Avotinş (Avotiņš) Latviyaya qarşı [BP] – ərizə № 17502/07
23.5.2016 tarixli qərar [BP]
Maddə 6
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması hüququ
Tərəflərin bərabərliyi prinsipi
Borclu barəsində Kiprdə onun iştirakı olmadan çıxarılmış məhkəmə qərarının Latviyada icra edilməsi: pozuntu baş verməyib
Faktlar – Latviya vətəndaşı olan ərizəçi və Kiprdə qeydiyyata alınmış kommersiya şirkəti 1999-cu ilin mayında borcun rəsmən təsdiq edilməsinə dair notariat qaydasında təsdiqlənmiş sənəd imzaladılar və sənəddə ərizəçi bildirdi ki, şirkətdən müəyyən məbləğdə borc alıb və həmin məbləği həmin ilin 30 iyun tarixinədək faizi ilə birlikdə ödəməyi öhdəsinə götürür. Bu sənəd Kipr qanunvericiliyi ilə tənzimlənirdi və Kipr məhkəmələri ondan irəli gələn hər hansı mübahisəyə dair qərar çıxarmaq səlahiyyətinə malik idilər.
Borc geri ödənilmədiyinə görə 2003-cü ildə şirkət Kipr məhkəməsində ərizəçiyə qarşı iddia qaldırdı. 2003-cü ilin mayında məhkəmə ərizəçinin iştirak etmədiyi prosesdə onun üzərinə borcu faizlə birlikdə ödəmək öhdəliyi qoyan qərar çıxardı. Həmin qərara əsasən ərizəçi məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış, amma iclasa gəlməmişdi.
2006-cı ilin fevralında şirkətin vəsatəti əsasında Latviya məhkəməsi Kipr məhkəməsinin qərarının tanınmasına və məcburi icrasına, habelə borc öhdəliyinin ərizəçinin əmlakına yönəldildiyi barədə qeydin torpaq reyestrinə daxil edilməsinə dair qərar qəbul etdi.
Ərizəçi iddia etdi ki, həm Kipr məhkəməsinin qərarının, həm də həmin qərarın məcburi icrası barədə Latviya məhkəməsinin qərarının mövcudluğundan 2006-cı ilin iyununda təsadüfən xəbər tutub. O, Kipr məhkəməsinin qərarından daxili məhkəmələrə şikayət verməyə cəhd etmədi, amma həmin qərarın məcburi icrası barədə Latviya məhkəməsinin qərarından Latviya məhkəmələrinə şikayət etdi.
Yanvar 2007-ci il tarixli yekun qərarında Latviya Ali Məhkəməsinin Senatı şirkətin vəsatətini təmin etdi və Kipr məhkəməsinin qərarının tanınmasına və məcburi icrasına, habelə borc öhdəliyinin ərizəçinin torpaq reyestrində qeydə alınmış əmlakına yönəldilməsinə dair qərar qəbul etdi. Həmin qərarın əsasında məhkəmə icra sənədi verdi və ərizəçi məhkəmənin qərarını yerinə yetirdi. Müəyyən müddətdən sonra onun əmlakı üzərinə qoyulmuş yüklənmə öhdəliyi götürüldü.
Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi şikayət etdi ki, onun rəyinə görə, müdafiə hüquqları nəzərə alınmadan açıq-aydın pozuntulara yol verilməklə qəbul edilmiş Kipr məhkəməsinin qərarının icrasına icazə verməklə Latviya məhkəmələri Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə riayət etməyiblər. O, Latviya məhkəmələri qarşısında iddia etmişdi ki, Kipr məhkəməsinə gəlmək barədə çağırış vərəqəsini və şirkətin iddia tələbi barədə məlumatı ona vaxtında verməyiblər və bu səbəbdən o öz müdafiəsini həyata keçirmək imkanına malik olmayıb. Buna görə də Latviya məhkəmələri Kipr məhkəməsinin qərarının icrasına icazə verməkdən imtina etməli idilər.
25 fevral 2014-cü il tarixli qərarında (177 saylı məlumat bülleteninə bax) Məhkəmənin Palatası yekdilliklə bu qənaətə gəldi ki, 6-cı maddənin 1-ci bəndinin pozuntusu baş verməyib. 8 sentyabr 2014-cü ildə iş ərizəçinin vəsatəti əsasında Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi
a) 6-cı maddənin 1-ci bəndinin bu işə tətbiqinin mümkünlüyü məsələsi – Kipr məhkəməsinin qərarı ilə ərizəçinin üzərinə borc müqaviləsi üzrə öhdəliyini icra etmək vəzifəsinin qoyulması mahiyyət etibarı ilə ərizəçinin üzərinə düşən "mülki" hüquqi öhdəlik idi. Buna görə də 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilər.
b) Ekvivalent müdafiə prezumpsiyası ("Bosfor prezumpsiyası") – Avropa İttifaqı ölkələrinin hüquq sistemində ekvivalent müdafiə prezumpsiyası iki şərt mövcud olduqda, yəni dövlət hakimiyyəti orqanlarının başqa cür hərəkət etməsi üçün və Avropa İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş nəzarət mexanizminin bütün potensialının tətbiq edilməsi üçün heç bir imkan olmadıqda tətbiq edilir.
Birinci şərtə gəlincə, Ali Məhkəmənin Senatının tətbiq etdiyi müddəa dövlətin üzərinə nail olunmalı nəticə ilə bağlı öhdəlik qoyan, amma həmin nəticəyə nail olma vasitələrini və üsullarını dövlətin ixtiyarına buraxan direktivdə deyil, üzv dövlətlərdə bütünlüklə və birbaşa tətbiq edilən reqlamentdə (Brüssel I) yer almışdı. Sözügedən müddəa xarici məhkəmənin qərarının tanınmasından və ya icrasından imtina etməyə yalnız dəqiq müəyyən edilmiş məhdud hallarda və müəyyən şərtlərlə icazə verirdi. Avropa İttifaqı Məhkəməsinin (CJUE) verdiyi şərhdən belə aydın olurdu ki, bu müddəa xarici məhkəmənin qərarını icraya yönəltməli olan məhkəməyə hər hansı diskresion səlahiyyət vermirdi. Buna görə də Avropa Məhkəməsi bu qənaətə gəldi ki, Latviya Ali Məhkəməsinin Senatı bu işdə başqa cür hərəkət etmək imkanına malik deyildi.
İkinci şərtə, yəni Avropa İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş nəzarət mexanizminin bütün potensialının tətbiq edilməsi imkanının mövcudluğu məsələsinə gəlincə, Ali Məhkəmənin Senatı Avropa İttifaqı Məhkəməsinə (AİM) Reqlamentin müvafiq müddəasının şərhinə və tətbiqinə dair ilkin qərar çıxarması üçün müraciət etməmişdi. Lakin bu ikinci şərt həddən artıq formalizmə yol verilmədən və sözügedən nəzarət mexanizminin konkret xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilməlidir.
Ərizəçi Reqlamentin müvafiq müddəasının şərhi və təməl hüquqlara uyğunluğu məsələsi ilə bağlı elə bir konkret arqument irəli sürmədi ki, onun əsasında AİM-in ilkin qərar çıxarması üçün müraciət etməyin zəruriliyi qənaətinə gəlmək mümkün olsun, həmçinin özü də bu barədə Latviya Ali Məhkəməsinin Senatına heç bir vəsatət verməmişdi. Müvafiq olaraq, bu məsələnin ilkin qərar çıxarılması üçün baxılmağa təqdim edilməməsi hazırkı işdə həlledici amil deyildi. Beləliklə, "Bosfor prezumpsiyası"nın ikinci şərtinin tətbiqi üçün imkanın mövcud olduğunu hesab etmək olmaz.
Yuxarıdakı mülahizələri nəzərə alsaq, ekvivalent müdafiə prezumpsiyası hazırkı işə tətbiq edilə bilər, belə ki, Ali Məhkəmənin Senatı sadəcə olaraq Latviyanın Avropa İttifaqına üzvlüyündən irəli gələn hüquqi öhdəliklərini icra etmişdi.
c) Konvensiya ilə təmin edilən hüquqların müdafiəsinin, iddia edildiyinə görə, açıq-aydın yetərsiz olması – Məhkəmə müəyyənləşdirməyə çalışdı ki, təməl hüquqların təmin olunması üçün Latviya Ali Məhkəməsinin Senatının təqdim etdiyi müdafiə hazırkı işdə Avropa İttifaqı qanunvericiliyinin qüvvədə olan müddəasına və konkret olaraq onun ərizəçinin işinə tətbiqinə münasibətdə ekvivalent müdafiə prezumpsiyasının tələblərinə cavab verməyəcək dərəcədə açıq-aydın yetərsiz idimi?
Reqlamentin müvafiq müddəasında nəzərdə tutulmuş mexanizmdən irəli gələn və AİM-in şərhində qeyd edilən hüquqi müdafiə vasitələrinin tükəndirilməsi tələbi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində yer alan təminatlar baxımından heç bir problem yaratmırdı.
Latviya Ali Məhkəməsindəki icraatda ərizəçi şikayət etdi ki, Kipr məhkəməsindən çağırış vərəqəsi almayıb və ya onun qərarı barədə məlumatlandırılmayıb. Bu şikayətində o, Reqlamentin müvafiq müddəasında nəzərdə tutulan və məhkəmə qərarının tanınmamasına imkan verən əsaslara istinad etdi. Bu müddəada birbaşa bildirilirdi ki, belə əsaslar yalnız o şərtlə gətirilə bilər ki, imkan olduğu halda öncə sözügedən məhkəmə qərarından şikayət verilmiş olsun. Ərizəçinin tələb olunduğu kimi sözügedən məhkəmə qərarından şikayət etmədən həmin müddəaya istinad etməsi hazırkı işin halları baxımından Kiprdə bu hüquqi müdafiə vasitəsinin (qərardan şikayət etmənin) əlçatan olub-olmaması məsələsini labüd surətdə ortaya çıxarırdı. Belə vəziyyətdə Senat yanvar 2007-ci il tarixli qərarında sadəcə olaraq müvafiq məhkəmə qərarından şikayət vermədiyinə görə ərizəçini tənqid etməkdə və qərarın çıxarıldığı ölkədə hüquqi müdafiə vasitəsinin mövcudluğu və əlçatan olması məsələsinə münasibətdə sübutetmə yükünün hansı tərəfin üzərinə düşdüyü barədə heç nə bildirməməkdə haqlı deyildi; Reqlamentin müvafiq müddəası kimi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi də hüquqi müdafiə vasitəsinin əlçatan olması şərtinin yerinə yetirilməsinin yoxlanılmasını tələb edirdi və əgər o əlçatan deyildisə Senat ərizəçinin şikayətinə baxmaqdan imtina edə bilməzdi. Beləliklə, sübutetmə yükünün hansı tərəfin üzərinə düşdüyünün müəyyənləşdirilməsi (Avropa İttifaqı Komissiyasının vurğuladığı kimi, bu məsələ Avropa ittifaqı qanunvericiliyi ilə tənzimlənmirdi) hazırkı işdə həlledici amil idi. Müvafiq olaraq, bu məsələyə əsaslandırılmış qərarların çıxarılması ilə nəticələnən çəkişmə xarakterli məhkəmə prosesində baxılmalı idi. Lakin Ali Məhkəmə bu məsələ barəsində susmaqla belə güman etmişdi ki, sübutetmə yükü ərizəçinin üzərinə düşür, yaxud faktiki olaraq ərizəçinin sərəncamında müvafiq hüquqi müdafiə vasitəsi olub. Reqlamentin müvafiq müddəasının hərfi mənada və avtomatik tətbiqini əks etdirən bu yanaşma nəzəri cəhətdən belə qənaətə gəlməyə səbəb ola bilərdi ki, təqdim edilən müdafiə bu işdə müdafiə tərəfinin 6-cı maddənin 1-ci bəndi ilə təmin edilən hüquqlarının ekvivalent müdafiəsi prezumpsiyasının tələblərinə cavab verməyəcək dərəcədə açıq-aydın yetərsizdir. Lakin hazırkı şikayətin konkret hallarını nəzərə alaraq, Məhkəmə bunun belə olmadığını hesab edir, hərçənd ki, yuxarıda qeyd edilən nöqsan təəssüf doğurur.
Məhkəmə qərarının çıxarılmasından uzun müddət keçməsinə baxmayaraq, həmin qərarın mövcudluğundan xəbər tutduqdan sonra ərizəçinin qərardan şikayət etməsi üçün Kipr qanunvericiliyində tamamilə real imkan nəzərdə tutulmuşdu. Kiprin qanunvericiliyinə və presedent hüququna əsasən, özünün iştirakı olmadan əleyhinə qərar çıxarılmış cavabdeh qərarın ləğvi üçün vəsatət verərdisə və qərarı çıxarmış məhkəməyə lazımi qaydada çağırılmadığını sübuta yetirilə bilən əsaslar gətirməklə iddia edərdisə, o halda cavabdehin iştirakı olmadan qəbul edilmiş qərarın ləğv edilməsi vəsatətə baxan məhkəmənin sadəcə səlahiyyəti deyil, həm də borcu idi. 2006-cı ilin iyunundan (həmin tarixdə ərizəçi birinci instansiya məhkəməsinin binasında işin bütün materialları ilə tanış olmaq imkanı əldə etmişdi və Kipr məhkəməsinin qərarının məzmunu ilə tanış ola bilərdi) 2007-ci ilin yanvarınadək (həmin tarixdə Ali Məhkəmənin Senatı məhkəmə iclası keçirmişdi) ərizəçi Kipr məhkəmələrində hüquqi müdafiə vasitəsindən istifadə etmək üçün kifayət qədər vaxta malik idi. Lakin təkcə özünə bəlli olan səbəblərə görə buna cəhd etməmişdi.
Kipr məhkəməsinin qərarında mövcud hüquqi müdafiə vasitələrinin göstərilməməsi faktı Avropa Məhkəməsinin qənaətlərinə təsir göstərmir. Əslində Latviyanın mülki prosessual qanunvericiliyi məhkəmələrdən tələb edirdi ki, qərarlarının mətnində qərardan şikayət etmənin üsullarını və müddətlərini ətraflı şəkildə göstərsinlər. Bu tələb prosesdəki tərəflərin hüquqlarına əlavə təminat verdiyinə görə təqdirəlayiq olsa da, onun Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndindən irəli gələn tələb olduğu qənaətinə gəlmək olmaz. Beləliklə, sözügedən qərarın mövcudluğundan xəbər tutduqdan sonra ərizəçi özü, zərurət olduqda müvafiq hüquqi məsləhət almaqla, Kiprdə hansı hüquqi müdafiə vasitələrinin mövcud olduğunu araşdırmalı idi.
İnvestisiyalar üzrə məsləhətçi olan ərizəçi bu baxımdan borcun təsdiqi barədə imzaladığı sənədin doğura biləcəyi hüquqi nəticələrdən xəbərdar olmalı idi. Həmin sənəd Kipr qanunvericiliyi ilə tənzimlənirdi və ərizəçinin Kipr şirkətindən aldığı borc məbləği ilə əlaqədar idi, həm də bu sənəddə həmin borcla bağlı məsələlərin Kipr məhkəmələrinin yurisdiksiyasına aid olduğunu bildirən müddəa yer almışdı. Müvafiq olaraq, ərizəçi Kipr məhkəmələrinə şikayətlə müraciət etmə qaydası ilə tanış olmasını özü təmin etməli idi. Bu məsələ barədə məlumat əldə etməməklə o, hərəkətsizliyi və lazımi səy göstərməməsi nəticəsində barəsində Məhkəməyə şikayət etdiyi situasiyanın yaranmasına xeyli dərəcədə özü şərait yaratmışdı, halbuki hər hansı ziyana məruz qalmamaq üçün bu durumun qarşısını ala bilərdi.
Beləliklə, bu işin xüsusi hallarını nəzərə alaraq, Məhkəmə hesab etmədi ki, təməl hüquqların müdafiəsi ekvivalent müdafiə prezumpsiyasının tələblərinə cavab verməyəcək dərəcədə açıq-aydın yetərsiz idi.
Nəhayət, ərizəçinin 6-cı maddəsinin 1-ci bəndi üzrə digər şikayətlərinə gəlincə, səlahiyyəti çərçivəsində onlara baxaraq Məhkəmə həmin bəndlə təmin edilən hüquqların hər hansı pozuntusunun əlamətlini aşkar etmədi.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı on altı səslə).
(Bax: Bosfor Hava Yolları Turizm və Ticarət Anonim Şirkəti İrlandiyaya qarşı [BP], ərizə № 45036/98, 30 iyun 2005-ci il, 76 saylı məlumat bülleteni; M.S.S. Belçikaya və Yunanıstana qarşı [BP], ərizə № 30696/09, 21 yanvar 2011-ci il, 137 saylı məlumat bülleteni; və Mişo Fransaya qarşı, ərizə № 12323/11, 6 dekabr 2012-ci il, 158 saylı məlumat bülleteni)
Full & Egal Universal Law Academy