Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 197
İyun 2016-cı il
***
Brambilla (Brambilla) və başqaları İtaliyaya qarşı – ərizə № 22567/09
23.6.2016 tarixli qərar [I Bölmə]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
Məlumat almaq azadlığı
Polisin məxfi danışıqlarını dinləmək üçün radioavadanlığa malik olduqlarına və ondan istifadə etdiklərinə görə jurnalistlərin məhkum edilməsi: pozuntu baş verməyib
Faktlar – Birinci ərizəçi yerli onlayn qəzetin direktorudur, qalan iki ərizəçi isə həmin qəzet üçün işləyən jurnalistlərdir.
2002-ci ilin avqustunda ərizəçilər polislərin danışığını dinləmişdilər, həmin danışıq zamanı karabinerlər (polislər) qanunsuz silah saxlanılan yerə patrul göndərməyi qərara almışdılar. İkinci və üçüncü ərizəçi hadisə yerinə gəlmişdilər, bu zaman karabinerlər artıq orada idilər. Axtarış icazəsi aldıqdan sonra karabinerlər onların avtomobilində axtarış aparmış və polislərin radioqurğu (ratsiya) vasitəsilə apardığı danışıqları dinləməyə imkan verən iki avadanlıq tapmışdılar. Sonradan onlar qəzetin ofisinə getmiş və karabinerlərin istifadə etdiyi radiotezlikləri tutmaq üçün tənzimlənmiş iki avadanlığı müsadirə etmişdilər. Polisin operativ mərkəzləri tərəfindən istifadə olunan digər tezliklər avadanlıqların yaddaşında saxlanılmışdı.
Ərizəçilər ikinci instansiya məhkəməsi tərəfindən məhkum olundular və altı aydan bir il üç ayadək müddətə azadlıqdan məhrum edildilər. Həmçinin radioavadanlıq müsadirə edildi. Lakin Apellyasiya Məhkəməsi onların cəzasını şərti cəza ilə əvəz etdi. Kassasiya Məhkəməsi ərizəçilərin verdiyi şikayətləri rədd etdi.
Hüquqi məsələlər – Maddə 10: Məhkəmə hazırkı işdə ərizəçilərin ifadə azadlığına müdaxilə edildiyinə şübhə ilə yanaşdı. Məhkəmə qeyd etdi ki, hətta fərz etsək ki, 10-cu maddə bu işə tətbiq edilə bilər, ərizəçilərin barəsində həyata keçirilmiş axtarış və müsadirə hərəkətləri və təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qanunla nəzərdə tutulmuşdu.
Sözügedən tədbirlər qanuni məqsədlər daşıyırdı, belə ki, konkret olaraq digər şəxslərin hüquqlarının müdafiəsinə və daha konkret desək, polislərin məxfi danışıqlarının dinlənilməsinin qarşısının alınmasına, milli təhlükəsizliyin qorunmasına və iğtişaşın və cinayətin qarşısının alınmasına yönəlmişdi.
Ərizəçilərin xəbər materiallarını ictimaiyyətin diqqətinə çatdırmaları qadağan olunmamışdı. Onların məhkum edilməsinin yeganə əsası bu idi ki, onlar daha tez məlumat əldə etmək məqsədi ilə polisin daxili qanunvericiliyə əsasən məxfi saxlanılmalı olan danışıqlarını dinləmək üçün radioavadanlığa malik idilər və ondan istifadə etmişdilər.
Hüquq mühafizə orqanlarının əməkdaşları arasındakı danışıqların məxfi saxlanılmalı olduğu və bu səbəbdən jurnalistlərin hərəkətlərinin cinayət əməli kimi tövsif edilməli olduğu barədə daxili məhkəmələrin qənaətləri onların qərarlarında lazımi qaydada əsaslandırılmışdı.
Yerli qəzetdə yerləşdirmək üçün məlumat əldə etməyə çalışan jurnalistlər elə tərzdə hərəkət etmişdilər ki, daxili qanunvericiliyə və Kassasiya Məhkəməsi tərəfindən qanunvericilik normalarına verilmiş ardıcıl şərhlərə əsasən onların bu davranışı hər hansı şəxslərin ümumiyyətlə onlara ünvanlanmayan danışıqları dinləməsini və o cümlədən hüquq mühafizə orqanlarının əməkdaşları arasındakı danışıqları dinləməsini qadağan edən cinayət qanunvericiliyinə zidd idi. Bundan başqa, jurnalistlərin hərəkətləri gündəlik jurnalistika fəaliyyətinin gedişində istifadə edilən texniki üsulları özündə ehtiva edirdi.
Nəhayət, Apellyasiya Məhkəməsi ərizəçilərin cəzasını şərti cəza ilə əvəzləmişdi və işin materialları arasında onların azadlıqdan məhrumetmə cəzasını çəkdiklərini göstərən heç bir sübut yox idi. Müvafiq olaraq, ərizəçilərə təyin olunmuş cəzalar qeyri-mütənasib cəza təəssüratı yaratmır.
Məhkəmələr ərizəçilərin daxili qanunvericiliyə riayət etmək vəzifəsi ilə jurnalistika fəaliyyətini həyata keçirmələri arasında lazımi fərq qoymuşdular və onların fəaliyyətinə hər hansı başqa məhdudiyyət qoyulmamışdı.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
(Bax: Ştol İsveçrəyə qarşı [BP], ərizə № 69698/01, 10 dekabr 2007-ci il, 103 saylı Məlumat bülleteni; Pentikyaynen Finlandiyaya qarşı [BP], ərizə № 11882/10, 20 oktyabr 2015-ci il, 189 saylı Məlumat bülleteni; Erdtman Almaniyaya qarşı (qərardad), ərizə № 56328/10, 5 yanvar 2016-cı il, 192 saylı Məlumat bülleteni; və Salihu və başqaları İsveçə qarşı (qərardad), ərizə № 33628/15, 5 yanvar 2016-cı il, 196 saylı Məlumat bülleteni)
Full & Egal Universal Law Academy