Bloxin (Blokhin) Rusiyaya qarşı [BP] – ərizə № 47152/06
23.3.2016 tarixli qərar [BP]
Maddə 5
5-ci maddənin 1(d) bəndi
Tərbiyə nəzarəti
Yetkinlik yaşına çatmayan hüquqpozanın "davranışının islah edilməsi" üçün müvəqqəti saxlama mərkəzinə yerləşdirilməsi: pozuntu baş verib
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Qeyri-insani rəftar
"Davranışının islah edilməsi" üçün həbsdə saxlandığı müddətdə yetkinlik yaşına çatmayan şəxsin adekvat tibbi yardımla təmin edilməməsi: pozuntu baş verib
Maddə 6
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Cinayət ittihamı
"Davranışının islah edilməsi" üçün yeniyetmənin yetkinlik yaşına çatmayan hüquqpozanlar üçün müvəqqəti saxlama mərkəzinə yerləşdirilməsi ilə nəticələnmiş məhkəmə icraatı: pozuntu baş verib
6-cı maddənin 3-cü bəndi
Müdafiə hüquqları
"Davranışının islah edilməsi" üçün yeniyetmənin yetkinlik yaşına çatmayan hüquqpozanlar üçün müvəqqəti saxlama mərkəzinə yerləşdirilməsi ilə nəticələnmiş məhkəmə icraatında adekvat prosessual təminatların olmaması: pozuntu baş verib
Faktlar – Nəzərdən keçirilən dövrdə on iki yaşında olan və böyüklərin ona diqqət göstərməməsindən və hiperaktivlikdən (ADHD sindromu) əziyyət çəkən ərizəçi doqquz yaşlı uşağın pulunu əlindən almaqda şübhəli bilinərək tutuldu və polis bölməsinə gətirildi. Dövlət orqanları müəyyən etdilər ki, ərizəçi Cinayət Məcəlləsinə əsasən cəzalandırılmalı olan hüquq pozuntuları törədib, amma cinayət məsuliyyətinə səbəb olan yaşa çatmadığına görə ona qarşı cinayət işi açılmadı. Bunun əvəzinə o, məhkəməyə gətirildi və məhkəmə onun "davranışının islah edilməsi" və növbəti hüquq pozuntuları törətməsinin qarşısının alınması üçün otuz gün müddətinə yetkinlik yaşına çatmayan hüquqpozanlar üçün müvəqqəti saxlama mərkəzinə yerləşdirilməsi barədə qərar çıxardı. Ərizəçi iddia etdi ki, saxlanma mərkəzində olarkən səhhəti pisləşmişdi, çünki həkiminin təyin etdiyi tibbi yardımı almırdı.
14 noyabr 2013-cü il tarixli qərarında (168 saylı məlumat bülleteninə bax) Məhkəmənin Palatası yekdilliklə qərara aldı ki, Konvensiyanın 3-cü maddəsi (ərizəçinin səhhəti ilə əlaqədar olaraq ona adekvat tibbi yardım göstərilmədiyinə görə), 5-ci maddəsi (ərizəçinin əsassız olaraq müvəqqəti saxlanma mərkəzində saxlanmasına görə) və 6-cı maddəsinin 3(c) və 3(d) bəndləri ilə birgə götürülmüş halda 6-cı maddəsinin 1-ci bəndi (onun müvəqqəti saxlama mərkəzinə yerləşdirilməsi ilə nəticələnmiş məhkəmə icraatında adekvat prosessual təminatlar olmadığına görə) pozulub. İş Hökumətin vəsatəti əsasında Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər
Maddə 3: Müəyyən edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq, azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayanların sağlamlığı ümumən qəbul edilmiş olan və bütövlükdə cəmiyyətdə yetkinlik yaşına çatmayanlara şamil olunan tibbi standartlara müvafiq olaraq təmin edilməlidir. Hakimiyyət orqanları uşağın maraqlarının üstün tutulması prinsipini həmişə rəhbər tutmalıdırlar və uşaq lazımi qayğı və müdafiə ilə təmin edilməlidir. Bundan başqa, əgər hakimiyyət orqanları uşağın azadlıqdan məhrum edilməsi məsələsini nəzərdən keçirirlərsə, onun yetkinlik yaşına çatmayanlar üçün saxlama mərkəzinə yerləşdirilməsinin mümkünlüyü məsələsini müəyyənləşdirmək üçün onu tibbi müayinədən keçirərək sağlamlıq durumunu qiymətləndirməlidirlər.
Hazırkı işdə bunu təsdiqləyən kifayət qədər dəlillər var ki, ərizəçi müvəqqəti saxlama mərkəzinə yerləşdirilərkən hakimiyyət orqanları onun ADHD sindromundan əziyyət çəkdiyini və müalicəyə ehtiyacı olduğunu bilirdilər. Bundan başqa, onun azad edildikdən sonra ertəsi gün xəstəxanaya aparılması və üç həftəyə yaxın psixiatriya xəstəxanasına yerləşdirilməsi faktı onun müvəqqəti saxlama mərkəzində səhhəti ilə bağlı zəruri müalicəni almadığını göstərirdi. Beləliklə, ərizəçi öz mövqeyini dəlillərlə ortaya qoymuş oldu. Öz növbəsində Hökumət mərkəzin personalının tam nəzarəti və cavabdehliyi altında olmuş ərizəçinin müvəqqəti saxlama mərkəzində otuz gün qaldığı müddətdə səhhətinin tələb etdiyi tibbi yardımı aldığını sübuta yetirə bilmədi. Beləliklə, ərizəçinin yeniyetmə yaşında olduğunu və ADHD sindromundan əziyyət çəkdiyinə görə xüsusilə həssas durumda olduğunu nəzərə alsaq, müvəqqəti saxlama mərkəzində zəruri tibbi yardım almadığına görə ərizəçinin 3-cü maddədə nəzərdə tutulmuş hüquqları pozulmuşdu.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
5-ci maddənin 1-ci bəndi: Böyük Palata Palatanın bu qənaətini təsdiqlədi ki, ərizəçinin otuz gün müddətinə müvəqqəti saxlama mərkəzinə yerləşdirilməsi 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada azadlıqdan məhrum edilmə idi. Palata xüsusi olaraq qeyd etmişdi ki, mərkəz qapalı və mühafizə olunan müəssisə idi və orada saxlanılanlar sutkada iyirmi dörd saat müşahidə altında olurdular ki, bu da onların müəssisəni icazəsiz tərk etməmələrini təmin edirdi, intizam rejimi isə növbədə olan mühafizəçilər tərəfindən mühafizə edilirdi.
Böyük Palata bu məsələdə də Palata ilə razılaşdı ki, ərizəçinin mərkəzə yerləşdirilməsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin "a", "b", "c", "e" və ya "f" yarımbəndlərindən hər hansı birinin tətbiq dairəsinə düşmür. Buna görə də o, diqqətini bu məsələyə yönəltdi ki, mərkəzə yerləşdirilmə 5-ci maddənin 1(d) bəndinə (tərbiyə nəzarəti məqsədləri üçün həbsə alma) uyğun idimi?
Böyük Palata bir daha xatırlatdı ki, "tərbiyə nəzarəti" sözləri sırf sinif otağındakı tədris prosesinin anlayışlarına bərabər tutulmalıdır: yerli hakimiyyət orqanının sərəncamına verilmiş yetkinlik yaşına çatmayan şəxsdən söhbət getdikdə tərbiyə nəzarəti yerli hakimiyyət orqanı tərəfindən müvafiq şəxsin mənafeyi və müdafiəsi naminə valideynlik hüquqlarının həyata keçirilməsinin bir çox aspektlərini əhatə edir. Bundan başqa, tərbiyə nəzarəti üçün saxlama mərkəzinə yerləşdirilən şəxs tərbiyə məqsədlərinə və təhlükəsizlik tələblərinə cavab verən lazımi resurslara malik olan münasib müəssisədə saxlanmalıdır.
O, ərizəçinin işinin faktlarına qayıdaraq qeyd etdi ki, müvəqqəti saxlama mərkəzinə yerləşdirilmə qısamüddətli, müvəqqəti həll yoludur və ciddi problemləri olan yetkinlik yaşına çatmayanlara yardım üçün tətbiq edilən ayrıca və uzunmüddətli tədbir olan qapalı tərbiyə müəssisəsinə yerləşdirilmə ilə müqayisə oluna bilməz. Böyük Palata başa düşə bilmir ki, maksimum otuz gün ərzində həyata keçirilən hər hansı əhəmiyyətli tərbiyə nəzarəti yetkinlik yaşına çatmayan şəxsin davranışını necə dəyişə bilərdi və onu lazımi müalicə və reabilitasiya ilə necə təmin edə bilərdi?
Böyük Palata mərkəzdə müəyyən tədris prosesinin aparıldığı ilə razılaşsa da, hesab etdi ki, müvəqqəti saxlama mərkəzinə yerləşdirilmənin müddəti hətta qısa olsa belə, normal tədris proqramına uyğun olaraq dərslərin keçilməsi azadlıqdan məhrum edilən və dövlətin cavabdehliyi altında olan bütün yetkinlik yaşına çatmayanlar üçün standart praktika olmalıdır. Bu cür tədris onların təhsilindəki boşluqları aradan qaldırmaq üçün zəruridir. Lakin bu tədrisin təmin edilməsi dövlətin bu arqumentini təsdiqləmir ki, ərizəçinin mərkəzə yerləşdirilməsi tərbiyə nəzarəti "məqsədi" ilə həyata keçirilmişdi. Əksinə, bu mərkəz təhsil müəssisələrindəki rejimdən fərqli olan intizam rejimi ilə xarakterizə olunurdu.
Bu da önəmli fakt idi ki, daxili məhkəmələrin heç biri ərizəçinin mərkəzə tərbiyə məqsədləri üçün yerləşdirildiyini qeyd etməmişdilər. Bunun əvəzinə onlar ərizəçinin "davranışının islah edilməsi" ifadəsini işlətmiş və növbəti hüquq pozuntuları törətməsinin qarşısının alınmasının zəruriliyini qeyd etmişdilər, amma bunların heç biri Konvensiyanın 5-ci maddənin 1(d) bəndində nəzərdə tutulan əsaslı səbəb deyildi. Bu cür həbsdə saxlanma 5-ci maddənin 1-ci bəndinin digər yarımbəndlərindən hər hansı birinin tətbiq dairəsinə düşmədiyinə görə 1-ci bəndin pozuntusu baş vermişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
6-cı maddənin 3(c) və 3(d) bəndləri ilə birgə götürülmüş halda 6-cı maddənin 1-ci bəndi: Ərizəçi şikayət etdi ki, onun müvəqqəti saxlama mərkəzinə yerləşdirilməsi ilə nəticələnmiş məhkəmə icraatı ədalətsiz idi, belə ki, o, qəyyumunun, müdafiəçi vəkilinin və ya müəlliminin iştirakı olmadan polis tərəfindən dindirilmişdi və onun əleyhinə ifadə vermiş şahidləri icraat zamanı çarpaz dindirək imkanına malik olmamışdı.
a) 6-cı maddənin bu işə tətbiqinin mümkünlüyü məsələsi – Böyük Palata Palatanın bu qənaəti ilə razılaşmamaq üçün əsas görmür ki, ərizəçiyə qarşı aparılmış icraat Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan mənada cinayət mühakimə icraatı idi. Palata kimi o da diqqəti icraatın zahiri əlamətləri və istifadə edilmiş ifadələr üzərində cəmləşdirməkdən daha çox, situasiyanın reallıqları üzərində cəmləşdirməyin zəruriliyini vurğuladı. Otuz gün müddətinə yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti saxlama mərkəzinə yerləşdirilmə tədbirində açıq-aydın çəkindirici və cəzalandırıcı elementlər vardı (Palata qeyd etmişdi ki, mərkəz qapalı və mühafizə olunan müəssisə idi və orada saxlanılanlar daimi müşahidə altında olur və ciddi intizam rejimində saxlanılırdılar).
Böyük Palata həminin Hökumətin etirazındakı bu arqumenti rədd etdi ki, şikayətlərə Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi əsasında baxılmalıdır. Böyük Palatanın rəyinə görə, ərizəçi barəsindəki məhkəmə icraatı cinayət ittihamının irəli sürülməsinə aid olduğuna görə ərizəçinin şikayətlərinə 5-ci maddənin 4-cü bəndi əsasında deyil, Konvensiyanın 6-cı maddəsinin daha geniş əhatəli prosessual təminatları kontekstində baxılmalıdır.
Beləliklə, 6-cı maddə bu işə tətbiq edilə bilər.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (yekdilliklə).
b) Şikayətin mahiyyəti – Ərizəçi polis tərəfindən polis bölməsinə gətirildiyi və dindirildiyi zaman on iki yaşında idi və beləliklə onun yaşı təqsirləndirildiyi cinayətə görə məsuliyyətə cəlb edilməsi üçün Cinayət Məcəlləsində müəyyən edilmiş yaş həddindən (on dörd yaş) aşağı idi. Buna görə də onun hakimiyyət orqanlarının xüsusi rəftarına və müdafiəsinə ehtiyacı vardı. Müxtəlif beynəlxalq mənbələrdə* yer alan qaydalardan belə aydın olur ki, onun barəsində hər hansı tədbir görülərkən onun üstün maraqları nəzərə alınmalı və polis tərəfindən saxlanıldığı andan ən azı böyüklər üçün təmin edilən hüquqlar və hüquqi təminatlar onun üçün də təmin edilməli idi. Üstəlik, onun ADHD sindromundan, psixi pozuntudan və sinir sistemi ilə bağlı davranış pozuntularından əziyyət çəkməsi faktı onu həssas durumunu və xüsusi müdafiəyə olan ehtiyacını şərtləndirirdi.**
i) Hüquqi yardım almaq hüququ – Məhkəmə bunu təsdiqlənmiş hesab etdi ki, polislər ərizəçiyə vəkillə təmsil olunmasında yardım göstərməmişdilər. Eləcə də ərizəçi vəkilinin olması hüququna və dindirmədə babasının və ya müəlliminin iştirak etməsi hüququna malik olduğu barədə məlumatlandırılmamışdı. Polislərin məsələyə bu cür passiv yanaşması onların pozitiv öhdəliklərinin, yəni ərizəçini (ADHD sindromundan əziyyət çəkən uşağı) hüquqi yardım almasına imkan verən məlumatla təmin etmək öhdəliyinin yerinə yetirilmiş sayılması üçün açıq-aydın yetərli deyildi. Daxili qanunvericilikdə yaşı cinayət məsuliyyətinə cəlb edilməsi üçün müəyyən edilmiş yaş həddindən aşağı olan yetkinlik yaşına çatmayan şəxsin polis tərəfindən dindirilərkən hüquqi yardımla təmin edilməsinin nəzərdə tutulmaması bu öhdəliyi yerinə yetirməmək üçün üzrlü səbəb deyildi. Əslində bu, beynəlxalq mənbələrdə müəyyən edilən və yetkinlik yaşına çatmayanların hüquqi yadımla və ya lazım gəldikdə digər növ yardımla təmin edilməsini nəzərdə tutan təməl prinsiplərə zidd idi.***
Bundan başqa, vəkilin iştirakı olmadan ərizəçinin etiraf ifadəsi verməsi təkcə ərizəçinin müvəqqəti saxlama mərkəzinə yerləşdirilməsi ilə nəticələnmiş məhkəmə icraatında onun əleyhinə istifadə edilməmişdi, həm də şahid ifadələri ilə birlikdə götürülərək, ölkədaxili məhkəmələrin onun hərəkətlərində zor tətbiq etməklə pul alma cinayətinin tərkib elementləri olduğu qənaətinə gəlməsi ilə nəticələnmiş və beləliklə onun mərkəzə yerləşdirilməsi üçün əsas təşkil etmişdi. Polis tərəfindən dindirilərkən ərizəçinin hüquqi yardımla təmin edilməməsi onun müdafiə hüquqlarına sonradan düzəldilməsi mümkün olmayan zərər yetirmiş və bütövlükdə məhkəmə icraatının ədalətliliyinə xələl gətirmişdi ki, bu da 6-cı maddənin 1-ci və 3(c) bəndlərinin pozuntusu idi.
ii) Şahidlərin çağırılmasına və dindirilməsinə nail olmaq hüququ – Nə ərizəçinin zorla pulunu aldığı iddia edilən uşağın özü, nə də onun anası ifadə vermək və ərizəçi tərəfindən çarpaz dindirilmək üçün məhkəmə iclasına çağırılmamışdılar, halbuki onların ifadələri təhqiqatın ərizəçinin zor tətbiq etməklə pul qoparma əməlini törətdiyi qənaətinə gəlməsi üçün həlledici əhəmiyyət daşımışdı. Onların məhkəmə iclasına gəlməməsi üçün üzrlü səbəb yox idi. Bundan başqa, ərizəçinin ifadəsindən imtina etməsi faktını nəzərə alsaq, bu şahidlərin dinlənilməsi icraatın ədalətliliyi üçün önəmli idi. Bu təminatın olması xüsusən bu işdə olduğu kimi yaşı cinayət məsuliyyəti üçün müəyyən edilmiş yaş həddinə çatmayan yeniyetmənin azadlıq hüququ kimi təməl hüququna aid məsələnin həll edildiyi məhkəmə icraatında önəmlidir. Ərizəçinin otuz gün müddətinə azadlıqdan məhrum edilməsi (on iki yaşlı oğlan üçün bu heç də az müddət deyil) təhlükəsinin mövcud olması faktını nəzərə alsaq, daxili məhkəmənin tərəflərin bərabərliyi prinsipinə riayət edilməsini təmin etməklə məhkəmə icraatının ədalətliliyini təmin etməsi olduqca önəmli idi. Ərizəçinin prosesin hər hansı mərhələsində şahidləri çarpaz dindirmək imkanına malik olmamasını kompensasiya etmək üçün balanslaşdırıcı amillərin olmadığı bir şəraitdə ərizəçinin müdafiə hüquqları və konkret olaraq şahidləri çağırmaq və dindirmək hüququ 6-cı maddənin 1-ci və 3(c) bəndlərində nəzərdə tutulmuş təminatlarla bir araya sığımayan dərəcədə məhdudlaşdırılmışdı.
***
Yetkinlik yaşına çatmayan ərizəçinin "Yetkinlik yaşına çatmayanlar haqqında" 1999-cu il tarixli qanunda müəyyən edilmiş prosessual təminatlarının Cinayət Prosessual Məcəlləsi əsasında cinayət işi üzrə müttəhimlərə verilən hüquqlarla müqayisədə əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığı bu iş qanunverici orqanın uşaqları müdafiə etmək və onları qayğı və yardımla təmin etmək niyyətinin reallıqla və yetkinlik yaşına çatmayan hüquqpozanlar üçün lazımi prosessual təminatların olmasını tələb edən prinsiplərlə necə ziddiyyət təşkil etdiyini əyani şəkildə göstərirdi.
Böyük Palatanın rəyinə görə, əqli və emosional inkişafları istənilən halda xüsusi diqqət tələb edən yetkinlik yaşına çatmayanlar və xüsusən yaşları cinayət məsuliyyətinə cəlb edilmək üçün müəyyən edilmiş yaş həddinə çatmayan azyaşlı uşaqlar onlar barəsində məcburiyyət tədbirlərinin, hətta bu tədbirlər tərbiyə tədbirləri adı altında görüldükdə belə, tətbiqi zamanı dəstəyə və hüquqlarının müdafiəsində yardım göstərilməsinə layiqidirlər. Söhbət uşağın azadlığından gedirsə, şübhəsiz ki, onun üstün maraqlarının və rifahının müdafiəsi üçün adekvat prosessual təminatlar mövcud olmalıdır. Başqa cür düşünmək uşaqları eyni vəziyyətdə olan böyüklərlə müqayisədə əlverişsiz vəziyyətə salmış olardı. Bu baxımdan əlil uşaqların müdafiəsinin yetərincə təmin edilməsi onlar üçün əlavə təminatların olmasını tələb edə bilər. Amma bu o demək deyil ki, uşaqların işinə geniş əhatəli cinayət prosesi çərçivəsində baxılmalıdır; onların hüquqları beynəlxalq standartlara, xüsusən Uşaq hüquqları haqqında Konvensiyanın müddəalarına uyğun olaraq yaşlarına uyğunlaşdırılmış müvafiq prosedurlar çərçivəsində təmin edilməlidir.
Bir sözlə, ərizəçi müvəqqəti saxlama mərkəzinə yerləşdirilməsi ilə nəticələnmiş icraatda ədalətli məhkəmə araşdırması imkanından məhrum edilmişdi.
Nəticə: pozuntu baş verib (altı səsə qarşı on bir səslə).
Maddə 41: Mənəvi ziyana görə 7.500 avro təyin edildi.
* Misal üçün bax: Avropa Şurasının R (87) 20 saylı tövsiyəsi; Avropa Şurasının R (2003) 20 saylı tövsiyəsi; Uşaq mənafelərini nəzərə alan ədalət mühakiməsi haqqında Avropa Şurasının rəhbər prinsipləri, 1, 2 və 28-30-cu rəhbər prinsiplər; Uşaq hüquqları haqqında Konvensiyanın 40-cı maddəsi (1989-cu il); 10 saylı ümumi şərh, 33-cü bənd; və Pekin Qaydalarının 7.1-ci qaydası.
** Uşaq mənafelərini nəzərə alan ədalət mühakiməsi haqqında Avropa Şurasının rəhbər prinsipləri, 27-ci rəhbər prinsip; Uşaq hüquqları haqqında Konvensiyanın (1989-cu il) 23-cü maddəsi; və 9 saylı ümumi şərh (Əlil uşaqların hüquqları), 73 və 74-cü bəndlər.
*** Misal üçün bax: Uşaq hüquqları haqqında Konvensiya, 40-cı maddənin 2 (b)(ii) bəndi və ona əlavə olunmuş şərhlər; Yetkinlik yaşına çatmayanların işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə dair Birləşmiş Millətlər Təşkilatının standart minimal qaydaları ("Pekin Qaydaları), 7.1-ci qayda; və Avropa Şurasının R (87) 20 saylı tövsiyəsi, 8-ci bənd.
Full & Egal Universal Law Academy