Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 202
Dekabr 2016-cı il
***
Belane Nad (Béláné Nagy) Macarıstana qarşı [BP] – ərizə № 53080/13
13.12.2016 tarixli qərar [Böyük Palata]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndi
Mülkiyyətdən maneəsiz istifadə hüququ
Yeni tətbiq edilən əlillik meyarları səbəbindən əlillik müavinətlərindən məhrum olma: pozuntu baş verib
Faktlar – 2001-ci ildə ərizəçiyə əlillik pensiyası təyin edildi, 2010-cu ildə onun əlillik dərəcəsi fərqli metodologiyadan istifadə edilməklə yenidən qiymətləndirilərək aşağı endirildikdən sonra həmin pensiya ləğv edildi. O, sonrakı illərdə növbəti müayinələrdən keçdi və son nəticədə durumu əlillik meyarlarına uyğun hesab edildi. Lakin 2012-ci ildə qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən sosial sığorta haqlarının ödənilməsinin müddəti ilə əlaqədar olan əlavə əlillik meyarları tətbiq edildi, ərizəçinin durumu həmin meyarlara cavab vermirdi. Əlavə meyarlar tətbiq edilməsəydi o, yeni sistemə əsasən əlillik müavinəti almaq hüququ əldə edəcəkdi, amma nəticədə onun müavinət üçün müraciətləri rədd edildi. Ərizəçi şikayət etdi ki, səhhətində heç bir yaxşılaşma olmadığına baxmayaraq, dövlət orqanları tərəfindən ədalət prinsipinə riayət edilmədən qanunvericilik dəyişikliyinin tətbiq edilməsi nəticəsində yaşayışını təmin edən yeganə vəsait olan əlillik müavinətindən məhrum olub.
10 fevral 2015-ci il tarixli qərarında (bax: 182 saylı Məlumat bülleteni) Məhkəmənin Palatası üç səsə qarşı dörd səslə müəyyən etdi ki, 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verib. Konkret olaraq, o bu qənaətə gəldi ki, əlillik müavinətləri almasının şərtlərinin kəskin və gözlənilməz şəkildə dəyişilməsi səbəbindən ərizəçi əlilliyə görə himayə imkanından tamamilə məhrum olub.
Hökumətin vəsatəti əsasında 1 iyun 2015-ci ildə iş Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi
a) 1 saylı Protokolun 1-ci maddəsinin bu işə tətbiqinin mümkünlüyü məsələsi – 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilən müdafiə müəyyən hallarda əmlakın əldə ediləcəyi ilə bağlı qanuni gözləntiyə də şamil olunur. Bunun üçün qanuni gözlənti sadəcə ümiddən ibarət olmayaraq konkret xarakter daşımalı və qanunvericilik normasına və ya hüquqi akta, məsələn, məhkəmə qərarına əsaslanmalıdır. Eyni zamanda, daxili qanunvericiliyə əsasən tanınan mülkiyyət marağı (baxmayaraq ki, müəyyən hallarda hüquqi qüvvəsini itirə bilər) əmlak təşkil edə bilər.
Sosial təminat qanunvericiliyində dəyişikliklər cəmiyyətdə baş verən dəyişikliklərə və sosial yardıma ehtiyacı olan insanların müvafiq kateqoriyaları ilə bağlı baxışların təkamülünə reaksiya olaraq qəbul edilə bilər. Hər hansı konkret formada müavinət və ya pensiya təyin edilməsinin ölkədaxili hüquqi şərtləri dəyişdikdə və həmin şərtlərin dəyişməsi səbəbindən maraqlı şəxs müvafiq meyarlara daha cavab vermədikdə, milli qanunvericilikdə kifayət qədər dəqiq müəyyən edilmiş substantiv mülkiyyət marağının konkret halda mövcud olub-olmadığını yoxlamaq üçün işin fərdi hallarının (xüsusən tələblərin dəyişməsinin xarakterinin) diqqətlə araşdırılması tələb oluna bilər.
Ərizəçi on ilə yaxın müddət ərzində əlillik pensiyası almaq hüququ verən bütün şərtlərə cavab verirdi. Beləliklə, müvafiq qanunvericilik aktının müddəaları əsasında qəbul edilən və onun ilkin hüququnun yaranması üçün əsas təşkil edən əlillik pensiyasının təyin edilməsi barədə qərara bu işdə mövcud mülkiyyət kimi baxmaq olar. Bütün bu müddət ərzində o, əlillik dərəcəsi tələb olunan səviyyədə qalacağı təqdirdə həmin akt əsasında əlillik müavinətlərini davamlı olaraq alacağına ümid edə bilərdi və bu gözlənti qanuni gözlənti idi.
Cavablandırılmalı sual ondan ibarət idi ki, 2012-ci ildə yeni qanunvericilik qüvvəyə mindiyi zaman ərizəçinin əlillik müavinəti almaq gözləntisi əvvəlkitək qanuni gözlənti idimi? Qanunvericilikdəki dəyişikliyə əsasən sığorta haqları ödəmiş şəxslərin müəyyən kateqoriyalarına, o cümlədən ərizəçiyə faktiki olaraq elə bir şərt tətbiq edilmişdi ki, onun tətbiq ediləcəyini sığorta haqlarının ödənildiyi müvafiq dövrdə öncədən görmək mümkün deyildi və yeni qanunvericilik qüvvəyə mindikdən sonra həmin şəxslər bu şərtin meyarlarına cavab verə bilməzdilər. 2010-cu ildə ərizəçiyə əlillik pensiyasının verilməsinin dayandırıldığı dövrdən 2012-ci ildə sığorta haqlarının ödənişi barədə yeni tələbin qanunverici orqan tərəfindən qəbul edildiyi dövrə qədər ərizəçi nəinki sosial təminat sisteminin tərkibində qalırdı, həm də əlillik müavinəti almaq üçün qoyulan müvafiq iş stajı tələblərinə cavab verirdi. Beləliklə, baxmayaraq ki, bu dövrdə o əlillik pensiyası almırdı, 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş "mülkiyyət" anlayışının şamil olunduğu qanuni gözləntiyə hələ də malik idi.
Ərizəçinin sözügedən sosial təminat sistemindən faydalanmaq hüququ pozulmuşdu və bu pozuntu onun pensiya hüquqlarına xələl gətirilməsi ilə nəticələnmişdi. Beləliklə, 1 saylı Protokolun 1-ci maddəsi bu işə tətbiq edilə bilər.
b) Müdaxilənin 1 saylı Protokolun 1-ci maddəsinə uyğunluğu məsələsi – Məhkəmə razılaşdı ki, müdaxilə qanunilik tələbinə cavab verir və əlilliyə görə sosial müavinətlərin təyin edilməsi sistemini rasionallaşdırmaq yolu ilə dövlət vəsaitlərinin qorunmasından ibarət ictimai maraqlara xidmət edirdi. 1 saylı Protokolun 1-ci maddəsinin tələbinə görə, istənilən müdaxilə qarşıya qoyulan məqsədə ağlabatan dərəcədə mütənasib olmalıdır. Şəxsin üzərinə fərdi və həddən artıq ağır yük qoyulursa, tələb olunan ədalətli balans təmin edilməmiş olur. Ərizəçinin müavinətləri mütənasib miqdarda azaldılmamışdı, o, müavinətləri almaq hüququndan tamamilə məhrum edilmişdi. Onun yaşayışını təmin edə biləcək hər hansı digər əhəmiyyətli gəliri yox idi, o, qazanc gətirən iş tapmaqda çətinlik çəkirdi və əlil şəxslər qrupuna mənsub idi.
Mübahisələndirilən tədbir əlilliyə görə sosial müavinətlərin təyin edilməsi sistemini yenidən qurmaq və rasionallaşdırmaq yolu ilə dövlət vəsaitlərinin qorunmasından ibarət ictimai maraqlara xidmət etsə də, ziddiyyətə girən maraqlar arasında ədalətli balansı təmin etməyən qanunvericilik aktına əsaslanırdı. Qüvvəsi geriyə şamil oluna bilən, konkret situasiyaya uyğun keçid tədbirlərini nəzərdə tutmayan və ərizəçini əlillik müavinətləri alacağı ilə bağlı qanuni gözləntisindən məhrum edən qanunvericiliyin qəbuluna yuxarıda qeyd edilən ictimai maraq mülahizələri ilə haqq qazandırmaq olmazdı. Ərizəçinin hüquqlarına bu cür fundamental müdaxilə ziddiyyətə girən maraqlar arasında ədalətli balansın gözlənilməsi tələbinə zidd idi. Qarşıya qoyulan məqsəd ilə istifadə edilən vasitələr arasında ağlabatan mütənasiblik əlaqəsi yox idi. Bu sahədə dövlətin geniş qiymətləndirmə sərbəstliyinə malik olduğuna baxmayaraq, ərizəçinin üzərinə həddən artıq fərdi yük qoyulmuşdu.
Nəticə: pozuntu baş verib (səkkiz səsə qarşı doqquz səslə).
Maddə 41: Mənəvi ziyana görə 5.000 avro; maddi ziyana görə isə 10.000 avro təyin edildi.
(Bax: Kopetski Slovakiyaya qarşı [BP], ərizə № 44912/98, 28 sentyabr 2004-cü il, 67 saylı Məlumat bülleteni; Stek və başqaları Birləşmiş Krallığa qarşı (qərardad) [BP], ərizələr № 65731/01 və 65900/01, 6 iyul 2005-ci il; Kyartan Asmundsson İslandiyaya qarşı, ərizə № 60669/00, 12 oktyabr 2004-cü il, 68 saylı Məlumat bülleteni; Kleyn Avstriyaya qarşı, ərizə № 57028/00, 3 mart 2011-ci il, 139 saylı Məlumat bülleteni; Moskal Polşaya qarşı, ərizə № 10373/05, 15 sentyabr 2009-cu il, 122 saylı Məlumat bülleteni; həmçinin Əlillər və İnsan hüquqları haqqında Konvensiya mövzusunda tematik materiala bax)
Full & Egal Universal Law Academy