etmişdi ki, Məhkəmə “hər halda istisna etməz ki, ‘siyasi reklamlara’ qadağa qoyulması müəyyən hallarda 10-cu Maddənin tələblərinə uyğun ola bilər”. Lord Walker qeyd etmişdir ki, VgT qərarı “(bütün hörmətimi ifadə edərək bildirirəm ki) olduqca uzaqgörən nəticələrin əsasında hansı səbəblərin dayandığını tam və ya aydın şəkildə açıqlamır... Buna görə də VgT qərarının əhəmiyyəti bir o qədər də ağır çəkiyə malik deyildir”.
C. 2003-cü ilin iyul ayında qüvvəyə minmiş Kommunikasiyalar haqqında Qanun (“2003-cü il Qanunu”)
1. Siyasi reklamların qadağan edilməsi
56. 2003-cü il Qanunu Parlament tərəfindən yekdilliklə qəbul edilmiş və üzvlərdən heç biri ona qarşı çıxmamışdı. 2003-cü il Qanununa əsasən mövcud tənzimləyici qurumlar media, telekommunikasiyalar və radio kommunikasiyalarını birləşdirən və Kommunikasiya Ofisi (“OFCOM”) adlanlandırılan vahid tənzimləyici qurum ilə əvəz etmişdi. Lakin, 31 dekabr 2007-ci ilə qədər Yayım Reklam Nəzarət Mərkəzi (“BACC”) yayım üçün təqdim olunmuş reklamların təhlili və nəzarəti (təmizlənməsi) üzrə məsul orqan idi.
57. 319-cu maddənin 1-ci bəndi OFCOM-dan xahiş etmişdi ki, 319(2) maddəsində siyahısı verilmiş məqsədlərə nail ola bilmək üçün standartlar işləyib hazırlasın və təhlil etsin; həmin məqsədlər arasında televiziya və radioda yayımlanan xəbərlərin lazımi qərəzsizliklə təqdim edilməsi və 320-ci maddədə göstərilən qərəzsizlik tələblərinə uyğunluğun təmin edilməsi, eləcə də televiziya və radio kanallarında siyasi reklamın qadağan edilməsinə qoyulan qadağaya zidd olan reklamların yayımlanmaması da var idi.
58. 321(1) maddəsində həmin qadağa təsbit edilir və bildirilirdi:
“(2) 329(2) maddəsinin məqsədləri üçün reklam aşağıdakı hallarda siyasi reklamlara qoyulan qadağaya ziddiyyət təşkil edir:
(a) məqsədləri bütövlükdə və ya əsasən siyasi xarakter daşıyan qurum tərəfindən və ya belə qurumun adından verilən reklamlar;
(b) siyasi nəticələrə yönəldilmiş reklam; və ya
(c) sənaye mübahisələri ilə əlaqəsi olan reklam.”
59. 321(3) maddəsi “siyasi xarakter və siyasi nəticələr” anlayışlarını müəyyən edir və buraya aşağıdakıları daxil edir:
“(a) Birləşmiş Krallıqda və ya hər hansı digər ölkədə seçkilərin və ya referendumların nəticələrinə təsir göstərə bilən;
(b) Birləşmiş Krallıqda və ya hər hansı digər ölkədə qanunvericiliyin tam və ya qismən dəyişdirilməsinə və ya hər hansı ölkədə və ya ərazidə qanunvericilik prosesinə təsir göstərə bilən;
(c)Birləşmiş Krallıqda və ya hər hansı digər ölkədə yerli, regional və ya ümummilli hökumətlərin formalaşdırdığı siyasətə və ya qəbul etdikləri qərarlara təsir göstərə bilən;
(d)Birləşmiş Krallıq və ya Birləşmiş Krallıqdan kənarda hər hansı ölkə və ya ərazinin qanunvericiliyinə uyğun olaraq üzərlərinə rəsmi funksiyalar qoyulmuş şəxslərin formalaşdırdığı siyasətə və ya qəbul etdikləri qərarlara təsir göstərə bilən;
(e) üzərlərinə beynəlxalq sazişlərə uyğun olaraq funksiyalar qoyulan şəxslərin formalaşdırdığı siyasətə və ya qəbul etdikləri qərarlara təsir göstərə bilən;
(f) Birləşmiş Krallıqda ictimai rəy nöqteyi-nəzərindən ziddiyyətə səbəb olan məsələ ilə bağlı formalaşan ictimai rəyə təsir göstərə bilən;
(g) Birləşmiş Krallıqda və ya hər hansı digər ölkədə siyasi nəticələr əldə etmək məqsədi ilə yaradılmış partiya və ya digər qrupların maraqlarının təşviq edilməsinə yönəldilən.”
60. Müvafiq olaraq, qadağa yalnız siyasi məzmunlu reklamlara deyil, yerləşdirdikləri reklamın məzmunundan asılı olmayaraq bütövlükdə və ya qismən siyasi xarakter daşıyan qurumlara da şamil edilir.
61. 321(7) maddəsi dövlət idarələri tərəfindən və ya onların adından yerləşdirilən dövlət rəsmi elanları və müəyyən siyasi partiyaların siyasi və referendum kampaniyalarının yayımı üçün istisna yaradır (bax aşağıda 64-cü bənd). Adından belə yayımların həyata keçirilməsinin mümkün olduğu siyasi partiyalar OFCOM tərəfindən müəyyən edilir və yalnız Seçki Komissiyasında qeydiyyatdan keçmiş partiyalar seçilə bilərlər.
2. Yayım mediasında qərəzsizlik prinsipinə əməl etmə öhdəliyi: 3 mexanizm
62. Başlanğıcdan etibarən qərəzsizlik yayım sahəsini tənzimləyən qanunverici rejimin ən əsas xüsusiyyəti olmuşdur və ona nail olmaq üçün 3 mexanizmdən istifadə edilmişdir. Birincisi ödənişli siyasi reklamın qadağan olunmasıdır.
63. İkincisi bütün yayımçılar üzərinə qanuna uyğun şəkildə qoyulan qərəzsizlik öhdəliyidir. 2003-cü il Qanununun 320-ci maddəsi “Qərəzsizliklə bağlı Xüsusi Tələblər” adlanır və həmin maddənin 1-ci və 2-ci bəndində nəzərdə tutulur:
“(1) Bu maddənin tələbi aşağıdakılardan ibarətdir–
(a) radio və televiziya kanallarından ... həmin kanallardan hər hansı birinə daxil edilən proqramlardan 2-ci bənddə qeyd olunan məsələlərlə bağlı kanalı təmsil edən şəxsin fikrini və ya rəyini ifadə edən bütün fikirlərin çıxarılması;
(b)hər bir televiziya proqram xidməti, teletekst xidməti, milli radio xidməti və milli rəqəmsal səs proqramları xidməti ilə bağlı hər bir halda həmin xidməti təmsil edən şəxs tərəfindən həmin məsələlərlə bağlı qərəzsizliyin qorunub saxlanması;
(c) hər bir yerli radio xidməti, yerli rəqəmsal səs proqramı xidməti və ya radio lisenziyalaşdırılan kontent xidməti ilə bağlı halda xidmət də daxil olmaqla bütün proqramlarda həmin məsələlərlə bağlı hər hansı xüsusi şəxslərin və ya qurumların nöqteyi-nəzərinə həddindən-artıq əhəmiyyət verilməsinin qarşısının alınması.
(2) Həmin məsələlər aşağıdakılardan ibarətdir–
(a) siyasət və ya sənaye nöqteyi-nəzərindən ziddiyyət təşkil edən məsələlər; və
(b) cari dövlət siyasəti ilə bağlı olan məsələlər.”
64. Üçüncü mexanizm yayımçılar tərəfindən partiyaların siyasi, seçki və referendum kampaniyalarının pulsuz yayımlanmasıdır; bu elə bir mexanizmdir ki, yayımçılığın təməli qoyulandan etibarən həmin sahənin təmzinlənməsinin bir hissəsi olmuşdur. İlk dəfə belə bir yayım radioda 1924-cü ildə, televiziyada isə 1951-ci ildə həyata keçirilmişdir. 2003-cü il qanunun 333-cü maddəsində nəzərdə tutulub ki, müəyyən yayımçılar üçün nəzərdə tutulmuş lisenziyaların tələbləri sırasına pulsuz yayımların həyata keçirilməsi və OFCOM qaydalarına əməl edilməsi də daxil edilməlidir. Həmin Qaydalar partiyaların siyasi reklamlarını tənzimləyir (siyasi təqvimin ən vacib günlərində əsas siyasi partiyalara təklif edilir); partiyaların seçki ilə bağlı yayımları (seçki zamanı əsas partiyalardan hər birinə və qeydiyyatdan keçmiş və ümumi seçkilərdə yerlərin ümumi sayının altıda biri və ya daha çoxu uğrunda mübarizə aparan daha kiçik siyasi partiyalara təklif edilir); və referendum kampaniyaları ilə bağlı yayımlar (referendumum keçirilməsinə hazırlıq zamanı müəyyən edilmiş referendum təşkilatlarından hər birinə təklif edilir).
D. Avropa Tənzimləyici Qurumları Platforması (“EPRA”)
1. EPRA tərəfindən keçirilən təhlil, may 2006-cı il
65. Təhlil EPRA katibliyi tərəfindən 31 dövlətdən/ərazidən alınmış məlumatlar əsasında həyata keçirilmişdir: Avstriya, Belçika (2), Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Men adası, İsrail (2), İtaliya, Latviya, Litva, Lüksemburq, Keçmiş Yuqoslav Respublikası Makedoniya, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç və İsveçrə (2). Sorğu zamanı bu kontekstdə müqayisəli təhlilin aparılmasına ehtiyatla yanaşmaq məsləhət görülmüşdü. Ölkə daxili qanunvericiliklərdə dəqiq anlayışların olmamasını və milli ənənələrin olduqca müxtəlif olmasını nəzərə aldıqda, “siyası” ifadəsinin mənasının izah edilməsində anlaşılmazlıq baş verəcəyi ehtimalı yaranırdı; bu elə bir anlayış idi ki, buraya seçki prosesləri zamanı həyata keçirilən ziddiyyətli partiya yayımlarından başlayaraq qeyri-hökumət təşkilatları tərəfindən ictimai rəyin ifadə edilməsi kimi müxtəlif mənalar daxil ola bilərdi.
66. “Ölkənizdə ödənişli siyasi reklam qadağan edilibmi” sualına cavab olaraq Təhlildə qeyd edilirdi:
“Ödənişli siyasi reklamın qadağan edildiyi ölkələr
Qərbi Avropa ölkələrinin əksəriyyətində, məsələn, Belçika, Danimarka, Fransa, Almaniya, İrlandiya, Malta, Norveç, Portuqaliya, İsveç, İsveçrə və Birləşmiş Krallıqda ödənişli siyasi reklamların yerləşdirilməsi qanunvericiliyə əsasən qadağan edilib. Mərkəzi və Şərqi Avropanın bir neçə ölkəsi, məsələn Çex Respublikası və Rumıniya da ödənişli siyasi reklamları qadağan edib.
Bu qadağanın əsasını təşkil edən ən çox yayılmış səbəb ondan ibarətdir ki, qadağa tətbiq edilmədiyi halda zəngin və ya daha mütəşəkkil partiyaların yeni və ya azlıqda olan partiyalarla müqayisədə daha çox reklam vaxtına malik olma imkanı olacaqdır ki, bu da ayrı-seçkilik yaradan təcrübə hesab edilir. Qadağa və ya məsuliyyətə səbəb olan digər səbəblərdən biri də ondan ibarətdir ki, ödənişli reklam haçalanmaya və ictimai narahatçılığın yaradılmasına səbəb ola bilər. Eyni zamanda ehtimal edilmişdir ki, qadağa siyasi debatların keyfiyyətini qoruyub saxlaya bilər.
Siyasi reklamların yerləşdirilməsinə icazə verən ölkələr
Mərkəzi və Şərqi Avropanın bir sıra ölkələrində, məsələn, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Macarıstan, [keçmiş Yuqoslav Respublikası Makedoniya], Polşa və Baltikyanı dövlətlər: Estoniya, Latviya və Litvada ödənişli siyasi reklamlara icazə verilir. Bir neçə ölkədə, məsələn Bosniya-Herseqovinada (Seçki gününə 60 gün qalmış) və Xorvatiyada siyasi reklamlara yalnız seçki müddətində icazə verilir.
Əksər hallarda nəzərdən qaçırılır ki, bir neçə qərbi Avropa ölkəsində də, məsələn, Avstriyada, Finlandiyada, Lüksemburqda (hal-hazırda, qısa müddət sonra dəyişdiriləcək) və Niderlandda da ödənişli siyasi reklamlara icazə verilir.
İtaliyada 2003-cü ilə qədər ödənişli siyasi reklamlara, yəni özünü idarə edən reklamlara yalnız ölkə səviyyəsində yayımlanan kanallarda icazə verilirdi və nəzərdə tutulurdu ki, onlar həmçinin “siyasi kommunikasiya proqramları... yəni siyasi nümayəndələrin iştirakı ilə müzakirə proqramları” yayımlayırlar; hal-hazırda buna yalnız yerli səviyyədə fəaliyyət göstərən yayım şirkətlərində icazə verilir və onlar üçün edilən ödəniş kommersiya reklamlarının dəyərinin 70%-dən çox olmamalıdır; milli səviyyədə fəaliyyət göstərən yayımçılar isə onları yalnız pulsuz yayımlaya bilərlər.
Yunanıstanda ayrı-ayrı şəxslərin siyasi reklamına daimi və geniş miqyaslı qadağa tətbiq olunsa da, siyasi partiyaların siyasi reklamları qadağan edilmir.
İspaniyada siyasi reklamlara tətbiq edilən qadağa daimi əsasda televiziya yayımçılarına tətbiq olunsa da İspaniya Seçki Məcəlləsinə əsasən yalnız seçki müddətində olmaqla, kommersiya radio kanallarında ödənişli seçki reklamlarının yerləşdirilməsinə icazə verilir.
Ödənişli siyasi reklamların arxasında duran əsaslandırma ondan ibarətdir ki, o, yeni namizədlərin tanınmasına xidmət edə bilər. Bundan əlavə əksər hallarda mübahisə edilir ki, siyasi reklam yerləşdirmək hüququ ifadə və informasiya azadlığı hüququnun ayrılmaz tərkib hissəsidir.”
67. Siyasi reklamlara tətbiq olunan qadağanın əhatə dairəsinə gəldikdə Sorğuda bildirilib:
“Bir qayda olaraq siyasi reklam yalnız istisna şəklində seçki prosesinə, siyasi partiyalara və ya namizədlərə aid olmur. Digər məsələlərlə, məsələn, heyvan hüquqları, ekoloji məsələlər, abort və s. (əksər hallarda bu məsələlərə siyasi təbliğat və ya məsələlərin reklam edilməsi kimi istinad edilir) bağlı reklamların yerləşdirilməsi siyasi məqsədlərə xidmət edə bilər və ya siyasi xarakterə malik ola bilər və bu səbəbdən siyasi reklam kimi qiymətləndirilə bilər.
Geniş əhatə dairəsinə malik qadağa tətbiq edən ölkələr
Buna misal olaraq Fransa, İrlandiya, Men adası, İsrail, Malta, İspaniya və Birləşmiş Krallığı göstərmək olar. İrlandiyada qadağa siyasi xarakterə malik olduğu söylənə bilən bütün reklam növlərinə və təşkilatı cəhətdən siyasi xarakter daşıyan bütün qruplara tətbiq edilir. Bu nöqteyi-nəzərdən həmin qadağa geniş mənada tətbiq edilir və istisna şəklində seçki kampaniyaları və ya referendumlarla məhdudlaşdırılmır. İsraildə qadağa daimi olaraq və siyasi partiyalara, eləcə də digər maraq qruplarına və sosial qruplara şamil edilir.
Fransada qadağa siyasi partiyalara və namizədlərə, eləcə də reklam ismarışları siyasi məqsədə xidmət edə bilən istənilən təşkilata tətbiq edilir. Assosiasiyalara (maraq qrupları və sosial qrupların əksəriyyəti assosiasiyalara daxildir) reklam xarakterli material yayımlamağa icazə verilmir. Xeyriyyə məqsədləri güdən assosiasiyalar “messages d’intérêt general” adlanan ümumi xarakterli və heç bir siyasi mesajın daxil edilmədiyi materiallar yayımlaya bilərlər.
İspaniyada qadağa daimi əsasda tətbiq olunur və hansısa qruplar ayrıca olaraq göstərilmir.
Maltada qadağa təsdiq olunmuş siyasi yayım proqramları istisna edilməklə, daimi olaraq tətbiq olunur. Üçüncü Cədvəlin 1(f) bəndində siyasi xarakterli reklamlar qadağa olunur və bu maddə həmişə birbaşa mənası ilə interpretasiya olunaraq siyasi partiyalara tətbiq edilir. Lakin, Səlahiyyətli qurum həmçinin maddəni daha geniş şəkildə interpretasiya edərək bu qadağanı, həmkarlar ittifaqları kimi məqsədləri geniş mənada siyasi xarakterli kimi səciyyələndirilə bilən təşkilatlara da şamil edir.
Qadağanın daha məhdud əhatə dairəsinə malik olduğu ölkələr
İsveçrədə [VgT qərarının] nəticəsi olaraq ... hal-hazırda “siyasi” reklamın müəyyən formalarına icazə verilir. QHT-lər və ya sosial qruplar müəyyən siyasi kontentə malik olan reklamları yayımlaya bilərlər, lakin buna seçkiqabağı və ya referendum qabağı müddətlərdə icazə verilmir.
Buna bənzər olaraq Danimarkada da, yuxarıda qeyd olunan qərarın nəticəsi olaraq televiziyada siyasi reklamların daimi surətdə qadağan olunması siyasi partiyalar, siyasi hərəkatlar və siyasi namizədlərə, eləcə də həmkarlar ittifaqlarının və dini birliklərin reklamlarına şamil edilir. Qadağa geniş mənada siyasi hərəkatları, məsələn, ekoloji qrupları və cəmiyyət qruplarını əhatə etmir; burada yalnız həmin qrupların siyasi qurumlar və ya təşkilatları təmsil etdikləri hallar istisna edilir.
Əlavə olaraq, Danimarka qanunvericiliyi seçki kampaniyaları zamanı siyasi mesajların daxil edildiyi reklamların yayılmasını qadağan edir, belə ki, həmin müddətdə seçiciləri uyğun olmayan təsirlərdən qorumaq və iqtisadi və ya maliyyə vəziyyətlərindən asılı olmayaraq namizədlərin demokratik hüquqlarını qorumaq məqsədi ilə tam qadağanın tətbiq edilməsi müvafiq hesab edilir.
Norveçdə qadağa daimi olaraq siyasi məqsədlərə xidmət edən bütün qruplara şamil edilir. Lakin, qadağa Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu Maddəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin həmin maddə əsasında yaranmış presedent hüququna müvafiq olaraq şərh edilir.
İsveçdə yalnız qərəzsizlik şərtlərinə cavab verən yayımlara siyasi reklamlar yerləşdirilə bilməz. Kommersiya kanalları tərəfindən alınan DTT lisenziyaları bir qayda olaraq belə şərtə tabe edilmir və buna görə də siyasi reklamları pulsuz olaraq yayımlaya bilərlər. 2006-cı il mart ayının 1-nədək bu TV4DTT lisenziyalarının tematik kanallarına tətbiq edilmirdi. TV4-ün tematik kanalları üçün verilən yeni lisenziyalar qərəzsizlik şərtini daxil etmir, bu da o deməkdir ki, onlar siyasi reklamları yayımlaya bilərlər.
İtaliyada “siyasi” terminindən olduqca dar mənada istifadə edilir; digər maraq qrupları “sosial” mesajlar adlanan qrupa daxil edilə bilərlər. Bütün yayımçılar sosial istifadə kontentinə (müəyyən edilməyib, yəni anlayışı verilməyib) malik olan mesajları yayımlaya bilərlər və onlara görə ödəniş də alına bilər, lakin bu şərtlə ki, bu kommersiya reklamlarının dəyərinin 50%-indən çox olmasın. Həmin mesajlar (ödənişli və ya ödənişsiz) gündəlik saat/gün hesablamalarının aparılması üçün nəzərdən keçirilmir və onların ümumi həcmi bir gündə 4 dəqiqədən artıq ola bilməz.
Bəzi ölkələrdə qadağanın diqqət mərkəzində seçki və seçki müddəti (məsələn, Çex Respublikasında) və ya siyasi namizədlər və siyasi partiyalar (məsələn, Belçikada...) dayanır ...). Reklam olunan məsələdən bəhs edilmir.”
68. Müəyyən ölkələr siyasi reklamlara məhdud şəkildə icazə verir, bəzi ölkələr isə onlara heç bir məhdudiyyət qoymur:
“Ödənişli siyasi reklamlara məhdudiyyət tətbiq edən ölkələr
Siyasi reklama icazə verən ölkələrin əksəriyyəti təcrübədə ayrı-seçkiliyə yol verməmək üçün bir sıra hüquqi məhdudiyyətlər nəzərdə tutublar. Buraya reklamın uzunluğu və hansı tezlikdə verilməsi (məsələn, [keçmiş Yuqoslav Respublikası Makedoniya], Bosniya və Herseqovina), hansı saatlarda verilməsi (məsələn, [keçmiş Yuqoslav Respublikası Makedoniya]: xəbərlər və uşaq proqramları zamanı verilməməsi) nöqteyi-nəzərindən belə reklamların ödənişinə məhdudiyyət tətbiq edir (məsələn, Bosniya və Herseqovinada qiymət cədvəli seçkiyə ən az 15 gün qalmış tənzimləyici quruma təqdim edilməlidir); məhdudiyyət qanuna uyğun olaraq icazə verilən və seçkiyə sərf olunan maksimum məbləğ (Yunanıstan və Latviyada Saeima (Parlament) və Avropa Parlamentinə seçkilər zamanı hər hansı bir partiya 0,20 LVL (0,284 avro) x əvvəlki seçkilərdəki seçicilərin sayından artıq vəsait sərf edə bilməz); markalama/identifikasiya tələbləri (məsələn, Kiprdə, [keçmiş Yuqoslav Respublikası Makedoniya]: ödənişli siyasi reklam proqramın başlanğıcından sonuna düzgün və görünən şəkildə “ödənişli siyasi reklam” kimi markalanmalıdır). Macarıstanda yayımçılar bütün tərəflər üçün bərabər şərait yaratmalıdırlar (eyni qiymət, eyni proqram müddəti və s.) lakin siyasi reklamın həcmi ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Qeyd etmək yerinə düşər ki, bəzi ölkələrdə məsələn, [keçmiş Yuqoslav Respublikası Makedoniyada] dövlət yayım xidmətinə ödənişli siyasi reklam yayımlamağa icazə verilmir; bunu yalnız özəl yayımçılar edə bilərlər.
Ödənişli siyasi reklama heç bir məhdudiyyət tətbiq etməyən ölkələr
Bunlara misal olaraq, Avstriya, Estoniya, Finlandiya və Polşanı göstərmək olar. Həmin ölkələrdə siyasi reklamlara məhdudiyyət qoyulması məsələsi hər bir qurumun öz daxili reklam qaydalarına müvafiq olaraq tənzimlənir.
Təhlil və şərhlər:
•Siyasi reklamların qadağan edilməsi kontekstində Şərq-Qərb bölgüsünün aparılması həqiqətən mövcud olan bir meyli əks etdirsə də, yanlış təsəvvür yarada bilər. Bu təcrübəyə icazə verilən Qərbi Avropa müqayisəli təhlillərdə çox vaxt yaddan çıxarılır.
•Bu məsələ ilə bağlı müxtəlif mövqeləri nəzərdən keçirən Avropa Şurası siyasi reklama icazə verilib-verilməməsi haqqında mövqeyini formalaşdırmamışdır və sadəcə olaraq öz Tövsiyəsində “siyasi reklama icazə verildiyi təqdirdə onun minimal qaydalara uyğun olması zəruridir” fikrini bəyan etməklə kifayətlənib (...)”.
•Siyasi reklama icazə verilən ölkələrin əksəriyyəti müəyyən məhdudiyyətlər də tətbiq ediblər ki, bu təcrübədə heç də bütün hallarda ayrı-seçkilik yaratmır. Bütün tərəflərə bərabər imkanlar təklif edilə bilər. Lakin, “bu imkan bərabərliyi” yalnız o zaman real olur ki, bütün tərəflərin ixtiyarında lazımi maliyyə vəsaiti olsun ki, eyni həcmdə reklam vaxtını satın ala bilsinlər. ...”
69. Təhlildə məsələlər aşağıdakı şəkildə ümumiləşdirilir:
“Aydın anlayışların olmaması və milli ənənələr arasındakı böyük fərqlər böyük ehtimalla siyasi reklamdan söhbət gedərkən Avropalı həmkarlar arasında anlaşılmazlıq yarada bilər. Ümumilikdə, siyasi reklam mənasında “reklam” sözü daha geniş mənada siyasi təşviqat kimi istifadə edilir. Bir qayda olaraq, milli qanunvericiliklərdə reklamlarla bağlı olan müddəalar tətbiq edilən deyil, belə ki, onlar ödəniş və ya buna bərabər şərtlər tələb edirlər. Lakin, bəzi ölkələrdə siyasi reklam ümumilikdə reklamla bağlı olan müddəalara əsasən tənzimlənir. ...
Təəccüb doğuran məsələ ondan ibarətdir ki, bir neçə ölkə ödənişli siyasi reklamlara ümumilikdə heç bir məhdudiyyət tətbiq etmir. Lakin, bunun hansısa bir xüsusi problem və ya narahatlıq yaratdığını söyləmək mümkün deyil. ...
Ölkələrin böyük əksəriyyətində partiyalar və /və ya namizədlərə bir qayda olaraq pulsuz efir vaxtı verilir ki, onlar öz proqramlarını təqdim etsinlər; bu heç də bütün hallarda deyil, əksər hallarda ictimai yayım xidmətlərində baş tutur. Qeyd etmək maraqlıdır ki, rəsmi seçki kampaniyası sxeminin mövcud olmadığı bir neçə ölkədə bu sistem mövcud deyildir. ...
Bəzi hallarda mübahisə edilir ki, əgər namizədlər və partiyalar seçki kampaniyaları zamanı pulsuz efir vaxtına bərabər çıxış imkanları əldə etsələr ödənişli siyasi reklama daha az ehtiyac duyular (ümumiyyətlə ehtiyac olmaz). Bunu təcrübədə sistematik şəkildə sınaqdan keçirmək mümkün deyil, belə ki, pulsuz efir vaxtını ayrılması sxeminin mövcud olması bəzi ölkələrin ödənişli siyasi reklama icazə verməsinə mane olmayıb. ...
Əksər (Qərbi) Avropa ölkələrində hal-hazırda ən aktual məsələ “məsələlərlə bağlı reklamlar”, yəni maraq qrupları və ya sosial qruplar kimi qeyri-siyasi təşkilatlar tərəfindən müəyyən siyasi nəticələrə gətirib çıxaran mesajların müzakirə edilməsidir. AİHM-nin qərarından sonra bir neçə ölkə siyasi reklama tətbiq edilən qadağanın əhatə dairəsinə məhdudiyyətlər qoyub və belə reklamlara seçki müddətindən kənarda da icazə verir. ...”
Xülasə aşağıdakı sualla başa çatırdı:
“Cari tam qadağalar (məsələlərin reklam edilməsi də daxil olmaqla) müvafiq və yetərli şəkildə əsaslandırılıbmı ki, onların AİHK-na uyğun olduğunu qeyd etmək mümkün olsun? Onlar ifadə azadlığına qeyri-mütənasib olan məhdudiyyət təşkil edirlərmi?”
2. EPRA: “Siyasi Reklam” üzrə 1-ci İşçi Qrup üçün nəzərdə tutulmuş sənəd
30-cu EPRA iclası, oktyabr 2009-cu il
70. Bu sənəddə Konvensiyanın son presedent hüququndan bəhs edilir. Burada qeyd olunur ki, VgT işi orijinal bir perspektiv açmışdır, belə ki, hal-hazırda 10-cu Maddəyə əsasən Dövlətdən reklam vasitəsilə yayım həyata keçirmək hüququnun təmin edilməsi üçün müsbət müdaxilə edilməsi tələb edildiyi aydın olur. Bu sənəd Applbay və başqaları Birləşmiş Krallığa qarşı (Appleby and Others v. the United Kingdom judgment (no. 44306/98, ECHR 2003‑VI)) işinə istinad etmişdir ki, həmin işdə də digər media vasitələrinin dəyəri vurğulanmışdır; bundan əlavə burada Murphy işi də qeyd olunur ki, həmin işdə də VgT işinin arqumentləri qəbul edilməmişdi.
3. Müqayisəli işin davamı
71. EPRA-nın 2006-cı il tarixi tədqiqatının əhatə dairəsinə üzv olmayan ölkələr də daxil edilsə də, Məhkəmə müqavilə tərəfi olan 34 ölkənin – EPRA araşdırması ilə əhatə olunmayan 7 ölkə də daxil olmaqla (Monako, Rusiya, San Marino, Serbiya, Sloveniya, Türkiyə və Ukrayna) - təhlilini aparmışdır. EPRA-nın 2006-cı il tarixli hesabatından sonra 25 üzv Dövlətdə tənzimləyici rejimlərə əksəriyyəti nisbətən əhəmiyyətli olan dəyişikliklər edilmişdir.
72. Təhlil edilən 34 ölkədən 19-unda siyasi reklamlar müəyyən formada qadağan edilib. Həmin qadağaların əhatə dairəsinə gəldikdə, həmin dairə 7 Dövlətdə (Çex Respublikası, Fransa, Almaniya, İrlandiya, Portuqaliya, İspaniya və İsveç), eləcə də Birləşmiş Krallıqda geniş hesab edilə bilər ki, buna da səbəb ya “siyasi” anlayışının geniş olması, ya da onun seçki müddətlərindən kənarda tətbiq olunması, ya da hər ikisi birdəndir. Lakin, hətta bu 7 Dövlətdə də “siyasi” ifadəsinin anlayışı və interpretasiyası müxtəlifdir və buna görə də qadağa müəyyən QHT-lərə (məsələn, Qırmızı Xaç Komitəsi, Qrinpis (Greenpeace), müəyyən hökumət qurumlarına (məsələn, BMT QAK) və bəzi milli xeyriyyə təşkilatlarına efir vaxtı ayrılmasına tətbiq olunsun (məsələn, İrlandiya) və ya olunmağa davam etsin (Çex Respublikası, Fransa, Almaniya, Portuqaliya və İspaniya). Müqavilə tərəfi olan Dövlətlərin əksəriyyətində mövcud olan meyl müəyyən qurumlar tərəfindən yerləşdirilən müəyyən sosial əhəmiyyətli reklamların yayımlanmasına icazə verilməsinə doğru hərəkət etməkdən ibarətdir.
E. Avropa Şurasının sənədləri
73. Nazirlər Komitəsinin R(1999)15 saylı seçki kampaniyalarının mediada işıqlandırılmasına dair tədbirlərə dair Tövsiyəsində deyilir:
“5. Ödənişli siyasi reklam
Siyasi partiyaların və namizədlərin seçki məqsədilə reklam müddəti və (ya yeri) satın almasına icazə verilən üzv Dövlətlərdə tənzimləyici baza aşağıdakıları təmin etməlidir:
- reklam vaxtının alınması imkanına bütün siyasi partiyaların bərabər çıxışının, eləcə də ödəmə şərtləri və qiymətlərinin eyni olmasını;
- ictimaiyyətin mesajın ödənişli siyasi reklam olduğundan xəbərdar olmasını.
Üzv Dövlətlər öz qanunvericiliklərinə hər hansı siyasi partiya və ya namizədin ala biləcəyi reklam vaxtına məhdudiyyət qoymaq məqsədi ilə müddəalar daxil edə bilərlər.”
74. Həmin Tövsiyənin izahedici qeydlərində bildirilirdi:
“Ödənişli siyasi reklam
Yayım mediasında yerləşdirilən ödənişli siyasi reklamın Avropa Şurasına üzv olan bir çox ölkələrdə ənənəvi olaraq qadağan edilməsinə baxmayaraq, digərlərində o, hələ də qalmaqdadır. Onun əsas müsbət cəhətlərindən biri ondan ibarətdir ki, o, bütün siyasi qüvvələrə öz proqramlarını/mesajlarını geniş surətdə yaymaq imkanı verir. Digər tərəfdən, belə bir sistemin mövcud olması əhəmiyyətli miqyasda efir vaxtı almağa qadir olan partiya və namizədlərə ədalətli olmayan üstünlük verilməsinə gətirib çıxara bilər.
Bu məsələ ilə bağlı olan müxtəlif mövqeləri nəzərə alaraq bu Tövsiyə bu təcrübənin qəbul edilməli olub-olmadığı ilə bağlı mövqe formalaşdırmır və sadəcə olaraq bunu bildirməklə kifayətlənir ki, ödənişli siyasi reklama icazə verildiyi təqdirdə o, ən az minimum qaydalara tabe edilməlidir: birincisi, efir vaxtı almaq üçün müraciət edən bütün siyasi partiyalara bərabər münasibətin bəslənməsi (çıxış və qiymətlər nöqteyi-nəzərindən) və ikincisi, verilən həmin mesajın ödənişli olduğundan ictimaiyyətin xəbərdar olması.
Bundan əlavə, hər hansı bir partiya tərəfindən satın alına bilən ödənişli reklamın həcminə məhdudiyyət qoyulması da vacib element hesab edilə bilər. Lakin, Tövsiyədə xüsusi olaraq bunu etməyin arzu edilən olub-olmadığı və ya ödənişli reklamın həcminə qoyulan məhdudiyyətin dəqiq sərhədləri göstərilməyib, çünki, belə hesab edilib ki, bu məsələ ilə bağlı qərar hər bir Dövlətdə milli səviyyədə qəbul edilməlidir.”
75. 7 noyabr 2007-ci ildə Rec(2007)15 saylı Tövsiyə Rec(1999)15 saylı Tövsiyəni yenidən təhlil etdi. İzahat Memorandumunun layihəsində deyilirdi:
“78. Bu məsələ ilə bağlı olan müxtəlif mövqeləri nəzərə alaraq CM/Rec(2007) saylı Tövsiyə... bu təcrübənin qəbul edilməli olub-olmadığı ilə bağlı mövqe formalaşdırmır və sadəcə olaraq bunu bildirməklə kifayətlənir ki, ödənişli siyasi reklama icazə verildiyi təqdirdə o, ən az bəzi minimum qaydalara tabe edilməlidir: birincisi, efir vaxtı almaq üçün müraciət edən bütün siyasi partiyalara bərabər münasibətin bəslənməsi (çıxış və qiymətlər nöqteyi-nəzərindən) və ikincisi, həmin mesajın ödənişli olduğundan ictimaiyyətin xəbərdar olması.”
QANUNVERİCİLİK
I KONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
76. Ərizəçi 10-cu Maddəyə əsasən radio və televiziyada ödənişli siyasi reklamların qanunvericilik əsasında qadağan edildiyindən (“Qadağa”) şikayət edib. Bu məsələ ilə bağlı 10-cu Maddədə deyilir.
“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. ...
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”
A. Qəbuledilənlik
77. Məhkəmə hesab edir ki, ərizə Konvensiyanın 35 § 3 (a) Maddəsinə əsasən tamamilə və aşkar şəkildə əsassız deyildir. Məhkəmə daha sonra qeyd edir ki, ərizə ümumiyyətlə heç bir əsasla qəbuledilməz deyildir. Buna görə də Məhkəmə işi qəbuledilən hesab edir.
B. İşin halları
78. Tərəflər razılaşıblar ki, qadağa ərizəçinin 10-cu Maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxiləni meydana gətirib və müdaxilə “qanunvericilikdə nəzərdə tutulub” (2003-cü il Qanununun 319 və 321-ci maddələri) və onun məqsədi ictimai əhəmiyyətli məsələlərlə bağlı qərəzsiz yayım həyata keçirmək, bununla da demokratik prosesi müdafiə etmək olub. Məhkəmə qəbul edir ki, bu “digərlərinin hüquqlarını” qorumaq kimi legitim bir məqsədə uyğundur ki, həmin məsələyə də 10-cu Maddənin ikinci bəndində istinad edilir (VgT İsveçrəyə qarşı (VgT Verein gegen Tierfabriken v. Switzerland, no. 24699/94, § 62, ECHR 2001‑VI); və TV Vest AS and Rogaland Pensjonistparti Norveçə qarşı (TV Vest AS and Rogaland Pensjonistparti v. Norway, no. 21132/05, § 78, ECHR 2008 (extracts)). Tərəflər arasındakı mübahisə müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmadığı ilə bağlı idi və Məhkəmə indi həmin məsələni araşdıracaqdır.
1. Ərizəçinin təqdimatları
79. Ərizəçi siyasi və ictimai maraq doğuran məsələlərlə bağlı fikir ifadə edilməsinin Konvensiya tərəfindən necə güclü müdafiə altında olduğunu vurğulamış və iddia etmişdir ki, müdaxilənin anlayışı olduqca geniş surətdə verilmişdi və belə hesab etmişdir ki, həmin müdaxilə qabaqcadan qoyulan məhdudiyyəti təşkil etmişdir. Buna görə də dar mülahizə sərbəstliyi və ciddi nəzarətin tətbiq edilməsi zəruri idi (VgT, yuxarıda sitat gətirilib). TV Vest işində (yuxarıda sitat gətirilib) istinad edilən “müəyyən daha geniş mülahizə sərbəstliyi” yalnız bu baxımdan tətbiq edilə bilərdi ki, Dövlət bu məhdudiyyəti əsaslandırmaq üçün ölkədaxili vəziyyətin müəyyən xüsusi cəhətlərinə istinad etməyə çalışsın (məsələn Mörfi İrlandiyaya qarşı işində olduğu kimi (Murphy v. Ireland, no. 44179/98, ECHR 2003‑IX (çıxarışlar)), lakin hazırkı işdə bu baş verməmişdi. Yerli məhkəmələr tərəfindən qanunverici orqana belə geniş sərbəstliyin verilməsi müvafiq deyildi, belə ki, həmin orqan mübahisələndirilən qadağadan faydalanan siyasi partiyaların üzvlərindən ibarət idi.
80. Ərizəçinin əsas arqumenti ondan ibarət idi ki, ödənişli siyasi reklamın qadağan edilməsi aşağıdakı səbəblərdən mütənasib olmaq üçün həddindən artıq geniş idi.
81. Birincisi, qadağanın anlayışı həddindən artıq geniş verilmişdi. Ərizəçi seçkilər zamanı qadağanın zəruri olduğunu qəbul etsə də, o, həmin qadağanın seçki müddətlərindən kənarda ictimai əhəmiyyətli məsələlərlə bağlı təşviqat aparan sosial qruplara tətbiq edilməsini qeyri-mütənasib hesab etmişdir. Qadağanın qoyulması zamanı “partiya siyasəti” və ictimai maraq doğuran məsələlərlə bağlı təşviqatın aparılması arasında fərqin qoyulması prinsip etibarı ilə vacib, həyata keçirilə bilən və mütənasib ola bilərdi. Ərizəçinin fikrincə, 2003-cü il Qanununun 321(3) maddəsində bu iki məsələ bir-birindən fərqləndirilmişdi və digər Dövlətlər də həmin fərqi nəzərə alırdılar. Anlayışın geniş olması əsassız olaraq kiçik kampaniya qruplarının ümumi marağa səbəb olan məsələlərlə bağlı ictimaiyyəti cəlb etmək imkanını məhdudlaşdırırdı. O, yaxşı təşkil olunmuş və yayım orqanlarına onsuz da partiyanın pulsuz siyasi və seçki yayımları vasitəsilə, tənzimlənən olsa da, çıxışı olan siyasi partiyaların xeyrinə inhisar yaradırdı. Bununla da qadağa ictimai debatları təhrif edirdi. Nəhayət, qadağadan bəhrələnən geniş maliyyə imkanlarına malik olan təşkilatlar kimi qeyri-siyasi məsələlər ilə bağlı təşviqatın aparılması məqsədilə təşkilatın xeyriyyə qolunun yaradılması maliyyə baxımından olduqca çətin idi.
82. İkincisi, yayım və digər media növlərinə fərqli yanaşmanın nümayiş etdirilməsi, özünü təsdiq etməmiş, izah edilməz və qeyri-zəruri idi. Hökumət heç bir sübut, təhlil və ya müqayisəli araşdırma aparmadan ehtimal etmişdi ki, yayım mediası unikal gücə malikdir və bahadır. Digər media növlərinin artmaqda olan təsirini nəzərə aldıqda həmin ideyaların indi səhv ola biləcəyini əsaslandırmaq üçün kifayət qədər səbəb meydana gəlir. Hökumət səhvən bu Məhkəmənin audio-vizual medianın gücü ilə bağlı əvvəllər əldə etdiyi nəticələrə əsaslanmışdır. İstənilən halda, yayım mediasına çıxışı məhdudlaşdıraraq digər kütləvi və inandırıcı media növlərinə çıxışı saxlamaq heç bir əhəmiyyət kəsb etmirdi. Əgər yayım mediası xüsusi gücə malik idisə, bu, siyasi çıxışları yayımlamaq üçün səbəb ola bilərdi və əgər o, məsələn, internetlə müqayisədə artıq o qədər də güclü deyildisə, Hökumətin qadağanı əsaslandırmaq üçün istifadə etdiyi səbəblər artıq öz mənasını itirirdi. Hökumətin yayım mediasının zəngin və güclülər tərəfindən zəbt olunmasının qarşısını almaq məqsədinə çatması mümkün deyildi, çünki hamı (zəngin və yoxsul) yayımdan kənarlaşdırılmışdı, lakin, zənginlər hələ də digər media növlərində inhisar yaratmaq iqtidarında idilər.
83. Üçüncüsü, ümumi tədbirin mütənasibliyi hər bir işin praktiki və faktiki cəhətləri baxımından nəzərdən keçirilməli idi. VgT qərarına istinad edərkən ərizəçi vurğulamışdır ki, nə ö özü, nə də reklam arzuedilməz hesab edilməmişdir, lakin qadağa onu ictimai cəhətdən əhəmiyyətli olan məsələni qaldırmaq və ictimaiyyət qarşısında primatlarla bağlı məsələləri işıqlandırmaq imkanından məhrum etmişdi.
84. Dördüncüsü, qadağa olmadan yayım fəaliyyətinin qərəzsizliyini risk altına qoymağın mümkün olduğu və yayım sahəsində qərəzsizliyi təmin etmək üçün nəzərdə tutulan üç mexanizmin bir-biri ilə əlaqəli olduğu sübuta yetirilməmişdi.
85. Ərizə daha sonra arqument gətirmişdir ki, daha az məhdudlaşdırıcı sistemlə bağlı narahat edici fikirlər qadağanın qüvvədə qalmasını əsaslandırmırdı. İctimai debatların zəngin və güclü maraq qrupları tərəfindən təhrif edilməsi riski şişirdilmiş və əsassız idi (sübuta yetirilməmişdi). Digər Avropa Dövlətləri eyni məqsədlərə çatmaq üçün digər tənzimləmə üsullarından istifadə edə biliblər. Amerika Birləşmiş Ştatlarında tətbiq edilən ümumiləşdirmələri Birləşmiş Krallığa tətbiq etmək mümkün deyildi.
86. Ərizəçi hesab etmişdir ki, müvafiq presedent hüququ (yuxarıda sitat gətirilmiş VgT və TV Vest qərarları, eləcə də 2 saylı VgT işi (Verein gegen Tierfabriken Schweiz (VgT) v. Switzerland (no. 2) [GC], no. 32772/02, 30 iyun 2009)) bu işə birbaşa olaraq və onun xeyrinə tətbiq edilə bilər. Reklamçılar və reklam yerləşdirənlər dinc idilər (təhqir edici deyildilər); xüsusilə VgT işində Məhkəmə Norveç və Birləşmiş Krallıq hökumətlərinin ictimai debatları güclü maliyyə qruplarından müdafiə etmək məqsədilə ümumi tədbirlərin görülməsi ilə bağlı arqumentlərini rədd etmişdi. VgT və TV Vest işlərini yalnız onların faktları əsasında şərh etmək olmazdı. Ərizəçinin sualları cavablandırdığı və ya debat yaratdığından asılı olmayaraq bu hərəkət VgT işində siyasi əhəmiyyətli məsələ ilə bağlı fikir ifadə olunması idi və bu işə də eynilə tətbiq edilməli idi. TV Vest qərarında göstərildiyi kimi, dini fikirlərin ifadə olunması ilə meydana gələn xüsusi həssaslıq o demək idi ki, Murphy işi fərqləndirilməli idi. Bundan əlavə, VgT işi ilə bağlı qərarın səhv xarakter daşıması arqumenti inandırıcı deyildi: həmin qərar üç dəfə nəzərdən keçirilmiş və təsdiq edilmişdi (Murphy, VgT No. 2 və TV Vest) və Hökumətin irəli sürdüklərində yeni və ya vadaredici heç nə yox idi. Aydın presedentlərə hüquqi müəyyənlik və Məhkəmənin yurisprudensiyasının ardıcıl inkişafı naminə əmə edilməlidir.
87. Nəhayət, ərizəçi arqument gətirmişdir ki, Avropa Transsərhəd televiziya Konvensiyası (hansı ki, sərhədlərdən keçməklə yayım həyata keçirilməsini və reklam yerləşdirilməsini müdafiə edir) ödənişli siyasi reklamlara tətbiq edilirdi. O, həmçinin “Sərhədsiz direktiv” sənədinə istinad edərək qeyd etmişdir ki, Dövlətlər media xidməti provayderlərinə qarşı daha ciddi tələblər irəli sürə bilsələr də, Avropada ifadə azadlığı və reklam yayımlanması məsələlərinə ümumi yanaşmanın mövcud olması tələb edilirdi.
2. Hökumətin təqdimatları
88. Hökumət bildirmişdir ki, Parlament belə bir əsasla qadağanı zəruri hesab etmişdir ki, ictimai debatın ən güclü və bahalı media növündə reklamları maliyyələşdirən zənginlərin xeyrinə təhrif olunması kimi qəbuledilməz riskin baş verməsinin qarşısı alınmış olsun. Ödənişli siyasi reklamların tənzimlənməmiş şəkildə yayımlanması demokratik təsiri elə bir əmtəəyə çevirə bilərdi ki, həmin əmtəə yayım prosesinin və bütövlükdə demokratik prosesin üzərinə kölgə sala bilərdi. Məqsəd siyasi debatı qadağan etmək deyil, onu genişləndirməkdən ibarət idi.
89. Onlar arqument gətiriblər ki, qadağa onun qəbul və təhlil edildiyi zaman yerli orqanların istinad etdiyi səbəblər nöqteyi-nəzərindən mütənasib idi. Seçilmiş tənzimləmə rejiminin məqsədi bir tərəfdən siyasi çıxışların azadlığını tarazlaşdırmaqdan, digər tərəfdən isə həmin çıxışların qərəzsizliyini və demokratik prosesin müdafiəsini təmin etməkdən ibarət idi. Bu son vacib məqsədlərə çatmaq üçün bir-biri ilə əlaqəli olan üç mexanizmdən istifadə edilmişdi: qadağa; yalnız yayımçılar üzərinə qanunla qoyulan qərəzsizlik öhdəliyi (Qanunun 320-ci maddəsi); və partiyaların pulsuz siyasi, seçki və referendum kampaniyalarının yayımlanması. Qadağanın hazırkı işin faktlarına tətbiq edilməsi deyil, məhz onun ümumi tədbir kimi mütənasib olub-olmadığını araşdırmaq lazım idi. Birincisi, səhv olaraq ehtimal edirdi ki, Dövlət orqanının sosial debat kontekstində reklam yerləşdirənlər və ya reklamlar arasında fərq qoyması və ya hansısa digər şəkildə hər bir işdə həmin işin xüsusiyyətlərinə müvafiq olaraq məhdudiyyət tətbiq etməsi mümkün idi.
90. Hökumət müəyyən əhəmiyyətli səbəblər üzündən qadağanı mütənasib hesab etmişdir.
91. Birincisi, qadağanın əhatə dairəsinin genişliyi mümkün olduğu qədər və onun əsas məqsədinə xidmət edə biləcək şəkildə daraldılmış, lakin bu zaman hər bir işin individual detalları əsasında qiymətləndirmə aparma kimi problematik zərurət qalmamışdı. O yalnız ödənişli reklamlara aid idi və yalnız ən geniş kütləvi və ən inandırıcı media növünü əhatə edirdi, digər media növləri isə hələ də ərizəçinin ixtiyarında qalmaqda idi.
92. İkincisi, yayım mediasına çıxış bahalı idi və qadağa olmasaydı belə, yalnız yaxşı maliyyələşdirilən qruplar bu çıxışa malik ola bilərdilər. Əgər ərizəçi yayımladığı reklamlara cavab olaraq əks fikirdə olan zəngin qrupların axını ilə qarşılaşsaydı, bu da onun maraqlarına xidmət etməyəcəkdi. Hökumət yerli məhkəmələrə yayım mediasında reklam yerləşdirməyin qiymətləri barədə sübutlar təqdim etmişdi və oradan aydın olmuşdu ki, qiymətlər o qədər baha idi ki, əksər qeyri-hökumət təşkilatlarının (QHT) bu reklamları yerləşdirməkdən kənarda qalması labüd idi; ölkə daxili məhkəmələrə təqdim etdiyi yazılı izahatında ərizəçi özü bildirmişdi ki, kommersiya sektorunun bir günlük reklam büdcəsi QHT sektorunun illik reklam büdcəsindən daha çox ola bilər.
93. Üçüncüsü, ödənişli siyasi reklamların yayımlanmasına icazə verilməsi yayım prosesinin qərəzsizliyinə xələl gətirə bilərdi. Aşağıdakılar da daxil olmaqla bir sıra silsilə mürəkkəb qaydalar tələb oluna bilərdi ki, hər hansı bir reklam yerləşdirənin fərdi fikri/nöqteyi-nəzəri lüzumsuz olaraq üstünlük təşkil etməsin: siyasi reklamın aydın şəkildə müəyyən edilməsi və onun digər ifadə şəkillərinə yardımçı xarakter daşıdığını təmin etmək; yayımçıların ümumi reklam gəlirindəki siyasi reklamın faizini məhdudlaşdırmaq; və özbaşınalığa yol verməmək. Belə mürəkkəb silsilə qaydaları ayrı-seçkiliklə bağlı iddialarla üzləşmədən və ya qərəzsizliyə xələl gətirmədən tətbiq etmək olduqca çətin ola bilərdi və onlara nəzarət etmək də hüquqi müəyyənlik nöqteyi-nəzərindən çətin ola bilərdi.
94. Dördüncüsü, siyasi partiyaların siyasi, seçki və referendum kampaniyalarının yayımlanması (tənzimləyici sistemin üç aspektindən biri) sözügedən ümumi tədbirin təsirini azaldırdı.
95. Bundan əlavə, Hökumət iddia etmişdir ki, Məhkəmənin vəzifəsi Parlament tərəfindən qəbul edilmiş həll yolunun ədalətli balans yaradıb-yaratmadığı və tətbiq edilə bilən mülahizə sərbəstliyinin əhatə dairəsinə düşüb-düşmədiyini təhlil etməkdən ibarətdir. İşdə siyasi çıxışlardan bəhs edilsə də, məqsəd onun dürüstlüyünü və qərəzsizliyini mühafizə etməkdən ibarət idi. TV Vest elan etmişdir ki, konsensusun olmaması daha geniş mülahizə sərbəstliyinin mövcud olmasını nəzərdə tuturdu. Bir-birinə ziddiyyət təşkil edən fikirlər arasında çox gözəl tarazlıq yaradılmışdı və buna nail olmaq üçün ekspert qurumlar və demokratik prosesin tamlığının qorunması ilə bağlı tədbirlərə xüsusi həssaslıqla yanaşan demokratik şəkildə seçilmiş siyasətçilər tərəfindən təfərrüatlı təhlil edilmiş və onun da nəticəsində daha az məhdudiyyət nəzərdə tutan alternativ tədbirlər istisna edilmişdi. Parlament məqsədin qadağanı əsaslandırdığı barədə mühakimə yürütmək hüququ var idi və o, (qadağa) qəbul edilərkən Parlament üzvlərindən heç biri əks fikir ifadə etməmişdi. Daha sonra qadağa yerli məhkəmələr tərəfindən təhlil edilmiş və onlar da öz növbələrində qadağanın əsasını təşkil edən səbəbləri və onun əhatə dairəsini təsdiq etmişdilər. Buna müvafiq olaraq və tətbiq edilən mülahizə sərbəstliyini nəzərə alaraq bu Məhkəmə ölkədaxili qurumlar tərəfindən müəyyən edilmiş mürəkkəb sahədə ikinci həll yolunu tapmaq məsələsində olduqca ehtiyatlı davranmalıdır. Qadağanın zəruri olub-olmamasının qiymətləndirilməsi ilə bağlı siyasi maraqlar arasındakı ziddiyyətə gəlincə, ABŞ-ın təcrübəsi göstərmişdir ki, tənzimlənməyən sistemlər siyasətçilərin xeyrinə olur və azlıq təşkil edən partiyanın xeyrinə ola bilməz.
96. Hökumət DCMS Baş Direktoru tərəfindən təqdim edilmiş yazılı izahata (bax yuxarıda 12-ci bənd) istinad edərək bildirmişdir ki, orada da qadağa ilə və alternativlərlə bağlı DCMS-in rəyi ifadə olunmuşdu (yuxarıda 50-52-ci bəndlər). Hökumət aşağıdakı aspektləri vurğulamışdır.
Onlar qeyd ediblər ki, Parlamentin səlahiyyəti var idi ki, qadağanın yalnız seçki müddətlərinə tətbiq edilməklə məhdudlaşdırılmasını nəzərdən keçirsin, çünki, belə olan təqdirdə dərin cibi olanlar istənilən vaxt seçiciləri qərəzli məlumat axınına məruz qoya və bununla da seçki prosesini təhrif edə bilərdilər. Əgər qadağanın seçki dövründə tətbiq edilməsi seçki prosesini müdafiə etmək baxımından 10-cu Maddəyə uyğun idisə (ərizəçinin də qəbul etdiyi kimi), eyni məqsədlə qadağanın digər dövrlərdə də tətbiq olunmasının nə dərəcədə zəruri olduğu ciddi sual doğururdu. Onlar vurğulamışlar ki, qadağanı yalnız siyasi partiyalara tətbiq etmək mümkün deyildi. Bundan ictimai maraq qruplarının arxasında gizlənən və siyasi gündəliyi təhrif etməyə çalışan partiyalar məharətlə istifadə edə bilərdilər. Bundan əlavə, siyasi partiyalar və sosial təşviqat qrupları arasında aydın və işlək fərq yox idi. Onlar vurğulamışlar ki, siyasi kontentə yol verməmək cəhdləri realistik olmazdı, belə ki, öz məqsədlərini təşviq etməyən sosial təşviqat qrupunu təsəvvür etmək çətindir. Əlbəttə ki, belə bir qurum tərəfindən yerləşdirilən istənilən reklam onun siyasi məqsədlərini təşviq edəcəkdi və bu məqsədlə sadəcə təşkilatın adının tanınması ilə bağlı tədbirlər və fandreyzinq tədbirləri deyil, digər tədbirlər də həyata keçirilə bilərdi. Əgər qurum qeyri-siyasi bir məsələ ilə bağlı təşviqat aparmaq istəsəydi onun sadəcə (bir çoxlarının da etdiyi kimi) xeyriyyə qolu yaratması tələb olunardı. Nəhayət, onlar qeyd ediblər ki, reklam yerləşdirmək arzusunda olan qrupların qarşısında maliyyə tələbləri qoyulması zəngin maliyyə vəsaitləri olan qüvvələr tərəfindən məharətlə və asanlıqla istifadə edilə bilərdi. Müəyyən siyasi nöqteyi-nəzərlərə qarşı maliyyə tələblərini formalaşdırmaq və tətbiq etmək də çətin ola bilərdi. Mövcud siyasi reklam çarxlarının sayının məhdudlaşdırılması mütləq ədalətsizlik və ayrı-seçkiliklə bağlı məsələlərin meydana gəlməsinə səbəb olardı. Lakin, partiyaların siyasi yayımlarının həyata keçirilməsi üçün yalnız qeydiyyata alınmış siyasi partiyalara və ya seçki nəticələri əsasında icazə verilməsini nəzərdə tutan qaydaları tətbiq etmək mümkün idi.
97. EPRA tərəfindən aparılan müqayisəli təhlil Hökumətin mövqeyini dəstəklədi. Yalnız 4 Dövlətdə bu mövqe tənzimlənmədən qalmışdı. Fransa, İrlandiya, Malta, İspaniya və Birləşmiş Krallıqda olduq geniş əhatə dairəsinə malik olan qadağalar mövcud idi. Üç Dövlət (İsveçrə, Danimarka və Norveç) sosial təşviqat qrupları tərəfindən reklam yerləşdirilməsinə icazə versə də, onlar özlərini əhatə dairəsi və təsiri hazırkı işdə nəzərdən keçirilən VgT qərarından sonra buna məcbur hesab etmişdilər. İstənilən halda, Avropada geniş mənada razılıq mövcud idi ki, yayım mediasında tənzimləmə tələb olunur, lakin bu tənzimləmənin necə həyata keçirilməli olduğu barədə konsensus yox idi. Əlbəttə ki, Nazirlər Komitəsi 1999 və 2007-ci illərdə məsələni təhlil etdiyi zaman (bax yuxarıda 73-74-cü bəndlər) bütün Avropada eyni yanaşmanın tətbiq olunmasını tövsiyə etməmişdi: Sərhədsiz Televiziya üzrə Direktiv yalnız kommersiya reklamlarına şamil edilirdi və istənilən halda, aydın şəkildə nəzərdə tuturdu ki, ondan daha qətiyyətli milli qanunvericilik müddəalarından yan keçmək üçün istifadə edilə bilməz. Eyni məsələni Audio Vizual Media Xidmətləri Direktivi haqqında da söyləmək mümkün idi. Avropa Transsərhəd Televiziyası üzrə Konvensiyasının daimi komitəsi özünün 2010-cu ilin iyulunda keçirilmiş iclasında belə nəticəyə gəlmişdi ki, siyasi reklamlar Aİ-nın səlahiyyət çərçivəsindən kənarda qalır.
98. Hökumət Məhkəmənin bu presedent hüququ, xüsusilə yuxarıda adları çəkilən VgT, Murphy və TV Vest qərarları ilə bağlı təfərrüatlı təqdimat keçirmişdir.
Onlar iddia etmişlər ki, VgT qərarı yalnız öz faktları çərçivəsində şərh edilməlidir belə ki, həmin işdə ərizəçi artıq başladılmış debatda tarazlıq yaratmağa çalışırdı, lakin hazırkı işdə isə ərizəçi primatlara münasibətlə bağlı yeni debat açmaq niyyətində idi. Alternativ olaraq, VgT qərarı bu işə tətbiq edilməməlidir. O, audio-vizual medianın xüsusi gücü və kütləvi xarakterini nəzərə alaraq ona xüsusi münasibət bəslənməsinin zəruri olduğunu qəbul edə bilməmişdi. O, ümumi tədbirin əsaslandığı səbəbləri və onlarla əlaqədar olan bir sıra məsələləri adekvat şəkildə və ya tamamilə nəzərdən keçirməmişdi. VgT (No. 2) bu işə tətbiq edilə bilməzdi, çünki Məhkəmə Konvensiyanın 10-cu Maddəsinə əsasən hazırkı işin predmetini təşkil edən məsələni Konvensiyanın 10-cu Maddəsinə əsasən mahiyyət etibarı ilə araşdırmamışdı. TV Vest qərarına gəldikdə isə, faktlar burada fərqli idi: ərizəçi azlıqda olan siyasi partiya idi, lakin Norveçin qanunvericiliyində azlıqda olan partiyaların bəhrələnə biləcəyi siyasi partiyaların siyasi, seçki və referendum kampaniyalarının yayımlanması ilə bağlı müddəalar yox idi. TV Vest qərarında ümumi Avropa razılığının mövcud olmamasının dövlətlərin mülahizə sərbəstliyini artırdığı qəbul edilsə də, orada da məhdudiyyət ümumi tədbir qismində nəzərdən keçirilməmişdi. Murphy işi ilə bağlı qərarda məhdudiyyət ümumi tədbir kimi nəzərdən keçirilmişdi və heç bir səbəb göstərilmirdi ki, niyə görə dini reklamlarla bağlı hər işin faktlarının araşdırılması münasib deyildi, amma bunu siyasi reklamlarla bağlı münasib hesab etmək olardı.
3. Məhkəmə tərəfindən müdaxilənin demokratik cəmiyyətdə zəruri olub-olmadığının qiymətləndirilməsi
99. Ərizəçi bildirmişdir ki, qadağa qeyri-mütənasib idi, belə ki, həmin qadağaya əsasən sosial təşviqat qruplarının seçki dövrlərindən kənar zamanlarda ödənişli “siyasi” reklam yerləşdirilməsi qadağan olunurdu. Hökumət mübahisə edərək bildirmişdir ki, bu qadağanı tətbiq etmək zəruri idi ki, maddi cəhətdən güclü olan qüvvələrin müdaxiləsi ilə ictimai maraq doğuran məsələlərlə bağlı aparılan debatların təhrif olunmasının qarşısı alınmış olsun və bununla da effektiv plüralizmi və demokratik prosesi müdafiə etmək mümkün olsun. Burada istifadə edilən siyasi reklam ifadəsinə geniş ictimai marağa səbəb olan məsələlərlə bağlı reklamların yerləşdirilməsi də daxildir.
(a) Ümumi prinsiplər
100. İfadə azadlığına müdaxilə zərurətini meydana gətirən ümumi prinsiplər Stoll İsveçrəyə qarşı (Stoll v. Switzerland [GC] (no. 69698/01, § 101, ECHR 2007‑V) ) işində xülasə şəklində verilmiş və bu yaxınlarda Mouvement raëlien suisse İsveçrəyə qarşı (Mouvement raëlien suisse v. Switzerland ([GC], no. 16354/06, § 48, 13 iyul 2012) işində təkrarən istinad edilmişdir:
“(i) İfadə azadlığı demokratik cəmiyyətin və onun inkişafının və hər bir fərdin özünü ifadə etməsinin əsasını təşkil edən təməl daşlarından biri olaraq qalmaqda davam edir. 10-cu Maddənin 2-ci bəndinə müvafiq olaraq onu sadəcə dinc şəkildə və ya laqeydliklə qəbul edilən “məlumat” və “ideyalara” deyil, eyni zamanda təhqir edən, şok təsiri yaradan və ya narahat edənlərə də şamil etmək lazımdır. Bunu plüralizm, dözümlülük və geniş düşüncə tərzi tələb edir ki, onlar olmadan da “demokratik cəmiyyətin” mövcud olması mümkün deyil. 10-cu Maddədə təsbit edildiyi kimi, bu məhdudiyyətə istisnalar edilə bilər, lakin onlar ... birbaşa şəkildə ifadə edilməli və hər bir məhdudiyyət üçün irəli sürülən səbəblər inandırıcı şəkildə müəyyən edilməlidir ...
(ii) “Zəruri” sifəti 10-cu Maddənin 2-ci bəndinin mənası baxımından “təzyiq edici sosial ehtiyacın” olduğunu nəzərdə tutur. Müqaviləyə qoşulan Dövlətlər belə bir ehtiyacın olub-olmadığını qiymətləndirməklə bağlı müəyyən mülahizə sərbəstliyinə malikdirlər, lakin bu sərbəstlik üzərində Avropa nəzarəti də mövcuddur ki, həmin nəzarətə də həm qanunvericilik üzərində nəzarət, həm də, hətta müstəqil məhkəmə tərəfindən qəbul edilmiş qərarlar da daxil olmaqla, qərarların icra edilməsi üzərində nəzarət daxildir. Buna görə də Məhkəmənin səlahiyyəti vardır ki, məhdudiyyətin Konvensiyanın 10-cu Maddəsində nəzərdə tutulmuş ifadə azadlığına uyğun olub-olmadığına dair yekun qərarı çıxarsın.
(iii) Məhkəmənin öz nəzarət funksiyasını yerinə yetirərkən vəzifəsi səlahiyyətli milli məhkəmələri əvəz etmək deyil, onların öz mülahizə sərbəstlikləri çərçivəsində verdikləri qərarların 10-cu Maddəyə uyğun olub olmadığını yoxlamaqdan ibarətdir. Bu o demək deyildir ki, nəzarət funksiyası yalnız Məhkəmənin cavabdeh Dövlətin öz diskresion hüququndan ağlabatan şəkildə, ehtiyatla və vicdanla istifadə etdiyindən əmin olmaqla məhdudlaşdır; Məhkəmənin etməli olduğu həm də şikayət edilən müdaxiləni bütövlükdə işin kontekstində təhlil etməkdən və onun ‘qarşıya qoyulan məqsədə mütənasib olub-olmadığını’ müəyyən etməkdən və milli hakimiyyət qurumları tərəfindən əsas gətirilən səbəblərin ‘işə aidiyyatı olan və yetərli olub-olmadığını’ aşkar etməkdən ibarət idi... Bunu etməklə Məhkəmə milli məhkəmələrin 10-cu Maddədə təsbit olunmuş standartları tətbiq etdiyindən və bundan əlavə, onların müvafiq faktları düzgün şəkildə qiymətləndirdiyindən əmin olmalı idi ....”
10-cu Maddəyə əsasən mövcud olan bu qoruma sadəcə ifadə olunan fikir və məlumatların mahiyyətinə deyil, eyni zamanda onların hansı formada ifadə edildiyinə də şamil edilir (Cersild Danimarkaya qarşı (Jersild v. Denmark, 23 September 1994, § 31, Series A no. 298)).
101. Məhkəmə həm də yaxın zamanlarda çıxarılmış Sentro Yuropa və Di Stefano İtaliyaya qarşı (Centro Europa 7 S.R.L. and Di Stefano v. Italy ([GC], no. 38433/09, ECHR 2012) işində audio-vizual mediada plüralizmə dair prinsipləri də xatırladır:
“129. ... Əksər hallarda qeyd edildiyi kimi, plüralizm olmadan demokratiyanın mövcud olması mümkün deyildir. ... Müxtəlif siyasi proqramların təklif edilməsi və müzakirəyə çıxarılması demokratiyanın məğzini təşkil edən məsələdir ... lakin onların demokratiyaya xələl gətirməməsi nəzərdə tutulmalıdır ....
132. Televiziya və radio kimi audiovizual media növləri bu baxımdan xüsusilə əhəmiyyətli rola malikdirlər. ...
133. İqtisadi və ya siyasi cəhətdən güclü olan qrupların audio-vizual media üzərində dominantlıq əldə etməsinə və bununla da, yayımçılara təzyiq göstərməsinə və nəticə etibarı ilə də onların redaksiya azadlığını məhdudlaşdırmasına şərait yaradan vəziyyət ifadə azadlığının Konvensiyanın 10-cu Maddəsində nəzərdə tutulduğu şəkildə demokratik cəmiyyətdə oynadığı əhəmiyyətli rola xələl gətirir; bu xüsusilə, onun ümumi maraq kəsb edən məlumat və ideyaların yayılmasına xidmət etdiyi hallara aid edilir ...
134. Məhkəmə müşahidə edir ki, audio-vizual media kimi həssas bir sektorda Dövlətin müdaxilə etməməklə bağlı neqativ öhdəliyi ilə yanaşı effektiv plüralizmi təmin etmək üçün müvafiq qanunverici və inzibati baza yaratmaqla bağlı pozitiv öhdəliyi də vardır ...
Bunu nəzərə alaraq, qeyd edilməlidir ki, Nazirlər Komitəsinin media plüralizmi və media kontentinin müxtəlifliyi haqqında Tövsiyəsi (CM/Rec(2007)2 ) bir daha təsdiq etmişdir ki, “ideya və fikirlərin plüralist şəkildə ifadə edilməsini, eləcə də mədəni müxtəlifliyi qorumaq və fəal şəkildə təşviq etmək üçün üzv Dövlətlər mövcud tənzimləyici bazalarını (xüsusilə, media qurumlarına sahibliklə bağlı) uyğunlaşdırmalı və media şəffaflığını və struktur plüralizmini, eləcə də yayımlanan kontentin müxtəlifliyini təmin etmək üçün zəruri olan qanunvericilik və maliyyə tədbirlərini görməlidirlər”.
Bundan əlavə, 10-cu Maddə ilə təmin olunan məsələnin əhəmiyyətini nəzərə alaraq Dövlət plüralizmin əsas təminatçısıdır (İnformasionsveren Lentia və Başqaları Avstriyaya qarşı (Informationsverein Lentia and Others v. Austria, 24 November 1993, § 38, Series A no. 276;) və Manole və başqaları Moldovaya qarşı (Manole and Others v. Moldova, no. 13936/02, § 99, ECHR 2009 (extracts))).
102. Dövlətə verilən mülahizə sərbəstliyinin əhatə dairəsinin genişliyinə gəldikdə onun bir sıra meyarlardan asılı olduğu xatırladılmışdır. Bu sözügedən ifadə növü əsasında müəyyən edilir və bu baxımdan xatırladılmışdır ki, 10-cu Maddənin 2-ci bəndinə əsasən ictimai maraq kəsb edən məsələlərlə bağlı debatlara məhdudiyyət qoymaq üçün çox az imkan nəzərdə tutulub (Uinqrove Birləşmiş Krallığa qarşı işi üzrə 25 noyabr 1996-cı il tarixli qərarı (Wingrove v. the United Kingdom, judgment of 25 November 1996, Reports of Decisions and Judgments 1996-V, § 58)). Belə məsələlər siyahısına heyvanların qorunması ilə bağlı olan məsələlər də daxildir (Bladet Tromso və Stensaas Norveçə və VgT İsveçrəyə qarşı, eləcə də Movment raeliyen suis İsveçrəyə qarşı işləri (Bladet Tromsø and Stensaas v. Norway [GC], no. 21980/93, §§ 61-64 ECHR 1999-III; VgT Verein gegen Tierfabriken v. Switzerland, §§ 70 and 72; and Mouvement raëlien suisse v. Switzerland, §§ 59-61 ) (sonuncu iki iş yuxarıda sitat gətirilib. Mülahizə sərbəstliyi həm də demokratik cəmiyyətin KİV-lərə ictimai nəzarətçi qismində həyata keçirdiyi əhəmiyyətli rol ilə bağlı güclü marağı olması faktı ilə daralır ( Edisions plon Fransaya qarşı (Editions Plon v. France, no. 58148/00, § 43, ECHR 2004‑IV)): KİV-lərin azadlığı ictimaiyyətə siyasi liderlərin rəyini aşkar etmək və formalaşdırmaq baxımından ən yaxşı imkanı verir. Buna görə də media vasitələrinin vəzifəsi ictimai maraq kəsb edən məsələlərlə bağlı məlumat və fikirləri yaymaqdan ibarətdir, ictimaiyyətin isə onları almaq hüququ vardır (Handisayd Birləşmiş Krallığa qarşı (Handyside v. the United Kingdom, 7 December 1976, § 49, Series A no. 24; və Sentro Yuropa 7 S.R.L. və Di Stefano İtaliyaya qarşı (Centro Europa 7 S.R.L. and Di Stefano v. Italy), yuxarıda 131-ci bənddə sitat gətirilib).
103. Buna müvafiq olaraq Məhkəmə KİV-lər tərəfindən ictimai maraq doğuran bir məsələnin televiziya proqramında ifadə olunması azadlığına qoyulan məhdudiyyəti ətraflı bir şəkildə araşdırır (Schweizerische Radio- und Fernsehgesellschaft SRG v. Switzerland, no. 34124/06, § 56, 21 June 2012). Hazırkı kontekstdə qeyd edilməlidir ki, QHT diqqəti ictimai maraq kəsb edən məsələlərə cəlb etdikdə o, özünün KİV-lərin rolu qədər əhəmiyyətli ictimai nəzarətçi funksiyasını yerinə yetirir (Vides Aizsardzības Klubs v. Latvia, no. 57829/00, § 42, 27 May 2004).
104. Bu səbəblərdən, hazırkı kontekstdə Dövlətə verilməli olan mülahizə sərbəstliyinin əhatə dairəsi prinsip etibarı ilə dar olmalıdır.
105. Məhkəmə yuxarıda göstərilən bütün faktorların işığında qadağanı əsaslandırmaq üçün istifadə edilən səbəblərin həm “işə aidiyyatı olan”, həm də “yetərli” olduğunu və bununla da müdaxilənin “təzyiq yaradan sosial ehtiyac” olub-olmadığını və onun qarşıya qoyulmuş legitim məqsədə uyğun olub-olmadığını qiymətləndirəcəkdir. Bu baxımdan, Məhkəmənin vəzifəsi milli məhkəmələri əvəz etmək deyil, işin bütövlükdə kontekstində səlahiyyətli hakimiyyət qurumları tərəfindən onlara verilən mülahizə sərbəstliyi çərçivəsində qəbul edilən qərarları təhlil etməkdən ibarətdir (Fressoz və Ruar Fransaya qarşı (Fressoz and Roire v. France [GC], no. 29183/95, § 45, ECHR 1999-I)).
(b) İlkin qeydlər
106. Müdaxilənin yuxarıda sitat gətirilən VgT işində əsaslı olub-olmamasından asılı olmayaraq hazırkı işdə tərəflər siyasi reklam yerləşdirmənin ümumi xarakter daşıyan tədbirlə tənzimlənə biləcəyi ilə bağlı razılığa gəliblər; onların razılığa gəlmədikləri məsələ seçilmiş ümumi tədbirin əhatə dairəsinin genişliyi olub. Xatırladılıb ki, Dövlət Konvensiyaya uyğun olaraq ümumi tədbirlər qəbul edə və onları hər bir işin fərdi xüsusiyyətlərini nəzərə almadan, hətta onların tətbiqi ağır nəticələrin meydana gəlməsinə səbəb ola bilməsiehtimalı mövcud olan hallarda belə, tətbiq edə bilər (Jdanovka Latviyaya qarşı (Ždanoka v. Latvia [GC], no. 58278/00, §§ 112-115, ECHR 2006‑IV)). Ərizəçinin bildirdiyinin əksinə olaraq ümumi tədbir hər hansı bir ayrılıqda götürülmüş ifadə aktına tətbiq edilən ilkin məhdudlaşdırma tədbirindən fərqləndirilməlidir (Observer və Qardian Birləşmiş Krallığa qarşı (Observer and Guardian v. the United Kingdom, 26 November 1991, § 60, Series A no. 216)).
107. Ümumi tədbir tətbiq etmək zərurəti Məhkəmə tərəfindən müxtəlif kontekstlərdə, məsələn, iqtisadi və sosial siyasət kontekstində (Ceyms və Başqaları Birləşmiş Krallığa qarşı (James and Others v. the United Kingdom, 21 February 1986, Series A no. 98); Mellaxer və Başqaları Avstriyaya qarşı (Mellacher and Others v. Austria, 19 December 1989, Series A no. 169); və Hatton və Başqaları Birləşmiş Krallığa qarşı (Hatton and Others v. the United Kingdom [GC], no. 36022/97, § 123, ECHR 2003‑VIII)) və sosial rifah və pensiya kontekstində (Stek və Başqaları Birləşmiş Krallığa qarşı (Stec and Others v. the United Kingdom [GC], no. 65731/01, ECHR 2006‑VI; Ranki və Uayt Birləşmiş Krallığa qarşı (Runkee and White v. the United Kingdom, nos. 42949/98 and 53134/99, 10 May 2007); və Karson və Başqaları Birləşmiş Krallığa qarşı (Carson and Others v. the United Kingdom [GC], no. 42184/05, ECHR 2010)) təhlil edilib. Bu məsələ eyni zamanda seçki qanunvericiliyi kontekstində (Jdanovka Latviyaya qarşı (Ždanoka v. Latvia [GC],) yuxarıda sitat gətirilib); məhbusların səs verməsi (Hörst Birləşmiş Krallığa qarşı (Hirst v. the United Kingdom (no. 2) [GC], no. 74025/01, ECHR 2005‑IX); və Skoppola İtaliyaya qarşı ( Scoppola v. Italy (no. 3) [GC], no. 126/05, 22 May 2012); məhbuslar üçün nəzərdə tutulmuş süni mayalandırma (Dikson Birləşmiş Krallığa qarşı (Dickson v. the United Kingdom [GC], no. 44362/04, §§ 79-85, ECHR 2007‑V)); dondurulmuş embrionların məhv edilməsi (Evans Birləşmiş Krallığa qarşı (Evans v. the United Kingdom [GC], no. 6339/05, ECHR 2007‑I)); və suisidə yardım edilməsi (Pretti Birləşmiş Krallığa qarşı (Pretty v. the United Kingdom, no. 2346/02, ECHR 2002‑III)); eləcə də dini reklamların qadağan edilməsi kontekstində (yuxarıda sitat gətirilən Mörfi İrlandiyaya qarşı işi (Murphy v. Ireland)) kontekstlərində təhlil edilib.
108. Həmin presedentlərdən belə məlum olur ki, ümumi tədbirin mütənasib olub-olmadığını yoxlamaq üçün Məhkəmə hər şeydən əvvəl onun əsasında duran qanunvericilik seçimlərini qiymətləndirməlidir (Ceyms və Başqaları (James and Others, § 36)). Tədbirin zəruri olub-olmadığının parlament və ya məhkəmələr tərəfindən qiymətləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir və buraya tətbiq edilən mülahizə sərbəstliyi də daxil edilir (misal üçün, 128-ci bənddə göstərilən Hatton işi (Hatton);73-cü bənddə göstərilən Mörfi işi (Murphy); 78-80-ci bəndlərdə göstərilən Hörst işi (Hirst); 86-cı bənddəki Evans işi (Evans); və 83-cü bənddəki Dikson işi; hamısı yuxarıda sitat gətirilib). Eyni zamanda ümumi tədbirin bir qədər yumşaldılması tələb olunan hallarda ondan sui-istifadə edilməsi riskini də nəzərə almaq vacibdir və həmin riskin qiymətləndirilməsi hər şeydən əvvəl Dövlətin vəzifəsidir (Pretty, 74-cü bənd). Ümumi tədbirin görülməsi hər bir işin fərdi hallarının təhlil edilməsi ilə müqayisədə qarşıya qoyulan legitim məqsədlərə çatmaq üçün daha uyğun və həyata keçirilə bilən vasitə kimi qəbul edilmişdir, belə ki, sonuncu (hər bir işin fərdi hallarının təhlil edilməsi) böyük bir qeyri-müəyyənliyin (Evans, 89-cu bənd), məhkəmə prosesinin, xərclərin və yubanmanın (Ceyms və Başqaları (James and Others), 68-ci bənd və Ranki (Runkee), 39-cu bənd) və eləcə də, ayrı-seçkilik və özbaşınalığın (Murphy, 76-77-ci bəndlərdə və Evans, 89-cu bənddə) meydana gəlməsi riskini daşıyır. Lakin yenə də, ümumi tədbirin işin faktlarına tətbiq edilməsi onun təcrübədə təsirinin göstəricisi olaraq qaldığından onun mütənasibliyinə aid edilir (bax, misal üçün, Ceyms və Başqaları (James and Others), yuxarıda sitat gətirilib, 36-cı bənd).
109. Belə görünür ki, ümumi tədbiri əsaslandıran ümumi əsaslar nə qədər inandırıcı olsa, Məhkəmə onun xüsusi bir işə təsirinə bir o qədər az əhəmiyyət verəcəkdir. Məhkəmənin ümumi tədbirləri təhlil edərkən nümayiş etdirdiyi bu yanaşması yuxarıda sitat gətirilən həm VgT, həm də Murphy işlərinin təhlili zamanı istifadə edilmişdir və sonuncu işdəki təhlil TV Vest işinə tətbiq edilmişdir. 2009-cu il tarixli VgT (no. 2) qərarının (yuxarıda sitat gətirilib) buraya aidiyyatı yoxdur, burada söhbət yalnız Dövlətin Məhkəmənin qərarını icra etməklə bağlı müsbət öhdəliyindən gedə bilər.
110. Belə tədbirlərlə bağlı əsas sual, ərizəçinin təklif etdiyi kimi, daha az qəti (yüngül) tədbirlərin qəbul edilməli olub-olmaması və ya əlbəttə ki, Dövlətin həmin tədbiri tətbiq etmədən qarşıya qoyulmuş legitim məqsədinə çatmasının mümkün olmadığını sübuta yetirə bilib-bilməməsindən ibarət deyil. Əslində əsas məsələ ümumi tədbiri qəbul etdiyi və bununla da tarazlıq yaratdığı zaman qanunverici orqanın ona verilmiş mülahizə sərbəstliyi çərçivəsində davranıb-davranmadığından ibarətdir (Ceyms və Başqalaraı Birləşmiş Krallığa qarşı (James and Others v. the United Kingdom, 51-ci bənd); Mellaxer və başqaları Avstriyaya qarşı (Mellacher and Others v. Austria), 53-cü bənd; və Evans Birləşmiş Krallığa qarşı (Evans v. the United Kingdom [GC]), 91-ci bənd, hamısı yuxarıda sitat gətirilib).
111. Bundan əlavə, Məhkəmə qeyd edir ki, Hökumət tərəfindən təklif edilən əsaslandırmaya seçki prosesini demokratik asayişin bir hissəsi qismində qorumaq da daxil edilmişdi və onlar Bouman Birləşmiş Krallığa qarşı işinə (Bowman v. the United Kingdom (19 February 1998, § 41, Reports 1998‑I) istinad etmişdilər ki, orada da Məhkəmə qəbul etmişdi ki, azad seçkilərin keçirilməsi hüququ ilə bağlı risk nəzərə alındıqda ictimai debatlar üzərində tənzimləyici nəzarətin olması zəruridir. Ərizəçi həmin işin hazırkı işə aidiyyatı olduğunu mübahisələndirmişdir, belə ki, həmin işdə yalnız seçkidən əvvəl və seçkilər zamanı tətbiq edilən qadağadan söhbət gedirdi. Seçki dövründə plüralist ictimai debatlar, seçkilər və demokratik prosesə qarşı risklər daha ciddi olduğundan Bowman qərarı təklif etmir ki, həmin risk yalnız seçki dövrünə aid edilsin. Belə ki, demokratik proses daim davam edən bir prosesdir və onun mövcud olması üçün davamlı olaraq sərbəst və plüralist ictimai müzakirələrin keçirilməsi tələb olunur. Əlbəttə ki, Centro Europa 7 S.R.L. və Di Stefano İtaliyaya qarşı (Centro Europa 7 S.R.L. and Di Stefano v. Italy (yuxarıda sitat gətirilib, 134-cü bənd) işində Məhkəmə bildirməmişdi ki, audio-vizual sektorda effektiv plüralizmi təmin etmək üçün müdaxilə etməklə bağlı pozitiv öhdəliyin tanınması hansısa bir dövrlə məhdudlaşmalıdır.
Buna müvafiq olaraq, xatırlatmaq yerinə düşər ki, Avropa ölkələrinin zəngin tarixi, mədəni və siyasi fərqləri vardır və buna görə də hər bir Dövlət özü özünün demokratik baxışını müəyyən etməlidir (Hörst Birləşmiş Krallığa qarşı (Hirst v. the United Kingdom (no. 2) [GC]), 61-ci bənd; və Skoppola İtaliyaya qarşı (Scoppola v. Italy (no. 3) [GC]), 83-cü bənd, hər ikisi yuxarıda sitat gətirilib). Qanunverici və məhkəmə orqanları daima öz ölkələri və cəmiyyətləri ilə ünsiyyətdə olduğundan onların ehtiyaclarına daha yaxşı bələd olurlar və buna görə də, öz Dövlətlərində demokratik nizamı qorumaqla bağlı meydana gələn çətinlikləri qiymətləndirmək üçün ən yaxşı mövqedə olurlar (Jdanovka Latviyaya qarşı (Ždanoka v. Latvia [GC]), yuxarıda sitat gətirilib, 134-cü bənd). Buna görə də Dövlətə bu hərbir ölkəyə görə dəyişən və mürəkkəb qiymətləndirməni apara bilmək üçün müəyyən səlahiyyət sərbəstliyi verilməlidir ki, hazırkı işdə qanunvericilik seçimi ilə bağlı mülahizə sərbəstliyi məhz diqqət mərkəzində dayanan məsələdir.
112. Nəhayət, Məhkəmə qeyd edir ki, hər iki tərəf eyni məqsədə, yəni ictimai maraq kəsb edən məsələlərlə bağlı azad və plüralist debat təşkil etmək və bununla da ümumilikdə demokratik prosesə töhfə vermək məqsədinə malikdirlər. Buna görə də Məhkəmədən bir tərəfdən ərizəçi QHT-nin ümumi maraq kəsb edən və ictimaiyyətin almalı olduğu məlumat və ideyaları yayması, digər tərəfdən isə hakimiyyətin demokratik debatları və prosesi təsirli media vasitələrinə üstün çıxışa malik olan zəngin maliyyə qruplarının müdaxiləsi nəticəsində təhrif olunmaqdan müdafiə etmək arzusu arasında tarazlıq yaratmaq tələb olunur. Məhkəmə qəbul edir ki, belə qruplar ödənişli reklam sahəsində üstün şərtlərə malik ola bilərdilər və bununla da Dövlətin təminatçısı olduğu sərbəst və plüralist debatları ixtisara sala bilərdilər. Bu səbəbdən ictimai maraq kəsb edən və yayımlanan debatların Konvensiyanın 10-cu Maddəsinin 2-ci bəndi baxımından tənzimlənməsi zəruri ola bilər. Həm VgT, həm də TV Vest qərarlarında həmin prinsip açıq şəkildə qəbul edilsə də (bax, həmçinin, məsələn, yuxarıda sitat gətirilən Centro Europa 7 S.R.L. and Di Stefano v. Italy işi), onların hər birində sözügedən reklamın qadağan edilməsinin tətbiq edilməsi qeyri-mütənasib olaraq qiymətləndirilmişdir. Bu işdə həllini tapmalı olan məsələ hazırkı qadağanın yuxarıda təsvir olunmuş məqsədi və cavabdeh Dövlətin mülahizə sərbəstliyi nəzərə alınmaqla həddən artıq irəli degib-getməməsindən ibarətdir.
(c) Mütənasiblik (proporsionallıq)
113. Buna görə də, bu ümumi tədbirin mütənasibliyinə diqqət yetirdiyi zaman Məhkəmə hər şeydən əvvəl onun zərurətinin milli parlament və məhkəmələr tərəfindən edilmiş təhlilinə nəzər salmışdır ki, yuxarıdakı 106-111-ci bəndlərdə göstərilmiş səbəblərə görə həmin təhlillər hazırkı işdə diqqət mərkəzində duran məsələdir.
114. Qadağanın 1950-ci illərdən etibarən Birləşmiş Krallıqda yayım prosesinin bir hissəsi olmasına baxmayaraq, onun zərurəti Neill Komitəsi tərəfindən 1998-ci ildə xüsusi olaraq hazırlanmış hesabatda təhlil və təsdiq edilmişdir. Buna müvafiq olaraq, qadağanın tətbiq edilməsinə dair Bəyaz Sənəd şərhlərin alınması üçün dərc edilmişdir. Məhz həmin məqamda (2001) yuxarıda sitat gətirilmiş VgT işi ilə bağlı qərar çıxarılmış və sonrakı mərhələlərdə aparılan qanunların qəbul edilməsindən əvvəlki təhlillər həmin qərarın təsiri ilə təklif edilən qadağanın Konvensiyaya uyğunluğu baxımından təfərrüatlı şəkildə təhlil edilmişdir. Bəyaz Sənədlə bağlı məsləhətləşmələrdən sonra 2002-ci ildə Qanun layihəsi İzahat Qeydləri ilə birlikdə dərc edilmişdir ki, orada da VgT işi ilə bağlı qərarın çıxardığı nəticələrdən bəhs edilirdi. Daha sonra həmin Qanunla bağlı məsləhəti alınmış bütün ekspert qurumları (İHBK, KQLBK, MTK və Seçki Komissiyası) yuxarıda təfərrüatlı şəkildə göstərilmiş səbəblər üzündən (42-54-cü bəndlər) qadağanın tətbiq edilməsinə tərəfdar olduqlarını bildirmişlər və qeyd etmişlər ki, hətta VgT qərarından sonra belə bu mütənasib olan ümumi tədbir idi. Hökumət DCMS vasitəsilə həmin müzakirələrdə fəal şəkildə iştirak etmiş və qadağanın hansı səbəblərdən tətbiq edildiyini və mütənasib hesab edildiyini təfərrüatlı şəkildə izah etmiş və hətta həmin qadağa ilə bağlı öz hüquqi məsləhətlərini də açıqlamışdılar (yuxarıda 50-53-cü bəndlər). Qadağanın daxil edildiyi 2003-cü il Qanunu daha sonra bütün partiyaların dəstəyi ilə qüvvəyə minmiş və bu zaman heç bir partiya ona sqarşı çıxmamışdır. Buna görə də, tətbiq edilən qadağa parlament tərəfindən Birləşmiş Krallıqda ictimai maraq kəsb edən məsələlərlə bağlı yayımlara tətbiq edilən geniş tənzimləmə sisteminin bir hissəsi olan qadağanın mədəni, siyasi və hüquqi aspektlərinin müstəsna təhlilinin kulminasiyası idi və bütün qurumlar qadağanın 10-cu Maddədə təsbit olunmuş hüquqlara zəruri müdaxilə olduğu qənaətinə gəlmişdilər.
115. Bu Parlamentin xüsusi səlahiyyəti idi. Qadağanın Konvensiyaya uyğun olub-olmaması ilə bağlı keçirilən geniş məsləhətləşmələr daxili məhkəmələr tərəfindən Parlamentin həmin qadağanı qəbul etmək haqqında qərarına nə dərəcədə hörmət bəslədiyini izah edirdi (xüsusilə, yuxarıdakı 15 və 24-cü bəndlər). Lakin, buna baxmayaraq qadağanın mütənasibliyi yenə də müəyyən təfərrüatlarla Yüksək Məhkəmə və Lordlar Palatasının müzakirəsinə çıxarılmışdı. Hər iki Məhkəmə Konvensiyanın müvafiq presedent hüququnu və prinsiplərini təhlil etmiş, yuxarıda sitat gətirilən VgT işinin hazırkı işə uyğun olub-olmadığını araşdırmış və həmin yurisprudensiyanı ehtiyatla qadağaya tətbiq etmişdir. Hər iki səviyyədə işə baxan hakimlər qadağanın məqsədlərini və qanunverici seçimin əhatə dairəsini müəyyən edən əsasları təsdiq etmiş və hər biri belə nəticəyə gəlmişdir ki, bu ərizəçinin Konvensiyanın 10-cu Maddəsində təsbit olunmuş hüquqlarına zəruri və proporsional müdaxilədir.
116. Məhkəmə öz növbəsində parlament və məhkəmə qurumları tərəfindən aparılan və Birləşmiş Krallıqda siyasi yayımlarla bağlı sahəni tənzimləyən mürəkkəb tənzimləyici rejimlər ilə bağlı olan bu dəqiqləşdirici və müvafiq təhlillərə və onların ictimai maraq kəsb edən debatların təhrif edilməsinin və bununla da demokratik prosesə xələl gətirilməsinin qarşısını almaq üçün ümumi tədbir tətbiq edilməsinin zəruri olduğu ilə bağlı fikrinə olduqca böyük əhəmiyyət verir.
117. Bundan əlavə, Məhkəmə əhəmiyyətli hesab edir ki, qadağa xüsusilə təhrif prosesinin qarşısını almaq üçün nəzərdə tutulmuşdu və Hökumət buna nail olmaq üçün ifadə azadlığına minimal məhdudiyyət qoymağa səy göstərmişdi. Məhz bu səbəbdən qadağa qərəzli mövqeyi nəzərə alaraq reklamlara (Murphy, 42-ci bənd), zənginlərin qeyri-bərabər çıxışı təhlükəsi nəzərə alınmaqla ödənişli reklamlara və demokratik prosesin mərkəzində dayandığı hesab edildiyi üçün siyasi reklamlara tətbiq edilirdi. Qadağa eyni zamanda yalnız bir media növünə tətbiq edilirdi ki, həmin media növü də ən bahalı və təsirli media vasitəsi hesab edilirdi və hazırkı işdə sözügedən tənzimləyici sistemin əsasını təşkil edirdi. Məhdudiyyətə qoyulan sərhədlər onun mütənasibliyinin qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətli meyarlardır (Mouvement raëlien suisse v. Switzerland [GC], § 75, yuxarıda sitat gətirilib). Müvafiq olaraq ərizəçinin ixtiyarında bir sıra digər media vasitələri qalmışdı və bu aşağıda 124-cü bənddə göstərilib.
118. Lakin, ərizəçi məsələyə qadağanın əhatə dairəsi ilə bağlı qanunverici seçimlərin əsasını mübahisələndirərək yanaşmışdır.
119. Hər şeydən əvvəl ərizəçi VgT qərarının 77-ci bəndinə istinad edərək bildirmişdir ki, internet kimi yeni çıxan media vasitələrinin müqayisəli təsirini nəzərə aldıqda qadağanın yalnız radio və televiziyaya tətbiq edilməsi qeyri-məntiqi idi. Lakin, Məhkəmə də yayım mediasının təsiri ilə bağlı qoyulan fərqi məntiqi və münasib hesab edir. Xüsusilə, Məhkəmə yayım mediasının təsirinin radio və televiziyanın evlərdə ən çox yayılmış əyləncə mənbəyi olaraq istifadə edildiyini nəzərə almaqla çox böyük və effektiv olduğunu qəbul edir (Cersild Danimarkaya qarşı (Jersild v. Denmark, § 31); Murphy İrlandiyaya qarşı (Murphy v. Ireland, § 74; TV Vest, § 60); və Centro Europa 7 S.R.L. and Di Stefano v. Italy, § 132, hamısı yuxarıda sitat gətirilib). Bundan əlavə, internet və sosial mediadan istifadə ilə bağlı seçimlər həmin mənbələrdən alınan məlumatların yayımlanan informasiya ilə eyni təsirə malik olmadığını göstərirdi. Buna görə də internet və sosial medianın son zamanlar olduqca inkişaf etməsinə baxmayaraq cavabdeh ölkədə yayım mediasının təsirinin azaldığı və yeni media vasitələrinin artdığı və bununla da yayın mediasında tətbiq edilən tədbirlərin yüngülləşdirilməsinin zəruri olduğu barədə heç bir sübut yoxdur.
120. İkincisi, ərizəçi iddia etmişdir ki. yayımlanan reklamlar artıq digər media vasitələrindən bahalı deyildi. Hökumət bunu mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, Ousley J – in Yüksək Məhkəmədə qeyd etdiyi kimi (yuxarıda 17-ci bənd) qeyd etmək kifayətdir ki, yayımlanan reklamlar üstünlüyə malik idilər və bu üstünlük reklamçılara və yayım şirkətlərinə məlum idi və bu üstünlüyə görə reklam yerləşdirənlər böyük məbləğdə pullar ödəməyə hazır idilər ki. həmin məbləğləri də ictimai debatlarda iştirak etmək arzusunda olan QHT-lərin əksəriyyəti ödəmək iqtidarında deyildilər.
121. Üçüncüsü, ərizəçi hesab etmişdir ki, siyasi partiyalara siyasi, seçki və referendum kampaniyalarının pulsuz yayımlanması imkanının verilməsinın qadağanın mütənasibliyinə aidiyyatı yox idi. Lakin, Məhkəmə hesab edir ki, qadağanın demokratik prosesin mərkəzində duran bu qurumlar üçün nəzarət altında yumşaldılması Məhkəmə tərəfindən ümumi tədbir nəticəsində əldə edilən tarazlığın qiymətləndirilməsi zamanı əhəmiyyətli faktor kimi nəzərə alınmalıdır (yuxarıda 106-110-cu bəndlər), baxmayaraq ki, həmin faktor ərizəçiyə təsir etməmişdi.
122. Dördüncüsü, ərizəçi iddia etmişdir ki, Hökumət qadağanın təsir dairəsini azaltmaqla sosial təşviqat qruplarının seçki müddətlərindən kənarda reklam yerləşdirməsinə şərait yarada bilərdi. Daha az məhdudiyyət nəzərdə tutan qadağanın tətbiq edilməsi ilə bağlı narahatlıq doğuran məsələlər parlament və məhkəmə qurumları tərəfindən qəbul edilmiş və Hökumət tərəfindən həmin narahatlıq doğuran məsələlərdən ikisi yenidən vurğulanmışdı: sui-istifadə riski və özbaşınalıq riski. Sui-istifadə riski ilkin olaraq yerli hakimiyyət tərəfindən qiymətləndirilməli idi (yuxarıda 108-ci bənd) və Məhkəmə belə bir qorxunu ağlabatan hesab edir ki, zəngin qurumlar bu məqsədlə yaradılmış sosial təşviqat qruplarından istifadə edə bilərdilər. Maliyyə tədbirlərinin tətbiq edilməsi böyük sayda maraq qrupları yaradan və bununla da, reklam vaxtını toplayan zəngin qurumlar tərəfindən sui-istifadə edilə bilərdi. Məhkəmə həmçinin hesab edir ki, hər bir işin fərdi xüsusiyyətlərinə əsasən qadağa tətbiq edilməsi və reklamlar və reklamı yerləşdirənlər arasında fərqin qoyulması əsaslı narahatlıq yaradır və bu vasitə legitim məqsədlərə çatmaqda lazımi vasitə kimi xidmət edə bilməzdi. Xüsusilə, mürəkkəb tənzimləyici sistemi nəzərə aldıqda bu nəzarət forması qeyri-müəyyənliyə, məhkəmə proseslərinin, xərclərinin və ləngimələrin, eləcə də ayrı-seçkilik və özbaşınalıqla bağlı iddiaların yaranmasına gətirib çıxara bilərdi ki, bununla da ümumi tədbirin tətbiq edilməsini əsaslandırmaq mümkündür (yuxarıda 108-ci bənd). Buna görə də Hökumət haqlı olaraq narahat ola bilərdi ki, təklif edilən alternativ tədbir yetərli olmaya bilər və sözügedən tənzimləyici sistemin əsasını təşkil edən yayımın qərəzsizliyi prinsipinə xələl gətirə bilər (62-64-cü bəndlər).
123. Bundan əlavə, Məhkəmə vurğulamaq istəyir ki, Müqavilə üzvü olan Avropa Dövlətləri arasında yayım mediasında ödənişli siyasi reklamların tənzimlənməsi üsulu haqqında ümumi razılıq mövcud deyildir (yuxarıda 65-72-ci bəndlər) və tərəflər bunu qəbul ediblər. O, xatırladır ki, Müqavilə Tərəfləri arasında müvafiq razılığın olmaması ictimai maraq doğuran məsələlərlə bağlı ifadə azadlığına adətən tətbiq edilən məhdudiyyətlərlə müqayisədə daha geniş mülahizə sərbəstliyi verilməsinin xeyrinə danışa bilər (Hörst Birləşmiş Krallığa qarşı (Hirst v. the United Kingdom (no. 2) [GC], § 81) və TV Vest, § 67, hər ikisi yuxarıda sitat gətirilib, həmçinin Société de conception de presse et d’édition and Ponson v. France, no. 26935/05, §§ 57 və 63, 5 mart 2009-cu il). Bu bir həqiqətdir ki, EPRA bu kontekstdə müqayisəli materiala istinad edərkən müəyyən dərəcədə ehtiyatlı olmağı tövsiyə etmişdi (yuxarıda 65-ci bənd). Lakin, geniş qadağalardan uzaqlaşma meyli meydana gəlsə də, burası aydın olaraq qalır ki, Müqavilə Tərəfi olan Dövlətlərin ixtiyarında, onların zəngin tarixi inkişafı, mədəni müxtəlifliyi, siyasi düşüncəsi və bunlara müvafiq olaraq demokratik baxışı nəzərə alınmaqla belə reklamları tənzimləmək üçün çox müxtəlif tədbirlər vardır (Skoppola İtaliyaya qarşı (Scoppola v. Italy (no. 3) [GC], yuxarıda sitat gətirilib, § 83). Bu sahədə razılığın olmamasının nəticəsi olaraq Avropa Şurası Nazirlər Komitəsi yayım mediasında ödənişli siyasi reklamlar məsələsini 1999 və 2007-ci illərdə müzakirə edərkən bu məsələ ilə bağlı ümumi mövqe olması ilə bağlı tövsiyə qəbul etməkdən imtina etmişdi (yuxarıda 73-75-ci bəndlər). Bu razılığın olmaması ictimai maraq kəsb edən məsələlərlə bağlı ifadə azadlığına tətbiq edilən məhdudiyyətlərlə bağlı mülahizə sərbəstliyini genişləndirir.
124. Nəhayət, Məhkəmə hesab etmir ki, hazırkı işdə qadağanın təsiri yuxarıda ümumi tədbirin tətbiq edilməsi ilə bağlı təsvir edilən əsaslandırmalardan daha çox əhəmiyyət kəsb edir (yuxarıda 109-cu bənd).
Məhkəmə bu baxımdan qeyd edir ki, hazırkı ərizəçinin ixtiyarında digər media vasitələri qalmaqda idi o, xatırladır ki, alternativ media vasitələrinə çıxış potensial olaraq faydalı olan digər media vasitələrinə çıxışın məhdudlaşdırılmasının mütənasibliyi nöqteyi-nəzərindən əsas əhəmiyyət kəsb edir (Applbay və Başqaları Birləşmiş Krallığa qarşı (Appleby and Others v. the United Kingdom, no. 44306/98, § 48, ECHR 2003‑VI); və Mouvement raëlien suisse v. Switzerland, yuxarıda sitat gətirilib, §§ 73-75). Xüsusilə, ərizəçinin ixtiyarında radio və ya televiziyada təşkil edilən siyasi xarakterli müzakirə proqramlarında (yəni ödənişli reklamlardan fərqli yayımlarda) iştirak etmək imkanı qalırdı. O, eyni zamanda radio və televiziyada qeyri-siyasi məsələlərlə bağlı reklam yerləşdirə bilərdi, bu şərtıə ki, xeyriyyə qanadı yaratmış olsun və bunun qiymətlərinin qadağanedici olduğu nümayiş etdirilməmişdi. Vacib cəhət ondan ibarət idi ki, ərizəçi öz reklamlarını yerləşdirmək üçün çap mediası və internet (sosial media daxil olmaqla) də daxil olmaqla, qeyri-yayım mediasına tam çıxışa malik idi və bundan əlavə nümayişlərdən, plakatlardan və vərəqələrdən də istifadə edə bilərdi. Hətta cavabdeh ölkədə sosial media da daxil olmaqla internetin yayım mediasından daha təsirli olması göstərilməsə də (yuxarıda 119-cu bənd) həmin yeni media vasitələri güclü kommunikasiya vasitələri olaraq qalır və ərizəçi QHT-yə qarşıya qoyduğu məqsədlərinə çatmaqda əhəmiyyətli dərəcədə yardım edə bilərdi.
125. Müvafiq olaraq, Məhkəmə hakimiyyət tərəfindən ərizəçinin reklamlarının yayımlanmasının qadağan edilməsinin əsaslandırılması məqsədi ilə irəli sürülən səbəbləri müvafiq və yetərli hesab edir. Buna müvafiq olaraq qadağa ərizəçinin ifadə azadlığına müdaxilə kimi qiymətləndirilə bilməz. Buna görə də, Məhkəmə belə nəticəyə gəlir ki, Konvensiyanın 10-cu Maddəsinin pozuntusu baş verməmişdir.
BU SƏBƏBLƏRDƏN MƏHKƏMƏ:
1. Yekdilliklə ərizəni qəbuledilən elan edir;
2. Səkkiz səsə qarşı doqquz səslə qərar verir ki, Konvensiyanın 10-cu Maddəsinin pozuntusu baş verməmişdir.
İngilis və fransız dillərində hazırlanmışdır və 22 aprel 2013-cü ildə Məhkəmə reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq qəbul edilmişdir.
Michael O’BoyleDean Spielmann
Katibin müaviniSədr
Konvensiyanın 45-ci Maddəsi və Məhkəmə reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə əsasən bu qərara aşağıdakı fərqli rəylər əlavə edilmişdir:
- Hakim Bratza-nın bu qərarla üst-üstə düşən rəyi;
- Hakimlər Ziemele, Sajo, Kalaydjiyeva, Vučininć and De Gaetano-nun birgə fərqli rəyi;
- Hakimlər Spielmann və Laffranque-nin da qoşulduğu hakim Tulkens-in fərqli rəyi
D.S.
M.O.B.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy