Çuvaşiya Respublikasının Bibliya Mərkəzi Rusiyaya qarşı – ərizə № 33203/08
12.6.2014 tarixli qərar [I Bölmə]
Maddə 9
9-cu maddənin 1-ci bəndi
Din azadlığı
Münasib və yetərli əsas olmadan dini təşkilatın ləğv edilməsi: pozuntu baş verib
Faktlar – Ərizəçi pentekostal (pyatidesyatnik) dini icma olaraq 1991-ci ilin noyabrında dini təşkilat kimi qeydiyyata alınmışdı. 1996-cı ildə o, Bibliya kolleci və bazar günü məktəbi təsis etdi. Lakin 2007-ci ilin oktyabrında o, Ali Məhkəmənin dərhal qüvvəyə minmiş qərarı ilə ləğv edildi və belə əsas gətirildi ki, o, icazəsi olmadan təhsil fəaliyyəti ilə məşğul olub və sanitariya-gigiyena qaydalarını pozub.
Hüquqi məsələlər – 11-ci maddə ilə əlaqəli şəkildə şərh olunan 9-cu maddə: Ərizəçi təşkilatın ləğv edilməsi onun Konvensiyanın 11-ci maddəsində təsbit olunmuş birləşmək azadlığı hüququ ilə əlaqəli şəkildə şərh olunan 9-cu maddədə nəzərdə tutulmuş din azadlığı hüquqlarına müdaxilə təşkil edirdi. Ləğvetmə qərarı qanunla nəzərdə tutulmuşdu və qanuni məqsədlər daşıyırdı, yəni qeyri-adekvat sanitariya şəraitində həyata keçirilən icazəsiz təhsil fəaliyyətinə son qoymaqla digər şəxslərin sağlamlığının və hüquqlarının qorunmasına yönəlmişdi.
Ərizəçi 1996-cı ildə Bibliya kolleci və bazar günü məktəbi təsis etmişdi və on bir ildən artıq idi ki, onları fasiləsiz olaraq idarə edirdi. Federal məhkəmə 2002-ci ildə bildirdi ki, bazar günü məktəbi "Təhsil haqqında" qanunun tətbiq dairəsi xaricindədir və ona lisenziya tələb olunmur. Belə olan halda hazırkı işdə bazar günü məktəblərinin məcburi qaydada lisenziya alması barədə məhkəmələr tərəfindən qəbul edilmiş yeni şərhin tətbiqinin nəticələrini ərizəçi öncədən kifayət qədər aydın şəkildə görə və öz davranışını müvafiq qaydada tənzimləyə bilməzdi. Əslində ərizəçi təşkilatın ləğvi barədə qərarı qüvvədə saxladıqdan təxminən doqquz ay sonra Ali Məhkəmə bazar günü məktəblərinin lisenziyalaşdırılması ilə bağlı mövqeyini dəyişərək qərara almışdı ki, belə məktəblərdə uşaqlara dinin tədris edilməsi təhsil sayılmır və sanitariya qaydalarının iddia edilən pozuntuları dini təşkilatın ləğv edilməsinə haqq qazandıra bilməz.
Beləliklə, fəaliyyətlərinin qanuna zidd olduğu barədə ərizəçinin qabaqcadan xəbərdarlıq alması tam əminliklə müəyyənləşdirilməyib. Baxmayaraq ki, qeyd edilən hər hansı nöqsanların düzəldilməsinin mümkün olmadığına və ya həyat və sağlamlığa qarşı açıq-aydın və real təhlükənin olduğuna dəlalət edən heç nə yox idi, Ali Məhkəmə onun sanitariya qaydalarını pozduğu qənaətinə gəldikdən cəmi bir gün sonra onun ləğvi barədə qərar çıxarmış və ərizəçiyə ya pozuntuları düzəltmək, ya da ardıcıllarının dini tədrisi ilə bağlı fəaliyyətlərinə xitam vermək arasında seçim etmək imkanı verməmişdi.
Avropa Məhkəməsi bununla razılaşmadı ki, qeydiyyata alınmış dini təşkilat olaraq ərizəçi təşkilatın ləğv edilməsi bazar günü məktəbi ilə Bibliya kollecinin ayrıca hüquqi şəxs kimi qeydiyyata alınmamasına görə zəruri idi. Daxili məhkəmələr bəyan edilən məqsədə, yəni təhsil alanların hüquqlarının qorunmasına nail olmaq üçün sərtlik dərəcəsi daha az olan hər hansı başqa tədbirin tətbiqini nəzərdən keçirməmiş və belə tədbirin nə üçün yetərli sayılmadığını göstərməmişdilər. Müvafiq olaraq, milli hakimiyyət orqanları ərizəçinin din və birləşmək azadlığı hüquqlarının mahiyyətinə xələl gətirən ləğvetmə qərarının qarşıya qoyulmuş məqsədlərə nail olmağın yeganə yolu olduğunu sübuta yetirməmişdilər.
Sanksiyanın xarakterinə və ağırlıq dərəcəsinə gəlincə, Rusiya məhkəmələrinin qərarları nəticəsində qeydiyyata alınmış dini təşkilat olaraq ərizəçi təşkilat ləğv olunmuş, üzvləri isə digərləri ilə birlikdə öz dinlərinə etiqad etmək və dini etiqadları üçün zəruri olan fəaliyyətlərlə məşğul olmaq hüququndan məhrum olmuşdular.
"Moskva Yəhva (İyeqova) şahidləri"nin işində Məhkəmənin qeyd etdiyi kimi, "Din haqqında" qanunun 14-cü maddəsinə əsasən, qanunu pozmuş hesab edilən dini təşkilatlara qarşı Rusiya məhkəmələrinin tətbiq edə biləcəyi yeganə sanksiya onların məcburi qaydada ləğv edilməsindən ibarət idi. Qanunda xəbərdarlıq etmək və ya cərimə tətbiq etmək variantı nəzərdə tutulmamışdı. Ləğvetmə sanksiyası heç nəyə fərq qoyulmadan və sözügedən pozuntunun ağırlıq dərəcəsindən asılı olmayaraq tətbiq edilə bilərdi ki, bu da Konstitusiya Məhkəməsi tərəfindən hələ 2003-cü ildə müvafiq müddəaların konstitusion mənası ilə bir araya sığmayan hal hesab edilmişdi. Ərizəçi təşkilatın ləğv edilməsi barədə qərar çıxararkən Rusiya məhkəmələri Konstitusiya Məhkəməsinin presedent hüququnu və ya Konvensiyanın müvafiq standartlarını nəzərə almamış və ləğvetmənin pentekostal dini cərəyanının ardıcıllarının təməl hüquqlarına təsirini qiymətləndirməmişdilər. Bir sözlə, ərizəçi təşkilatın ləğv edilməsi demokratik cəmiyyətdə zəruri deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi hər hansı mənəvi ziyana görə yetərincə ədalətli kompensasiya təşkil edir.
(Bax: "Moskva Yəhva (İyeqova) şahidləri" Rusiyaya qarşı, 302/02, 10 iyun 2010-cu il, 131 saylı məlumat bülleteni)
Full & Egal Universal Law Academy