© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
BULUA LÜKSEMBURQA QARŞI
(CASE OF BOULOIS v. LUXEMBOURG)
(37575/04 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
3 aprel 2012-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
Bulua Lüksemburqa qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
sədr Nikolas Bratza (Nicolas Bratza),
hakimlər:
Jan-Pol Kosta (Jean-Paul Costa),
Fransuaz Tulkens (Francoise Tulkens),
Jozep Kasadeval (Josep Casadevall),
Nina Vayiç (Nina Vajić),
Boştyan M.Zupançiç (Boštjan M. Zupančič),
Elizabet Fura (Elisabet Fura),
Eqbert Mayjer (Egbert Myjer),
Yan Şikuta (Ján Šikuta),
İneta Ziemele (Ineta Ziemele),
Mark Villiger (Mark Villiger),
İzabel Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Paaivi Hirvelaa (Päivi Hirvelä),
Jorj Nikolau (George Nicolaou),
Ledi Bianku (Ledi Bianku),
Qanna Yudkivska (Ganna Yudkivska),
Vinsent A. de Qaetano (Vincent A. de Gaetano),
və yuriskonsult Vinsent Berqerdən (Vincent Berger) ibarət tərkibdə
2011-ci il 31 avqust və 2012-ci il 22 fevral tarixlərində qapalı müşavirə keçirərək
Yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş 2004-cü il 16 oktyabr tarixində Fransa vətəndaşı cənab Tomas Bulua (“ərizəçi”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Lüksemburq Böyük Hersoqluğuna qarşı ərizənin (37575/04 nömrəli) təqdim edilməsi ilə başlanmışdır.
2. Ərizəçini Lüksemburqda vəkil kimi fəaliyyət göstərən cənab O.Lanq təmsil etmişdir. Lüksemburq Hökuməti (“Hökumət”) Lüksemburqda vəkil kimi fəaliyyət göstərən cənab N.Deker tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi xüsusilə iddia etmişdir ki, həbsxanadan müvəqqəti çıxmağına icazə verilməsinə dair vəsatətlərinin rədd edilməsi ilə bağlı işinə ədalətli baxılması və məhkəməyə müraciət etmək hüquqlarından məhrum edilmişdir.
4. Ərizə baxılması üçün Məhkəmənin Birinci Bölməsinə verilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci qaydasının 1-ci bəndi). Lüksemburqdan seçilmiş hakim Din Şpilman işə baxılmasında iştirak etməkdən imtina etmiş (28-ci qayda) və cavabdeh Hökumət onun yerinə başqa bir hakim təyin etmək hüququndan imtina etmişdir. Buna görə də həmin Bölmənin Palatası Belçikadan seçilmiş hakim Fransuaz Tulkensi onun yerinə təyin etmişdir (Konvensiyanın 26-cı maddəsinin 4-cü bəndi və 29-cu qaydanın 1-ci və 2-ci bəndləri). 2006-cı ilin 7 dekabrında həmin Bölmənin sədr - Kristos Rozakis, hakimlər – Lukis Lukaides, Fransuaz Tulkens, Nina Vayiç, Elizabet Şteyner, Xanlar Hacıyev və Sverre Erik Yebens və Bölmənin katibi – Soren Nilsendən ibarət Palatası ərizə ilə bağlı Hökumətə məlumat vermək barədə qərar qəbul etmişdir.
5. 2006-cı il 12 dekabrda Fransa Hökumətinə Konvensiyanın 36-cı maddəsinin 1-ci bəndi və 44-cü qayda əsasında yazılı qeydlərini vermək hüququnun olması barədə məlumat verilsə də, o, 2007-ci il 27 mart tarixində bu hüququndan istifadə etmək niyyətində olmadığını bildirmişdir.
6. 2008-ci il 2 sentyabr tarixində Böyük Palatada baxılmalı olan “Enea İtaliyaya qarşı” (Enea v. Italy (no. 74912/01)) işinin nəticəsini gözləmək üçün Məhkəmə hazırkı işə baxılmasını təxirə salmaq qərarına gəlmişdir.
7. 2010-cu il 14 dekabr tarixində Bölmənin tərkibində dəyişiklik edildikdən sonra İkinci Bölmənin sədr – İreneu Kabral Baretto, hakimlər – Fransuaz Tulkens, Danute Yoçiyene, Draqolyub Popoviç, Andras Sajo, İşıl Karakaş və Qido Raymondi və Bölmə katibi – Steynli Neysmitdən ibarət Palatası əksəriyyət səs çoxluğu ilə ərizəni qəbuledilən elan etmişdir. O, dörd səs lehinə, üç səs əleyhinə olmaqla Konvensiyanın 6-cı maddəsinin pozulduğunu təsbit etmişdir.
8. 2011-ci il 4 martda Hökumət Konvensiyanın 43-cü maddəsinə və 73-cü qaydaya uyğun olaraq işin Böyük Palataya verilməsini xahiş etmişdir. Böyük Palatanın kollegiyası 2011-ci il 11 apreldə xahişi təmin etmişdir.
9. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinə və 24-cü qaydaya uyğun olaraq müəyyən edilmişdir. Jan-Pol Kosta səlahiyyət müddətinin bitməsinə baxmayaraq Konvensiyanın 23-cü maddəsinin 3-cü bəndi və 24-cü qaydanın 4-cü bəndinə uyğun olaraq yekun müzakirələrdə iştirak etməyə davam etmişdir.
10. Ərizəçi və Hökumət öz qeydlərini təqdim etmişlər.
11. Məhkəmə iclası 2011-ci ilin 31 avqust tarixində Strasburqda İnsan Hüquqları Sarayında açıq şəkildə keçirilmişdir (59-cu qaydanın 3-cü bəndi).
Məhkəmədə aşağıdakı şəxslər iştirak etmişlər:
(a) Hökumətin adından
cənab N. Deker, hüquqşünas, Vəkil,
xanım A. Ferreyra Da Silva, hüquqşünas,
cənab J. Uollendorf, hakim, Apellyasiya Məhkəməsi,Məsləhətçilər;
(b) ərizəçinin adından
cənab O. Lanq, hüquqşünas,Vəkil,
cənab R. Şons, hüquqşünas,Məsləhətçi,
cənab T. Bulua,Ərizəçi.
Məhkəmədə cənab Lanq və cənab Deker çıxış etmişlər.
FAKTLAR
I. İŞİN HALLARI
2. 1972-ci ildə anadan olmuş ərizəçi ərizənin təqdim edildiyi zaman Lüksemburqun Şrassiq həbsxanasında saxlanılırdı. Hazırda o, Peppanjda (Lüksemburq) yaşayır.
13. 1998-ci il 15 dekabrda o həbs edilmişdir.
14. 2001-ci ilin 22 oktyabr tarixində Apellyasiya Məhkəməsinin Cinayət İşləri üzrə Bölməsi onu 1998-ci il 10 dekabrda bədənə xəsarət yetirməklə müşayiət olunan zorakılıq, zorlama və işgəncələr verməklə qanunsuz olaraq azadlıqdan məhrum etmə cinayətlərini törətməkdə təqsirli bilərək on beş il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Bu müddətin üç ilinin şərti tətbiq edilməsi nəzərdə tutulmuşdu.
15. Ərizəçi 2001-ci ilin 14 iyun və 2005-ci ilin 13 aprel tarixləri arasında qəbul edilmiş və 2000-ci il 19 oktyabr tarixində boşanmasından sonra üç azyaşlı uşağı ilə görüşmək hüququ ilə bağlı olan bir-neçə məhkəmə qərarını Avropa Məhkəməsinə təqdim etmişdir.
16. Həbsxanada olan zaman ərizəçi şərti olaraq azad edilməsi, yarı açıq tipli Qivenix cəzaçəkmə müəssisəsinə keçirilməsi və həbsxanadan müvəqqəti çıxmağına icazə verilməsi ilə bağlı vəsatətlər qaldırmışdır. Həbsxanadan müvəqqəti çıxmağa icazə ilə bağlı vəsatətlər hazırkı işin predmetidir.
A. Həbsxanadan müvəqqəti çıxmağa icazə ilə bağlı birinci vəsatət
3. Ərizəçi 2003-cü ilin oktyabrında həbsxanadan müvəqqəti çıxmağına icazə verilməsi üçün Baş Prokurorluğa vəsatət təqdim etdiyini bildirmişdir.
18. Məsləhətxananın psixoloqunun xahişi ilə ərizəçi 2003-cü ilin 16 oktyabrında izahat vermişdir ki, o, həbsxanadan bir gün müddətinə çıxması üçün icazə istəyir və bu zaman müşayiət edilməsinə etiraz etmir. O, bu vəsatətin verilməsi səbəbinin aşağıda qeyd edilmiş bir sıra inzibati formallıqların başa çatdırılması zərurəti ilə bağlı olduğunu bildirmişdir:
“(i) pasport üçün şəkil çəkdirmək məqsədilə fotoqrafın yanına və ya foto studiyaya getmək;
(ii) sürücülük vəsiqəsini təzələmək üçün nəqliyyat nazirliyinə getmək (tibbi arayış artıq alınmışdı);
(iii) qeydiyyat vəsiqəsini təzələmək üçün səfirliyə getmək;
(iv) Lüksemburqun polis idarəsinin istintaq şöbəsinə gedərək cənab [B.]-dən köhnə müştərinin istədiyi sənədlərin olduğu zərfi götürmək;
(v) Eş/Alzettedəki [B.] bankının menecerinə baş çəkmək;
(vi) Eş/Alzettedəki vergi idarəsinə getmək;
(vii) Eş/Alzette yaxınlığındakı restoranda bir qrup dostlarla görüşmək;
(viii) eyni müştəri üçün qalan sənədləri toplamaq məqsədilə Differdanjdakı mənzilimə getmək;
(ix) həbsxananın emalatxanasında hazırlamalı olduğum əşyalar üçün ölçüləri götürmək;
(x) mer ilə şəxsi görüş üçün Differdanj bələdiyyəsinə getmək;
(xi) xanım [S.]-in əri ilə görüşmək üçün onun Lüksemburqdakı evinə getmək;
(xii) köhnə müştərimin çatışmayan sənədlərini təqdim etmək üçün vəkilimin ofisinə getmək;
(xiii) mümkün olarsa, [S.]-in evinin yanındakı kitab mağazasına getmək”.
Cavabında ərizəçi daha sonra bildirmişdir:
“...Təəssüflər olsun ki, mülki hüquq pozuntuları nəticəsində vurulmuş ziyan hələ də ödənilməmişdir, belə ki, mənim ilkin ödəməni həyata keçirmək üçün belə vəsaitim yox idi. Hazırda mən hələ də əmlakımın sonsuz ələ keçirilməsi səylərinin qarşısının alınması məqsədilə hüquq idarələri tərəfindən qəbul edilmiş tədbirlər ilə bağlı müxtəlif dövlət orqanlarına kreditlərimi və digər borclarımı ödəməklə məşğulam. ...”
4. 2003-cü il 29 oktyabrda psixoloq tərəfindən verilmiş arayışda bildirilirdi ki, ərizəçi 1999-cu il 19 may tarixində psixoterapiya kursuna başlamış və 2002-ci ilin 30 sentyabr tarixində bu kursu ondan asılı olmayan səbəblərə görə dayandırmışdır. Psixoloq vurğulamışdır ki, ərizəçi onu cinayət törətməyə təhrik etmiş səbəbləri anlamağa və yenidən cinayət törətməmək üçün mümkün olan hər bir şeyi etməyə çalışmışdır. 2003-cü il 25 noyabrda 2003-cü ildən başlayaraq ərizəçi ilə müntəzəm görüşdüyünü bildirən ikinci psixoloq 2003-cü il 29 oktyabr tarixli arayışda əks olunmuş qeydlər ilə razılaşmışdır.
20. 2003-cü il 5 noyabrda Baş prokurorun nümayəndəsi həbsxana rəhbərinə xidməti məktub göndərmişdir. Burada xüsusilə qeyd edilirdi:
“...zəhmət olmasa Tomas Buluaya məlumat verin ki,
Həbsxanalar üzrə İdarənin qərarına əsasən
həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi ilə bağlı vəsatət deportasiya riski ilə əlaqədar (Ədliyyə Nazirliyinə müraciət 2003-cü il 25 iyunda edilmiş, lakin hələ də qərar qəbul edilməmişdir) rədd edilir. Eyni zamanda, məhkumun cinayətin törədilməsi nəticəsində dəymiş ziyanı ödəmədiyi nəzərə alınarsa, onun qaçıb gizlənmək ehtimalı mövcuddur. Hər hansı imtiyaz verilməzdən öncə, o, vurduğu maddi ziyanı ödəməlidir”.
B. Həbsxanadan müvəqqəti çıxmağa icazə ilə bağlı ikinci vəsatət
5. 2004-cü il 17 yanvarda ərizəçi öz xahişini təkrar etmişdir. Bu zaman da o, eyni səbəbləri və bir günlük icazə dövründə görəcəyi eyni işləri göstərmişdir. 2004-cü il 27 yanvarda onun vəkili vəsatəti təsdiq edərək, inter alia, aşağıdakıları əlavə etmişdir:
“...həbsxanadan kənarda müstəqil surətdə yaşaması məqsədilə işlərini qaydaya sala bilməsi üçün ərizəçinin həbsxanadan çıxmasına bir günlük icazə verilməsi onun reabilitasiyası və cəmiyyətə reinteqrasiyası işinə kömək etməklə yanaşı, mülki iş üzrə tərəfə vurulmuş ziyanı mümkün qədər tez bir vaxtda ödəməyə başlamasına imkan yaradacaqdır. ...”
6. 2004-cü il 17 martda Baş prokurorun nümayəndəsi həbsxana müdirinə aşağıdakı məzmunlu xidməti məktub göndərmişdir:
“...zəhmət olmasa Tomas Buluaya məlumat verin ki,
Həbsxanalar üzrə İdarənin qərarına əsasən
onun həbsxanadan müvəqqəti çıxmağına icazə verilməsi ilə bağlı vəsatətinin rədd edilməsinə dair 2003-cü il 5 noyabr tarixli qərar qüvvəsində saxlanılır”.Həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi ilə bağlı iki vəsatətin rədd edilməsindən sonra inzibati məhkəmələrə müraciət edilməsi
7. 2004-cü il 25 mayda ərizəçi Həbsxanalar üzrə İdarənin 2003-cü il 5 noyabr və 2004-cü il 17 mart tarixli qərarlarına məhkəmə nəzarəti qaydasında baxılması üçün İnzibati Məhkəməyə (tribunal administratif) iddia ilə müraciət etmişdir.
24. 2004-cü il 6 dekabrda keçirilmiş iclasda İnzibati Məhkəmə öz təşəbbüsünə əsasən işə məhkəmə nəzarəti qaydasında baxmaq üçün yurisdiksiyaya malik olub-olmadığı məsələsini qaldırmışdır. Yurisdiksiyanın olmadığına dair etiraz qaldırmamış Hökumət məsələni məhkəmənin öz mülahizəsinə buraxmışdır. Ərizəçi məhkəmənin işə baxmaq üçün yurisdiksiyaya malik olduğunu bildirmişdir.
25. 2004-cü il 23 dekabrda İnzibati Məhkəmə aşağıdakı səbəblərə görə işə məhkəmə nəzarəti qaydasında baxmaq üçün yurisdiksiyaya malik olmadığını qət etmişdir:
“...Həbsxanada məhbuslar ilə rəftara aid inzibati tədbirlər (onların həbsxananın daha təhlükəsiz kameralarında yerləşdirilməsi və xüsusilə ciddi cəzaçəkmə rejiminin tətbiq edilməsi barədə qərarlar – bax: İnzibati Məhkəmə tərəfindən 2002-ci il 10 iyulda qəbul edilmiş 14568 nömrəli qərar; bu qərarlar həbsxananın idarə edilməsi kontekstində qəbul edilən inzibati qərarlardır) ilə adi məhkəmələr tərəfindən təyin edilmiş cəzanın xarakteri və həddini dəyişdirə biləcək qərarlar (bu qərarlara inzibati deyil, daha çox hüquqi qərarlar kimi baxılmalıdır) arasında fərq qoyulmalıdır.
Hazırkı işdə qeyd edilməlidir ki, həbsxanadan müvəqqəti çıxmağa icazə kimi imtiyazın verilməsi və ya bundan imtina ərizəçi üzərinə adi məhkəmə tərəfindən qoyulmuş cəzanın “həddini” dəyişdirir.
Beləliklə, sözü gedən iki qərar xarakter etibarı ilə hüquqi qərardır.
Buna görə də onların yuxarıda qeyd edilmiş təbiəti nəzərə alındıqda, sözü gedən qərarlar ilə bağlı inzibati məhkəmələrə müraciət edilməsi mümkün deyil...”
8. 2005-ci il 14 apreldə Yuxarı İnzibati Məhkəmə (cour administrative) bu qərarı qüvvədə saxlamış və aşağıdakıları müəyyən etmişdir:
“Ərizəçi bildirmişdir ki, məhkəmə onun ərizəsinə məhkəmə nəzarəti qaydasından baxmaqdan imtina etməklə səhvə yol vermişdir. O, bunu belə izah etmişdir: belə imtinaya baxılması üçün başqa bir hüquq müdafiə vasitəsi mövcud olmamışdır. Buna görə də bu işdə inzibati məhkəmələrin təşkili ilə bağlı 1996-cı il 7 noyabr tarixli qanunun 2-ci maddəsinin 1-ci bəndi tətbiq edilməli idi; sözü gedən qərarlar cəzanın həddini dəyişməmişdir; məhkəmə onu işinə ədalətli şəkildə baxılması imkanından məhrum etməklə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə zidd olaraq ədalət mühakiməsini həyata keçirməkdən imtina etmişdir.
...Ərizəçinin işi həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi, başqa sözlə adi məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanın icrası qaydasını dəyişdirən qərar ilə bağlıdır və buna görə də bu qərara inzibati deyil, hüquqi qərar kimi baxılmalıdır.
Məhkəmə tərəfindən istifadə olunmuş “təyin edilmiş cəzanın həddi” ifadəsi hazırkı işdə cəzanın müddəti kimi deyil, geniş mənada icra qaydası kimi başa düşülməlidir.
Buna görə də İnzibati Məhkəmə düzgün olaraq ərizəyə baxmaq üçün səlahiyyətinin olmadığı ilə bağlı qərar qəbul etmişdir.
İnzibati məhkəmələrin işə baxmaq səlahiyyətinə malik olmadıqları barədə qəbul etdikləri qərar onların məsələ barədə qərar qəbul etmək istəyində olmaması kimi təfsir olunmamalıdır; buna görə də ədalət mühakiməsini həyata keçirməkdən imtina olunması iddiası əsassızdır.
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi işə mahiyyəti üzrə baxmaq səlahiyyətinə malik olmayan orqana münasibətdə tətbiq oluna bilməz....”
D. Ərizəçi tərəfindən həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi ilə bağlı təqdim edilmiş və Həbsxanalar üzrə İdarə tərəfindən rədd edilmiş sonrakı vəsatətlər
9. 2004-cü il 11 avqustda ərizəçi həbsxanadan müvəqqəti çıxmaq ilə bağlı üçüncü dəfə vəsatət verərək, inter alia, aşağıdakıları qeyd etmişdir:
“...Mən CEP-L (İşçilər Palatası) tərəfindən təşkil edilmiş bir neçə məşğələdə uğurla iştirak etmişəm və müvafiq diplom almaq üçün bunu davam etdirmək niyyətindəyəm.
Bu diplomlar mühasibat və (şəxsi) kompüterdən istifadə sahəsində verilir. Mən ilkin kursları uğurla başa çatdırmışam, lakin məqsədimə çatmaq üçün CEP-L-in özünün payız sessiyasında iştirak etməyim mühümdür...”
10. 2004-cü il 21 sentyabr tarixində qəbul edilmiş qərarla xahiş rədd edilmiş və bildirilmişdir ki, ərizəçi həbsxanada da kurslara gedə bilər və o, hələ də zərərçəkmiş şəxsə kompensasiya verilməsi üçün hər hansı əhəmiyyətli səy göstərməmişdir. Qərarda həmçinin 2003-cü il 5 noyabr tarixli qərarın əsaslandırılması hissəsinə istinad edilirdi.
29. 2004-cü ilin 14 oktyabrında ərizəçi həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi üçün dördüncü dəfə vəsatət verərək Müqəddəs Nikolas həftə sonunu uşaqları ilə keçirmək üçün ona bir günlük icazə verilməsini xahiş etmişdir. O, bu vəsatəti ilk dəfə Böyük Palataya təqdim etmişdir.
30. 2004-cü il 14 dekabr tarixli qərarla vəsatət rədd edilmiş və bildirilmişdir ki, ərizəçinin uşaqlarına baş çəkmək hüququ hələ də açıq şəkildə müəyyən edilməmişdir.
31. 2005-ci il 24 fevralda təqdim edilmiş beşinci vəsatətdə ərizəçi digər məsələlər ilə yanaşı bildirmişdir ki, cəmiyyətə yenidən inteqrasiya edilməsi zərurəti nəzərə alındıqda, ona mühasibat və kompüter üzrə diplomlar əldə etmək üçün tələb olunan son məşğələlərdə iştirak etməsinə icazə verilməsindən imtina edilməsi səbəblərini anlaya bilmir. O əlavə etmişdir ki, həbsxanadan müvəqqəti çıxmağa icazə istəməsinin səbəbi şəxsiyyət və sürücülük vəsiqələrini yeniləmək və müxtəlif təsisatlara və mülki iş üzrə tərəfə borcların ödənilməsi yollarını tapmaq istəyi olmuşdur.
32. 2005-ci il 23 martda onun vəsatəti əsaslandırılmadığı səbəbi ilə rədd edilmişdir.
33. 2005-ci il 12 iyulda həbsxanadan müvəqqəti çıxmağa icazə ilə bağlı altıncı vəsatət rədd edilmiş və bunun səbəbi kimi ərizəçinin həbsxanaya qayıtmayacağı riskinin olması göstərilmişdir.
34. 2006-cı il 4 may tarixində həbsxanadan müvəqqəti çıxmağa icazə barədə yeddinci vəsatət rədd edilmiş və bunun səbəbi kimi ərizəçinin xüsusilə mülki iş üzrə tərəfə kompensasiyanın ödənilməsi üçün heç bir səy göstərməməsi və rejim qaydalarına əməl etməkdən imtina etməsi göstərilmişdir.
E. Ərizəçinin həbsxanadan azad olunmasına qədər baş vermiş sonrakı hadisələr
11. 2006-cı il 4 may tarixli imtinadan sonra ərizəçi 2006-cı il 10 may və 29 oktyabr tarixləri arasında beş dəfə Baş Prokurorluğa müraciət etmişdir. O, düşdüyü vəziyyətə və maddi ziyan vurduğu tərəfin tələblərinə uyğun ödəmə planını tətbiq etməyi xahiş etmişdir. Eyni zamanda, o, cəmiyyətə yenidən reinteqrasiyası məqsədilə onun üçün müəyyən edilmiş şərtlərin izah edilməsini xahiş etmişdir ki, bunun da nəticəsində onun bu şərtlərə əməl etməsi mümkün olsun. 2006-cı il 6 noyabrda Baş Prokurorluğun nümayəndəsi ərizəçiyə məktub yazaraq bildirmişdir ki, hazırkı vəziyyətdə o, müxtəlif məktublara cavab vermək niyyətində deyil, belə ki, onlar ilə bağlı hər hansı rəyin verilməsini zəruri saymır.
36. 2006-cı il 20 noyabrda Baş prokuror ərizəçidən müsahibə götürülməsi barədə xahişin qəbul olduğunu etiraf etmiş və onunla həbsxanaya yaxınlarda edəcəyi səfərlərdən birində görüşəcəyini qeyd etmişdir. Ərizəçi bu görüşün heç zaman baş vermədiyini demişdir.
37. 2008-ci il 31 oktyabrda Həbsxanalar üzrə İdarə ərizəçiyə həbsxanadan müvəqqəti çıxmaq üçün bir günlük icazə vermişdir. Bunun üçün ərizəçi qarşısında bir şərt irəli sürülmüşdür ki, onu evində gecələyəcəyi qız dostu həbsxanadan götürəcək və özü də həbsxanaya qaytaracaqdır.
38. 2008-ci il 12 dekabr və 2009-cu il 19 iyun arasında ərizəçiyə qız dostu ilə qalmaq üçün hər biri iki günlük olmaqla beş dəfə həbsxanadan müvəqqəti çıxmağa icazə verilmişdir.
39. 2009-cu il 20 martda ərizəçi yarı açıq tipli Qivenix həbsxanasına keçirilmişdir. Elə həmin gün ayrıca qərarla ona iş axtarmaq və müxtəlif inzibati formallıqları yerinə yetirmək üçün on günlük həbsxanadan müvəqqəti çıxmağa icazə verilmişdir; həmçinin iş tapdıqdan sonra onun daha yüngül saxlama rejiminə keçirilməsi qərara alınmışdır.
40. 2009-cu il 24 iyunda ərizəçi aşbaz kimi peşəkar reabilitasiya kontraktını imzalamışdır.
41. 2009-cu il 25 sentyabrda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə barədə vəsatəti təmin olunmuşdur.
42. Ərizəçinin cəza müddətinin 2010-cu il 12 oktyabrda başa çatması ilə əlaqədar cəzadan azad olunmaq barədə xahişləri üç qərarla (2009-cu il 25 sentyabr və 11 dekabr və 2010-cu il 26 fevral) rədd edilmişdir.
43. 2010-cu il 10 fevralda ərizəçi pərakəndə ticarətçi kimi biznes fəaliyyətinə başlamışdır.
44. 2010-cu il 15 iyulda ərizəçi cəzadan azad olunmuşdur. Onun izahatlarına görə həmin tarixdə tam olaraq Qivenix həbsxanasını tərk etmişdir.
II. MÜVAFİQ MİLLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Azadlıqdan məhrumetmə növündə cəzaların icrası ilə bağlı qanunvericilik
12. Azadlıqdan məhrumetmə növündə cəzaların icrası ilə bağlı bəzi tədbirlər haqqında 1986-cı il 26 iyul tarixli qanunun (“1986-cı il tarixli qanun”) 1-ci maddəsi azadlıqdan məhrumetmə növündə cəzaların icrasının ehtiva etdiyi müxtəlif tədbirləri sadalayır:
“Azadlıqdan məhrumetmə növündə cəzanın icrası aşağıdakılardan birini ehtiva edir: cəzanın cəzaçəkmə yerlərində çəkilməsi, yarım həbsxana tipli rejim, həbsxanadan müvəqqəti olaraq çıxmağa icazə, cəzanın icrasını təxirə salma, vaxtından əvvəl azad etmə”.
1. Həbsxanadan müvəqqəti çıxmağa icazə anlayışı
13. 1986-cı il tarixli qanunun 6-cı maddəsi həbsxanadan müvəqqəti çıxmağa icazəni aşağıdakı kimi təsvir edir:
“Həbsxanadan müvəqqəti çıxmağa icazə həbsxananı ya günün bir hissəsi, ya da iyirmi dörd saatlıq tərk etməyə icazə verilməsini ehtiva edir. Bu müddət cəzanın müddətinə daxil edilir”.
2. Həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi üçün şərtlər
14. 1986-cı il tarixli qanunun 7-ci maddəsi həbsxanadan müvəqqəti çıxmağın məqsədlərini aşağıdakı kimi müəyyən edir:
“Bu imtiyaz ölkədə yaşayan və ya rezident statusuna malik olan məhkumlara ailə işlərinə və ya reabilitasiya və əmək fəaliyyətinə reinteqrasiya məqsədilə, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmaq üçün müvəqqəti əsasda verilir”.
15. 1986-cı il tarixli qanunun 8-ci maddəsində qeyd edilir ki, bu tədbir ilk dəfə cinayət törətmiş və cəzasının üçdə bir hissəsini çəkmiş məhkumlar barəsində tətbiq olunur.
49. 1986-cı il tarixli qanunun 13-cü maddəsində qeyd edilir:
“Qanun ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi zamanı məhkumun şəxsiyyəti, davranışındakı irəliləyişlər və gələcəkdə yenidən cinayət törətmək riskinin olub-olmaması nəzərə alınır”.
Müvafiq qanun layihəsi təqdim olunan zaman onu müşayiət etmiş rəylərə görə cəzanın icrası qaydası ilə bağlı tədbirlərin görülməsi “heç zaman avtomatik xarakter daşımayacaq və məhkum ilə bağlı müstəqil şəkildə əldə etdiyi informasiya əsasında qərar qəbul edəcək cəzanın icrasını həyata keçirən dövlət orqanının səlahiyyətində qalacaq”.
50. 1989-cu il 19 yanvar tarixli Böyük Hersoqluq Qaydalarının, inter alia, həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsinin təşkilatı xarakterli məsələlərini tənzim edən müddəalarına əsasən belə icazə müvafiq məhkumun və ya onun nümayəndəsinin vəsatəti əsasında verilə bilər (maddə 4) və məhkum yaza bilmədiyini sübut etdiyi hallar istisna olmaqla, bu vəsatət yazılı şəkildə təqdim olunmalıdır (maddə 5). Həbsxanadan müvəqqəti çıxmağa icazə barədə vəsatət rədd edilərsə, yeni hallar ortaya çıxmadığı təqdirdə, iki ay müddətində yeni vəsatət təqdim oluna bilməz (maddə 6).
3. Həbsxanadan müvəqqəti çıxmağa icazə barədə vəsatətlərə tətbiq olunan qaydalar
16. 1986-cı il tarixli qanunun 12-ci maddəsində aşağıdakılar qeyd edilir:
“İki ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qanun ilə nəzərdə tutulmuş tədbirlər Baş prokuror və ya onun nümayəndəsi, bir hakim və bir prokurordan ibarət komissiya tərəfindən əksəriyyət səs çoxluğu əsasında qəbul edilmiş qərara uyğun olaraq Baş prokuror və ya onun nümayəndəsi tərəfindən qəbul olunur. ...
Komissiya Baş prokuror və ya onun nümayəndəsi tərəfindən çağırılır və ona hakim sədrlik edir.
Baş prokuror və ya onun nümayəndəsi istisna olmaqla tam hüquqlu üzvlər və onları əvəz edən şəxslər nazirin sərəncamı ilə üç illik müddətə təyin edilirlər”.
4. Lüksemburq Böyük Hersoqluğunun Ombudsmanının azadlıqdan məhrumetmə növündə cəzaların icrası ilə bağlı səlahiyyət bölgüsünə dəyişiklik edilməsinə dair 30 nömrəli tövsiyəsi
17. 2007-ci il 1 oktyabrdan 2008-ci il 20 sentyabra qədərki dövrdə fəaliyyətini əks etdirən hesabatdakı 30 nömrəli tövsiyədə Ombudsman Lüksemburqda mövcud olan cəzaların icrası sisteminin təkmilləşdirilməsinin zəruri olduğunu bildirmiş və cəzaların icrası üzrə hakimlər institutunun yaradılması fikrini müdafiə etmişdir. Bu hakimlər çəkişmə prinsipi əsasında həbsxanadan müvəqqəti çıxmağa icazə ilə bağlı ərizələrə baxaraq, barəsində apellyasiya verilməsi mümkün olan qərarlar qəbul edə bilərdilər.
53. Ombudsman 2009-cu il 1 oktyabr – 2010-cu il 30 sentyabr tarixləri arasındakı dövrü əhatə edən fəaliyyəti ilə bağlı hesabatında belə bir faktı qeyd etmişdir ki, ədliyyə naziri Lüksemburqda dərc edilmiş gündəlik qəzetdə Baş prokurorun cəzaların icrasına görə məsul olan nümayəndəsi və ya Həbsxanalar üzrə İdarənin bir sıra səlahiyyətlərinin məhkəmə orqanına verilməsinin lehinə çıxış etmişdir. 2011-ci il 22 dekabrda ədliyyə naziri həbsxanalarda planlaşdırılan islahatlar barədə geniş sənəd təqdim etmişdir. Bura Hökumət tərəfindən Kabinetin 2011-ci il 16 dekabr tarixində keçirdiyi iclasında qəbul edilmiş və inter alia, cəzaların icrası üzrə məhkəmələrin yaradılması ilə cəzaların icrası sistemində islahatlar aparılmasını nəzərdə tutan qanun layihəsi də daxil idi. İndi bu layihə qəbul edilmək üçün müxtəlif mərhələlərdən keçməlidir.
B. Həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi sahəsindəki təcrübə: Hökumət tərəfindən təqdim edilmiş statistik məlumatlar
18. Lüksemburqda məhbus sayı 700 nəfər olan 2 həbsxana mövcuddur. Məhbusların böyük əksəriyyəti qapalı cəzaçəkmə müəssisəsi olan Lüksemburq Həbsxanasında saxlanılır. Eyni zamanda yarı açıq tipli həbsxana da (Qivenix Həbsxanası) mövcuddur ki, burada da əsasən cəzasının son müddətini və ya daha qısa müddətli cəza çəkən məhbuslar saxlanılır. Bu insanların əksəriyyəti işə getmək üçün hər gün həbsxananı tərk edir.
55. Hökumət bildirmişdir ki, Lüksemburq Həbsxanasının məhbusları ilə Qivenix Həbsxanasının məhbuslarının həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi ilə bağlı vəsatətləri arasında fərq qoyulmalıdır.
1. Lüksemburq Həbsxanasında saxlanılan şəxslərin həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsinə dair vəsatətləri
19. 2009-cu ildə həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsinə dair 146 vəsatət təmin edilmiş, 169-u isə rədd edilmişdir; 2010-cu ildə bu rəqəmlər müvafiq olaraq 114 və 128 idi.
57. Hökumət qeyd etmişdir ki, həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi ilə bağlı vəsatətlərin bir çoxu qanun ilə müəyyən edilmiş müddət keçməmiş təqdim olunduğu üçün rədd edilmişdir. Başqa sözlə, belə vəsatətləri təqdim etmiş məhbuslar cəzalarının üçdə birini (ilk dəfə törətdikləri cinayətə görə məhkum olunduqları halda) və ya yarısını (təkrar törətdikləri cinayətə görə məhkum olunduqları halda) çəkməmiş və ya vəsatət əvvəlki vəsatətin rədd edilməsi barədə məlumat alınmasından iki ay keçməmiş təqdim olunmuşdur.
2. Yarı açıq tipli Qivenix Həbsxanasında saxlanılan şəxslərin həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsinə dair vəsatətləri
20. 2009-cu ildə həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsinə dair 376 vəsatət təmin edilmiş, 192-si isə rədd edilmişdir; 2010-cu ildə bu rəqəmlər müvafiq olaraq 409 və 191 olmuşdur.
III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR
A. Həbsxanadan müvəqqəti çıxmağa icazə ilə bağlı Nazirlər Komitəsinin üzv dövlətlərə R (82) 16 nömrəli tövsiyəsi (24 sentyabr 1982-ci ildə qəbul edilmişdir)
21. Tövsiyədə, inter alia, aşağıdakılar qeyd edilir:
“Nazirlər Komitəsi Avropa Şurası Statutunun 15.b maddəsinin müddəalarını rəhbər tutaraq,
...
Həbsxanadan müvəqqəti çıxmağa icazənin məhkumların sosial reinteqrasiyasını asanlaşdıran vasitələrdən biri olduğunu nəzərə alaraq,
Bu sahədəki təcrübəni nəzərə alaraq,
Üzv dövlətlərin hökumətlərinə aşağıdakıları tövsiyə edir:tibbi, təhsil, peşə fəaliyyəti, ailə və digər sosial səbəblərə görə mümkün qədər çox sayda məhkuma həbsxanadan müvəqqəti çıxmağa icazə vermək; icazəni verən zaman aşağıdakıları nəzərə almaq:
- cinayətin xarakteri və ağırlığı, cəzanın çəkilmiş hissəsi və həbsxanada saxlamanın artıq başa çatmış müddəti,
- məhkumun şəxsiyyəti və davranışı və onun cəmiyyəti üçün yarada biləcəyi təhlükə,
- məhkumun ailə və sosial vəziyyəti (cəzaçəkmə dövründə bu vəziyyət dəyişə bilər),
- icazənin məqsədi, müddəti və şərtləri;yuxarıdakı amilləri nəzərə alaraq mümkün qədər tez vaxt ərzində və mümkün qədər tez-tez həbsxanadan müvəqqəti çıxmağa icazə vermək;yalnız açıq tipli deyil, eyni zamanda qapalı tipli həbsxanalarda cəza çəkən məhkumlara həbsxanadan müvəqqəti çıxmağa icazə vermək, bir şərtlə ki, bu, ictimai təhlükəsizliyə zidd olmasın;
...həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsindən imtina edildikdə, bu imtinanın səbəbləri barədə məhkuma mümkün qədər geniş şəkildə məlumat vermək;imtinadan şikayətə baxılması üçün vasitələr nəzərdə tutmaq; ...”
B. Həbsxana müdiriyyəti tərəfindən ömürlük azadlıqdan məhrumetmə və digər uzun müddətə azadlıqdan məhrumetmə cəzası çəkən məhbuslar ilə rəftar qaydasına dair Nazirlər Komitəsinin üzv dövlətlərə Rec(2003)23 nömrəli tövsiyəsi (9 oktyabr 2003-cü ildə qəbul edilmişdir)
22. Tövsiyənin müvafiq hissələrində qeyd edilir:
“Nazirlər Komitəsi Avropa Şurası Statutunun 15.b maddəsinin müddəalarını rəhbər tutaraq,
Xüsusilə aşağıdakı sənədlərdə əks olunmuş prinsiplərin məsələyə aid olduğunu nəzərə alaraq,
- Həbsxanadan müvəqqəti çıxmağa icazə ilə bağlı R (82) 16 nömrəli tövsiyəsi;...
...Bu tövsiyənin məqsədləri üçün uzun müddət azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs dedikdə, ümumilikdə beş il və ya daha uzun müddətə məhkum edilmiş şəxs başa düşülür.
...Uzun müddət azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər ilə rəftarın məqsədləri aşağıdakılar olmalıdır:
...
– bu məhkumların uğurla cəmiyyətdə yenidən yerlərini tutmaları və azad olunduqdan sonra qanunlara əməl etmələri imkanlarını artırmaq və yaxşılaşdırmaq.
...
23 b. Həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsinə dair R (82) 16 nömrəli tövsiyədə təsbit olunmuş prinsipləri nəzərə alaraq, həbsxanadan müvəqqəti çıxmağa icazənin müxtəlif formalarda, zəruri olduğu hallarda müşayiət altında verilməsi üçün xüsusi səylər göstərmək.
...”
C. Nazirlər Komitəsinin Avropa Penitensiar Qaydaları ilə bağlı üzv dövlətlərə Rec(2006)2 nömrəli tövsiyəsi (11 yanvar 2006-cı ildə qəbul edilmişdir)
23. Tövsiyədə, inter alia, qeyd edilir:
“Nazirlər Komitəsi Avropa Şurası Statutunun 15.6 maddəsini rəhbər tutaraq,
...
Azadlıqdan məhrumetmə növündə cəzaların icrasının və məhbuslarla rəftarın təhlükəsizlik və intizam ilə bağlı tələblərin nəzərə alınmasını zəruri etdiyini, həmçinin məhbuslara cəmiyyətə yenidən inteqrasiyaya hazırlıq kimi rəftar proqramları təklif etdiyini vurğulayaraq;
...
Həbsxana müdiriyyətinin ömürlük azadlıqdan məhrumetmə və digər uzun müddətli azadlıqdan məhrumetmə növündə cəza çəkən məhbuslarla rəftarına dair Avropa Şurası Nazirlər Komitəsi tərəfindən qəbul edilmiş tövsiyələrdə, ...və xüsusilə Rec(2003)23 nömrəli tövsiyəsində əks olunmuş standartları bir daha dəstəkləyərək;
...
103.2. Bu cür qəbullardan sonra mümkün qədər tez bir vaxtda məhkum edilmiş şəxslərin şəxsi vəziyyəti, onların hər biri üçün təklif olunan cəzaçəkmə planı və azadlığa buraxılmaları üçün strategiya barədə informasiyanı əks etdirən məruzə tərtib edilməlidir.
103.3. Məhkum edilmiş şəxslər fərdi cəzaçəkmə planlarının tərtib edilməsində iştiraka təşviq edilməlidirlər.
103.4. Bu planlar həyata keçirilməsi mümkün olduğu təqdirdə....azadlığa hazırlanmanı da ehtiva etməlidir.
...
103.6. Azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumlar üçün ümumi rejimin tərkib hissəsi kimi həbsxanadan müvəqqəti çıxmağa icazə sistemi mövcud olmalıdır.
...
107.1. Azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumlara, onlar azad olunmamışdan kifayət qədər öncə və onların həbsxana həyatından cəmiyyətə qanuna əməl edən vətəndaşlar kimi qayıtmalarını təmin etmək məqsədilə, prosedurlar və xüsusi proqramlar vasitəsilə kömək göstərilməlidir.
107.2. Xüsusilə daha çox müddətə azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumların işlərində azad cəmiyyətdə həyata tədricən qayıtmanı təmin etmək üçün tədbirlər görülməlidir.
...”
HÜQUQİ MƏSƏLƏLƏR
KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU
24. Ərizəçi bildirmişdir ki, həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsindən imtina edilməklə işinə ədalətli baxılması və məhkəməyə müraciət hüququndan məhrum edilmişdir. O, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinad etmişdir ki, burada da deyilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən... müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ... işinin ədalətli...araşdırılması hüququna malikdir”.
A. Palatanın qərarı
25. Palata 2010-cu il 14 dekabr tarixində qəbul edilmiş qərarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin cinayət işləri üzrə ədalət mühakiməsi ilə bağlı hissəsi bu işdə tətbiq edilmir. Lakin o qərara gəlmişdir ki, Konvensiyanın 6-cı maddəsinin mülki işlər üzrə ədalət mühakiməsi ilə bağlı hissəsində ərizəçinin şikayəti ilə Konvensiyanın müddəaları arasında ratione materiae uyğunluq mövcuddur. Palatanın fikrincə ərizəçi güman edə bilərdi ki, bir məhkum kimi o, qanunvericilikdə təsbit edilmiş bütün tələbləri təmin etdiyi təqdirdə, həbsxanadan müvəqqəti çıxmağa icazə almaq hüququna malikdir. Palata daha sonra qeyd etmişdir ki, ərizəçinin iddia etdiyi kimi həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi ilə bağlı məhkəməyə müraciət hüququna qoyulmuş məhdudiyyətlər Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən qəbul edilmiş Avropa Penitensiar Qaydaları vasitəsilə tanıdığı və üç tövsiyəsində aydınlıq gətirdiyi məhkum hüquqlarına aiddir. Buna görə də Palata belə bir nəticəyə gəlmişdir ki, 6-cı maddənin 1-ci bəndinin mənasında “hüquqlar” ilə bağlı mübahisənin mövcud olduğunu demək olar. Sözü gedən hüquqların “mülki” hüquqlar olub-olmaması məsələsinə gəlincə, o qeyd etmişdir ki, ərizəçinin həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi üçün müxtəlif vəsatətlər təqdim etməsi onun həbsxanadan azad edildikdən sonra peşəkar və sosial həyatını yenidən təşkil etmək marağını ortaya çıxarmışdır. Palatanın fikrincə ərizəçinin həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi üçün vəsatətlər təqdim etməsi mühasibat və kompüterdən istifadə üzrə diplomların əldə edilməsi məqsədilə məşğələlərdə iştirak etmək və öz bankı, həmçinin müxtəlif qurumlar ilə müəyyən inzibati formallıqları başa çatdırmaq (o cümlədən, sürücülük vəsiqəsinin və konsulluqda qeydiyyatının təzələnməsi) istəyi ilə bağlı olmuşdur. Palata hesab etmişdir ki, ərizəçi tərəfindən iddia olunan məhdudiyyətlər maddi nəticələr doğurmaqla yanaşı, cəmiyyətə yenidən inteqrasiya olunmaq marağının əhəmiyyəti nəzərə alınarsa, onun şəxsi hüquqları ilə bağlıdır. Onun mövqeyinə görə ərizəçinin sosial reabilitasiyası özəl həyatını yaşamaq və sosial eyniliyini inkişaf etdirmək hüququnun müdafiə edilməsi üçün həlledici əhəmiyyətə malik olmuşdur. Buna görə də Palata belə bir nəticəyə gəlmişdir ki, sözü gedən proseslər mülki hüquqları ilə bağlı olmuşdur.
64. Palata Konvensiyanın 6-cı maddəsinin pozulduğunu bildirmişdir. Belə ki, onun fikrincə Həbsxanalar üzrə İdarə 6-cı maddənin 1-ci bəndinin mənasında “məhkəmə” tələbinə cavab verməmiş və vəsatətlərin mahiyyəti üzrə hər hansı qərarın qəbul edilməməsi inzibati məhkəmələrin Həbsxanalar üzrə İdarənin qərarlarına yenidən baxmasının təsirini heçə endirmişdir.
B. Tərəflərin izahatları
1. Hökumət
(a) Konvensiyanın 6-cı maddəsinin tətbiqi məsələsi
26. Hökumət bildirmişdir ki, Konvensiyanın 6-cı maddəsi hazırkı işə tətbiq oluna bilməz.
66. O, Məhkəmənin bu sahədə mövcud olan presedent hüququnda təsbit edilmiş prinsiplərə istinad edərək qeyd etmişdir ki, ərizəçi Konvensiyanın 6-cı maddəsinin mənasında “hüquqa” malik olmamışdır.
67. Hökumətin izahatlarına görə milli qanunvericiliyin hərfindən göründüyü kimi həbsxanadan çıxmağa müvəqqəti icazə verilməsi sadəcə olaraq bir imtiyazdır və heç kəs bu hüququna avtomatik malik olmur.
68. Apellyasiya Məhkəməsinin 2000-ci il 9 fevral tarixli qərarı həbsxanadan müvəqqəti çıxmağa icazə ilə bağlı qərarların təbiəti məsələsinə dolayı yolla toxunmuşdur. Sözü gedən məsələ məhkumun müvəqqəti icazə dövründə vurduğu ziyana görə dövlətin məsuliyyəti məsələsi ilə əlaqədar idi. Apellyasiya Məhkəməsi xüsusi olaraq bildirmişdir ki, qanunvericilik məhkumların ailələri ilə əlaqələrinin saxlanılması və cəmiyyətə yenidən daxil olmalarına hazırlıq işlərinin görülməsi üçün müəyyən tədbirlərdən istifadə edə bilmək imkanını qəbul edərək üçüncü tərəflər üçün konkret təhlükə yaratmışdır ki, bu da dövlətin pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini ortaya çıxarır.
69. Bundan əlavə, Həbsxanalar üzrə İdarə bu məsələdə tam hərəkət azadlığına malikdir. Qanunvericilik həbsxanadan çıxmağa müvəqqəti icazə verilməsi üçün mütləq öhdəlik müəyyən etməmişdir: hətta 1986-cı il tarixli qanunun 7-ci maddəsində təsbit edilmiş müxtəlif meyarlara cavab verildiyi ehtimal olunsa belə, Həbsxanalar üzrə İdarə maraqlı şəxsin bu imtiyaza layiq olub-olmadığını qiymətləndirməkdə tam şəkildə sərbəst idi. Hökumət buradan belə bir nəticə çıxarmışdır ki, Palata ərizəçinin meyarlara cavab verildiyi təqdirdə həbsxanadan müvəqqəti çıxmağa icazə hüququnu tələb edə biləcəyi ilə bağlı qərar qəbul etməklə yanlışlığa yol vermişdir. O bildirmişdir ki, hətta bu cür hallarda belə qanun Həbsxanalar üzrə İdarəyə vəsatəti rədd etmək hüququ verir. Hər bir iş törədilmiş cinayətin xarakteri, şəraiti və məhkumun şəxsiyyəti nəzərə alınmaqla araşdırılmışdır.
70. Hökumət əlavə etmişdir ki, Palata ərizəçinin Nazirlər Komitəsi tərəfindən qəbul edilmiş Avropa Penitensiar Qaydalarına əsasən hüquqlara malik olması ilə bağlı yanlış nəticəyə gəlmişdir. Müvafiq tövsiyələr qüvvədə olan qaydalara ahəngdarlıq gətirmək məqsədilə üzv dövlətlər üçün əsas prinsipləri müəyyən etmişdir və buna görə də onlara milli və ya beynəlxalq hüququn mənbəyi kimi baxıla bilməz. Onlar həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi məsələsində üzv dövlətlərə geniş təqdir səlahiyyəti vermişdir. Bu tövsiyələr xüsusi şərait araşdırılmadan məhkumun hər dəfə xahiş etdiyi təqdirdə ona həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi məsələsində mütləq hüquq vermək məqsədi daşımamışdır. Hökumətin fikrincə üzv dövlətlərdən məhkumların yenidən cəmiyyətə inteqrasiyası üçün hüquq sistemlərinə müddəalar daxil etmək tələb olunsa da, bunu hansı qaydada etmək qərarını həmin dövlətlər özləri verirlər.
71. Bundan əlavə, Hökumət ərizəçinin iddia etdiyi “hüququn” “mülki” hüquq olduğunu da qəbul etməmişdir.
72. Onun izahatlarına görə Palata ərizəçi tərəfindən istinad edilmiş ailə ilə bağlı səbəblərin mövcudluğunu düzgün olaraq rədd etmişdir, belə ki, həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi məqsədilə təqdim edilmiş vəsatətlər uşaqları görmək arzusu ilə bağlı olmamışdır. Ərizəçi eyni zamanda həbsxanadan müvəqqəti çıxmağına icazə verilməsi xahişindən imtina edilməklə həbsxanadan kənarda məsələləri həll etmək səylərinə maneçilik törədildiyini də iddia edə bilməz. Belə ki, Lüksemburqda mövcud olan sistem bu baxımdan məhkumlara geniş imkanlar, o cümlədən psixologiya üzrə məsləhətlər almaq və təlimlərdə iştirak etmək imkanı verir ki, ərizəçi də bunlardan yararlana bilərdi.
73. Nəhayət, Hökumət bildirmişdir ki, Böyük Palata tərəfindən baxılmış “Enea İtaliyaya qarşı” işi (Enea v. Italy ([GC], no. 74912/01, 17 September 2009) hazırkı işdən fərqli idi. Həmin işdə ərizəçi standart rejim altında saxlanılır və yalnız istənilən azadlıqdan məhrumetmə cəzasına xas olan məhdudiyyətlərə məruz qalırdı.
(b) Ərizənin mahiyyəti
27. Hökumətin fikrincə Həbsxanalar üzrə İdarə istər müstəqillik, istərsə də qərəzsizlik ilə bağlı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə cavab verir. Nə belə bir orqanın yaradılması, nə də ki, inzibati məhkəmələrin ərizəçinin ərizəsinə baxmaq səlahiyyətlərinin olmadığını bəyan etmələri onun malik ola biləcəyi hər hansı hüququn mahiyyətinə xələl gətirməmişdir. Həbsxanalar üzrə İdarə obyektiv amillər əsasında həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi və ya bundan imtina edilməsi ilə bağlı qərarlar qəbul etmiş və bunu əsaslandırmışdır. Məhkumlar həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi ilə əlaqədar istədikləri qədər vəsatət təqdim edə bilərdilər.
2. Ərizəçi
(a) Konvensiyanın 6-cı maddəsinin tətbiqi məsələsi
28. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin mənasında “hüquqa” malik olduğunu bildirmişdir.
76. O qeyd etmişdir ki, həbsxanadan müvəqqəti çıxmağa icazə sadəcə 1986-cı il tarixli qanunun 7-ci və 8-ci bəndlərində təsbit olunmuş obyektiv meyarların mövcud olduğu hallarda avtomatik olaraq verilmirdi. Belə ki, 13-cü maddə məhkumun şəxsiyyəti, davranışındakı irəliləyişlər və gələcəkdə yeni cinayət törətmək riskinin olub-olmadığını da nəzərə almağı tələb edir. Minimal “cəza” müddəti – başqa sözlə, ərizəçinin azad oluna bilmək üçün cəzanın çəkilməli olan hissəsi – təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının üçdə bir hissəsinin çəkilməsi ilə başa çatdığından (8-ci maddə), o, həmin tarixdən başlayaraq həbsxanadan müvəqqəti çıxmasına icazə verilməsi hüququnu tələb edə bilərdi. Bununla belə, İdarə yenə də 13-cü maddədə müəyyən edilmiş meyarlara cavab verilmədiyi mövqeyində qala bilərdi. Hökumət 13-cü maddəyə əsasən İdarə tərəfindən qərarın “öz mülahizəsinə görə” qəbul edildiyini bəyan etməkdə haqlı olsa da, cəzaların icrası baxımından qanuni olan bu səlahiyyətin mövcudluğu bir şərtlə qanunun aliliyi prinsipinə tam uyğun hesab edilə bilər ki, ondan şikayət edilməsi mümkün olsun. Lakin belə bir şikayətin verilməsi mümkün olmayan hallarda səlahiyyət özbaşına həyata keçirilməyə başlayır. Ərizəçi belə nəticəyə gəlmişdir ki, o, 1986-cı il tarixli qanunun 7-ci və 8-ci maddələrində əks olunmuş şərtlərə cavab verdiyi halda, ən azından həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi barədə vəsatətinə qanunun 13-cü maddəsində təsbit olunmuş subyektiv meyarlar nəzərə alınmaqla baxılması hüququnun mövcudluğunu güman etməyə əsasları olmuşdur. Buna görə də Həbsxanalar üzrə İdarənin diskresion səlahiyyətə malik olması sözü gedən tədbirin “hüquq” kimi xarakterizə olunmasını istisna etmir (ərizəçi mutatis mutandis, “H. Belçikaya qarşı” (H. v. Belgium, 30 November 1987, § 43, Series A no. 127-B) işinə istinad etmişdir).
77. Bu iddiasını təsdiq etmək üçün ərizəçi Vəkillər Kollegiyası sədrinin ona Həbsxanalar üzrə İdarədə və inzibati məhkəmələrdə vəsatətinə baxılması ilə bağlı hüquqi yardım göstərməsinə (o, mutatis mutandis, “Z və Digərləri Birləşmiş Krallığa qarşı” (Z and Others v. the United Kingdom ([GC], no. 29392/95, § 89, ECHR 2001-V) işi üzrə Böyük Palata tərəfindən qəbul edilmiş qərara istinad etmişdir) və Hökumət nümayəndəsinin heç bir qeyd-şərt olmadan İnzibati Məhkəməyə çıxarılmış işi mahiyyəti üzrə müzakirə etməyə razılaşmasına istinad etmişdir. O əlavə etmişdir ki, göründüyü kimi Ombudsman cəzaların icrası məsələləri üzrə hakim institutunu yaratmağı təklif etməklə həbsxanadan müvəqqəti çıxmağa icazə almaq hüququnu tanımışdır. Ərizəçi həmçinin məhkumların həbsxanadan kənarda, cəmiyyətə qayıdılması mümkün olar yerlərdə gələcək üçün hazırlanmasına imkan yaradan cəzalara əsas önəm verən 1986-cı il tarixli qanun layihəsinin hazırlıq mətnlərinə də istinad etmişdir.
78. Ərizəçi əlavə etmişdir ki, həbsxanadan müvəqqəti çıxmağa icazə almaq Lüksemburqda da hüquq hesab edilir, belə ki, bu tədbir Avropa Şurasının üzvü olan dövlətlər və hətta BMT tərəfindən hamılıqla tanınmış beynəlxalq hüquq prinsipini əks etdirir. Onun fikrincə Palata milli hüquqa əsasən “hüququn” mövcudluğunu tanıdığını təsdiq etmək üçün düzgün olaraq “Enea İtaliyaya qarşı” (yuxarıda qeyd edilmişdir) işinə istinad etmişdir. Bu qərarda Nazirlər Komitəsinin hüquqi cəhətdən məcburi xarakter daşımasa da, məhkumların üzv dövlətlər tərəfindən tanınmış bir sıra hüquqlarını təsbit etmiş tövsiyələrinə istinad edilmişdir.
79. Ərizəçi bundan əlavə qeyd etmişdir ki, onun hüququ “mülki” hüquqdur. O, həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi barədə vəsatətlərinin rədd edildiyi beş il ərzində hər hansı reinteqrasiya imkanından məhrum edilməsinə tənqidlə yanaşmışdır. O vurğulamışdır ki, həbsxanadan müvəqqəti çıxmağa icazə cəmiyyətdən müvəqqəti olaraq təcrid olunmuş məhkumların yenidən cəmiyyətə inteqrasiya olunmaq səylərinə təkan verməli və onları təşviq etməlidir.
(b) Ərizənin mahiyyəti
29. Ərizəçinin izahatlarına görə o, nə Həbsxanalar üzrə İdarədə, nə də ki, inzibati məhkəmələrdə Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş təminatlardan hər hansı birinə malik olmamışdır. O, xüsusilə iki prokurorluq əməkdaşının daxil olduğu Həbsxanalar üzrə İdarənin müstəqilliyi və qərəzsizliyini şübhə altına almışdır. O, Baş prokurorun cəzaların icrasına görə məsul olan və Həbsxanalar üzrə İdarənin onun həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi ilə bağlı ilk iki vəsatətini rədd etmiş iclaslarında iştirak etmiş nümayəndəsinin Apellyasiya Məhkəməsində baş vəkil kimi dövlət ittihamçısı funksiyasını həyata keçirərək onun məhkum edilməsinə çalışmış şəxs olduğunu vurğulamışdır. Prosessual nöqteyi-nəzərdən ərizəçi hər hansı baxışın və ya şifahi dinləmələrin keçirilməməsindən şikayət etmişdir.
C. Böyük Palatanın qiymətləndirməsi
1. Konvensiyanın 6-cı maddəsinin tətbiqi məsələsi
30. Məhkəmənin mövqeyinə görə Hökumətin Konvensiyanın 6-cı maddəsinin tətbiq edilməsinin mümkünsüzlüyü ilə bağlı ilkin etirazı ərizəçinin şikayətinin mahiyyəti ilə sıx bağlı olduğu üçün bu etiraza baxılması işin mahiyyətinin araşdırılması ilə bir icraatda birləşdirilməlidir.
2. Ərizənin mahiyyəti
(a) Ümumi mülahizələr
31. Məhkəmə bir daha təsdiq edir ki, mövcud presedent hüququna görə məhkumlar ümumilikdə qanuni şəkildə tətbiq olunduğu təqdirdə açıq surətdə Konvensiyanın 5-ci maddəsinin təsiri altına düşən azadlıq hüququndan başqa Konvensiya ilə nəzərdə tutulmuş bütün əsas hüquq və azadlıqlardan istifadə edirlər. Məhkumun sadəcə olaraq barəsində ittiham hökmü çıxarıldıqdan sonra malik olduğu statusuna görə hüquqlarından məhrum edilməsi qəbuledilməzdir (bax: “Hirst Birləşmiş Krallığa qarşı” (Hirst v. the United Kingdom (no. 2) [GC], no. 74025/01, §§ 69-70, ECHR 2005-IX); “Dikson Birləşmiş Krallığa qarşı” (Dickson v. the United Kingdom [GC], no. 44362/04, § 67, ECHR 2007‑V) və “Stammer Avstriyaya qarşı” (Stummer v. Austria [GC], no. 37452/02, § 99, 7 July 2011)).
83. Məhkəmə həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin tədricən sosial reinteqrasiyası siyasətinin qanuni məqsədə xidmət etdiyini də tanımışdır (bax: “Mastromatteo İtaliyaya qarşı” (Mastromatteo v. Italy [GC], no. 37703/97, § 72, ECHR 2002‑VIII); “Maiorano və Digərləri İtaliyaya qarşı” (Maiorano and Others v. Italy, no. 28634/06, § 108, 15 December 2009) və “Şemkamper Fransaya qarşı” (Schemkamper v. France, no. 75833/01, § 31, 18 October 2005)).
84. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçi həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi ilə bağlı vəsatətlərinə imtina edilməsi məsələsində Konvensiyanın 6-cı maddəsinə istinad etmişdir. Buna görə də Məhkəmənin birinci vəzifəsi ərizəçinin şikayətinin 6-cı maddədə nəzərdə tutulmuş ratione materiae tələbinə uyğun olub-olmadığını araşdırmaqdır.
85. Palata kimi Böyük Palata da hesab edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi cinayət işləri üzrə ədalət mühakiməsi ilə bağlı hissədə tətbiq oluna bilməz. Belə ki, həbsxana sistemi ilə bağlı proseslərin prinsipcə “cinayət işləri üzrə ittiham”ın müəyyən edilməsinə aidiyyəti yoxdur (yuxarıda qeyd edilmiş “Enea işi”, 97-ci bənd).
86. Buna görə də Məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş prosessual təminatların onun həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi barədə vəsatətləri ilə bağlı proseslərdə tətbiq edilməsinin mümkün olub-olmadığına dair qərar qəbul etmək üçün ərizəçinin “mülki hüquq”a malik olub-olmadığını araşdırmalıdır.
87. Məhkəmənin ənənəvi presedent hüququna görə müvəqqəti olaraq azad olunma və ya azadlıqdan məhrumetmə növündə cəzaların icrası qaydası ilə bağlı vəsatətlərin araşdırılması 6-cı maddənin 1-ci bəndinin tətbiqi dairəsinə düşmür (bax: “Neumeister Avstriyaya qarşı” (Neumeister v. Austria, 27 June 1968, §§ 22 and 23, Series A no. 8); “Lorse və Digərləri Niderlanda qarşı” (qərardad) (Lorsé and Others v. the Netherlands (dec.), no. 52750/99, 28 August 2001) və “Monkorne de Komon Fransaya qarşı” (qərardad) (Montcornet de Caumont v. France (dec.), no. 59290/00, ECHR 2003-VII)).
88. Doğrudan da Məhkəmə bu yaxınlarda məhkumun ailəsinin ona baş çəkməsi və ya onun yazışmaları ilə bağlı işlərdə “mülki” hüququn mövcud olduğunu müəyyən etmişdir (bax: yuxarıda qeyd edilmiş “Enea” işi, 119-cu bənd və “Qansi İtaliyaya qarşı” (Ganci v. Italy, no. 41576/98, §§ 20‑26, ECHR 2003-XI)). Lakin Məhkəmənin mövqeyinə görə bu işlər hazırkı iş üzrə nəzərdən keçirilən vəziyyətə oxşar olmamışdır.
89. Hazırkı işdə Konvensiyanın 6-cı maddəsinin mülki işlər üzrə ədalət mühakiməsi ilə bağlı hissəsinin ərizəçinin həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi barədə vəsatətlərinə tətbiq oluna bilib-bilinmədiyini müəyyən etmək üçün ilk növbədə onun həmin normanın mənasında “hüquq”a malik olub-olmadığını araşdırılmalıdır.
(b) “Hüquq”un mövcudluğu məsələsi
(i) Presedent hüququnun qısa icmalı
32. Məhkəmə təkrar edir ki, 6-cı maddənin 1-ci bəndinin “mülki işlər” ilə bağlı hissəsinin tətbiq oluna bilməsi üçün Konvensiyada nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq ən azından milli hüquq ilə tanındığını güman etmək üçün əsas olan “hüquq” ilə bağlı mübahisə (fransız dilində “contestation”) mövcud olmalıdır. Bu mübahisə həqiqi və ciddi xarakter daşımalıdır; bu, yalnız hüququn faktiki mövcud olması ilə deyil, həmçinin onun həyata keçirilməsinin həddi və üsulu ilə də bağlı ola bilər; və nəhayət, proseslərin nəticəsi sözü gedən hüquq üçün həlledici əhəmiyyətə malik olmalıdır, elə də əhəmiyyətli olmayan bağlantılar və ya uzun müddət sonra ortaya çıxan nəticələr 6-cı maddənin 1-ci bəndinin tətbiq edilməsi üçün kifayət deyil (digər qərarlar ilə yanaşı bax: “Mikallef Maltaya qarşı” (Micallef v. Malta [GC], no. 17056/06, § 74, 15 October 2009)).
91. 6-cı maddənin 1-ci bəndi Razılığa Gəlmiş Dövlətlərin maddi hüququnda əks olunmuş (mülki) “hüquq və öhdəliklərin” hər hansı konkret məzmununu təmin etmir: Məhkəmə 6-cı maddənin 1-ci bəndinin təfsiri yolu ilə maraqlı dövlətdə hər hansı hüquqi əsası olmayan maddi-hüquq normasını yarada bilməz (misal üçün bax: “Fayed Birləşmiş Krallığa qarşı” (Fayed v. the United Kingdom, 21 September 1994, § 65, Series A no. 294‑B) və “Roche Birləşmiş Krallığa qarşı” (Roche v. the United Kingdom [GC], no. 32555/96, § 119, ECHR 2005‑X)). Burada əsas kimi müvafiq ölkə qanunvericiliyinin müddəaları və onların yerli məhkəmələr tərəfindən təfsiri götürülməlidir (bax: “Masson və Van Zon Niderlanda qarşı” (Masson and Van Zon v. the Netherlands, 28 September 1995, § 49, Series A no. 327-A) və yuxarıda qeyd edilmiş “Roche” işi, 120-ci bənd). Avropa Məhkəməsinin ölkələrin ali məhkəmələrinin qərarlarından fərqli olaraq milli hüquq tərəfindən tanınmış hüququn mövcud olması nəticəsinə gəlməsi üçün ciddi əsaslar lazımdır (yenə orada).
92. Bu qiymətləndirməni etdikdən sonra təzahürlərdən və istifadə olunan dildən uzaqlaşaraq, real vəziyyət üzərində fikri cəmləmək zəruridir (bax: “Van Druuqenbroek Belçikaya qarşı” (Van Droogenbroeck v. Belgium, 24 June 1982, § 38, Series A no. 50) və yuxarıda qeyd edilmiş “Roche” işi, 121-ci bənd).
93. Dövlət orqanlarının konkret ərizəçi tərəfindən xahiş edilmiş tədbirin görülməsi ilə bağlı qərar qəbul edən zaman diskresiyaya malik olub-olmadığı nəzərə alına və hətta həlledici əhəmiyyətə malik ola bilər. Belə ki, “Masson və Van Zon” işində (yuxarıda qeyd edilmişdir, 51-ci bənd) Məhkəmə heç bir hüququn olmadığı nəticəsinə gəlsə də, “Szücs Avstriyaya qarşı” (Szücs v. Austria (24 November 1997, § 33, Reports of Judgments and Decisions 1997‑VII)) işində isə hüququn mövcud olduğunu qət etmişdir. Bununla belə, Məhkəmə əvvəllər də bəyan etmişdir ki, sadəcə olaraq hüquq normasının hərfinin diskresiya elementi üçün imkan yaratması faktı hüququn mövcudluğunu istisna etmir (bax: “Kamp Fransaya qarşı” (Camps v. France (dec.), no. 42401/98, 23 November 1999) və “Elles və Digərləri İsveçrəyə qarşı” (Ellès and Others v. Switzerland, no. 12573/06, § 16, 16 December 2010)).
94. Məhkəmə tərəfindən nəzərə alınan digər meyar isə oxşar şəraitdə yerli məhkəmənin iddia olunan hüququnun mövcudluğunu tanıması və ya həmin məhkəmənin ərizəçinin vəsatətinə mahiyyəti üzrə baxması ola bilər (bax: “Vilho Eskelinen və Digərləri Finlandiyaya qarşı” (Vilho Eskelinen and Others v. Finland [GC], no. 63235/00, § 41, ECHR 2007‑II)).
(ii) Bu prinsiplərin hazırkı işə tətbiqi
33. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı işdə ərizəçi tərəfindən iddia olunan həbsxanadan müvəqqəti çıxmağa icazə almaq hüququnun faktiki mövcudluğu ilə bağlı “mübahisə” mövcuddur.
96. Bu “hüququn” milli hüquqda tanınmasını ən azından güman etməyə imkan verən əsasların olması məsələsinə gəlincə, Məhkəmə qeyd edir ki, 1986-cı il tarixli qanunun 6-cı maddəsi həbsxanadan müvəqqəti çıxmağa icazəni həbsxananı ya günün bir hissəsi, ya da iyirmi dörd saatlıq müddət ərzində tərk etməyə icazə verilməsi kimi müəyyən edir. 7-ci maddədə qeyd edilir ki, bu, məhkumlara müəyyən hallarda “verilməsi mümkün olan” “imtiyazdır” (yuxarıda 47-49-cu bəndlərə bax).
97. “İmtiyaz” anlayışı müxtəlif kontekstlərdə müxtəlif mənalara malik ola bilər; ona ya dövlət orqanlarının uyğun hesab etdiyi hallarda verilən və ya verilməkdən imtina olunan güzəşt kimi, ya da maraqlı şəxsin müəyyən ilkin şərtlərə uyğun gəlməsi halında dövlət orqanlarının verməli olduğu tədbir kimi baxıla bilər.
98. Məhkəmə hesab edir ki, hazırkı işdə qanunvericilikdə təsbit olunmuş “imtiyaz” termini “verilə bilər” ifadəsi və müvafiq qanun layihəsi ilə bağlı bildirilmiş rəylər ilə birlikdə təhlil olunmalıdır. Bu rəylərə görə cəzaların icrası qaydası ilə bağlı tədbirlərin görülməsi “heç zaman avtomatik xarakter daşımayacaq və son halda cəzanı icra edən orqanın diskresiyasından asılı olacaqdır” (yuxarıda 49-cu bəndə bax). Beləliklə, açıq-aşkar görünür ki, qanunvericiliyin məqsədi barəsində şikayət edilməsi mümkün olmayan imtiyazın yaradılması olmuşdur. Yuxarıda qeyd edilmiş və hüquqların mövcud tətbiqi dairəsi üzərinə qoyulmuş məhdudiyyətlər ilə bağlı olmuş “Enea” işindən fərqli olaraq hazırkı iş məhkumların təşviq edilməsi məqsədi ilə yaradılmış fayda ilə bağlıdır.
99. Bundan əlavə, tərəflərin hər ikisi etiraf etmişdir ki, hətta 1986-cı il tarixli qanunun 7-ci maddəsində təsbit olunmuş müxtəlif meyarlara cavab verildiyi təqdirdə belə, Həbsxanalar üzrə İdarə məhkumun sözü gedən imtiyaza layiq olub-olmadığı ilə bağlı qərar qəbul edən zaman müəyyən diskresiyaya malik olur. Məhkəməyə təqdim olunmuş informasiyadan da göründüyü kimi 1986-cı il tarixli qanun və 1989-cu il 19 yanvar tarixli Böyük Hersoqluq Qaydaları həbsxanadan müvəqqəti çıxmağa icazə ilə məsələləri tənzim etmək üçün tədbirləri və belə icazənin verilməsi mümkün olan halları tənzim edir. Hər dəfə vəsatət təqdim olunan zaman Həbsxanalar üzrə İdarə bu qanunvericilik çərçivəsində müvafiq məhkum barəsində komitə (“təlimat komitəsi”) tərəfindən hazırlanmış məruzələri araşdırır. İdarə məhkuma həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsinin mümkün olub-olmadığı məsələsinə baxan zaman onun şəxsiyyətini, davranışındakı irəliləyişi və gələcəkdə yenidən cinayət törətmək təhlükəsinin olub-olmadığını nəzərə alır. Hökumət tərəfindən təqdim edilmiş statistik məlumatlar (yuxarıda 54-58-ci bəndlərə bax) aidiyyəti dövlət orqanlarının səlahiyyətinin diskresion təbiətə malik olduğunu təsdiq edir. Buradan belə çıxır ki, Lüksemburqda məhkumlar, hətta formal olaraq tələb olunan meyarlara cavab verdikləri təqdirdə belə, həbsxanadan müvəqqəti çıxmağa icazə almaq hüququna malik deyillər.
100. Yerli məhkəmələr tərəfindən qanunvericiliyin təfsiri məsələsinə gəlincə, Məhkəmə qeyd edir ki, inzibati məhkəmələr ərizəçinin ərizəsinə məhkəmə nəzarəti qaydasında baxmağa səlahiyyətlərinin olmadığını bildirmişdir. Onlar qeyd etmişdir ki, adi məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanın icrası şərtlərini dəyişən qərarlar təbiət etibarı ilə inzibati deyil, hüquqi xarakter daşıyır. Tərəflər həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsindən imtina olunması ilə bağlı qərardan verilmiş şikayət üzrə qəbul edilmiş hər hansı hüquqi və ya inzibati qərar təqdim edə bilməmişlər (bunun əksinə bax: yuxarıda qeyd edilmiş “Vilho Eskelinen və Digərləri” işi, 41-ci bənd və “Rotaru Rumıniyaya qarşı” (Rotaru v. Romania [GC], no. 28341/95, § 78, ECHR 2000‑)). Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş “Enea” işi üzrə onun tərəfindən qəbul edilmiş qərarda təsbit edilmiş nəticələr tam olaraq bu işə aid edilə bilməz. İtaliyanın Konstitusiya Məhkəməsi məhkumların hüquqlarını pozan qərarlara məhkəmə nəzarəti qaydasında yenidən baxılmasını nəzərdə tutmayan Həbsxana Administrasiyası Aktının 35-ci və 69-cu maddələrinin Konstitusiyaya zidd olduğunu müəyyən etsə də, hazırkı iş üzrə tərəflər eyni məsələ ilə bağlı Lüksemburq məhkəmələri tərəfindən qəbul edilmiş belə bir qərarı təqdim edə bilməmişlər (bunun əksinə bax: yuxarıda qeyd edilmiş “Enea” işi, 100-cü bənd).
101. Beləliklə, Lüksemburq qanunvericiliyinin müddəalarından və həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi sahəsində mövcud olan təcrübə barədə verilən məlumatdan aydın görünür ki, ərizəçi milli hüquq sistemində tanınmış “hüquq”a malik olduğunu güman etməyə əsasların mövcud olmasını iddia edə bilməz.
102. Bundan əlavə, qeyd edilməlidir ki, Məhkəmə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin tədricən sosial reinteqrasiyası siyasətinin qanuni məqsədə xidmət etdiyini tanısa da (yuxarıda 83-cü bəndə bax), nə Konvensiya, nə də ki, ona əlavə protokollar həbsxanadan müvəqqəti çıxmağa icazə almaq hüququnun olduğunu açıq şəkildə təsbit etmir. Məhkəmə həmçinin qeyd edir ki, həbsxanadan müvəqqəti çıxmağa icazə almaq hüququ ərizəçinin istinad etmək istədiyi hər hansı beynəlxalq hüquq prinsipi ilə müəyyən edilməmişdir. Nəhayət, həbsxanadan müvəqqəti çıxmağa icazə institutunun statusu və onun verilməsinin təşkilatı işləri ilə bağlı üzv dövlətlər arasında hər hansı konsensus mövcud deyil. Bəzi ölkələrdə qanun ilə müəyyən edilmiş şərtlərə cavab verildiyi təqdirdə qərar qəbul edən orqan icazəni verməyə borcludur, digər dövlətlərdə isə o, bu məsələlərdə tam diskresiyaya malikdir. Eyni şəkildə, heç də bütün dövlətlər həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi ilə bağlı qərarlardan şikayət etmək imkanı nəzərdə tutmamışdır. Buna görə də bu mənada da hazırkı iş yuxarıda qeyd edilmiş “Enea” işindən fərqləndir.
103. Hər bir halda Məhkəmə qeyd edir ki, Lüksemburqun hakimiyyət orqanları heç də məhkumların cəmiyyətə yenidən inteqrasiyası məsələsinə laqeyd yanaşmır və bu məqsədə çatmaq üçün həbsxanadan müvəqqəti çıxmağa icazəyə əlavə olaraq digər vasitələri tətbiq edir. Lüksemburqun qanunvericiliyi digər mənbələr ilə yanaşı Nazirlər Komitəsinin həbsxanadan müvəqqəti çıxmağa icazə ilə bağlı tövsiyəsindən də faydalanır. Bu tövsiyə “imtinaya yenidən baxılması vasitələrini” təmin etmək ideyasını müdafiə etsə də, həbsxanadan müvəqqəti çıxmağa icazə verilməsi məsələsinə baxan zaman milli hakimiyyət orqanlarının nəzərə ala biləcəkləri müxtəlif amilləri də sadalayır (yuxarıda 59-cu bəndə bax). Bundan əlavə, “azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş məhkumlar üçün nəzərdə tutulmuş ümumi rejimin tərkib hissəsi olan həbsxanadan müvəqqəti çıxmağa icazə sisteminə” əlavə olaraq, məhkumların “həbsxana həyatından cəmiyyətdə qanunlara əməl edən vətəndaşlara çevrilmələrinə” imkan verən proqramlar həyata keçirilir (yuxarıda 61-ci bəndə bax). Nəhayət, Məhkəmə cəzaların icrası ilə bağlı hazırlanmaqda olan qanunvericiliklə bağlı islahatları maraqla qeyd edir (yuxarıda 53-cü bəndə bax).
104. Məhkəmə bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq ərizəçinin iddialarının Lüksemburqun qanunvericiliyi və ya Konvensiya ilə tanınmış “hüquq” ilə bağlı olduğunu hesab edə bilməz. Buna görə də o Hökumətin də bəyan etdiyi kimi qət edir ki, hazırkı işdə Konvensiyanın 6-cı maddəsi tətbiq oluna bilməz.
105. Buna görə də Hökumətin ilkin etirazı təmin olunmalıdır. Beləliklə, bu işdə 6-cı maddə pozulmamışdır.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ
1. Yekdilliklə Hökumətin ilkin etirazına baxılmasını ərizənin mahiyyətinə baxılması ilə bir icraatda birləşdirir;
2. İki səs əleyhinə, on beş səs lehinə olmaqla qərara alır ki, hazırkı işdə Konvensiyanın 6-cı maddəsi tətbiq oluna bilməz;
3. İki səs əleyhinə, on beş səs lehinə olmaqla qərara alır ki, buna görə də hazırkı işdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmamışdır.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2012-ci il 3 aprel tarixində Strasburqda İnsan Hüquqları Sarayında açıq iclasda elan edilmişdir.
Vinsent BerqerNikolas Bratza
Yuriskonsult Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmənin Prosedur Qaydalarının 74-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərara hakimlər Tulkens və Yudkivskanın əksəriyyətin mövqeyindən fərqlənən birgə xüsusi rəyi əlavə olunur[1].
N.B.
V.B.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy