İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
BAXŞIYEV VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
(51920/09, 52329/09, 65799/10, 65856/10, 65864/10, 65880/10, 65886/10, 65892/10, 65906/10, 2354/11 və 2372/11 nömrəli şikayətlər)
Q Ə R A R
STRASBURQ
3 may 2012-ci il
Bu qərar qətidir, lakin qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Baxşıyev və digərlərinin Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədrlik edən - Peer Lorenzen,
Hakimlər -
Xanlar Hacıyev,
Julia Laffranq,
və Bölmə katibi - Andre Vampak,
10 aprel 2012-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş aşağıda adları çəkilən on bir Azərbaycan vətəndaşı tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı təqdim edilmiş şikayətlər ilə başlanmışdır:
- cənab Bünyad Baxşıyev, 1966-cı ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab Azər Hümbətov tərəfindən təmsil olunmuşdur (51920/09 nömrəli şikayət, 19 sentyabr 2009-cu ildə təqdim edilmişdir);
- xanım Sofya Zudova, 1980-ci ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas xanım Adilə Məmmədova tərəfindən təmsil olunmuşdur (52329/09 nömrəli şikayət, 17 sentyabr 2009-cu ildə təqdim edilmişdir);
- xanım Gülzar Əkbərova, 1949-cu ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab Nicat İsmayılov tərəfindən təmsil olunmuşdur (65799/10 nömrəli şikayət, 26 oktyabr 2010-cu ildə təqdim edilmişdir);
- cənab Tofiq Məmmədov, 1954-cü ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab Nicat İsmayılov tərəfindən təmsil olunmuşdur (65856/10 nömrəli şikayət, 26 oktyabr 2010-cu ildə təqdim edilmişdir);
- cənab Asim Qabulov, 1965-ci ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab Nicat İsmayılov tərəfindən təmsil olunmuşdur (65864/10 nömrəli şikayət, 26 oktyabr 2010-cu ildə təqdim edilmişdir);
- cənab İlqar Əhmədov, 1977-ci ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab Nicat İsmayılov tərəfindən təmsil olunmuşdur (65880/10 nömrəli şikayət, 26 oktyabr 2010-cu ildə təqdim edilmişdir);
- xanım Mahirə Əliyeva, 1966-cı ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab Nicat İsmayılov tərəfindən təmsil olunmuşdur (65886/10 nömrəli şikayət, 26 oktyabr 2010-cu ildə təqdim edilmişdir);
- xanım Sara Əliyeva, 1952-ci ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab Nicat İsmayılov tərəfindən təmsil olunmuşdur (65892/10 nömrəli şikayət, 26 oktyabr 2010-cu ildə təqdim edilmişdir);
- xanım Almaz Əkbərova, 1960-cı ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab Nicat İsmayılov tərəfindən təmsil olunmuşdur (65906/10 nömrəli şikayət, 26 oktyabr 2010-cu ildə təqdim edilmişdir);
- cənab Nazim Namazov, 1961-ci ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab Nicat İsmayılov tərəfindən təmsil olunmuşdur (2354/11 nömrəli şikayət, 16 dekabr 2010-cu ildə təqdim edilmişdir);
və
- xanım Sehrada Bağırova, 1962-ci ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab Nicat İsmayılov tərəfindən təmsil olunmuşdur (2372/11 nömrəli şikayət, 16 dekabr 2010-cu ildə təqdim edilmişdir).
2. Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil edilmişdir.
3. 7 aprel 2011-ci ildə Birinci Bölmənin sədri şikayətlər barədə Hökumətə məlumat vermək qərarına gəlmişdir. 14 saylı Protokola uyğun olaraq şikayətlər baxılması üçün Komitəyə verilmişdir. Həmçinin, Komitənin şikayətlərin mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxaracağı qət edilmişdir (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
4. Bütün ərizəçilər mənzilləri üzərində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş yaşayış sahəsi orderi əsasında sahiblik və istifadə hüquqlarına, yaxud səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş çıxarış əsasında mülkiyyət hüquqlarına malikdirlər (baxın, Əlavə - Cədvəl I).
5. Bütün işlərdə ərizəçilərin mənzilləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın müxtəlif rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş şəxslər tərəfindən qanunsuz olaraq ələ keçirilmişdir.
6. Ərizəçilər ölkə məhkəmələri qarşısında ayrı-ayrılıqda mülki iddia qaldıraraq məcburi köçkünlərin mənzillərindən çıxarılmalarını tələb etmişlər.
7. Əlavədə (Cədvəl I) göstərilmiş tarixlərdə ərizəçilərin iddiaları ölkənin müxtəlif məhkəmələri tərəfindən təmin edilmiş və məcburi köçkünlərin onların evlərindən çıxarılmaları qət edilmişdir.
8. Müvafiq qətnamələr qüvvəyə minərək məcburi xarakter almışdır. Lakin məcburi köçkün ailələri bu qətnamələrə əməl etməkdən imtina etmişlər və ərizəçilərin müxtəlif dövlət orqanlarına şikayət etmələrinə baxmayaraq, qətnamələr icra olunmamışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
9. Daxili qanunvericilikdən müvafiq çıxarışlar Məhkəmənin Gülməmmədova Azərbaycana qarşı işi üzrə qəbul etdiyi qərarda (38798/07 nömrəli şikayət, 18-24-cü bəndlər, 22 aprel 2010-cu il) verilmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİ VƏ 13-cü MADDƏSİNİN VƏ KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-ci MADDƏSİNİN POZULMASI İDDİALARI
10. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 13-cü maddəsi, həmçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanaraq xeyirlərinə çıxarılmış qətnamələrin icra olunmamasından şikayət etmişlər. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müvafiq hissəsində qeyd edilir:
“Hər kəsin ... mülki hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı işə ... məhkəmə tərəfindən ... ədalətlə baxılması hüququ vardır ...”
Konvensiyanın 13-cü maddəsində qeyd edilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozuntu rəsmi şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
1 saylı Protokolun 1-ci maddəsində qeyd edilir:
“Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Şəxs yalnız cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş qaydada mülkiyyətindən məhrum edilə bilər.
Lakin yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək məqsədilə zəruri olan qanunları həyata keçirmək hüququnu məhdudlaşdırmır.”
11. Məhkəmə hesab edir ki, şikayətlərə baxılması onların faktiki və hüquqi dəlillərinin eyni olması nəzərə alınaraq, Məhkəmənin Prosedur Qaydalarının 42-ci qaydasının 1-ci bəndinə uyğun olaraq bir icraatda birləşdirilməlidir.
A. İşə baxılmasının mümkünlüyü
1. 51920/09, 52329/09, 65880/10, 65886/10, 65892/10 və 2372/11 nömrəli şikayətlərlə bağlı Məhkəmənin rationae temporis yurisdiksiyası
12. Məhkəmə qeyd edir ki, cənab Bünyad Baxşıyev (51920/09 nömrəli şikayət), xanım Sofya Zudova (52329/09 nömrəli şikayət), cənab İlqar Əhmədov (65880/10 nömrəli şikayət), xanım Mahirə Əliyeva (65886/10 nömrəli şikayət), xanım Sara Əliyeva (65892/10 nömrəli şikayət) və xanım Sehrada Bağırovanın (2372/11 nömrəli şikayət) işlərində ərizəçilərin xeyirlərinə olan məhkəmə qətnamələri Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi 15 aprel 2002-ci il tarixindən əvvəl qəbul edilmişdir.
13. Məhkəmə bildirir ki, dövlət orqanlarının qeyd olunan qətnamələri icra etməmələrinin davam etməsi nəticəsində onlar uzun müddət icra edilməmiş vəziyyətdə qalmışlar. Buna görə də burada davam edən pozuntu mövcuddur və bu baxımdan Məhkəmə şikayətin 15 aprel 2002-ci ildən sonrakı dövrlə bağlı hissəsinə baxmaq səlahiyyətinə malikdir (baxın, yuxarıda qeyd edilmiş Gülməmmədova işi, 26-cı bənd).
2. Digər mümkünlük meyarları
14. Məhkəmə hesab edir ki, şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş mənada açıq-aşkar əsassız deyil və hər hansı digər əsasa görə də onlara baxılması mümkünsüz hesab edilə bilməz. Buna görə bu şikayətlərə baxılması mümkün hesab edilir.
B. İşin mahiyyəti
15. Məhkəmə qeyd edir ki, bu işlərin faktiki dəlilləri, şikayətlər və qaldırılmış hüquqi məsələlər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunun müəyyən edildiyi Gülməmmədova işindəki ilə (yuxarıda qeyd edilmişdir) eynidir.
16. Məhkəmə işdə olan bütün materialları araşdıraraq müəyyən edir ki, Hökumət hazırkı şikayətlərlə bağlı onu fərqli nəticəyə gəlməyə inandırmaq üçün hər hansı fakt və ya dəlil irəli sürməmişdir.
17. Xüsusilə, Məhkəmə Azərbaycanda çoxlu sayda məcburi köçkünün olmasının ərizəçilərin xeyirlərinə olan qətnamələrin icrası ilə bağlı müəyyən çətinliklər yaratdığını qəbul etməyə hazırdır. Bununla belə, bu qətnamələr qəti və qanuni qüvvəyə malik olmuş, lakin dövlət orqanları onlara əməl edilməsi üçün heç bir adekvat tədbir görməmişlər. Qeyd olunan qətnamələrin icra olunması üçün zəruri olan tədbirlərin görülməsində dövlət orqanlarının lazımı tələskənlik və səy göstərməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, Hökumət qətnamələrin uzun müddət icra edilməməyinə haqq qazandıran hər hansı dəlil irəli sürməmişdir.
18. Ərizəçilərin mülkiyyət hüquqlarının pozulması iddiaları ilə bağlı təqdim etdikləri izahatlara gəlincə, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə müdafiə olunan əmlaklarından maneəsiz istifadə hüquqları ilə məcburi köçkünlərin yaşayış sahələri ilə təchiz olunmaq hüquqları arasında tarazlığın təmin edilməsi vəzifəsinə əməl olunması üçün dövlət orqanları tərəfindən hər hansı xüsusi tədbirlərin görülməsi nə ölkə məhkəmələri, nə də Avropa Məhkəməsi tərəfindən təsbit edilmişdir. Belə olan halda, qətnamələrin icrasının kifayət qədər uzun müddət ərzində təmin olunmaması ərizəçilərin son dərəcə ağır duruma düşmələri ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, bu ağır duruma görə hər hansı kompensasiya verməməklə dövlət orqanları məcburi köçkünlərin müvəqqəti olaraq yaşayış yerləri ilə təchiz edilmələrində təcəssüm olunan cəmiyyətin ümumi marağı ilə ərizəçilərin əmlaklarından maneəsiz istifadə hüquqlarının müdafiə edilməsi arasında ədalətli tarazlığı təmin edə bilməmişlər (baxın, yuxarıda qeyd edilmiş Gülməmmədova işi, 43-50-ci bəndlər).
19. Beləliklə də, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmuşdur.
20. Məhkəmə hesab edir ki, Konvensiyanın 13-cü maddəsinin pozulması ilə bağlı hissədə şikayətə baxılmasına zərurət yoxdur, belə ki, 6-cı maddə şikayətlərin bu hissəsinə münasibətdə lex specialis xarakteri daşıyır (misal üçün baxın, Əfəndiyeva Azərbaycana qarşı iş, 31556/03 nömrəli şikayət, 59-cu bənd, 25 oktyabr 2007-ci il).
II. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
21. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, zəruri olduğu təqdirdə zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
22. Xanım Sofya Zudovadan (52329/09 nömrəli şikayət) başqa digər ərizəçilər maddi ziyanla bağlı Əlavədə (Cədvəl II) göstərilmiş müxtəlif məbləğlərin ödənilməsini tələb etmişlər.
- cənab Bünyad Baxşıyev (51920/09 nömrəli şikayət) mənzilində həyata keçirilmiş təmir işlərinə və başqa bir mənzilin kirayəsi üçün ödədiyi məbləğlər də daxil olmaqla 17 203 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
- xanım Gülzar Əkbərova (65799/10 nömrəli şikayət), cənab Asim Qabulov (65864/10 nömrəli şikayət), cənab İlqar Əhmədov (65880/10 nömrəli şikayət), xanım Mahirə Əliyeva (65886/10 nömrəli şikayət), xanım Sara Əliyeva (65892/10 nömrəli şikayət), xanım Almaz Əkbərova (65906/10 nömrəli şikayət), cənab Nazim Namazov (2354/11 nömrəli şikayət) və xanım Sehrada Bağırova (2372/11 nömrəli şikayət) mənzillərinin kirayəsinə görə ödənilməli olan məbləğin itirilməsi ilə bağlı hər birinə 22 757 avro məbləğində (bu məbləğ Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən hesablanmış və Milli Bankın faiz dərəcəsinə uyğun olaraq indeksləşdirilmişdir) vəsaitin ödənilməsini tələb etmişlər.
- cənab Tofiq Məmmədov (65856/10 nömrəli şikayət) mənzilinin kirayəsinə görə ödənilməli olan məbləğin itirilməsi ilə bağlı 26 223 avro məbləğində (bu məbləğ Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən hesablanmış və Milli Bankın faiz dərəcəsinə uyğun olaraq indeksləşdirilmişdir) vəsaitin ödənilməsini tələb etmişdir.
23. Hökumət cənab Bünyad Baxşıyevin öz tələblərini əsaslandırmaq üçün hər hansı sənəd təqdim etmədiyini bildirmişdir. Hökumət, həmçinin xanım Almaz Əkbərovaya hər hansı kompensasiyanın verilməli olmadığını bildirmişdir. Belə ki, Hökumətin mövqeyinə görə ərizəçinin təmirə görə çəkməli olduğu xərclər mənzilin kirayəsindən əldə edəcəyi gəlirdən artıq olacaqdı. Digər ərizəçilərin tələblərinə gəlincə, Hökumət Əlavədə (Cədvəl II) göstərilən müvafiq məbləğlərdə maddi ziyanın ödənilməsi ilə bağlı ərizəçilərin tələblərini qəbul etməyə hazır olduğunu göstərmişdir.
24. Məhkəmə hesab edir ki, mənzilləri üzərində nəzarəti itirmələri nəticəsində ərizəçilərə maddi ziyan dəymişdir və müəyyən edilmiş pozuntularla kirayə haqlarından qazanılacaq gəlirin əldən çıxması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi arasında səbəbiyyət əlaqəsi mövcuddur (müqayisə üçün baxın, Radanoviç Xorvatiyaya qarşı, 9056/02 nömrəli şikayət, 62-66-cı bəndlər, 21 dekabr 2006-cı il). Lakin Məhkəmə hesab edir ki, xanım Gülzar Əkbərova (65799/10 nömrəli şikayət), cənab Tofiq Məmmədov (65856/10 nömrəli şikayət), cənab Asim Qabulov (65864/10 nömrəli şikayət), xanım Almaz Əkbərova (65906/10 nömrəli şikayət) və cənab Nazim Namazova (2354/11 nömrəli şikayət) vurulmuş ziyanın məbləği ərizəçilərin hər birinin xeyrinə müvafiq qətnamənin çıxarıldığı tarixdən başlayaraq hesablanmalıdır. Cənab İlqar Əhmədov (65880/10 nömrəli şikayət), xanım Mahirə Əliyeva (65886/10 nömrəli şikayət), xanım Sara Əliyeva (65892/10 nömrəli şikayət) və xanım Sehrada Bağırovaya (2372/11 nömrəli şikayət) vurulmuş ziyanın məbləği Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə cənab Bünyad Baxşıyevin (51920/09 nömrəli şikayət) təmirə və digər mənzilin kirayəsinə çəkilmiş xərclərin ödənilməsi ilə bağlı tələbini rədd edir, belə ki, o, tələblərini əsaslandırmaq üçün hər hansı sənəd təqdim edə bilməmişdir.
25. 65799/10, 65856/10, 65864/10, 65880/10, 65886/10, 65892/10 65906/10, 73346/10, 2354/11 və 2372/11 nömrəli şikayətlər üzrə tərəflərin izahatlarını araşdıraraq Məhkəmə belə qərara gəlir ki, dəymiş maddi ziyanın məbləğinin hesablanması üçün oriyentir kimi tərəflərin təqdim etdikləri yerli şirkətlərin hesablamalarındakı məbləğlər götürüləcəkdir.
26. Qiymətləndirmə aparan zaman Məhkəmə ərizəçilərin müvafiq kirayəçilərin axtarılması zamanı mütləq müəyyən vaxt itirməli və mənzillərinin saxlanması ilə bağlı müəyyən xərclər çəkməli olduqlarını nəzərə alır. Eyni zamanda, onlar müəyyən vergiləri də ödəməli idilər (baxın, Prodan Moldovaya qarşı, 49806/99 nömrəli şikayət, 74-cü bənd, AİHM 2004‑III (çıxarışlar); Popov Moldovaya qarşı (1-ci nömrə) (ədalətli kompensasiya), 74153/01 nömrəli şikayət, 13-cü bənd, 17 yanvar 2006-cı il; və yuxarıda qeyd edilmiş Radanović işi, 65-ci bənd)). Yuxarıdakıları nəzərə alaraq və ədalətli qiymətləndirmə apararaq, Məhkəmə ərizəçilərə aşağıda göstərilən məbləğdə vəsaitlərin ödənilməsini qət edir:
- xanım Gülzar Əkbərovaya (65799/10 nömrəli şikayət): 10 000 avro;
- cənab Tofiq Məmmədova (65856/10 nömrəli şikayət): 5 700 avro;
- cənab Asim Qabulova (65864/10 nömrəli şikayət): 5 700 avro;
- cənab İlqar Əhmədova (65880/10 nömrəli şikayət): 9 880 avro;
- xanım Mahirə Əliyevaya (65886/10 nömrəli şikayət): 9 880 avro;
- xanım Sara Əliyevaya (65892/10 nömrəli şikayət): 9 880 avro;
- xanım Almaz Əkbərovaya (65906/10 nömrəli şikayət): 3 100 avro;
- cənab Nazim Namazova (2354/11 nömrəli şikayət): 5 200 avro;
- xanım Sehrada Bağırovaya (2372/11 nömrəli şikayət): 9 880 avro.
22-ci və 24-cü bəndlərdə göstərilmiş səbəblərə görə cənab Bünyad Baxşıyev (51920/09 nömrəli şikayət) və xanım Sofya Zudovaya (52329/09 nömrəli şikayət) kompensasiya ödənilmir.
2. Mənəvi ziyan
27. Cənab Bünyad Baxşıyev (51920/09 nömrəli şikayət) və xanım Sofya Zudovadan (52329/09 nömrəli şikayət) başqa digər ərizəçilər onlara dəymiş mənəvi ziyana görə 15 000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişlər.
28. Hökumət dəymiş mənəvi ziyana görə Əlavədə (Cədvəl II) göstərilmiş müvafiq məbləğlərdə vəsaitin ödənilməsi ilə bağlı ərizəçilərin tələblərini qəbul etməyə hazır olduğunu bildirmişdir.
29. Məhkəmə hesab edir ki, xeyirlərinə olan məhkəmə qətnamələrinin uzun müddət ərzində icra edilməməsi nəticəsində ərizəçilərə mənəvi ziyan dəymişdir. Lakin işlərin çoxunda tələb olunan məbləğ həddən ziyadə artıqdır. Məhkəmə Konvensiyanın 41-ci maddəsinin tələblərinə uyğun olaraq ədalətli qiymətləndirmə apararaq ərizəçilərə dəymiş mənəvi ziyana görə tutulacaq vergilər də daxil olmaqla, aşağıdakı məbləğlərdə vəsaitin ödənilməsini qət edir:
- xanım Gülzar Əkbərovaya (65799/10 nömrəli şikayət): 3 600 avro;
- cənab Tofiq Məmmədova (65856/10 nömrəli şikayət): 3 000 avro;
- cənab Asim Qabulova (65864/10 nömrəli şikayət): 3 000 avro;
- cənab İlqar Əhmədova (65880/10 nömrəli şikayət): 3 600 avro;
- xanım Mahirə Əliyevaya (65886/10 nömrəli şikayət): 3 600 avro;
- xanım Sara Əliyevaya (65892/10 nömrəli şikayət): 3 600 avro;
- xanım Almaz Əkbərovaya (65906/10 nömrəli şikayət): 1 500 avro;
- cənab Nazim Namazova (2354/11 nömrəli şikayət): 2 400 avro;
- xanım Sehrada Bağırovaya (2372/11 nömrəli şikayət): 3 600 avro.
30. Bundan əlavə, Məhkəmə hesab edir ki, qətnamələr hazırda da qüvvədə qaldıqları üçün Dövlətin onları icra etmək vəzifəsi mübahisə oluna bilməz. Buna görə də, bütün bu işlər üzrə ərizəçilərin müvafiq qətnamələrin icra olunmasını tələb etmək hüquqları vardır. Məhkəmə bir daha təkrar edir ki, 6-cı maddənin pozulması zamanı pozulmuş hüquqların bərpasının ən münasib forması ərizəçilərin mümkün olduğu qədər 6-cı maddənin tələblərinin pozulmayacağı təqdirdə ola biləcəkləri vəziyyətə qaytarılmalarının təmin edilməsidir (baxın, Piersack Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1984-cü il, 12-ci bənd, A Cildi, 85-ci nömrə). Təsbit edilmiş pozuntunu nəzərə alaraq Məhkəmə hesab edir ki, bu prinsip hazırkı işə də tətbiq edilir. Buna görə də o hesab edir ki, Hökumət müvafiq vasitələrdən istifadə etməklə ərizəçilərin xeyirlərinə olan qətnamələrin icrasını təmin etməlidir.
B. Məhkəmə xərcləri
31. Cənab Bünyad Baxşıyev (51920/09 nömrəli şikayət) və xanım Sofya Zudovadan (52329/09 nömrəli şikayət) başqa digər ərizəçilər ölkə məhkəmələri və Avropa Məhkəməsi qarşısında çəkilmiş xərclərə görə onlara 1 500 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişlər.
32. Hökumət tələblərin əsassız olduğunu bildirmişdir.
33. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun.
34. Cənab Bünyad Baxşıyev (51920/09 nömrəli şikayət) və xanım Sofya Zudova (52329/09 nömrəli şikayət) çəkilmiş məhkəmə xərcləri ilə bağlı Məhkəmə qarşısında hər hansı tələb irəli sürməmişlər. Buna görə də Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə görə onlara hər hansı məbləğ ödənilməməlidir.
35. Digər ərizəçilərin məhkəmə xərcləri ilə bağlı tələblərinə gəlincə, Məhkəmə qeyd edir ki, bütün ərizəçilər Məhkəmədə eyni hüquqşünas (cənab İsmayılov) tərəfindən təmsil olunmuşlar. Ərizəçilərlə cənab İsmayılov arasında bağlanmış müvafiq kontraktlarda əks olunmuş xidmətlərlə həqiqətdə göstərilmiş xidmətləri müqayisə edərək Məhkəmə belə hesab edir ki, tələb olunan məbləğlər həqiqətdə göstərilmiş və hazırkı işlərdə zəruri olan hüquqi yardıma uyğun deyildir. Bundan başqa, Məhkəmə bütün işlər üzrə şikayətlərin və irəli sürülmüş hüquqi dəlillərin oxşar olduğunu bildirərək bu işlərdə hüquqşünas tərəfindən verilmiş izahatların ya eyni, ya da çox oxşar olduğunu qeyd edir. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə cənab İsmayılov tərəfindən xanım Gülzar Əkbərovaya (65799/10 nömrəli şikayət), cənab Tofiq Məmmədova (65856/10 nömrəli şikayət), cənab Asim Qabulova (65864/10 nömrəli şikayət), cənab İlqar Əhmədova (65880/10 nömrəli şikayət), xanım Mahirə Əliyevaya (65886/10 nömrəli şikayət), xanım Sara Əliyevaya (65892/10 nömrəli şikayət), xanım Almaz Əkbərovaya (65906/10 nömrəli şikayət), cənab Nazim Namazova (2354/11 nömrəli şikayət) və xanım Sehrada Bağırovaya (2372/11 nömrəli şikayət) göstərilmiş hüquqi xidmətlərə görə ümumilikdə 2 000 avro məbləğində vəsaitin verilməsini qət edir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
36. Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ,
MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Şikayətlərə baxılmasını bir icraatda birləşdirməyi qərara alır;
2. Şikayətlərə baxılmasını mümkün hesab edir;
3. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qət edir;
4. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulduğunu qət edir;
5. Konvensiyanın 13-cü maddəsinin pozulması ilə bağlı şikayətə ayrıca baxılmasına zərurət olmadığını qət edir;
6. Qərara alır ki, Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət müvafiq vasitələrdən istifadə etməklə üç ay ərzində ərizəçilərin xeyirlərinə olan yerli məhkəmələrin qətnamələrinin icra olunmasını təmin etməlidir;
7. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət üç ay ərzində aşağıdakı məbləğlərdə vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ərizəçilərə ödəməlidir:
(i) vurulmuş ziyana görə,
- xanım Gülzar Əkbərovaya (65799/10 nömrəli şikayət), tutulacaq vergi də daxil olmaqla, dəymiş maddi ziyana görə 10 000 (on min) avro və mənəvi ziyana görə 3 600 (üç min altı yüz) avro;
- cənab Tofiq Məmmədova (65856/10 nömrəli şikayət), tutulacaq vergi də daxil olmaqla, dəymiş maddi ziyana görə 5 700 (beş min yeddi yüz) avro və mənəvi ziyana görə 3 000 (üç min) avro;
- cənab Asim Qabulova (65864/10 nömrəli şikayət), tutulacaq vergi də daxil olmaqla, dəymiş maddi ziyana görə 5 700 (beş min yeddi yüz) avro və mənəvi ziyana görə 3 000 (üç min) avro;
- cənab İlqar Əhmədova (65880/10 nömrəli şikayət), tutulacaq vergi də daxil olmaqla, dəymiş maddi ziyana görə 9 880 (doqquz min səkkiz yüz səksən) avro və mənəvi ziyana görə 3 600 (üç min altı yüz) avro;
- xanım Mahirə Əliyevaya (65886/10 nömrəli şikayət), tutulacaq vergi də daxil olmaqla, dəymiş maddi ziyana görə 9 880 (doqquz min səkkiz yüz səksən) avro və mənəvi ziyana görə 3 600 (üç min altı yüz) avro;
- xanım Sara Əliyevaya (65892/10 nömrəli şikayət), tutulacaq vergi də daxil olmaqla, dəymiş maddi ziyana görə 9 880 (doqquz min səkkiz yüz səksən) avro və mənəvi ziyana görə 3 600 (üç min altı yüz) avro;
- xanım Almaz Əkbərovaya (65906/10 nömrəli şikayət), tutulacaq vergi də daxil olmaqla, dəymiş maddi ziyana görə 3 100 (üç min yüz) avro və mənəvi ziyana görə 1 500 (min beş yüz) avro;
- cənab Nazim Namazova (2354/11 nömrəli şikayət), tutulacaq vergi də daxil olmaqla, dəymiş maddi ziyana görə 5 200 (beş min iki yüz) avro və mənəvi ziyana görə 2 400 (iki min dörd yüz) avro;
- xanım Sehrada Bağırovaya (2372/11 nömrəli şikayət), tutulacaq vergi də daxil olmaqla, dəymiş maddi ziyana görə 9 880 (doqquz min səkkiz yüz səksən) avro və mənəvi ziyana görə 3 600 (üç min altı yüz) avro;
(ii) məhkəmə xərclərinə görə, tutulacaq vergi də daxil olmaqla, Gülzar Əkbərovaya (65799/10 nömrəli şikayət), cənab Tofiq Məmmədova (65856/10 nömrəli şikayət), cənab Asim Qabulova (65864/10 nömrəli şikayət), cənab İlqar Əhmədova (65880/10 nömrəli şikayət), xanım Mahirə Əliyevaya (65886/10 nömrəli şikayət), xanım Sara Əliyevaya (65892/10 nömrəli şikayət), xanım Almaz Əkbərovaya (65906/10 nömrəli şikayət), cənab Nazim Namazova (2354/11 nömrəli şikayət) və xanım Sehrada Bağırovaya (2372/11 nömrəli şikayət) ümumilikdə 2 000 (iki min) avro verilsin və bu məbləğ ərizəçilərin nümayəndəsinin bank hesabına köçürülsün;
(b) yuxarıda qeyd edilən üç ayın bitməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
8. Ərizəçilərin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 3 may 2012-ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Andre VampakPeer Lorenzen
Katibin müavini Sədr
ƏLAVƏ
CƏDVƏL I
İş №
Ərizəçinin adı
Ərizəçinin əmlak hüquqlarını təsdiq edən sənədlər
Qətnamənin qəbul edildiyi tarix
Şikayətin Məhkəməyə göndərildiyi tarix
51920/09
cənab Bünyad Baxşıyev
Mülkiyyət hüquqlarının qeydiyyatdan keçməsinə dair 16 may 2002-ci il tarixli çıxarış
Binəqədi Rayon Məhkəməsinin 4 noyabr 1994-cü il tarixli qətnaməsi
19/09/2009
52329/09
xanım Sofya Zudova
20 may 1993-cü il tarixli yaşayış sahəsi orderi
Yasamal Rayon Məhkəməsinin 25 aprel 2001-ci il tarixli qətnaməsi
17/09/2009
65799/10
xanım Gülzar Əkbərova
15 dekabr 1997-ci il tarixli yaşayış sahəsi orderi
Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2004-cü il tarixli qətnaməsi
26/10/2010
65856/10
cənab Tofiq Məmmədov
22 yanvar 1998-ci il tarixli yaşayış sahəsi orderi
Yasamal Rayon Məhkəməsinin 8 noyabr 2007-ci il tarixli qətnaməsi
26/10/2010
65864/10
cənab Asim Qabulov
25 fevral 2002-ci il tarixli yaşayış sahəsi orderi
Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2007-ci il tarixli qətnaməsi
26/10/2010
65880/10
cənab İlqar Əhmədov
3 avqust 1998-ci il tarixli yaşayış sahəsi orderi
Yasamal Rayon Məhkəməsinin 21 dekabr 1998-ci il tarixli qətnaməsi
26/10/2010
65886/10
xanım Mahirə Əliyeva
2 fevral 1998-ci il tarixli yaşayış sahəsi orderi
Yasamal Rayon Məhkəməsinin 19 iyun 1998-ci il tarixli qətnaməsi
26/10/2010
65892/10
xanım Sara Əliyeva
4 avqust 1998-ci il tarixli yaşayış sahəsi orderi
Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 1998-ci il tarixli qətnaməsi
26/10/2010
65906/10
xanım Almaz Əkbərova
16 iyun 1998-ci il tarixli yaşayış sahəsi orderi
Yasamal Rayon Məhkəməsinin 18 iyun 2009-cu il tarixli qətnaməsi
26/10/2010
2354/11
cənab Nazim Namazov
2 fevral 1998-ci il tarixli yaşayış sahəsi orderi
Yasamal Rayon Məhkəməsinin 7 yanvar 2008-ci il tarixli qətnaməsi
16/12/2010
2372/11
xanım Sehrada Bağırova
21 yanvar 1998-ci il tarixli yaşayış sahəsi orderi
Yasamal Rayon Məhkəməsinin 9 iyul 1998-ci il tarixli qətnaməsi
16/12/2010
CƏDVƏL II
İş №
Ərizəçinin adı
Maddi ziyana görə tələb olunan məbləğ
(avro ilə)
Vurulmuş maddi ziyanla bağlı ödənilməsi Hökumət tərəfindən qəbul edilən məbləğ
Vurulmuş mənəvi ziyanla bağlı ödənilməsi Hökumət tərəfindən qəbul edilən məbləğ
51920/09
Bünyad Baxşıyev
17 203
-
-
52329/09
Sofya Zudova
-
-
-
65799/10
Gülzar Əkbərova
22 757
7 775 avro
1 200
65856/10
Tofiq Məmmədov
26 223
1 300 avro
1 200
65864/10
Asim Qabulov
22 757
9 880 avro
1 200
65880/10
İlqar Əhmədov
22 757
9 880 avro
3 000
65886/10
Mahirə Əliyeva
22 757
9 880 avro
3 000
65892/10
Sara Əliyeva
22 757
9 880 avro
3 000
65906/10
Almaz Əkbərova
22 757
-
1 200
2354/11
Nazim Namazov
22 757
4 480 avro
1 200
2372/11
Sehrada Bağırova
22 757
9 880 avro
3 000
Full & Egal Universal Law Academy