Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 17
Aprel 2000-ci il
***
Afanassoğlu (Athanassoglou) və başqaları İsveçrəyə qarşı [BP] – ərizə № 27644/95
6.4.2000 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Mülki hüquq və öhdəliklər
(Mülki) hüquq və öhdəliklərin müəyyənləşdirilməsi
Nüvə enerjisi stansiyasının fəaliyyətinə etiraz etmək üçün məhkəməyə müraciət imkanına malik olmaq: pozuntu baş verməyib
Faktlar: Ərizəçilər 1971-ci ildən bəri özəl şirkət tərəfindən istismar olunan nüvə stansiyasının yaxınlığında yerləşən əmlakın sahibi və ya icarəçiləri idilər. Şirkət 1991-ci ildə istismar icazəsinin müddətsiz olaraq uzadılması üçün müraciət etdikdə buna qarşı çoxlu sayda şikayət ərizələri təqdim edilərək stansiyanın təhlükəli olması səbəbindən bağlanması tələb edildi. Şikayətçilər stansiyadakı nöqsanları vurğulayan hesabata istinad etdilər. İsveçrə Federal Şurası (hökumət) bütün şikayətləri rədd etdi və şirkətə məhdud dövr üçün müvəqqəti istismar lisenziyası verdi. Federal Şura bu sahədə cavabdeh orqan idi və onun qərarlarından şikayət verilə bilməzdi. O, təhlükəsizlik məsələləri üzrə müxtəlif orqanların hesabatlarına istinad etdi. Ərizəçilər məhkəməyə müraciət etmək imkanının olmamasından şikayət etdilər.
Hüquqi məsələlər: Hökumətin ilkin etirazı (daxili hüquqi müdafiə vasitələrinin tükəndirilmədiyi barədə) – daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi məsələsi şikayətin mahiyyəti ilə o dərəcədə əlaqəli idi ki, Məhkəmə bu məsələyə şikayətin mahiyyəti ilə birlikdə baxmağı qərara aldı.
6-cı maddənin 1-ci bəndi – Daxili qanunvericilik və şikayətin xarakteri Balmer-Şafrotun işində (Reports of Judgments and Decisions 1997-IV) olduğu kimidir. Ərizəçilərin istinad etdiyi hüquqlar (yaşamaq, fiziki toxunulmazlıq və mülkiyyət hüququ) İsveçrə qanunvericiliyinə əsasən fərdlər üçün tanınan hüquqlardır və bu məsələdə fikir ayrılığı yoxdur ki, bu işdə məhkəməyə çıxarıla biləcək həqiqi və ciddi mübahisə mövcuddur. Lakin işin nəticəsinin bu hüquqlar üçün birbaşa həlledici əhəmiyyət daşıması üçün bu hüquqlara qarşı konkret və real təhlükə mövcud olmalıdır. Təhlükəsizlik məsələləri ilə bağlı əldə etdiyi hesabatları nəzərə alaraq, Məhkəmə ərizəçilərin fərdi durumu məsələsində bu iş ilə Balmer-Şafrotun işi arasında hər hansı mühüm fərq olduğunu hesab etmədi, belə ki, həmin işdə də ərizəçilər iddia etmirdilər ki, müqabilində kompensasiya tələb etdikləri ziyana məruz qalıblar. Ərizəçilərin istinad etdikləri hesabatda onların konkret və ilk növbədə real təhlükəyə məruz qaldıqları göstərilməmişdi. Buna görə də, Federal Şuranın qərarı ilə daxili qanunvericilikdə müəyyən edilən hüquqlar arasında iddia edilən əlaqə olduqca uzaq və zəif idi. Ərizəçilərin 6-cı maddədə nəzərdə tutulmuş hüquqi müdafiə vasitəsindən nüvə enerjisindən istifadə prinsipinə etiraz etmək üçün, yaxud ən azı ayrı-ayrı nüvə enerjisi stansiyalarının istismarı ilə bağlı yekun qərarın qəbulu səlahiyyətinin hökumətdən alınaraq məhkəmələrə verilməsinə nail olmaq üçün istifadə etmək cəhdlərinə gəlincə, nüvə enerjisindən istifadənin tənzimlənməsinin ən yaxşı yolu iştirakçı dövlətin öz ölkəsinin demokratik proseslərinə uyğun olaraq bu sahədə siyasətə dair qərar qəbul etməsidir. Fərziyyə xarakterli belə bir məsələni nəzərdən keçirmək Məhkəmənin işi deyil ki, ərizəçilər stansiyanın onlara konkret və real təhlükə yaratdığını sübut edə bilsəydilər, Mülki Məcəllədə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələri 6-cı maddənin 1-ci bəndinin tələblərinə cavab vermək üçün yetərli olacaqdımı; buna görə də Hökumətin ilkin etirazı ilə bağlı Məhkəmənin qərar çıxarmasına ehtiyac yoxdur. Yekun olaraq, 6-cı maddə bu işə tətbiq edilə bilməz.
Nəticə: 6-cı maddə bu işə tətbiq edilə bilməz (beş səsə qarşı on iki səslə).
Maddə 13 – Yuxarıda göstərilən səbəblər belə qənaətə gəlməyə əsas verir ki, ərizəçilər əsaslı iddia tələbinə malik deyillər və buna görə də bu maddə bu işə tətbiq edilə bilməz.
Nəticə: 13-cü maddə bu işə tətbiq edilə bilməz (beş səsə qarşı on iki səslə).
Full & Egal Universal Law Academy