© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BÖYÜK PALATA
BOÇAN (BOCHAN) UKRAYNAYA QARŞI məhkəmə işi (№ 2)
(Ərizə № 22251/08)
QƏRAR
Bu versiyaya 11 mart 2015-ci ildə düzəliş edilib
Strasburq
5 fevral 2015-ci il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Boçan Ukraynaya qarşı məhkəmə işində (№ 2),
Avropa İnsan Hüquqları Məhkəməsi (Böyük Palata),
hakimlər:
Din Şpilmann (Dean Spielmann), sədr,
Josep Casadeval (Josep Casadevall),
Qvido Raymondi (Guido Raimondi),
İneta Ziemele (Ineta Ziemele),
Mark Villiger (Mark Villiger),
İzabella Berro (Isabelle Berro),
Boştyan M. Zupançiç (Boštjan M. Zupančič),
Alvina Gülümyan (Alvina Gyulumyan),
Qanna Yudkivska (Ganna Yudkivska),
Angelika Nussberger (Angelika Nußberger),
Erik Mos (Erik Møse),
Andre Potoki (André Potocki),
Pol Lemmens (Paul Lemmens),
Paul Mahoni (Paul Mahoney),
Aleş Peyçal (Aleš Pejchal),
Kşiştof Voytsiçek (Krzysztof Wojtyczek),
Dmitri Dedov (Dmitry Dedov),
habelə hüquq məsləhətçisi Lourens Erlidən (Lawrence Early) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
7 may və 19 noyabr 2014-cü ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Ukrayna vətəndaşı xanım Mariya İvanovna Boçan (Mariya Ivanivna Bochan) (“ərizəçi”) tərəfindən 7 aprel 2008-ci ildə Məhkəməyə təqdim edilmiş Ukraynaya qarşı ərizə (№ 22251/08) əsasında başlanıb.
2. Ərizəçini Ternopolda vəkillik fəaliyyəti ilə məşğul olan oğlu cənab İ. Boçan (I. Bochan) təmsil edib. Ukrayna Hökumətini (“Hökumət”) onun nümayəndələri təmsil edib, son zamanlar nümayəndə Ədliyyə Nazirliyindən olan xanım N. Sevostyanova (N. Sevostyanova) olub.
3. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 saylı Protokolun 1-ci maddəsinə istinadən ərizəçi özünün əvvəlki işi (Boçan Ukraynaya qarşı, ərizə № 7577/02, 3 may 2007-ci il tarixli qərar) üzrə Məhkəmənin çıxardığı qərardan irəli gələn və qüvvədə olan Ukrayna qanunvericiliyində nəzərdə tutulan "müstəsna hallarla əlaqədar verdiyi şikayət" üzrə aparılmış məhkəmə icraatından şikayət etdi.
4. 6 sentyabr 2011-ci ildə ərizə barədə Hökumətə məlumat verildi.
5. 19 noyabr 2013-cü ildə hakimlər Mark Villiger (sədr), Angelika Nussberger, Boştyan M. Zupançiç, Qanna Yudkivska, Andre Potoki, Pol Lemmens, Aleş Peyçal, habelə Bölmənin katibi Klaudiya Vesterdikdən (Claudia Westerdiek) ibarət tərkibdə təşkil edilmiş Beşinci Bölmənin Palatası Böyük Palatanın xeyrinə yurisdiksiyasından imtina etdi və tərəflərin heç biri bu imtinaya etiraz etmədi (Konvensiyanın 30-cu maddəsi və Məhkəmə Reqlamentinin 72-ci Qaydası).
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyənləşdirildi.
7. Ərizəçi və Hökumət hər biri işin mahiyyəti üzrə əlavə yazılı qeydlərini təqdim etdilər. Tərəflərlə məsləhətləşdikdən sonra 17 mart 2014-cü ildə Böyük Palatanın sədri şifahi dinləmə keçirilməməsini qərara aldı.
FAKTLAR
I. İŞİN HALLARI
8. Ərizəçi 1917-ci ildə doğulub və Ternopolda yaşayır.
9. Tərəflərin təqdim etdikləri iş üzrə faktları qısaca aşağıdakı kimi ümumiləşdirmək olar.
A. İş üzrə faktların tarixçəsi
10. 1997-ci ildən bəri ərizəçi həmin dövrdə cənab M-ə məxsus olan evin bir hissəsi üzərində mülkiyyət hüququ əldə etmək üçün məhkəmədə iddia qaldırıb, amma indiyədək cəhdləri uğursuz olub. Onun iddiası aşağıdakı arqumentlərə əsaslanır: evin sözügedən hissəsi onun və mərhum ərinin xərcləri hesabına tikilib; əri qanuni yolla əmlak üzərində mülkiyyət hüququ əldə edib və sonradan həmin əmlak ona miras qalıb; əmlak cənab M-.ə satılmayıb, baxmayaraq ki, qabaqcadan bu barədə ərizəçinin oğlu ilə razılaşma var idi; və cənab M.-in əmlak iddiası üçün əsas olan alqı-satqı müqaviləsi saxtalaşdırılıb.
11. Ərizəçinin əmlak iddiasına daxili məhkəmələr tərəfindən dəfələrlə baxıldı. Son nəticədə iş Ali Məhkəmə tərəfindən başqa ərazi aidiyyəti üzrə aşağı məhkəmələrə göndərildikdən sonra ərizəçinin iddiası rədd edildi. Biri şəxsən dindirilmiş olan 17 şahidin ifadələrinə və cənab M.-in təqdim etdiyi sənədlərə əsaslanaraq iki instansiyada məhkəmələr bu qənaətə gəldilər ki, cənab M. sözügedən evin bünövrəsini 1993-cü ildə ərizəçinin oğlundan satın alıb və sonradan tikintini öz xərcləri hesabına aparıb. Müvafiq olaraq, cənab M. evin həmin hissəsinin qanuni sahibi idi və onun üzərində tikildiyi torpaqdan istifadə etmək hüququna malik idi. 22 avqust 2002-ci ildə Ali Məhkəmə yekun qərar qəbul edərək aşağı məhkəmələrin qərarlarını qüvvədə saxladı.
B. Məhkəmənin birinci iş üzrə qərarı
12. 17 iyul 2001-ci ildə ərizəçi Məhkəməyə ərizə təqdim etdi və konkret olaraq onun iddiası ilə bağlı daxili məhkəmələrdəki icraatın ədalətsiz olmasından şikayət etdi. O həmçinin icraatın həddən artıq uzun sürməsindən şikayət etdi və bu icraatın nəticələri ilə əlaqədar olaraq iddia etdi ki, həm təklikdə, həm də Konvensiyanın 14-cü maddəsi ilə əlaqəli şəkildə götürülməklə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub.
13. 3 may 2007-ci ildə Məhkəmə iş üzrə qərarını çıxardı və qərar 3 avqust 2007-ci ildə qüvvəyə mindi. Ərizəçinin işinin Ali Məhkəmənin icraatına verilməsinin hallarını və ölkədaxili məhkəmələrin qərarlarının yetərincə əsaslandırılmadığını nəzərə alaraq, Məhkəmə bu məsələləri birlikdə və məcmu halında araşdırdı və qərara aldı ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub (bax: Boçanın işi üzrə yuxarıda qeyd edilən qərar, 85-ci bənd).
14. Məhkəmə öz qərarını aşağıdakı kimi əsaslandırdı:
"74. ... Ali Məhkəmə tərəfindən [ərizəçinin işinin] ərazi aidiyyətinin dəyişdirilməsi barədə qərar işin faktlarına dair aşağı məhkəmələrin gəldiyi nəticələrlə onun qəti şəkildə razılaşmadığını ifadə etməsindən və işin əsas aspektləri ilə əlaqədar öz mövqeyini bildirməsindən sonra qəbul olunmuşdu və bu mövqe hətta aşağı məhkəmələrin faktları yenidən qiymətləndirməsindən və sübutları qəbul etməsindən əvvəl bildirilmişdi... Bundan əlavə, ərazi aidiyyətinin dəyişdirilməsi barədə qərarının Ali Məhkəmə tərəfindən əsaslandırılmadığını nəzərə alaraq, Məhkəmə bu fikirdədir ki, Ali Məhkəmənin sədr müavini də daxil olmaqla Ali Məhkəmənin hakimlərinin işin nəticəsi ilə bağlı öncədən formalaşmış mövqeyə malik olmalarından və işin 9 oktyabr 2000-ci ildə baxılmağa verildiyi hakimlərin işə Ali Məhkəmənin mövqeyi əsasında baxacaqlarından ərizəçinin ehtiyatlanması obyektiv əsasa malik qorxu hesab oluna bilər.
75. Məhkəmə hesab edir ki, ümumən belə prosessual vəziyyət hüquqi müəyyənlik prinsipini pozurdu (bax: Ryabıx Rusiyaya qarşı, ərizə № 52854/99, 51-52-ci bəndlər, ECHR 2003-IX). Ərizəçinin işinin mahiyyəti üzrə Ali Məhkəmənin mövqeyinin aşağı məhkəmələrin mövqeyindən fərqlənməsi faktı işə yenidən baxılması üçün əsas ola bilməzdi. Yuxarı məhkəmələrin işə yenidən baxmaq səlahiyyəti aşağı instansiya məhkəmələrinin faktlara verdiyi qiyməti özünün verdiyi qiymətlə əvəzləmək üçün deyil, məhkəmə səhvlərinin və ədalət mühakiməsi zamanı buraxılmış hüquqi səhvlərin düzəldilməsi üçün tətbiq edilməlidir".
15. Məhkəmə daha sonra qeyd etdi ki, ölkədaxili məhkəmələr işin nəticəsi üçün həlledici əhəmiyyət daşıyan şahid ifadələrinin etibarlılığı və sübutedici sənədlərin həqiqiliyi məsələsi ilə bağlı ərizəçinin iddialarını cavabsız saxlayıblar (bax: Boçanın işi üzrə yuxarıda qeyd edilən qərar, 81-84-cü bəndlər).
16. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə yuxarıda gəldiyi nəticələrə istinadən Məhkəmə qərara aldı ki, ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi üzrə şikayətinə dair qərar qəbul etməyə ehtiyac yoxdur, belə ki, həmin şikayətdə hər hansı ayrıca məsələ qaldırılmayıb (bax: Boçanın işi üzrə yuxarıda qeyd edilən qərar, 91-ci bənd).
17. Məhkəmə icraatının uzun sürdüyü və Konvensiyanın 14-cü maddəsi ilə əlaqəli şəkildə götürülməklə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğu barədə ərizəçinin şikayətləri əsassız sayılaraq rədd edildi (bax: Boçanın işi üzrə yuxarıda qeyd edilən qərar, 87-ci və 93-cü bəndlər).
18. Mənəvi ziyana görə ədalətli kompensasiya qismində ərizəçiyə 2.000 avro təyin olundu. Məhkəmə həmçinin qeyd etdi ki, "onun işində ölkədaxili məhkəmələrin 6-cı maddəyə əməl etmədikləri barədə Məhkəmənin gəldiyi nəticənin əsasında ərizəçi Ukrayna qanunvericiliyinə uyğun olaraq işə yenidən baxılması üçün müraciət etmək hüququna malikdir" (bax: Boçanın işi üzrə yuxarıda qeyd edilən qərar, 97-ci və 98-ci bəndlər).
19. Avropa Şurasının Nazirlər Komitəsi Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq qərarın icrasına nəzarəti hələlik başa çatdırmayıb.
C. Ərizəçinin "müstəsna hallarla əlaqədar şikayəti"
20. 14 iyun 2007-ci ildə ərizəçi Ali Məhkəməyə konkret olaraq 2004-cü il tarixli Mülki Prosessual Məcəllənin 353-355-ci maddələrinə uyğun olaraq (aşağıda 24-cü bəndə bax) "müstəsna hallarla əlaqədar şikayət" verdi. Avropa Məhkəməsinin 3 may 2007-ci il tarixli qərarına istinadən o Ali Məhkəmədən xahiş etdi ki, onun işi üzrə məhkəmələrin qərarlarını ləğv etsin və onun iddia tələblərini tam təmin edən yeni qərar çıxarsın. O, şikayətinə Avropa Məhkəməsinin qərarını və ölkədaxili məhkəmələrin qərarlarını əlavə etdi.
21. 14 mart 2008-ci ildə Ali Məhkəmənin mülki işlər bölməsinin 18 hakimindən ibarət məhkəmə kollegiyası şikayətə qapalı iclasda baxaraq və 2004-cü il tarixli Mülki Prosessual Məcəllənin 358-ci maddəsinə istinad edərək ərizəçinin şikayətini rədd etdi. Ali Məhkəmənin qərarının müvafiq hissəsində deyilirdi:
"3 may 2007-ci il tarixli qərarla Avropa İnsan Hüquqları Məhkəməsi məhkəmə icraatının ədalətsiz aparıldığı və 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğu barədə ərizəçinin şikayətlərini qəbul olunan, ərizədəki qalan şikayətləri isə qəbul olunmayan elan edib. Bu işdə 6-cı maddənin 1-ci bəndinin pozulduğu ... müəyyən edilib. [Məhkəmə] qərara alıb ki, cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qərar qüvvəyə mindikdən sonra üç ay ərzində mənəvi ziyana görə ərizəçiyə 2.000 (iki min) avro ödəməlidir. ...
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının 64-cü bəndində qeyd edilirdi ki, ərizəçinin arqumentləri əsasən dörd məsələyə, yəni aşağıdakılara aiddir:
a) [ərizəçinin] işinə baxmış məhkəmələr müstəqil və qərəzsiz idilərmi;
b) işə Çemerovetsk şəhər məhkəməsi tərəfindən baxılması faktı ərizəçinin məhkəmə prosesində iştirakına həqiqətənmi mane olmuşdu;
c) yazılı ifadələri daxili məhkəmələr tərəfindən sübut kimi qəbul edilmiş şahidlərin həmin məhkəmələr tərəfindən dinlənilməməsi tərəflərin bərabərliyi prinsipinə uyğun idimi;
d) birinci instansiya, apellyasiya və kassasiya məhkəmələrinin çıxardığı qərarlar yetərincə əsaslandırılmışdımı?
İşin materiallarından göründüyü kimi, ölkədaxili icraatda ərizəçini onun vəkil olan oğlu təmsil edib. ... Bütün icraat müddətində ərizəçi məhkəməyə gəlməyib, hərçənd ki, iclasların vaxtı barədə lazımi qaydada məlumatlandırılıb.
İşdə iştirak edənlərin heç biri, o cümlədən [ərizəçinin oğlu] cənab B.I. prosesə şahidlərin çağırılmasını xahiş etməyib. .. Cənab B.I. evin onun (yaxud atasının və ya anasının) xərcləri hesabına tikildiyini sübut edə biləcək şahid ifadələrini təqdim etməyib.
Tərəflərin heç biri, o cümlədən cənab B.I. [birinci instansiya məhkəməsinin] tərkibinə etiraz etməyib. Məhkəmənin obyektiv olmaması barədə şikayətlər ... cənab B.I. tərəfindən yalnız iş üzrə qərar çıxarıldıqdan sonra irəli sürülüb.
İşin materiallarından göründüyü kimi, 18 mart 1993-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlılığı şübhə altına alınmayıb, həmin müqaviləyə əsasən, cənab M. bünövrənin yarısını və bəzi tikinti materiallarını cənab B.I.-dən satın almışdı. ... Həmçinin evin sağ tərəfinin cənab M.-in xərcləri hesabına tikildiyini və evin bünövrəsinə və sağ tərəfinə görə cənab M.-in cənab B.I.-yə 1.550.000.000 karbovanets [1996-cı ilin sentyabrına qədər işlənmiş Ukraynanın keçid valyutası] ödədiyini təsdiq edən sənəd var. Bu hallar ekspertiza tərəfindən təkzib edilməyib.
Öz qərarında Avropa İnsan Hüquqları Məhkəməsi onu da qeyd etdi ki, mülki icraat nəticəsində ərizəçi ... mülkiyyət hüquqlarını həyata keçirərkən 1 saylı Protokolun 1-ci maddəsi ilə əlaqəli şəkildə götürülməklə Konvensiyanın 14-cü maddəsinə zidd olaraq ayrı-seçkiliyə məruz qaldığına dair sübut təqdim edə bilməyib. [Məhkəmə] bu nəticəyə gəldi ki, ərizəçinin [bu maddələr üzrə] şikayətləri Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndi əsasında açıq-aydın əsassız sayılaraq rədd edilməlidir. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsi bu qənaətə gəldi ki, [daxili] məhkəmələrin qərarları qanuni və əsaslı olub və yalnız "ağlabatan müddət" tələbinin Ukrayna məhkəmələri tərəfindən pozulmasına görə ərizəçiyə 2.000 avro məbləğində kompensasiya təyin etdi.
Yuxarıdakılar nəzərə alınaraq, bu iş üzrə məhkəmələrin qərarları xanım Boçanın ərizəsində göstərilmiş səbəblər əsasında ləğv oluna bilməz.
Ukrayna Mülki Prosessual [Məcəlləsinin] 358-ci [maddəsinə] istinadən Ukrayna Ali Məhkəməsinin mülki işlər bölməsinin məhkəmə kollegiyası –
[qərara aldı]:
Xmelnitski regionunun Çemerovetsk şəhər məhkəməsinin 19 yanvar 2001-ci il tarixli qərarı, Xmelnitski regional apellyasiya məhkəməsinin 1 mart 2001-ci il tarixli qərarı və Ukrayna Ali Məhkəməsinin 22 avqust 2002-ci il tarixli qərarı ilə bağlı müstəsna halların işığında işə yenidən baxılması üçün [xanım Boçan M. I.] tərəfindən şikayət verilməsinə icazə verməkdən imtina edilsin".
22. 8 aprel 2008-ci ildə ərizəçi Ali Məhkəməyə "müstəsna hallarla əlaqədar şikayət" verdi. O iddia etdi ki, 14 mart 2008-ci il tarixli qərar Avropa Məhkəməsinin 3 may 2007-ci il tarixli qərarının yanlış "şərhinə" əsaslanıb və Ali Məhkəmədən xahiş etdi ki, yuxarıda 15-ci maddədə qeyd edildiyi kimi, Avropa Məhkəməsinin həmin qərarda Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə gəldiyi nəticələrin işığında işə mahiyyəti üzrə yenidən baxsın.
23. 5 iyun 2008-ci ildə Ali Məhkəmənin mülki işlər bölməsinin yeddi hakimindən ibarət məhkəmə kollegiyası 2004-cü il tarixli Mülki Prosessual Məcəllənin 356-cı maddəsinə istinad edərək şikayət ərizəsini qəbul olunmayan elan etdi, çünki ərizədə 2004-cü il tarixli Mülki Prosessual Məcəllənin 354-cü maddəsinə uyğun olaraq müstəsna halların işığında işə yenidən baxılması üçün əsas təşkil edə biləcək heç bir arqument yox idi (Məcəllənin 354-cü maddəsinin mətni və 356-cı maddəsindən müvafiq parçalar üçün aşağıda 24-cü bəndə bax).
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. 2004-cü il tarixli Mülki Prosessual Məcəllə
24. Məcəllənin həmin dövrdə qüvvədə olan mətninin müvafiq hissələrində deyilirdi:
Maddə 353. Müstəsna hallarla əlaqədar olaraq məhkəmə qərarlarından şikayət etmək hüququ
"1. Prosesdəki tərəflər ... mülki işlər üzrə məhkəmə qərarlarına kassasiya qaydasında yenidən baxıldıqdan sonra müstəsna hallarla əlaqədar olaraq [həmin qərarlardan] Ukrayna Ali Məhkəməsinə şikayət etmək hüququna malikdirlər".
Maddə 354. Müstəsna hallarla əlaqədar olaraq məhkəmə qərarlarından şikayət etmək üçün əsaslar
"1. Mülki işlər üzrə məhkəmə qərarlarına kassasiya qaydasında yenidən baxıldıqdan sonra aşağıdakı əsaslara görə şikayət edildikdə onlara müstəsna hallarla əlaqədar olaraq yenidən baxıla bilər:
1) qanunun eyni müddəası kassasiya məhkəməsi (və ya məhkəmələri) tərəfindən fərqli şəkildə tətbiq edildikdə;
2) yurisdiksiyası Ukrayna tərəfindən tanınmış beynəlxalq məhkəmə orqanı tərəfindən məhkəmə qərarı Ukraynanın beynəlxalq öhdəliklərini pozan qərar hesab edildikdə".
Maddə 355. Müstəsna hallarla əlaqədar şikayət etmə qaydası
"1. Şikayət ərizəsi müstəsna halların aşkarlandığı gündən sonra bir ay ərzində verilə bilər.
2. Müstəsna hallarla əlaqədar şikayət ərizəsi kassasiya icraatında kassasiya şikayətinin verilməsi qaydalarına uyğun olaraq verilir.
..."
Maddə 356. Müstəsna hallarla əlaqədar şikayətin icraata qəbul edilməsi
"1. Müstəsna hallarla əlaqədar şikayətin icraata qəbulunun mümkünlüyü məsələsi ... yeddi hakimdən ibarət məhkəmə kollegiyası tərəfindən həll olunur.
2. Ən azı üç hakim belə qərar qəbul edərsə, ... şikayət icraata qəbul edilmiş sayılır...
3. Şikayətin icraata qəbulunun mümkünlüyü məsələsinə dair qərardan ... şikayət edilə bilməz...
4. Şikayəti qəbul olunan elan etmiş qərardadın surəti ... tərəflərə göndərilir...
5. Şikayət qəbul olunan elan edilərsə, ... məhkəmə müvafiq qərarların icrasını dayandıra bilər.
6. Bu Məcəllənin 354-cü maddəsinin 2-ci bəndində müəyyən edilmiş əsasa görə verilmiş şikayətə bu maddənin 1-4-cü bəndlərində yer alan müddəalar şamil olunmur.
Maddə 357. Müstəsna hallarla əlaqədar icraatın aparılması qaydası
"1. Müstəsna hallarla əlaqədar işin icraatı kassasiya icraatının bir növüdür (різновидом касаційного провадження).
2. İşə Ukrayna Ali Məhkəməsinin mülki işlər bölməsinin üzvlərinin ən azı üçdə ikisini təşkil edən sayda hakimlərdən ibarət kollegiya tərəfindən baxılır...
...
4. Müstəsna hallarla əlaqədar işin icraatı kassasiya icraatına tətbiq edilən qaydalar əsasında həyata keçirilir".
Maddə 358. Müstəsna hallarla əlaqədar işlərə baxılarkən Ukrayna Ali Məhkəməsinin səlahiyyətləri
"1. Müstəsna hallarla əlaqədar işlərə baxılarkən Ukrayna Ali Məhkəməsi aşağıdakı səlahiyyətlərə malikdir:
1) şikayəti rədd etmək və qərarı dəyişiklik etmədən saxlamaq...
2) apellyasiya və ya kassasiya məhkəməsinin qərarını bütünlüklə və ya qismən ləğv etmək və işi yenidən baxılmaq üçün birinci instansiya, apellyasiya və ya kassasiya məhkəməsinə göndərmək...
3) apellyasiya və ya kassasiya məhkəməsinin qərarını ləğv etmək və onların səhvən ləğv etdiyi qərarı qüvvədə saxlamaq...
4) iş üzrə qərarları ləğv etmək və icraata xitam vermək...
5) qərara dəyişiklik etmək və ya işin mahiyyəti üzrə yeni qərar qəbul etmək..."
Maddə 360. Ukrayna Ali Məhkəməsinin qərarlarının qanuni qüvvəsi
"1. Müstəsna hallarla əlaqədar Ukrayna Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarlar elan edildiyi andan qanuni qüvvəyə minir və onlardan şikayət edilə bilməz".
B. "Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası və praktikasının tətbiqi haqqında" 23 fevral 2006-cı il[1] tarixli qanun
25. Qanunun mətninin həmin dövrdə qüvvədə olan müvafiq hissələrində deyilirdi:
"Bu qanun aşağıdakılardan irəli gələn münasibətləri tənzimləyir: Avropa İnsan Hüquqları Məhkəməsinin Ukraynaya qarşı işlər üzrə qərarlarının dövlət tərəfindən icra edilməsi öhdəliyindən; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın və onun Protokollarının Ukrayna tərəfindən pozulmasının səbəblərini aradan qaldırmaq zərurətindən; insan hüquqlarına dair Avropa standartlarını Ukraynanın məhkəmə və inzibati praktikasında tətbiq etmək tələbatından; və Ukraynaya qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə verilən şikayətlərin sayının azalmasına şərait yaratmaq zərurətindən".
Maddə 1. Anlayışlar
"1. Bu maddənin məqsədləri üçün bu terminlər aşağıdakı mənada işlənib:
...
Konvensiya – ölkə üçün məcburi qüvvəyə malik olması [Ukrayna parlamenti] tərəfindən təsdiqlənmiş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası və onun Protokolları;
Məhkəmə – Avropa İnsan Hüquqları Məhkəməsi;
...
Tələb sahibi – a) Ukraynaya qarşı işdə Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə verən və xeyrinə qərar çıxarılan və ya işində dostcasına həllə nail olunan ərizəçi, yaxud onun nümayəndəsi və ya varisi...
[Məhkəmənin qərarının] icrası – a) tələb sahibinə kompensasiya ödənilməsi; b) fərdi tədbirlərin tətbiqi; c) ümumi tədbirlərin tətbiqi;
..."
Maddə 2. [Məhkəmənin qərarının] icrası
"1. [Məhkəmənin qərarı] Konvensiyanın 46-cı maddəsinə uyğun olaraq Ukrayna üçün məcburi hüquqi qüvvəyə malikdir.
2. Qərarın icra qaydası bu Qanunla, "İcra icraatı haqqında" qanunla və digər normativ aktlarla müəyyən edilir və bu zaman bu Qanunun xüsusi müddəaları nəzərə alınır.
Maddə 10. Əlavə fərdi tədbirlər
"1. Kompensasiya ödənilməsindən əlavə həm də tələb sahibinin pozulmuş hüquqlarının bərpası məqsədini daşıyan fərdi tədbirlər tətbiq edilir.
2. Fərdi tədbirlərə bunlar daxildir:
a) Konvensiya pozulana qədər tələb sahibinin mövcud olmuş əvvəlki hüquqi vəziyyətinin mümkün qədər bərpa edilməsi (restitutio in integrum);
...
3. Tələb sahibinin əvvəlki hüquqi vəziyyətinin bərpası, digər vasitələrlə yanaşı, aşağıdakı yollarla həyata keçirilir:
a) işə məhkəmə tərəfindən yenidən baxılması, o cümlədən işin icraatının bərpa edilməsi;
b) işə inzibati orqan tərəfindən yenidən baxılması".
Maddə 11. Fərdi tədbirlərlə əlaqədar olaraq Hökumətin nümayəndəliyinin etməli olduğu hərəkətlər
"1. Hökumətin nümayəndəliyi qərarın qüvvəyə mindiyi barədə Məhkəmənin bildirişini aldıqdan sonra üç gün ərzində:
a) tələb sahibinə bildiriş göndərməklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq işinə yenidən baxılması və (və ya) icraatın bərpa edilməsi üçün müraciət etmək hüququ barədə ona izahat verir..."
III. AVROPA ŞURASINA ÜZV OLAN DÖVLƏTLƏRİN QANUNVERİCİLİYİ VƏ PRAKTİKASI
26. Avropa Şurasına üzv olan otuz səkkiz dövlətin milli qanunvericiliyinin və praktikasının müqayisəli tədqiqi göstərir ki, bir çox dövlətlər yekun məhkəmə qərarı ilə başa çatmış mülki işlərə Konvensiyanın pozulduğu barədə Avropa Məhkəməsinin qərarı əsasında yenidən baxılması imkanını təmin edən ölkədaxili mexanizmlər tətbiq ediblər. Konkret olaraq, tədqiq edilmiş üzv dövlətlərin iyirmi ikisində Mülki Prosessual Məcəllədə aydın şəkildə belə bir imkan nəzərdə tutulur ki, Avropa İnsan Hüquqları Məhkəməsində və ya digər beynəlxalq məhkəmədə işi uğurla yekunlaşmış ərizəçi həmin məhkəmə tərəfindən pozuntunun müəyyən edilməsi faktı əsasında mülki işinə yenidən baxılması üçün müraciət edə bilər. Bu, Albaniya, Andorra, Ermənistan, Azərbaycan, Xorvatiya, Çexiya Respublikası, Estoniya, Keçmiş yuqoslav respublikası Makedoniya, Gürcüstan, Almaniya, Latviya, Litva, Moldova, Monteneqro, Norveç, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, İsveçrə və Türkiyədə belədir. Bu dövlətlərin hamısında işə yenidən baxılması barədə vəsatətlər məhkəməyə verilir. Amma məhkəmə yurisdiksiyasının səviyyəsi ayrı-ayrı üzv dövlətlərdə fərqlənir. Bəzi ölkələrdə bu məsələyə ən yüksək məhkəmə instansiyası, yəni Ali Məhkəmə (bu, Albaniya, Azərbaycan, Estoniya və Litvada belədir), yaxud Konstitusiya Məhkəməsi (Çexiya Respublikasında) baxır. Digərlərində isə (Xorvatiya, Keçmiş yuqoslav respublikası Makedoniya və Serbiyada) vəsatəti qərarından şikayət edilən məhkəməyə verirlər. Bir qayda olaraq, işə yenidən baxılması avtomatik prosedur deyil və şikayətin qəbulunun mümkünlüyünə dair meyarlardan, məsələn, müddətlərdən, ərizəçinin statusundan və vəsatətin əsaslandırılmasından asılıdır (məsələn, bu, Albaniya, Keçmiş yuqoslav respublikası Makedoniya, Gürcüstan, Monteneqro və Türkiyədə belədir). Bəzi ölkədaxili qanunvericilik normaları digər şərtlərin də olmasını tələb edir, məsələn, pozuntunun ciddi nəticələrinin mövcudluğunun davam etməsi (Rumıniya), yaxud kompensasiya yolu ilə pozuntunun aradan qaldırıla bilməməsi, yaxud da ərizəçinin hər hansı başqa vasitələrlə kompensasiya əldə edə bilməməsi.
27. Tədqiq edilmiş otuz səkkiz üzv dövlətdən on altısında Konvensiyanın pozuntusunun Avropa Məhkəməsi tərəfindən müəyyən edilməsi əsasında mülki işlərə yenidən baxılması hazırda mövcud hüquq normalarında birbaşa nəzərdə tutulmayıb (bu, Avstriya, Belçika, Fransa, Yunanıstan, Macarıstan, İtaliya, İrlandiya, Lixtenşteyn, Lüksemburq, Monako, Niderland, Polşa, Sloveniya, İspaniya, İsveç və Birləşmiş Krallıqda (İngiltərə və Uelsdə) belədir), bəzi digər dövlətlərdə isə ərizəçilər bu cür vəziyyətdə yeni aşkarlanmış faktlarla və ya baş vermiş prosessual səhvlərlə əlaqədar olaraq işə yenidən baxılması proseduru çərçivəsində işlərinə yenidən baxılması üçün müraciət etmək imkanına malikdirlər (məsələn, Fransa, Niderland və Polşada).
IV. NAZİRLƏR KOMİTƏSİNİN R (2000) 2 SAYLI TÖVSİYƏSİ
28. 19 yanvar 2000-ci ildə nazirlərin nümayəndələrinin 694-cü iclasında qəbul edilmiş R (2000) 2 saylı tövsiyəsində Nazirlər Komitəsi qeyd etdi ki, Məhkəmənin qərarlarına nəzarət praktikası göstərir ki, müəyyən hallarda işə yenidən baxılması və ya icraatın bərpa edilməsi pozuntuya qədərki vəziyyətin bərpasına (restitutio in integrum) nail olmaq üçün ən səmərəli və bəlkə də yeganə vasitə olur. Buna görə də Nazirlər Komitəsi dövlətləri Konvensiyanın pozuntusu Məhkəmə tərəfindən müəyyən edildiyi təqdirdə, xüsusən aşağıdakı hallarda işlərə yenidən baxılması üçün mexanizmlər tətbiq etməyə çağırdı:
"i) iş üzrə ölkədaxili qərar nəticəsində zərərçəkən tərəf pozuntunun çox ciddi nəticələrinə məruz qalmaqda davam etdikdə və həmin nəticələri ədalətli təzminat vasitəsilə kompensasiya etmək və işə yenidən baxılması və ya icraatın bərpası vasitəsilə vəziyyəti düzəltmək mümkün olmadıqda; və
ii) Məhkəmənin qərarı aşağıdakı qənaətə gətirib çıxardıqda:
a) işin mahiyyətinə aid olan, barəsində şikayət edilən ölkədaxili məhkəmə qərarı Konvensiyaya ziddir; yaxud
b) aşkar edilmiş pozuntu elə ciddi prosessual səhvlərə və ya nöqsanlara əsaslanır ki, bu hal şikayət predmeti olan ölkədaxili icraatın nəticəsinə kölgə salır".
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİNİN VƏ 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
29. Ərizəçi "müstəsna hallarla əlaqədar" şikayəti ("müstəsna şikayət") üzrə Ali Məhkəmənin 14 mart 2008-ci il tarixli qərarı ilə yekunlaşmış icraatdan şikayət etdi. Konkret olaraq, o iddia etdi ki, müstəsna şikayətinə baxarkən Ali Məhkəmə Avropa Məhkəməsinin 3 may 2007-ci il tarixli qərarında ölkədaxili məhkəmələr tərəfindən sübutlara verilən qiymətlə əlaqədar olaraq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə gəldiyi nəticələri nəzərə almayıb (yuxarıda 15-ci bəndə bax). Ali Məhkəmə həmçinin işin bəzi mühüm aspektlərini, xüsusən daxili məhkəmələrin qərarlarının əsasını təşkil etmiş əsas sübutedici sənədlərin etibarlılığı məsələsini diqqətdən qaçırıb. Bundan başqa, ərizəçinin əvvəlki ərizəsi üzrə işin nəticəsi ilə bağlı onun verdiyi izahat 3 may 2007-ci il tarixli qərarında Avropa Məhkəməsinin gəldiyi nəticələrə zidd idi (yuxarıda 13-cü və 18-ci bəndlərə bax). Ərizəçinin sözlərinə görə, Ali Məhkəmənin onun müstəsna şikayətinə ədalətsiz şəkildə baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin yeni pozuntusuna səbəb olub. Bu maddələrin ərizəçinin arqumentlərinə aidiyyəti olan hissələrində deyilirdi:
6-cı maddənin 1-ci bəndi
"Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir".
1 saylı Protokolun 1-ci maddəsi
"Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunların yerinə yetirilməsini təmin etmək hüququnu məhdudlaşdırmır".
30. Məhkəmə öncə qeyd edir ki, hazırkı şikayət ərizəsi daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair mübahisə üzrə mülki icraatla bağlı eyni ərizəçi tərəfindən təqdim edilmiş əvvəlki şikayət ərizəsinin davamıdır. 3 may 2007-ci il tarixli qərarında Məhkəmə bildirmişdi ki, araşdırmanın gedişində daxili məhkəmələrin qəbul etdikləri qərarlar 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırmasının təminatlarından olan məhkəmənin müstəqilliyi və qərəzsizliyi, hüquqi müəyyənlik və qərarın yetərincə əsaslandırılması tələblərinə cavab verməyib (yuxarıda 13-15-ci bəndlərə bax). Əsas etibarı ilə Məhkəmənin 3 may 2007-ci il tarixli qərarına istinadən ərizəçi Ali Məhkəməyə müstəsna ərizə verərək sözügedən qərarlara etiraz edib. 2008-ci ilin martında yekunlaşan və bu şikayət ərizəsinin predmeti olan məhkəmə prosesində Ali Məhkəmə onun şikayətini rədd edərək qərara alıb ki, daxili məhkəmələrin qərarları düzgün və əsaslı olub.
31. Məhkəmə birinci növbədə müəyyən etməlidir ki, Məhkəmənin qərarlarına nəzarət məsələsində Nazirlər Komitəsi ilə Məhkəmə arasında Konvensiyada nəzərdə tutulmuş səlahiyyət bölgüsü nəzərə alınmaqla, Konvensiyanın 46-cı maddəsi ərizəçinin müxtəlif şikayətlərinə Məhkəmənin baxmasını əngəlləyirmi (misal üçün bax: Layonz və başqaları Birləşmiş Krallığa qarşı (qərardad), ərizə № 15227/03, ECHR 2003‑IX)? İkincisi, əgər 46-cı maddə bunu əngəlləmirsə, Məhkəmə onu araşdırmalıdır ki, ərizəçinin müstəsna şikayəti üzrə ölkədaxili icraat Konvensiyada, xüsusən onun 6-cı maddəsinin 1-ci bəndində yer alan təminatlarla müşayiət olunmuşdumu (bax: Stek-Riş və başqaları Lixtenşteynə qarşı (qərardad), ərizə № 29061/08, 11 may 2010-cu il) və əgər belədirsə, 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə əməl olunmuşdumu?
32. Bu məsələ ilə bağlı ilkin olaraq qeyd etmək lazımdır ki, ərizəçinin şikayətləri əsas etibarı ilə 14 iyun 2007-ci ildə təqdim etdiyi və 14 mart 2008-ci ildə Ali Məhkəmə tərəfindən rədd edilmiş müstəsna şikayəti üzrə icraata qarşı idi. Ərizəçinin Ali Məhkəmə tərəfindən 5 iyun 2008-ci ildə rədd edilmiş əvvəlki analoji şikayətinin xarakterini və nəticəsini nəzərə alaraq, Məhkəmə araşdırmada həmçinin sonuncu şikayət üzrə icraatı nəzərə alacaq (aşağıda 55-56-cı bəndlərə bax).
A. Konvensiyanın 46-cı maddəsi hazırkı ərizədə göstərilən şikayətlərin araşdırılmasını əngəlləyirmi?
1. Ümumi prinsiplər
33. Yüksək Müqavilə Tərəflərinin Məhkəmənin qərarlarına riayət etməsi məsələsi, əgər həmin məsələ Konvensiyanın 46-cı maddəsinin 4-cü və 5-ci bəndlərində nəzərdə tutulmuş "pozuntu üzrə prosedur" kontekstində qaldırılmayıbsa, Məhkəmənin səlahiyyəti xaricindədir (bax: Birləşmiş Makedoniya Təşkilatı "İlinden – PİRİN" və başqaları Bolqarıstana qarşı (№ 2), ərizələr № 41561/07 və 20972/08, 56-cı bənd, 18 oktyabr 2011-ci il). 46-cı maddənin 2-ci bəndinə əsasən, Məhkəmənin qərarlarının icrasına nəzarət səlahiyyətləri və cavabdeh dövlətlərin gördüyü tədbirlərin qiymətləndirilməsi Nazirlər Komitəsinə həvalə olunub. Bununla belə, Məhkəmənin qərarlarının icrası sahəsində Nazirlər Komitəsinin rolu Məhkəmənin qərarının icrası zamanı cavabdeh dövlət tərəfindən görülmüş tədbirlərlə əlaqədar yeni şikayət ərizəsinə Məhkəmə tərəfindən baxılmasına mane olmur, bu şərtlə ki, həmin ərizədə işə aid olan və ilkin qərarda öz həllini tapmayan məsələlərə dair yeni informasiyalar yer almış olsun (bax: Verein gegen Tierfabriken Schweiz (VgT) İsveçrəyə qarşı (№ 2) [BP], ərizə № 32772/02, 61-63-cü bəndlər, ECHR 2009).
34. Müvafiq ümumi prinsiplərin qısa xülasəsi Egmez Kiprə qarşı işdə ((qərardad), ərizə № 12214/07, 48-56-cı bəndlər, 18 sentyabr 2012-ci il) aşağıdakı şəkildə verilib:
"48. Məhkəmə bir daha bildirir ki, öz qərarlarında pozuntu barədə onun gəldiyi nəticələr prinsipcə deklarativ xarakter daşıyır (bax: Krçmar və başqaları Çexiya Respublikasına qarşı (qərardad), ərizə № 69190/01, 30 mart 2004-cü il; Layonz və başqaları Birləşmiş Krallığa qarşı (qərardad), ərizə № 15227/03, ECHR 2003‑IX; və Marks Belçikaya qarşı, 13 iyun 1979-cu il, 58-ci bənd, A seriyaları, № 31) və Konvensiyanın 46-cı maddəsinə əsasən Yüksək Müqavilə Tərəfləri iştirakçısı olduqları hər bir işdə Məhkəmənin yekun qərarlarına riayət etməyi öhdələrinə götürürlər, onların icrasına nəzarət isə Nazirlər Komitəsi tərəfindən həyata keçirilir (bax (müvafiq dəyişikliklərlə): Papamixalopulos və başqaları Yunanıstana qarşı (50-ci maddə), 31 oktyabr 1995-ci il, 34-cü bənd, A seriyaları, № 330-B). Buradan konkret olaraq belə nəticə çıxır ki, Konvensiyanın və ya onun Protokollarının pozuntusunu müəyyən etmiş Məhkəmə qərarları cavabdeh dövlətin üzərinə nəinki müvafiq şəxslərə ədalətli təzminat qismində təyin olunmuş kompensasiya ödəməkdən ibarət hüquqi öhdəlik qoyur, həm də Məhkəmə tərəfindən aşkar edilmiş pozuntuya son qoyulması və onun nəticələrinin mümkün qədər düzəldilməsi üçün ölkədaxili hüquq sistemində qəbul edilmiş ümumi tədbirləri və (və ya) lazımi hallarda fərdi tədbirləri Nazirlər Komitəsinin nəzarəti altında seçmək öhdəliyi qoyur (bax: Pizano İtaliyaya qarşı (ərizənin siyahıdan çıxarılması) [BP], ərizə № 36732/97, 43-cü bənd, 24 oktyabr 2002-ci il; və Skotsari və Cunta İtaliyaya qarşı [BP], ərizələr № 36732/97, 39221/98 və 41963/98, 249-cu bənd, ECHR 2000-VIII). Nazirlər Komitəsinin nəzarəti altında cavabdeh dövlət Konvensiyanın 46-cı maddəsində nəzərdə tutulmuş hüquqi öhdəliklərini yerinə yetirəcəyi vasitələri seçməkdə sərbəstdir, bu şərtlə ki, belə vasitələr Məhkəmənin qərarında əks olunmuş qənaətlərə uyğun olmalıdır (bax: Skotsari və Cuntanın işi üzrə yuxarıda qeyd edilən qərar, 249-cu bənd). Öz növbəsində Məhkəmə bu dialoqda hər hansı rola malik ola bilməz (Layonz və başqalarının işi üzrə yuxarıda qeyd edilən qərar).
49. Baxmayaraq ki, müəyyən hallarda Məhkəmə konkret hüquqi müdafiə vasitəsini və ya cavabdeh dövlət tərəfindən görülməli olan digər tədbiri göstərə bilər (misal üçün bax: Assanidze Gürcüstana qarşı [BP], ərizə № 71503/01, qərarın nəticə hissəsinin 14-cü bəndi, ECHR 2004-II; Gençel Türkiyəyə qarşı, ərizə № 53431/99, 27-ci bənd, 23 oktyabr 2003-cü il), belə tədbirlərin icrasını Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq qiymətləndirmək Nazirlər Komitəsinin öhdəsinə düşür (bax: Qrins və M.T. Birləşmiş Krallığa qarşı, ərizələr № 60041/08 və 60054/08, 107-ci bənd, 23 noyabr 2010-cu il; Sulyagiç Bosniya və Herseqovinaya qarşı, ərizə № 27912/02, 61-ci bənd, 3 noyabr 2009-cu il; Hutten-Çapska Polşaya qarşı (dostcasına həll) [BP], ərizə № 35014/97, 42-ci bənd, 28 aprel 2008-ci il; Hutten-Çapska Polşaya qarşı [BP], ərizə № 35014/97, 231-239-cu bəndlər və qərarın nəticə hissəsi, ECHR 2006-VIII; Broniovski Polşaya qarşı (dostcasına həll) [BP], ərizə № 31443/96, 42-ci bənd, ECHR 2005-IX; və Broniovski Polşaya qarşı [BP], ərizə № 31443/96, 189-194-cü bəndlər və qərarın nəticə hissəsi, ECHR 2004-V).
50. Bu səbəbdən Məhkəmə dəfələrlə vurğulayıb ki, o, iştirakçı dövlətin Məhkəmənin qərarlarından hər hansı birinin onun üzərinə qoyduğu öhdəlikləri yerinə yetirib-yetirmədiyini yoxlamaq səlahiyyətinə malik deyil. Buna görə də Məhkəmə dövlətin onun qərarlarını icra etməməsi barədə şikayətlərə baxmaqdan imtina edərək bu cür şikayətləri mahiyyətinə görə (ratione materiae) qəbul olunmayan elan edib (Moldovan və başqaları Moldovaya qarşı (qərardad), ərizə № 8229/04, 15 fevral 2011-ci il; Dousett Birləşmiş Krallığa qarşı (№ 2) (qərardad), ərizə № 8559/08, 4 yanvar 2011-ci il; Öcalan Türkiyəyə qarşı (qərardad), ərizə № 5980/07, 6 iyul 2010-cu il; Haze Almaniya qarşı ərizə № 11057/02, ECHR 2004; Komanitski Slovakiyaya qarşı (qərardad), ərizə № 13677/03, 1 mart 2005-ci il; Layonz və başqalarının işi üzrə yuxarıda qeyd edilən qərar; Krçmar və başqalarının işi üzrə yuxarıda qeyd edilən qərar; və [Fişer] Avstriyaya qarşı (qərardad), ərizə № 27569/02, ECHR 2003 VI).
51. Bununla belə, bu sahədə Nazirlər Komitəsinin rolu o demək deyil ki, Məhkəmənin aşkar etdiyi pozuntunu düzəltmək üçün cavabdeh dövlət tərəfindən görülmüş tədbirlər məhkəmə qərarında göstərilməyən yeni məsələnin meydana çıxmasına səbəb ola (bax: Verein gegen Tierfabriken Schweiz (VgT) işi üzrə yuxarıda qeyd edilən qərar, 62-ci bənd; Hakkar Fransaya qarşı (qərardad), ərizə № 43580/04, 7 aprel 2009-cu il; Hazenin işi üzrə yuxarıda qeyd edilən qərar; Mehemi [Fransaya qarşı (№ 2), ərizə № 53470/99, 43-cü bənd, ECHR 2003‑IV]; Ronqoni İtaliyaya qarşı, ərizə № 44531/98, 13-cü bənd, 25 oktyabr 2001-ci il; Rando İtaliyaya qarşı, ərizə № 38498/97, 17-ci bənd, 15 fevral 2000-ci il; Leterm Fransaya qarşı, 29 aprel 2009-cu il, Reports 1998-III; Peyo Fransaya qarşı, 22 aprel 1998-ci il, 57-ci bənd, Reports 1998-II; və Olsson İsveçə qarşı (№ 2), 27 noyabr 1992-ci il, A seriyaları, № 250) və beləliklə, Məhkəmə tərəfindən baxıla biləcək yeni şikayət ərizəsinin predmeti ola bilməz.
52. Yuxarıdakılara istinadən Məhkəmə bir sıra sonrakı işlərdə bu qənaətə gəlib ki, məsələn, dövlət hakimiyyəti orqanları Məhkəmənin qərarının icrası məqsədi ilə ya məhkəmə icraatını bərpa etmək (bax: Emre İsveçrəyə qarşı (№ 2), ərizə № 5056/10, 11 oktyabr 2011-ci il; və Hertel [İsveçrəyə qarşı (qərardad), ərizə № 53440/99, ECHR 2002-I]), ya da tamamilə yeni məhkəmə icraatına başlamaq yolu ilə (bax: Birləşmiş Makedoniya Təşkilatı "İlinden – PİRİN" və başqaları Bolqarıstana qarşı (№ 2), ərizələr № 41561/07 və 20972/08, 18 oktyabr 2011-ci il; və Lyu Rusiyaya qarşı (№ 2), ərizə № 29157/09, 26 iyul 2011-ci il) işi yenidən araşdırdıqda o bununla əlaqədar olan şikayətlərə baxmaq səlahiyyətinə malikdir.
53. Bundan başqa, Konvensiyada yer alan hüququn müəyyən müddət ərzində pozulduğunu müəyyən etmiş Məhkəmə qərarının qəbulundan sonra həmin hüququn davamedici pozuntusunun baş verdiyi xüsusi kontekstdə Məhkəmənin sonrakı dövrdə həmin hüququn pozulması barədə ikinci şikayət ərizəsini araşdırması qeyri-adi hal deyil (digər qərarlar arasında bax: İvantsok və başqaları Moldovaya qarşı, ərizə № 23687/05, 93-96-cı bəndlər, 15 noyabr 2011-ci il – uzun müddət davam etmiş məhkəməyəqədər həbslə bağlı qərar; Vasserman Rusiyaya qarşı (№ 2), ərizə № 21071/05, 36-37-ci bəndlər, 10 aprel 2008-ci il – ölkədaxili məhkəmə qərarının icra edilməməsi ilə bağlı qərar; və Ronqoni İtaliyaya qarşı iş üzrə yuxarıda qeyd edilən qərar, 13-cü bənd – məhkəmə icraatının uzun sürməsi ilə bağlı qərar). Belə işlərdə "yeni məsələ" Məhkəmənin əvvəlki qərarı üçün əsas təşkil etmiş pozuntunun davam etməsi nəticəsində meydana çıxır. Lakin belə hallarda Məhkəmənin apardığı araşdırmanın hüdudları müvafiq yeni dövr ilə və həmin məsələyə dair təqdim edilmiş hər hansı yeni şikayətlərlə məhdudlaşır (misal üçün bax: İvantsok və başqalarının işi üzrə yuxarıda qeyd edilən qərar).
54. Məhkəmənin presedent hüququndan aydın olur ki, "yeni məsələnin" mövcudluğunun müəyyən edilməsi əsas etibarı ilə işin konkret hallarından asılıdır və işlərin arasında fərqlər heç də həmişə aydın olmur. Belə ki, məsələn, (yuxarıda qeyd edilən) Verein gegen Tierfabriken Schweiz (VgT) işində Məhkəmə müəyyən etdi ki, onun qərarından sonra icraatın bərpa olunması barədə ərizə ölkədaxili məhkəmə tərəfindən rədd edildikdə o, bu barədə şikayətə baxmaq səlahiyyətinə malikdir. Məhkəmə əsas etibarı ilə bu fakta istinad etdi ki, ərizəni rədd etmək üçün əsaslar yeni idi və buna görə də Konvensiyanın yeni pozuntusuna səbəb ola biləcək əhəmiyyətli yeni informasiya təşkil edirdi (bax: Verein gegen Tierfabriken Schweiz (VgT) işi üzrə yuxarıda qeyd edilən qərar, 65-ci bənd). O daha sonra bu faktı nəzərə aldı ki, Nazirlər Komitəsi icraatın bərpa edilməsi barədə ərizəni nəzərə almadan Məhkəmə qərarının icrasına nəzarətinə xitam vermişdi, çünki həmin qərardan xəbərsiz idi. Bu nöqteyi-nəzərdən Məhkəmə həçinin hesab etdi ki, sözügedən imtina qərarı yeni fakt təşkil edirdi (yenə həmin qərara bax: 67-ci bənd). Eynilə, Emrenin işi üzrə (yuxarıda qeyd edilən) son dövrlərə aid qərarında Məhkəmə müəyyən etdi ki, iş üzrə icraat bərpa edildikdən sonra ölkədaxili məhkəmə tərəfindən qəbul edilən və müvafiq maraqlar arasında yeni balansı müəyyən edən yeni qərar yeni fakt təşkil edir. O bununla bağlı həmçinin qeyd etdi ki, Nazirlər Komitəsinin həyata keçirdiyi icra proseduru hələ başlamamışdı. Lakin Şellinq Avstriyaya qarşı (№ 2) işdə ((qərardad), ərizə № 46128/07, 16 sentyabr 2010-cu il) və Stek-Riş və başqaları Lixtenşteynə qarşı işdə ((qərardad), ərizə № 629061/08, 11 may 2010-cu il) yuxarıdakı ilə müqayisə oluna bilən şikayətlər rədd edildi, çünki Məhkəmə faktlar əsasında hesab etdi ki, icraatın bərpa edilməsi barədə ərizələri rədd etmiş daxili məhkəmələrin qərarları Konvensiyanın yeni pozuntusunun müəyyən edilməsi ilə nəticələnə bilən müvafiq yeni əsaslara söykənmirdi və ya onlarla əlaqədar deyildi. Bundan başqa, Stek-Rişin işində Məhkəmə qeyd etdi ki, Nazirlər Komitəsi Məhkəmənin əvvəlki qərarının icrasına nəzarətini icraatın bərpasından imtina barədə daxili məhkəmələrin qərar qəbul etməsindən əvvəl başa çatdırmış və icraatın bərpası barədə vəsatət qaldırılmasının mümkünlüyünü nəzərə almamışdı. Bu işdə də hər hansı əhəmiyyətli yeni informasiya mövcud deyildi.
55. Bu kontekstdə həmçinin 35-ci maddənin 2(b) bəndi ilə əlaqədar presedent hüququnda müəyyən edilmiş meyarlar nəzərdə alınmalıdır, belə ki, həmin bəndə əsasən, "mahiyyətcə məhkəmənin artıq baxdığı məsələ ilə eyni olan ... və işə aid yeni faktları əks etdirməyən" şikayət ərizəsi qəbul olunmayan elan edilməlidir: i) şikayət ərizəsi o halda "mahiyyətcə eyni" hesab olunur ki, işdə tərəflər, şikayətçilər və faktlar eyni olur (bax: Verein Gegen Tierfabriken Schweiz (VgT) iş üzrə yuxarıda qeyd edilən qərar, 63-cü bənd; və Pauger Avstriyaya qarşı (qərardad), ərizələr № 16717/90 və 24872/94, Komissiyanın 9 yanvar 1995-ci il tarixli qərarları); ii) şikayət konsepsiyası sadəcə şikayət ərizəsində istinad edilən hüquqi əsaslarla və arqumentlərlə deyil, həm də orada əks etdirilmiş faktlarla xarakterizə olunur (bax: Gerra və başqaları İtaliyaya qarşı, 19 fevral 1998-ci il, Reports 1998-I; və Pauell və Rayner Birləşmiş Krallığa qarşı, 21 fevral 1990-cı il, 29-cu bənd, A seriyaları № 172); və iii) ərizəçi yeni informasiya təqdim etdiyi təqdirdə şikayət ərizəsi əvvəlki ərizə ilə mahiyyətcə eyni olmur (bax: Patera Çexiya Respublikasına qarşı (qərardad), ərizə № 25326/03, Komissiyanın 10 yanvar 1996-cı il tarixli qərarı; və Şappe İsveçrəyə qarşı (qərardad), ərizə № 20338/92, Komissiyanın 12 oktyabr 1994-cü il tarixli qərarı).
56. Müvafiq olaraq, Məhkəmə yeni şikayət ərizəsi kontekstində yeni informasiyanı araşdırmalıdırsa, o halda 46-cı maddə əsasında Nazirlər Komitəsinə həvalə olunmuş Məhkəmə qərarlarının icrasına nəzarət etmə və həmin maddə əsasında cavabdeh dövlətlərin gördüyü tədbirləri qiymətləndirmə səlahiyyətlərinə müdaxilə edilə bilməz (bax: Verein Gegen Tierfabriken Schweiz (VgT) iş üzrə yuxarıda qeyd edilən qərar, 67-ci bənd)".
2. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
35. Hazırkı işə gəlincə, Məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin bəzi iddialarını onun işi üzrə Məhkəmənin 3 may 2007-ci il tarixli qərarının lazımi qaydada icra olunmaması barədə şikayət kimi başa düşmək olar. Ərizəçinin iddia etdiklərini konkret olaraq belə başa düşmək olar ki, Məhkəmənin 3 may 2007-ci il tarixli qərarı üçün əsas təşkil etmiş əvvəlki ölkədaxili məhkəmə icraatındakı qüsurlar Ali Məhkəmənin 14 mart 2008-ci il tarixli qərarı ilə yekunlaşmış icraat vasitəsilə düzəldilməyib, belə ki, Ali Məhkəmə daxili məhkəmələrin etiraz edilən qərarlarının əsasını təşkil etmiş əsas sübutedici sənədlərin etibarlılığını araşdırmayıb (yuxarıda 29-cu bəndə bax). Lakin Məhkəmə qərarının icra edilməməsinə və ya artıq Məhkəmə tərəfindən aşkar edilmiş pozuntunun düzəldilməməsinə dair şikayətlər mahiyyətinə görə (ratione materiae) Məhkəmənin səlahiyyəti xaricindədir (Məhkəmənin presedent hüququnun əvvəlki bənddə verilmiş qısa icmalı üçün konkret olaraq Layonz və başqalarının işi üzrə yuxarıda qeyd edilən qərara bax). Müvafiq olaraq, Məhkəmənin 2007-ci il tarixli qərarında müəyyən edilmiş Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ilkin pozuntusunun düzəldilməməsinə dair ərizəçinin şikayətləri 35-ci maddənin 3(a) və 4-cü bəndlərinə uyğun olaraq mahiyyətinə görə (ratione materiae) Konvensiya müddəalarına zidd elan edilməlidir.
36. Lakin ərizəçinin yeni şikayət ərizəsində Ali Məhkəmənin 2008-ci il tarixli qərarı ilə yekunlaşmış məhkəmə icraatının nəticəsindən daha çox, həmin icraatın aparılmasına və ədalətliliyinə aid olan yeni məsələlər də qaldırılır, bu icraat Avropa Məhkəməsinin 2007-ci il tarixli qərarında qüsurlu hesab edilmiş ölkədaxili icraatdan zaman etibarı ilə sonra keçirilmişdi və ondan fərqli idi.
37. Ərizəçinin bununla bağlı şikayəti, onun izahatlarından belə nəticəyə gəlmək olar ki, onun Avropa Məhkəməsinin 2007-ci il tarixli qərarına əsaslanan əsas arqumentlərindən birinin Ali Məhkəmə tərəfindən necə araşdırılmasına aiddir. Konkret olaraq, o iddia edib ki, 14 mart 2008-ci il tarixli qərarında Ali Məhkəmənin verdiyi izahat Avropa Məhkəməsinin 2007-ci il tarixli qərarında gəldiyi müvafiq nəticələrə açıq-aydın zidd idi (yuxarıda 29-cu bəndə bax). Beləliklə, bu yeni şikayət özlüyündə Avropa Məhkəməsinin qərarının nəticəsi ilə və ya onun qərarının milli məhkəmələr tərəfindən effektiv şəkildə yerinə yetirilməsi ilə deyil, Ali Məhkəmənin ərizəçinin müstəsna şikayəti üzrə məhkəmə icraatında çıxarılmış 2008-ci il tarixli qərarında gəldiyi qənaətin nəyə əsaslanması ilə əlaqədar idi (yuxarıda qeyd edilən Stek-Riş və başqalarının, Öcalanın və Şellinqin (№ 2) işləri ilə tutuşduraraq müqayisə et: bu işlərdə şikayətlər ərizəçilərin milli səviyyədə qaldırdıqları işlər üzrə icraatın açıq-aşkar ədalətsiz keçirilməsi ilə əlaqədar deyildi). Baxmayaraq ki, hazırkı işdə ərizəçinin ölkədaxili məhkəmə qərarlarına yenidən baxılmasına yönələn təşəbbüsləri, şübhəsiz ki, Məhkəmənin 3 may 2007-ci il tarixli qərarının icrası ilə əlaqədar idi, sonrakı məhkəmə icraatının ədalətsizliyi barədə onun şikayətləri həmin qərarda araşdırılmış situasiyadan fərqli olan durumla bağlı idi və həmin şikayətlərdə həmin qərarda öz əksini tapmayan məsələlərə dair müvafiq yeni informasiyalar yer almışdı.
38. Nəticə etibarı ilə hazırkı işdə cavabdeh dövlətin və Nazirlər Komitəsinin 46-cı maddəsində nəzərdə tutulmuş səlahiyyətlərinə müdaxilə etmədən Məhkəmənin araşdırmaq səlahiyyətinə malik olduğu "yeni məsələ" özlüyündə ərizəçinin müstəsna şikayət ərizəsi üzrə keçirilmiş məhkəmə icraatının nəticəsi ilə deyil, onun ədalətsiz keçirilməsi ilə və Məhkəmənin 3 may 2007-ci il tarixli qərarının lazımi qaydada icra edilməsinə təsiri ilə əlaqədardır.
39. Müvafiq olaraq, 46-cı maddə Ali Məhkəmənin 2008-ci il tarixli qərarı ilə yekunlaşmış məhkəmə icraatının ədalətsizliyi barədə ərizəçinin yeni şikayət ərizəsinə Avropa Məhkəməsi tərəfindən baxılmasına mane olmur. İndi isə Məhkəmə bu məsələyə qayıdacaq ki, barəsində şikayət edilən ölkədaxili icraat Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində yer alan ədalətli məhkəmə araşdırmasının təminatları ilə müşayiət olunmuşdumu?
B. Ərizəçinin yeni şikayəti mahiyyətinə görə (ratione materiae) Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun idimi?
1. Tərəflərin arqumentləri
40. Hökumət bildirdi ki, Konvensiyanın 6-cı maddəsi ərizəçinin "müstəsna hallarla əlaqədar şikayəti" üzrə məhkəmə icraatına şamil olunmur. O iddia etdi ki, ərizəçinin birinci şikayətini rədd etmiş Ali Məhkəmənin 14 mart 2008-ci il tarixli qərarı müvəqqəti xarakterli qərar idi və ərizəçinin mülki hüquq və vəzifələrini müəyyən etmirdi. Onun mülki hüquq və vəzifələrini müəyyən edən qərar ərizəçinin ikinci şikayətini rədd etmiş Ali Məhkəmənin 5 iyun 2008-ci il tarixli sonrakı qərarı idi. Lakin ərizəçi 2008-ci ilin iyununda keçirilmiş məhkəmə icraatının qüsurlu olmasından şikayət etmədiyinə görə 6-cı maddə bu işə tətbiq edilə bilməz.
41. Ərizəçi bildirdi ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi onun müstəsna şikayəti üzrə aparılmış və Ali Məhkəmənin 14 mart 2008-ci il tarixli qərarı ilə yekunlaşmış icraata tətbiq edilə bilər.
2. Məhkəmənin qiymətləndirməsi
a) Ümumi prinsiplər
42. Məhkəmə bir daha xatırladır ki, 6-cı maddənin 1-ci bəndinin "mülki hüquqi" aspektinin tətbiq edilə bilməsi üçün "hüquqla" bağlı mübahisə (fransız mətnində “contestation”) mövcud olmalı və həmin hüququn Konvensiya ilə qorunub-qorunmamasından asılı olmayaraq daxili qanunvericilikdə tanındığı barədə iddia ən azı əsaslandırıla bilən iddia olmalıdır. Mübahisə real və ciddi olmalıdır; o təkcə hüququn faktiki mövcudluğuna deyil, həm də onun əhatə dairəsinə və həyata keçirilmə üsuluna aid ola bilər; və nəhayət, məhkəmə icraatının nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır, həmin nəticənin sadəcə əhəmiyyətsiz dərəcədə və ya dolayı şəkildə həmin hüquqla əlaqəli olması 6-cı maddənin 1-ci bəndinin tətbiqi üçün yetərli deyil (bir çox digər qərarlar arasında bax: Mikallef Maltaya qarşı [BP], ərizə № 17056/06, 73-cü bənd, ECHR 2009; və Bulua Lüksemburqa qarşı [BP], ərizə № 37575/04, 90-cı bənd, ECHR 2012).
43. Bu baxımdan məsələnin həlli qaydasını tənzimləyən qanunvericiliyin (mülki qanunvericilik, kommersiya hüququ, inzibati qanunvericilik və s.) və həmin məsələyə baxmaq səlahiyyəti verilmiş orqanın (ümumi məhkəmə, inzibati orqan və s.) xarakteri həlledici əhəmiyyət daşımır (bax: Mikallefin işi üzrə yuxarıda qeyd edilən qərar, 74-cü bənd).
b) Müstəsna şikayətlər üzrə icraata 6-cı maddənin tətbiqi ilə bağlı presedent hüququ
44. Yuxarıdakı prinsiplərə və Məhkəmənin uzun müddətdən bəri bərqərar olmuş presedent hüququna uyğun olaraq, Konvensiya xitam verilmiş iş üzrə icraatın bərpa olunması hüququnu təmin etmir. Xitam verilmiş məhkəmə icraatının bərpa olunması məqsədini daşıyan müstəsna şikayət adətən "mülki hüquq və vəzifələrin" müəyyən edilməsi və ya "cinayət ittihamının" irəli sürülməsi ilə əlaqəli olmur və buna görə də hesab edilir ki, 6-cı maddə belə hallara şamil olunmur (bir çox digər qərarlar arasında bax: X Avstriyaya qarşı, ərizə № 7761/77, Komissiyanın 8 may 1978-ci il tarixli qərarı, D.R. 14, p. 171; Sürmon və De Mereşi Belçikaya qarşı, ərizələr № 13601/88 və 13602/88, Komissiyanın 6 iyul 1989-cu il tarixli qərarı, D.R. 62, p. 284; J.F. Fransaya qarşı (qərardad), ərizə № 39616/98, 20 aprel 1999-cu il; Zavadski Polşaya qarşı (qərardad), ərizə № 34158/96, 6 iyul 1999-cu il; Sonnleytner Avstriyaya qarşı (qərardad), ərizə № 34813/97, 6 yanvar 2000-ci il; Sablon Belçikaya qarşı, ərizə № 36445/97, 86-cı bənd, 10 aprel 2001-ci il; Valentin Qorizdra Moldovaya qarşı (qərardad), ərizə № 53180/99, 2 iyul 2002-ci il; Kuçera Avstriyaya qarşı, ərizə № 40072/98, 3 oktyabr 2002-ci il; Fişerin işi üzrə yuxarıda qeyd edilən qərar; Yussi Fransaya qarşı, ərizə № 40072/98, 18-ci bənd, 8 aprel 2003-cü il; Dankeviç Ukraynaya qarşı, ərizə № 40679/98, 29 aprel 2003-cü il; Stek-Riş və başqalarının işi üzrə yuxarıda qeyd edilən qərar; Öcalanın işi üzrə yuxarıda qeyd edilən qərar; Şellinqin işi (№ 2) üzrə yuxarıda qeyd edilən qərar; Hurter İsveçrəyə qarşı (qərardad), ərizə № 48111/07, 15 may 2012-ci il; Dibeku Albaniyaya qarşı (qərardad), ərizə № 557/12, 30-cu bənd, 11 mart 2014-cü il). Buna görə də, milli icraatda qəbul edilmiş yekun qərarla bağlı res iudicata prinsipinə istinadən prinsipcə iddia etmək olmaz ki, sonrakı müstəsna şikayət ərizəsində və ya məhkəmə qərarına yenidən baxılması üçün verilmiş ərizədə milli qanunvericilikdə tanınan hüququn mövcudluğu barədə əsaslandırıla bilən şikayət yer almışdı, ya da eyni işə yenidən baxmağın məqsədəuyğunluğu məsələsinə aid icraatın nəticəsi "mülki hüquq və vəzifələri müəyyən edilməsi və ya cinayət ittihamının irəli sürülməsi" üçün həlledici əhəmiyyət daşıyırdı (tutuşdur və müqayisə et: Melis Yunanıstana qarşı, ərizə № 30604/07, 18-20-ci bəndlər, 22 iyul 2010-cu il – həmin işdəki yanaşma yuxarıdakı yanaşmadan fərqlənir).
45. Bu yanaşma həmçinin o işlərdə də tətbiq edilib ki, həmin işlərdə xitam verilmiş ölkədaxili məhkəmə icraatının bərpa olunması üçün müraciət Konvensiyanın pozulduğu barədə Məhkəmənin çıxardığı qərara əsaslanmışdı (misal üçün Fişerin işi üzrə yuxarıda qeyd edilən qərara bax). Verein gegen Tierfabriken Schweiz (VgT) İsveçrəyə qarşı işdə (№ 2) (ərizə № 32772/02, 24-cü bənd, 4 oktyabr 2007-ci il) ərizəçinin 6-cı maddə üzrə şikayətini qəbul olunmayan elan edərkən Palata bildirdi ki:
"24. ... Məhkəmənin presedent hüququndan aydın olur ki, bu maddə mülki işə yenidən baxılması və ya mülki icraatın bərpa olunması ilə bağlı şikayətlərə şamil olunmur (bax: Sablon Belçikaya qarşı, ərizə № 36445/97, 86-cı bənd, 10 aprel 2001-ci il). Məhkəmə bu mülahizənin Konvensiyanın pozuntusu onun tərəfindən müəyyən edildikdən sonra icraatın bərpa olunması üçün verilmiş şikayətə də aid edilməsinə mane olan heç bir səbəb görmür (cinayət işi əlaqədar olan bu işə bax: [Fişer] Avstriyaya qarşı (qərardad), ərizə № 27569/02, ECHR 2003‑VI). Buna görə də o hesab edir ki, 6-cı maddə üzrə şikayət mahiyyətinə görə (ratione materiae) Konvensiyanın müddəalarına ziddir".
46. Bununla belə, müstəsna şikayət işə yenidən baxılmasına səbəb ola bilərsə və ya həqiqətən bu cür nəticələnərsə, o halda 6-cı maddə bu "yenidən baxışa" adi qaydada şamil olunur (misal üçün bax: Sablonun işi üzrə yuxarıda qeyd edilən qərar, 88-89-cu bəndlər; Vanyan Rusiyaya qarşı, ərizə № 53203/99, 56-cı bənd, 15 dekabr 2005-ci il; Zasurtsev Rusiyaya qarşı, ərizə № 67051/01, 62-ci bənd, 27 aprel 2006-cı il; Alekseyenko Rusiyaya qarşı, ərizə № 74266/01, 55-ci bənd, 8 noyabr 2011-ci il).
47. Bundan başqa, hesab edilir ki, müəyyən hallarda 6-cı maddə daxili qanunvericilikdə "fövqəladə" və ya "müstəsna" icraat kimi xarakterizə olunsalar da xarakterinə və əhatə dairəsinə görə adi apellyasiya icraatına bənzəyən icraatlara da şamil olunur və bu zaman milli qanunvericilikdə onların necə xarakterizə olunması 6-cı maddənin tətbiqi məsələsi üçün həlledici əhəmiyyət daşımır.
48. Belə ki, "San Leonard Band Klub" Maltaya qarşı işdə (ərizə № 77562/01, 41-48-ci bəndlər, ECHR 2004 IX) qərara alındı ki, 6-cı maddə yeni məhkəmə icraatının keçirilməsi üçün qaldırılmış vəsatətlə əlaqədar olan məhkəmə icraatına şamil olunur. Məhkəmə qərarını belə əsaslandırdı ki, həmin vəsatət hüquqi məsələlərlə bağlı kassasiya instansiyasına verilmiş şikayət ilə oxşar idi, Maltanın dövlət orqanları işin həlli üçün hər hansı diskresion səlahiyyətə malik deyildilər və yalnız vəsatətlə bağlı qərar çıxarmalı idilər, habelə yeni məhkəmə prosesinin nəticəsi ərizəçi şirkətin "mülki hüquq və vəzifələrinin müəyyən edilməsi" üçün həlledici əhəmiyyət daşıyırdı.
49. Eynilə, Maresti Xorvatiyaya qarşı işdə (ərizə № 55759/07, 25 iyun 2009-cu il) Məhkəmə müəyyən etdi ki, cinayət işində yekun qərara müstəsna qaydada yenidən baxılması üçün verilmiş vəsatətlə əlaqədar icraat 6-cı maddənin tətbiq dairəsinə düşür. O həmin icraatın xarakterini və xüsusi cəhətlərini araşdırarkən qeyd etdi ki, qərara müstəsna qaydada yenidən baxılması üçün vəsatəti müttəhim yalnız ona zərər yetirən çox məhdud sayda hüquqi səhvlərlə əlaqədar olaraq verə bilərdi; bu vəsatət apellyasiya məhkəməsinin qərarı müttəhimə verildikdən sonra yalnız bir aylıq müddət ərzində verilməli idi; qərara müstəsna qaydada yenidən baxılması üçün əsaslar Xorvatiya Cinayət Prosessual Məcəlləsində aydın şəkildə nəzərdə tutulmuşdu və Xorvatiya Ali Məhkəməsi tərəfindən hər hansı diskresion xarakterli qərar çıxarıla bilməzdi. Məhkəmə daha sonra qeyd etdi ki, Xorvatiyada qərara müstəsna qaydada yenidən baxılması üçün verilmiş vəsatətin ekvivalenti mülki işlərdə hüquqi məsələlərlə bağlı verilmiş apellyasiya şikayəti idi və 6-cı maddə onlara şamil olurdu (yuxarıda qeyd edilən qərarın 25-28-ci bəndlərinə bax).
50. Xülasə, 6-cı maddənin 1-ci bəndi xitam verilmiş cinayət proseslərinin bərpa olunması üçün verilən müstəsna şikayətlərə adətən şamil olunmasa da, müvafiq konkret hüquq sistemində müstəsna şikayət üzrə icraatın xarakteri, əhatə dairəsi və konkret xüsusiyyətləri 6-cı maddənin 1-ci bəndinin bu icraata və həmin bənddə tərəflər üçün nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması təminatlarına şamil olunmasına imkan verə bilər. Müvafiq olaraq, Məhkəmə hazırkı işdə nəzərdən keçirilən müstəsna şikayətin xarakterini, əhatə dairəsini və konkret xüsusiyyətlərini araşdırmalıdır.
c) Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
51. Buna görə də Məhkəmə hazırkı işin konkret xüsusiyyətlərinə qayıdaraq qeyd edir ki, müvafiq dövrdə Mülki Prosessual Məcəllə kassasiya instansiyasının qərarı ilə artıq xitam verilmiş işdəki tərəflər üçün "müstəsna hallarla əlaqədar olaraq ... mülki işlər üzrə məhkəmə qərarlarından ... Ali Məhkəməyə şikayət etmək hüququnu" təmin edirdi (353-cü maddə – Məcəllənin müstəsna şikayətlərlə əlaqədar olan hissəsinə giriş maddəsi: bu maddənin mətni yuxarıda 24-cü bənddə verilib). Məcəllədəki növbəti maddəyə əsasən (354-cü maddənin 1-ci bəndi: onun da mətni yuxarıda 24-cü bənddə verilib), "yurisdiksiyası Ukrayna tərəfindən tanınmış beynəlxalq məhkəmə orqanı tərəfindən [ölkədaxili] məhkəmə qərarının Ukraynanın beynəlxalq öhdəliklərini pozan qərar hesab edilməsi" bu cür müstəsna şikayətin verilə bilməsi üçün iki əsasdan biri idi. Daha sonra 357-ci maddədə (yenə yuxarıda qeyd edilən bəndə bax) "müstəsna hallarla əlaqədar işin icraatı" "kassasiya icraatının bir növü" kimi göstərilmişdi və bu halda Ali Məhkəmə kassasiya icraatındakı ilə eyni səlahiyyətlərə malik idi və müstəsna şikayət üzrə prosedur kassasiya şikayəti üzrə prosedurla eyni idi. Ali Məhkəmənin müstəsna şikayəti araşdırma səlahiyyətləri kassasiya şikayətlərinə baxarkən onun malik olduğuna bənzər səlahiyyətlər idi. Beləliklə, müstəsna şikayət üzrə icraat Məcəllənin 358-ci maddəsində əks olunmuş aşağıdakı qərar növlərindən birinin çıxarılması ilə nəticələnə bilərdi: "şikayəti rədd etmək və [şikayət edilən] qərarı dəyişiklik etmədən saxlamaq"; "apellyasiya və ya kassasiya məhkəməsinin [şikayət edilən] qərarını bütünlüklə və ya qismən ləğv etmək və işi [səlahiyyətli aşağı məhkəmə tərəfindən] yenidən baxılması üçün birinci instansiya, apellyasiya və ya kassasiya məhkəməsinə göndərmək"; "apellyasiya və ya kassasiya məhkəməsinin [şikayət edilən] qərarını ləğv etmək və onların səhvən ləğv etdiyi qərarı qüvvədə saxlamaq"; "iş üzrə qərarları ləğv etmək və icraata xitam vermək"; yaxud "[şikayət edilən] qərara dəyişiklik etmək və ya işin mahiyyəti üzrə yeni qərar qəbul etmək" (yenə yuxarıda qeyd edilən bəndə bax).
52. Mülki Prosessual Məcəlləyə uyğun olaraq ərizəçi tərəfindən istifadə edilmiş hüquqi müdafiə vasitəsinin xarakterinin və əhatə dairəsinin bu Məhkəmə tərəfindən araşdırılmasının məqsədləri üçün müvafiq qanunvericilik bazası, yəni "Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası və praktikasının tətbiqi haqqında" 2006-cı il tarixli qanunun müddəaları da müəyyən əhəmiyyət kəsb edə bilər (yuxarıda 25-ci bəndə bax – həmin bənddə bu qanunun müvafiq hissələri verilir). Konkret olaraq, 2006-cı il tarixli qanunun 10-cu maddəsinin 3(a) bəndində deyilir ki, "tələb sahibinin" (yəni Avropa Məhkəməsində işi udmuş ərizəçinin) "əvvəlki hüquqi vəziyyətinin bərpası, digər vasitələrlə yanaşı, işə məhkəmə tərəfindən yenidən baxılması, o cümlədən işin icraatının bərpa edilməsi yolu ilə həyata keçirilir" (yenə yuxarıda qeyd edilən bəndə bax). Bundan başqa, həmin qanunun 11-ci maddəsinin 1(a) bəndinə əsasən, Hökumətin nümayəndəliyi "tələb sahibinə bildiriş göndərməklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq işinə yenidən baxılması və (və ya) icraatın bərpa edilməsi üçün müraciət etmək hüququ barədə ona izahat verir".
53. Beləliklə, qüvvədə olan milli qanunvericilik bazası əvvəlki məhkəmə qərarlarının qüsurlu olduğu barədə Avropa Məhkəməsinin qərarı ilə əlaqədar olaraq ərizəçinin mülki işinə Ali Məhkəmə tərəfindən yenidən baxılmasına imkan yaradan hüquqi müdafiə vasitəsi ilə ərizəçini təmin edirdi. Həmin qanunvericilikdə işə məhkəmə nəzarəti qaydasında yenidən baxılması nəzərdə tutulduğuna görə, ərizəçinin verdiyi müstəsna şikayət üzrə icraata, Ukrayna qanunvericiliyində müəyyən edilmiş kassasiya icraatında olduğu kimi, əvvəlki (xitam verilmiş) mülki icraatın davamı kimi baxmaq olar. Baxmayaraq ki, bu halda kassasiya tipli icraatın xüsusi cəhətləri 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş prosessual təminatların hansı qaydada həyata keçiriləcəyinə təsir göstərə bilərdi (bax: Delkur Belçikaya qarşı, 17 yanvar 1970-ci il, 26-cı bənd, A seriyalar, № 11), Məhkəmə bu fikirdədir ki, həmin təminatlar adətən mülki işlər üzrə kassasiya icraatında olduğu kimi tətbiq edilməlidir (misal üçün bax: Muşta Ukraynaya qarşı, ərizə № 8863/06, 39-cu bənd, 18 noyabr 2010-cu il; və (müvafiq dəyişikliklərlə): "San Leonard Band Klub" Maltaya qarşı iş üzrə yuxarıda 48-49-cu bəndlərdə qeyd edilən qərar).
54. Ukraynanın qüvvədə olan qanunvericilik normaları əsasında gəlinən bu nəticəni ərizəçinin müstəsna şikayətini rədd edərək barəsində şikayət edilən qərarları dəyişiklik etmədən saxlamazdan əvvəl Ali Məhkəmənin 14 mart 2008-ci ildə həyata keçirdiyi "araşdırmanın" əhatə dairəsi və xarakteri də təsdiqləyir. Həmin araşdırmanın gedişində Ali Məhkəmə işin materiallarını və əvvəlki məhkəmə prosesində qəbul edilmiş məhkəmə qərarlarını ərizəçinin yeni arqumentlərinin işığında nəzərdən keçirdi, həmin arqumentlər əsasən Avropa Məhkəməsinin 3 may 2007-ci il tarixli qərarına əsaslanırdı (yuxarıda 20-21-ci bəndlərə bax). Beləliklə, 2008-ci ilin martında keçirilmiş məhkəmə icraatında baş verən proseslər 2002-ci ilin avqustunda barəsində Ali Məhkəmənin qərar çıxardığı ərizəçinin kassasiya şikayətinə baxılması prosesi ilə tam müqayisə oluna bilər və 6-cı maddənin 1-ci bəndi həmin şikayətə ratione materiae (şikayətin mahiyyətinə görə) şamil olunurdu. Məhkəmənin rəyinə görə, 2008-ci ilin martında Ali Məhkəmə ərizəçinin mülki işini "müstəsna halların işığında", yəni Məhkəmənin 2007-ci il tarixli qərarının işığında kassasiya tipli prosedur çərçivəsində araşdırıb və barəsində şikayət edilən qərarların ləğv edilməsi üçün heç bir səbəb tapmayıb. Beləliklə, Ali Məhkəmə 2006-cı il tarixli qanunun tələbinə uyğun olaraq ərizəçinin mülkiyyət iddiasını Avropa Məhkəməsinin 3 may 2007-ci il tarixli qərarının şərhi ilə əlaqədar olan yeni və əlavə əsaslar üzrə "yenidən nəzərdən keçirib", hərçənd ki, işin yekununu dəyişməməyi və konkret olaraq birinci instansiya məhkəməsində işə bütünlüklə yenidən baxılması barədə qərar çıxarmamağı qərara alıb.
55. Bu fakt yuxarıdakı mülahizələri əsla dəyişmir ki, 2008-ci ilin iyununda Ali Məhkəmə Mülki Məcəllənin 356-cı maddəsinə istinad edərək ərizəçinin 2008-ci ilin aprelində verdiyi sonrakı şikayəti rədd edib və işin maddi-hüquqi aspektləri ilə bağlı hər hansı əlavə "araşdırma" aparmadan həmin şikayəti formal əsaslara görə qəbul olunmayan elan edib (yuxarıda 23-cü bəndə bax).
56. Beləliklə, həm Ukrayna qanunvericiliyinin müvafiq müddəalarını, həm də Ali Məhkəmə tərəfindən ərizəçinin müstəsna şikayəti üzrə qəbul edilmiş və sonradan iyun 2008-ci il tarixli qərarla təsdiqlənmiş 14 mart 2008-ci il tarixli qərarla yekunlaşan icraatın xarakterini və əhatə dairəsini nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu icraat ərizəçinin mülki hüquq və vəzifələrinin müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyırdı. Beləliklə, 6-cı maddənin 1-ci bəndində yer alan müvafiq təminatlar bu icraata şamil olunurdu. Müvafiq olaraq, həmin bəndin şikayət edilən icraata tətbiqi ilə bağlı Hökumətin etirazı rədd edilməlidir.
57. Hazırkı işdə nəzərdən keçirilən növ icraatda, xüsusən bu cür məhkəmə icraatı üçüncü tərəflərin qanuni maraqlarının qorunmasına aiddirsə, 6-cı maddənin 1-ci bəndinin tətbiqinin mümkünlüyü məsələsi barədə gəlinən nəticədən asılı olmayaraq Məhkəmə bir daha bildirir ki, res iudicata və hüquqi müəyyənlik prinsiplərini pozmadan Məhkəmənin qərarlarını ən yaxşı şəkildə necə icra etmək barədə qərar vermək iştirakçı dövlətlərin işidir. Bundan başqa, hətta iştirakçı dövlət xitam verilmiş məhkəmə icraatının Avropa Məhkəməsinin qərarı əsasında bərpa olunması üçün müraciət etmək imkanını təmin etdikdə belə, bu cür müraciətlərə baxılması qaydasını müəyyən etmək və konkret halda icraatın bərpasının zəruri olub-olmadığının müəyyənləşdirilməsi üçün meyarları bərqərar etmək dövlət hakimiyyəti orqanlarının işidir. Pozuntu faktı Avropa Məhkəməsi tərəfindən müəyyən edildikdən sonra öncə xitam verilmiş məhkəmə icraatının bərpa olunması üçün müraciət etmək imkanı ilə, yaxud icraatın bərpası üzrə mövcud mexanizmlərin tətbiqi qaydaları ilə bağlı iştirakçı dövlətlər arasında vahid yanaşma mövcud deyil (yuxarıda 26-27-ci bəndlərə bax).
58. Bununla belə, yuxarıdakı mülahizələr 6-cı maddədə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması təminatlarının pozulduğu barədə qərarın işığında iş üzrə icraatın bərpa olunmasını tələb etməyə imkan verən ölkədaxili prosedurların mövcudluğunun təmin edilməsinin Konvensiya sisteminin səmərəliliyi üçün vacibliyindən diqqəti yayındırmamalıdır. Əksinə, belə prosedurlar Konvensiyanın 46-cı maddəsində nəzərdə tutulmuş Məhkəmə qərarlarının icrasının mühüm aspekti sayıla bilər və onların mövcudluğu iştirakçı dövlətlərin Konvensiya prinsiplərinə və Məhkəmənin presedent hüququna sadiqliyini nümayiş etdirir (bax: Layonz və başqalarının işi üzrə yuxarıda qeyd edilən qərar). Bununla əlaqədar olaraq Məhkəmə Nazilər Komitəsi tərəfindən qəbul edilmiş R (2000) 2 saylı tövsiyəni xatırladır, həmin tövsiyədə Konvensiyanın iştirakçısı olan dövlətlər Konvensiyanın pozuntusu Məhkəmə tərəfindən müəyyən edildiyi halda ölkədaxili səviyyədə icraatın bərpası üçün yetərli imkanların mövcud olmasını təmin etməyə çağırılıblar (yuxarıda 28-ci bəndə bax). Məhkəmə bu rəyini bir daha təsdiq edir ki, belə tədbirlər "pozuntuya qədərki vəziyyətin bərpasına (restitutio in integrum) nail olmaq üçün ən səmərəli və bəlkə də yeganə vasitə ola bilər" (bax: yuxarıda 33-cü bənddə qeyd edilən Verein gegen Tierfabriken Schweiz (VgT) işi (№ 2) üzrə qərar, 33-cü və 89-cu bəndlər; və Stek-Rişin işi üzrə yuxarıda qeyd edilən qərar).
C. Ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə verdiyi yeni şikayət ərizəsi şikayətin qəbul edilmə meyarlarına cavab verirmi?
59. Məhkəmə daha sonra belə hesab edir ki, Ali Məhkəmənin 14 mart 2008-ci il tarixli qərarı ilə yekunlaşmış icraatın ədalətsizliyi barədə ərizəçinin şikayəti Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil və hər hansı digər əsasa görə də qəbul olunmayan sayıla bilməz. Buna görə də o, qəbul olunan elan edilməlidir.
D. Ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə yeni şikayətinin mahiyyəti
60. Hazırkı işdə 6-cı maddənin 1-ci bəndinin tələblərinə riayət edilməsi məsələsinə gəlincə, Məhkəmə qeyd edir ki, icraatın ədalətsizliyi barədə ərizəçinin şikayəti konkret olaraq 14 mart 2008-ci il tarixli qərarını əsaslandırmaq üçün Ali Məhkəmənin verdiyi izahata qarşı yönəlmişdi.
61. Məhkəmə bir daha bildirir ki, onun uzun müddətdən bəri bərqərar olmuş presedent hüququna əsasən, milli məhkəmələr tərəfindən yol verildiyi iddia edilən hüquqi məsələlərə və ya faktlara aid səhvləri araşdırmaq onun vəzifəsi deyil, lakin həmin səhvlərin Konvensiya ilə qorunan hüquq və azadlıqları poza biləcəyi hallar istisna təşkil edir (misal üçün bax: Qarsiya Ruis İspaniyaya qarşı [BP], ərizə № 30544/96, 28-ci bənd, ECHR 1999‑I; və Peres Fransaya qarşı [BP], ərizə № 47287/99, 82-ci bənd, ECHR 2004‑I), məsələn, bu səhvlərin Konvensiyanın 6-cı maddəsinə zidd olan "ədalətsizlik" üçün əsas təşkil etdiyini söyləməyin mümkün olduğu müstəsna hallar buna misaldır. Bu maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, orada sübutların qəbulunun mümkünlüyünə və ya sübutların qiymətləndirilməsi üsuluna dair hər hansı qaydalar nəzərdə tutulmayıb, bu məsələlər ilk növbədə milli qanunvericiliklə və milli məhkəmələr tərəfindən tənzimlənməli olan məsələlərdir. Bir qayda olaraq, diqqətlərinə çatdırılan konkret sübutlara, yaxud gəlinən nəticələrə və ya verilmiş qiymətlərə milli məhkəmələrin nə dərəcədə önəm verməsi məsələsi Məhkəmə tərəfindən araşdırılmır. Məhkəmə dördüncü instansiya qismində hərəkət etməməli və beləliklə milli məhkəmələrin qərarlarını 6-cı maddənin 1-ci bəndi əsasında şübhə altına almamalıdır, lakin milli məhkəmələrin gəldiyi nəticələrin qanunsuz və ya açıq-aydın əsassız hesab edilə biləcəyi hallar istisna təşkil edir (misal üçün bax: Düloran Fransaya qarşı, ərizə № 34553/97, 33-34-cü və 38-ci bəndlər, 21 mart 2000-ci il; Xamidov Rusiyaya qarşı, ərizə № 72118/01, 170-ci bənd, 15 noyabr 2007-ci il; və Ancelkoviç Serbiyaya qarşı, ərizə № 1401/08, 24-cü bənd, 9 aprel 2013-cü il).
62. Belə ki, Düloranın işində Məhkəmə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu müəyyən etdi, çünki ərizəçinin kassasiya şikayətini qəbul olunmayan şikayət kimi rədd etmiş mübahisəli qərarın Fransa Kassasiya Məhkəməsi tərəfindən qəbul edilməsinin yeganə səbəbi "qiymətləndirmədə açıq-aydın səhvə yol verilməsi" (“une erreur manifeste d’appréciation”) idi (bax: Düloranın işi üzrə yuxarıda qeyd edilən qərar). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi kontekstində işlənmiş "qiymətləndirmədə açıq-aydın səhvə yol verilməsi" anlayışı (Fransa inzibati hüququnda nəzərdə tutulmuş anlayış), şübhəsiz ki, aşağıdakı mülahizəyə əsaslanır: milli məhkəmə tərəfindən hüquqi məsələlərlə və ya faktlarla bağlı yol verilmiş səhv "açıq-aydın səhv" kimi xarakterizə oluna bilən dərəcədə aşkardırsa, yəni məntiqlə düşünən məhkəmənin heç vaxt yol verə bilməyəcəyi səhvdirsə, məhkəmə icraatının ədalətliliyinə xələl gətirə bilər. Xamidovun işində daxili məhkəmələrin faktlarla bağlı gəldiyi nəticələrin ağlabatan olmaması "o dərəcədə heyrətləndirici və nəzərə çarpan" idi ki, Məhkəmə şikayət predmeti olan icraatın "açıq-aydın pozuntu" ilə keçirildiyini qərara aldı (bax: Xamidovun işi üzrə yuxarıda qeyd edilən qərar, 174-cü bənd). Ancelkoviçin işində Məhkəmə müəyyən etdi ki, ölkədaxili məhkəmə tərəfindən qəbul edilən, praktiki olaraq daxili qanunvericilikdə heç bir hüquqi əsası olmayan və müəyyən edilmiş faktlarla qüvvədə olan qanunvericilik və icraatın nəticəsi arasında heç bir əlaqəni özündə əks etdirməyən qərarın əsassızlığı "ədalət mühakiməsini həyata keçirməkdən imtinaya" bərabər idi (bax: Ancelkoviçin işi üzrə yuxarıda qeyd edilən qərar, 27-ci bənd).
63. Hazırkı işdə Məhkəmə qeyd edir ki, 14 mart 2008-ci il tarixli qərarında Ali Məhkəmə onun 3 may 2007-ci il tarixli qərarında gəldiyi nəticələri açıq-aydın yanlış şərh edib. Konkret olaraq, Ali Məhkəmə Avropa Məhkəməsinin bu qənaətə gəldiyini iddia edib ki, ərizəçinin işində daxili məhkəmələrin qərarları qanuni və əsaslı olub və "ağlabatan müddət" barədə təminat pozulduğuna görə ona ədalətli təzminat təyin olunub, bunlar isə onun rəyinin açıq-aydın yanlış olduğunu təsdiqləyir (yuxarıda 13-18 və 21-ci bəndlərə bax).
64. Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin izahı sadəcə hüquqi mətnin fərqli şərhi deyil. Məhkəmənin rəyinə görə, bunu yalnız "açıq-aydın əsassız" və ya "ədalət mühakiməsini həyata keçirməkdən imtinaya" gətirib çıxaran şərh kimi qəbul etmək olar, belə ki, (yuxarıda qeyd edilən) Boçanın birinci işi üzrə 2007-ci il tarixli qərarın təhrif olunmuş şəkildə təqdim edilməsi ərizəçinin mülkiyyət iddiasının onun əvvəlki işi üzrə Məhkəmənin çıxardığı qərarın işığında daxili qanunvericilikdə nəzərdə tutulmuş kassasiya tipli prosedur çərçivəsində araşdırılmasına yönələn cəhdlərini heçə endirib (yuxarıda 51-53-cü bəndlərə bax). Bununla bağlı qeyd etmək lazımdır ki, 2007-ci il tarixli qərarında Məhkəmə müəyyən etmişdi ki, ərizəçinin işinin Ali Məhkəmə tərəfindən aşağı məhkəmələrə verilməsinin halları nəzərə alınarsa, Ali Məhkəmənin hakimləri də daxil olmaqla onun işinə baxan hakimlərin qərəzsizliyi ilə bağlı ərizəçinin şübhələri obyektiv əsasa malik idi (yuxarıda 13-15-ci bəndlərə bax).
65. Müvafiq olaraq, Ali Məhkəmənin 14 mart 2008-ci il tarixli qərarındakı qüsurun xarakteri və nəticələri ilə bağlı Məhkəmənin gəldiyi qənaətlərin işığında (yuxarıda 63-64-cü bəndlərə bax) bu nəticəyə gəlmək olar ki, barəsində şikayət edilən məhkəmə icraatı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş "ədalətli məhkəmə" araşdırması tələbinə cavab verməyib və həmin bəndin pozuntusu baş verib.
E. Ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsinə aid olan yeni şikayəti
66. Ərizəçi iddia etdi ki, onun müstəsna şikayət ərizəsi üzrə icraat qanunsuz olaraq mülkiyyətindən məhrum edilməsinə gətirib çıxarıb. O, 1 saylı Protokolun 1-ci maddəsinə istinad etdi.
67. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda araşdırılmış şikayətlə əlaqəlidir və buna görə o da eynilə qəbul olunan elan edilməlidir.
68. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə əlaqədar gəldiyi nəticəni nəzərə alaraq (yuxarıda 65-i bəndə bax), Məhkəmə hesab edir ki, bu işdə 1 saylı Protokolun 1-ci maddəsinin pozulub-pozulmadığını araşdırmağa ehtiyac yoxdur.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
69. Konvensiyanın 41-ci maddəsində deyilir:
"Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir".
A. Ziyan
70. Ərizəçi Konvensiyanın 6-cı maddəsində və 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının iddia edilən pozuntularından irəli gələn ziyana görə 300.000 avro tələb etdi.
71. Hökumət iddia etdi ki, ərizəçi onun işi üzrə Ali Məhkəmənin qərarı ucbatından məruz qaldığını iddia etdiyi ziyanın xarakterini göstərməyib və iddiasını əsaslandırmaq üçün heç bir sübut təqdim etməyib. Müvafiq olaraq, şikayət bütünlüklə rədd edilməlidir.
72. Məhkəmə qeyd edir ki, ərizəçi iddia edilən ziyanla və ya onun ağırlığı ilə bağlı hər hansı təfsilatlar təqdim etməyib. Bununla belə, Məhkəmə hesab edir ki, ərizəçi onun müstəsna şikayət ərizəsinin Ali Məhkəmə tərəfindən "ədalətsiz" şəkildə araşdırılması ucbatından müəyyən üzüntü və narahatlıq keçirib və bu ədalətsizlik onun əvvəlki işi üzrə Avropa Məhkəməsinin qərarının işığında mülkiyyətə dair iddiasına daxili qanunvericilikdə nəzərdə tutulmuş kassasiya tipli icraat çərçivəsində baxılmasına yönələn cəhdlərini heçə endirib (yuxarıda 64-cü bəndə bax). Məhkəmə konkret olaraq uzun müddət keçdiyini, habelə xitam verilmiş mülki icraatda bu cür yenidən baxmanın res judicata ("bir dəfə həll olunmuş işə təkrarən baxılmasının yolverilməzliyi") və hüquqi müəyyənlik prinsipləri üçün və üçüncü tərəflərin qanuni maraqları üçün mümkün nəticələrini nəzərə alaraq, mövcud vəziyyətdə ərizəçinin mülkiyyət barədə iddiasına ölkədaxili səviyyədə yenidən baxılmasının mümkünlüyü məsələsini araşdırmağı məqsədəuyğun hesab etmir. Digər tərəfdən, hazırda reallıq ondan ibarətdir ki, Məhkəmənin 41-ci maddə əsasında qiymətləndirmə aparmasının məqsədləri üçün ərizəçi onun işində aşkar edilmiş ölkədaxili səviyyədəki pozuntunun nəticələrinin praktiki olaraq aradan qaldırılması imkanına malik deyil. Buna görə də, qiymətləndirməni ədalət əsasında apararaq, Məhkəmə mənəvi ziyana görə ərizəçiyə 10.000 avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini təyin etməyi ağlabatan hesab edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
73. Ərizəçi məhkəmə xərcləri və digər məsrəflərlə bağlı tələb irəli sürmədi.
C. İcranın gecikdirilməsinə görə faiz
74. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Ali Məhkəmənin 14 mart 2008-ci il tarixli qərarı ilə yekunlaşmış məhkəmə icraatının ədalətsizliyi barədə ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi əsasında verdiyi şikayəti və bu icraat ucbatından mülkiyyətindən qanunsuz olaraq məhrum edildiyi barədə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi əsasında verdiyi şikayəti qəbul olunan, ərizədəki qalan şikayətləri qəbul olunmayan elan edir;
2. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub;
3. Qərara alır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi üzrə şikayəti araşdırmağa ehtiyac yoxdur;
4. Qərara alır ki:
a) cavabdeh dövlət üç ay ərzində ərizəçiyə mənəvi ziyana görə 10.000 (on min) avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini ödəməli, bu məbləğlər qərar icra edilən tarixdə tətbiq edilən məzənnə üzrə cavabdeh dövlətin valyutasına çevrilməlidir;
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
5. Ədalətli təzminat haqqında ərizəçinin qalan tələblərini rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 5 fevral 2015-ci ildə yazılı şəkildə elan olunub.
Din Şpilmann (Dean Spielmann)
Sədr
Lourens Erli (Lawrence Early)
Hüquq məsləhətçisi
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] 11 mart 2015-ci ildə mətndə dəyişiklik edilib: əvvəlki mətndə "3 fevral 2006-cı il" yazılmışdı.
Full & Egal Universal Law Academy