Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 197
İyun 2016-cı il
***
Birjetis (Biržietis) Litvaya qarşı – ərizə № 49304/09
14.6.2016 tarixli qərar [IV Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Həbsxanada saqqal saxlamağın tamamilə qadağan olunması: pozuntu baş verib
Faktlar – Ərizəçi məhbus şikayət etmişdi ki, uzunluğundan və ya səliqəliliyindən asılı olmayaraq saqqal saxlaması cəza çəkdiyi həbsxananın daxili qaydalarına əsasən qadağan edilib. Onun bu qadağadan şikayəti yekunda Ali İnzibati Məhkəmə tərəfindən bu əsasa görə rədd edildi ki, məhbusun saqqal saxlamaq istəyi müvafiq hüququn, məsələn, din azadlığının həyata keçirilməsi ilə əlaqədar deyilsə (ərizəçinin işində bu hal yox idi), əsas hüquqlara aid olan məsələ hesab edilə bilməz. O həmçinin qeyd etdi ki, bu qadağaya həbsxana müdiriyyəti tərəfindən məhbusların dərhal tanına bilməsi üçün zəruri və mütənasib tədbir kimi haqq qazandırmaq olar.
Hüquqi məsələlər – Maddə 8: Saqqal saxlamaq seçimi ərizəçinin şəxsiyyətinin və fərdi identikliyinin tərkib hissəsini təşkil edirdi. O, şəxsi həyat sferasına aid məsələ idi, buna görə də 8-ci maddə bu işə tətbiq edilə bilər.
Məhkəmə müdaxilənin qanuni əsasa malik olduğunu qəbul etməyə hazır olsa da, qanuni məqsədin mövcudluğu məsələsində müəyyən qeyd-şərtlərini bildirdi. Konkret olaraq, Hökumət ərizəçinin (və ya digər məhbusların) saqqal saxlamasına icazə verməyin "iğtişaş və cinayətə" necə gətirib çıxara biləcəyini izah etmədi. Eləcə də o, saqqal saxlanmasına qoyulan qadağanın məhbuslar arasında sosial norma və standartlara hörməti təmin etmək məqsədi daşıdığını iddia etmədi.
İstənilən halda, Hökumət saqqal saxlamağın gigiyenik, estetik və ya digər xüsusiyyətlərindən asılı olmayaraq tamamilə qadağan olunmasının və heç bir istisnaya yol verilməməsinin mütənasib tədbir olduğunu sübut edə bilmədi. Bundan başqa, belə görünür ki, sözügedən qadağa həm də sifətdəki digər tük örtüyünə, məsələn, bığlara və ya bakenbardlara da aid idi ki, bu da tədbirin özbaşınalıq xarakteri daşıması ilə bağlı narahatlıq yaradırdı.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə).
Maddə 41: Qərara alındı ki, pozuntunun müəyyən edilməsi faktı hər hansı mənəvi ziyana görə yetərincə ədalətli təzminat təşkil edir.
Full & Egal Universal Law Academy