Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 199
Avqust-sentyabr 2016-cı il
***
İbrahim və başqaları Birləşmiş Krallığa qarşı [BP] – ərizələr № 50541/08, 50571/08, 50573/08 və s.
13.9.2016 tarixli qərar [Böyük Palata]
Maddə 6
6-cı maddənin 3(c) bəndi
Müdafiəçi vasitəsilə özünü müdafiə etmək hüququ
İctimai təhlükəsizliyə qarşı olduqca ciddi və real təhlükə ilə əlaqədar olaraq polis tərəfindən dindirilmə zamanı vəkilin yardımının yubadılması: pozuntu baş verib (dördüncü ərizəçiyə münasibətdə), pozuntu baş verməyib (birinci üç ərizəçiyə münasibətdə)
Faktlar – Londonda intiharçı terroristin törətdiyi bomba partlayışları nəticəsində 52 nəfərin həlak olmasından iki həftə sonra 21 iyul 2005-ci ildə Londonun ictimai nəqliyyat sistemində növbəti bombalar quraşdırılaraq işə salınmış, amma təsadüf nəticəsində partlamamışdı. Cinayətkarlar hadisə yerindən qaçıb gizlənmişdilər. Birinci üç ərizəçi saxlanıldı, amma polis tərəfindən "təhlükəsizlik dindirmələrinin"* həyata keçirilməsi üçün onların vəkilin yardımından istifadə etmələrinə dörd saatdan səkkiz saatadək icazə verilmədi. Təhlükəsizlik dindirmələri zamanı onlar 21 iyul hadisələrində iştiraklarını və ya bundan xəbərdar olduqlarını inkar etdilər. Məhkəmə araşdırmasında onlar hadisələrdə iştiraklarını etiraf etdilər, amma iddia etdilər ki, quraşdırılanlar "yalançı" bombalar idi və heç bir vəchlə partlayış niyyəti ilə quraşdırılmamışdı. Təhlükəsizlik dindirmələri zamanı verilmiş ifadələr onlara qarşı sübut qismində qəbul edildi və onlar qəsdən adamöldürmə niyyəti ilə əlbir olma əməlində təqsirkar sayıldılar. Apellyasiya Məhkəməsi onların apellyasiya şikayəti vermələrinə icazə verməkdən imtina etdi.
Dördüncü ərizəçi bomba quraşdırmaqda şübhəli bilinmirdi və əvvəlcə polis tərəfindən şahid qismində dindirilmişdi. Bununla belə, o, terror aktlarından az sonra şübhəli intiharçılardan biri ilə rastlaşdığı və ona yardım göstərdiyi barədə danışaraq öz əleyhinə ifadə verməyə başlamışdı. Bu mərhələdə polis onu həbsə almamış və susmaq hüququ və vəkilin yardımından istifadə etmək hüququ barədə məlumatlandırmamış, onun şahid qismində dindirilməsini davam etdirmiş və ondan yazılı ifadə almışdı. Sonradan o həbs edilmiş və ona vəkilin yardımından istifadə etməsi təklif olunmuşdu. Sonrakı dindirmələrdə o, ardıcıl olaraq yazılı ifadəsini təkrarlamışdı və həmin ifadə məhkəmə araşdırmasında sübut qismində qəbul edilmişdi. O, intiharçılardan birinə kömək etdiyinə və partlayışlar barədə məlumatları açıqlamadığına görə məhkum edilmişdi. Onun ittiham hökmünə qarşı apellyasiya şikayəti rədd edilmişdi.
Avropa Məhkəməsinə şikayət ərizələrində ərizəçilər şikayət edilər ki, polis tərəfindən ilkin dindirmə zamanı vəkilin yardımından istifadə edə bilməmələri və həmin dindirmədə verdikləri ifadələrin məhkəmə araşdırmasında sübut qismində qəbul edilməsi onların Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3(c) bəndlərində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozub.
16 dekabr 2014-cü il tarixli qərarında (bax: 180 saylı Məlumat bülleteni) Məhkəmənin Palatası bir səsə qarşı altı səslə müəyyən etdi ki, 6-cı maddənin 1-ci və 3(c) bəndlərinin pozuntusu baş verməyib. Ərizəçilərin vəsatəti əsasında 1 iyun 2015-ci ildə iş Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi ilə əlaqəli şəkildə götürülmüş 3(c) bəndi
a) Ümumi prinsiplər
i) Vəkillə görüşmək hüququnun məhdudlaşdırılmasını tənzimləyən prinsiplərin izahı – Böyük Palata vəkillə görüşmək hüququnun məhdudlaşdırılmasının ədalətli məhkəmə araşdırması hüququna uyğun olub-olmadığının qiymətləndirilməsinin Salduzun işində** qeyd etdiyi iki mərhələsinə və bu iki mərhələ arasındakı qarşılıqlı əlaqəyə aydınlıq gətirməyi zəruri hesab etdi. O xatırlatdı ki, Salduzun işindəki qiymətləndirmənin birinci mərhələsi məhdudiyyətin tətbiqi üçün əsaslı səbəblərin olub-olmadığının Məhkəmə tərəfindən qiymətləndirilməsini, ikinci mərhələ isə bu məhdudiyyətin müdafiə hüquqlarına yetirdiyi ziyanın qiymətləndirilməsini tələb edirdi, başqa sözlə, Məhkəmə məhdudiyyətin bütövlükdə prosesin ədalətliliyinə təsirini araşdırmalı və bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyənləşdirməli idi.
"Əsaslı səbəblər" meyarı ciddi meyar idi: erkən mərhələdəcə hüquqi məsləhət almanın fundamental xarakteri və mühümlüyü nəzərə alınaraq, xüsusən şübhəli şəxsin ilk dindirilməsi zamanı hüquqi məsləhət almasının məhdudlaşdırılmasına yalnız müstəsna hallarda icazə verilirdi və bu məhdudiyyət müvəqqəti xarakter daşımalı və işin konkret hallarının fərdi qaydada qiymətləndirilməsinə əsaslanmalı idi. Əsaslı səbəblərin mövcudluğunun sübut edilib-edilmədiyinin qiymətləndirilməsi zamanı əhəmiyyət daşıyan mülahizələr ondan ibarət idi ki, hüquqi yardımdan istifadənin məhdudlaşdırılması barədə qərarın daxili qanunvericilikdə əsası var idimi və hüquqi yardıma qoyulan məhdudiyyətlərin tətbiq dairəsi və məzmunu onların tətbiqinə görə cavabdeh olan şəxsləri operativ qərarların qəbulu zamanı istiqamətləndirə biləcək dərəcədə dəqiq şəkildə qanunda müəyyən edilmişdimi?
Cavabdeh Hökumət konkret halda insanların həyatı, azadlığı və fiziki toxunulmazlığı üçün ciddi mənfi nəticələrin qarşısının almaqdan ötrü bu cür məhdudiyyətə ciddi zərurət olduğunu inandırıcı şəkildə sübut edibsə, bu, 6-cı maddənin məqsədləri üçün hüquqi məsləhətdən istifadənin məhdudlaşdırılması üçün əsaslı səbəb təşkil edə bilər. Lakin bu mülahizə məlumat sızdırılmaları təhlükəsi barədə qeyri-konkret iddialara şamil olunmur.
Hüquqi məsləhətdən istifadənin məhdudlaşdırılması üçün əsaslı səbəbin olmamasının özü-özlülüyündə 6-cı maddənin pozulduğunu müəyyən etmək üçün yetərli sayılıb-sayılmaması məsələsinə gəlincə, Məhkəmə xatırlatdı ki, ədalətli məhkəmə araşdırması hüququnun pozulub-pozulmadığını qiymətləndirərkən prosesi bütöv halda nəzərdən keçirmək lazımdır, 6-cı maddənin 3-cü bəndində nəzərdə tutulmuş hüquqlar özü-özlüyündə ayrıca götürülən hüquqlar deyil, ümumi hüquq olan ədalətli məhkəmə araşdırması hüququnun xüsusi aspektləridir. Beləliklə, əsaslı səbəblərin olmaması özü-özlülüyündə 6-cı maddənin pozulduğunu müəyyən etmək üçün yetərli deyil.
Bununla belə, "əsaslı səbəblərin" mövcudluğunun yoxlanmasının nəticəsi bütövlükdə prosesin ədalətliliyinin qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edir. Əsaslı səbəblərin mövcud olduğu müəyyən edilibsə, 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün prosesin "ədalətli" olub-olmadığını müəyyənləşdirməkdən ötrü proses bütövlükdə götürülməklə kompleks şəkildə qiymətləndirilməlidir. Əgər əsaslı səbəblər mövcud deyilsə, Məhkəmə ədalətlilik məsələsini çox ciddi şəkildə təhlil etməlidir. Cavabdeh Hökumətin əsaslı səbəbləri göstərə bilməməsi bütövlükdə məhkəmə araşdırmasının ədalətliliyi qiymətləndirilərkən balansa ciddi təsir göstərə və balansı 6-cı maddəsinin 1-ci və 3(c) bəndlərinin pozulduğunun müəyyən edilməsi istiqamətində dəyişə bilər. Bu halda Hökumət inandırıcı şəkildə sübut etməyə borcludur ki, vəkilin yardımından istifadənin məhdudlaşdırılması müstəsna qaydada və işin konkret halları nəzərə alınmaqla həyata keçirilib və bütövlükdə məhkəmə araşdırmasının ədalətliliyinə xələl gətirməyib.
ii) Vəkillə təmin edilmək hüququ barədə məlumatlandırılmaq hüququnu, susmaq hüququnu və öz əleyhinə ifadə verməmək hüququnu tənzimləyən prinsiplər – Öz əleyhinə ifadə verməmək hüququnun və susmaq hüququnun xarakterini nəzərə alsaq, prinsipcə şübhəli şəxsin bu hüquqları barədə məlumatlandırılmamasına haqq qazandırmaq olmaz. Vəkillə təmin edilmə yubadıldığı halda istintaq orqanları tərəfindən şübhəli şəxsin vəkillə təmin edilmək hüququ, susmaq hüququ və öz əleyhinə ifadə verməmək hüququ barədə məlumatlandırması mühüm əhəmiyyət kəsb edir. Belə hallarda şəxsin məlumatlandırılmaması faktı hüquqi məsləhətdən istifadənin yubadılması üçün əsaslı səbəblər olmadığı təqdirdə prosesin ədalətsiz keçirildiyi barədə yaranan ehtimalın Hökumət tərəfindən təkzib edilməsini, yaxud hətta yubanmanın əsaslı səbəbləri olduqda belə, bütövlükdə prosesin ədalətli olduğunun Hökumət tərəfindən sübut edilməsini daha da çətinləşdirir.
b) Yuxarıdakı prinsiplərin bu işin faktlarına tətbiqi
i) Birinci üç ərizəçi – Hökumət birinci üç ərizəçinin işində insanların həyatı və fiziki toxunulmazlığı üçün ciddi mənfi nəticələrin qarşısının alınmasından ötrü "təhlükəsizlik dindirmələri" aparılmasına təcili ehtiyac olduğunu inandırıcı şəkildə sübut etdi. Bu hadisənin 7 iyul hadisələrini təkrarlamaq üçün planlaşdırılan cəhdi olduğunu və bombaların partlamamasının sadəcə təsadüf olduğunu güman etmək üçün polisin hər cür əsası vardı. Terror aktı törədənlər hələ də azadlıqda idilər və başqa bomba partlayışları da törədə bilərdilər. Polislər böyük təzyiq altında işləyirdilər və planlaşdırılan hər hansı növbəti partlayışlar barədə təcili olaraq məlumat əldə etmək və bu əlbir fəaliyyətin potensial iştirakçılarının kimliyini müəyyənləşdirmək tamamilə düzgün olaraq onlar üçün başlıca prioritet idi. Baxmayaraq ki, daxili qanunvericilikdə şübhəli şəxslərin vəkilin məsləhətindən istifadə etməsinin məhdudlaşdırıldığı halları tənzimləyən və operativ qərarların qəbulu zamanı rəhbər tutulmalı üçün mühüm prinsipləri əks etdirən dəqiq normalar nəzərdə tutulmuşdu, ərizəçilərdən hər birinin vəkilin məsləhətindən istifadə etmək hüququnun məhdudlaşdırılması barədə fərdi qərar onların işlərinin konkret faktları əsasında baş polis əməkdaşı tərəfindən qəbul edilmiş və bu məhdudiyyətlərin müddəti ciddi şəkildə məhdudlaşdırılmışdı, belə ki, məhdudiyyətlərə haqq qazandıran halların mövcudluğu başa çatan kimi məhdudiyyətlər götürülməli idi və istənilən halda, onların müddəti 48 saatdan artıq olmamalı idi.
Beləliklə, birinci üç ərizəçinin vəkilin məsləhətindən istifadə etmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsaslı səbəblər vardı.
Məhkəmə həmçinin bu nəticəyə gəldi ki, birinci üç ərizəçinin hər birinin işində vəkilin məsləhətindən istifadə edilməsinə icazə verilməsinin yubadıldığına və vəkillə məsləhətləşmədən verdikləri ifadələrin məhkəmə araşdırmasında sübut qismində qəbul edildiyinə baxmayaraq, bütövlükdə araşdırma ədalətli idi. Bu qənaətə gələrkən o, digər məsələlərlə yanaşı aşağıdakıları qeyd etdi: a) ərizəçilərə xəbərdarlıq etdikləri zaman yol verdikləri səhvləri nəzərə almasaq, polislər qanunvericilik normalarına və təhlükəsizlik dindirmələrinin məqsədinə (cəmiyyətin müdafiəsi üçün zəruri olan məlumatları əldə etmək) ciddi surətdə riayət etmiş, ərizəçiləri rəsmi qaydada həbs etmiş, susmaq hüququ və vəkilin məsləhətindən istifadə etmək hüququ barədə və vəkilin məsləhətindən istifadə etmək hüququnun məhdudlaşdırılmasına dair qərarın səbəbləri haqqında məlumatlandırmışdılar; b) ərizəçilər məhkəmədə vəkillə təmsil olunmuşdular və təhlükəsizlik dindirmələrində verdikləri ifadələrdən andlıların işə baxmaq səlahiyyətinin yoxlanıldığı ilkin iclasda, birinci instansiya məhkəməsindəki icraatda və apellyasiya icraatında imtina edə bilərdilər; c) təhlükəsizlik dindirmələri zamanı verilmiş ifadələr ittiham tərəfinin ərizəçilərə qarşı təqdim etdiyi sübutların sadəcə olaraq bir elementi idi; d) andlıları təlimatlandırarkən işə baxan hakim ittiham tərəfi ilə müdafiə tərəfinin sübutlarını onlara ətraflı şəkildə çatdırmış, onları hüquqi məsələlərlə bağlı lazımi qaydada istiqamətləndirmiş və onlara xatırlatmışdı ki, təhlükəsizlik dindirmələrindən əvvəl ərizəçilərin vəkilin məsləhətindən istifadə etmələrinə icazə verilməyib; və e) gündəlik həyatlarını sürən adi vətəndaşların qətlə yetirilməsi üçün bu cür iri miqyaslı qəsd planlaşdırmaqla həyata keçirilən geniş əhatəli terror aktlarının araşdırılmasında və cəzalandırılmasında cəmiyyət ciddi surətdə maraqlı idi.
Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı on beş səslə).
ii) Dördüncü ərizəçi – Birinci üç ərizəçinin işində olduğu kimi, Böyük Palata razılaşdı ki, insanların həyatı və fiziki toxunulmazlığı üçün ciddi mənfi nəticələrin qarşısının alınmasına təcili ehtiyac vardı. Bununla belə, o qərara aldı ki, öz əleyhinə ifadə verməyə başladıqdan sonra dördüncü ərizəçiyə susmaq hüququ barədə xəbərdarlıq edilmədən və ya vəkilin yardımından istifadə etmək hüququ barədə məlumat verilmədən dindirmənin davam etdirilməsi üçün yuxarıda qeyd edilən müstəsna halların kifayət qədər əsaslı səbəb təşkil etdiyini Hökumət inandırıcı şəkildə sübut edə bilməyib. Bu qənaətə gələrkən o nəzərə aldı ki, polislərin bu cür hərəkət etmələrinə imkan yaradan hər hansı hüquqi baza yox idi, onun vəkilin yardımından istifadə etmək hüququnu məhdudlaşdırıb-məhdudlaşdırmamaq barədə daxili qanunvericiliyin qüvvədə olan normaları əsasında konkret və dəqiq qərar çıxarıldığı haqqında heç bir rəsmi akt yox idi və polis əməkdaşları dördüncü ərizəçini susmaq hüququ barədə məlumatlandırmamaq qərarını bilərəkdən qəbul etmişdilər.
Dördüncü ərizəçinin vəkilin yardımından istifadə etmək hüququnun məhdudlaşdırılması üçün əsaslı səbəblər olmadığına görə sübutetmə yükü Hökumətin üzərinə düşürdü və o inandırıcı şəkildə sübut etməli idi ki, vəkilin yardımından istifadənin məhdudlaşdırılması müstəsna qaydada və işin konkret halları nəzərə alınmaqla həyata keçirilib və bütövlükdə məhkəmə araşdırmasının ədalətliliyinə xələl gətirməyib. Böyük Palata aşağıdakı səbəblərə görə bu qənaətə gəldi ki, Hökumət bu sübutetmə yükünün öhdəsindən gələ bilməyib: a) daxili qanunvericilikdə heç bir əsasa malik olmadığına və tətbiq edilən hüquq praktikasının prinsiplərinə zidd olduğuna baxmayaraq dördüncü ərizəçinin şahid qismində dindirilməsini davam etdirmək qərarı o demək idi ki, o, prosessual hüquqları barədə məlumatlandırılmayıb; bu isə hazırkı işdə xüsusilə mühüm nöqsan idi; b) baxmayaraq ki, dördüncü ərizəçi andlıların işə baxmaq səlahiyyətinin yoxlanıldığı ilkin iclasda ifadələrindən imtina edə bilərdi, belə görünür ki, birinci instansiya məhkəməsi onun şahid qismində dindirilməsinin davam etdirilməsinə qərar vermiş baş polis əməkdaşından ifadə almamış və beləliklə o da apellyasiya məhkəməsi kimi bu qərarın səbəblərini araşdırmaq və bütün əhəmiyyətli amillərin müvafiq qaydada qiymətləndirilib-qiymətləndirilmədiyini müəyyənləşdirmək imkanından məhrum olmuşdu; c) ifadələr ittiham hökmünün əsaslandığı dolayı sübutların ayrılmaz və mühüm tərkib hissəsini təşkil edirdi və həmçinin polislər üçün elə bir baza təşkil etmişdi ki, onlar iş üzrə mövqelərini sonradan bu baza ətrafında formalaşdırmış və onun əsasında digər təsdiqedici sübutların axtarışını həyata keçirmişdilər; və d) işə baxan hakimin andlılara verdiyi istiqamətləndirici təlimatlar dördüncü ərizəçinin vəkilin məsləhətindən istifadə edə bilmədiyi və susmaq hüququ barədə məlumatlandırılmadığı bir şəraitdə ifadələri və onların sübutedici dəyərini hansı qaydada nəzərə almaq məsələsində andlılara həddən artıq sərbəstlik vermişdi. Beləliklə, baxmayaraq ki, terrorizmin yaratdığı təhlükə yalnız səmərəli araşdırma aparılması, bütün iştirakçıları təqib edilməsi və cəzalandırılması vasitəsilə neytrallaşdırıla bilər, ədalətsizlik ehtimalı yarandığı hallarda yüksək sübutetmə standartının tətbiq edildiyini və dördüncü ərizəçinin işində yol verilmiş prosessual nöqsanların məcmu təsirlərini nəzərə alaraq Məhkəmə qərara aldı ki, ona susmaq hüququ barədə xəbərdarlıq etməmək və vəkilin yardımından istifadə etmək hüququ barədə məlumat verməmək haqqında qərarın bütövlükdə məhkəmə araşdırmasının ədalətliliyinə xələl gətirmədiyini Hökumət sübut edə bilməyib.
Nəticə: pozuntu baş verib (altı səsə qarşı on bir səslə).
Maddə 41: dördüncü ərizəçinin maddi ziyanla bağlı tələbi rədd edildi; işin halları nəzərə alınaraq qərara alındı ki, mənəvi ziyana görə ona kompensasiya təyin etməyə ehtiyac yoxdur.
(bax: Salduz Türkiyəyə qarşı [BP], ərizə № 36391/02, 27 noyabr 2008-ci il, 113 saylı Məlumat bülleteni; və Dayanan Türkiyəyə qarşı, ərizə № 7377/03, 13 oktyabr 2009-cu il, 123 saylı Məlumat bülleteni)
* Təhlükəsizlik dindirməsi insanların həyatını qorumaq və əmlaka ciddi ziyan dəyməsinin qarşısını almaq məqsədi ilə təcili qaydada həyata keçirilən dindirmədir. "Terrorizm haqqında" 2000-ci il tarixli qanuna əsasən, bu cür dindirmələr vəkilin iştirakı olmadan və tutulmuş şəxs vəkillə məsləhətləşmək imkanı əldə etmədən aparıla bilər.
** Salduz Türkiyəyə qarşı [BP], ərizə № 36391/02, 27 noyabr 2008-ci il, 113 saylı Məlumat bülleteni.
Full & Egal Universal Law Academy