Avropa İnsan Hüquqları Məhkəməsi
ÜÇÜNCÜ SEKSİYA
ASSENOV (ASSENOV) VƏ BAŞQALARI BOLQARISTANA QARŞI
(90/1997/874/1086)
QƏRAR
Strasburq
28 oktyabr 1998-ci il
Bu məhkəmə qərarının mətninin yekun variantı 1998-ci ilin qərarlar toplusunda (Reports of Judgments and Decisions) dərc olunmazdan əvvəl redaktə olunur. Həmin toplunu naşirdən: “Karl Heymanns Verlaq” KG-dən (Carl Heymanns Verlag KG) əldə etmək olar (ünvan: Luxemburger Straße 449, D-50939 Köln); eləcə də naşir sonrakı səhifədə sadalanan müəyyən ölkələrdəki nümayəndələri ilə birlikdə toplunun yayımını təşkil edir.
Nümayəndələrin siyahısı
Belçika: Etablissements Emile Bruylant (ünvan: rue de la Régence 67, B-1000 Bruxelles)
Lüksemburq: Librairie Promoculture (ünvan: 14, rue Duchscher (place de Paris), B.P. 1142, L-1011 Luxembourg-Gare)
Niderland: B.V. Juridische Boekhandel & Antiquariaat A. Jongbloed & Zoon (ünvan: Noordeinde 39, NL-2514 GC ‘s-Gravenhage)
QISA XÜLASƏ[1]
Palata tərəfindən çıxarılmış qərar
İddiaya əsasən Bolqarıstan polis tərəfindən törədilmiş pis rəftarda, habelə həbsdə saxlanma şəraitinin amansız rəftara bərabər olmasında təqsirləndirilirdi (Mülki Prosessual Məcəllə, maddə 182 (d), Cinayət Prosessual Məcəlləsi).
I. 19 SENTYABR 1992-ci İL HADİSƏLƏRİ VƏ SONRAKI HADİSƏLƏR
A. İlkin etirazlar
1. Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi barədə iddia
Cinayət mühakimə sistemi çərçivəsində mümkün olan bütün hüquqi müdafiə vasitələrini tükəndirərək ona qarşı pis rəftar etmiş polis əməkdaşlarına qarşı cinayət təqibinə nail ola bilməyən ərizəçinin ziyana görə kompensasiya üçün mülki iddia qaldırmağa cəhd etməsi tələb olunmur.
Nəticə: etiraz rədd edildi (yekdilliklə).
2. Prosesdən sui-istifadə edilməsi barədə iddia
Şikayət hüququndan sui-istifadə edilməsi sübuta yetirilmədi.
Nəticə: etiraz rədd edildi (yekdilliklə).
B. Şikayətlərin mahiyyəti
1. Konvensiyanın 3-cü maddəsi
a) Polis tərəfindən baş vermiş pis rəftar barədə iddia
Əldə olan sübutlar əsasında ərizəçiyə xəsarətlərin polis tərəfindən yetirilib-yetirilmədiyini müəyyən etmək mümkün deyil.
Nəticə: polis tərəfindən törədildiyi iddia edilən pis rəftarla bağlı pozuntu aşkar edilmədi (bir səsə qarşı səkkiz səslə).
b) Qaneedici araşdırmanın aparılmaması
Şəxs 3-cü maddə pozulmaqla pis rəftara məruz qaldığını iddia edirsə, həmin maddə 1-ci maddə ilə birlikdə götürülməklə dolayısı ilə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir.
Nəticə: səmərəli rəsmi araşdırmanın aparılmaması ilə bağlı pozuntu aşkar edildi (yekdilliklə).
2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi
Ərizəçi iddia etdi ki, polisin tərəfindən törədilmiş pis rəftarın vurduğu ziyanla bağlı onun qaldırdığı istənilən mülki iddia üzrə icraat Mülki Prosessual Məcəllənin 182 (d) maddəsinə əsasən dayandırılacaqdı: Məhkəməyə təqdim edilmiş presedentlər isə göstərir ki, cinayət istintaqına xitam vermək barədə cinayət təqibi orqanlarının qərarı mülki məhkəmələr üçün məcburi deyildi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
3. Konvensiyanın 13-cü maddəsi
Şəxs 3-cü maddə pozulmaqla pis rəftara məruz qaldığı barədə əsaslı iddia irəli sürürsə, “səmərəli hüquqi müdafiə vasitəsi” anlayışı 3-cü maddənin tələb etdiyi kimi hərtərəfli və səmərəli araşdırma aparılması ilə yanaşı, həm də şikayətçinin istintaq prosedurunda səmərəli iştirakını və lazımi hallarda ona kompensasiya ödənilməsini nəzərdə tutur.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
I. 1995-ci İLİN İYUL HADİSƏLƏRİ VƏ SONRAKI HADİSƏLƏR
A. İlkin etirazlar
1. Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi barədə iddia
Ərizəçi azad edilməsi üçün cinayət təqibi orqanlarına və Şumen rayon məhkəməsinə çoxsaylı müraciətlər etmişdi.
Nəticə: etiraz rədd edildi (yekdilliklə).
2. Prosesdən sui-istifadə edilməsi barədə iddia
Şikayət prosesindən sui-istifadə edilməsi sübuta yetirilmədi.
Nəticə: etiraz rədd edildi (yekdilliklə).
B. Şikayətlərin mahiyyəti
1. Konvensiyanın 3-cü maddəsi
Məhkəmə həbsdə saxlanma şəraiti ilə bağlı 3-cü maddə üzrə şikayəti 5-ci maddənin 1-ci bəndi üzrə araşdıra bilər (o, həbsdə saxlanma şəraitini bütövlükdə qiymətləndirməlidir): həbsdə saxlanma şəraitinin 3-cü maddədə nəzərdə tutulmuş qəddar rəftar səviyyəsinə çatdığı sübuta yetirilmədi.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı səkkiz səslə).
2. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi
Ərizəçi hüquq pozuntusu törətməsi ilə bağlı əsaslı şübhə əsasında həbs olunmuşdu: onun Bolqarıstan qanunvericiliyinə görə qanunsuz həbsə alındığı sübuta yetirilmədi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
3. Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi
a) Dərhal hakimin və ya “digər vəzifəli şəxsin” yanına gətirilmək hüququ
Qərarı prokuror tərəfindən ləğv oluna bilən müstəntiq kifayət qədər müstəqil deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) Ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququ
Ərizəçi təxminən iki il məhkəməyə qədər həbsdə saxlanılıb (hakimiyyət orqanları onun təkrarən hüquq pozuntusu törədəcəyindən əsaslı olaraq ehtiyat edirdilər), bir il ərzində faktiki olaraq istintaqla bağlı heç bir addım atılmayıb (hakimiyyət orqanları lazımi səy göstərməyiblər).
Nəticə: pozuntu baş verib (yekdilliklə).
4. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi
Ərizəçi məhkəmə araşdırmasına qədər uzun müddət həbsdə saxlanması məsələsinə baxılması üçün dəfələrlə məhkəməyə müraciət etsə də buna nail olmayıb: bu məsələ ilə bağlı heç bir şifahi məhkəmə iclası keçirilməyib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
5. Konvensiyanın 25-ci maddəsinin 1-ci bəndi
Ərizəçilərdən ikisi Komissiyaya müraciətləri ilə bağlı polis və ya prokurorluq orqanları tərəfindən dindirilmiş və nəticədə dindirilmə zamanı bəyannamə imzalayaraq Komissiyaya ərizə verdiklərini təkzib etməli olmuşlar, (ərizədə həmin orqanlar tərəfindən hüquq pozuntularına yol verildiyi barədə ciddi iddialar vardı), birinci ərizəçi məhkəməyə qədər cinayət təqibi orqanlarının nəzarəti altında həbsdə saxlanılırdı – istənilən halda, dindirmə hüquqa zidd təzyiqə bərabər idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
III. KONVENSİYANIN 50-ci MADDƏSİNİN TƏTBİQİ
A. Mənəvi ziyan: göstərilən məbləğ birinci ərizəçiyə təyin edildi.
B. Məhkəmə xərcləri və digər məsrəflər: tam məbləğdə təyin edildi.
Nəticə: cavabdeh dövlətə göstəriş verildi ki, göstərilən məbləğləri ərizəçilərə ödəsin (yekdilliklə).
İSTİNAD EDİLMİŞ MƏHKƏMƏ PRESEDENTLƏRİ
18.1.1978, İrlandiya Birləşmiş Krallığa qarşı; 4.12.1979, Şisser İsveçrəyə qarşı; 21.10.1986, Sançes-Reyss İsveçrəyə qarşı; 29.11.1988, Broqan və başqaları Birləşmiş Krallığa qarşı; 25.10.1989, Beziçeri İtaliyaya qarşı; 23.10.1990, Huber İsveçrəyə qarşı; 12.12.1991, Tot Avstriyaya qarşı; 12.5.1992, Megyeri Almaniyaya qarşı; 26.11.1992, Brinkat İtaliyaya qarşı; 23.3.1995, Loizidu Türkiyəyə qarşı (ilkin etirazlar); 13.7.1995, Kampanis Yunanıstana qarşı; 27.9.1995, Makkann və başqaları Birləşmiş Krallığa qarşı; 4.12.1995, Ribiç Avstriyaya qarşı; 16.9.1996, Akdivar və başqaları Türkiyəyə qarşı; 18.12.1996, Aksoy Türkiyəyə qarşı; 25.2.1997, Findley Birləşmiş Krallığa qarşı; 19.2.1998, Querra və başqaları İtaliyaya qarşı; 19.2.1998, Kaya Türkiyəyə qarşı; 25.5.1998, Kurt Türkiyəyə qarşı; 9.6.1998, Tekin Türkiyəyə qarşı; 2.9.1998, Erkalo Niderlanda qarşı; 2.9.1998, Yaşa Türkiyəyə qarşı; 23.9.1998, A Birləşmiş Krallığa qarşı.
Assenov və başqaları Bolqarıstana qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 43-cü maddəsinə və A Məhkəmə Reqlamentinin müvafiq müddəalarına[2] uyğun olaraq, hakimlər:
cənab R. Bernhardt (R. Bernhardt), sədr;
cənab L.E. Pettiti (L.-E. Pettiti);
xanım E. Palm (E. Palm);
cənab A.B. Baka (A.B. Baka);
cənab G. Mifsud Bonnisi (G. Mifsud Bonnici);
cənab Y. Makarçik (J. Makarczyk);
cənab D. Qotçev (D. Gotchev);
cənab P. Van Diyk (P. van Dijk);
cənab V. Tumanov (V. Toumanov);
habelə katib cənab H. Petsold (H. Petzold) və katib müavini cənab P.C. Mahoneydən (P.J. Mahoney) ibarət tərkibdə Palatada iclas keçirərək,
29 iyun və 25 sentyabr 1998-ci ildə qapalı müşavirə keçirərək,
yuxarıda göstərilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir.
Prosedur
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) keçmiş 32-ci maddəsinin 1-ci bəndində və 47-ci maddəsində nəzərdə tutulmuş üç aylıq müddət ərzində Avropa İnsan Hüquqları Komissiyası (“Komissiya”) tərəfindən 22 sentyabr 1997-ci ildə Məhkəməyə təqdim edilmişdir. İş keçmiş 25-ci maddəyə əsasən üç Bolqarıstan vətəndaşı cənab Anton Assenov, xanım Fidanka İvanova və cənab Stefan İvanov Yuozas Yesius (“ərizəçi”) tərəfindən 6 sentyabr 1993-cü ildə Komissiyaya təqdim edilmiş Litva Respublikasına qarşı ərizə (N 34578/97) əsasında başlanmışdır.
Komissiyanın müraciətində 44 və 48-ci maddələrə və Bolqarıstanın Məhkəmənin yurisdiksiyasını tanıdığı barədə bəyanatına (46-cı maddə) istinad edilmişdir. Müraciətin məqsədi işin faktları əsasında cavabdeh dövlət tərəfindən Konvensiyanın 3, 5, 6, 13, 14 və 25-ci maddələri üzrə öhdəliklərin pozulub-pozulmadığını müəyyən edən qərar çıxarılmasına nail olmaqdır.
2. A Məhkəmə Reqlamentinin 33-cü Qaydasının 3(d) bəndinə uyğun olaraq verilmiş sorğunun cavabında ərizəçilər icraatda iştirak etmələrini və onları təmsil edəcək vəkilin təyin olunmasını istədiklərini bildirmişlər (30-cu Qayda).
3. Təşkil edilməli olan Palataya ex officio hakim qismində Bolqarıstan vətəndaşı, bu ölkədən seçilmiş hakim cənab D. Qotçev (Konvensiyanın 43-cü maddəsi) və həmin vaxt Məhkəmənin sədr müavini olan cənab R. Bernhardt (21-ci Qaydanın 4(b) bəndi) daxil edilmişlər. 25 sentyabr 1997-ci ildə katibin iştirakı ilə Məhkəmənin sədri cənab R. Rissdal püşk yolu ilə Palatanın digər səkkiz üzvünün, yəni aşağıdakıların adlarını çıxarmışdır: cənab L.-E. Pettiti (L.-E. Pettiti), xanım E. Palm (E. Palm), cənab A.B. Baka (A.B. Baka), cənab G. Mifsuz Bonnitsi (G. Mifsud Bonnici), cənab Y. Makarçik (J. Makarczyk), cənab P. van Diyk (P. van Dijk) və cənab V. Tumanov (V. Toumanov) (Konvensiyanın 43-cü maddəsi və 21-ci Qaydanın 5-ci bəndi).
4. Palatanın sədri qismində (21-ci Qaydanın 6-cı bəndi) cənab Bernhardt katib vasitəsilə hərəkət edərək, Bolqarıstan Hökumətinin (“Hökumət”) nümayəndəsinə, ərizəçilərin vəkilinə və Komissiyanın nümayəndəsinə icraatın təşkili barədə məlumat vermişdir (37-ci Qaydanın 1-ci bəndi və 38-ci Qayda). Bundan sonra çıxarılmış qərara uyğun olaraq, katib 9 mart 1998-ci ildə ərizəçilərin və Hökumətin yaddaş qeydlərini (memorandumlarını) qəbul etmişdir.
5. Müvafiq olaraq 2 və 13 fevral 1998-ci ildə cənab Bernhardt Avropa Qaraçı Hüquqları Mərkəzinin və Beynəlxalq Amnistiya Təşkilatının yazılı qeydlərini təqdim etmələrinə icazə vermişdir (37-ci Qaydanın 2-ci bəndi). Bu qeydlər 29 və 30 aprel 1998-ci ildə katib tərəfindən qəbul edilmişdir.6. Sədrin qərarına uyğun olaraq, 25 iyun 1998-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirilmişdir. Öncə Məhkəmə hazırlıq iclası keçirmişdir.
Məhkəmədə iştirak etmişlər:
a) Hökumətin adından:
xanım V. Ciceva, müştərək təmsilçi, Ədliyyə Naziri nümayəndə;
b) Komissiyanın adından:
cənab M.A. Novitski, nümayəndə;
c) ərizəçilərin adından:
xanım Z. Kalayciyeva, vəkil.
Məhkəmə cənab Novitskinin, xanım Kalayciyevanın və xanım Cicevanın müraciətlərini dinləmişdir. Faktlar
I. İşin halları
7. Ərizəçilər eyni ailəyə mənsub olan Bolqarıstan vətəndaşlarıdır, onlar qaraçı mənşəlidirlər, Şumendə (Bolqarıstan) yaşayırlar.
Cənab Anton Assenov 1978-ci ildə anadan olub, onun valideynləri xanım Fidanka Ivanova və cənab Stefan Ivanov müvafiq surətdə 1956-cı və 1952-ci ildə anadan olublar.
A. 19 sentyabr 1992-ci ildə və ondan sonra baş verən hadisələr
1. Tutulma və həbs edilmə
8. 19 sentyabr 1992-ci ildə Şumendə bazar meydanında qumar oynadığı zaman cənab Assenov (o vaxt onun 14 yaşı vardı) vəzifə başında olmayan polis tərəfindən həbs edildi və yaxınlıqdakı avtovağzala aparıldı, orada polis kömək üçün həmkarlarını çağırdı.
9. Sonradan cənab Assenovun avtovağzalda işləyən valideynləri gəldilər və xahiş etdilər ki, onların oğlu buraxılsın. Cənab Ivanov oğluna lazımi cəza verəcəyini göstərmək üçün taxta çubuq götürərək oğlunu vurdu. Bir az sonra iki nəfər digər polis əməkdaşları gəlib çıxdı. Ərizəçilər iddia edirdilər ki, həmin polislər oğlanı dəyənəklə vurdular. Oğlanın valideynləri ilə polis arasında münaqişə yarandı, hərçənd, cənab Assenov özünü aqressiv aparmırdı və deyilənlərə tabe olurdu. Onun və atasının qollarını qandalladılar və zorla polis maşınına oturtdular. Onları polis bölməsinə apardılar, orada onlar təxminən iki saatlığa həbs edildilər, sonra heç bir ittiham irəli sürülmədən buraxıldılar. Cənab Assenov iddia etdi ki, polis bölməsində polislər onu oyuncaq tapança ilə və dəyənəklərlə döyüblər və qarnını yumruqlayıblar.
2. Tibbi rəy
10. 21 sentyabr 1992-ci ildə, hadisədən sonra ilk iş günündə ərizəçilər məhkəmə tibb ekspertinin yanına getdilər. Onlar ona izah etdilər ki, cənab Assenov üç polis tərəfindən dəyənəklə və tapançanın qundağı ilə döyülüb və onun anası da dəyənəklə döyülüb. Həkim hər iki ərizəçini müayinə etdi və tibbi arayışlar tərtib etdi.
11. Birinci ərizəçiyə (bu işdə «birinci ərizəçi» dedikdə cənab Assenov, yəni oğul, «ikinci və üçüncü ərizəçilər» dedikdə isə onun valideynləri nəzərdə tutulur – tərc.) aid olan arayışda deyilirdi ki, oğlanın sol qolunun bayır tərəfinin yuxarı hissəsində uzunluğu təxminən 5 sm və eni 1 sm olan zolaq formasında bir qançır (hematoma); döş qəfəsinin sağ tərəfində hər birinin uzunluğu təxminən 6 sm və eni 1 sm olan zolaq formasında üç qançır; sol kürəyində təxminən 4 sm uzunluğunda göyərmiş şiş; başının arxasında diametri 2 sm olan qançır; və sinəsinin sağ tərəfində hər birinin uzunluğu təxminən 5 sm olan beş cızılma yeri vardır.
Xanım İvanovaya aid arayışda deyilirdi ki, onun sol bud nahiyəsində uzunluğu təxminən 5 sm olan göyərmiş şiş vardır.
Həkim bu nəticəyə gəldi ki, bu zədələr ərizəçilərin təsvir etdiyi şəraitdə meydana çıxa bilərdi.
3. Daxili İşlər Nazirliyinin rayon idarəsi tərəfindən aparılan araşdırma
12. 2 oktyabr 1992-ci ildə xanım İvanova Daxili İşlər Nazirliyinin rayon idarəsinə (DİNRİ) şikayət verdi; o, iddia edirdi ki, oğlu avtovağzalda və polis bölməsində döyülüb və xahiş edirdi ki, buna görə məsuliyyət daşıyan polis əməkdaşlarına qarşı cinayət təqibinə başlansın (bax: aşağıda 58-ci bəndə).
13. Şikayət DİNRİ-nin kadrlar üzrə müfəttişi polkovnik P tərəfindən araşdırılırdı. 15 oktyabr 1992-ci ildə polkovnik P ərizəçilərin hər birini dinlədi və onların şifahi ifadələrinə dair yazılı rəylər hazırladı. Cənab Assenov müəllim cənab G-nin iştirakı ilə dinlənildi. Öz ifadələrində ərizəçilər yuxarıda 8-9-cu bəndlərdə yer alan hadisələrə dair izahat verdilər.
14. Polkovnik P həmçinin göstəriş verdi ki, avtovağzalda olan üç polis əməkdaşı və polis bölməsində növbədə olan polis əməkdaşı yazılı izahat versinlər. Onlar bunu 21, 22 və 26 oktyabr 1992-ci ildə etdilər.
Bu ifadələrə əsasən, vəzifə başında və xidməti formada olmayan serjant B mərkəzi avtovağzalın yanından keçərkən qumar oynayan şəxsləri görmüşdü. O, cənab Assenovu həbs etmiş və avtovağzalın içərisinə gətirmişdi, oradan o, vəzifə başında olan polis əməkdaşlarını çağırmışdı. Sonra cənab İvanov gəlib çıxmış, oğlanın üstünə qışqırmış və ağac çubuqla iki-üç dəfə onun arxasına vurmuşdu. O və az sonra gəlib çıxmış arvadı oğlanlarının həbsinə etiraz etməyə və oğlanı özlərinə tərəf dartmağa başlamışdılar. Serjantlar S və V gəlib çıxdıqda ata hay-küy salmış, söyüş söymüş və polis əməkdaşlarını hədələmişdi, onlar isə ona demişdilər ki, sakit olsun və xahiş etmişdilər ki, könüllü surətdə polis bölməsinə gəlsin. Təxminən on beş-iyirmi nəfərdən ibarət qaraçı kütləsi oraya toplaşmışdı; avtovağzaldan olan təxminən iyirmi sürücü də orada idi. Cənab İvanov zorakı davranışını davam etdirdiyinə görə polis əməkdaşları onu zor tətbiq etməklə sakitləşdirməli oldular, qollarına qandal vurdular və oğlu ilə birlikdə polis bölməsinə gətirdilər.
Polis əməkdaşı S protokol blankını doldurdu, orada qeyd edilirdi ki, cənab Assenovdan 100 lev (lev Bolqarıstanın pul vahididir – tərc.) müsadirə olunur, sonra o, hər iki ərizəçini buraxdı. Onların polis bölməsində döyülməsi həqiqətə uyğun deyildi.
15. 26 oktyabr 1992-ci ildə polkovnik P avtovağzalın ticarət bölməsinin müdirindən də yazılı ifadələr aldı. O, bildirdi ki, polis oğlanı avtovağzala gətirib və ondan xahiş edib ki, polis maşınının göndərilməsi üçün polisə zəng vursun. O, hər hansı qalmaqalın baş verdiyini xatırlamırdı.
16. Bu ifadələrə əsaslanaraq, 6 noyabr 1992-ci ildə polkovnik P xidməti arayış tərtib etdi; orada o, faktların qısa icmalını verdi və bu nəticəyə gəldi iki, oğlan atası tərəfindən döyülüb.
17. 13 noyabr 1992-ci ildə DİNRİ-nin rəisi ərizəçilərə yazılı məlumat verdi ki, polis əməkdaşlarının hərəkəti qanuna uyğun olub və buna görə də, o, onlara qarşı cinayət işi qaldırmayacaqdır.
4. Vilayət hərbi prokurorluğu tərəfindən aparılan araşdırma
18. 12 dekabr 1992-ci ildə ərizəçilər iddia edilən hüquq pozuntuları ilə bağlı cinayət təqibinə başlamaq üçün Varna vilayət hərbi prokurorluğuna (VHP) ərizə verdilər.
19. 30 dekabr 1992-ci ildə VHP istintaq aparılması üçün sərəncam verdi; istintaq Şumen hərbi istintaq idarəsində müstəntiq G tərəfindən aparılmalı idi.
20. 8 fevral 1993-cü ildə müstəntiq G Şumen rayon polis rəisinə məktub yazaraq tapşırıq verdi ki, ərizəçilərdən və polis əməkdaşlarından ifadələr alsın və ona məruzə etsin. Artıq bu məsələ ilə bağlı istintaq aparılmış olduğuna görə 15 fevral 1993-cü ildə DİNRİ toplanmış olan bütün materialları müstəntiqə göndərdi.
21. Müstəntiq G-nin ərizəçiləri şəxsən dindirməsi məsələsi mübahisəli qaldı. Hökumət iddia edir ki, müstəntiq onları şəxsən dindirib, lakin iş üzrə materiallarda bu barədə heç bir qeyd yoxdur.
22. 20 mart 1993-cü ildə müstəntiq G bir səhifəlik xidməti arayış tərtib etdi; orada faktların qısa icmalı verilir və tövsiyə edilirdi ki, polis əməkdaşlarına qarşı cinayət işi qaldırılmasın, bu, onunla əsaslandırılırdı ki, ərizəçilərin iddiaları sübuta yetirilməyib və işdəki sübutlar «ziddiyyətlidir».
23. 24 mart 1993-cü ildə VHP müstənitiqin tövsiyəsinə əsasən qərara aldı ki, cinayət işi qaldırılmasın. Qərarda deyilirdi ki, cənab İvanov öz oğlunu vurub, onun üstünə qışqırıb, onu dartışdırıb, polislərin əmrlərinə tabe olmayıb, bu isə ərizəçilərin həbsinə səbəb olub (bax: yuxarıda 55-ci bəndə), şahidlərdən alınan ifadələr polislər tərəfindən oğlana qarşı fiziki güc tətbiqini təsdiq etməyib.
5. Baş hərbi prokurorluğa apelyasiya şikayəti
24. 15 aprel 1993-cü ildə ərizəçilər baş hərbi prokurorluğa (BHP) apelyasiya şikayəti verdilər. Onlar bildirdilər ki, cinayət təqibinə başlamamaq haqqında qərardan aydın olur ki, dindirilən yeganə şahidlər yalnız polis əməkdaşları olub, halbuki onlar şübhəli şəxslər idi; tibbi arayışlar nəzərə alınmayıb; və cənab Assenovla onun atasının polis əməkdaşlarına tabe olmaması həqiqətə uyğun deyil.
25. Apelyasiya şikayəti VHR vasitəsilə verildi, həmin şikayət sonuncu tərəfindən 30 aprel 1993-cü ildə BHP-yə göndərildi; şikayətə əlavə edilən məktubda belə bir tövsiyə vardı ki, şikayət rədd edilməlidir. Həmin məktubun surəti ərizəçilərə göndərildi.
26. 21 may 1993-cü ildə BHP, çox güman ki iş üzrə materialları araşdırdıqdan sonra, polis əməkdaşlarına qarşı cinayət işi qaldırmaqdan imtina etdi; imtinanın əsasları aşağı prokurorluğun gətirdiyi əsaslarla eyni idi. Qərarda deyilirdi:
«İş üzrə materiallara tibbi arayış əlavə edilmişdi, oradan belə məlum olurdu ki, yeniyetmənin bədənində qançırlar vardı, onlar göstərirdi ki, ona yüngül bədən xəsarəti yetirilib və zərbə alətinə gəlincə, qeyd edilirdi ki, zərbələr uzunsov bərk əşya ilə endirilib.
Vilayət prokurorunun müavini haqlı olaraq hesab edib ki, hətta yeniyetmənin bədənində zərbə yerləri olsa belə, onlar polisin əmrlərinə tabe olmamaq nəticəsində baş verib. Fiziki gücdən və yardımçı vasitələrdən istifadə hazırda qüvvədə olan Milli polis haqqında Qanunun 24(1) maddəsinin 1-ci və 2-ci bəndlərinə uyğun surətdə baş verib [bax: aşağıda 56-cı bəndə]».
6. Vilayət hərbi prokurorluğu tərəfindən aparılan əlavə araşdırma
27. Çox güman ki, işə yenidən baxılması üçün ərizəçilərin çoxsaylı şikayətləri və Ədliyyə Nazirliyinin təzyiqi nəticəsində BHP 13 iyul 1993-cü ildə VHP-yə məktub yazaraq bildirdi ki, polisin iddia edilən hüquqa zidd davranışı ilə bağlı ilkin araşdırmalar müstəqil şahidlərin dindirilməsini də özündə ehtiva etməlidir, buna görə də, əlavə araşdırmalar aparmaq lazımdır.
28. VHP avtobus sürücüsündən və avtovağzalın işçisindən müvafiq surətdə 29 və 30 iyul 1993-cü ildə ifadə aldı. Sürücü bildirdi ki, o, bir qaraçı kişinin çubuqla öz oğlunu vurduğunu görüb. Polis maşını gəldikdə, ata özünü polislərin üstünə atıb və onlarla vuruşmağa başlayıb. Sürücü atanın qolundan tutub ki, onun polisləri vurmasına mane olsun. O, oğlanın hər hansı polis əməkdaşı tərəfindən vurulduğunu görməyib. Digər şahid hadisələri dumanlı şəkildə xatırlayırdı və atanın öz oğlunu, yaxud polislərin onları vurub-vurmadığını deyə bilmədi.
29. Bu əlavə araşdırmalar, çox güman ki, formal qərar qəbul edilməsi ilə nəticələnmədi. Onların nəticələri barədə ərizəçilərə məlumat verilmədi.
7. Baş prokurora apelyasiya şikayəti
30. 20 iyun 1994-cü ildə ərizəçilər Bolqarıstan baş prokuroruna apelyasiya şikayəti verdilər. Onlar hadisələrə dair öz versiyalarını yenidən ifadə edərək əlavə etdilər ki, cənab Assenov döyülərkən ərizəçilərin qaraçı mənşəyinə təhqirlər söylənilib və qeyd etdilər ki, hadisəni bir neçə şahid görsə də, onlardan ifadə almağa cəhd edilməyib. Onlar iddia etdilər ki, heç bir fiziki gücün tətbiq edilmədiyinə dair VHP-nin qərarı ilə BHP-nin qərarı arasında ziddiyyət vardır; sonuncuda bildirilir ki, fiziki güc tətbiq edilib, lakin o, hüquqa uyğun olub; ərizəçilər Konvensiyanın 3, 6 və 14-cü maddələrin pozulduğunu iddia etdilər.
31. Bu apelyasiya şikayəti, görünür, BHP-yə göndərilmişdi, 28 iyun 1994-cü ildə oradan ərizəçinin vəkilinə yazmışdılar ki, əvvəlki qərarı ləğv etmək üçün heç bir əsas yoxdur.
B. 27 iyul 1995-ci ildə cənab Assenovun tutulması və bundan sonra həbsdə saxlanması
1. Tutulma, həbsdə saxlanma və istintaq
32. 1995-ci ilin yanvarında cənab Assenov bir sıra oğurluq və soyğunçuluq əməllərinin istintaqı ilə əlaqədar olaraq Şumen rayonunun prokurorluq orqanları tərəfindən dindirildi.
33. O, 27 iyul 1995-ci ildə həbs edildi və ertəsi gün vəkilinin və prokuror K-nın iştirakı ilə müstəntiq tərəfindən dindirildi və ona qarşı 9 yanvar ilə 2 may 1995-ci il arasında törədilmiş on və ya daha artıq mənzil oğurluğuna görə, habelə 10 sentyabr 1994-cü il ilə 24 iyul 1995-ci il arasında törədilmiş altı soyğunçuluğa görə rəsmi ittiham irəli sürüldü, sonuncu cinayətlərin hamısında küçədən keçən şəxslərə hücumlar edilmişdi. Cənab Assenov mənzil oğurluqlarının çoxunu boynuna aldı, lakin soyğunçuluqda iştirakını inkar etdi.
Qərara alındı ki, onun barəsində həbs qətimkan tədbiri seçilsin. Elə həmin gün bu qərar digər prokuror tərəfindən, yəni prokuror A tərəfindən təsdiq edildi (bax: aşağıda 69-cu bəndə).
34. 27 iyul, 2 avqust və 15 avqust 1995-ci ildə ərizəçi üzləşdirmədə iştirak etdi, soyğunçuluq qurbanlarından dörd nəfər onu tanıdı. Bütün hallarda vəkil üzləşdirmədə iştirak etdi. 28 avqust 1995-ci ildə müstəntiq tərəfindən təyin edilmiş ekspert birinci ərizəçi və onun yoldaşları tərəfindən oğurlanması iddia edilən əşyaların dəyəri haqqında rəy təqdim etdi. Tarixi müəyyən edilməyən gündə cənab Assenovun şübhəli bilindiyi digər oğurluq hadisələrinə dair əlavə ittihamlar digər ittihamlarla birləşdirildi. Çox güman ki, istintaqın gedişində altmışa yaxın şahid və zərərçəkən dindirilmiş, lakin 1995-ci ilin sentyabrından sonra heç bir sübut toplanmamışdı.
2. İbtidai həbs, iyul 1995 – iyul 1997
35. 27 iyul 1995-ci ildən 25 mart 1996-cı ilədək cənab Assenov Şumen polis bölməsində həbsdə saxlandı. Onun həbsxana şəraiti barədə tərəflər arasında fikir ayrılığı mövcuddur. Ərizəçi bildirir ki, o, sahəsi 3x1,80 metr olan kamerada saxlanılıb, ayrı-ayrı vaxtlarda həmin kamerada onunla birlikdə iki-dörd nəfər başqa məhbus qalıb; kamera bütünlüklə birinci mərtəbədən aşağı səviyyədə (zirzəmidə) yerləşib, oraya olduqca az miqdarda işıq və təmiz hava daxil olub; o, kamerasında nə idman hərəkətləri edə bilib, nə də hər hansı başqa işlə məşğul ola bilib; və o, kamerasını yalnız gündə iki dəfə tualetə getdiyi zaman tərk edib. Hökumət bildirdi ki, kameranın 4,60x3,50 metr idi və ərizəçi kameranı yalnız bir məhbusla paylaşırdı.
36. Ərizəçi bildirdi azad edilmək üçün prokurorluq orqanlarına çoxsaylı vəsatətlər verdi, o, digər faktlarla yanaşı qeyd etdi ki, heç bir əlavə sübut toplanmayıb, o, səhhəti ilə bağlı problemlərdən əziyyət çəkir (həbsxana şəraiti həmin problemləri daha da kəskinləşdirir) və onun iki oğlu vardır. Çox güman ki, bu vəsatətlərin bəziləri ayrıca qiymətləndirilib, bəziləri isə təqdim edildikdən bir neçə ay sonra qruplaşdırılaraq nəzərdən keçirilib.
37. 21 avqust 1995-ci ildə həkim cənab Assenovu müayinə etdi və hesab etdi ki, o, sağlamdır. 20 sentyabr 1995-ci ildə o, Şumen vilayət xəstəxanasının kardioloqu tərəfindən bir daha müayinə edildi; sonuncu bu nəticəyə gəldi ki, o, «onda nə anadangəlmə, nə də sonradan qazanılan ürək xəstəliyi vardır» və «onun həbsxanada saxlanmasına qarşı ürək-damar sistemində heç bir əks-göstərici yoxdur».
38. 11 sentyabr 1995-ci ildə cənab Assenov Şumen rayon məhkəməsinə şikayət ərizəsi verərək azadlığa buraxılmasını tələb etdi (bax: aşağıda 72-76-cı bəndlərə).
19 sentyabr 1995-ci ildə şikayət ərizəsinə qapalı iclasda baxan hakim şikayəti rədd edərək bildirdi ki, cənab Assenova qarşı ağır cinayətlərlə bağlı ittihamlar irəli sürülüb, onun cinayətkar fəaliyyəti davamlı xarakter daşıyaraq belə bir təhlükə doğurur ki, o, azadlığa buraxılsa, növbəti cinayətləri törədəcəkdir.
39. 13 oktyabr 1995-ci ildə rayon prokuroru cənab Assenovun azadlığa buraxılmaq haqqında iki vəsatətini rədd etdi. 19 oktyabr 1995-ci ildə vilayət prokuroru vəsatətin rədd edilməsi haqqında qərarını təsdiq etdi.
40. Ərizəçilər baş dövlət prokurorluğuna şikayət verərək bildirdilər ki, Komissiyaya müraciət etdiklərinə görə onlara qarşı «kampaniya» həyata keçirilir.
8 dekabr 1995-ci il tarixli qərarında baş dövlət prokurorluğu ərizəçilərin arqumentlərini rədd etdi və bildirdi ki, istintaq 1995-ci ilin sentyabrında başa çatsa da, cənab Assenovun hələ də həbsdə saxlanması zəruridir, çünki açıq-aydın təhlükə vardır ki, o, cinayətkar fəaliyyətini davam etdirəcəkdir. Lakin belə bir fikir vurğulandı ki, Şumen polis bölməsinin binasında uzun müddət həbsdə saxlanma ərizəçinin «fiziki və ruhi inkişafına» ziyan vura bilər və buna görə də, o, Boyçinovtsiyə (Boychinovzi) – yetkinlik yaşına çatmayanlar üçün həbsxanaya köçürülməlidir.
Üç ay yarımdan sonra, 25 mart 1996-cı ildə köçürmə həyata keçirildi.
41. 1996-cı ildə, tarixi müəyyən olunmayan gündə, cənab Assenov ibtidai həbsdə olmasına qarşı yenə də Şumen rayon məhkəməsinə şikayət etdi.
28 mart 1996-cı ildə məhkəmə iş üzrə materialları rayon prokurorluğundan istədi. Məhkəmə 19 sentyabr 1996-cı ildə ərizəçinin ərizəsinə artıq baxılmış olduğunu qeyd edərək, yeni şikayət ərizəsini qəbul olunmayan hesab edərək rədd etdi (bax: aşağıda 75-ci bəndə).
42. 21 mart 1996-cı ildə müstəntiq soyğunçuluq ittihamları ilə bağlı ayrıca cinayət işi açdı, o, cənab Assenovu həmin işlə bağlı dindirdi və onun həbs qətimkan tədbirinin davam etdirilməsi barədə sərəncam verdi. Ertəsi gün müstəntiq soyğunçuluq işi üzrə faktları ümumiləşdirərək hesabat tərtib etdi və onu prokurora göndərərək ki, ittiham aktının hazırlanmasını təklif etdi.
43. 3 iyul 1996-cı ildə rayon prokuroru soyğunçuluğa aid işi bir nəfər əlavə şahidi dindirmək tapşırığı ilə geriyə – müstəntiqə qaytardı. 23 avqust 1996-cı ildə müstəntiq iş üzrə materialları yenə prokurora qaytardı, çünki güman edilən şahid ölmüşdü. 26 sentyabr 1996-cı ildə rayon prokuroru iş üzrə ittiham aktını tərtib etdi və dörd gündən sonra onu Şumen rayon məhkəməsinə təqdim etdi. Məhkəmə iclası 6 fevral 1997-ci ildə keçirildi, burada məhkəmə dörd şahidi dinlədi və iki nəfər digər şahid gəlmədiyinə görə məhkəmə araşdırmasını 29 may 1997-ci ilədək təxirə saldı.
44. Bu ərəfədə, 20 sentyabr 1996-cı ildə müstəntiq mənzil oğurluğu işi üzrə ibtidai istintaqı başa çatdırmışdı. 25 oktyabr 1996-cı ildə bu iş vilayət prokurorluğuna göndərildi və cənab Assenova qarşı ittiham irəli sürmək təklif edildi. Çox güman ki, 31 yanvar 1997-ci ildə mənzil oğurluğu haqqında iş əlavə istintaq üçün geriyə göndərilib.
45. Cənab Assenov Belene həbsxanasına köçürülməzdən əvvəl 5 iyul və 24 sentyabr 1996-cı il tarixləri arasında yenə də Şumen polis bölməsində saxlanıldı.
46. 1996-cı il ərzində ərizəçilər cənab Assenovun azadlığa buraxılması üçün prokurorluq orqanlarına vəsatətlər verməkdə davam etdilər. Rayon prokurorunun 21 fevral və 17 iyun 1996-cı il tarixli qərarları ilə bu vəsatətlər rədd edildi; qərarlar belə əsaslandırıldı ki, ərizəçilər yeni dəlillər irəli sürməyiblər, azadlığa buraxılacağı təqdirdə ərizəçinin yenidən cinayət törətməsi təhlükəsi hələ də qalır və işlər baxılmaq üçün tezliklə məhkəməyə göndəriləcəkdir. 8 oktyabr 1996-cı ildə vilayət prokurorluğu ərizəçinin azadlığa buraxılması haqqında digər bir vəsatəti rədd etdi.
47. 4 noyabr 1996-cı ildə soyğunçuluq işini araşdıran rayon məhkəməsinin hakimi cənab Assenovun azadlığa buraxılmaq haqqında ərizəsinə qapalı iclasda baxdı. Hakim cənab Assenovun ittiham edildiyi cinayətlərin ağırlığını və sayını, habelə məhkəmə baxışının tezliklə keçiriləcəyini nəzərə alaraq, onun azadlığa buraxılmaq haqqında xahişini rədd etdi.
48. 1997-ci ilin iyulunda cənab Assenov dörd küçə soyğunçuluğunda təqsirli bilindi və otuz aylıq həbs cəzasına məhkum edildi.
Məhkəmədə olan məlumata görə, ərizəçiyə qarşı irəli sürülən mənzil oğurluğu ittihamları ilə bağlı ittiham aktı hələ də elan olunmayıb.
C. Komissiyaya müraciətdən sonrakı hadisələr
49. Ərizəçilərin şikayəti 6 sentyabr 1993-cü ildə Komissiyaya təqdim edildi. 1995-ci ilin martında onlar gəlirləri haqqında Bolqarıstanda hazırlanmış bəyannaməni imzaladılar, Komissiyaya ərizə verdiklərini orada xüsusi olaraq qeyd etdilər və bildirdilər ki, bəyannamə hüquqi yardım almaq üçün Komissiyaya müraciət etmək məqsədi ilə hazırlanıb.
50. 15 may, 23 may və 8 sentyabr 1995-ci ildə iki gündəlik qəzet bu iş barədə məqalələr dərc etdi. Başlıq altındakı sətirdə qaraçı qumarbazı «Bolqarıstanı Strasburq məhkəməsinə verib» fikrini vurğulayan məqalələrin ikisində belə izahat verilirdi ki, jurnalistlərin suallarına cavab olaraq ərizəçilər Komissiyaya şikayət ərizəsi verdiklərini guya inkar ediblər. Məqalələrdə belə nəticə çıxarılırdı ki, ola bilsin, bəzi qaraçı fəalları işi təbliğ ediblər və Beynəlxalq Amnistiya Təşkilatını (Amnesty International) yanlış istiqamətləndiriblər.
51. Tarixi müəyyən edilməyən gündə prokurorluq və ya polis orqanlarının nümayəndələri ərizəçilərə yanaşıb onlardan xahiş etdilər ki, Komissiyaya ərizə verib-vermədiklərini bəyan etsinlər. 8 sentyabr 1995-ci ildə ikinci və üçüncü ərizəçilər notariat kontoruna gəldilər və bəyannamə imzaladılar, orada onlar Komissiyaya ərizə verdiklərini təkzib edirdilər. Bundan başqa, onlar bildirirdilər ki, 1992-ci və 1993-cü illərdə insan hüquqları assosiasiyaları tərəfindən hazırlanmış bəzi sənədləri imzaladıqlarını xatırlayırlar. Lakin həmin sənədlərin surətləri onlara verilməyib və onlar bu sənədlərin məzmunundan xəbərsizdirlər. Sənədlərdən biri xarici dildə olub.
52. Görünür, bu bəyannamə sonradan prokurorluq orqanlarına təqdim edilmişdi. 19 sentyabr 1995-ci ildə BHP həmin bəyannamə barəsində Xarici İşlər Nazirliyinə məktub yazmışdı.
53. 28 iyul 1995-ci ildə cənab Assenovun həbsindən sonra onun dindirilməsi haqqında protokolda göstərilirdi ki, o, 19 sentyabr 1992-ci il hadisələri barədə müstəntiqə danışarkən deyib:
«1992-ci ildə... polislər məni... [avtovağzalda] döydülər. Bundan sonra mən tibbi arayış aldım və atam polisə şikayət etdi. Onlar buna ciddi yanaşmadılar və o, şikayəti hərbi prokurorluğa verdi. Onlar da məsələyə ciddi yanaşmadılar. Sonra atam eşitdi ki, [şəhərdə] beynəlxalq insan hüquqları təşkilatından olan bəzi adamlar var. Atam məni onların yanına apardı və necə döyüldüyümü onlara göstərdi. Əslində polisdən azad edildikdən sonra atam məni öncə bu adamların yanına aparmış, sonra isə polisə və prokurorluq orqanlarına şikayət ərizəsi yazmışdı».
Dindirmə protokollarında yalnız cənab Assenovun dedikləri qeyd edildiyinə görə, bu ifadənin dindirmə zamanı hər hansı suala cavab olaraq verilib-verilmədiyini müəyyən etmək mümkün deyil.
II. Müvafiq daxili qanunvericilik və praktika
A. Qumar oyunu
54. Bolqarıstan qanunvericiliyinə əsasən qumar oyunu inzibati hüquq pozuntusudur, bu pozuntuya görə yaşı on altıdan aşağı olan şəxslər məsuliyyət daşımırlar (Möhtəkirliyə qarşı Qanunun 2(2)-ci bəndi).
B. 1992-ci il tarixli tutma və həbslərlə bağlı polisin səlahiyyətləri
55. Həmin vaxt tətbiq edilən Milli polis haqqında Qanunun (1976) 20(1)-ci maddəsində nəzərdə tutulurdu ki, polis əməkdaşı polis məntəqəsinə və ya yerli hökumət idarəsinə yalnız aşağıdakı şəxsləri gətirə bilər:
“1. kimliyi müəyyən edilə bilməyən;
2. kobud davranan və xəbərdarlıqdan sonra polisə tabe olmayan;
3. bu Qanunun 16-cı maddəsinə uyğun olaraq polis məntəqəsinə gəlmək barədə xəbərdar edilsə də imtina üçün əsaslı səbəblər olmadan polis məntəqəsinə könüllü gəlməkdən imtina edən;
4. Daxili İşlər Nazirliyi orqanlarının vəzifələrinin icrasına bilərəkdən maneələr yaradan;
5. qanuni icazəsi olmadan odlu silah, digər silahlar və ya təhlükəli əşyalar gəzdirən və ya istifadə edən şəxsləri;
6. qanunla nəzərdə tutulmuş digər hallarda müvafiq şəxsləri”.
Bu Qanunun 20(2)-ci maddəsinə uyğun olaraq, yuxarıdakı halların hər birində polisin dərhal təhqiqat aparması və saxlanılmış şəxs barəsində əlavə qanuni tədbirlər görmək zərurəti yoxdursa üç saatdan sonra həmin şəxsi azad etməsi tələb olunur.
56. 24(1)-ci bənddə polis əməkdaşları tərəfindən güc tətbiqinə dair müddəalar yer almışdır. Aşağıdakı hallarda “hüquq pozuntusunun və müqavimətin xarakterinə və ciddiliyinə” uyğun güc tətbiqinə icazə verilir:
“1. kobud davranışa və ya ictimai qaydanın digər ciddi pozuntusuna son qoymaq üçün;
2. şəxs polisin əmr və ya qadağalarına açıq-aydın tabe olmadıqda;
3. şəxs həbs edilərkən və ya polisin müşayiəti ilə aparılarkən onun qaçmaq təhlükəsi olduqda, yaxud onu həbsə alan və ya müşayiət edən şəxslərin və ya digər şəxslərin həyatına təhlükə olduqda”.
C. Polis tərəfindən pis rəftara qarşı hüquqi müdafiə vasitələri
1. Cinayət-hüquqi müdafiə vasitələri
57. Cinayət Prosessual Məcəlləsinin (CPM) (1974) 190-cı maddəsində deyilir:
“Cinayət törədildiyinə dair əsaslı şübhə olduqda cinayət işinə başlamaq üçün kifayət qədər sübutların olub-olmadığını nəzərdən keçirmək lazımdır”.
58. Xüsusilə ağır cinayətlər və qulluq vəzifələrini yerinə yetirərkən dövlət qulluqçuları tərəfindən törədildiyi iddia edilən cinayətlər barəsində cinayət işinə hər hansı fərd tərəfindən deyil, yalnız dövlət prokurorunun qərarı ilə başlanılır (CPM, 192, 282-285-ci maddələr).
CPM-in 192-ci maddəsinə və 194-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq, prokuror cinayət işinə başlamaqdan imtina etdikdə yuxarı prokuror maraqlı şəxsin şikayəti əsasında və ya öz təşəbbüsü ilə cinayət işinə başlaya bilər.
59. İddia edilən cinayətin qurbanı kompensasiya almaq üçün cinayət işinə mülki tərəf qismində qatıla bilər (CPM, II fəsil, 60-64-cü maddələr).
2. Mülki-hüquqi müdafiə vasitələri
60. Öhdəliklər və müqavilələr haqqında Qanunun 45-ci maddəsində nəzərdə tutulur ki, ziyana məruz qalmış şəxs ona ziyan yetirilməsində təqsirkar olan şəxsə qarşı mülki iddia qaldırmaq yolu ilə kompensasiya almağa cəhd edə bilər. Ziyana görə dövlətin məsuliyyəti haqqında Qanunda nəzərdə tutulur ki, dövlət qulluqçusunun qanunsuz hərəkəti ucbatından ziyana məruz qalmış şəxs müvafiq dövlət orqanına qarşı mülki iddia qaldıra bilər.
61. Mülki Prosessual Məcəllənin 182(d) və 183-cü maddələrində nəzərdə tutulur ki, mülki iddianı araşdıran məhkəmə:
“182. ... aşağıdakı hallarda icraatı dayandırır:
... d) müəyyən edilməsi mülki mübahisənin nəticələri üçün həlledici əhəmiyyət daşıyan cinayət elementləri mülki prosesin gedişində aşkar edilərsə ...
183. Dayandırılmış icraat müvafiq maneə aradan qaldırıldıqdan sonra məhkəmənin təşəbbüsü ilə və ya tərəfin şikayəti əsasında bərpa oluna bilər...”.
Mülki Prosessual Məcəllənin 222-ci maddəsində deyilir:
“Araşdırılan əməlin törədilib-törədilmədiyi, qanunsuzluğu və pozuntu törədənin təqsiri məsələsinə dair cinayət məhkəməsinin yekun qərarında gəldiyi nəticələr cinayət əməlinin mülki-hüquqi nəticələrini araşdıran mülki məhkəmə üçün məcburi qüvvəyə malikdir”.
62. Tərəflər Bolqarıstan Ali Məhkəməsinin yuxarıdakı müddəalarla bağlı bir sıra qərarlarını Məhkəməyə təqdim etdilər.
1366/79 saylı iş üzrə 18 yanvar 1980-ci il tarixli qərarında Ali Məhkəmənin mülki işlər üzrə birinci bölməsi bildirdi:
“Prinsipcə cinayət faktı yalnız Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada müəyyən edilə bilər. Belə ki, iddia edilən mülki hüquq Cinayət Məcəlləsinə əsasən cinayət təşkil edən faktdan irəli gəlirsə, mülki məhkəmə Mülki Prosessual Məcəlləsinin 182(d) maddəsinə uyğun olaraq mülki icraatı dayandırmağa borcludur.
Bu, cinayət məhkəməsinin qərarına hörmət edilməsi üçün zəruridir. Araşdırılan cinayətdən asılı olmayaraq həmin qərar mülki məhkəmələr üçün məcburi qüvvəyə malikdir. Cinayət məhkəmələrinin qərarlarının məcburi qüvvəyə malik olması Mülki Prosessual Məcəllənin 222-ci maddəsində nəzərdə tutulub”.
12/1966 saylı qərarında Ali Məhkəmənin mülki işlər üzrə bölməsi aşağıdakıları bildirdi:
“İttiham orqanının təqsirləndirilən şəxsin cinayət əməli törədilməsində təqsirkar olmadığı qənaətinə gələrək cinayət təqibinə xitam vermək barədə qərarı həmin əməlin mülki-hüquqi nəticələrini araşdıran mülki məhkəmə üçün məcburi qüvvəyə malik deyil... Mülki məhkəmə mülki prosesin gedişində toplanmış sübutlar əsasında faktlara dair fərqli nəticəyə gələ bilər, məsələn, mülki hüquq pozuntusunun məhz barəsində cinayət təqibinə xitam vermək qərarı çıxarılmış şəxs tərəfindən törədildiyi qənaətinə gələ bilər.
Mülki prosesin gedişində sübutlar toplandıqdan sonra cinayət işində müəyyən edilməsi mülki mübahisə üçün həlledici əhəmiyyət kəsb edən yeni hallar aşkar edilərsə, məhkəmə Mülki Prosessual Məcəlləsinin 182(d) maddəsinə uyğun olaraq mülki icraatı dayandırmağa borcludur.
3 yanvar 1967-ci il tarixli 11 saylı şərhedici qərarında (İllik məcmuə, 1967) Bolqarıstan Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyası bildirdi:
“... Prinsipcə mülki məhkəmə hər hansı konkret hərəkətin cinayət əməli təşkil edib-etmədiyini müəyyən edə bilməz. Cinayət Prosessual Məcəlləsinin 6-cı maddəsinin 21-ci bəndinə əsasən [hüquq pozuntusu törətdiyi iddia edilən şəxs öldükdən sonra cinayət icraatına xitam verildikdə, cinayət təqibinin müddətinin ötdükdə və ya .şəxs amnistiyaya düşdükdə] cinayət məhkəməsi konkret hərəkətin cinayət əməli təşkil edib-etmədiyi barədə qərar çıxara bilməz. Belə hallarda qanunda (Mülki Prosessual Məcəllənin 97-ci maddəsinin 4-cü bəndində) nəzərdə tutulur ki, mülki məhkəmə konkret hərəkətin cinayət əməli təşkil edib-etmədiyini və hüquq pozuntusu törədənin kimliyini müəyyən etmək üçün ayrıca icraat təyin edə bilər”.
Avtomobil qəzasından irəli gələn ziyanla bağlı 725 saylı iş üzrə 13 dekabr 1988-ci il tarixli 817 saylı qərarında Ali Məhkəmənin Dördüncü Mülki Bölməsi bildirdi:
“İddia tələbini rədd edərkən birinci instansiya məhkəməsi aşkar etdi ki, avtomobil qəzasına görə yalnız iddiaçı məsuliyyət daşıyır, o, küçəni keçmək üçün təxminən on metr aralıdan qəflətən avtomobilin qarşısına çıxıb və buna görə də sürücünün gördüyü tədbirlərə baxmayaraq qəza qaçılmaz olub.
Bu nəticə belə bir fakta əsaslanıb ki, sübutların olmaması, ittihamların əsassızlığı, şəxsin ittiham edildiyi cinayət əməlini təşkil edən bəzi elementlərin olmaması və təqsirin olmaması səbəbindən sürücüyə qarşı cinayət istintaqına xitam verilmişdir.
Mülki Prosessual Məcəllənin 222-ci maddəsinə əsasən məhkəmənin cinayət istintaqına xitam verilməsi barədə prokurorun qərarına əsaslanması tələb olunmurdu, həmin maddədə deyilir ki, yalnız cinayət məhkəməsinin yekun qərarında gəldiyi nəticələr cinayət əməlinin mülki-hüquqi nəticələrini araşdıran mülki məhkəmə üçün məcburi qüvvəyə malikdir. Cinayət istintaqına xitam verilməsi barədə prokurorun qərarı sübutedici əhəmiyyətə malik deyildi və nəzərdən keçirilən əməlin mülki-hüquqi nəticələrini araşdıran məhkəmə üçün məcburi qüvvəyə malik deyildi. Cinayət məhkəməsinin şikayətçiyə yetirilmiş xəsarətlərdə müttəhimin təqsirkar olmadığını müəyyən edən qərarı yoxdursa, mülki məhkəmə Mülki Prosessual Məcəlləyə uyğun olaraq qəbul edilə bilən sübutlar əsasında müttəhimin təqsirkar olub-olmadığını müəyyən etməlidir. Beləliklə, hazırkı işdə cinayət istintaqına xitam verilməsi barədə prokurorun qərarı müttəhimin avtomobil qəzasında təqsirkar olduğunu təsdiq edən sübutedici əhəmiyyət daşımırdı”.
D. 1994-1995-ci illərdə cənab Assenov tərəfindən törədildiyi iddia edilən cinayətlər
63. İddia edilən oğurluq əməlləri ilə əlaqədar olaraq cənab Assenov yetkinlik yaşına çatmayan şəxsin bağlı mənzillərin kilidinin sındırılması ilə müşayiət olunan davamlı cinayətkar fəaliyyətinin elementlərini özündə ehtiva edən hüquq pozuntusunda ittiham olunurdu, özü də oğurlanan məbləğlər əhəmiyyətli dərəcədə böyük idi. Bu hüquq pozuntusuna görə ən yuxarı cəza üç il azadlıqdan məhrum edilmə idi (1968-ci ilin Cinayət Məcəlləsi (CM), 26-cı maddənin 1-ci bəndi və 63-cü maddənin 1(3)-cü bəndi ilə birlikdə götürülməklə 195-ci maddənin 1(3), 1(5) və 2-ci bəndləri).
64. İddia edilən soyğunçuluq əməlləri ilə əlaqədar olaraq, o, yetkinlik yaşına çatmayan şəxsin zor tətbiqi vasitəsilə və ya zor tətbiqi ilə hədələməklə bir neçə şəxslə birgə törətdiyi soyğunçuluq əməlləri ilə müşayiət olunan davamlı cinayətkar fəaliyyətdən ibarət hüquq pozuntusunda ittiham olunurdu. Buna görə ən yuxarı cəza beş il azadlıqdan məhrum edilmə idi (CM, 26-cı maddənin 1-ci bəndi və 63-cü maddənin 1(2)-ci bəndi ilə birlikdə götürülməklə 198-ci maddənin 1-ci bəndi).
65. CM-in 23-25-ci maddələrinə uyğun olaraq, cənab Assenov ona qarşı irəli sürülən bütün ittihamlarda məhkum olunacağı təqdirdə onun ən yuxarı cəzası altı il yarım müddətinə azadlıqdan məhrum edilmə ola bilərdi.
E. Cinayət təqibi orqanları
66. CPM-in müvafiq müddəalarına və hüquq nəzəriyyəsinə və praktikasına uyğun olaraq, prokuror cinayət prosesində ikili funksiyanı yerinə yetirir.
İbtidai istintaq mərhələsində o, istintaqa nəzarət edir. O, digər məsələlərlə yanaşı, müstəntiqə məcburi qüvvəyə malik tapşırıqlar vermək, dindirmələrdə, axtarışlarda və ya hər hansı digər istintaq hərəkətlərində iştirak etmək, işi müstəntiqdən almaq və digər müstəntiqin icraatına vermək, bütün istintaqı və ya onun bir hissəsini şəxsən aparmaq səlahiyyətinə malikdir. O, həmçinin icraata xitam verib-verməmək, əlavə istintaq təyin etmək və ya ittiham aktını hazırlamaq və işi məhkəməyə vermək barədə qərar çıxara bilər.
Məhkəmə araşdırması mərhələsində təqsirləndirilən şəxsə qarşı ittihamçı qismində çıxış etmək ona həvalə olunur.
67. Müstəntiq öz iş metodları ilə və konkret istintaq hərəkətləri ilə bağlı prokurordan müəyyən müstəqilliyə malikdir lakin öz funksiyalarını sonuncunun tapşırıqları və nəzarəti altında həyata keçirir (CPM, 48-ci maddənin 2-ci bəndi və 201-ci maddə).Müstəntiq prokurorun tapşırıqlarına etiraz etdikdə yuxarı prokurora müraciət edə bilər, sonuncunun qərarı qəti və məcburidir.
68. CPM-in 86-cı maddəsinə əsasən, prokuror və müstəntiq həm şəxsin əleyhinə, həm də lehinə olan sübutları toplamağa borcludurlar. Bütün cinayət prosesi ərzində prokuror “qanunçuluğa ümumi nəzarəti həyata keçirməlidir” (CPM, 43-cü maddə).
F. Məhkəməyə qədər həbs barədə müddəalar
1. Həbs qətimkan tədbiri ilə bağlı cinayət təqibi orqanlarının səlahiyyəti
69. Təqsirləndirilən şəxs, o cümlədən yetkinlik yaşına çatmayan şəxs barəsində yalnız müstəsna hallarda müstəntiqin və ya prokurorun qərarı ilə həbs qətimkan tədbiri seçilə bilər. Prokurorun ilkin razılığı alınmadan müstəntiq tərəfindən həbs barəsində qərar qəbul edildiyi hallarda həmin qərar iyirmi dörd saat ərzində prokuror tərəfindən təsdiq edilməlidir. Adətən prokuror təsdiq qərarını təqsirləndirilən şəxsi dinləmədən işin materialları əsasında qəbul edir (CPM, 152, 172, 201-203 və 377-378-ci maddələr).
70. Cinayət istintaqı iki ay ərzində yekunlaşmalıdır. Regional prokuror həmin müddətin altı ayadək uzadılmasına sanksiya verə bilər, müstəsna hallarda baş dövlət prokuroru istintaqın müddətini doqquz ayadək uzada bilər. Müddət uzadıldıqda prokuror təqsirləndirilən şəxsin həbsxanada saxlanılıb-saxlanılmaması məsələsini həll edir (CPM, 222-ci maddə).
71. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri haqqında qərar qəbul etmiş və ya müstəntiqin qərarını təsdiq etmiş prokurorun təqsirləndirilən şəxsə qarşı hər hansı sonrakı cinayət prosesində ittihamçı qismində çıxış etməsinə əngəl törədən hər hansı hüquqi maneə yoxdur. Praktikada belə hallar tez-tez baş verir.
2. Məhkəməyə qədərki həbs qərarına məhkəmə tərəfindən baxılması
72. Barəsində həbs qətimkan tədbiri seçilmiş şəxs həbs tədbirinin tətbiqinə qarşı dərhal səlahiyyətli məhkəməyə şikayət etmək imkanına malikdir. Məhkəmə təqdim edilmiş şikayət barəsində üç gün ərzində qərar çıxarmalıdır (CPM, 152-ci maddənin 5-ci bəndi).
73. Cənab Assenov həbs edilən vaxt mövcud olan praktikaya əsasən, məhkəmə həbs qətimkan tədbirinə qarşı şikayətlərə tərəflərin iştirakı olmadan qapalı iclasda baxır. Şikayət rədd edildikdə məhkəmə tutulmuş şəxsə qəbul etdiyi qərar barədə məlumat vermir.
74. Ali Məhkəmənin Birinci Cinayət Bölməsi qərara alıb ki, belə şikayətlər barədə qərar çıxararkən məhkəmə tutulmuş şəxsə qarşı ittihamları təsdiq edən kifayət qədər sübutların olub-olmadığını araşdıra bilməz, o, yalnız həbs qərarının qanuniliyini yoxlamalıdır. Həbs qərarı yalnız o hallarda qanuni sayılır ki, on ilədək cəza təyin edilə bilən cinayətlərdə ittiham olunan təqsirləndirilən şəxsin qaçıb gizlənməsi və ya yeni cinayət törətməsi təhlükəsi mövcud olsun (268/95 saylı iş üzrə 24 saylı qərar).
75. 17 sentyabr 1992-ci il tarixli qərarında Ali Məhkəmənin Birinci Cinayət Bölməsi qərara alıb ki, həbs qətimkan tədbirinin tətbiqindən məhkəməyə yalnız bir dəfə şikayət edilə bilər. Yeni şikayətin verilməsi yalnız şəxs əvvəl azad edildikdə, sonra yenidən həbsə alındıqda mümkündür. Qalan bütün hallarda tutulmuş şəxs yalnız işin halları dəyişdikdə azad edilməsi üçün cinayət təqibi orqanlarına vəsatət verə bilər (754/92 saylı iş üzrə 94 saylı qərar).
76. Həbs qətimkan tədbirinin qanuniliyinin məhkəmə tərəfindən vaxtaşırı yoxlanması yalnız cinayət işi məhkəməyə verildikdən sonra mümkündür, bundan sonra məhkəmə təqsirləndirilən şəxsi azad edib-etməmək barədə qərar qəbul edə bilər.
Komissiyada icraat
77. Ərizəçilər 6 sentyabr 1993-cü ildə Komissiyaya müraciət etdilər. Onlar Konvensiyanın 3-cü maddəsinə, 6-cı maddəsinin 1-ci bəndinə və 13-cü maddəsinə istinad etməklə cənab Assenovun 1992-ci ilin sentyabrında polis tərəfindən pis rəftara məruz qalmasından və bu məsələ ilə bağlı səmərəli dövlətdaxili hüquqi müdafiə vasitəsinin olmamasından; 3-cü maddəyə və 5-ci maddənin 1, 3 və 4-cü bəndlərinə istinad etməklə 1995-ci ilin iyulundan bəri onun həbsdə olmasından; və 25-ci maddəyə istinad etməklə Komissiyaya verdikləri şikayət ərizəsi ilə bağlı prokurorluq orqanlarının gördüyü tədbirlərdən şikayət etdilər.
78. 27 iyun 1996-cı ildə Komissiya ərizəni (ərizə №24760/94) qəbul olunan elan etdi. 10 iyul 1997-ci il tarixli məruzəsində (maddə 31) Komissiya 1992-ci ilin sentyabr hadisələri ilə bağlı bu fikirləri vurğuladı ki, 3-cü maddə pozulmayıb (bir səsə qarşı on altı səslə), 13-cü maddə pozulub (yekdilliklə) və 6-cı maddə pozulub (yekdilliklə).
1995-ci ildən başlayaraq sonrakı hadisələrlə bağlı Komissiya belə bir yekdil rəyini vurğuladı ki, 5-ci maddənin 1-ci bəndi pozulmayıb və 3-cü maddə pozulmayıb, lakin 5-ci maddənin 3-cü və 4-cü bəndləri pozulub və Bolqarıstan 25-ci maddə üzrə öhdəliklərinə əməl etməyib.
Komissiyanın rəyinin tam mətni və məruzənin sonundakı qismən xüsusi rəyin tam mətni bu qərara əlavə qismində dərc olunur.
Məhkəməyə təqdim olunan yekun arqumentləri
79. Hökumət özünün yaddaş qeydində (memorandumunda), habelə şifahi dinləmədə Məhkəmədən xahiş etdi ki, ərizəçinin tələblərini rədd etsin.
Cənab Assenov Məhkəmədən xahiş etdi ki, 3, 5, 6 və 13-cü maddələrin pozulduğunu müəyyən etsin; həmçinin valideynləri də onunla birlikdə Məhkəmədən xahiş etdilər ki, Konvensiyanın 25-ci maddəsinin pozulduğunu müəyyən etsin; eləcə də hər üç ərizəçi 50-ci maddəyə əsasən əvəzin ədalətli ödənilməsini xahiş etdilər.
Hüquqi məsələlər
I. Ərizəçilər
80. Məhkəmədəki dinləmədə ərizəçilərin nümayəndəsi izah etdi ki, Komissiyadakı prosedurun məqsədləri üçün cənab Assenovun valideynləri onun şikayətlərinə qoşulmuşdular, onlar bunu yalnız ona görə etmişdilər ki, həmin vaxt o, yetkinlik yaşına çatmamışdı və Bolqarıstan hüququna əsasən, fəaliyyət qabiliyyətinə malik deyildi. Hal-hazırkı mövqe bundan ibarətdir ki, Konvensiyanın 25-ci maddəsi istisna olmaqla, valideynləri ilə birgə verdiyi bütün şikayətlər barəsində cənab Assenov yeganə ərizəçidir.
81. Buna görə də, 25-ci maddə üzrə şikayət istisna olmaqla, qalan bütün şikayətlərə Məhkəmə yalnız cənab Assenovun hüquqlarının pozulması ilə əlaqədar olan şikayətlər kimi baxacaqdır. 25-ci maddə üzrə şikayətə gəldikdə, o, cənab İvanovla xanım İvanovanın mövqeyini də araşdıracaqdır.
II. 19 sentyabr 1992-ci ildə və ondan sonra baş verən hadisələr
A. Hökumətin ilkin etirazları
1. Daxili hüquqi müdafiə vasitələrinin tükənməməsi barədə iddia
82. Hökumət iddia etdi ki, 19 sentyabr 1992-ci il hadisələri ilə bağlı cənab Assenovun 3-cü maddə üzrə şikayəti qəbul olunmayan elan edilməlidir, çünki Konvensiyanın 26-cı maddəsinə əsasən daxili hüquqi müdafiə vasitələri tükəndirilməyib; həmin maddədə deyilir:
«Komissiya yalnız hamının qəbul etdiyi beynəlxalq hüquq normalarına uyğun olaraq bütün daxili hüquqi müdafiə vasitələri tükəndikdən sonra... işi baxmaq üçün qəbul edə bilər».
Hökumətin bildirdiyinə görə, polis əməkdaşlarına qarşı cinayət təqibinin başlanması üçün müraciət etməkdən əlavə, ərizəçi Öhdəliklər və müqavilələr haqqında Qanunun 45-ci maddəsinə əsasən mülki prosesə, yaxud zərərə görə dövlətin məsuliyyəti haqqında Qanuna əsasən inzibati prosesə də başlaya bilərdi.
83. Məhkəmədəki dinləmədə ərizəçi bildirdi ki, Bolqarıstan hüququna əsasən formal olaraq mümkün olan hüquqi müdafiə vasitələrini işə salmaq üçün ondan daha hansı addımlar atılmasının gözlənildiyini təsəvvür etmək çətindir.
84. Ərizənin qəbul edilənliyi haqqında qərarında Komissiya xatırlatdı ki, mülki-hüquqi kompensasiya 3-cü maddənin pozuntusunun tam kompensasiyası sayıla bilməz. O, hesab etdi ki, ərizəçi polis əməkdaşlarına qarşı Daxili İşlər Nazirliyinin rayon idarəsinə (DİNRİ) və bütün səviyyələrdən olan prokurorluq orqanlarına şikayət etməklə cinayət prosesinə başlamaq üçün ondan gözlənilən hər addımı atmışdır, bununla da o, cinayət işinə başlamaq üçün ən çox səlahiyyətə malik olan dövlət orqanlarına öz şikayətlərini təqdim etmişdi.
85. Məhkəmə xatırladır ki, barəsində Konvensiyanın 26-cı maddəsində söhbət gedən daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi haqqında qayda beynəlxalq məhkəmə və ya arbitraj orqanında dövlətə qarşı iddia qaldırmağa cəhd edənlərin üzərinə vəzifə qoyur ki, əvvəlcə milli hüquq sisteminin təqdim etdiyi sözügedən müdafiə vasitələrindən istifadə etsinlər. Bu qaydaya riayət edilməsi üçün, mövcud və yetərli hüquqi müdafiə vasitələri, ərizəçinin fikrincə baş vermiş pozuntuların əvəzinin ödənilməsi məqsədilə, ərizəçi üçün əlçatan olmalıdır (bax: Aksoy Türkiyəyə qarşı məhkəmə üzrə 18 dekabr 1996-cı il tarixli qərara, Reports of Judgments and Decisions 1996‑VI, pp. 2275–76, §§ 51–52).
86. Məhkəmə xatırladır ki, Bolqarıstan hüququna əsasən, xidməti vəzifəsini icra edərkən dövlət nümayəndələri tərəfindən törədilməsi iddia edilən hüquq pozuntuları ilə bağlı şikayətçilər cinayət işinə başlamaq təşəbbüsü ilə çıxış edə bilməzlər (bax: yuxarıda 58-ci bəndə). O, qeyd edir ki, ərizəçilər bütün səviyyələrdən olan prokurorluq orqanlarına çoxsaylı şikayətlər verərək xahiş etmişdilər ki, polis tərəfindən pis rəftara məruz qalması barədə cənab Assenovun iddiaları ilə bağlı cinayət istintaqı aparılsın və cinayətdə iştirakı olan polislərə qarşı cinayət təqibinə başlanılsın (bax: yuxarıda 12-31-ci bəndlərə).
Məhkəmə hesab edir ki, cinayət mühakimə icraatı sistemi çərçivəsində onun üçün əlçatan olan bütün imkanları tükəndirdikdən sonra ərizəçidən tələb etmək olmaz ki, şikayətləri ilə bağlı cinayət təqibi həyata keçirilmədikdə, hüquqi müdafiə vasitəsi əldə etmək üçün başqa vasitəyə – zərərə görə mülki iddia qaldırmaq vasitəsinə əl atsın.
Beləliklə, buradan belə nəticə çıxır ki, Hökumətin ilkin etirazı rədd edilməlidir.
2. Prosesdən sui-istifadə edilməsi barədə iddia
87. Hökumət əlavə olaraq iddia etdi ki, ərizəçinin iddiaları əsaslandırılmayıb və Komissiyanı azdırmaq məqsədi daşıyır, bu isə şikayət vermək hüququndan sui-istifadə etməkdir. Buna görə də, ərizə Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən rədd edilməlidir; orada deyilir:
«Komissiya... onun fikrincə, bu Konvensiyanın qaydalarına uyğun gəlməyən, açıq-aşkar əsassız olan və ya şikayət təqdim etmək hüququndan sui-istifadəyə yol verilən istənilən şikayəti qəbul edilməyən hesab edir».
88. Ərizəçinin şikayətlərini araşdırdıqdan sonra Komissiya ərizənin qəbul edilənliyi haqqında qərarında belə bir fikir ifadə etdi ki, bu şikayətlərdə faktlarla və hüquqi məsələlərlə bağlı ciddi suallar meydana çıxır, bu isə işin mahiyyəti üzrə tam araşdırılmasını tələb edir.
89. Məhkəmə hesab edir ki, bu iş Komissiyaya təqdim edilərkən şikayət vermək hüququndan sui-istifadəyə yol verildiyini düşünmək üçün heç bir əsas yoxdur.
Buna görə də, o, Hökumətin bu ilkin etirazını rədd edir.
B. İşin mahiyyətinə aid məsələlər
1. Konvensiyanın 3-cü maddəsinin iddia edilən pozuntusu
90. Cənab Assenov iddia etdi ki, 19 sentyabr 1992-ci il hadisələri Konvensiyanın 3-cü maddəsinin pozulmasına səbəb olub; həmin maddədə deyilir:
«Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır».
O, iddia etdi ki, bu maddə iki ayrıca səbəbə görə pozulub. Birincisi, o, Məhkəmədən xahiş etdi ki, tibbi sübutları və şahid ifadələrini özü araşdırsın, onun iddia etdiyinə görə, onlar nümayiş etdirir ki, o, polis əməkdaşları tərəfindən qəddarcasına döyülüb.
İkincisi, o, Məhkəmədən bunu bəyan etməyi xahiş etdi ki (prosesdə iştirak edənlər də bu fikrə şərikdirlər – bax: yuxarıda 5-ci bəndə), işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza baş verdiyini düşünmək üçün tutarlı əsaslar olduqda səlahiyyətli dövlət hakimiyyəti orqanlarının vaxtında və qərəzsiz araşdırma aparmaması faktının özü 3-cü maddənin pozuntusunu təşkil edir.
91. Hökumət qeyd etdi ki, ərizəçinin tibbi arayışı etibarsızdır, çünki sözügedən hadisədən iki gün sonra tərtib edilib. Hər halda, arayışda təsvir edilən xəsarətlər və cənab Ivanov barəsində hər hansı arayışın olmaması atanın öz oğlunu nazik taxta çubuqla vurmasına dair şahidlərin izahatlarına uyğundur.
92. Komissiya ona təqdim edilən sübutları qiymətləndirərkən belə bir prinsipi nəzərə alır ki, fərd həbsxanada olduğu zaman pis rəftara məruz qalması nəticəsində xəsarət aldığını iddia edirsə, Hökumət həmin xəsarətlərin necə yetirildiyi barədə tam və qaneedici izahat vermək öhdəliyini daşıyır (bax: Ribiç Avstriyaya qarşı məhkəmə işi üzrə 4 dekabr 1995-ci il tarixli qərara. A seriyası, c. 336, s. 26, b. 34; və Aksoyun işi üzrə yuxarıda adı çəkilən qərara, s. 2278, b. 61). Eləcə də o, bununla razılaşır ki, polis əməkdaşları ilə cənab Ivanov arasında avtovağzalda münaqişə baş vermiş, sonuncu öz oğlunu şəxsən cəzalandıracağını nümayiş etdirmək üçün taxta çubuqla onu vurmuşdu, sonra isə hər iki ərizəçi təxminən iki saatlığa polis məntəqəsində həbsdə saxlanmışdı. Lakin bu hadisələrdən dörd il yarımdan artıq vaxt keçdikdən sonra və dövlət orqanları tərəfindən vaxtında və kifayət qədər müstəqil araşdırma aparılmadığına görə Komissiya hadisələrə dair hansı tərəfin versiyasının daha inandırıcı olduğunu müəyyən etmək iqtidarında deyildi. Buna görə də, o, 3-cü maddənin hər hansı pozuntusunu müəyyən etmədi.
93. 3-cü maddə, Məhkəmənin dəfələrlə qeyd etdiyi kimi, demokratik cəmiyyətin əsas dəyərlərindən birini mühafizə edir. Hətta mütəşəkkil terrorçuluğa və cinayətkarlığa qarşı mübarizə kimi xüsusilə mürəkkəb şəraitdə Konvensiya işgəncələri və ya qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarı və ya cəzanı qadağan edir. Konvensiyanın və 1 və 4 saylı Protokolların bir çox maddi hüquqi müddəalarından fərqli olaraq, 3-cü maddədə istisnalar nəzərdə tutulmur və onun qismən ləğv edilməsinə yol verilmir: 15-ci maddəyə əsasən, o, hətta millətin mövcudluğunu təhdid edən fövqəladə vəziyyət şəraitində qüvvəsini itirmir (bax: Aksoyun işi üzrə yuxarıda adı çəkilən qərara, s. 2278, b. 62).
94. Məhkəmə xatırladır ki, 3-cü maddənin əhatə dairəsinə düşmək üçün pis rəftar minimal qəddarlıq səviyyəsinə çatmalıdır. Bu minimum səviyyənin qiymətləndirilməsi nisbidir: o, işin bütün hallarından, məsələn həmin rəftarın davam etmə müddətindən, onun fiziki və (və ya) ruhi təsirlərindən, eləcə də bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır. Azadlıqdan məhrum edilmiş şəxs barəsində fiziki gücdən istifadə həmin şəxsin davranışından doğan zərurət deyilsə, insan ləyaqətini alçaldır və prinsipcə 3-cü maddədə əks olunmuş hüququnun pozulmasıdır (bax: Tekin Türkiyəyə qarşı məhkəmə işi üzrə 9 iyun 1998-ci il tarixli qərara Reports 1998-IV, p. 1517-18, §§ 52-53).
95. Məhkəmə hesab edir ki, cənab Assenovu müayinə etmiş həkimin müəyyən etdiyi göyərmə yerləri (bax: yuxarıda 11-ci bəndə) göstərir ki, onun aldığı xəsarətlər, atası və ya polis tərəfindən yetirilməsindən asılı olmayaraq, 3-cü maddənin əhatə dairəsinə düşən qəddar rəftara bərabər sayıla bilən kifayət qədər ciddi xəsarətlər idi (misal üçün bax: A Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə 23 sentyabr 1998-ci il tarixli qərara Reports 1998-VI, p. 2699, §§ 21; və Ribiçin işi üzrə yuxarıda adı çəkilən qərara, s. 9 və 26, b. 13 və 39). İndi təkcə onu nəzərdən keçirmək qalır ki, bu xəsarətlərlə bağlı dövlət 3-cü maddə üzrə məsuliyyət daşıyırmı?
a) Polis tərəfindən törədilən pis rəftar barədə iddia
96. Məhkəmə xatırladır ki, Komissiya əlində olan sübutlar əsasında ərizəçiyə xəsarətlərin necə yetirildiyini müəyyən etmək iqtidarında deyildi (bax: yuxarıda 92-ci bəndə).
97. Məhkəmə qeyd edir ki, cənab Assenovun polis təcridxanasından buraxılmasından iki gün sonra onu müayinə etmiş həkimin müəyyən etdiyinə görə, onun bədənindəki xəsarətlər göstərir ki, o, bərk əşya ilə döyülüb (bax: yuxarıda 26-cı bəndə). Ərizəçi iddia etdi ki, bu xəsarətlər onu dəyənəklə vuran polis əməkdaşları tərəfindən yetirilib.
98. Məhkəmə hesab edir ki, 19 sentyabr 1992-ci ildə ərizəçinin hansısa səbəb üzündən zorakılıq qurbanı olması şübhə doğurmadığına görə və həmin tarixlə onun tibbi müayinəsi arasında keçən müddətdə nəyinsə baş verdiyini güman etməyə əsas olmadığına görə, belə ehtimal etmək doğru olar ki, bədəndəki yuxarıda qeyd olunan göyərmə yerləri ərizəçinin həbsi üzündən baş verib.
99. Məhkəmə daha sonra qeyd edir ki, həbsi həyata keçirmiş polis əməkdaşı şahid qismində verdiyi ifadədə təsdiq edib ki, cənab İvanovun öz oğlunun arxa hissəsinə nazik taxta çubuqla iki və ya üç dəfə vurduğunu görüb (bax: yuxarıda 14-cü bəndə). Ərizəçilər inkar etmirlər ki, cənab İvanov cənab Assenovu məhz bu qaydada vurub, lakin inkar edirlər ki, zərbələr tibbi rəydə təsvir edilən göyərmə yerlərinə səbəb ola biləcək dərəcədə güclü və ya çoxsaylı olub. Xanım İvanovanın 2 oktyabr 1992-ci il tarixli şikayətindən sonra DINRI-nin nümayəndəsi ərizəçiləri dindirib və həbsi həyata keçirmiş polis əməkdaşından yuxarıda qeyd olunan yazılı ifadəni alıb, habelə həbsin həyata keçirilməsində iştirak etmiş digər iki polis əməkdaşından da ifadələr alıb, cənab Ivanov cənab Assenovu vurarkən sonuncuların heç biri orada yox idi (yenə orada). DINRI-dən olan müstəntiqin həmin vaxt təmasda olduğu yeganə müstəqil şahid avtovağzalda hər hansı münaqişə olduğunu xatırlamırdı (bax: yuxarıda 15-ci bəndə).
1993-cü ilin iyulunda ərizəçilərin xəbəri olmadan hadisələr zamanı avtovağzalın yanından keçən iki nəfər digər şahiddən ifadələr alındı. Onlardan biri sözügedən hadisələri dumanlı şəkildə xatırlayırdı. Avtobus sürücüsü olan digəri isə xatırlayırdı ki, cənab Ivanovu çubuqla öz oğlunu vurduğu zaman görüb, lakin o, dəqiqləşdirə bilmədi ki, bu zərbələr nə qədər davam edib və nə dərəcədə şiddətli olub (bax: yuxarıda 28-ci bəndə).
Ərizəçilər istisna olmaqla, şahidlərdən heç biri söyləmədi ki, cənab Assenov polis əməkdaşları tərəfindən döyülüb.
100. Məhkəmə də Komissiya kimi (bax: yuxarıda 92-ci bəndə) hesab edir ki, əldə olan sübutlar əsasında müəyyən etmək mümkün deyil ki, ərizəçinin aldığı xəsarətlər doğrudanmı polis əməkdaşları tərəfindən yetirilib?
b) Qaneedici araşdırmanın aparılması
101. Hər halda Məhkəmə hesab edir ki, tibbi sübutlar; cənab Assenovun ifadəsi; polis məntəqəsində onun iki saat həbsdə qalması faktı; və cənab Ivanovun öz oğlunu tibbi rəydə qeyd olunan xəsarətləri yetirəcək dərəcədə şiddətlə vurması barədə hər hansı şahid ifadəsinin olmaması – bütün bunlar birlikdə bu xəsarətlərin polislər tərəfindən yetirildiyinə dair əsaslı şübhə yaradır.
102. Belə olan halda Məhkəmə hesab edir ki, fərd polis və ya digər dövlət nümayəndələri tərəfindən qanunsuz şəkildə və 3-cü maddə pozulmaqla ciddi dərəcədə pis rəftara məruz qalması barədə əsaslı iddia irəli sürdükdə, bu norma (3-cü maddə – tərc.) Konvensiyanın 1-ci maddəsi üzrə dövlətin ümumi öhdəliyi ilə, yəni «yurisdiksiyasında olan hər kəs üçün [bu] Konvensiyanın 1-ci bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək» öhdəliyi ilə birgə götürülməklə, dolayısı ilə tələb edir ki, səmərəli rəsmi araşdırma aparılsın. Bu araşdırma, 2-ci maddədə olduğu kimi, məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi və cəzalandırılması ilə nəticələnmək iqtidarında olmalıdır (Konvensiyanın 2-ci maddəsi ilə bağlı bax: Makkann və başqaları Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə 27 sentyabr 1995-ci il tarixli qərara, A seriyası, c. 324, s. 49, b. 161; Kaya Türkiyəyə qarşı məhkəmə işi üzrə 19 fevral 1998-ci il tarixli qərara, Reports 1998-I, p. 324, § 86; və Yaşa Türkiyəyə qarşı məhkəmə işi üzrə 2 sentyabr 1998-ci il tarixli qərara, Reports 1998-VI, p. 2438, § 98). Belə olmadıqda, işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və cəzaya qoyulan ümumi hüquqi qadağanın olduqca mühüm olmasına baxmayaraq (bax: yuxarıda 93-cü bəndə), həmin qadağa praktikada səmərəsiz ola bilər və dövlət nümayəndələri faktiki olaraq cəzalandırılmadan nəzarətləri altında olan şəxsləri bir sıra hallarda pis rəftara məruz qoya bilərlər.
103. Məhkəmə qeyd edir ki, xanım İvanovanın şikayətindən sonra dövlət orqanları ərizəçinin iddiaları ilə bağlı müəyyən araşdırma apardılar. Lakin Məhkəmə əmin deyil ki, bu araşdırma 3-cü maddənin yuxarıda qeyd edilən tələblərinə cavab vermək baxımından kifayət qədər hərtərəfli və səmərəli idi. Bu məsələ ilə bağlı o, bunu xüsusilə qeyri-məqbul hesab edir ki, DİNRİ-nin müstəntiqi cənab Assenovun xəsarətlərinin atası tərəfindən yetirildiyi barədə nəticə çıxarmağa hazır idi (bax: yuxarıda 16-cı bəndə), halbuki sonuncunun öz oğlunu tibbi arayışda təsvir edilən xəsarətləri yetirə biləcək dərəcədə şiddətlə vurmasına dair heç bir sübut yox idi. Baxmayaraq ki, bu hadisə avtovağzalda ictimaiyyətin gözü qarşısında baş vermişdi və məsələyə aidiyyəti olan polis əməkdaşlarının ifadələrinə əsasən, təxminən on beş-iyirmi nəfər qaraçı və iyirmi nəfər avtobus sürücüsü bunu görmüşdü, hadisə yaddan çıxmamış bu şahidlərlə əlaqə yaradıb hadisənin birbaşa nəticələrinə dair onları dindirmək yolu ilə həqiqəti müəyyən etmək üçün, görünür, heç bir cəhd göstərilməmişdi. Bunun əvəzində, həmin vaxt yalnız bir müstəqil şahiddən ifadə alındı, o isə sözügedən hadisələri xatırlaya bilmədi (bax: yuxarıda 99-cu bəndə).
104. Vilayət hərbi prokurorluğu (VHP) tərəfindən aparılmış ibtidai istintaq, eləcə də baş hərbi prokurorluq (BHP) tərəfindən aparılmış ibtidai istintaq daha da ötəri idi. Məhkəmə bunu xüsusilə təəccüblü hesab edir ki, cənab Assenovun polislərə tabe olmamasına dair hər hansı sübut olmasa da və iddia edilən tabesizliyin nədən ibarət olması barədə heç bir izahat verilməsə də, BHP belə nəticəyə gəlmişdi ki, «hətta yeniyetmənin bədənində zərbə yerləri olsa belə, onlar polisin əmrlərinə tabe olmamaq nəticəsində baş verib» (bax: yuxarıda 26-cı bəndə). Bu cür ehtimalın irəli sürülməsi 3-cü maddə ilə təmin olunan belə bir prinsipə ziddir ki, azadlıqdan məhrum edilmiş şəxs barəsində fiziki gücdən istifadə həmin şəxsin davranışından doğan zərurət deyilsə, insan ləyaqətini alçaldır və prinsipcə 3-cü maddədə əks olunmuş hüququnun pozulmasıdır (bax: yuxarıda 94-cü bəndə).
105. Məhkəmə qeyd edir ki, 1993-cü ilin iyulunda BHP qərara almışdı ki, polisin iddia edilən hüquqa zidd davranışı ilə bağlı müstəqil şahidlərdən ifadələr almaq lazımdır (bax: yuxarıda 27-ci bəndə). Lakin iki əlavə şahidin dindirilməsi (özü də onlardan biri sözügedən hadisələri yalnız dumanlı şəkildə xatırlayırdı) bu nöqteyi-nəzərdən araşdırmada olan qüsurları düzəltmək üçün kifayət deyildi.
105. Bu ümumi məlumatların fonunda, habelə polis əməkdaşları tərəfindən döyülməsinə dair ərizəçinin əsaslı iddiası ilə bağlı hərtərəfli və səmərəli araşdırma aparılmadığını nəzərə alaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verib.
2. Konvensiyanın 6-cı maddəsinin iddia edilən pozuntusu
106. Cənab Assenov iddia etdi ki, o, məhkəməyə səmərəli şəkildə müraciət etmək imkanına malik olmayıb, bu isə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusudur; orada deyilir:
«Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən... qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir».
107. Ərizəçi bildirdi ki, ona qarşı pis rəftar etmiş polis əməkdaşlarına qarşı cinayət işinə başlamamaq barədə prokurorluq orqanlarının qərarı son nəticədə həmin hadisənin vurduğu ziyanın kompensasiyası üçün mülki iddia qaldırmaq məqsədi ilə məhkəməyə müraciət etmək hüququndan onu məhrum edib. Belə ki, cinayət prosesi başlanmadığı üçün o, kompensasiya tələb etmək məqsədi ilə bu prosesə mülki tərəf qismində qatılmaq imkanına malik olmayıb (bax: yuxarıda 59-cu bəndə). Bundan başqa, o, mülki məhkəmələrdə ziyanla bağlı iddia qaldırmağın nəzəri cəhətdən mümkün olması ilə razılaşsa da, təkidlə bildirdi ki, sözügedən ziyan onun iddia etdiyi cinayət hərəkəti nəticəsində vurulduğuna görə, Mülki Prosessual Məcəllənin 182(d) maddəsinə əsasən, cinayət məsuliyyəti məsələsi həll edilənə qədər mülki məhkəmə bu cür işlər üzrə icraatı dayandırmağa borclu idi (bax: yuxarıda 61-62-ci bəndlərə). Bolqarıstanın cinayət prosesinə xas olan ləngitmə ehtimalını nəzərə alsaq, icraat faktiki olaraq qeyri-müəyyən müddətə dayandırıla bilərdi.
108. Komissiya Hökumətin də şərik çıxdığı belə bir fikri qeyd etdi ki (həmçinin bax: yuxarıda 82-ci bəndə), Öhdəliklər və müqavilələr haqqında Qanun və zərərə görə dövlətin məsuliyyəti haqqında Qanun polis əməkdaşlarının iddia edilən qəddar hərəkətləri ilə bağlı mülki məhkəmələrdə ziyanın əvəzinin ödənilməsi barədə mülki iddia qaldırılmasını nəzərdə tutur. Ərizəçi bu cür mülki iddia qaldırmış olsaydı, mülki məhkəmə öncə cinayət məsuliyyəti məsələsini müəyyən etmədən əlində olan sübutlar əsasında həmin iddianı araşdıra bilərdi. Bolqarıstanın presedent hüququna əsasən, mülki məhkəmə Mülki Prosessual Məcəllənin 182(d) maddəsinə əsasən başlanmış icraatı yalnız yeni «cinayət elementlərini», məsələn, prokurorluq orqanlarına öncə məlum olmayan faktları aşkar etdikdə dayandırır. Komissiya hesab etmədi ki, ərizəçilərin işində bu prosedur məhkəməyə müraciət etmək hüququnun mahiyyətinə xələl gətirə bilərdi.
109. Məhkəmə qeyd edir ki, tərəflərin heç biri buna etiraz etməyib ki, ərizəçinin qaldırdığı, polis tərəfindən törədilməsi güman edilən pis rəftara dair iddianın «mülki hüquqların müəyyən edilməsinə» aidiyyəti ola bilərdi. O, razılaşır ki, bu mənada 6-cı maddənin 1-ci bəndini tətbiq etmək mümkündür.
110. Bundan əlavə Məhkəmənin qeyd etdiyinə görə, ərizəçi inkar etmir ki, həm öhdəliklər və müqavilələr haqqında Qanun, həm də zərərə görə dövlətin məsuliyyəti haqqında Qanun onun mülki məhkəmələrdə iddia qaldırmasına əsas verir. Lakin o, bildirir ki, hər hansı belə iddia üzrə icraat Mülki Prosessual Məcəllənin 182(d) maddəsinə əsasən dayandırıla bilər.
111. Məhkəmə Bolqarıstanın presedent hüququnu nəzərə alaraq (tərəflər həmin presedent hüququnun nümunələrini ona təqdim ediblər – bax: yuxarıda 62-ci bəndə), qeyd edir ki, Ali Məhkəmə maşın qəzasına aid işdə qərara alıb ki, mülki məhkəmə cinayət istintaqının dayandırılması haqqında prokurorluq orqanlarının qərarından asılı deyil. Ərizəçi iddia etdi ki, bu qayda onun işinə tətbiq edilməyəcəkdi, çünki maşını ehtiyatsız idarə etməyə nisbətən burada daha ciddi cinayət hərəkətləri barədə iddia vardı. Lakin bu, sırf ehtimal xarakterli məsələdir, çünki cənab Assenov mülki prosesə başlamaq üçün cəhd etməmişdi. Belə olan halda, demək olmaz ki, onun məhkəməyə müraciət etmək imkanı olmayıb və ya o, özünün mülki hüquqlarının müəyyən edilməsi üçün ədalətli məhkəmə araşdırması imkanından məhrum edilib.
112. Buradan belə nəticə çıxır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu baş verməyib.
3. Konvensiyanın 13-cü maddəsinin iddia edilən pozuntusu
113. Ərizəçi həmçinin iddia etdi ki, Konvensiya üzrə şikayətləri ilə bağlı səmərəli hüquqi müdafiə vasitəsindən məhrum edilib, bu isə 13-cü maddənin pozuntusudur; orada deyilir:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir».
114. O, bildirdi ki, 3-cü maddəni pozan pis rəftar halları baş verdikdə, dövlət orqanları 13-cü maddəyə əsasən vaxtında və qərəzsiz araşdırma aparmaq öhdəliyini daşıyırlar.
115. Hökumət bildirdi ki, polislərin ərizəçiyə qarşı iddia edilən pis rəftarı ilə bağlı ərizəçinin sərəncamında səmərəli hüquqi müdafiə vasitələri olub. Bunun belə bir fakt da nümayiş etdirir ki, Komissiyaya ərizə verməzdən qabaq o, Şumen vilayət daxili işlər idarəsinə, Varna VHP-yə və Sofiya BHP-yə şikayət ərizələri vermişdi. Cinayət təqibi orqanları sübutları araşdıraraq qərara aldılar ki, onlar cinayət prosesinə başlamaq kifayət deyil. Bununla bağlı qeyd etmək lazımdır ki, ərizəçi öz iddialarını əsaslandırmamışdı və ya araşdırmaya kömək edə biləcək şahidləri müəyyən etməmişdi.
116. Komissiya hesab etdi ki, polislər tərəfindən pis rəftara məruz qalması barədə ərizəçinin iddiası əsaslı iddia idi. Rəsmi araşdırma 13-cü maddənin tələblərinə cavab vermək baxımından kifayət qədər hərtərəfli və müstəqil deyildi.
117. Məhkəmə xatırladır ki, 13-cü maddə Konvensiyada yer alan hüquq və azadlıqları müdafiə edən vasitələrin milli hüquqda mövcud olmasına təminat verir. Buna görə də, elə hüquqi vasitənin mövcudluğu tələb olunur ki, Konvensiyaya əsaslanan şikayətin məzmununun səlahiyyətli milli orqan tərəfindən aydınlaşdırılmasına və müvafiq əvəz ödənişinin təklif edilməsinə imkan versin, hərçənd ki, iştirakçı dövlətlər 13-cü maddə üzrə öhdəliklərinin icrasında müəyyən hərəkət azadlığına malikdirlər.
13-cü maddə üzrə öhdəliyin hüdudları, ərizəçinin Konvensiyaya əsaslanan şikayətinin xarakterindən asılı olaraq, müxtəlifdir. Fərd 3-cü maddəyə zidd olan pis rəftara məruz qaldığını iddia etdiyi hallarda, «səmərəli hüquqi müdafiə vasitəsi» anlayışı 3-cü maddənin tələb etdiyi şəkildə hərtərəfli və səmərəli araşdırma aparmaq öhdəliyindən əlavə (bax: yuxarıda 102-ci bəndə), həm də tələb edir ki, şikayətçi araşdırma prosedurunda səmərəli şəkildə iştirak etmək imkanına malik olsun və müvafiq hallarda ona kompensasiya ödənilsin (bax: Aksoyun işi üzrə yuxarıda adı çəkilən qərara, s. 2286 və 2287, b. 95 və 98).
118. Məhkəmə yuxarıda gəldiyi belə bir nəticəni qeyd edir ki, dövlət nümayəndələri tərəfindən pis rəftara məruz qalmasına dair cənab Assenovun iddiası əsaslı iddia idi və bu iddia ilə bağlı dövlətdaxili araşdırma kifayət qədər hərtərəfli və səmərəli deyildi.
Məhkəmənin gəldiyi bu nəticələrdən belə çıxır ki, Konvensiyanın 13-cü maddəsi də pozulub.
III. 1995-ci ilin iyulunda və ondan sonra baş verən hadisələr
1. Hökumətin ilkin etirazları
1. Daxili hüquqi müdafiə vasitələrinin tükənməməsi barədə iddia
119. Hökumət bildirdi ki, 19 sentyabr 1992-ci il hadisələri ilə bağlı cənab Assenovun 3-cü maddə üzrə şikayəti Konvensiyanın 26-cı maddəsinə əsasən qəbul olunmayan elan edilməlidir (bax: yuxarıda 82-ci bəndə), çünki ərizəçiyə qarşı cinayət prosesi hələ başa çatmamışdı. Bundan başqa, ərizəçi onun azadlığa buraxılmaq barədə vəsatətini rədd edən 8 dekabr 1995-ci il tarixli qərardan baş prokurora apelyasiya şikayəti verməmişdi (bax: yuxarıda 40-cı bəndə.
120. Ərizənin qəbul edilənliyi haqqında qərarında Komissiya müəyyən etdi ki, ərizəçi 5-ci maddə üzrə şikayətləri ilə bağlı mümkün olan bütün hüquqi müdafiə vasitələrindən istifadə edib.
121. Məhkəmə qeyd edir ki, cənab Assenovun bu başlıqla (daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi başlığı ilə – tərc.) bağlı şikayətləri 1995-ci ilin iyulundan başlayaraq həbsdə qalmasının müxtəlif aspektlərinə aiddir. Buna görə də, ərizəçi Komissiyaya ərizə təqdim edən zaman ona qarşı cinayət təqibinin hələ də davam etməsi əhəmiyyət daşımır, çünki bu cinayət prosesi ərizəçinin öncəki həbsinin iddia edilən qanunsuzluğu ilə bağlı hər hansı hüquqi müdafiə vasitəsi ilə ərizəçini təmin etməyib.
122. Bundan əlavə, Məhkəmə qeyd edir ki, cənab Assenov və onun adından valideynləri ərizəçinin azadlığa buraxılması üçün prokurorluq orqanlarına və Şumen rayon məhkəməsinə çoxsaylı vəsatətlər vermişdilər. Belə olan halda Məhkəmə hesab edir ki, ərizəçi Konvensiyanın 26-cı maddəsinin tələblərini yerinə yetirib (bax: yuxarıda 85-ci bəndə).
Buradan belə nəticə çıxır ki, Hökumətin ilkin etirazı rədd edilməlidir.
2. Prosesdən sui-istifadə edilməsi barədə iddia
123. Hökumət daha sonra iddia etdi ki, 1995-ci iyulunda və ondan sonra baş verən hadisələrə aid ərizəçinin iddiaları Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən qəbul olunmayan elan edilməlidir (bax: yuxarıda 87-ci bəndə), çünki onlar Komissiyaya verilmiş ilkin ərizənin tərkib hissəsini təşkil etmir və ilkin olaraq barəsində şikayət verilmiş məsələlərlə onların arasında səbəbli əlaqə yoxdur.
124. Məhkəmədəki dinləmədə Komissiyanın nümayəndəsi qeyd etdi ki, Hökumət ərizənin qəbul edilənliyi mərhələsində ərizəçinin ayrı-ayrı şikayətləri arasında guya əlaqənin olmaması ilə bağlı heç bir etiraz bildirməyib, o, həmçinin qeyd etdi ki, buna görə də, Hökumət Məhkəmədə bu etirazı irəli sürmək hüququnu itirib. Nümayəndə bildirdi ki, istənilən halda ərizəçilər Konvensiyada nəzərdə tutulan hüquqlarının hər hansı pozuntusu ilə bağlı şikayət etmək hüququna malik idilər; şikayətlərin birlikdə və ya ayrılıqda araşdırılması sadəcə prosedur məsələsidir.
125. Məhkəmə razılaşır ki, Hökumət prosesdən sui-istifadə edilməsi barədə ilkin etirazını Komissiyada irəli sürmədiyinə görə Məhkəmədə bu etirazı irəli sürmək hüququnu itirib (digər qərarlarla yanaşı bax: Loizidu Türkiyəyə qarşı məhkəmə işi üzrə 23 mart 1995-ci il tarixli qərara (ilkin etirazlar), A seriyası, c. 310, s. 19, b. 44).
126. Hökumət həmçinin iddia etdi ki, Konvensiyanın 25-ci maddəsi üzrə ərizəçinin fərdi şikayət vermək hüququna guya Hökumətin hörmət etməməsi ilə bağlı iddialar əsaslandırılmayıb və bu səbəbdən, açıq-aşkar əsassızdır.
127. Məhkəmə hesab edir ki, sözügedən şikayətlə bağlı prosesdən sui-istifadə edilməsinə dair heç bir sübut yoxdur.
Buna görə də, o, Hökumətin ilkin etirazını rədd edir.
B. İşin mahiyyətinə aid məsələlər
1. Konvensiyanın 3-cü maddəsinin iddia edilən pozuntusu
128. 5-ci maddənin 1-ci bəndi üzrə şikayətinin kontekstində (bax: aşağıda 137-ci bəndə) ərizəçi Şumen polis bölməsində həbsdə saxlanma şəraitindən şikayət etdi. O, iddia etdi ki, iki nəfərdən dörd nəfərədək yetkin yaşlı məhbusla bir kamerada olub, sahəsi 3x1,8 m olan kamera birinci mərtəbədən də aşağıda (zirzəmidə) olub, orada yalnız bir çarpayı olub, hava və işıq oraya çox məhdud miqdarda daxil olub. O, bildirdi ki, yalnız gündə iki dəfə tualetə gedərkən yarım saatlığa kameranı tərk etməsinə icazə verilib.
129. Hökumət iddia etdi ki, cənab Assenovun Şumendə həbsdə saxlandığı kameranın sahəsi 4,6x3,5 m idi və onun kamerasında yalnız bir məhbus vardı.
130. Komissiya hesab etdi ki, həbsxana şəraiti ilə bağlı ərizəçinin iddiaları 5-ci maddə üzrə irəli sürülsə də, 3-cü maddə ilə əlaqədar olaraq araşdırılmalıdır. O, bütün faktları qiymətləndirərək müəyyən etdi ki, pis rəftar 3-cü maddənin pozulması üçün tələb olunan qəddarlıq dərəcəsinə çatmayıb.
131. Məhkəmə qeyd edir ki, ərizəçi 1995-ci ilin iyulunda həbs edildikdən sonra həbsdə saxlandığı şəraitlə bağlı Konvensiyanın 3-cü maddəsi üzrə aydın şəkildə hər hansı şikayət irəli sürməyib (bax: yuxarıda 90-cı bəndə). Lakin o, həbsinin qanunsuzluğu ilə bağlı 5-ci maddənin 1-ci bəndi üzrə şikayətinin kontekstində həbsxana şəraiti barədə müəyyən iddialar irəli sürüb.
132. Məhkəmə xatırladır ki, Komissiya tərəfindən qəbul olunan elan edilmiş iş üzrə faktların hüquqi xarakteristikasını müəyyən etmək onun (Məhkəmənin) ixtiyarındadır (bax: Gerra (Guerra) və başqaları İtaliyaya qarşı məhkəmə işi üzrə 19 fevral 1998-ci il tarixli qərara, Reports 1998-I, p. 242, § 44). Buradan belə nəticə çıxır ki, o, həbsxana şəraiti ilə bağlı ərizəçinin iddialarını pis rəftara qarşı 3-cü maddədə nəzərdə tutulan təminatların əhatə dairəsində nəzərdən keçirmək səlahiyyətinə malikdir.
133. Məhkəmə qeyd edir ki, o vaxt 17 yaşında olan cənab Assenov ümumilikdə təxminən on bir ay ərzində Şumen polis bölməsində ibtidai həbsdə saxlanmışdı. O, həmçinin qeyd edir ki, orada onun dəqiq həbsxana şəraiti, xüsusən onun saxlandığı kameranın ölçüləri və onunla bir yerdə qalan məhbusların sayı ərizəçi ilə Hökumət arasında mübahisə predmetidir və Komissiya bu faktların təfsilatları barədə hər hansı nəticəyə gəlməyib.
134. Məhkəmə narahatlıqla qeyd edir ki, hələ yetkinlik yaşına çatmadığı zaman ərizəçi təxminən on bir ay ərzində, baş prokurorluğun fikrincə, onun fiziki və ruhi inkişafına zərərli təsir göstərə bilən şəraitdə saxlanmışdı. Bundan başqa, diqqət yetirməyə dəyər ki, hətta onu başqa yerə köçürmək barədə qərardan sonra da cənab Assenovun Boyçinovtsiyə – yetkinlik yaşına çatmayanlar üçün həbsxanaya köçürülməsinə qədər üç ay yarım vaxt keçmişdi (bax: yuxarıda 40-cı bəndə).
135. Lakin sözügedən şəraitin 3-cü maddənin pozulduğunu müəyyən etmək üçün tələb olunan səviyyəyə çatacaq qədər qəddar olub-olmadığını qiymətləndirmək Məhkəmənin vəzifəsidir (bax: yuxarıda 94-cü bəndə). Bunu edərkən Məhkəmə işin bütün hallarını, məsələn, kameranın ölçüsünü və orada çoxlu adamın olub-olmadığını, sanitariya şəraitini, sağlamlıq və fiziki hərəkətlər üçün şəraiti, tibbi müalicə və məhbusların sağlamlıq durumuna nəzarət məsələlərini nəzərə almalıdır.
136. Tərəflərin irəli sürdüyü iddialardan başqa, Məhkəməyə ərizəçinin həbsxana şəraitinə dair hər hansı obyektiv sübutlar təqdim olunmayıb. Məhkəmə qeyd edir ki, Komissiya ümumi qiymətləndirməni həyata keçirib və bu nəticəyə gəlməyib ki, ərizəçi 3-cü maddəni pozacaq dərəcədə qəddar həbsxana şəraitində saxlanılıb. Daha sonra Məhkəmə qeyd edir ki, sözügedən müddətdə ərizəçi barədə 21 avqust 1995-ci ildə, ərizəçi təxminən bir ay həbsdə qaldıqdan sonra verilmiş yeganə tibbi rəydə belə nəticə çıxarılmışdı ki, o, sağlamdır və bu məsələ barədə onun valideynlərinin narahatlığına baxmayaraq, ərizəçinin həbsdə qaldığı müddətdə onda ürək çatışmazlığı olduğunu düşünmək üçün heç bir əsas yoxdur (bax: yuxarıda 37-ci bəndə).
Belə olan halda, Məhkəmə hesab etmir ki, cənab Assenovun həbsxana şəraiti Konvensiyanın 3-cü maddəsini pozacaq dərəcədə qəddar olub.
2. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin iddia edilən pozuntusu
137. Cənab Assenov iddia etdi ki, onun həbsi qanunsuz və Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə zidd olub; həmin bəndin bu məsələyə aid olan hissəsində deyilir:
«Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:
...
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törədildikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
...»
Ərizəçi bunu şübhə altına almadı ki, öncə onun həbs edilməsinin məqsədi 5-ci maddənin 1(c) bəndinə uyğun olaraq onu məhkəmə qarşısına çıxarmaqdan ibarət idi. Lakin o, qeyd etdi ki, onun tərəfindən törədilməsi iddia edilən cinayətlərin istintaqı 1995-ci ilin sentyabrında başa çatmışdı və iddia etdi ki, bundan sonra onun ibtidai həbsdə qalması təqsirsizlik prezumpsiyasına zidd olan cəza forması idi. Bundan başqa, o, Məhkəməyə xatırlatdı ki, Bolqarıstan hüququna görə yetkinlik yaşına çatmayan şəxs yalnız müstəsna hallarda həbs edilər bilər (bax: yuxarıda 69-cu bəndə).
138. Komissiya qeyd etdi ki, CPM-in 222-ci maddəsində müddətlər barədə yer alan normalar ibtidai istintaqın müddətinə məhdudiyyətlər qoysa da, ibtidai həbsin müddətinə məhdudiyyət qoymur (bax: yuxarıda 70-ci bəndə). 222-ci maddə tələb edir ki, istintaq müddəti uzadıldıqda ibtidai həbsin davam etməsi təsdiq edilməlidir. Hər halda ərizəçinin həbsdə saxlanmasının davam etməsi məsələsində bu tələbə riayət edilmişdi, çünki həbsdə saxlanmanın davam etməsi 19 sentyabr 1995-ci ildə rayon məhkəməsi tərəfindən və 1995-ci ilin oktyabrından 1996-cı ilin oktyabrınadək prokurorluq orqanlarının bir neçə qərarı ilə təsdiq edilmişdi. Buna görə də, Bolqarıstan hüququna əsasən belə məlum olur ki, həbs qanunsuz deyildi, yaxud hər hansı əsasa görə 5-ci maddənin 1-ci bəndinin pozuntusu baş verməmişdi.
139. Məhkəmə xatırladır ki, 5-ci maddənin 1-ci bəndindəki «qanunla müəyyən olunmuş hallar və qayda» ifadəsi mahiyyət etibarı ilə milli hüquqa istinad edildiyini bildirir və oradakı maddi və prosessual normalara riayət etmək öhdəliyini bəyan edir, lakin bundan əlavə, bu ifadə həm də tələb edir ki, azadlıqdan məhrum etmə 5-ci maddənin məqsədinə uyğun olmalıdır, həmin məqsəd isə insanların qanunsuz olaraq azadlıqdan məhrum edilməsinin qarşısını almaqdan ibarətdir (misal üçün bax: Erkalo (Erkalo) Niderlanda qarşı məhkəmə işi üzrə 2 sentyabr 1998-ci il tarixli qərara, Reports 1998-VI, p. 2477, § 52).
140. Bu işdə Məhkəmə də Komissiya kimi hesab edir ki, ərizəçinin həbsdə saxlanmasının Bolqarıstan hüququna əsasən qanunsuz olmasına dair heç bir sübut yoxdur. Üstəlik, açıq-aydındır ki, cənab Assenov cinayət törədilməsində əsaslı şübhə olduğuna görə həbs edilib və 5-ci maddənin 1(c) bəndi ilə buna yol verilir.
141. Buna görə də, yekun olaraq Məhkəmə belə hesab edir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozuntusu baş verməyib.
3. Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin iddia edilən pozuntusu
142. Təxminən iki il ibtidai həbsdə olmuş cənab Assenov Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi üzrə hüquqlarının pozulmasından şikayətləndi; həmin bənddə deyilir:
«Bu maddənin I bəndinin «c» alt bəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəmədə iştirak etmə təminatlarının təqdim edilməsilə şərtləndirilə bilər».
143. Yuxarıda qeyd edildiyi kimi, ərizəçi həbsdə saxlanmasının ən azı ilkin dövrlərdə 5-ci maddənin 1(c) bəndinin əhatə dairəsinə düşdüyünü şübhə altına almayıb. Buradan belə nəticə çıxır ki, 5-ci maddənin 3-cü bəndi bu hala tətbiq edilə bilər.
Məhkəmə öncə bunu araşdıracaqdır ki, cənab Assenov «dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilibmi»? İkincisi, o, araşdıracaqdır ki, «ağlabatan müddət ərzində məhkəmə araşdırması» həyata keçirilibmi, o cümlədən məhkəmə araşdırması davam etdiyi müddətdə o, azadlığa buraxılmalı idimi?
a) dərhal hakimin və ya digər «vəzifəli şəxsin» yanına gətirilmək hüququ
144. Hökumət bildirdi ki, azadlığa buraxılması barədə cənab Assenovun vəsatətlərinə baxmış müxtəlif prokurorlar 5-ci maddənin 3-cü bəndinin mənası baxımından «qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxslərdir», çünki Bolqarıstan hüququna görə, prokuror tam müstəqildir, ictimai maraqları müdafiə etmək vəzifəsini daşıyır və cinayət prosesində ortaya çıxan bir sıra məsələlərə dair, o cümlədən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməməsinə dair qərarlar qəbul etmək səlahiyyətinə malikdir.
145. Komissiya (ərizəçi də onunla razılaşdı) qeyd etdi ki, Bolqarıstan hüququna görə müstəntiqlər institusional müstəqilliyə malik olsalar da, təcrübədə onlar istintaqın aparılmasına aid hər bir məsələdə, o cümlədən şübhəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsində prokurorların nəzarətinə məruz qalırlar. Buna görə də, belə bir ciddi və obyektiv təsəvvür yaranır ki, cənab Assenovun işini araşdırmış müstəntiq prokurorluq orqanlarından müstəqil deyildi, həmin orqanlar isə sonradan cinayət prosesində əks-tərəf (ittihamçı tərəf – tərc.) kimi çıxış etməli idilər.
146. Məhkəmə bir daha bildirir ki, şəxsi azadlıq hüququna icra hakimiyyətinin müdaxiləsi üzərində məhkəmə nəzarətinin mövcudluğu 5-ci maddənin 3-cü bəndində əks olunmuş təminatın mühüm xüsusiyyətidir (bax: Aksoyun işi üzrə yuxarıda adı çəkilən qərara, s. 2282, b. 76). Bu hüquq normasının mənası baxımından «vəzifəli şəxsin» «məhkəmə hakimiyyətini» həyata keçirmək səlahiyyətinə malik olduğunu söyləyə bilmək üçün öncə həmin şəxs həbs edilmiş şəxsin qanunsuz və əsassız olaraq azadlıqdan məhrum edilməsinə qarşı müdafiəni təmin edən müəyyən şərtlərə cavab verməlidir (bax: Şisser (Schiesser) İsveçrəyə qarşı məhkəmə işi üzrə 4 dekabr 1979-cu il tarixli qərara, A seriyası, c. 34, s. 13, b. 31).
Beləliklə, sözügedən «vəzifəli şəxs» həm icra hakimiyyətindən, həm də tərəflərdən müstəqil olmalıdır (yenə orada). Bu baxımdan həbs barədə qərar qəbul edilən zaman obyektivliyin təzahürləri önəmlidir: həmin vaxt məlum olsa ki, «vəzifəli şəxs» prokurorluq orqanı adından qarşıdakı cinayət prosesinə sonradan müdaxilə edə bilər, o halda onun müstəqilliyi və qərəzsizliyi şübhə doğurur (bax: Huber (Huber) İsveçrəyə qarşı məhkəmə işi üzrə 23 oktyabr 1990-cı il tarixli qərara, A seriyası, c. 188, s. 18, b. 43; və Brinkat (Brincat) İtaliyaya qarşı məhkəmə işi üzrə 26 noyabr 1992-ci il tarixli qərara, A seriyası, c. 249-A, s. 12, b. 21). «Vəzifəli şəxs» onun yanına gətirilən fərdi şəxsən dinləməli və hüquqi meyarlara əsaslanaraq, həbsə haqq qazandırmağın mümkün olub-olmadığını araşdırmalıdır. Əgər həbsə haqq qazandırmaq mümkün deyilsə, «vəzifəli şəxs» məhbusun azad edilməsi barədə məcburi qüvvəyə malik əmr qəbul etmək səlahiyyətinə malik olmalıdır (bax: Şisserin işi üzrə yuxarıda adı çəkilən qərara, s. 13-14, b. 31; və İrlandiya Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə 18 yanvar 1978-ci il tarixli qərara, A seriyası, c. 25, s. 76, b. 199).
147. Məhkəmə öncə qeyd edir ki, azadlığa buraxılmaq haqqında cənab Assenovun ərizəsinə 19 sentyabr 1995-ci ilədək, yəni onun həbsindən sonra uzun müddət ərzində hakim tərəfindən baxılmayıb (bax: yuxarıda 38-ci bəndə). Bu, 5-ci maddənin 3-cü bəndinin məqsədləri baxımından işə «vaxtında» baxılmadığını (bax: yuxarıda 38-ci bəndə) açıq-aydın göstərir (misal üçün bax: Broqan (Brogan) və başqaları Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə 29 noyabr 1988-ci il tarixli qərara, A seriyası, c. 145-B, s. 33, b. 62) və həqiqətən, iddia etmək olmaz ki, bu prosedur həmin hüquq normasının tələblərinə yetərincə cavab verirdi.
148. Məhkəmə xatırladır ki, 28 iyul 1995-ci ildə cənab Assenov müstəntiqin yanına gətirilmiş və müstəntiq onu dindirmiş, ona qarşı rəsmi ittiham irəli sürmüş və həbs qətimkan tədbiri barədə qərar qəbul etmişdi (bax: yuxarıda 33-cü bəndə). Məhkəmə qeyd edir ki, Bolqarıstan hüququna görə müstəntiqlər şübhəli şəxsin həbs edilməsi və ya azadlığa buraxılması barədə məcburi hüquqi qüvvəyə malik qərarlar qəbul etmək səlahiyyətinə malik deyillər. Belə ki, müstəntiqin qəbul etdiyi istənilən qərar prokuror tərəfindən ləğv edilə bilər, eləcə də prokuror müstəntiqin mövqeyi ilə razılaşmadıqda işi ondan ala bilər (bax: yuxarıda 66-69-cu bəndlərə). Buradan belə nəticə çıxır ki, müstəntiq 5-ci maddənin 3-cü bəndinin mənası baxımından «qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxs» hesab edilə bilmək üçün kifayət qədər müstəqil deyildi.
149. Müstəntiqin qərarını təsdiq etmiş prokuror A (bax: yuxarıda 33-cü bəndə), yaxud cənab Assenovun həbsdə saxlanmaqda davam etməsi barədə sonradan qərarlar qəbul etmiş digər prokurorlar cənab Assenovu şəxsən dinləməmişdilər. İstənilən halda, bu prokurorların hər birinin ərizəçiyə qarşı cinayət prosesində iştirak etməsi mümkün olduğuna görə (bax: yuxarıda 66-cı bəndə), onlar 5-ci maddənin 3-cü bəndinin məqsədləri baxımından kifayət qədər müstəqil və qərəzsiz deyildilər.
150. Buna görə də, Məhkəmə hesab edir ki, ərizəçi «qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin» yanına gətirilmədiyinə görə 5-ci maddənin 3-cü bəndinin pozuntusu baş verib.
b) Ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququ
151. Hökumət bildirdi ki, ibtidai istintaq mürəkkəb və vaxt tələb edən iş idi, belə ki, bir sıra cinayət iştirakçılarının və şahidlərin dindirilməsini və ekspert rəyinin nəzərdən keçirilməsini tələb edirdi. 31 yanvar 1997-ci ildə, cənab Assenovla digər cinayət iştirakçıları arasında açıq-aşkar maraqlar münaqişəsi baş verdikdə, prokurorluq orqanları işi əlavə istintaq üçün və şahidlərin yenidən dindirilməsi üçün geri göndərdilər. İstintaq prosesi ərzində ərizəçi və onun valideynləri ərizəçinin azadlığa buraxılması üçün fasiləsiz olaraq vəsatətlər verirdilər ki, bunların da hər birinə baxıldığı müddətdə istintaqı dayandırmaq lazım gəlirdi. Belə olan halda, demək olmaz ki, cənab Assenovun ağlabatan müddət ərzində məhkəmə araşdırması hüququ rədd edilmişdi.
152. Komissiya 1995-ci ilin sentyabrı ilə 1996-cı ilin sentyabrı arasında ibtidai istintaqın praktiki olaraq dayanması faktına xüsusi əhəmiyyət verərək bu nəticəyə gəldi ki, otuz üç aydan artıq ibtidai həbsdə qalmış cənab Assenovun ağlabatan müddət ərzində məhkəmə araşdırması hüququ rədd edilib. Ərizəçi bu nəticə ilə razılaşdı.
153. Məhkəmə qeyd edir ki, nəzərə alınmalı olan müddət 27 iyul 1995-ci ildən, yəni cənab Assenov həbs ediləndən sonra başlayıb və 1997-ci ilin iyul ayının dəqiq müəyyən edilməyən gününədək, yəni dörd soyğunçuluq cinayətinə görə onun təqsirli bilinərək məhkum edildiyi günədək davam edib (bax: yuxarıda 33-cü və 48-ci bəndlərə). Beləliklə, onun ibtidai həbsi təxminən iki ilədək uzanıb.
154. Məhkəmə bir daha bildirir ki, təqsirləndirilən şəxsin ibtidai həbs müddətinin ağlataban həddi keçməməsini təmin etmək vəzifəsi ilk növbədə milli hakimiyyət orqanlarının üzərinə düşür. Bu məqsədlə onlar həbsə haqq qazandıran həqiqi ictimai marağın mövcudluğu məsələsinin lehinə və əleyhinə olan bütün halları araşdırmalı və bu zaman təqsirsizlik prezumpsiyası prinsipinə və şəxsi azadlığa hörmət edilməsi haqqında normadan kənara çıxma hallarına lazımi diqqət yetirməli və azadlığa buraxılma haqqında ərizələr barəsində qərarlar qəbul edərkən bütün bunları həmin qərarlarda əks etdirməlidirlər. Bu qərarların söykəndiyi əsaslar və məhbusun azadlığa buraxılma haqqında ərizələrində və apelyasiya şikayətlərində qeyd etdiyi həqiqi faktlar önəmlidir, belə ki, Məhkəmə onların əsasında 5-ci maddənin 3-cü bəndinin pozulub-pozulmadığı barədə qərar qəbul etməlidir. Həbs edilmiş şəxsin cinayət törətməsinə dair əsaslı şübhə onun həbsdə saxlanmaqda davam etməsinin əsaslılığının zəruri şərtidir, lakin müəyyən müddətdən sonra bu, kifayət deyil: bundan sonra Məhkəmə müəyyən etməlidir ki, dövlət orqanlarının qeyd etdiyi digər əsaslar şəxsin azadlıqdan məhrum edilmə yerində qalmasına haqq qazandırırmı? Həmin əsaslar «məqsədəuyğun» və «qaneedici» olduqda, Məhkəmə həmçinin əmin olmalıdır ki, səlahiyyətli milli hakimiyyət orqanları məhkəmə prosesinin həyata keçirilməsi üçün «xüsusi səy» göstəriblərmi? (bax: Tot (Toth) Avstriyaya qarşı məhkəmə işi üzrə 12 dekabr 1991-ci il tarixli qərara, A seriyası, c. 224, s. 18, b. 67).
155. Məhkəmə xatırladır ki, cənab Assenovun həbsinin qanuniliyi iki dəfə məhkəmə tərəfindən yoxlanılarkən onun azadlığa buraxılması bu əsaslara görə rədd edildi ki, o, bir sıra ağır cinayətlərdə ittiham olunurdu və onun cinayətkar fəaliyyəti müntəzəm xarakter daşıyırdı və belə bir təhlükə vardı ki, o, azadlığa buraxıldığı təqdirdə yenidən cinayət törədəcəkdir (bax: 38-ci və 46-cı bəndlərə).
156. Məhkəmə qeyd edir ki, 28 iyul 1995-ci ildə cənab Assenov on altı və ya daha artıq oğurluq və soyğunçuluq əməllərində ittiham edilmişdi (bax: yuxarıda 33-cü bəndə). O, 1995-ci ilin yanvarında həmin silsilə oğurluqların istintaqı ilə bağlı öncə dindirilsə də (bax: yuxarıda 32-ci bəndə), onun ittiham olunduğu bir sıra cinayətlər sonradan törədilmişdi; sonuncu soyğunçuluq iyulun 24-də, yəni onun həbsindən üç gün qabaq baş vermişdi.
Belə olan halda, Məhkəmə hesab edir ki, ərizəçinin azadlığa buraxılacağı təqdirdə yenidən cinayət törədəcəyindən milli hakimiyyət orqanlarının ehtiyat etməsi əsassız deyildi.
157. Lakin Məhkəmə xatırladır ki, ərizəçi yetkinlik yaşına çatmayan şəxs idi və buna görə də, Bolqarıstan hüququna əsasən, onun barəsində yalnız müstəsna hallarda həbs qətimkan tədbiri seçilə bilərdi (bax: yuxarıda 69-cu bəndə). Bu səbəbdən, onun məhkəmə araşdırmasının ağlabatan müddət ərzində keçirilməsi üçün dövlət orqanlarının xüsusi səy göstərməsi həmişəkindən daha vacib idi.
Hökumət bildirdi ki, işin məhkəmə baxışı mərhələsinə gəlib çatması iki il vaxt aparıb, çünki o, xüsusilə mürəkkəb idi və uzunmüddətli istintaq aparılmasını tələb edirdi. Lakin Məhkəmənin əlində olan məlumatlardan belə görünür ki, bu iki ilin bir ili ərzində, yəni 1995-ci ilin sentyabrından 1996-cı ilin sentyabrınadək istintaqla bağlı faktiki olaraq heç bir hərəkət edilməyib: heç bir yeni sübut toplanmayıb və cənab Assenov yalnız bir dəfə – 21 mart 1996-cı ildə dindirilib (bax: yuxarıda 34-cü və 42-ci bəndlərə). Bundan başqa, şəxsi azadlıq hüququnun mühümlüyü, eləcə də, məsələn, hər bir halda müvafiq səlahiyyətli orqana iş üzrə materialların əslinin yox, surətlərinin göndərilməsi ehtimalı nəzərə alınmaqla, imkan verilməməli idi ki, azadlığa buraxılmaq barədə ərizəçinin bir çox vəsatətləri istintaqın dayandırılmasına səbəb olsun və beləliklə də, onun məhkəməsi gecikdirilsin (bax: Totun işi üzrə yuxarıda adı çəkilən qərara, s. 21, b. 77).
158. Bu ümumi məlumatların fonunda Məhkəmə hesab edir ki, cənab Assenovun «ağlabatan müddət ərzində məhkəmə araşdırması» hüququ rədd edilib, bu isə 5-ci maddənin 3-cü bəndinin pozuntusudur.
4. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin iddia edilən pozuntusu
159. Ərizəçi daha sonra iddia etdi ki, cavabdeh dövlət Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə riayət etməyib; orada deyilir:
«Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılmaq hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir».
160. Hökumət qeyd etdi ki, cənab Assenov qanunda nəzərdə tutulan imkandan istifadə edib, belə ki, o, həbsinin qanuniliyi məsələsinə baxılması üçün məhkəməyə müraciət edib. Məhkəmə iclası açıq keçirilməsə də, Şumen rayon məhkəməsi tərəflərin iş üzrə materiallarda olan yazılı arqumentlərini nəzərdən keçirmişdi.
Eləcə də Hökumət Məhkəməyə məlumat verdi ki, 8 avqust 1997-ci ildə qanuna dəyişiklik edilib və indi belə işlərdə məhkəmə iclasının açıq keçirilməsi və tərəflərin iştirakı nəzərdə tutulur.
161. Komissiya (ərizəçi də onun fikrinə şərikdir) hesab etdi ki, ərizəçinin o vaxt yetkinlik yaşına çatmaması və onun yenidən cinayət törətməsi təhlükəsinin həbsdə saxlanmaqda davam etməsi üçün əsas olması faktı tələb edirdi ki, məhkəmə araşdırması keçirilsin. Bunun əvəzində cənab Assenova qarşı irəli sürülən ittihamların kifayət qədər sübutlarla təsdiq edilib-edilmədiyini yoxlamaq səlahiyyətinə malik olmayan (bax: yuxarıda 74-cü bəndə) Şumen rayon məhkəməsi onun həbsdə qalması məsələsinə qapalı iclasda, tərəflərin iştirakı olmadan baxdı (bax: yuxarıda 38-ci və 73-cü bəndlərə). Ərizəçinin bu vəsatətinə baxıldıqdan sonra yenidən məhkəmə baxışı keçirilməsi barədə onun müraciət etməsi mümkün deyildi (bax: yuxarıda 41, 47 və 75-ci bəndlərə). Nəticədə, 5-ci maddənin 4-cü bəndinə zidd olaraq, ərizəçinin həbsinin qanuniliyini araşdırmaq səlahiyyətinə malik olan qərəzsiz məhkəmə orqanı ilə ərizəçinin ilk şəxsi təması, çox güman ki, 6 fevral 1997-ci ildə, həbsindən təxminən on doqquz ay sonra baş vermişdi.
162. Məhkəmə xatırladır ki, 5-ci maddənin 4-cü bəndi tutulan və ya həbs edilən şəxsə hüquq verir ki, 5-ci maddənin 4-cü bəndinin mənası baxımından azadlıqdan məhrum edilməsinin «qanuniliyi» üçün önəmli olan prosessual və maddi-hüquqi şərtlərə riayət edilməsi məsələsinə (bax: yuxarıda 139-cu bəndə) məhkəmə tərəfindən baxılması üçün müraciət etsin (bax: Broqan və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərara, s. 34, b. 65).
Cinayət prosesi və ya mülki proseslə bağlı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələb etdiyi eyni təminatların 5-ci maddənin 4-cü bəndində nəzərdə tutulan prosedurda da yer alması həmişə zəruri olmasa da, sonuncu prosedur məhkəmə xarakterli olmalıdır və sözügedən azadlıqdan məhrum etmə hallarına uyğun qarantiyaları təmin etməlidir (bax: Megyeri (Megyeri) Almaniyaya qarşı məhkəmə işi üzrə 12 may 1992-ci il tarixli qərara, A seriyası, c. 237-A, s. 11, b. 22). Şəxsin həbsi 5-ci maddənin 1(c) bəndinin əhatə dairəsinə düşürsə, o zaman məhkəmə araşdırmasının keçirilməsi tələb olunur (bax: Şisserin işi üzrə yuxarıda adı çəkilən qərara, s. 13, b. 30-31; Sançes-Reyss (Sanchez-Reisse) İsveçrəyə qarşı məhkəmə işi üzrə 21 oktyabr 1986-cı il tarixli qərara, A seriyası, c. 107, s. 19, b. 51; və Kampanis (Kampanis) Yunanıstana qarşı məhkəmə işi üzrə 13 iyul 1995-ci il tarixli qərara, A seriyası, c. 318-B, s. 45, b. 47).
Bundan başqa, 5-ci maddənin 4-cü bəndi ibtidai həbsdə olan şəxsin ağlabatan müddət ərzində həbsinin qanuniliyi məsələsindən şikayət etmək imkanına malik olmasını tələb edir (bax: Beziçeri (Bezicheri) İtaliyaya qarşı məhkəmə işi üzrə 25 oktyabr 1989-cu il tarixli qərara, A seriyası, c. 164, s. 10-11, b. 20-21). Həmin həbsin Konvensiyaya əsasən dəqiq müddətlə məhdudlaşdırılması ehtimalı nəzərə alınarsa (bax: yuxarıda 154-cü bəndə), həbsdə saxlanmanın zəruriliyinin qısa zaman fasilələri ilə müntəzəm yoxlanılması tələb olunur (bax: Beziçerinin işi üzrə yuxarıda adı çəkilən qərara, yenə həmin yerdə).
163. Məhkəmə xatırladır ki, Şumen rayon məhkəməsi azadlığa buraxılmaq haqqında cənab Assenovun ərizəsinə qapalı iclasda baxıb və onu şəxsən dinləməyib (bax: yuxarıda 38-ci və 73-cü bəndlərə). Məhkəmə qeyd edir ki, müvafiq qanuna bu cür işlər üzrə məhkəmə iclasının açıq keçirilməsi barədə sonradan düzəliş edilməsinə baxmayaraq (bax: yuxarıda 160-cı bəndə), Məhkəmə funksiyası ərizəçinin işi üzrə faktların qiymətləndirilməsi ilə məhdudlaşır (bax: Findli (Findley) Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə 25 fevral 1997-ci il tarixli qərara, Reports 1997-I, p. 279, § 67).
164. Bundan başqa, Məhkəmə qeyd edir ki, Bolqarıstan hüququna görə ibtidai həbsdə olan şəxs həbsinin qanuniliyi məsələsinə baxılması üçün yalnız bir dəfə məhkəməyə müraciət etmək hüququna malikdir (bax: yuxarıda 75-ci bəndə). Beləliklə, ərizəçinin ikinci müraciəti bu səbəbdən 19 sentyabr 1995-ci ildə Şumen rayon məhkəməsi tərəfindən rədd edilib (bax: yuxarıda 41-ci bəndə).
165. Son nəticədə, ibtidai həbsdə olduğu iki il ərzində uzun müddət həbsdə saxlanmasının qanuniliyi məsələsinə məhkəmə tərəfindən ikinci dəfə baxılmasının ərizəçi üçün qeyri-mümkün olması faktını, habelə həmin məsələyə məhkəmənin açıq iclasda baxılmadığını nəzərə alaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi pozulub.
5. Konvensiyanın 25-ci maddəsinin 1-ci bəndinin iddia edilən pozuntusu
166. Hər üç ərizəçi şikayət etdilər ki, dövlət onların öz fərdi şikayət hüquqlarını səmərəli həyata keçirmələrinə mane olub, bu isə Konvensiyanın 25-ci maddəsinin 1-ci bəndinə ziddir; orada deyilir:«Komissiya bu Konvensiyada qeyd edilən hüquqlarını Razılığa gələn Yüksək Tərəflərdən birinin pozmasının qurbanı olduqlarını bildirən istənilən şəxs, qeyri-hökumət təşkilatı və ya şəxslər qrupunun Avropa Şurası Baş katibinin ünvanına göndərilən şikayətlərini qəbul edə bilər, bu şərtlə ki, barəsində şikayət verilən Razılığa gələn Yüksək Tərəf Komissiyanın bu cür şikayət qəbul etmək səlahiyyətini tanıdığını bildirsin. Bu cür bildiriş verən Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç cür mane olmamağı öhdələrinə götürürlər».
167. Məhkəməyə təqdim etdiyi yazılı bəyanatlarda Hökumət dövlət nümayəndələri tərəfindən notariusun yanında hər hansı bəyannamə imzalamağa məcbur edildikləri barədə ərizəçilərin iddiasını təsdiq edən hər hansı sübutun mövcudluğunu təkzib etdi.
168. Komissiya hesab etdi ki, 1995-ci ilin iyulunda həbs edildikdən sonra cənab Assenovun Strasburqa ərizəsi ilə bağlı dindirilib-dindirilmədiyini müəyyən etmək mümkün deyil. Lakin Komissiya qeyd etdi ki, cənab Assenov həbsdə olarkən bu məsələ ilə bağlı həm polis, həm də prokurorluq orqanlarının nümayəndələri onun valideynlərinə təsir etməyə çalışıblar. Komissiya hesab etdi ki, ərizəçilərin yazılı bəyannamə imzalamalarının inandırıcı izahı bundan ibarətdir ki, onlar verdikləri ərizə ucbatından təzyiq altında olublar və dövlət orqanlarını yumşaltmaq istəyiblər.
169. Məhkəmə xatırladır ki, fərdin Komissiyaya şikayətini səmərəli şəkildə təqdim etməsi və müdafiə etməsi hüququna müdaxilə edilməməsi barədə Konvensiyanın 25-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan öhdəlik ərizəçiyə verilmiş prosessual xarakterli hüquqdur və ərizəçi bu hüququnu Konvensiya prosedurları zamanı müdafiə edə bilər. Səmərəli fərdi şikayətlər sistemi üçün olduqca vacibdir ki, ərizəçilər və ya potensial ərizəçilər şikayətlərini geri götürməyə və ya onun məzmununu dəyişməyə məcbur edilmək məqsədilə hakimiyyət orqanları tərəfindən heç bir təzyiq formasına məruz qalmadan Komissiyaya sərbəst müraciət edə bilsinlər (bax: Akdivar Türkiyəyə qarşı məhkəmə işi üzrə 16 sentyabr 1996-cı il tarixli qərara, Reports 1996-IV, pp. 1218 and 1219, §§ 103, 105; və Kurt Türkiyəyə qarşı məhkəmə işi üzrə 25 may 1998-ci il tarixli qərara, Reports 1998-III, pp. 1205–06, § 159).
170. “Təzyiq” anlayışı ərizəçilərə qarşı təkcə birbaşa məcburiyyəti və kobudcasına hədələnmə hallarını əhatə etmir, həm də fərdləri Konvensiya əsasında öz hüquqlarının müdafiəsini həyata keçirmək fikrindən daşındırmağa və ya buna mane olmağa xidmət edən, yolverilməz olan dolayı hərəkətləri və ya təmasları əhatə edir (bax: Kurtun işi üzrə yuxarıda adı çəkilən qərara, s. 1206, b. 160).
Hakimiyyət orqanları ilə ərizəçilər arasındakı təmasların 25-ci maddə baxımından yolverilməz olub-olmaması məsələsi hər bir ayrıca işin konkret halları nəzərə alınmaqla həll edilməlidir (yenə orada). Bu işdə Məhkəmə qeyd edir ki, ərizəçilərin Komissiyaya şikayətləri polis və prokurorluq orqanlarının hüquqa zidd hərəkətlərinə dair ciddi iddialara aid idi. Həmin vaxt cənab Assenov ibtidai həbsdə idi və Konvensiyanın 5-ci maddəsinin 3-cü və 4-cü bəndlərinin pozulduğunun Məhkəmə tərəfindən müəyyən etməsinə səbəb olmuş faktları nəzərə alsaq, onun valideynləri oğullarının prokurorluq tərəfindən qərəzli münasibətə məruz qala biləcəyini düşünməyə haqlı idilər. Dövlət orqanları bunu da bilirdilər ki, ərizəçilər milli azlıq qrupuna mənsubdurlar və mətbuatda onların təzyiq qarşısında əlverişsiz vəziyyətdə olmalarına şərait yaradan şərhlər verilir (bax: yuxarıda 50-ci bəndə).
171. İstənilən halda, Məhkəmə hesab edir ki, cənab İvanovun və xanım İvanovanın elə həmin orqanların nümayəndəsi və ya nümayəndələri tərəfindən dindirilməsi və bu dindirmənin onların öz yazılı bəyannamələrində Komissiyaya ərizə verdiklərini inkar etmələri ilə nəticələnməsi (bax: yuxarıda 51-ci bəndə) fərdi şikayət hüququna mane olan hüquqa zidd təzyiqə bərabərdir.
Buradan belə nəticə çıxır ki, Konvensiyanın 25-ci maddəsinin 1-ci bəndinin pozuntusu baş verib.
IV. Konvensiyanın 50-ci maddəsinin tətbiqi
172. Ərizəçilər Konvensiyanın 50-ci maddəsinə uyğun olaraq əvəzin ədalətli ödənilməsini xahiş etdilər; həmin maddədə deyilir:
“Əgər Məhkəmə müəyyən etsə ki, Razılığa gələn Yüksək Tərəfin məhkəmə və ya digər hakimiyyət orqanlarının qəbul etdiyi qərar və ya tədbir bu Konvensiyadan irəli gələn öhdəliklərə tam və ya qismən ziddir, habelə həmin Tərəfin daxili hüququ bu cür qərarın və ya tədbirin nəticələrinin əvəzinin qismən ödənilməsinə yol verir, onda Məhkəmənin qərarı ilə, zərurət olduqda, zərərçəkən tərəfə ədalətli əvəz verilməlidir”.
A. Mənəvi ziyan
173. Cənab Assenov Konvensiyada nəzərdə tutulan hüquqlarının çoxsaylı pozuntuları nəticəsində məruz qaldığı ziyana görə kompensasiya tələb etdi. Cənab İvanov və xanım İvanova dövlət orqanlarının 25-ci maddənin 1-ci bəndini pozaraq onlara təzyiq göstərmələri nəticəsində məruz qaldıqları mənəvi ziyana görə kompensasiya tələb etdilər.
174. Hökumət bildirdi ki, 50-ci maddə üzrə heç bir kompensasiya təyin edilməməlidir.
175. Məhkəmə hesab edir ki, bu işdə müəyyən edilmiş pozuntuların ağırlığını və sayını nəzərə alaraq, cənab Assenova mənəvi ziyana görə kompensasiya ödənilməlidir, lakin Məhkəmə bu fikirdədir ki, 25-ci maddənin 1-ci bəndinin pozuntusunun müəyyən edilməsi cənab İvanovla xanım İvanovanın məruz qaldıqları mənəvi ziyana görə əvəzin ədalətli ödənilməsinə bərabərdir.
Məhkəmə qiymətləndirməni ədalət əsasında həyata keçirərək cənab Assenova 6.000.000 bolqar levi təyin edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
176. Ərizəçilər məhkəmə xərclərinə və digər məsrəflərə görə Bolqarıstanlı hüquq nümayəndəsi üçün təxminən 14.860 funt sterlinqə bərabər olan məbləğ, habelə Birləşmiş Krallıqdan olan vəkil üçün 7.600 funt sterlinq tələb etdilər.
177. Dinləmədə Hökumətin nümayəndəsi bildirdi ki, bu tələblər həddən artıq yüksəkdir.
178. Məhkəmə bu işdə ortaya çıxan bir çox məsələləri və həmin məsələlərin mürəkkəbliyini nəzərə alaraq, tələb olunan məbləğləri tam həcmdə təyin edir; həmin məbləğlərdən hüquqi yardım qismində Avropa Şurası tərəfindən ödənilmiş olan məbləğlər çıxılmalıdır. Cənab Assenovun Bolqarıstanlı hüquq nümayəndəsinə təyin olunan məbləğ bu qərarın qəbul edildiyi tarixdə tətbiq olunan məzənnə üzrə bolqar levinə çevrilməlidir.
C. İcranın gecikdirilməsinə görə faiz
179. Məhkəmədə olan məlumata görə, bu qərarın qəbul edildiyi tarixdə Bolqarıstanda tətbiq olunan, qanunla qəbul edilmiş faiz dərəcəsi illik 5,08% və Birləşmiş Krallıqda tətbiq olunan, qanunla qəbul edilmiş faiz dərəcəsi illik 7,5% təşkil edir.
Bu əsaslara görə Məhkəmə
1. Yekdilliklə Hökumətin ilkin etirazlarını rədd etdi;
2. Bir səsə qarşı səkkiz səslə qərara aldı ki, cənab Assenovun polis tərəfindən pis rəftara məruz qalması məsələsində Konvensiyanın 3-cü maddəsi pozulmayıb;
3. Yekdilliklə qərara aldı ki, cənab Assenovun polis tərəfindən pis rəftara məruz qalması barədə iddiaları ilə bağlı səmərəli rəsmi araşdırmanın aparılmaması məsələsində Konvensiyanın 3-cü maddəsi pozulub;
4. Yekdilliklə qərara aldı ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmayıb;
5. Yekdilliklə qərara aldı ki, Konvensiyanın 13-cü maddəsi pozulub;
6. Bir səsə qarşı səkkiz səslə qərara aldı ki, 1995-ci ilin iyulundan başlayaraq cənab Assenovun saxlandığı həbsxana şəraiti ilə bağlı Konvensiyanın 3-cü maddəsi pozulmayıb;
7. Yekdilliklə qərara aldı ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmayıb;
8. Yekdilliklə qərara aldı ki, cənab Assenovun dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilməsi məsələsində Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub;
9. Yekdilliklə qərara aldı ki, cənab Assenovun ağlabatan müddət ərzində məhkəmə araşdırmasının keçirilmədiyinə və ya o, məhkəməyə qədər azad edilmədiyinə görə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub;
10. Yekdilliklə qərara aldı ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi pozulub;
11. Yekdilliklə qərara aldı ki, hər üç ərizəçi barəsində Konvensiyanın 25-ci maddəsinin 1-ci bəndi pozulub;
12. Yekdilliklə qərara aldı ki, cavabdeh dövlət üç ay ərzində aşağıdakı məbləğləri ödəməlidir:
a) mənəvi ziyana görə birinci ərizəçiyə – 6.000.000 (altı milyon) bolqar levi;
b) məhkəmə xərclərinə və digər məsrəflərə görə hər üç ərizəçiyə – ödəniş həyata keçirilən tarixdə tətbiq olunan məzənnə üzrə funt sterlinqə çevrilməklə, 14.860 (on dörd min səkkiz yüz altmış) bolqar levi, üstəgəl 7.600 (yeddi min altı yüz) funt sterlinq təyin edir; bu məbləğdən, qərarın elan edildiyi tarixdə tətbiq edilən məzənnə üzrə funt sterlinqə çevrilməklə, 38.087 (otuz səkkiz min səksən yeddi) fransız frankı çıxılmalıdır (həmin məbləğdən tutula bilən hər hansı əlavə dəyər vergisi ilə birlikdə);
c) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra ödəniş tam həyata keçirilənə qədər bolqar levi ilə təyin olunmuş məbləğlər barəsində 5,08% miqdarında və funt sterlinqlə təyin olunmuş məbləğlər barəsində 7,5% miqdarında adi illik faiz dərəcəsi ödənilməlidir.
13. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini yekdilliklə rədd etdi.
İngilis və fransız dillərində icra edilib və 28 oktyabr 1998-ci ildə Strasburqda İnsan hüquqları sarayında açıq dinləmədə elan edilib.
Rudolf Bernhardt
Sədr
Herbert Petsold
Katib
Konvensiyanın 51-ci maddəsinin 2-ci bəndinə və A Məhkəmə Reqlamentinin 53-cü Qaydasının 2-ci bəndinə əsasən bu qərara cənab Mifsud Bonnitsinin qərarla qismən üst-üstə düşməyən xüsusi rəyi əlavə olunur.
Hakim Mifsud Bonnitsinin qərarla qismən üst-üstə düşməyən xüsusi rəyi
1. Mən Konvensiyanın 3-cü maddəsinə aid olan iki məsələdən başqa bütün məsələlərdə hakim həmkarlarımla razıyam.
2. 1992-ci ilin sentyabrında polislə insident baş verərkən müxtəlif xəsarətlərə məruz qaldığı zaman cənab Assenovun 14 yaşı vardı və Məhkəmə onları «3-cü maddənin əhatə dairəsinə düşən qəddar rəftara bərabər sayıla bilən kifayət qədər ciddi xəsarətlər» hesab etdi (məhkəmə qərarının 95-ci bəndi). Lakin Məhkəmə hesab etdi ki, əldə olan sübutlar əsasında ərizəçinin aldığı xəsarətlərin doğrudan da polis əməkdaşları tərəfindən yetirildiyini müəyyən etmək mümkün deyil (məhkəmə qərarının 100-cü bəndi).
Mənə gəldikdə, mən bu fikirdəyəm ki, cənab Assenovun həbsi ilə əlaqədar olaraq bu xəsarətlərin polislər tərəfindən dəyənəklərlə yetirildiyi iddia edilirdisə, Hökumət «həmin xəsarətlərin necə yetirildiyi barədə tam və qaneedici izahat vermək öhdəliyini daşıyır»; bu, Məhkəmənin praktikası ilə qəti bərqərar edilib, bu qərarın 92-ci bəndində digər bir qərara istinadən qeyd edilib.
Bolqarıstanın dövlət orqanları 14 yaşıl oğlana bu dərəcədə ciddi xəsarətlərin necə yetirildiyi barədə tam və qaneedici izahat vermədilər. Əlbəttə, fərz etmək olar ki, onun atası oğlunun davranışını bəyənmədiyini göstərmək üçün «taxta çubuq götürərək oğlunu vurub» (9-cu bənd), lakin taxta çubuq sözügedən hadisədən iki gün sonra həkim tərəfindən müəyyən edilmiş ciddi xəsarətlərə səbəb ola bilməzdi. Lakin polis dəyənəkləri asanlıqla bu cür xəsarətləri yetirə bilərdi.
3. Analoji olaraq, mən hesab edirəm ki, 1995-ci ilin iyulundan 1996-cı ilin martınadək həbsxanada ərizəçinin (indi onun təxminən 17 yaşı var) məruz qaldığı, bu qərarın 35-ci bəndində təsvir edilən rəftarın özü qeyri-insani rəftardır, xüsusən söhbətin yetkinlik yaşına çatmayan şəxsdən getdiyini nəzərə alsaq, nəticə etibarı ilə onunla yetkin şəxs və təcrübəli cinayətkar kimi rəftar edilib və bu aylar ərzində o, bu və ya digər təcrübəli cinayətkarlarla və ya cinayətkarla birlikdə darısqal kameraya salınıb.
4. Bu faktlar məni belə nəticəyə gəlməyə vadar edir ki, yaşı 14 ilə 17 arasında olan gəncə münasibətdə Bolqarıstanın dövlət orqanları Konvensiyanın 3-cü maddəsinin şərtlərini pozublar.
[1] Katibliyin bu qısa xülasəsi Məhkəmə üçün məcburi qüvvəyə malik deyil.
[2] A Məhkəmə Reqlamenti 9 saylı Protokol qüvvəyə minənə qədər (1 oktyabr 1994-cü il) Məhkəməyə verilmiş bütün işlərə, həmin tarixdən sonra isə yalnız Protokola bağlı olmayan dövlətlərə aid işlərə tətbiq edilir. Onun müddəaları 1 yanvar 1983-cü ildə qüvvəyə minmiş və sonradan bir neçə dəfə düzəlişlər edilmiş Reqlamentə uyğundur.
Full & Egal Universal Law Academy