Armani da Silva (Armani Da Silva) Birləşmiş Krallığa qarşı [BP] – ərizə № 5878/08
30.3.2016 tarixli qərar [BP]
Maddə 2
2-ci maddənin 1-ci bəndi
Səmərəli araşdırma
İddia edildiyinə görə səhvən şübhəli terrorçu hesab edilmiş şəxsin güllə ilə öldürülməsi ilə bağlı səmərəli araşdırma aparılmaması: pozuntu baş verməyib
Faktlar – Ərizəçi odlu silahı olan xüsusi polis dəstəsinin iki əməkdaşı tərəfindən 22 iyul 2005-ci ildə səhvən şübhəli terrorçu hesab edilərək Londonda güllə ilə öldürülmüş Jan Şarl de Menezesin qohumudur. Güllələnmə Londonda üç metro qatarlarına və avtobusa partlamamış dörd bomba qoymaqda təqsirli bilinən şəxsi tapmaq məqsədilə ilə polislərin apardığı axtarışdan bir gün sonra baş vermişdi. Bu bombalı terror hücumunun davam etməsi qorxusu mövcud idi. İki həftə əvvəl Londonun nəqliyyat şəbəkəsində intiharçıların partlatdığı bombalardan 50 nəfərdən artıq insan öldükdən sonra təhlükəsizlik qüvvələri ən yüksək hazırlıq vəziyyətinə gətirilmişdilər. Cənab de Menezes baş tutmayan bomba hücumunda iştirak etməkdə şübhəli bilinən iki şəxsin yaşadığı bina ilə ümumi girişi ilə çoxmənzilli binada yaşayırdı. O, iyulun 22-də səhər işə gedərkən müşahidə aparan polis əməkdaşları düşündülər ki, o, həmin şübhəli şəxslərdən biri ola bilər. Odlu silahı olan xüsusi polis dəstəsinin əməkdaşları həmin yerə təhkim olunmuş və şübhəli şəxsin metro qatarına minməsinin qarşısını almaq əmri almışdılar. Lakin onlar gəlib çatdıqları məqamda o artıq Stokvel stansiyasına daxil olmuşdu. Onlar onun arxasınca qatara mindilər, onu yerə yıxıb qollarını arxasına burdular və başına bir neçə dəfə atəş açdılar.
İş baxılmaq üçün Polisə qarşı şikayətlər üzrə müstəqil komissiyaya (IPCC) verildi və bu komissiya 19 yanvar 2006-cı il tarixli məruzəsində bir sıra operativ tövsiyələr verdi və adamöldürmə və kobudcasına ehtiyatsızlıq da daxil olmaqla əməliyyatda iştirak etmiş polis əməkdaşları tərəfindən törədildiyi güman edilən bir sıra hüquq pozuntularını göstərdi. Lakin yekunda hər hansı polis əməkdaşının barəsində uğurla yekunlaşma perspektivi olmayan cinayət işinə və ya intizam icraatına başlamamaq qərara alındı. Sonradan "İşdə sağlamlıq və təhlükəsizlik haqqında" 1974-cü il tarixli qanun əsasında polis orqanına qarşı cinayət təqibi uğurla həyata keçirildi. Məhkəmə qərarı ilə həmin orqanın üzərinə 175.000 funt sterlinq məbləğində cəriməni, habelə məhkəmə xərclərini ödəmək vəzifəsi qoyuldu, lakin andlıların hakim tərəfindən təsdiqlənmiş qərarı ilə andlılar məhkəməsi əməliyyata görə cavabdeh olan polis əməkdaşını hadisəyə görə "fərdi məsuliyyətdən" azad etdi. 2008-ci ildə aparılmış araşdırmada müstəntiq andlıların mümkün qərarları arasından qəsdən adamöldürmə əməlini çıxardıqdan sonra adlılar məhkəməsi məsələnin həllini açıq saxlayan qərar qəbul etdi. Həmçinin mərhumun ailəsi ziyana görə mülki iddia qaldırdı ki, bu da 2009-cu ildə konfidensial razılaşma əldə edilməsi ilə nəticələndi.
Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi cənab de Menezesin ölümü ilə bağlı heç kəsə qarşı cinayət təqibinin aparılmaması barədə qərardan şikayət etdi.
9 dekabr 2014-cü ildə Məhkəmənin Palatası Böyük Palatanın xeyrinə yurisdiksiyasından imtina etməyi qərara aldı.
Hüquqi məsələlər – Maddə 2 (prosessual aspekt): Məhkəmənin presedent hüququnda dövlət nümayəndələri tərəfindən ölümlə nəticələnmiş güc tətbiqi ilə bağlı araşdırmanın "səmərəli" sayılması üçün bir sıra tələblər irəli sürülüb: araşdırmanın aparılmasına görə cavabdeh olan şəxslər hadisələrdə iştirak etmiş şəxslərdən müstəqil olmalı; araşdırma "adekvat" olmalı; onun nəticələri bütün müvafiq elementlərin hərtərəfli, obyektiv və qərəzsiz təhlilinə əsaslanmalı; araşdırmanın məlumatları qurbanın ailəsi üçün yetərincə əlçatan olmalı və araşdırma ictimai nəzarətə açıq olmalı; və yubadılmadan və ağlabatan cəldliklə aparılmalıdır.
Hazırkı işdə araşdırma müstəqil orqan olan IPCC tərəfindən aparılmışdı və bu orqan müvafiq maddi sübutların və məhkəmə ekspertizasının sübutlarının (800-dən artıq elementin) əldə edilməsini təmin etmiş, şahidləri axtarmış (890-a yaxın şahid ifadəsi alınmışdı), araşdırmanın aparılmasının bütün mümkün istiqamətlərini yoxlamış və müvafiq sübutların hamısını obyektiv təhlil etmişdi. Mərhumun ailəsi araşdırmanın gedişatı və qənaətləri barədə mütəmadi məlumatlandırılırdı, cinayət təqibini həyata keçirməmək barədə qərardan məhkəməyə şikayət etmək imkanına malik idi və araşdırmada dövlətin vəsaiti hesabına vəkillə təmsil olunmuşdu, həmçinin şahidləri çarpaz dindirmək və qeydlərini bildirmək imkanına malik idi. Hadisə yerinin müayinə üçün IPCC-yə təhvil verilməsində baş vermiş yubanmanın araşdırmanın dürüstlüyünə hər hansı şəkildə xələl gətirdiyini düşünməyə əsas verən heç nə yox idi.
Ərizəçi ümumən araşdırmadan şikayət etməsə də, bütövlükdə götürülmüş halda araşdırma nəzərdən keçirərkən bu mülahizələr önəmli idi, çünki ərizəçinin konkret şikayətləri araşdırmanın yalnız aşağıdakı iki aspektinin qənaətbəxş olub-olmaması məsələsinə aid idi: a) istintaq orqanları güc tətbiqinin əsaslı olduğunu düzgün qiymətləndirə bilərdilərmi; və b) araşdırma təqsirkarları aşkara çıxarmağa və lazım gəldikdə cəzalandırmağa qadir idimi?
a) İstintaq orqanları güc tətbiqinin əsaslı olduğunu düzgün qiymətləndirə bilərdilərmi – Ərizəçi iddia etdi ki, araşdırma Konvensiyanın 2-ci maddəsi ilə tələb olunan standarta cavab vermirdi, belə ki, daxili qanunvericilik odlu silahı olan xüsusi polis dəstəsinin əməkdaşlarının güc tətbiqinin zəruriliyinə əminliklərinin obyektiv baxımdan ağlabatan əsasının olub-olmadığının dövlət orqanları tərəfindən nəzərdə keçirilməsinə imkan vermirdi.
Məhkəmə qeyd etdi ki, güc tətbiqinin Konvensiya əsasında əsaslı olub-olmadığını müəyyənləşdirərkən cavablandırılmalı olan əsas sual ondan ibarət idi ki, özünümüdafiə məqsədi ilə hərəkət etdiyi güman edilən şəxs güc tətbiqinin zəruri olduğuna vicdanlı və səmimi şəkildə əmin idimi? Bu sualı cavablandırarkən Məhkəmə bu məsələni nəzərdən keçirməlidir ki, müvafiq dövrdə mövcud olan halları bütünlüklə nəzərə almaq şərti ilə bu əminlik (obyektiv meyarın əksi olaraq) subyektiv baxımdan əsaslı idimi? Əgər həmin əminlik subyektiv baxımdan əsaslı deyildisə (yəni subyektiv baxımdan tutarlı əsaslara söykənmirdisə), yəqin ki, Məhkəmə onun vicdanlı və səmimi olduğunu, çətin ki, qəbul edə bilər.
İngiltərədə və Uelsdə özünümüdafiə aktının yoxlanması meyarı əhəmiyyətli dərəcədə fərqlənmirdi və müvafiq standarta cavab verirdi. İstənilən halda, atəş açılmasına görə məsuliyyət daşıyan iki əməkdaşın hərəkətlərini nəzərdən keçirmiş bütün müstəqil orqanlar cənab de Menezesin bomba partladan intiharçı olduğuna və hər saniyə bombanı partlada biləcəyinə onların əminliyinin əsaslı olub-olmadığını diqqətlə araşdırmışdılar. Müvafiq olaraq, dövlət orqanlarının mövcud vəziyyətdə güc tətbiqinin əsaslı olub-olmadığını 2-ci maddənin tələblərinə uyğun şəkildə nəzərdən keçirmədiklərini söyləmək olmazdı.
b) Araşdırma təqsirkarları aşkara çıxarmağa və lazım gəldikdə cəzalandırmağa qadir idimi – Adətən Məhkəmə digər aspektlər baxımından səmərəli olan araşdırmadan sonra prokurorluq orqanının vicdanlı şəkildə qəbul etdiyi qərara müdaxilə etməyə meyl göstərmir. Lakin bəzən o razılaşıb ki, cinayət ədliyyəsi və ya prokurorluq sistemində olan "institusional qüsurlar" 2-ci maddənin pozuntusunu təşkil edə bilər.
Hazırkı işdə Məhkəmə cinayət prosesini bütövlükdə nəzərdən keçirərək bu qənaətə gəldi ki, ərizəçi müvafiq faktlarla əlaqədar olaraq cinayət ədliyyəsi və ya prokurorluq sistemində 2-ci maddənin pozuntusuna səbəb olan və ya səbəb ola biləcək hər hansı "institusional qüsurların" olduğunu sübuta yetirə bilməyib. Konkret olaraq:
- Məhkəmə heç vaxt bildirməyib ki, cinayət təqibi barədə qərar məhkəmə tərəfindən qəbul edilməlidir, belə ki, cinayət təqibinin həyata keçirilməsi barədə qərarın digər rəsmi orqan (Krallığın prokurorluq xidməti – CPS) tərəfindən qəbul edilməsi özü-özlüyündə problemli məsələ deyil, bu şərtlə ki, onun müstəqilliyinə və obyektivliyinə dair yetərincə təminatlar olsun. Eləcə də Məhkəmənin presedent hüququnda belə düşünməyə əsas verən heç nə yoxdur ki, müstəqil prokuror cinayət təqibinə başlayıb-başlamamaq barədə qərar çıxarmazdan əvvəl şifahi ifadələrini dinləməlidir.
- Cinayət təqibini həyata keçirib-keçirməmək barədə qərar verərkən CPS tərəfindən təqsirin sübuta yetirilməsi ehtimalının dərəcəsinə aid meyarın tətbiq edilməsi* dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları çərçivəsində olan məsələ idi. Təqsirin sübuta yetirilməsi ehtimalının dərəcəsinə aid meyarı tətbiq edərkən dövlət hakimiyyəti orqanları ziddiyyətə girən bir sıra maraqları, o cümlədən zərərçəkənlərin, potensial müttəhimlərin və geniş ictimaiyyətin maraqlarını balanslaşdırmalı idilər və bu cür qiymətləndirmənin aparılmasında həmin orqanlar Avropa Məhkəməsinə nisbətən açıq-aydın daha əlverişli vəziyyətdə idilər. İngiltərə və Uelsdə sözügedən ehtimalın dərəcəsinə aid meyarın tətbiq edilməsi əsassız deyildi və bununla bağlı tez-tez yoxlamalar, ictimai məsləhətləşmələr və siyasi nəzarət həyata keçirilirdi. Bu məsələdə iştirakçı dövlətlər arasında vahid yanaşma mövcud deyil və İngiltərə və Uelsdə qəbul edilmiş sözügedən ehtimalın dərəcəsi bəlkə də müəyyən ölkələrdəkindən daha yüksək idi və bu meyar sadəcə olaraq bu ölkədə andlılar sisteminin fəaliyyət göstərdiyini əks etdirirdi. Eləcə də 2-ci maddə dövlət nümayəndələri tərəfindən qətl törədildiyi hallarda təqsirin sübuta yetirilməsi ehtimalının dərəcəsinə aid meyarın daha aşağı həddə endirilməsini tələb etmirdi. Cavabdeh dövlətin hakimiyyət orqanlarının belə düşünmək hüququ var idi ki, əldə olan sübutlar buna haqq qazandırdığı hallarda cinayət təqibini həyata keçirməyi, əks halda isə həyata keçirməməyi nəzərdə tutan sistem ictimaiyyətin prokurorluq sisteminə olan inamını qoruyub saxlamağa daha yaxşı imkan yaradır. İstənilən halda, polis tərəfindən atəş açıldığı və həbsxanada ölüm baş verdiyi hallarla bağlı bir sıra təminatlar mövcud sistemə daxil edilmişdi.
- Məhkəmə əmin deyil ki, cinayət təqibini həyata keçirməmək barədə qərarın qəbulu üzərində məhkəmə nəzarətinin hüdudları (daxili məhkəmələr yalnız prokurorluq orqanının qərarı qanunsuz olduqda müdaxilə edə bilərdilər) çox məhdud idi. Belə qərarların yoxlanmasının nəzərdə tutulub-tutulmaması və əgər nəzərdə tutulubsa bu yoxlamanın hüdudları kimi məsələlərdə üzv dövlətlər arasında vahid yanaşma mövcud deyil.
***
Yekun olaraq, bu işin faktları, şübhəsiz ki, faciəli idi və fərdi cinayət təqibinin aparılmaması ilə bağlı qurbanın ailəsinin məyusluğu başa düşülən idi, amma bununla belə, "ölümlə bağlı hakimiyyət orqanlarının məsuliyyətinə aid hər hansı məsələnin ... qeyri-müəyyən qaldığını" söyləmək olmazdı.
Cənab de Menezesin 21 iyul 2005-ci ildə baş vermiş hücum cəhdində iştirak etmədiyi təsdiqlənən kimi Şəhər polis xidməti (MPS) açıq şəkildə etiraf etdi ki, o, odlu silahı olan xüsusi polis dəstəsinin iki əməkdaşları tərəfindən səhvən öldürülüb. MPS-in nümayəndəsi onun ailəsi qarşısında üzr istəmək və maliyyə ehtiyaclarının qarşılanması üçün könüllü ödəniş etmək məqsədi ilə Braziliyaya uçdu. Həmçinin ailə üzvlərinə tövsiyə edildi ki, müstəqil hüquqi məsləhət üçün müraciət etsinlər və zəmanət verildi ki, bunun xərcləri MPS tərəfindən ödəniləcək. Əməliyyatda iştirak etmiş polis əməkdaşlarının fərdi məsuliyyəti və polis orqanının institusional məsuliyyəti məsələsi IPCC, CPS, cinayət məhkəməsi və müstəntiq tərəfindən və araşdırma zamanı andlılar məhkəməsi tərəfindən dərindən nəzərdən keçirilmişdi. Sonradan ailə ziyanla bağlı mülki iddia qaldırdığı zaman MPS açıqlanmayan məbləğdə kompensasiya ödəməklə məsələnin barışıq sazişi vasitəsilə həllinə razılıq vermişdi.
Qanunvericiliyə və praktikaya əsasən, polis orqanına qarşı cinayət təqibinin həyata keçirilməsi barədə qərar çıxarılması ayrı-ayrı polis əməkdaşları barəsində də cinayət təqibinin həyata keçirilməsini istisna etmirdi. Eləcə də konkret polis əməkdaşı barəsində cinayət təqibini həyata keçirməmək barədə qərar çıxarılması araşdırmadakı hər hansı nöqsanın, yaxud dövlətin qanunsuz hərəkətlərə dözümlü yanaşmasının və ya razılıq verməsinin nəticəsi deyildi, əksinə, hərtərəfli araşdırma aparıldıqdan sonra prokuror işin bütün faktlarını nəzərdən keçirmiş və bu nəticəyə gəlmişdi ki, hər hansı konkret polis əməkdaşının təqsirinin sübuta yetirilməsi ehtimalının dərəcəsinə aid meyarın tələbinə cavab verən yetərli sübutlar yoxdur.
Aşkar edilmiş institusional qüsurlar və əməliyyatdakı nöqsanlar "İşdə sağlamlıq və təhlükəsizlik haqqında" 1974-cü il tarixli qanun əsasında polis orqanının hüquq pozuntularında təqsirkar sayılması ilə nəticələnmişdi. Təyin olunmuş cəzanın (175.000 funt sterlinq məbləğində cəriməni və 385.000 funt sterlinq məbləğində məhkəmə xərclərini ödəmək) bu növ hüquq pozuntularına görə təyin edilən "cəzadan" xeyli yüngül olduğunu göstərən heç nə yoxdur. Törədilmiş hüquq pozuntusu ilə tətbiq edilmiş sanksiya arasında "açıq-aydın qeyri-mütənasiblik" də yox idi.
Müvafiq olaraq, bütövlükdə proses nəzərə alınmaqla söyləmək olmazdı ki, dövlət hakimiyyəti orqanları 2-ci maddədən irəli gələn prosessual öhdəliklərini, yəni cənab Menezesin güllə ilə qətlə yetirilməsi ilə əlaqədar olaraq faktların aşkar edilməsi, mövcud vəziyyətdə güc tətbiqinin əsaslı olub-olmadığının müəyyənləşdirilməsi və təqsirkarların aşkarlanması və lazım gəldikdə cəzalandırılması ilə nəticələnə biləcək səmərəli araşdırma aparmaq öhdəliyini yerinə yetirməyiblər.
Nəticə: pozuntu baş verməyib (dörd səsə qarşı on üç səslə).
(Həmçinin bax: Makkann və başqaları Birləşmiş Krallığa qarşı, ərizə № 18984/91, 27 sentyabr 1995-ci il; Öneryıldız Türkiyəyə qarşı [BP], ərizə № 48939/99, 30 noyabr 2004-cü il; 69 saylı məlumat bülleteni; və Culiani və Qacco İtaliyaya qarşı [BP], ərizə № 23458/02, 24 mart 2011-ci il; 139 saylı məlumat bülleteni)
* Krallıq prokurorları haqqında məcəllənin 5.2 və 5.3-cü maddələrinə əsasən, krallıq prokurorları cinayət təqibinə başlamaq üçün əmin olmalı idilər ki, müttəhimlərin "məhkum edilməsi perspektivini real edən" yetərli sübutlar var, başqa sözlə, düzgün istiqamətdə yönləndirilən andlılar məhkəməsinin irəli sürülmüş ittihamlar üzrə müttəhimi məhkum etməsi ehtimalı ona bəraət verməsi ehtimalından yüksəkdir.
Full & Egal Universal Law Academy