Beda (Bédat) İsveçrəyə qarşı [BP] – ərizə № 56925/08
29.4.2016 tarixli qərar [BP]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
Məlumatları yaymaq azadlığı
Məlumatları almaq azadlığı
İstintaq sirri təşkil edən materialları dərc etdiyinə görə jurnalistin məhkum edilməsi: pozuntu baş verməyib
Faktlar – Jurnalist olan ərizəçi 15 oktyabr 2003-cü ildə gündəlik qəzetdə sürücüyə qarşı aparılan cinayət prosesi barəsində məqalə dərc etdi, həmin şəxs Lozanna körpüsündə özünü avtomobildən bayıra atmazdan əvvəl avtomobillə bir qrup piyadanı vurmaqda, onlardan üçünü öldürməkdə və səkkizinə xəsarət yetirməkdə ittiham olunurdu. Məqalədə təqsirləndirilən şəxsin təsviri verilmiş, polis əməkdaşlarının və işin istintaqını aparan hakimin ona verdikləri sualların və təqsirləndirilən şəxsin cavablarının qısa icmalı təqdim edilmiş və məqalə ilə birlikdə təqsirləndirilən şəxsin işin istintaqını aparan hakimə göndərdiyi bir neçə məktubun fotoşəkli verilmişdi. Məqalədə həmçinin təqsirləndirilən şəxsin arvadının və həkim GP-nin ifadələrinin qısa xülasəsi yer almışdı. Məxfi sənədləri dərc etdiyinə görə jurnalistin barəsində prokurorun təşəbbüsü ilə cinayət işi başlandı. 2004-cü ilin iyununda işin istintaqını aparan hakim ərizəçini bir ay müddətinə azadlıqdan məhrum etdi və hökmün icrası bir il müddətinə təxirə salındı. Sonradan yüngül cinayətlər üzrə məhkəmə onun barəsindəki azadlıqdan məhrumetmə cəzasını 4.000 İsveçrə frankı (CHF) məbləğində (təxminən 2.667 avro) cərimə ilə əvəz etdi. Ərizəçinin bu qərardan verdiyi şikayətlər uğursuzluqla nəticələndi.
1 iyul 2014-cü il tarixli qərarında (176 saylı məlumat bülleteninə bax) Məhkəmənin Palatası üç səsə qarşı dörd səslə 10-cu maddənin pozulduğu qənaətinə gəldi, belə ki, məqaləsində işin materiallarındakı məlumatlardan istifadə etməsinə və onları yaymasına görə ərizəçinin cərimə olunması hər hansı "təxirəsalınmaz ictimai tələbatdan" irəli gəlmirdi. Onun məhkum edilməsi üçün "əsaslar" münasib olsa da ərizəçinin ifadə azadlığı hüququna bu cür müdaxiləyə haqq qazandırmaq üçün "yetərli" deyildi.
17 noyabr 2014-cü ildə iş Hökumətin vəsatəti əsasında Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər – Maddə 10: Ərizəçinin məhkum edilməsi onun Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndi ilə təmin edilən ifadə azadlığı hüququna qanunla nəzərdə tutulmuş müdaxilə təşkil edirdi. Etiraz edilən tədbir qanuni məqsədlər daşıyırdı, yəni "gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almağa", "ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini" təmin etməyə və "digər şəxslərin nüfuz və hüquqlarını" müdafiə etməyə yönəlmişdi.
Ərizəçinin ictimaiyyəti məlumatlandırmaq hüququ və ictimaiyyətin məlumatları almaq hüququ onlarla eyni dərəcədə önəmli olan, istintaq sirrinin şamil olunduğu məlumatların açıqlanmasına tətbiq edilən qadağa ilə qorunan ümumi və fərdi maraqlarla ziddiyyət təşkil edirdi. Həmin maraqlar bir tərəfdən ədalət mühakiməsinin nüfuz və qərəzsizliyinin, digər tərəfdən isə təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun və şəxsi həyatının toxunulmazlığı hüququnun qorunmasından ibarət idi. Məhkəmə hesab etdi ki, bu maraqları müqayisə edərkən və beləliklə jurnalist tərəfindən istintaq sirrinin pozulduğu işlərdə müdaxilənin "zəruriliyini" qiymətləndirərkən Konvensiyanın iştirakçısı olan dövlətlərin hakimiyyət orqanlarının riayət etməli olduqları meyarları* müəyyənləşdirmək zəruridir.
a) Ərizəçi sözügedən məlumatları necə əldə etmişdi – Ərizəçinin məlumatları qanunsuz əldə etdiyi iddia edilməsə də, peşəkar jurnalist olaraq o, dərc etməyi planlaşdırdığı həmin məlumatların konfidensiallığından xəbərdar olmalı idi.
b) Mübahisəli məqalənin məzmunu – Mübahisəli məqalədə təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətin qəsdən törədilib-törədilmədiyi ilə bağlı konkret mövqe bildirilməsə də, onun neqativ təsviri verilmiş və məqalə, demək olar ki, istehzalı tonda yazılmışdı. Ərizəçinin istifadə etdiyi başlıqlar, eləcə də mətnlə birlikdə verilmiş təqsirləndirilən şəxsin iri fotoşəkli şübhə üçün heç bir yer qoymurdu ki, ərizəçi məqaləsinin mümkün qədər sensasiya xarakterli olmasını istəmişdi. Bundan başqa, məqalədə təqsirləndirilən şəxsin ifadələrinin məzmunsuzluğu və ifadələrində çoxlu ziddiyyətlərin olması vurğulanmış və çox zaman həmin ifadələr açıq-aydın "təkrarlanan yalanlar" kimi göstərilmişdi, məqalə belə bir sualla yekunlaşırdı ki, məgər təqsirləndirilən şəxs "sadəlövhlüyün və təkəbbürlülüyün qarışığından" ibarət olan bu cür davranışla "öz müdafiəsini mümkünsüz hala gətirmək üçün bacardığı hər şeyi etməmişdimi"? Əslində bunlar məhz o suallar idi ki, onlara istintaq və məhkəmə baxışı mərhələlərində məhkəmə orqanları cavab verməli idilər.
c) Mübahisəli məqalənin ictimai maraq doğuran məsələlərin müzakirəsinə şərait yaratması – Məqalənin mövzusu, yəni Lozanna körpüsündəki faciə ilə bağlı aparılan cinayət istintaqı ictimai maraq doğuran məsələ idi. Tamamilə müstəsna xarakterli bu insident əhali arasında geniş emosional reaksiyaya səbəb olmuşdu və məhkəmə orqanları davam edən araşdırmanın müəyyən aspektləri barədə mətbuatı məlumatlandırmağı özləri qərara almışdılar.
Lakin sual ondan ibarətdir ki, məqalədə yer alan və istintaq sirrinin şamil olunduğu məlumatlar bu məsələ ilə bağlı ictimai müzakirələrə şərait yarada bilən məlumatlar idi, yoxsa təqsirləndirilən şəxsin şəxsi həyatı ilə bağlı təfsilatları təqdim etməklə yalnız bəzi oxucuların marağını təmin etməyə yönəlmişdi?
Bununla əlaqədar olaraq, məqalənin məzmununu, təqdim edilən məlumatların xarakterini və işin hallarını dərindən təhlil edib qiymətləndirdikdən sonra Federal Məhkəmə ətraflı şəkildə əsaslandırılmış olan və əsaslılığı zərrə qədər də şübhə doğurmayan qərarında bu qənaətə gəldi ki, istər dindirmə protokolları, istərsə də təqsirləndirilən şəxs tərəfindən işin istintaqını aparan hakimə göndərilmiş məktublar ictimai müzakirələrə aidiyyəti olan heç bir məzmun kəsb etmirdi və bu işdəki məqalə ictimai maraqdan daha çox, "qeyri-sağlam maraqların təmin edilməsinə" yönəlmişdi.
Öz növbəsində ərizəçi bunu izah edə bilmədi ki, dindirmə protokollarının, təqsirləndirilən şəxsin arvadının və həkimin ifadələrinin və təqsirləndirilən şəxs tərəfindən işin istintaqını aparan hakimə göndərilən və onun həbsdəki gündəlik həyatının adi aspektlərinə aid olan məktubların dərc edilməsi davam etməkdə olan istintaq barəsində ictimai müzakirələrə necə şərait yarada bilərdi?
Müvafiq olaraq, Məhkəmə bu cür məsələlərdə müəyyən qiymətləndirmə sərbəstliyinə malik olan Federal Məhkəmənin rəyini öz rəyi ilə əvəz etmək üçün ciddi əsas görmür.
d) Mübahisəli məqalənin cinayət prosesinə təsiri – Baxmayaraq ki, 10-cu maddənin və 6-cı maddənin 1-ci bəndini təmin etdiyi hüquqlar təbii olaraq eyni dərəcədə riayət edilməyə layiq olan hüquqlardır, cinayət prosesinin taleyüklü əhəmiyyətini nəzərə alsaq, məhkəmə istintaqının məlumatlarının məxfiliyinin xüsusi olaraq qorunması istər ədalət mühakiməsinin həyata keçirilməsi, istərsə də istintaq altında olan şəxslərin təqsirlilik prezumpsiyası hüququ baxımından qanuni haldır. Cinayət istintaqının məlumatlarının məxfiliyi bir tərəfdən qabaqcadan sövdələşmə risklərinin və sübutların təhrif olunması və ya məhv edilməsi təhlükəsinin qarşısını almaqla cinayət prosesinin maraqlarının qorunmasına, digər tərəfdən isə təqsirləndirilən şəxsin xüsusən təqsirsizlik prezumpsiyası baxımından və daha geniş götürsək, şəxsi münasibətləri və maraqları baxımından mənafelərinin müdafiəsinə yönəlib. Bu məxfiliyə həmçinin məhkəmə orqanlarında sözügedən işlə bağlı rəyin formalaşması prosesinin və qərarın qəbulu prosesinin müdafiəsinin zəruriliyi ilə haqq qazandırmaq olar.
Mübahisəli məqalədə təqsirləndirilən şəxsin qeyd edilən hərəkəti qəsdən törətməsi fikri açıq şəkildə dəstəklənməsə də, hər halda məqalə həmin şəxsi olduqca mənfi formada təsvir etməyə yönəlmişdi, belə ki, məqalədə onun şəxsiyyətinin narahatlıq doğuran müəyyən aspektləri qabardılmış və bu nəticəyə gəlinmişdi ki, o "öz müdafiəsini mümkünsüz hala gətirmək üçün bacardığı hər şeyi etmişdi".
İstintaq davam etdiyi dövrdə bu yöndə məqalənin dərc olunması prosesin aparılmasına bu və ya digər şəkildə təsir göstərmə riskini doğururdu, belə ki, işin istintaqını aparan hakimin yerinə yetirdiyi işə, təqsirləndirilən şəxsi təmsil edənlərin qərarlarına, ziyanın kompensasiyasını tələb edən tərəflərin mövqeyinə, yaxud tərkibindən asılı olmayaraq işə dair qərar çıxaracaq məhkəmənin obyektivliyinə potensial təsir göstərirdi.
Artıq məqalənin dərc edilməsi faktından sonra hökumətdən tələb etmək olmazdı ki, bu tip məqalənin dərc edilməsinin həqiqətən bu prosesin aparılmasına təsir göstərdiyini sübut etsin. Prosesə təsir göstərmə riskinin mövcudluğu özü-özlüyündə dövlət hakimiyyəti orqanları tərəfindən çəkindirici tədbirlərin görülməsinə, məsələn, məxfi məlumatların açıqlanmasının qadağan edilməsinə haqq qazandırırdı.
Daxili qanunvericiliyə uyğun olaraq bu tədbirlərin qanuniliyi və Konvensiyanın tələblərinə uyğunluğu həmin tədbirlər qəbul edildiyi zaman qiymətləndirilməlidir və heç də ərizəçinin bildirdiyi kimi sonrakı hadisələrin işığında, yəni dərc edilmiş materialların məhkəmə araşdırmasına, məsələn, birinci instansiya məhkəməsinin tərkibinə faktiki təsir göstərib-göstərmədiyi aşkara çıxandan sonra qiymətləndirilməməlidir.
Beləliklə, Federal Məhkəmə 29 aprel 2008-ci il tarixli qərarında bunu bildirməkdə haqlı idi ki, dindirmə protokolları və təqsirləndirilən şəxsin yazışmaları "istintaq yekunlaşmazdan əvvəl və kontekstdən kənar şəkildə ictimai müzakirələrə səbəb olmuşdu ki, bu da işin istintaqını aparan hakim və birinci instansiya məhkəməsinin hakimi tərəfindən qəbul edilən qərarlara təsir göstərə bilərdi".
e) Təqsirləndirilən şəxsin şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması – Kantonun prokurorluq orqanları tərəfindən ərizəçiyə qarşı aparılan cinayət prosesi Konvensiyanın 8-ci maddəsi əsasında İsveçrəmin üzərinə düşən pozitiv öhdəliyə, yəni təqsirləndirilən şəxsin şəxsi həyatının toxunulmazlığını qorumaq öhdəliyinə uyğun idi.
Bundan başqa, ərizəçi tərəfindən açıqlanan məlumatlar, o cümlədən təqsirləndirilən şəxsin həkiminin ifadələri və təqsirləndirilən şəxsin saxlandığı yerdən işin istintaqını aparan hakimə göndərdiyi məktublar olduqca şəxsi və hətta tibbi xarakterli idi. Bu tip məlumatlara Konvensiyanın 8-ci maddəsinə əsasən ən yüksək səviyyəli müdafiə şamil olunurdu; bu qənaət xüsusən o baxımdan önəmlidir ki, təqsirləndirilən şəxs ictimaiyyətə tanış deyildi və sadəcə olaraq onun barəsində cinayət istintaqının aparılması, hətta söhbət ciddi cinayətdən getsə belə, onunla könüllü surətdə ictimaiyyətin diqqət mərkəzində olan ictimai fiqur kimi davranmağa haqq qazandırmırdı.
Mübahisəli məqalə dərc edildiyi zaman təqsirləndirilən şəxs həbsxanada idi və beləliklə həssas durumda idi. Üstəlik, işin materialları arasında belə düşünməyə əsas verən heç nə yox idi ki, o, məqalənin dərc olunması və məqalədə təqdim edilən informasiyaların xarakteri barədə məlumatlı idi. Bundan əlavə, o, güman ki, psixi pozuntudan əziyyət çəkirdi ki, bu da onun həssas durumunu daha da ağırlaşdırırdı. Belə olan halda təqsirləndirilən şəxsin şəxsi həyatına hörmət hüququnu müdafiə etməkdən ibarət pozitiv öhdəliklərini yerinə yetirmək üçün kantonun hakimiyyət orqanlarının sadəcə olaraq təqsirləndirilən şəxsin ərizəçiyə qarşı mülki iddia qaldırmağa təşəbbüs göstərməsini gözləmədən aktiv yanaşma nümayiş etdirmələrini və hətta cinayət təqibinə başlamalarını onlara irad tutmaq olmazdı.
f) Təyin olunmuş cəzanın mütənasibliyi məsələsi – Ərizəçi barəsində cinayət işinin açılması və ona təyin olunmuş cəza onun ifadə azadlığı hüququnu həyata keçirməsinə qeyri-mütənasib müdaxilə deyildi. Əvvəlcə ərizəçi icrası təxirə salınan bir aylıq azadlıqdan məhrumetmə cəzası almışdı. Ərizəçinin əvvəllər məhkumluğunun olmadığı nəzərə alınaraq sonradan onun cəzası 4.000 CHF məbləğində cərimə ilə əvəz edildi və cərimə ərizəçi tərəfindən deyil, işəgötürəni tərəfindən qabaqcadan ödənildi. Bu cəza cinayət işi üzrə istintaq sirrinin pozulmasına görə təyin olunmuşdu və hazırkı işdə onun məqsədi ədalət mühakiməsi sisteminin lazımi qaydada fəaliyyət göstərməsini təmin etmək və təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırması hüququnu və şəxsi həyatına hörmət hüququnu qorumaq idi.
Belə olan halda iddia etmək olmaz ki, belə cəza ərizəçinin və ya davam edən cinayət prosesi barədə ictimaiyyəti məlumatlandırmaq istəyən hər hansı digər jurnalistin ifadə azadlığını həyata keçirməsinə çəkindirici təsir göstərə bilərdi.
Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı on beş səslə).
* Bax: "Aksel Şpringer AG" Almaniyaya qarşı [BP], ərizə № 39954/08, 7 fevral 2012-ci il, 149 saylı məlumat bülleteni; və Ştol İsveçrəyə qarşı [BP], ərizə № 69698/01, 25 aprel 2006-cı il, 103 saylı məlumat bülleteni.
Full & Egal Universal Law Academy