İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
ATAKİŞİ AZƏRBAYCANA QARŞI
(18469/06 nömrəli şikayət)
QƏRAR
STRASBURQ
28 fevral 2012-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Atakişi Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədrlik edən - Nina Vajiç,
Hakimlər -
Peer Lorenzen,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Linos-Aleksandr Sisilianos,
Erik Mose,
və Bölmə katibi - Soren Nilsen,
2012-ci il fevralın 7-də şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Abbas Musa oğlu Atakişinin (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 2006-cı il mayın 5-də təqdim etdiyi şikayət (18469/06 nömrəli) ilə başlanmışdır.Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab M.Mustafayev, Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.Ərizəçi əsasən Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsində təsbit edilmiş seçilmək hüququnun pozulduğunu iddia etmişdir.2008-ci il 3 sentyabr tarixdə şikayət barədə Hökumətə məlumat verilmişdir. Həmçinin, şikayətin mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmaq qət edilmişdir (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
Ərizəçi 1959-cu ildə anadan olmuşdur və Bakıda yaşayır.Ərizəçi Milli Məclisə 2005-ci il 6 noyabr tarixli seçkilərdə bitərəf namizəd kimi iştirak etmişdir. Onun namizədliyi birmandatlı 85 saylı Şamaxı Seçki Dairəsi üzrə Dairə Seçki Komissiyası (“DSK”) tərəfindən qeydə alınmışdır.
A. Ərizəçiyə qarşı iddialar və ərizəçinin namizədliyinin qeydiyyatının ləğv edilməsi barədə DSK-nın müraciəti
2005-ci il oktyabrın 28-də DSK ərizəçinin iştirakı olmadan iclas keçirərək Seçki Məcəlləsinin 88.1-88.4-cü maddələrinin tələbləri ilə bir araya sığmayan fəaliyyətlə məşğul olması iddiaları barədə daxil olan məlumat əsasında ərizəçinin namizədliyinin qeydiyyatının ləğv edilməsi üçün Apellyasiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. DSK aşağıdakı məsələlərə əsaslanmışdır.İlk növbədə, qeyd olunmuşdur ki, DSK-ya seçici (H.S.) tərəfindən daxil olmuş yazılı şikayətə əsasən ərizəçi namizədliyinin əhali arasında təşviq edilməsi məqsədilə ona pul vəsaiti (300 ABŞ dolları) vermişdir. Həmçinin, o, seçicilərin ona səs verməsi və əsas rəqiblərin seçki kampaniyasını pozmaq məqsədilə pul vəsaiti təklif etmişdir.İkincisi, DSK-ya bir qrup seçicilərdən və həmin dairə üzrə digər namizəddən (M.İ.) daxil olmuş şikayətlərdə göstərilmişdir ki, ərizəçi təşviqat kampaniyası zamanı çıxışlarda və yazılarda rəqiblərini və hökuməti təhqir edir, eyni zamanda o, rəqiblərin seçicilərlə görüşlərinə müdaxilə edərək onları pozur. Xüsusilə, DSK-nın ünvanına seçicilərdən teleqramla daxil olmuş şikayətlərin birində aşağıdakılar qeyd olunmuşdur:
“Ərizəçi və onun tərəfdarları indiki hakimiyyəti təhqir edir və digər namizədlərə qarşı təhqiramiz ifadələr işlədirlər. Bununla müvafiq tədbirlərin görülməsini xahiş edirik.”
Seçicinin digər teleqramında aşağıdakılar göstərilmişdir:
“... Kəndimizdə seçicilərlə təşkil edilmiş görüşlərin birində ərizəçi öz seçki platforması barədə danışmaq əvəzinə digər dörd namizədi təhqir edirdi; Seçki Məcəlləsinin müddəalarının tələbləri ilə bir araya sığmayan fəaliyyətlə məşğul olunmasına görə ərizəçinin namizədliyinin qeydiyyatı ləğv edilməlidir; ərizəçi əhaliyə və dövlətə nə verə bilər; onun namizədliyinin qeydiyyatı ləğv olunmalıdır...”
Yuxarıda göstərilənlərə oxşar bir sıra digər yazılı şikayətlər və teleqramlar daxil olmuşdur.M.İ. tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, ərizəçi təhqiramiz ifadələrdən istifadə edərək seçicilərlə keçirilmiş bütün görüşlərində onu təhqir etmişdir. Eyni zamanda M.İ. qeyd etmişdir ki, 2005-ci il oktyabrın 28-də ərizəçinin qardaşı daxil olmaqla onun böyük bir qrup tərəfdarları güc tətbiq edərək M.İ. tərəfindən seçicilərlə keçirdiyi görüş otağına daxil olmuş, bununla həmin görüşü pozaraq qarışıqlıq yaratmış və təhqiramiz ifadələrdən istifadə edərək M.İ.-ni təhqir etmişlər.Digər şikayət Yeni Azərbaycan Partiyasının yerli təşkilatının yüksək vəzifəli üzvlərindən daxil olmuşdur (iş materiallarından göründüyü kimi YAP parlament seçkilərində M.İ.-nin namizədliyini dəstəkləmişdir). Həmin şikayətdə göstərilmişdir ki, ərizəçinin tərəfdarları M.İ. tərəfindən keçirilmiş seçicilərlə görüşə müdaxilə etmiş və sonradan küçələrdə asayişi pozaraq şəhər əhalisinin mənalı istirahətini pozmuşlar.Ərizəçiyə görə, 2005-ci il oktyabrın 28-də H.S. ərizəçiyə qarşı ittihamların geri götürülməsi haqqında DSK-ya məktub yazaraq bildirmişdir ki, ərizəçi qeyd olunan ifadələri emosional vəziyyətdə olaraq öz tərəfdarı ilə razı olmayaraq demişdir. Növbəti günlərdə H.S. həmin ittihamların geri götürülməsi barədə müxtəlif seçki komissiyalarına və məhkəmələrə bu kimi məktublar göndərmişdir. Ərizəçiyə görə, o, namizədliyin qeydiyyatının ləğv edilməsi ilə əlaqədar həmçinin Apellyasiya Məhkəməsinin iclaslarında iştirak etməyə cəhd göstərmişdir.2005-ci il oktyabrın 29-da Şamaxı rayon prokurorluğunda ərizəçinin qardaşı tərəfindən 2005-ci il 28 oktyabr tarixdə M.İ.-nin tərəfdarları ilə görüşündə qayda-qanunu bərpa edən polis işçisinə qarşı güc tətbiq edilməsi faktı ilə bağlı cinayət işi başlanılmışdır. Lakin həmin iş barədə heç bir məlumat mövcud deyil.
B. Ərizəçinin namizədliyinin qeydiyyatının ləğvi ilə əlaqədar məhkəmə baxışları
Apellyasiya Məhkəməsi DSK-nın müraciətini 2005-ci il 31 oktyabr tarixli iclasında araşdırmışdır. Ərizəçinin izahatına əsasən iclas səhər saat 11:00-a təyin olunsa da, axşam saat 17:00-da keçirilmişdir. Ərizəçi məhkəmə iclası haqqında əvvəlcədən məlumatlandırılmamış və yalnız iclasa üç saat qalmış 14:00-da məlumatlandırılmışdır. Bununla ərizəçi DSK-nın onun namizədliyinin qeydiyyatının ləğvi barədə 2005-ci il 29 oktyabr tarixli müraciəti və Apellyasiya Məhkəməsinin bununla əlaqədar baxışı haqqında ilk dəfə məlumat almışdır.Məhkəmə iclası zamanı ərizəçi ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edərək bildirmişdir ki, onlar müvafiq qaydada təsdiqlənməmişdir və onun namizədliyinin qeydiyyatının ləğvi üçün əsas ola bilməz. Ərizəçi qeyd etmişdir ki, H.S. ona qarşı bütün ittihamları geri götürmüş və onların səhv olması barədə bildirmişdir. Ərizəçi vurğulamışdır ki, o, DSK-nın 29 oktyabr tarixli iclası haqqında müvafiq qaydada məlumatlandırılmamış və DSK-nın qərarı ona göndərilməmişdir. Yekunda ərizəçi onun tərəfdarlarının M.İ.-nin öz seçiciləri ilə keçirilmiş görüşünə müdaxiləsi barədə ittihamlar ilə razılaşmamışdır.M.İ. və YAP-ın üzvlərinin şikayətlərinin surətlərindən ibarət olan DSK tərəfindən təqdim edilmiş bütün yazılı sübutları araşdıraraq Apellyasiya Məhkəməsi hesab etmişdir ki, həmin faktlar ərizəçi tərəfindən Seçki Məcəlləsinin 88.1, 88.2 və 88.4-cü maddələrinin pozulmasını sübut edir və bununla onun namizədliyinin qeydiyyatını ləğv etmişdir.Ərizəçi bununla əlaqədar şikayət vermişdir. Ərizəçi vurğulamışdır ki, o, DSK-nın 29 oktyabr tarixli iclası haqqında müvafiq qaydada məlumatlandırılmamış və ona DSK-nın qərarı və ya işlə əlaqədar digər aidiyyəti sənədlər Apellyasiya Məhkəməsinin iclasından əvvəl göndərilməmişdir. Eyni zamanda, sonradan ona təqdim edilmiş bir- birinə zidd və saxtalaşdırmış sənədlərdən məlum deyil ki, DSK-nın qeyd olunan iclası oktyabrın 25-də, yoxsa oktyabrın 29-da keçirilmişdir. Ərizəçi bildirmişdir ki, ona qarşı olan bütün sübutlar bir günə saxtalaşdırma yolu ilə hazırlanmış və onun tərəfindən qanunazidd hərəkətlərin törədilməsi barədə iddialar səhv və yalan əsasında qurulmuşdur. Eyni zamanda, ərizəçi bildirmişdir ki, Apellyasiya Məhkəməsi heç bir şikayəti araşdırmamışdır. “Seçicilərin şikayətlərinə” gəldikdə, məhkəmə hətta həmin insanların mövcudluğunu araşdırmamışdır. Həmçinin, H.S. tərəfindən öz ittihamlarının geri götürülməsi barədə DSK-yə və Apellyasiya Məhkəməsinə müvafiq məktubların göndərilməsinə və onun məhkəmə baxışında birbaşa iştirakına baxmayaraq, məhkəmə onun dindirilməsindən imtina etmişdir.2005-ci il 5 noyabr tarixdə Ali Məhkəmə ərizəçinin şikayətini rədd etmiş və Apellyasiya Məhkəməsinin 2005-ci il 31 oktyabr tarixli qərarını qüvvədə saxlamışdır. O, işin faktiki hallarının Apellyasiya Məhkəməsi tərəfindən düzgün müəyyən edildiyini, ərizəçinin dəlillərinin isə işdə olan sənədlərlə müvafiq qaydada əsaslandırılmadığını qət etmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Seçki Məcəlləsi
Seçki Məcəlləsinin 88.1-ci maddəsinə əsasən namizədlərin seçkiqabağı proqramında, yığıncaqlarda, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır.88.2-ci maddəyə əsasən, namizədlər tərəfindən seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə qadağandır.2003-cü ildə qəbul edilmiş Seçki Məcəlləsinin 88.4-cü maddəsində qeyd edilir:
“88.4. .......namizədlərin..... seçiciləri aşağıdakı üsullarla ələ alması qadağandır:
88.4.1. təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və digər qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və nominal dəyərə malik olan digər təşviqat materialları istisna edilməklə);
88.4.2. göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;
88.4.3. malların güzəştli satışını keçirmək, hər hansı malı (çap materialları istisna olmaqla) pulsuz vermək;
88.4.4. əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək;
88.4.5 seçkiqabağı təşviqat zamanı seçicilərə qiymətli kağızlar, habelə maddi sərvətlər, pul vəsaiti veriləcəyini vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər göstərilməsi ilə təsir etmək.”
Seçki Məcəlləsinin 113.1-ci və 113.2.3-cü maddələrinə görə, müvafiq seçki komissiyası Məcəllənin 88.2-88.4-cü maddələri ilə qadağan edilən fəaliyyətlə məşğul olan namizədin qeydiyyatının ləğv edilməsi üçün məhkəmə qarşısında vəsatət qaldıra bilər.Seçki komissiyalarının qərarları ilə bağlı şikayətlərə məhkəmələr tərəfindən üç gün müddətində baxılır (Seçki Məcəlləsi daha qısa müddət müəyyən etmirsə). Məhkəmənin qərarından da üç gün müddətində şikayət vermək olar (112.11-ci maddə).
B. Mülki Prosessual Məcəllə
Mülki Prosessual Məcəllənin 25-ci fəslində seçki (və ya referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı ərizələrə baxılması qaydası təsbit edilmişdir. 290-cı maddəyə əsasən belə ərizələr Seçki Məcəlləsi ilə müəyyən edilmiş prosedura uyğun olaraq birbaşa apellyasiya məhkəmələrinə təqdim edilməlidir.Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş ərizələrə məhkəmə tərəfindən 3 gün müddətində (seçkilər günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dәrhal) baxılır (291.1-ci maddə). Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur (291.2-ci maddə).Apellyasiya Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə (kassasiya məhkəməsinə) 3 gün müddətində şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində (seçki günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dərhal) baxılır və məhkəmənin qəbul etdiyi qərar qətidir (292-ci maddə).
HÜQUQİ MƏSƏLƏLƏR
KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN
3-cü MADDƏSİNİN POZULMASI İDDİASI
Ərizəçi Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin və Konvensiyanın 13-cü maddəsinin pozulmasından şikayət edərək bildirmişdir ki, onun parlament seçkilərində namizədliyinin qeydiyyatı əsassız olaraq ləğv edilmişdir. Məhkəmə hesab edir ki, bu şikayət yalnız Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə bağlı hissədə araşdırılmalıdır. Burada qeyd edilir:
“Yüksək Razılığa Gələn Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcək şəkildə, gizli səsvermə yolu ilə, ağlabatan dövriliklə azad seçkilər keçirməyi öhdəsinə götürürlər.”
A. Mümkünlük
Məhkəmə şikayətin Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə əsasən açıq-aşkar əsassız olmadığını və ona baxılmasının digər əsaslara görə də qeyri-mümkün olmadığını qeyd edir. Buna görə də, şikayət baxılması üçün mümkün hesab edilir.
B. Mahiyyət
1. Tərəflərin izahatları
Hökumət bildirmişdir ki, namizədliyin qeydiyyatının ləğvi məsələsini tənzimləyən Seçki Məcəlləsinin 88-ci maddəsinin məqsədi bütün namizədlər üçün bərabər və ədalətli təşviqat üçün şərait yaratmaqdır. Seçicilərin müxtəlif formalarda qanunsuz yollarla ələ alınması ilə məşğul olan namizədlərin qeydiyyatının ləğv edilməsi insanların seçkilərdə iradələrini azad surətdə ifadə etmələrini qorumaq kimi qanuni məqsədə xidmət edir.Hökumət bildirmişdir ki, ərizəçinin namizədliyinin qeydiyyatı seçiciləri pulla ələ almağa çalışdığı üçün ləğv edilmişdir. Hökumətin mövqeyinə görə, bu fakt bir neçə seçici tərəfindən təqdim edilmiş yazılı izahatlarla kifayət qədər sübut edilmişdir. Hökumət bildirmişdir ki, DSK-nın 2005-ci il 29 oktyabr tarixli iclası prosedur tələblərə uyğun keçirilmiş və müvafiq olaraq ərizəçinin namizədliyinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. O qeyd etmişdir ki, ərizəçiyə müvafiq məhkəmə proseslərində öz mövqeyini tam və səmərəli şəkildə müdafiə etməsi üçün imkan yaradılmış və Apellyasiya Məhkəməsi öz qərarını “Seçki Məcəlləsinin tələblərinə uyğun qəbul etmişdir”. Ərizəçi bildirmişdir ki, onun namizədliyinin qeydiyyatının ləğvi üçün sübut edilmiş heç bir faktiki və ya hüquqi əsas olmamışdır. O, həmçinin qeyd etmişdir ki, namizədliyinin qeydiyyatının əsassız ləğvi vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadəsi kimi qiymətləndirilməlidir. Səlahiyyətli nümayəndələrin həmin hərəkətləri Hökumət tərəfindən dəstəklənən namizədə (M.İ.) “rahat şəraitin” yaradılması və onun seçilməsi məqsədi daşımışdır.Ərizəçi bildirmişdir ki, onun namizədliyinin qeydiyyatının ləğv olunması barədə qərar əsassız olmuş və iş üçün əhəmiyyəti olmayan, kifayət etməyən, əsassız və saxtalaşdırılmış sübutlarla əsaslandırılmışdır. Xüsusilə, o qeyd etmişdir ki, qeydiyyatının ləğv edilməsi üçün əsas kimi çıxış etmiş rüşvət verməkdə ittiham olunması ilə bağlı H.S. tərəfindən verilmiş yazılı izahatın qəbul edilməsi faktı DSK-nın daxil olan ərizə və şikayətlərin qeydiyyatının aparıldığı rəsmi jurnala müvafiq qaydada salınmamışdır. Eyni zamanda, həmin izahat namizədliyin qeydiyyatının ləğvi üçün əsas kimi götürülsə də, aidiyyəti qurumlar və məhkəmələr H.S.-i dindirməkdən imtina etmiş və onun tərəfindən ərizəçiyə qarşı verilmiş ittihamedici izahatın geriyə götürülməsi faktını nəzərə almamışlar.Bundan əlavə, ərizəçini ittiham edən yazılı izahatların əksəriyyəti şəxsiyyətləri araşdırılmamış şəxslər tərəfindən verilmiş və saxtalaşdırılmışdır. Həmin şikayətçilər sonradan yerli məhkəmələrdə dindirilməmişlər. Həmin izahatlar qeyri-müəyyən olmuş və əsaslandırılmamışdır, bununla həmin izahatlar ərizəçinin iddia olunan hüquqazidd hərəkətlərinin sübutu kimi qiymətləndirilə bilməz.Ərizəçi daha sonra bildirmişdir ki, DSK-nın 2005-ci il 29 oktyabr tarixli iclasının keçirilməsi zamanı Seçki Məcəlləsinin bir sıra formal tələbləri pozulmuşdur. O, DSK-nın iclasında iştirak etmək üçün dəvət edilməmiş və ona DSK-nın qərarı vaxtında təqdim edilməmişdir. Eyni zamanda, müvafiq sənədlərin araşdırılması həmin iclasın ümumiyyətlə baş tutub- tutmaması və ya məhz 2005-ci il oktyabrın 29-da baş tutması kimi şübhələr yaratmışdır. İclasın vaxtı və iclasda hansı DSK üzvlərinin iştirak etməsi və onların necə səs verməsi ilə bağlı DSK protokollarında uyğunsuzluqlar olmuşdur. O, bundan başqa iddia etmişdir ki, həm DSK, həm də ölkə məhkəmələri qısa zamanda baxışlar keçirmiş, etibarsız sübutlara əsaslanmış və ərizəçiyə qarşı olan iddiaları faktiki olaraq tam əsaslandırmamışlar.
Məhkəmənin qiymətləndirməsi
Məhkəmə qeyd edir ki, seçkilərdə namizədliyini səmərəli şəkildə irəli sürmək hüququna dair presedent hüququnun icmalına digər qərarlar ilə yanaşı Orucov Azərbaycana qarşı işində (4508/06 nömrəli şikayət, 40-42-ci bəndlər, 2011-ci il 26 iyul tarixli qərar) də rast gəlmək mümkündür. Məhkəmə, həmçinin xüsusi olaraq təkrar edir ki, Razılığa gələn Dövlət seçmək və seçilmək hüququnun həyata keçirilməsi ilə bağlı müəyyən şərtlərin irəli sürülməsində geniş səlahiyyətə malik olsa da, məhz Məhkəmə 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə əməl olunub-olunmadığını müəyyənləşdirir; Məhkəmə əmin olmalıdır ki, irəli sürülən şərtlər qeyd olunan hüquqları onların mahiyyətinə zərər gətirəcək dərəcədə pozmur və səmərəli surətdə həyata keçirilməsinə mane olmur; Məhkəmə eyni zamanda əmin olmalıdır ki, bu şərtlər qanuni məqsədlərə çatmaq üçün tətbiq edilir və məhdudiyyətlərin tətbiqi üçün istifadə olunan vasitələr qeyri-proporsional deyil (baxın: Mathieu-Mohin və Clerfayt Belçikaya qarşı, 1987-ci il 2 mart tarixli qərar, 52-ci bənd, A Cildi, 113-cü nömrə; Gitonas və digərləri Yunanıstana qarşı, 1997-ci il 1 iyul tarixli qərar, 39-cu bənd, Qərar və Qərardadlara dair Hesabatlar, 1997-IV; və Yumak və Sadak Türkiyəyə qarşı [GC], 10226/03 nömrəli şikayət, 109-cu bəndin (iii) yarımbəndi, 2008-ci il8 iyul tarixli qərar).Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin namizədliyinin qeydiyyatı seçiciləri ədalətsiz və qanunsuz vasitələrlə ələ almağa çalışan namizədlərin qeydiyyatının ləğv edilməsi imkanını nəzərdə tutan Seçki Məcəlləsinin 88.1, 88.2, 88.4 və 113-cü maddələrinə uyğun olaraq ləğv edilmişdir. 1 saylı Protokolun 3-cü maddəsi burada nəzərdə tutulmuş hüquqların həyata keçirilməsinə tətbiq edilə biləcək məhdudiyyətlərə haqq qazandırmaq üçün mövcud olan “qanuni məqsədlər”in siyahısını əks etdirmədiyindən və Konvensiyanın 8-ci və 11-ci maddələrində əks olunmuş belə məqsədlərə istinad etmədiyindən, Razılığa gələn Dövlətlər bu maddələrdə təsbit olunmamış məqsədlərə əsaslanmaqda azaddırlar, bir şərtlə ki, bu, qanunun aliliyi prinsipi və Konvensiyanın ümumi məqsədlərinə ziddiyyət təşkil etməsin (misal üçün baxın: Ždanoka Latviyaya qarşı [GC], 58278/00 nömrəli şikayət, 115-ci bənd, İHAM 2006-IV). Məhkəmə Hökumətin belə bir arqumenti ilə razılaşır ki, Seçki Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarında təsbit olunmuş şərtlər seçki təşviqatında bütün namizədlərə bərabər və ədalətli şəraitin yaradılmasının təmin edilməsi və seçkilərin demokratik standartlara uyğun keçirilməsi kimi qanuni məqsədə xidmət edir.Hazırda dövlət orqanlarının qərarlarının əsaslı və proporsional olub-olmaması müəyyən edilməlidir.Məhkəmə təkrar edir ki, onun ölkənin daxili qanunvericiliyinə uyğunluq məsələsini yoxlamaq səlahiyyəti məhduddur və sübutların qiymətləndirilməsi, həmçinin daxili qanunvericiliyin təfsiri kimi məsələlərdə ölkə məhkəmələrini əvəz etmək onun vəzifəsi deyil. Bununla belə, müdaxilənin 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə uyğunluğuna nəzarət edilməsi məqsədləri üçün Məhkəmə müvafiq ölkədaxili prosedurları və qərarları təfsilatı ilə araşdırmalı, ərizəçiyə əsassız qərar qəbul edilməsinə qarşı kifayət qədər təminatın verilib-verilmədiyini və müvafiq qərarların kifayət qədər əsaslandırılıb-əsaslandırılmadığını müəyyənləşdirməlidir (mutatis mutandis baxın: Melnychenko Ukraynaya qarşı, 17707/02 nömrəli şikayət, 60-cı bənd, İHAM 2004-X).Bundan əlavə, Məhkəmə qeyd edir ki, namizədin ədalətsiz və ya qeyri-qanuni təşviqat metodlarından istifadə etməsinin müəyyən olunması onun üçün ciddi nəticələrə, həmçinin qeydiyyatının ləğv olunmasına səbəb ola bilər. Konvensiya fərdi seçki hüquqlarının səmərəli şəkildə həyata keçirilməsini təmin etdiyi üçün Məhkəmə hesab edir ki, namizədin qeydiyyatının əsassız olaraq ləğv edilməsinin qarşısını almaq məqsədilə müvafiq ölkədaxili qaydalar namizədlərin seçki prosesində hüquq pozuntusu törətməsi barədə sui-istifadə xarakteri daşıyan və əsassız iddialardan qorunması üçün kifayət qədər təminatları ehtiva etməli və qeydiyyatın ləğv edilməsinə dair qərarlar mötəbər, işə aidiyyəti olan və kifayətedici sübutlarla əsaslandırılmalıdır (baxın: yuxarıda qeyd edilən Orucov Azərbaycana qarşı, 46-cı bənd).Hazırkı işdə ərizəçinin namizədliyinin qeydiyyatı iki əsasa görə ləğv edilmişdir. Birincisi, o seçicilərə pul təklif etmişdir, ikincisi, o, rəqibini təhqir etmiş və onun təşviqat görüşünü pozmuşdur.Birinci əsasa gəldikdə, bunu təsdiq edən yeganə sübut H.S. tərəfindən təqdim edilmiş yazılı izahat olmuşdur. Həmin izahatda H.S. qeyd etmişdir ki, ərizəçi onun tərəfindən görüləcək seçicilərə rüşvət verilməsində vasitəçi xidmətinə görə ona pul vermişdir. Lakin Məhkəmə qeyd etmişdir ki, H.S. həm DSK, həm də yerli məhkəmələr tərəfindən dindirilməmişdir, halbuki, o, 2005-ci il oktyabrın 31-də Apellyasiya Məhkəməsində işə baxılarkən məhkəmə binasında olmuşdur. Eyni zamanda, işdə olan sənədlərə əsasən 2005-ci il oktyabrın 28-dən başlayaraq H.S. aidiyyəti qurumlara və məhkəmələrə müvafiq izahatları göndərərək bildirmişdir ki, o, ərizəçiyə qarşı olan bütün ittihamlarını geri götürür. Lakin həmin izahatlar yerli məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Məhkəmə hesab edir ki, H.S. tərəfindən verilmiş ilkin yazılı izahatın həqiqiliyinin yoxlanılması üçün onun dindirilməsi və onun tərəfindən verilmiş sonrakı izahatların araşdırılması vacib olmuşdur. Eyni zamanda, ərizəçinin seçicilərə rüşvət verməsi iddiaları digər sübutlarla təsdiq olunmamışdır. Belə olan halda, Məhkəmə hesab edir ki, yerli məhkəmələrin əsaslandığı sübutlar kifayətedici olmamış və həmin sübutların etibarlılığına hüquqi şübhənin aradan qaldırılması məqsədilə onlar müvafiq qaydada qiymətləndirilməmişdir.Ərizəçinin namizədliyinin qeydiyyatının ləğvi üçün ikinci əsasa gəldikdə isə, Məhkəmə qeyd edir ki, bununla əlaqədar DSK tərəfindən təqdim edilmiş sübutlar ərizəçini rəqiblərinin ünvanına təhqiramiz ifadələrdən istifadə edilməsində (baxın, 9-11-ci bəndlərə) ittiham edən bir sıra şəxslər tərəfindən göndərilmiş müxtəlif qısa izahatlardan və teleqramlardan ibarət olmuşdur. Məhkəmə qeyd edir ki, həmin izahatlardan heç biri ərizəçinin qanunsuz hərəkətlərini xüsusi olaraq göstərmir (istifadə edilmiş “təhqiramiz ifadələr” və ya qanunsuz hərəkətlərin izahı və törədildiyi vaxtı). Əksinə, onlar qeyri-müəyyən yazılmış və əsaslandırılmamış iddialardan ibarət olmuşdur. Məhkəmələr ərizəçi tərəfindən törədilməsi iddia olunan qanunsuz hərəkətlər barədə daha dəqiq məlumatların alınması, həmin məlumatların əlavə sübutlarla təsdiq edilməsi və ya həmin izahatları verən şikayətçilərin dindirilməsi və bununla ərizəçiyə həmin iddialardan müdafiə olunması üçün imkan yaradılması məqsədilə bu izahatların müəlliflərinin şəxsiyyətlərini müəyyən etməmişdirlər. Bununla, həmin yazılı izahatlar hər hansı faktiki xüsusiyyətləri təsdiq edən və ya ərizəçinin qanunsuz hərəkətlərinin törədilməsini sübut edən kimi qiymətləndirilə bilməz. Belə olan halda, Məhkəmə hesab edir ki, yazılı şikayətlər və teleqramlar ərizəçi tərəfindən qanunsuz hərəkətlərin törədilməsinin sübut edilməsi üçün kifayətedici və müvafiq qaydada qiymətləndirilmiş kimi nəzərə alına bilməz.DSK-nın təqdim edilmiş digər sübutları 2005-ci il oktyabrın 28-də M.İ. tərəfindən seçiciləri ilə təşkil edilmiş görüşün ərizəçinin qanunazidd hərəkətləri ilə pozulması barədə M.İ. və bir qrup YAP üzvlərinin şikayətlərindən ibarət olmuşdur. Məhkəmə hesab edir ki, həmin ittihamlar ərizəçinin əsas rəqibi və onun siyasi tərəfdarları tərəfindən irəli sürülmüşdür. Bununla, həmin ittihamların həqiqiliyini məhkəmələr xüsusilə araşdırmalıdırlar. Lakin həmin şikayətlərin müəllifləri məhkəmə iclaslarına çağırılmamış və dindirilməmişlər. Eyni zamanda, iddia olunduğu kimi ərizəçi M.İ. tərəfindən seçicilərlə keçirilmiş görüşü qanunazidd hərəkətlərlə pozmuşdur, bununla həmin görüş iştirakçıları və digər şəxslər pozuntunun şahidləri ola bilərdilər. Lakin məhkəmələr M.İ. və digər YAP üzvlərinin izahatlarının yoxlanılması və ərizəçinin iddia olunan qanunsuz hərəkətlərinin Seçki Məcəlləsinin müvafiq müddəalarına zidd olduğunun qiymətləndirilməsi məqsədilə baş vermiş hadisənin şahidlərinin aşkar edilməsi və dindirilməsi üçün heç bir tədbir görməmişlər.Eyni zamanda, ərizəçinin namizədliyinin qeydiyyatının ləğvinin ikinci əsasının hüquqi əsasları ilə əlaqədar Məhkəmə qeyd edir ki, yerli məhkəmələr Seçki Məcəlləsinin 88.1 və 88.2-ci maddələrinə istinad etmişlər. Lakin məhkəmələr öz qərarlarında ərizəçinin iddia olunan qanunazidd hərəkətlərin həmin müddəaların pozuntusu kimi tövsif edilməsini müvafiq qaydada əsaslandırmamışlar. Xüsusilə, ərizəçi rəqiblərin “təhqir edilməsində” və M.İ. tərəfindən seçiciləri ilə təşkil edilmiş görüşü pozmasında ittiham edilsə də, Məhkəməyə aydın deyil ki, hansı səbəblərə görə həmin hərəkətlər ediliblərsə də Seçki Məcəlləsinin 88.2-ci maddəsi ilə qadağan edilən “seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə” kimi qiymətləndirilmişdir. Məhkəmənin milli qanunvericiliyin şərh edilməsində yerli məhkəmələrin səlahiyyətlərinə qarışmaq niyyəti olmasa da, o hesab edir ki, Seçki Məcəlləsinin 88.2-ci maddəsi ərizəçi tərəfindən törədilməsi iddia olunan hərəkətlərin tövsif edilməsi üçün düzgün seçilməmişdir. O cümlədən, yuxarıda qeyd olunan səbəblərə görə, Məhkəmə hesab edir ki, yerli məhkəmələr tərəfindən Seçki Məcəlləsinin qeyd olunan müddəasının tətbiqinin hüquqi cəhətdən əsaslandırılmaması məhkəmə qərarlarının əsassızlığı kimi qiymətləndirilməlidir.Yuxarıda qeyd olunan səbəblərə görə Məhkəmə hesab edir ki, ərizəçinin qeydiyyatının ləğv edilməsi haqqında qərar işə aidiyyəti olmayan, kifayət etməyən və adekvat surətdə araşdırılmamış dəlillərə əsaslanmışdır. Eyni zamanda, yerli məhkəmələrin qərarları hüquqi cəhətdən kifayət qədər əsaslandırılmamışdır.Bundan əlavə, Məhkəmə qeyd edir ki, ərizəçiyə onun barəsində əsassız qərar qəbul edilməsinə qarşı kifayət qədər prosessual təminatlar verilməmişdir. Xüsusilə, DSK 2005-ci il 29 oktyabr tarixli iclası barədə ərizəçiyə məlumat verməmiş, bununla da onu DSK-da mövqeyini müdafiə etmək imkanından məhrum etmiş və şikayətçiləri dindirmədən və ya vəziyyətin hərtərəfli qiymətləndirilməsinə hər hansı başqa şəkildə səy göstərmədən namizədliyin qeydiyyatının ləğv edilməsi ilə bağlı vəsatət qaldırılmasına dair qərar qəbul etmişdir. Bundan sonra, DSK-nın vəsatətinə Apellyasiya Məhkəməsində baxış zamanı ərizəçiyə işdə olan sənədlərin öyrənilməsi və öz müdafiəsinin hazırlanması üçün kifayət qədər vaxt verilməmiş, o, baş tutacaq məhkəmə iclası barədə məlumatı onun başlanılmasından bir neçə saat əvvəl almışdır. Məhkəmə təkrar edir ki, məqsədəuyğunluğun nəzərə alınması və seçki proseslərində gecikmələrin qarşısının alınması məqsədilə sıx müddətlərə əməl edilməsi seçki prosesinin səmərəliliyinə mənfi təsir göstərməməli (baxın: mutatis mutandis, Namat Aliyev Azərbaycana qarşı, 18705/06 nömrəli şikayət, 2010-cu il 8 aprel tarixli qərar, 90-cı bənd) və ya müvafiq şəxslər qanunazidd davranışla əlaqədar onlara qarşı irəli sürülmüş ittihamların mübahisələndirilməsi üçün səmərəli şəraitdən istifadə edilməsindən məhrum edilməməlidirlər (baxın: yuxarıda qeyd olunan Orucov Azərbaycana qarşı, 56-cı bənd). Hazırkı işdə məlum olmuşdur ki, ərizəçinin namizədliyinin qeydiyyatının ləğvi məsələsinə əvvəlcədən məlumat verilmədən baxılmış, bununla ərizəçi məhkəmə baxışına hazırlaşa bilməmişdir. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi ölkə məhkəmələri ərizəçinin dəlillərini və izahatlarını nəzərə almamış və onlara əsaslandırılmış cavablar verməmişlər.Yuxarıdakıları nəzərə alaraq Məhkəmə qərara gəlir ki, ərizəçinin seçki hüquqlarına müdaxilə 1 saylı Protokolun 3-cü maddəsi ilə nəzərdə tutulan tələblərə cavab vermir. Ərizəçinin qeydiyyatının ləğv edilməsi barədə qərar kifayətedici və işə aidiyyəti olan sübutlara əsaslanmamış, seçki komissiyasında və ölkə məhkəmələrində işə baxılması zamanı ərizəçiyə barəsində əsassız qərar çıxarılmasına qarşı kifayət qədər təminat verilməmiş və onların qərarları kifayət qədər əsaslandırılmamışdır.Beləliklə, Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi pozulmuşdur.
II. KONVENSİYANIN 6-cı MADDƏSİNİN POZULMASI İDDİALARI
Ərizəçi Konvensiyanın 6-cı maddəsi əsasında şikayət edərək bildirmişdir ki, yerli məhkəmələr onun işinin araşdırılması zamanı ədalətsiz və əsassız qərarlar qəbul etmişdir. Konvensiyanın 6-cı maddəsində aşağıdakılar bildirilir:
“Hər bir kəsin ... mülki hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı işə ... məhkəmə tərəfindən ... ədalətlə baxılması hüququ vardır ...”
Məhkəmə qeyd edir ki, sözügedən məhkəmə baxışında ərizəçinin parlament seçkilərində namizəd kimi iştirak etmək hüququnun pozulması məsələsinə baxılmışdır. Başqa sözlə, mübahisə predmeti Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən edildiyi “mülki hüquq və vəzifələr” deyil, ərizəçinin siyasi hüquqları olmuşdur (baxın: Pierre-Bloch Fransaya qarşı, 21 oktyabr 1997-ci il, 50-ci bənd, Hesabatlar, 1997-VI; Cherepkov Rusiyaya qarşı, 51501/99 nömrəli şikayət, İHAM 2000-I; Ždanoka Latviyaya qarşı, 58278/00 nömrəli şikayət, 6 mart 2003-cü il; və Mütəllibov Azərbaycana qarşı (qərardad), 31799/03 nömrəli şikayət, 19 fevral 2004-cü il). Beləliklə, Konvensiyanın bu müddəası barəsində şikayət edilən məhkəmə baxışına tətbiq edilmir.Buradan belə nəticəyə gəlmək olar ki, Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə uyğun olaraq şikayət predmetinə görə Konvensiyanın müddəaları ilə ziddiyyət təşkil edir və buna görə də 35-ci maddənin 4-cü bəndinə görə rədd edilməlidir.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
Ərizəçi Milli Məclisin üzvü kimi əldə edəcəyi məbləğ, həmçinin seçkiqabağı təşviqata sərf etdiyi məbləğ də daxil olmaqla 101.346 manat məbləğində vurulmuş maddi ziyanın ödənilməsini tələb etmişdir.Hökumət ərizəçinin tələbinə etiraz etmiş və bu tələbin heç bir sənədlə əsaslandırılmadığını bildirmişdir.Milli Məclisin üzvü kimi əldə edəcəyi əmək haqqının itirilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin seçilmək hüququnun təmin olunması araşdırılır. Ərizəçinin namizədliyinin qeydiyyatının ləğv edilməyəcəyi təqdirdə dairə üzrə məhz onun seçiləcəyini və parlamentin deputatı olacağını qəti şəkildə təsdiqləmək mümkün deyil. Buna görə də, Məhkəmənin ərizəçinin parlamentin deputatı kimi əmək haqqı alıb-ala bilməyəcəyi məsələsində spekulyasiyaya yol verməsi mümkün deyil. Bununla, Məhkəmə müəyyən edilmiş pozuntu ilə iddia olunan məbləğ arasında səbəbiyyət əlaqəsinin olmadığı qənaətindədir. Seçkiqabağı təşviqata sərf edilən məbləğlə bağlı tələblərə gəlincə, Məhkəmə müəyyən edilmiş pozuntu ilə iddia olunan məbləğ arasında hər hansı səbəbiyyət əlaqəsinin olmadığı qənaətindədir və buna görə də tələbi rədd edir.Buna görə də, Məhkəmə maddi ziyanın ödənilməsi ilə bağlı tələbi rədd edir.
2. Mənəvi ziyan
Ərizəçi dəymiş mənəvi ziyana görə 21.000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.Hökumət tələb olunan məbləğin həddindən çox olduğunu bildirmişdir.Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyana məruz qalmışdır və bu ziyanı yalnız 1 saylı Protokolun 3-cü maddəsinin pozulması faktının müəyyən edilməsi ilə kompensasiya etmək mümkün deyil. Məhkəmə ədalətli qiymətləndirmə apararaq ərizəçiyə dəymiş mənəvi ziyana görə tutulacaq vergi də daxil olmaqla 7.500 avro ödənilməsini qət edir.
B. Xərclər və məsrəflər
Ərizəçi Avropa Məhkəməsinə müraciətlə bağlı çəkilmiş xərc və məsrəflərə görə 3.500 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Bu məbləğdən 1.500 manatı hüquqi xidmətə görə ödənilmiş, 2.000 manatı isə hüquqşünasa ödənilməli olan məbləğ təşkil etmişdir.Hökumət tələb olunan məbləğin həddindən çox, həmçinin əsassız olduğunu və həqiqətdə sərf edilmədiyini bildirmişdir.Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. Hazırkı işdə olan sənədləri və yuxarıda qeyd olunmuş meyarları nəzərə alaraq Məhkəmə çəkilmiş bütün xərc və məsrəflərə görə ərizəçiyə tutulacaq vergi də daxil olmaqla 1.385 avro məbləğinin ödənilməsini qət edir.
C. Faizlərin ödənilməsi
Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ,
MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Ərizəçinin namizədliyinin qeydiyyatının ləğv edilməsi ilə bağlı Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi əsasında edilmiş şikayətə baxılmasını mümkün və digər şikayətlərə baxılmasını mümkünsüz hesab edir;
2. Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulduğunu qət edir;
3. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində tutulacaq faiz də daxil olmaqla aşağıdakı məbləğlərdə vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ərizəçiyə ödəməlidir:
(i) tutulacaq vergi də nəzərə alınmaqla mənəvi ziyana görə 7.500 (yeddi min beş yüz) avro;
(ii) ərizəçidən tutulacaq vergi də daxil olmaqla xərc və məsrəflərə görə 1.385 (min üç yüz səksən beş) avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
4. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 28 fevral 2012-ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen Nina Vajiç
Katib Sədr
Full & Egal Universal Law Academy