Biao (Biao) Danimarkaya qarşı [BP] – ərizə № 38590/10
24.5.2016 tarixli qərar [BP]
Maddə 14
Ayrı-seçkilik
Ən 28 il ərzində Danimarka vətəndaşlığı olan şəxslərin ailə üzvləri ilə qovuşmasına tətbiq edilən şərtlərin daha əlverişli olması: pozuntu baş verib
Faktlar – Ərizəçilər ərlə arvaddır. Birinci ərizəçi naturalizasiya olunmuş Danimarka vətəndaşıdır, o, 6 yaşından 21 yaşınadək Qanada yaşayıb, 1993-cü ildə 22 yaşında ikən Danimarkaya gəlib və 2002-ci ildə Danimarka vətəndaşlığını əldə edib. O, 2003-cü ildə Qanada ikinci ərizəçi ilə nikaha girib. Arvadı Qanada doğulmuş və böyümüş Qana vətəndaşıdır, o, nikahlarına qədər heç vaxt Danimarkaya gəlməmişdi və Danimarka dilində danışa bilmirdi. Nikaha girdikdən sonra ikinci ərizəçi Danimarkada yaşayış icazəsi üçün müraciət etdi, amma müraciəti Əcnəbilərin işləri üzrə orqan tərəfindən rədd edildi və belə əsas gətirildi ki, ərizəçilərin durumu "Əcnəbilər haqqında" qanunun tələbinə ("əraziyə bağlılıq" tələbinə) cavab vermir, belə ki, ailə üzvlərinin qovuşması üçün müraciət etmiş cütlük digər ölkə ilə (ərizəçilərin nümunəsində Qana ilə) Danimarkaya nisbətən daha güclü bağlılıq əlaqəsinə malik olmamalı idi. "Əraziyə bağlılıq" tələbi ən azı 28 il ərzində Danimarka vətəndaşlığı olan şəxslərə, habelə Danimarkada doğulan, amma Danimarka vətəndaşlığı olmayan və ən azı 28 il ərzində ölkədə qanuni yaşayan şəxslərə şamil olunmurdu ("Əcnəbilər haqqında" qanunda nəzərdə tutulmuş 28 illik qayda). Ərizəçilər ailə üzvü olaraq qovuşmalarına icazə verilməsi üçün Danimarka məhkəmələrinə şikayət etdilər, amma cəhdləri uğursuz oldu. Onlar bildirdilər ki, 28 illik qayda Danimarka vətəndaşlarının iki qrupuna, yəni Danimarka vətəndaşı kimi doğulanlara və Danimarka vətəndaşlığını sonradan əldə edənlərə münasibətdə fərqli rəftarla nəticələnib. Həmin qaydaya əsasən, birinci ərizəçi 59 yaşına çatacağı 2030-cu ilədək "əraziyə bağlılıq" tələbindən azad edilə bilməzdi.
Bu arada ikinci ərizəçi turist vizası ilə Danimarka ərazisinə daxil oldu. Bir neçə aydan sonra ərlə arvad İsveçə getdilər, orada 2004-cü ildə onların oğlu dünyaya gəldi. Oğulları ata xətti ilə Danimarka vətəndaşlığı əldə etdi.
25 mart 2014-cü il tarixli qərarında (172 saylı məlumat bülleteni) Məhkəmənin Palatası yekdilliklə bu qənaətə gəldi ki, ərizəçilərin 8-ci maddədə nəzərdə tutulmuş hüquqları pozulmayıb. O, üç səsə qarşı dörd səslə qərara aldı ki, 28 ildən artıq Danimarka vətəndaşlığı olan şəxslər barəsində rəftarın daha qısa müddət ərzində Danimarka vətəndaşlığına malik olan şəxslər barəsində rəftardan fərqlənməsi məsələsində Konvensiyanın 8-ci maddəsi ilə birlikdə götürülmüş halda 14-cü maddənin pozuntusu baş verməyib. İş ərizəçilərin vəsatəti əsasında Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər – 8-ci maddə ilə birlikdə götürülmüş halda 14-cü maddə: Hazırkı işin irqi və ya etnik mənşəyə əsaslanan hər hansı "dolayı ayrı-seçkiliyi" üzə çıxarıb-çıxarmadığını müəyyənləşdirmək üçün onu araşdırmaq zəruri idi ki, birinci ərizəçi kimi Danimarka vətəndaşlığını doğulduqdan müəyyən müddət sonra əldə edən və etnik danimarkalı olmayan şəxslərə 28 illik qaydanın tətbiq edilməsi praktikada onlara qeyri-mütənasib dərəcədə mənfi təsir göstərirdimi?
Doğulduqdan müəyyən müddət sonra Danimarka vətəndaşlığını əldə etmiş şəxslərin ailə üzvləri ilə qovuşana qədər 28 il deyil, Hökumətin iddia etdiyi kimi yalnız üç il və ya bir az artıq gözləmələrinin mümkünlüyü bu faktı aradam qaldırmırdı ki, 28 illik qayda ərizəçi ilə eyni vəziyyətdə olan Danimarka vətəndaşlarına mənfi təsir göstərirdi.
Bundan başqa, Məhkəmə belə güman etməyin ağlabatan olduğunu hesab etdi ki, xaricdə yaşayan danimarkalıların və Danimarkada doğulan və Danimarka vətəndaşı olan danimarkalıların (onlar 28 illik qaydadan yararlana bilərdilər) ən azından böyük əksəriyyəti adətən etnik danimarkalılardır, birinci ərizəçi kimi Danimarka vətəndaşlığını həyatının sonrakı dövründə əldə etmiş şəxslər isə (onlar birincilərlə eyni yaşda ikən 28 illik qaydadan yararlana bilməzdilər) bir qayda olaraq etnik mənşəcə əcnəbidirlər.
Danimarkada doğulmuş və ya oraya erkən yaşlarından gəlmiş əcnəbi mənşəli şəxslərin də 28 illik qaydadan yararlana bilməsinin mümkünlüyü bu faktı dəyişmir ki, həmin qayda etnik danimarkalı olan Danimarka vətəndaşları üçün dolayısı ilə əlverişli şərait yaradır, birinci ərizəçi kimi etnik mənşəcə əcnəbi olan və Danimarka vətəndaşlığını sonradan əldə edən şəxsləri isə əlverişsiz vəziyyətə salır və ya onlara qeyri-mütənasib dərəcədə mənfi təsir göstərir.
Belə olan halda qanunvericiliyin bu fərqli təsirinin qanuni məqsəd daşıdığını və etnik mənşə ilə əlaqəli olmayan obyektiv amillərin nəticəsi olduğunu sübut etmək vəzifəsi Hökumətin üzərinə düşür.
28 illik qaydanın tətbiqinin məqsədlərindən biri ondan ibarət idi ki, "Əcnəbilər haqqında" qanuna edilən və "əraziyə bağlılıq" tələbini Danimarka vətəndaşlarına da şamil edən əvvəlki dəyişikliyin uzun müddət xaricdə yaşamağa üstünlük verən, ailə həyatına Danimarkadan kənarda olduğu zaman başlayan və geri qayıtdıqdan sonra "əraziyə bağlılıq" tələbini yerinə yetirməkdə çətinliklərlə üzləşən şəxslər kimi insanlar üçün arzuolunmaz nəticələr doğurduğu müəyyən edilmişdi.
28 illik qaydanın tətbiqinə haqq qazandırmaq üçün Hökumətin gətirdiyi əsas xeyli dərəcədə fərziyyə xarakterli arqumentlərə əsaslanırdı. Məhkəmənin rəyinə görə, "bunu nə zaman söyləmək olar ki, Danimarka vətəndaşı Danimarka ilə o dərəcədə bağlılıq əlaqəsinə malikdir ki, əcnəbi əri (arvadı) ilə ailə üzvü qismində qovuşması cəmiyyətə inteqrasiya nöqteyi-nəzərindən uğur perspektivinə malikdir" sualının cavabı təkcə vətəndaşlığın müddətindən (istər 28 il olsun, istərsə də daha az) asılı ola bilməz. Danimarka vətəndaşlığını əldə etməsi üçün cənab Biaodan digər şərtlərlə yanaşı artıq tələb olunmuşdu ki, 9 il Danimarkada yaşasın və Danimarka dilini və mədəniyyətini bildiyini sübut etsin; bundan əlavə, o, əvvəllər Danimarka vətəndaşı ilə dörd ilə yaxın nikahda olmuş, Danimarkada altı ildən çox müxtəlif kurslarda iştirak etmiş və işləmişdi və atasının vətəndaşlığını əldə etmiş Danimarka vətəndaşı olan oğlu var idi. 28 illik qayda cənab Biaoya tətbiq edilərkən bu elementlərin heç biri nəzərə alınmamışdı, yaxud nəzərə alına bilməzdi, hərçənd ki, onlar onun arvadının cəmiyyətə uğurla inteqrasiya etməsi perspektivinin qiymətləndirilməsi zamanı əhəmiyyət daşıyırdı.
Sözügedən qanuna dəyişiklikləri nəzərdə tutan qanunvericilik aktının hazırlıq materiallarında yer alan ifadələr etnik danimarkalı olmayan Danimarka vətəndaşlarının həyat tərzinə mənfi təsir göstərmişdi, məsələn, həmin materiallarda onların "öz mənşə ölkəsindən olan şəxslə evlənməsindən" ibarət olan "ailə modeli" izolyasiya problemlərinə şərait yaradan və "Danimarkaya yeni gəlmiş əcnəbilərin cəmiyyətə inteqrasiyasına mane olan" model kimi göstərilmişdi. Məhkəmə konkret ölkədə mövcud olan qərəzli düşüncələrin və ya cəmiyyətdə hökm sürən qərəzli münasibətin cinsi mənsubiyyətə əsaslanan fərqli rəftara haqq qazandırmaq üçün yetərli əsas olmadığı barədə özünün presedent hüququna istinad edərək*, bu qənaətə gəldi ki, analoji mülahizə naturalizasiya olunmuş vətəndaşlara qarşı ayrı-seçkiliyə də şamil olunmalıdır.
Danimarka Ali Məhkəməsi hazırkı işin faktoloji hallarının xanım Balkandalinin işinin** halları ilə eyni olduğunu düşünərək bu qənaətə gəldi etdi ki, 28 illik Danimarka vətəndaşlığı meyarı "Avropa Məhkəməsinin 1985-ci il tarixli qərarında Konvensiyanın pozuntusu hesab edilməyən tələb ilə, yəni Birləşmiş Krallıqda doğulma tələbi ilə eyni məqsəd daşıyır ki, həmin məqsəd də ümumi perspektiv baxımından ölkə ilə uzunmüddətli və güclü bağlılıq əlaqəsinə malik olan vətəndaşlar qrupunu başqalarından fərqləndirməkdən" ibarətdir. Ali Məhkəmə hesab etdi ki, iddia edilən ayrı-seçkilik yalnız vətəndaşlığın müddətinə əsaslanıb ki, bu da Konvensiyanın 14-cü maddəsində nəzərdə tutulmuş "digər hər hansı əlamət" anlayışının tətbiq dairəsinə düşən məsələdir. Müvafiq olaraq, Ali Məhkəmə tərəfindən tətbiq edilmiş mütənasiblik meyarı Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən tətbiq edilmiş meyardan fərqli idi, belə ki, sonuncu meyar 28 illik qaydanın doğurduğu dolayı ayrı-seçkiliyin etnik mənşə ilə əlaqəli olmadığını əsaslandırmaq üçün inandırıcı və ya olduqca əsaslı səbəblərin gətirilməsini tələb edirdi.
Dövlətin öz vətəndaşları arasında etnik mənşə əsasında dolayı ayrı-seçkilik qoyması məsələsinə gəlincə, müəyyən şəxslərə xüsusi rəftarın şamil olunmasını hazırkı beynəlxalq standartlarla və tendensiyalarla uzlaşdırmaq çox çətindir:
a) Doğum faktı əsasında vətəndaşlıq əldə edən vətəndaşlarla digər vətəndaşlar, o cümlədən naturalizasiya olunanlar arasında vətəndaşlıq məsələlərinə aid normaların ayrı-seçkilik əsasında tətbiqinin aradan qaldırılmasına yönələn Vətəndaşlıq haqında Avropa Konvensiyasının 5-ci maddəsinin 2-ci bəndi Avropa standartına doğru müəyyən irəliləyiş tendensiyasının mövcud olduğunu göstərir və bu hal hazırkı iş üçün əhəmiyyətli amil sayılmalıdır.
b) Söhbət ailə üzvlərinin qovuşmasına icazə vermənin şərtlərindən getdiyi hallarda nə Avropa Şurasının üzvləri arasında Məhkəmənin araşdırdığı 29 ölkənin hər hansı birində, nə də Avropa İttifaqının qanunvericiliyində vətəndaşların müxtəlif qrupları arasında fərq qoyulmur.
c) Aşağıdakı müxtəlif müstəqil orqanlar 28 illik qayda ilə bağlı narahatlıqlarını ifadə ediblər: İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitə (CERD), İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) və Avropa Şurasının İnsan hüquqları üzrə Komissarlığı.
Yekun olaraq, hazırkı işdə cavabdeh dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudlarının çox dar olduğunu nəzərə alsaq, Hökumət 28 illik qaydanın doğurduğu dolayı ayrı-seçkiliyin etnik mənşə ilə əlaqəli olmadığını əsaslandırmaq üçün inandırıcı və ya olduqca əsaslı səbəbləri gətirə bilməyib.
Nəticə: pozuntu baş verib (beş səsə qarşı on iki səslə).
Məhkəmə həmçinin üç səsə qarşı on dörd səslə bu qənaətə gəldi ki, şikayət ərizəsini 8-ci maddə üzrə ayrıca araşdırmağa ehtiyac yoxdur.
Maddə 41: Mənəvi ziyana görə 6.000 avro təyin edildi.
* Konstantin Markin Rusiyaya qarşı [BP], ərizə № 30078/06, 22 may 2012-ci il, 150 saylı məlumat bülleteni.
** Əbdüləziz, Kabales və Balkandali Birləşmiş Krallığa qarşı, ərizə № 9214/80 və s., 28 may 1985-ci il.
Full & Egal Universal Law Academy