Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 200
Oktyabr 2016-cı il
***
B.A.C. Yunanıstana qarşı – ərizə № 11981/15
13.10.2016 tarixli qərar [I Bölmə]
Maddə 8
Ölkədən çıxarılma
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Sığınacaq axtaran şəxsin şikayətinə ən yüksək apellyasiya instansiyasının uzun müddət baxmaması səbəbindən onun illərlə qeyri-müəyyən şəraitdə yaşaması: pozuntu baş verib
Faktlar – Ərizəçi Türkiyə vətəndaşıdır və həmçinin kürdyönümlü yaraqlıdır. Türkiyədə həbs edilərək ölkənin konstitusiya quruluşunu sarsıtmaqda ittiham edildikdən sonra o, Yunanıstana qaçmış və 2002-ci ildə orada sığınacaq istəmişdi. Onun vəsatəti birinci instansiya qismində işə baxmış inzibati orqan tərəfindən aparılan sadələşdirilmiş prosedurdan sonra rədd edilmişdi. Ərizəçi ictimai asayiş məsələləri üzrə nazirə bu qərardan inzibati qaydada şikayət etmişdi. Daxili qanunvericiliyə əsasən, nazir Sığınacaq məsələləri üzrə məşvərət komitəsinin rəyini aldıqdan sonra 90 gün ərzində qərar çıxarmalı idi. 2003-cü ildə komitə ərizəçi ilə müsahibə apardı və ona qaçqın statusu verilməsinin lehinə rəy verdi (ərizəçinin təqdim etdiyi sənədlər onun işgəncə barəsindəki iddialarını təsdiq edirdi). Lakin ərizəçinin şikayəti ilə bağlı heç bir dəqiq cavab alınmadı.
Türkiyə ərizəçinin ekstradisiyası üçün sorğu verdi. 2003-cü ildə məhkəmələr qəddar rəftar təhlükəsinin mövcud olduğunu və sorğuda iddia edilən cinayətin qeyri-müəyyən və mücərrəd xarakterini əsas gətirərək sorğunu rədd etdilər.
2003-cü ildən etibarən ərizəçi Afinada yaşadı və hər altı aydan bir polis orqanında qeydiyyatdan keçərək sığınacaq axtaran şəxs kartını yeniləməli oldu. Elə həmin il arvadı onun yanına gəldi, amma arvadının ölkədə yaşayışı yalnız 2008-ci ildə arvadı tərəfindən əmək müqaviləsi bağlandıqdan sonra qanuniləşdirildi.
Hüquqi məsələlər
Maddə 8: Hazırkı işdə yaranan problem ölkədən çıxarılma və ya deportasiya qərarı ilə deyil, ərizəçinin uzun müddət ərzində, yəni sığınacaq üçün verdiyi vəsatətin rədd edildiyi barədə qərardan şikayət verdiyi vaxtdan bəri qeyri-sabit və qeyri-müəyyən vəziyyətdə olması ilə əlaqədar idi (o, on iki ildən artıq idi ki, şikayətinə cavab almamışdı). Bu kontekstdə ərizəçinin statusu ilə bağlı qeyri-müəyyənlik sadəcə olaraq sığınacaq axtaran şəxsin vəsatəti ilə bağlı prosesin nəticəsini gözləməsi üçün ağlabatan sayıla bilən müddətin hüdudlarından kənara çıxaraq tamamilə fərqli xarakter almışdı.
Bu qeyri-müəyyən vəziyyətin aşağıdakı bir neçə aspektini qeyd etmək lazımdır:
- qərarın qəbulunu gözlədiyi müddətdə ərizəçi iş icazəsi olmadan işləyirdi. Həmin dövrdə sığınacaq axtaranların iş icazəsi almasına məhdudlaşdırıcı şərtlər tətbiq edilirdi: onlar, digər məsələlərlə yanaşı, sübut etməli idilər ki, konkret peşədə və ya müəyyən sektorda çalışmağa işsiz ölkə vətəndaşları, Avropa İttifaqının digər ölkələrinin vətəndaşları, yaxud artıq qaçqın statusu almış hər hansı şəxs maraq göstərmir və bu hüquqi maneədən əlavə, iqtisadi böhranla və iş axtaran işsizlərin sayının çoxluğu əlaqədar praktiki çətinlik də mövcud idi;
- sadəcə olaraq sığınacaq axtaran şəxs kartına sahib olan ərizəçi bank hesabı açmaq və ya vergi ödəyicisinin eyniləşdirmə nömrəsini almaq (bunlar peşə fəaliyyətini həyata keçirmək üçün zəruri şərtlər idi), yaxud hətta sürücülük vəsiqəsi almaq və ya universitetə daxil olmaq imkanına malik deyildi;
- ərizəçinin şəxsi həyatına gəlincə, 2008-ci ilə qədər arvadı ilə yaşaması qeyri-mümkün və ya qanunsuz idi, ondan sonra birgə yaşamaları isə ailə üzvlərinin qovuşmasını tənzimləyən hər hansı normaların deyil, arvadının həmin ildə Yunanıstanda məhdud müddətə iş icazəsi əldə etməsini nəticəsi idi.
Buradan belə qənaətə gəlmək olar ki, ictimai asayiş məsələləri üzrə nazirin ərizəçinin sığınacaq üçün vəsatəti ilə bağlı qərar qəbul etməməsi əsassız idi; bu vəziyyətlə bağlı heç bir izahat verilməmişdi və bu hal on iki ildən artıq idi ki, davam edirdi, halbuki milli hakimiyyət orqanları ərizəçiyə sığınacaq verilməsini zəruri hesab etmiş və həmçinin Türkiyənin hakimiyyət orqanlarının ekstradisiya sorğusunu rədd etmişdilər.
Müvafiq olaraq, səlahiyyətli orqanlar pozitiv öhdəliklərini yerinə yetirməmişdilər, yəni şəxsi həyata hörmət hüququnun müdafiəsi üçün səmərəli və əlçatan prosedurun mövcudluğunu müvafiq hüquq normalarının vasitəsilə təmin etməmiş və beləliklə həm də ərizəçinin durumunun qeyri-müəyyənliyinin mümkün qədər qısamüddətli olmasından ötrü onun sığınacaq üçün vəsatətinə ağlabatan müddətdə baxılmasını təmin etməmişdilər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
(Bax: bu işdən fərqli olaraq, qaldıqları ölkədə qanunsuz yaşayan və milli hakimiyyət orqanlarını artıq qurmuş olduqları ailə həyatı faktı qarşısında qoyan ərizəçilərə yaşayış icazəsi verməkdən imtina ilə əlaqədar olan iş üçün Məhkəmənin presedent hüququnda istinad edilən bu işə bax: Jeness (Jeunesse) Niderlanda qarşı [BP], ərizə № 12738/12, 103-cü bənd, 3 oktyabr 2014-cü il, 178 saylı Məlumat bülleteni)
Məhkəmə həmçinin 8-ci maddə ilə əlaqəli şəkildə götürülmüş 13-cü maddənin pozulduğunu müəyyən etdi (yekdilliklə).
13-cü maddə ilə əlaqəli şəkildə götürülmüş 3-cü maddə: Məhkəmə ərizəçinin ekstradisiyasının rədd edilməsi barədə məhkəmə qərarlarının onun Türkiyəyə qaytarılmasının qarşısını aldığı barədə Hökumətin arqumentini rədd etdi və müəyyən etdi ki, sözügedən qərarlar onun sığınacaq üçün vəsatətinin rədd edilməsi barədə inzibati qərarları qüvvədən salmırdı və buna görə də onu beynəlxalq himayə ilə təmin edən qərarlar sayıla bilməzdi.
Beləliklə, Məhkəmə bu nəticəyə gəldi ki, ərizəçinin sığınacaq üçün vəsatətinə baxılması hələ də davam edir və qeyd etdi ki, polislərin yazışmalarında bunu təsdiqləyən faktları tapmaq olar. Onun hüquqi statusu qeyri-müəyyən olaraq qaldığına görə, ərizəçi sığınacaq üçün vəsatətinin səmərəli şəkildə araşdırılması imkanına malik olmadan qəflətən Türkiyəyə göndərilmək riski altındadır, baxmayaraq ki, həmin ölkədə onun 3-cü maddəyə zidd olan rəftara məruz qalacağına dair əhəmiyyətli təhlükə mövcuddur.
Nəticə: Yunanıstanın hakimiyyət orqanları hazırkı durumda ərizəçinin fərdi situasiyasını Məhkəmənin müvafiq presedent hüququnda müəyyən edilmiş meyarların işığında qiymətləndirmədən onu Türkiyəyə qaytaracaqları təqdirdə pozuntu baş verəcək (yekdilliklə).
Maddə 41: mənəvi ziyana görə 4.000 avro təyin edildi.
(Həmçinin bax: R.U. Yunanıstana qarşı, ərizə № 2237/08, 7 iyun 2011-ci il)
Full & Egal Universal Law Academy