Baka (Baka) Macarıstana qarşı [BP] – ərizə № 20261/12
23.6.2016 tarixli qərar [II Bölmə]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət etmək hüququ
Ali Məhkəmənin sədrinin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsindən şikayət etmək imkanına malik olmaması: 6-cı maddə bu işə tətbiq edilə bilər; pozuntu baş verib
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
Hakim qismində fikirlərini açıq şəkildə ifadə etməsi nəticəsində Ali Məhkəmənin sədrinin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi: pozuntu baş verib
Faktlar – Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş hakimi olan ərizəçi altı il müddətinə Macarıstan Ali Məhkəməsinin sədri vəzifəsinə seçildi, bu müddət 2015-ci ildə başa çatacaqdı. Həmin məhkəmənin və Milli Ədliyyə Şurasının sədri qismində o, məhkəmə hakimiyyətinə təsir göstərən müxtəlif qanunvericilik islahatları barədə rəylərini ifadə etdi. Yeni Konstitusiyanın (Macarıstanın 2011-ci il tarixli Əsas qanunu) keçid müddəalarında nəzərdə tutulmuşdu ki, Ali Məhkəmənin hüquqi varisi Kuriyadır və Ali Məhkəmənin sədrinin səlahiyyətləri yeni Konstitusiya qüvvəyə mindikdən sonra başa çatır. Nəticədə Ali Məhkəmənin sədri qismində ərizəçinin səlahiyyətləri 1 yanvar 2012-ci ildə başa çatdı. Yeni Kuriyanın sədrinin seçilməsinin meyarlarına əsasən, namizədlərin Macarıstanda azı beş il hakim qismində iş təcrübəsinə malik olmaları tələb olunurdu. Namizədin beynəlxalq məhkəmədə hakim qismində işləməsi nəzərə alınmırdı. Bu, ərizəçinin Kuriyanın sədri vəzifəsinə namizəd olmaq hüququndan məhrum olmasına gətirib çıxardı.
27 may 2014-cü il tarixli qərarında (174 saylı məlumat bülleteninə bax) Məhkəmənin Palatası yekdilliklə bu qənaətə gəldi ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (məhkəməyə müraciət etmək hüququ) pozuntusu baş verib, çünki ərizəçi səlahiyyətinin vaxtından əvvəl başa çatmasından məhkəməyə şikayət etmək imkanına malik olmayıb. Məhkəmə həmçinin ərizəçinin səlahiyyətinin vaxtından əvvəl başa çatmasının hakim qismində açıq şəkildə ifadə etdiyi rəylərinin nəticəsi olduğunu müəyyən edərək, onun 10-cu maddədə nəzərdə tutulmuş ifadə azadlığı hüququnun pozulduğu qənaətinə gəldi.
15 dekabr 2014-cü ildə iş Hökumətin vəsatəti əsasında Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi
a) 6-cı maddənin tətbiqinin mümkünlüyü məsələsi
i) Vəzifədə qalmaq hüququnun mövcudluğu məsələsi – Daxili qanunvericiliyə əsasən, qarşılıqlı razılıq, istefa və ya işdən azad edilmə halları istisna olmaqla, Ali Məhkəmənin sədri qismində ərizəçinin səlahiyyəti altı il davam etməli idi. Beləliklə, həmin müddət başa çatanadək və ya hakim səlahiyyətinə xitam verilənədək ərizəçinin vəzifəsində qalmaq hüququ mövcud idi. Bu həm də məhkəmə hakimiyyətinin müstəqilliyinə və hakimlərin vəzifədən kənarlaşdırılmasının yolverilməzliyinə dair konstitusion prinsiplə təsdiqlənirdi. Müvafiq olaraq, ərizəçi səlahiyyət müddəti ərzində vəzifəsindən çıxarılmasına qarşı müdafiə edilmək hüququna malik olduğu barədə əsaslı iddia tələbi irəli sürə bilərdi. Onun səlahiyyətinə qanun əsasında, yəni yeni qanunvericilik vasitəsilə xitam verilməsi onun hakim seçildiyi zaman qüvvədə olmuş normalara əsasən malik olduğu bu hüququ retrospektiv qaydada aradan qaldıra bilməzdi.
ii) Vəzifədə qalmaq hüququnun mülki hüquqi xarakteri – Ərizəçinin malik olduğunu iddia etdiyi hüququn "mülki" hüquq olub-olmadığını müəyyənləşdirmək üçün Məhkəmə Vilho Eskelinen və başqaları Finlandiyaya qarşı iş üzrə qərarında ([BP], ərizə № 63235/00, 19 aprel 2007-ci il, 96 saylı məlumat bülleteni) formalaşdırdığı meyarları tətbiq etdi. Vilho Eskelinen işi üzrə qərarda əks olunmuş meyarın birinci şərtinə gəlincə (milli qanunvericiliyin sözügedən vəzifənin və ya işçi kateqoriyasının məhkəməyə müraciət etmək hüququnu istisna edib-etməməsi), Məhkəmə qeyd etdi ki, bu şərtin yerinə yetirildiyi qənaətinə gəldiyi az sayda işlərdə sözügedən hüququn istisna edilməsi qanunda dəqiq və aydın şəkildə ifadə edilmişdi.* Lakin hazırkı işdə ərizəçinin məhkəməyə müraciət etmək hüququ aydın şəkildə istisna edilməyib; əvəzində onun bu hüququna belə bir fakt vasitəsilə əngəl törədilib ki, onun səlahiyyətinə vaxtından əvvəl xitam verilməsinə imkan yaradan keçid müddəaları 2012-ci ildə qüvvəyə minmiş yeni qanunvericiliyə daxil edilib. Bu onun sözügedən tədbirdən dövlət qulluqçularının işləri üzrə məhkəməyə şikayət etməsinə mane olub, halbuki öncə mövcud olmuş qanunvericilik sisteminə əsasən o, vəzifədən azad edildiyi təqdirdə bunu edə bilərdi. Beləliklə, Məhkəmə bu işin konkret hallarını nəzərə alaraq bu rəyə gəlir ki, ərizəçinin etiraz etdiyi tədbirin qəbul edildiyi vaxtda deyil, onun qəbulundan əvvəl daxili qanunvericiliyin ərizəçinin məhkəməyə müraciət etmək hüququnu istisna edib-etmədiyi müəyyənləşdirilməlidir.** Məhkəmə daha sonra qeyd etdi ki, milli qanunvericiliyin məhkəməyə müraciət etmək hüququnu istisna etməsinin konkret işdə 6-cı maddənin 1-ci bəndi əsasında etibarlı sayılması üçün bu istisna qanunun aliliyi prinsipinə uyğun olmalıdır, həmin prinsip isə ərizəçinin işində olduğu kimi qanunvericiliyin konkret bir şəxsin əleyhinə yönəlməsini qadağan edir. Bu mülahizələrin işığında ərizəçinin səlahiyyətinə xitam verilməsinin qanunsuzluğu barədə iddia ilə əlaqədar olaraq bu qənaətə gəlmək olmaz ki, milli qanunvericilik məhkəməyə müraciət etmək hüququnu aydın şəkildə istisna etmişdi. Beləliklə, Vilho Eskelinen işində qeyd edilmiş meyarın birinci şərti yerinə yetirilməyib və 6-cı maddənin mülki hüquqi aspekti bu işə tətbiq edilə bilər.
b) Şikayət – Qanunun aliliyi prinsipinin tələblərinə uyğunluğu şübhə doğuran qanunvericilik nəticəsində ərizəçinin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi üzərində məhkəmə səlahiyyətlərinə malik hər hansı orqanın nəzarəti, yaxud da bu cür nəzarət üçün müraciət etmək imkanı mövcud deyildi. Beynəlxalq sənədlərdə və Avropa Şurasının sənədlərində, eləcə də beynəlxalq məhkəmələrin presedent hüququnda və beynəlxalq orqanların praktikasında hakimlərin vəzifədən kənarlaşdırılmasını və ya azad edilməsini özündə ehtiva edən işlərdə prosedurların ədalətliliyinə getdikcə daha çox önəm verildiyini qeyd edərək, Məhkəmə hesab etdi ki, cavabdeh dövlət ərizəçinin məhkəməyə müraciət etmək hüququnun mahiyyətinə xələl gətirib.
Nəticə: pozuntu baş verib (iki səsə qarşı on beş səslə).
10-cu maddə
a) Müdaxilənin mövcudluğu – İntizam icraatına, hakimlərin vəzifədən azad edilməsinə və ya vəzifəyə təyin olunmasına aid olan əvvəlki işlərdə Məhkəmə bu qənaətə gəlib ki, 10-cu maddə həmin işlərə tətbiq edilə bilər, çünki həmin işlərdə etiraz edilən tədbirlər müəyyən məsələlər barəsində ərizəçilərin açıqlamalarına səbəb olmuşdu və həmin tədbirlər onların dövlət qulluğuna yararlılığı ilə və ya hakim funksiyalarını yerinə yetirmək baxımından peşəkarlıq qabiliyyəti ilə əlaqədar deyildi.*** Digər işlərdə Məhkəmə bu qənaətə gəlib ki, barəsində şikayət edilən tədbirin ərizəçinin ifadə azadlığını həyata keçirməsinə aidiyyəti yoxdur.****
Hazırkı işdə ərizəçinin iddiaları və ya səlahiyyətinə xitam verilməsinin səbəbləri heç bir ölkədaxili məhkəmə tərəfindən araşdırılmayıb. Buna görə də bu işin faktları "bütöv halda" götürülməklə nəzərdən keçirilməli və qiymətləndirilməlidir və sübutları qiymətləndirərkən Məhkəmə "əsaslı şübhə yeri qoymayan" sübut standartını tətbiq edəcək. Bununla əlaqədar olaraq Məhkəmə qeyd etdi ki, 2011-ci ildə ərizəçi Ali Məhkəmənin və Milli Ədliyyə Şurasının sədri qismində məhkəmə hakimiyyətinə təsir göstərən müxtəlif qanunvericilik islahatları barəsində tənqidi fikirlərini açıq şəkildə ifadə etmişdi. Elə həmin il parlamentdə çoxluq təşkil edən qrupun iki üzvünün və Hökumətin yeni qanunvericiliyin qəbulunun əvvəlki hüquq sistemi əsasında vəzifəyə seçilmiş şəxslərin səlahiyyət müddətinə hüquqa zidd olaraq xitam verilməsi üçün istifadə edilməyəcəyi barədə zəmanət vermələrinə baxmayaraq, 2011-ci ilin noyabrında ərizəçinin parlamentdəki çıxışından az sonra onun səlahiyyətinə xitam verilməsi barədə təkliflər irəli sürülərək parlamentə təqdim edildi və heyrətamiz dərəcədə qısa müddətdə qəbul edildi. Bütöv halda götürülmüş hadisələrin ardıcıllığını nəzərə alsaq, ərizəçinin ifadə azadlığını həyata keçirməsi ilə səlahiyyət müddətinə xitam verilməsi arasında səbəb-nəticə əlaqəsinin olması ilk baxışdan göz önündə idi. Belə olan halda sübutetmə yükü Hökumətin üzərinə keçir.
Hökumətin etiraz edilən tədbirə haqq qazandırmaq üçün gətirdiyi əsaslara gəlincə, ali məhkəmə orqanının funksiyalarında və sədrin vəzifələrində edilmiş dəyişikliklərin ərizəçinin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsini zəruri edəcək dərəcədə fundamental xarakter daşıması görünmür. Müvafiq olaraq, Hökumət etiraz edilən tədbirin ali məhkəmə orqanındakı islahat kontekstində ərizəçinin vəzifədən uzaqlaşdırılması və funksiyalarına xitam verilməsi ilə əlaqəsi olmadığını inandırıcı şəkildə sübuta yetirə bilməyib. Buna görə də belə güman etmək olar ki, ərizəçinin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi onun hakim qismində açıq şəkildə ifadə etdiyi rəylərinin və tənqidi fikirlərinin nəticəsi idi və beləliklə onun ifadə azadlığını həyata keçirmək hüququna müdaxilə təşkil edirdi.
b) Müdaxilə əsaslı idimi – Sözügedən qanunvericiliyin qanunun aliliyi prinsipinin tələblərinə uyğunluğu şübhə doğursa da, Məhkəmə müdaxilənin qanunla nəzərdə tutulmuş olduğunu fərz edərək araşdırmanı davam etdirdi. İştirakçı dövlətlər qanunla müəyyən edilməyən əsaslara görə və peşə səriştəliliyi ilə və ya hüquqa zidd davranışla heç bir əlaqəsi olmayan səbəblərə görə məhkəmə sədrinin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi kimi tədbirə haqq qazandırmaq üçün məhkəmə hakimiyyətinin müstəqilliyini əsas gətirə bilməzlər. Belə hallarda etiraz edilən tədbir məhkəmə hakimiyyətinin müstəqilliyinin qorunması məqsədinə zidd görünür.
Hazırkı işdə etiraz edilən müdaxilə ərizəçinin Ali Məhkəmənin və Milli Ədliyyə Şurasının sədri qismində açıq şəkildə ifadə etdiyi tənqidlərin nəticəsi idi. Məhkəmə hakimiyyətinə və onun müstəqilliyinə təsir göstərə biləcək qanunvericilik islahatları barədə fikirlərini ifadə etmək onun təkcə hüququ deyil, həm də vəzifəsi idi. Ərizəçi ictimai maraq doğuran məsələlər barəsində rəylərini və tənqidi fikirlərini ifadə etmişdi və onun açıqlamaları sırf peşə fəaliyyəti baxımından yol verilən tənqidin hüdudlarını aşmamışdı. Beləliklə, onun vəzifəsi və açıqlamaları onun ifadə azadlığının yüksək dərəcədə qorunmasını və hər hansı müdaxilənin üzərində ciddi nəzarətin olmasını tələb edirdi və buna müvafiq olaraq dövlət hakimiyyət orqanlarının qiymətləndirmə sərbəstliyinin hüdudları dar olmalı idi. Bundan başqa, o, vəzifəyə seçildiyi zaman qüvvədə olan qanunla müəyyən edilmiş səlahiyyət müddətinin bitməsinə üç ildən artıq vaxt qalarkən vəzifəsindən azad edilmişdi. Xüsusən dövlət hakimiyyətinin müstəqil qanadı olan məhkəmə hakimiyyətinin funksiyalarının xarakterini və məhkəmə hakimiyyətinin müstəqilliyinin mühüm elementi olan hakimlərin vəzifədən kənarlaşdırılmasının yolverilməzliyini nəzərə alsaq, bu halla, çətin ki, barışmaq olardı. Ərizəçinin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi, şübhəsiz ki, çəkindirici xarakter daşıyırdı, belə ki, təkcə onu deyil, həm də digər hakimləri və məhkəmə sədrlərini məhkəmə hakimiyyətinə təsir göstərən qanunvericiliklə və ümumiyyətlə məhkəmə hakimiyyətinin müstəqilliyinə aid məsələlərlə bağlı ictimai müzakirələrdə gələcəkdə iştirak etməkdən çəkindirə bilərdi. Nəhayət, yuxarıda 6-cı maddənin 1-ci bəndi üzrə Məhkəmənin gəldiyi nəticələri nəzərə alsaq, etiraz edilən məhdudiyyətlər sui-istifadə hallarına qarşı səmərəli və adekvat təminatlarla müşayiət olunmamışdı. Beləliklə, cavabdeh dövlətin gətirdiyi əsaslar şikayət edilən müdaxilənin demokratik cəmiyyətdə zəruri olduğunu göstərmək üçün yetərli sayıla bilməz.
Nəticə: pozuntu baş verib (iki səsə qarşı on beş səslə).
Maddə 41: Maddi və mənəvi ziyana görə 70.000 avro təyin edildi.
* Suküt Türkiyəyə qarşı (qərardad), ərizə № 59773/00, 11 sentyabr 2007-ci il, 100 saylı məlumat bülleteni; və Nedelço Popov Bolqarıstana qarşı, ərizə № 61360/00, 22 noyabr 2007-ci il.
** Məhkəmə qeyd etdi ki, başqa cür qərar vermək o demək olardı ki, barəsində şikayət verilən və ərizəçinin "hüququna" müdaxilə təşkil etdiyi iddia edilən tədbir eyni zamanda ərizəçinin məhkəməyə müraciət etmək hüququnun istisna edilməsi üçün hüquqi əsas təşkil edib. Bu isə sui-istifadə hallarına yol açar və iştirakçı dövlətlərə imkan verərdi ki, sadəcə olaraq sözügedən tədbirlərin üzərində məhkəmə nəzarətinin olmaması barədə xüsusi müddəaları qanunvericiliyə daxil etməklə dövlət qulluqçularının onlar barəsində görülmüş fərdi tədbirlərlə bağlı məhkəməyə müraciət etmələrinə maneə yaratsınlar.
*** Ville Lixtenşteynə qarşı [BP], ərizə № 28396/95, 28 oktyabr 1999-cu il, 11 saylı məlumat bülleteni; və Kudeşkina Rusiyaya qarşı, ərizə № 29492/05, 26 fevral 2009-cu il, 116 saylı məlumat bülleteni.
**** Harabin Slovakiyaya qarşı (qərardad), ərizə № 58688/11, 29 iyun 2004-cü il; və Harabin Slovakiyaya qarşı, ərizə № 58688/11, 20 noyabr 2012-ci il, 157 saylı məlumat bülleteni.
Full & Egal Universal Law Academy