Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 8
İyul 1999-cu il
***
Bottatsi (Bottazzi) İtaliyaya qarşı [BP] – ərizə № 34884/97
28.7.1999 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Ağlabatan müddət
İnzibati praktika
Mülki prosesin müddəti: pozuntu baş verib
[Bu icmal həmçinin Böyük Palatanın aşağıdakı işlər üzrə 28 iyul 1999-cu il tarixli qərarlarını əhatə edir: A.P. İtaliyaya qarşı (ərizə № 35265/97); Di Mauro İtaliyaya qarşı (ərizə № 34256/96); A.L.M. İtaliyaya qarşı (ərizə № 35284/97); və Ferrari İtaliyaya qarşı (ərizə № 33440/96).]
(Press-relizdən çıxarışlar)
Faktlar: Ərizəçilər hamısı İtaliya vətəndaşıdırlar. Cənab Emilio Bottatsi 1916-ci ildə anadan olub və Genuyada yaşayır. Cənab A.P. 1952-ci ildə anadan olub və Byautso di Kodroypoda (Udine) yaşayır. Cənab Sebastyano Di Mauro 1937-ci ildə anadan olub və Terraçinada yaşayır. Cənab A.L.M. 1939-ci ildə anadan olub və Milanda yaşayır. Xanım Marsella Ferrari 1911-ci ildə anadan olub və Romada yaşayır.
Bottatsinin işi: Bu iş ərizəçiyə müharibə iştirakçısı pensiyasının ödənişinin dayandırılması barədə qərara səhhətinin pisləşməsi ilə əlaqədar olaraq yenidən baxılması üçün ərizəçinin verdiyi vəsatətlə bağlı idi. İşin icraatı 4 aprel 1991-ci ildə başlanmış və 2 dekabr 1997-ci ildə başa çatmışdı, həmin tarixdə onun vəsatətinin rədd edilməsi barədə Audit Məhkəməsinin qərarı saxlanılmaq üçün məhkəmə katibliyinə verilmişdi.
A.P.-nin işi: Bu iş biznes müqaviləsi əsasında göstərilmiş xidmətlərə görə ərizəçiyə ödəniş etmək barədə M.L.D.-yə qarşı qəbul edilmiş məhkəmə qərarı ilə əlaqədar idi. M.L.D. 19 fevral 1990-cı ildə bu qərardan şikayət etmiş və 28 noyabr 1995-ci ildə iş üzrə yekun qərar çıxarılmışdı, həmin tarixdə ərizəçinin iddia tələblərinin qismən təmin edilməsi barədə Udine Rayon Məhkəməsinin qərarı saxlanılmaq üçün məhkəmə katibliyinə verilmişdi.
Di Mauronun işi: Bu iş ərizəçinin kirayəyə götürdüyü evin sahibinin kirayə müqaviləsinə xitam vermək məqsədi ilə qaldırdığı mülki iddia ilə əlaqədar idi. Həmin işin icraatı 5 mart 1984-cü ildə başlanmış və tərəflərin heç biri icraatın davam etdirilməsi üçün apellyasiya məhkəməsinə müraciət etmədiyinə görə 27 dekabr 1997-ci ildə başa çatmışdı.
A.L.M.-in işi: Bu iş 250.575.000 italyan lirəsinin ona ödənilməsi üçün ərizəçi tərəfindən bir şirkətə qarşı qaldırılmış məhkəmə işi ilə əlaqədar idi, o iddia edirdi ki, şirkətin ona bu qədər borcu var. İşin icraatı 11 sentyabr 1992-ci ildə başlamış və 14 mart 1996-cı ildə başa çatmışdı, həmin tarixdə ərizəçinin iddia tələbinin rədd edilməsi barədə Milan Rayon Məhkəməsinin qərarı saxlanılmaq üçün məhkəmə katibliyinə verilmişdi.
Ferrarinin işi: Bu iş ərizəçinin Roma tibb klinikasına qarşı qaldırdığı iddia ilə əlaqədar idi, iddia ərizəsində o tələb etmişdi ki, ailə başçısını itirməyə görə verilən pensiyanın ödənilməsinin altı ay gecikdirilməsi ilə əlaqədar olaraq həmin məbləğ inflyasiya əmsalı əsasında indeksləşdirilsin və bu məbləğin üzərinə qanunla müəyyən edilmiş faiz əlavə olunsun. İşin icraatı 31 yanvar 1990-cı ildə başlanmış və 6 avqust 1998-ci ildə başa çatmışdı, həmin tarixdə ərizəçinin iddia tələblərinin qismən təmin edilməsi barədə Roma Rayon Məhkəməsinin qərarı saxlanılmaq üçün məhkəmə katibliyinə verilmişdi.
Ərizəçilər şikayət etdilər ki, işlərinə İnsan hüquqları haqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin tələb etdiyi "ağlabatan müddət" ərzində baxılmayıb. Bu beş ərizəçi qaldırdıqları müvafiq mülki işlərin icraatının həddən artıq uzun sürməsi ilə əlaqədar olaraq İnsan hüquqları haqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən hüququn, yəni ağlabatan müddətdə işlərinə ədalətli baxılması hüququnun pozulmasından şikayət etdilər.
Hüquqi məsələlər:
I. Bottatsi, A.P., Di Mauro və Ferrarinin işləri
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi: Bu dörd işin hər birində Məhkəmə ilk növbədə qeyd etdi ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iştirakçı dövlətlərin üzərinə öz məhkəmə sistemlərini bu bəndin tələblərinə cavab verən formada təşkil etmək öhdəliyini qoyur. Həmin bəndin məqsədi ədalət mühakiməsinin ləngimələrə yol verilmədən həyata keçirilməsinin vacibliyini bir daha təsdiq etməkdir, belə ki, ləngimələr ədalət mühakiməsinin səmərəliliyinə və ədalət mühakiməsinə olan inama xələl gətirə bilər. Bundan başqa, Məhkəmə qeyd etdi ki, Avropa Şurasının Nazirlər Komitəsi 11 iyul 1997-ci il tarixli DH (97) 336 saylı qətnaməsində ("İtaliyada mülki proseslərin müddəti: ümumi xarakterli əlavə tədbirlər") bildirib ki, "ədalət mühakiməsinin həyata keçirilməsinin həddən artıq ləngidilməsi xüsusən qanunun aliliyi prinsipinə hörmət edilməsinə mühüm təhlükə təşkil edir". Məhkəmə daha sonra diqqəti belə bir fakta cəlb etdi ki, Kapuano İtaliyaya qarşı məhkəmə işi üzrə qərarın qəbul edildiyi 25 iyun 1987-ci il tarixindən bəri onun 65 iş üzrə çıxardığı qərarlarda müəyyən edilib ki, İtaliyanın müxtəlif regionlarının mülki məhkəmələrində işlərin icraatının müddətinin ağlabatan "müddət" həddini aşması səbəbindən 6-cı maddənin 1-ci bəndi pozulub. Eynilə, Konvensiyanın keçmiş 31 və 32-ci maddələrinə uyğun olaraq Komissiya tərəfindən qəbul edilmiş 1.400-dən artıq məruzə eyni səbəbdən Konvensiyanın 6-cı maddəsinin İtaliya tərəfindən pozulduğu barədə Nazirlər Komitəsinin qətnamələr qəbul etməsi ilə nəticələnib. Bu pozuntuların tez-tez müəyyən edilməsi göstərir ki, analoji pozuntular təkrar-təkrar baş verir və onların sayı o qədər çoxdur ki, onları ayrı-ayrı təsadüfi hallar hesab etmək olmaz. Belə pozuntular hələ də həllini tapmayan davamedici situasiyanı əks etdirir, elə bir situasiyanı ki, prosesdəki tərəflərin sərəncamında ona qarşı heç bir hüquqi müdafiə vasitəsi yoxdur. Müvafiq olaraq, pozuntuların üst-üstə yığılması Konvensiyaya zidd olan praktika təşkil edir. Məhkəmə hazırkı işin faktlarını tərəflərin təqdim etdikləri məlumatların və yuxarıda göstərilən praktikanın işığında araşdırdı. Bu məsələyə dair özünün presedent hüququnu nəzərə alaraq, Məhkəmə hesab etdi ki, bu işlərdə sözügedən məhkəmə proseslərinin müddətləri (Bottatsinin işində altı il səkkiz aya yaxın; A.P.-nin işində beş il doqquz aydan artıq; Di Mauronun işində təxminən on üç il doqquz ay; və Ferrarinin işində səkkiz il altı aydan artıq) həddən artıq uzun olub və "ağlabatan müddət" tələbinə cavab verməyib. Müvafiq olaraq, 6-cı maddənin 1-ci bəndi pozulub.
Nəticə: pozuntu baş verib (yekdilliklə, Di Mauronun işində isə iki səsə qarşı on beş səslə).
Konvensiyanın 41-ci maddəsi: Məhkəmə ədalətli təzminat qismində aşağıdakı məbləğləri təyin etdi:
Bottatsinin işi: maddi ziyana görə 15.000.000 italyan lirəsi, məhkəmə xərclərinə və digər məsrəflərə görə 7.000.000 lirə;
A.P.-nin işi: maddi və mənəvi ziyana görə 30.000.000 lirə, məhkəmə xərclərinə və digər məsrəflərə görə 8.000.000 lirə;
Di Mauronun işi: mənəvi ziyana görə 5.000.000 lirə, məhkəmə xərclərinə və digər məsrəflərə görə 10.000.000 lirə;
Ferrarinin işi: mənəvi ziyana görə 15.000.000 lirə, məhkəmə xərclərinə və digər məsrəflərə görə 11.275.488 lirə.
II. A.L.M.-in işi: Məhkəmə qeyd etdi ki, işin Məhkəmənin icraatına verilməsi barədə Hökumətin 7 sentyabr 1998-ci il tarixli ərizəsi sentyabrın 8-də Katibliyə çatıb, halbuki Komissiyanın məruzəsi 13 may 1998-ci ildə Nazirlər Komitəsinə göndərilmişdi. Hökumət iddia etdi ki, o ərizəni təqdim etdiyi zaman keçmiş 32-ci maddədə nəzərdə tutulmuş üç aylıq müddət başa çatmamışdı. Onun bildirdiyinə görə, 7 oktyabr 1969-cu il tarixli qanunda (onun iddia etdiyinə görə həm də digər Avropa ölkələrinin qanunvericiliyində) yer alan, məhkəmələrdə məzuniyyətlər zamanı "ümumi və inzibati məhkəmələrdə" prosessual müddətlərin axımının dayandırılmasını nəzərdə tutan norma Avropa Məhkəməsindəki icraata şamil olunan "ümumi" prinsipdir. Ərizəçi Məhkəmədən xahiş etdi ki, Hökumətin ərizəsini vaxtından gec verildiyinə görə rədd etsin. Məhkəmə qeyd etdi ki, Konvensiyanın keçmiş 47-ci maddəsinə əsasən ərizə keçmiş 32-ci maddədə müəyyən edilmiş üç aylıq müddət ərzində verilməlidir. Nə Konvensiyanın, nə də Məhkəmə Reqlamentinin həmin ərizə təqdim edildiyi vaxtda qüvvədə olan müddəalarının heç birində bu tələbdən azad edilmə nəzərdə tutulmamışdı. Bundan başqa, hətta fərz etsək ki, "məhkəmələrdə məzuniyyətlər" zamanı prosessual müddətlərin axımının dayandırılması barədə qayda İtaliyadan başqa digər ölkələrin də qanunvericiliyində mövcud idi, Məhkəmə hesab edir ki, Hökumət Konvensiyanın keçmiş 32-ci maddəsindən irəli gələn, hamılıqla qəbul edilmiş olan belə bir hüquq prinsipinin mövcudluğunu sübuta yetirə bilməyib ki, məhkəmələrdə məzuniyyətlər zamanı prosessual müddətlərin axımı dayandırılır. Beləliklə, Hökumət ona verilmiş olan müddəti ötürüb. Bundan başqa, müddətin axımının dayandırılmasına əsas verən, yaxud müddətin axımının yenidən başlanmasına haqq qazandıran xüsusi hal işin materiallarında müəyyən edilməyib. Müvafiq olaraq, işin Məhkəmənin icraatına verilməsi barədə Hökumətin ərizəsi vaxtından gec təqdim edildiyinə görə qəbul oluna bilməz.
Nəticə: Hökumətin ərizəsinə baxılması Məhkəmənin yurisdiksiyası xaricindədir – ərizənin verilmə müddəti ötdüyünə görə (yekdilliklə).
Full & Egal Universal Law Academy